Xudafərin körpüsü "Yazıçı" nəşriyyatı, 1982




Yüklə 2.04 Mb.
səhifə15/31
tarix26.02.2016
ölçüsü2.04 Mb.
1   ...   11   12   13   14   15   16   17   18   ...   31

– Özünü güdaza verərsən. Şirləri elə tülkülər tələyə salıb. Amma elə cavan Sultanəlini şirlər qorumalıdı. Onun taleyini, baxtını tülkülərə ümid ola bilərikmi? Şirvandan, Xorasandan, Bağdaddan, nə bilim hiylə toru haraya toxunursa xəbərimiz olmalıdır. Əbih Sultan səndən başqa yəqin ki, heç kimə bel bağlamayacaq. Çünki o belə hesab eləyir ki, səni qaçaqlıqdan gətirib, üzə çıxarıb. Sənə iş tapşıracaq. O bir tikə çörəyin səbəbinə səninlə işlər görməyə çalışacaq. Sən hələ saray adamlarını tanımırsan. Sarayda isə Əbih Sultan kimiləri az deyil. İnsan ki, heç bir şeydə müqəddəslik görmürsə, onun ürəyində kin-küdurətdən özgə heç nə ola bilməz.

Murad onun sözlərindəki həqiqətləri dərk eləyir, ürəyində onların hamısı ilə razılaşırdı.

– Hüseyn Lələ bəy, Rumlu tayfasına sifariş göndərəcəm ki, yollar açılıb. Gəlsinlər ziyarətə.

– Göndər, mən dediklərimi də yaddan çıxarma.

Murad Cibo Səfərlə birgə bazar içindəki kiçik aşxanada oturub piti yeyirdilər. Kiçik saxsı qablardakı pitidən qalxan ədviyyat ətri içərini doldurmuşdu. Onlar palazın üstündə bardaş qurub üzü şirli, yazılı, şəkilli saxsı kasada pitinin suyuna təndir çörəyi doğrayırdılar. Balaca pəncərədən at ayaqları göründü. Sonra geyimindən saray fərraşına oxşayan adam başını içəri uzatdı. Qayıtmaq istəyirdi ki, Muradı gördü və bir az da irəli gəldi.

– Murad bəy, ağa səni gözləyir.

Murad iri bir tikə götürmüşdü. Barmaqlarından zəfəranlı yağ axırdı. Tikəni ağzına qoyub iştahla çeynədi, udub dedi:

– Ağan kimdi sənin?

– Əbih Sultan.

– Getməsəm nə eləyərsən?

Xidmətçi pərt oldu. Doğrudan da nə edəcəyini bilmirdi, bu barədə ona heç bir tapşırıq verməmişdilər. Bir an fikirləşdi. Muradın zəfəranlı, yağlı barmaqlarına baxıb udqundu.

– Getməsən? Ağa dedi ki, Murad bəyi tap gətir.

– Elə belə dedi?

– Bəli, bəy.

Cibo Səfər onun dizinə toxunub dedi:

– Ağa, Murad bəyi harada gözləyir?

– “Səkkiz behişt” sarayında.

Bu sözdən sonra piti yeyən adamlar da əllərini, tikə çeynəyən çənələrini saxladılar, piştaxtanın sahibi qırmızısaqqal kişinin rəngi ağardı. “Gör necə böyük adam gəlib mənim dükanıma çıxıb. Bilsəm belədi, hörməti ayrı cür eləyərdim. Bir şey xoşuna gəlməyibsə, vay mənim halıma”-deyə fikirləşdi.

Cibo Səfər Muradın qulağına nə pıçıldadısa, sonra üzünü Əbih Sultanın xidmətçisinə çevirib dedi:

– Sən get, Murad bəy gələr.

Xidmətçi bu sözdən sonra onun qabağında diz üstə çökdü:

– Qurbanın olum, ay bəy. Mənə yazığın gəlsin.

– Qalx, – deyə Murad ona təpindi. O insan yalvarışına dözə bilmirdi. – Get, gözlə, çıxaram.

Murad Səfəri də özü ilə bərabər gətirdi. Ona ürəyi yatmışdı. Neçə gün idi bir yerdə gəzib-dolanır, dərdləşirdilər.

İçəri girəndə Murada elə gəldi ki, Əbih Sultan təzə qalxan günəş kimi parıldayır. Libası, silahları, məstlərinin naxışları, saqqalı və bığları, Murada uzanan əlləri lap işıq böcəyinə dönmüşdü. Heç monqol atına minən Əbih Sultana oxşamırdı.

– Hə, mənə görə qulluq.

– Qul sahibi olasan, qulluq nədi? Səni şana-şöhrətə çatdırmaq niyyətindəyəm. Sən də deyirsən qulluq.

– Nə bilim – Murad çiyinlərini çəkdi. – Nə bilim, deyir dəvəni toya çağırdılar bikef oldu. Soruşdular bu nə hikmətdi? Cavab verdi ki, oynamağa çağırmırlar ha, ya duza göndərəcəklər, ya suya, ya oduna.

Cibo Səfər göy gözlərini qıyıb bic-bic onların söhbətlərinə qulaq asırdı. Nazik dodaqları da qaçmışdı, çürük, xırda dişləri görünürdü.

– Oduna, suya, duza göndərməyə dəvələrimiz var. Onların ovsarını tapşırdığımız adamlar da mə’lumdur. Bir qalır o sarvanların hamısının ovsarını tapşırmağa igid lazımdı, o da sən. Axır günümdə mənə kömək durmusam, arxamda dayanmısan, indi o haqqı-sayı və boynumda saxlaya bilmərəm.

Murad sakitcə qulaq asır. Əbih Sultanın qatladığı dizinin kündəsində gərilib hamarlanan zoğalı ipək parçanın parıltısına baxıb fikirləşirdi. “İndi karvanların sarvanlarını mənə ümid eləyir. Əlinə fürsət düşən kimi o dizini boğazıma qoymaz ki? Hələlik karvanların ovsarını mənə verib, məni ovsarlayıb yedəyində aparmaq fikrindədir. Yaşayaq, hər şeyi görərik”.

Səfər Muradın bu hərəkətlərindən hiss eləyirdi ki, o Əbih Sultanın bu təklifini bəyənib, onunla razıdır. Amma hələlik nədənsə tərəddüd göstərir. Bayaqdan qılıncının qəbzəsinə döyüb, Əbih Sultanın qarasınca danışırdı. Amma indi birdən-birə yumşaldı. Bu işdə ona haq da qazandırdı. Axı Murad bundan sonra öz elinə-obasına qayıdan deyildi. Bu yerlərdə yurd-yuva salmalı, ev-eşik sahibi olmalı idi. Bu işdən ötəri də ona hər cür imkan açılırdı. Bəs birdən-birə o qızılbaşların tərəfini versə necə?

Bu vaxt Əbih Sultan Səfəri göstərdi.

– Bu kimdi?

– Şirvanlıdı. Duz-çörək kəsmişik, – deyə Murad ehtiramla cavab verdi və açıq-aşkar bilindi ki, bu ehtiram Əbih Sultana yox, Səfərə aid idi. “Duz-çörək kəsmişik” kəlməsindən sonra Əbih Sultanın dodağı qaçdı. Amma bunu heç kim görmədi. Çünki qızılı, qəhvəyi rənglərə çalan yumşaq bığları onun dodaqlarını örtmüşdü.

“Duz-çörək” bunun üçün Allahdan da irəlidi, peyğəmbərdən də, lap padşahdan da. Qanlı düşməni ilə bilmədən bir süfrəyə otursa intiqam almağı unudar. Bir tikə çörəyə hər şeyi qurban eləyər”.

– Murad bəy, səni elə yüksək bir mərtəbəyə qaldırıram ki, orada gərək padşah süfrəsindəki duz-çörəkdən özgə heç bir duz-çörək görünməsin. Bir hökmdarın bir vəziri vardı, hər dəfə süfrə açılanda padşah ondan xörəyin dadını soruşardı. Deyərdi:

– Vəzir dolma necə bişib?

Deyərdi: – Gözəl.

Padşah yeyib görərdi ki, dadı-duzu yoxdu, deyərdi, pis dolmadı. Vəzir də deyərdi bəli, dolma pisdi. Axırda bir gün padşah cana gəldi, dedi: – Ay vəzir, axı elə mən nə deyirəmsə, onu tutuquşu kimi təkrar eləyirsən. Bu necə olan işdir?

Vəzir dedi:

– Padşah sağ olsun, mən dolmaya yox, padşaha qulluq eləyirəm. Bir dolmaya görə sənin sözünü qaytarsam, onda gərək, boğazım keçə ilgəyə. Bildin də, mən nə deyirəm. Sən olursan saray adamı. Çörək yediyin süfrə də, saray süfrəsi olacaq. Ona görə də bir duz-çörəyə bir ölkənin sirri-sözü əldən getməməlidir.

Muradı söz tutdu, amma təmkinini pozmadı:

– Mən duz-çörək kəsdiyim adama ürəyimi verərəm. O ürəyin ona dəxli olmayan sözünü isə vermək hələ mənim kiminin qeyrətinə yazılmayıb.

– Bu yaxşı, bu oldu çox pakizə. – O, Səfərə baxdı. – Sənin bu dostundan heç gözüm su içmir. Gözləri göy, dişləri seyrəkdi. – O sözünə ara vermədən əlavə elədi. – Belə adam bizə hava kimi, su kimi lazımdı. Götürərsən öz yanına. Nə deyirsən?

Əbih Sultan elə danışırdı, sanki Ərdəbildə Səfəri görməmişdi. Onu çox yaxşı tanıyırdı, amma üzə vurmur, onu istədiyi yerlərdə sınaqdan keçirmək istəyirdi.

– Yox, Əmir sağ olsun. Mən Təbrizdə qala bilmərəm. Mənim Ərdəbildə dükanım var.

– Harada? Ərdəbildə?

– Bəli, ağa.

– O dükanı Təbrizdə açarsan, olmaz?

– Niyə olmur, ağa, ancaq mənim Ərdəbildə əhli-əyalım var. Mən gətirsəm də, qayınatam qoymaz.

– Özün Ərdəbildənsən?

– Yox, Şirvanlıyam, Şamaxıdan.

– Bəs Şamaxı sünnüsü Ərdəbil qızılbaşlarının arasında necə baş çıxarır?

Səfər tez cavab verdi:

– Elə özüm də qızılbaşam.

– Bəs nə tez məzhəbini dəyişdilər?

– Özüm dəyişdim.

– Qoçaq adamsan.

Murad Əbih Sultanın danışığındakı təhqiramiz kinayəni başa düşürdü, ona görə də araya söz qatmaq istədi.

– O mənim dostumdu. Hər işinə mən cavabdehəm.

– Çox yaxşı. – Əbih Sultan tezcə razılaşdı. Amma Səfərin Ərdəbil pirində onların başına qara örtük saldırıb məşhər ayağına çəkdirdiyi yadından çıxmamışdı. Amma gözünü dolandırıb ona elə iti, xəncər baxışlarını sancdı ki, sanki onun ürəyini görmək, onun sünnülü, şiəli ürəyi olduğunu bilmək istəyirdi.

– İnsan əqidəsini dəyişə bilər. Bu qəbahət deyil. O vaxt ki, onun doğrudan da görür ki, ürəyi daha sözünə baxmır. Belə deyilmi, Murad bəy?

– Düzdü, Səfər öz ürəyinə qulaq asıb.

Səfər nədənsə elə bil onun əfsununa düşmüşdü. Rüstəm padşahın sağ əli olan Əbih Sultanın qarşısında, “Səkkiz behişt” sarayının otaqlarının birində oturub söhbət eləmək onu dəyişdirmişdi. Bütün başına gələnlərn açıb söyləmək istəyirdi.

– Ya Əmir, dostlarım mənim müflis olduğumu körüb hamısı məndən üz döndərmişdi. Baş götürüb Şirvan elindən çıxdım. Ulağımı canavar yedi, qızılbaşlar əvəzində mənə at verdilər, bez paltarım əynimdən tökülürdü, yerinə atlas paltar geydirdilər.

Əbih Sultan güldü.

– Demək qızılbaş olan kimi libasın atlas, eşşəyin at oldu.

– Bəli.


– Minik, paltar dəyişmisən. Əqidə bir az dərində olur. O əl atıb yanındakı üstü sədəf naxışlı sandığı açdı. Oradan qırmızı ipək torba çıxarıb Səfərin xalçanın üstünə qoşa basdığı dizlərinin qabağına atdı. Torba yerə dəyəndə pul cingildədi və bu səsdən Murad bildi ki, oradakı mis, gümüş sikkə deyil, xalis qızıldı. Əbih Sultan dedi:

– Götür, get libasını da, atını da dəyiş, sonra yanıma gələrsən.

Səfər pulu götürmək istəmədi.

– Onu mənə niyə verirsən, ya əmir?

– Götür, saraya gələn ya cəza alar, ya ən’am. Get, günorta namazından sonra yanıma gələrsən. Rüstəm padşahın yanına aparacam. Mən səni yaxşı tanıyıram. Bizim bu işimizdəki xidmətlərini də bilirəm. Onun ən’amı hələ sonra olacaq.

Səfər torbanı götürüb cibinə qoydu, əlini döşünə basıb baş əydi, dalı-dalı qapıya getdi. Gözləri Muradın gözlərinə sataşanda dayandı.

– Səni gözləyim?

Onun yerinə Əmir İbrahim cavab verdi.

– O burada olacaq. İşini qurtar, gəl saraya.

– Baş üstə.

Səfər gedəndən sonra Əmir İbrahim üzünü Murada çevirdi. Amma onun iri, qəzəbli gözlərinə baxa bilmədi. Baxışını yayındırıb bir nöqtədə cəm eləmək istədi, nəhayət, süfrədəki çörək qırıntılarında qaldı gözləri.

– Sənin barəndə padşaha danışmışam, xoşuna gəlmisən. Sən gərək bundan sonra öz yerini biləsən. Mindiyi eşşəklə bərabər əqidəsini, məzhəbini dəyişən adamlarnan oturub-duran vaxtın getdi. Sənin boyuna biçilən bir iş tapmışıq.

– O nə işdi elə?

– Olursan Səltənətin sahib xəbəri.

– O necə iş-gücdü, elə?

– Belədi də, var səltənətin sahibi, var qoşunun sahibi, var xəzinənin sahibi, bir də var ölkənin hər tərəfindən axıb gələn, padşah hüzuruna çatmalı olan xəbərlərin sahibi. Hansı məmləkətdə nə var, onu səndən əvvəl heç kim bilməyəcək. Səltənətin bir tərəfi Xorasandı, o tərəfi Şirazdı, aşağısı İraqdı, günbatanı da Diyarbəkrdi. Yüyrək atla ölkənin bu başından o biri başına yalançılar sözü olmasın, iki aylıq yoldur. Hər rustaqda, hər keçiddə sənin çaparxanaların olacaq. Hökmdar fərmanlarını, xəbərlərini çaparların aparacaq rustaqlara, qonşu ölkələrə, oradan xəbərləri, namələri gətirəcəklər sənə. Özünə də Rüstəm Mirzə böyük bir syürqal bağışlayır. Nəsilbənəsil bəsindi.

Əbih Sultan əlini əlinə vurdu. Fərraş qapını açıb içəri girdi. Amma Murad onun sifətini yox, başındakı papağın üstünü gördü. Baş aşağı enmişdi.

– Apar Murad bəyə dəftərxanasını göstər. Murad iri əllərini palıd kötüyündəki hura oxşar dizinin kündəsinə basıb ayağa qalxanda dedi:

– Axı mən əlif-beyi tanımıram.

Əbih Sultan

– Çox gözəl, çox pakizə, – dedi.

Bu şəxsin nahaq yerə üç adı yoxdu. Əybə Sultan, Əbih Sultan və Əmir İbrahim. Bayaq fərraşın papağının üstünü o da görmüşdü və onun ürəyini də oxumuşdu. İnsanın fikrini gözlərindən yox, boynunun dalından oxumağı bacarırdı. Həmişə otu itə, əti ata verib hər ikisini özünə möhtac qoyar, əlində möhkəm saxlayardı.

Murad oxuyub-yazmaq bilsəydi, ona sahibxəbərliyi yox, əmiraxurluğunu verərdi. İndi isə ölkənin hər yerindən gələn xəbərlərdən Muradın yox, onun özü xəbərdar olacaqdı. Otaqda tək qalanda o Səfər barəsində fikirləşirdi: “Ərdəbildə də, Hüseyn Lələ bəyin yanında da adamımız var artıq”.

SİRR AÇILIR


Ərdəbil bayram eləyirdi. Bu şəhər hələ belə pişvaz görməmişdi. Əmir Teymur da şəhərə girəndə onu belə təmtəraqla, ən başlıcası isə sevinclə qarşılamamışdılar.

Şəhər küçələrinin divarları görünmürdü. Hər iki tərəf adamlardı, onların sifətindəki sevinc idi, xoşbəxtlik idi. Elə bil divarı sevincdən tikmişdilər. Evlərin damı, hasarların üstü, ağacların budaqları, məscidlərin minarə və günbəzləri elə bil adam gətirmişdi.

Küçələrin yanlarındakı arxlarla qan axırdı. Qurbanlıq qoyunların qanı. Hər tərəfdən çalanların, oxuyub oynayanların xoş nidaları eşidilirdi.

Qabaqdakı ağ atın üstündə ağ libasda, başına on iki dilimli qırmızı tac-çalma qoyan Sultanəli gedirdi. Ancaq o tək gedə bilməzdi. Atının ayaqlarını qucaqlayan, qabağında qurban kimi başını gətirib yerə qoyan adamların əlindən keçib getməyi çətin idi. Amma bir dəstə ona yol açırdı. Ondan arxada Hüseyn Lələ bəy atını sürürdü. Kəcavədə isə Aləmşahbəyim oğulları İsmayıl və İbrahimlə oturmuşdu. Dədə bəyin süvariləri, yolların toz-torpağına batmış qara geyimli, yorğun və xoşbəxt müridlər yeriyirdi. Onlardan sonra gələnlərin ardı-arası kəsilmirdi. Birdə gördülər ki, gələnlər şəhərin öz camaatından da çoxdur. Təbrizdən Ərdəbilə qədər bütün şəhərlərin, kəndlərin, qəsəbələrin başıpapaqlıları da onlara qoşulmuşdu.

Zindanda qaldıqları müddətdə onlara olan məhəbbət ölməyibmiş, əksinə, daha da coşub-daşıbmış.

Sultanəli şəhər meydanında atını saxladı, əlini yuxarı qaldırdı. Hamı susdu.

– Salam olsun, ey camaat.

– Salam olsun! – Elə bir gurultu qopdu ki, göydə uçan quşlar da hürkdü.

– Heydəri Kərarın özünə çəkib!

– Gün parçasına bənzəyir maşallah!

– Şeyxin özünə oxşayır da!

– İgidlikdə də ona oxşasın!

Sultanəli ağ atı dikdirə çıxartdı ki, hamı onu görsün. Yenə əlini yuxarı qaldırdı.

– Ey camaat! Şeyx Heydər övladlarının kökünü kəsə bilmədi düşmənlər. Çünki Allah həmişə başımızın üstündə olub. Ulu babamız Həzrət Əlinin övladları kimi, babam Cüneyd, atam Heydər də bu müqəddəs yolda şəhid oldular. Lazım gəlsə onun övladları da şəhid olacaq, ancaq atalarının yolundan geri dönməyəcəklər.

Minlərlə mürid bir ağızdan qışqırdı.

– Qurban olduğum, sadağa olduğum, pirim, mürşidim, Sultanəli!

İsmayıl anasına baxırdı. Gözləri gülən Aləmşahbəyimin gözlərindən yaş axırdı.

– Ana, bu qədər adam bilirdi biz zindandayıq?

– Bəli, oğlum, bilirdilər.

– Bəs niyə gəlib bizi qurtarmırdılar?

– Gücləri çatmırdı.

Bunlar lap o qalanı götürüb bura gələrdi.

– Bu qədər adamın gücü o keşikçilərə çatmırdı? Çatardı!

Anası əlini onun çiyninə qoyub özünə tərəf sıxdı.

– Onda hamı bizim dərdimizi çəkirdi.

– İndi niyə belə qışqırırlar?

– Sevinirlər, ona görə. Axı biz azad olmuşuq.

İsmayıl suallarına ara vermirdi.

– Bu qədər adamın hamısı Sultanəlini tanıyır?

– Tanıyır, oğlum, tanıyır.

– Məni də tanıyırlar?

– Bəli, səni də tanıyırlar.

– Harada görüblər məni?

Anası söz tapmadı.

– Yuxuda.

– Yox, ana. Onlar atamızı tanıyırmış. Bizi də atamıza görə tanıyırlar.

Anasının gül yarpağı rəngli dodaqları onun alnına toxundu.

– Ağıllı balamsan. Siz də atanızın adını həmişə uca tutun.

Ərdəbil Sultanəlinin paytaxtı olandan sonra hər tərəfdən yenə də səfəviyyə müridləri axışıb buraya gəlirdi. Şəhər, Şeyx Səfiyyəddin türbəsi beş il əvvəlki gur geyimli-kecimli həyatını yaşayırdı. Amma iş təkcə bu müridlərin sayının çoxalması, onların arasında şiə məzhəbinin yayılması ilə bitmirdi.

Sultanəlinin, Hüseyn Lələ bəyin bir məqsədləri vardı. O məqsədi həyata keçirmədən rahat nəfəs ala bilməyəcəkdilər. Şeyx Cüneyd də, oğlu Şeyx Heydər də Şirvanşahlar tərəfindən öldürülmüşdü. Sultanəlinin Ərdəbil padşahlığını yaratması Şirvanşahlar sarayında təşviş əmələ gətirmişdi. Əgər bu padşahlıq güclənsə onların oxunun birinci hədəfi Şirvan olacaqdı. Otuz ilə yaxın Şirvan taxtında oturan Fərrux Yasar hər vasitə ilə Şeyx Heydər oğlanlarını aradan qaldırmaq üçün vasitələr axtaracaqdı. Təzə yaradılan padşahlığın isə Şirvana heç vaxt gücü çata bilməzdi. Amma hər gün, hər saat o gücü, qüvvəni toplamağa çalışırdılar. Məsciddə oxunan xütbələr Fərrux Yasarın adı Yazid və Müaviyyə ilə yanaşı çəkilir. Adamlar biri-birini söyəndə “Yasar oğlu Yasar” deyirdilər.

Hər gün axışıb gələn müridləri toplayır, onların döyüşə yararlı olanlarına məşq keçir, kəmənd tullamağı, ox atmağı, at çapmağı öyrədirdilər. Hüseyn Lələ bəy padşahlığın ordusunu yaratmaq hazırlığı görürdü. Amma ən böyük bir çətinlikləri vardı. Xəzinə boş idi. Ordunu silahlandırmaq üçün qurxana yaratmaq lazım gəlirdi. Vaxtilə Şeyx Heydərin belə bir qurxanası vardı və bir dəfəyə iyirmi min qoşunu silahlandırırdı. Tək Şeyxin pirində yığılan nəzir-niyazla ordu yaratmaq mümkün deyildi. Onsuz da Ağqoyunluların soyub var-yoxdan çıxardığı Ərdəbil əhalisindən çoxlu vergi almaq onları tez bir vaxtda dilə gətirə bilərdi. Şeyx Heydər belə vaxtlarda hərbi səfərlərə çıxır, ələ keçirdiyi qənimətlə ordunu saxlayırdı. İndi isə belə bir qəniməti əldə eləmək üçün nə ordu, nə də imkan vardı. Hüseyn Lələ bəyə görə ən birinci səfər edəcəkləri bir yer vardısa, o da Şirvan olmalı idi. Bütün kin-küdurətin hamısı Fərrux Yasara doğru yönəlmişdi. Həm də belə bir səfər üçün Rüstəm Mirzə də onlara kömək göstərərdi. Çünki Bəysunqur Mirzə Şamaxıdaydı. Təbriz taxtından qaçıb belə bir siyasətçi, qocaman hökmdarın yanında oturmuş keçmiş hökmdar ən böyük təhlükə idi. Hər vaxt böyük qoşun düzəldib Bəysunqur Mirzənin başçılığı ilə Kürü keçib taxt-tac üstündə müharibəyə başlaya bilərdi. Rüstəm Mirzə məğlub edilsə, onda Ərdəbillə haqq-hesab çəkmək onlar üçün lap asan olacaqdı. Bütün bu incəlikləri duyan Hüseyn Lələ bəy gecə-gündüz fikirləşir, çıxış yolu axtarırdı.

Bir gün o, Sultanəli ilə oturub məsləhətləşirdi.

– Ya Şeyx, – deyə o, Sultanəliyə müraciət elədi. – Səni təriqətimizin yalnız bu mərtəbəyə çatan adamlarına agah olmalı sirləri ilə hali etməyin vaxtı artıq yetişib. Atanız həmin sirləri mənə açmışdı ki, sizin üçün qoruyub saxlayım.

Sultanəli dikəldi. Ona elə göründü ki, çoxdan gözlədiyi saat yetişib. Lələsi qoşunu silahlandırmaq üçün gizlətdikləri xəzinənin yerini deyəcək.

Xəzinənin yerini deyəcəksən, Lələ?

– Bəli, xəzinənin. Bu elə bir xəzinədir ki, onun cəvahiratının qiyməti heç bir xəzinədə yoxdur.

– Haradadır?

Bu sualdan sonra Hüseyn Lələ bəy onun fikrini dürüst anladı. Bir an tutuldu. Düzdür, o Sultanəlidən də çox bu fikri çəkirdi. Amma əsl sirr xəzinəsini o hər şeydən üstün hesab eləyirdi.

– Səni dünya varı düşündürməsin, Şeyx. Mən açacağım sirrə vaqif olan hökmdar, o biri xəzinələrin açarını daha tez tapar.

Sultanəli çox ciddi bir görkəm aldı. Yumruğunu təzəcə tərləyən çənəsinə söykədi.

– Eşidirəm.

– Mən elə sözlər deyəcəyəm ki, onların hamısına üsyan eləyə bilərsən. Amma səbrin olsun. Axıra qədər qulaq as. Hər sözün əsl mahiyyətinə get. Əvvəla nəsabnamə məsələsindən danışaq. Hamı bilir ki, nəslinizin kökü gedib imam Museyi Kazıma yetişir.

– Bəli, düzdür.

– Eşit məni, Şeyx. Bu, Şeyx Səfiyyəddinin müəyyən məqsəd üçün düzəltdiyi təcərrəyə görə düzdür, amma əslində belə deyil.

Sultanəli az qaldı ki, əlini qılıncına atsın, amma özünü saxladı. Yanaqlarında və gicgahlarında qanın necə sür’ətlə vurduğunu hiss elədi. Ucaboy, qarasaqqal, iri alınlı Lələ bəy onun gözündə dəyişməyə başladı. İnsan şəkli itdi, o şeytan cildində göründü.

Sultanəli özünü güclə saxlayıb sərt səslə dedi:

– Sonra?

– İnanmırsan. Bu mənə aydındır. Belə də olmalıdır. Amma bu barədə məndə Şeyx Səfi həzrətlərinin yalnız nəslində Şeyxliyə çatan adamların görə biləcəyi kitabı var. Nəsəbi peyğəmbərə çatmayan bir ailədən çıxan şəxslərin ali mərtəbələrə yetişməyinin necə müşgül iş olduğunu yəqin ki, bilirsən. Şeyx Səfi də bunu nəzərdə tutub. Bu bir. İkinci bir tərəfdən Şeyx Səfi həzrətləri əvvəllər təriqət cəhətdən sünnülüyə qail olsalar da, sonradan şiəliyi seçib. Şiəməzhəblər sayca az olsalar da, Peyğəmbər əleyhisalama qohumdurlar, daha yaxındırlar. Bütün bunların isə çox böyük və mühüm bir səbəbi var.

Bilirik ki, İranda, Azərbaycanda, Arranda, Xorasanda yaşayan şiələrin bir tərəfdən gündoğan türk xaqanlığı, bir yandan da osmanlı türk sultanlığı araya alıb ki, onların gücləri bizimkindən yüz qat çox olmaqla yanaşı, özləri sünnü məzhəbdirlər. Belə olanda biz qalırıq iki məngənə arasında. Əgər bu iki qüvvənin arasında başı salamat yaşamaq istəsən onda gərək biz də sünnü məzhəbinə keçməliyik. Amma Şeyx Səfiyyəddin tərsinə eləyib. Mən bu hərəkətini böyük babamızın səhvi yox, uzaqgörənliyi, böyüklüyü kimi qiymətləndirirəm. Bildiyimiz kimi şiəlik müsəlmanlığın ən qatı, dönməz, barışmaz məzhəbidir. Şeyx Səfi də bundan faydalanıb İran və Azərbaycanda onu təbliğ eləyib yaymaqla bizi sıxan məngənəni kənara atmaq, ölkəni sərbəstliyə çıxarmaq fikrini irəli sürüb. Belə böyük məqsəd üçün bə’zən yalan deməyin özü də çox vacib və bəlkə də lazımdır. O vaxt bu torpaqda qüdrətli, güclü dövlət yaratmaq mümkün olar.

Atanız Şeyx Heydərin ətrafına toplaşan müridlər onu görəndə namazlarını, oruclarını, ibadətlərini də yaddan çıxarardılar. O, müridləri arasında Babəkin ehkamlarını təbliğ edərdi. Buna mən özüm şahidəm. Özünü onların heç birindən ayırmaz, onlarla bir qabdan xörək yeyər, su içərdi. Bəlkə də elə bu işlərinə görə onu çox istəyirdilər.

Söz bu yerə çatanda Sultanəli əlini qılıncının qəbzəsinə qoyub hövlnak yerindən qalxdı.

– Bu da həqiqətdi?

– Bəli. Mən rəhmətlik Şeyx Heydərin siğə qardaşıyam. Şeyx Səfinin dostu və qayınatası Tacəddin Gilaninin nəslindənəm. Atanızın vəsiyyətlərini də sənə olduğu kimi çatdırmalıyam. Hövsələli ol və sözümü kəsmə.

Aylarla əzab-əziyyətli yol keçib Məkkəyə ziyarətə gedənlərin heç birisi orada müridə çevrilmir, qayıdıb öz yerinə-yurduna gəlir. Bəs nə üçün Şeyx Səfiyyəddin türbəsinə gələnlərin əksəriyyəti müridə çevrilir? Çünki bu pirin şeyxləri insanları arzularına tərəf, həyati istəklərinə doğru aparıblar. Bu yer tək ziyarətgah deyil, həm də insanların sabahı üçün inam məkanıdır. Belə yolun zəvvarının arxasınca isə minlərlə adam gəlir.

Atan Şeyx Heydər belə adam idi. Dərdini də, sevincini də onların hamısı ilə bərabər bölürdü. Bəs Babəkin ehkamı nə idi? Mən onun dinsizliyindən danışmıram. Babək hamını bərabər görmək istəyirdi. Görmək ayrı şeydi, onu həyata keçirmək, adamları bərabər eləmək ayrıdır. Babəkin də, atanın da ətrafında həmişə iyirmi-otuz min özünü ölümə atan adam olub.

Bərabərlik deyirik. Şeyx Səfiyyəddinin bir əqidəsi var həmin bərabərlik barəsində. O nədir? Baban yazır ki, dünya zərrələrdən yaranıb. Günəş də, torpaq da, ağac da, insan da, sünbül də eyni zərrədəndir. Nurdan. Günəş nuru olmasaydı, dünya da olmazdı. Həmin nur insanı da yaradıb. Əgər o Günəşlə eyni zərrədirsə, o niyə də bərabər olmamalıdır.

– Bəs o bərabərliyi necə həyata keçirmək olardı?

– Şeyx Heydər onu öz əlləriylə yaratmaq fikrindəydi. Bunun üçün şərait, vaxt və məkan lazım idi. O, bu iş üçün Şirvan torpağını seçmişdi. Çünki bir tərəfi dəmir qapı Dərbəndə söykənən bu torpaqda Şirvanşahlar heç vaxt güclü qoşun toplaya bilməyiblər. Teymura xərac verməklə özlərini qoruyub saxlaya biliblər. Oranı ələ keçirməyə baban da, atan da cəhd elədilər.

– Burada o bərabərliyi qurmaq olmazdı?

– Yox. Yol əlverişsizdi. Hər tərəfdən qoşunların üzünə açıqdı. Bir neçə dövlətin üzünə açıqdı.

Hüseyn Lələ bəy susdu. Sultanəli də fikrə getdi və birdən– birə dilləndi:

– Biz də Şirvanşah Fərrux Yasarı özümüzə düşmən bilirik.

– Bəli. O bizim qan düşmənimizdir. Belə düşmənçilik isə yaddan çıxmır. Sənin sözünün mə’nasını da izah edim. Bayaq dedim ki, bərabərlik, nurdan yaranmış, nurlu bir ölkə yaratmaq ümidi ilə getmişdi atan. Oranı zülmətə çevirib, xarabazara çevirmək üçün getsəydi, onda mən sənin kimi düşünərdim. Nur gətirənin çırağını söndürmək isə ən böyük cinayətdir. Həm də ki, orada əhali ilə hökmdarlar arasında uçurum var. Camaat türkdü, hökmdarlar isə kəsrani-fars. Neçə qərinələrdir ki, bu belə davam eləyir. O hiyləgər hökmdarlar olmasa Şirvan şahlığı çoxdan məhv olardı.

Onu da deyim ki, qurbanlarımız bu gün və sabah üçün bir ordunun əvəzidir. Çünki Şeyx Heydərə görə hər mürid bir şirə çevriləcək. Yadında saxla, kiçik bir torpaqda oturub böyük arzularla yaşamaq olmaz. Belə ölkənin dərdi də, düşməni də, fəlakəti də böyük olur. Sərhədlər genişlənməsə, xəzinə dolmasa, qüvvələr artmasa, heç nəyə arxalanmaq olmaz. Dayın Rüstəm Mirzəyə sən hələ lazımsan. O da çox müddətə görə yox. Onun da qüdrəti artan kimi Ərdəbil padşahlığını tanımayacaq və onu öz taxtının ayağı altına çəkməyə çalışacaq. Belə vaxtda hər addımımızı ölçüb-biçməli, hər tədbirimizi məqsədimizə tabe eləməliyik. Açığı budur ki, azadlığa çıxsaq da taleyimiz hələ də tükdən asılıdır.

1   ...   11   12   13   14   15   16   17   18   ...   31


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə