Terminologiya məSƏLƏLƏRİ №1




Yüklə 1.54 Mb.
səhifə3/15
tarix22.02.2016
ölçüsü1.54 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   15

Ədəbiyyat

  1. Həsənov H. Azərbaycan lüğətçiliyinin nəzəri əsasları. Bakı, ADU nəşriyyatı, 1999.

  2. Sadıqova S. Azərbaycan dilinin terminologiyası. Bakı, “Elm”, 2011.

  3. Даниленко В.П. Русская терминология, М., Наука, 1971.

  4. Денисев Г.Н. Лингвистические проблемы научно-технической терминологии. М., Наука, 1970.


проф.С.А.Садыгова

Процесс стандартизации в терминологии

азербайджанского языка

Резюме

Вопросы стандартизации привлекаются к исслодованию как послед­ная ступень в унификации терминологии. Стандартизация являет­ся как бы последней ступеню в процессе унификации термино­ло­гии которая и стала темой данной статьи. Во время стандартизации, принимая во внимание характер­ные свойства термина, на основе определенной дефиниции, основ­ным является уже другая отличительная ступень.Таким образом стандартизация терминов создает условия для приня­тия термина на уровне нормативности.


Prof. S.A.Sadigova

The standardization’s process of the terminology in

Azerbaijani language

Summary

In the article the problems of standartization were investigated as the last process of the ways of the regulation of terminology. In the standartization of the necessity of attribute on the definition the criteria which differ notion from the other notions taking into account the main features of each terms. So, the standartization of the terms occupies accepting one-of the forms of each of them on the normative level.


Çapa tövsiyə edən: AMEA, Nəsimi adına Dilçilik İnstitutu,

Terminologiya şöbəsi
Rəyçilər: filologiya elmləri doktoru,professor İ.Qasımov

filologiya elmləri doktoru,professor S.Mehdiyeva

Bahar Cəfərova

Fövqəladə Hallar Nazirliyi,

filologiya elmləri doktoru, professor
TERMİNOLOJİ LÜĞƏTLƏRİN NÖVLƏRİ

(TƏRCÜMƏ, TƏDRİS VƏ İZAHLI) LÜĞƏTLƏR

Açar sözlər: terminoloji lüğətlər; tərcümə tədris və izahlı lüğətlər; iki və üçdilli terminoloji lüğətlər; metodiki göstərişlər; ümumelmi; çoxsahəli; mövzu oriyentasiyası;.

Ключевые слова: tерминологические словари; переводческие, учебные и толковые словари; двух и трехъязычные терминологические словари; методические указания; общенаучные; многопрофильные; тематическая ориентация;.

Key words: terminological dictionaries; translation, educalional and explanatory dictionaries; bilingual and trilingual terminological dictionaries; metodical instructions; scientific; multiple-field; theme orientation;
Son illər terminoloji lüğətçilik daha artıq elmi mahiyyət kəsb etmiş, elmi əsaslar üzərində qurulmuş, onun nəzəri cəhətinə verilən diqqət və əhəmiyyət artmışdır.

Terminoloji lüğətlərin əsas məqsəd və vəzifəsi elmi dilin leksikasını toplayıb sistemləşdirməkdən, lüğətə daxil edilən vahidlərin qrammatik-semantik-üslubi xüsusiyyətlərini dəqiqləşdirib izah etməkdən, həmin terminlərin lüğətin müəyyən tipində (birdilli, ikidilli, çoxdilli və izahlı) verilməsinin mümkün və vacib olmasını təyin etməkdən ibarətdir.

Terminoloji lüğətlərin məqsəd və vəzifəsi həmçinin, onun struktur imkanları, o cümlədən növlərindən də çox asılıdır.

Terminoloji lüğətlər mövzusuna, vəzifəsinə, xarakterinə, əhatə dairəsinə, terminoloji leksikanı təqdimetmə üsullarına, strukturuna görə müxtəlifdir. Onlardan bir qismində ana dilində işlədilən terminlər verilir və izah olunur, digər qismində başqa dillərə məxsus terminlərin ana dilindəki müvafiq ekvivalentləri göstərilir.

Terminoloji lüğətlərin sözlüyünün tamlığı həmişə diqqət mərkəzində olmuşdur. Belə lüğətlərin sözlüyünün tərtibində bu və ya digər terminin həmin elm sahəsində əhəmiyyətli olub-olmaması başlıca cəhətdir.

Terminoloji lüğətlər terminlərə yanaşma səmtinə, yanaşma istiqamətinə, təqdimetmə strukturuna və vəzifələrinə görə bir-birindən fərqlənir.

İkidilli və üçdilli terminoloji lüğətlər daha çox tərcümə xarakteri daşıyır. Bu lüğətlər tərcümə lüğətlərinə oxşasa da müəyyən prinsiplərinə görə onlardan fərqlənir.

Terminoloji lüğətlərin struktur növləri dil əhatəsinə görə, terminlərin təhlil olunma xarakterinə, lüğətdə seçilib veriləcək terminlərin məqsəd və vəzifələrinə görə müəyyən olunur.

A.N.Baskakov keçmiş SSRİ-yə daxil olan respublikalarda nəşr edilmiş terminoloji lüğətlərin mövzu oriyentasiyasından danışarkən qeyd edir ki, təkcə 14 əsas dildə 15-20 il ərzində 140 elm sahəsinə aid 600 terminoloji lüğət nəşr edilmişdir. Bunlardan 42%-i texniki, 38%-i təbiət və 20%-i ictimai elmlərə aiddir. [2.131].

B.M.Leyçik terminoloji lüğətlərin struktur növlərindən bəhs edərkən göstərir ki, bir sıra lüğətlər quruluşca kompleks xarakter daşıyır. Məsələn, izahlı lüğət, tərcümə lüğəti. Tərcümə lüğəti eyni zamanda tezlik xarakterlidir.

Tam (bütöv)terminoloji lüğətlər iki başlıca funksiyanı yerinə yetirir: normativlik və inventarlaşma funksiyası.

Sözlüyün tam və istifadə qaydası asan olmalıdır.

P.N.Denisov terminoloji lüğətləri struktur cəhətdən təsnif edərkən aşağıdakı parametrləri göstərir: 1. Təsvir obyekti; 2. Təyinetmə və tələb olunan tip; 3. Struktur; 4. Həcm; Leksik materialın seçilməsi; 6. Dillərin sayı; 7. Təsvir olunan vahidin xarakteri və forması; 8. Keçmiş terminologiyaya münasibət; 9. Normativlik [3.11].

Bu parametrlər həm klassik leksikoqrafiyada, həm də texniki leksikoqrafiyada terminoloji lüğətlərin meydana gəlməsində mühüm rol oynayır. Göstərilən parametrlərin düzgün seçilməsi normativ terminoloji lüğətlərin formalaşmasının əsasıdır [4.8.].

Terminoloji lüğətlərin ilkin strukturu tərtibçinin metodik göstərişləri ilə başlanır. Adətən tərtibçinin verdiyi metodik tövsiyələr formal olaraq ön sözdə əksini tapır. Metodiki göstərişlər, əslində fakültətiv xarakter daşıyır.

Lakin hər halda, tərtibçinin göstərişləri bu və ya digər formada lüğət strukturunda nəzərə alınır. Bu zaman həm lüğətin strukturu, həm də ona daxil olan leksik-terminoloji vahidlər haqqında məlumat verilməsinin metodları müəyyən edilir.

Lüğət yaradılmasının bütün prosesi kimi tərtibçinin metodik göstərişlərinin yerinə yetirilməsi adətən mərhələ-mərhələ gedir. Bu, gələcək lüğətin əsas əlamətlərini müəyyənləşdirmək üçün bir sıra leksikoqrafik problemlərin tədrici həlli ilə əlaqədardır. Bu zaman bir mərhələdə qəbul olunmuş nəticələr başqa mərhələdəkini şərtləndirir, yəni müəyyən edə bilir. Həmin prosesdə aşağıdakı ardıcıllıq gözlənilməlidir: öncə, lüğətdə təsvir olunan və onun mövzu oriyentasiyasını, səmtini təyin edən xüsusi leksik-terminologiya, lay (təbəqə) müəyyənləşdirilməlidir. Mövzu oriyentasiyasının (istiqamətinin) nəticəsi olaraq terminoloji lüğətin ümumelmi, çoxsahəli, yaxud darsahəli xarakteri müəyyənləşdirilir. Buna baxmayaraq terminoloji lüğətlərin mövzu oriyentasiyası mövzu sahəsinin seçilməsilə tamamlanmır. Bu adətən, müəyyən məkan sərhəddinin (arealın) və müvəqqəti çərçivələrin seçilməsindən də ibarətdir. Ona görə də S.B.Qrinev terminoloji lüğətlərin strukturuna mövzu oriyentasiyasından əlavə, müvəqqəti oriyentasiyanı (neologizmlər lüğətini, müasir leksikanı, tarixi lüğətləri), dil oriyentasiyasını da (birdilli, ikidilli və çoxdilli lüğətləri) daxil edir.

Terminoloji lüğətlərin mövzu oriyentasiyası təyin olunduqdan sonra onun vəzifəsi müəyyən olunur. Belə lüğətlərin vəzifəsi ondan istifadə xarakterilə təyin olunur. A.M.Qurbanov terminoloji lüğətləri xarakterinə görə üç yerə bölür: a) izahlı, b) izahlı – tərcümə və c.) tərcümə [5.376].

S.V.Qrinev isə funksional xüsusiyyətləri nəzərə alaraq, terminoloji lüğətlərin 4 əsas növünü göstərmişdir: tərcümə, tədris, arayış (ilk növbədə izah üçün) və məlumat lüğətləri [1.22].

Qarşısında duran məqsəd və vəzifəsinə görə terminoloji lüğətləriaşağıdakı kimi qruplaşdırmaq olar.



  1. Tərcümə lüğətləri

  2. İzahlı lüğətlər

  3. Tədris lüğətləri

Tərcümə lüğətləri. Tərcümə lüğətləri müəyyən elm sahəsinə aid olan leksik-terminoloji və qarışıq sahə vahidlərinin əsas qismini əks etdirir. Tərcümə terminoloji lüğətləri tərcümə işində çox mühüm rola malikdir. Tərcümə xarakterli lüğətlərin əlavələrində qrammatika və digər dilin fonetik sisteminin təsviri, ifadələr və ixtisasların siyahısı, ölçü sistemləri haqqında məlumatlar şərti işarələrin şərhi (şifrələrin açılışı) verilə bilər.

Tərcümə lüğətləri arasında rusca-milli lüğətlər 45% təşkil edir. Həmin lüğətlər rus dilinin elmi-texniki terminologiyasını yüksək səviyyədə əks etdirmək qabiliyyətinə malikdir. Belə lüğətlərin 70%-i texniki, 80%-i təbiət və cəmiyyət elmlərinə aiddir [6.134].



İzahlı lüğətlər. İzahlı TL-lər birdilli terminoloji lüğətlər içərisində başlıca yer tutur. Bu tip terminoloji lüğətlərin əsas xarakterik xüsusiyyəti ondan ibarətdir ki, burada terminlərin bir sıra səciyyəvi əlamətləri qısaca şərh edilir, ayrılıqda hər bir terminoloji vahidin məzmunu açılır. Belə lüğətlərdə ən müxtəlif işlənmə məqamlarında terminin kəsb edə biləcəyi elmi anlayışlar diqqətdən kənarda qalmır.

İzahlı TL-lər terminoloji vahidin ən mühüm xüsusiyyətlərini, ilk növbədə, semantikasını açır, ikincisi belə lüğətlər təkcə terminin mənasını açmaqla məhdudlaşmır.

İzahlı TL-lərin maddi bazasını terminoloji vahidin siyahısı, kartateka və s. nəzəri bazasını isə terminlərin tərtib prinsipləri, terminoloji mənaların müəyyənləşdirilməsi, simvollar, üslubi işarələr, əyani materialların seçilməsi və s. təşkil edir.

Birdilli – izahlı TL-lər elmi dilimizin normalaşmasını, zənginləşməsini, lüğət tərkibinin təkmilləşməsini meydana çıxarmaq üçün yaradılır. Terminoloji vahidlərin seçilməsi, lüğətə salınması, onların qrammatik-semantik-üslubi əlamətlərinin qeydə alınması belə lüğətlərin normativliyini göstərir. Odur ki, birdilli – izahlı TL-ə normativ lüğətlər də deyilir.

İzahlı TL-də terminlər əlifba üsulu ilə düzülür, əsas terminlər baş söz kimi verilir. Əsas maddədə mövzu ilə bağlı terminlər daxili əlifba sırası ilə qruplaşdırılır.

İzahlı TL-in lüğət məqaləsi iki hissədən ibarət olur. Birinci hissə qısa olur. Bu hissə mikrosahədir, ancaq termindən ibarətdir. İkinci hissə terminin semantik strukturundan qurulur. Bu hissə terminin semantik təsvir sistemidir. İkinci hissə isə semantik sahədir.

İzahlı TL-lər bir sıra spesifik xüsusiyyətlərinə görə digər tip lüğətlərdən fərqlənir. Belə lüğətlər mürəkkəb və çoxaspektli xarakter daşıyır. Həmçinin bu lüğət kompleks xarakter daşıyır. Eynivaxtda tezlik lüğətinin funksiyasınıda yerinə yetirir.

Beləliklə, izahlı TL-lər dilimizin terminoloji leksikasını hər bir sahə üzrə, eləcə də elmi potensialımızın səviyyəsini və dəyişkənliyini inikas etdirmək qüdrətinə malikdir.



Tədris lüğətləri.Tədris lüğətlərinin məqsədi tədris prosesində istifadə olunan terminlərin, yəni ən çox işlənən, ən zəruri işlədilən leksik-terminoloji vahidlərin miqdarını verməkdir. Tədris TL-ləri minimum 2500 terminoloji vahiddən ibarət ola bilər. Elmin əsas fundamental vəziyyəti, mahiyyəti belə lüğətlərdə əks olunmalıdır.

Tədris lüğətləri üçün həm dil materialları, həm də əsas leksika seçilməlidir. Şübhəsiz, bu məsələ, hər bir lüğətdə mərkəzi yer tutur. Tezlik göstəricisi əsas leksikanın seçilməsində mühüm meyarlarındandır. Tezlik prinsipinə görə tədris lüğətləri üçün leksikanın seçilməsində üç aspekt götürülür: 1) kəmiyyət; 2) semantika (tematik mövzular); 3) digər tip lüğətlərlə spesifik əlaqə.

Tədris TL-ləri daha çox semantik prinsip əsasında qurulur. Bu prinsipə görə bir bilik sahəsi müxtəlif tematik qruplara ayrılır. Məsələn, coğrafiya elmində işlədilən terminlər bu prinsipə görə iki terminoloji yuva blokunda birləşə bilər:

Birincı terminoloji yuva bloku: 1) təbii coğrafi obyektlər; 2) təbii coğrafi proseslər;

İkinci terminoloji yuva bloku: 1) Süni coğrafi obyektlər; 2) Süni coğrafi proseslər; 3) Coğrafi metod və üsullar; 4) coğrafi vasitə və xüsusiyyətlər; 5) coğrafi elmlər və sahələr; 6) coğrafi mütəxəssislər [6.85.].

Tədris TL-ləri tərkib və quruluşca üç hissədən ibarətdir. Əsas hissə (struktur, proses, daxili tərəf və s.) Valentlik hissə (modellər); terminoloji mikrosistem hissə (semantik variant və komponent və s.) Belə lüğətlər daha çox tematik prinsip əsasında qurulur.

Məqalənin əlifba düzülüşündən (tərtibindən) istifadə edən müasir terminoloji izahlı, tərcümə və tədris lüğətlərində semantik əlaqəli, formaca uyğun terminləri çoxmənalı terminlərin ayrı-ayrı mənaları kimi şərh etmək meyli mövcuddur. Mənaca müxtəlif terminlər terminoloji lüğətlərdəki dürüst hüdudlaşdırılmalı və ayrıca məqalələr formasında verilməlidir. Bu, lüğətlərdən istifadə effektliliyinin artmasına və ondan istifadə edənlərin səhvə yol verməməsinə şərait yaradır.

Бахар Джафарова

Виды терминологических словарей

(переводческие учебные и тольковые словари)

Резюме

В статье говорится о разновидностях терминологических (переводческих, учебных и толковых) словарей. В статье уточняется различие этих словарей по тематике, роли, характеру, объёму, по структуре и способам представления терминологической лексики и по структуре. Это нашло своё отражение в толковании каждого из словарей.


Bahar Cafarova

The kind of terminological dicfionaries

(translation, learning exeplanatory)

Summary
The article deals with the kinds of terminological dictionaries according to the purpose and functions (translation, educational and explanatory dictionaries).

These dictionaries have been determined to the theme function, character, circle of scope, presenting methods of terminological lexics and structure. The explanation of every dictionaries have been reflected in the article.


Ədəbiyyat


  1. Гринев С.В. Принципы теории терминографии – Теория и практика научно-технической лексикографии. (Сб. статей.) М. «Русский язык», 1988, с. 7; с. 22.

  2. Баскаков А.Н. Тематика и типология современных терминологических словарей на языках социалистических наций. – Теория и практика научно-технической лексикографии (Cб. статей) - М. «Русский язык, 1988, с. 131 – 138.

  3. Денисов П.H.Основные проблемы теории лексикографии. – М.: АДД, 1976, 49 с.

  4. Герд А.С. Основы научнотехнической лексикографии – Л.: Изд. Ленинградского Университета, 1986, 72 с.

  5. Qurbanov A.M. Müasir Azərbaycan ədəbi dili – B.: “Maarif”, 1985, c. 376.

  6. Геологический словарь. – М.: Наука, 1978, с.85, 134.



Çapa tövsiyə edən: Fövqəladə Hallar Nazirliyi, “İngilis dili” kafedrası


Rəyçilər: filologiya elmləri doktoru, prof.Q.Məşədiyev

filologiya elmləri doktoru, prof.S.Mehdiyeva


Ə.Fətullayev, M.Mahmudov, R.Məmmədov,

R.Fətullayev, T.Məmmədov, S.Abbasov

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyaları Nazirliyi

MƏTNİN SƏSLƏNDİRİLMƏSİ SİSTEMİ VƏ AZƏRBAYCAN DİLİNİN FONEMLƏRİNİN FONO-AKUSTİK BLOKU1



Açar sözlər: Azərbaycan dili, səsin formal tanınması, fono-akustik səciyyə, fono-blok, fonemlər sistemi, fonetik xüsusiyyətlər, türk dilləri

Ключевые слова: Азербайджанский язык, генерация речи по тексту, фоно - акустическая характеристика, фоно-блок, система фонем, фонетические особенности, тюркские языки

Key words: The Azerbaijani language, text-to-speech, phono-akustic spesifier, phono-block, phoneme systems, phonetic properties, turkic languages
Türk dilləri qrupu ən geniş dil qruplarından biridir. Bəzi tədqiqatlara görə bu dil qrupuna 60-a yaxın dil daxildir (Türkiyə, Azərbaycan, özbək, qazax, qırğız, tatar, türkmən türkcələri və s.). Bunlardan 45-i hal-hazırda istifadə olunsa da , 15 dil artıq ölü dil hesab olunur [1].

Türk dilləri içərisində ən çox arealı olan dillərdən biri də Azərbaycan dilidir. Müstəqillik qazandıqdan sonra Azərbaycan dövlətinin ölkənin rəsmi dili olan Azərbaycan türkcəsinə, onun qorunmasına, inkişaf etməsinə, qloballaşma şəraitində geniş istifadə edilməsinə olan qayğısı da artmışdır. Bu sahədə olan Prezident fərmanları və sərəncamları dediklərimizə subut ola bilər [2], [3].

Azərbaycan dili üçün müasir linqvistik tədqiqatların aparılması, dilin elektron məkanda geniş istifadəsinin təmin edilməsi üçün müxtəlif proqram sistemlərinin (maşın tərcüməsi, nitqin tanınması və mətnə çevrilməsi, nitqin başa düşülməsi və adekvat cavab verilməsi, müxtəlif elektron lüğətlər, orfoqrafiyanın yoxlanılması və s.) hazırlanması prosesinə start verilmişdir. Dilmanc layihəsi çərçivəsində bu sahədə xeyli işlər görülmüşdür [4-7].

Bu sistemlərdən biri də mətnlərin səsləndirilməsi sistemidir. Məqalədə Azərbaycan dilində ilk dəfə olaraq mətnlərin insan səsi ilə səsləndirilməsi üçün kompüter proqramı (TTS – Text-To-Speech) yaradılması ilə əlaqədar Azərbaycan dili fonemlərinin akustik və anatomik-fizioloji xüsusiyyətləri ətraflı təhlil olunmuş, fono-akustik xüsusiyyətləri əks etdirən cədvəl hazırlanmışdır. Alınmış nəticələr Azərbaycan dilində mətnlərin səsləndirilməsi sisteminin yaradılmasında və təkmilləşdirilməsində istifadə edilmişdir.

Məlum olduğu kimi, dildə olan bütün vahidlər - sözlər, söz birləşmələri, cümlələr dilin ən kiçik vahidi olan fonemlərdən təşkil olunmuşdur. Bu baxımdan fonemlər dil toxumasının ən mühüm hüceyrələri hesab edilir [8, s.8]. Lakin, fonemlər təkcə dilçilik baxımından - fonoloji baxımdan deyil, həm də akustik, fizioloji, statistik, fiziki baxımdan tədqiq olunur və olunmaqdadır. Son zamanlar səslə idarə olunan qurğuların, şifahi səslə işləyən tərcümə sistemlərinin yaranması və bu sistemlərin təkmilləşdirilməsi sahəsində aparılan intensiv işlər ən kiçik danışıq vahidi olan fonemlərin hərtərəfli öyrənilməsinə marağı artırmışdır. Ayrılıqda heç bir məna yükü daşımayan, sözlərin bir-birindən fərqlənməsinə xidmət edən, ən kiçik dil vahidi kimi daha kiçik hissələrə bölünə bilməyən fonemlər fono – akustik xüsusiyyətlərinə görə dəqiq elmlər kateqoriyasına yaxınlaşır. Təsadüfi deyil ki, fonemlərin akustik xüsusiyyətləri, səsin uzunluğu, qısalığı, gücü, ucalığı və bir çox başqa fizioloji-fiziki cəhətləri xüsusi müasir avadanlıq və cihazlarla öyrənilir.

Azərbaycan dilinin fonemlərinin fono-morfoloji-akustik xüsusiyyətlərini əks etdirən mükəmməl və yığcam cədvəl hazırlamamışdan əvvəl Azərbaycan dili sait və samitlərinin ən mühüm səciyyəvi cəhətləri ilə tanış olaq.

Saitlər. Azərbaycan dilində saitlərin səciyyəvi fono-fizioloji -akustik əlamətləri : dilarxası – dilönü, qarışıq (neytral), dodaqlanan-dodaqlanmayan, açıq – qapalı, yarımaçıq (yarımqapalı), təkavazlı – cütavazlı (diftonq), qısa – uzun, qalın – incə [ 8, s.63-168; 11, s. 16-21].

1. A(a) saiti – dilarxası, açıq, dodaqlanmayan, təkavazlı, qısa, qalın, uca

Sozün əvvəlində, ortasında və sonunda sərbəst işlənir.

Əvvəldə – arzu, ayaq, arıq, amal, atəş, aləm, ara, amil, adil, ayaqqabı, axşam, anım, ahıl, akt, arı

Ortada – bal, tar, qal, balaca, taxta, maraq, azar, mağara, mağaza, mal, maşın, məqalə, məharət

Axırda – ata, bala, tala, baba, qara, yara, avara, yolka, liqa, şaqqa, katorqa, qarışqa, xala

A (a) saiti şifahi nitq prosesində bəzi dəyişmələrə məruz qalır. Onların izahı və proqramda nəzərə alınması da zəruridir:

-`Y` səsindən sonra a – ı əvəzlənməsi baş verir: anaya- anıya, almaya- almıya

- sözün sonunda gələn `y` səsindən sonra `a` bəzən düşür: qayaya-qayya, tayaya – tayya

-aydı, -saydı şəkilçilərində `a` - `e` -yə keçir: alaydı – aleydi, qalaydı – qaleydı, alsaydı – alseydi, qalsaydı-qalseydi

- saitlə bitən və saitlə başlanan sözlərdə birinci sözün conundakı `a` tələffüz olunmur – Ağaəmi(Ağəmi), Balaəmi (Baləmi), xalaoğlu (xaloğlu) [11, s. 85-86 ].

2. A(a): - (aa) – dilarxası, açıq, dodaqlanmayan, təkavazlı, uzun, qalın, uca

İşlənmə məqamları :

Əvvəldə -- ərəb və fars mənşəli sözlərdə: aaşiq, aahu, aalim, aaləm, aarif, aadi, aasan, aaləm

Ortada -- ərəb və fars mənşəli sözlərdə: saabir, saadə, naadir, maahir, xaadim, çaarə, saakin

A(a): - (aa) saitinin işləndiyi alınma sözlərin siyahısı ayrıca verilir.

3. Ə (ə) saiti – dilönü, açıq, dodaqlanmayan, təkavazlı, qısa, incə, uca

Sözün əvvəlində, ortasında və sonunda sərbəst işlənir.

Əvvəldə – ərik, ələk, əziz, əvvəl, əzəl, ətir, əmr, əntiqə, əfsus, əcəb, əsəb, ətək, əmək, əvəz, əl

Ortada – dələ, təzə, gəlmək, təmir, təsir, təzyiq, təməl, təşəbbüs, təəccüb, təfəkkür, tədarük, tələb

Axırda – tələ, meşə, peşə, əndişə, səriştə, məsələ, məqalə, xülasə, xatirə, iradə, iaşə, icarə, küçə

Ə (ə) səsinin nitq prosesində müşahidə olunan başqa xüsusiyyətləri:

  • `Y` səsindən əvvəl gələn `ə` darlaşaraq `i`-yə keçir – dinləyər (dinliyər), gəlməyəcək (gəlmiyəcək), işləyər (işliyər), dişləyər (dişliyər)

saitlə bitən və saitlə başlanan söslərdə birinci sözün sonundakı `ə` tələffüz edilmir – Mirzəağa (Mirzağa), Mirzəəmi (Mirzəmi) [11, s. 86 ].

4. Ə (ə) : - (əə) - dilönü, açıq, dodaqlanmayan, təkavazlı, uzun, incə, uca

İşlənmə məqamları:

-bəzi ərəb, fars mənşəli sözlərdə - təəyin, təəlim, bəəzi, təərif, məəlum, bəəzən, təəsir

Məlum olduğu kimi, Azərbaycan dilində apostroflu sözlərdə səslər uzun tələffüz olunur. Apostrof işarəsi həm də səsin uzun tələffüzünü bildirirdi. Latın qrafikalı yeni əlifbaya keçiddən sonra apostrof işarəsi əlifbadan çıxarıldı. Azərbaycan dilinin 2013-cü ildə çapdan çıxmış orfoqrafiya qaydalarında da apostrofla bağlı bölmə yoxdur və lüğətin tərtibi zamanı apostrofla yazılan sözlər apostrofsuz verilmişdir [ 9] .

Lakin apostroflu sözlərdə səslərin uzanması halını nəzərə alaraq həmin sözlərin siyahısı alqoritmdə nəzərə alınmışdır.

5. E (e) saiti – dilönü, yarımaçıq, dodaqlanmayan, təkavazlı, qısa, incə, orta

Tələffüzdə əsasən sözün birinci hecasında rast gəlinir – eşit, yeşik, sel, sev, de, ye, ver,

Əvvəldə -- et (mək), eşit (mək), el, en (mək), eş (mək), elm, ev, erkək, eşq, elçi

Ortada: deş(mək), seç(mək), bez(mək), sez(mək) yet(mək)

Axırda: de(mək), ye(mək)

Alınma sözlərdə iki və çox hecalı sözlərin sonunda da müşahidə olunur:

Kafe, mövqe, vaqe, jele, rele, qane, mane, kaşne, koyne, püre, klişe, attaşe, karate, varyete

6. E (e):- (ee) - dilönü, yarımaçıq, dodaqlanmayan, təkavazlı, uzun, incə, orta

İşlənmə məqamları:

  • `ə` səsi ilə bitən və `e` səsi ilə başlanan sözlərin bitişik variantının tələffüzü zamanı `ə` səsi deyilmir və `e` uzun tələffüz olunur: nə edim – needim, nə etsin – neetsin

Bəzən ikinci sözün əvvəlində `y` səsi deyildiyindən `e` adi qaydada tələffüz olunur:nə eləyim – neyliyim

Ərəb və fars mənşəli sözlərdə `e` səsi bəzən uzun tələffüz edilir: eelan, eetiraz, eetibar, eecazkar, eehtiva, eehtiyac

7. I (ı) saiti – dilarxası, qapalı, dodaqlanmayan, təkavazlı, qısa, qalın, aşağı

Sözün əvvəlində işlənmir, ancaq sözün ortasında və axırında müşahidə olunur.

Ortada – qış, qır, qırıq, qısa, qıf, qıl, qırmanc, qızartı, zırıltı, zınqırov, fındıq, fıstıq, fırfıra

Axırda – sarı, darı, albalı, qarğıdalı, qarı, tanrı, hamı, qapı, qırıntı, sarsıntı, çıxıntı, yastı, yaşlı

Vurğunun son heca üzərinə düşməsi nəticəsində sözün birinci hecasında `ı` qısa tələffüz olunur: q(ı) fıl, q(ı) rmızı, q(ı)jıltı

`Qıjılti` sözünün birinci hecasında `ı` çox qısa, sonuncu hecada isə nisbətən uzun tələffüz olunur.

Sözün sonunda `y` səsindən sonra gələn `ı` səsi yönlük hal şəkilçisi qəbul etdikdə iki `y` səsi arasında çox zəif tələffüz olunur: ayıya – ay(ı) ya, dayıya – day(ı)ya

Saitlə bitən və saitlə başlanan sözlərdən əmələ gəlmiş mürəkkəb sözlərdə birinci sözdə vurğu itdiyi üçün onun axırında olan `ı` səsi deyilmir: dayıoğlu – dayoğlu, bacıoğlu – bacoğlu [11, s. 86-87 ].

`I` səsinin uzun variantı yoxdur. Bu səs qısalmaya, zəif tələffüzə meyllidir.Alınma sözlərdə nadir hallarda sözün əvvəlində də işlənə bilər.

8. İ (i) saiti – dilönü, qapalı, dodaqlanmayan, təkavazlı, qısa, incə, orta

Sözün əvvəlində, ortasında və axırında müşahidə olunur.

Əvvəldə: ipək, iti, irəli, imarət, idarə, iaşə, icarə, icazə, işarə, izafi, ilahi, imtina, iştirak

Ortada: diri, dirrik, bilik, dilənçi, dirək, diş, dil, bildiriş, bikef, biabır, bir, bəbir, bitişik, dəmir

Axırda – gəmi, bəli, iri, dəri, dəli, zəli, gülməli, bəli, əlli, müğənni, səməni, nəlbəki

çoxhecalı sözlərin birinci hecasında `i` qısa tələffüz olunur: k(i) çiy, p(i) şiy,k(i)şi

bəzi sözlərə saitlə başlanan mənsubiyyət və hal şəkilçiləri ( yiyəlik, yönlük, təsirlik) qoşulduqda vurğunun şəkilçi üzərinə keçməsi nəticəsində sözün axırıncı hecasındakı qapalı saitin düşməsi hadisəsi baş verir və `i` səsi tələffüz edilmir: şəkil – şəklə, sinif – sinfə, fikir—fikrə, nəsil—nəslə. Mənsubiyyət və hal şəkilçiləri (yiyəlik, yönlük, təsirlik) qəbul edərkən sözün ikinci hecasındakı qapalı saitin düşməsi hadisəsinə məruz qalan sözlər siyahı şəklində verilir [10, s. 242 ].

saitlə bitən və saitlə başlanan sözlərdən əmələ gəlmiş mürəkkəb sözlərdə birinci sözün vurğusu ikinci sözün üzərinə keçdiyindən əvvəlinci sözün axırındakı `i` səsi tələffüz edilmir: Əliəkbər – Ələkbər, əmioğlu – əmoğlu, bibioğlu – biboğlu, iyirmiiki – iyirmiki [11, s. 87 ].

9. İ(i): - (ii) – dilönü, qapalı, dodaqlanmayan, təkavazlı, uzun, incə, orta

Bəzi ərəb mənşəli sözlərdə (ii) uzun tələffüz olunur: vəsiiqə, viiran, Mədiinə, vəsiilə

10. O(o) saiti – dilarxası, açıq, dodaqlanan, təkavazlı, qisa, qalın, orta

Çox vaxt sözün birinci hecasında müşahidə olunur.

Əvvəldə – otaq, oruc, ora, oraq, ozan, okean, ot, od, ol, oturacaq, odun, oda, on, otuz, otlaq

ortada – qohum, qoyun, boyun, toy, qol, bol, yol, dolu, sol, tor, şor, kol, dor, kalori, dollar,zor

axırda – kilo, kino, metro, pero, foto, palto, büro, piano, kazino, depo, trio, kilo, kreslo, radio

11. O (o): - (oo) dilarxası, açıq, dodaqlanan, təkavazlı, uzun, qalın, orta

Sözün ortasında və axırında `v` səsinin düşməsi nəticəsində `o` uzun tələffüz olunur: cilov – ciloo, buzov – buzoo

12. OU diftonqu – sözün ortasında və sonunda `v` samitinin düşməsi nəticəsində yaranır: douşan, douğa, youşan, çouğun

13. Ö (ö) saiti - dilönü açıq, dodaqlanan, təkavazlı, qısa, incə, orta

Bir neçə söz istisna olmaqla ancaq sözün birinci hecasında təsadüf edilir.

Əvvəldə – öz, öl(mək), öt(mək), öp (mək), ömür, ötür(mək), öhdəlik, ölç(mək), ön,

Ortada – göz, söz, gör(mək), göl, göy, kömək, kötək, köpək, köpük, kötük, körpü

Söz sonunda `ö` işlənmir. İstisna kimi bir neçə alınma və səstəqlidi söz göstərmək olar: müsyö, tədqiq-tətəbbö, öhö, lö-lö

14. Ö(ö):- (öö) – dilönü, açıq, dodaqlanan, təkavazlı, uzun, incə, orta

Sözün ortasında və axırında `v` səsinin düşməsi nəticəsində `ö` uzun tələffüz olunur: -kösöv – kösöö, bülöv – bülöö, dövran – dööran, bənövşə – bənööşə

15. ÖÜ diftonqu sözün ortasında və sonunda `v` samitinin düşməsi nəticəsində yaranır: növbə -nöübə, kövşən – köüşən, tövlə -töülə

16. U (u) saiti – dilarxası, qapalı, dodaqlanan, təkavazlı, qısa, qalın, orta

Sözün əvvəlində, ortasında və axırında işlənir.

Əvvəldə: uzun, uduş, ulu, uzaq, uşaq, utan(maq), uzan(maq), ulaq, ud, umac, uzun, un

Ortada: quru, odun, bulud, duru, duman, duz, dur(maq), tut, duyğu, bulaq, quru, qəbul, qul

Axırda: dolu, boru, su, bu, sorğu, durğu, burğu, turşu, arzu, lotu,quzu,mövzu, quyu,loru

Sözün vurğusuz birinci hecasında `u` qısa tələffüz olunur: budağ, bulaq, buzov, burax,

Bəzi sonor səslərlə bitən ikihecalı sözlərə saitlə başlayan şəkilçilər artırıldıqda sözün axırıncı hecasındakı `u` səsi vurğunun şəkilçi üzərinə keçməsi nəticəsində tələffüz edilmir: burun – burnu, oğul – oğlu. Bu xüsusiyyət alqoritmdə nəzərə alınmışdır.

17. U (u): - (uu) saiti – dilarxası, qapalı, dodaqlanan, təkavazlı, uzun, qalın, orta

Bəzi ərəb mənşəli sözlərdə söz ortasında `u` səsi uzun tələffüz olunur: xüsusi – xüsuusi, Füzuli – Füzuuli, tufan – tuufan, Quran- Quuran,

18. Ü (ü) saiti – dilönü, qapalı, dodaqlanan, təkavazlı, qısa, incə, orta

Sözün əvvəlində, ortasında və sonunda işlənir.

Əvvəldə: üzüm, ürək, üfüq, üz(mək), ümid, ülgü, ün, ülvi, ürkək, üzgəc,ülgüc, üzəngi,üzr

Ortada : bütün, bürü(mək), büt, bülbül, sünbül, gül, sür(mək), tül, düz, süz(mək), çürü(mək)

Axırda : ütü, sürü, düyü, cücü, töycü, sözçü, ölçü, üçüncü,yükçü, cütçü, dözümlü, dürlü

Sözün vurğusuz birinci hecasında `ü` səsi qısa tələffüz olunur: bütün, bürün, düyün, tüstü, tüfəng, düşmən

Sonor saitlərlə bitən sözlərə saitlə başlanan şəkilçi qoşulduqda vurğunun şəkilçi üzərinə keçməsi nəticəsində sözün axırıncı hecasındakı `ü` deyilmir: ömür – ömrün, zülüm – zülmə, üfüq – üfqi

Samitlər. Azərbaycan dilində samitlərin səciyyəvi fono-akustik, anatomik-fizioloji əlamətləri: dodaq samitləri, dilönü samitlər, dilarxası samitlər, qoşadodaq, dodaq-diş, dil-diş, dil-damaq samitləri, kar, cingilitili, burun samitləri, sonorlar, partlayanlar, titrəyənlər, kipləşənlər, affrikatlar, sürtünənlər və s. [ 8, s. 169-263; 11, s. 21-33].

19. H (h) samiti boğazda sürtünən, kar samitdir. Boğaz və ya farinqal da adlanır. Daha çox alınma sözlərdə sözün əvvəlində, ortasında və axırında müşahidə olunur.

Əvvəldə: hesab, hörük, hörümçək, hürmək, hədə, hələ, həmişə, hərdən

Ortada: dərhal, səhra, qəhər, səhər, şəhər, zəhər, dahi, sahə, sərhəd,

Axırda : şah, gah, fərəh, tamah, gümrah, dəzgah, xeyirxah, silah, timsah, səyyah

20. Q (q) samiti – dilarxası, partlayan, cingiltili

Söz əvvəlində, ortasında və axırında rast gəlinir.

Əvvəldə : qarğa, qoz, qəzet, qədər, qəzəl, qüdrət, qala, qatar, qar, qorxu, qədəm,

Ortada : Dəqiq, tənqid, intiqam, yəqin, əqidə, həqiqət, sədaqət, ləyaqət, sədəqə

Axırda : arıq, çarıq, sadiq, qayıq, sayıq, layiq, qatıq, artıq, sırtıq, ayıq, uzaq, uşaq

Söz ortasında işlənən qoşa `q` samitindən birincisi kar tələffüz olunur: saqqal – sakqal, baqqal – bakqal, çaqqal – çakqal, doqquz – dokquz

21. X (x) samiti dilarxası, kar samitdir. Söz əvvəlində, ortasında və əsasən təkhecalı sözlərin sonunda rast gəlinir.

Əvvəldə : Xatirə, xəyal, xərc, xülasə, xələl, xaric, xalça, xalis, xəşil, xəzəl, xırman, xurma

Ortada : arxa, daxma, çaxnaşma, axtarış, saxta, taxta, buxta, boxça, paxla, saxlanc, püxtə

Axırda : çox, arx, bax, yax, tox, şux, çarx, şax, mıx, lax, ax, tax, yox, sıx, yıx, tarix, qırx, nırx

22. Ğ (ğ) samiti dilarxası, sürtünən, cingiltili

Söz əvvəlində işlənmir, söz ortasında və sonunda müşahidə olunur.

Söz ortasında : sağlam, ağrı, sarğı, çağrı, çağırış, ağıllı, ağartı, ağuş, ağız, ağa, mağara, mağaza

Axırda: sağ, ağ, yağ, bağ, bığ, lağ, çağ, dağ, tağ, zığ, təbliğ,

23. K*(k*) dilortası, partlayan, kar samitdir. Sözün əvvəlində, ortasında və sonunda rast gəlinir.

Əvvəldə : kələm, kal, kitab, kağız, kürə, kisə, katib, kamil, kol, kərtənkələ, kəmiyyət

Ortada : tülkü, tüklü, tikinti, tikə, tikmə, təklif, təkrar, təkzib, təkəbbür, təkamül, tikan

Axırda : tək, tük, xərək, çörək, ürək, dirək, lək, çək, lük, şərik, əlcək, mayak, böcək

Çoxhecalı sözlərin sununda k* çox vaxt `g` və ya `y` kimi tələffüz olunur: inə(y), çiçə(y),

ürə(y), xərə(y) və s.

Söz sonunda k* -dan sonra saitlə başlanan şəkilçi gəldikdə, iki sait arasında k* samiti `y` kimi tələffüz olunur: çörək- çörəyi, çörəyə, çiçək- çiçəyi, çiçəyə, gəlmək – gəlməyi, gəlməyə. Bu xüsusiyyət Q samitinə də aiddir( q—ğ əvəzlənməsi) : budaq-budağı, qulaq-qulağa, udlaq—udlağın və s.

Qeyd etmək lazımdır ki, saitlə başlanan şəkilçi qəbul etdikdə k—y və q—ğ əvəzlənməsinə məruz qalmayan istisna sözlərin siyahısı ayrıca verilmişdir [10, s. 242-246 ].

Əvəzlənməyə məruz qalan sözlər isə proqramda nəzərə alınmışdır.

24. K**(k**) dilarxası, partlayan, kar samitdir. Bu samitə rus dilindən və rus dili vasitəsi alınan sözlərdə söz əvvəlində, söz ortasında və sözün axırıncı hecasında rast gəlmək mümkündür.

Əvvəldə : kartof, kabinet, kadr, kolxoz, kombayn, kulinariya, kalori, kataloq, kafe, katorqa, karabin

Ortada : traktor, xarakter, akademiya, akasiya, makaron, makara, makulatura, doktorantura, dekan

Son hecada: texnika, mexanika, leksika, dinamika, hidravlika, fizika, lirika, etika, estetika

Ərəb mənşəli sözlərdə bəzən sözün sonundakı ` q` samiti ` k**` kimi tələffüz olunur:

aşi(k**), ittifa (k**), şəfə (k**), üfü (k**), mara (k**), məxlu(k**), ha (k**), layi (k**)

25. G (g) samiti dilortası, partlayan, cingiltili samitdir. Bu samit sözün əvvəlində, ortasında və sonunda işlənir.

Əvvəldə : gəmi, gəlir, gəlin, gümüş, gülüş, gilas, gavalı, günəbaxan, gəzinti, Günəş, gül

Ortada : əgər, cərgə, əsgər, sərgi, hörgü, mürgü, sürgün, gərgin, əzgin, əzgil, bölgü, ölgün, nərgiz

Axırda : zəng, səhəng, pələng, əhəng, ahəng, ləng, çələng, fişəng, rəng, dəng, təng

Nümunələrdən göründüyü kimi söz sonunda `g` samiti `n` səsindən sonra gəlir və bir qədər kar tələffüz olunur.

26. Y (y) - dilortası, sürtünən, cingiltili tələffüz olunur. Bu samitə sözün əvvəlində, ortasında və axırında rast gəlmək mümkündür.

Əvvəldə : yay, yaz, yer, yat, ye, yüz, yetmiş, yemiş, yürüş, yüksək, yelləncək, yəqin, yaşıl, yaxın, yumurta, yarpaq

Ortada : düymə, qiymə, əyinti, yeyinti, səyyah, dəyər, meyvə, eyvan, leylək, təyyarə, məyus, əyyaş, çeynə

Axırda: yay, ay, say, çay, tay, may, lay, şey, key, dəy, səy, iy, zəy, zay, qoy, soy, toy, doy, boy, göy, söy, öy, döy

Sonu k* ilə bitən sözlər danışıqda `y` kimi tələffüz deyilir: çörəy, ürəy, dirəy, çiçəy, gərəy

27. T (t) - dilönü, partlayan, kar samitdir. Bu samitə sözün əvvəlində, ortasında və axırında təsadüf edilir.

Əvvəldə : top, təranə, təmiz, tərif, təklif, təmir, tarix, təqvim, təşkil, təsdiq, tur, tor, tox, tir, tük, tale, tabe

Ortada: ətir, ətraf, atəş, qatar, satış, atışma, qatıq, satlıq, artıq, qatar, çatlaq, hətta, çatı, çətir

Axırda: at, ət, ot, sürət, cürət, hərəkət, cəsarət, hərarət, həqarət, həyat, lətafət, nəzakət

Sözün sonunda bəzən `t` samiti düşə bilər: dostlar – doslar, rast gəldim – ras gəldim, sərbəst danışır – sərbəs danışır

28. D (d) - dilönü, partlayan, cingiltili samitdir. Bu samitə sözün əvvəlində, ortasında və sonunda rast gəlinir.

Əvvəldə : daş, diş, divar, dava, diqqət, dəvət, dəhşət, demokratiya, duman, düşmən, dilək, dəllək, dost, doğma, dolu

Ortada : adaş, addım, qədəm, adil, adi, ada, sadə, ədəb, ədalət, əda, hədə, zədə, mədə, hədər, nədən, hədis, hədyan

Axırda : dad, yad, ad, şad, murad, sənəd, vəd, qədd, rədd, sədd, kənd, bənd, sərhəd, dərd, ud, qurd, mərd

Sözün sonunda bəzən `d` karlaşır və `t ` kimi tələffüz olunur: kənddən – kən(t)dən, qəndsiz – qən(t)siz, buludlar – bulu(t) lar

İrəli assimilyasiya nəticəsində şəkilçinin birinci səsi olan `d` səsi `n`-ə çevrilir: məndən – mənnən, səndən – sənnən, dilindən – dilinnən, əlimdən – əlimnən

29. S (s) – dilönü, sürtünən, kar samitdir. Sözün əvvəlində, ortasında və sonunda təsadüf edilir.

Əvvəldə : sərin, səhər, səhifə, səthi, süd, sərgi, satış, səmimi, səhəng, sivri, sirr, səmt, səksəkə, sükut, sülh, sünbül

Ortada : həsəd, həsir, həsrət, məsləhət, miskin, məskən, məsrəf, kəsir, nəsihət, məsnəvi, musiqi, hesab, məsəl, misal, məsdər, əsmər

Axırda: yas, tas, iclas, ixtisas, mütəxəssis, xəsis, məclis, təcnis, həris, məyus, tərxis, bais, rəis, təsis,

30. Z (z) – dilönü, sürtünən, cingiltili samitdir. Bu samit sözün əvvəlində, ortasında və axırında işlənir.

Əvvəldə : zəli, zərif, zəlil, zəhmət, zəhlə, zümrə, zürafə, ziyafət, zarafat, zəmanət, zərf, zikr, zülal, zəhər, zurna, zənn, zalım

Ortada : azad, azar, əzəl, nəzər, məzar, mizan, nazir, hazır, xəzəl, xəzan, lazım, doza, dərzi, dəryaz, qazmaq, qazıntı, sızıltı, vızıltı

Axırda : az, yaz, saz, qaz, daz, naz, namaz, taraz, nasaz, uzundraz, kağız, saqqız, arsız, saysız, ağız, üz, bəniz, kəniz, ləziz, kəhriz, dəhliz

31. Ş (ş) - dilönü, sürtünən, kar samitdir. Sözün əvvəlində, ortasında və axırında işlənir.

Əvvəldə : şar, şor, şit, şən, şad, şəlalə, şücaət, şimal, şərq, şərik, şam, şan, şal, şeir, şair, şəfqət, şəfa, şirə, şər, şərait, şərəf

Ortada : məşəl, məşhur, məşəqqət, mişar, dəhşət, vəhşi, məşriq, nəşə, kəşf, əriştə, arşın, kəşfiyyat, nəşriyyat, müştərək

Axırda : daş, aş, qaş, barış, qaçış, bardaş, sirdaş, yoldaş, qardaş, həmyaş, yaş, qarış, yarış, satış, duruş, çavuş, oynaş, savaş

32. J (j) - dilönü, sürtünən, cingiltili samitdir. Bu samitə bir sıra alınma sözlərin əvvəlində, ortasında və axırında rast gəlmək mümkündür.

Əvvəldə: jalə, jaket, jurnal, jüri, jele, jilet, jandarma, jest, jalüz, jarqon

Ortada : əjdaha, Əjdər, ajan, ajiotaj

Axırda : masaj, pasaj, mesaj, qaraj, ajiotaj, trikotaj, reportaj, dublyaj, kortej, şarj, tiraj, personaj, metraj, şantaj, arbitraj, baqaj, drenaj, ekipaj, plyaj, manej, çertyoj

33. Ç (ç) - dilönü, partlayan, kar samitdir. Bu samitə sözün əvvəlində, ortasında və təkhecalı sözlərin axırında rast gəlinir.

Əvvəldə : çay, çadır, çadra, çiçək, çəmən, çörək, çiskin, çəllək, çöp, çubuq, çibin, çopur, çiyələk, çətir, çətin

Ortada : açar, qaçış, açılış, hərçənd, saçaq, parça, alça, dolça, boxça, sərçə, bağça, taxça, keçid, haça, naçar, düçar

Axırda : aç, qaç, saç, uç, üç, iç, keç, seç, ölç, xaç, qıç, maç, heç, peç, qoç, köç, matç, puç, suç

34. C (c) – dilönü, partlayan və cingiltili samitdir. Sözün əvvəlində, ortasında və sonunda təsadüf edilir.

Əvvəldə : cavan, can, calaq, cücə, cücərti, cecə, cib, corab, cavab, coşqun, cərimə, cizgi, cüllüt, cürbəcür, cıdır, cadu, cəm

Ortada : yonca, ancaq, qoca, uca, əcəl, əlcək, hicab, şəcərə, pəncərə, səcdə, hacı, güclü, gücsüz, şücaət, hücum

Axırda : ac, həcc, bac, sac, uc, güc, öc, tac, qaxac, ağac, kirəc, borc, oruc, tıxac, sıxac, əlac, umac, xərac, hərrac, bic, gic

Çoxhecalı sözlərin sonunda `C` səsi bir qədər kar tələffüz olunur: ağa(ç), yalava(ç), çəki(ç), kərpi (ç) və s.

Dissimilyasiya nəticəsində sözün axırında gələn `C` səsi `D` səsi qarşısında `J` ilə əvəz olunur: ağa (j) dar, bi(j)diy, gü(j)dü, kərpi(j)dən və s.

35. N (n) – dilönü, burun, sonor, cingiltili samitdir. Bu samitə söz əvvəlində, söz ortasında və söz axırında rast gəlmək mümkündür.

Əvvəldə : nənə, nanə nərd, naz, nazik, nazir, nəzir, nəfis, naşir, nalə, nadir, natiq, nur, nöqtə, nöqsan, naxoş, naxır

Ortada : ana, ənənə, anım, qanlı, şanlı, and, səndəl, gənclik, geniş, eniş, yanıq, bulanıq, sinif, sınıq, şənlik, dənlik

Axırda : an, san, qan, yan, aman, saman, yaman, dan, can, zaman, ümman, duman, güman, uran, Quran, çəmən

Geri assimilyasiya nəticəsində söz ortasında və sözün axırında gələn `N` səsi `M ` ilə əvəzlənir: zə(m)bil, sü(m)bül, şə(m)bə, gü(m)bəz, tə(m)bəki, qa(m)maz, di(m)məz və s.

36. L (l) -dilönü, dil-diş samitidir, dildə süzgün və cingiltili tələffüz olunur. Bu samitə sözün əvvəlində, ortasında və axırında rast gəlmək mümkündür.

Əvvəldə : lalə, leylək, lil, limon, lətifə, laləzar, ləng, lərzə, lülə, lək, ləzzət, lirik, nikbin, nisbət, nimdaş, nərd

Ortada : ələk, əlləş, əlbir, əlbəttə, qələm, qələt, mələz, məlhəm, sələm, tələ, şələ, dələ, kələk, dəllək,

Axırda: əl, gəl, dəl, vəl, ol, qol, qul, qızıl, atıl, bal, şal, zal, dal, mal, qal, yal, lal, kol, yol, əcəl, keçəl, böl, göl, gül,

Tələffüzdə dəyişikliyə çox məruz qalan səslərdən biridir. `L` səsi assimilyasiya nəticəsində `T`, `D`, `S`, `Z`, `Ş`, `N`, `M`, `P` səslərindən sonra həmin səslərə, ya da artikulyasiyasına görə onlara yaxın olan səslərə keçir [ 11, s. 91].

37. R (r) - dilönü, dil-diş, süzgün və cingiltili samitdir. Sözün əvvəlində, ortasında və axırında müşahidə olunur.

Əvvəldə: rayon, rica, rəis, radio, ramazan, rəhmdil, rəhbər, rəndə, ruzi, rəzil, rəmz, rahat, rəml, ruh, ruhani, rəbb

Ortada : arzu, arvad, arxa, arıq, artıq, armud, arı, arsız, araqarışdıran, araq, ərən, ərp, ərik, ərzaq, ərli, ertə, ürkək

Axırda: ar, ər, vur, bur, sür, bar, tar, yar, qar, şar, dar, nar, qur, dur, açar, qatar, zər, tər, dər, şər,çar, çəpər təhər, şəhər

38. F (f) dodaq-diş samiti, sürtünən, kar. Daha çox alınma sözlərdə söz əvvəlində, ortasında və axırında rast gəlinir.

Əvvəldə : fəhlə, fikir, fağır, futbol, fizika, fəlakət, fərəh, fənn, fərd, fiqur, fəhm, fərasət, familiya, filologiya, fəlsəfə

Ortada: dəftər, dəfə, səfər, həftə, zəfər, nəfər, məftil, məftun, təfərrüat, təfsir, səfil, qəfil, ifrat, dəfinə, zəfəran

Axırda: dəf, zərif, lətif, hədəf, tərəf, hərf, sərf, məsrəf, əşrəf, ətraf, şərəf, rəf, zərf, kəşf, maarif, arif, tərif

39. V (v) – dodaq-diş samiti, sürtünən, cingiltili. Sözlərin əvvəlində, ortasında və axırında rast gəlinir.

Əvvəldə: Vətən, vətər, vəzəri, vəzir, vücud, var, vur, vuruş, vida, viza, vəd, vüqar, vüsal, vəcd, vərəsə, varis, vaxt

Ortada: sərvət, dövlət, dəvət, məhvər, əhval, əhvalat, dava, avand, avara, məvacib, müvazinət, dərviş, şəhvət, qüvvət

Axırda: sev, ev, qov, alov, ov, div, Murov, zınqırov, çalov, dəlisov, növ, səhv, əfv, ləğv, məhv, arxiv, massiv, passiv, aktiv, reaktiv, tilov, oxlov, plov

40. P (p) – qoşadodaq, partlayan, kar samitdir. Bu samitə söz əvvəlində, ortasında və daha çox təkhecalı sözlərin sonunda təsadüf edilir.

Əvvəldə: papaq, palıd, pul, parıltı, pudra, peç, puç, pələng, pişik, pərt, pambıq, palaz, pak, parıltı, pıçıltı, pomidor

Ortada : hampa, lampa, süpürgə, öpüş, apar, ürpəş(mək),çəpər, təpər, arpa, zopa, topa, küpə, köpük, qəpik, qəlpə, ləpə

Axırda: qulp, ərp, çöp, qap, sap, yap, öp, qop, top, çap, lap, tap, çəp, ip, kip, qrip, tip, qəlp, gop, izotop, köp, turp, qrup

41. B (b) – qoşadodaq, partlayan, cingiltili samitdir. Sözün əvvəlində, ortasında və sonunda işlənir.

Əvvəldə : baba, bala, balaca, baş, buket, banket, baxış, bat (maq), barmaq, burmaq, buz, burun, boz, bülbül, balta, bazar, barıt, birlik

Ortada : xəbər, araba, xaraba, zərbə, zorba, torba, mübarizə, məbləğ, əbədi, məbəd, şəbəkə, qübar, növbə, şöbə, tövbə

Axırda : ərəb, qərb, ədəb, zərb, tələb, səlib, qürub, təb, dəb, ləb, doşab, dolab, məzhəb, ləqəb, vacib, nəcib, rəqib

42. M (m) – qoşadodaq, burun samiti, cingiltili. Sözün əvvəlində, ortasında və sonunda müşahidə olunur.

Əvvəldə : mən, mərkəz, mədən, müzakirə, müşahidə, müsahibə, maral, məşəl, məktəb, məktub, məşhur, miras, məsləhət

Ortada : hamı, həmən, mamır, məmur, dəmir, təmir, kamil, şamil, zəmi, zaman, duman, aman, əmanət, camaat, tamam, kaman

Axırda : tam, kam, şam, dam, salam, adam, qədəm, sələm, qələm, nəm, haram, məram, davam, aram, lazım, taqım, anım

Fonemlərin səciyyəvi fono-akustik, anatomik-fizioloji xüsusiyyətlərinin (əlamətlərinin) kodlaşdırılması:

Fonemlərin səciyyəvi fono-akustik, anatomik-fizioloji xüsusiyyətlərinin hərtərəfli tədqiqi və universal kodlaşdırma səsin tanınması sistemlərində tətbiq oluna bilər. Səsin yazıya (mətnə) və yazının(mətnin) səsə çevrilməsi sistemlərində Azərbaycan fonemlərinin fono-akustik xüsusiyyətlərindən faydalanmaq olar.

Fonemlərin fono-akustik, anatomik-fizioloji əlamətlərinin kodları aşağıdakılardır:

1. Sait və ya samit

( v c + -)

2.Saitin uzunluğu : qısa, uzun, diftonq, neytral

(vlng s l d a 0 )

3. Saitin ucalığı (tonu) : uca(yüksək), orta, aşağı(alçaq)

(v height 1 2 3 0)

4. Saitin önlüyü (mövqeyi): ön, orta, arxa

(v front 1 2 3 0)

5. Dodaqlanması: dodaqlanan, dodaqlanmayan

(v rnd + - 0)

6. Samit tipi: dayanıqlı, sürtünən(frikativ), affrikat, burun, lateral(dilyanı), approximant

(ctype s f a n l r 0 )

7. Artikulyasiya (məxrəc) yeri: dodaq, alvelyar(diş yuvaqları), damaq, dodaq-diş, diş, velyar(damaqarxası), udlaq

(cplace I a p b d v g 0)

8. Samitlərin tələffüzü: cingiltili, kar

(c vox + - 0 )
1   2   3   4   5   6   7   8   9   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə