Sosiologiya elm kiMİ Sosiologiyanın predmeti və tədqiqat sahəsi




Yüklə 1.14 Mb.
səhifə8/15
tarix23.02.2016
ölçüsü1.14 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

SƏNƏDLƏR SOSİOLOJİ MƏLUMATLAR MƏNBƏYİ KİMİ

10.1. Sənədlərin növləri

İlkin məlumatların alınması üsullarından biri kimi sosioloji tədqiqatlarda sənədlərin təhlili metodu istifadə olunur.

İnsanın xüsusi olaraq yaratdığı, məlumatların ötürülməsi və ya saxlanması üçün nəzərdə tutulmuş vasitə sənəd adlanır. Çap və əlyazması mətnində, maqnit lentində, foto-kino-video lent və kompakt diskdə qeydə alınmış hər hansı bir məlumat sosiologiyada sənədli məlumat (informasiya) adlanır. İstehsalın burada istifadə olunmuş mənası hamı tərəfindən işlədilən mənadan fərqlənir: danışıqda biz möhürlə təsdiq edilmiş və ya dövlət təşkilatları, vəzifəli şəxslər və s. adından nəşr edilən materialları sənəd adlandırırıq.

Bir çox hallarda sənədli mənbələr tədqiqatda ilkin məlumatlar toplanmasının nəinki əsas, həm də yeganə üsulu kimi çıxış edir. Məsələn, Avropa və Amerikada Polşa mühacirlərinin vəziyyətini təsvir etmək üçün Amerika sosioloqları U. Tomas və F. Znanietski çox böyük səy və diqqətlə onların şəxsi sənədlərini öyrənmişlər. İşdə istifadə olunmuş sənədlər arasında aşağıdakılar var idi: kəndli-mühacirlərin Polşada qalmış qohumlarına məktubları; mühacirət qəzetlərinin arxivləri; kilsə icmalarının, həmyerlilər birliklərinin, xeyriyyə cəmiyyətlərinin materialları və mühacirlərin işləri ilə bağlı məhkəmə materialları; nəhayət, kəndlilərdən birinin tədqiqatçıların xahişi ilə yazdığı 300 səhifədən ibarət nadir tərcümeyi-halı.1

Sənədləri bir sıra əsasa görə təsnif etmək olar.

Məlumatların qeydə alınması üsuluna görə əlyazması və çap olunmuş sənədlər, kino və foto plyonkasına çəkilmiş, maqnit lentinə yazılmış sənədlər. Müəyyən bir məqsədlə bağlı olaraq yerinə yetirəcəyi vəzifəsinə görə tədqiqatçının özü tərəfindən seçilmiş materiallar da seçilir (məsələn, Tomas və Znanetskinin işində mühacirin tərcümeyi-halı). Bu sənədlər məqsədli sənədlər adlanır. Lakin sosioloq ondan asılı olmayaraq, hansısa digər məqsədlər üçün tərtib edilmiş materiallarla da, yəni hazırda mövcud olan sənədlərlə işləməli olur. Bir çox hallarda məhz bu materiallar sözün həqiqi mənasında sənədli məlumat adlandırılır.

Şəxsləndirilmə dərəcəsinə görə sənədlər şəxsi və şəxssiz sənədlərə ayrılır. Şəxsi sənədlərə fərdi qeydiyyat kartoçkaları (məsələn, kitabxana formulyarları və ya imza ilə təsdiq edilmiş anket və blanklar), üçüncü şəxslər və ya təşkilatlar tərəfindən verilmiş xasiyyətnamələr, məktublar, gündəliklər, ərizələr, xatirat yazıları və s. aiddir. Şəxssiz sənədlərə isə statistik və ya hadisə, fakt arxivləri, mətbuat məlumatları, iclas protokolları və s. daxildir.

Sənədli mənbənin statusundan asılı olaraq rəsmi və qeyri-rəsmi sənədləri göstərmək olar. Rəsmi sənədlərə hökumət materialları, qərarları, bəyanatları, rəsmi məlumatları, rəsmi iclasların stenoqramları, dövlət statistikası məlumatları (əhalinin siyahıya alınması, MSİ və onun yerli şöbələrinin digər müxtəlif materialları, müəssisələrin iqtisadi statistikası və s) müxtəlif təşkilatların (partiyaların, ictimai siyasi hərəkatların, həmkarlar birliklərinin və s), məhkəmə və prokurorluq orqanlarının protokolları, maliyyə kağızları, işgüzar korrespondensiya və s. aiddir.

Qeyri-rəsmi sənədlər dedikdə, yuxarıda göstərilmiş bir çox şəxsi materiallar, xüsusi vətəndaşlar tərəfindən tərtib edilmiş şəxssiz sənədlər (məsələn, digər tədqiqatçı tərəfindən onun öz müşahidələri əsasında hazırlanmış statistik ümumiləşdirmələr) nəzərdə tutulur. Sənədlərin xüsusi qrupunu kütləvi informasiya vasitələrinin (qəzet, jurnal, radio, televiziya, kino, internet) materialları təşkil edir.

Nəhayət, məlumatların mənbəyinə görə sənədlər ilkin (əsas) və əlavə (ikinci dərəcəli) sənədlərə bölünür. İlkin sənədlər birbaşa müşahidə və ya sorğu, baş verən hadisələrin bilavasitə qeyd olunması əsasında tərtib edilir. Əlavə sənədlər isə ilkin mənbələrin məlumatları əsasında aparılmış təkmilləşdirmə, ümumiləşdirmə və təsvirdən ibarətdir.


10.2. Sənədli məlumatların etibarlılığı

Sənədin özünün mötəbərliliyini onun haqqında verilən məlumatların etibarlılığı ilə qarışdırmaq olmaz. Mötəbər mənbədən alınmış etibarsız məlumatlar müxtəlif ictimai qrup, partiya, siniflərin fəaliyyət motivləri, sosial məqsədləri haqqında xəbər verən çox mühüm dəlildir. Məsələn, Amerika sosioloqu L. Doub tərəfindən tədqiq edilmiş Gebbels təbliğat nazirliyinin sənədləri və Gebbelsin gündəlikləri "Üçüncü reyx"in təlqinedici təbliğat üsullarının öyrənilməsi üçün zəruri materiallar vermişlər. Materiallar olduqca mötəbər idi, lakin elan edilən ideyaların məzmunu və onların müəlliflərinin əsl niyyətləri baxımından heç də etibarlı və doğru deyildi.

Məlumatların etibarlılığı ilk növbədə əldə edilə bilən sənədin mənbəyindən asılıdır. Müxtəlif mənbələr verilən məlumatların bir növ verilmiş və ya məlum mötəbərlilik və etibarlılıq dərəcəsinə malik olur. Bütün hallarda ilkin məlumatlar ikinci dərəcəli məlumatlardan daha etibarlı olur. Buna görə də birinci mənbədən alınmış rəsmi şəxsi sənəd, qeyri-rəsmi şəxssiz sənəd və başqa sənədlər arasında tərtib edilmiş sənəddən daha mötəbər və etibarlıdır. Adətən hüquqi sənədlər və bilavasitə maliyyə nəzarətində olan materiallardakı məlumatlar hüquq və ya maliyyə orqanlarının nəzarəti altında olmayan rəsmi sənədlərdəki məlumatlardan daha etibarlı olur.

İkinci sənədlərdən istifadə edərkən onların ilkin mənbəyini müəyyən etmək vacibdir. İkinci materialların ümumi yanlışlığını qiymətləndirmək üçün bunu adda-budda etmək olar.

Tədqiqatçı tərəfindən planlaşdırılmış məqsədli sənədlər yuxarıda gözdən keçirilmiş adi nəzarət əməliyyatları nəzərdə tutulduqda etibarlı olur: müstəqil məlumat mənbəyinin axtarışı (adda-budda nəzarət üçün), həmin mənbəyə ikinci müraciət (məlumatların sabitliyi), məlum qruplar üzrə testlər.

Psixoloqlar və sənətşünas-tarixçilər sənədli məlumatların öz məzmunundan çıxış edərək onların etibarlılıq dərəcəsini müəyyənləşdirməyə kömək edən xeyli üsullar işləyib hazırlamışlar.

Sənədlərlə işləyən zaman birinci əsas qayda hadisələrin təsvirini onlara verilən qiymətdən dəqiq fərqləndirməkdən ibarətdir. Rəy və qiymətlər faktiki məlumatlarla müqayisədə potensial olaraq daha az mötəbər və etibarlıdır. Bir çox hallarda sənəddə şəraitin rəy və qiymətlə ifadə olunmuş təfərrüatlı xarakteristikası verilmir. Lakin məhz konkret vəziyyət ifadə olunmuş rəy və qiymətlərin mənasının açılmasına kömək edir.

Bundan sonra sənədin tərtibatçısının hansı məqsəd güddüyünü araşdırmaq lazımdır, bu qəsdən və ya qeyri-ixtiyari edilmiş səhvləri üzə çıxarmağa imkan verir. Məsələn, gördüyü bir iş haqqında hesabatın müəllifi bir qayda olaraq, vəziyyəti özü üçün əlverişli tərəfdən təsvir edir. Lakin, əgər biz məlumat toplamaq üçün xüsusi yoxlayıcı briqadanın bu iş haqqında hazırladığı arayışdan da istifadə etsək, başqa mənzərə alınacaq. Bu cür sənədlərin məqsədi fəaliyyətin məhz mənfi tərəflərini aşkar etmək meyli oyadır.

Sənədin tərtibatçısının istifadə etdiyi ilkin məlumatlar almaq metodunun nədən ibarət olduğunu bilmək çox vacibdir. Yaxşı məlumdur ki, "birinci mənbədən" alınmış məlumatlar qeyri-müəyyən mənbədən ("bəzi adamlar israr edir ki.„") alınanlardan daha etibarlı, təzə təəssüratlar üzrə aparılmış yazılar isə həmin hadisələrin müəyyən bir vaxtdan sonra edilmiş təsvirindən fərqli olur.

Əgər sənəddə məlumatların statistik qrupu varsa, ilk növbədə təsnifatın əsasını aşkar etmək lazımdır. Nəhayət, sənədin tərtib edildiyi ümumi şəraiti yaxşı aydınlaşdırmaq son dərəcə vacibdir: bu şərait obyektivliyə meyl yaradır (müəllifin məqsədindən asılı olmayaraq), yoxsa məlumatların hansısa bir istiqamətdə dəyişdirilməsinə vadar edir?

Tərcümeyi-hal, gündəliklər, xatirat, məktublar və s. kimi şəxsi sənədlərlə işlərkən tədqiqatçı ehtiyatlı olmalıdır.

Şəxsi sənədlərdəki məlumatlara etibar edilməsinin aşağıdakı bir neçə mühüm şərti vardır:

a) əgər məlumatlar sənəd müəllifinin mənafeyinə heç cür toxunmursa;

b) müəllifə müəyyən zərər yetirirsə onlara inanmaq olar;

v) müəllif tərəfindən qeydə alınarkən hamıya bəlli olan məlumatlar;

q) sənəd müəllifi nöqteyi-nəzərindən hadisələrin əhəmiyyətli sayılmayan detalları;

d) müəllifin qərəzlə yanaşdığı məlumatlar da etibarlı hesab edilə bilər.

Məşhur psixoloq C.Meyc gündəlik, xatirat, tərcümeyi-hal yazanların əsaslandığı bir sıra müxtəlif motivləri ayıra bilmişdir.1 Bu motivlər arasında ən ali və ən aşağı, ən sox səmimiliyə və əksinə, həqiqətin maksimum dərəcədə gizlədilməsinə sövq edənlər də vardır. Bir çox hallarda bu cür şəxsi sənədlər müəllifin özünün şəxsiyyətini öyrənən psixoloq üçün əla material olsa da, hadisələrin obyektiv gedişi ilə maraqlanan sosioloq üçün şübhə doğuran mənbədir. Şəxsi sənəddən alınmış məlumatların etibarlılığı aşağıdakı amillərdən asılıdır: yoxlama və təkrar yoxlama, sənədin tərtib edilmə motivi, niyyət və şəraiti, müəllifin məqsədi, fəaliyyət göstərdiyi şərait, onun əhatəsinin xarakterinin təhlili və s.



10.3. Sənədlərin keyfiyyət-kəmiyyət təhlili üsulları

Əldə olan (yəni qeyri-məqsədli) sənədlərlə iş zamanı əsas çətinlik məlumatları tədqiqatın hipotezası baxımından bilməkdən ibarətdir. Axı sənəd heç də sosioloqun hipotezasını yoxlamaq üçün tərtib edilmir. Buna görə də sənədli materialları mahiyyət etibarilə təhlil etməzdən əvvəl sosioloq sənəddə tədqiqatın əsas anlayışlarını, indikatorlarını (əlamətlərini) axtarmaqdan ibarət üzücü işi aparmağa məcburdur.

Sənədlərin keyfiyyət təhlili bütün kəmiyyət əməliyyatları üçün zəruri və ilkin şərtdir. Lakin hər şeydən əvvəl qeyd etmək lazımdır ki, mətnlərin kvantifikasiyası heç də həmişə məqsədəuyğun deyil.

Hansı hallarda kəmiyyət təhlilinə müraciət etmək lazım deyil? Əgər biz nadir sənədlərlə iş aparırıqsa, burada isə əsas məqsəd materialın formal qruplaşdırılması yox, onun mahiyyətcə təfsir edilməsidirsə, bu səmərəli deyil. Əgər biz olduqca mürəkkəb hadisənin təsviri ilə rastlaşmışıqsa, sənədli məlumatlar kütləvi dəyərləndirmə (işləmə) üçün kifayət qədər deyilsə, onlar natamamdırsa (eynicinsli sənədlərin, məsələn, qəzetlərin qeyri reprezentativ seçməsi), onda kəmiyyət təhlilinə müraciət etmək lazımdır.

Mətnlərin kəmiyyət təhlili nə zaman yerinə düşərdi? Bu metodun banisi B. Berelsonun fikrincə, hər şeydən əvvəl bir qəbildən olan məlumatlar müqayisə edilərkən yüksək dərəcədə dəqiqlik tələb olunur. Sonra, məlumatların keyfiyyət təhlili ilə bağlı olan səyləri doğrultmaq üçün material kifayət qədər çox olduqda və həmin material bütöv tədqiqat sahəsini təmsil etdikdə, kvantifikasiyanın aparılması üçün mətn materialı o qədər çox olmalıdır ki, onu ümumi, yekun qiymət vermədən əhatə etmək mümkün olmasın. Öyrənilən keyfiyyət xarakteristikaları müəyyən tezliklə meydana çıxdıqda (bu sistematik meyarlar üzrə müəyyən edilir) kvantifikasiyanı aparmaq mümkündür.

Kvantifikasiya olunmuş mətnlər digər kəmiyyət xarakteristikaları ilə müqayisə olunursa kəmiyyət təhlilini tətbiq etmək daha məqsədəuyğundur. Məsələn, qəzet məlumatlarının ədədlərlə ifadə olunmuş xüsusiyyətləri abunəçilərin sayı ilə, onların rəyi digər ədədlərlə ifadə olunmuş məlumatlarla müqayisə edilir.

Son üç onillik ərzində mətn materiallarının kvantifikasiyası olduqca geniş yayılmışdır və onun üçün "kontent-təhlil" adlanan xüsusi üsul işlənib hazırlanmışdır. Kontent-təhlil kütləvi mətn (və ya lentə yazılmış) məlumatlarının kəmiyyət göstəricilərinə çevirməkdən ibarətdir. Onun əsas əməliyyatları Amerika sosioloqları h. Lassuell və B. Berelson tərəfindən hazırlanmışdır.2

Kontent-təhlilin əsas üsulları keyfiyyət məlumatlarının hesab dilinə çevrilməsi ilə bağlıdır. Bu məqsədlə iki növ vahid ayrılır: məna və keyfiyyət təhlil vahidləri və hesablama və ya kəmiyyət təhlil vahidləri.

Lassuell və onun ardıcılları belə hesab edirlər ki, əsas təhlil vahidi simvol və ya anlayış ola bilər, çünki "simvolik əlaqələr insanlar arasındakı münasibətləri təşkil edir". Əsas məna vahidi kimi anlayış və istilahları ayıraraq, bu cərəyanın ardıcılları, məsələn, təbliğat stereotiplərinin, mətn müəlliflərinin gizli niyyətlərinin istifadəsində maraqlı qanunauyğunluqları və kommunikatorun (yəni informasiyanı ötürənin) fəaliyyət motivlərinin digər xüsusiyyətlərini aşkar edə bilmişlər.

Simvolu analitik vahid kimi tətbiq edərək Lassuell ikinci dünya müharibəsi zamanı Amerikanın "Əsl amerikalı" qəzeti mətnlərinin kontent-təhlilini yerinə yetirmiş və təkzibedilməz surətdə sübut etmişdir ki, mətnlərə əsasən, bu qəzet faşistpərəst qəzetdir. Məhz bu, "Əsl amerikalı" qəzetinin qadağan olması üçün əsas olmuşdur.

Digər amerikalı tədqiqatçı L. Louental təhlil vahidi kimi simvol deyil, bütöv bir mövzunu istifadə etmişdir.3 O, "görkəmli amerikalıların" reklam tərcümeyi-halının iki kütləvi jurnal səhifələrində necə paylaşdırıldığını göstərən cədvəl tərtib etmişdir:

Reklam olunan şəxslərin fəaliyyət sahəsi




Dərc olunma dövrü (dövr üzrə ümumi saya nisbətən %-lə)

1901-1914

(177)


1922-1930

(395)


1930-34

(306)


1940-1941

(125)


Siyasətçilər

46

28

31

25

Biznesmen və alimlər

8

18

14

20

Yazıçı və artistlər

26

54

55

55

Cəmi

100

100

100

100

Göründüyü kimi, 40-cı illərin sonunda yazıçı və artistlər reklam bazarında aparıcı yer tutaraq, başqalarını sıxışdırıb çıxarırlar. Bu üstünlük təşkil edən qrupun təhlili nəticəsində aşkar olur ki, onun daxilində də həmçinin əsaslı dəyişkənliklər baş vermişdir. Ciddi incəsənət nümayəndələrinin payı 77 % - dən 9 %-ə qədər enir, mətbuatın yaratdığı "ulduzların" payı isə 23%- dən 91%-dək artır.

Rus sosioloqları B. A. Qruşin, V. S. Korobeynikov, V. A. Sazonov hesab edirlər ki, kontent-təhlilin əsas məna vahidi simvol və ya ayrıca anlayış deyil, sosial ideya, müəyyən sosial məna ifadə edən mövzu olmalıdır. O, müxtəlif simvollarla ifadə oluna bilər və konkret sosial şəraitdən asılı olaraq mətndə müxtəlif empirik indikatorlar alır. Məsələn, V.A.Sazonov, belə hesab edir ki, mətnin təhlilində ən böyük sosial əhəmiyyətə mətn müəllifinin (kommunikatorun) əldə rəhbər tutduğu motivlər deyil, kütləvi oxucunun qavradığı məna malik olur. V.A.Sazonov yazır ki, "Mətnin ibarət olduğu işarələr məcmusunu biz işarə etmək aspektində deyil, mətni qəbul edənin gördüyü mənalar aspektində, yəni stimul funksiyasında götürürük".1 Bu, kontent-təhlilin metodoloji imkanlarının izahında mühüm dönüş olmaqla bərabər, əlbəttə, onun mətn tərtibçilərinin daxili niyyətləri və motivlərinin öyrənilməsi üçün tətbiq olunmasını heç də istisna etmir.

Təhlilin məna vahidləri tədqiqatın hipotezasının məzmunu əsasında, proqramın metodoloji prinsiplərinin köməyi ilə ayrılır.

Kontent-təhlilin ən geniş yayıldığı kütləvi kommunikasiya tədqiqatlarında aşağıdakı məna vahidlərini ayırmaq olar:

a) Söz və ayrı-ayrı istilahlarla ifadə olunmuş anlayışlar. Bu, siyasi məzmunlu istilahlar (beynəlmiləlçilik, demokratiya, dinc birgə yaşayış), əxlaqi və ya hüquqi simvollar (təşəbbüs, fəallıq, təşəbbüskarlıq, qanunçuluğun pozulması, intizamın gözlənilməməyi), elmi məfhumlar (model, sistem, kosmik fəza) və s. ola bilər. Aydındır ki, mətnin anlayışlarının məzmunu üzrə təhlili olduqca mühüm sosial informasiya daşıyır. Məsələn, elmlə bağlı olan anlayışların işlədilmə tezliyinə görə informasiya mənbəyinin elmi biliklərə nə dərəcədə yönəldiyini müəyyən etmək olar.

b) Bütöv məna abzaslarında, mətn hissələrində, məqalələrdə, radio verilişlərində və s. ifadə olunmuş mövzu.

Mövzusuna görə sənədin məzmununu daha da dolğun göstərmək olar. Vətənpərvərlik, təşəbbüsün genişləndirilməsi, milli nailiyyətlərin yayılması və ya əcnəbi təcrübənin alınması mövzuları kütləvi kommunikasiyaların mövzuları kimi çox səciyyəvidir. Eyni ilə şəxsi sənədlərin, məsələn müəllifin özü və ya yaxın adamları, istehsalat və siyasət, incəsənət haqqında yazdığı məktublar və s. də mövzuları həmçinin səciyyəvidir. Bütün bunlar adamların maraqlarının, dəyər yönümünün, psixoloji yönümlərin müəyyən təmayüllü olmasına dəlalətdir.

v) Tarixi xadimlərin, siyasətçilərin, görkəmli şəxslərin adları. Bu xarakteristikalar ayrı-ayrı şəxslərin təsir göstərdiyinə dəlalət edir. Ayrı-ayrı müəlliflərdən gətirilən sitatların sayına görə bu və ya digər elmi ideyanın əhəmiyyətini müəyyənləşdirmək olar: əgər sitatların sayı artır və ya azalırsa, bu, həmin ideyanın, nəzəriyyənin nüfuzunun artması və ya azalmasını göstərir.

Təşkilatların, müəssisələrin və ya digər ictimai təsisatların adlarının çəkilməsini də bu qrupa daxil etmək olar.

q) Bütöv bir ictimai hadisə, rəsmi sənəd, fakt, əsər, əhvalat və s, spesifik məna daşıyır və onlar da təhlil vahidi kimi qəbul oluna bilər. İctimai hadisə və ya dövlət qərarının xatırlanması tezliyi və müddəti (zaman ərzində davam etməsi) onun ölkənin ictimai həyatı ilə əhəmiyyətli olduğunu təsdiq edir.

Hesablama vahidləri təhlil vahidlərinə uyğun ola da bilər, olmaya da. Birinci halda kvantifikasiya, ayrılmış məna vahidinin digər kateqoriyalara nisbətən xatırladılma tezliyinin müəyyən edilməsindən ibarət olur (məsələn, hər hansı bir ideyanın "lehinə"nin tezliyi ilə "əleyhinə"nin tezliyi).

İkinci halda hesablama vahidi kimi mətnin məna vahidləri ilə tutulmuş fiziki ölçüsü və ya sahəsi götürülür. Çap mətnlərində sətirlərin, abzasların, kvadrat millimetrlərin, işarələrin, sütunların sayı; radio və televiziyada translyasiyanın müddəti, maqnitofon yazılarında lentin metrajı (metrlə uzunluğu).

Mətnin kontent-təhlili olduqca çoxtərəfli ola bilər, həm də burada bir neçə təhlil vahidi və bir neçə hesablama vahidi eyni zamanda istifadə edilər bilər.

Əhali tərəfindən informasiya mənbələrinin faktiki olaraq istifadə edildiyini müəyyənləşdirmək üçün əvvəlcə kontekt-təhlilin köməyi ilə qəzet və digər kütləvi informasiya kanalları vasitəsilə ötürülən bütün məlumatlar "sahəsini", sonra isə kütləvi şüur "sahəsini", yəni mətnlərin təhlil etmək yolu ilə ölçülmüş problemlər üzrə əhalinin məlumatlılıq səviyyəsini dəqiqləşdirmək olar.

Məsələn, beynəlxalq həyat problemləri üzrə məlumatların məzmununun necə dəqiqləşdirildiyini nəzərdən keçirək (xarici və yerli qəzetlər).2

Hər bir xarici ölkə üzrə materiallar:

a) informasiyanın tezliyi,

b) həcmi,

v) məzmunu,

q) işarəsi

d) materialın tipinə görə nəzərdən keçirilir.

a) İnformasiyanın tezliyi "v" bölməsində göstərilmiş müəyyən ölkə və ya problemlərin xatırladılma tezliyi, müsbət-mənfi qiymətlərin tezliyi ("q" bölməsi) kimi müəyyən edilir.

b) İnformasiyanın həcmi iki vahid vasitəsilə dəqiqləşdirilir: mətndəki sətirlərin sayına görə və verilmiş mətnin ümumi həcmində həmin ölkə haqqındakı məlumatların xüsusi çəkisinə görə.

v) Müəyyən ölkə haqqında məlumatların məzmunu, məsələn, sənayeyə, kənd təsərrüfatına, siyasi və ictimai quruluşa, təbii şəraitə, məişət və adətlərə, azadlıq mübarizəsinə, daxili siyasət hadisələrinə və s. (cəmi 28 kateqoriya),

q) İnformasiyanın işarəsi "müsbət", "mənfi", "tarazlaşdırılmış" və "neytral" münasibət kimi müəyyən edilir ki, bu da müvafiq olaraq "+", "-" "+-", "0" kimi kodlaşdırılır.

d) İnformasiyanın tipi və ya xarakteri:

1. Qeyri-müəyyən mənbədən alınmış məlumatlardan ibarət faktoqrafik informasiya (mənbə göstərilmir);

2. Şərhçiyə məxsus, müəllifin şahid olduğu faktların qiymətləndirilməsi;

3. Şərhçiyə məxsus, şahidləri göstərilməyən faktların qiymətləndirilməsi;

4. Bədii-fotoqrafik, "naturadan" çəkilən şəkillər, müəllifin iştirakı və ya mənbənin göstərilməsi ilə yerinə yetirilən oçerklər tipli;

5. Bədii-fotoqrafik, gerçəkliyi şübhə doğuran hadisələrin xatırladılması ilə yerinə yetirilən ünvansız oçerklər tipli;

6. Xarici müəlliflərin konkret faktlara istinadı olmayan ümumnəzəri informasiya;

7. Əvvəlkinə oxşar, amma yerli müəlliflərin informasiyası;

8. Abstrakt-bədii: xarici müəlliflərin ünvansız şerləri, hekayələri və s;

9. Yerli müəlliflərin əsərləri.

Bundan sonra, materialların qəzet mətni indikatorları üzrə rubrikalara aid edilməsi qaydalarını göstərməklə konkret təlimat hazırlanır. Məsələn, informasiyanın işarəsi müəyyən edilən zaman təlimat kodlaşdırıcıdan işarəni "mətndən alınmış şəxsi təəssüratların əsasında deyil (xüsusən kütləvi kommunikasiya vasitələri üçün bu və ya digər məsələnin işıqlandırılmasında adi ənənəvi üsulların əsasında), yalnız kommunikatorun problemə aydın surətdə ifadə olunmuş (mətnin leksikasında) münasibəti əsasında" müəyyənləşdirməyi tələb edir. Məsələn, müharibə və sülh haqqında informasiyanın mövzusu və "işarəsi" üzrə təlimat belə verilir. "...Yer üzərində sülhün qorunması uğrunda mübarizəni..." "+" işarəsi ilə kodlaşdırmaq; "müharibə və sülh məsələlərində bitərəf mövqeni" "+-" işarəsi ilə kodlaşdırmaq; "hərbi gərginlik vəziyyəti yaratmağı" isə "-" işarəsi ilə kodlaşdırmaq.

Həmin təlimat üzrə kodlaşdırılmış mətn şifr vərəqəsinə yazılır və sonra onun üzərində adi statistik iş aparılır.

Kontent-təhlil vasitəsilə alınan informasiyanın etibarlılığı aşağıdakı üsullarla təmin edilir:

a) münsiflərin köməyilə əsaslandırılma dərəcəsinin yoxlanılması. Həmin sahə mütəxəssisləri təklif edilmiş keyfiyyət vahidlərinin qarşıya qoyulmuş məsələlərə nə dərəcədə uyğun olduğunu müzakirə edir;

b) sərbəst meyar üzrə əsaslandırılma dərəcəsi. Məsələn, tələbələrin gündəlik və inşalarının onların meyllərini aşkar etmək məqsədi ilə aparılmış kontekt-təhlili adda-budda sorğu ilə və ya müşahidənin verdiyi məlumatlar üzrə, ya da ki, məlum qrup üzrə yoxlanılır;

v) məlumatların sabitliyi eyni bir mətnin vahid təlimat üzrə bir sıra təkrar kodlaşdırılması və ya bir mətnin vahid təlimat əsasında müxtəlif kodlaşdırıcılar tərəfindən kodlaşdırılmasının köməyi ilə müəyyənləşdirilir. Sabit təhlil vahidi və müxtəlif hesablama vahidlərindən istifadə etmək olar (eyni zamanda məna vahidlərinin tezliyi və fiziki ölçüsü üzrə).

Sənədlər çox vaxt sorğu və ya bilavasitə müşahidə yolu ilə tamamlanan əsas informasiya mənbəyi kimi çıxış edir. Adətən bu mətbuat, statistik mənbələr, şəxsi qeydiyyat kartoçkası (məsələn, oxucu tələbatının öyrənilməsində istifadə, edilən kitabxana formulyarları) və s. daxil olmaqla müxtəlif növ rəsmi materiallardır.

Formulyativ tədqiqat planı şəraitindən (hipotezanın irəli sürülməsi və mövzunun ümumi axtarışı üçün) və təsviri plan üzrə iş mərhələsində sənədlərin təhlili mühüm informasiya toplamaq üsuludur. Eksperimental tədqiqatlarda böyük çətinliklər ortaya çıxır, lakin, təcrübənin göstərdiyi kimi, materialla bacarıqla iş aparıldıqda bu çətinlikləri dəf etmək olar.

Nəhayət, sosioloq üçün dövlət statistika məlumatları, çoxsaylı MSİ materiallarının çox böyük və tamamilə müstəqil əhəmiyyəti vardır, eyni zamanda, bu materiallardan istifadə etməyi bacarmaq, onların hansı müntəzəmliklə toplandığını və dərc edildiyini bilmək lazımdır.

MÜŞAHİDƏ METODU

11.1. Müşahidə anlayışı

Müşahidə öyrənilən obyekt haqqında ona aid tədqiqatın məqsədləri baxımından əhəmiyyətli olan bütün amillərin bilavasitə qavranılması və birbaşa qeydə alınması yolu ilə ilkin sosioloji məlumatları toplamaq metodudur. Konkret sosioloji tədqiqat metodu kimi müşahidənin səciyyəvi cəhətləri onun sistemliliyi, planlılığı və məqsədyönlülüyündən ibarətdir.

Bir metod kimi müşahidənin bir sıra xüsusiyyətləri vardır. Hər şeydən əvvəl, bu, müşahidəçinin müşahidə obyekti ilə əlaqəsidir. Heç bir digər elmdə tədqiqatçıya özünün də aid olduğu, bir hissəsini təşkil etdiyi və bilavasitə asılı olduğu toplunun öyrənilməsi ilə məşğul olmaq lazım gəlmir. Sosioloq cəmiyyəti, sosial prosesləri və şəraiti müşahidə edir və eyni zamanda həmin cəmiyyətin onunla qırılmaz əlaqədə olan və bütövlükdə cəmiyyətin uğradığı bütün dəyişikliklərə məruz qalan bir hissəsini təşkil edir. Müşahidəçinin müşahidə obyekti ilə bu cür ayrılmaz əlaqəsi onun sosial gerçəkliyi qavramasında, sosial prosesləri, vəziyyətləri, ayrı-ayrı fərdlərin hərəkətlərini necə başa düşməsində, müşahidə etdiyi hadisələrin nə cür izah etməsində iz buraxır.

Sosiologiyada müşahidənin ikinci xüsusiyyəti birinci cəhətlə bağlıdır və ondan irəli gəlir. Bu xüsusiyyət ondan ibarətdir ki, müşahidəçi sırf insani xassədən, emosional qavrayışdan məhrum ola bilməz. Əgər cansız təbiət hadisələri, müşahidəçidə təəssürat doğurmaya bilərsə, sosial hadisələr, onların qavranılması və izahı həmişə emosional səciyyə daşıyar. Müşahidəçi müşahidə obyekti ilə nə qədər sıx surətdə bağlı olarsa, müşahidə nəticələrinin emosional çalarlılığı bir o qədər çox olar.

Hətta bitərəf müşahidəçi kinokameranın çəkdiyi kadrları gözdən keçirdikdə belə unutmaq olmaz ki, kameranı yönəldən insandır. Müşahidənin bu xüsusiyyəti sosiologiyada hər bir tədqiqatda müşahidə məlumatlarının mümkün təhrif mənbələrindən biri kimi nəzərə alınmalıdır.

Müşahidənin üçüncü xüsusiyyətini təkrar müşahidənin çətinliyi təşkil edir. Hətta ən adi, gündəlik sosioloji faktın təkrar müşahidəsi olduqca çətindir, çünki, sosial proseslər külli miqdarda müxtəlif amillərin təsirinə məruz qalır və buna görə də çox nadir hallarda oxşar olurlar. Bu səbəbdən hər hansı bir sosial hadisənin yalnız mükəmməl və təkrarlı müşahidəsi onun haqqındakı informasiyanı etibarlı saymağa və məlumatların təfsirinə keçməyə imkan verə bilər.

Hər bir qavrayış verilmiş andakı duyğuların və artıq toplanmış təcrübənin cəmlənməsinin nəticəsidir. Müşahidəçi qavradığı bütün hər bir şeyi bildikləri ilə müqayisə edir, tutuşdurur, yəni müşahidə və nəticə əslində bir-birindən ayrılmazdır.

Başqa sözlərlə, müşahidənin başlandığı ana qədər müəyyən təcrübəyə (biliklərə) malik olan müşahidəçi qavrayış prosesində duyduğu ilə artıq bildiklərini daim tutuşdurur, müqayisə edir və onun təcrübəsilə uygunlaşan nəticələrə gəlir.

Sosial proses və ya vəziyyətləri müşahidə edərkən, həm müşahidənin özünün aparılması faktı, həm də müşahidəçinin iştirak etməsi faktının doğurduğu müşahidə nəticələrinin mümkün təhriflərini həmişə nəzərə almaq lazımdır.

Müşahidəçinin iştirakı müşahidə olunanlarda xüsusən vəziyyətin onların normal vəziyyət haqqındakı təsəvvürlərilə düz gəlmədiyi hallarda utancaqlıq və sıxıntı doğura bilər.

Müşahidəçinin şəxsi keyfiyyətləri, baş verən hadisələrə göstərdiyi münasibət də həmçinin müşahidəyə məruz qalanların davranışına ciddi təsir göstərə bilər.

Müşahidə nadir hallarda sosial informasiya toplamağın əsas metodu kimi çıxış edir. O, adətən digər metodlarla yanaşı tətbiq olunur və spesifik məqsədlərə xidmət edir. Tədqiqatın yalnız bir hissəsini təşkil edərək müşahidə zəruri surətdə bütün tədqiqatın məqsədlərinə tabe olur. Bu həm tədqiqatda müşahidənin yerini, həm də öyrənilən obyekti və müşahidə prosesinin özünün spesifik məqsədlərini şərtləndirir.

Axtarış planlı tədqiqatlarda, yəni tədqiqat problemi haqqında hələlik aydın təsəvvürün olmamağı və məsələnin problematikasının müəyyənləşdirilməsi, işçi hipotezaların ilkin ifadəsi və onların ilkin yoxlanılmasından ibarət olması şəraitində müşahidə, ədəbiyyatın öyrənilməsi və məntiqi təhlil ilə birlikdə tədqiqatın bütün mərhələlərində tətbiq edilə bilər.

Müşahidə işçi hipotezalar ifadə edilərkən, həmin prosesin əsasını təşkil edir, həmçinin işçi hipotezaların ilkin yoxlanışı aparılarkən xüsusi əhəmiyyət kəsb edir.

Beləliklə, sosioloji tədqiqatda müşahidə müxtəlif məqsədlərə nail olmağa yönəldilə bilər. O, hipotezalar qurmaq üçün informasiya mənbəyi kimi istifadə oluna bilər və başqa metodlar vasitəsilə alınmış məlumatların yoxlanılmasına xidmət edə bilər, onun köməyi ilə öyrənilən obyekt haqqında əlavə məlumatlar əldə etmək olar.

"Müşahidə həmişə tədqiqatın ümumi məqsədinə tabe edilir və bu müşahidə olunanı müəyyənləşdirir, müşahidəni selektiv, seçici səciyyəli edir, yəni müşahidəçini müəyyən faktları qeydə almağa və digərlərini isə nəzərə almamağa məcbur edir.

Tədqiqatın məqsədləri üçün lazım olan informasiyanı əldə etmək üçün, yəni tədqiq olunan obyektin mühüm xarakteristikaları haqqında məlumatları almaq, onun fəaliyyəti ilə bağlı hər hansı əsas faktları və ya onun haqqındakı vacib informasiyanı gözdən qaçırtmamaq üçün əvvəlcədən əsaslı surətdə müşahidənin plan və proqramını işləyib hazırlamaq lazımdır. Planlaşdırma zamanı müşahidənin müddətini, vaxtını aydın təyin etmək, informasiya toplamaq üsullarını müəyyən etmək lazımdır. Bundan başqa, tədqiqatçının malik olduğu imkanlardan (vaxt, maliyyə, köməkçilərin sayı və onların ixtisası və s.) çıxış edərək öz fəaliyyət dairəsinin məhdudlaşdırılması məsələnin həll edilməsi və mümkün maneələrin (inzibati və ya psixoloji çətinlikləri, məlumatların alınması və qeyd edilməsi ilə bağlı çətinliklər və s.) nəzərə alınması vacibdir.

Müşahidə aşağıdakı mərhələlər üzrə aparılır:



  1. Müşahidənin obyekti və predmetinin təyin edilməsi, məqsədinin müəyyənləşdirilməsi, vəzifələrinin qoyuluşu.

  2. Mühitlə əlaqənin təmin edilməsi, müvafiq icazələrin alınması, adamlarla ünsiyyətin yaradılması.

  3. Müşahidə üsulunun (növünün) seçilməsi və əvvəlcədən toplanmış materiallar əsasında proseduranın hazırlanması.

  4. Texniki sənəd və avadanlığın hazırlanması (kartoçkaların, protokolların, təlimatların çoxaldılması, texniki avadanlığın, yazı ləvazimatlarının hazırlanması və s).

  5. Müşahidələrin aparılması, məlumatların yığılması, informasiyanın toplanması.

Müşahidənin nəticələri aşağıdakı şəkildə yazılır:

a) müəyyən məkan və zaman şəraitinin verdiyi imkan daxilində "isti-isti" aparılan qısa müddətli yazılar (qeydlər);

b) müşahidəsi aparılan şəxslərə, hadisə və proseslərə aid məlumatların qeydə alındığı kartoçkalar şəklində;

v) kartoçkanın genişləndirilmiş variantından ibarət olan müşahidə protokolları;

q) bütün lazımi məlumatların, mülahizələrin, ayrı-ayrı şəxslərin davranışının, şəxsi düşüncələrin, çətinliklərin günbəgün müntəzəm olaraq yazıldığı müşahidə gündəliyi;

d) video, foto, kino, səs yazıları.

Müşahidəyə müxtəlif üsullarla həyata keçirilə bilən nəzarət edilir:

a) şərait iştirakçıları ilə söhbətin aparılması ilə;

b) həmin hadisə ilə bağlı olan sənədlərə müraciətlə;

v) öz şəxsi müşahidə nəticələrinin başqa ixtisaslı müşahidəçinin apardığı müşahidə nəticələri ilə yoxlamaqla;

q) müşahidələrin təkrar edilməsi məqsədi ilə müşahidə haqqında başqa sosioloqlara raportların göndərilməsi vasitəsilə.

Müşahidə haqqında hesabata bunlar daxil olmalıdır:

a) aparılmış müşahidənin edildiyi vaxt, yer və şəraiti haqqında dəqiq sənədlər;

b) müşahidəçinin kollektivdə rolu, müşahidə üsulları haqqında informasiya;

v) müşahidə olunan adamların xarakteristikası;

q) müşahidə olunan faktların ətraflı təsviri;

d) müşahidəçinin şəxsi qeydləri və təfsiri.

1   ...   4   5   6   7   8   9   10   11   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə