SİRLİ DÜnyam müəllifdən:əziz oxucum, əvvəlki kitablardan bir neçə şeiri təkmilləşdirib, bu kitaba əlavə etmişəm




Yüklə 1.25 Mb.
səhifə8/8
tarix23.02.2016
ölçüsü1.25 Mb.
1   2   3   4   5   6   7   8

AYDAN, FİDAN, XƏQAN

Böyük varım, dövlətim,

Aydan, Fidan, Xəqanım.

Tükənməz məhəbbətim,

Aydan, Fidan, Xəqanım.

Bülbüllərim, güllərim,

Bal süzülən dillərim.

Əllərində əllərim,

Aydan, Fidan, Xəqanım.

Bir budaqda üç qönçə,

Qız iki, oğul bircə,

Üçü də ürəyimcə,

Aydan, Fidan, Xəqanım.
Göyə uçan qanaddı,

Hərəsi bir həyatdı.

Xoş duyğular oyatdı,

Aydan, Fidan, Xəqanım.

Qəlbimin arzusudur,

Çörəyimin duzudur.

Bəxtimin ulduzudur,

Aydan,Fidan, Xəqanım.

Harayıma hayımdır,

Taxt - tacım, sarayımdır.

Allahımdan payımdır,

Aydan,Fidan, Xəqanım.

Ümidlərim, gümanım,

Damarda axan qanım.

Üçü də mənim canım,

Aydan,Fidan, Xəqanım.


Dərd – səri mənə gəlsin,

Kaş böyüyüb, dirçəlsin.

Aya – günə yüksəlsin,

Aydan,Fidan, Xəqanım.

Gülfirin üç nəvəsi,

Yaşamağa həvəsi.

Ölsəm, verər nəfəsi,

Aydan,Fidan, Xəqanım.


Bir vaxtlar yaşadığım mənzildə tək olarkən, dönüb geriyə baxanda bəxtsiz taleyimə, acılı-şirinli, keşməkeşli həyatıma, qəlbimdə qarıyıb qalan arzularıma baxanda, ürəyimdən gizli bir ağrı qopdu. Hətta bir gecə yatanda başlayan ürəyimin ağrısı səhər açılanda buraxdı.Tərpənməyə belə imkanım yox idi. Sinəmin üstündə olan diktafonuma ürəyimə yalvarmaqdan başqa bir çarəm qalmamışdı.

Bu da mənim bir həyat hekayəm. Həmin gecə “Dön sirdaşa üreyim” adlı poemamı yazmışam ki, həmin poema “Söz Dünyam” adlı kitabımda verilib.










Həyatımdan çox az,qısa anları yadıma saldım. Bu qısa anlarda böyük üzücü,ağrılı məqamlar və yaşanılmış real həyat var. Bu günümdən sonrakı həyatımı da sözə,şeirə həsr edəcəyəm.Başqa cürdə mümkün deyil. Ədəbiyyata o qədər bağlanmışam ki, şeriyyat aləmini o qədər sevirəm ki, tanrı tərəfindən bir fəhm şəklində sözün vurğunu olub, hava su qədər bu sevgini lazımlı hesab edirəm.


SÖZ DÜNYAM

(poema)
Körpə üzündədir ən saf təbəssüm,

Budaqda yarpaqdır ən doğru düzüm.

Ən kövrək duyğudur mənim qəlb sözüm,

Dayağım, dirəyim mənim söz dünyam,

Çırpınan ürəyim mənim söz dünyam.
Ömür kimi axır, tələsən sular,

Axıb baxça-bağa, bostanı sular.

Ömrümün axarı olub arzular,

Arzudan yetibdir mənim söz dünyam,

Göyərib, bitibdir mənim söz dünyam.
Bəzən ağ rəngdədir, təzə gəlin tək,

Bəzən qara rəngdə kömürləşərək.

Gah da bahar kimi al-əlvan çiçək,

Qönçə-qönçə açır mənim söz dünyam,

Zülmətə nur saçır mənim söz dünyam.
Rəngdən rəngə düşüb, rəngə rəng vurar,

Hər rəngin də sirli, bir mənası var.

Məni sakit edər, bəzən də yorar,

Həyatımın rəngi mənim söz dünyam,

Romantik ahəngi mənim söz dünyam.
Hər şeyin rəngi var, həm də hər səsin,

Bil xarakterini rənglə hər kəsin.

Toxunma sözümə, başımdan kəsin,

Dərdin məktəbidir mənim söz dünyam,


Sözün məbədidir mənim söz dünyam.

Ögey, yad rənglərə gözüm baxmadı,

Mənim sözlərimin rəngi doğmadır.

Hər suya qoşulub, sözü axmadı.

Mənbəyi ürəkdə mənim söz dünyam,

Arzuda, diləkdə mənim söz dünyam.

Sözlərim var mənim qara libasda,

Qara geyinənlər, oxuyub yasda.

Yol tapa bilibdir hər basabasda,

Gözləri qumraldı mənim söz dünyam,

Lalədəki xaldı mənim söz dünyam.
Qırmızı libasda qızılgül dərib,

Sevən könüllərə sovqat göndərib.

Geyib ağ donunu, ağ çiçək verib,

Sarını yoxlayıb mənim söz dünyam,

Hər gülü qoxlayıb mənim söz dünyam.
Bu nəhəng dünyada incidi dünyam,

Bu rəngli dünyada rənglidi dünyam.

Çalınan rübabım, Cəngidi dünyam,

Sirr – sehrlə dolu mənim söz dünyam,

Müqəddəsdir yolu mənim söz dünyam.
Tanrı vergisidir, sinəm söz dolu,

Kəbə yolu bildim, keçdiyim yolu.

Ecazkar güc verir hər sözün rolu,

Daxili hissimdir, mənim söz dünyam,

İlahi sevgimdir mənim söz dünyam.
Ulduzlara, aya çatandı səsim,

Günəşdən bircə tel olacaq bəsim.

Yaratmaq həvəsim, yazmaq həvəsim,

Bax, düzüm-düzümdür mənim söz dünyam,

Nurlu gündüzümdür mənim söz dünyam.
Həzin nəğmə ilə çağlayır bulaq,

Olarmı səsinə, verməyim qulaq?

Ürəkdə çağlayan, sözümdən alaq,

Süzülüb saflıqdan mənim söz dünyam,

Yaranıb paklıqdan mənim söz dünyam.
Toxunum güllərə, şehini süzüm,

Sərin meh əsəndə, islanıb üzüm.

Ürək vəcdə gəlib, çoxalıb sözüm,

Təbəssüm üzlüdür mənim söz dünyam,

Al-əlvan sözlüdür, mənim söz dünyam.
Əzəmətli dağın ağır yuxusu,

Hər çiçək ətrinin incə qoxusu.

Sözümə söz etsə hələ çoxusu,

İçimdə bir ahdı mənim söz dünyam,

Kəsərli silahdı mənim söz dünyam.

Bülbül gül yanında cövlana gəlib,

Ruhum el -obaya seyranə gəlib.

Sinəmə bir düzüm meyxanə gəlib,

Söz dolu ürəkdi mənim söz dünyam,

Solmayan çiçəkdi mənim söz dünyam.


İlahidən gəlib eşqim, həvəsim,

Dağlardan gəlibdi mənim nəfəsim.

Sözün qanadında ucalıb səsim,

Şirin avazımdır mənim söz dünyam,

Çalınan sazımdır mənim söz dünyam.
Yaşayıb – yaradan həyat amalı,

Sözün ziyasından sözü almalı.

Hər vuran ürəyə, yaxın olmalı,

Ömrün mənasıdır mənim söz dünyam,

Hikmət damlasıdır mənim söz dünyam.
İstəməm rəngimə, başqa rəng yaxam,

Kiməsə oxşasam, mən onda yoxam.

Özüm özüm kimi dünyaya baxam,

Həyatın odudur mənim söz dünyam,

Sözümün adıdır mənim söz dünyam.
Güldən çələng hörüm güllərə layiq,

Sözdən çələng hörüm dillərə layiq.

Bir dünya yaradım ellərə layiq,

Ləkəsiz aynadır mənim söz dünyam,

Dünyamı oynadır mənim söz dünyam.
İllər var bir güntək, dəyəri yoxdur,

Bir gün var, illərdən, qiyməti çoxdur.

Sözə qovuşmağın özü bir vaxtdır,

Xəzinəm, varımdır mənim söz dünyam,

Solmaz baharımdır mənim söz dünyam.
Yolu daş-kəsəkdi, sazaqdı dünyam,

Yalandan, riyadan uzaqdı dünyam.

Şəki, Quba, Gəncə, Qazaxdı dünyam,

Qarabağ, Naxçıvan mənim söz dünyam,

Bütöv Azərbaycan mənim söz dünyam!
Sevgi olan yerdə göz nəyə gərək?

Duyğu dolan yerdə göz nəyə gərək?

Söz nur salan yerdə göz nəyə gərək?

Ürəkdə gözümdü mənim söz dünyam,

Nur saçan sözümdü mənim söz dünyam.
Zülmət sevinməsin, tutub gözümü,

Soyudub qəlbimdə, ürək közümü.

Tanrım işıq üçün, verib sözümü,

İşıqlı səhərdir mənim söz dünyam,

Bəzəyi nur, zərdi mənim söz dünyam.
Gözümü qaranlıq tutandan bəri,

Qəlbimdə yarandı sözün gövhəri.

Zülmətlərdə açdım nurlu səhəri,

Açılan qapımdı mənim söz dünyam,

Növbəti çapımdı mənim söz dünyam.
Əldə çomaq tutub, gəzdim addımla,

Duyğuma qarışdım, öz fəryadımla.

Uçdum oymaq – oymaq xəyal atımla,

Dərdimin çarası mənim söz dünyam,

Göylə yer arası mənim söz dünyam.
İndi dövran dönüb, dəyişib zaman,

İnsanlar daşürək olubdu yaman.

Yoxdu bir ürəkdən, halıma yanan,

Ovundurub məni mənim söz dünyam.

Gəzdirib çəməni mənim söz dünyam.
Dəyişib insanlıq, haqq-ədalət də,

Aya – günə olan münasibət də.

Qaraya bürünüb ağ həqiqət də,

Olubdu köməyim mənim söz dünyam,

Sarsılmaz əməyim mənim söz dünyam.
Yıxılsam, qoymayıb sözün hikməti,

Güc, enerji verib sözün qüvvəti.

Coşqun ilham verib sözün qüdrəti,

Şux gülüstanımdı mənim söz dünyam,

Ömür dastanımdı mənim söz dünyam.
Suların səsinə qarışıb sözüm,

Gülün nəfəsinə qarışıb sözüm.

Bahar həvəsinə qarışıb sözüm,

Dilimdə nitqimdir mənim söz dünyam,

Tükənməz eşqimdir mənim söz dünyam.
Oxu vərəq-vərəq, çat hədəfinə,

Götürüb, qoymayın kitab rəfinə.

Sözdən naxış vurdum hər tərəfinə,

Təxtim- sarayımdır mənim söz dünyam.

Hayım – harayımdır mənim söz dünyam.
Qatı dumanlardan əzmlə keçdim,

Ruhumdan yapışıb, özümlə keçdim.

Ulduzdan ulduza sözümlə keçdim,

Parlaq ulduzumdu mənim söz dünyam,

Çörəyim-duzumdu mənim söz dünyam.
Olmaz bu dünyaya mənim dünyam yük,

Dünyanın içində dünyadan böyük.

Həmişə ruhumla bir səfərdəyik,

Bağlı – bağçalıdır mənim söz dünyam,

Əlvan boğçalıdır mənim söz dünyam.
Küləyə qarışıb, qaçıb sözlərim,

Göyərib çiçəkdə, açıb sözlərim.

Qoşulub quşlara, uçub sözlərim,

Qanad alıb yeldən mənim söz dünyam,

Ümid alıb eldən mənim söz dünyam.
Gəzdiyim dağ – dərə, laləli çəmən,

Oldum təpə - dırnaq, şeh ilə çimən.

Kiməsə oxşamaq istəmərəm mən,

Aşmayan həddimdir mənim söz dünyam,

Öz dəsti - xəttimdir mənim söz dünyam.
Vəzni, qafiyəsi, sözü yerində,

Axarı, baxarı özü yerində.

Hər sözün doğrusu, düzü yerində,

Ən gözəl uyğumdur mənim söz dünyam,

Duyulan duyğumdur mənim söz dünyam.
Səliqə - sahmanı sevəndi könlüm,

Sözü söz yanına düzəndi könlüm.

Sözdən naxış vurub, bəzəndi könlüm,

Günümdü, ayımdı mənim söz dünyam,

İllərdə payımdı mənim söz dünyam.
Əngin səmalarda bitərəm uzaq,

Üz – üzə dursaq da, gedərəm uzaq.

Axtarma, tapmazsan, itərəm uzaq,

Dünyadan uzaqdı mənim söz dünyam,

Eldə üzü ağdı mənim söz dünyam.
Xəyallar əlindən qoparsan məni,

Təbiət qoynuna aparsan məni.

Özünü itirsən, taparsan məni,

Neçə bəhrlidir mənim söz dünyam,

İmza, möhürlüdür mənim söz dünyam.
Bağda reyhan üzüb, nanə qoxladım,

Dizimin gücünü dağda yoxladım.

Kəklikotu yığıb qışa saxladım,

Kövsər bulaqlıdı mənim söz dünyam,

Səsli – soraqlıdı mənim söz dünyam.
Bülbülün səsindən doymadı könlüm,

Daş atıb bayquşa, qoymadı könlüm.

Saxladı sirrini, yaymadı könlüm,

Qəlbi qübarlıdı mənim söz dünyam,

Dağ tək vüqarlıdı mənim söz dünyam.
Mən də bu dövranda gərdiş edərəm,

Demirəm hardasa, tərs iş edərəm.

Əlvan söz çələngi bəxşiş edərəm,

Saflıq mayasıdır mənim söz dünyam,

Sevgi dünyasıdır mənim söz dünyam.
İlim – ilim olub, bir gün itərəm,

Çıxıb kipriyində, tük tək bitərəm.

Vətən, dodağına söz tək yetərəm,

Torpağa bağlıdır mənim söz dünyam,

Qaralı – ağlıdır mənim söz dünyam.
Yollar qət etmişəm çəndə - dumanda,

Mənim də sözüm var nəhəng ümmanda.

Silinməz qalacaq sözüm gümanda,

Nurdu, yaraşıqdı mənim söz dünyam,

Zülmətə işıqdı mənim söz dünyam.
Hər sözün bir rəngi, musiqisi var,

Ucalıb ahəngi, göyləri tutar.

Nuru, hərarəti günəşə çatar,

İsti bir ocaqdı mənim söz dünyam,

Mehriban qucaqdı mənim söz dünyam.
Yer - göy arasında çarəsiz qaldım,

Dərdimdən, qəmimdən söz tapıb aldım.

Sözün işığında sözlə ucaldım,

Dərdimdən yaranıb mənim söz dünyam,

Tel kimi daranıb mənim söz dünyam.
Allahımdan işıq dilədim gözə,

Allahım işığı yetirdi sözə.

Sözdən dünya qurdum, can üzə-üzə,

Zülm edən zülmətdi mənim söz dünyam,

Qəmli hekayətdi mənim söz dünyam.
Səsindən hiss edib, duydum insanı,

İçimdə görürəm, çöldə olanı.

Dilimə gəlməyir sözün yalanı,

Ədalət yoludur mənim söz dünyam,

Düzlük simvoludur mənim söz dünyam.
Dağda itir məni, düzlərdə ara,

Könlüm rəngbərəngdir, gözlərim qara.

Sevda dənizində yetmədim yara,

Hicrana yanandı mənim söz dünyam,

Sızlayan kamandı mənim söz dünyam.
Qızılgül ruh verir mənə kolunda,

Alışıb – yanaram Vətən yolunda.

Tanrıdan haqqı var qara qulun da,

Mübariz ruhludur mənim söz dünyam,

Odlu – alovludu mənim söz dünyam.
Uğursuzluq özü açıb uğurlar,

Xoşbəxt olmamağın, xöşbəxtliyi var.

Həyat mənasını dərdlilər tapar,

Qəlbin heyranıdı mənim söz dünyam,

Sınaq meydanıdı mənim söz dünyam.
Gözəl mənzərələr, ana təbiət,

Duruldub hissimi, olub şeyriyyət.

Gözəlliyi duysan ehsandı əlbət,

Çağlayan sulardı mənim söz dünyam.

Şirin arzulardı mənim söz dünyam.
Musiqi bəstəsi qəlbin telində,

Qəmli şikəstəsi qəlbin telində.

Sağalır xəstəsi qəlbin telində,

Tapıb loğmanını mənim söz dünyam,

Verib dərmanını mənim söz dünyam,
Gəzib bağça – bağı gülə vuruldum,

Keçib bəm üstündən, zilə vuruldum.

Sevib öz yurdumu, elə vuruldum,

Ən xoş ruzigarım mənim söz dünyam,

Açılan gülzarım mənim söz dünyam.
Həyat adiləşib, külək əsməsin,

Ölüm adiləşib, ümid kəsməsin.

Təki dildə sözüm adiləşməsin,

Ucalan türbəmdi mənim söz dünyam,

Müqəddəs kəbəmdi mənim söz dünyam.
Əsmə bir az dayan, ey dəli külək,

Etmə bu dünyanı çox ələk-vələk.

Fələk də başıma açmasın kələk,

Ağır zamanımdı mənim söz dünyam,

Dinim – imanımdı mənim söz dünyam.

Ey külək, sığal çək kiprik – qaşıma,

Ana tək əlini gəzdir başıma.

Gətir gül qoxusu, gəlsin xoşuma,

Dağın səfasıdır mənim söz dünyam,

Sərin havasıdır mənim söz dünyam.


51 yazıbdı illər ayıma,

Fikirlər buz töküb qaynar çayıma.

Tənhalıq qisməti düşüb payıma,

Acı müsibətdi mənim söz dünyam,

Yaşanan möhnətdi mənim söz dünyam.
Uşaq tək kövrəlib, qocalan oldum,

Ömür möhnətindən bac alan oldum.

Sözün sehirindən ucalan oldum,

Mübarək günümdür mənim söz dünyam,

Tarixdə ünümdür mənim söz dünyam.
Qəlbimdə göz açdı gözümə dünyam,

Yetirdi sözümü sözümə dünyam.

Tanıtdı özümü özümə dünyam,

Vəfa, sədaqətdir mənim söz dünyam,

Sonsuz məhəbbətdir mənim söz dünyam.
Sözləri yozuram özümə məxsus,

Yaradıb, yazıram özümə məxsus.

Sevməyə hazıram özümə məxsus,

Hər an gərəyimdi mənim söz dünyam,

Sevən ürəyimdi mənim söz dünyam.
Yığışın a dostlar, göz – gözə duraq,

Sözün işığında xoş məclis quraq.

Sözdən söz gətirib, söz - sözə vuraq,

Oynaq havalıdı mənim söz dünyam,

Yurdlu – yuvalıdı mənim söz dünyam.
Həsrət ürəyimə qəmi salıbdı,

İllər saçlarıma dəni salıbdı.

Naşı əl gözümə çəni salıbdı,

Açılan qollardı mənim söz dünyam,

Uzanan yollardı mənim söz dünyam.
Lazımsa söz demək, susmaram orda,

Bilirəm, dinməyib susaram harda.

Yada əl açmaram, olsam da darda,

İsmətim, qeyrətim mənim söz dünyam,

Şərəfim, şöhrətim mənim söz dünyam.
Məni məftun edər dildə şirin söz,

Hikməti, ziyası, məna dərin söz.

Təmiz ürəklərdə olar yerin, söz,

Məndən irəlidir mənim söz dünyam,

Sözün heykəlidir mənim söz dünyam.
Azaldıb ömrümü, şam tək yanmışam,

Solub güllü yazım, qarlı bir qışam.

Sözdən hasar hörüb, dünya qurmuşam,

Bir gözəl cənnətdi mənim söz dünyam,

Qoru, əmanətdi mənim söz dünyam.
Fələk sınaqlara çəkəndə məni,

Əzab qətrə-qətrə biçəndə məni.

Ömür də su kimi içəndə məni,

Qanadın çalacaq mənim söz dünyam,

Yadigar qalacaq mənim söz dünyam.
İnsana verilir qısa bir ömür,

Pisə lənət deyib, yaxşını götür.

Ayları, illəri mənalı ötür,

Ömrümün izidir mənim söz dünyam,

Alovu, közüdür mənim söz dünyam.
Düzərəm sözləri mirvari kimi,

Gözlərəm güllərin baharı kimi.

Üzərəm, yetişən nübarı kimi,

Bəhərli torpağım mənim söz dünyam,

Yamyaşıl yarpağım mənim söz dünyam.

Vərəqlər üstündə naxışı durur,

Gözümün dünyaya baxışı durur.

Duyğumun sözlərə axışı durur,

Dilimin kəlməsi mənim söz dünyam,

Gözəllik nəğməsi mənim söz dünyam.


Nəğməm dağdan –dağa baş alıb gedir,

Düzdən – düzə keçib, çiçəkdə bitir.

Dildən – dildə ötüb, ellərə yetir,

Parlayan incimdir mənim söz dünyam,

Hədsiz sevincimdir mənim söz dünyam.
Quşlar bir-biriylə səs- səsə verir,

Bir oğlan qız üçün bənövşə dərir.

İçinə bir namə qoyub göndərir,

Gördüyüm röyadır mənim söz dünyam,

Nurlu bir ziyadır mənim söz dünyam.
Mahnı var qəlbimi, oxlayıb-deşən,

“Ax nə dərdə düşdüm, qaranlıqda mən”.

Görməsin zülməti nə dost, nə düşmən,

Tanrı qismətidir mənim söz dünyam,

Əqlin hikmətidir mənim söz dünyam.
Qapqara zülmətə tutulub gözlər,

Ruhumu oxşayır daima sözlər.

Gözümdə canlanır laləli düzlər,

Ayın parçasıdı mənim söz dünyam,

Gülün qönçəsidi mənim söz dünyam.
Bəzən də sinəmdə ürək çox fağır,

Haqsızlar çoxalır, tənəsi ağır.

Toxtaq ol ey könül, ilhamı çağır,

Düşünən halımdı mənim söz dünyam,

Dadlı xəyalımdı mənim söz dünyam.
Zülmət sarsa məni neçə təbəqə,

Onu qərq edərəm, nurlu şəfəqə.

Sözlərimin nuru çatar üfiqə,

Səadət nurudu mənim söz dünyam,

Sudan da durudu mənim söz dünyam.
Donsa düşüncələr, o aləm bir an,

İçimi dağıdar dəli bir tufan.

Uçan mələk oldum, söküləndə dan,

Mələk simalıdı mənim söz dünyam,

Əngin səmalıdı mənim söz dünyam.
Dünyam necə xoşdu təmiz, ləkəsiz,

Gəzdim hər obanı yolsuz, küçəsiz.

Siz də qonaq olub, burdan keçəsiz,

Qonaqlı – qaralı mənim söz dünyam,

Ceyran tək yaralı mənim söz dünyam.
Mələklərlə birgə uçandı ruhum,

Haqqın qapısını açandı ruhum.

Tanrıdan nur alıb, içəndi ruhum,

Nurlanan ruhumdu mənim söz dünyam,

Nurlu sabahımdı mənim söz dünyam.
Qaranlıq mühiti mənim dörd yanım,

Burda əzab çəkib, üzülür canım.

Yalnız təsəllimdir şeirli anım,

Şeirə çevrilib mənim söz dünyam,

Vergidir, verilib mənim söz dünyam.
İncilər yaradır, sözün hikməti,

Möcüzələr açır söz kəraməti.

Bitirib qəlbimdə saf məhəbbəti,

Eşqim, fərmanımdı mənim söz dünyam,

Əhdim- peymanımdı mənim söz dünyam.
Neyləyim, zahirim qara azardı,

Bununçün dost – tanış gündə azaldı.

İçimdə gülşənli, güllü bahardı,

Ümidim, pənahım mənim söz dünyam,

Səcdəm, səcdəgahım mənim söz dünyam
İstərəm sevgiylə, uyusun bəşər,

Cahanda olmasın nə böhtan, nə şər.

Eşqin saflığından mənə pay düşər,

Çapılan kəhərdi, mənim söz dünyam,

Kənddi, həm şəhərdi mənim söz dünyam,
Telləri qırılmış sazım əlimdə,

Kamansız kamanım durub dizimdə.

Qalıb deyiləsi sözüm dilimdə,

Yanıqlı halımdı mənim söz dünyam,

Dərdim- məlalımdı mənim söz dünyam.
Qızılquş tək məni söküb didərək,

Baxıb reallığa, deyinir ürək.

De kimə lazımsan, de kimə gərək?

Ovundurur onu mənim söz dünyam,

Ulduzların sanı mənim söz dünyam.
Ümmanlar içində üzən də məndim,

İşığa güvəndim, sözə güvəndim.

Qəlbim sükut edər, yoxsa əfəndim,

Barışan talehdir mənim söz dünyam,

Hər sözə valehdir mənim söz dünyam.
Sözlər çəkib məni, meydana saldı,

Ömür yollarımda bələdçim oldu.

Axıb ulduz-ulduz qəlbimə doldu,

Təzadlı həyatdı mənim söz dünyam,

Duyğular oyatdı mənim söz dünyam.
Püskürdü vulkanlar, sovruldum göyə,

Şığıdı tufanlar, hey döyə-döyə.

Barı günahımı bir kimsə deyə,

Dağdan dözüm aldı mənim söz dünyam,

Vüqar, əzim aldı mənim söz dünyam.
Göylər daş saxlamaz, düşər torpağa,

Gözlər yaş saxlamaz, düşər torpağa.

Pis, yaxşı, yoxlamaz, düşər torpağa,

Neçə dağlar aşar, mənim söz dünyam,

Məndən sonra yaşar, mənim söz dünyam.
Ruhumun göylərə yüksələn səsi,

Aya – ulduzlara nəğmə deməsi.

Sözdən ilham alan, söz nəziməsi,

İlham çeşməsidir mənim söz dünyam,

Sevib, seçməsidir mənim söz dünyam.
Dərdi neydə çalıb, sızlat ey könül,

Pərişan halını gizlət ey könül.

Təbəssüm üzünü sazlat ey könül,

Hər şeyə qadirdi mənim söz dünyam,

Əvəzsiz, nadirdi mənim söz dünyam.
Elə sözlər demə, gözü yaşartsın,

Füsunkar gözəl ol, yaşa yaş artsın.

Gözəllik eşqinə eşqi yaşatsın,

Ətri nilufərdi mənim söz dünyam,

Çalınan zəfərdi mənim söz dünyam.
O da var, bu da var, sevinc, qəm də var,

Hamısı zil deyil, bir az bəm də var.

Pərişan könlümdə hərdən dəm də var,

Ağlayan, güləndi mənim söz dünyam,

Həddini biləndi mənim söz dünyam.
Burda gecələri səhər etmişəm,

Burda fikirləri kəhər etmişəm.

Sözü qızıl bilib, gövhər etmişəm,

Etibarlı dostdu mənim söz dünyam,

Segahdı, həm Rastdı mənim söz dünyam.
Yarpaqlar rəqs edir, əsəndə külək,

Ürək cuşa gəlir, çoxalsa dilək.

Seçib, sonalayıb, ələyib ələk,

Dolan varaqlardı mənim söz dünyam,

Yeni maraqlardı mənim söz dünyam.
Ey ruhum, göylərə bir də uçaydın,

Ayın nur üzündən öpüb, qucaydın.

Açıq səma kimi, sözlərim aydın,

Aydan da təmizdi mənim söz dünyam,

Dalğalı dənizdi mənim söz dünyam.
Göydə mələklərlə birgə səsləşdim,

Döndüm uçan quşa, çox yüngülləşdim.

Bəşərdən ayrılıb, ilahiləşdim,

Köksümdə vuranım mənim söz dünyam,

Çıraq tək yananım mənim söz dünyam.
Əyyub peyğəmbərə gəldi çox bəla,

Səbrlə dözürdü, düşdüyü hala.

Mən də səbr edim, qoy bala- bala,

Alqışlayan əlim mənim söz dünyam,

Ən qiymətli ləlim mənim söz dünyam.
Toxunma ey külək, çiçəyim incə,

Düşər ləçəkləri ləçəyim incə.

Kövrəlib dolanda, ürəyim incə,

Yaralı tərlandı mənim söz dünyam,

Gözləri dolandı mənim söz dünyam.
Zərrəcə qorxum yox hər iztirabdan,

Zülümlə dözərəm, düşən əzabdan.

Xeyirxah olaram neçə savabdan,

Pətəkdə balımdı mənim söz dünyam,

Bu ərzi halımdı mənim söz dünyam.
Hər şey bir ölçüyə, qədərə sığdı,

Ya bir az az olur, ya da ki çoxdu.

Sevgimin hüdudu, qədəri yoxdu,

Sevdiyim Vətəndi mənim söz dünyam,

Tanrıma yetəndir mənim söz dünyam.
Palıd çətrim olar, yağanda yağış,

Dağlar arxa durar, baxsa yad baxış.

Elim, millətim var, yatsa da naxış,

Qardaşım – bacımdı mənim söz dünyam,

Başımda tacımdı mənim söz dünyam.
Köksümdə quş kimi çırpınır ürək,

Quşların səsinə şən nəğməm gərək.

Onlar tək sevinib, səs- səsə verək,

İçimdə olandı mənim söz dünyam,

Tarixdə qalandı mənim söz dünyam.
Al - əlvan rənglərdə dünyamız yazdı,

Bir yanı qaradır, bir yanı bozdu.

Fələk taleyimi qarada yazdı,

Ömrümün dünəni mənim söz dünyam,

Duyğuya dönəni mənim söz dünyam.
Çökmə qara duman, dağa, düzümə,

Doğsun al şəfəqlər, düşsün üzümə.

Otlar, gül – çiçəklər dəysin dizimə.

Sabahları açır mənim söz dünyam,

Gələcəyə uçur mənim söz dünyam.
Bir damla şeh üstə düşüb, bitənim,

Çiçəklər içinə girib itənim.

Məhəbbətlə dolu ürəyim mənim,

Mənəvi ruzumdu mənim söz dünyam.

Yetişən arzumdu mənim söz dünyam.

Dağlardan əl edir, qırçın qayalar,

Möhkəmlik öyrədib yalçın qayalar.

Əsrlər şahidi laçın qayalar,

Zirvənə yol aldı mənim söz dünyam,

Qanadlı qartaldı mənim söz dünyam.


Ruhumu oxşayır ətirli güllər,

Mehriban, şirin söz, xətirli dillər.

Qədrimi biləcək qədirli ellər,

Günəş tək doğandı mənim söz dünyam,

Xalqa ərmağandı mənim söz dünyam.
Həddi – hesabını biləsən gərək,

Gülənin yanında güləsən gərək.

Üzündən kədəri siləsən gərək,

Şadlıq məramıdı mənim söz dünyam,

Toyu, bayramıdı mənim söz dünyam.
Olduğum kimiyəm bu dünyamda mən,

Göründüyüm kimi, oldum görünən.

Yazdığım qəhrəman burda özüməm,

Özümü vəsf edib mənim söz dünyam,

Sözümü vəsf edib mənim söz dünyam.
Sonu olmayan yol, yoxdu dünyada,

Mən də bir sonluqda gedərəm bada.

Məni sözlərimlə salarsız yada,

Dəryada zərrədi mənim söz dünyam,

Qalan xatirədi mənim söz dünyam.

Söylədiklərimi, yaxşıca billəm,

Yazmasam qocallam, yazmasam ölləm.

Yazdım yaşamaqçün, ölsəm dirilləm,

Sularda yelkəndi mənim söz dünyam,

Qəlblərdə məskəndi mənim söz dünyam.


Hər kəlmə dilimə ürəkdən keçib,

Sözü söz içindən, sözümdən seçib.

Kağızın üstünə əbədi köçüb,

Eşqimlə yoğruldu mənim söz dünyam,

İstəkdən doğruldu mənim söz dünyam.

Ey əziz oxucum, arzumu bölüm,

Bir gün köçsə cismim, gələrsə ölüm,

Qoruyun dünyamda, qoymayın solum!

Rübai, bayatı mənim söz dünyam,

Gülfirin həyatı mənim söz dünyam!



Bu bölmədəki yazılarımla həyatımda 50il yaşadığım ömrümə güzgü tutub,bəzi məqamları,xatirələri dilə gətirdim.1yaşımdan 50yaşıma qədər olan olayları belə xatırladım ki, buda acılarla dolu taleyin bəxş etdiyi ömür payıdır.









1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə