Terminologiya məSƏLƏLƏRİ №1




Yüklə 1.54 Mb.
səhifə14/15
tarix22.02.2016
ölçüsü1.54 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   15

BAŞ ÜZVLƏRİ BURAXILMIŞ YARIMÇIQ VƏ ELLİPTİK CÜMLƏLƏRİN MÜQAYİSƏSİ VƏ CÜMLƏDƏ MƏTN YARATMA FUNKSİYALARI
Açar sözlər: yarımçıq cümlə, mətn, elliptik cümlələr, kontekstual cümlə, müqayisə və təhlili.

Ключевые слови: незаконченного предложения, текст, эллиптические предложения, контекстная предложение, сравнение и анализ.

Key words: unfinished sentence, text, elliptic sentences, contextual sentence, comparison and analysis.
Hər bir cümlə nitqin vəziyyəti və şəraiti ilə bağlı olur. Buna görə də V.Q.Admoni qeyd edir ki, “... Müəyyən məzmun ifadə edən cümlə məkandan havasız asılmayıb, başqa (nitqdəki və nitqdən xaricdəki) ünsürlərlə əlaqələnir”.

Cümlə müəyyən mətndə işlənir. Həmin mətn cümlədə ifadə olunan məzmunu tamamlayır və izah edir. Odur ki, cümlənin məzmunu təkcə öz tərkibindəki sözlərin lüğəvi-qrammatik vasitələri ilə deyil, mətnlə də bağlı olur. Bu cəhətdən dilimizdə mübtəda və ya xəbərin buraxılması, heç də fikrin yarımçıqlığına dəlalət etmir, başqa sözlə desək, yarımçıq fikir əmələ gətirmir. Mübtəda və ya xəbəri buraxılmış cümlə ancaq üzvün çatışmamazlığına, mövcud cümlənin quruluşuna görə yarımçıqdır, ümumi mətn həmin yarımçıqlığı çox asanlıqla doldurur. Odur ki, yarımçıq cümlələrdə üzvlərə təcrid edilmiş şəkildə baxmaq olmaz. Onu işləndiyi, yaxud başqa cümlələrdəki üzvlərlə əlaqəli şəkildə götürmək lazımdır. Yarımçıq cümlə hər hansı bir cümlənin tərkibindəki məntiqi cəhətdən mühüm olan üzvü nəzərə çarpdırmaq, nitqə yüngüllük, səlislik, yığcamlıq vermək, lazımsız təkrarın qarşısını almaq məqsədi ilə işlədilir. Belə cümlələrdə ya əvvəl adı çəkilmiş, ya da şəraitdən məlum olan söz və ya sözlər təkrar edilmir, bunun da nəticəsində nitq daha aydın, səlis və konkret olur. [ 1,181]

Mübtəda və ya xəbəri buraxılmış cümlə müstəqil bir cümlə növünü təşkil etmir. O, cüttərkibli və ya təktərkibli cümlənin bir növüdür. Bunların yarımçıqlığı bütöv cüttərkibli və təktərkibli cümlələrlə müqayisədə meydana çıxır. Əgər bütöv cümlələrdəki üzvlərdən hər hansı biri (istər baş üzv olsun, istərsə ikinci dərəcəli üzv) buraxılarsa, qrammatik cəhətdən mövcud cümlənin yarımçıqlığına səbəb olur. Belə ki, aşağıdakı misallar baş üzvlərdən biri və ya hər ikisi buraxılmış yarımçıq cümlələrdir.

Sizə görə onları aparmayacaqdım. Hə Əlini, nə də Gülarəni. Həsən institutda oxuyurmu? Oxuyur. Məktəbi təhvil ver. Həmişəlik? (“ Kirpi” jurnalı).İstər rus dilçiliyində, istərsə də türkologiyada yarımçıq cümlə nəzəriyyəsində mübahisəli cəhət ondan ibarətdir ki, bəzi əsərlərdə baş üzvlərdən biri və ya hər ikisi buraxılan cümlələr yarımçıq hesab edilir. Bəzi əsərlərdə isə baş vəya ikinci dərəcəli üzvlərdən biri iştirak etməyən cümlələr yarımçıq cümlə adlandırılır.

Cümlənin əsasını baş üzvlər təşkil etdiyi və fikir də bu iki üzvdə mərkəzləşdiyi üçün bunlardan birinin və ya hər ikisinin buraxılması cümlənin yarımçıqlığına səbəb olur. Aşağıdakı misallara nəzər salaq:

Həsən institutda oxuyurmu? Oxuyur. Kim idi gələn?-Gülarə. Qal bizdə, həmişəlik? Siz kimi nəzərdə tutursunuz? Əlini.

M.Ş.Şirəliyev və M.Hüseynzadə yarımçıq cümləyə tərif verərkən ancaq baş üzvlərdən birini deyil, hər ikisini də buraxıldığını göstərirlər. Müəlliflər bu məqsədlə yazırlar: “Baş üzvlərdən biri və ya hər ikisi buraxılmış cümlələrə yarımçıq cümlə deyilir. Yarımçıq cümlənin üç növü vardır; I.Xəbərsiz yarımçıq cümlələr; məs:- Sizin sinfinizə kim pioner təşkilatçısı seçilmişdir? Gülarə; II. Mübtədasız yarımçıq cümlələr; məs.: - Gülarə kimdir?- Şagirddir; III. Mübtəda və xəbərsiz yarımçıq cümlələr; məs.:- Gülarə nə vaxtdan pioner təşkilatçısı seçilmişdir?- İlin əvvəlindən.

Yarımçıq cümləyə dair verilən yuxarıdakı tərif, eləcə də bölgülər və misallar göstərir ki, müəlliflər yarımçıq cümlədə baş üzvlərdən birinin və ya hər ikisinin buraxıldığı fikirindədirlər.

Yarımçıq cümlənin fərqləndirilməsində əsas meyar onun formal qrammatik tərkibi, quruluşu olmalıdır; Çünki cümlənin yarımçıqlığı bütöv cümlənin formal cəhətdən bir növü kimi nəzərə çarpır. Buna görə də V.Q.Admoni qeyd edir ki,

“Nitq mübadiləsinin öz xüsusiyyəti və konkret şərait formasından asılı olaraq bir neçə paralel quruluş mövcud olduqda nitq mübadiləsi prosesinin bu və ya digər fərdi xüsusiyyətlərindən maksimal dərəcədə abstraktlaşdırılan geniş və tam quruluşlu cümlənin əsas və normal forması hesab edilməlidir ”. [ 2,35; 273; 379; 386]

Mübtəda və xəbəri buraxılmış yarımçıq cümlə:Yarımçıq cümlə mətndə öz məna və quruluş bitkinliyini tapır və bunsuz o, mövcud deyildir. Yarımçıq cümlələr iki qrupa ayrılır: I. Kontekstual yarımçıq cümlə yəni, buraxılmış üzvü ya əvvəlki cümlələrdə, ya mövcud cümlənin tərkib hissələrinin birində olan və ya tərkib üzvlərdən biri ilə müəyyənləşdirilən yarımçıq cümlələr; II. Elliptik cümlələr. Buraxılmış üzvü mövcud cümlənin və ya ümumi mətnin məzmununa görə müəyyənləşən yarımçıq cümlələr.

Kontekstual yarımçıq cümlə:Mübtədanın buraxılması. Üçüncü şəxslə ifadə olunmuş mübtəda müəyyən rabitəli mətnin əvvəlki cümlələrində qalır, sonrakı cümlələrdə isə buraxılır. Bu cür buraxılmanın səbəbini İ.A.Papova belə izah edir: “ Mübtədanın təkrar olunmaması, eləcə də əvəzliklə əvəz edilməməsinin əsas səbəbi ondan ibarətdir ki, əsas fikir xəbərdə mərkəzləşsin, bundan başqa, həmin cümlələr əvvəlki cümlənin, fikrin davamı kimi başa düşülsün. Belə mübtədaların hərəkətin inkişafında yeni dövrü, yeni dönüş göstərib, başqa zaman münasibətlərində olur”.

Belə cümlələrdə məqsəd yeni qrup xəbərləri nəzərə çarpdırmaqdır; məs.:

Qulu bir nəfəsə çəpəri aşdı.Qapının ağzındakı ocağa yaxınlaşıb, papirosunu yandırdı.(S.Rəhmanov); Mən tez əlimi cibimə atıb, ətin pulunu verdim. Mirzə Qulam əti götürdü. Çıxdıq (Mir Cəlal); Əmir İnanc onun nə demək istədiyini çox gözəl bilirdi. Lakin ona söz verməyə cəsarət etmədi (M.S.Ordubadi).

1.Yarımçıq cümlədəki işin icraçısı əvvəlki cümlədə mübtəda və ya mürəkkəb mübtədanın tərkib hissəsi vəzifəsində çıxış edən söz ola bilər; məs.: Zivər qapıdan girdi. Salamlaşdı, əyləşdi sonra şkafına tərəf getd ( M.Əlizadə). Mədinəgil onu sakit etmək üçün səy göstərirdilər. Nəhayət, gecə yarısı evinə yola saldılar (M.İbrahimov); İmamqulu bu dəfə çox sakit və təmkinlə danışdı. Heç kəsi ittiham etmədi. Ayrı-ayrı ustaların adını çəksə də, qışqırıb səsini ucaltmadı, dostanə bir əda ilə onlara müraciət edib hərəkətə gəlməyə, imkanlardan bacarıqla isifadə etməyə çağırdı ( M.İbrahimov). Məmmədhəsən ağanın rəngi ağarmışdı. Görünür, piyada getməkdən yorulmuşdur ( Y.V.Çəmənzəminli).

Yarımçıq cümlədəki işin icraçısı özündən əvvəl gələn cümlənin tamamlığı və ya mürəkkəb tamamlığın tərkib hissəsi vəzifəsində çıxış edən söz ola bilər; məs.: Gedək onları tapaq. Çox gecikdilər( S.Rəhman); Badamı ona vermə, heyfdir! (Mir Cəlal); Əli Mərdanov arvadına və bacısına tapşırmışdı ki, hərdən bir arvadı kino-teatra da aparsınlar. Qocalıb, qoy ürəyi darıxmasın (M.Əlizadə); Mən hərdən bir bacımgilə gedib Zivərin işləri ilə tanış olardım. Doğurdan da, çox yazırdı (M.Əlizadə); Oxuduğum məktəbin müəllim və müəllimlərinə baxıb həsəd aparırdım. Nə xoşbəxtdirlər (T.Şahbazi); Ancaq mən bir an belə Xədicəni unuda bilmirdim. Onun xəyalı gözümün qabağından getmirdi; görəsən, neyləyir, haradadır, xoşbəxtdirmi? (S.Rəhman).

Yarımçıq cümlələrdəki işin icraçılarından biri əvvəlki cümlənin mübtədası,digəri isə tamamlığı və ya onların tərkib hissələri olur; məs: Mir Əliməmməd ağa uzaqdan Vaqifi görüb qabağına çıxdı.Görüşdülər (Y.V.Çəmənzəminli); Təliqə hazır olandan sonra baş baytar həkimi Kələntərov Kalmıkova ilə bərabər qoyunlara baxmaq üçün Xırdalana getdi. Çox axtardılar, ancaq qoyunları tapa bilmədilər (“Kirpi” jurnalı);Orta kənd məktəbinin son sinfində ikən o, Sona ilə sevişməyə başlamışdı.Bakıya oxumaq üçün də bərabər gəlmiş və bərabər də kəndə qayıtmışdılar (M.Əlizadə). 2)Mübtədası buraxılmış yarımçıq cümlələrin bir növünü tapmacalar təşkil edir.Belə cümlələri işlətməkdə məqsəd zehində tutulmuş mübtədanı tapıb yerinə qoymaqdan ibarət olur; məs: Yatanda yumru yatar,Ətini dərmana qatar,Kim istəsə onu tuta,Tikanları əlinə batar;Günəşlə gülər,Axşam mürgülər;Ağaca çıxar adamla,Bir nəlbəki badamla.Nə dili var ,nə ağzı, Hey danışır adamla. Mübtədası buraxılmış tapmacaları bəzi dilçilər, o cümlədən Ə.M.Cavadov şəxssiz cümlə hesab edir. Məsələn, Göydən düşdü,yerə yapışdı.Gəmiyə minər,qıçın sallar. Qeyd etmək lazımdır ki, şəxssiz cümlələrin mübtədası qrammatik cəhətdən ifadə olunmadığı kimi, təsəvvürdə də tutulmur.

Odur ki,onu tapmaq mümkün deyildir və buna ehtiyac da hiss edilmir.Tapmacaların isə səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki,bunlarda müəyyən üzv qrammatik cəhətdən ifadə edilmir,məhz ona görə ki,təsəvvürdə tutulur.Buraxılan üzvü istədiyimiz vaxt tapıb yerinə qoya bilərik.

3) Dialoq nitqində də mübtəda buraxıla bilər; məs.:

- Qızım, zəngi vuran kimdir?

- Bir leytenantdır (S.Rəhman).

Xəbərin buraxılması: 1) Dialoq nitqində cümlələr sual-cavab vahidi kimi işlənir və bu zaman xəbər buraxıla da bilir; məs.: Kim eşidib balıqların səsini?- Heç kim (R.Rza); Şirəli. Kim oynayacaq? Surxay. Mən (S.Rəhman);-Heybət, qonaq gəlir, qapıya çıx,- Tükəz onun yanından tələsik ötüb içəri girdi. Qonaq? (İ.Hüseynov).

1.Təkrardan qaçmaq məqsədi ilə mürəkkəb xəbərin ancaq birinci tərkib üzvü də buraxıla bilər; məs.: Musa.Sən onu başa düşməzsən, çünki cavan beynin hələ o cür dərin məsələləri dərk edə bilməz. Surxay.Bilməz, bilməz, mənim daha ayrı sözüm yoxdur (S.Rəhman). Surxay. Bəs atanızın adı nədir? Canın üçün yadımdan çıxıb. Zalxa. Çıxar da (S.Rəhman).

2.Tabesiz mürəkkəb cümləni təşkil edən sadə cümlələrin buraxılmış xəbəri mürəkkəb cümlənin birinci tərkib hissəsindən aydın olur; məs.: Şamil Bakıya gedir, ya sən? (S.Rəhman); Mən onu sevmişəm, o da məni (S.Rəhman); Sən ordan çıx, mən burdan, Kor olsun düşmənimiz (“Xalq mahnıları”)

Dialoq nitqində cümlənin baş üzvlərinin hər ikisi buraxıla bilər; məs.:-Sən neçə aldın? – Beş (S.Rəhman); -Sağ əli kəsilib, sol əlinin barmaqları da qabar-qabardır. İndi bunun nəyinin əksini alaq, ağayi mister?- Dilinin (A.Seyfəddin) [ 3,19-27; 306-309 ]

Elliptik cümlələr:Elliptik cümlələrdə feili, bəzən də ismi xəbər buraxılır. Belə cümlələr fikrin daha obrazlı və qənaətlə ifadəsinə xidmət edir.

Bir az da işıq “ver// verin” – deyə o, təkrar etdi(S.Rəhimov); Qaragöz, qıvrım saç, orta boylu qız isə cəsarətlə ona yanaşıb, əli ilə işarət etdi: hara belə “ gedirsən?// gedirsiniz?” (Mir Cəlal); Kommunizmin qələbəsinə doğru! “gedək // irəliləyək” (“Kommunist” qəzeti).

Birinci və ikinci elliptik cümlələrdə buraxılmış üzv (xəbər) həmin cümlənin daxil olduğu mətnin ümumi məzmununa görə, üçüncü misalda isə cümlənin öz məzmununa əsasən yerinə qoyulur. Atalar sözündən ibarət elliptik cümlələrdə də (məs: Ata qamçı, eşşəyə biz “ vurarlar / lazımdır” )buraxılmış xəbər cümlənin öz məzmununa əsasən bərpa edilir. Bu cümlələrdə buraxılmış xəbər fikrin tam verilməsinə heç bir maneəçilik törətmir. Əksinə, belə xəbərləri yerinə qoysaq, fikrin ifadəsi ağırlaşar.

Elliptik cümlələrdə xəbərin buraxılması müəyyən bir məqsədlə bağlı olur. Yəni danışan işin ya icra yerini, ya zamanını, ya səbəbini və s. nəzərə çarpdırmaq istəyir. Məsələn, Yeni qələbələrə doğru! Misalında əsas məqsəd hərəkətin obyektini, Döyüşçü döyüşdə gərək! cümləsində işin, icra yerini, İlin bu fəslində belə gül? cümləsində isə əşyanı nəzərə çarpdırmaqdır. Məhz bu məqsədlə əlaqədar olaraq həmin cümlələr də feli xəbər buraxılmışdır. Türkoloji dilçilik ədəbiyyatında elliptik cümlələrdən xüsusi tədqiqat obyekti kimi son illərdə danışılmışdır.

Elliptik cümlələrin yarımçıq cümlənin başqa növlərindən fərqlənən cəhətlərini nəzərə alaraq, rus dilçiləri xəbəri buraxılmış bu qəbil cümlələri “ naqis yarımçıq cümlələr” (“ нарушенные неполные предложения” ), “sabit yarımçıq cümlələr” (“стационарные неполные предложения») adlandırılar.

Elliptik cümlələrə verilən bu müxtəlif təriflərdən və terminlərdən məlum olur ki, rus dilçiləri elliptik cümlələri yarımçıq cümlə adlandırsalar da, onları buraxılmış xəbəri mətnə görə müəyyənləşən yarımçıq cümlələrin başqa tiplərindən fərqləndirirlər.Qeyd etmək lazımdır ki. “elliptik cümlələr” termininin özü də burada şərti işlənir. Çünki ellipsis (elipsis) yunan sözü olub, buraxılma deməkdir. Yarımçıq cümlənin bütün növlərində müəyyən üzv buraxılır. Lakin elliptik cümlələrdə buraxılma ilə başqa növ yarımçıq cümlələrdəki buraxılma bir-birindən əsaslı şəkildə fərqlənir. Kontekstual yarımçıq cümlələrdə buraxılmış üzv özündən əvvəlki, yaxud sonrakı cümlələrdə və ya mövcud cümlənin tərkib hissələrində olur, elliptik cümlələrdə isə ya mətnin, ya da cümlənin ümumi məzmununa görə müəyyən edilir.

Elliptik cümlələr ilk baxışda adlıq cümlələrə bənzəyir. Bunların oxşar cəhətləri ondan ibarətdir ki, hər ikisində (yəni həm adlıq, həm də elliptik cümlələrdə) xəbər olmur və bu üzvün iştirakına ehtiyac da hiss edimir.Bunlarla bərabər,onların fərqli xüsusiyyətləri də vardır. Elliptik cümlələrdə buraxılmış üzvü və ya üzvün bir hissəsini mətnə, yaxud cümlənin öz məzmununa görə müəyyənləşdirmək mümkündür; məs: Arkas. Səngərə “gedin\\girin” (M.İbrahimov); Qurban “olum” adına. Bir sal yadina (S.Rüstəm). Adlıq cümlələrdə isə heç bir üzv buraxılmır. Bu cümlələrdə müəyyən zamanda hadisənin, əşyanın mövcud olması təsdiq edilir. Adlıq cümlələr hadisələri təsvir məqaminda daha çox işlənir və özlərindən sonra gələn cümlələrdəki işin yerini zamanını və s .göstərir; məs.:London, Qədim bir qəbiristan. Marksın qəbri (S.Vurğun); Yay günü.Yol üstü,ağac kölgəsi (S.Vurğun); Oxucum,təsəvvür et:Bir kənd evi,göy çəmən... Gün batanda üfüqlər Al geyinib şəfəqdən, Toplanıb kolxozçular Bir-bir çinar kölgəsində (R.Rza).

Elliptik cümlələr bəzən sabit söz birləşmələri ilə ifadə olunan söz-cümlələrə bənzəyir; məs: Qulaqlara qurqusun. Deyəsən, bas aldı getdi bəlağət quşum (R.Rza); Canına sağlıq,qardaş,dörd gündür ki,diş ağrısı məni əldən salıb (“Molla Nəsrəddin lətifələri”); Xoş hallarına ki, divan gözündən uzaqlarda, o quşqonmaz dağlarda yaşayırlar (S.Rəhimov).

Bu cümlələrin elliptik cümlələrdən fərqi orasındadır ki,bunlarda xəbəri tapıb yerinə qoymaq çətindir,elliptik cümlələrdə isə bunu istədiyimiz vaxt edə bilərik.Asağıdakı iki misaldan da bunu görmək olar:Yaxşı yol olsun!Təzə yerlərdə gərək məhsul bol olsun (H.Hüseynzadə); Günəş,yaxşı yol,­­-deyə yola saldı onları (S.Vurğun).Elliptik cümlələrin buraxılmış xəbəri ən çox feli,qismən isə ismi olur.

Feili xəbəri buraxılmış elliptik cümlələr: Elliptik cümlələrin əksəriyyətində müəyyən bir işin icra edilməsi haqqında danışanın təkid, təklif, xahiş, məsləhət, nəsihət və ya çağırışı ifadə edilir,başqa sözlə desək,bunlar əmr xarakterli olur.Elliptik əmr cümlələrində aşağıdakı xüsusiyyətlər nəzərə çarpır:

1. Cümlənin əsasını isimlə ifadə olunmuş vasitəsiz tamamlıq (tələb edilən əşya ) təşkil edir.Bu cümlələr ya xahiş, ya da tələb xarakterli olur və bunlarda işin sürətli şəkildə icrası ifadə edilir. Belə cümlələrdə daha çox hərəkət və ya iş feli buraxılır; məs.: Oğul, barı bir həkim”çağır”-deyə hönkürüb ağladı (S.Rəhimov); Altı milyon manatlıq əlavə məhsul! “yığaq\\verək” (“Bakı” qəzeti );Qaraquşun başı ağrıyırdı, yaman haray çəkirdi: Ay bir əlac “elə\\eləyin”. Ay bir dərman “ver\\gətir” (R.Rza); Amandır, axund,bir çarə “elə” (Y.V.Çəmənzəminli); Fəxrəddin bəy. Mənə bir az su....(N.Vəzirov); Şahmar bəy. Qorxma,canım sənə qurban! Bu saat... Gülbahar, bir yaylıq,tez bir yastıq, tez...(N.Vəzirov).

2.Cümlənin əsasını zərflə ifadə olunmuş zərflik təşkil edib,hərəkətin yönəlmə obyekti zamanı tərz ön plana çəkilir; məs.: Gəlir kommunizmin böyük günləri, İrəli “gedək”yoldaşlar, daha irəli?...”gedək” (S.Vurğun); Bəy,geri “dön\\dönün” (S.Rüstəm); Süleyman, yavaş-yavaş!”tərpənin” (S.Vurğun); Maral. Yoldaş Sadıq,bir dəqiqəliyə “dayan” (S.Rəhman). 3.Cümlənin əsasını yönlük halda duran isimlə və ya qoşma tərkibi ilə ifadə olunmuş zərflik təşkil edir.Belə cümlələr iki mənaya malik olur:

a) bir qismi çağırış,təklif bildirir; məs.: Elxan. Qardaşlar,bacılar,bu azadlıq bayrağı altında yeni azad həyata doğru! “gedək” (“Kommunist” qəzeti); Salman fincanları doldurdu,birini Yarməmmədə uzatdı, Sənin sağlığına “içək// qaldiraq”deyib durdu (M.İbrahimov).

b) təkid bildirir; məs.:Henrix. Tez kazarmalara! ”gedin” (M.İbrahimov); Nina. Mustafa, buraya “gəl\\gəlin” (M.İbrahimov); Rizvan. Elə də lazımdır, indi iş dalınca “gedək” (S.S.Axundov); Arkas. Bu saat döyüşə “gəlin”! (S.S.Axundov) ;Gülnisə .Bayıra “çıxın” (C.Cabbarlı); El hara,sən də ora “ get”(Atalar sozü).

Buraxılmış xəbəri əmr şəklində olan elliptik cümlələrdəki hökm ümumi şəxsə aid ola bilər.Buna ən çox atalar sözlərində rast gəlirik; məs:Arvadı ahıl gözüylə,atı cahı gözüylə ” gör\\seç” (Atalar sözü).

4.Cümlənin əsasını yerlik halda isimlə ifadə olunmuş tamamlıq təşkil edir.Bunlar işin icra olunduğu obyekti göstərir; məs:Dost ürəyi dost ovcunda “gərək olsun”(Atalar sözü).

5.Cümlənin əsasını yönlük halda duran söz təşkil edir;məs:Vay bizim halımıza “olsun”.Ağrın mənə” gəlsin “.Səni içəri aparmaq ,bax,bibinin bu boynuna “olsun”(M.Cəlal).[4,88-89] [ 5,95 ]

Elliptik cümlələr aşağıdakı məqamlarda işlənir:a) yalvarış, əzizləmə, alqış, təbrik məqamında; məs: Xalan gözlərinə qurban (Ə.Vəliyev); Başını qoy dizimin üstünə gör yata bilirsənmi,qurban sana...(N.Vəzirov);Oğlanlarım ölsün ki,doğru deyirəm; Maşallah ,gözüm ayağının altına (N.Vəzirov);Onun ölməz ruhuna min rəhmət (M.İbrahimov); -Gözün aydın,oğul,atan gəlir... (S.Rüstəm);Elm cəbhəsinin qəhrəmanına atəşin salamlar (S.Rəhman); Şeyda. Gənc tələbələrə salam (S.Rəhman); Ziyanət. Şeyda,toyunuz mübarək (S.Rəhman); Axşamınız xeyir, Teymur müəllim (H.Seyidbəyli).

b) nifrət, qarğış, narazılıq məqamında; məs:Qadam ürəyinə, sifətinə bir az ənlik, kirşan sürtüb, deyir bu da zənən xeylağıdır (Ə.Vəliyev); Əğyar nədir, qadam ona ki, Baş qoşa adam ona (S.Rza); Ağrım xanın ürəyinə, xan gələndə dünya qopmayacaqdır ki, iki kəlmə danışıb, çızıb gedecek (N.Vəzirov).

c) çağırış, müraciət məqamında. Bunlar, əsasən, qəzetlərdə başlıq kimi işlənir; məs: Plandan əlavə məhsul! Xoş sabahımız naminə! Sentyabr hesabına! Oxucuların nəzərinə!(“Kommunist”qəzeti).

Nəqli və sual cümlələrində müəyyən üzvü nəzərə çarpdırmaq,eləcə də fikrin obrazlı ifadəsi məqsədi ilə feli xəbər buraxılır.Bu qəbil cümlənin əsasını müxtəlif üzvlər təşkil edə bilər.

1.Cümlənin əsasını adlıq halda duran ismi söz birləşməsi ilə ifadə olunmuş mübtəda təşkil edir.Bu cür cümlələrdə bənzətmə və s. ifadə olunur;məs:Aslanın nə erkəyi,nə dişisi “olar”(Atalar sözü); Varlının atı,kasıbın övladı “ çox olar” (Atalar sözü); Çobanın yastığı daş,könlü çəmən “olar”(Atalar sözü); Dəlinin sözü,sərxoşun gözü “axar” (Atalar sözü). Afişalarda işlənən elliptik cümlələrin də əsasında adlıq halda işlənən isim durur; məs:

Yaxın günlərdə.

“Nizami” (Böyük salonda) - “Cehizli toy”-“olacaq\\gedəcək”.

M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrı. Aprelin 6-da.

Dönüş”-“olacaq\\gedəcək”

(“Kommunist”qəzeti). 2.Cümlənin əsasını yönlük, təsirlik, yerlik və ya çıxışlıq halda duran isimlə ifadə edilmiş tamamlıq təşkil edir; məs: Ata ot,itə ət “verərlər” (Atalar sözü); Quş dimdiyindən, insan dilindən “zərər çəkər \\bəla çəkər” (Atalar sözü); On kişiyə bir ciyər “çatarmı\\kifayət edərmi? (Atalar sözü); Dostluq üç almadır: gah ikisi səndə, biri məndə, gah ikisi məndə biri səndə “olur\\olar”(Atalar sözü). 3.Cümlənin əsasını müxtəlif nitq hissələri ilə ifadə olunmuş zərflik təşkil edir. Belə cümlələrdə işin icra yeri, zamanı, məqsədi ön planda verilir; məs: Valentinov. Sonra, sonra? “nə oldu” (C.Cabbarlı); Dayan, hara belə? “gedirsən?” (S.Rüstəm); Axı mən niyə, xanım, məni nədən ötrü? “döyürsünüz?” (S.Rəhimov); “Nə əcəb belə sübh açılmamış “gəlmişsən\\gəlmişsiniz? (M.İbrahimov); Bu saat “gəlirəm”-deyə Asiya ordan təqribən iki verst aralı olan yasxanaya sarı qaçdı (Ə.Abbasov); Əlin çatmayan armud atanın xeyratına “gedər” (Atalar sözü); Ölüsü bir gün, şivəni min gün “olar” (Atalar sözü); Çörəyi ellərdən, suyu göllərdən “gəlir” (Atalar sözü); Əliqulu. Səfər, bu söhbət aramızda “qalsın” (S.Rəhman). 4. Tabesiz mürəkkəb cümlədən ibarət atalar sözlərində hər iki tərkib hissədə eyni mənalı xəbər əksərən buraxılır.Bunlarda da zaman, yer, məqsəd bildirən zərflik nəzərə daha qabarıq çarpdırılır; məs: Kürkü yayda, orağı qışda “taparlar\\alarlar\\hazırlayarlar” (Atalar sözü); Ət odda, xəmir suda “bişər” (Atalar sözü); Abır harda, çörək orda “olar” (Atalar sözü); Ağ ayran ağaclar dibində, qara kişmiş bəylər cibində “olar” (Atalar sözü); Birlik harda, dirrik orda “olar” (Atalar sözü); Xəstə yataqda, şorba tasda “olar” (Atalar sözü). 5.Cümlənin əsasını mürəkkəb xəbərin ad hissəsi təşkil edir; məs: Mənim kimi qaradinməzə fayda “olar\\ola bilər\\dəyər” (S.S.Axundov); Direktorlar lap məəttəl qalıblar. Bu yaşda uşaqda belə fərasət “olar” (Mir Cəlal). Vasitəli nitqdən sonra gələn “demək” feilinin təsrif şəkilləri ilə ifadə edilmiş feili xəbər çox zaman buraxılır. Belə buraxılmada məqsəd vasitəli nitqdə “demək” feilindən qabaq gələn hər hansı bir üzvü nəzərə çarpdırmaqdır.1.Vasitəli nitqin iş görəni-mübtədası ön plana çəkilir; məs:Xalanı məhv etdin,eyni zamanda məni də məhv etdin dedikdə Qütlüğ “dedi” “Sən də məni məhv et” (M.S.Ordubadi).

2. Bu zaman yerlik halda işlənən cavabında tamamlığı cümlənin əsasını təşkil edir; məs:



Anası cavabında “dedi”: -Əbdülkərim anası ağlamaz (Ə.Haqverdiyev). Hökmdar gənc qadinın cavabında “dedi”:

-Təbiəti gözəlləşdirən bir çox şeylər vardır (Ə.Haqverdiyev).

3.Vasitəsiz nitqin yönəldiyi şəxs ön plana çəkilir; məs: Mağazanın sahibi gəlib Bahadıra “dedi”:



-Buyurunuz,nə xahiş edirsiniz (N.Nərimanov) 4.Vasitəli nitqin zərfliyi ön plana çəkilir; məs:

Oğlan təəccüblə:

-Canım,sizə verilən evə hökumət yüz min manat xərcləyib...(“Kirpi” jurnalı).

İsmi xəbəri buraxılmış elliptik cümlələr. Bu qəbil cümlələrdə “var” sözü buraxılır. Bu qəbil cümlələrin əsasını mübtəda təşkil edir və bunların çoxu sual xarakterli olur; məs: Sənsiz ömrüm, günüm açmaz. Sənsiz ömrün, günün nə mənası “var” (S.Rüstəm) ; İskəndər. Ata, nə xəbər? ”var” (C.Məmmədquluzadə); Sənin oğlun, mənim oğlum, nə təfavütü “var” (S.Rəhimov); Mənim kimi gözəldən başqa, bu qədər sulu,torpaqlı kəndlərin sahibi olanın dünyada nə dərdi “var” \\ola bilər”,ay Zəriş? (S.Rəhimov); Ağın adı, qaranın dadı ”var” (Atalar sözü); -Əssalam- əleyküm, sizi çox xoş gördük, keyflər, əhvallar... “necədir” (Mir Cəlal); Qaçayla sənin nə alverin? “var\\ola bilər” (Ə.Vəliyev). İsmi xəbəri buraxılmış elliptik cümlələrin bir qismi oxşatma,bənzətmə müqabilində işlənir. Bu qəbil elliptik cümlələrdə “ fərqi yoxdur” və ya “ ikisi də birdir” xəbəri buraxılır; məs: Mis düşdü, ya cingildədi “fərqi yoxdur\\birdir\\ikisi də birdir” (Atalar sözü). Misallardan göründüyü kimi, onlar tabesiz mürəkkəb cümlələrdir. Buraxılan xəbərlər tabesiz mürəkkəb cümlənin ikinci tərkib hissəsinə aiddir.

Dilimizdə lazımdır, gərəkdir, bəsdir sözləri ilə ifadə edilmiş xəbəri buraxılan elliptik cümlələr də işlənir. Bu cümlələrdə mübtəda ilə ifadə olunan məna ön plana çəkilir; məs.: Yeməyə də kömək işləməyə də kömək “lazımdır” (Atalar sözü); Qırx qarğaya bir sapan daşı “bəsdir” (Atalar sözü) ; Bir kora bir dəyənək də “ bəsdir” (Atalar sözü); Məmmədağa. Səbəb? “ nədir” (N.Vəzirov); Aşağı tərəfdə oturan zabit üzünü Qasım kişiyə tutub bərkdən soruşdu: - İsmin? “nədir” (A.Seyfəddin).

Qarşılaşma məqamında işlənin cümlələrin bir qismində tutuşdurulan tərəflərdən ikincisinə üstünlük verilir və bu zaman yaxşı sifəti ilə ifadə olunmuş xəbəri buraxılır; məs: Min günün ölülüyündən bir günün diriliyi “yaxşıdır” (Atalar sözü);İti qılıncdansa, mənalı söz “ yaxşıdır” (Atalar sözü). Elliptik cümlələrdə ismi xəbərin ikinci hissəsində əsasən kimi qoşması buraxılır.Bu cür cümlələr atalar sözlərindən ibarət olub, müqayisə məqamında işlənir; məs.: Dilsiz ağız- dişsiz dəyirman “ kimidir “ (Atalar sözü ); Dibsiz kisə - boş anbar “kimidir “ (Atalar sözü); Uşaqsız arvad – meyvəsiz ağac “ kimidir “ (Atalar sözü ); Yay gününün yağışı, ər-arva dın savaşı “ kimidir “ (Atalar sözü ).

Yuxarıda verilən izahatdan aydın olur ki, Azərbaycan dili üçün səciyyəvi olan cümlə növlərindən biri də elliptik cümlələrdir. Bu qəbil cümlələr daha çox atalar sözlərində, afişalarda, şüarlarda və s. işlənərək fikrin daha yığcam və təsirli ifadəsinə xidmət edir.

1   ...   7   8   9   10   11   12   13   14   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə