Sivilizasiyaların toqquşması?




Yüklə 180.64 Kb.
səhifə4/4
tarix27.02.2016
ölçüsü180.64 Kb.
1   2   3   4
Seçkilər və demokratiya
Bundan doğan daha bir sual müxtəlif mədəniyyətlərə mənsub olan insanlar üçün demokratiyanın hansı əhəmiyyət kəsb etməsidir. İkinci Dünya müharibəsinin başa çatdığı dövrdən bəri müşahidə olunan əsas təmayül ondan ibarət olub ki, demokratiyanın tərifi, bir qayda olaraq seçki kontekstində verilib. Demokratiya hakimiyyət orqanlarının yaradılması və onların səlahiyyətlərinin bölüşdürülməsi üçün vasitə kimi nəzərdən keçirilib. Digər siyasi sistemlərdə hökmdarlar müəyyən imtahanlardan və sınaqlardan keçirilsələr də, varidatı və qüwəsi nəzərə alınmaqla, vərəsəlik hüququna görə təyin edilirlər. Demokratik cəmiyyətdə isə əksinə, rəhbərlər və idarə olunanlar ya bir sifətdə üst-üstə düşür, ya da idarə edənlər idarə olunanlar tərəfindən seçilirlər. Müasir milli dövlətdə siyasi sistemin demokratiklik səviyyəsi, burada əsas başçıların nə dərəcədə ədalətli, düzgiin seçkilər vasitəsilə müəyyən edilməsi, seçkilərin mütəmadiliyi, seçkilərdə namizədlərin seçici səsləri uğrunda bərabər mübarizə aparmaq imkanları və yaşlı nəslin əksəriyyətinin səsvermədə iştirak etmək hüququnun olması kimi amilləllə ölçülür. Demokratiyanın bu tərifi hələ 50 ildən artıq bundan öncə Şumpeterin "Kapitalizm, sosializm və demokratiya" adlı əsərində verilib və bü sahədə çalışan bütün tədqiqatçılar tərəfindən qəbul olunub. Bu tərifə əsasən, demokratiyanın məğzi seçkilərdir. Demokratik sitstemlərin digər xüsusiyyətləri də məhz bu mahiyyətdən doğan hadisələr kimi səciyyələndirilir. Azad, ədalətli və rəqabətli seçkilər yalnız söz, mətbuat və sərbəst dolaşmaq azadlığı, müxalifətçi namizədlərin və partiyaların represiyalardan çəkinməyərək hakimiyyəti tənqid etmək imkanının olduğu şəraitdə mümkündür.
Belə olan halda, seçkilər demokratiyanın yeganə əlaməti kimi qiymətləndirilə bilərmi?

Lerri Daymond keçən il "Journal of Democracy"də dərc etdirdiyi dəyərli məqaləsində liberal demokratiya ilə seçkili demokratiya arasında əsas fərqi ustalıqla üzə çıxarıb. Liberal demokratiyalar seçki sistemi ilə məhdudlaşmır. Burada həmçinin demokratiyanın digər vacib şərtləri mövcuddur: icra hakimiyyəti səlahiyyətinin məhdudlaşdırılması; qanunun aliliyini təmin edən müstəqil məhkəmə hakimiyyəti; şəxsiyyət və vicdan azadlığının, söz, sərbəst toplaşmaq, seçmək və seçilmək hüquqlarının müdafiəsi; azlıqların hüquqlarının müdafiəsi; hakim partiyanın seçki prosesinə təsir imkanlarının məhdudlaşdırılması; polis və məhkəmə özbaşınalıqlarına qarşı effektiv təminatlar; senzuranın olmaması; hakimiyyətin kütləvi informasiya vasitələri üzərində nəzarətinin minimuma endirilməsi. Seçkili demokratiya şəraitində qismən azad və ədalətli seçkilər vasitəsiylə formalaşmış hakimiyyət və idarəetmə sistemi mövcud olsa da, burada liberal demokratiyalarda olan bir çox digər insan hüquqları və azadlıqları təmin edilmir. Daymondun qeyd etdiyi kimi, son illər ərzində seçkili demokratiyaların sayı sürətlə artsa da, liberal demokratiyaların sayı demək olar ki, dəyişməz qalıb. "Freedom House"un keçirdiyi son tədqiqata əsasən, 118 ölkədə seçkili demokratiya qurulub. Lakin "Freedom House" onlardan yalnız 79-nu "azad", yəni liberal demokratiya kimi dəyərləndirir. Seçkili orqanları mövcud olan 39 dövlət "qismən azad" adlandırılıb, onların arasında Rusiya, Hindistan, Ukraina, Türkiyə, Braziliya, Pakistan və Kolumbiya kimi ciddi dövlətlərin adları var.


Qeyd edilən fərqin mövcudluğunun dərk edilməsi ona gətirib çıxardı ki, bəzi tədqiqatçılar demokratiyanın seçkilərlə eyniləşdirilməsinin düzgünlüyünü şübhə altına aldılar. "Seçki amilinin etibarsızlığı" və "azad seçki tələsi" haqda mülahizələr meydana çıxdı. Amerikanın nüfuzlu alimlərindən biri demokratik rejimlərdə seçkinin hətta, lüzumsuz olması haqda fikir yürütdü: əgər insanlar sərbəst şəkildə etiraz bildirə, tənqid edə, təşkilatlar yarada, nümayişlərdə iştirak edə və öz hökumətlərinə təsir göstərə bilirlərsə, seçkilərə ehtiyac qalmır. Başqa bir tənqidçi isə bəyan etdi ki, "demokratik cəmiyyət quran ölkələr üçün azad mətbuat azad seçkilərdən daha vacibdir". Seçkilərə münasibətdə belə məyyusluğun bir neçə mənbəyi var. Lakin bu məyusluq xeyli dərəcədə qeyri-qərb və qərb ölkələrində keçirilən seçkilərdə ən fərqli nəticələrin ortaya çıxması ilə izah edilir.
Birincisi, qeyri-qərb ölkələrində keçirilən seçkilər ölkədə demokratik institutların mövcudluğu üçün ciddi təhlükə mənbəyi olan siyasi liderlərin və qrupların qələbəsi ilə başa çata bilir. Latın Amerikasında və keçmiş Sovet İttifaqı respublikalarında seçkiylə hakimiyyətə gəlmiş iqtidar sahibləri bir çox hallarda irticaya və qeyri- demokratik idarəçilik üsullarına əl atır, öz opponentlərini təqiblərə məruz qoyur və ölkəni sərəncamlarla idarə etməyə üstünlük verirlər. Nümunə olaraq, Gürcüstanda Zviyad Qamsaxurdianın, Peruda Alberto Fuximorinin adlarını çəkmək olar. Latın Amerikası ölkərərindəki bəzi başqa iqtidar sahibləri isə ölkələrinin parlamentlərini özlərinə tabe etdirib və öz səlahiyyət müddətlərinin uzadılmasına hesablanan konstitusiya dəyişikliklərinə nail olublar. Qərbin liberalizm vərdişlərinə yiyələnməmiş qeyri-qərb cəmiyyətlərində seçki vasitəsiylə formalaşan hakimiyyətlər insan hüquqları məsələsini nadir hallarda diqqətdə saxlayır, azlıqların hüquqlarını tapdalaya, mətbuat azadlığını məhdudlaşdıra, hətta polis tərəfindən törədilən kobud pozuntulara göz yuma, buna rəvac verə bilirlər.
İkincisi, qeyri-qərb ölkələrində müşaiyət olunan müəyyən seçki situasiyaları siyasətçiləri onlara əlavə səs gətirə bilən, lakin bir çox hallarda etnik, dini və millətçi səciyyə daşıyan şüarlar irəli sürməyə təhrik edir. Bu tipli şuarlar ölkə daxilində ziddiyətlərin kəskinləşməsinə, antiqərb təmayüllü siyasətçilərin və siyasətin qələbəsinə gətirib çıxara bilər. Paradoksal olsa da, qeyri-qərb cəmiyyətləri tərəfindən Qərbin demokratik institutlarının həzm edilməsi bir çox hallarda anti-qərb siyasi hərəkatların inkişafına təkan verir və onların hakimiyyətə yiyələnməsi ilə sonuclanır. Demokratiya kosmopolitləşdirən yox, parselarizmləşdirən prosesesə çevrilir. Qeyri-qərb ölkələrində siyasətçilər özlərinin qərbyönlü meyllərini nümayiş etdirdikləri halda qalib gələ bilmirlər. Qərb dövlətlərindəki dünyəviliyə qarşı çıxış edən dini təmayüllü partiyalar Türkiyə, Hindistan, İsrail, və keçmiş Yuqoslaviya respublikalarında uğurlu nəticələrə nail olublar. Əlcəzairdə yalnız hərbiçilərin müdaxiləsi sayəsində fundamentalist İslam Qurtuluş Cəbhəsinin seçkilərdə qələbə çalmasının qarşısı alınıb. Türkiyədə hərbiçilər islamçı Rifah partiyasının rəhbərliyi ilə qurulmuş hökuməti istefaya getməyə məcbur ediblər. Görünür, bəzi müsəlman dövlətlərində məsələ belə qoyulur: ya antidemokratik dünyəvi dövlət, ya da antiqərb demokratiyası seçilməlidir.
Qərbdə seçki demokratiyası siyasi liberalizm təməli üzərində qurulur, insan hüquqları və hüquqi dövlət prinsiplərini özündə ehtiva edir. Lakin qeyri-qərb ölkələrindəki qeyri-liberal siyasi sistemlərində də seçki demokratiyası müəyyən rol oynaya bilər. İranın təcrübəsinə nəzər salaq. Bu, fundamentalist ölkədir. Bütün hakimiyyət ali ayatollanın və dini liderləri özündə cəmləyən Dini Şuranın əlində cəmlənib. İnqilabın, rejimin və onun dini liderlərinin hər hansı formada tənqidi qəti qadağan edilib. KİV-lər ya hakim dairələrin birbaşa sərəncamındadır, ya da amansız senzuraya məruz qalır. Dini azlıqlar istila edilib, bəziləri isə, məsələn vəhabilər, təqib olunur. Qanunsuz həbslər, eləcə də bəzi məlumatlara görə məhbuslara işgəncə verilməsi geniş yer alır. Siyasi məhbusların sayı olduqca çoxdur. Aydındır ki, İran Qərbin liberal modelindən xeyli geridə qalıb.
Bütün bunlara rəğmən İranda müəyyən mənada seçki demokratiyası mövcuddur. 1997-ci ildə keçirilən prezident seçkilərində Məhəmməd Hatəmi hakim qruplaşmanın namizədi üzərində inamlı qələbə qazandı. O, seçmək hüququ olan əhalinin 88 faizinin iştirak etdiyi seçkilərdə səslərin 69 faizini qazanmışdı. 1993-cü ildə Haşəmi Rəfsancani dörd namizəd arasında olduqca kəskin mübarizə şəraitində keçirilən seçkilərdə səslərin 63 faizini toplayaraq qalib gəldi. 1992-ci ildə Məclisə - İran parlamentinə keçirilən seçkilərdə Dini Şura minlərlə şəxsin namizədliyini rədd etdi. Lakin qalan iki min namizəd 270 yer uğrunda kəskin mübarizə apardılar. 1996-cı ildə Şura iki min nəfərin namizədlik hüququnu tanımadı, lakin qalan üç min namizəd 270 yer uğrunda mübarizə apardılar. Siyasi partiyaların fəaliyyətinə qadağa qoyulduğundan, bu və digər seçkilərdə namizədlər iki firqəvari siyasi qruplaşmalarda cəmlənirlər. Onlardan biri qismən loyal, digəri isə daha fundamental baxışları təmsil edir. Qadınlar həm səsvermədə iştirak edir, həm də öz öz namizədliklərini irəli sürürlər. Məclisin 1997-ci ildə seçilən tərkibinin 5 faizi qadınlardan ibarətdir. Üstəlik, Məclis ciddi hakimiyyətə malikdir. Bu struktur prezident tərəfindən nazirlər kabinetinə təqdim olunan bəzi namizədləri təsdiqləməkdən imtina etməklə bərabər, bir sıra nazirləri istefaya getməyə də vadar edib. Məclis iqtisadi siyasətin və digər məsələlərin müzakirəsində fəal iştirak edir, 1994 və 1995-ci illərdə isə İranın o zamankı prezidenti Haşimi Rəfsancaninin həyata keçirmək istədiyi islahatlar qarşısında faktiki olaraq sədd çəkə bilmişdi. Demək olar ki, bütün Yaxın Şərqdə İran Məclisi İsrail knessnetindən sonra ən fəal parlamentdir. Bir-iki ölkə istisna olmaqla bütün ərəb dövlətləri və bütün islam dövlətləri arasında, İran seçkiqabağı mübarizənin ən kəskin formalarda aparıldığı bir ölkədir. Beləliklə, İranda rəqabətli seçki sistemi, eyni zamanda fundamentalist represiyalar və insan hüquqlarının kobud pozulması şəraiti mövcuddur. Fars körfəzi regionunda Səudiyyə Ərəbistanı - ABŞ-ın ən yaxın müttəfiqi -ən antidemokratik ölkədir, ABŞ-ın əsas əleyhidarı olan İran isə əksinə, bölgənin ən demokratik ölkəsidir.
Qərbin təsiri
İnsan ləyaqəti anlayışı üzərində köklənən liberal demokratiya Qərb sivilizasiyasının məhsuludur, bu səbəbdən belə bir mülahizə də mövcuddur ki, Qərbdən kənarda liberal demokratiyanın qurulması mümkün deyil. Əslində isə Yer üzündə mövcud olan hər bir sivilizasiyada azı bir demokratik ölkə mövcuddur. Yəni, liberal demokratiyanı lokal, qeyri-qərb mədəniyyətləri ilə uzlaşmayan quruluş saymaq olmaz. Hərçənd, qeyri-qərb cəmiyyətləri tərəfindən liberal demokratiyanın, yaxud seçkili demokratiyanın qavranılması səviyyəsi Qərbin onlara təsirinin səviyyəsindən asılı olur. Hakimiyyət və idarəetmə orqanları qismən açıq və ədalətli seçkilər vasitəsilə formalaşdırılan 39 ölkədə siyasi və vətəndaş azadlıqları tam şəkildə təmin olunmayıb. Onlardan onu Latın Amerikasının, səkkizi Afrikanın, beşi pravoslav-xristian aləminin, beşi isə islam dövlətlərinin payına düşür. Həmin ölkələrdə heç də həmişə seçkili demokratiya liberal demokratiyaya keçid mərhələsi rolunu oynamır. Məsələn Hindistan, Türkiyə və Şri Lankada (təbii ki, başqa nümunələr də göstərmək olar) hələ yarım əsr bundan öncə seçkili demokratiya qurulub, lakin buna baxmayaraq indi də bu ölkələrdə vətəndaşların hüquq və azadlıqları yetərincə təmin olunmur.

Dünyanın nəhəng sivilizasiyaları istər Qərb mədəniyyəti ilə oxşarlıq səviyyəsi baxımından, istərsə də Qərbin onlara təsiri səviyyəsi baxımından bir-birindən ciddi şəkildə fərqlənir. Şübhəsiz ki, Latın Amerikasını Qərblə bağlayan tellər daha sıxdır və bəzi mülahizələrə görə Latın Amerikası Qərb sivilizasiyasına aid edilə bilər. Pravoslav aləmi ilə qohumluq daha qədim və daha problemlidir. Afrikada Qərbin hökmranlığı qısa, təsiri isə, Cənubi Afrika istisna olmaqla xeyli dərəcədə məhdud olub. İslam aləminə gəlincə, Qərbin buradakı müxtəlif dövlətlərə təsirinin səviyyəsi müxtəlif olsa da, həmin regionun özəyi olan ərəb dünyasında bu təsirin məhdudluğu qeyd edilməlidir. Çindəki durum da təqribən eynidir. Ümumilikdə, qeyri-qərb cəmiyyətlərində seçki demokratiyasının və liberal demokratiyanın qavranılması səviyyəsi Qərbin bu ölkələrə təsirinin dərəcəsindən asılı olub.


Demokratik inkişaf o zaman başlayır ki, siyasi liderlər ona təkan verməyi özlərinin maraqlarına uyğun saysın və ya bunu özlərinin borcu bilsinlər. Lakin dünyanın bir çox bölgələrində belə elitalar mövcud deyil. İslam ölkələrinin əksəriyyətində avtoritar iqtidarlar vəziyyət üzərində tam nəzarətə malikdirlər və demokratik dəyişikliklərə cüzi də olsa maraq göstərmirlər. İslam aləmindəki azsaylı demokratik dövlətlərdə isə başçılar qeyri-demokratik idarəetmə üsullarından istifadə edir və seçkili demokratiyadan liberal demokratiyaya keçidə maraq göstərmirlər. Diqqətəlayiq məsələlərdən biri də odur ki, fundamentalist rejimlərin mövcud olmadığı əksər ölkələrdə fundamentalist hərəkatlar müxalifət düşərgəsində əhəmiyyətli, bəzənsə aparıcı rol oynayır. Liberal-demokratik müxalif qruplaşmaların formamalaşmaması nəzərə çarpır. Fuad Əcəmi demişdi ki, "bütün islam rejimlərində liberalizmdən və milli burjuaziya ənənələrindən yazmaq , ümidsiz vəziyyətdə nəsə eləməyə çalışan, lakin heç nəyə nail olmayan insanlar haqda nekroloq yazmağa bərabərdir". Digər tərəfdən, hamı tərəfindən dərk edilir ki, demokratiya qüdrətli vətəndaş cəmiyətinə arxalanmalıdır. Hazırda islam ölkələrində belə vətəndaş cəmiyyəti qurulmaqdadır, lakin bu, dünyəvi, yaxud liberal deyil, fundamentalist vətəndaş cəmiyyətidir.
Çində və bir çox Asiya ölkələrində elitalara liberal demokratiya lazım deyil. Hətta bəzi Qərb alimləri sübut edirlər ki, Asiya "qeyri-liberal demokratiyanın" vətənidir, elə bir mədəni irsin daşıyıcısıdır ki, burada insan hüquqlarına yox, insanın davranışında dövlətin və qanunların marifləndirici və tənzimləyici roluna xüsusi önəm verilir. Çində siyasi liderlərin demokratiyaya ciddi müvaqimət göstərmələri müşahidə olunur. Yeni burjuaziya bir qayda olaraq dövlətlə o qədər sıx tellərlə bağlıdır ki, dövlət hakimiyyətinə etirazını bildirmək iqtidarında deyil, tələbələr və digər dissidentlər isə stabil sosial bazaya malik deyillər. Dövlətin səlahiyyətlərini məhdudlaşdıra bilən insan hüquqları anlayışı Şərqi Asiyada zəif inkişaf edib. O qədər zəif ki, burada insan hüquqlarının dövlətdən qaynaqlandığını düşünürlər. Fikir ayrılığı və rəqabətə deyil, həmrəyliyə və əməkdaşlığa üstünlük verilir. Nizam-intizamın təmin edilməsi və ierarxiyaya rəğbət təməl dəyərlər kimi qəbul edilir. İdeyaların, qruplaşmaların və partiyaların toqquşması bir qayda olaraq təhlükəli hesab olunur. Bu səbəbdən Asiya cəmiyyətlərində müəyyən səviyyədə olan və öz xüsusiyyətinə görə seçim situasiyasının deyil, kompromisin əldə edilməsinə hesablanan seçkili demokratiya Qərbdəki seçkili demokratiyadan əhəmiyyətli dərəcədə fərqlənir, Qərbdən fərqli olaraq liberal institutlara və prosedurlara söykənmir.
Demokratikləşmə strategiyası
Məsələnin praktik tərəfi isə belədir: Üçüncü dalğanın bu pilləsində demokratiyanın inkişafı və yayılmasında maraqlı olan insanlar öz qarşılarına dünyanın 50-dən çox qeyri-azad və hər hansı demokratik idarəçilik formasına malik olmayan ölkəsində seçkili demokratiyanın qurulması vəzifəsini qoymalıdırlarmı? Bəlkə, əsas vəzifə artıq seçkili demokratiya sistemi qurulmuş cəmiyyətlərin liberal demokratiyaya keçidinə dəstək verməkdən ibarət olmalıdır? Təbii ki, müəyyən dərəcədə bu işlərin hər ikisinin eyni vaxtda görülməsi məqsədəuyğun və zəruridir. Lakin mən düşünürəm ki, indiki məqamda seçkili demokratiyaların liberal demokratiyalara transformasiyasına daha çox diqqət yetirilməlidir. Bu işə bir neçə ölkəsində liberal demokratiyanın artıq kök saldığı və on ölkəsində seçkili (qeri-liberal) demokratiya sisteminin mövcud olduğu Latın Amerikasından başlanılmalıdır.
Latın Amerikasının seçkili-demokratik idarəetmə formaları "nümayəndəli", "tabe etdirən", "məhdudlaşdıran", "korporativ" və "kvazidemokratik" adlandırılır. Hərçənd, Latın Amerikasının mədəniyyəti Qərb mədəniyyətinə olduqca yaxındır. Bu bölgənin insanları Qərb dillərində danışır və onların böyük əksəriyyəti katolikliyə ibadət edirlər (protestantların sayı da artmaqdadır). Əhalinin miqrasiyası və ticarətin inkişafı Latın Amerikası ilə Şimali Amerika arasında sıx əlaqələr yaradır. Latın Amerikası ölkələrinin böyük əksəriyyəti iqtisadi baxımdan orta iqtisadi inkişaf səviyyəsindədədir. Latın Amerikasındakı elitalar digər qeyri-qərb ölkələri ilə müqayisədə Qərbin liberal demokratik dəyərlərini daha çox bölüşürlər. Bütün bu amillər icra orqanları tərəfindən hakimiyyətin qəsb edilməsinə müqavimətin gücləndirilməsini və əsas vəzifə kimi Latın Amerikasında seçkili demokratiyanın liberal demokratiya ilə əvəzlənməsini əsas məqsəd kimi qarşıya qoyulmasını diktə edir. Elə həmin məntiqə əsaslanaraq, bu siyahıda ikinci olaraq pravoslav ölkələri nəzərdə tutulmalıdır.
İkinci vacib məsələ liberal demokratiyalar arasında birlik hisslərinin formalaşdırılması və onlar arasında əməkdaşlıq formalarının təkmilləşdirilməsidir. Bu məqsədə çatmaq üçün vasitələrdən biri həmin ölkələrin əksəriyyətində dövlət və digər institutlar tərəfindən maliyyələşdirilən və fəaliyyətini demokratiyanın yayılmasına yönəldən fondların yaradılmasıdır. Üçüncü dalğanın gedişatında artıq ABŞ-da Milli Demokratiyanı Himayə Fondu, Böyük Britaniyada isə Demokratiya üçün Vestminister Fondu təsis edilib. Digər Qərb demokratiyaları da belə institutların yaradılması istiqamətində fəaliyyət göstərirlər. Bu institutların öz səylərini daha yaxşı əlaqələndirməsi və onların istər öz milli hökumətlərinə, istərsə də beynəlxalq təşkilatlara demokratik inkişaf naminə daha effektiv təsir göstərə bilmək məqsədilə, beynəlxalq assosasiyalarda birləşməsi olduqca səmərəli iş olardı. Uzun illər bundan öncə - hələ mən Ağ Evdə Karterin administrasiyasında çalışarkən, biz bütün dünyadakı demokratik hökumətlərin və demokratik hərəkatların görüşünü təşkil etmək və dünya miqyasında demokratiyaya dəstək məsələlərini müzakirə etmək barədə məsləhətləşmələr aparırdıq. Lakin o zaman bizə elə gəldi ki, bu layihənin vaxtı hələ yetişməyib və biz bu fikirdən vaz keçdik. Başı bir çox digər işlərlə qarışıq olan hökumətin belə bir yeniliyin məsuliyyətini öz üzərinə götürməsi çətin məsələ idi. İndi, Üçüncü dalğanın başlanğıcından iyirmi il keçdikdən sonra həmin layihənin reallaşması üçün daha əlverişli şərait yaranıb. Mən düşünürəm ki, özəl təşkilatlar bütün dünyada demokratiyanın yayılması məqsədini daşıyan, eləcə də ayrıca bir ölkədə demokratik institutların və prosedurların təkmilləşdirilməsinə çalışan təşkilat və hərəkatların beynəlxalq assosiasiyasının yaradılmasına başlamalıdır. Artıq Komintern yoxdur. İndi Deminternin zamanı gəlib. Belə bir assosasiyanın yaradılması insan azadlığının genişlənməsinə dair 23 il öncə Mario Soareşin liderliyi ilə başlamış möhtəşəm dalğanın qüwətlənməsi və davam etməsi istiqamətində böyük addım olardı.
Çevirəni: Mustafa Hacıbəyli
E-mənbə / link: http://www.inamcfp.org/3-cusektor/n2/n2_hantinqton.htm





1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə