Sivilizasiyaların toqquşması?




Yüklə 180.64 Kb.
səhifə2/4
tarix27.02.2016
ölçüsü180.64 Kb.
1   2   3   4
Tarix boyu Ərəb-İslam sivilizasiyası ilə Cənubdakı bütpərəst (müşrik), animist, indi isə əsasən xristian olan qaradərililər bir-biri ilə antaqonist davranışlarda bulunmuşdular. Keçmişdə bu antaqonizm ərəb qul alverçisi ilə qara qulun simalarında özünə görüntü qazanmışdı. İndi isə həmin düşmənçilik Sudandakı ərəblərlə qaralar arasında uzanan vətəndaş savaşında özünü göstərir. Bu düşmənçilik eyni ilə Çadda Liviyanın yardım etdiyi qiyamçılarla hökumət arasında, Afrika Buynuzu ölkəsində pravoslav xristianlarla müsəlmanlar arasında, Nigeriyada müsəlmanlarla xristianlar arasında baş verən silahlı və qanlı çarpışmalardan da bilinir. Afrikanın modernləşməsi, orada Xristianlığın yayılması yəqin ki, iki sivilizasiya arasındakı çat boyu zorakılığın olma gümanını daha da artıracaq. 1993-ün fevralında Xartumda Papa II İoan Pavelin çıxışı göstərdiyimiz konfliktin intensivləşməsinin bir simptomu oldu. Çıxışında o, xristian azlığına etdiklərinə görə Sudanın islamçı hakimiyyətinin üstünə düşmüşdü.
İslamın Şimali sərhədlərində konflikt pravoslavlarla müsəlmanlar arasında gedir. Bununla bağlı Bosniya və Sarayevodakı qırğınları, serblərlə albanlar arasındakı sönməyən çarpışmaları, bolqarlarla türk azlığı arasındakı gərginliyi, osetinlərlə inquşlar, ermənilərlə azərbaycanlılar arasındakı qanlı toqquşmaları, ruslarla müsəlmanların Orta Asiyada konfliktlərini və rus hərbi qüvvələrinin Rusiyanın maraqlarını qorumaq üçün Qafqazda və Orta Asiyada yerləşdirilməsini yada salmaq olar. Din etnik kimliyin canlanmasına yeni güc verir və bununla Rusiyanın öz güney sərhədlərinin təhlükəsizliyi haqqında qorxularını daha da artırır. Bunu Arçi Ruzvelt yaxşı duyub: - “Rusiya tarixinin böyük kəsimində slavyanlarla türklər arasında sərhəd savaşları olub. Bu savaşların başlanğıcı min ildən də o taya, rus dövlətinin qurulduğu çağa gedib çıxır. Slavyanların min il ərzində Şərq qonşuları ilə uzun-uzadı konfrantasiyada bulunması yalnız Rusiya tarixini anlamaq üçün yox, həm də rus xarakterini bilmək üçün açardır. Bugünkü Rusiyada olanları anlamaq üçün gərək yüzillər boyu dəfələrlə onun diqqətini özünda saxlamış türk etnik qrupunu unutmayasan» (3).
Asiyanın hər yerində sivilizasiyaların konflikti dərin kök salıb. Subkontinentdə müsəlmanlarla hinduslar arasındakı tarixi çarpışmalar indi özünü yalnız Pakistanla Hindistan arasındakı düşmənçilikdə bildirmir. Hindistanın özündə yaxşı yaraqlanmış hindus qrupları ilə böyük kütlə olan müsəlman azlığı arasında dini toqquşmalar var. 1992-nin sentyabrında Ayodhya Məscidinin sökülməsi belə bir sualı ortaya çıxardı: Hindistan dünyəvi demokratik dövlət olaraq qalacaq, yoxsa hinduslaşacaq? Şərqi Asiyada Çinin öz qonşularının çoxu ilə ciddi ərazi dartışmaları var. Çin Tibet buddistləri ilə amansızcasına haq-hesab çürütmüşdü. İndi isə türk-müsəlman azlığı ilə eyni cür davranmağa hazırdır. Soyuq Savaşın sona yetməsi ilə Çinlə Birləşmiş Ştatlar arasında İnsan Haqları, ticarət və kütləvi qırğın silahlarının yayılmaması məsələlərində ziddiyyətlər daha da güclənib və ümid yoxdur ki, haçansa yumşalma gedəcək. 1991-də Den Syaopin xəbərdarlıq etmişdi ki, «Çinlə Amerika arasında yeni soyuq savaş sürməkdədir».
Den Syaopinin sözlərini Yaponiya ilə Birləşmiş Ştatların getdikcə mürəkkəbləşən ilişgilərinə də aid etmək olar. Burada mədəniyyət fərqləri, fərqləri iqtisadi konflikti şiddətləndirir. Hər tərəf o birisini irqçilikdə suçlayır. Ancaq ən azı Amerika tərəfdə antipatiya irqi yox, mədəniyyət xarakteri daşıyır. Bu iki toplumun təməl dəyərləri, davranış qaydaları və üslubları o qədər ayrılır ki, daha bundan artıq ola da bilməz. İqtisadiyyatda Amerika ilə Avropanın düşüncə ayrılığı Yaponiya ilə olanlardan az deyil. Ancaq bu ayrılıq Yaponiya ilə olan qədər siyasətdə qabarmır və emosional gərginlik oyatmır. Səbəb isə ondadır ki, Amerika ilə Avropa mədəniyyətlərinin arasındakı fərqlər Amerika ilə Yapon sivilizasiyalarının ayrılıqlarına baxanda çox azdır.
Sivilizasiyaların biri-birinə təsir etmə zamanı zorakılıq imkanları meydana gələ bilər. Amerika ilə Avropa subsivilizasiyaları (altsivilizasiyaları) arasında iqtisadi yarış üstünlük qazanıb. Belə bir yarış onların hər ikisi ilə Yaponiya arasında da var. Ancaq Avroasiya zolağında konfliktlər bolluca yayılıb və onların arasında «etnik təmizləmə» cizgilərini almış konfliktlər elə də az deyil. Belə konfliktlər burada ayrı-ayrı sivilizasiyalardan olan qruplar arasında daha tez-tez olur və bu zaman zorakılıq aşırı olur. Avroasiyada sivilizasiyalar arasında tarixən yer almış sərhədlər var və onlar yenidən konfliktlər odunda yanır. Bu konfliktlər İslam dünyasının Afrikadan tutmuş Orta Asiyayacan uzanan aypara cızıqlı sərhədlərinda daha şiddətlə od tutub yanır. Ancaq iş burasındadır ki, müsəlmanlarla başqalarının konfliktlərində də zorakılığa genişcə əl atılır. Beləcə, Balkanlarda müsəlmanlarla Ortodoks serblərin, İsraildə yəhudilərin, Hindistanda hindusların, Birmada buddistlərin, Filippində katoliklərin konfliktləri zorakılıqla doludur. Hər yerdə İslamın sərhədləri qana batıb.

SİVİLİZASİYALARIN SIX BİRLİYİ: “QARDAŞ ÖLKƏLƏR» SİNDROMU


Bir sivilizasiyadan olan dövlətlər savaşa cəlb olunanda, sözsüz ki, öz sivilizasiyalarının başqa üzvlərindən arxa qazanmağa çalışırlar. Soyuq Savaşdan sonra yeni dünya düzəni formalaşır. H.D.S. Qrinveyin «qardaş dövlətlər» sindromu adını verdiyi sivilizasiya birliyi öncələr əməkdaşlığın və koalisyonların başlıca prinsipi saylan ənənəvi güclər tarazılığının, eləcə də siyasi ideologiyanın yerini tutur. «Qardaş ölkələr» sindromunun yavaş-yavaş əmələ gəlməsi özünü, Soyuq Savaşdan sonrakı bütün konfliktlərdə, - İran Körfəzində, Qafqazda və Bosniyada aydınca göstərir. Sadalanan bölgələrdəki davaların heç biri sivilizasiyalar arasında baş verən tammiqyaslı savaş deyil. Ancaq onların hər birisi özündə sivilizasiyaların iç konsolidasiyasını ünsürlər kimi göstərir. Özü də belə görünür ki, konfliktlər inkişaf etdikcə bu amil daha önəmli olacaq. İndiliksə həmin amil gələcəkdə olacaq hadisələri müjdələyir.
Birincisi, Körfəz Savaşında öncə bir ərəb dövləti başqa ərəb dövlətinin içinə girmiş, sonra isə ərəb, Qərb və başqa ölkələrin koalisyonu ilə savaşmışdı. Səddam Hüseynə çox az müsəlman hökumətləri açıqca qahmar çıxsa da xeyli ərəb ölkələrinin elitası onu xəlvətcə həvəsləndirmişdi və o, ərəblərin çoxu arasında böyük populyarlıq qazanmışdı. İslam fundamentalist hərəkatı isə Qərb arxalı Küveyt, Səudiyyə Ərəbistanı hökumətlərini yox, daha çox İraqa kömək olmuşdu. Səddam Hüseyn özü ərəb millətçiliyini qızışdıraraq açıqca İslama üz tutmuşdu. O və ona qahmar çıxanlar çalışırdılar ki, savaşı sivilizasiyalar arasında olan dava kimi tanıtsınlar. «Bu, İraqa qarşı dünya savaşı deyil. Bu, İslama qarşı Qərbin savaşıdır» cümlələri Məkkənin Ümm əl-Kura Universitetində İslam Araşdırmalarının dekanı Səfər əl-Həvalinin dilindən çıxmışdı, sonra isə maqnitofon lentində geniş yaydırılmışdı. İranın baş dini lideri Ayətolla Əli Xamenei isə birdən-birə İranla İraq düşmənçiliyini boş buraxıb Qərbə qarşı cihada çağırmışdı: «Qərbin təcavüzünə, acgözlüyünə, planlarına, siyasətinə qarşı mübarizə cihad sayılacaq və bu yolda öldürülənlər şəhiddirlər». İordaniyanın kralı Hüseyn isə bildirmişdi: «Bu dava bütün ərəblərə, bütün müsəlmanlara qarşıdır, dava təkcə İraqa qarşı deyil».
Ərəb elitalarının və camaatının önəmli kəsiminin Səddam Hüseynin arxasında durması məcbur etdi ki, anti-İraq koalisyonunda olan ərəb hökumətləri davranışlarını dar cızığa salıb bəyanatlarını yumşaltsınlar. Qərb İraqa basqı yapmağa çalışanda, - buna 1992-nin yayında İraq üçün qeyri-uçuş zonaları qoymaq və 1993-ün yanvarında İraqın bombalanması da aiddir, - ərəb hökumətləri ya qarşı çıxdılar, ya da özlərini aralı tutdular. 1990-cı ildə İraqa qarşı olan Qərb-Sovet-Türk-Ərəb anti-İraq koalisyonu 1993-də yalnız Qərb ilə Küveytin İraqa qarşı koalisyonu oldu.
Müsəlmanlar Qərbin İraqla bağlı qətiyyətini bosniyalıları serblərdən qoruya bilməməsi və BMT-nin qətnamələrinə məhəl qoymayan İsrailə sanksiyalar tətbiq etməməsi ilə tutuşdurub onu ikili əxlaqda suçlayırlar. Ancaq, o biri yandan, sivilizasiyaların çarpışdığı dünya ikili standartlar dünyası olmağa məhkumdur: uluslar bir standartla “qardaş ölkələrə», o birisi ilə başqalarına baxırlar.
İkincisi, “qardaş ölkə» sindromu keçmiş Sovetlər Birliyindəki konfliktlərdə də üzə çıxmışdı. 1992-1993-cü illər arasında ermənilərin hərbi uğuru Türkiyəni öz din, etnik və dil qardaşlarına möhkəm qahmar çıxmağa itələmişdi. 1992-ci ildə bir türk rəsmisi bildirmişdi: «Bizdə azərbaycanlıların hissiyyatı kimi hissiyyatı olan türk milləti var. Ona görə də biz basqı altındayıq. Qəzetlərimiz qəddarlığı göstərən fotolarla doludur və bizdən soruşurlar: belə şeylərdən sonra da neytrallıq siyasətini yeridəcəksiniz? Bəlkə ermənilərə göstərməyin vaxtı çatıb ki, burada böyük Türkiyə var». Prezident Turqut Özal özü də bu fikirlə razı idi və bildirirdi ki, Türkiyə əvvəl-axır Ermənistanı bir az qorxutmalıdır. 1993-cü ildə Özal bir daha hədələmişdi ki, Türkiyə «dişlərini göstərəcək». Türkiyə hava güclərinin qırıcıları indi Ermənistan sərhədləri boyunca kəşfiyyat uçuşları aparırlar. Türkiyə Ermənistan üçün ərzaq daşıyan gəmiləri, uçaqları saxlayır. Türkiyə ilə İran birgə bildiri veriblər ki, onlar heç vaxt Azərbaycanın bölünməsini qəbul etməyəcəklər. Keçən illərdə Sovet hökuməti Azərbaycana qahmar çıxmışdı, çünki bu axırıncının hökumətində keçmiş kommunistlər üstün idi. Ancaq Sovetlər Birliyinın sona yetməsi ilə məsələyə siyasi baxış yerini dini baxışa verdi. Rusiyanın döyüş qüvvələri ermənilər tərəfində vuruşdular. Azərbaycansa Rusiyanı «180 dərəcə dönüb» xristian Ermənistana arxa durmaqda suçladı.
Üçüncüsü. Qərblilər keçmiş Yuqoslaviyadakı döyüşlərdə Bosniya müsəlmanlarına rəğbət göstərib qahmar çıxdı, serblərin hərəkətləri isə onları dəhşətə gətirdi. Ancaq bu dəhşətin yanında Horvatların müsəlmanlara hücumuna və Bosniya-Hersoqovinanı bölüşdürməkdə iştiraklarına az maraq gəstərildi. Yuqoslaviyanın dağılmasının ilk dönəmində Almaniya görünməmiş diplomatik girişim və güc göstərib Avropa Birliyinin 11 ölkəsini Sloveniya ilə Horvatiyanı tanımağa vadar etdi. Papanın bu iki katolik ölkəsinə möhkəmcə arxa durmaq qərarının nəticəsi olaraq Vatikan Avropa Birliyindən də qabaq onları tanıdı. Beləliklə, Qərb sivilizasiyasının aparıcı ölkələri öz dindaşlarının arxasına toplaşdılar. Bunun sonucunda Horvatiya Mərkəzi Avropa və başqa Qərb ölkələrindən çoxlu yaraqlar aldı. Boris Yeltsin hökuməti isə elə bir orta yol tutmağa çalışdı ki, bir yandan, Ortodoks serblərə rəğbətini anlatsın, o biri yandan isə Rusiyanı Qərbə yadlaşdırmasın. Ancaq Rusiyanın konservativ, millətçi qrupları, - bunların arasında çoxlu millət vəkilləri də vardı, - serblərə arxa durmağa hazır olmadığı üçün hökumətin üstünə düşdülər. 1993-cü ilin erkənlərində bir neçə yüz rus açıq-aydın serb qüvvələrində qulluq etməyə getdi. Soraqlar fırlanırdı ki, Rusiya serblərə kömək üçün yaraq-yasaq da yollayır.
O biri yandan, İslam hökumətləri, qrupları Bosniyanın dadına çatmadığı üçün Qərbi ifşa etməklə məşğul idilər. İran rəhbərliyi dünyanın bütün müsəlmanlarına durmadan çağırış edirdi ki, Bosniyaya kömək əlini uzadın; özü isə BMT-nin silah embarqosunu pozaraq ora yaraqlar və əsgərlər göndərirdi; Livanın İran tərəfindən dəstəklənən dəstələri Bosniya döyüşçülərini öyrətmək və təşkil etmək üçün partizanlar göndərmişdilər. Çatan soraqlara görə 1993-də iyirmi ölkədən 4 000-cən müsəlman Bosniya tərəfində vuruşurdu. Səudiyyə Ərəbistanını və başqa müsəlman ölkələrinin hökumətlərini bosniyalılara daha çox yardım etməyə sürükləmək üçün həmin ölkələrin özündəki fundamentalist qruplar getdikcə daha güclü basqılar yapırdılar. 1992-nin axırlarında, soraq gəldi ki, Səudiyyə Ərəbistanı silahlanmaq və ərzaqla təmin olmaq üçün bosniyalıları xeyli maliyyələşdirib. Bunun sonucunda serblərlə üzbə-üzdə bosniyalıların döyüş bacarıqları önəmli dərəcədə artdı.
30-cu illərdə İspaniya Vətəndaş Savaşı siyasi baxımdan faşist, kommunist, demokratiya rejimlərində olan ölkələrin işə qarışmasına gətirib çıxarmışdı. Bu gün, - 90-cı illərdə isə yuqoslav konflikti Müsəlman, Ortodoks, Qərbi Xristian ölkələrinin işə qarışmalarına səbəb olmuşdur. Bu paralel heç kimin gözündən yayınmamışdır. «Bosniya-Hersoqovinadakı savaş İspaniyada faşizmə qarşı mücadilənin emosional ekvivalentinə çevrilib, - bunu bir Səudiyyə Ərəbistanı icmalçısı demişdi, - burada ölənlər müsəlman qardaşlarını qurtarmaq uğrunda şəhid sayılırlar».
Konflikt və zorakılıq, sözsüz, həm bir sivilizasiyanın içindəki ölkələr arasında, həm də o ölkələrin öz içində baş verə bilir. Ancaq bu zaman konfliktlərin intensivliyi, yayılmışlığı, adətən, sivilizasiyalar arasında baş verən konfliktlərə baxanda az olur. İki tərəfin eyni sivilizasiyaya mənsubluğu başqa halda konfliktdə şiddətlənəcək zorakılığın olması gümanını azaldır. 1991-1992-ci illərdə Rusiya ilə Ukrayna arasında mübahisəli ərazilərə, özəlliklə, Krıma, eləcə də Qara Dəniz donanmasına, nüvə silahı arsenalına və iqtisadi problemlərə görə silahlı konfliktlərin ola biləcəyi gümanı yaranmışdı. Bu ehtimala baxıb xeyli adam yaraqlanmışdı da. Ancaq sivilizasiya dediyimizin bir mənası varsa, onda ukraynalılarla ruslar arasında ciddi toqquşma çətin ki, baş versin. Onların ikisi də yüzillərlə yaxın ilişgidə bulunmuş slavyan uluslarıdır, əsasən də pravoslav dinindədirlər. Ona görə də 1993-ün erkənlərində konflikt üçün bütün səbəblərin olmasına baxmayaraq hər iki ölkənin liderləri effektiv bağlaşma yapmaq yolunu tutaraq iki ölkə arasındakı partlayışlı məsələlərin fitilini çıxartdılar. Ancaq həmin vaxtlarda keçmiş Sovetlər Birliyinin hər yerində müsəlmanlarla xristianlar arasında sərt döyüşlər gedirdi. Baltik ölkələrində isə Qərb və pravoslav xristianlığı arasında böyük, bəzənsə birbaşa toqquşmalara çatan gərginlik vardı. Halbuki, ruslarla ukraynalıların qarşıdurmaları zorakılıq həddinə çatmadı.
İndiyənəcən sivilizasiyaların toparlanması yığcam formada baş verirdi, ancaq proses inkişaf edir və onun gələcək üçün xeyli potensialı var. Baxın, Fars Körfəzində, Qafqazda, Bosniyada konfliktlər davam etdikcə dürlü ölkələrin mövqeyi, onlar arasındakı fərqlər getdikcə daha çox hansı sivilizasiyadan olmalarından asılılığa düşür. Populist siyasətçilər, dini liderlər, Mass-media isə bundan güclü silah kimi istifadə edərək kütlələri öz tərəflərinə çəkirlər və bununla da tərəddüddə olan hakimiyyətlərə basqı yapırlar. Üzümüzə gələn illərdə çox güman ki, Bosniyada və Qafqazdakı kimi sivilizasiyalararası çatlar boyu baş verən lokal konfliktlərin eskalasiya edib böyük savaşa çevrilməsi ən böyük qorxu olacaq. Növbəti dünya savaşı, əgər bu savaş olacaqsa, sivilizasiyalar arasında baş verəcək.
QƏRB YERDƏ QALAN DÜNYAYA QARŞI
Başqa sivilizasiyalara baxanda Qərb indi öz əzəmətinin tam zirvəsindədir. Onun opponenti olan superdövlət siyasi xəritədən gedib. Qərb dövlətləri arasında hərbi konfliktlər indi ağıla batmır. Onların hərbi gücləri də bir-birinə düşmən kimi baxmırlar. Yaponiyanı çıxsaq, iqtisadiyyatda Qərbə meydan oxuyacaq ayrı ölkə yoxdur. Beynəlxalq siyasi və təhlükəsizlik qurumlarında o, üstündür. Uluslararası iqtisadi sahədə isə üstünlüyü Yaponiya ilə bölüşdürür. Qlobal siyasət və təhlükəsizlik məsələləri ABŞ-ın, Britaniyanın, Fransanın başçılığı altında uğurla çözələnir, dünyanın iqtisadi problemlərinin öhdəsindən isə ABŞ-ın, Almaniyanın və Yaponiyanın başçılığı ilə gəlinir. Bu işdə onlar ilişgələrini çox sıx qururlar ki, yerdə qalan qeyri-Qərb dövlətlərini yaxın buraxmasınlar. BMT-nin Təhlükəsizik Şurasında və ya Beynəlxalq Volyuta Fondunda çıxarılmış qərarlar, əslində, Qərbin maraqlarından doğur, hərçənd sonra da dünyaya elə göstərilir ki, guya bu qərarlar Dünya Birliyinin gərəklərinə uyğundur. İşlək deyim olan «Dünya Birliyi» termini evfemer kollektiv ad olub («Azad Dünya» deyiminin yerini tutub). Bu deyimdə məqsəd Birləşmiş Ştatlar və başqa Qərb ölkələrinin maraqlarından doğan siyasətə dünya miqyasında legitimlik verməkdir (4). Qərb, lazım olanda, Beynəlxalq Volyuta Fondu və başqa beynəlxalq iqtisadi qurumlar vasitəsilə öz iqtisadi maraqlarını irəlilədir, bu maraqlara uyğun saydığı iqtisadi siyasəti başqa millətlərə sırıyır. Qərbdən olmayan xalqların BVF haqqında rəyi pisdir, hərçənd, o, bu ölkələrin maliyyə nazirlərinin və hətta daha kimlərinsə dəstəyini qazanıb. G. Arbatov BVF-nin məmurlarını xarakterizə edəndə bunları deyir: «onlar başqa millətlərin pullarını məmnuniyyətlə əlindən alan neo-bolşeviklərdir, başqa ölkələrə iqtisadi və siyasi davranışın demokratik olmayan yad qaydalarını sırıyır, onların iqtisadi azadlığını əllərindən alır».
Qərbin BMT Təhlükəsizlik Şurasında üstünlüyü onun – hərdən Çin tərəfindən veto ilə yumşaldılan – qərarlarına qanunilik verir: İraqı Küveytdən çıxarmaq üçün Qərbin güc işlətməsinə, İraq silahlarının mürəkkəb növlərini və bir də belə növləri istehsal etmək imkanlarını yox etməyə qanuni əsas verir.
Başqa bir örnək: Birləşmiş Ştatlar, Britaniya, Fransa görünməmiş aksiya edib Təhlükəsizlik Şurasına tələb etdirdilər ki, Liviya “Pan American» N-103 təyyarəsini partlatmaqda əli olması haqqında şübhələri dağıtsın. Liviya imtina edəndə BMT ona qarşı sanksiyalar işə saldı. Böyük ərəb ordusunu dağıdandan sonra Qərb tərəddüd etmədən bütün ağırlığı ilə Ərəb dünyasının üstünə çöküb. O, əslində, beynəlxalq institutları , hərbi gücünü, iqtisadi qaynaqları işə salır ki, öz üstünlüyünü doğrultmaq, maraqlarını qorumaq, siyasi, iqtisadi dəyərlərini təsdiqlətmək hesabına dünyanı idarə etsin.
Vəziyyət başqa cür olsa belə, hər halda qərbli olmayanlar yeni dünyanı belə görürlər və onların bu baxışlarında gerçək az deyil. Gücdə fərqlər, hərbi, iqtisadi, institusional qüvvə üstündə mübarizə Qərb ilə başqa sivilizasiyalar arasındakı konflikt qaynaqlarından biridir. Mədəniyyətdəki, başlıca dəyərlərdəki, inanışlardakı fərqlər konfliktlərin o biri qaynağıdır. V.S. Naypol bildirmişdi ki, Qərb sivilizasiyası «hamıya uyğundur», ona görə də «universaldır». Üzdəki qatda, doğrudan da, Qərbin bir çox şeyləri yerdə qalan dünyaya hopmuşdur. Ancaq təməl qatlarda vəziyyət bambaşqadır. Fərdiyyətçilik, liberalizm, konstitusionalizm, İnsan Haqları, bərabərlik, azadlıq, qanunun aliliyi, demokratiya, azad bazar, kilsənin dövlətdən ayrılması kimi Qərb ideyaları demək olar ki, İslam, Konfutsian, Yapon, Hindu, Buddist və ya Pravoslav mədəniyyətlərə dəyib geri qayıdır. Əvəzində, Qərbin o ideyaları yaymağa çalışması «insan haqları imperializmi» haqqında düşmən reaksiyası doğurur. Sonucda yerdə qalan dünyada özlərinin köklü dəyərləri təzə bir nəfəslə təsdiq olunur. Bunu Qərbdən qıraqdakı mədəniyyətlərdə gənc nəslin dini fundamentalizmə necə dəstək verməsinə görmək olar. «Universal sivilizasiyaya» tezisinin özü Qərb ideyasıdır. Bu ideya Asiyadakı çox kültürlərin partikulyarizmi ilə, insanları ayıran fərqləri saxlamaq arzusu ilə kəllə-kəlləyə gəlir. Ayrı-ayrı toplumlarda yüz dəyərin önəmi üzrə aparılan tutuşdurmalardan bir müəllif belə bir nəticə çıxarıb: «Qərbdə çox önəmli olan dəyərlər yerdə qalan dünyada daha az önəmlidir» (5). Siyasi planda bu fərq Birləşmiş Ştatlar və başqa Qərb ölkələri öz demokratiyaları, İnsan Haqları ilə bağlı ideyalarını ayrı xalqlara sirayət etdirmək istəyəndə aydınca açılır. Çağdaş demokratik idarə forması tarixən Qərbdə formalaşıb. Demokratiya Qərbdən qıraqda hansı ölkədəsə yer alıbsa, bu, ancaq Qərb müstəmləkəçiliyinin və ya basqısının sonucunda olub.
Kişor Məhbubaninin dediyinə görə gələcəyin siyasətində mərkəzi ox çox yəqin ki, «Qərb ilə yerdə qalanlar arasındakı» konfliktlərdən, bir də qeyri-Qərb sivilizasiyalarının Qərbin gücünə və dəyərlərinə qarşı reaksiyalarından törəyəcək (6). Cavab reaksiyası ya bir, ya da üç formanın cürbəcür birləşməsində olacaq.
Birincisi, ən ifrat formadır, qeyi-Qərb dövlətləri Birma, Şimalı Koreyanın ardınca təcridçilik yolunu tutub gedə bilərlər ki, Qərbin öz ölkələrinə yolunu kəssinlər və «Qərbin çürüməsinə» yoluxmaqdan öz toplumlarını qurtarsınlar və beləcə, Qərbin üstün olduğu Dünya Birliyinin həyatında iştirak etməsinlər. Ancaq bu kurs çox baha başa gəlir və az ölkə tapılar ki, axıracan onu tuta bilsin.
İkincisi, Qərbə qoşulmaq və onun dəyərlərini, institutlarını qəbul etmək. Beynəlxalq ilişgilər nəzəriyyəsində buna “qatara tullanmaq» deyirlər.
Üçüncüsü, alternativ iqtisadi və hərbi gücü artırmaqla və eyni zamanda başqa qeyri-Qərb ölkələri ilə əməkdaşlıq etməklə Qərbin əksini yaratmağa cəhd etməkdir. Bu alternativdə doğma dəyərləri, institutları qorumaq da var. Bütünlükdə isə üçüncü alternativ vesternləşmək (qərbləşmək) yox, modernləşməkdir.

İÇƏRİDƏN İKİTİRƏLİ ÖLKƏLƏR


Gələcəkdə hansısa sivilizasiyaya mənsub olmaq ölkələrdə, insanlarda özünü identifikasiya etməyin əsası olanda ayrı-ayrı sivilizasiyalardan olan əhalini özündə birləşdirən Sovetlər Birliyi, Yuqoslaviya kimi ölkələr parçalanmağa məhkum olacaqlar. Bəzi başqa ölkələrdə yetərli dərəcədə mədəniyyət homogenliyi var ancaq cəmiyyətin qrupları arasında hansı sivilizasiyaya aid olmaq üstündə ikitirəlik özünü göstərir. Belə ölkələrdə, adətən, hökumət “qatara tullanıb” Qərbə qoşulmaq istəyir. Halbuki bu ölkələrin tarixlərində, mədəniyyətlərində, ənənələrində Qərbə ortaq heç nə yoxdur. Türkiyə bu baxımdan ən parlaq və tipik örnəkdir. XX yüzilin sonlarında belə, ölkənin rəhbərliyi Atatürkün ənənələrini saxlayaraq ölkələrini modern, dünyəvi, Qərb millət-dövləti tipinə aid edir. Bu rəhbərlik məmləkətini NATO-da və Körfəz Savaşında Qərbə müttəfiq edib. Ölkəni Avropa Birliyinə qəbul etdirməyə çalışır. Ancaq eyni zamanda Türkiyədə başqa yolun tərəfdarları da var. Onlar hesab edilər ki, ölkələri İslam dirçəlişinə qahmar çıxmalıdır, çünki mahiyyətcə Orta Şərq Müsəlman ölkəsidir. Bax, bu vəziyyətdə Türkiyənin elitası ölkəni Qərb cəmiyyəti saysa da Qərb elitası elə hesab etmir. Türkiyəni Avropa Birliyinə üzv götürmürlər və bunun gerçək səbəbi haqqında Prezident Özal belə söyləyib: «səbəb ondadır ki, biz müsəlmanıq, onlarsa xristian. Hərçənd heç vaxt bunu açıq demirlər». Beləliklə, hara getməli? Türkiyə Məkkədən üz döndərib, Brüssel isə ondan? Kimlərsə cavab verə bilər ki, Daşkəndə getməli. Sovetlər Birliyinin sona yetməsi Türkiyənin naxışını açdı. O, yunan sahillərindən Çinəcən uzanan yeddi ölkədən toplanmış dirçələn türk sivilizasiyanın lideri ola bilər. Qərbin bəyənişi ilə Türkiyə əlindən gələni edir ki, bu yeni identikliyi düzüb qoşsun.
Son on ildə Meksikanın durumu da Türkiyəninki kimidir. Necə ki Türkiyə tarix boyu Avropaya qarşı durmasını bir tərəfə qoyub ona qoşulmaq yolunu tutmuşdur, eləcə də Meksika Birləşmiş Ştatlara qarşı durmuş ölkə kimi özünü bilməsini dayandırıb ABŞ-ı yamsılamağa başlamışdır. O çalışır ki, Şimali Amerika Azad Ticarət Zonasına (NAFTA-ya) qoşulsun. Meksika siyasətçiləri ölkənin yeni kimliyi üçün azman vəzifələrin öhdəsindən gəlirlər. Bunun üçün elə fundamental iqtisadi islahatlar aparırlar ki, axırda köklü siyasi dəyişmələri çəkib gətirsin. 1991-də Prezident Karlos Salinasın baş müşaviri de Kortari mənə təfərrüatı ilə Salinas hökumətinin gerçəkləşdirdiyi dəyişmələri anlatmışdı. Sözünü bitirəndə bildirdim: «Dedikləriniz çox təsirlidir. Belə çıxır ki, siz Meksikanı Latın Amerikası ölkəsindən Şimali Amerika ölkəsinə çevirmək istəyirsiniz». O təəccüblə mənə baxdı: «Tam düzdür! Bizim istədiyimiz məhz budur, ancaq, sözsüz, bunu heç vaxt camaata söyləməyəcəyik». Onun sözlərindən bilindi ki, Meksikada da Türkiyədəki kimi xeyli adam məmləkətlərinin bu yeni kimliyə qarşı çıxır. Türkiyədə Avropa yönümlü liderlər İslama sarı jestlər etməli olurlar (Özal həccə getmişdi). Eləcə də Meksikada Şimali Amerika yönümlü liderlər Meksikanı Latın Amerika məmləkəti kimi saxlamaq istəyənlərin önündə jestlər etməli olurlar (bunun üçün, məsələn, Salinas İbero-Amerikan-Qvadalaxara samitini irəli sürmüşdü).
Tarixən Türkiyə içəridən dərin ikitirəliyi olan ölkədir. Birləşmiş Ştatlar üçün ən yaxın ikitirəli ölkə Meksikadır. Qlobal miqyasda isə ən kəskin ikitirəliyi olan ölkə Rusiyadır. Rusiya necə məmləkətdir? Qərbin bir parçasıdır, yoxsa ondan fərqlənən Slavyan-Ortodoks sivilizasiyasına başçılıq edir? Sual Rusiya tarixində təkrar-təkrar qoyulub. Kommunistlər qələbə çalanda məsələ daha da dolaşığa düşdü. Kommunistlər Qərbdən ideologiyanı götürüb öz şəraitlərinə uyğunlaşdırandan sonra bu ideologiyanın adından Qərbi mübarizə meydanına çağırdılar. Kommunist hökmranlığı qərbçilərlə slavyanofillər arasında gedən tarixi dartışmanı gündəmdən çıxartdı. Kommunizm puç olanda isə ruslar yenidən həmin sualla üz-üzə qaldılar.
Prezident Yeltsin Qərb prinsiplərini, məqsəd və axtarışlarını Rusiyaya uyğunlaşdırmaq istəyir ki, onu Qərbin bir parçası olan «normal ölkəyə» çevirsin. Ancaq hələ də Rusiya elitası və geniş camaat yığnağı bu məsələ üstündə parçalanıblar. Qərbləşməyə yumşaq müxalifətliyi olan Sergey Stankeviç hesab edir ki, Rusiya «Atlantistlərin» kursunu tutmamalıdır, çünki bu kurs ona gətirəcək ki, Rusiya olacaq Avropa ölkəsi. Onu tezcə və yaxşı təşkil olunmuş şəkildə dünya iqtisadiyyatının bir parçası edəcəklər. Beləliklə, o, Yeddilərin səkkizinci üzvü olacaq. Bununla da Atlantik birliyinin üstün üzvlərinə, - Birləşmiş Ştatlara və Almaniyaya çox böyük önəm vermək məcburiyyətinə düşəcək». Stankeviç ifratçı Avroasiya siyasətini də inkar edərək irəli sürür ki, Rusiya başqa ölkələrdəki rusları qorumağa üstünlük verməlidir. Bu zaman Rusiyanın türk və müsəlman ilişgilərini xüsusi vurğulayır. Sonra belə bir düşüncəni yeridir ki, «biz resurslarımızı, prioritetlərimizi dəyişməmizi, ilişgilərimizi, maraqlarımızı, əsasən, Asiyanın xeyrinə, Şərq istiqamətində paylamalıyıq». Belə inamda olan adamlar Yeltsini Rusiya maraqlarını Qərbə tabe etdirməkdə tənqid edirlər. Tənqid edirlər ki, Rusiyanın hərbi gücünü elə zəiflədib ki, Serbiya kimi ənənəvi dostlarını dəstəkləmir, iqtisadi, siyasi islahatları ruslar üçün çox ağrılı aparır. Anlatdığımız tendensiyanın göstəricisi Pyotr Savitskinin ideyalarının populyarlaşmasıdır. 1920-də o irəli sürmüşdü ki, Rusiya “unikal Avroasiya sivilizasiyasıdır» (7). Rusiyada daha kəskin, bəzən millətçi, anti-qərbçi, anti-semit səslər ucalır. Onlar çağırırlar ki, Rusiya yenidən öz hərbi gücünü artırmalıdır, Çin və müsəlman ölkələri ilə sıx ilişgilər qurmalıdır. Rusiyanın əhalisi heç də siyasi elitasından az parçalanmayıb. 1992-nin payızında onun Avropa kəsimindəki ictimai rəyin öyrənilməsi aydın edib ki, burada yaşayanların 40% Qərbə müsbət baxır, 36%-in rəyi isə mənfidir. Tarixinin çox dönəmlərində olduğu kimi 1990-ın erkənlərində də Rusiya içəridən ikitirələnmiş ölkə olaraq qalır.
1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə