Sosiologiya elm kiMİ Sosiologiyanın predmeti və tədqiqat sahəsi




Yüklə 1.14 Mb.
səhifə6/15
tarix23.02.2016
ölçüsü1.14 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   15
5.3. Sosial təşkilatlar

"Təşkilat" istilahının bir neçə mənası var. İlk mənada o, mütəşəkkil şəkildə müəyyən məqsədlərə çatmaq niyyətində olan məqsədli qrup və insanlar birliyi deməkdir. Bu məna müasir sosiologiyada qəbul edilmiş geniş mənadır. Bəzi sosioloqlar mürəkkəb və rasional daxili təşkilata malik olan böyük birliklərin meydana çıxması və inkişafını müasir sənaye cəmiyyətlərinin mühüm xüsusiyyəti kimi saymağa meyllidirlər. Belə tipli cəmiyyətləri göstərmək üçün hətta "mütəşəkkil cəmiyyət" adı yaradılmışdır. Belə cəmiyyətdə böyük təşkilatlar, özlərinin nizamlayıcı təsirləri ilə hər bir vətəndaşın həyatının getdikcə daha çox sahəsini əhatə etməklə ictimai həyata səciyyəvi çalar verirlər. Bu böyük təşkilatlar "mütəşəkkil" insan şəxsiyyətinin özünəməxsus tipini yaradırlar. Məsələn, ABŞ-da böyük təşkilatlar dedikdə sahibkarların böyük təşkilatları, federal hökumət təsisatları, həmkarlar təşkilatı, dini təşkilatlar və s. nəzərdə tutulur. Lakin təşkilat dedikdə həm də hər cür birliklər, məsələn, gənclər təşkilatları, mədəni təşkilatlar və s. nəzərdə tutulur.

Biz digər mənada təşkilat dedikdə insanlara və müxtəlif hərəkət vasitələrinə sərəncam vermək və onları idarə etmək üsullarını, funksiyaları əlaqələndirmək və cəhdləri tarazlaşdırmaq, habelə bu cəhdlərin nəticələrini ayrı-ayrı vəzifələri yerinə yetirən adamların birliyi vasitəsi ilə müəyyən məqsədin əldə edilməsinə yönəldilməsinin üsullarını nəzərdə tuturuq. Bu mənada əməyin, nəqliyyatın və s. təşkilindən danışılır. Məhz bu mənada indi təşkilat barəsində həddən çox danışılır, hətta təşkiletmə nəzəriyyəsi adlandırılmış xüsusi elm sahəsi yaranmışdır. O, birgə fəaliyyət göstərən sistemlərin maksimal səmərəliliyini təmin etmək zərurətindən meydana çıxmışdır. Onun nəzəri səpkiləri müxtəlif elm sahələri (kibernetika, oyunlar nəzəriyyəsi, informasiya nəzəriyyəsi, motivasiya nəzəriyyəsi, qruplar nəzəriyyəsi və s.) əsasında formalaşdırılır. Təşkiletmə nəzəriyyəsi adətən riyaziləşdirilmiş şəkildə olur. Məsələn, bürokratiya nəzəriyyəsi belə geniş başa düşülən təşkiletmə nəzəriyyəsinin tərkib hissəsidir. Bu təşkiletmə nəzəriyyəsi sosiologiyanın hüdudlarından kənara çıxmağa başlayır. Hərçənd ki, onun bəzi elementləri məsələn, təşkilatda fərdlərin rolunun, fərdi motivlər, təşkilat motivləri arasındakı konfliktlərin mütəşəkkil sistemlər çərçivəsində qrupların meydana çıxmasının və s. öyrənilməsi həmişə sosiologiyaya mənsub olacaqdır.

Nəhayət, üçüncü bir mənada sosial təşkilatdan danışarkən tələbatın ödənilməsinin yol verilən üsullarını müəyyənləşdirməklə, birgə yaşayış prosesində meydana çıxan problem və münaqişələri həll etməklə birgə yaşayışı təmin edən, cəhd və hərəkətləri tarazlaşdıran, bir sözlə ictimai həyatda qayda-qanun yaradan fərdlər, yarımqruplar və təsisatlar, sosial nəzarət vasitələri, sosial rollar və dəyərlər sistemlərinin hərəkət üsulları (etalonları) sistemi nəzərdə tutulur. Hər bir adam özünün tələbatlarını ödəməyə can atır və buna baxmayaraq, bütün ictimai həyat ümumiyyətlə, elə gedir ki, bütün insanlar öz tələbatlarını ödəmək imkanı tapırlar. Şəxsi məqsədlərə can atarkən, başqaları ilə əməkdaşlıq etmək, qanun və adətlərlə hesablaşmaq, başqaları üçün zəruri olan funksiyaları yerinə yetirmək lazım gəlir və beləliklə, bütün qrupun fəaliyyət çərçivəsi daxilində öz tələbatlarını ödəmək mümkündür. Biz qrupların nizamlanmış, qaydaya salınmış şəkildə bu cür fəaliyyətini, onların təşkili və təşkilatı (təşkil edilməsi) adlandırırıq.

Lakin qeyd etmək lazımdır ki, sosial təşkilatın tərifi məsələsi mübahisəlidir. O, başqa mənalarda da işlədilə bilər. Məsələn, bəziləri sosial təşkilatla ictimai quruluşu eyniləşdirməyə meyl edirlər. Digərləri təşkilatı struktur ilə eyniləşdirib belə hesab edirlər ki, hər iki halda söhbət qrupun tərkib elementlərini qaydaya salan, onun mövcudluğu və inkişafını təmin edən funksional sistemdən gedir.

Biz hesab edirik ki, funksiya və vasitələri əlaqələndirmə metodlarının sistemi kimi təşkilatı tez-tez spontan, qabaqcadan nəzərdə tutulmamış proseslərin nəticəsi ola bilən (və çox hallarda olan) sosial təşkilatdan fərqləndirmək lazımdır. Biz "quruluş" istilahını təşkilat prinsiplərini və hakimiyyəti həyata keçirən təsisatların fəaliyyətini, habelə mülkiyyət və istehsal vasitələrinin fəaliyyəti sistemini bildirmək üçün nəzərdə tutmağı təklif edirik. İctimai quruluş dedikdə isə, hər şeydən əvvəl, cəmiyyətin stratifikasiya sistemi, yəni aşağıdan yuxarıya prinsipi üzrə sinif və təbəqələrə bölünməsi nəzərdə tutulur. Struktur istilahı adı ilə hər hansı tamın fəaliyyətini mümkün edən tərkib elementlərinin müəyyən prinsip üzrə nizamlanmasını, qaydaya salınmasını nəzərdə tutacağıq. Struktur müəyyən bir tamın quruluşu, təşkilatlanma isə onun fəaliyyətidir.

Sosioloqlar formal və qeyri-formal təşkilatları bir-birindən fərqləndirirlər. Bunlar, birincisi, qəti şəkildə müəyyənləşdirilmiş bütün sosial rollardan, formal təsisatlardan, formal sanksiyalar sistemindən, bir sözlə, hüquqi yolla müəyyənləşdirilmiş göstəriş və kodekslərin formalaşdırılmış sistemindən yaranır. Qeyri-formal təşkilat dedikdə, biz gündəlik qarşılıqlı əlaqələrin gedişində spontan surətdə meydana çıxan sosial rollar, qeyri-formal təsisatlar və qeyri-formal sanksiyalar, habelə adət və ənənələrin bizə gətirib çatdırdığı davranış etalonları sistemini başa düşürük.

İstər formal, istərsə də qeyri-formal sosial təşkilatlar qrup üçün sosial qayda-qanunu və ya ictimai həyat proseslərinin gedişində tarazlığın yaradılmasını təmin edir. Aydındır ki, tarazlıq həmişə qeyri-sabit və dəyişkənliklərə meyllidir, lakin elə müəyyən hüdudlar var ki, onlar qorunub saxlanılmalıdır və həmin hüdudların daxilində ictimai həyat elə şəkildə gedə bilər ki, fərdlər və qrupların tələbatları təmin edilsin.

Əgər bu qeyri-sabitlik davam edərsə və saxlanılarsa ictimai pozğunluq hadisələri kompleksi meydana çıxacaqdır. Sosial qayda-qanun hər bir qrup üzvünün özünün tələbat və marağının qəbul edilmiş təsisatlar sistemi, sanksiyalar sistemi və dəyərlər sistemilə müəyyənləşdirilmiş çərçivədə ödəniləcəyinə bəslədiyi ümidlərin müəyyən hissəsinin reallaşmasına əsaslanır. Əgər bu ümidlər boşa çıxırsa, əgər təsisatlar və nəzarət sisteminin fəaliyyət prosesləri dəyişkənliklərə meyllidirsə, onda sosial qayda-qanun pozulur və qrup, bir qayda olaraq, özünün dağılması ilə bağlı olan radikal dəyişikliklər dövrünə qədəm qoyur.
6. Qlobal cəmiyyət.

"Cəmiyyət" istilahı gündəlik elmi dildə müxtəlif mənalarda istifadə edilir. Sosiologiya cəmiyyət haqqında elm kimi meydana gəlmişdir, yəni ictimai fikrin uzun müddət davam edən inkişafı gedişində ictimai həyatın dövlət, din və onların doğurduğu təsisat və məqsədli qruplar kimi təşkil olunmuş formaları ilə yanaşı, həm də spontan proseslərin də baş verdiyi aşkar edildikdə yaranmışdır. Onlar həm birgə yaşayış formalarını yaradır, həm də onları dəyişdirir və insanın iradəsindən asılı olmayaraq özlərinin təbii qanunları ilə idarə olunur.

Bu spontan yaranan və meydana çıxan proses və formalar müəyyən bütövlük, adamların ictimai həyatının həm məqsədəuyğun şəkildə təşkil edilmiş, həm də spontan surətdə baş verən bütün hadisələrinə təsir göstərən tamlıq yaradır.

XVIII əsrdə cəmiyyət anlayışı meydana çıxan zaman o, müxtəlif şərhlərə yol verən geniş məna daşıyırdı. Bunun nəticəsində ədəbiyyatda "cəmiyyət" istilahının həm də müxtəlif istifadə edilmə üsulları əmələ gəlir. Bu istilaha aşağıdakı müxtəlif mənaları göstərmək olar:

1. Cəmiyyətin geniş və ya geniş toplu kimi başa düşüldüyü təriflər. Bəziləri cəmiyyətin yer üzündə yaşayan bütün adamları əhatə etdiyini hesab edərək, bu anlayışın tutumu ilə "bəşəriyyət" anlayışının tutumunu eyniləşdirirlər.

Digərləri onun tutumunu ərazi birliklərinə qədər daraldır, məsələn, Azərbaycan cəmiyyəti Azərbaycan Dövləti sərhədləri daxilində yaşayan bütün adamları və mövcud olan bütün ictimai həyat formalarını əhatə edir. Polşa sosioloqu F.Znanieski cəmiyyəti birgə mövcud olan və çarpazlaşan, dövlət, millət, din kimi vahid hakim qrupa tabe olan qruplar sırası kimi müəyyən edir və bu mənada milli, katolik və s. cəmiyyətlər haqqında danışmaq olar.1

2. Cəmiyyətin daxilində spesifik münasibətlər sistemi olan toplu kimi müəyyən edən təriflər. Onlara hər şeydən əvvəl cəmiyyəti ictimai-iqtisadi formasiya ilə eyniləşdirən marksist tərif aiddir (məsələn, kapitalizm cəmiyyəti və ya sosializm cəmiyyəti).

Bəzi sosioloqlar cəmiyyəti yalnız adamlar arasında mövcud olan münasibətlər şəbəkəsi və ya sistemi kimi müəyyən edir. Şəxslərin özləri birləşərək cəmiyyət olmurlar, cəmiyyəti təşkil edən onları bir-biri ilə bağlayan və onların arasında baş verən şeylərdir.

3. Cəmiyyəti insanların tələbatlarının mütəşəkkil surətdə ödənilməsini, münaqişələrin qaydaya salınmasını, mədəniyyət və tərəqqiyə kömək göstərilməsini təmin edən təsisatlar və müəssisələr toplusu kimi müəyyənləşdirən təriflər. Bir sözlə, bu tərifləri "təşkilati" təriflər adlandırmaq olar, çünki onlar cəmiyyətin mahiyyətini ictimai təşkil edilmənin (təşkilatın) mövcud olması faktında görürlər.

4. Bəzi təriflərdə cəmiyyət insanın müəyyən yaşayış tipinə, yəni onun başqa adamlarla, onun fərdi varlığına zidd olan və ya onu tamamlayan adamlarla birgə mövcudluğuna deyilir. Bu nəzəriyyəyə görə hər bir adam sanki iki ölçüdə yaşayır: "mən" kimi (fərdi "mən") və "biz" kimi (cəmiyyət).

5. Qruplardan və dövlət təşkilatına tabeçilikdə olmayan digər toplulardan ibarət komplekslərin cəmiyyət adlandırıldığı təriflər. Bu mənada dövlət cəmiyyətə qarşı qoyulur: dövlət təsisatları və ictimai təsisatlar, ictimai təşkilatlar, ictimai təşəbbüs mövcuddur, deməli, cəmiyyət dövlət təsisatları ilə yanaşı və ya onlardan kənar yaranan bütün birgə yaşayış formalarıdır.

Bu nəzəriyyələr və görüşlər çoxluğu müəyyən dərəcədə "cəmiyyət" termininin sosiologiyadan kənar edilməsinə səbəb olmuşdur. Lakin müəyyən qədər vaxt keçdikdən sonra həmin anlayış təkrarən "qlobal cəmiyyət" istilahı şəklində yenidən meydana çıxmışdır.

Biz burada həmin istilahdan ona görə istifadə edirik ki, bizim fikrimizcə, ictimai insanın həyat formalarını bir-biri ilə bağlı olmayan, bir-birinə zidd olan topluların, qrupların və sahələrin birləşməmiş çoxluğu kimi nəzərdən keçirmək mümkün deyil.

Bizim qəbul etdiyimiz mədəniyyət nəzəriyyəsinə və burada şərh edilmiş şəxsiyyət nəzəriyyəsinə əsaslanaraq demək olar ki, əgər vəziyyət belə olardısa nə mədəniyyət mövcud ola bilərdi, nə də normal fəaliyyət göstərən şəxslər.

Bundan başqa hətta gündəlik həyat təcrübəsi göstərir ki, bütün bu, bizə məlum olan, bizim iştirak etdiyimiz ictimai həyat formaları müəyyən bir "birləşdirici çərçivə" ilə əhatə olunmuş və aralarındakı fərqlərə, xüsusiyyətlərə, antaqonizmlərə baxmayaraq bir sıra ümumi əlaqələrlə bağlanmışlar, müəyyən ümumi normaya malikdirlər.

Qrupların əksəriyyəti üçün dil, din, ənənələr, ideologiya, dünyagörüşü, elm, hüquq və əxlaq normaları kimi mədəni dəyərlər sistemi ümumidir. Bir sıra müxtəlif məqsədli qruplar, ictimai siniflər və digər toplular üçün ümumi olan bu dəyərlər sistemləri hansısa bir daha geniş formaya malik olmalıdır ki, onun daxilində əmələ gəlsinlər və bu forma onların gözlənilməsinin "qeydinə qalsın" və dayağı olsun.

Mədəni dəyərləri, qeyri-formal təsisatları, davranış etalonlarını və fəaliyyət normalarını yaradan, ayrı-ayrı qrupların mədəni inteqrasiyasını (birləşməsini) təmin edən, müxtəlif, bəzən isə zidd dəyərlər sisteminə malik olan bir çox qruplarda iştirak edən şəxslərim birləşməsinə təminat verən bu cür həqiqətən geniş formanı biz qlobal cəmiyyət adlandırırıq.

Qlobal cəmiyyət mədəniyyətin bəzi əsas elementləri və kompleksləri əsasında yaradılmış ictimai həyat formalarının bir növ sintezidir.

O, özünün mədəni üstqurumunu yaradan istehsal münasibətləri sistemi əsasında əmələ gələ bilər; o, müəyyən sivilizasiya tipi (məsələn, çox geniş və kifayət qədər sərbəst qlobal cəmiyyət tipi yaratmış texniki sivilizasiya) əsasında əmələ gələ bilər; o, din və onun təsisatları əsasında yarana bilər və s. (məsələn, İrandakı müasir islam cəmiyyəti).

Qlobal cəmiyyətin strukturu, adətən, kifayət qədər sərbəst olur, çünki burada vahid milli mədəniyyət, vahid dil və ümumi adət-ənənələr, həmçinin etik normalar hüdudlarında antaqonist siniflər birgə mövcud ola bilər.

Qlobal cəmiyyət qrupları, dairələri, fərdləri, ailələri bir-biri ilə bağlayan, onların arasındakı münasibətləri nizamlayan, ən ümumi sosial əlaqə yaradan, onların zidd və ya eqoistik səylərini birləşdirən qüvvələr kompleksidir. Sosiologiyanın vəzifəsi — həmin cəmiyyətin strukturunu, təşkilini, onda baş verən birləşdirici prosesləri öyrənməkdən, onun hüdudlarında mövcud olan bir çox qruplar arasındakı qarşılıqlı asılılıqları üzə çıxarmaqdan ibarətdir.

7. SOSİAL İNKİŞAF

Sosial inkişaf prosesləri dəyişikliklər proseslərinin xüsusi halıdır. Onlar, dəyişikliklərin elementlərinin və ya bu elementlər arasındakı münasibətlərin zənginləşməsi və diferensiasiyası ilə nəticələndikdə baş verir.

Biz sosial inkişafdan danışarkən daim insanlar arasındakı münasibətlərin təşkili və strukturunun zənginləşməsi və diferensiasiyasına, elm, texnika və təsisatların inkişafına, şəxsi və ictimai tələbatın ödənilməsi imkanlarının genişlənməsinə gətirib çıxaran, empirik şəkildə sübut olunmuş dəyişiklik faktlarını nəzərdə tuturuq. Bu faktlar şəksiz sübut olunandır, onları ölçmək, qiymətləndirmək, dəqiq göstəricilər və statistik cədvəllərlə əhatə etmək olar.

Şərhin gedişində biz qeyd edirdik ki, fərdlər arasında mövcud olan fərqlər davranış etalonlarının reallaşdırılmasında, dəyərlərin qəbul edilməsində və s. ifadə olunur. Qrupların tərkibi daim dəyişdiyindən, yaşlaşdıqca adamlar dəyişdikləri, həyatdan getdikləri üçün, yeni nəsillər yetişdiyi üçün bunun nəticəsində daim dəyişikliklər meydana çıxır və onlar zaman daxilində yığılaraq özlərini cəmiyyətin strukturu və təşkilindəki köklü dəyişikliklərdə göstərirlər.

Lakin bu daimi proseslə yanaşı ictimai həyatda şəxsi xüsusiyyətlərin deyil, fərdi fərqlərdən irəli gələn dəyişikliklərin spontan və tədrici artımının deyil, ictimai həyatın əsaslarının özündəki, təsisatların yenidən qurulmasındakı, islahatçı hərəkatlarda və ya bu dəyişiklikləri cəmiyyətin inkişaf elementlərinə çevirən inqilabi hərəkatlarda təzahür edən mütəşəkkil cəhdlərin yenidən təşkil edilməsində baş verən dəyişikliklərin doğurduğu daha mühüm və sürətli dəyişikliklər də olur.

Belə inkişafı doğuran amillər ilk növbədə aşağıdakılardır:

1) ictimai həyatın təbii əsaslarındakı dəyişikliklər;

2) istehsal üsullarında baş verən dəyişikliklər; bu dəyişikliklər istehsal alətlərinin, kommunikasiya və nəqliyyatın təkmilləşməsi hesabına meydana çıxır və istehsal münasibətlərinin inkişafına, ən nəhayət isə cəmiyyətin bütün üstqurumunda dəyişikliklərə səbəb olur;

3) ictimai həyatın mədəni əsaslarına digər birliklərdən keçirilmiş dəyişikliklər, məsələn, mədəniyyət elementləri komplekslərinin diffuziyası hadisəsi;

4) mütəşəkkil ictimai-islahatçı və ya inqilabi hərəkatlar;

5) müxtəlif qüvvələr və qrupların təsiri altında yeni qanunvericiliyin tətbiqi;

6) fərdlərin və diferensiasiya meyllərindən irəli gələn dəyişikliklərin cəmlənməsi.

Bütün bu qüvvə və amillər öz əhəmiyyətlərinə görə eyni deyildir. Onlardan ən mühümləri ictimai həyatın təbii, iqtisadi və mədəni əsaslarındakı dəyişikliklərdir.

Coğrafi, demoqrafik və bioloji mühitin dəyişməsi sosial inkişaf üçün yeni tələbat və stimullar yaradır. Onların təmin olunması və onlara uyğunlaşma üsulu elm və texnikanın səviyyəsindən asılıdır və əgər bu sahələrdə yeniliklər yaranmırsa, təbii dəyişikliklərin təsiri xeyli ləngiyir.

Biz aşağıda texniki ixtiraların, elmi kəşflərin və onların əsasında dəyişən mədəni sistemlərin sosial inkişafa təsirini daha ətraflı surətdə nəzərdən keçirəcəyik.

7.1. Texnikanın və mədəni sistemlərin inkişafı

Texniki ixtiralar və elmi kəşflərin ictimai həyata təsiri istehsal vasitələrinin dəyişdirilməsi və yeni istehsal vasitələrinin yaradılması, onların məhsuldarlığının artırılması, insan və heyvan enerjisinin mexaniki enerji ilə dəyişdirilməsi yolu ilə baş verir. Maşınların tətbiqi istehsal olunan nemətlərin miqdarını artırır, onların nəqlini sürətləndirir, kommunikasiyaları qısaldır, insanların məkanda yerdəyişməsini və informasiyanın ötürülməsini asanlaşdırır. Əmək məhsuldarlığının yüksəlməsi istehsalın təşkilati formalarında, sənaye, nəqliyyat və xidmət sahələrində məşğul olan insanlar arasındakı münasibətlərdə dəyişikliklər zərurətini doğurur, işçilərin ixtisasının artırılmasını tələb edir, fəhlə qüvvəsinin miqdarı və tərkib hissəsini dəyişdirir.

Əlbəttə ki, çox qısa və sxematik şəkildə göstərilmiş və texniki dəyişikliklərdən irəli gələn iqtisadi hadisələr kompleksi belədir.

Daha sonra bu dəyişikliklər insanlar arasında münasibətləri dəyişərək, yeni mədəni tələbat oyadaraq, yeni məqsədli qruplar və yeni ictimai münasibətlərin nizamlanması üçün lazım olan yeni təsisatlar yaradaraq, yeni təfəkkür tərzinin, yeni ideologiya və yeni dünyagörüşünün əmələ gəlməsinə səbəb olur. Məsələn, XVIII əsrin II yarısında buxar maşınının ixtirası və daha sonra onun tətbiqi "sənaye inqilabını" doğurdu, bunun ardınca isə "sənaye cəmiyyətinin" yeni tipini yaratdı. Sənaye inqilabı ağır sənayeni yaradaraq iki yeni ictimai sinfi: sənaye burjuaziyası və sənaye proletariatını meydana çıxartdı.

Beləliklə, biz görürük ki, əmək alətlərinin elmi və texniki tərəqqi nəticəsində baş verən inkişafı ictimai həyatın bütün sahələrini, qrupların strukturunu (həm makrostrukturu, həm də mikrostrukturunu), onların mədəniyyətini və gündəlik tələbatı ödəmək üsullarını kökündən dəyişdirir.

Ayrı-ayrı cəmiyyətlərin qeyri-bərabər inkişafı tarixi faktdır. Mədəniyyətlərin diffuziyası adlanan, müxtəlif cəmiyyətlər arasında mədəniyyət elementlərinin mübadiləsindən ibarən olan bu mühüm proses buradan irəli gəlir.

Diffuziya prosesində daha yüksək inkişaf etmiş cəmiyyətlərdən nisbətən az inkişaf edən cəmiyyətlərə elementlər və komplekslər daxil olurlar ki, bunlar da bir dəfə keçirildikdən sonra sonrakı inkişaf prosesini doğururlar. Başqa sözlə, mədəniyyətlərin diffuziyası bəzən cəmiyyətlərin təbii inkişaf yolunu qısaldır. Məsələn, XIX əsrin II yarısında Qərbi Avropadan Yaponiyaya aparılmış sənaye sivilizasiyası orada mövcud olan feodalizm çərçivəsində inqilabsız meydana gələn, bu quruluşu devirən və Avropanın keçdiyi o uzun yolu keçmədən kapitalist sənaye cəmiyyətinin əmələ gəlməsinə şərait yaratmış, maşınların yaradılması və onların sənayedə tətbiqinə imkan verən elm və texnikanı meydana çıxartmışdır.

Mədəniyyətlərin qarşılıqlı şəkildə bir-birinə nüfuz etməsi müxtəlif yollarla baş verir: fərdlər arasındakı kontaktlar vasitəsi ilə, bu təmas prosesində ideyalar, kitablar, incəsənət əsərləri yeni elmi, fəlsəfi, bədii və texniki cərəyanlar mənimsənilir; müxtəlif növlü təsisatlar arasındakı kontaktlar vasitəsi ilə; ticarət mübadiləsi yolu ilə; nəqliyyat və rabitə vasitələrinin genişlənməsi vasitəsi ilə.

Təcrid olunmuş, başqaları ilə təmasda olmayan cəmiyyətlərdə sabitləşmə, durğunluq və inkişafdan qalma meylləri təzahür edir. Demək olar ki, XIX əsrin ortalarından XX əsrin əvvəllərinə qədər ölkəyə başqa ölkələrdən nə ideyalar, nə də mallar buraxan, öz inkişafında ləngiyərək durğunlaşmış, köhnəlmiş təsisatlar və sosial strukturlar dövləti yaradan Çin buna səciyyəvi misaldır.

Diffuziya prosesində maddi mədəniyyət elementləri, adətən, qeyri-maddi mədəniyyət elementlərindən tez mənimsənilir v qəbul olunurlar. Sosialist cəmiyyətləri kapitalist ölkələrindən maşınlar alır, lakin onların ideologiyasını rədd edirdilər: ibtidai cəmiyyətlər bəzək şeylərini və quruluş elementlərini işlərin yerinə yetirilməsinin müəyyən edilmiş mərasimvari gedişini dəyişdirə biləcək əmək alətlərinə nisbətən daha asan mənimsəyirdilər.

Deməli, yeniliklərin mənimsənilməsini ləngidən bəzi mexanizmlər mövcuddur; onlar təsisatlar sisteminin mexanizmləri və daxili birliyinə, üzvləri konformizmə məcbur edən nəzarət mexanizminə, sosial təşkilatın yekdilliyinə əsaslanır. Bu ictimai qüvvələr yeni elementlərdə öz mənafelərinə təhlükə görərək onlara qarşı çıxış edirlər.

Elmi texniki və bədii yaradıcılıq həmişə daxilində mövcud olduğu qrupun nəzarəti altındadır, çünki bu yaradıcılığın nəticələri mövcud strukturlar, təsisatlar, vəzifə iyerarxiyası, hakimiyyət sistemi və yüksək vəzifə tutan fərdlərin nüfuzumu təhlükə altında qoya bilər. Ona görə də elm, texnika, ədəbiyyat və incəsənətin tarixi yeni ideyaların (məsələn, Ç.Darvinin təkamül nəzəriyyəsi amansızcasına təcrid edilirdi), texniki ixtiraların (buxar maşınlarının sənayedə tətbiqi neçə on illər boyu uzanmışdır) və mədəniyyət cərəyanlarının (məsələn, təsviri incəsənətdə abstraksionizm cərəyanı uzun müddət ərzində qəzəb və istehza ilə qarşılanmışdır) amansızcasına rədd edilməsi barədə çoxsaylı nümunələrlə doludur.

İdrak, elm və incəsənət sosiologiyasının vəzifəsi yaradıcılıq və yenilikçiliyə yardım göstərən, elm və texnikanın müxtəlif sahələrində yaradıcılığın yüksəlişinə səbəb olan ictimai şəraitin, onların cəmiyyət tərəfindən qəbul edilməsini şərtləndirən şəraitin öyrənilməsi, habelə onların bütövlükdə ictimai həyata göstərdikləri təsiri öyrənməkdir.

Biz yuxarıda təsisatlar sistemi və sosial nəzarətin birliyi problemini nəzərdən keçirərkən, eyni zamanda göstərmişdik ki, bu sistemin həddən artıq sərtliyi ictimai dəyişikliklərin durğunlaşması və onlarIn sürətinin ləngiməsi amilinə çevrilir.

Bu özünü texniki ixtiraların, ictimai həyatın istənilən sahəsində elmi və digər yeniliklərin mənimsənilməsi prosesində xüsusən kəskin şəkildə göstərir. İctimai həyatda təsisatlar sisteminin sərtliyi ixtiraçılığın miqyası və intensivliyini və ya mədəni diffuziyanın genişliyini məhdudlaşdıra bilər.

Təsisatlar, şübhəsiz ki, daxili birliyi qoruyub saxlayan, cəmiyyətin qüvvəsini artıran amildir. Lakin kəskin sosial dəyişikliklər dövründə, kifayət qədər elastikliyin və dəyişikliklərə uyğunlaşmaq imkanının olmadığı şəraitdə təsisatlar hətta qlobal cəmiyyətin ziyanına olaraq dəyişiklikləri ləngitməyə meyl edə bilərlər. Müvafiq inkişaf sürətinin qorunub saxlanılması mühüm siyasi vəzifəyə çevrildiyi kəskin sosial dəyişikliklər dövründə dövlətlər, cəmiyyətlər və ya ayrı-ayrı məqsədli qruplar digər qruplardan mədəni nailiyyətlərin keçməsinin genişlənməsi və ya asanlaşmasına kömək göstərmək üçün xüsusi təsisatları inkişaf etdirirlər. Bunlar mübadilə təsisatları, tərcümə edən, beynəlxalq konfranslar keçirən təsisatlar və ya ayrı-ayrı dövlətlər və ya qrupların tamamilə məxfi bir şey kimi gizlədib saxlamaq istədikləri kəşfləri də əldə etməyə can atan kəşfiyyat institutlarına qədər müxtəlif əməkdaşlıq formaları ola bilər.


EMPİRİK SOSİOLOJİ TƏDQİQAT

SOSİOLOJİ İDRAKIN ALƏTİ KİMİ

8.1. Empirik sosioloji tədqiqatın funksiyaları

Empirik tədqiqatın funksiyaları araşdırılarkən onun sosioloji idrakın mərhələ və pilləsi kimi nisbiliyi hər şeydən yaxşı aşkara çıxır.

Məhz buna görə də empirik sosioloji tədqiqatın funksiyaları ona nə isə zahiri aidiyyəti olan bir şey yox, bu tədqiqatın sosioloji dərketmə və ümumiyyətlə, ictimai həyatda məqsəd və rolunun reallaşdırılmasıdır.

Elmi ədəbiyyatda empirik sosioloji tədqiqatın funksiyalarının təsnifatına çox nadir hallarda cəhd göstərilmişdir. Bu məsələ hələ çox az işlənmişdir.

Polşa sosioloqu Lutinski empirik sosioloji tədqiqatın uç əsas funksiyalarından — elmi, praktiki tətbiqi və ideoloji-tərbiyəvi funksiyalarından bəhs edir.1 Likert və Lipit də məsələni analoji şəkildə qoyurlar. Onlar yazırlar ki, elmi sosioloji tədqiqat üç məqsədə qulluq edə bilər. İlk növbədə bu tədqiqat özünün elmi əhəmiyyəti ilə başqa alimləri maraqlandıra bilər. İkincisi, əməli iş adamları və siyasi xadimlər üçün maraq kəsb edə bilər. Belə ki, onun nəticələri onların rəhbərlik etdikləri müəssisələrin məhsuldarlığını artırmaq üçün tətbiq oluna bilər. Və, nəhayət, belə tədqiqat camaat üçün faydalı ola bilər. Çünki o, adamlara insan fəaliyyətinin dinamikasını daha yaxşı başa düşməyə imkan verir, onlara öz şəxsi tələbatlarını ödəmək yollarını, habelə ictimai həyatda öz iştiraklarını təkmilləşdirməkdə kömək edir.2

Empirik idrak sosioloji nəzəri ümumiləşdirmələrin zəruri mənbəyidir. Empirikdən nəzəriyyəyə doğru və əksinə, ahəngdar hərəkət sosioloji nəzəriyyənin tərəqqisinin həyati şərtidir.

O.Kont bu istiqamətdə bütöv bir nəzəriyyə bəyan etmişdir. Fizika fiziki faktlara əsaslandığı kimi, Konta görə sosiologiya da sosial faktların dərkindən çıxış etməlidir. Kont belə hesab edirdi ki, sosiologiya öz quruluşu və inkişafının xarakterinə görə dəqiq elm, sosial fizika olmalıdır.

Empirik sosioloji tədqiqatın verdiyi məlumatların köməyi ilə müxtəlif təsir diapazonlu yeni nəzəriyyələr, yeni sosioloji anlayışlar işlənilib hazırlanılır və ya artıq formalaşdırılmış anlayışlar zənginləşdirilir, sosioloji qanunların tərifləri dəqiqləşdirilir, yeni problemlər qoyulur, yeni fərziyyələr hazırlanır. Adətən empirik sosioloji tədqiqatın hazırlanması və həyata keçirilməsinin gedişində bir sıra fərziyyələr və yeni ideyaların həlli üsulları və arqumentləri aşkara çıxır ki, bunlar da sosioloji nəzəriyyə xəzinəsinə daxil edilir. Bu, empirik sosioloji tədqiqatların hazırlanmasında metodoloji, metodik və təşkilati məsələlərin həlli ilə əlaqədar olan əlavə kənar nəticədir.

Bununla yanaşı empirik sosioloji tədqiqatın aparılması zamanı tədqiq olunan şəxslər, anketçilər və elmi rəhbərlərlə kontaktlar, idrak problemləri ilə bağlı olan səciyyəvi situasiyaların meydana çıxması fikri çox vaxt sosioloji nəzəriyyəni zənginləşdirən və ya əlavə nəzəri tədqiqatlar üçün çıxış nöqtəsi rolunu oynayan yeni ideyalar doğurur.

Amerika sosioloqu Merton sosioloji nəzəriyyəyə münasibətdə empirik sosioloji tədqiqatın 4 funksiyası olduğunu göstərir və eyni zamanda belə hesab edir ki, bunlar onun bütün funksiyalarını əhatə etmir. O, hər şeydən əvvəl mövcud nəzəriyyəyə yerləşməyən, vacib, gözlənilməz faktlar haqqında yeni informasiya verməklə onu stimullaşdırır; empirik sosioloji tədqiqat indiyədək nəzərə alınmayan sabit faktlar meydana çıxardığı təqdirdə nəzəriyyənin yenidən işlənməsi zərurətini doğurur; o, empirik informasiyanın toplanmasının yeni metodları istifadə edilən təqdirdə, nəzəriyyənin yeni istiqamətə yönəldilməsinə gətirib çıxarır; empirik tədqiqat prosesinin özünün işlənməsi nəzəriyyənin dəqiqləşdirilməsinə kömək göstərən anlayış problemlərini irəli sürür.1

Empirik sosioloji tədqiqat, sosioloji nəzəriyyələr, ayrı-ayrı ümumiləşdirmə və nəticələrin özünəməxsus yoxlanışı rolunda çıxış edir.

Nəzəriyyənin düzgünlüyü praktikada yoxlanılır. Empirik sosioloji tədqiqat isə bu praktikanın vəziyyəti, təmsiledici məcmular şəklində götürülmüş və obyektiv təsvir olunmuş sosial faktların vəziyyəti haqqında informasiya verir. Empirik sosioloji tədqiqatın bu verifikasiya etmə funksiyası böyük əhəmiyyətə malikdir. O, ictimai proseslərin real gedişindən təcrid olunmuş şəkildə nəzəriyyələr və kateqoriyalar qurmaq meylinə qarşı təsirli əks vasitədir.

Lakin empirik material sosioloji nəzəriyyəni bütövlükdə verifikasiya edə bilməz, çünki o, həmişə təklik, təsadüflük və təkraredilməzlik elementləri ilə doludur. Hətta məcmu empirik informasiyanın mövcud olduğu haqqında ayrıca sosial faktdan ümumiliyə, sabit və qanunauyğun olana keçid məsələsi meydana çıxır. Burada söhbət idrakda keyfiyyət sıçrayışından gedir, belə ki, ümuminin mahiyyəti heç vaxt bütövlükdə ayrıca bir faktda əks olunmur. Ona görə də bu mahiyyət heç vaxt büsbütün ayrıca fakta müncər edilə bilməz.

Anlayışların empirik materialla, yəni müəyyən sosial faktlarla müqayisəsindən ibarət olan empirik interpretasiya ancaq idrak piramidasının ən aşağı səviyyəsində duran, bilavasitə sosial faktlar haqqında empirik biliklərə yönələn anlayışlarla mümkündür. Lakin elə burada da əlaqə mütləq şəkildə birmənalı və tam deyildir: hər hansı, hətta ən elementar anlayış idrakın digər səviyyəsində durur, ayrı-ayrı sosial faktların aspektlərini ümumiləşdirir və eyni zamanda onların əksəriyyətinə aid olur. Özlərinin empirik indikatorlarına münasibətdə anlayışların tam reduksiyasının mümkün olması barəsində bəzi neopozitivistlərə xas olan görüşlər əsassızdır. Yadovun göstərdiyi kimi, "abstrakt terminin məzmunu heç vaxt bu mövcud mahiyyətin sonlu sayda hadisələrinə, təzahürünə çevrilmir, empirik göstəricilərdə hansısa ifadəedilməz qalıq qalır".2

Empirik interpretasiyanın bu məhdudluğu empirik sosioloji tədqiqatın verifikasiya etmə funksiyasını müəyyən çərçivə daxilinə salır. Lakin bu çərçivələr daxilində o, əməli və əvəzedilməz vasitədir.

Qeyd etmək lazımdır ki, empirik sosioloji tədqiqat zəruri zəmin kimi bütün səviyyə və istiqamətlərdə sosioloji nəzəriyyənin inkişafı və zənginləşməsinə şərait yaradır. Əlbəttə, bu baxımdan vəziyyəti sadələşdirmək lazım deyildir. Hər empirik sosioloji tədqiqatdan sosiologiyanın bütün nəzəri problemlərinə aid olan nəticələr çıxarmaq və ümumiləşdirmələr etmək olmaz. Ayrılıqda götürülmüş hər bir empirik sosioloji tədqiqat öz mövzu və məqsədlərindən asılı olan müəyyən imkanlara malikdir. Hər hansı nəzəri problemin həlli üçün bəzən xeyli sosioloji tədqiqat aparmaq lazım gəlir. Lakin empirik sosioloji tədqiqatların verdiyi informasiya bütövlükdə və özünün prinsipial imkanlarına görə bütün rəngarəngliyi ilə sosioloji nəzəriyyəyə xidmət göstərə bilər və əslində də göstərir.

Empirik sosioloji tədqiqatın ən mühüm praktiki əhəmiyyəti onun nəticələrinin sosial idarə orqanları tərəfindən istifadə edilməsində təzahür edir.

Empirik sosioloji tədqiqatlardan sosial idarəçilikdə istifadə olunması bəzi obyektiv sosial şərtlərin mövcudluğunu tələb edir. Birincisi, aşağıdan yuxarıya və yuxarıdan aşağıyadək rəhbər orqanların idarəçiliyinin elmi səviyyəsinin yüksəldilməsində, kütlələrin fasiləsiz olaraq idarə prosesinə cəlb olunmasında və kütlələrin arzu və tələbatının getdikcə daha dolğun şəkildə təmin edilməsində maraqlı olması. Digər tərəfdən, belə bir maraq ancaq elə cəmiyyətdə ola bilər ki, bu cəmiyyət elmi idrak əsasında obyektiv qanunların fəaliyyətini, getdikcə daha yaxşı mənimsəyir və eyni zamanda xalq kütlələrinin həqiqi mənafelərini ifadə edir.



1   2   3   4   5   6   7   8   9   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə