Referat. Mövzu: Sadə hökmlər. Bakı 2011. Plan. Səh




Yüklə 72.74 Kb.
tarix21.04.2016
ölçüsü72.74 Kb.
Azərbaycan Respublikası Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyası.

Fəlsəfə və sosial psixologiya kafedrası.

Fənn:Məntiq.Arqumentasiya nəzəriyyəsi.

Müəllim:Dos.Şəfaət Abdullayeva.


Tələbə:Ləman Xəlilova.
Qrup:101.

Referat.


Mövzu: Sadə hökmlər.

Bakı 2011.

Plan.
Səh:

Giriş ........................................................ 3
Fəsil 1: Hökmün ümumi səciyyəsi................. 4 – 5
Fəsil 2: Sadə hökmlər və onların növləri........ 7 – 10

Fəsil 3: Sadə hökmlərdə terminlərin ehtiva

olunması............................................11 – 13


Nəticə ............................................................. 13

İstifadə olunmuş ədəbiyyat siyahısı ............... 14

Giriş.
Hər bir insan hansı dövrdə yaşamasından asılı olmayaraq, daim həqiqətə qovuşmağa, təbiət və cəmiyyət haqqında, habelə beyində gedən təfəkkür prosesləri haqqında daha çox biliyə malik olmağa can atır.Bununla əlaqədar olaraq da bəşəriyyət yarandığı gündən indiyə kimi bir çox sınaqlara məruz qalmış, lakin hər dəfə onlardan uğurla çıxaraq, öz idrakını genişləndirmək üçün yeni – yeni metodlar kəşf etmişdir.Bu kəşflərdə XX əsrin xüsusi yeri vardır.Belə ki, insan zəkasının hüdudlarını qeyri – adi dərəcədə genişləndirən elmi kəşflər, modelləşdirmə və riyazi metodların,EHM və gen mühəndisliyi metodlarının geniş miqyasda tətbiqi bu dövrün məhsuludur.İnsan təfəkkürünün malik olduğu metodlar və vasitələr nə qədər zəngin olursa, onlardan səmərəli istifadə edilməsi zərurəti də bir o qədər artır.Bu vəzifənin uğurlu həlli isə düzgün təfəkkürün forma və qanunlarını öyrədən məntiq elmindən kənarda qeyri – mümkündür.Beləliklə, məntiqdən danışarkən ilk öncə onun tərifinə nəzər salmaq və predmetinin nə olduğunu aydınlaşdırmaq lazımdır.Çünki elmin predmetini bilmədən onun haqqında mühakimə yürütmək özü də məntiqi cəhətdən səhvə aparıb çıxara bilər.

Beləliklə, məntiqin predmetinə aşağıdakı kimi tərif vermək olar:

Məntiq düzgün təfəkkürün forma və qanunlarını öyrənən fəlsəfi elmdir.

Məntiqi təfəkkür bu və ya digər şəxsə öz mühakimələrinin doğruluğunu, sübut etmək, başqalarının fikirlərini düzgün qiymətləndirmək, onlardakı yalanı aşkara çıxarmaq imkanı verir.Deyilənlərdən aydın olur ki, formal məntiqi bilmək profilindən asılı olmayaraq, demək olar ki, bütün peşə sahiblərinin intellektual səviyyəsinin ayrılmaz komponentinə çevrilməkdədir.

Beləliklə, fərdi işimin mövzusu mücərrəd təfəkkürün formalarından birinə aiddir.Qeyd edək ki, mücərrəd təfəkkürün formalarından söhbət getdikdə üç başlıca forma ( anlayış, hökm, əqli nəticə ) nəzərdə tutulur.

Beləliklə, aşağıdakı fəsillərdə fərdi işimin mövzusuna uyğun olaraq, mücərrəd təfəkkürün formalarından biri olan hökmlərdən,daha da dəqiqləşdirsək, sadə hökmlərdən bəhs edəcəyəm.



Fəsil 1: Hökmün ümumi səciyyəsi.

Bizi əhatə edən obyektiv gerçəkliyi dərk etməyin əsas formalarından biri hökmdür.İnsan maddi aləmi və onun qanunauyğunluqlarını öyrənərkən cisimlər və onların əlamətləri arasındakı əlaqəni üzə çıxarır və müxtəlif hadisələrdəki münasibəti müəyyən edir.Bu əlaqə və münasibətlər bəşər təfəkküründə məfhumların əlaqəsini ifadə edən hökm formasında əks olunur.



Hökm – maddi gerçəklikdəki cisim və hadisələrin hər hansı əlamətini, xassəsini, onların başqa cisimlərlə, hadisələrlə əlaqəsini, meydana gəlməsini və inkişaf qanunauyğunluqlarını təfəkkürümüzdə əks etdirən iqrari, yaxud inkari fikirdir ki, bu fikir doğru və yalan ola bilər.

Deməli, hökm konkret cisim və hadisələr arasındakı real əlaqələri, münasibətləri əks etdirir. Məsələn, “Bakı şəhəri Abşeron yarımadasında yerləşir”, “K.Marks və F.Engels bəşəriyyətin azadlığa çıxması uğrunda birgə mübarizə aparmış möhkəm əqidə dostları idi” hökmlərində real əlaqələr əks olunmuşdur.Birinci hökmdə “Bakı” və “Abşeron yarımadası” anlayışı arasındakı real əlaqədən, ikinci hökmdə isə proletariatın inqilabı nəzəriyyəsinin banilərindən olan iki şəxsin əqidə dostluğundan, onların fikirləri arasındakı real münasibətlərin eyniliyindən söhbət gedir.

Hökmün çox mühüm xassəsi, onun iqrari (təsdiqedici) və ya inkari (rəddedici) formada olmasıdır.Məsələn, “Buzqıran gəmilər mövcudur”, “Vəli xalq deputatıdır” hökmləri iqrari, “Bəzi adamların ali təhsili yoxdur”, “Mələklər ölümlü deyil” hökmləri isə inkari hökmdür. “Məntiq dil haqqında dildir, şeylər və hadisələr haqqında dil deyil”1 hökmündə isə biz hər iki formadan istifadə edildiyini görürük.

Hökmlərin ümumi səciyyəsini verərkən, onların həqiqi və ya yalan ola bilməsi xüsusi qeyd olunmalıdır.



Hökmün həqiqiliyi dedikdə, burada ifadə olunan fikrin real həyatdakı əlaqə və münasibətlərə uyğun gəlməsi, onların mütabiq əks etdirilməsi başa düşülür.Məsələn, “Bütün insanlar ölümlüdürlər”.Həqiqi hökmlər həm də inkari ola bilir.Məsələn, “Səbəbsiz hadisə yoxdur”.

Əgər hökm gerçəklikdə mövcud olmayan əlaqələri ifadə edirsə və ya real mövcud olan əlaqələri inkar edirsə, onda bu yalan hökm adlanır.Məsələn, “Oğurluq cinayət deyildir”.

Hökmün strukturuna gəldikdə isə qeyd etməliyik ki, o, aşağıdakılardan ibarətdir.


  1. Hökmün subyekti – onun predmetini əks etdirən anlayış.

  2. Predikat – subyekt haqqında söylənilən fikir.

  3. Məntiqi bağlayıcı – hökmdə subyekt və predikatı birləşdirən üzv.

  4. Kvantor – subyektin həcmini göstərən söz (“bəzi”, “bütün”, “heç bir”).

Hökm cümlə ilə sıx vəhdətdədir.Cümlə hökmün dildə ifadə olunan formasıdır.Lakin hökm ilə cümlələri tam eyniləşdirmək olmaz.Onlar arasında aşağıdakı fərqlər mövcuddur.

  1. Hər bir hökm cümlə olduğu halda, hər bir cümlə hələ hökm deyildir.Nida və əmr bildirən, habelə sual bildirən cümlələr hökm deyildir,çünki onlar informasiya vermir.Professor İ.Andreyev yazır ki, “əgər cümlədə sual və yaxud hər hansı arzu, niyyət ifadə olunursa, onda o, ola bilər ki, heç bir hökmü ifadə etməsin”.2Lakin İ.Andreyevin bu fikri ilə razılaşmaq çətindir, çünki ritorik sual cümlələri istisnalıq təşkil edir, onlar hökmdür.Məsələn, “Kim öz xalqının keçmişi ilə fəxr etməz?”.

  2. Hökm öz məzmununa görə ümumbəşəridir.Buna görə də eyni bir hökm müxtəlif milli dillərdə bir – birindən fərqli cümlələrdə ifadə olunur.

  3. Eyni hökm qrammatik cəhətdən müxtəlif cümlə şəklində ifadə olunur.

  4. Cümlə ilə hökmün tərkibi tam üst – üstə düşməyə bilir.Məsələn, “İşıqlaşır.”

  5. Cümlə sabit qrammatik formada olduğu halda, vurğu ilə onun ifadə etdiyi hökm dəyişdirilə bilər.

İ.Kant özünün “Məntiq elmi” kitabında cümlə ilə hökmün fərqini belə izah edir: “Mühakimə cümlədən fərqlənir; cümlədə subyektin elə tərifləri var ki, onlar subyektə münasibətdə ümumilik xarakteri daşımırlar. Məsələn, "Sezar Romada filan ildə anadan olmuşdur, Qalliyada on illər müharibə etmişdir, Rubikonu keçmişdir” və i. a. – bütün bunlar mühakimə yox, cümlələrdir. "Mən bu gün yaxşı yatdım" və ya "Silaha düzlən" və i. a. kimi cümlələrin mühakimə forması ala bildiyini təsdiq etmək də tamamilə mənasızdır. Yalnız o halda "Karet yaxından keçir" cümləsi mühakimə, məhz subyektiv mühakimə ola bilərdi ki, yaxından keçən predmetin karet olduğuna yaxud predmetin və ya onu müşahidə etdiyimiz məntəqənin hərəkətinə şübhə edilsin, deməli, yalnız hələ müəyyənləşməmiş təsəvvür üçün tərif tapmağa can atdıqda sözü gedən cümlə subyektiv mühakimə ola bilər”.3

Bütün bu deyilənlərdən aydın olur ki, hökm ilə cümlə ayrılmaz vəhdətdə olsa da, onların biri təfəkkür forması, digəri isə dil vahididir.Ona görə də onlar arasında fərqlər mövcuddur və bu fərqlər nəzərə alınmalıdır.



Fəsil 2:Sadə hökmlər və onların növləri.

Hökmlər sadə mürəkkəb olmaqla iki növə bölünür.

İki anlayış arasında əlaqəni ifadə edən hökmə sadə hökm deyilir.Məsələn, “Məntiq elmdir”, “Cəfər sürücüdür”.Mürəkkəb hökmlər isə bir neçə sadə hökmü birləşdirir.

Sadə hökmlərin özü də aşağıdakı üç yerə bölünür.



1) Atributiv ( xassə, əlamət sözündəndir ) hökmlər.Atributiv hökm predmetin əlaməti haqqında fikirdir.Burada müəyyən xassənin, əlamətin və halın predmetə məxsus olması iqrar və ya inkar edilir.Məsələn, “Bakı şəhəri “qara qızıl” diyarıdır”, “İnsan şüurludur” və s.Atributiv hökmlərin formulu belədir: “S – P-dir” S – P deyil”.

S hökmün subyektini, yəni hökmün predmeti haqqındakı məfhumu, P isə hökmün predikatını, yəni hökmün predmetinin əlaməti haqqındakı məfhumu ifadə edir.

Atributiv hökmlərin subyekt və predikatı onun terminləri adlanır.Lakin əsas məna yükü predikatın üzərinə düşür.Onlardan əlavə hər bir atributiv hökmdə bu terminləri birləşdirən məntiqi bağlayıcı vardır.Bunlar hökmün zəruri ünsürüdür.

Atributiv hökmlər həm də qəti hökmlər adlanır.Çünki onlar aydın, birmənalı xarakter daşıyır.Qəti hökmlərin aşağıdakı kimi bölgüsü mövcuddur.
Qəti hökmlər.

1.Keyfiyyətə görə. 2.Kəmiyyətə görə. 3. Keyfiyyət və kəmiyyətə görə.



Ümumi iqrari → A

İqrari İnkari fərdi ümumi xüsusi Ümumi inkari→ E



Xüsusi iqrari → İ

ayırıcı istisnaedici Xüsusi inkari → O

fərdi ümumi xüsusi


1.Öz keyfiyyətinə görə qəti hökmlər iqrari və inkari növlərə ayrılır.

Müəyyən bir əlamətin predmetə mənsub olduğunu bildirən hökmlərə iqrari hökmlər deyilir.Məsələn, “Vəli xalq deputatıdır”.

Müəyyən bir əlamətin predmetə xas olmadığını göstərən hökmlərə isə inkari hökmlər deyilir.Məsələn, “Müstəqil respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz”.

2.Hökmlərin kəmiyyətə görə bölgüsü onların öz həcminə görə müxtəlifliyini göstərir.Bu cür bölgü onunla izah edilir ki, hökmdə ifadə olunan iqrari və ya inkari fikir ayrıca bir predmetə, müəyyən predmetlər qrupuna və bütünlükdə sinfə aid edilə bilər.Beləliklə, hökmlər öz kəmiyyətinə görə fərdi, xüsusi və ümumi hökmlərə bölünür.



Fərdi hökmlər bu və ya digər xassənin müəyyən predmetə aid olub – olmadığını iqrar və ya inkar edən fökmlərə deyilir.Məsələn, “Aristotel məntiq elminin banisidir”.

Formulu:“Bu S – P-dir”, “Bu S – P deyil”.



Xüsusi hökmlər elə hökmlərə deyilir ki,onlarda söylənilən iqrar və ya inkar predmetlər sinfinin müəyyən qisminə aid olur.Məsələn, “Bəzi təhsil alanlar Azərbaycanlıdır”. Formulu: “Bəzi S-lər P-dir”, “Bəzi S-lər P deyil”.

Müəyyən sinfə daxil olan bütün predmetlər haqqında nəyisə iqrar və ya inkar edən hökmlərə ümumi hökmlər deyilir.Məsələn, “Bütün insanlar ölümlüdürlər”, “Heç bir delfin balıq deyil”. Formulu: “Bütün S-lər P-dir”, “Heç bir S – P deyil”.

Hökmlərin ümumi təsnifatında ayırıcı və istisnaedici hökmlər xüsusi yer tutur.

Ayırıcı hökmlər öz kəmiyyətinə görə fərdi, xüsusi və ümumi olur.Məsələn, “Yanız Cəfər bu hadisənin şahididir” hökmündə bu hadisənin şshidliyi əlamətinin yalnız Cəfərə məxsus olduğu göstərilir.Bu, fərdi ayırıcı hökmdür.

Formulu: “Bu S və yalnız bu S – P-dir”.Belə hökmlərdə subyekt və predikat həcm etibarilə üst-üstə düşür.

Ayırıcı hökmlərin xüsusi növü, haqqında söhbət gedən əlamətin məhz predmetlər qisminə mənsub olub – olmadığını göstərir.Məsələn, “Yalnız bəzi cinayətkarlar residivistlər adlanır”.Belə hökmlərdə predikat tam şəkildə subyektin həcminə daxil olur.Formulu: “Bəzi S-lər və yalnız onlar P-dir”.

Ümumi ayırıcı hökmlərdə subyekt və pradikat həcm etibarilə üst – üstə düşür.Məsələn, “Bütün cinayətlər və yalnız onlar ictimai təhlükəli hərəkətdir”.

Formulu: “Bütün S-lər və yalnız onlar P-dir”.

Atributiv hökmlərin növlərindən biri də istisnaedici hökmlərdir.Bu hökmlər əlamətin predmetlərin müəyyən hissəsini istisna etməklə, bütün qalan qisminə aid olub – olmamasını ifadə edir.Məsələn, “Bütün məhkəmələrdə istintaq işi dövlət sirlərinin mühafizəsi mənafeyi ilə ziddiyyət təşkil etdiyi hal istisna olmaqla açıq aparılır”.4

3.Yuxarıda göstərildiyi kimi, hər bir hökmün kəmiyyət və keyfiyyəti vardır, onlar bir – biri ilə sıx əlaqəlidir.Buna görə də məntiqdə hökmlərin kəmiyyət və keyfiyyətə görə birgə təsnifatından geniş istifadə olunur.Onun növlərini asan yadda saxlamaq üçün aşağıdakı hərflərlə işarə olunur:

A – ümumi iqrari, İ – xüsusi iqrari (latınca “iqrar edirəm” mənasını verən “affirmo” sözünün işarələnmiş saitlərinin adı ilə), E – ümumi inkari, O – xüsusi inkari (latınca “inkaredici” mənasını verən “neqo” sözünün işarələnmiş saitlərinin adı ilə).

1) Ümumi iqrari hökmlər.Bu hökmlər eyni vaxtda həm ümumiliyi, həm də iqrariliyi əks etdirir.Məsələn, “Bütün mütallar kimyəvi elementdir”.

Simvolik işarəsi: “Bütün S-lər P-dir”.



  1. Xüsusi iqrari hökmlər.Bu hökmlər eyni vaxtda xüsusiliyi və iqrariliyi ifadə

edir.Məsələn, “Bəzi şəhərlər paytaxtdır”.

Simvolik işarəsi: “Bəzi S-lər P-dir”.

3) Ümumi inkari hökmlər.Bu hökmlər eyni vaxda ümumiliyi və inkarlılığı əks etdirir.Məsələn, “Heç bir hadisə səbəbsiz deyil”.

Simvolik işarəsi: “Heç bir S – P deyil”.

4) Xüsusi inkari hökmlər.Bu hökmlər eyni vaxtda xüsusiliyi və inkarlılığı bildirir.Məsələn, “Bəzi alimlər savadlı deyil”.

Simvolik işarəsi: “Bəzi S-lər P deyil”.


2) Sadə hökmlərin digər növü relyativ (münasibət bildirən) hökmlərdir.Adından göründüyü kimi, buraya predmetlər arasındakı bərabərlik, qohumluq, səbəbiyyət, məkan – zaman və s. münasibətləri ifadə edən hökmlər daxildir.Məsələn, “A – B-yə bərabərdir”, “Əxlaq hüquqdan əvvəl yaranmışdır”,”Sərxoşluq bir çox cinayətlərin səbəbidir”.Münasibət bildirən hökmlər aşağıdakı formada yazılır: a R b (burada a və b pradmetlərin adlarını, R isə latınca “nisbi” mənasını verən “relativus” sözünün hərfi olub onlar arasındakı münasibəti bildirir). Yuxarıdakı düstur belə oxunur: a b-yə R münasibətindədir.İnkarda isə bu cür yazılır: ┐(xRy).Oxunuşu : x-in y-ə R münasibətində olması doğru deyildir.

3) Ekzistensial (Mövcudluq bildirən) hökmlər – onunla səciyyələnir ki, burada hökmün predmetinin mövcud olub – olmaması faktı ifadə olunur.Məsələn, “Atom buzqıran gəmisi vardır”, “Səbəbsiz hadisə yoxdur”.

Beləliklə, biz bu fəsildə sadə hökmlərin növlərindən bəhs etdik.Bütün bu deyilənləri ümumiləşdirərək deyə bilərik ki, sadə hökmlər üç yerə bölünür:

1.Atributiv hökmlər. 2.Relyativ hökmlər. 3.Ekzistensial hökmlər.

Bu bölgünün əsasında da hökmün predmetə xas olan əlaməti, mövcudluq faktını və ya predmetlər arasındakı münasibəti ifadə etməsi durur.




Fəsil 3:Sadə hökmlərdə terminlərin ehtiva olunması.

Bildiyimiz kimi, subyekt və predikat sadə hökmlərin əsas struktur elementləri olub onun terminləri adlanır.Hər bir hökmdə terminlər ya ehtiva olunur, ya da ehtiva olunmur.Termin o vaxt ehtiva olunmuş hesab olunur ki, o tam həcmdə götürülsün.Əgər bu və ya digər termin tam həcmdə deyil, qismən ifadə olunursa, onda deyilir ki, “termin ehtive olunmamışdır”.İndi isə hökmlərin dörd növünün hər birində terminlərin ehtivalılığını ayrı – ayrılıqda nəzərdən keçirək.



1.Ümumi iqrari hökmlərdə (A) subyekt və predikat eynimənalıdırsa, onda terminlərin hər ikisi də ehtiva olunur.Bu hal ümumayırıcı hökmlərdə və mütənasib xarakterli tərif hökmlərdə özünü göstərir.Məsələn, “Bütün insanlar (S) şüurludur (P)”. Belə hökmləri dairələrlə aşağıdakı kimi göstərmək olar.





1. 2.
2.Əgər A tipli hökmlərdə subyekt və predikat tabeli münasibətdədirsə,

subyekt ehtiva olunur, predikat isə ehtiva olunmur.Məsələn, “Bizim qrupun bütün tələbələri (S) məntiq imtahanı verəcəklər (P)” hökmündə subyekt tam həcmdə götürülür, yəni qrupun bütün üzvləri əhatə olunur.Predikat isə ehtiva olunmamışdır, çünki bu qrupda məntiq imtahanı verənlər bütün adamlar deyil, yalnız bizim qrupun tələbələridir.Predikatın həcmi isə subyektin həcmindən götürüldüyü üçün subyekt predikata həcm etibarilə tam daxil olmur.




3.Xüsusi iqrari hökmlərdə (İ) subyekt və predikat kəsişirsə, hər iki termin ehtiva olunmur.Məsələn, “Bəzi məktəblilər (S) idmançıdır (P)”.

3. 4.



4.Əgər İ tipli hökmlərdə münasibət tabelidirsə, bu zaman subyekt ehtiva olunmur, predikat isə olunur.Məsələn, “Bəzi heyvanlar (S) vəhşidirlər (P)”.

5.Ümumi inkari hökmlərdə (E) həm subyekt, həm də predikat tam həcmdə götürülür.Ona görə də hər ikisi ehtiva olunur.Məsələn, “Bütün balıqlar (S) balina deyil (P)”.

5.
6.Xüsusi inkari hökmlərdə (O) terminlər kəsişirsə, subyekt ehtiva olunmur,predikat isə ehtiva olunur.Məsələn, “Qrupumuzun bəzi tələbələri (S) əlaçı deyil (P)”.



7.Əgər O tipli hökmlərdə terminlər tabelidirsə, predikat ehtiva olunur, subyekt isə ehtiva olunmur.Məsələn, “Bəzi heyvanlar (S) vəhşi deyil (P)”.

6. 7.



Sonda belə nəticəyə gəlirik ki, ümumi hökmlərdə ( A və E) subyekt ehtiva olunur, xüsusi hökmlərdə (İ və O) isə olunmur.Predikat isə inkari hökmlərdə (E və O) ehtiva olunur, iqrari hökmlərdə (A və İ) ehtiva olunmur.
Nəticə: Beləliklə, biz bu fərdi işdə hökmlərdən, onların növlərindən,xüsusən də sadə hökmlərdən danışdıq.Sonda bütün bu dediklərimizi ümumiləşdirərək belə bir nəticəyə gəlirik ki, hökmün tərifinin dərki prosesi adətən məntiqdə işlənən mühakimənin növlərini əlaqələndirir və onlara anlam verir. Müxtəlif hökmlərə zərurət olaraq bir-birindən irəli gələn hökmlər kimi və anlayışın ardıcıl tərifləri kimi baxılmalıdır, çünki mühakimənin özü müəyyən anlayışdan yaxud anlayışın müəyyənliyindən başqa bir şey deyil. Mühakimə adətən anlayışların və həm də müxtəlif anlayışların birləşməsi kimi başa düşülür. Bu anlamada doğru olan odur ki, anlayış, şübhəsiz ki, mühakimənin ilkin şərtidir və mühakimədə fərqlilik formasında çıxış edir.Sonda Kantın belə bir fikrini bildirmək istərdim. “ Mühakimə, adətən yalnız özünü dərk edən təfəkkürdə yeri olan subyektiv əməliyyat və forma kimi götürülür. Ancaq məntiqdə hələ bu fərq yoxdur və mühakimə belə bir tamamilə ümumi anlamda götürülməlidir ki, bütün şeylər mühakimədirlər, yəni özündə ümumiliyə və ya iç təbiətə malik təkcələrdir, yaxud başqa sözlə, onlar fərdiləşmiş, təkcələşmiş ümumidirlər; onlarda ümumilik və təkcəlik bir-birindən fərqlidir və eyni zamanda eyniyyətdədir”5.

İstifadə olunmuş ədəbiyyat siyahısı:


  1. Z.Hacıyev. “Məntiq”.Bakı 2007.




  1. M.M.İsrafilov. “Məntiq”.Bakı 1987.




  1. G.F.Hegel. “Məntiq elmi”.Fəlsəfə elmləri ensiklopediyası.1 – ci cild.Bakı 2005.




  1. Dos.Ş.Abdullayevanın mühazirə mətnləri.




  1. Мышление и язык. M., 1957.




  1. И.Андреев.Пути и трудности познания.M.,1968.




  1. В.И.Кириллов, А.А.Старченко.Логика.1982.




1 Мышление и язык. M., 1957, səh.29 a.

2 И.Андреев.Пути и трудности познания.M.,1968, səh.101.

3G.F.Hegel. “Məntiq elmi”.Fəlsəfə elmləri ensiklopediyası.1 – ci cild.Bakı 2005.

4 В.И.Кириллов, А.А.Старченко.Логика.1982.səh.70 – 71.

5G.F.Hegel. “Məntiq elmi”.Fəlsəfə elmləri ensiklopediyası.1 – ci cild.Bakı 2005.





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə