Sosiologiya elm kiMİ Sosiologiyanın predmeti və tədqiqat sahəsi




Yüklə 1.14 Mb.
səhifə7/15
tarix23.02.2016
ölçüsü1.14 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   15
Birincisi, empirik sosioloji tədqiqatdan sosial idarəetmədə istifadə rəhbər kadrların sosioloji hazırlığının olmasını nəzərdə tutur. Bu hazırlıq mütləq empirik sosioloji tədqiqatın mahiyyəti, strukturu, metodologiyası, təşkili və zehni imkanları haqqındakı bilikləri, habelə belə tədqiqatın nəticələrinin oxuyub istifadə etmək bacarığını əhatə etməlidir.

Sosial idarəetmənin elmi səviyyəsinin yüksəldilməsində empirik sosioloji tədqiqatın konkret rolu üç əsas istiqamətdə özünü göstərir: ictimai inkişafın proqnozlaşdırılması və planlaşdırılmasında; idarəçilik barəsində qərarların qəbul edilməsində; vahid sosial informasiya sisteminin qurulmasında.

Proqnozlar sosial idarəetmə səviyyəsinin yüksəldilməsi üçün mühüm ilkin şərtdir. Empirik sosioloji tədqiqat həm qarşılıqlı sosioloji əlaqələrin bu və ya digər miqyasda proqnozlaşdırılmasında, həm də ayrı-ayrı ictimai hadisələrin proqnozlaşdırılmasında zəruridir.

Empirik sosioloji tədqiqat proqnozların işlənib hazırlanması üçün ilkin faktiki material verir. Əlbəttə ki, bu faktiki materialda mövcud hadisənin dinamikasının aşkara çıxarılması imkanları olmalıdır. Bunun üçün müəyyən fasilələrlə ardıcıl dövrlərdə eyni bir hadisənin bir neçə dəfə tədqiq olunması zəruridir.

Empirik sosioloji tədqiqatın verdiyi informasiya müstəsna dərəcədə qiymətlidir və o, mövcud qarşılıqlı sosioloji əlaqələrin gələcəyini açıb göstərir. Bu, ayrıca bir ictimai hadisənin digər hadisələrdən asılılığını, onların inkişafına təsirini görməyə imkan verir. Belə ki, məsələn, istehsalatın, ümumiyyətlə ictimai faydalı əməyin gələcəyi, şəxsiyyətin inkişaf vəziyyəti və meylləri aydınlaşdırılmasa, təhsilin inkişafını dəqiq proqnozlaşdırmaq mümkün deyil. Çünki, təhsil bir tərəfdən ictimai həyatın bütün qalan sahələri üçün kadrlar hazırlamağa imkan verir, digər tərəfdən isə şəxsiyyətə bəşər sivilizasiyasının nailiyyətlərindən istifadə etmək üçün zəruri olan bilik və bacarıqlar əldə etməyə və bununla da daxili razılıq hissi duymağa imkan verir. Sosioloji tədqiqatlar əsasında ölkənin və ya onun bölgələrinin bütövlükdə sosioloji sistemlər kimi inkişafını proqnozlaşdırmaq olar.

Proqnozlaşdırma ictimai hadisələr arasında asılılıqların həm keyfiyyət, həm də kəmiyyət tərəflərinin açıqlanmasını tələb etdiyindən, hər addımbaşı hadisənin kəmiyyət parametrlərini müəyyənləşdirmək imkanı verən empirik, informasiyaya ehtiyac duyur. Məhz bu istiqamətdə də empirik sosioloji informasiya həyati dərəcədə zəruridir.

Bizim fikrimizcə, proqnoz və plan arasında başlıca fərq ondan ibarətdir ki, proqnoz bütövlükdə müxtəlif variantlarda cəmiyyəti və ya ayrıca hadisənin gələcək mümkün inkişaf gedişini təsvir edərək bu gedişin çoxtərəfli şərtiliyini açıb göstərdiyi halda, plan proqnozlara əsaslanaraq rəhbər strukturların fəaliyyətinin ən optimalı kimi seçilmiş müəyyən gələcək inkişaf variantına yönəldir. Əgər plan qəbul edilibsə o, inadla, ardıcıllıqla və əzmlə yerinə yetirilməlidir. Əlbəttə ki, əgər planın yerinə yetirilməsi zamanı öyrənilməmiş məsələlər və ya nəzərə alınması zəruri olan yeni elmi kəşflər meydana çıxırsa, onda plan dəqiqləşdirilir və ona əlavələr edilir. Lakin plan üçün başlıca şey ondan ibarətdir ki, yerinə yetirilməli olan bu qərar gələcək inkişafın həyata keçirilməli olan mümkün variantlarından biridir.

Planın optimallığını müəyyən meyarların köməyilə müəyyənləşdirilir. Çox vaxt plan layihəsinin göstəricilərinin bu meyarlarla müqayisəsi ictimai gerçəklik haqqında informasiyanın toplanılması və təhlili ilə ifadə olunur. Digər vasitələrlə yanaşı burada empirik sosioloji tədqiqat da özünün mühüm yerini tapır.

Planın yerinə yetirilməsi nəhəng prosesdir. Bu prosesdə milyonlarla adam iştirak edir və bu proses bilavasitə onların həyati mənafeyinə toxunur. Bu prosesi izləmək, ona nəzarət etmək lazımdır. Bu proses məhsuldar qüvvələr və istehsal münasibətlərində, sosial strukturda, kütlələrin maddi və mənəvi rifah halında elm və incəsənətdə, idarəçilik və rabitədə, dünyagörüşündə, sosial psixikada və şəxsiyyətin bütün davranışında əks olunur. Bu prosesin geniş əhatəliliyinə və rəngarəngliyinə baxmayaraq, onu ancaq və başlıca olaraq şəxsi təsərrüfat və xidməti xətlə izləmək və öyrənmək olmaz. Burada sosial elmin işə qarışması, o cümlədən tədqiqatlar zəruridir. Bu tədqiqatların içərisində özünün kompleks imkanları və ictimai hadisələr arasındakı qarşılıqlı əlaqələri öyrənmək iqtidarı ilə fərqlənən empirik sosioloji tədqiqatın əhəmiyyəti aşkara çıxır.

Empirik sosioloji tədqiqatın verdiyi informasiya regional sosioloji sistemlərin öyrənilməsinin gedişində sosial inkişaf planları şəklində zəruridir. Sosial inkişaf planlarının məqsədi müəyyən dövr və müəyyən ərazidə bütün başlıca ictimai hadisələri, onların qanunauyğun qarşılıqlı əlaqəsində, yəni sosioloji sistem kimi əhatə etməkdən ibarətdir. Sosial inkişaf planları empirik sosioloji tədqiqatlarla qırılmaz surətdə bağlıdır və çox halda onlarsız mümkün deyildir.

Empirik sosioloji tədqiqat bir sıra hallarda operativ idarəçilik qərarlarının qəbul olunmasında da faydalıdır.

İlk əvvəl empirik sosioloji tədqiqat rəhbər işçi üçün çox faydalı olan informasiya verir. Bu informasiya onun ictimai həyata baxışını zənginləşdirir, dünyagörüşünü təkmilləşdirir. Bu baxımdan empirik sosioloji tədqiqat mövcud konkret vəzifə üçün deyil, rəhbər işçinin ümumi idarəçilik fəaliyyəti üçün faydalıdır.



İkincisi, empirik sosioloji tədqiqat düzgün, realist yanaşma üçün vacib ilkin şərtdir. Məsələn, bu sətirlərin müəllifi dəfələrlə geniş (və müxtəlif) dairələrdə əhalinin təhsil səviyyəsi barəsində heyrətləndirici dərəcədə səhv fikirlərin şahidi olmuşdur. Belə hesab edirlər ki, təhsil strukturu həqiqətdə olduğundan xeyli yaxşıdır. Belə əhval-ruhiyyə ilə çox vaxt ölkənin həyatında müxtəlif müsbət prosesləri görür, bəzi zərərli prosesləri isə layiqincə qiymətləndirmirlər. Əlbəttə ki, bəzi mənfi hadisələr və meyllərin nihilizmə və pessimizmə gətirib çıxaran şişirdilməsi kimi əks hallar da olur.

Empirik sosioloji tədqiqat gerçəklikdən ayrı düşməyə (istər mənfi, istərsə də müsbət tərəfə doğru) qarşı, operativ idarəetmənin gedişində böyük əhəmiyyətə malik olan və rəhbər kadrların yetişdirilməsinə təsir göstərən ayrı düşməyə qarşı qüvvətli vasitədir.

Empirik sosioloji tədqiqatın funksiyalarından biri onda özünü göstərir ki, o, ictimai həyatda, müxtəlif sosial kateqoriyadan olan adamların təfəkkür və davranışında uğurlarla, nailiyyətlərlə yanaşı, mənfi halları da açıb göstərir. Bunun nəticəsində nöqsanlar, ziddiyyətlər, cəmiyyətin sosial normalarından yayınmalar, keçmişin qalıqlarının mürtəce təsirləri, bəzi durğunluq meylləri daha yaxşı görünür. Beləliklə, məsuliyyət hissi yüksəlir, arxayınçılıq azalır, təşəbbüs və axtarış stimullaşdırılır.

Empirik sosioloji tədqiqatın operativ idarəetmə ilə bağlı olan mühüm əhəmiyyəti ondan ibarətdir ki, o, tez-tez və getdikcə daha müntəzəm şəkildə bu və ya digər problem üzrə idarəçilik qərarlarının qəbul edilməsi üçün əsas rolunu oynayır.

Bundan başqa empirik sosioloji tədqiqatdan xüsusi olaraq rəhbərlik fəaliyyətinin dəsti-xəttinin, habelə kadrlarla işin keyfiyyətinin öyrənilməsi üçün istifadə etmək olar.

İctimai inkişafın gedişində labüd sürətlə vahid sosial informasiya sisteminin zəruriliyi haqqında əsaslı ideyaya gəlib çıxırlar. Bu ideya mahiyyətcə sosioloji xarakterə malik cəmiyyətin bitkin bir orqanizm olması haqqında dərin nəzəri müddəadan doğur. Əgər sosial idarəetmə bütöv bir sistem kimi bütün başlıca ictimai hadisələri onların qarşılıqlı əlaqələrində nizamlayırsa, onda onun təkcə iqtisadi proseslər deyil, həm də istehsaldan kənar hadisələr haqqında məlumata ehtiyacı var. Sosial hadisə və münasibətlərin eyni zamanda mürəkkəbləşməsi, şəxsiyyətin sürətli və çoxtərəfli inkişafı sosial idarəetmədə "gözəyarı" metodun imkanlarını getdikcə daha çox azaldır. Deməli, burada artıq elmi və vahid sistem halında birləşdirilmiş informasiyadan söhbət gedir. Sosial idarəetmənin təkmilləşdirilməsində əsas vəzifələrdən biri vahid ictimai orqanizm və onun bütün elementlərinin vəziyyəti, prosesləri və meyllərini əks etdirən vahid sosial informasiya sisteminin yaradılması və inkişafıdır.

Vahid sosial informasiya sistemi özündə sosioloji sistemlər halında götürülən bütün başlıca ictimai hadisələr haqqında daxili tabeliləşdirilmiş informasiya aktlarını cəmləşdirir. Bir tərəfdən hər bir axın ayrıca ictimai hadisənin vəziyyəti və dinamikasını hərtərəfli və dəqiq şəkildə açıb göstərməlidir; digər tərəfdən bütövlükdə informasiya axınları cəmiyyətin vəziyyəti və meyllərini bütövlükdə işıqlandırmalıdır. Bu informasiya axınının diapazonu müvafiq ictimai hadisənin funksiyalarının əhəmiyyətindən asılıdır. Özü də belə informasiya ciddi surətdə müəyyənləşdirilmiş üsulla, müəyyən intervallarla toplanılmalı, standart proqramlar üzrə işlənməli və müvafiq şəkildə, miqyasda və dərəcədə işlənmiş halda müxtəlif növlü və səviyyəli idarəçilik həlqələrinə daxil olmalıdır. Aydındır ki, vahid sosial informasiya sistemi özünün daha dəqiq, qənaətcil və elmi şəkildə həyata keçirilməsi və fəaliyyət göstərməsi üçün həm də müvafiq təşkilati formaya malik olmalıdır.

Vahid sosial informasiya sistemi, şübhəsiz ki, müxtəlif informasiya mənbələrindən istifadə edəcəkdir. Burada iki başlıca mənbə ön plana çıxır; bir tərəfdən aşağı müəssisə, idarə və təşkilat həlqələrinin ilkin hesabat verməsi; digər tərəfdən — xüsusi təşkil edilmiş empirik sosioloji tədqiqat.

Lakin hər bir empirik sosioloji tədqiqat vahid sosial informasiya sisteminə daxil edilə bilməz. Buraya yalnız sosial idarəçilik orqanlarının müvafiq tələbatına uyğun surətdə vaxtaşırı keçirilən tədqiqatlar daxil edilir, bu tədqiqatların verdiyi informasiya isə standarta uyğun şəkildə işlənilir və dövriyyəyə buraxılır.

Empirik sosioloji tədqiqatın başlıca praktiki funksiyaları onun sosial idarəyə təsiri yolu ilə həyata keçirilir. Lakin çox vaxt tədqiqat bilavasitə sosial proseslərə təsir göstərir. Məsələn, empirik sosioloji tədqiqatın mədəni-ideoloji funksiyaları prinsipcə belə yerinə yetirilir.

Sosioloji tədqiqatın, əlavə də olsa, mühüm nəticələrindən biri insanların mədəniyyəti və şüurluluğuna münasibətdə özünü göstərir. Belə tədqiqat, spesifik dərketmə prosesi kimi, tədqiq olunan şəxslərə, anketçilərə və elmi rəhbərlərə, habelə onun nəticələri ilə tanış olanların hamısına müəyyən təsir göstərir.

Empirik sosioloji tədqiqatın gedişində elmi rəhbərlər, anketçilər və tədqiq olunan şəxslər çox tez-tez yeni anlayışlar və problemlərlə rastlaşırlar. Sonuncular ya tədqiqatın proqramında olur, ya da onun metodikası və təşkili ilə bağlıdır. Tədqiqat onları düşünməyə, bu problemlər üzrə öz mövqe və münasibətlərini aydınlaşdırmağa vadar edir. Bu, onların mədəniyyətinin zənginləşdirilməsinə, ictimai hadisələrə münasibətinə təsir etməyə bilməz. Burada söhbət sual vərəqlərinin doldurulması zamanı düzgün məlumat verməkdən yayınmaqdan deyil, mədəniyyət və şüurluluqdakı gözəçarpmaz və kortəbii dəyişikliklərdən gedir. Belə dəyişikliklər tədqiqatla təmasa girən və onun təsiri altında olan bütün şəxslərdə daxilən yığılır. İşlə və ya digər səbəblərlə bağlı olaraq öyrənilən problemlərlə maraqlanan adamlara empirik sosioloji tədqiqatların təsiri daha güclüdür. Məlumdur ki, məsələn, çox vaxt xüsusi empirik sosioloji tədqiqatlar üzrə nəzəri konfranslar, xidməti təlimatlar, yığıncaqlar və s. keçirilir. Empirik sosioloji tədqiqatların nəticələri ilə belə tanışlıq formaları öz məqsədyönlülüklərinə görə səmərəlidir. Əlbəttə, yayılan informasiyanın təsiri müxtəlifdir. Bəzi vətəndaşlar üçün o, ümummədəni əhəmiyyətə malikdir. Digərlərinə isə o, bu şəxslərin dəyər meyarlarında dəyişiklik yaratmaq formasında təsir edir. Üçüncülər bu informasiyadan öz xidməti işlərində istifadə edərək, onu idarəçilik qərarlarında, göstərişlərində hazırlanan və təsdiq olunan planlarda əks etdirirlər.

Nəhayət, empirik sosioloji tədqiqat mətbuat, radio və televiziya vasitəsilə insanların mədəniyyətinə, onların şüurluluğuna təsir edir. Bəzi hallarda müxtəlif məqsədlər güdən bir çox vətəndaşlar özləri sosioloji ədəbiyyatı oxumağa başlayırlar. Digərləri isə sosioloji məsələlər üzrə teleradio verilişləri və ya sosioloji nəşrlərlə təsadüfən rastlaşır və bu şəkildə bu və ya digər sosioloji tədqiqatın nəticələri ilə tanış olurlar.

Şüurluluğa münasibətdə onun funksiyasının mühüm cəhəti, empirik sosioloji tədqiqatın verdiyi informasiya nəticəsində və ona əsasən təhsil müəssisələri, dövlət orqanları və ictimai təşkilatların tərbiyəvi fəaliyyətinin yaxşılaşdırılmasıdır. Bu tez-tez baş verir, çünki tədqiqatların xeyli hissəsi tərbiyə işinin təkmilləşdirilməsinə kömək etmək məqsədi ilə aparılır.

Empirik sosioloji tədqiqat, tədqiq olunan minlərlə şəxsə bilavasitə olsa da, ölkənin idarəsində iştirak etmək imkanı verir. Tədqiq olunan şəxslərin fəaliyyəti və fikirləri barəsində müəyyənləşdirilmiş faktların ifadəsi olan belə tədqiqat nəticələri idarəçilik orqanları və xadimlərinin məlumatlılığına təsir göstərir və artıq yuxarıda deyildiyi kimi, idarəçilik qərarlarının qəbul olunması üçün bilavasitə əsas rolunu yerinə yetirir. Bu nəticələr xeyli dərəcədə idarəçilik orqanlarına bu və ya digər məsələ üzrə zəhmətkeşlərin görüşləri, onların arzu və məsləhətləri, tənqidi qeydləri ilə tanış olmağa imkan verir. Bu, başqa amillərlə birlikdə, idarəetmə qərarlarını xalq kütlələrinin arzuları və sosial psixikası ilə daha tam və yaxşı uyğunlaşdırmaq imkanı yaradır. Beləliklə, empirik sosioloji tədqiqat demokratiyanın daha da təkmilləşdirilməsi və inkişaf etdirilməsi mexanizmlərindən biridir.

Empirik sosioloji tədqiqatların göstərilən funksiyaları onun sosial proseslərə fəal təsir göstərmək imkanlarının ifadəsidir.

Bu təsirin dərəcəsi hər şeydən əvvəl empirik sosioloji tədqiqatın mövzusunun aktuallığı və miqyasından asılıdır. Bu həm də, idarəçilik orqanları və onların əməkdaşlarının sosioloji informasiyadan müntəzəm istifadə etmək hazırlığı və üsullarından da asılıdır. Empirik sosioloji tədqiqatın imkanlarına getdikcə daha dolğun şəkildə yiyələnmək və ya başqa sözlə desək, onun sosial funksiyalarının daha geniş şəkildə reallaşmasına şərait yaratmaq cəmiyyətdə onun pozitiv sosial rolunun yüksəldilməsi yollarından biridir.
8.2. Empirik sosioloji tədqiqatın mərhələləri

Empirik sosioloji tədqiqat özünəməxsus idrak prosesi kimi zaman daxilində baş verir. Tədqiqatın hazırlanması və keçirilməsini əhatə edən bütün dövr xronoloji şəkildə bir-birinin ardınca gələn mərhələlərə bölünür.

Tədqiqatın məqsədi — müvafiq mövzunu öyrənmək və ya hansısa praktiki problemi həll etmək imkanı verən, nümayəndəlik və mötəbərlik keyfiyyətlərinə malik olan müəyyən empirik informasiyanı toplamaqdır. Bu məqsədin həyata keçirilməsi bir çox zehni əməliyyatları yerinə yetirməyi tələb edir. Bu əməliyyatlar qruplarda birləşdirilmişdir. Keçid xronoloji olaraq bir qrupdan o birisinə edilir, halbuki mövcud qrupun daxilində xronologiya zəruri deyil və o, pozula bilər, çünki hər bir ayrıca elementdən bütün başqalarına doğru qeyri-müəyyən dəfə təkrar edilə bilən çoxistiqamətli hərəkət gedir.

Bu baxımdan empirik sosioloji tədqiqatın mərhələləri hər mərhələdə həll edilən vəzifələrin məcmusundan asılı olaraq keyfiyyətcə xüsusiləşmiş olur.

Empirik sosioloji tədqiqatın aşağıdakı mərhələlərini fərqləndirirlər:


  • birinci mərhələ — hazırlıq,

  • keçid mərhələsi — yoxlama (nümunə) tədqiqatı,

  • ikinci mərhələ — tədqiqatın həyata keçirilməsi,

  • üçüncü mərhələ — materialın işlənməsi.

Hazırlıq mərhələsində, ilk növbədə, tədqiqatın proqramı işlənilib hazırlanır. Başqa sözlə, bu, hansı materialın toplanacağı sualına cavab verməkdir. Bununla bərabər informasiyanın toplanılması və işlənməsinin yolları və vasitələri müəyyənləşdirilir.

Yoxlama tədqiqatını biz keçid mərhələsi kimi səciyyələndiririk, çünki o, həmişə vacib deyildir. Yoxlama tədqiqatı hazırlığın keyfiyyətini yüksəltmək məqsədini güdür. Hazırlıq elementlərinin (bütövlükdə və ya qismən) özünəməxsus şəkildə praktiki yoxlanılmasıdır, bundan sonra həmin elementlərin təkmilləşdirilməsi gedir. Bununla da hazırlıq tamamilə başa çatır və növbəti mərhələyə keçmək olur. Bu mənada yoxlama tədqiqatına hazırlığın bir hissəsi kimi baxmağa əsas var. Tədqiqatın həyata keçirilməsi mərhələsində informasiya toplanılır, tədqiqatın əsl məqsədi həyata keçirilir. Burada informasiya fərdi, ilkin informasiya şəklində alınır. O, hələlik nəzəri analiz üçün hazır deyildir.

Fərdi informasiyadan məcmu informasiyaya sıçrayış, tədqiqatın sonuncu materialının işlənməsi mərhələsində baş verir. Bu işlənmə cüzi istisnalarla statistik-riyazi işlənmədir. Özünün əksər hissəsində bu keçid informasiyanın empirik xarakterini dəyişmir. Lakin informasiya artıq nəzəri təhlil üçün yararlı hala düşür.

Bununla da empirik sosioloji tədqiqat başa çatır. Müvafiq şəkildə işlənmiş empirik informasiya artıq əldə edilmiş olur. Bundan sonra nəzəri təhlil, ümumiləşmə, yəni sosioloji nəzəri tədqiqat, eləcə də bu informasiyadan idarəçilik qərarlarının qəbul edilməsindən istifadə olunması başlayır.

Empirik sosioloji tədqiqatın mərhələləri arasındakı qarşılıqlı əlaqə üçün prosesin bir istiqamətdə getməsi səciyyəvidir. İdrak prosesi hazırlıqdan tədqiqatın həyata keçirilməsinə (burada biz yoxlama tədqiqatını təcrid edirik) və buradan da materialın işlənməsinə doğru yayılır. Əks istiqamətdə hərəkət ziyanlıdır. Əgər hazırlıq elementlərinə — proqrama, metodika, təşkil və s. tədqiqatın həyata keçirilməsinə başladıqdan sonra hansısa dəyişikliklər edilirsə, bu ancaq o deməkdir ki, ya hazırlıq başa çatdırılmamış və vaxtından əvvəl icra mərhələsinə keçilmişdir, ya da hazırlıq zamanı elə dəqiqsizliklər və nəzərdənqaçmalara yol verilmişdir ki, onlar tədqiqatın gedişində aradan qaldırılmalıdır. Bütün hallarda bu, tədqiqatın səviyyəsini aşağı salır. Eyni şey tədqiqatın həyata keçirilməsi və materialın işlənməsi mərhələləri arasındakı əlaqəyə də aiddir. Əgər sual vərəqələri doldurulmamış və məzmun baxımından təshih olunmayıbsa, materialın işlənməsinə başlamaq olmaz. Materialın işlənməsinə sual vərəqələrinin yoxlanılmış və hazır kimi qəbul edilmiş hissəsindən başlamağın mümkün olması isə başqa məsələdir. Lakin bu o deməkdir ki, onlar üçün, yəni seçmənin, tədqiq olunan məcmunun müvafiq vahidləri üçün tədqiqatın həyata keçirilməsi mərhələsi başa çatmışdır.

Əgər empirik sosioloji tədqiqatın mərhələləri arasında əlaqə bir istiqamətlidirsə, əgər mərhələlər xronoloji cəhətdən bir-birinin ardınca gəlirsə, onda növbəti mərhələ özündən əvvəlkinə təsir göstərə bilməz. Burada ancaq bircə imkan var: — əvvəlki mərhələnin strukturunda elə elementlər olmalıdır ki, onlar sonrakı mərhələnin xarakter tələbatını nəzərə almış olsunlar. Bu mənada əks qayıdış təsirindən danışmaq mümkündür, lakin bu geriyə təsir bilavasitə həyata keçir. Məsələn, materialın işlənməsi mərhələsinin "mənafeyi" hazırlıq mərhələsində materialın işlənməsi layihəsi ilə (bu layihə hələ hazırlıq mərhələsində işlənilir), tədqiqatın həyata keçirilməsi mərhələsinin "mənafeyi" isə təşkilat planı ilə (bu plan da hazırlıq mərhələsində tutulur) təmsil olunmuşdur.

Hər bir mərhələ özlərinin bütövlüyü, qarşılıqlı asılılığı və vahidliyi ilə mərhələnin sərhədlərini müəyyənləşdirən, onu digər mərhələlərdən fərqləndirən bir neçə elementə malikdir.

Proqram, hansı empirik informasiyanın toplanacağı, nəyin öyrəniləcəyi, hansı sosioloji qarşılıqlı əlaqələrin, cəhətlərin və proseslərin həqiqətən sosioloji tədqiqatın predmeti olacağı sualına cavab verir.

Materialın işlənməsi layihəsinin köməyi ilə fərdi informasiyadan məcmu informasiyaya sıçrayış baş verir.

Metodika özü də aşağıdakılara bölünür:

a) məlumatların toplanılması metodikası; bu metodika fərdi informasiyanın doğruluğunu təmin edən metodlar, vasitələr və prinsipləri müəyyənləşdirir.

b) seçmə metodikası; bu metodika tədqiq olunan şəxslərin sayını və onların seçilməsinin informasiya mötəbərliyini təmin edən üsullarını müəyyənləşdirir.

Təşkilati plan tədqiqatın necə təşkil olunacağını müəyyənləşdirir.

Sənədlər (alətlər dəsti) hazırlığın nəticələrinin yazıldığı və qeyd olunduğu sənədləri əhatə edir.

Hazırlıq zamanı onun ilk elementi — proqram həlledici əhəmiyyətə malikdir. Hazırlıq, proqramın işlənilib tərtib olunmasından başlayır. Onun ilk variantı əsas cizgilərdə hazırlandıqdan sonra, ondan asılı olaraq, məlumatların işlənməsi layihəsi, məlumat toplanılması və seçmə metodikası, təşkilati planın hazırlanması başlayır. Eyni zamanda hazırlığın hər bir sonrakı elementi əks əlaqə vasitəsi ilə proqrama təsir göstərir.

Belə qarşılıqlı təsir hazırlığın bütün elementləri arasında mövcuddur. Elementlərin hər biri qalanların hamısına təsir edir və bununla yanaşı hansı dərəcədəsə onlardan asılıdır. Məsələn, məlumatların toplanılması metodikası və təşkilati plan arasındakı asılılıq olduqca birbaşadır. Əgər məlumatların toplanılması metodu müsahibədirsə, bu halda tədqiqatın təşkili məlumat toplama metodu bilavasitə anket metodunda olduğundan xeyli dərəcədə fərqlənir.

Tədqiqatın təşkili onun ancaq bu və ya digər elementinə müncər edilə bilməz. Ancaq bütün göstərilən elementlər işlənilib hazırlandıqdan sonra hazırlığı başa çatmış hesab etmək olar. Bu məsələni yadda saxlamaq vacibdir. Çünki praktikada elə hallara rast gəlmək olur ki, təkcə sorğu vərəqləri hazırlanan kimi belə hesab edirlər ki, bütün hazırlıq başa çatdırılmışdır və tədqiqatın həyata keçirilməsinə başlayırlar.

Çox zaman məlumatların işlənməsi layihəsini hazırlamadan tədqiqatın həyata keçirilməsinə başlayırlar. Belə səhv hətta nüfuzlu sosioloqlar tərəfindən də buraxılır. Məsələn, "İnsan və onun işi" kitabında qələmə alınmış, başqa cəhətlərdən fərqli olan məlumat işləmə layihəsi informasiyanın yığılmasından sonra tərtib edilmişdir.1 Bəzi sosioloqların məlumat işləmə layihəsinin hazırlanmasını hazırlıq mərhələsindən kənar edən və onu tədqiqatın üçüncü məlumat işləmə mərhələsinə şamil edən görüşləri buna meydan açır.2

Bu proqrama çox geniş şəkildə baxan və faktiki olaraq onu bütün hazırlıq mərhələsi ilə eyniləşdirməyə cəhd edən bəzi müəlliflərlə razılaşmadığımızı bildirmək istəyirik.3 Belə cəhdlər hazırlıq elementlərinin daha çox fərqləndirilməsi ilə əhatə edilməsinə, onların arasındakı keyfiyyət fərqlərinin daha dərindən başa düşülməsinə, onların asılılığını araşdırmağa, bunun nəticəsində isə empirik sosioloji tədqiqat nəzəriyyəsinin hərtərəfli işlənməsinə mane olur.

Hazırlıq elementləri arasında qarşılıqlı asılılıq və qarşılıqlı təsir mövcud olduğu üçün, aydındır ki, qalan bütün elementlər işlənməyincə ayrılıqda götürülmüş heç bir element işlənilib başa çatdırılmış hesab edilə bilməz. Burada empirik sosioloji tədqiqat nəzəriyyəsinin qanunlarından birini ifadə etmək olar: onun hazırlanması o zaman başa çatdırılmış sayıla bilər ki, onun bütün elementləri eyni zamanda işlənilib qurtarmış və eyni zamanda onların bütün qarşılıqlı əlaqələri tamamilə aydınlaşdırılmış olsun.

Aşağıda empirik sosioloji tədqiqatın keçirilməsinin bu elementləri sadalanır.

1. Qrafik, zaman və məkan daxilində tədqiqatın həlqələri arasında qarşılıqlı əlaqəni həyata keçirir və təmin edir.

2. Təşkilati-texniki problemlər — maliyyə vəsaiti, tədqiq olunan məcmu vahidlərinin siyahılarının təmin edilməsi, sənədlərin çapı və yayılması və s.

3. Elmi rəhbərlər və anketçilərin seçilməsi və hazırlanması tədqiqatın keçirilmə mərhələsində bu məqam onun taleyi üçün həlledicidir.

4. İlkin fərdi informasiya yerlərdə anketçilər və elmi rəhbərlər tərəfindən yığılır.

5. Elmi rəhbərlər və anketçilərin işinə kömək və nəzarət; burada söhbət elmi rəhbərlər tərəfindən anketçilərə kömək və onların işi üzərində nəzarətindən, elmi rəhbərlərin işi üzrə isə tədqiqat müəllifləri tərəfindən nəzarətdən söhbət gedir. İnformasiya yığılmasının gedişində çox tez-tez və dəfələrlə belə kömək göstərilir və nəzarət edilir.

6. Hər hansı informasiyanın qeydə alındığı sual vərəqələri və başqa sənədlərin yoxlanılması artıq informasiya yığımının gedişində başlanır və bütün sorğu vərəqələri, sənədlərin doldurulması başa çatdıqdan sonra bütövlükdə həyata keçirilir.

Sonuncu üç element paralel olaraq həyata keçirilir, bir-biri ilə əvəz olunur, və tamamlanırlar. Bu özü də ancaq bütövlükdə yoxlama informasiya yığılıb qurtardıqdan sonra başa çatır.

İlk üç elementə gəldikdə isə, xronoloji cəhətdən onlar tədqiqatın həyata keçirilməsi mərhələsinin qalan bütün elementlərindən qabaq gəlirlər. Buna görə də üç elementi hazırlıq mərhələsinə daxil etmək üçün əsas vardır. Lakin bizə elə gəlir ki, onlar hazırlıqdan tədqiqatın həyata keçirilməsinə keçid rolunu oyansalar da daha diqqətlə nəzər yetirdikdə onların yeri buradadır. Niyə? Ona görə ki, nəzəri cəhətdən mövcud tədqiqatı tamamilə (yoxlama tədqiqatı və hazırlıq elementlərinin ona əsasən yaxşılaşdırılması da daxil olmaqla) hazırlamaq və bir sıra səbəblər üzündən onun həyata keçirilməsini qeyri-müəyyən müddətə təxirə salmaq mümkündür. Praktikada belə şey olur. Bu halda sənədlərin çapını da təxirə salmaq ən yaxşı şey olardı. Sənədlərin bölünməsi və onların yerlərə göndərilməsinə gəldikdə isə bu işi, habelə tədqiq olunan vahidlərin siyahıları ilə, nəqliyyat vasitələri ilə təchizatı, elmi rəhbərlər və anketçilərin seçilməsi və hazırlığını təxirə salmaq lazımdır. Tədqiqatın həyata keçirilməsini sənədlərin çapı və bölünməsindən, elmi rəhbərlər və anketçilərin seçilib hazırlanmasından və s.-dən başlamaq lazımdır. Çünki bütün bu şeylər vaxtdan çox asılıdır. Onlar tədqiqatın keçirildiyi vaxtdan nə qədər çox uzaqlaşırlarsa, onların məzmunu ilə tədqiqatın həyata keçirildiyi şəraitdəki eventual, yəni əlverişli şəraitdə mümkün olan dəyişikliklər arasında uyğunsuzluqların meydana gəlməsi təhlükəsi o qədər artır Təbii ki, bütün bunlar tədqiqat qrafikinə təsir etməyə bilməz.

Empirik sosioloji tədqiqatda işlənmə elementlərinə gəldikdə isə onlar aşağıdakılardan ibarətdir.

1. Kodlaşdırma və şkalaya salınma çox vaxt bütövlüklə və qismən kod və şkalaların əvvəlcədən çap olunduğu sual vərəqələrinin doldurulması zamanı yerinə yetirilir. Lakin, adətən, bu iş tədqiqatın həyata keçirilməsi qurtardıqdan sonra başa çatdırılır, bəzən isə bütövlüklə məhz bu vaxt yerinə yetirilir.

2. Əsaslı hesablama işi. Burada xüsusən mühüm qruplaşmaların tərtibatı və ilkin işlənib hazırlanmış fərziyyələrə müvafiq olaraq tədqiqat proqramına daxil edilmiş əlamətlər arasındakı əsas asılılıqların hesablanması nəzərdə tutulur.

3. Hesablamaların yoxlanılması. Belə yoxlama ən mükəmməl texnikadan istifadə olunduqda belə tələb edilir, çünki mütləq etibarlı maşın və mexanizmlər yoxdur. Bəzən hesablama mərkəzləri işçilərinin təcrübəsizliyi, saymazlığı və ya işləmə layihəsindəki çatışmazlıq üzündən səhvlərə yol verilir.

4. Artıq işlənmiş informasiya nəticələrinin təhlili əsasında əlavə hesablamalar qeyri-müəyyən dəfə yerinə yetirilir. Dəfələrlə istifadə oluna biləcək hesablama bazasının mövcudluğu nəzərdə tutulur. Aydındır ki, hər bir növbəti hesablama özündən əvvəlkindən müəyyən qədər vaxt keçdikdən sonra aparılır. Məhz bu vaxt ərzində işlənmə nəticəsinin nəzəri təhlili aparılır.

Gördüyümüz kimi, empirik sosioloji tədqiqat mürəkkəb struktura malikdir və bir qayda olaraq, hazırlıqdan başlamış məlumatların işlənməsinə qədər onun yerinə yetirilməsi üçün uzun müddət tələb olunur, hər bir mühüm tədqiqat çoxtərəfli, bilik və ixtisasa malik mütəxəssislərin birləşdirilməsini tələb edən kollektiv işdir.

Tədqiqatın hazırlanması və həyata keçirilməsində hər hansı tələskənlik, tədqiqatın spesifikasına, idrak prosesinin qanunauyğunluqlarına qarşı hər bir saymazlıq onun elmi səviyyəsini xeyli aşağı salır və alınmış informasiyanın tamamilə gözdən salınmasına gətirib çıxara bilər.

Ona görə də istənilən tədqiqatın həyata keçirilməsi zamanı empirik sosioloji tədqiqatın bütün mərhələlərinin tələblərinə dönmədən riayət etmək zəruridir.

SOSİOLOJİ TƏDQİQATIN PROQRAMI
Sosioloji tədqiqat məntiqi ardıcıllığa malik və ümumi məqsədlə öyrənilən hadisə və ya proses haqqında maksimal dərəcədə etibarlı məlumatlar almaq zərurəti ilə üzvi surətdə bir-biri ilə bağlı olan əməliyyatlar sırasıdır.

Bu əməliyyatlar vahid sistem halında tədqiqat proqramı şəklində birləşdirilir. Yalnız metodoloji və metodik cəhətdən düzgün tərtib edilmiş proqram tədqiqatın yüksək səviyyədə aparılmasının rəhni ola bilər.

Sosioloji tədqiqatın proqramı elmi axtarışın metodoloji və prosedur şərtlərini özündə cəmləşdirən sənəddir. Bu sənəddə tədqiqatın metodoloji şərtləri, əsas vəzifələri, sosioloji informasiyanın toplanması və işlənməsinin metodika və texnikası şərh edilir.

Sosioloji tədqiqatın proqramında ümumi dialektik metodla xüsusi sosioloji metodlar, ümumsosioloji nəzəriyyə ilə öyrənilən sosioloji faktlar, sosioloji idrakın obyekti ilə subyekti, proqramı təşkil edən elementlər, obyektin öyrənilməsi prosesində bir-biri ilə qarşılıqlı təsirdə olan tədqiqatçı qruplarla ayrı-ayrı icraçılar, tədqiqatçılarla sosioloqların tövsiyələrini həyata keçirən əməli işçilər arasında əlaqələr reallaşdırılır. Bu proqramda tədqiqatın aparılması üçün zəruri olan sosioloji bilik və vərdişlərin strukturca təşkili öz əksini tapır, nəzəri nəticələr almaq və əməli tövsiyələr hazırlamaq mexanizminin özülü qoyulur. Əgər səhra tədqiqatına başlayarkən sosioloq hazır proqrama malikdirsə, onda onun hərəkətləri və bu hərəkətlər üzərindəki nəzarəti məntiqi və ardıcıl olacaqdır. Sosioloji tədqiqatın proqramı, həmçinin idrak subyekti kimi sosioloqla onun öyrəndiyi adamlar arasında optimal əlaqə yaradır və onların təhlili və dəqiqləşdirilməsində əhəmiyyət kəsb edir.

Sosioloji tədqiqatın proqramında sosioloji tədqiqatın müəyyən ardıcıllığı, mərhələliyi əks olunur. Hər bir mərhələnin idrakı prosesin nisbətən müstəqil hissəsi — həlli, tədqiqatın ümumi məqsədi ilə bağlı olan spesifik vəzifələrlə səciyyələndirilir.

Tədqiqatın ciddi mərhələliklə aparılması prinsipi proqramın strukturu və məzmununa qarşı xüsusi tələblər irəli sürür.

Sosioloji tədqiqatın proqramı iki hissədən ibarətdir; metodoloji və prosedur hissə.

Metodoloji hissədə araşdırılan məsələlər aşağıdakılardır:

— tədqiqatın probleminin ifadə edilməsi, obyekt, subyekt və predmetinin müəyyənləşdirilməsi;

— tədqiqatın məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi;

— məfhumların təfsiri və əməliyyatlaşdırılması;

— tədqiqat obyektinin ilkin sistem təhlili;

— hipotezaların ifadə edilməsi;

Proqramın prosedur hissəsinə daxildir:

— müşahidə vahidlərinin seçilməsi;

— empirik məlumatlar yığma metodları və texnikasının müəyyənləşdirilməsi;

— tədqiqatın strateji və işçi planının tərtib edilməsi
9.I. Tədqiqatın problemi, obyekti və subyekti

İctimai həyatın yaratdığı ziddiyyətli vəziyyəti sosial problem adlandırmaq qəbul olunmuşdur. Sosioloji tədqiqatların təşkilatçıları üçün sosial problem hər hansı bir sosial hadisə və ya prosesin müəyyən tərəfləri, kəmiyyət və keyfiyyət dəyişkənlikləri, inkişaf təmayülləri, səbəbləri və digər xarakteristikalarına aid bir növ "bilmədiklərimiz haqqında bilik" vəziyyəti kimi çıxış edir.1 Məsələn, bu, kollektivdə aparılan bütün tərbiyəvi işin təsirlilik dərəcəsinə və ya onun ayrı-ayrı istiqamətləri, forma və metodlarının faydalılığına aid biliklərin olmamağı, əmək intizamının pozulması hallarının artması, kadr axıcılığı və ya müəssisənin bazar münasibətlərinə ləng keçməsi səbəblərinə aid bilməməzlik ola bilər. )

Sosial problemlərin təsnifatına sosiologiyada beş cür yanaşma mövcuddur. Həmin problemləri tədqiqatın məqsədindən, problemin daşıyıcısından, onun yayılma miqyasından, ziddiyyətin təsir müddəti və onun dərinliyindən asılı olaraq qruplaşdırırlar.

Tədqiqatın məqsədindən asılı olaraq qnoseoloji (məntiqi-idrak) və predmet səciyyəli problemləri fərqləndirirlər. Qnoseoloji problemlər mühüm sosial hadisə və ya proseslər haqqında informasiya azlığından yaranan problemlərdir. Burada problemlər biliklərin azlığı üzümdən əmələ gəlir.

Predmet problemlər dedikdə, adətən, əhalinin bu və y ya digər qruplarının sosial təsisatlarının toqquşmalarından doğan, onları hərəkətlərə təhrik edən, onların həyat fəaliyyətinin sabitliyini pozan ziddiyyətlər nəzərdə tutulur.

Öz daşıyıcısına görə problem ayrı-ayrı sosial-demoqrafik, milli, peşəkar, siyasi və digər qrupların sosial təsisatlarının, istehsal müəssisələrinin, dövlət idarələrinin və. s. maraqlarına toxunan ziddiyyətdən ibarət ola bilər.

Yayılma miqyasına görə sosial problem ya ölkə üçün ümumi, ya da regional səciyyə (şəhər, qəsəbə, şəhər rayonu və ya mikrorayon çərçivəsi ilə məhdudlaşmışdır) daşıyır.

Ziddiyyətin təsir müddətinə görə problem qısa, orta və uzun müddətli ola bilər. Bunlardan birincisinə misal olaraq tələbələrin ali məktəbdə hər hansı bir təlim formasından narazılığını göstərmək olar. Bu problem nisbətən qısa vaxtda həll edilir. İşçilərin müəssisənin bazar münasibətlərinə keçməsi ilə əlaqədar olaraq yeni əmək münasibətləri şəraitinə adaptasiya problemi orta müddətli, mənzil problemini, əhalinin bir qisminin normadan kənara çıxan davranışını (əyyaşlıq, cinayətlər və s.) yaradan ziddiyyətlər isə uzun müddətli problemlər misal ola bilər.

Dərinliyinə görə, birincisi, birplanlı problemləri fərqləndirirlər. Bu cür problem sosial hadisə və problem hadisə və ya prosesin hər hansı bir tərəfinə toxunur. Məsələn, deputatlığa öz namizədliyini irəli sürmüş adamlardan biri və ya digərini seçməyin alternativliyi; icarə münasibətləri və ya ailə podratına və s. keçmək barədə qərar qəbul etmək (etməmək). İkincisi, bütöv, tam bir hadisə və ya prosesin bütün elementləri sisteminin müvazinətinin pozulmasını əks etdirən sistem problemləri. Məsələn, normadan kənara çıxan davranışın strukturunun dəyişməsi onun narkomaniya, reket kimi elementlərinin kütləvi səciyyə kəsb etməsi ilə bağlı olaraq cinayətkarlığın artması, funksional səciyyə daşıyan ziddiyyətin, yəni sosial hadisə və ya prosesin əvvəllər yaranmış səbəb-nəticə əlaqələrinin pozulmasının yaratdığı problemlər. Məsələn, cəmiyyətdə sabitləşmiş münasibətlərin və əhalinin ideoloji təsəvvürlərinin mülkiyyət formalarının dəyişməsilə bağlı olaraq pozulması, yeni siyasi və sosial təsisatların fəaliyyəti və s.

Tədqiqatın probleminin formula edilməsi prosesin də çalışırlar ki, onda həm problem situasiyanın özü, həm də onu müəyyənləşdirən real ziddiyyət özlərinin mümkün qədər düzgün əksini tapsın. Bu zaman "uydurma, yeni real sosial situasiyanı əks etdirməyən, ya da ki, artıq çoxdan həll edilmiş problemlərin qoyuluşu təhlükəsindən qaçmaq çox vacibdir".2

Digər tərəfdən ifratçılığa yol verməkdən, yəni həddən çox geniş planlı problemləri irəli sürməkdən də ehtiyat etmək lazımdır. Əgər ilk dəfədən problemi aydın və dəqiq ifadə etmək mümkün olmursa, bunu sonradan, proqramın digər hissələrinin metodoloji və metodik cəhətdən işləndikcə yerinə yetirmək olar.

Bəzən elə olur ki, bir tədqiqatın gedişində bir sıra problemlərə cavab axtarmaq lazım gəlir. Lakin bu, yalnız tədqiqatın proqramının özünün "çoxproblemli» sosioloji təhlilə yönəldilmiş olduğu halda mümkündür.

Ümumiyyətlə isə bir tədqiqat çərçivəsində bir çox problemin öyrənilməsinə getmək məqsədəuyğun deyil. Əvvələn, bu, tədqiqatın alətlər dəstini (tədqiqatda istifadə olunan vasitələr toplusunu) mürəkkəbləşdirir, onu həddən çox iri, ağır və məntiqi cəhətdən nizamsız edir, bu isə yığılan sosioloji informasiyanın keyfiyyətini aşağı sala bilər.

İkincisi, tədqiqatın heç də az əhəmiyyət kəsb etməyən operativliyi itir və bu, öz növbəsində, sosioloji məlumatların köhnəlməsinə, onların aktuallığının itirilməsinə, bəzən isə hətta tədqiqatın ümumiyyətlə əməli mahiyyətinin itməsinə gətirib çıxarır. Üçüncüsü, təcrübənin göstərdiyi kimi, eyni zamanda eyni bir tədqiqat obyekti üzərində bir neçə problemi öyrənmək səmərəsiz və çox çətin olur.

Problemin ifadə olunması tədqiqat obyektinin seçilməsinə gətirib çıxarır. Bu obyekt sosial proses və ya sosial gerçəkliyin müəyyən bir sahəsi, yaxud da sosial ziddiyyətlərə malik hər hansı ictimai münasibətlərdən ibarət ola bilər. Başqa sözlərə, aşkar və ya qeyri-aşkar formada özündə sosial ziddiyyət daşıyan və problem situasiya yaradan bütün hər nə varsa obyekt ola bilər. Sosioloji tədqiqat obyekti idrak prosesinin yönəlmiş olduğu obyektdir.

Obyektdən başqa tədqiqatın predmeti də obyektin bilavasitə öyrənilməli olan, nəzəri və praktik cəhətdən ən əhəmiyyətli keyfiyyətləri, tərəfləri və xüsusiyyətlərinə ayrılır. Obyektin qalan tərəfləri və ya xüsusiyyətləri tədqiqatçının diqqət mərkəzindən bir növ kənarda qalır. Obyekt sosial ziddiyyəti olan bir şeydirsə, predmet onun həmin ziddiyyəti daha qabarıq surətdə ifadə edən keyfiyyət və tərəfləridir. Demək olar ki, o, sosial ziddiyyətin qütblərini təmsil edən vəziyyətlərin məcmusudur.

Nümunə üçün Novosibirsk sosioloqlarının orta məktəb məzunlarının peşə seçməyinə aid işlərində tədqiqat problemi, obyekti və predmetinin necə ifadə olunduğunu araşdıraq.1

Həmin tədqiqatın problemi müxtəlif sosial qrupların bərabər peşə seçmək hüquqları ilə bu hüquqların reallaşdırılmasında faktiki imkanlar bərabərsizliyi arasındakı ziddiyyətdən ibarətdir. Tədqiqat obyekti məzunların ilk peşə seçməsi və işə düzəlməsi məqamında götürülmüş orta məktəb məzunları və onların valideynləridir. Ziddiyyət də elə həmin obyektdədir. Tədqiqat predmeti peşə seçmək planları ilə onların həyatda reallaşdırılması arasındakı nisbətdir. Predmetə həmçinin, planların reallaşdırılmasının, məzunların sosial və şəxsi xüsusiyyətləri ilə şərtləndirilməsinin aşkar edilməsi də aiddir.

Adətən, predmetə öyrənilən ziddiyyətin qanunauyğunluğu və ya əsas təmayülünü aşkar etmək imkanı haqqında fərziyyə ilə bağlı əsas məsələ daxil olur. Bu cür məsələnin qoyuluşu işçi hipotezaların irəli sürülməsi mənbəyidir.


    1. Tədqiqatın məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi

Tədqiqatın məqsədi onun ümumi istiqaməti, təmayülüdür, gözlənilən son nəticədir. Tədqiqat probleminin həlli həmişə bu və ya digər məqsədlərlə —istehsalın səmərəliliyinin artırılması, kadrlar axıcılığının azaldılması, sosial planlaşdırma probleminin həlli, tərbiyənin səmərəliliyinin artırılması və s. ilə bağlıdır. Məqsəd tədqiqatın nəzəri və praktiki məsələlərin həllinə xidmət edən əsas istiqamətə yönəlməsini müəyyənləşdirir.

Əgər əsas məqsəd nəzəri məqsəd kimi ifadə olunursa, onda proqram hazırlanarkən əsas diqqət nəzəri-metodoloji problemlərə yetirilir. Həmin məsələ üzrə elmi ədəbiyyatın öyrənilməsi, tədqiqat obyektinin hipotetik ümumi konsepsiyasının qurulması, ilkin məfhumların dəqiq semantik və empirik təfsiri, elmi problemin ayrılması və işçi hipotezaların məntiqi təhlili. Tədqiqatın konkret obyekti yalnız həmin ilkin tədqiqat işi nəzəri axtarış səviyyəsində yerinə yetirildikdən sonra müəyyən edilir.

Tədqiqatçı qarşısına praktiki məqsəd qoyduqda isə onun hərəkətləri başqa məntiqlə idarə olunur. O, proqram üzərində işə verilmiş sosial obyektin spesifikasından və həll edilməli olan əməli məsələlərin aydınlaşdırılmasından çıxış edərək başlayır. Yalnız bundan sonra o, ədəbiyyata müraciət edərək, aşağıdakı suallara cavab axtarır: qarşıya çıxan məsələlərin "standart" həlli varmı (predmetə aid olan xüsusi nəzəriyyə varmı?), bu standart həll üsulunu öyrənilən prosesin konkret şəraitinə necə tətbiq etmək olar? Tətbiqi tədqiqat hipotezaları bu halda standart üsullarının konkret şəraitə uyğun olaraq müxtəlif istifadə variantları kimi qurulur.

Məqsədin müəyyənləşdirilməsi tədqiqatın əsas və (qeyri-əsas) vəzifələrini ifadə etməyə imkan verir.

Tədqiqatın əsas vəzifələri bütünlüklə onun məqsədi ilə şərtləndirilir və tədqiqatın əsas məsələsinə mərkəzi sualına cavabın axtarışından, yəni problemin ümumiyyətlə, bütövlükdə həlli yolları və vasitələrinin tapılmasından ibarətdir.

Tədqiqatda qoyulmuş problemin ayrı-ayrı tərəflərinin həllinə qeyri-əsas məsələlər yönəlmiş olur. Onlar tədqiq edilməli olan amillər kompleksindən irəli gəlir. Qeyri-əsas məsələlər həmçinin gələcək tədqiqatları hazırlamaq, metodik məsələləri həll etmək üçün qoyulur.

Məsələn, adına BDU sosioloqlarının keçirdiyi "Gənc fəhlələrin peşə adaptasiyası prosesinin təkmilləşdirilməsi" adlı tətbiqi sosioloji tədqiqatın proqramında aşağıdakı məsələ müəyyənləşdirilmişdi: empirik tədqiqatdan alınmış məlumatlar əsasında gənc fəhlələrin peşə adaptasiyası proseslərinin təkmilləşdirilməsi üzrə tədbirlər sistemi hazırlamaq. Əsas məsələyə müvafiq olaraq əlavə və qeyri-əsas konkret məsələlər qoyulmuşdu:

1) kollektivin sosial simasını öyrənmək və onun sosial-peşə statusunu müəyyən etmək;

2) müxtəlif qrup işçilərin peşə adaptasiyasının xarakteri haqqında ekspertlərin rəyini öyrənmək;

3) peşə adaptasiyası şəraiti barədə gənc fəhlələrin rəyini öyrənmək;

4) gənc mütəxəssislərin peşə adaptasiyası şəraiti ilə tanış olmaq;

5) sosial demoqrafik şəraitin peşə adaptasiyası prosesinə necə təsir göstərdiyini müəyyən etmək.

Bütün tədqiqat prosedurası onun əsas məsələsinin həllinə tabe olunur. Qeyri-əsas məsələlərin qoyuluşu üçün yoxlama əməliyyatlardan istifadə etmək olar. Bu əməliyyatların köməyi ilə qeyri-əsas məsələlərin həllində alınmış məlumatlar başqa nöqteyi-nəzərdən təhlil edilir. Məsələlərin əsas və qeyri-əsas olanlara bölünməsi tədqiqatçının vaxt və qüvvələrini müvafiq surətdə paylaşdırmağa, əsas diqqəti başlıca məsələlərin həlli üzərində cəmləşdirməyə imkan verir. Obyekt mürəkkəb olduqda məsələlərin bölüşdürülməsi tədqiqatın zəruri mərhələliyini müəyyənləşdirməyə, əsas məsələdən yayınmamağa və eyni zamanda ikinci dərəcəli məsələləri gözdən qaçırmamağa imkan yaradır. Məsələlərin müəyyənləşdirilməsi sosioloji tədqiqat proqramının metodoloji hissəsinin digər bölməsinin — məfhumların təfsiri və əməliyyatlaşdırılması bölməsinin işlənməsinə keçməyə imkan verir. Proqramın bu bölməsi tədqiqatın düzgün aparılması üçün çox böyük əhəmiyyət kəsb edir. Buna görə də kitabın sonrakı fəsli xüsusi olaraq həmin bölmənin ətraflı surətdə nəzərdən keçirilməsinə həsr edilmişdir.


9.3. Tədqiqat obyektinin ilkin sistem təhlili

Məfhumlar dəqiqləşdirildikdən sonra ümumiyyətlə, ixtiyari anlayışlar toplusundan deyil, həmin məfhumlardan istifadə edərək tədqiqat obyektinin bütövlükdə, tam ilkin sistem təsvirini vermək lazımdır.

Sosial obyektin sistem kimi araşdırılması onun müəyyən bir tam kimi nəzərdən keçirilməsini, onu təşkil edən elementlərin üzə çıxarılmasını, bu elementlərin funksiyalarının, onların qarşılıqlı əlaqələrinin həmçinin hər bir elementlər sistem arasındakı qarşılıqlı münasibətlərin təsvirimi nəzərdə tutur. Bu zaman sistemin strukturu, onun fəaliyyət şərtləri aşkar edilir.

Konkret sosioloji tədqiqatda sistem yanaşmanın əhəmiyyəti haqqında məsələmin qoyuluşu iki cəhətdən vacibdir. Birincisi, tədqiqatda alınmış empirik materialın təfsiri zamanı sistem yanaşması tək, vahid obyektlə tam sosial sistemin əlaqəsi cəhətlərinin araşdırılması, yəni obyektin "xarici" əlaqələrinin nəzərə alınması üçün əsas ola bilər.

İkincisi, həmin vahid obyekti, öz növbəsində, onda olan elementlərə ayıraraq, onların arasındakı əlaqələri, yəni obyektin "daxili" əlaqələrini qeydə alaraq müəyyən bir sistem kimi nəzərdə keçirərkən sistem yanaşmanın bəzi ümumi tələblərini tətbiq etmək vacibdir. Bu halda da obyektin ilkin təsviri hər şeydən əvvəl obyektin həm daxili təbiətini, həm də onun xarici aləmlə münasibətlərini səciyyələndirən elə həmin əlaqələrin müəyyənləşdirilməsindən ibarət olacaqdır.

Aydındır ki, bu çoxnövlü əlaqələrin təsnifatına və hətta sadəcə olaraq sadalanmasına müxtəlif cür yanaşmaq olar (qeyd edək ki, həmin əlaqələr hər bir konkret sosial obyektin fəaliyyətini müəyyən edir).

Bu cür əlaqələri hər şeydən əvvəl bizim tədqiq etdiyimiz sosial proses və ya sosial hadisəyə təsir edən amillər kimi nəzərdən keçirmək məqsədəuyğundur amilləri aşağıdakı kimi təsnif etmək olar:


  • ümumi və spesifik;

  • birbaşa və dolayı;

  • obyektiv və subyektiv.1

Burada göstərilmiş amillər qrupunu heç bir halda mütləq bir şey hesab etmək olmaz. Bir tədqiqatda ümumi kimi çıxış edən amil başqa tədqiqatda spesifik amil ola bilər. Eyni ilə bir tədqiqatda birbaşa amil olan amil digərində dolayı amil kimi çıxış edir. Amillərin obyektiv və subyektiv olanlara bölünməsi də nisbi səciyyə daşıyır.

Məsələn, "İnsan və onun əməyi" tədqiqatında əməyə münasibəti müəyyənləşdirən ümumi obyektiv amillər bölməsinə istehsal münasibətləri sistemi ilə yanaşı "cəmiyyətin əsas dəyər yonümü sistemi"nin daxil olduğu ictimai şüur vəziyyəti də salınmışdır.2 Spesifik obyektiv amilləri bölməsinə isə fəhlə kollektivində münasibətlər, ailə tərbiyəsi sistemi, kütləvi informasiya və təbliğat vasitələrinin təsiri və s. daxil edilmişdir. Bu cür siyahı əsasında sosioloqları "obyektiv və subyektiv" anlayışlarını səhv başa düşməkdə günahlandırmaq olarmı? Əlbəttə ki, yox. Tədqiqatın bütün kontekstindən aydındır ki, söhbət nədən gedir və məfhumlar hansı mənada işlədilir. Lakin, terminoloji çətinliklər mövcuddur və digər terminologiya olmadığından şərhlər və qeydlər sisteminə əl atmaq lazım gəlir.

Belə bir sual meydana çıxır, nə üçün hələ tədqiqatdan əvvəl, proqramın tərtib edilməsi mərhələsində obyektin ilkin sistem tədqiqi aparılmalıdır? Nə üçün obyektin fəaliyyətinə təsir göstərən bütün amillər məcmusu qabaqcadan nəzərdə tutulmalı və nəzərə alınmalıdır? Bu konkret sosioloji tədqiqat ideyasının özündən imtina etmək demək deyilmi, axı söhbət sırf nəzəri təhlildən gedir? Bütün bu suallar prinsipial əhəmiyyət daşıyır.

Bu sualların cavabları idrak prosesində nəzəri və empirik tərəflərin qarşılıqlı münasibətinə, konkret sosioloji tədqiqatın müxtəlif mərhələlərində nəzəriyyənin vəzifələrinə aid ümumi problemin həlli ilə bağlıdır. Obyektin ilkin sistem təsviri sosioloqa öyrənilən materialı bir növ müəyyən "çərçivəyə" salmağa imkan verən xüsusi bir nəzəri əsas kimi çıxış edir. Bu heç də özünü süni surətdə məhdudlaşdırmaq demək deyil, bu yalnız həmin tədqiqatda mütləq öyrənilməli olan empirik materialı fərqləndirmək və seçib ayırmaq üçün vasitədir. Bu cür təsvirin ilkin xarakteri sadalanmış amillərdən hər birinin rolu və əhəmiyyəti haqqında nəticələri artıq proqram mərhələsində qəti şəkildə şərtləndirmir. Biz burada yalnız o şərtləri sadalayırıq ki, onları unutmaq olmaz və nəzərdə saxlamaq lazımdır. Tədqiqatçını hələlik obyektin müxtəlif daxili və xarici əlaqələrinin bütün mümkün istiqamətləri, başqa sözlərlə, mümkün funksional asılılıqlar sırası maraqlandırır.


9.4. Hipotezaların ifadə olunması

Məlum olduğu kimi, elmi idrak prosesində hipotezaların rolu çox böyükdür. Buna görə də sosioloji tədqiqat aparılarkən hipotezaların irəli sürülməsinə böyük diqqət yetirilir və onların formalaşdırılmasına proqramın xüsusi bölməsi həsr edilir.

Sosioloji tədqiqat hipotezası sosial obyektlərin strukturu öyrənilən sosial hadisələrin arasındakı əlaqələrin səciyyəsi və mahiyyəti, bu əlaqələri şərtləndirən amillər haqqında elmi fərziyyədir. O, tədqiqatın məqsədini konkretləşdirir və tədqiqat prosesini təşkil edən, onu daxili məntiqə tabe edən əsas metodoloji vasitədir. Sosioloji tədqiqat hipotezasının metodoloji rolu ondan ibarətdir ki, o, tədqiqatın nəzəri konsepsiyası ilə empirik bazası arasında qarşıya qoyulmuş problemin həlli üçün zəruri olan amillər dairəsini əks etdirməyə kömək edən hissədir.

Sosioloji tədqiqatın elmi cəhətdən əsaslandırılmış hipotezası bir sıra tələblərə cavab verməlidir. O, sosial proseslərin elmi idrakının ümumi metodoloji əsasının prinsipləri ilə ziddiyyətə girməməlidir; düzgünlüyü artıq sübut olunmuş nəzəriyyələrə, elmi cəhətdən müəyyənləşdirilmiş məlum faktlara zidd olmamalıdır; sosioloji tədqiqat prosesində yoxlanıla bilməlidir (onun ifadə edilməsində yoxlanılma üsulu aydın göstərilməlidir); empirik izahı olmayan anlayışlar hipotezaya daxil edilməməlidir, əks təqdirdə o yoxlanıla bilməz.

Fərziyyələrin ümumiləşdirmə dərəcəsinə görə əsas hipotezanı və nəticə hipotezanı fərqləndirirlər. Sonuncular əsas hipotezalardan çıxarılır. Əsas hipotezaların ifadə edildiyi anlayışların birbaşa empirik əlamətləri olmaya da bilər, lakin sosioloji tədqiqatın nəticə hipotezalarının anlayışları mütləq empirik indikatorlarla əlaqələndirilməli, tutuşdurulmalıdır. Nəticə hipotezaların təsdiq edilməsi əsas hipotezaların əsaslandırılmasının sübutudur.

Nəticə hipotezalarının yoxlanılması, yalnız o şərt daxilində mümkündür ki, onların ifadə edilməsində istifadə olunmuş bütün istilahlar empirik izah edilmiş olsun. Məsələn, birinci nəticə hipotezasında bu anlayışlar vardır: işin yaradıcılıq imkanları (əməyin funksional məzmunu), əməyə münasibətin obyektiv göstəriciləri və münasibətlərin "yüksəlməsi". Bu anlayışların empirik təfsirində biz onların müşahidə olunan əlamətlərini tapırıq. Əməyin funksional məzmunu konkret işin əlamətləri nisbəti üzrə üç meyarın nəzərə alınması ilə müəyyənləşdirilir: işin mexanikləşdirilmə səviyyəsi, tələb olunan ixtisaslaşma səviyyəsi və sərf edilmiş fiziki və əqli iş miqdarının nisbəti (xronometraj məlumatlarına əsasən). Bu üç əlamətin nisbətinə əsasən bütün peşələr 6 sinfə bölünür — ixtisas tələb etməyən daimi fiziki qüvvə ilə bağlı əl əməyindən pult sazlayıcısının arasıkəsilməz fiziki gərginlik tələb edən yüksək ixtisaslı əməyinə qədər. Əməyə münasibətin obyektiv göstəriciləri 5 əlaməti nəzərə alır (məhsuldarlıq, məhsulun keyfiyyəti, təcili tapşırıqlar yerinə yetirilərkən məsuliyyətin səviyyəsi, işdə təşəbbüskarlığın səviyyəsi, iş ixtisasının artırılması) və onlar vahid ədədi indikator (indeks) halına birləşdirilmiş olur. Münasibətlərin "yüksəlməsi" o deməkdir ki, bütün qruplar əməyin məzmununa görə göstərilmiş əlamətlər üzrə ən aşağısından ən yüksəyinə qədər dərəcələrə bölünmüşdür (nizamlanmışdır), bu, işin obyektiv göstəriciləri indekslərinə də aiddir.

Bu cür təfsir edilmiş hipoteza yoxlanıla bilən hipotezadır. Lakin burada ciddi metodoloji çətinlik vardır. Hipoteza seçilmiş empirik əlamətlər üzrə yoxlanıla biləndir. Lakin həmin əlamətlərin əsaslandırılmasına zəmanət varmı? Deməli, intensivlik cəhətdən yalnız hipotetik mülahizə deyil, həm də onun empirik təfsiri empirik yoxlamadan keçməlidir. Buna görə də hipotetik mülahizənin təsdiq oluna bilmək imkanını artırmaq üçün aşağıdakı qaydaya əməl etmək lazımdır: bir-biri ilə qarşılıqlı əlaqəsi olan böyük miqdarda hipoteza irəli sürməyə və hər bir hipoteza üçün onun mümkün qədər çox empirik indikatorunu göstərməyə çalışmaq lazımdır.

Beləliklə əsas hipotezalar onlardan çıxarılan bütöv bir nəticə hipotezalar sırasına çevrilir. Empirik tədqiqatda məhz əsas fərziyyələrə nisbətən daha az ümumiləşdirilmiş olan anlayışlar vasitəsi ilə ifadə edilmiş nəticə hipotezalar yoxlanılır. Əks təqdirdə hipoteza empirik məlumatlar ilə yoxlanıla bilməz.

Tədqiqatın məqsədlərindən çıxış edərək hipotezaları əsas və qeyri-əsas hipotezalara bölürlər. Məntiqi surətdə qarşılıqlı əlaqəsi olan əsas hipoteza və nəticə hipotezalardan fərqli olaraq onlar müxtəlif məsələlərin həllini əks etdirir və bir növ bir-biri ilə yanaşı mövcud olur.

İşlənilmə və əsaslandırılma dərəcəsinə görə sosioloji tədqiqatın ilkin və əlavə hipotezalarını fərqləndirirlər. Əgər ilkin hipotezalar empirik məlumatlar vasitəsi ilə inkar edilirsə, onda onların əvəzinə əlavə hipotezalar irəli sürülür.

Öyrənilən sosial obyektə aid olan fərziyyələrin məzmunu ilə əlaqədar olaraq sosioloji tədqiqatın təsviredici, izahedici, proqnoz və s. hipotezaları olur.

Sosioloji tədqiqatın təsviredici hipotezaları öyrənilən obyektin faktik, həqiqi vəziyyəti, onun strukturu və funksiyaları haqqında fərziyyələrdən ibarətdir. Bir halda ki, bu haqda empirik informasiya təhlil edilir; onlar, hər şeydən əvvəl, empirik faktlara aid olur. Məsələn, əgər zəhmətkeşlərin sosial fəallığı öyrənilərsə, onda əvvəllər digər tədqiqatlarda alınmış elmi informasiyanın əsasında tədqiq olunan şəxslərin məhz hansı hissəsinin ictimai həyatda və müəssisələrin idarə olunmasında fəal iştirak etdiyini fərz etmək olar. Sosioloji tədqiqatın bu növdən olan hipotezalarının irəli sürülməsi gözlənilən nəticələri mütləq rəqəmlərdə, nisbi paylarda (faizlərdə), orta qiymətlərdə, dinamik sıralarda və s. almağa imkan verir.

Sosioloji tədqiqatın izahedici hipotezaları öyrənilən obyektdə səbəb-nəticə əlaqələri haqqında fərziyyə onun mahiyyətini dərk etmək istiqamətində növbəti addımdır.

Onların əsasında sosioloji tədqiqatın təsviredici hipotezalarının təsdiq olunması nəticəsində müəyyən edilmiş sosial faktların səbəblərini açmaq cəhdləri göstərilir. Müəyyən əhəmiyyətə malik olaraq hər bir ayrıca hadisə qanunlara tabe olan hər hansı hadisələr sırasına daxildir. Buna görə də yalnız sosioloji tədqiqatın hadisələri onların bir-birindən nisbi ayrılığında nəzərdən keçirilən hipotezalarını deyil, həm də bir çox hadisələri vahid bir proses kimi əhatə edən qanunauyğunluqlar haqqında proqnoz hipotezalarını da işləmək lazımdır. Onlar obyektlərin, öyrənilən proseslərin fəaliyyət inkişafındakı təmayülləri göstərir, konkret sosial çərçivəsindən çıxaraq onları statistik sıralar şəklində birləşdirir. Deməli, əgər əhalinin sosial fəaliyyəti öyrənilirsə, bunun yalnız faktiki vəziyyətini müəyyənləşdirmək və bu vəziyyəti izah edən səbəbləri təsvir etməklə kifayətlənməyərək onun inkişaf təmayülləri və qanunlarını da açmaq lazımdır.


9.5. Proqramın prosedur hissəsi

Konkret sosioloji tədqiqat aparmağa başlamış sosioloqun əsas metodoloji işi hipotezaların ifadə edilməsi ilə başa çatır. Lakin bu heç də o demək deyildir ki, sonralar metodoloji məsələlərə ümumiyyətlə fikir verilməyəcəkdir. Bütün tədqiqat prosesi boyu hər hansı bir texniki üsul tətbiq edilərkən ümumi metodoloji prinsiplər tədqiqatçının bütün işini istiqamətləndirir. Lakin tədqiqat proqramının qalan sonrakı hissəsini şərti olaraq prosedur hissəsi kimi adlandırmaq olar, çünki əsas etibarilə prosedur və texniki məsələlər nəzərdən keçirilir.

Proqramın prosedur hissəsi müşahidə vahidlərinin seçilməsindən, yəni tədqiqatın gedişində bilavasitə tədqiq edilməli olan adamlar toplusunun müəyyənləşdirilməsindən başlaya bilər. Tədqiqat obyektini təşkil edən adamların hamısının (bu isə minlərlə adam ola bilər) sorğudan keçirilməsi məqsədəuyğun olmazdı. Bu tədqiqatın aparılması vaxtını uzadar və deməli məlumatların alınmağını gecikdirər, böyük miqdarda adamı işdən ayırar və tədqiqatın özünü həddən artıq çətinləşdirərdi. Buna görə də sosioloji tədqiqatların əksəriyyəti tam deyil, seçmə xarakterinə malikdir. Başqa sözlərlə, müəyyən və olduqca ciddi qaydalar əsasında öyrənilən obyektiv strukturunu sosial-demoqrafik və bir sıra digər xarakteristikalar üzrə əks etdirən nisbətən azsaylı adamlar qrupu seçilir.

Obyektin özünəməxsus modeli olan seçmə toplu ilə obyektin özü (əsas toplu) arasındakı nisbət proqramda təcrübi-statistik və riyazi-statistik metodların vasitəsi ilə müəyyən edilir.

Proqramın prosedur hissəsinin növbəti bölməsi tədqiqatda tətbiq olunan empirik məlumatların toplanması metodları və texnikasına həsr edilir. Obyektin spesifikasiyanda, həmçinin öyrənilən obyekt haqqında artıq əldə olunan informasiyanın xarakterindən asılı olaraq sosioloji informasiya toplamaq metodlarının seçkisi aparılır (müşahidə, anketləşdirmə, müsahibə alma və s.) və bunun əsasında tədqiqatın alətlər dəsti (anketlər, sorğu vərəqələri, müşahidə kartoçkaları və b.) işlənilib hazırlanır. Proqramda alınmış informasiyanın işlənmə və təhlil metodları da göstərilir.

Proqramın prosedur hissəsinin mühüm tərkib elementi sosioloji tədqiqatın planı — elmi axtarışın strategiyasını və taktikasını müəyyənləşdirən, işin təşkilinin hazırlıq mərhələsinin əsas sənədidir. İki növ plan sənədi fərqləndirilir: strateji və iş planı. Sosioloji tədqiqatın strateji planı tədqiqatın ümumi konseptual sxemini əks etdirir və sosioloqun fəaliyyətinin ardıcıllığını müəyyənləşdirir. Bu planın axtarış, analitik və eksperimental variantlarını ayırırlar.



Axtarış planı tədqiqat obyekti və problemi haqqında aydın təsəvvür olmadıqda tətbiq edilir. Onun məqsədi problemin ifadə edilməsi, hipotezaların irəli sürülməsindən ibarətdir. Bu növ plan həmçinin sosioloqun həll etməli olduğu məsələlərin ardıcıllığını növbəliliyini müəyyənləşdirir. Burada aşağıdakı üsullar istifadə olunur: sənədlərin öyrənilməsi, müsahibə aparılması və müşahidələrin yerinə yetirilməsi.

Analitik plan problem haqqında obyekti ayırmağa və təsviri hipotezanı ifadə etməyə imkan verən biliklər mövcud olduqda tətbiq edilir. Planın məqsədi bu hipotezanın yoxlanılmasından və hipoteza təsdiq olunarsa, öyrənilən obyektin dəqiq xarakteristikasının alınmasından ibarətdir. Burada istifadə edilən üsullar axtarış planı yerinə yetirilərkən tətbiq olunan üsullardan, bir qədər fərqlənir: seçmə və ya monoqrafik tədqiqat, anketləşdirmə, statistik aparat.

Eksperimental plan obyekt haqqında əldə olan biliklər izahedici hipotezanı ifadə etmək imkanı yaratdıqda tətbiq edilir. Onun məqsədi obyektdə səbəb-nəticə əlaqələrinin müəyyənləşdirilməsindən ibarətdir. İzahedici hipotezanın yoxlanılmasının ən mühüm üsulu real eksperimentin keçirilməsidir.

Konkret sosioloji araşdırmalar praktikasında sosioloji tədqiqat planlarının bu tipləri nadir hallarda işlədilir. Adətən onlardan hər biri tədqiqatın müəyyən mərhələsinə müvafiq olur. Bir tədqiqatda planın bütün növləri tətbiq edilə və birləşdirilə bilər.

Strateji və ya başqa cür deyilsə, prinsipial tədqiqat planı iş planına çevrilir, sonuncuda isə bütün işin əsas mərhələləri göstərilir, tədqiqatın metodika və texnikası müəyyənləşdirilir, işin gedişinin şəbəkə qrafiki nəzərdə tutulur. Tədqiqatın iş planının qurulması əsas tələblər kimi çıxış edən şərtlərə — göstərilmiş işlərin planlaşdırılmış vaxt ərzində nizama salınmış şəkildə yerinə yetirilməsinə, onların tədqiqatın keçirilməsi mərhələlərinə müvafiq ardıcıllıqla aparılmasına riayət etməyi nəzərdə tutur.

Beləliklə, iş planı tədqiqatın müstəqil, strateji planının bir nov qolu kimi çıxış edə bilən sənədə çevrilir. Lakin çox zaman tədqiqatın iş planı prinsipial planla birlikdə, onun təşkilati davamı və konkretləşdirilməsi kimi tərtib edilir.


9.6. Proqrama dair ümumi tələblər

Biz proqramın ayrı-ayrı elementlərinin xüsusiyyətləri ilə tanış olduq. Lakin proqram bütün maddələrinin bir-biri ilə qarşılıqlı surətdə bağlı olduğu vahid metodoloji sənəddir. İdeal proqram hansı ümumi tələblərə cavab verməlidir?

İlk elementar tələb proqramın zəruriliyidir, nə qədər qəribə görünsə də, bu barədə demək lazım gəlir, çünki yeni fəaliyyətə başlayan tədqiqatçılar işi proqramsız aparmağa cəhd göstərirlər.

Proqramsız tədqiqat kortəbii sınaq və səhv etmək metodu ilə aparılan axtarışa bənzəyir: çox vaxt alınan məlumatlarla müqayisədə sərf edilən enerji özünü doğrultmur. Tədqiqatın gedişində aşkar olur ki, anlayışlar empirik məlumatlarla təmin edilmir", hipotezaların yoxluğu şəraitində materialın necə işlənməli olduğu aydın deyil. Bu sualları artıq toplanmış məlumatların təhlili mərhələsinə aydınlaşdırmaq cəhdləri məyusluğa gətirib çıxarır. Məlum olur ki material tam yığılmayıb, seçmə ciddi tələblərə cavab vermir, alınan cavablar qabaqcadan planlaşdırılmış suallara aid deyil.

İkinci tələb proqramın dəqiq olması tələbidir. Onun bütün müddəaları dürüst olmalı, bütün tədqiqatın məntiqinə uyğun surətdə yaxşı düşünülmüş və aydın ifadə edilmiş olmalıdır. Aydın ifadə edilmiş proqram olmadıqda tədqiqat iştirakçıları bir-birilə ümumi dil tapa bilmir, məsələlərin uzaqlaşdırılması və dəqiqləşdirilməsinə vaxt itirirlər. Onların dəqiq proqramı olsa idi, bu cür çətinliklər ortaya çıxmazdı.

Üçüncü mühüm tələb proqramın bütün elementlərinin məntiqi ardıcıllığa malik olmasıdır. Tədqiqatın vəzifə və məqsədlərini anlamadan, təsəvvür etmədən prinsipial plan seçməkdən başlamaq olmaz. Obyekti bütövlüklə təsəvvür etmədən (heç olmasa ümumi hipotezalar səviyyəsində) xüsusi, təkcə hipotezaları ifadə etməyə cəhd göstərmək mənasızdır. Prinsipial tədqiqat metoduna malik olmadan məlumat toplamaq metodlarının sınanılmasına başlamaq olmaz.

Nəhayət, proqram çevik olmalıdır. İlk baxışdan elə görünə bilər ki, bu tələb əvvəlki tələbə ziddir. Lakin əslində proqramın çevikliyi onun bütün hissələrinin bir-biri ilə bağlılığını göstərir və belə bir tələbi irəli sürür: hər hansı ayrıca bir hissədə səhvlər aşkar edildikcə proqramın bütün bölmələrini sistematik olaraq nəzərdən keçirmək lazımdır.

Məsələn, sınaq tədqiqatında hər hansı bir mühüm anlayışın empirik interpretasiyasının qənaətbəxş olmadığı aşkar edilir. İnterpretasiyanın dəyişdirilməsi konseptual sistemin hansısa hissələrinə yenidən baxılmasını tələb edir və əlbəttə, müvafiq hipotezaların (anlayışların istifadəsi ilə bağlı olanların) yenidən ifadə olunmasını nəzərdə tutur. Adətən, obyektin ilkin tam təhlili mərhələsində anlayışların dəqiqləşdirilməsi üzərində iş davam etdirilir, hipotezaların işlənməsi mərhələsində isə predmetin sistem təhlilində düzəlişlər aparılır.

Bir çox hallarda proqramın işlənməsi iki mərhələdən keçir. Əvvəlcə tədqiqatın məqsəd və vəzifələrinin göstərilməsi hipotezaların təxmini ifadəsi ilə proqramın maketi ümumi şəkildə təsvir edilir; bunun arxasında axtarış planı üzrə səhra tədqiqatı mərhələsi gəlir və nəhayət səhra müşahidələri və ədəbiyyatın (mənbələrin) nəzərə alınması ilə tədqiqatın tam proqramı tərtib edilir.

Əsaslı surətdə işlənmiş proqram elmi işin mühüm nəticəsini təşkil edir.

Başqa tədqiqatçılar bu proqram üzrə empirik material toplaya, təhlil edə və bununla da birgə səylərlə onun elmi dəyərliliyinin, mötəbərliliyinin artmasına nail ola bilərlər.

1   2   3   4   5   6   7   8   9   10   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə