Şərq-Qərb Tədqiqat Mərkəzi Səlahəddin XƏLİlov




Yüklə 2.22 Mb.
səhifə8/21
tarix27.02.2016
ölçüsü2.22 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   21

Ə L A V Ə

C.X.Cübrandan seçmələr


Peyğəmbər

Gəminin gəlməsi
Seçilmiş və sevilən, öz gününün səhəri əl-Mustafa on iki il Or­fa­les şəhərində onu geriyə, doğulduğu adaya qaytaracaq gə­misinin gəl­mə­sini gözləyirdi. Və on ikinci ildə, sentyabr ayı­nın yeddisində – biçin ayın­da o, qala divarlarından bayırda, bir tə­pənin başına çıxaraq də­ni­zə sarı boylandı və dumanla bərabər yaxınlaşan gəmini gördü.

Ürəyinin qapıları taybatay açıldı və onun sevinci də­niz­dən çox uzaq­lara uçdu. O, gözlərini qapadı və qəlbinin sakit­li­yin­də dua etdi.

Lakin təpəni enincə qüssə onu haqladı və o, ürəyində fikirləşdi:

İndi mən qüssələnmədən və könül rahatlığı ilə necə ge­dim? Yox, ruhumu yaralamadan tərk edə bilməyəcəm mən bu şə­həri.



Uzun, çox uzun idi bu divarlar arasında keçirdiyim ağrılı gün­lər, tənhalıq dolu gecələr. Kim öz ağrısından və tənhalı­ğın­dan asanlıqla ay­rıla bilir ki?

Bu küçələrə ruhumun çoxlu damlalarını səpələmişəm və bu təpə­lə­rin arasında həsrətimin çoxlu uşaqları dolaşır. Ayağı yalın, başı açıq; və mən onları ağrısız tərk edə bilmərəm.

Bu gün mən libasımı soyunmuram; yox, dərimi soyuram, öz əllərimlə.

Arxada düşüncələri deyil, aclıq və susuzluqdan incəlmiş ürəyimi qoyub gedirəm.

Lakin daha dözə bilmirəm.

Hamını özünə doğru səsləyən dəniz məni də çağırır və mən gəmiyə minməliyəm.

Qalmaq. Həyat saatlarının gecə uzunu yanmasına baxma­ya­raq, donmaq, buz bağlamaq və palçığın içində bərkimək de­mək­dir.

Burda qalanları necə həvəslə götürərdim özümlə. Lakin bu mümkünmü?

Səs ona qanad vermiş dil və dodağa artıq dözə bilmir. İndi o, özü, efir axtarışına çıxmalıdır, tək-tənha.

Qartal da öz yuvasını qayalarda qoyub günəşə sarı tək uçur”.

Təpənin ətəyinə çatınca, o, bir daha dənizə sarı boylandı və gə­mi­sinin limana yaxınlaşdığını gördü; gəminin göyər­tə­sində dənizçilər, – onun doğma torpağının adamları – durmuşdular.

Onun qəlbi qışqırıb onlara dedi:

Mənim qədim anamın uşaqları, qabarmalar üstə çapanlar.



Yuxularımda neçə dəfə üzüb gəlibsiniz. İndi isə mən ayıq ikən gəlmisiniz və bu, mənim ən dərin yuxumdur.

Mən getməyə hazıram və həsrətimin bütün yelkənləri açıq halda küləyi gözləyir.

Yalnız bir daha köksümü ötürüm, bu sakit havada bir daha bu­ra­la­rı məhəbbətlə seyr edim. Sonra isə mən sizinləyəm, dənizçilər ara­sın­da dənizçi.

Sən isə, geniş dəniz, yuxulu ana, çaylar və arxlar üçün ye­ganə ra­hatlıq və azadlıq məkanı, bu çay daha bir döngə bu­rularaq açıq­lıq­da nəğməsini bir də oxuyacaq və mən sənə qo­vu­şacam, sonsuz damla son­suz okeana qatılan kimi”.

Gedərkən o, uzaqdan öz tarla və üzümlüklərini tərk edib şə­hər dar­vazalarına doğru tələsən kişi və qadınları gördü.

O, onların səslərini eşidirdi; onun adını çağırır, bir tarla­dan o bi­rinə qışqıraraq onun gəmisinin gəldiyini xəbər verir­di­lər.

O, öz-özünə dedi:

Görəsən, ayrılıq günü görüş günü ola biləcəkmi?



Deyiləcəkmi ki, mənim qürubum, əslində, mənim səhə­rim idi?

Kotanını şumun içində qoyub gələnə və ya şərab presinin çar­xını buraxıb gələnə mən nə verə biləcəm?

Mənim ürəyim bol meyvə gətirmiş bir ağaca dönə bilə­cək­mi ki, mən o meyvələri dərib adamları qonaq edim?

Arzularım necə, bulaq kimi çağlayacaqmı ki, gələnlərin piya­lələrini doldura bilim?

Mən bir arfayammı ki, Qüdrət Sahibinin əli toxunsun, ya bir ne­yəm­mi ki, nəfəsi içimdən keçsin?

Mən sükut axtarıcısıyam və görəsən, bu sükutda hansı xəzinəni tapmışam ki, indi onu inamla paylaşa biləm?

Əgər bu gün mənim biçin günümdürsə, görəsən, hansı unu­dul­muş fəsillərdə, hansı tarlalarda səpin səpmişəm?

Əgər bu, doğrudan da, mənim çıraq qaldıracaq saa­tım­dır­sa, onun içində alışacaq alov mənimki deyil.

Mən öz çırağımı boş və sönük qaldıracam

Gecənin gözətçisi özü çırağımı yağla dolduracaq və o da alışdıracaq”.

* * *

O, bunları sözlərlə dedi. Lakin çox şey isə deyilməmiş qal­dı ürə­yin­də. Çünki özünün ən dərin sirrini ifadə etməkdə aciz idi.

Şəhərə girəndə, bütün camaat onu qarşılamağa çıxdı. On­lar bir ağız­la onu çağırırdılar.

Şəhərin ağsaqqalları qabağa çıxaraq söylədilər:

Tərk etmə bizi hələ.



Bizim alatoranlığımızın gündüzü oldun və sənin gən­c­li­yin bizə arzulamaq üçün arzular bəxş etdi.

Aramızda nə qərib, nə də qonaqsan; bizim oğlumuzsan, əzi­zi­miz­sən.

Hələ nurunu itirməyib üzünə həsrət gözlərimiz”.

Kahin və kahinələr də ona söylədilər:

Qoyma dənizin dalğaları bizi ayırsın, aramızda keçir­di­yin illər bir xatirəyə dönsün.



Bizim aramızda bir ruh kimi gəzirdin, kölgən isə üzümü­zə işıq kimi düşürdü.

Səni çox sevirdik. Lakin dilsiz və ağızsız idi bizim sevgi­miz, pərdə ilə örtülmüşdü.

İndi isə o, var gücü ilə səni çağırır və bütün aşkarlığı ilə qar­­şında görünəcək.

Həmişə belə olub məhəbbət ayrılıq saatınadək öz dərinli­yi­ni tanıya bilmir”.

Digərləri də gəldilər və yalvardılar ona. Lakin o, cavab ver­­mədi on­lara. O, yalnız başını aşağı saldı və yaxında daya­nan­­lar onun göz yaş­larının sinəsinə necə düşdüyünün şahidi oldular.

O da, camaat da məbədin qarşısındakı böyük meydana yollandılar.

Orada səcdəgahdan əl-Mitra adlı bir qadın çıxdı. O, görücü idi.

Əl-Mustafa bu qadına hədsiz şəfqətlə baxdı, çünki bu, məhz hə­min qadın idi ki, onun şəhərə gəldiyi bircə gün olmasına bax­ma­yaraq ha­mıdan əvvəl onu tanımış və ona iman gətirmişdi. Qadın onu sa­lam­la­yaraq dedi:

Allahın Peyğəmbəri, əlçatmazın axtarışlarında sən uzun müd­dət öz gəmin üçün uzaq üfüqlər aradın.



İndi isə budur, sənin gəmin gəlmişdir və sən getməlisən.

Yaddaşında qalan torpaq və ali istəklərinin məkanı üçün çək­­di­yin həsrət çox böyükdür və nə bizim sevgimiz sənin əl-qo­­lunu bağlaya bi­lər, nə də bizim ehtiyaclarımız səni bu yoldan sax­laya bilər.

Səndən yalnız bircə istəyimiz var. Nə qədər ki, bizi tərk et­mə­mi­sən danış bizimlə və öz həqiqətindən bizə də bəxş et.

Biz onu uşaqlarımıza ötürərik, onlar da öz uşaqlarına və o itməyəcək.

Öz tənhalığında sən bizim günlərimizin axarını müşahidə et­mi­sən, öz oyaqlığında isə bizim yuxumuzun ağlamağını və gül­məyini din­lə­misən.

Odur ki, indi özümüzü göstər bizə, doğumla ölüm arasın­da olan­lar­dan sənə nə açılıbsa hər şeyi danış bizə”.

O cavab verdi:

Orfalesin camaatı, mən qəlblərinizi hələ də riqqətə gə­ti­rən şeydən başqa nədən danışa bilərəm ki”?



Məhəbbət
Onda əl-Mitra dedi: “Məhəbbətdən danış bizə”.

O, başını qaldırıb camaata baxdı. Camaatın üzərinə sükut çök­dü.

O, uca səslə söylədi:

Məhəbbət sizi nə zaman çağırsa, gedin onun arxasınca,



Baxmayın ki, yolları ağır və sərtdir.

Onun qanadları sizi ağuşuna alanda, müqavimət göstər­mə­yin.

Baxmayın ki, qanadlarının arasında gizlənmiş qılınc sizi ya­ra­la­ya bilər.

O, sizinlə danışan zaman inanın ona.

Baxmayın ki, şimal küləyi bağı viran qoyan kimi, onun səsi sizin arzularınızı darmadağın edə bilər.

Axı, məhəbbət başınıza tac qoydugu kimi, həm də çarmıxa çəkir.

Sizi böyütdüyü kimi, budayır da.

O, sizin zirvələrinizə yüksələrək günəşin şəfəqləri altında titrəşən ən zərif budaqlarınızı əzizləyir.

O, həm də sizin torpağa sığınmaq istəyən, köklərinizə doğru enir və onları titrədir.

Taxıl dərzləri kimi o sizi özündə toplayıb bağlayır.

Aşkarlanmanız üçün sizi üyüdür

Sizi qabıqdan ayırmaq üçün ələyir.

Ağarana qədər sürtür.

Yumşalanadək yoğurur.

Sonra sizi müqəddəs oda tapşırır ki, Allahın müqəddəs ziyafətin­də müqəddəs çörək ola biləsiniz.

Bütün bunları məhəbbət sizin başınıza ona görə gətirəcək ki, siz öz ürəyinizin sirrini dərk edəsiniz və bu biliklə Həyatın ürəyinin bir hissəsinə çevrilə biləsiniz.

Lakin əgər siz qorxaqcasına məhəbbətin yalnız sakitliyini və ləz­zə­tini axtaracaqsınızsa, onda yaxşı olar ki, öz çılpaqlığınızı örtüb mə­həb­bətin xırmanından uzaqlaşasınız.

Elə bir fəsilsiz dünyaya ki, orada güləcəksiniz, amma tam gülü­şü­nüzlə yox. Ağlayacaqsınız, amma gözüdolusu yox.

Məhəbbət özündən başqa heç nə vermir. Özündən başqa da heç nəyi geri almır.

Məhəbbət heç nəyə sahib deyil. Heç kimin də ona sahib olması mümkün deyil.

Zira, məhəbbət üçün məhəbbət bəsdir.

Əgər sevirsinizsə, deməyin ki, “Allah mənim ürəyim­də­dir”. Da­ha düzgün olar ki, deyəsiniz: “Mən Allahın ürəyindəyəm”.

Düşünməyin ki, məhəbbətə yol göstərə bilərsiniz,

Əgər sizi buna layiqli bilsə, o özü sizə yol göstərəcəkdir.

Məhəbbətin özünü gerçəkləşdirməkdən başqa heç bir arzusu yoxdur,

Lakin əgər siz sevirsinizsə və sizin hansısa arzularınız ol­ma­lı­dır­sa, qoy, sizin arzularınız bunlar olsun:

Ərimək və gecəyə öz nəğməsini oxuyan çay kimi axıb getmək.

Şəfqətin çoxluğundan ağrı hiss etmək.

Eşqi dərk etməyimizdən yaralanmaq.

Razılıq və sevinc hissi ilə qanına qəltan olmaq.

Səhərlər qanadlanmış ürəklə məhəbətin daha bir gününə görə şük­ranlıqlarını ifadə etmək; günorta saatında dincəlmək və eşqin eks­ta­zını sezmək;

Qürub vaxtı evə minnətdarlıq duyğusu ilə qayıtmaq;

Sonra isə ürəyinizdə sevdikləriniz üçün dua, dodaqları­nız­da şük­ran­lıq nəğməsi ilə yuxulamaq”.

Nikah
Sonra yenidən əl-Mitra dilləndi və soruşdu: “Bəs nikah nə olan şeydir, ustad?”

O belə cavab verdi:

Siz birlikdə doğulmusunuz və həmişə də birlikdə ola­caq­sı­nız.



Ölümün ağ qanadları günlərinizi pərən-pərən salanda da siz bir­lik­də olacaqsınız.

Bəli, hətta Allahın sükuta qərq olmuş yaddaşında da siz birlikdə ola­caqsınız.

Lakin bu bərabərliyinizdə, qoyun, bəzi məsafələr qalsın.

Qoyun, cənnətin rüzgarları aranızda rəqs edə bilsinlər.

Bir-birinizi sevin, lakin məhəbbəti boyunduruğa çevir­mə­yin.

Yaxşı olar ki, o, qəlblərinizin sahilləri arasında dalğala­nan bir dəniz olsun.

Bir-birinizin camlarınızı doldurun, lakin bir camdan iç­mə­yin.

Bir-birinizlə çörəyinizi bölüşün, lakin bir tikədən ye­mə­yin.

Birlikdə nəğmə oxuyun, rəqs edin və sevinin, lakin bir-bi­rinizin ayrılığını pozmayın.

Udun simləri kimi. Onlar ayrı-ayrı olsalar da, bir mu­si­qi­nin sə­da­ları altında titrəşirlər.

Ürəklərinizi verin bir-birinizə, amma tutub saxlamağa yox.

Zira, yalnız Həyatın əlinə yerləşə bilər ürəkləriniz.

Yanaşı durun, lakin çox da yaxın yox.

Axı, məbədin sütunları da aralı dururlar,

Palıdla sərv isə bir-birinin kölgəsində bitmirlər”.

Uşaqlar
Qucağında uşaq tutmuş bir qadın söylədi: “Uşaqlardan danış bizə”.

Əl-Mustafa dedi:

Sizin uşaqlar – sizin uşaqlarınız deyil.



Onlar Həyatın özünün özünə qarşı həsrətinin oğul və qız­la­rıdır.

Onlar sizin vasitənizlə gəlir, lakin sizdən gəlmirlər,

Sizinlə olmaqlarına baxmayaraq, sizə məxsus deyillər.

Siz onlara öz məhəbbətinizi verə bilərsiniz, amma öz fi­kir­lərinizi yox.

Zira, onların öz fikirləri var.

Siz onların bədənlərinə sığınacaq verə bilərsiniz, amma ruh­larına yox.

Zira, onların ruhları sabahkı gündə sığınacaq tapmışdır, siz ora heç xəyalınızda belə gedə bilməzsiniz.

Siz onlar kimi olmağa can ata bilərsiniz, lakin onları özü­nü­zə oxşatmağa çalışmamalısınız.

Axı, həyat geriyə axmır və dünəndə ləngimir.

Siz bir yaysınız ki, uşaqlarınız canlı oxlar təki sizdən irə­li­yə atılmışlar.

Nişançı sonsuzluq yolunda nişanını görür və O, sizi Öz qüd­rəti ilə elə gərir ki, oxlar sürətlə və uzağa uça bilsinlər.

Qoy, sizin, Nişançı əlinə tabeliyiniz xoşbəxtlik gətirsin.

Zira, O, uçan oxu sevdiyi kimi, tərpənməz yayı da sevir”.

Vermək
Onda varlı adam dedi : “Verməkdən danış bizə”.

O, cavab verdi:

Malınızdan verəndə, siz yalnız cüzi bir hissəni verir­si­niz.



Özünüzdən verəndə isə həqiqətən vermiş olursunuz.

Zira, sizin malınız sabahkı günün qorxusundan yığıb sax­la­dı­ğı­nız şey-şüydən başqa nədir axı?

Bəs Sabah? İz saxlamayan qumda sümük basdıran və zəv­var­la­rın arxasına düşüb müqəddəs şəhərə yollanan çox eh­ti­yatlı bir itə nə gə­tirə bilər ki, sabah?

Ehtiyac qorxusu özü bir ehtiyac deyilmi?

Susuzluq qorxusu quyularınızı ağzınacan yanğı ilə dol­dur­maq­dan yaranmayıbmı?

Elələri var ki, malik olduqları çoxdan azını verirlər və bu­nu ta­nın­­maq üçün eləyirlər. Onların gizli niyyətləri onların bəx­şişlərini pu­ça çevirir.

Lakin elələri də var ki, aza malikdirlər və onun hamısını verirlər.

On­lar həyata, həyatın səxavətinə inananlardır, gətirən­lər­dir və on­­ların xəzinəsi heç zaman boşalmır.

Onlar o kəslərdir ki, sevinclə verirlər və sevinc onların mü­kafatı olur.

Elələri də var ki, ağrı ilə verirlər və bu ağrı onların vəf­ti­zi olur.

Elələri də var ki, verirlər və bu zaman nə ağrı bilir, nə sevinc ax­ta­rırlar, nə də yaxşılıq etdiklərinin fərqində olurlar.

Onların verməyi, bax, o vadidəki mərsinin ətrini fəzaya yayması ki­midir.

Allah belələrinin əlləri ilə danışır və onların gözləri ilə yer üzünə gülümsünür.

İstəyənə vermək yaxşı işdir, lakin istəməyənə anlayaraq vermək daha yaxşı işdir.

Səxavətli üçün ehtiyacı olanı aramaq sadəcə verməkdən daha böyük sevincdir.

Məgər elə bir şey varmı ki, onu özünüzdə saxlaya biləsiniz?

Nəyiniz varsa bir gün alınacaq.

Odur ki, indi verin, vermək mövsümünü varislərinizin öh­dəsinə buraxmağa nə lüzum?

* * *

Çox vaxt deyirsiniz: “Mən verərdim, amma layiqli birisinə.”

Amma nə bağınızdakı ağaclar, nə də çəmənlərinizdəki sürülər belə demirlər.

Onlar verirlər ki, yaşaya bilsinlər, çünki verməmək onlarçün ölüm deməkdir.

Həqiqətən, öz gündüzlərini və gecələrini almağa layiq bilinən, siz­dən də qalan hər şeyi almağa layiqdir.

Həyat okeanından içməyə layiq bilinmişdir, sizin kiçik ar­xı­nız­dan öz camını doldurmağa layiqdir, əlbəttə.

Sizdən kömək almaq cəsarətindən, inamından və hətta mər­hə­mə­tin­dən də böyük layiqlilik varmı?

Axı, siz kimsiniz ki, insanlar sizin qarşınızda öz ürək­lə­ri­ni aç­­ma­lı, vüqarlarını ayaqlarınızın altına sərməlidirlər ki, on­la­rın çıl­­paq ma­hiy­yətlərinə baxıb layiqliklərini müəyyənləşdirə bilə­si­niz?

Birinci özünüzə baxın, verməyə və vermə aləti olmağa la­yiq­si­niz­mi?

Zira, həqiqətdə, həyata verən həyatın özüdür, siz isə, özünüzü ve­rən sayanlar, şahiddən başqa bir şey deyilsiniz.

Siz alanlar – və həqiqətdə hamınız alansınız – üzərinizə minnət yü­künü götürməyin ki, nə özünüzün, nə də verənin boynuna bo­yun­du­ruq keçirməyəsiniz.

Yaxşısı budur, verənlə bir yerdə, onun hədiyyəsi ilə qanadlanın göy­lərə.

Zira, öz borcun barədə çox düşünmək, anası məhsuldar tor­paq və atası Tanrı olanın ürəyinin səxavətinə şübhə etmək deməkdir”.

Yemək və içmək
Sonra qoca bir karvansaraçı dilləndi: “Bizə yemək-içməkdən danış”.

O dedi:

Kaş ki, siz torpağın ətri hesabına yaşaya və bitki kimi işıqla qi­da­lana biləydiniz.



Lakin bir halda ki, siz yeməkdən ötrü öldürməyə, su­suz­lu­ğunuzu y­a­tırtmaqdan ötrü körpələrin südünü oğurlamağa məcbursunuz, onda bu­nu elə edin ki, qoy, səcdəyə bənzəsin.

Qoy, süfrəniz müqəddəs qurbangah yeri olsun. Burada meşənin gü­­nahsız və təmiz varlıqları insanın daxilində yaşayan daha təmiz və da­­ha məsum olana qurban verilsin.

Heyvanı öldürəndə ürəyinizdə deyin:

Səni öldürən qüvvə ilə mən də öldürüləcəyəm və məni də ye­yə­cək­lər.



Çünki, səni mənim əlimə təslim edən qanun məni daha qüdrətli Ələ təslim edəcəkdir.

Sənin və mənim qanım ilahi ağacın köklərini qidalan­dı­ran şirə­dən başqa bir şey deyil.”

Almanı dişləyəndə, ürəyinizdə ona deyin:

Sənin toxumların mənim bədənimdə yaşayacaq,



Sənin sabahkı çiçəklərin mənim ürəyimdə açacaqdır.

Sənin ətrin mənim nəfəsim olacaq,

Keçən hər fəsilə biz birlikdə sevinəcəyik.”

Payızda üzümlüklərinizdən üzümü şərab presi üçün yı­ğan­da ürə­yi­nizdə deyin:

Əslində mən də üzümlüyəm və mənim də meyvələrim beləcə şə­rab presinə yığılacaq cavan şərab kimi, məni də əbədiyyət küplərində gizləyəcəklər.”



Qışda bu şərabı açanda, ürəyinizdə hər bir qədəh üçün nəğməniz olsun;

Nəğmələrinizdə ötən payız günlərini, üzümlüyü və şərab presini bir daha xatırlayın”.

Zəhmət
Sonra əkinçi dilləndi: “Bizə zəhmətdən danış”.

O belə söylədi:

Siz torpaqla və torpağın qəlbi ilə bərabər olmaq üçün işləyir­si­niz.



Zira, bekar olmaq – fəsillərə yadlaşmaq, sonsuzluğa doğru möh­tə­şəm və vüqarlı itaətkarlıqla yeriyən həyat axı­nın­dan ayrılıb itmək de­mək­dir.

Siz işləyəndə saatların pıçıltısını ürəyində musiqiyə çevirən neyə dö­nürsünüz.

Ətrafdakılar səs-səsə verib oxuduğu zaman, sizlərdən kim lal və səs­siz-səmirsiz bir qamış olmağa razı olar?

Sizə həmişə deyiblər ki, iş – cəhənnəm əzabıdır, fiziki əmək isə – fəla­kətdir.

Lakin mən sizə deyirəm ki, siz işləyəndə, torpağın ən ali istəyini hə­yata keçirmiş olursunuz.

Bu, sizin əzəli öhdəçiliyinizdir.

Zəhmətə qatlaşmaqla siz həqiqətən həyatı sevmiş olursunuz.

Zəhmət dolayısı ilə sevmək – həyatın ən gizli sirlərinə varmaq de­­məkdir.

Lakin siz ağrıya görə doğuluşu xəstəlik, bədəni çalışdırmağı isə al­nınıza yazılmış lənət sayırsınızsa, onda mən deyirəm ki, alın yazısını məhz alın təri ilə yumaq mümkündür.

Sizə deyiblər ki, həyat – zülmətdir və öz yorğunluğu­nuz­da digər yor­ğunların dediklərini əks-səda kimi təkrarlayırsınız.

Mən isə deyirəm ki, həyat həqiqətən də zülmətdir,

Əgər orda heç bir cəhd yoxdursa.

Hər hansı cəhd biliksiz kordur.

Hər hansı bilik də zəhmətsiz mənasızdır.

Əgər məhəbbət yoxdursa zəhmət də puçdur.

Yalnız məhəbbətlə işləyəndə siz özünüzü özünüzlə, digərləri ilə və Allahla bağlamış olursunuz.

Bəs məhəbbətlə işləmək nə deməkdir?

Bu, ürəklə əyirilən saplarla paltarı elə toxumaqdır ki, sanki onu sev­giliniz geyinəcəkdir.

Bu, evi elə bir hisslə tikməkdir ki, sanki onun içində sevgiliniz ya­şayacaqdır.

Bu, toxumları elə şəfqətlə səpmək və məhsulu elə sevinclə yığ­maq­dır ki, sanki sevgiliniz yeyəcək bu meyvələri.

Bu, yaratdığınız hər bir əşyanı öz ruhunuzla doldurmaq,

bütün müqəddəslərin ətrafınızda duraraq sizi müşahidə etdiyini bil­mək deməkdir.

Çox vaxt eşidirəm ki, yuxulu-yuxulu belə danışırsınız:

Mərmərlə işləyən öz qəlbinin formasını daşda tapan torpağı şum­­layan sadə əkinçidən daha yüksəkdir.



Göy qurşağını kətana köçürə bilən bizim ayaqlarımız üçün çarıq to­xu­yandan daha artıqdır.”

Lakin mən sizə deyirəm, özü də yuxulu yox, günorta ayıqlığında.

Külək kiçicik bir otla nəhəng palıddan daha az nəzakətlə da­nış­mır.

Həqiqətən o kəs böyükdür ki, küləyin səsini məhəbbətin­dən şirin­ləş­miş nəğməyə çevirə bilir.

Zəhmət – görünən məhəbbətdir.

Əgər məhəbbətlə işləyə bilmirsinizsə və iş sizdə ikrah ya­ra­dırsa, yaxşı olar ki, işi dayandırasınız və məbədin qapılarının ağzında oturub sevinclə işləyənlərdən sədəqə istəyəsiniz.

Zira, çörəyi biganəliklə bişirirsinizsə, deməli, dadsız çörək bi­şi­rir­siniz, insanın aclığını da doyurmaz.

Üzümü də narazılıqla sıxırsınızsa, sizin narazılığınız zəhər olub şə­rabınıza qarışacaq.

Siz lap mələk kimi oxusanız belə, əgər oxumağınızda eşq yox­dursa, yalnız gündüzün və gecənin səsini batırmış olur­su­nuz”.


Sevinc və kədər
Daha sonra bir qadın dilləndi: “Sevinc və Kədərdən danış bizə”.

O, cavab verdi:

Sizin sevinciniz üzündən maskası düşmüş kədərinizdir.



O quyudan ki, sizin gülüşünüz yüksəlir, onu dəfələrlə doldurmu­su­nuz göz yaşlarınızla.

Və başqa cür də necə ola bilər axı?

Kədər içinizi nə qədər dərin qazıbsa, varlığınız bir o qədər se­vinc tuta bilər.

İçinə şərab süzdüyünüz piyalə, həmin o piyalə deyilmi ki, du­lus­çu sobasında bişirilib əvvəlcə?

Məgər ruhunuzu oxşayan bu ud, həmin o ağac deyilmi ki, əv­vəl­cə bıçaqlarla oyulub?

Sevinəndə ürəyinizin dərinliyinə boylanın və onda görərsiniz ki, si­zə indi sevinc gətirən əvvəl sizi kədərləndirərdi.

Kədərlənəndə yenə ürəyinizin dərinliyinə boylanın və gö­rə­­cək­si­niz ki, əslində indi yasını tutduğunuz əvvəl sizin heyrət mənbəyiniz idi.

Bəziləriniz: “Sevinc kədərdən artıqdır,” digərləriniz isə: “Yox, kə­­dər daha böyükdür,”– deyəcək.

Lakin mən sizə deyirəm: onları ayırmaq olmaz.

Onlar birlikdə gəlirlər. Əgər biri indi səninlə süfrə başın­da­dırsa, əmin ol ki, digəri çarpayında dincəlir.

Həqiqətdə siz tərəzinin oxu kimisiniz – öz kədəriniz və sevinciniz ara­sında. Yalnız boş olanda sakitləşir, tarazlıqda olursunuz.

Hər dəfə Xəzinədar öz qızıl-gümüşünü sizdə çəkmək istəyəndə, si­zin sevinc və kədəriniz qalxır-düşür”.

Evlər
Bir bənna qabağa çıxaraq söylədi: “Evlərdən danış bizə”.

O, belə cavab verdi:

Şəhər divarları arasında ev tikəndə təsəvvür edin ki, vəhşi tə­bi­ə­tin ortasında bir alaçıq tikirsiniz.



Daxilinizdəki qərib yolçu alatoranlıqda evini axtaranda onu ta­pa bilsin.

Eviniz sizin genişlənmiş bədəninizdir.

O, günəş altında böyüyür və gecənin sakitliyində uyuyur. Əlbət­tə, onun da öz yuxuları var.

Elə bilirsiniz, eviniz yuxu görmür? Yuxularında şəhəri tərk edə­rək meşəliyə, yaxud təpənin başına səyahət etmir?

Kaş ki, yığa biləydim evlərinizi ovcuma. Onda mən bir səpinçi ki­mi səpələyərdim onları meşələrə, düzlərə.

Onda vadilər sizin küçələriniz, yaşıl cığırlar isə xiya­ban­la­rınız olar­­dı. Siz bir-birinizi üzümlüklərin arasında axta­rar­dı­nız və gələndə pal­tarlarınızda torpağın qoxusunu gətirərdiniz.

Amma bunun vaxtı hələ gəlib çatmamışdır.

Əcdadlarınız qorxularından bir-birlərinə çox sıx yaxın­laş­mış­lar.

Bu qorxu hələ bir müddət çəkəcək. Bu qala divarları hələ bir müd­­dət də ocaqlarınızı çəmənlərinizdən ayıracaq.

Deyin mənə, ey Orfalesin camaatı, bu evlərdə nəyiniz var? Bağlı qa­pılar arxasında qoruduğunuz nədir axı?

Orda qüdrətinizin nişanəsi olan sülh və sakitlik varmı?

Orda xatirələriniz – insan idrakının zirvələrini bir-birinə bağla­yan sayrışan tağlar – varmı?

Orda elə bir gözəllik varmı ki, taxtadan və daşdan düzəl­dil­miş əş­yalardan ayırıb ürəyi müqəddəs dağa doğru yönlən­dir­sin?

Deyin görüm, bütün bunlar evlərinizdə varmı?

Yoxsa siz ancaq rahatlığa və rahatlıq hərisliyinə ma­lik­si­niz? Bu, giz­lincə evinizə qonaq kimi daxil olur, sonra ona yi­yə­lə­nir və nəhayət, ağa­sına çevrilir.

Hə, o, bir heyvan təlimçisinə çevrilərək, qarmaq və qamçı ilə si­zin ən böyük ehtiraslarınızı özünə ram edir.

Əlləri ipək kimi olsa da, onun ürəyi dəmirdəndir.

O, sizi ona görə yuxuya verir ki, çarpayınızın başında durub cis­mi­nizin ləyaqətini ələ sala bilsin.

O, sizin sağlam hisslərinizə rişxənd edərək onları saxsı qablar ki­mi qanqallığa tullayır, mənasızlaşdırır.

Beləcə, rahatlıq həvəsi qəlbin qüdrətini məhv edərək onun dəf­nin­də irişə-irişə addımlayır.

Lakin sizə – fəzanın övladlarına, yuxularında belə din­cəl­mə­yən­lə­rə – nə tələyə düşmək, nə də əhliləşmək yarayar.

Lövbər yox, dor ağacı olmalıdır sizin eviniz.

O, yaranı gizləyəcək parıltılı lent yox, gözləri qoruyan göz qa­pa­ğı olmalıdır.

Qapıdan keçə bilmək üçün qanadlarınızı yığmayın, tavana dəy­mə­­sin deyə başınızı aşağı əyməyin, divarlar çatlayıb dağılacaq deyə nə­­fəs almaqdan qorxmayın.

Ölülərin dirilər üçün yaratdığı məzarlıqda yaşamaq sizə ya­raş­maz.

Necə gözəl və zəngin olsa belə eviniz, o nə sizin sirrinizi gizləyə bi­ləcək, nə də həsrətinizə sığınacaq olacaq.

Zira, daxilinizdəki sonsuzluq qapıları sə­hər dumanından, pəncə­rə­ləri isə nəğmələrdən və gecənin sakitliyindən ibarət göy sarayına sığa bilər yalnız”.
1   ...   4   5   6   7   8   9   10   11   ...   21


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə