Sosiologiya elm kiMİ Sosiologiyanın predmeti və tədqiqat sahəsi




Yüklə 1.14 Mb.
səhifə13/15
tarix23.02.2016
ölçüsü1.14 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   15
SOSİOLOJİ TƏDQİQATLARDA EKSPERİMENTAL METOD

Sosiologiyada eksperiment — sosial obyektin bəzi idarə və nəzarət olunan amillərin (dəyişənlərin) təsiri nəticəsində fəaliyyət və davranış göstəricilərinin kəmiyyət və keyfiyyətcə dəyişməsi haqda məlumat almaq üsuludur.

Sosioloji tədqiqatda ekspertlərin metodoloji əsasını sosial determinizm konsepsiyası təşkil edir. Buna görə də eksperimental metodun əsas nəzəri problemi tədqiq olunan sosial hadisəni determinasiya edən əhəmiyyətə malik dəyişənləri ayırmaqdan ibarətdir. Bu dəyişənlərə təsir göstərmək və səbəb-nəticə asılılıqlarını tədqiq etməklə tədqiqatçı həmin hadisənin determinasiyası strukturunu və ayrı-ayrı dəyişənlərin rolunu aydınlaşdıra bilər.

Əgər təbiətşünaslıqda aparılan təcrübədə sınaq obyektinə göstərilən təsir, adətən, eksperimentin özünün vaxt çərçivəsi ilə məhdudlaşırsa, sosial obyekt üçün təsirin zaman etibarilə məhdudlaşdırılmasının bu olduqca vacib şərti yerinə yetirilmir. Sosial obyektin səbəbiyyət dəyişənlərinin olduqca uzun sürən müddət ərzində göstərdiyi təsiri toplayan yaddaşı vardır ki, bu da obyektə təsir üzərində nəzarətin və bununla da sosial eksperimentin imkanlarını xeyli məhdudlaşdırır.

Sosiologiyada eksperimentin digər xüsusiyyəti sosial hadisələrin səbəbiyyət asılılığının keyfiyyətcə daha yüksək dərəcədə mürəkkəb olmasından ibarətdir ki, bu da özünü, hər şeydən əvvəl, təbiətşünaslıqda aparılan təcrübələrə nisbətən dəyişənlərin sayının əhəmiyyətli dərəcədə yox olmasında göstərir. Başqa sözlərlə, sosial eksperimentdə determinasiya məkanı çoxölçülüdür, bu isə səbəbiyyət asılılıqlarını "xalis şəkildə" ayırmağı və, deməli, eksperimentin həll edəcəyi məsələnin qoyuluşunu son dərəcə çətinləşdirir.

Sosial informasiya almaq metodu kimi eksperimentin fərqləndirici xüsusiyyəti həm də ondan ibarətdir ki, onun keçirilməsi tədqiq edilən hadisələr arasında səbəb-nəticə əlaqələrinin olması və ya hər hansı kollektiv, yaxud fərdi fəaliyyət mexanizminin xarakteri haqqında nəzəri və təcrübi biliklər əsasında məntiqi yolla alınmış hipotezanın işlənib hazırlanmasını və qoyuluşunu tələb edir. 15.1. Eksperimentin növləri

Tədqiq edilən obyektlərin xarakterinə görə eksperimentlər iqtisadi, pedaqoji, hüquqi, estetik və başqalarına bölünür. Bu eksperimentlərin bir-birindən fərqi insanın ictimai fəaliyyətinin müəyyən sahələrinin özünə xas xüsusiyyətlərə malik olması ilə şərtləndirilir. Məsələn, iqtisadi eksperiment dedikdə, sosiologiyada iqtisadi şəraitin konkret dəyişmələrinin insanların şüuruna, onların maraqlarının dəyişməsinə bilavasitə təsirinin tədqiq olunduğu eksperiment başa düşülür.

Qarşıya qoyulmuş məsələnin xüsusiyyətinə görə eksperimentlər elmi-tədqiqat və praktiki eksperimentlərə bölünür.

Elmi-tədqiqat eksperimentinin gedişində özündə yeni, lakin, hələlik özünün kafi təsdiqini tapmamış və ya hələ heç sübut edilməmiş elmi səciyyəli məlumatlar daşıyan hipoteza yoxlanılır.

Praktiki eksperiment özündə sosial münasibətlər sahəsində bir çox təcrübə aparmaq proseslərini cəmləşdirir. Praktiki eksperimentin gedişində yeniliklərin yayılması haqqında məsələnin yalnız bunun konkret şərait üçün də doğruluğu təsdiq olunduqdan sonra, həll edilməsini təmin etmək məqsədi ilə yerli şəraitin xüsusiyyəti üzə çıxarılır.

Eksperimentlərin elmi-tədqiqat və praktiki eksperimentlərə bölünməsi şərtidir, çünki, bir çox hallarda praktiki eksperiment elmi səciyyə daşıyan yeni məlumatlar almağa imkan verir. Elmi eksperiment isə ictimai həyatın bu və ya digər sahəsində tövsiyələrlə nəticələnir.

Hipotezanın sübutunun məntiqi strukturuna görə eksperimentlər paralel və ardıcıl olur.

Paralel eksperiment dedikdə tərkibində həm təcrübi, həm də nəzarət qruplarının olduğu və hipotezanın sübutunun eyni zamanda iki müşahidə obyektinin (təcrübi və nəzarət) vəziyyətlərinin müqayisəsinə əsaslandığı tədqiqat başa düşülür.

Tədqiqatçının sərbəst dəyişən vasitəsilə təsir göstərdiyi, yəni təcrübənin aparıldığı qrup eksperimental qrup adlanır.

Ölçülərinə və tədqiq edilməli olan digər xarakteristikalarına görə eksperimental qrup ilə eyni olan və eksperimental deyişmələrin təsirinə məruz qalmayan (yəni eksperimentin aparılmadığı) qrup nəzarət qrupu adlanır. Nəzarət qrupunun yaradılmasının üç metodu vardır: qoşa seçmə, tezlikli bölmə və rendomizasiya (vahidlərin təsadüfi seçim prinsipi üzrə seçilməsi).

Qoşa seçmə metodu aparılacaq eksperimental tədqiqat obyektinin əlamətlərdən birinin olub-olmamağı ilə fərqlənən (əmək məhsuldarlığı A əlaməti) müşahidə vahidləri çoxluğu kimi (məsələn içərisindən hipoteza baxımından əhəmiyyətli olan müvafiq əlamətlərə görə iki eyni qrupun seçiləcəyi adamlar) nəzərdən keçirilməsindən ibarətdir.

Seçmənin ilk nişanəsi adamlar çoxluğunun əlamətlərdən biri üzrə, məsələn, cinsə görə iki yarımçoxluğa bölünməsidir. Bundan sonra yarımçoxluqların birindən bir fərd seçilir və digər yarımçoxluqdan onun üçün başqa bir əlamətə, məsələn, yaşa görə tay tapılır.

Seçilmiş fərdlər həmin əlamətə və elementlərinin sayına görə bir-birinə bərabər olan iki yeni yarımçoxluğun elementləri olur. Başqa yarımçoxluqda tayı tapılmayan adamlar sonrakı tədqiqatdan kənar edilir. Eyni əməliyyat hər yeni dəyişən üzrə yenidən yaranan yarımçoxluqlar ilə aparılır. Təbiidir ki, tarazlaşdırılma nə qədər çox sayda dəyişən üzrə aparılırsa, qruplar bir o qədər çox kiçilir. Tədqiqatçı diqqət yetirməlidir ki, seçmənin sonunda qrupun ölçüləri reprezentativlik (təmsil edə bilmək) tələblərinə cavab versin.

Tezlikli bölmə metodu elə bir çoxluğun yaradılmasından ibarətdir ki, bu çoxluq tədqiq edilən obyektin təcrübəçini maraqlandıran əlamətlərə görə (məsələn, cins, yaş, peşə, milliyyət və s) modeli ola bilsin. Nəticədə yaranmış qruplar ilkin çoxluğu qoşa seçmə nəticəsində olduğundan daha adekvat, tam uyğunluqla modelləşdirilir. Lakin əlamətlərin faizlər üzrə "uyğunlaşdırılması" prosesinin özü kifayət qədər əsaslandırılmamış və tələb olunan obyektivliyi təmin etməyən sayıla bilər.

Nəzəri-ehtimali anlayışlara əsaslanan seçkili yarımçoxluqlar formalaşdırmaq metodu olan rendomizasiya daha çox əsaslandırılmış metoddur. Rendomizasiyanın tətbiqi tələb edir ki, yarımçoxluğun əsas ölçüləri böyük ədədlər qanunu təsirinin təzahürü üçün kifayət qədər böyük (300 nəfərdən az olmayaraq) olsun.

Eksperimental və kontrol qrupların qoşa-qoşa seçmə və ya tezlikli bölmənin rendomizasiya ilə birləşdirilməsi yolu ilə yaradılması eksperimentin ən yüksək dəqiqliyini təmin edir. Tarazlaşdırılmış (bərabərləşdirilmiş) qruplar götürülür və hər bir şəxs təsadüfi qaydada (təsadüfi ədədlər cədvəli üzrə) yenidən formalaşdırılan iki qrupdan birinə yerləşdirilir. Əgər bu zaman eksperimentin gedişi və nəticələrinə təsir göstərə biləcək hər hansı bir əhəmiyyətli amil nəzərdən qaçırılırsa, bu amilə malik olan şəxslərin təsadüfi paylanma qanununa görə hər iki qrupa təqribən bərabər sayda düşəcəyi nəzərdə tutulur.

Eksperiment başlanmamışdan əvvəl eksperimental və kontrol qruplarda hipotezanın yoxlanılması üçün lazım olan bütün amillərin (əməyin ümumi və fərdi məhsuldarlığının, ixtisas səviyyəsinin, qrupdaxili və qruplararası münasibətlərin, qrup üzvlərinin yönəlişlik və dəyər səmtləşməsi ünsiyyətlərinin və s.) ölçülməsi aparılır.

Eksperimental qrupda amillərin ölçülməsi sərbəst dəyişənin təsirindən əvvəl və sonra yerinə yetirilir.

Əgər tədqiqatçının bir kontrol qrupu vardırsa, onda bu qrupda da amillərin ölçülməsi sərbəst dəyişənin eksperimental qrupa təsirindən əvvəl və sonra aparılır. Eksperimental tədqiqat nəticələrinin xüsusilə dəqiq olması tələb edildiyi hallarda iki tam oxşar, eyni nəzarət qrupu götürülür və bunların birində amillərin ölçülməsi sərbəst dəyişənin təsirindən əvvəl, digərində isə bu təsirdən sonra yerinə yetirilir.

Ardıcıl eksperimentdə nəzarət qrupu olmur. Eyni bir qrup burada sərbəst dəyişən daxil edilməmişdən əvvəl nəzarət qrupu kimi və sərbəst dəyişən nəzərdə tutulmuş təsirini göstərəndən sonra (və ya göstərə biləcəyindən sonra) eksperimental qrup kimi çıxış edir. Belə olduqda hipotezanın sübutu müşahidə obyektinin müxtəlif vaxtlardakı iki halının müqayisəsinə əsaslanır.

Belə vəziyyət kifayət qədər vasitənin olmamağı və ya eksperimentin hazırlanması və ya həyata keçirilməsi müddətlərinin qısaldılması zərurəti səbəbindən olduqca tez-tez yaranır.

Yerli vəziyyətlə bağlı səhra tədqiqatı üçün maksimal dərəcədə təbii şərait (istehsalat mühiti, sinif otağı və s.) səciyyəvidir, onun vasitəsilə tədqiq olunan obyektlər, adətən, öz adi əlaqələrini saxlayırlar.

Səhra eksperimentləri nəzarət olunan və təbii təcrübələrə ayrılır. Nəzərdə tutulur ki, tədqiqatçı sosial obyekti təşkil edən amillərin və onun mövcud olma şəraitinin təsvirinə malikdir və gələcəkdə fərz edilən dəyişikliklərin hipotetik səbəbi kimi sərbəst dəyişəni hərəkətə gətirir.

Təbii eksperiment dedikdə elə bir təcrübə nəzərdə tutulur ki, burada tədqiqatçı sərbəst dəyişəni əvvəlcədən seçməmiş, hazırlamamış və onunla eksperimental qrupa təsir göstərməmiş olsun, Tədqiqatçı bununla işin adi gedişinə fəal surətdə qarışmayaraq, yalnız müşahidə edir və tədqiq edilən prosesdə onu maraqlandıran, sərbəst dəyişən rolunu oynayacaq aydın ifadə olunmuş dəyişikliyin öz-özünə baş verməsini gözləyir. Belə ekspertlər yalnız səyyar ola bilər.

Təbii eksperimentin qüsurları, müvafiq şəraitin yaranmasının nadirliyi və bu cür eksperimentin təşkilinin qarşıdakı mümkünlüyü barədə məlumatı əvvəlcədən almağın çətinliyindən ibarətdir. Dəyişənlərin təbəddülatına təsir göstərə biləcək amillərin müəyyənləşdirilməsi çətinliyi və onlarla hər hansı bir əməliyyat aparılmasının praktik olaraq qeyri-mümkünlüyü də əsas qüsurlara aiddir.

Beləliklə, sosioloq əslində eksperimental tədqiqatın hipotezanı yoxlayan zaman vaxt udulması kimi üstünlüyündən məhrum olur. Eksperiment bütünlüklə hadisələrin təbii gedişi inkişafının yaxşı hazırlanmış xüsusi bir müşahidəsinə yaxınlaşır. Bununla belə, təbii eksperiment konkret sosioloji tədqiqatın, xüsusilə bir çox təbii amillərin nəzərə alınmasını tələb edən mürəkkəb ictimai hadisələrin tədqiqatı sahəsində olduqca mühüm şərtdir.

Laboratoriya eksperimenti hər hansı bir süni şəraitdə aparılan tədqiqatdan ibarətdir. Sünilik burada ondan irəli gəlir ki, müşahidə obyekti özünün adi, təbii mühitindən onun davranışını yüksək dəqiqliklə müşahidə etməyə imkan verən şəraitə keçirilir.

Laboratoriya eksperimentinin keçirilməsində eksperimental şəraitin yaradılması və onun idarə edilməsi xüsusi yer tutur. Eksperimental şərait təbii və oyun şəraiti şəklində olur. Laboratoriya eksperimenti iştirakçısı üçün bu şərait, adətən, xüsusi bir oyun səciyyəsini daşıyır.

Səhra eksperimenti ilə müqayisədə laboratoriya eksperimentinin həm müsbət, həm də mənfi cəhətləri vardır. Bu eksperİmentlərin hər birindən onların qüvvətli tərəflərinin özünü daha çox, mənfi cəhətlərini isə, əksinə, ən az dərəcədə göstərə biləcəyi şəraitdə istifadə etmək lazımdır.


15.2. Eksperimental məlumatların işlənməsi

Eksperiment aparan zaman tədqiqatçı, adətən, bir çox müxtəlif məlumatlar əldə edir. Onların təhlilinə keçməmişdən əvvəl alınmış materialın nizama salınması, yəni alınmış nəticələrin təsnifatı və sırf vizual qiymətləndirilməsi mümkün və rahat edilməsi məsələsini həll etmək lazım gəlir.

Eksperimentlərin nəticələri adətən cədvəl və ya qrafik halında göstərilir. Məlumatların həcmi böyük olduqda statistik işlənmə tətbiq etmək lazım gəlir.

Eksperimentin düzgün aparılması alınmış nəticələrin statistik təhlili metodların adekvat tətbiqi ilə birlikdə təcrübədə öyrənilən dəyişənlər arasında eksperiment gedişində aşkar edilmiş əlaqənin təsadüfi deyil, öz təbiətinə görə səbəb-nəticə əlaqəsi olacağını təmin edə bilər.

Tədqiqatçı eksperimentin gedişində dəyişənlər arasında səbəb-nəticə əlaqəsini müəyyən etdikdən və bu ya digər fəaliyyət tipinin əsasında yerləşən mexanizmi açdıqdan sonra onun qarşısında tapılmış əlaqənin eksperiment çərçivəsindən nə qədər kənara çıxması, başqa sözlərlə, həmin əlaqənin mövcudluq faktının digər obyekt və şərait üçün nə qədər doğru olması haqqında sual yaranır.

Bu məsələnin həlli olduqca vacibdir, çünki alınmış nəticələrin əsassız olaraq eksperimental şərait hüdudlarından kənar yayılması insan fəaliyyəti və davranışı ilə bağlı "səhv qənaətə gəlməyə və yanlış qanunauyğunluqların çıxarılmasına səbəb ola bilər. Sosioloji tədqiqatın nəticələrinin ümumiləşdirilməsi probleminə bir neçə nöqteyi-nəzərdən yanaşmaq olar. Söhbət eksperimentdə tapılmış əlaqə və ya mexanizmin nə dərəcədə ümumi səciyyə daşıdığından gedə bilər.

Azsaylı eksperimentlər keçirildikdə tədqiq olunan əlaqənin yalnız işarələmək, onun mövcud olmasını qeyd etmək və istiqamətlənməsi haqqında təxmini fikir söyləmək olar. Yalnız dəfələrlə təkrar olunmuş, müxtəlif cür sərbəst dəyişənlərin öyrənilən asılı dəyişənə təsirini nəzərdə tutan eksperiment tədqiq olunan əlaqənin mahiyyəti haqqında ümumiləşdirilmiş nəticəyə gəlməyə imkan verə bilər.

Eksperimentin aparıldığı şərait tamamilə sünidən bütünlüklə təbiiliyə qədər dəyişə bilər. Tamamilə aydındır ki, tədqiqatçının ayırdığından başqa, bütün dəyişənlərin təsirinin mümkün qədər neytrallaşdırıldığı laboratoriyada alınan məlumatlar yalnız bu cür şəraitə adekvat ola bilər. Bu halda eksperimentin nəticələrini təbii şəraitə keçirtmək olmaz, çünki bu şəraitdə öyrənilən asılı dəyişənə tədqiqatçının istifadə etdiyi sərbəst dəyişəndən başqa bir çox digər amillər də təsir göstərir. Əgər söhbət təbii şəraitdə yüksək dəqiqliklə qoyulmuş eksperimentdən gedirsə, aydındır ki, aparılmış təcrübələr əsasında alınmış nəticələri bu cür vəziyyətlərin bütöv bir sinfinə aid etmək mümkündür, yəni burada nəticələrin ümumilik səviyyəsi laboratoriya eksperimentindəkindən yüksək olacaqdır.

Eksperimental surətdə öyrənilən müşahidə obyektləri həmişə bütün mümkün variantların yalnız bir qismi olacaqdır. Əgər tədqiqat gedişində onların əsas xarakteristikaları dəyişdirilirsə, eksperimental yolla alınmış nəticələrin adekvat olacağı vəziyyətlərin hüdudlarını müəyyən etmək olar.

Bu nəticələrin eksperimental şərait hüdudlarından kənara şamil edilməsi mümkünlüyünü artırmaq üçün böyük sosial qrupun mühüm xüsusiyyətlərinin paylanması xarakterinin eksperimental qrupda əks olunması zəruridir, yəni eksperimental qrup reprezentativ, təmsil edə bilən olmalıdır. Eksperimental qrupun reprezentativliyi alınmış nəticələrin başqa obyektlərə şamil edilməsini təmin edir.

Eksperiment aparılarkən, hətta təcrübəli tədqiqatçının belə səhvlərdən və məlumatların təhrifindən qorunmuş olduğuna təminat vermək olmaz. Əgər eksperimentin qurulmasına daha əsaslı surətdə yanaşılarsa, bu səhv və təhriflərin bir qismini aradan qaldırmaq olar. Onların digər qismi isə, ümumiyyətlə, düzələn deyil. Lakin səhvlərin mümkünlüyünün özünün nəzərə alınması, lazımi düzəlişlər aparmağa imkan verir.

Hər şeydən əvvəl səhvən, əslində heç də eksperiment olmayan müəyyən bir vəziyyət bu cür adlandırıla bilər. Paralel eksperiment keçirilən zaman, məsələn, bir zavod briqadasında əməkhaqqının ödənilməsini dəyişdirmək, digərində isə olduğu kimi saxlamaq olar və bu zaman aşkar ola bilər ki, birinci briqadada əmək məhsuldarlığı artmışdır. Əgər hər iki qrupun bəzi mühüm xarakteristikaları nəzərə alınmazsa və onlar üzərində nəzarət təyin edilməzsə, bu cür vəziyyətlər heç bir vəchlə eksperimental ola bilməz.

Eksperimental və nəzarət briqadalar üzvlərinin sayına, fəaliyyət növünə, istehsalat funksiyalarının bölüşdürülməsinə, rəhbərlik tipinə və ya hipoteza nöqteyi-nəzərindən digər mühüm xarakteristikalarına görə bərabər olmalıdır. Əgər hər hansı vacib qrupun xüsusiyyətləri tarazlaşdırılmırsa, onları müəyyən bir üsulla neytrallaşdırmağa, qeyd etməyə və nəticələr təhlil edilən zaman nəzərə almağa çalışmaq lazımdır.

Sosioloq bütün bunları yerinə yetirə bilmədiyi hallarda onun yaranmış vəziyyəti eksperimental adlandırmağa və məhsuldarlığın dəyişməsini əməkhaqqının ödənilməsi sisteminin dəyişməsi ilə izah etməyə haqqı yoxdur, çünki məhsuldarlığın dəyişməsinə əməkhaqqının ödənilməsinin dəyişməsi deyil, hər hansı bir digər təsadüfi amil səbəb ola bilər. Tədqiqatı eksperimental adlandırmamışdın əvvəl tədqiqatçı bunun üçün əsasın olub-olmadığını, başqa sözlərlə, zəruri şərait yaradıb-yaratmadığını və ölçməklə nəzarətin lazımi səviyyəsini təmin edib-etmədiyini müəyyənləşdirməlidir.

Hipotezanı ifadə edən zaman və ümumi fərziyyədən operasional dəyişənlərə keçdikdə yürüdülən mühakimələrin məntiqi ilə bağlı olan səhvlərə yol verilə bilər.

Tapılmış mexanizm və əlaqələr hipoteza ifadə edilən zaman səhvən ümumiləşdirici səbəb kimi müəyyənləşdirilə bilər. Bu, adətən, az məlum olan hadisələr öyrənildikdə baş verir və bu zaman eksperimentdə alınmış mənfi nəticələr müşahidə obyektinin nəzəri modelinin hazırlanmasına müsbət təsir göstərir, çünki onlar həmin mexanizm və əlaqənin baş verən prosesləri şərtləndirmədiyinə dəlalət edir.

Hipotetik əlaqənin müəyyənləşdirilməsindən onun empirik göstəricilərinin təsvirinə keçdikdə də səhv etmək mümkündür. Düz seçilməmiş göstəricilər eksperimentin nə dərəcədə əsaslı keçirilməsindən asılı olmayaraq onu tamamilə dəyərsizləşdirir. Vəziyyətin həm eksperiment iştirakçıları, həm də tədqiqatçı tərəfindən subyektiv qavranılması ilə bağlı səhvlər də mümkündür. Təcrübəçiyə çox vaxt tədqiq edilən dəyişənin təsirini həddən çox şişirtməyə meyl xas olur və bu, hər bir ikimənalı faktın tədqiqatçı tərəfindən onun üçün arzu olunan istiqamətdə izah ediləcəyi ehtimalını yaradır.

Eksperimental qrupun üzvləri də vəziyyəti subyektiv izah edə bilərlər: onlar eksperimental vəziyyətin müəyyən cəhətlərini təcrübəçinin təsəvvür etdiyi kimi deyil, özlərinin yönəlişliklərinə uyğun olaraq qavraya bilərlər. Vəziyyətin qavranılmasında bu cür fərqlərin olması, əgər eksperiment planlaşdırılan zaman bu nəzərə alınmazsa, nəticələrin təhlili gedişinə mütləq öz təsirini göstərəcək və onların etibarlılığını azaldacaqdır.

Nəzarətin zəifləməsi və eksperimentin "təmizlik" dərəcəsinin azalması, əlavə dəyişənlərin və ya təsadüfi amillərin eksperiment qurtarandan sonra nəzərə alınması və ya qiymətləndirilməsi mümkün olmayan təsir göstərmək imkanını artırır. Bu öz növbəsində çıxarılmış nəticələrin etibarlılığını xeyli dərəcədə azaldır.

Kifayət qədər təcrübəsi olmayan tədqiqatçını statistik metodların tətbiqi ilə bağlı təhlükə gözləyir. O, tədqiqatın vəzifəsinə müvafiq olmayan metodları tətbiq edə bilər. Bu ehtimal həm eksperimental qrupun yaradılmasına, həm də nəticələrin təhlili üsuluna aiddir.

Sosiologiyada eksperimentin tətbiqi təbiətşünaslıqda aparılan eksperimentlərə xas mükəmməlliyə nail olmağa maneçilik yaradan bir sıra çətinliklərlə bağlıdır, çünki təbiətşünaslıqdan fərqli olaraq, burada tədqiq edilən obyektdən kənarda mövcud olan əlaqələrin təsirini aradan qaldırmaq, lazımi nəzarəti həyata keçirmək, eksperimentin gedişi və nəticələrini olduğu kimi təkrar etmək mümkün deyildir.

Sosiologiyada aparılan eksperiment bilavasitə konkret şəxsiyyətə toxunur, bu isə bir sıra etik problemləri meydana çıxarır, eksperimentin tətbiq edilmə hüdudlarını daraldır və tədqiqatçıdan yüksək məsuliyyət tələb edir.


SOSİOLOJİ TƏDQİQAT NƏTİCƏLƏRİNİN TƏHLİLİ VƏ ÜMUMİLƏŞDİRİLMƏSİ

16.1. Məlumatların kompüterdə təhlil edilməsi üçün hazırlanması

Sosioloji tədqiqatın yekun mərhələsinin başlıca vəzifəsi alınmış məlumatların təhlili, təfsiri, nəticələrin ümumiləşdirilməsi, öyrənilən sosial mexanizmin təkmilləşdirilməsi və dəyişdirilməsi üzrə məsləhətlərin verilməsindən ibarətdir.

Sosioloji tədqiqatın empirik material yığılması mərhələsində əldə olunmuş məlumatlar, bir qayda olaraq, kompüterdə işlənir. Müasir işlənmə texnologiyası bir sıra mərhələlərdən ibarətdir. İnformasiya toplanmasının hər bir metodu həmin informasiyanın işlənməsinin az və ya çox dərəcədə özünəməxsus prosedurasını doğurduğundan konkretlik naminə biz şərhi anket sorğularının materialları üzrə quracağıq.

Aşağıdakı mərhələləri fərqləndirirlər: məlumatların redaktəsi, məlumatların kodlaşdırılması, məlumatlara nəzarət və səhvlərin düzəldilməsi, dəyişənlərin (indekslərin) qurulması, məlumatların təhlili.

Redaktə mərhələsinin məqsədi sorğu vərəqində olan informasiyanın maşın aparıcısına keçirilməsi üçün hazırlanmasıdır.

Sorğu nəticəsində alınmış anketlərdə çoxlu səhvlər, dəqiqsizliklər və hər cür xırda çatışmazlıqlar ola bilər. İmkan daxilində onlardan yaxa qurtarmaq zəruridir. Bunun üçün bilavasitə tədqiqat prosesində tədqiqatın qurtarmasından sonra və ya hətta informasiya kompüterə daxil edildikdən sonra hər bir sorğu vərəqi yoxlanılır və redaktə olunur. Düzəldilməli olan ən səciyyəvi səhvləri aşağıdakı şəkildə qruplaşdırmaq olar:



  1. Səhra sorğu prosedurasının pozulması:

    • bir neçə sorğu vərəqi formasının olduğu halda lazımi formadan istifadə edilməmişdir; lazımi respondent əvəzinə başqası (məsələn, atanın yerinə oğul) soruşulmuşdur;

    • sorğu vərəqəsini identifikasiya edən şifrlər (müəssisənin, şəhərin və s.-nin şifri) yoxdur.

  2. Sorğu vərəqələrinin tam doldurulmamağı:

  • ayrı-ayrı suallar və ya suallar qruplarına cavablar yoxdur;

  • sorğu vərəqələri (müsahibə blankları) aydın doldurulmamışdır.

  1. Cavabların ziddiyyətliliyi:

  • məntiqi ziddiyyətlər (məsələn işləyən adam sualların "Ancaq işləyənlər üçün" blokuna cavab verir);

  • cavabların mövcud olmayan kodları;

  • sualların respondent və ya müsahibəçi tərəfindən düzgün təfsir edilməməyi.

Əgər bu səhvlər məlumat toplanılması mərhələsində aşkara çıxarılıbsa, onların bir hissəsi müsahibəçi ilə söhbət nəticəsində, bir hissəsi isə təkrarən respondentə müraciət edilməsi yolu ilə düzəldilə bilər. Əgər bunları etmək mümkün deyilsə, çox vaxt mövcud anketin məlumatlarını sonrakı işlənmədən kənar etmək barəsində qərar qəbul etmək lazım gəlir.

Suallara cavabların olmamağı (buna bəzən buraxılmış məlumatlar deyirlər) statistik təhlil zamanı tədqiqatçı üçün çox əngəllər törədir ("Bilmirəm" tipli cavabları və ümumiyyətlə cavabın olmamağını da bu kateqoriyaya aid etmək lazımdır). Əgər mümkündürsə, buraxılmış yerləri boş saxlayırlar. Əks halda dolayı metodlara əl atırlar (məsələn, təsadüfi ədədlər cədvəlindən, keçmiş tədqiqatların məlumatlarından verilmiş dəyişənin başqaları ilə əlaqədar bölgüsündən istifadə edirlər və s).

Bəzi tədqiqatlarda (adətən, böyüklərində) məlumatların redaktəsi çox uzun, mürəkkəb və çoxmərhələli, digərlərində isə anketlərin adicə nəzərdən keçirilməsindən ibarət ola bilər. Lakin, istənilən halda açıq formada sənəd redaktə üzrə təlimat işlənib hazırlanmalıdır. Təlimatda hansı səhvlərə diqqət yetirilməsi və onlar aşkara çıxarılarkən nə etmək lazım olduğu göstərilməlidir. Redaktorun anketdə etdiyi düzəliş və qeydlər respondentlərin anketi doldurmaq üçün işlətdikləri mürəkkəbin rəngindən fərqlənən mürəkkəblə aparılmalıdır.

Kodlaşdırma mərhələsinin məqsədi toplanılmış informasiyanı rəqəm formasına salmaqdan ibarətdir. Sonuncu isə öz növbəsində kompüterin oxuya bildiyi formada həmin kompüterin yaddaşında saxlanılması üçün nəzərdə tutulur.

Əksər hallarda anketlər onların tərtib edildiyi mərhələdə kodlaşdırılır və respondent də özünün cavabına uyğun gələn kodu qeyd edir. Lakin elə bu anketlərdə də açıq formalı, sonradan kodlaşdırma tələb edən suallar ola bilər. Müsahibə blankları bütünlüklə açıq suallardan ibarət ola bilər və sorğunun aparılmasından sonra xüsusi kodlaşdırma tələb edə bilər.

Bir çox hallarda kodlaşdırma və redaktə prosesləri eyni zamanda aparılır.

Anketlərdəki informasiyanın kodlaşdırılması üçün çoxlu üsul mövcuddur. Bu üsullardan biri və ya digərinin seçilməsi, başlıca olaraq, məlumatların təhlili zamanı tədqiqatçının ixtiyarında olan kompüter proqramının xüsusiyyətindən asılıdır.

Kodlaşdırma prosesi bütün sosioloji məlumatın toplanılması prosedurasında çox məsuliyyətli mərhələdir. Bütünlükdə alınan məlumatların keyfiyyəti də kodlaşdırmanın keyfiyyətindən asılıdır.

Yığım sənədindəki informasiyanın sonrakı çevrilmə prosesi, kodların daşıyıcısına köçürülməsi və məlumatların kompüterin yaddaşına daxil edilməsindən ibarətdir.

Məlumatlar üzərində hərtərəfli nəzarət və tapılmış səhvlərin düzəldilməsi, məlumatların təhlilə hazırlanmasının mühüm tərkib hissəsidir. Səhvlərin mənbələri informasiya yığılmasından onun kompüterə daxil edilməsinədək bütün əvvəlki tədqiqat mərhələlərində gizlənir.

Məlumatlardakı bütün səhvlərin düzəldilməsi, xüsusən də əgər bu kifayət qədər geniş tədqiqatdırsa, praktiki olaraq çox çətindir. Tədqiqatçı, hansı növ yoxlamaların və düzəlişlərin daha vacib olduğunu, hansı səhvləri nəzərə almamağın mümkün olduğunu qərarlaşdırmalıdır.

Məlumatların düzəlişi prosedurası üç mərhələdən ibarətdir:



  • səhvlərin aşkara çıxardılması;

  • ilkin sənədlərdə - anketlərdə, blanklarda məlumatlar və ya kodların həqiqi ölçülərinin tapılması;

  • məlumatların düzəlişi;

Özünə müvafiq diqqət tələb edən çoxlu səhvlər içərisindən ikisinin adını çəkək. Anketlərin kodlaşdırılması üzrə təlimatlarda olmayan kodların meydana çıxması. Məsələn, işdən razılıq dərəcəsini qiymətləndirmək üçün 1,2,3,4,5,6,7 dərəcələri və əlavə 0 (cavabın olmamağı) və 9 (respondent işləmir və sual ona aid deyildir) kodları olan şkaladan istifadə edilmişdir. Onda 8,10,11 və s. rəqəmləri düzəldilməsi zəruri olan yalançı kodlar olacaqdır.

Digər səhv, sorğu vərəqəsinin məntiqi hüdudundan kənara çıxaran kodların meydana çıxmasıdır. Məsələn, yuxarıda gətirilən misal üçün aydındır ki, suala ancaq işləyənlər cavab verməlidirlər və bu fakt məlumatlara nəzarət zamanı yoxlanılmalıdır. Bəzən nəzarətin bu tipini məlumatların məntiqi uyğunluğunun yoxlanılması adlandırırlar.

Məlumatların təhlili ərəfəsində və onların təhlili prosesində anket suallarının ilkin forması dəyişikliklərə məruz qalır. Bu dəyişikliklərin tipi tədqiqatın hipotezaları, alınmış informasiyanın təhlil proqramı və empirik məlumatların yığılması nəticəsindən alınan xüsusiyyətləri ilə müəyyənləşir.

Dəyişənlərin çevrilməsi, yaş barəsində açıq sual üçün müəyyən yaş qruplaşdırılması tətbiq edildikdə və ya yeddi dərəcəli şkala üç dərəcəli şkala halınadək ixtisar ediləndə, çox sadə, asan və bir neçə dəyişən əsasında yeni indeks yaradılanda (məsələn, ailənin müxtəlif pul gəliri mənbələri və ailənin tərkibi haqqında suallar əsasında indeks bu ailənin hər bir üzvünə düşən orta gəlir hesablanır) çox mürəkkəb, çətin olur.

İndekslərin qurulması üçün müxtəlif çoxsaylı statistik metodlar: faktor təhlili, klaster təhlili, reqression təhlili və s. metodları, dəyişmənin müxtəlif məntiqi və nəzəri cəhətdən əsaslandırılmış evristik proseduraları tətbiq edilə bilər.

Sosioloji tədqiqatın gedişində alınmış empirik məlumatların təhlilə hazırlanması kifayət qədər zəhmət tələb edən uzun prosesdir.

Məlumatlarla işin növbəti mərhələsi təhlilin özüdür.
16.2. Sosioloji tədqiqatda təsvir və izahat

Empirik məlumatların nəzəri və praktik əhəmiyyəti sosial gerçəkliyi dərk etmək vasitələrinin bütün toplusunu özündə birləşdirən tədqiqat metodologiyası ilə müəyyənləşir. Nəzəriyyə sosial amillərin qarşılıqlı əlaqələrini aşkara çıxarmağa kömək edir və gələcək tədqiqatların sonrakı gedişini istiqamətləndirir. O, sosial faktların əhəmiyyət və vacibliklərinə görə seçilməsinin, bu faktların təhlili və qaydaya salınmasının əsasını təşkil edir. Eyni zamanda faktların özləri də tədqiqatçı fikrinin təcrübədən nəzəriyyəyə və əksinə gedən fasiləsiz hərəkəti gedişində sosioloji nəzəriyyəyə dəyişdirici təsir göstərir. Ona görə də tədqiqatın gedişində alınmış empirik material iki cəhətə:



  • tədqiqatın əsasında qoyulmuş nəzəriyyə və hipotezalar sistemi ilə şərtləndirilən nəzəri cəhətə və

  • empirik cəhətə malikdir.

Hipotezalar (həm tədqiqat proqramında tərtib olunmuş fərziyyələr, həm də analiz mərhələsindən olan ilkin fərziyyələrin yoxlanılması və təkzib edilməsi prosesində meydana çıxan fərziyyələr) empirik sosial faktların təhlilinin metodoloji aləti funksiyasını yerinə yetirir. Fərziyyənin metodoloji rolu, birincisi, məhz qarşıya qoyulmuş problemin həlli üçün lazım olan faktlar dairəsinin müəyyənləşdirilməsinə kömək etməsində və ikincisi, həmin faktların ən yaxşı şəkildə təşkilinə imkan verən istiqaməti müəyyən mənada qeydə almağında özünü göstərir.

Sosioloji tədqiqatın empirik məlumatlarının təhlili prosesinin təşkilinin şərti olaraq aşağıdakı mərhələlərini fərqləndirmək olar:



  • təsvir;

  • izahat;

  • proqnoz.

Elmi təsvir işarələrin seçilmiş sisteminin köməyi ilə empirik sosioloji tədqiqatın nəticələrinin qeydə alınması və bu nəticələrin elmi anlayışlarla ifadəsindən ibarətdir. Başqa sözlərlə deyilsə, empirik məlumatlar elmi biliklər sisteminə daxil edilir. Bu mənada təsvir və məlumatların sosioloji nəzəriyyə kontekstində həyata keçirilən qeydə alınmasından ibarətdir. Lakin təsvir öz qarşısına bilavasitə obyektlərin qanunauyğun əlaqələrini müəyyənləşdirmək mahiyyətini və zəruriliyini açmaq vəzifəsini qoymur və ona görə də bizi empirik idrakın hüdudlarından kənara çıxara bilməz və çıxarmır.

Təsvir, təcrübə və nəzəri proseduralar arasında yerləşən, məqsədi tədqiqatın empirik məlumatlarını müxtəlif nəzəri əməliyyatlar, məsələn, izahat üçün yararlı və əlçatan hala salmaqdan ibarət olan keçid mərhələsidir. Təsvir prosesində material elmi izahat üçün hazırlanır. Lakin eyni zamanda təsvir prosesinin özü də onun izahı üçün nəzərdə tutulmuş nəzəriyyə tərəfindən determinasiya edilir (şərtləndirilir).

Təsvir üç komponentdən: tədqiqatın empirik məlumatlarından; təsvirə qənaətbəxş, ciddi formalar və bir sıra hallarda isə əyanilik (qrafiklər, cədvəllər, sxemlər və s.) verən işarələr sistemindən və bu işarələr sistemləri ilə bağlı olan elmi anlayışlardan yaranır. Bunlara müvafiq olaraq və tədqiqat təcrübəsinə əsaslanaraq bir neçə təsvir metodunu fərqləndirmək olar. Bu metodlardan biri sosial informasiyanın qruplaşdırılmasıdır. Bu metod oxşar və ya fərqli əlamətlər üzrə məlumatların təsnifatı və ya qaydaya salınmasından ibarətdir. Faktların sistem halına salınması, qruplaşdırılma və ya təsnifatın aparıcı əlaməti haqqında təsviri hipotezaya müvafiq şəkildə həyata keçirilir. Sosial qruplaşdırmanın məqsədi bir neçə dəyişən arasında qarşılıqlı əlaqələrin aşkara çıxarılmasıdır (məlumatların qarşılıqlı nəzarəti, struktur səciyyəsi, əlaqələrin sıxlığı və istiqamətinin müəyyənləşdirilməsi xüsusiyyətlərinin sabit uzlaşmalarının, birliklərinin axtarışı).

Qruplaşdırma üsullarının müxtəlifliyi bir tərəfdən sosial informasiya əlamətlərinin rəngarəngliyi, digər tərəfdən isə sosial tədqiqat proqramının müəyyənləşdirdiyi məqsəd və vəzifələrlə şərtlənir. Qruplaşdırma, bu və ya digər müəyyənləşdirici əlamətlər sırası əsasında təsviri hipotezaya müvafiq olaraq sosial faktları vahid sistem halında bir-birinə birləşdirməyə imkan verir.

Müşahidə vahidlərinin əlamətlər üzrə qruplaşdırılması sosial informasiyanın təsvirinin ilk və ən sadə üsuludur. Digər üsul tiplərə bölgüdən (tipologiya üzrə bölgü) ibarətdir. Sonuncu üsulu sosial obyektlərin (və ya hadisələrin) dəyişənlərinin bitkin sistemində bu və ya digər obyektə (hadisəyə) aid olan sabit xüsusiyyət birləşmələrinin axtarışı kimi səciyyələndirmək olar.

Empirik və nəzəri tipologiya bölgüsünü bir-birindən fərqləndirirlər. Empirik tipologiyalaşdırmanın nəticəsi konkret nəzəri əsası olmayan tipologiyadır. Hal-hazırda çoxölçülü statistik təhlil metodlarının inkişafı və təkmilləşdirilməsi, habelə kompüterlərin tətbiqi ilə əlaqədar olaraq bu metodun imkanları xüsusən genişlənmişdir. Faktor, latent, dispersiya təhlilləri, obrazların tanınması, klaster təhlili və s. metodlar bir çox halda dəyişənlərin sabit qruplarını fərqləndirməyə və bu yolla da empirik tipologiyanı həyata keçirməyə imkan verir.

Sosial hadisələrin əlamətlərinin təsviri müəyyən nəzəri konsepsiyalar (konseptual model) əsasında da həyata keçirilə bilər. Bu nəzəri tipologiyalaşdırmadır. Bu halda müşahidə olunan hadisələrin parçalanması (yəni sabit qrupların ayrılması) apriori şəkildə (təcrübədən asılı olmayaraq) həyata keçirilir.

Mövcud tədqiqatın əsasında duran nəzəriyyənin (və ya konseptual modelin) mövcudluğu nəzəri tipologiyalaşdırmanın həyata keçirilməsi üçün zəruri şərtdir, hərçənd ki, heç də hər bir konseptual metod empirik məlumatların tipoloji qruplaşdırmasını təmin edə bilməz.

Empirik və nəzəri tipologiyalaşdırma izahat prosedurasına münasibət baxımından da əsaslı surətdə fərqlənirlər.

İlk təsvir prosedurasının nəticələrini iki növə ayırmaq olar:



  • sosial faktlar;

  • sosial qanunlar.

Tədqiqatın vəzifələrindən asılı olaraq təsvirin nəticələri həm ayrı-ayrı fərdi, həm də ümumiləşdirilmiş faktlar ola bilər. Ümumiləşdirilmiş faktların mövcudluğu yalnız sosioloji idraka xas olan üstünlük deyil, başqa elmlərdə də ondan istifadə edilir. Lakin sosiologiyanın özünəməxsus xüsusiyyəti ondan ibarətdir ki, o ən çox çoxölçülü statistik faktlarla işləyir. Beləliklə, təsvir prosedurası elə bir yeni nəzəri obyektin formalaşmasına gətirib çıxarır ki, bu obyekt artıq bilavasitə empirik tədqiqat obyekti kimi çıxış edə bilməz.

Təsvir müəyyən qanunauyğunluqların dürüst ifadə edilməsinə müqayisə edilən və bilavasitə müşahidə obyekti olan kəmiyyətlər arasında bəzi funksional münasibətlərin müəyyən olunmasına gətirib çıxara bilər. Bu qanunauyğunluqlar sosiologiyanın müəyyənləşdirdiyi qanunauyğunluqların iyerarxiyalı tərtibi strukturunda ən aşağı pilləni, səviyyəni təşkil edir. Onların xüsusiyyətləri bundan ibarətdir ki, bu qanunauyğunluqlar, birincisi, bilavasitə təcrübə məlumatlarının ümumiləşdirilməsinin nəticəsidir, ikincisi, müşahidə olunan hadisələri bilavasitə səciyyələndirirlər.

İzahat-empirik məlumatlar və ümumi sosioloji nəzəriyyə əsasında müşahidə obyektinin mahiyyətinin açılması, onun müəyyən obyektiv qanuna və ya qanunlar toplusuna tabeçiliyini göstərməkdən ibarətdir.

İstənilən izahatın konkret növü əsaslı surətdə ən azı üç amillə: izahedici müddəaların xarakteri, izah edilən müddəaların xarakteri, izahedici və izahedilənin qarşılıqlı əlaqəsinin xarakteri, yəni izahat mexanizmi ilə şərtlənir. İzahedilən müddəaların xarakteri bilavasitə sosioloji tədqiqatın ilk mərhələsinin təsvirinin nəticəsi olan izahat obyektlərinin xarakteri ilə müəyyənləşir. Buraya əvvəllər qeyd olunduğu kimi, sosial faktlar (fərdi və ümumiləşdirilmiş faktlar) və empirik sosial qanunlar aiddir. İzahat problemini toplunun, birliyin daha yüksək səviyyəsində, mərhələsində, nəzəri qanunlar və ya nəzəriyyənin özünün izahedilənə çevrildikləri vaxtda da nəzərdən keçirmək olar.

Artıq qeyd olunduğu kimi, izahatın əsasında müəyyən sosial qanun və ya qanunlar sistemi durur. Qanunları əks etdirən əlaqə və münasibətlərin müxtəlif tipologiyası izahedici müddəaların xarakterinə görə müxtəlif olan izahat tiplərini doğurur. Bunlardan ancaq ikisinin üzərində ətraflı dayanaq.

Obyekt, onun zamanca özündən əvvəlki obyektlərlə və ya həmin obyektin digər nisbətləri ilə qanunauyğun əlaqəsini (və ya münasibətini) müəyyənləşdirmək yolu ilə izah edilə bilər. Bu növ izahat genetik izahat adlanır. İzahatların bu sinfində ən geniş yayılanı səbəb izahatıdır. Bu izahatın mahiyyəti, o səbəbi və o qanunu göstərməkdən ibarətdir ki, bu səbəb həmin qanuna əsaslanaraq izah olunan obyekti doğurur. Özü də səbəb-nəticədən yalnız sadəcə olaraq zamanca əvvəl gəlmir, müəyyən mənada səbəb həm də nəticədə, onun mahiyyətində öz təbiətini, bu təbiətin bu və ya digər tərəfini həkk edir. Belə ki, bu xətt üzrə müəyyən mahiyyət xüsusiyyətləri ötürülür. Beləliklə, səbəb izahatı obyektin genezisini daha dərin səviyyədə, bu genezisin daxili mexanizmlərinin nəzərə alındığı səviyyədə təsəvvür etməyə imkan verir.

Səbəb izahatına (ümumi halda isə genetik izahata) məruz qalmalı olan obyektlərin əsas hissəsini proseslər və hadisələr təşkil edir. Lakin hadisələrin bütün tiplərini hadisə kimi qiymətləndirmək olmaz. Çox vaxt obyektin izahı zamanca sonra gələn obyektə (və ya bu obyektin vəziyyətinə) müraciət etmək yolu ilə həyata keçirilir. Bu halda nəticə izahatları ən böyük izahat gücünə malikdir. Nəticə izahatı obyektin elə izahıdır ki, bu izahatda nəticə və o qanun göstərilir ki, bu qanuna müvafiq olaraq həmin nəticə izah olunan obyekt tərəfindən doğulmuşdur. Belə izahatın ontoloji əsası bundan ibarətdir ki, hər bir obyekt birdəfəlik səbəb-nəticə əlaqəsinə deyil, səbəb-nəticə əlaqələrinin sonsuz zəncirinə qoşulmuşdur, o, bir obyektin nəticəsi olmaqla yanaşı öz növbəsində digər bir obyektin səbəbinə çevrilir. Əgər səbəb öz mahiyyətinin müəyyən cəhətlərini nəticədə "həkk edirsə", onda hər bir mövcud obyekt onu doğuran səbəbin mühüm xüsusiyyətlərini "irsən alır" və öz növbəsində özünün mühüm xüsusiyyətlərini "irsən" doğurduğu nəticəyə ötürür. Buna görə də obyektin mahiyyəti təkcə onun səbəbinin deyil, həm də nəticəsinin təhlili yolu ilə açıla bilər.

Funksional izahat nəticə izahatlarının mühüm və xüsusi halıdır. Funksiya dedikdə invariant şəkildə mövcud obyektə xas olan və həmin obyektin qorunub saxlanılmasına şərait yaradan müəyyən hərəkət üsulu (nəticə tipi) başa düşülür.

Müasir elm funksional izahatdan getdikcə daha geniş istifadə edir. Bu ilk növbədə onunla şərtlənir ki, mürəkkəb funksional sistemlər (məsələn, cəmiyyət) tədqiqat obyektinə çevrilmişdir. Lakin funksional izahatın sosiologiyada mütləqləşdirilməsinə etiraz edərək qeyd etmək lazımdır ki, sosial institutlar ən ali dərəcədə mürəkkəb, çoxsahəli obyektlərdir və onların mahiyyəti ancaq funksional izahatla bütünlüklə əhatə oluna bilməz.

Obyektin ən mühüm xarakteristikalarından biri onun strukturudur. Strukturu dərk etmək obyektin mahiyyətinin ən mühüm cəhətini açıb göstərmək deməkdir. Məhz bu vəzifənin həlli struktur izahatın məğzini təşkil edir. Struktur izahat, ya obyektin daxili elementlərinin və onların bütöv bir vahid halında birləşməsi üsulunun izahından, ya da öyrənilən obyektin müəyyən böyük sistemdə yerinin müəyyənləşdirilməsindən ibarətdir. Buna uyğun olaraq daxili və xarici struktur izahatlarını bir-birindən fərqləndirirlər.

Struktur izahatının bu yarımnövlərinin hər birinin dəyəri xeyli dərəcədə izahat obyektinin muxtariyyətindən (müstəqilliyindən) və mütəşəkkilliyindən asılıdır.

Sosioloji təcrübədə, bir qayda olaraq, mürəkkəb kombinə edilmiş və qarışıq izahatlar verilir. Belə ki, sosial hadisələrin çoxcəhətliliyi üzündən onların mahiyyətinin açılması ancaq izahatların keyfiyyətcə müxtəlif tipləri toplusunun (səbəb, funksional, struktur və s. izahatlar) tətbiqi yolu ilə həyata keçirilər bilər.


16.3. Tədqiqatın nəticələri haqqında hesabat

Sosioloji tədqiqatın nəticələri hesabat şəklində tərtib edilir. Bu hesabat qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi barəsində izahat qeydindən və ona əlavələrdən ibarət olur.

İzahat qeydlərində sosial tədqiqat proqramının yerinə yetirilmə ardıcıllığı şərh olunur, materiallar, hesablamalar və əsaslandırmaların xülasəsi verilir. Qeydlərə əlavələrdə rəqəm, qrafik və s. göstəricilər və sənədlər, habelə, bütün formalar, anketlər, blanklar, test və s. cəmləşdirilir.

Hesabat direktiv qərarlar və monoqrafiyalar, kollektiv nəşrlər, kitablar, toplular, məqalələr, dissertasiyalar və s. şəkildə ədəbiyyat materialları hazırlamaq üçün ilkin sənəd rolunu oynayır.

Hesabatın xarakteri ən çoxu tədqiqatın tipindən (tədqiqat hansı elmi və ya tətbiqi məqsədlərə müvafiq şəkildə aparılmışdır?) asılıdır. Elmi tədqiqat üzrə hesabat tərtib olunarkən diqqət ilk növbədə problemlərin qoyuluşuna, onların konseptual işlənməsinə və tədqiqat vəzifələrinin dəqiq ifadə olunmasına yönəldilir. Bundan əlavə, hal-hazırkı dövrdə problemin işlənmə vəziyyəti və ona mövcud münasibət işıqlandırılır. Hesabatın xüsusi bölməsi metodologiya problemləri, tədqiqat vasitələrinin seçilməsi və əsaslandırılması, seçmənin sosial informasiya yığılması metodlarının tipologiyası üçün ayrılır.

Sosioloji tədqiqatın həyata keçirildiyi vasitələrin aşkar çatışmazlıqları da buradaca qeyd olunur. Bu maddə problemin sonrakı tədqiqi üçün metodoloji cəhətdən vacibdir. Tədqiqatda alınmış nəticələrin məzmunlu təhlili (mütləq ayrıca bölmə şəklində) hesabata yekun vurur. Qarşıya qoyulmuş vəzifələr yerinə yetirilibmi (və hansı yolla)? sualına cavab verilir. Özü də yerinə yetirilməmiş vəzifələr yerinə yetirilməyənlərlə bərabər nəzərdən keçirilir, çünki vəzifənin qeyri-dəqiq qoyulması və ya vaxtında qoyulmamağı bu vəzifələrin faydasızlığını göstərmir. Bundan başqa irəli sürülmüş vəzifələrin yerinə yetirilməsinə mane olan səbəblər, istər bu vəzifələrin ifadəsi olsun, istər tədqiqatın gedişində onların məcburən dəyişdirilməsi olsun və s. təhlil edilir. Hesabatın bu bölməsi, əgər mümkündürsə, tədqiqatın praktiki və konkret nəticələrinin göstərilməsi ilə başa çatır.

Hesabata əlavədə seçmənin əsaslandırılması və onun keyfiyyət xarakteristikaları da daxil olmaqla bütün əvvəlki bölmələri müddəalarını əks etdirən materiallar verilir. Məlumatlar yığılarkən əsaslandırılmış əsas metodiki materiallar, bölgülər və tabloqramların cədvəlləri də buraya salınır.

Hesabatın yuxarıda təklif olunan forması "sifarişlə" aparılan tədqiqatlar zamanı da tətbiq oluna bilər. Lakin onların tərtibində, şübhəsiz ki, başlıca diqqət ilk növbədə praktiki nəticələr və konkret məsləhətlərə yönəldilməlidir. Bundan başqa sifarişçi üçün nəzərdə tutulan hesabat müvafiq fəaliyyət sahəsinin xüsusiyyətinə cavab verən və, deməli, sifarişçi üçün daha yaxşı başa düşülən dildə yazılmağı tələb edir. İcraçı adətən tam hesabatla bərabər yerinə yetirilən vəzifələrin əsas məzmununu və onların reallaşdırılması yollarını əks etdirən qısa hesabat variantını da hazırlayır.

Sosioloji tədqiqatın nəticələri üzrə hesabatın tərtib edilməsinə göstərilən tələblər içərisindən ikisini sadalamaq lazımdır: birincisi, keçirilmiş tədqiqatın bütün mərhələləri, onun bütün həlqələrinin qarşılıqlı əlaqəliliyi və elmi axtarışın məntiqi, mümkün qədər tam, geniş və dərin şəkildə əks olunmalıdır. Məhz bu baxımdan yerinə yetirilmiş işin güclü tərəfləri, buraxılmış səhvlər və həll edilməmiş problemlər daha aydın görünür. İşin sonunda tədqiqatçıda irəli sürülmüş axtarış vəzifələrinin həllində ona kömək edən hipotezaların müdafiəsi və rədd olunması üçün dəlil və arqumentlər zənginləşir.

Hesabata qoyulan digər tələb proqramda işlənilib hazırlanmış metodoloji tədqiqat aparatına ciddi əməl etməkdən ibarətdir.

Proqramda aparılmış dəyişikliklərin xeyrinə kifayət qədər ciddi arqumentlər və alınmış nəticələrin ciddi əsaslandırılması olmadan hesabatda metodoloji prinsiplərin bu və ya digər şəkildə yenidən nəzərdən keçirilməsi yolverilməzdir. Hesabatda yerinə yetirilən proseduraların məntiqi ardıcıllığının əks olunması yeni biliklərin toplanılması və təfsirində bu proseduraların hər birinin yeri və rolunun göstərilməsi, empirik məlumatların və sosioloji faktın təfsiri yolunda nəzəri əsaslandırmaların qaydaya salınması üzrə yerinə yetirilən bütün əməliyyatların dəqiq surətdə hissələrə ayrılması vacibdir.

Tədqiqatın nəticələri hesabatda həm yerinə yetirilən vəzifələr və irəli sürülən fərziyyələr baxımından, həm də planlara (axtarış, təsvir və eksperimental planlara) müvafiq şəkildə təşkilati baxımdan nəzərdən keçirilir. Bu, hesabat qarşısında qoyulan üçüncü tələbdir. Bu tələb tədqiqata cəlb olunan bütün təşkilatların, təlimatçı kadrların tərkibi və hazırlanması qaydasının, tədqiq olunan vahidlərlə işin forma və metodlarının (təlimat və izahedici fəaliyyətin digər növləri harada, nə vaxt, necə və kimlə keçirilmişdir) göstərilməsini nəzərdə tutur. Materialın yığılmasının təşkilinin böyük dəqiqliklə əks olunması və tədqiqat zamanı istifadə olunmuş bütün sənədlərin nümunələrinin əlavəyə salınması vacibdir. Bundan əlavə tədqiqatçı informasiyanın kodlaşdırma sistemlərinin və bu informasiyanın maşınla işlənməsi üzrə istifadə edilmiş metodlarının hesabatda düzgün işlənməsi üzrə istifadə edilmiş metodlarının hesabatda düzgün əks etdirilməsinə diqqət verməlidir.

Tətbiqi tədqiqatlardan sonra tərtib olunan hesabatlarda tədqiq olunan idarəçilik sahəsi az və ya çox sıxlıqla əks olunur. Bu məqsədlə tədqiqatçının ixtiyarında olan bütün kəmiyyət və keyfiyyət göstəricilərinin toplusundan istifadə olunur. Bu zaman hesabatda əsaslandırılan məsləhətlər təkcə alınmış nəticələrlə uyğunlaşdırılmır, onlar həm də tədqiqatda irəli sürülmüş problemlərin həllinin praktikada mövcud üsulları ilə müqayisə edilir. Nəzəri tədqiqatlara gəldikdə isə, sosioloq sosial obyektin, irəli sürülmüş fərziyyələrin fonunda hadisə və ya proseslərin inkişafının aşkara çıxarılmış meyllərini elan etmək üçün yeni nəzəri konstruksiyalar axtarışının vacibliyini əsaslandırmağa imkan verən tipoloji qiymətlərini işləyib hazırlayır.

Hesabat məlumatlarının təhlilindən irəli gələn əsas təkliflərin siyahısından ibarət olan tövsiyələrin hazırlanması hər bir hesabatın mütləq tərkib hissəsidir. Məsləhət-tövsiyələr sırf təsdiq xarakteri daşıyır və onlara ancaq elmi və ya praktiki fəaliyyətdə tətbiq olunmalı olan şeylər daxil edilir. Bu zaman nəzərə almaq lazımdır ki, maraqlı şəxslər irəli sürülmüş tövsiyələrin düzlüyü və ya zəruriliyindən şübhələndikdə hesabatın mətnində bu barədə lazımi əsaslandırmalar tapmaq imkanına malik olmalıdırlar. Əgər hansı səbəblər üzündənsə analitik bölmələrə lazımi hesablamalar və irəli sürülmüş praktiki təkliflərin əsaslandırılması salınmamışdırsa, onda hansı əlavə tədqiqatların keçirilməsinin zəruri olduğu göstərilməlidir.

Tövsiyələr öyrənilən obyektin işçi kollektivinin nəzərinə çatdırılmalıdır. Bu zaman işin nəticələrinin göstərilməsində kütləvi informasiya vasitələrindən istifadə oluna bilər və olunmalıdır. Bundan əlavə öyrənilmiş təşkilat və ya müəssisələr üzrə tövsiyələrə uyğun şəkildə sərəncam xarakterli müvafiq sənədlərin buraxılışı məqsədəuyğundur.

1   ...   7   8   9   10   11   12   13   14   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə