Terminologiya məSƏLƏLƏRİ №1




Yüklə 1.54 Mb.
səhifə11/15
tarix22.02.2016
ölçüsü1.54 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   15

Tərəfləri Azərbaycan və ərəb mənşəli komponentlərdən ibarət olan hibridlər

Azərbaycan dilində bu quruluşda olan aşağıdakı kimi hibridlərin işlədilməsi müşahidə edilir:

Üzbəsurət, səs-səda, səs-səmir, ağı-zəhər, haray-həşir, dava-dalaş, düzəməlli və s. Bu nümunələrin içərisindəki üzbəsurət sözündə üz tərkibi surət tərkibinə nisbətən üz mənasında daha intensivdir. Səs-səda tərkibində səs sədaya nisbətən daha intensivdir; səs-səmir tərkibində səs intensivdir; ağı-zəhər tərkibində ərəb mənşəli zəhər sözü intensivdir; haray-həşir tərkibində haray intensivdir; dava-dalaş tərkibində dava sözü mənaca konkretdir; düzəməlli tərkibində hər iki sözün digər əlavə mənaları da mövcuddur. Tərkib daxilində isə sözün birinin mənası digəri ilə tamamlanır və bütövləşir.

    1. Tərəfləri Azərbaycan və fars mənşəli komponentlərdən ibarət olan hibridlər

Azərbaycan dilində işlənən bu tipli tərkiblərə dair aşağıdakı kimi nümunələri misal gətirmək olar:

a) hər iki tərəfi məna müstəqilliyi saxlayan hibridlər:


cütqoşa, açıq-aşkar, gül-çiçək, çöl-biyaban, zor-güc, arzu-dilək, dost-tanış, tək-tənha, doğru-dürüst, dəli-divanə,qabaq-qənşər və s. Bu nümunələrdə işlənən cüt, aşkar, gül, biyaban, zor, arzu, dost, tənha dürüst, divanə sözləri fars mənşəlidir. Bu sözlərin hər biri müstəqil şəkildə işlənə bilən vahidlərdən ibarətdir. Həmin sözlər müvafiq olaraq Azərbaycan dilindəki qoşa, açıq, çiçək, çöl, güc, doğru, dəli kimi sözlərlə birlikdə işlənərək mənanın intensivləşməsinə xidmət edir.
b) Tərəfləri birində məna müstəqilliyi deqradasiyaya uğramış hibridlər: al qırmızı, uzundraz, xırda-xuruş, təzə-tər, didə-göz və s. Bu nümunələrdəki Azərbaycan mənşəli al, fars mənşəli draz(dıraz), xuruş, tər, didə sözləri tərkiblərin digər komponentlərinə nisbətən öz müstəqilliyindən uzaqlaşmışdır. Birlikdə isə hər ikisi gizli bir mənanı canlandırmağa xidmət edir.

3.Tərəfləri ərəb və fars mənşəli komponentlərdən ibarət olan hibridlər
Azərbaycan dilində işlənən bu tipli hibridlərə dair aşağıdakı hibridləri misal göstərmək olar. dərd-bəla, əhd-peyman, dava-dərman, əziz-girami və. Bu nümunələrdəki dərd, peyman,dərman, girami tərkibləri fars dilinə bəla, əhd, dava(dəva), əziz tərkibləri ilə ərəb dilinə məxsusdur. Mürəkkəb hibrid söz tərkibində bu sözlər bir qayda olaraq eyni mənanı qüvvətləndirməya xidmət edirlər. Doğrudur, Azərbaycan dilində peyman(əhd), dava(dərman), girami(əziz) sözləri (göstərilən) mənadan müəyyən qədər uzaqlaşmış vəziyyətdədir. Ancaq tərkib daxilində onların mənaları bir növ reabilitasiya olunur.

4. Tərəfləri Azərbaycan və Avropa mənşəli sözlərlə ifadə olunan hibridlər

Azərbaycan dilində bu tipli sözlər əvvəldə qeyd olunanlara nisbətən az işlənir.Belə sözlərə dair aqrar -kənd, avia- uçuş və bir tərəfi ərəb dilindən Azərbaycan dilinə daxil olaraq, azərbaycanlaşmış foto-şəkil kimi sözləri misal göstərmək olar. Avia tərkibi mənşəcə latın dilinə məxsusdur, mənası quşuçmaq anlayışını bildirir. Aqrar tərkibi yunan dilinə məxsusdur, mənası kənd işləri ilə kənd təsərrüfatı ilə məşğul olmaq anlayışını bildirir, foto sözü mənşəcə yunan dilinə məxsusdur, mənası işıq anlayışını bildirir.

Paralel hibridlərin öyrənilməsi, tədqiqi və təhlili dilçiliyimiz üçün kəmiyyətli dil nümunələrindən ibarətdir. Bu cür sözlərin öyrənilməsi dildə tarixən baş verən hibrid paralelləşmənin səbəblərini aydınlaşdırmaq üçün maraqlıdır.

Eyni zamanda paralel hibridlərin öyrənilməsi dildə sinonimləşmənin genişlənmə mühitini araşdırmaq baxımından lazımdır. Paralel hibridlərin funksiyası dildə obrazlaşma və məna intensivliyi yaratmaqdan ibarətdir. Şifahi nitqin ifadəli olmasında, cəlbedici xarakter daşımasında paralel hibridlərin mühüm rolu vardır. Eyni zamanda, paralel hibridlər bədii üslubda obrazlaşdırıcı bir vasitəyə çevrilir. Şifahi nitq mədəniyyətinin cilalanmasında, dilin leksik semantik gücünün canlanmasında söz ehtiyatının zənginləşməsində paralel hibridlərin özünəməxsus yeri vardır. Paralel hibridlərin yazılış qaydalarının tətbiq olunması yazılı dil normalarının stabilləşdirilməsi baxımından da əhəmiyyətlidir. Beləliklə, paralel hibridlər dilin leksik-semantik potensiallılıq və obrazlılıq yaradılmasında həmçinin yazılı və şifahi nitq normalarının özünəməxsus şəkildə stabilləşdirilməsi baxımından xüsusi əhəmiyyətə malik olan dil vahidləri kimi nəzərə alınmalıdır.



Ədəbiyyat
1. M.İ.Adilov, Z.N. Verdiyeva, F.M. Ağayeva İzahlı dilçilik terminləri.Bakı,“Maarif”,1989.
2. Rubanu- Nizami Gəncəli Türkcə (Azərbaycanca) qəsidələr,qəzəllər.Bakı,”Nurlan”,2006
3. Mirvari İsmayılova Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi.Bakı,ADPİnəşr.,2008.
4. Əbdüləzəl Dəmirçizadə Azərbaycan ədəbi dilinin tarixi. I hissə, Bakı,1979.
5. Словарь иностранных слов. Москва, «Русский язык»,1989.
6. Рамазанов Камиль Тагиевич. Семантические принципы порядка компонентов парных слов в тюркских языках юго-западной группы. Автореферат докторской диссертации, Баку, 1984.

Ульвия Иманова
Паралельные гибриды в Азербайджанском языке

Резюме
Паралельные гибриды состоят из языковых единиц, компоненты, которых выражаются различными елементами языка и формирующихся на основе слов, имеющих одинаковый смысл. Одинаковый смысл сторон в параллельных гибридах в то же время создает семантическую интенсификацию. Паралельные гибриды служат сильному выражению эмоциональности в устной речи. Поэтому такие языковые единицы используются в основном в художественной литературе, как средство выразительности. Местом частого применения параллельных гибридов является процесс устной речи и художественные образцы.
Ulviyya Imanova

Parallel hybrids in the Azerbaijanian language
Summary
Parallel hybrids consist of language units based on words the component of which have the same meaning and are expressed by different linguistic elements. In parallel hybrids the same meaning of components creates joint semantic intensification. Parallel hybrids serve expressing emotions more strongly in oral speech. Thus, such linguistic components are used in fiction as means of figuration. The usage of parallel hybrids mostly occurs in verbal processes and literary fiction models.

Çapa tövsiyə edən: Gəncə Dövlət Universiteti
Rəyçilər: filologiya elmləri doktoru, professor M.İ.Yusifov

filologiya üzrə fəlsəfə doktoru Z.A.Ələsgərov




Gültəkin Əliyeva

AMEA Nəsimi adına Dilçilik İnstitutu

filologiya üzrə fəlsəfə doktoru
OMONİMLƏRİN YARANMA XÜSUSİYYƏTLƏRİ

(Azərbaycan və rus dillərinin materialları əsasında)
Açar sözlər: omonim, omoform, omofon, omoqraf, paronim, enantiosemiya.

Ключевые слова: омоним, омоформ, омофон, омограф, пароним, энантиосемия.

Key words: homonym, omoform, omofon, omoqraf, paronim, enantiosemiya.
Dilimizdə bir çox omonimlər vardır ki, dilimizin başqa dillərlə olan əlaqə və münasibəti nəticəsində müxtəlif yollarla əmələ gəlmişdir. Ümumiyyətlə, omonimlərin yaranma prosesi dilin lüğət tərkibinin inkişafında və zənginləşməsində çox böyük rol oynayır. Eyni zamanda omonimlər bədii dilin ifadə vasitələrindən biri olmaq xüsusiyyətlərini özündə əks etdirir. Beləliklə, demək olar ki, omonimlər Azərbaycan və rus dili leksikasında tədqiqə ehtiyacı olan ən maraqlı bir hissəsini təşkil edir. Türk sistemli dillərdə, o cümlədən Azərbaycan dilində və rus dilində də omonimləşmə hesabına lüğət tərkibinin zənginləşməsi prosesi onun qədim dövrlərdən əsas vasitələrindən biri olmuşdur. Bu hadisə isim və feil kimi nitq hissələrinə mənsub olan omonim sözlərdə də özünü əks etdirmişdir. Dilimizdə bir çox sözlər vardır ki, onlar həm isim və ya sifəti, həm də feili ifadə edir, məsələn ac – ac(maq), düz – düz (mək), saç – saç (maq), iç – iç (mək) və s. rus dilində də belə sözlər vardır ki, onlar da həm isim və ya sifəti, həm də feili ifadə edir, məsələn : стакан из стекла – вода стекла, косить косой – косой взгляд, тёплая печь – печь пироги ,разводить голубей – небо стало голубей,побелить потолок – потолок картошку və s.

Azərbaycan dilində belə omonim sözlərdən bir çoxu şəkilçi qəbul etmə yolu ilə tədricən bir-birindən şəkilcə fərqlənməyə başlamışdır. Bu fərqlənmə hadisəsi iki yolla getmişdir ya isim olan və yaxud feil olan sözlər şəkilçi qəbul edərək dəyişmişdir, məsələn: yaz(maq) – yazı, öl(mək) – ölü, çək(mək) – çəki, sür(mək) – sürü, qorx(maq) – qorxu, bərk – bərki(mək), ağır – ağrı(maq) və s. Türk sistemli dillərdə omonomlərin yaranma prosesində əsas bir xüsusiyyət kimi özünü göstərən bu hadisə flektiv dillərə aid ola bilmir. Çünki flektiv dillərdə köklər dilimizdə olduğu kimi həmişə müəyyən bir məfhum ifadə etmir, ikincisi, bu dillərdə bir nitq hissəsinin bu və ya digər şəkildə özünəməxsus forması vardır. Buna görə də flektiv dillərdə, o cümlədən rus dilində müxtəlif nitq hissəsinə mənsub məfhumları ifadə edən omonim sözlər yoxdur. Rus dilində omonim sözlər hər nitq hissəsinin özündə ola bilər. Bu dildə стекло (isim) və стекло (felin keçmiş zamanı); mpu (üç)mpu (felin əmr forması) kimi sözlər omonim yox, omoform sayılır.

Azərbaycan dilində eyni nitq hissəsi içərisində müxtəlif məfhum ifadə edən və müxtəlif nitq hissələrinə mənsub olan məfhumları ifadə edən omonimlər olduğu kimi omoformlar da vardır. Müxtəlif nitq hissələrinin özünəməxsus qrammatik şəkilçiləri qəbul etməsi nəticəsində meydana gələn müxtəlif mənalı eyni tərkibə malik sözlər omoform adlanır, məsələn: Nə gözəldir, nə də xoşdur gecələr, Yolçular, yoldaca rahat gecələr (S. Vurğun). Bu misralarda işlənmiş olan gecələr sözləri omoformdır. Buna oxşar omoformlar dilimizdə çoxdur. Məsələn, yanacaq (isim) – yanacaq (feil gələcək zaman), yarış (isim) – yarış (yar əmr forması), qazmaq (isim) – qazmaq (felin məsdər forması) və s. Göründüyü kimi, omoformlarda ifadə olunan mənanın biri qrammatik, digəri leksik olduğu halda omonimlərdə ifadə olunan mənaların hər ikisi leksik olur. Buna görə də omonimləri omoformlarla qarışdırmaq olmaz. Omonimlərdə söz kökləri və ya əsasları eyni olduğu halda, omoformlarda sözlər ancaq forma etibarilə bir-birinə oxşayır. Mənşəyi etibarilə də omonimləri iki qrupa ayırmaq olar: 1. Dilimizin öz daxilində baş verən dil hadisələri nəticəsində əmələ gələn omonimlər, məsələn: qol (insan qolu); qol (ağacın budağı); qol (imza); lil (suyun dibinə çökən narın-narın qum) – lil (sinka). Belə omonimləri daxili omonimlər adlandırmaq olar. 2.Dilimizə başqa dillərdən sözlərin keçməsi nəticəsində əmələ gələn omonimlər, məsələn: axır (sonərəbcədən), axır (heyvanlara yem vermək üçün taxtadan düzəlmiş xüsusi yer); bağ (meyvə ağacları, gül ağacları əkilən sahə, farscadan) – bağ (şey bağlamaq üçün işlədilən vasitə) və s. Belə omonimləri alınma omonimlər adlandırmaq olar. İstər daxili omonimlər, istərsə də xarici omonimlər müxtəlif yollarla əmələ gəlir. Daxili omonimlərin əmələ gəlməsində aşağıdakı xüsusiyyətlər müşahidə edilir:

a) çoxmənalı sözlərdə mənalardan birinin inkişaf edərək müstəqil məfhum ifadə etmək dərəcəsinə yüksəlməsi yolu ilə. Bu qayda ilə düzələn omonimlərin iki növü vardır.

1. Kök sözlərin çoxmənalılığından törəyən omonimlər: məsələn, ay (otuz gün) – ay (yerə ən yaxın məsafədə olan planet adı); bel (insan və ya heyvan bədəninin arxa hissəsi) – bel (torpağı ayaqla qazımaq üçün işlədilən alət); var (mal-dövlət) – var (bir şeyin olmasını təsdiq edən söz).

Yurdumuzun varı bitməz, tükənməzdir – cümləsindəki var sözü dövlət, zənginlik mənasında.Yurdumuzun cəlalı var, gücü var Nə gözəldir burda bağlar, bağçalar (İ. Səfərli) misralarındakı var sözü isə cəlalın, gücün olduğunu təsdiq mənasında işlənmişdir.

Dil(orqan) – dil (danışmaq); yel (hava) – yel (xəstəlik); koma (ev) – koma (yığın); kök (ağac kökü) – kök (tərəvəz) – kök (əsas); küt (iti olmayan) – küt (təndirdə odun üstünə düşmüş xəmir). Bütün bu ayrı-ayrı omonimlərin hər birinin ifadə etdiyi məfhumları arasında bu və ya digər şəkildə məna əlaqəsi vardır.

2. Düzəltmə sözlərin çoxmənalığından törəyən omonimlər. Bura eyni kökə şəkilçi artırmaq vasitəsilə düzələn omonimlər daxildir ki, bunlar da kök sözlərin çoxmənalılığı ilə əlaqədardır. Lakin belə omonimlər köklərdəki mənadan birinin inkişafı ilə deyil, ona sözdüzəldici şəkilçi əlavə edildikdən sonra məfhumun ikiyə ayrılması yolu ilə düzəlir, məsələn: dol sözünə u şəkilçisi artırıldıqdan sonra əmələ gəlmiş dolu sözü birinci, dolmuş, doldurulmuş mənasını verən sifət (su ilə dolu qab), ikinci, yağış mənasında (Bu gün dolu yağdı) mənasını verən isim əmələ gətirir.



Alma sözündə “lıq” şəkilçisi vasitəsilə, birinci almalıq – alma bağı, ikinci almalıq – taz sümüyünün çıxıq hissələrini bildirən isimlər düzəlir.

Həmçinin boğ feili “az” şəkilçisi qəbul etdikdə boğaz – (bədən üzvü), boğaz – (iki dənizi birləşdirən dar bir keçid) (hər ikisi isimdir) boğaz (balası olan mənasında) (sifət) sözlər düzəlir.



Aynalı – sifət (aynası olan), aynalı (tüfəngin bir növü) – isim, vergi – isim (gəlir üçün dövlətə ödənilən müəyyən məbləğ), vergi – isim (anadan gəlmə vergi).

b) Müxtəlif köklərə, kökün mənsub olduğu nitq hissəsinə və müəyyən şəkilçilərin artırılması yolu ilə düzələn omonimlər, məsələn: ağla(maq) felinə “r” artırıldıqda ağlar (gözü yaşlı) sifəti, sifətinə “lar” cəm şəkilçisi artırıldıqda ağlar (insanlar) isim düzəlir; quru sözünə “m” şəkilçisi artırıldıqda qurum (tüstüdən əmələ gəlmiş) ismi, qur(maq) felinə “um” şəkilçisi artırıldıqda yenə də qurum (təşkilat) ismi əmələ gəlir və s.

c) Müxtəlif mənşəli və ya dilin çox qədim dövrlərində mənşəyi bir olmuş sözlərin omonimləşməsi yolu ilə meydana gələnlər. Bunların əsasən iki növünə təsadüf edilir:

1) Müxtəlif mənşəli köklərin omonimləşməsindən törəyənlər, məsələn: biz (birinci şəxs əvəzliyinin cəmi) – biz (pinəçilikdə işlədilən alət); qabaq (ön tərəf) – qabaq (qovun – tağda bitən bostan tərəvəzi) ; Qax (rayon) – qax (quru meyvə); gürzə (ilan) – gürzə (xörək); ləpə (kiçik dalğa) – ləpə (qoz, fındıq); ay (planet) – ay (nida), ay (ilin ayları); kök (ağacın kökü) – kök (adam) və s.

2) Müxtəlif mənşəli düzəltmə sözlərin omonimləşməsindən törəyənlər, məsələn: boylu (qamətli) – boylu (hamilə); ağı (zəhər) – ağı (yasda söylənən sözlər) və s.

ç) Kökdə olan səslərdən birinin düşməsi nəticəsində sözlərin omonimləşməsi yolu ilə meydana gələnlər, məsələn: alaq sözündəki “q” səsinin düşməsi nəticəsində taxılın arasında bitən yaramaz ot mənasını verən ala sözü əmələ gəlmişdir. Dilimizdə qırmızı rənginin çalarlığını bildirən ala sözü də vardır. Bunun kimi əslində yuv və ya yuy sözünün son səsi “v (y)” atılaraq dilimizdə bu söz “yu” formasında işlədilir ki, onun yumaq məsdəri yum sözünə “aq” şəkilçisi artırıldıqda düzülən yumaq (sarılmış ip topu) sözünə omonim olur.

d) Bu və ya digər bir kökə müəyyən bir səsin artırılması nəticəsində dilimizdə sözlərin omonimləşməsi yolu ilə düzələnlər, məsələn: balağ sözü dilimizdə şalvarın və ya donun aşağı hissəsini bildirir, bala sözünə “ğ” səsinin artırılması ilə camış balasını bildirən ikinci bir söz düzəlmişdir ki, birinci balağ sözü ilə omonim olmuşdur. Bunun kimi dilimizdə kəs sözünə “ir” şəkilçisinin əlavəsilə çatışmamazlılığı, qalığı bildirən kəsir sözü əmələ gəlmişdir. Ərəb dilindən dilimizə keçmiş qırma, parçalama mənasındakı kəsr sözünə “s” “r” səsləri arasında “i” səsinin əlavəsilə riyaziyyatda işlənən kəsir sözü əmələ gəlmişdir ki, birinci kəsir sözünün omonimi olmuşdur.

e) Hər hansı bir kökdə bu və ya digər səsin dəyişməsilə, yəni başqa bir səsə keçməsilə sözlərin omonimləşməsi, məsələn: dilimizdə həşərat bildirən qurt sözünün sonundakı “t” səsi “d” səsinə çevrilərək, canavar mənasındakı qurd omonim olan ikinci bir söz əmələ gəlmişdir. Bu söz kimi fars dilindən dilimizə gəlmiş heç olmazsa mənasını ifadə edən bari sözünə “i” səsi “ı” səsinə keçərək dilimizdəki daşdan tikilmiş hasar mənasında işlədilən barı sözünün omonimi olan yeni bir söz meydana gəlmişdir.

Yuxarıda “d” bəndində göstərdiyimiz kəsir“e” bəndində göstərdiyimiz barı sözlərində müşahidə olunan dəyişmə dilimizə başqa dillərdən gələn sözlər üçün xarakterik bir xüsusiyyətdir. Bu xüsusiyyət xarici omonimlərin əmələ gəlməsində özünü çox fəal şəkildə göstərir.

Qeyd etdiyimiz kimi, dilimizdə olan omonimlərin böyük bir qismini alınma omonimlər təşkil edir. Alınma omonimlərə mənsub olan sözlərdən, məlum olduğu üzrə, biri, bəzən də hər ikisi dilimizə başqa dillərdən keçir. Müəyyən tarixi səbəblər və hadisələrdən asılı olaraq xalqımız ərəb, fars və rus xalqları ilə uzun zaman əlaqə və münasibətdə olduğu üçün alınma omonimlərin çox qismi də dilimizdə bu xalqların dillərindən gəlmişdir. Ona görə də alınma omonimləri bu cəhətdən üç qismə ayırmaq olar: 1) ərəb dilindən alınmalar, 2) fars dilindən alınmalar, 3) rus dilindən alınmalar.

Bu üç dil mənbəyindən gələn omonimlərdən birinci və ikinci qrupa mənsub olanların çoxu sözdə olan tərkibin müxtəlif şəkildə dəyişməsi nəticəsində yaranmışdır. Azərbaycan dilinin səs məxrəci ilə ərəb və fars dillərinin səsləri arasındakı böyük bir fərqin olması, xalqımızın ərəb əlifbasından dilimizin xüsusiyyətlərini incəliklərinə qədər əks etdirə bilən rus qrafikası əsasında qurulmuş yeni əlifbaya keçməsi buna səbəb olmuşdur. Rus dilindən gələn omonim sözlərdə isə belə bir vəziyyət əsas rol oynamır, çünki bu dildən dilimizə gələn sözlərin tərkibi dilimizdə olan sözlərin tərkibinə uyğun olduqda onlar omonim söz kimi özünü göstərməyə başlayır. Bununla belə rus dilindən gələn sözlərdə də dəyişilmə yolu ilə düzələn omonimlərə təsadüf edilir. Bunun üçün hər dildən gələn omonim sözləri ayrılıqda təhlil edək.

Axmaq (azərbaycanca ax felinin məsdəri) – axmaq (ərəbcədən) (ağılsız). Bu söz ərəb dilində boğaz “h” səsi ilə tələffüz olunan (hümq), (ağılsızlıq) sözündən əmələ gəlir və təxminən Əhməq formasının tələffüzünə yaxın bir tərzdə ifadə olunur.

Aşıq (azərbaycanca sümük bildirir, “q” şəkilçisi vasitəsilə aşmaq felindən düzəlmişdir) - aşıq (sənət). Bu söz ərəbcə (eşq) sözündən düzəlmə söz olub həqiqi variantı, yəni eşqə düşmüş mənasında olanı aşiq sözü indi də dilimizdə işlədilir.

Dava (farscadan, dərman mənasında) – dava (ərəbcədən vuruşma mənasında). Fars dilində dava ərəb dilində isə dəva kimi tələffüz olunan bu sözlərin hər ikisi dilimizin qanunları əsasında dava şəklinə düşərək omonimləşmişdir.

Dəf (ərəbcə çalğı aləti) – dəf (ərəbcə kənara itələmə, rədd). Bunların birincisi ərəb dilində təxminən dəff, ikincisi dəf kimi tələffüz edilib. Müxtəlif şəkillərdə yazıldığına baxmayaraq, dilimizin səs tərkibinə uyğun gələrək dəf formasına düşmüş və omonimləşmişdir.

Dilimizdə həm var, sərvət mənasında, həm də rus dilində государство mənasında işlənən dövlət sözü ərəb dilindən gəlmişdir. Bu söz ərəb dilində də omonim olub eyni mənaları ifadə edir və dövlət kimi ifadə olunur.



Axır (azərbaycan dilində yem yeri-əslində axur olduğu halda “u” səsi “ı” səsinə keçmişdir - axır (ərəb dilində son). Ərəb dilində axir olan bu sözdə də “i” səsi “ı” səsinə keçmişdir. Beləliklə hər iki dilin sözü tərkibini dəyişdirməkdə bir-birinə oxşamış və omonimləşmişdir.

Bunlardan başqa dilimizdə ərəb dilindən heç bir dəyişikliyə uğramadan gələn omonimlərə də təsadüf edilir, məsələn: ərəbcə omonim olan həm ürək, həm də qəlb kimi işlənən hər iki məna dilimizə keçmiş və dilimizdə omonim söz olmuşdur.

b) Fars dilindən alınma sözlər vasitəsilə düzələn omonimlər; məsələn: bağ (fars dilində bağça)bağ (azərbaycan dilində bağlanacaq, bənd edəcək bir şey). Bağ sözü fars dilində bağça, bostan deməkdir. Azərbaycan dilində olan bağ sözü isə bağu sözündən əmələ gəlmişdir.

Bazar (fars dilndə, həftənin altıncı günü) – bazar (fars dilində alver olunan gün). Fars dilində də omonim olan bu sözlərdən birincisi ikincidən törəmişdir.

Zər (fars dilində, qızıl və ya qızılı rəng) – zər (fars dilində nərd oyununda atılan daş).

Dağ (fars dilində damğa) – dağ (azərbaycan dilində hündür dağ).

Dad (fars dilində fəryad, fəğan) – dad (azərbaycan dilində dad bilmə) – dad (felin əmr forması).

Dəm (fars dilində nədən dəm vurursan? mənasında) – dəm (plovu, çayı dəmə qoymaq).

Nişan (fars dilində əlamət, nişan) – nişan (fars dilində nişanlamaq mənasında).

c) Rus dilindən gəlmə sözlər vasitəsilə düzələn omonimlər, məsələn:



Bal (azərbaycan dilində arı balı) – bal (rus dilində bal rəqsi) – bal (həm azərbaycan, həm də rus dilində qiymət dərəcəsi).

Qaz (azərbaycan dilində ev quşlarından biri) – qaz (azərbaycan dilində qazmaq felinin əmr forması) – qaz (rus dilində yanan maddə).

Divan (fars dilində məhkəmə, ona bərk divan tutmaq mənasına) – divan (külliyyat mənasında) – divan (rus dilində mebel mənasında).

Tel (azərbaycan dilində sap və ya məftil) – tel (saç mənasında) – tel (rus dilində teleqraf sözünün ixtisarla işlədilən forması).

Tir (uzun ağac) – tir (rus dilində nişan atmaq üçün yer) və s.

Misallarda verilmiş rus sözlərinin (qaz sözündən başqa) demək olar ki, hamısında rus dilinin səs tələffüzü olduğu kimi qalır. Yuxarıda dediyimiz kimi dilimizdə rus dilindən gələn sözlərin səs tərkibi dəyişməklə omonimlərin düzəlməsi prosesi də özünü göstərir. Yuxarıda qeyd etdiyimiz omonim sözdə ifadə olunan müxtəlif mənalar ayrılıqda təkmənalı (monosemantik) istiqamət bildirən qoşma olduğu halda, ikincisi sifətdir: Açıldı yazım, Şöhrətim sazım, Sən hünər göstər, Mən şeir yazım. (S. Vurğun).

Buradakı omonim olan yaz sözünün birincisi isim olaraq bahar fəslinini bir mənasını bildirdiyi halda, ikincisi feldir, əmr forması I şəxsin təkini bildirir. Belə cinaslara şifahi xalq ədəbiyyatında daha çox təsadüf edilir, məsələn: Əziziyəm yenə gül, Yenə bülbül, yenə gül, Dəryacan qəmin olsa, Düşmən görsün yenə gül. Birincisi gül – ismi, ikinci gül – feli bildirir. Ördək göldə bir üzdü, Bir çalxalandı, bir üzdü, Üzün qoy üzüm üstə, Görən desin bir üzdü.

Bu misalda da birinci üz sözü feil olduğu halda, ikinci üz isimdir. Bunun kimi yar sözü aşağıdakı misalda iki mənada işlənmişdir: Mən aşiq yar içəridən, Kəs bağrım yar içəridən, Gözüm qapıda qaldı, Çıxmadı yar içəridən. Birinci və ikinci yar sözü feli, üçüncü yar sözü isə ismi bildirir.

Şeirdə cinas üçün təkcə omonimlərdən deyil, eyni zamanda omoformlardan da istifadə edilir; məsələn: Çoxlar sənə ima ilən baş əyər, Mum tək ərir, olsa bağrı daş əyər. (Vaqif). Birinci misradakı əyər sözü əymək felinin gələcəyi, ikinci misradakı əyər sözü isə bağlayıcı olub biri digərinin omoformudur. Aşıq başını bağlar, Zülfün başına bağlar Bülbül öldü, gül soldu, Qaldı başına bağlar.

Misralarında işlənmiş birinci və ikinci bağlar sözü bağlamaq felinin gələcəyi, üçüncü bağlar sözü isə bağ isminin cəmidir. Mən aşiq bu dağilən, Gül sınmış budağılən, Sənə yaxşı deməzlər, Mən ölsəm bu dağilən.

Misralarında bu dağ sözləri ilən qoşması qəbul edərək eyni qoşma ilə işlənmiş budaq sözü ilə omoform təşkil etmişdir. Qurtarıbdır indi o da, Diri gözlü düşmüş oda... (S. Vurğun ). Misallardan birincidə olan o işarə əvəzliyi ilə də bağlayıcısı birlikdə ikinci misradakı yönlük halında olan od sözünün omoformudur.

1   ...   7   8   9   10   11   12   13   14   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə