Xəzər Universiteti Hüquq fakültəsi esse fənn: İslam Tarixi




Yüklə 105.61 Kb.
tarix09.03.2016
ölçüsü105.61 Kb.
Xəzər Universiteti
Hüquq fakültəsi

ESSE
Fənn: İslam Tarixi

Müəllimə: Elnurə Əzizova

Tələbə: Ceyhun Babaşov
Mövzu: Osmanlı imperiyasının xarici siyasəti
Bakı - 2008

Plan:



  1. Giriş




  1. Böyük Səlcuq imperatorluğunun süqutundan sonra Kiçik Asiyada Osmanlı dövlətinin yaradılması




  1. Osmanlıların XV əsrdə Balkanlarda yeritdiyi xarici siyasət




  1. XV əsrdə Osmanlı – Ağqoyunlu münasibətləri




  1. Osmanlı imperatorluğunun Ərəb fütuhatları




  1. Osmanlı imperiyasının Avstriya ilə müharibələri




  1. Osmanlı imperiyasının Rusiya ilə müharibələri




  1. İtaliya – Türkiyə müharibəsi




  1. Balkan müharibələri




  1. Birinci Dünya müharibəsinin Osmanlı imperiyası üçün nəticələri və Osmanlı imperiyasının süqutu




  1. Nəticə




  1. İstifadə edilən ədəbiyyatların siyahısı


Osmanlı imperiyasının xarici siyasəti.
1. Giriş.

XIII əsrin sonu, XIV əsrin əvvəllərində oğuz türkləri tərəfindən yaradılan Osmanlı dövlətinin (1299-1923) tarixdə özünəməxsus yeri vardır. Osmanlı dövləti tarixdə mövcud olan digər türk dövlətlərindən fərqli olaraq, qısa bir dövrü əhatə etməmişdir. Bu dövlət, təxminən 7 əsrə yaxın ömür sürmüşdür. Bu isə Osmanlı dövlətinin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi deməkdir. XIV, XV və XVI əsrlərdə özünün çiçəkləmə dövrünü yaşayan bu imperiya ərazisinə görə dünyada I yeri tuturdu. Ərazisi Asiya, Avropa və Afrika qitələrinin müəyyən hissələrini əhatə edirdi. Daha sonralar xarici siyasətində müəyyən qədər durğunluq dövrü keçirən Osmanlı dövləti, yavaş-yavaş öz əvvəlki qüdrətini itirib xristian dövlətlərindən asılı vəziyyətə düşməyə başladı. Xristian dövlətlərinin Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətləri ilə müttəfiq olub Osmanlı imperiyasına qarşı yürütdükləri xarici siyasətin də Osmanlı dövlətinin zəifləməsinə müəyyən qədər öz təsiri olmuşdur. Tarix səhnəsində dövrünün bir sıra güclü dövlətləri ilə mübarizə aparan bu dövlət Avropa dövlətlərinin yürütdüyü məkrli siyasət nəticəsində çoxlu “qan” itirmiş, XX əsrin əvvəllərində isə süquta uğramışdır. Süquta uğramasına baxmayaraq, dünyanın sayılıb-seçilən imperatorluqlarından biri olan Osmanlı imperiyasının tarixi hələ də dünya tarixçiləri tərəfindən diqqətlə öyrənilməkdədir.



2. Böyük Səlcuq imperatorluğunun süqutundan sonra Kiçik Asiyada Osmanlı dövlətinin yaradılması.

Böyük Səlcuq imperatorluğunun dağılmasından (1157) xeyli müddət sonra Kiçik Asiyada yeni bir qüdrətli türk-müsəlman dövləti - Osmanlı imperatorluğu meydana gəldi. Bu dövlətin qurucusu Oğuzların Qayı boyundan olan Osman bəy idi. Osman Qazi Əskişəhər-İraq yolunu ələ keçirdərək Konya sultanlığının varlığına son qoydu və bununla da türklər 1299-cu ildə öz dövlətlərini yaratdılar. Bu dövlət, qurucusu Osman bəyin adı ilə Osmanlı dövləti adlandırıldı.



Bursanın fəthi Osmanlı tarixində böyük dönüş nöqtəsi kimi.

Osman Qazinin əsas planlarından biri Bursa şəhərini ələ keçirmək idi. Türk qoşunları 1314-cü ildə Bursanı mühasirəyə aldılar. Osmanın oğlu Orxan Qazinin başçılıq etdiyi türk ordusu 12 illik mühasirədən sonra 1326-cı ildə şəhəri tutdu.



Bursanın fəthinin Osmanlı dövləti üçün böyük əhəmiyyəti oldu. Bu qələbə Osmanlı tarixində böyük dönüş nöqtəsi oldu. Bursa şəhəri 1329-cu ildə gənc Osmanlı dövlətinin paytaxtına çevrildi. Bununla da Osmanlı türkləri Mərmərə dənizinin Anadolu hissəsinə həmişəlik olaraq yiyələndilər.

Osman Qazinin vəfatından sonra hakimiyyətə gələn Orxan Qazi (1326-1362) dövlətin hakimiyyət orqanlarını və vəzifələrini müəyyənləşdirdi. O, ölkəni vilayətlərədairələrə böldü. Orxan Qazinin ən böyük arzusu mühüm iqtisadi və strateji əhəmiyyətə malik olan Konstantinopolu ələ küçirtmək idi. Bunun üçün ilk növbədə Nikeya şəhərini tutmaq lazım idi. Türklər 1329-cu ildə Nikeya şəhərini mühasirəyə aldılar. Osmanlıların bu şəhəri mühasirəyə alması Bizans cəbhəsində ciddi narahatçılığa səbəb oldu. 1329-cu ilədə Osmanlı və Bizans qoşunları arasında Maltəpə adlandırılan yerdə baş vermiş döyüşdə Osmanlılar Bizans qoşunlarını darmadağın etdi. Bu qələbədən sonra nikeya şəhəri təslim oldu. Şəhərin adı dəyişdirilərək İznik adlandırıldı. Nikeyanın itirilməsi ilə Bizans anadoludakı güclü dayaqlarından birini itirdi.



1337-ci ildə Nikomediya şəhəri də Osmanlı dövlətinin tərkibinə qatıldı. Orxan Qazi oraya çoxlu türk ailələri köçürtdü. Bu şəhərin adı isə İzmit adlandırıldı. Nikomediyanın tutulması ilə Osmanlı dövlətin sərhədləri Konstantinopola qədər genişləndi və Egey dənizi sahillərinə qədər olan ərazi Osmanlıların nəzarəti altına keçdi.

XIV əsrin 30-cu illərində Bizans imperiyası daxilində güclü çəkişmələr baş verirdi. Əlverişli şəraitdən istifadə edən Süleyman Paşa 1354-cü ildə Gelibolunu və ətrafındakı Bizans qalalarını ələ keçirdi.

Türklər fəth etdikləri yerləri əhalisi ilə yaxşı rəftar edir, eyni zamanda buraya çoxlu türk ailəsi də köçürürdülər. Süleyman Paşanın bu qələbəsi nəticəsində türklər Balkanlarda əlverişli, strateji mövqe qazandı.

3. Osmanlıların XV əsrdə Balkanlarda yeritdiyi xarici siyasət.

Sultan I Muradın (1359-1389) hakimiyyətə gəlməsindən sonra da Balkanlarla bağlı həyata keçirilən xarici siyasət davam etdirilirdi. Qısa zaman kəsiyində, yəni, 1361-ci ildə Ədirnə, Plovdiv, Sofiya, Şərqi Frakiyanın qonşu rayonları, Şumen, Nis və digər şəhərlər ələ keçirildi. Ədirnə (Adrianopol) Osmanlı dövlətnin paytaxtına çevrildi.

Osmanlıların yeritdiyi xarici siyasət nəticəsində 1370-ci ildə Bizans, sonra isə Bolqarıstan ondan asılılığı qəbul etməyə məcbur oldular.

Həmin dövrdə Balkan yarımadasında türklərə müqavimət göstərə biləcək yeganə güclü dövlət Serbiya idi. Lakin 1371-ci il sentyabrın 26-da Osmanlılar Çirmən döyüşündə serbləri ağır məğlubiyyətə uğratdılar. Serbiya osmanlılardan asılılığı qəbul etməyə, hər il müəyyən miqdarda əsgər və vergi verməyə məcbur oldu. Serb çarı Lazarın başçılığı ilə toplanan 200 minlik serb ordusu 1389-cu il iyunun 25-də Kosovo çölündə Osmanlılarla qarşılaşdılar. Osmanlılar burada misli-bərabəri olmayan qələbə qazandılar. I İldırım Bəyazid (1389-1402) Serbiyanın müstəqilliyinə son qoydu və nəticədə Osmanlı dövlətinin sərhədləri qərbdən Dunay çayının sahillərinə qədər genişləndirildi.

1393-cü ildə türklər Bolqarıstanın paytaxtı Tırnovo şəhərini ələ keçirdilər. XIV əsrin sonuna yaxın Bosniyanın çox hissəsi də türklərin hakimiyyəti altına düşdü. Türklər Albaniyaya da daxil oldular.

Macar kralı Sigizmund fransız, ingilis, alman və çex cəngavərlərinin iştirakı ilə türklərə qarşı səlib yürüşü təşkil etsə də, 1396-cı il sentyabrın 25-də bolqarıstan ərazisində, Niqbolu (Nikopol) şəhəri yaxınlığında məğlubiyyətə düçar oldu. Niqbolu döyüşü ilə bütün Bolqarıstanın işğalı başa çatdırıldı.

İldırım Bəyazid 1399-1400-cü illərdə əvvəllər Səlcuq imperatorluğunun tərkibinə daxil olan əraziləri - Qaraman bəylərbəyliyini, Sivası, Malatyanı da ələ keçirdi. Türklərin hakimiyyəti Şərqi Avropaya qədər yayıldı və qüdrətli Osmanlı imperatorluğu yaranmağa başladı.

Türklər Bizansın Balkanlardakı sonuncu dayağı olan Konstantinopolu fəth etmək məqsədilə Asiya sahillərində Anadoluhisar qalasını tikdilər.

XV əsrin əvvəllərində Osmanlı imperatorluğunun başı üzərini təhlükə aldı. Digər qüdrətli türk cahangiri Əmir Teymur Kiçik Asiyaya yürüş etməklə bir sıra bəyliklərdə öz müstəqilliklərini bərpa etmək istəyi yaratdı. Əmir Teymurun Sivası və Malatyanı tutması və Dəməşqə qədər irəliləməsi İldırım Bəyazidin Konstantinopolun mühasirəsini dayandırmasına və Şərqi Anadoluya doğru irəliləməsinə təkan verdi. Sivas, Ərcivan, Kemah və Malatya Osmanlılar tərəfindən geri alındı. Bu hadisələr iki qüdrətli türk cahangirini qarşısı alınmaz döyüşə sürüklədi.

İldırım Bəyazidin ordusunun bir hissəsi Konstantinopolun mühasirəsini, bir hissəsi isə Anadolu qalalarının müdafiəsi ilə məşğul olduğundan Teymura qarşı sayca xeyli az qüvvə toplanmışdı. Teymurun ordusunda isə döyüş filləri də var idi.



1402-ci il iyulun 28-də Ankara düzənliyində Orta əsrlərin bəlkə də ən böyük döyüşü baş verdi. Teymur qələbə çaldı. Teymurun qələbəsində öz müstəqilliklərini bərpa etmək istəyən anadolu bəyliklərinin xəyanəti də mühüm rol oynamışdı.

Ankara döyüşü bütün türk dünyasının faciəsi idi. Teymur özü də bilmədən Avropanı Osmanlı impertorluğundan xilas etdi və bütün türk dünyasının gələcək faciəsi üçün zəmin hazırladı. Təsadüfi deyil ki, bu xəbəri eşidən Roma papası Avropa ölkələrinin kilsələrində üç gün aramsız kilsə zənglərinin sədaları altında şükranlıq düası oxutdurmuşdur.

Tarixində “səltənət fasiləsi” adlandırılan dövrdən sonra Osmanlı dövləti Sultan II Muradın (1421-1451) hakimiyyəti dövründə əvvəlki qüdrətini bərpa etdi. II Murad 1430-cu ildə Saloniki, 1431-ci ildə isə Varna şəhərlərini tutdu. 1444-cü ildə Varna döyüşündə türklər macar və çex səlibçilərini darmadağın etdilər. 1448-ci ildə isə II Kosovo döyüşündə Yanoş Hunyadinin başçılıq etdiyi səlibçi qoşunları məğlub edildi.

1451-ci ildə II Murad öldükdən sonra hakimiyyətə oğlu II Mehmet (1451-1481) keçdi. II Mehmet 1453-cü ilin yazında Konstantinopolu qurudan və sudan mühasirəyə aldı və 53 günlük mühasirədən sonra, 1453-cü il mayın 29-da Konstantinopol fəh edildi. Beləliklə, Bizans imperiyasının varlığına son qoyuldu. Türklərin İstanbul adlandırdıqları Konstantinopol şəhəri Osmanlı imperatorluğunun paytaxtına çevrildi. Sultan II Mehmetə FATEHtəxəllüsü verildi.

II Mehmet zəifləmiş Trabzon dövlətini və Kiçik Asiya əmirliklərini də tabe etdi. Onun ordusu Krımdakı Genuya koloniyası olan Kəfəni ələ keçirtdi.



1475-ci ildə Krım xanlığı Osmanlı dövlətindən vassal asılılığını qəbul etdi.

Fateh II Mehmet Moreya yunan knyazlığını, Afina hersoqluğunu da imperiyanın tərkibinə qatdı. Dunay knyazlıqları olan Moldova və Valaxiya da Osmanlılardan asılı vəziyyətə düşdülər.

Eyni zamanda Osmanlı imperatorluğu Venesiya ilə də uzun sürən müharibə aparmalı oldu. Nəticədə Venesiya ilə sülh müqaviləsi bağlandı. Venesiya Egey dənizindəki bütün adalarını türklərə verməli oldu və hər il 1000 dukat məbləğində bac verməyi öhdəsinə götürdü.

Fateh II Mehmetin vəfatından sonra hakimiyyətə onun oğlu II Bəyazid (1481-1412) gəldi.


4. XV əsrdə Osmanlı-Ağqoyunlu münasibətləri.

Ağqoyunlu tayfa ittifaqının başçısı Qara Osmanın vəfatından sonra (1435) hakimiyyət onun oğlu Əli bəyin əlinə keçdi. O da öz atasının siyasətini davam etdirir,Osmanlı sarayına vaxtaşırı məktublar yollayırdı.Amma Əli bəy də də atası Qara Osman kimi tez-tez siyasi hiyləgərlik edir, Osmanlı dövlətilə olduğu kimi, Teymurilərlə də əlaqə saxlayırdı. Atası Əli bəydən sonra (1444) Ağqoyunlu tayfa ittifaqının başçısı olan Cahangir də II Sultan Muradla əlaqə saxlayırdı. Atası kimi o da, özünü türk sultanının “mülazimi” olduğunu bildirir, “bizim məmləkətimiz də elə sizindir və bu ev ilə o ev birdir” kimi cümlələr yazmaqla ona öz səmimi münasibətini bildirirdi. Çox keçmədən onunla qardaşı Uzun həsən arasında nifaq yaradıldı, nəticədə Diyarbəkir qalası və Mardin Cahangirin əlindən çıxdı.

Uzun Həsən Ağqoyunludövlətini varisi olduqdan sonra daim öz torpaqlarını genişləndirmək, Kiçik Asiya, Ön Asiya və Avropa dövlətləri ilə ticarət əlaqələrinə vüsət vermək istəyirdi. O, hərbi-siyasi qüdrət baxımından böyük osmanlı imperiyasının şəxsində özünün qüdrətli rəqibini görürdü. Bu imperiya həmçinin Ağqoyunlu dövlətinin başqa ölkələrlə ticarət əlaqələrinin inkişafına da maneçilk törədirdi. Osmanlı sultanlarının, xüsusilə də II Sultan Mehmetin ağır gömrük siyasəti Ağqoyunlu dövlətini onun əsas gəlir mənbəyi olan ticarətdən məhrum etmək idi. Bu sultanın Ağqoyunlu dövlətinin mənafeyinə bilavasitə bərk ziyan vuran hərbi-siyasi fəaliyyəti tezliklə Ağqoyunlu-Osmanlı ziddiyyətlərini olduqca kəskinləşdirdi. Nəticədə Osmanlı sultanı kiçik feodal dövləti olan Trabzona 1461-ci ildə həyata keçirdiyi hərbi yürüşü ərəfəsində Uzun Həsənlə II Mehmetin ilk döyüşü baş verdi.

Uzun Həsənin də imperiya yaratmaq cəhdi və Trabzon-Ağqoyunlu münasibətlərinin get gedə yaxşılaşması Fatehi qəti hərəkətə vadar etməyə bilməzdi. Çünki Uzun Həsənin Şərqdə qüvvətlənməsi, onun Venesiya, Trabzon, Roma papalığı və başqa dövlətlərlə artmaqda olan əlaqələri, onun həmin dövlətlərin məkrli siyasəti nəticəsində Osmanlı dövlətinə qarşı qızışdırılması Osmanlıların Anadoludakı geniş fəaliyyətinə bir maneə idi. Fateh II Mehmet tezliklə Trabzonu süquta uğratdıqdan sonra, Uzun Həsənlə öz arasındakı incikliyi aradan qaldırmaq üçün Trabzon imperatoru ilə yaxın qohum olan Ağqoyunlu hökmdarının ürəyini almaq məqsədilə Trabzon xəzinəsindəki var-dövlətin bir hissəsini ona vermişdi.

Uzun Həsən Trabzonda itirdiklərinin əvəzini Qaraman bəyliyini öz tərəfinə çəkməklə çıxmaq fikrinə düşdü. O, bu niyyətlə, Osmanlı sarayı ilə nifaqda olan Qaraman oğluları müdafiəyə başladı. Elə Venesiya dövləti də Qaramanla əlaqə yarada bilmiş, hətta 1453-cü ildə onlar arasında bir sıra ticarət sazişləri və əfvnamələr imzalanmışdır. Heç də təsadüfi deyil ki, İbrahim bəy Qaramanoğlunun Venesiyalılara göndərdiyi bir məktubda Osmanlılar “müştərək düşmən” adlandırılmışdılar. 1463-cü ildə isə İbrahim bəy “Ağqoyunlu-Venesiya” ittifaqına qoşularaq onlarla birlikdə sənəd imzaladı. 1464-cü ildə Qaraman əmiri İbrahim bəyin vəfatı ilə əlaqədar Qaraman böhranı daha da genişləndi və Uzun Həsən öz rəqibi Fatehi qabaqlamaq məqsədilə Qaramana yürüş edərək, İbrahim bəyin oğlu İshaqı taxtda əyləşdirdi. Lakin onun hakimiyyəti uzun sürmədi.1468-ci ildə türklər Qaramana hücum edərək bu bəyliyin də varlığına son qoydu. Qaramanın Osmanlılara birləşməsi nəticəsində Uzun Həsən özünün bir müttəfiqindən və aralıq dənizinə çıxmaqdan məhrum oldu.

Uzun Həsən və onun əmiləri ilə daim münaqişədə olan Cahan şah müntəzəm olaraq Osmanlı sultanları II Murad və II Mehmetlə əlaqə saxlayır və zərurət olan kimi onlardan hərbi kömək və havadarlıq xahiş edirdi. O, II Mehmetə yazdığı məktubunda Osmanlı sultanını Uzun Həsənə hücum etməyə çağırır. Fateh isə bir növ gözləmə mövqeyində dayanmış, öz Ağqoyunlu rəqibi Uzun Həsəni Qaraqoyunlu Cahanşahın əli ilə məhv etmək istəyirdi. 1467-ci ilin mayında Cahanşah Osmanlı sultanı tərəfindən şirnikləndirilərək öz silahlı qüvvələri ilə Diyarbəkirə tərəf yollandı. Sultan II Mehmetin oğlu şahzadə Bəyazid razılaşmaya görə, gərək Cahanşaha köməyə gələydi. Lakin kömək gəlib çatmadı. Cahanşah məcbur olub gerilədi, Uzun Həsən ona doğru irəlilədi. 1467-ci ildə Cahanşah Uzun Həsən tərəfindən məğlubiyyətə uğradıldı. Bu hadisədən sonra, Ağqoyunlu dövləti ilə Osmanlılar arasında əlaqələr nisbətən gücləndi və “zahiri dostluq” xarakterində davam etməyə başlandı.

Məlum olduğu kimi, XV əsrin II yarısındakı Osmanlı-Azərbaycan münasibətlərində əsas hadisələrdən biri Otluqbeli (1473) döyüşü olmuşdur. Otluqbeli döyüşü Ağqoyunluların məğlubiyyəti ilə nəticələndi. İki üzlü siyasət yeridən Venesiya Respublikası Ağqoyunluların hərbi uğurlarından istifadə etməklə Osmanlıları boğmağa ümid edirdi. Lakin bunun əksi oldu, Ağqoyunluların son vaxtlar əldə etdikləri bütün yerlər yenidən Osmanlı nüfuzu altına düşdü.

Yeni Ağqoyunlu hökmdarı Sultan Yaqubun (1478-1490) 12 illik hakumiyyəti dövründə Osmanlılarla açıq-aşkar düşmənçilik etmək, onlara pis münasibət nümayiş etdirmək meyli aradan çıxmış, Sultan Yaqub və II Mehmet arasında yazışmalar və elçi get-gəli normal vəziyyətə düşmüşdü. Yaqubun vəfatı və onun yerinə azyaşlı Baysunqur Mirzənin şah olması Ağqoyunlu-Osmanlı münasibətlərinin davam etməsinə heç bir mənfi təsir etmədi.

Lakin, Ağqoyunlu dövlətinin tabeliyində olan geniş əraziləri Osmanlı imperiyasına qatmaq üçün edilən diplomatik cəhd baş tutmadı və Ağqoyunluları Səfəvilər əvəz etdi.

XVI əsrin əvvəllərində Osmanlı imperatorluğu Yaxın Şərqdə Böyük ərazilər tutaraq, dünyanın bu geniş regionunda ən böyük dövlətə çevrildi. Osmanlılar ilə Səfəvilər arasında ərəb ölkələrini ələ keçirmək uğrunda mübarizə başlandı.



1514-cü ildə Sultan I Səlim (1512-1520) Çaldıran düzündəki döyüşdə Şah İsmayılın qoşunlarını məğlub edərək, Səfəvi dövlətinin paytaxtı Təbrizi tutdu. Çaldıran qələbəsi ilə Osmanlı imperatorluğu Səfəvi dövlətinə ağır zərbə vurdu. Cənub-Şərqi Anadolu və Gürcüstan türklərin əlinə keçdi. I Şah İsmayılın, Diyarbəkir də daxil olmaqla, Ağqoyunlu dövlətinin tarixi ərazisini ələ keçirmək planı iflasa uğradı. Çaldıranda türk dünyası, bütövlükdə islam aləmi növbəti dəfə uduzdu. Bu qardaş qırğını bütün əvvəlki fəlakətlərdə fərqli olaraq, Qərb müstəmləkəçilərinin Şərqdə möhkəmlənməkdə olduğu dövrə təsadüf edirdi. Bu mənada Çaldıran döyüşü türk-islam dünyasının məğlubiyyəti, Qərb diplomatiyasının isə qələbəsi demək idi.

XVI əsrin birinci yarısında baş vermiş Osmanlı-Səfəvi müharibəsi dövrü Osmanlı imperatorluğunun ən qüdrətli vaxtları idi. Qərb diplomatiyası Osmanlı imperatorluğunun hərbi gücünü Səfəvi dövlətinə qarşı yönəltməklə, Avropada Osmanlı işğallarının genişlənməsinin qarşısını ala bildi. Bunu belə bir fakt aydın sübut edir ki, Osmanlı sultanı Süleyman Qanuni öz hakimiyyəti dövründə 13 dəfə hərbi səfərə çıxmışdısa, bunun üçü yalnız Səfəvi dövlətinə qarşı yönəlmişdi. Həm də bu üç əməliyyat qalan bütün on müharibədən daha uzun çəkmişdi.

Digər tərəfdən, Osmanlı-Səfəvi imperatorluqları kimi iki qüdrətli türk dövlətinin daim müharibələr apararaq, bir-birini zəif salması Qərbi Avropanın Şərqə dair işğal planlarının yaranmasına əlverişli şərait yaratdı.

Qərb dövlətləri 1578-1590-cı illər Osmanlı-Səfəvi müharibəsi dövründə də Osmanlı imperatorluğuna bütün hərbi qüvvələrini Səfəvi dövlətinə qarşı yönəltmək imkanı verdilər. Nəticədə kəskin daxili ictimai-iqtisadi və siyasi tənəzzül keçirən Səfəvi dövləti Osmanlı qoşunlarına qarşı dura bilmədi. İki dövlət arasında bağlanmış İstanbul müqaviləsi(1590) əsasən, Gürcüstan, Kirmanşah, Luristan, Xuzistan və başqa ərazilərlə yanaşı, Azərbaycan (Ərdəbil və Talış mahalları istisna olmaqla) da Osmanlı imperatorluğuna qatıldı.

XVI əsrin ortalarından başlayaraq, Cənubi Qafqaz ərazisini tamamilə öz hakimiyyəti altına salmağa çalışan Osmanlı imperatorluğu, nəhayət, Azərbaycanla əlaqədar xarici siyasət planlarını həyata keçirə bildi. Amma bu, müvəqqəti bir uğur idi. İki türk dövlətini, iki qardaş xalqı hələ irəlidə yeni qanlı toqquşmalar və tarixin ən acı səhifələri gözləyirdi. Qərb diplomatiyası öz işini görməkdə idi.
5. Osmanlı imperatorluğunun Ərəb fütuhatları.

Ərəb ölkələrinin Osmanlı imperatorluğunun tərkibinə daxil edilməsi sözün klassik mənasında işğal demək deyildi. Bu, əslində sosial yeniləşmə cəhdi ilə bağlı hakimiyyət dəyişikliyi idi. Burada iqtisadi tənəzzül və ərəb ölkələrinin dünya birliyində çəkisinin azalması kimi amillər böyük rol oynamışdır. Şübhəsiz, daxili ziddiyyətlər, intellektual durğunluq və sosial süstləşmə ərəbləri xarici aləmin qarşısında zəiflətdi. Bununla belə, XVI əsrin əvvəllərində ərəb ölkələri hələ də kifayət qədər imkan və inkişaf etmiş bir bölgəni təmsil edir, dünya siyasətində, beynəlxalq ticarət və mədəniyyət mübadiləsində nəzərə çarpan rol oynayırdılar. Onların hələ də kifayət qədər insan və material ehtiyatları, inkişaf etmiş sənətkarlıq və kənd təsərrüatı məhsulları istehsalı var idi.

Bəs necə oldu ki, 19.5 milyon əhalisi olan bu varlı və inkişaf etmiş region Osmanlıların hakimiyyəti altına düşdü? Necə oldu ki, dini cəhətdən rəngarəng olan və müxtəlif tayfaları birləşdirən dövlətin başında duran Osmanlı sultanları cəmi beş il ərzində onları əraziyə və əhalinin sayına görə qat-qat qabaqlayan geniş bir bölgədə öz hakimiyyətlərini möhkəmlədə bildilər? Axı ərəb dünyasının taleyi artıq 1516-1520-ci illərdə həll olunmuşdu. Bu zaman türklər məmlüklərin imperiyasını devirmiş və digər ərəb ölkələrində elə möhkəm mövqe əldə etmişdilər ki, onların osmanlılaşdırılması yalnız vaxt tələb edirdi. Həm də bu, ərəb ölkələrinin özlərindən daha çox, Osmanlıların uzun müddətli və gərgin mübarizə apardıqları üçüncü ölkələrlə - İspaniya, Portuqaliya Səfəvilərlə qarşıdurmadan asılı idi.

Tarixdən məlum olmuşdur ki, iki Osmanlı-Məmlük müharibəsindən sonra 1516-cı ilin avqustunda Suriya Osmanlılardan vassal asılılığına düşdü. Bu zaman I Sultan Səlim müstəsna hüquqlu ümümdünya xəlifəliyi ilə islam sultanı və hər iki müqəddəs şəhərin xadimi titullarını qəbul etdi.



1517-ci ilin yanvarında Misir, iyulunda Hicaz, eləcə də həmin il Şərqi Sudan1518-ci ildə Əlcəzair Osmanlı imperatorluğunun vassalına çevrildi.

1521-ci ilin fevralında Suriya, 1522-ci ildə Misir, 1533-cü ildə isə Əlcəzairin Osmanlı imperiyasına rəsmi birləşməsi həyata keçirildi.

1534-cü ilin avqustunda Xeyrəddin Barbarossa Tunisə daxil oldu və tezliklə burada Osmanlı hakimiyyəti elan olundu.

1534-cü il dekabrın 2-də Sultan I Süleyman Qanuni (1520-1565) Bağdada daxil oldu, Şimali və Mərkəzi İraq rəsmi surətdə Osmanlı imperatorluğuna birləşdirildi.

1538-ci ildə Hadramaut, Bəsrə və Fars körfəzi əmirlikləri Osmanlılardan vassal asılılığını qəbul etdilər.

1546-cı ilin dekabrında isə Cənubi İraq rəsmi olaraq Osmanlı imperiyasına birləşdirildi.

Bir neçə dəfə əldən ələ keçəndən sonra 1574-cü ildə Tunis son olaraq türklərin hakimiyyəti altına keçdi.



Bəs Osmanlıların bu cür sürətlə uğur qazanmalarını nə ilə izah etmək olar?

Türk ordusu XV-XVI əsrlərdə dünyanın qabaqcıl orduları səviyyəsinə yüksəlmişdi. Türklərin güclü donanması, artilleriyası yaxşı təşkil edilmiş arxa xidməti və kəşfiyyatı var idi. Lakin bununla belə, türk ordusu bütün göstəricilər üzrə digər dövlətlərin ordularından üstün deyildi. Nə I Sultan Səlim, nə də I Sultan Süleyman Qanuni süvarilərini, nəinki nümunəvi Avropa, heç Məmlük süvarilərinin səviyyəsinə də yüksəldə bilməmişdilər. Türklərin yeganə üstünlüyü onların artilleriyası idi. Onların texniki cəhətdən kamil, müxtəlif kalibrli və təyinatlı topları, ümumi rəyə görə, dünyada ən yaxşılarından sayılırdı.

Ərəb ölkələrinin işğalı zamanı ərəb ordularının mübarizədə mətinliyinin və iradəsinin, türklərlə döyüşə girmək istəyinin olması amili diqqəti özünə cəlb edir. Hər bir ərəb ölkəsində, hər bir şəhər və kənddə xəyanət özünü göstərirdi. Orduda və əhali arasında əlində silah türklər tərəfə keçən, onlara öz komandanlıqlarının planlarını xəbər verən, şəhərin və qalaların qapılarını onların üzünə açan adamlar da az deyildi. Tamamilə aydın görünürdü ki, ərəb ölklərinin xalqları Osmanlılarla döyüşmək istəmirdilər.

Bəs bunun səbəbi nə idi? – Ərəb tədqiqatçısı Mahmud Bualinin sözlərinə görə, ərəblər “beyinləri dini və siyasi cəhətdən dolduran şüarlarla” işğal olunmuşdular. Bu şüarlar həqiqətən də yoxsul kəndlilərin rəğbətini qazanmaq osmanlıpərəst meyllərin əsasında durur və ümumi bərabərlik və qardaşlıq, sosial ədalət və harmoniya , əməyin insanın maddi tələblərinin ödənilməsində yeganə mənbə olması, dəbdəbəli və varlı həyatın pislənməsi, istismara yol vermədən, sadə, qənaətcil yaşamağın vacibliyi kimi fundamental islami prinsiplərə əsaslanan sosial-iqtsadi və siyasi doktrinanı əks etdirirdi. Öz xüsusiyyətinə görə bu doktrina cəmiyyətin sosial yeniləşdirilməsinə istiqamətləndirilmişdi, lakin o, tam sxolastik nəzəriyyə deyildi, təcrübə üçün əsas idi. Onun kökləri uzaq keçmişə, Anadolu kəndlərinin və şəhər yoxsullarının qazi və əxz hərəkatları dövrünə gedib çıxırdı. XII-XIII əsrlərdə qazi və əxi hərəkatlarının sosial-teokratik ideyaları şiəliyin dini təbəqələşmələrindən təmizləndi və dərvişliyin təsiri altında ortodoksal sünni dini təlimi ilə bir araya sığan şəkil aldı.

Osmanlı sosial doktrinasının təşəkkülünə məşhur Əndəlus sufi mütəfəkkiri İbn əl-Ərəbi və onun anadolu davamçılarının təlimi həlledici təsir göstərdi. Bu davamçıların sırasında qazi və əxi hərəkatını ilk dəfə öz rəhbərliyi altında birləşdirən gənc I Osmanın (1281-1326) mürşidi Mövlana Cəmaləddin Rumi xüsusi yer tutur. Hərəkatın qələbəsindən sonra, Osmanlı dövlətinin təşəkkülü dövründə köhnə qazi və əxi idealları rəsmi idealogiyaya çevrildi. Konstantinopolun alınmasından bir qədər sonra II Mehmet rəsmi doktrinanın dini dünyəvi əsaslarının dəqiqləşdirlməsi və şəraitin yeniləşdirilmiş Osmanlı “redaksiyasının” tərtibinə başlanması əmrini verdi. Bu, Mehmet ibn Fira Mirzə və İbrahim əl-Hələbi kimi görkəmli ilahiyyatçıların işlərində öz əksini tapdı. Daha da praktik olaraq, şəriətin yeni şərhi II Sultan Bəyazid və I Sultan Süleyman Qanuninin qanunlarında möhkəmləndi.

Məhz cəmiyyətin yenidənqurulmasına çağırış, istiqamət və Osmanlı utopiyasının sosial idealları sayəsində ərəb ölkələri fəth edildi.

Osmanlı imperiyasının tərkibinə daxil olan ərəblər özlərini hüquqsuz və məzlum xalq kimi hiss etmirdilər. Ta XIX əsrin ikinci yarısına qədər onlar Osmanlı işğalını xarici qüvvələrin əsarəti kimi qəbul etmirdilər. Görkəmli Suriya tarixçisi, müasir ərəb millətçiliyinin ideoloqlarından biri Sati əl-Hüsri qeyd edir ki, ərəblər Osmanlı sultanlarının hakimiyyətinə islam xilafətinin birbaşa davamçısı kimi baxır və özlərini işğal olunmuş, xarici hakimiyyətə tabe xalq kimi hesab etmirdilər.

Ərəb ölkələr imperiyanın həyatında böyük rol oynayırdı. XVI əsrin sonunda imperiyanın 34 əyalətindən 14-nü ərəb ölkələri təşkil edirdi. Bu əyalətlərdə bütün imperiya əhalisinin 60%-i yaşayırdı.

Osmanlı istilası nəticəsində orta əsrlər ərəb cəmiyyətinin feodal hakim sinfi ləğv edildi. Məmlüklər, Yəmən abidləri, şeyxləri, bədəvi əmirləri, yerli hakimlər hakimiyyətdən uzaqlaşdırılaraq, mülkiyyətdən məhrum və sürgün edildilər. Türklər dövlət siyasəti şəklində istismar olunmuş təbəqələrin etirazlarını ifadə edirdilər.

Yuxarıda sadalanan tədbirlərin nəticəsində ərəb cəmiyyətində iqtisadi inkişaf hiss olunmağa başladı. Ərəb kəndi canlandı, kənd təsərrüfatının və kənd əhalisinin inkişafı baş verdi. XII əsrdən sonra dərin durğunluq dövrü keçirmiş ərəb mədəniyyəti Osmanlı istilasından sonra canlanmağa başladı.

Müvəffəqiyyətli işğallar dövləti və ayrılıqda hər bir feodalı zənginləşdirməklə mərkəzi hakimiyyətin, xüsusilə də Sultan I Süleyman Qanuninin həm ölkə daxilində, həm də xaricdə nüfuzunu hədsiz şəkildə artırdı. Hazırda, ABŞ konqresinin nümayəndələr palataasında, qanun və qanunçuluq yaradan dövlət başçılarından biri kimi Süleyman Qanuninin portreti asılmışdır.

Avstriya ilə mübarizədə mənafe ümumiliyi sultan ilə fransız kralı I Fransisko arasında 1535-ci ildə “Sülh, dostluq və ticarət müqaviləsi” bağlanmasına səbəb oldu. Bu müqavilə tarixə “Kapitulyasiya” adı altında daxil oldu.


6. Osmanlı imperiyasının Avstriya ilə müharibələri.

Avstriyanın Macarıstanda təkbaşına ağalığa nail olmaq cəhdi, 1664-cü ildə Türkiyə ilə müharibəyə səbəb oldu. Avstriyalıların möhkəmləndirmiş olduqları və alınmaz saydıqları Uyyar qalası alındı.Avstriya imperatoru təkbaşına türklərlə vuruşa bilməyəcəyini anlayaraq, Vatikandan və Avropa dövlətlərindən yardım istədi. Lakin türklər bəzi qalaları aldıqdan sonra Avstriya ordusunu darmadağın etdi. Nəticədə Avstriya imperatoru sülh təklif etdi. Osmanlı dövləti ilə Avstriya arasında bağlanmış sülh müqaviləsinə görə Avstriyanın ələ keçirilmiş Uyyar və başqa qalaları geri qaytarıldı.

Avstriya ilə sülh bağlandıqdan bir neçə il sonra Osmanlı dövləti Ukraynada nüfuz dairəsi üstendə Polşa ilə müharibəyə başladı. Beş il davam edən bu müharibədə türklər qələbə qazandılar. Polyaklar osmanlıların Ukrayna üzərində hakimiyyətini qəbul etdilər.

1681-ci ildə Avstriya ilə münasibətlər yenidən pisləşdi. Türklər Vyanaya yürüş təşkil etsələr də heç bir nəticə hasil olmadı. Vyana ətrafında türk ordusunun məğlubiyyəti Avropada böyük sevincə səbəb oldu. Bir sıra xristian dövlətləri bu fürsətdən istifadə edərək, türkləri avropadan qovub çıxarmaq planını həyata keçirməyə başladılar. Papa təkidlə bu dövlətləri Osmanlı imperiyasına qarşı birləşməyə çağırdı. 1684-cü ildə Avstriya, Polşa, Venesiya və Malta “Müqəddəs birlik” adlanan ittifaq təşkil etdilər.

1686-cı ildə ittifaq ordusu şiddətli müqavimətdən sonra Budapeşti tutdu. Bu şəhərin itirilməsi osmanlılar arasında böyük çaxnaşmaya səbəb oldu. Nəticədə, düşmənlər Macarıstanın çox hissəsini, Belqradı, Dalmasiya və Bosniyanın da bəzi hissələrini ələ keçirdilər.

Ağır məğlubiyyətlərdən sonra Osmanlı höküməti bir neçə cəbhədə vuruşmağın mümkünsüzlüyünü anladı. 1699-cu ildə Belqradın Karlovitsa qəsəbəsində Osmanlı hökümətinin və müttəfiq dövlətlərin nümayəndələri toplandılar. 4 aylıq müzakirələrdən sonra Avstriya, Polşa və Venesiya ilə ayrı-ayrılıqda 25 il müddətinə müqavilələr imzalandı. Rusiya ilə də 3 il müddətinə saziş imzalandı.



Avstriya ilə bağlanmış müqaviləyə əsasən bütün Macarıstan, habelə Xorvatiyanın bir hissəsi Avstriyaya keçdi.

Polşa ilə bağlanmış müqaviləyə görə Podolya əyaləti və Ukrayna Polşaya verildi. Polyakların krım xanlarına ödədikləri illik xərac ləğv olundu.

Venesiya ilə bağlanan müqaviləyə görə Moreya yarımadası və Dalmasiya sahilləri venesiyaya keçdi.

Karlovitsa müqavilələri ilə Osmanlı imperiyası tarixdə ilk dəfə olaraq xeyli ərazi itirdi.

Qısa bir müddətdən sonra baş vermiş Osmanlı-Avstriya müharibəsi (1716) isə İngiltərə və Fransanın vasitəçiliyi ilə 1718-ci ildə Pojarevatsk müqaviləsi ilə nəticələndi. Bu müqaviləyə görə Serbiyanın və Bosniyanın şimal hissəsi Avstriyaya verildi. Moreya yarımadası Osmanlı dövlətində qaldı.

Əldə etdiyi ərazilərlə kifayətlənməyib, 1735-ci ildə hərbi əməliyyatlara yenidən başlayan Avstriya bütün Serbiya ərazisini, habelə Bosniya və Hersoqovinanı ələ keçirməyə can atırdı. Düşmən qoşunları türklərin bir sıra yaşayış məntəqələrini ələ keçirdilər. 1739-cu ildə Avstriya ilə Belqrad müqaviləsi bağlandı. Müqavilənin şərtlərinə görə, Avstriya Belqrad şəhərini, Serbiya və Bosniyanın şimal hissəsini geri qaytarmağa məcbur oldu.

Beləliklə, XVIII əsrin ortalarında Osmanlı dövləti Avstriya ilə apardığı uğurlu döyüşlərdən sonra şərəfli bir müqavilə imzalanmasına nail oldu. Fransa bu müharibədə öz iqtisadi maraqları naminə Türkiyəni müdafiə edirdi. Buna cavab olaraq, 1740-cı ildə Fransaya əvvəllər verilmiş kapitulyasiya imtiyazları genişləndirildi.
7. Osmanlı imperiyasının Rusiya ilə müharibələri.

XVIII əsrin kinci yarısında Avropa dövlətlərinin xarici siyasətində güclənən təcavüzkarlıq meylləri yeni hərbi münaqişələr olacağından xəbər verirdi.

Avstriya və Fransanın təhriki ilə Türkiyə 1768-ci ildə Rusiyaya müharibə elan edir. Hərbi əməliyyatlar üç cəbhədə: Dunay, Krım və Cənubi Qafqazda aparıldı. 1774-cü ildə Bolqarıstanın Kiçik Qaynarça kəndində Rusiya ilə Osmanlı imperiyası arasında sülh müqaviləsi imzalandı. Buq ilə Dnepr çayları arasındakı ərazilər, Krımdakı Kerç və Yeniqala qalaları, həmçinin Kubana qədərki torpaqlar Rusiyaya keçdi. Rusiya Azov qalasını möhkəmləndirmək imkanı əldə etdi.

Kiçik Qaynarça sülhü Türkiyə və Qara dəniz ətrafı türk xalqları üçün faciəvi oldu. Rusiya Qara dəniz dövlətinə çevrildiyindən Krım xanlığının taleyi ciddi təhlükə altına düşdü. Nəticədə, Krım xanlığı 1783-cü ildə Rusiyanın tərkibinə qatıldı.

1787-ci ildə Türkiyə Rusiyaya 7 tələbdən ibarət ultimatum göndərdi. Ultimatuma Türkiyənin səlahiyyətli nümayəndəsinin Krıma gəlib boğazlardan keçəcək ticarət gəmilərini yoxlaması, rus qoşunlarının Tiflisdən çıxarılması və s. məsələlər daxil edilmişdi. Gözlədiyi cavabı almayan Türkiyə höküməti 1787-ci ildə Rusiyaya müharibə elan etdi. Dörd il davam edən bu müharibə 1791-ci il yanvarın 9-da Yassıda sülh müqaviləsinin imzalanması ilə başa çatdı. Cənubi Buq ilə Dnestr arasındakı torpaqlar, Oçakov daxil olmaqla Rusiyanın əlinə keçdi. Dnestr Rusiya ilə Türkiyə arasında sərhəd oldu.Türkiyə Krım barəsindəki iddialarından əl çəkdi və onun Rusiya imperiyasına mənsub olmasını təsdiq etdi. Rusiya Qara dənizdə qəti olaraq möhkəmləndi. XVIII əsrin son rübündə Rusiya ilə Türkiyə arasında baş verən müharibələr Türkiyə üçün ağır nəticələrlə qurtardı.

Yaxın və Orta Şərqdə İngiltərənin mövqeyini zəiflətməyə çalışan I Napoleon 1798-ci ildə Misirə hərbi yürüş təşkil etdi. Ona görə də Türkiyə Fransaya müharibə elan etdi.

Napoleonun Türkiyəyə qarşı işğalçılıq siyasəti Türkiyəni Rusiya ilə yaxınlaşmağa vadar etdi. Nəticədə, 1800-cü ildə İstanbulda Rusiya ilə Türkiyə arasında Fransaya qarşı müttəfiqlik barədə müqavilə imzalandı.

1805-ci ildə imzalanmış digər bir müqavilədə rus hərbi gəmilərinin Bosfor və Dardanel boğazlarından keçmək hüququ təsdiq edilirdi. Lakin Rusiya ilə Türkiyə arasındakı müttəfiqlik əlaqələri uzun sürmədi. Rusiyanın Moldaviya və Valaxiyada ağalıq etməsi Türkiyədə qəzəb oyatdı. Misirdə və Suriyada isə İngiltərənin buna oxşar siyasəti də narazılıq yaratmışdı. Yaranmış bu vəziyyətdən istifadə edən Napoleon Sultan III Səlimi öz tərəfinə çəkmək qərarına gəldi və o, bu məqsədinə də nail oldu. 1805-ci ildə baş vermiş Austerlits döyüşündən sonra III Səlim Rusiyanın darmadağın edildiyini güman edərək, özünün Napoleona qarşı əvvəlki düşmən münasibətini dəyişdi. Türkiyə ilə Fransa arasında dostluq əlaqələrinin yaranması ilə bərabər, Rusiya-Türkiyə münasibətləri pisləşməyə başladı və bu, onların arasında müharibə ilə nəticələndi.



1806-cı ildə rus qoşunlarının Moldaviya və Valaxiyanı tutması səbəbindən Türkiyə 1806-cı il dekabrın 27-də Rusiyaya müharibə elan etdi. Müharibə təxminən 6 il davam etdi. Buxarestdə aparılan sülh danışıqları 1812-ci il mayın 16-da tərəflərin sülh müqaviləsi imzalması ilə qurtardı. Sülhün şərtlərinə görə Bessarabiya Rusiyaya keçdi və Dunay çayında rus gəmilərinin gediş-gəliş hüququ təsdiq edildi. Moldaviya və Valaxiya Türkiyəyə qatıldı. Serbiyaya isə özünüidarə hüququ verildi.

Rusiya ilə Türkiyənin münasibətləri XX əsrin əvvəllərində yenidən pisləşdi. Rus qoşunları Dunayı keçib Osmanlı torpaqlarına soxuldular. 1828-ci ildə Rusiya ilə yeni müharibə başladı. Osmanlı ordusu müharibəyə hazır olmadığından ruslar Ədirnə şəhərini ələ keçirdilər. 1829-cu ildə Ədirnə sülhü imzalandı. Sülhün şərtlərinə görə Yunanıstan müstəqillik əldə etdi. Dunay mənsəbindəki adalar Rusiyanın əlinə keçdi. Valaxiya, Moldaviya və Serbiyaya daxili muxtariyyət verildi. Şərqi Anadoluda bəzi qalalar Rusiyaya çatdı. Rus ticarət gəmilərinin boğazlardan sərbəst keçmələri təmin olundu. Ədirnə müqaviləsi osmanlıların Kiçik Qaynarça müqaviləsindən sonra imzaladıqları ən ağır müqavilə idi.

Sonrakı bir neçə on ildə Osmanlı dövlətinin Avropa dövlətlərindən siyasi cəhətdən asılı vəziyyətə düşməsi daha da sürətləndi. Buna 1840-cı ildə Londonda bir tərəfdən Türkiyə, o biri tərəfdəndə İngiltərə, Rusiya, Avstriya və Prussiya arasında saziş imzalanmasını və bu sazişə əsasən, “Osmanlı imperiyasının bütövlüyü və istiqlaliyyətini təmin etməyə nəzarət” pərdəsi altında həmin dövlətlərin Türkiyə üzərində qəyyumluğunu təsbit etməsini göstərmək olar.

XIX əsrin II yarısında Balkanlarda vəziyyət daha da gərginləşmişdi. Bolqarıstanda üsyan baş vermiş, Serbiya və Çernoqoriya Türkiyəyə qarşı müharibəyə başlamışdı. Böyük dövlətlərlə, o cümlədən Rusiya ilə münasibətlər kəskinləşmişdi.

1877-1878-ci illərdəki Rusiya-Türkiyə müharibəsi Türkiyənin onsuz da ağır olan iqtisadi vəziyyətini bir az da ağıırlaşdırdı və onun beynəlxalq nüfuzuna ciddi zərbə endirdi. 1878-ci ildə keçirilmiş Berlin konqresində sülh şərtlərinə yenidən baxıldı. Bolqarıstan üç hissəyə parçalandı, yalnız Şimali Bolqarıstan müstəqillik əldə etdi. Cənubi Bolqarıstana – Şərqi Rumeliyaya isə sultanın hakimiyyəti altında muxtariyyət verildi. Serbiya, Çernoqoriya və Rumıniya tam müstəqil oldular. Qars, Ərdahan, Batum Rusiyaya keçdi. Makedoniya və Şərqi Bəyazid osmanlılara qaytarıldı. Bosniya və Hersoqovinanın idarəsi Avstriyaya həvalə edildi.

Berlin konqresindən sonra İngiltərə, Fransa, Avstriya, Rusiya və Almaniyanın Türkiyədə hökmranlıq etmək uğrunda apardıqları kəskin mübarizə şəraitində Türkiyə ayrıca bir dövlətdən asılı vəziyyətə düşməsə də, yuxarıda göstərilən dövlətlər qrupunun yarımmüstəmləkəsinə çevrildi.

XX əsrin əvvəllərində Osmalı imperiyasının iqtisadi vəziyyəti olduqca pisləşmişdi. Kapitulyasiyadan istifadə edən Avropa tacirlər türk bazarlarında ağalıq edirdilər.
8. İtaliya-Türkiyə müharibəsi

“Şərq məsələsi”ndə Qərb dövlətləri və Rusiyanın mənafelərinin toqquşması “Gənc türklər”n xarici siyasətini əngəlləyirdi. O dövrün ən böyük uğursuzluğu Trablis müharibəsi ilə bağlı olmuşdur. Hələ 1909-cu ildə Türkiyə əleyhinə Rusiya və İtaliya arasında Rakkoniki razılaşması imzalanmışdı.

1911-ildə İtaliya Türkiyədən Trablisi ona verməyi tələb etdi və cavabın nə olacağını gözləmədən Türkiyəyə müharibə elan etdi. Sayca çox az olan türk qoşunları bir-birinin ardınca məğlubiyyətlərə düçar oldu. Ancaq gənc zabitlərdən Ənvər Paşanın və Mustafa Kamal Paşanın topladıqları könüllü qüvvələr italyanları geri oturtdu. Buna baxmayaraq, Osmanlı dövləti sülh müqaviləsi bağlamağa məcbur oldu.

Nəticədə 1912-ci il oktyabrın 18-də Lozannada bağlanmış sülh müqaviləsinə görə, Liviya İtaliyanın müstəmləkəsinə çevrildi.


9. Balkan müharibələri

1912-ci il oktyabrın 18-də bağlanmış Lozanna müqaviləsi Türkiyənin beynəlxalq aləmdə onsuz da aşağı düşmüş nüfuzu üçün ciddi zərbə oldu. 1912-ci ilin oktyabr ayında Bolqarıstan, Serbiya, Yunanıstan və Çernoqoriyadan ibarət “Balkan ittfaqı”na daxil olan ölkələr Osmanlı imperiyasına müharibə elan etdilər. Beləliklə, tarixdə I Balkan müharibəsi (1912-1913) adlandırılan müharibə başlandı. Amma, elə də uzun sürmədi. Mayın 30-da Londonda sülh müqaviləsi bağlandı. Bu müqavilənin şərtlərinə görə Osmanlı mperiyası Balkanlarda, Egey dənizində olan torpaqlarının çoxundan əl çəkmək məcburiyyətində qaldı. Albaniya müstəqil knyazlıq elan edildi.



1913-cü il iyunun 30-da başlanan II Balkan müharibəsi həmin il avqustun 10-a kimi davam etdi. Bolqarıstan ağır məğlubiyyətə uğradıldı. Yaranmış fürsətdən “Gənc türklər” istifadə edərək, Ədirnəni və ətrafındakı yerləri Türkiyəyə qaytardılar. Osmanlı dövləti Avropa torpaqlarının bir hissəsini itirmiş oldu.
10. Birinci Dünya müharibəsinin Osmanlı imperiyası üçün nəticələri və Osmanlı imperiyasının süqutu

1914-cü ildə başlayan Birinci Dünya müharibəsinin gedişi göstərdi ki, “Dördlər ittifaqı” bu müharibədə qalib gələ bilməyəcəkdir. Özünün iqtisadi, hərbi və siyasi cəhətdən tənəzzül dövrünü keçirən Osmanlı imperiyası daha müharibəni davam etdirmək iqtidarında deyildi.



1918-ci ilin oktyabrında Türkiyə məğlub olduğunu bildirdi. Həmin ayın 30-da Türkiyə höküməti, müttəfiqlər adından isə ingilis admiralı Kampori Türkiyənin müharibədə məğlub olması haqqında Mudros sülh müqaviləsini imzaladılar. Sazişin şərtlərinə görə Türkiyə boğazları açaraq müttəfiqlərin hərbi qüvvələrinin Qara dənizə daxil olmasına icazə verməyi, özünün bütün hərbi donanmasını, gəmi təmiri zavodlarını, hərbi sursat və hərbi ləvazimatını müttəfiqlərin sərəncamına verməyi, öz ordusunu Cənubi Qafqazdan çıxarmağı və bura müttəfiqlərin qoşunlarının daxil olmasına şərait yaratmağı öz boynuna götürürdü.

Ədalətsiz olan Mudros sazişi nəiki Osmanlı imperiyasının varlığına son qoyur, eyni zamanda Türkiyənin müstəqil bir dövlət kimi yaşaya bilməsini təhlükə altına alırdı.



1920-ci il aprelin 23-də ölkənin hər yerindən gələn millət təmsilçilərinin iştirakı ilə Türkiyə Böyük Millət Məclisi (TBMM) açıldı. Məclis Mustafa Kamal paşa başda olmaqla hökümət təşkil etdi.

1920-ci il iyunun 22-də müttəfiqlər azadlıq hərəkatına qarşı yunan nizami ordusunu yeritdilər. Qərbi Anadolunun xeyli hissəsi və Rumeli, Türkiyənin Avropa hissəsi işğal altına düşdü.

Müttəfiqlər 1920-ci il avqustun 10-da sultan hökümətni Sevr müqaviləsini imzalamağa məcbur etdilər. Müqavilənin şərtlərinə görə Osmanlı imperiyasının ərazisi İngiltərə, Fransa. İtaliya və Yunanıstan arasında bölüşdürüldü. Əslində, bu müqavilə Türkiyəni faktiki olaraq müstəqil dövlət hüququndan məhrum edirdi. TBMM Sevr müqaviləsini tanımaqdan imtina etdi. Xalqın və vətənin mənafeyini satmış sultan hökuməti qanundan kənar elan olundu. Belə olan halda sultan Sevr müqaviləsini təsdiqləməyə cəsarət etmədi.

Müəyyən bir müddətdən sonra Anadolunu yunan qoşunundan təmizləyən türk ordusu sentyabrın 9-da İzmiri azad etdi. Oktyabrın 11-də “Antanta” dövlətləri və Yunanıstan Mudanya sülh müqaviləsini imzaladılar. Noyabrın 1-də TBMM sultan səltənətini ləğv etdi. Sultan Maltaya qaçdı.

“Antanta” ilə Türkiyə arasında uzun sürən danışıqlardan sonra 1923-cü il iyulun 24-də Lozannada sülh müqaviləsi imzalandı. Təslimçilik rejimi. Mudros və Sevr müqavilələri ləğv edildi və Türkiyənin müstəqilliyi tanındı. Lozanna müqaviləsinin Türkiyə üçün əhəmiyyəti böyük idi. Türk milli dövləti öz varlığını beynəlxalq aləmdə hüquqi cəhətdən təsdiq etməyə nail oldu.

1923-cü il oktyabrın 29-da TBMM Türkiyəni respublika elan etdi. Bununla da, 624 il yaşayan qüdrətli Osmanlı imperatorluğu tarix səhifəsindən silinmiş oldu.
11. Nəticə

Mənim şəxsi qənaətimə görə, əgər əsasən müxtəlif Qərb dövlətlərinin təhriki ilə Osmanlı imperiyası və müxtəlif Azərbaycan dövlətləri arasında XV – XVI əsrlərdə tez-tez baş vermiş qanlı münaqişə və ixtilaflar olmasaydı, həmçinin bu dövlətlər arasında qarşılıqlı münasibətlər düzgün istiqamətə yönəldilsəydi, bəlkə də dünyanın bugünkü xəritəsi tamamilə başqa görünüş almış olardı.



12. İstifadə edilən ədəbiyyatların siyahısı:


  1. Orta əsrlər tarixi. Y.M. Mahmudlu, Ə.Ə. Qocayev.

Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün dərslik. Bakı, “Maarif”nəşriyyatı, 2001.


  1. Yeni tarix. T.T. Vəliyev, R.C. Süleymanov. Ə.Ə. Qocayev.

Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün dərslik. Bakı, “Maarif” nəşriyyatı, 2001.


  1. Yeni tarix. T.T. Vəliyev, N.C. Mehdiyeva.

Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün dərslik. Bakı, “Çaşıoğlu” nəşriyyatı, 2003.


  1. Ən yeni tarix. İshaq Məmmədov və Seyfəddin Qəndilov.

Ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün dərslik. Bakı, “Çaşıoğlu” nəşriyyatı, 2003.


  1. Azərbaycan və Osmanlı imperiyası (XV-XVI əsrlər). Ş.F. Fərzəlibəyli.

Bakı, “Azərnəşr” nəşriyyatı, 1994.
6. Osmanlı devleti ve medeniyyeti tarihi – I, II cilt.

Nuri Yüce, Günay Kut, Nimetullah Hafiz ... (ve öte); editör ve ön söz: Ekmelettin İhsanoğlu. İstanbul: İslam Tarih, Sanat ve Kültür Araştırma Merkezi (İRCİCA), 1998.




  1. Ак-коюнлу – Османская война. Агаев Ю.Ш., Ахмедов С.А.,

Баку, «Элм», 2006.





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə