Xudafərin körpüsü "Yazıçı" nəşriyyatı, 1982




Yüklə 2.04 Mb.
səhifə18/31
tarix26.02.2016
ölçüsü2.04 Mb.
1   ...   14   15   16   17   18   19   20   21   ...   31

Ərdəbilin müdafiəsini təşkil etmək də artıq heç nəyə kömək eləməyəcəkdi. Bircə yol qalırdı. İsmayılı anasından da oğurlayıb saxlamaq. Anası Uzun Həsənin qızıdır, o gizlənməyi özünə ar biləcək. Məşhər ayağına çəksələr, dözüb dayanacaq, ismətini, abırını oğluna dəyişməyəcək. Biz isə şeyxin sınanmış dostlarıyıq. İsmayılı ələ vermərik. Boynumuzu qılınca verərik, amma onun yerini demərik”.

Səhərə yaxın Ərdəbilə girdilər. Amma heç kimin gözünə görünmədilər. Çünki şəhərdə hay-küy düşə bilərdi. Salmanla bərabər onlar qara rübənd saldılar ki, heç kim tanımasın. O, hesablamışdı ki, ən tezi Əbih Sultan Ərdəbilə axşam, qaranlıq düşəndə gəlib yetişə bilər. Bu müddətdə o işini görməlidir. Aləmşahbəyimin heç nədən xəbəri yox idi. Axşama qədər bir neçə yerə dəydi, bir neçə adamla görüşdü, nəhayət, qaranlıq düşəndə Şeyx Heydərin evinə yan aldı. Müridə yaxınlaşıb dedi:

– Mən Hüseyn Lələ bəyəm. Şahidim tək sənsən, bir də göydəki tanrımdır. Düşmən Ərdəbilin qarşısındadır. Səs-küy salma. İsmayılı mən aparıram. Əgər bu barədə bir adam bilsə şərtimizin müqəddəs qanunları ilə yox ediləcəksən.

Mürid onun sınanılmış adamlarından idi. Qabağa düşüb dinməz, söyləməz onu İsmayılın otağına apardı. Qızılbaşların yeddi yaşlı ümidlərini qara örtüyə büküb götürdülər. Bir azdan həmin mürid də Lələ bəyə qoşulub Ərdəbil küçələrinin qaranlığında yoxa çıxdı.

Sonra o biri müridləri də müxtəlif bəhanələrlə müxtəlif yerlərə göndərib, atını Ərdəbil qazısı Əhməd Kakulinin həyətinə sürdü. Çax-çaxı vurdu. Nökər qapıya gəldi.

– Məni içəri burax, qapını da bağla, qazını çağır, iş var.

Bir azdan əlindəki şamın titrək işığını bir-birinə sıxılmış titrək barmaqları ilə küləkdən qoruyan, şamın sarı işığı ağ saqqalını işıqlandıran qazı Əhməd qapıya gəldi.

– Kimdi bu Allah qonağı?

– Sufi nəsəbdi, ya qazı. Mən indi batin əhliyəm. Ona görə çöhrəmi tək sən görə bilərsən.

Qazı nökərə işarə verdi. O, harasa çəkilib getdi, darvazanı özü açdı. At üstündə qara niqablı, rübəndli, qucağında nəsə olan adamı səsindən tanımışdı.

– Günəş də batin olarmı, Lələ bəy.

– Günəş sabah doğacaq. Hər çağın da öz hökmü var. Səni and verirəm inandığımız nura, bu sirr batin qalsın.

– And içirəm. Amma məni bir bu sirdən agah elə görüm.

Lələ atdan düşdü, çəkib həyətdəki dirəyə bağladı. Yuxudan hələ də oyanmamış İsmayılı örtüyə bürünmüş vəziyyətdə evə apardı, yerdəki döşəyin üstündə uzadıb üstünü örtəndən sonra qazı Əhməd əyilib işığı İsmayılın sifətinə salan kimi onu tanıdı.

– Şükür sənin məsləhətinə. Bu ki, nur Heydərin nur parçasıdır.

– Bəli, Ərdəbil yenə də Ağqoyunlular əlinə keçdi. Heydərin böyük oğlu Sultanəlini də itirdik. İndi ümidimiz tək İsmayıladır.

Qazı Əhmədin əlindəki şam söndü. Onun gözlərindən tökülən yaşlar alovu söndürmüşdü. Hücrədə işıq sönən kimi qazı hönkür-hönkür ağladı. Elə bil mərsiyyə oxuyurdular.

– Toxta, qazı Əhməd. Hələlik yenə də işığımız söndü. Biz deyirik ki, bütün varlıq nurdan yaranıb. Odların arasında zülmətdən yarananlar var ki, nuru belə zülmətə çevirirlər. Bu körpə bizim gələcək nurumuz və günəşimizdi. Hələlik onun taleyini sənə tapşırıram, imkan olsa savadı, tərbiyəni səndən alacaq.

Qazı Əhməd yenə də ağladı. Onun ağlamağında qəribəlik vardı. Bu qəribəlik ondan ibarət idi ki, o artıq gücünü itirmişdi. Bu zəmanədə isə qol gücü ağıl gücündən üstündür, onun isə ağlından başqa heç nəyə gümanı gəlmir.

– Lələ bəy, belə dar ayaqda ümid yeri bildiyinə görə məni təriqətimizin də, vicdanımızın da, Allahımızın da yanında yüz pillə ucaltmısan.

Bu sözlərdən sonra Lələ bəy xudahafizləşib çıxdı. Onun dayanmağa bir an vaxtı yox idi. Təriqətin xəzinəsini yerbəyer eləməli, sağ qalanları bir tərəfə çıxarmalıydı.

Əbih Sultan Rüstəm Mirzədən belə bir tapşırıq almışdı, daha doğrusu Rüstəm Mirzəni bu fikrə o salmışdı: Şeyx Səfi nəslindən istər başıpapaqlı, istər başı örpəkli bir nəfər sağ qalmamalıdır.

Ağqoyunlu qoşunu Ərdəbilə girəndə qıyya çəkə-çəkə qabaqlarına çıxanı doğrayır, Əbih Sultan lap ərdəbillilərin də kökünü kəsməyə çalışırdı. Onun başlıca bir məqsədi vardı: İsmayılı tapıb başını kəsmək, qızıl məcməjidə “Səkkiz behişt” sarayına aparmaq. Çünki Sultanəli simadan anasına bənzəyirdi və Əbih Sultanın bəlkə də ona az çox ürəyi yanardı, bir zərbə ilə işini bitirərdi. Amma İsmayıl atasına oxşayırdı; qara, çatma qaşları, enli alnı, sivri, onu qartala bənzədən burnu vardı. Elə biləcəkdi, Heydərin özündən intiqam alıb.

O, hər şeyi ölçüb-biçmişdi. Tək bir şeyə gücü çatmayacaqdı. Əgər Aləmşahbəyim və oğulları, qohumları Şeyx Səfi türbəsində gizlənsə, ora girməyə ürək eləməyəcəkdi. Çünki, hələ Şərqin heybətli sərkərdəsi Əmir Teymurun qoyduğu yasaq yaşayırdı və heç nəyi nəzərə almayan Əbih Sultan da onu pozub oraya ayaq basmağı fikrinə gətirməmişdi. İkinci tərəfdən də o, qatı dindar idi, pirin mö’cüzəsinə inanırdı ona qəsd eləyə bilməmişdi. Hüseyn Lələ bəy isə, bunu nəzərə ala bilməmişdi. Fikirləşmişdi ki, Əbih Sultan üçün dünyada müqəddəs bir hiss və duyğu yoxdur. İsmayılı orada da tapıb qətlə yetirə bilər.

Qıyya çəkənlər Şeyx Heydərin evinə çatdılar, Əbih Sultan əlində yalın qılınc keşikçiləri, xidmətçiləri, nökər və qaravaşları doğraya-doğraya otaqları açıb baxa-baxa irəliləyirdi. Burada isə heç kimin heç nədən xəbəri yox idi. Nə Ərdəbil qoşununun məğlubiyyətindən, nə Sultanəlinin ölümündən, nə də İsmayılın aparılmağından.

Səkinə qıyya, qara-qışqırıq səsi eşidib Aləmşahbəyimi oyatdı. O qalxıb hələ geyinmədən səslərə qulaq verdi və heç nə başa düşə bilmədi. Şamın işığı Səmərqənd kağızı kimi ağ çiyinlərinə, yumru döşlərinə və gözəl sinəsinə düşmüşdü. Deyəsən qonşu otaqların qapıları açılıb çırpıldı, addım səsi eşidildi. Yüyrək yerişli adam kimdisə dayandı, sonra zarıltı eşitdi. Onun qulağına bir səs gəldi.

– A-n-a.


Əbih Sultan qonşu otağa girmişdi. O yataqda bir uşaq gördü, qılıncın ucu ilə yorğanı qaldırdı. Yox, bu İsmayıl deyildi, qardaşı İbrahim idi. Bu vaxt uşaq gözlərini açıb baxdı. Əbih Sultan gözlərini çevirdi ki, onun gözlərinə sataşmasın, çünki özünün də bu yaşda oğlu vardı. Qılıncı vıyıltı ilə endirdi və bir səs eşitdi:

– A-n-a!


Amma o, ana sözünü axıra qədər deyə bilmədi. Əbih Sultan tez otaqdan çıxdı. Qonşu qapını açdı və şamın işıqlandırdığı gözəl qadın bədəni gördü. Elə hərisliklə baxdı ki, onun qulaqları artıq qadınların fəryad və qışqırıqlarını eşitmədi. Gördüyü eşitdiyindən qat-qat gözəl, şirin idi. Qapını arxasınca örtdü ki, özündən başqa bu gözəlliyi görən olmasın.

Aləmşahbəyim yorğanı üstünə çəkib yaşındı. Səkinə da qalxıb arada dayandı, bununla da onu naməhrəm baxışından gizlətməyə çalışdı. Özünü saxlaya bilməyib qışqırdı:

– Çıx, quldur.

Əbih Sultan bir neçə addım da irəli gəldi.

– Fərraş, – deyə Aləmşahbəyim qışqırdı, amma səsi çıxmadı.

– Sənin fərraşın mənə nə eləyəcək?! Onların hamısı doğranıb. Artıq sən mənim əsirimsən. Allahın bu gününə şükür. İyirmi ilə yaxındı sənin dalınca süründüm, axır ki, ulu tanrı məni öz arzuma çatdırdı.

– Sən kimsən axı?

– Tanımırsan? Mən Əbih Sultanam. Qızlıq vaxtında da məndən zəhlən gedirdi. Nə olar, mənim qəbulumdu. Artıq nə Uzun Həsən var, nə Şeyx Heydər, nə Sultanəli, nə İbrahim. Tək sən qalmısan. Özün də mənim əlimdə. Müsəlman adətinə görə sənin açıq, gül bədənini görmüşəmsə, sən mənimsən.

Bu sözlərin hələ heç biri Aləmşahbəyimin beyninə yerləşmirdi. Yavaş-yavaş deyəsən hər şeyi dərk eləyirdi. Amma belə dəhşətli anda saçlarını yolub yelə vermək əvəzinə, ismətini gözləyir, yorğanla hər yerini bürüyürdü ki, onu görməsinlər. Çünki qan və namus düşməni başının üstündə dayanmışdı.

Əbih Sultan qapını aralayıb qışqırdı:

– İsmayılı tapdınız?

– Xeyr, heç yerdə yoxdur, – deyə uzaqdan ona cavab verdilər.

Bunu eşidəndən sonra ananın ürəyi az da olsa sakitləşdi. Demək İsmayıl təhlükəsiz yerdədir. Ya da qaçıb küncdə-bucaqda, yük arxasında gizlənib. Axırıncı fikir onun ürəyinin başına od saldı.

– Hanı İsmayıl? – O, Aləmşahbəyimə tərəf yeridi.

– Çıx geyinim, sonra onun yerini deyərəm.

– Yox geyinməyəcəksən. İsmayılın yerini mənə elə indi deyəcəksən.

Səkinə irəli cumub Əbih Sultanın döşündən itələyib çölə çıxarmaq üçün əllərini onun sinəsinə söykədi. Barmaqları altında dəmir tor hiss elədi. O, heç yerindən də tərpənmədi. Əl atıb Səkinənin saçlarını əlinə doladı, üzünə baxmadan yerlə sürüdü, dönüb qapıdan çölə qışqırdı:

– Ey, biriniz bura gəlin.

Adamlardan biri silahını, zirehini cingildədə-cingildədə içəri girmək istədi. Əbih Sultan Səkinəni ona tərəf itələdi.

– Al, bu sənin, nə eləyirsən elə. – Qapının cəftəsini burdu.

Səkinənin saçları bu dəfə onun barmaqlarına keçdi. Yerlə sürüyə-sürüyə apardı.

Aləmşahbəyim işin necə qurtaracağını ağlına sığışdıra bilmirdi.

Əbih Sultan, atam indi olmasa da, mən Uzun Həsənin qızıyam. Sən nə qədər dartınsan da, sənin mənə əlin çatmaz.

– Bilirəm. O vaxt atan səni mənə vermədi. Amma üstündən neçə illər keçəndən sonra Mişkin yanındakı təpədə görəndə əvvəlki istək qayıtdı. Sən heç dəyişməmisən. Taleyimdən də çox razıyam.

– Mən Şeyx Heydərin arvadıyam.

– Ondan intiqam almaq istəyirdim. Əlimə imkan indi düşüb. Həm də sənə görə o intiqamı almalıydım. Əvvəla, İsmayılın yerini de, o atasına daha çox oxşayır. Onun yerini deməsən...

– Eşit və yadında saxla, mən namusumu, qeyrətimi oğuldan da yüksək tutmuşam, ərdən də. Sənin qeyrətin olsaydı İsmayılın yerini də deyərdim, gözlərinin qabağında onu öz əllərimlə boğardım, təki ismətimə toxunmayaydılar.

Ona indi agah oldu ki, Aləmşahbəyim doğrudan da oğlunun yerini bilmir. Deməli, İsmayıl yoxdur. Onu Lələ bəy aradan çıxarıb. Həmin Lələ bəy ki, onun bir baxışına görə bağırsaqlarını boğazına dolamaq istəyirdi. Belə vəziyyətdə görsə nə eləyər. Yox, belə görə bilməz. Çünki, artıq bunun tərəfindədir. Bu məqam, fürsət bir daha ələ düşməyəcək. Ona görə də onu əldən vermək olmaz. Qılıncını bir tərəfə tulladı. Dəmir köynəyini soyundu, dəbilqəsini başından götürdü, kəlləsinin ortasında qalan tərliyi də çıxartdı. Hər ikisini hara gəldisə atdı. Dəbilqə danqıldaya-danqıldaya xeyli dığırlandı. Nəfəsi təngiyə-təngiyə... Yanaqları od tutub yanırdı.

Aləmşahbəyim üçün bu məşhər ayağı idi və çıxış yolu axtarırdı. O, yumruqlarını elə sıxmışdı ki, sol əlindəki üzük onun adsız barmağını incitdi. Birdən-birə çıxış yolunu tapdı. İri qaşlı üzüyü ona anası Dəspinə xatun bağışlayıb demişdi:

– Nənən Sara xatunun yadigarıdı, dar günün gərəyidi. Sənin ərin də qanlı-qanlı yolun yolçusudu, onu barmağından heç vaxt çıxartma. Bu üzük səni dar ayaqda rüsvayçılıqdan qurtarar.

Aləmşahbəyim başını qaldırıb Əbih Sultanın qalın qaşları altındakı iri qırmızı, qanlı canavar gözlərində vəhşi ehtirasın alovlarını gördü.

– Bir an əl saxla. Beş addım geri çəkil, üzünü çevirib ona qədər say-sonra sən deyən olsun.

– Mənim olacaqsan?

– Yəqin ki...

– Öz xoşunla?

– Bilmirəm. Çəkil!

Əbih Sultan özgə qadın olsa onun xoşluqla təslim olmasını gözləməzdi. Canavar ovunu parçalayan kimi, o da öz qurbanını, özü dediyi kimi qismətini vəhşiliklə özünə tabe eləyərdi. Amma həmişə həsrətində yaşadığı bu gözəli soldurmaq istəmirdi. Geri çəkildi, amma üzünü çevirmədi. Gözlərini yumdu. Hiss elədi ki, ürəyi ağır-ağır döyünür. Elə bil sinəsində zindana gürz vururdular. Adi say saymadı, ürəyinin döyüntülərini saydı və ona qəribə gəldi ki, o ürəyində döyüntünü ilk dəfə eşidir. On tamam olan kimi kirpiklərini qaldırdı. Nə gördüsə zindana dəyən gürzün səsi də kəsildi. O, gözlərinə inanmadı.

Yataqda o ağ, mərmər, səmərqənd kağızı rəngdə gözəlin əvəzinə, qapqara, kösövə oxşar bir meyit uzanmışdı. Əbih Sultan qorxusundan bir-iki addım geri çəkildi. Aləmşahbəyimin xalçanın üstünə düşən sol əlindəki üzüyün qaşı açıq qalmışdı. Bu, Sara xatunun qadın ismətini qorumaq üçün hədiyyəsi və vəsiyyəti idi.

– Hanı İsmayıl?

Ərdəbilin şəhər meydanında carçının səsi minarədəki müəzzin “Allahu əkbər, Allahu əkbər!” nidasına üstün gəldi. Adamlar qulaq asıb carçının dediyini eşitmək istəyirdilər. Müəzzin namazın vaxtını onların yadına salıb “Allahu əkbər”, “Allah böyükdür” deməklə onları uzaq bir qorxu ilə hədələyirdisə, carçı gur səslə hamını meydandakı dar ağacının yanına səsləyirdi. Hər gün meydandakı yeddi dar ağacından yeddi meyit düşürüb, kəndirləri bir daha sabunlamadan (kifayət eləyirdi) yeddi müridin boğazına keçirib, ayaqları altındakı kürsünü çəkirdilər.

Amma cəllad yeddi adamın yox, tək bir nəfərin adını çəkdi.

– Öz evində lə’nətullah Şeyx Heydərin oğlu İsmayılı gizlədib saxladığına görə Ərdəbilin keçmiş qazısı Əhməd Kakuli asılacaq. Yüksək Ağqoyunlu səltənətinə xəyanət eləyən mə’lunun ölümünə sevinmək istəyənlər meydana tələssinlər. E’dam günorta namazından sonra icraata çevriləcək.

Lələ bəyin adamları bu xəbəri ona çatdıranda donub qaldı. Demək qazı ilə bərabər onun, Səfəviyyənin son ümidi də ələ keçib. Bəs onda niyə demirlər ki, İsmayıl e’dam olunacaq? Bəlkə onu Təbrizə ərməğan aparacaqlar? Müridlər günorta namazını qılıb qazı Əhmədi Allahın mərhəmətinə tapşırandan az sonra, meydana axışan camaata qoşuldular. Lələ isə gizləndiyi yerdən çıxmadı.

Əbih Sultanın atlıları adamları bazardan, küçələrdən qamçılaya-qamçılaya meydana qovurdular.

Qala divarının yanında meydanın bir tərəfində uca bir kürsü qurulub xalçalarla bəzənmişdi. Kürsü ilə dar ağaclarının arası uzaq deyildi və dar ağacına qaldırılanla kürsüdəki Əbih Sultan bir-birini yaxşı eşidə bilərdilər.

Əvvəlcə kəfən geydirdikləri qazını gətirdilər. Cəllad çürük kötüyə oxşayan, üzü üzlər, gözü gözlər görmüş bir adam idi. Qazıya deyirdi:

– Ya qazı Əhməd, bir-birimizi tanıyırıq. Mənə yaxşılığın da çox keçib. İndi mən əlimdən gələnn eləyirəm. Bu dar ağacının kəndirindən çox adam asmışam. İstədim ki, sənin mübarək boğazın da o kəndirə toxunsun. Sən çox pak adamsan. Kəndiri dəyişmişəm. İndi kəndirə sabunu çox da vura bilərəm, az da. Onu da deyim ki ha, sabunu mənə cirəynən verirlər. Çox tapılan şey deyil. Ona görə. Mən o birisi kəndirlərin payından götürüb bu kəndiri yaxşı sabunlaya bilərəm. Sabun belə şeydi ki, onu vuranda kəndir yaxşı sürüşür, adam tez boğulur. Yox, əgər sabun az olsa, aha. İndi özün de, necə eləyim? Sabunu çox olsun, ya az? Sənin yanında, şucüzümmə olmayım, aha. Mənim də axirət günüm var.

Qazı Əhməd cəlladın çərənləməsinə çox dözə bilmədi:

– Sabunun artıqdırsa, bir dəfə də heç olmasa öz əllərini yu.

– Aha, bu da mənim yaxşılığım.

Qazı Əhməd çox hökmlər çaxartmışdı. Bu cəllad isə icra eləmişdi. Oğurluq üstündə şəriətə görə barmaq da kəsdirmişdi, əl də. Adam öldürmək üstündə ölüm cəzası da vermişdi. Ədalətli, ürəyiyumşaq olduğuna görə çox məsələlərdə güzəştə də getmişdi. Cəllad da ondan çox istifadə eləmişdi və qazı Əhmədə görə özünə çoxlu var-dövlət yığmışdı. İndi qazını asmaqla öz gəlirini kəsirdi. Həm də o günlərin, var-dövlətin əvəzində ona yaxşılıq eləmək istəyirdi.

– Ya qazı, sən qızıl adamıydın...

– Adamıydım niyə? Elə adamam da.

– Aha, adam ki, gəlib dayanır bu kəndirin altında o daha adamlıqdan çıxır. Onun qalır bax bir belə ömrü - o, baş və şəhadət barmaqlarını bir-birinə yaxınlaşdırdı.

– Orada daha nə yaxşılığı bilinər, nə pisliyi. Sən ki, qazılıq eləyirdin, onda mərhəmətin dağ boydaydı. Amma bu Əbih Sultandı, əbləh şeytandı, nədi, elə kimi tutursa, deyir as. Köpək oğlu, heç fikirləşmir ki, bu sabun yerdən çıxmır ey. Qiyməti ceyran belindədi.

Qazı Əhməd yalın ayaqlarını daşların üstünə möhkəm basmışdı və indi o ürəyində yalvarırdı: “Ey ulu tanrı, ey bütün canlıların dayağı olan nuri vəhdət, məni düşmənlərimin qabağında xəcalətli eləmə. Yıxılıb ölsəm, ölümdən betər olar”

Xalça ilə bəzənən kürsüdə Əbih Sultan göründü. Hüseyn bəy Əlixani də onun yanında oturmuşdu. O, saqqalının bir çənkə tükünü barmağına dolayıb dartır, didişdirirdi. Hiss olunurdu ki, əsəbləri sözünə baxmır. Birdən onun səsi eşidildi:

– Qazı Əhməd, ölməyin də, sağ qalmağın da öz əlindədi. Lə’nətulla, Heydər oğlu İsmayılın yerini de.

Onun “lə’nətulla” deməyinə cavab olaraq, meydanda neçə yerdən “əstəğfürullah” nidaları eşidildi. Əbih Sultan bu nidalara dönsə də əhəmiyyət vermədi.

Meydanda Lələ bəyin göndərdiyi üç mürid vardı: – Sinəsi qarnından xeyli qabaqda dayanan enlikürək, iyirmi dörd, iyirmi beş yaşlı Rüstəm Qaramanlı, ondan bir qarış hündür, irigözlü, iriağızlı Məhəmməd bəy Türkman və özü kimi boylu-buxunlu, on səkkiz, on doqquz yaşlı Əhməd bəy Türkman.

Əbih Sultanın İsmayılın yerini de” kəlmələrindən sonra onlar bir-birilərinə baxıb göz vurdular və sevinclərini zorla gizlətdilər. Deməli, İsmayıl sağdır. Bəs onda hardadır?

Qazı Əhməd cavab verdi:

– İsmayılı mən görməmişəm.

– Görməmisən, yerini də bilmirsən? Onda Qur’ana əl basıb and içə bilərsənmi? – Əbih Sultanın bu sözü onu hövsələdən çıxartdı.

– Qur’ani Kərimə inanan adam bu qədər nahaq qan tökməz. Peyğəmbər övladını yezid kimi şəhid eləməz. Utanmayıb o müqəddəs kitabın adını dilinə gətirirsən?

Əbih Sultan əlini qaldırdı ki, onun asılmağına işarə versin. Amma əlini göydə saxladı. Barmağındakı firuzə qaşlı üzük parıldadı.

– Başını qaldır, o kəndirə bax. Ömrünə çox az qalıb. İsmayılın yerini de.

– İsmayılın yerini soruşursan?

– Bəli.

Bütün meydandakı adamlar nəfəslərini dayandırıb qazı Əhmədin səsini dinlədi. Hamı gözləyirdi ki, qoca yaşında ölümdən qorxub birdən deyər. Düzdür, bura yığışıb gizli-gizli göz yaşı axıdan ərdəbillilər onun yerini bilmək istəyirdilər. Amma ta ki, onu Əbih Sultan bilməsin, Ağqoyunlular bilməsin.



– İsmayılın yerini indicə sənə deyərəm.

– Buna görə səni böyük ənam, yenə də Ərdəbil qazılığı gözləyir.

– Çox yaxşı: Ey Ərdəbil əhli, İsmayılın yerini desəm, məni özünüzə qazı götürərsiniz? Mənim ədalətimə, düzlüyümə, təmizliyimə inanarsınız?

Meydandan səs çıxmadı. O, üzünü Əbih Sultana çevirdi.

– Gördün, onlar “yox” deməkdən qorxub, hə də demədilər. Əbih Sultan, Mehti sahibi zaman eşitmisən?

– Bəs necə? Eşitmişəm. Qeyb olmuş imamdı, nə vaxtsa gələcək.

– Bəli, düz dedin. Amma o nə vaxt gələcək? Məsələ bundadır. Dünya qarışanda, insan qanı su kimi axanda gələcək. İsmayıl da sahibi zaman kimi qeybə çəkilib. Onu sən yox, heç Rüstəm Mirzə də tapa bilməz. Vaxt olar, özü gələr, bütün bu işlərinə görə səndən cavab istəyər. Sən indi onu nahaq yerə axtarırsan, o, vaxtında özü gəlib səni tapacaq. Elə bir cəza verəcək ki, sənə cəhənnəm əzabları onun yanında muştuluq olsun. Mən dediklərimi yadında saxla. O cəzanı verəndə məni nahaq yerə asdığını yadına salıb peşman olacaq, arvad kimi ağlayacaqsan. Çünki sənin kimi əzazil cəlladlar dünyanın ən qorxaq, ən aciz adamlarıdır.

Əbih Sultanın əli qə’ti bir hərəkətlə endi, kəndir qazı Əhmədin saqqalını sığallayıb damarları bilinən boğazına keçdi və dartındı. Onun yalın ayaqları göydən asıla qaldı.

Bu e’damdan sonra düşmənlər də, dostlar da bir sual qarşısında qaldılar: “Bəs İsmayıl hardadır?”.

Həmin gün şəhər bazarında bir şəhərli tərəkəmədən motal pendiri alırdı. O, motalın tüklü tərəfini çevirmişdi, iri, yağlı tikələr görünürdü. Əvvəl qiymət söhbəti getdi. Şəhərli dedi:

– Pendir yağdan baha olub?

– Ay qadan alım, yağlı motal pendiridi, dayna.

– Bu yağlıdı, yağ döyül axı.

– Düzdü, yağ döyül, pendirdi, qiyməti də budu.

– Qorxmursan?

Birdən tərəkəmənin yadına nə düşdüsə dedi:

– Ağrın aleym, düz deyellərmi, o Şeyx Heydərin oğlu qeybə çəkilib. Dünya pisləşəndə gələcək?

– Bəli.


– Dünyanın nəyi pisdi ki, ağrın aleym? Qoyun var, inək sağılır, quzu məliyer.

– Eh, – deyə görünür hər şeydən baş çıxaran şəhərli dilləndi. – Sənin üçün yaxşı olar da. Pendiri yağdan baha, şoru yağ qiymətində satanda kefin kök olar. Axı, bəs bizim günahımız nədi? Bir belə qırğın gedir, Ərdəbilin başına bir belə müsibət gətirirlər, bunu hara yazaq?

Tərəkəmə başını buladı, dedi:

– Neçədən istəyirsən, apar. Allah bundan betərindən saxlasın...

Dağ keçisi dizlərini qatlayıb ağzını uzadaraq bitən kəklikotunu qırpmaq istəyəndə, diksindi, ayağa qalxmaq artıq gec idi. Ox alnındakı qaşqasına batmışdı. Sürüşüb qayadan aşağıya, mağaranın ağzındakı yastanaya düşdü. Oxu atan mağaranın ağzındakı mürid idi. Başındakı artıq didilmiş on iki dilimli çalmasından tanımaq olardı onu. Sevindiyindən bilmirdi neyləsin. Tez dağ keçisinin üzünü qibləyə çevirdi, kəmərinə keçirdiyi sapı keçi buynuzundan olan bıçağı çıxartdı və onun başına çəkdi. Qan fışqırıb axdı, keçi bircə dəfə ayaqlarını çəkdi. Bundan sonra o içəridəkiləri səslədi.

– Səfər, gəl baxtımız varmış, Allah ruzimizi göndərib.

Dağ keçisini mağaraya çəkdilər və orada bıçaqla, xəncərlə soymağa başladılar. Oxu atan mürid dedi:

– Necədi yaralının halı?

– Yaxşı deyil, qızdırması var.

Şəmasə müsibətində Murad Sultanəlinin suya yıxıldığını görüb atını sürüb aradan çıxanda, dalınca çoxlu ox atmışdılar. Və onlardan biri onun kürəyinə sancılmışdı. Yəhərin qaşına yatıb yaralı-yaralı döyüş meydanından uzaqlaşmış, sonra da yəhərdəcə huşunu itirmişdi. At sakit heyvan idi, meşə talasında yavaş-yavaş otlayır, onu da belində gəzdirirdi. Belə bir vaxtda döyüş meydanından qaçıb çıxan bir dəstə mürid ata rast gəlmişdi. Xoşbəxtlikdən Cibo Səfər də onların arasındaydı.

– Ay canım, bu ki, Muraddır.

– Murad kimdi? Mənə də tanış gəlir sir-sifəti.

– Rustəm Mirzənin sahib xəbəri.

– Rüstəm Mirzənin? İndi onun qanını şüşəyə tutaram.

– Özündən çıxma. Bizim adamdı. Əbih Sultanın xəbərini o gətirmədi? Kömək eləyin, atdan düşürək.

Yerə qoyub kürəyindəki oxu çıxarmış, yaranın yerinə əski yandırıb basmışdılar. Sonra da bu mağaraya gətirmişdilər. Amma özünə gəlmirdi. İstiliyi enmir, hərdən bir sayıqlayır, iri, enli dodaqları qaysaq bağlayırdı. Cibo Səfər onun yanından uzağa getməsə də, əlacsız idi. Onu sağaltmaq əlindən gəlmir, ağrısını yüngülləşdirmək üçün heç bir tədbir tökə bilmirdi. Ovla başlarını girləyən müridlər gecə bir yerə yığışanda onlara yalvarmışdı:

– Bu biçarə qərib ölüm ayağındadır. Təbib tanıyanınız varsa, ona bir əlac elətdirək.

Səfər kimi bir arığı, yaşlısı dedi:

– Heç Sultanəlinin dərdinə qala bilmədik, indi ağqoyunluların sahib xəbərindən ötəri təbib axtaracağıq? O, Şəmasə yanında ölənlərdən artıqdır?

– Elə danışma. Allaha xoş getməz. Çıxmayan cana hələ ümid çoxdur.

Lal-dinməz bir mürid dedi:

– Mən Ərdəbildə bir arvad tanıyıram. Yaxşı təbibdi. Otnan, ələfnən ölünü dirildir.

Səfər həmin müridin yaxasından əl çəkmədi. Gecənin birində Ərdəbilə gəlib qadını tapdılar, razılığını alıb, qayıdıb səhərki axşam Muradı onun evinə apardılar. Səfər Ərdəbili yaxşı tanıyırdı, ona görə də hər yerdə Ağqoyunluların gözündən yayınıb geri qayıtdılar.

Saçlarını qara yaylıqla çalan qadının yanağında iri bir ət xal vardı. Xalın üstündə uzun və kirpik kimi əyri tüklər bitmişdi. Arvadın bığı da vardı. Sifətinin dərisi çürümüş ağac qabığına oxşayırdı. Nə qədər çirkin olsa da, gözlərindəki mehribanlıq onu yapışıqlı göstərirdi. Onun beli əyilmişdi, saçları ağ yuna bənzəyirdi. Təkcə gözləri qocalmamışdı. Onunla yanaşı ağsifət, qartal burunlu, amma çox pis geyimli bir oğlan da dayanmışdı. Oğlanın sifətindəki ifadədən bilmək olardı ki, baxdığı adamı tanıyır.

Qadını da, oğlanı da bu cür görən Murad idi. Kürəyinə ox sancılandan bəri gözlərini ilk dəfə açırdı. Gözlərinin də qabağında bu iki sifət dayanmışdı. O, çöhrələrdən arxada heç nə ayırd eləyə bilmirdi. Axı bura haradı, yadındadır ki, ağ paltarlı, qızıl saçlı Sultanəli qıvrıldı, o isə qılıncını sağa-sola çapdı. At oradan çıxıb xeyli qaçdı. Amma birdən-birə gözləri qabağında meşə yuxarı qalxdı. O, çəngə-çəngə at tükü gördü. Bu onun gözləri qabağında dayanan at yalı idi. Bəs sonra? Neçə vaxtdır elə o sağa-sola aşan yalı görür. Bu yal nə qədər aşacaq, yırğalanacaq? Axırda, başı gicəldi, ürəyi bulandı. Amma gözlərini yumanda da eyni şey gördü. Və birdən-birə belə bir yer. Adamlar. Uşaq isə ona lap tanış gəlir.

– Mən hardayam?

– Yaxşı yerdəsən.

– Harda?


– Ərdəbildə.

– Ərdəbil indi kimin əlindədir?

– Ağqoyunluların, – deyə qarı kədərli-pıçıltılı səslə dedi. – Əbih Sultanın!

– Lə’nətullah. Mənə bu da azdı. Gərək heç dirilməyəydim. Onu neçə dəfə cəhənnəmə vasil eləyə bilərdim. Heyif...

1   ...   14   15   16   17   18   19   20   21   ...   31


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə