Ədəbiyyat
-
Azərbaycan dilinin orfoqrafiya lüğəti. Bakı,2013
-
Ağamusa Axundov. Seçilmiş əsərləri, II cild. -iyyət şəkilçili alınma sözlər, Bakı, 2000, səh. 313-335.
-
Mirzə Fətəli Axundzadə. Əsərləri, II cild, Bakı, «Elm», 1961.
-
Cəlil Məmmədquluzadə. Əsərləri, 4 cilddə, II-IV cildlər (tərtib, müqəddimə və izahlar İ.Həbibbəyli). B., «Öndər», 2004.
-
Məhəmmədağa Şahtaxtlı. Seçilmiş əsərləri (tərtib və müqəddimə İ.Həbibbəyli). B., «Çaşıoğlu», 2007
Академик Иса Хабиббейли
Новый взгляд на написание слов, имеющих окончание -ийят в Азербайджанском литературно языке
Р е з ю м е
В статье снова рассматривается написание слов, имеющих окончание -ийят в Азербайджанском литературном языке. В ходе исследования выясняется, что в написании слов, имеющих окончание –ийят фонетический принцип должен приниматься за основу. Поэтому в статье отмечается целесообразность перехода из двух –й на одну -й согласно нормам произношения, и соблюдая фонетические правила в написании слов такого типа. И с этим определяется, что новые необходимые правила орфографии и орфоэпии должны содействовать на всесторонние развития Азербайджанского языка в обстановке тесного общения и диалога с миром и стоять на страже родного языка.
Academician Isa Habibbeyli
A new opinion at the writing of words with the ending -iyyat in Azerbaijani literary language
S u m m a r y
The article examines the writing, or spelling of words with the end -iyyat in the Azerbaijani literary language. In the study, it appears that in the writing of words ending with -iyyat phonetic principle should be taken as a basis. Therefore, the article points out the advisability of the transition from the two -yinto one -y according to the rules of pronunciation, and following the phonetics of the writing of words of this kind. And it is determined that the required new rules of writingand the pronunciation should contribute to the all-round development of Azerbaijani language in an atmosphere of close communication and dialogue with the world and stand on guard of our native language.
Çapa tövsiyə edən: AMEA Nizami adına Ədəbiyyat İnstitutu
Rəyçilər: akademik T.Hacıyev
filologiya elmləri doktoru,professor S.Sadıqova
Sayalı Sadıqova
AMEA Nəsimi adına Dilçilik İnstitutu,
filologiya elmləri doktoru, professor
sayalisadigova@yahoo.com.
AZƏRBAYCAN DİLİNDƏ TERMİNOLOGİYANIN
STANDARTLAŞDIRMA PROSESİ
Açar sözlər: təkmənalılıq, standart, unifikasiya, əsas məna, törəmə məna.
Ключевые слова: моносемия, стандарт, унификация, значение основное, значение производное.
Key words: monocemic, standart, unifikasia, fundamental meaning, derivation meaning.
Dilçilikdə standartlaşdırma standartların hazırlanmasını, təyin edilməsini və təsdiqini nəzərdə tutan prosesdir. Terminologiyada isə bu prosesi həyata keçirmək məqsədilə standart termin üçün tələb olunan normaları müəyyənləşdirmək, standartlaşdırılan obyekt və elementlərin nümunələrini, etalonlarını hazırlamaq lazım gəlir. Terminologiyanın standartlaşdırılması prosesində sahə, sahələrarası terminoloji sistem üçün vahid norma standartlarının müəyyənləşdirilməsi əhatə edilir. Bir qayda olaraq, sahə, sahələrarası və buna oxşar tam və unifikasiya olunmuş terminlər standartlaşdırılır.
Standartlaşdırma zamanı hər bir terminin əsas əlamətlərini nəzərə almaqla müəyyən definisiya əsasında təyininin zəruriliyi, terminin anlayışı digər anlayışlardan fərqləndirən meyarlar əsasında adlandırılması, definisiyanın sahə anlayışlarının ierarxik yerləşmə xüsusiyyətini pozmadan verilməsi vacibdir. Terminoloji sistemin tam nizama salınması üçün onun son mərhələdə standartlaşdırılması zəruridir. Terminlərin standartlaşdırılması onların hər birinin bir formasının normativ səviyyədə qəbul edilməsini əhatə edir. Standartlaşdırma mahiyyət etibarı ilə terminoloji sistemə aid əvvəllər görülmüş işlərin son pilləsi, tədqiqatçıların göstərdiyi kimi “qanunverici” aktdır. Əsas prinsipial fərq də özünü burada göstərir. Demək, unifikasiya prosesində terminlərin əmələ gəlməsi,yaranması prinsiplərinin vahid qaydaya salınması, terminlərin məntiqi cəhətdən anlayışı təyin etməsi, dəqiq definisiyalarının təyini, definitiv təriflərinin şərtləri, onların (terminlərin) müxtəlif variantlarının işlənmə xüsusiyyətlərinin müəyyənləşdirilməsi nəzərdə tutulursa, standartlaşdırma terminoloji vahidin bir anlayışa uyğunluğunu və həmin variantın rəsmi sənədlərdə istifadə olunması məcburiyyətini şərtləndirir. Termini normativ səviyyədə qəbul etmək terminlərin standartını yaradıb təsdiq etməkdir. Standartlaşdırma təkcə normativ terminlərə şamil edilmir, həm də definitiv tipli terminləri də əhatə edir. Şərhi, tərifi kafi və zəruri olan terminlər də vahid formaya, nizama salınmalı, yəni standartlaşdırılmalıdır. Standartlaşdırılma müəyyən normalar üzrə aparılır. Ümumiyyətlə, hər bir dövlətdə standartların hazırlanması üçün müəyyən qanunlar qəbul olunur. Standartın forması və quruluşu standartlar haqqında qanunda müəyyənləşdirilir. Terminlərin standartlaşdırılması bu qanun əsasında aparılır.Terminə qoyulan tələblər olduğu kimi, standart termin də müəyyən tələblərə cavab verməlidir. Bu tələblər terminə qoyulan tələblərin hamısını özündə birləşdirir və standartlaşdırılması zamanı terminin linqvistik düzgünlüyü tələbində tam ifadəsini tapır. Terminin linqvistik düzgünlüyü üçün aşağıdakı kriteriyalar təklif olunur, anlaşıqlıq; xüsusiləşmə;dəqiqlik;birmənalılıq;vahidlik;sistemdaxili rabitəlilik;yuva təşkiletmə xüsusiyyəti; lakoniklik.Terminin anlaşıqlıq xüsusiyyəti onun ifadə etdiyi terminoloji mənanı hansı dərəcədə bildirməsindən asılıdır.
Xüsusiləşmə terminin sahəyə aidliyi və məna-növ münasibətlərini bildirməsinə görə təyin edilməlidir. Məsələn, funksiya, tənlik, kvadrat, coxhədli, inteqral, differensial, törəmə və s. riyaziyyat terminləridir. Bunlarda xüsusiləşmə sahəyə aidlikdə özünü göstərir. Başqa sahə terminlərində də xüsusiləşmə eyni qaydada təyin olunur. Standart terminin texniki dəqiqliyi onun predmet kateqoriyasına aidliyi və texnoloyi prosesi düzgün ifadə etməsi ilə əlaqələndirilməlidir. Məsələn, “ölüm tərəzisi” termini anlayışı dəqiq ifadə etmir və texniki dəqiqlik şərtini pozur. Ad tərəzinin formasına, onun qolları arasındakı rabitəyə əsasən verilmişdir. Terminə sistemlilik xasdır. Termin anlayışın başqa anlayışlarla əlaqəsini ifadə etməlidir. Məsələn, nominal kəmiyyət, nominal güc, nominal tezlik termin-söz birləşmələrinin birinci tərəfinə görə sistem təşkil edir. Alçaq tezlik, yüksək tezlik, aralıq tezlik, nominal tezlik kimi termin-söz birləşmələrində sistemlilik ikinci komponentə görədir. Sistemlilik terminin başqa komponentləri əsasında da özünü göstərə bilər. Məsələn, qastrit, doudentit, apendisit, bronxit və s. Bu terminlərdə «-it» şəkilçisi sistem səciyyəsi daşıyır.
Terminlərdə sistemliliklə, onların terminoloji yuva təşkil etmək cəhətləri arasında müəyyən oxşarlıq vardır. Standartlaşdırılan termin ifadə etdiyi anlayışa yaxın anlayışların adları ilə bir cərgəyə daxil olması müsbət xüsusiyyət sayılır. Məsələn, əmtəə dövriyyəsi, əmtəə krediti, əmtəə məhsulu, əmtəə nişanı. Sahə terminologiyasının standartlaşdırılması zamanı bəzən bir sıra əlamətlər nəzərə alınmalıdır. Ölçü, kəmiyyət, xassə əlamətlərinin əsas götürülməsi ilə adlandırılan terminlər də müəyyən çoxluğu yaradır.
Anlayışlar seçilmiş kateqoriyalar və onların yarımqrupları arasında təyin olunur. Standartlaşdırılma prosesində termin-anlayışlar bu kateqoriyalara əsaslanaraq seçilir, fərqləndirilir. Kateqoriyalar arasında fərqlər müəyyənləşdirilir.Terminlərin standartlaşdırılması prosesində elmi prinsiplər hazırlanmalıdır. Standartlaşdırmanın əsasında vahid təsnifat prinsipinin durması üçün birinci növbədə terminologiyanın, terminlərin müəyyən əlamətlərə görə təsnifatı məsələləri dəqiqləşdirilməli, müvafiq kateqoriyaya daxil olan vahidləri təyin etmək məqsədilə əsas əlamətlər seçilməlidir. Anlayışları fərqləndirən əlamətlər isə elə seçilməlidir ki, standart təsdiq edildikdən sonra yaranan terminlər də həmin əlamətlərə görə sistemə daxil ola bilsin. Standart termin linqvistik tələblərə cavab verməklə yanaşı, məntiqi məsələlərin həlli üçün də yararlı olmalıdır.
Standartların hazırlanması normativ sənədlərin tərtibi və təsdiqi mərhələlərini əhatə edir. Standartlaşdırma təkcə terminin düzgün variantının seçilməsi ilə məhdudlaşmır. Terminin qeyri-standart variantlarının qeydə alınması, onun əsas dillərə tərcümələrinin tapılması, simvolik işarəsi, hərfi işarəsi də normativ sənəddə əksini tapmalıdır. Bütün bunlar isə, terminologiyanın nizama salınması və unifikasiyası prosesində əldə olunmuş materialların standartlaşdırma zamanı geniş şəkildə istifadə edilməsini göstərir.
Tərif terminoloji anlayışa verilməlidir. Bu, məntiqi bir prosesdir. Tərif termin-anlayışın məzmununu təyin edir. Anlayışın xüsusiyyətləri çoxdur. Anlayış müxtəlif əlamətlər əsasında təyin edilir. Buna görə də terminoloji praktikada bir-birindən fərqli görünən tərif növlərindən istifadə olunur: klassik tərif; tam tərif; qeyri-aşkar tərif; genetik tərif; analitik tərif; sintaktik tərif; semantik tərif; natamam tərif.
Adi terminlərin nizama salınması və standartlaşdırılması prosesində anlayışı bildirən müxtəlif səs qabığına malik olan əsas termin qəbul edilir, digər variant və dubletlər standartdan kənara çıxarılır.
Definitiv terminlərin standartlaşdırılması verilən interpretasiyaların dil qanunauyğunluğuna əsaslanır. Standartlaşdırma prosesində tərifi müəyyənləşdirilmiş, dəqiqləşdirilmiş terminlər tapılır və işlədilir. Vahid normaya salma iki pillədə həyata keçirilir: bütün definitiv terminlər tam şəkildə sistemləşdirilir; definitiv terminoloji vahid sistemin dəqiq məntiqi-əşyavi modeli üzrə hazırlanır. Nizamasalınma zamanı definitiv terminin kafi və zəruri əlamətinin mənimsənilmə, yadda saxlama dərəcəsinə diqqət yetirmək lazım gəlir. İşlənmə dərəcəsi yüksək olan definitiv terminlər və onların tərifi standartlara uyğun gəlir. Bu zaman həmin termin qəbul edilərək mənimsənilir.
Anlayışlara verilən təriflər predmet və proses kateqoriyasına aid ola bilir. Yəni terminlər predmet və proses kateqoriyalarına aid olan anlayışları ifadə edir. Bu anlayışların diferensial əlamətləri adlandırılan anlayışın meydana çıxmasına qədər və adlandırma prosesində mövcud olan fərqləndirici əlamətlərdir. Məsələn, “anafora” termininin differensiasiyası, daha doğrusu, təyini - tərifi aşağıdakı kimidir: Anafora -üslub fiqurlarından biri: şeirdə misraların, nəsrdə isə cümlələrin başında eyni söz və ifadələrin, yaxud eyni sintaktik quruluşun təkrarı yolu ilə yaranan bədii ifadə tərzi. Əsas hissələrinin materiallarına görə diferensiasiya olunan anaforanın növlərini ifadə edən terminoloji vahidlərin semantikası açılır və növü ayıran əlamət konkret olaraq göstərilir. Məsələn, fonetik anafora-bir-birilə həmahəng olan səslərin yaratdığı anafora. Leksik anafora-sözlərin yaratdığı anafora. Sintaktik anafora-cümlələrin və mətnin yaratdığı anafora (Ədəbiyyatşünaslıq terminləri lüğəti. Tərtib edəni: Ə.Mirəhmədov, “Maarif” nəşriyyatı, Bakı, 1978, s.10,11).
Standartlaşdırılma prosesində terminin definisiyasının dəqiqliyi və tamlığı dəqiqləşdirilməlidir. Terminoloji lüğətlərdə standartlaşma məqsədi ilə lüğət məqalələrində definisiyanın dəqiqliyi və tamlığı xüsusi önəm daşıyır. Yuxarıda deyildiyi kimi anlayışların təyin edilməsi definisiyaya qoyulan tələblərlə birbaşa əlaqədardır. Sahə terminologiyasının standartlaşmasının birinci pilləsində təyin edilən definisiyalar uyğun terminoloji vahidə aid olan lüğət məqaləsində yerləşdirilir. Bu zaman lüğətin hazırlanması prosesində sözlüylə daxil olan, amma anlayışlar siyahısında özünə yer etməyən terminoloji vahidlərin definisiyasını müəyyən etmək məsələsi qarşıya çıxır və bu problem anlayışın təyini ilə eyni ölçüdə həllini tapa bilir. Göründüyü kimi, burada definisiya-terminin və anlayışın deyinisiyası meydana çıxır və bunlar üçün analoji hal onların üst-üstə düşməsidir.
Definitiv terminlərdə definisiya və tərif, əlbəttə, müxtəlif anlayışlar kimi çıxış edir. Tərif definisiyanın bir növü kimi özünü göstərir. Tərif mahiyyət etibarilə anlayışı daha dəqiq və daha lakonik şəkildə izah və şərh edir. Ona görə də müvafiq terminoloji lüğətlərdə terminin tərifindən istifadə olunmalıdır. Standartlaşdırılma prosesində lüğətin təyinatı elə olmalıdır ki, definisiyadan sonra əlavə şərh, izah verilsin. Həmin izah və şərhlər terminoloji vahidin düzgün dərk edilməsi istiqamətində aparılmalıdır.
Bu prosesdə aydın olur ki, terminologiyada tam şəkildə təyin olunmamış və birmənalı definisiyası olmayan anlayışlar da mövcuddur. Bu anlayışlar əlavə izahlarla müəyyənləşir. Termin haqqında definisiya müəyyənləşdirən tədqiqatçıların da burada obyektiv və subyektiv fikirləri ortaya çıxır. Məsələn, “söz” definitiv termini barədə aşağıdakı definisiyalar bir-birindən bəzi cəhətlərinə görə fərqlənir: 1) cümlənin minimal təşkiledici vahidi (Şerba, Blumfild); 2) minimal sintaktik vahid (Boduen de Kurtene, Meye, Sepir); 3)mənalı minimal nitq vahidi (Reformatski, Yelmslev); 4) fonetik, qrammatik və semantik əlamətləri özündə birləşdirən dil vahidi (Ovsyanikov-Kulikovskiy, Meye, Büler, Vinoqradov); 5) gerçəklik elementi ifadə edən vahid (Vinoqradov, Doroşevski, Qalkina-Fedoruk); 6) nitqin müstəqil və tam elementi. Tədqiqatçıların hər biri “söz”ün definisiyasına müxtəlif istiqamətdən yanaşmışlar. Daha doğrusu, “söz”ün definitiv termini müxtəlif anlayışları doğurmuş, təriflər bir-birindən bir çox hallarda formal cəhətdən fərqlənmişdir. Lüğət məqaləsində bu tipli əlavə şərhlər verilsə də, əsas definisiya daha ətraflı arealda qəbul edilmiş tərifdə öz əksini tapmalıdır. Əks təqdirdə, tərtib olunmuş lüğətdə definisiyanın dəqiqliyi və tamlığı qoyulan şərtləri ödəyə bilmir. Buna görə də terminlərdə aşağıdakı cəhətlər nəzərə alınmalıdır: Dil mənası anlayışın mənası ilə üst-üstə düşür. Bu, o deməkdir ki, qeyri-dil obyektinin zəruri və kafi əlamətləri terminin semantik quruluşunda bilavasitə əks edilir. Standartlaşdırma terminoloji sistemin optimallaşması formasını alır, yəni anlayışın kafi və zəruri əlamətlərinin terminin semantik quruluşunda formalaşdırılmasını təmin edir. Bu halda terminə tərif vermək tələb edilmir. 2. Dil mənası yoxdur. Anlayışın tərifdə ifadə olunan zəruri və kafi əlamətləri var. Belələrinə simvol rolunu oynayan alınma terminlər daxildir. 3.Anlayış mənası yoxdur. 4.Anlayış mənası dil mənası ilə üst-üstə düşür (2,16). Anlayışın dəqiq definisiyası lüğət maddəsinə daxil ediləcək məlumatlardan biri kimi mühüm və zəruridir. Bu sahə terminologiyasının nizama salınması üçün olduqca vacibdir.
Standart terminlərdə müəyyən əlamətlərin leksik-qrammatik göstəricilərinin forma oxşarlığı əhəmiyyətlidir. Əlamətin növündən asılı olaraq bu göstəricilər dəyişə bilər. Burada anlayışın hansı kateqoriyaya aidliyi də müəyyən rol oynayır. Məsələn, əşya kateqoriyasına aid anlayışlar, bir qayda olaraq, isimlərlə adlandırılır. İlkin, yaxud baza anla-yışlarının adları əsasən sadə isimlərlə bildirilir: açar, kvadrat,tənlik, beton, xətt, nöqtə, kök, mufta, mala, mərmər, yük və s. nümunə kimi verilmiş terminlər ya real gerçəklikdə mövcud olub müəyyən sahədə işlədilən predmetləri, ya da sahə daxilində qəbul edilmiş anlayışları (səs,hərf, şəkilçi (dilçi), xətt, kök, (riyaz), yük (fizika) və s. bildirir. Hər bir termin özündə müəyyən terminoloji mənanı daşıyır. İlkin, yaxud baza anlayışları əsasında və ya onların iştirakı ilə formalaşan yeni terminlərin də öz mənaları olur. Hər bir elementar məna müəyyən əlaməti ifadə edir. Anlayışın adlandırılması zamanı əlamətlər və ona uyğun mənalar nəzərə alınır. Tərkibindəki elementar terminoloji mənaları birdən, yəni artıq məlum olan terminləri adlandırma həmin mənaları yaradan əlamətlərin xüsusiyyətlərini aydınlaşdırmağı tələb edir və bu cəhət standartlaşdırma prosesində daha qabarıq şəkildə özünü göstərir. Bu xüsusiyyətlər tezaurusun hazırlanması prosesindən əvvəl müvafiq sahə terminologiyasının nizama salınması işinin yerinə yetirilməsini tələb edir. Ona görə də tezaurusun qurulması müəyyən mənada unifikasiyanın aparılması ilə üst-üstə düşür. Tezaurusun tərtibində iki cəhət özünü göstərir: 1) tezaurus təsviri lüğət funksiyasını yerinə yetirir və hər hansı terminin iştirak etdiyi sözforma və söz birləşmələrinin hamısının qeydə alınmasını, dubletlərin verilməsini təmin edir; 2)tezaurusda terminlərin təklif olunan əsas variantları arasında sərt ierarxik münasibətlər yaradılır. Tezaurusun ikinci xüsusiyyəti, yəni təklif edilən termini və onun başqa terminlərlə ierarxik münasibətlərinin qeyd edilməsi unifikasiya nöqteyi-nəzərindən əhəmiyyətlidir. Birinci cəhət isə terminologiyanın nizama salınması üçün fundamental baza rolunu oynayacaq materialın toplanmasına şərait yaradır. Bu prosesdə anlayışı diferensiallaşdıran kafi və zəruri əlamətlər elə üzə çıxarılmalıdır ki, standart modellər təsdiq edildikdən sonra əmələ gələn terminoloji vahidlər də həmin əlamətlərə əsasən sistemi əhatə edə bilsin.
Dublet olan terminlərin standartlaşdırılması zamanı hansı terminin standart kimi seçildiyi əsaslandırılır. Standart terminlə yanaşı, onun qeyri-standart variantları qeyd olunur: termin və onun sıra nömrəsi; terminin hərfi və simvolik işarəsi; terminin tərifi; terminin qeyri-standart variantları; izahedici sxem, qrafik, formul; beynəlxalq dillərdə qarşılığı.
Terminin sıra nömrəsi standart nömrəsidir. Hər bir terminin öz nömrəsi olmalıdır. Standartlaşdırma zamanı anlayışların ierarxik sistemi əsas götürülür. Əlifba sırası ilə düzülüşdə bu ierarxiya pozulur. Başqa sözlə desək, məsələn, dilçilik terminlərinin standartlaşdırılmasına hərf, yaxud səs, yaxud dil terminlərindən biri ilə başlamaq mümkündür. Yuxarıda hərf termini ilə başlanmış standart siyahısı verilmişdir. Belə olduqda hərf termininin standart nömrəsi bir olacaqdır. Dilçilik terminlərinin əlifba siyahısı isə, abreviatur termini ilə başlanır. Deməli, standart sənədində terminlərin əlifba siyahısındakı nömrələrin ardıcıl düzülüşü nəzərə alınmır. Terminlərin başqa dil üzrə əlifba siyahısında da oxşar bu əlamətlər nəzərə alınır. Məsələn, hərf termini ingilis dilində (letter) l; rus dilində b (bukva) ilə başlanır. Aydındır ki, rus və ingilis dilindəki əlifba siyahılarında bu terminin yeri müxtəlif olacaqdır. Buna baxmayaraq, həmin siyahıların hər birində terminin qarşısındakı standart nömrəsi eynidir.
Terminin tərifinin standart sənədində verilməsi məcburidir. Terminin əsas xarici dillərdəki qarşılığının verilməsi məcburi sayılmasa da, əhəmiyyətinə görə seçilən məlumatlardan biridir. Əsas xarici dillərin dairəsi standartlaşdırma komissiyasının, yaxud sahə üzrə ekspert qrupunun təklifləri əsasında müəyyənləşdirilməlidir.Standartların qeyd olunmasının ən sadə forması tərkibində terminin standart nömrəsi, termin, terminin tərifi və terminin qeyri-standart variantları haqqında məlumatlar verilən siyahıdır.Əgər standart cədvəlində qeyd sütunu olarsa, göstərilən məlumat tərif qrafasında deyil, qeyd sütununda yazılmalıdır.Bundan sonra standartın tipi qeyd olunur. Məsələn, Dövlət standartı, Respublika standartı, Beynəlxalq standart.
Dublet terminlər bir-birindən nöqtə vergüllə ayırılır. Axırıncı termindən sonra iki nöqtə qoyulur və bundan sonra anlayışın tərifi verilir. Standart sənədində terminin qəbul edilmiş beynəlxalq standartı, beynəlxalq dillərdəki adı verilir.Son mərhələdə terminoloji sistemin kodifikasiyası, başqa sözlə desək vahid normativ lüğət kimi formalaşdırılması həyata keçirilir. Bu zaman terminlərin işlədilməsi ilə bağlı iki məcburilik dərəcəsi gerçəkləşdirilir.
Standartın birinci layihəsinin hazırlanması zamanı standartlaşdırılan terminologiyanın nizama salınması üzrə əsas işlər görülür. Nizamasalma işləri aşağıdakıları əhatə edir: terminologiyanın nizama salınacağı sahənin predmet dəqiqləşdirilir; anlayışlar müəyyənləşdirilir; termin və təriflər toplanılır; anlayışlar sistemləşdirilir; anlayışlar təsnif edilir; standartın bölmələrinin quruluşu təyin olunur; terminlərin bölmələrdə yerləşdirilməsi müəyyənləşdirilir; termin və təriflərin təhlili aparılır; termin və təriflər qiymətləndirilir; termin və təriflər seçilir.
Anlayışların müəyyənləşdirilməsi və seçilməsi müvafiq elm sahəsinin sərhədlərinin dəqiqləşdirilməsi, həmçinin bu sahə üçün spesifik xüsusiyyət daşıyan anlayışların ayrılması ilə paralel həyata keçirilir. Terminlərin seçilməsi zamanı müxtəlif nöqteyi-nəzərlə bağlı bütün terminlər qeydə alınır. Terminlərin seçilməsi ilə eyni zamanda anlayışların tərifləri müəyyənləşdirilir. Bu zaman terminlərin təsviri, xarakteristikası, təsnifi, illüstrasiyası ilə bağlı materiallar da toplanıb qeydə alınır və işlənir. Hər bir termin mənbələrin nömrələri, səhifəsi və abzası qeyd olunur. Termin sinonimlər ayrıca qeydə alınır. Çoxmənalı terminlər onların mənalarının sayı qədər qeydə alınır. Termin kartotekalara qruplaşdırılır. Dublet terminlərin qeydiyyatı zamanı daha çox işləklik qazanan terminə istinad olunur. Terminin çoxmənalılığı və ayrı-ayrı mənalarının qeydiyyatına istinad edilir. Terminlərin tərkib elementlərinə görə qruplaşdırılması zamanı dayaq sözdən istifadə olunur. Termin söz birləşmələrində dayaq söz əsas götürülür. Bu sözün bir qayda olaraq isim olması nəzərə alınır. Bütün toplanmış terminlər əlifba siyahısı üzrə düzülür. Toplanmış terminlər iki qrupa ayrırlar. Birinci qrupa hazırlanacaq standartın terminlər sistemini təşkil edən, standartlaşdırılan terminologiya üçün spesifikliyə malik olan terminlər daxil edilir. İkinci qrupu başqa terminoloji sistemə daxil olan lakin standartlaşdırma prosesində, təhlil və qiymətləndirmədə istifadə edilən, standart siyahısına daxil edilməyən terminlər təşkil edir.
Terminologiyanın standartlaşdırılması prosesində anlayışların sistemləşdirilməsi xüsusi yer tutur. Anlayışların sistemləşdirməsində aşağıdakı şərtlər müəyyənləşdirilir: -tədqiqatın predmetini ziddiyyətsiz və tam təsvir edən anlayışların toplusunu; -bu anlayışlar sisteminin başqa anlayışlar sistemi ilə qarşılıqlı əlaqəsini; -tərifin elmi əsaslandırılmış şəkildə qurulması, standartlaşdırılan terminin qiymətləndirilməsi; -hər bir anlayışın sistemdəki yerini və onun başqa anlayışlarla qarşılıqlı əlaqəsini; -standartlaşdırılan terminologiyanın çatışmazlığını (sinonimlik, polisemiya, ümumi qəbul edilmiş anlayışın yoxluğu, eyni terminin müxtəlif şəkildə izahı və s.)
Anlayışların sistemləşdirilməsi zamanı anlayışın əsas aşağıdakı ümumi kateqoriyaları fərqləndirilir:1)predmetlər kateoqriyası; bura maşınlar, qurğular, materiallar, kimyəvi birləşmələr, alətlər və s. daxil olur. 2)Proseslər kateqoriyası; bu kateqoriyaya daxil olan anlayışlar təbii proseslərlə, fəaliyyətlə, hərəkətlə, yerdəyişmə və s. ilə bağlı anlayışlar daxil olur. 3) xassə kateqoriyası; Predmetlərin xassələrini ifadə edən anlayışları əhatə edir. Məsələn,bərklik, plastiklik, suyadavamlılıq və s.; 4) kəmiyyət kateqoriyası: məsələn, güc, sürət, müqavimət, tutum və s. Anlayışın kateqoriyasını müəyyənləşdirərkən onun müxtəlif kateqoriyalara aid edilə biləcəyi nəzərə alınır.
Toplanmış terminlər onların ifadə etdikləri anlayışlar arasında aşkara çıxarılmış əlaqələrə uyğun şəkildə sözlükdə yerləşdirilir. Bu zaman standartın bölməsi nəzərə alınır. Bölmə daxilində terminlər anlayışlar sistemini əks etdirən prinsiplər üzrə yerləşir. Düzülüş “ümumidən-xüsusiyə”, təyin edəndən-təyin edilənə sırası ilə gedir. Dublet terminlər eyni nömrə ilə qeyd olunurlar. Çoxmənalı terminlər onun ifadə etdiyi anlayışların sayı qədər sözlüyə daxil edilir. Bu zaman terminin yeri onun ifadə etdiyi anlayışla başqa anlayışlar arasındakı əlaqə əsasında müəyyənləşir.
Standartın son layihəsinə bir anlayışa verilən iki tərifin, eləcə də bir anlayışı ifadə edən iki standart terminin daxil edilməsi yolverilməzdir. Standart layihəsində dublet terminlərin istifadə edilməsinə yol verilir.Tərif anlayışı fərqləndirməyə, axtarmağa və müəyyən etməyə imkan verən məntiqi üsuldur. Bu zaman tərifin formalaşdığı,yarandığı sahə həmişə nəzərə alınır. Tərif həm də məntiqi prosesin nəticəsi olub, standartda qeydə alınır. Bu zaman definisiya terminindən istifadə olunur. Definisiyada təyin olunan defineendum (Dfd), təyin etmə vasitəsi definiens (Dfn) adlanır. Anlayışın tərifini qurmaq üçün həmin anlayışın sistemə daxil olan anlayışlarla münasibətini təyin etmək lazımdır. Tərif müvafiq terminin standartlaşdırılan termin kimi seçilməsi və təhlili üçün ilkin əsasdır. Terminoloji standartlarda istifadə olunan əsas tərif növü aşkar tərifdir.
Terminologiyanın standartdlaşdırılmasının metodoloji əsası nizamasalmanın sistem prinsipidir. Bu prinsip terminoloji sistemin hər bir elementinin – termininin, eləcə də bir-biri ilə qarşılıqlı əlaqədə olan terminoloji sistemlərin hər birinin təhlil və qimətləndirilməsini nəzərdə tutur.Deməli, termin üçün iki işlənmə sahəsini fərqləndirmək mümkündür. “Terminologiya iki sahədə (elmi dil çərçivəsində, konkret janr formalarını reallaşdırılan mətnlərdə) müşahidə olunur: qeydəalınma sahəsi (leksikoqrafik janrlar: xüsusi lüğətlər, təklif olunan terminlər torlusu, terminoloji standartlar) və istifadə sahəsi (xüsusi ədəbiyyat: məqalələr, monoqrafiyalar, bəzi hallarda elmi-kütləvi ədəbiyyat (3,15).Terminlərin standartlaşdırılması zamanı terminlərin qeydəalınma sahəsi ilə işlənmə sahələri bir-birindən fərqləndirilir. Lüğətlərdə terminlərə qoyulan tələblərə ciddi fikir verilməlidir. Əslində, izahlı lüğətlərə terminlərə qoyulan tələblərə cavab verməyən terminlər daxil edilmir.
Standartda terminin müəyyənləşdirilməsi üçün aşağıdakı kriteriyalardan istifadə olunur: 1) definisiya kriteriyası; 2) konseptual tamlıq kriteriyası; 3) məlumat kriteriyası; 4) statistik kriteriya; 5) məntiqi teoremlər kriteriyası; 6) distributivlik kriteriyası.Elmi-texniki terminologiyanın standartlaşdırılmasının əsas məqsədi bütün sənəd növlərində ədəbiyyatda birmənalı və birqiymətli başa düşülən terminologiyanın eləcə də Azərbaycan dilində beynəlxalq standartların identik yerli standartlarının yaradılmasına imkan verir, elmi-texniki informasiyanın mübadiləsində qarşılıqlı anlaşmanı təmin edir.Standartların hazırlanmasında mübahısəyə səbəb olan məsələlərdən biri də terminlərin bəzən definitiv tərifinin olmamasıdır. Belə ki, termin anlayışın adını bildirir. Hər bir anlayış isə müəyyən definisiyaya və ya tərifə malik olmalıdır. Tərif definisiyadan daha dəqiqdir. Tərif termini birmənalı təyin edir. Lakin butun terminləri tərif əsasında yaratmaq olmur. Buradan belə nəticə hasil olur ki, termin üçün definisiyanın varlığı zəruridir.
Dostları ilə paylaş: |