Prof. Dr.; Gürcistan uyruklu; Ardahan Üniversitesi öğretim üyesi




Yüklə 0.67 Mb.
səhifə4/9
tarix22.02.2016
ölçüsü0.67 Mb.
1   2   3   4   5   6   7   8   9

Yüzilin başlarında Gəncə–Qarabağ bəylərbəyisi Ziyadoğlu Uğurlu Xan ləşgər toplayıb Borçalı'ya hücum çəkdi, Ağcaqala'da istehkam qurdu. Bu yandan da Gürcüstan valisi, sonralar Müsəlmanlaşıb Hüseynqulu Xan kimi tanınmış olan VI Vaxtanq buraya qoşun yeritdi. Qarağac (Kaxet) hakimi Konstantin (Məhəmmədqulu Xan) Borçalıların tərəfini saxladı. Şüləver'də Qarabağ–Borçalı döyüşçülərilə Vaxtanq'ın oğlu Vaxuşti'nin sərdarlıq etdiyi Gürcü qoşunu savaşdılar. Salnamədə oxuyuruq ki, Vaxuşti'nin İmer əsgərləri Borçalı tayfalarına divan tutdular, amma Borçalı xanı Ağcaqala'dan çıxmadı. Yazarı bilinməyən Ermənicə xronikada deyilir ki, Məhəmmədqulu Xan Sınıq Körpü'də Vaxtanq'ı məğlub edib öz diyarına qayıtdı.

1723-cü (h. 1135) ildən burada Osmanlılar hakim oldular, Kaxet–Kartli valisi Məhəmmədqulu Xan Tiflis qalasının açarlarını davasız Ərzurum paşasına verdi, Narınqala'da Osmanlı qarnizonu yerləşdirildi. Borçalı tərəflər də Qazax'la, Şəmşəddil'lə birlikdə Osmanlılara tabe Tiflis vilayətinə daxil edildi. Bu çağlar Ağcaqala'da oturan Borçalı xanı Baratlı-Somhut tavadı Ərəsti Qaplanişvili-Orbelişvili'nin işinə də göz qoyurdu. (Sözgəlişi: Dmanis-Cambulat vadisində və başqa yerlərdə həmən vaxtlar Tiflis zərbxanasında kəsilmiş Osmanlı altunları, onluq, beşlik, gümüş pulları tapılmışdır).

Saray salnaməçisi Sexnia Çxeidze'nin əsərindən və başqa qaynaqlardan: 1730-cu il iyunun 10-da Şirvan hakimi Surxay Xan'ın (Çolağ Surxay'ın) Ləzgi qoşunu Baratlı'yı başdan-ayağa, Ksiyə qıyılarını, Dmanis'dən aşağıkı torpaqları çapıb taladı. O il Carlılar da Bolnis'i və başqa yerləri qarət etdilər, çoxlu əsir, mal-qara apardılar. Tiflis'ə xəbər çatdı, İsaq Paşa Osmanlı-Gürcü qoşunuyla onları Baydar'da yaxaladı, şiddətli döyüş getdi, paşa qalib gəldi, Ləzgilər pərən-pərən düşdülər. 1732-də də Ləzgilər buralara həmlə edib qənimətlər apardılar.

O dönəm olaylarının tanığı Papuna Orbeliani 1723–35-li illəri “Osmanlılıq”, 1735–47-li illəri “Qızılbaşlılıq” deyə səciyələndirmişdir.

1734-də Osmanlı sərdarı Abdulla Paşa'nın qoşunu Gəncə'dən gəlib, Sınıq Körpü'dən keçib irəlilədi, Loru qalasında dayandı.

1735-də buraya Qızılbaşlar gəldilər, Teymuraz'ın və onun məsləkdaşlarının çağırışıyla İran hakimi Nadir buraya qoşun göndərdi, onun kiçik qardaşı İbrahim Xan'ın sərəsgərliyilə bu qoşun Borçalı'ya yürüş etdi, Alagöz dağında Abdulla Paşa'yı yendi, sərdar Aslamaz Xan Qızılbaş ləşgəriylə Tiflis'ə girdi, Nadir özü buraya gəldi, Səfi Xan'ı (Xançal Xan'ı) bu yerlərə müvəkkil qoydu, Osmanlılarla mücadilədə onun tərəfində durduqlarına görə Gürcülərə rəğbətlə yanaşdı, Osmanlıları qovdu, sədaqətli tayfalardan yaxın adamlarını, o sıradan özünün mənsub olduğu Ambarlı tayfasından qohumlarını Borçalıəya gətirdi, qarşılığında 1735-in noyabrında Dəmirçihasanlı ellərindən 12 min nəfər sayseçmə sənətkarı ana vətəni Xorasan'ın Sərgah mahalına köçürdü, Dəmirçihasanlı'lardan bir qismi Qarağac'a qaçmağa macal tapdı, Telav yaxınında beş kənd salındı. Səfi Xan'ın yerinə Gəncəli Uğurlu Xan keçdi. Ancaq 1738-də Uğurlu Xan Ləzgilərlə savaşda qətlə yetiriləndən sonra Səfi Xan yenidən müvəkkil oldu. 1738-in axırlarında Xızı və Car Ləzgi döyüşçüləri Baydar sultanlığına gəlib çıxdılar, talançılıq edib, çoxlu əsir, mal-qara ələ keçirdilər, bu mal-qaranın bir qismini yerli əhaliyə satdılar, qalanını özləriylə apardılar. Bu dönəmdən bəhs edən Papuna Kəpənəkçi kətxudası Mədəd'in şücaətindən ayrıntılı söhbət açmışdır. Mədəd öz evində beş Ləzginin başını kəsmişdi. Car müharibələri xronikasında deyilir ki, Azərbaycan sərdarı Əli Hacı Xan böyük qoşunla Topqarağac'dan hücuma keçib, Tiflis'lə Baydar arasındakı vilayətdə çoxlu mal-dövlət zəbt etdi, zəngin qənimətlə geri qayıtdı. (O vaxt Borçalı kələntəri Müsəlmanlaşmış Mehpəli Bəy Sitsişvili'ydi).

1742-ci (h. 1156) ilin yazında Gürcüstan'da ağır vergilərə qarşı üsyan qalxanda Nadir Şah bir tərəfdən Gürcülərin könlünü almaq, diğər tərəfdən də, onun özünü İran şahı bəyan edərkən Gəncə–Qarabağ bəylərbəyisi Ziyadoğlu II Uğurlu Xan buna qarşı çıxdığına görə ondan hayıf almaq məqsədilə 1743-də Şəmşəddil'lə, Qazax'la birlikdə Borçalı'dan da vergi toplamağı yenicə Gürcüstan valisi kimi tanıdığı, vaxtilə Səfəvi sarayında tərbiyələnmiş II Teymuraz'a havalə etdi. Əvəzində onun oğlu İrakli'yi amanat götürdü. Tarixdə belə də qeydə alınmışdır: 1743-də Nadir şaha qarşı üsyanlara başçılıq etmiş II Sam Mirzə Gürcüstan'a qaçanda Kaxet hakimi Teymuraz onu tutub şaha verdi, şah da bu xidmətə görə Qazax-Şəmşəddil'i, Borçalı'nın gündoğar tərəfini ona bağışladı. Adıgözəl Bəy: “Gəncə xanlığıyla Gürcüstan arasındakı sərhəd Sınıq körpüdən yuxarıkı Suri-daşa qədər uzanırdı... Bunlar Muğan qurultayında gizlin və aşikar olaraq son dərəcə çalışdılar ki, Səfəvilərdan başqa bir kimsə padşah olmasın və özgə bir şəxs səltənət balışına söykənməsin... Ziyadoğlanları qədim bir ocaq və böyük bir dudman olduqlarına görə Nadir şah onlara özgə bir cəza və başqa bir siyasəti rəva görmədi, Qazax və Borçalı ellərini öz xanlarıyla bərabər Gürcüstan əmirlərinə və uca mərtəbəli valinin hökmünə tabe etdi”. Mir Mehdi Xəzani, Yusif Qarabaği də belə xatırlamışlar.

İrakli şahın salnaməçisi Oman Xerxeulidze: “1744-cü ildə Nadir şah Qars'dan gəlib Borçalı'ya, Dəbəd vadisinə yetişdi, Göytəpə'də dayandı, bir neçə gün burada qaldı”. Papuna belə xatırlamış ki, Borçalı xanını Nadir şah qalaya saldı və asdırdı. Borçalı vəkili Sədli Məhəmməd Xan qoyuldu (sözgəlişi: o, İsa sultanın oğluydu, qəbri Ləcbəddin Xaccaoğlu-Çələbi məzarlığında böyük hərimdədir, başdaşından h. 1223 – m. 1807-də rəhmətə getdiyi bilinir). 1744-də Nadir şah Daşır'a yetişdi, Loru və Bölük qoşununu yendi, özü Ağcaqala'ya gəldi və burada Teymuraz şaha xələt verdi. (Kirəç-Muğanlı'dan Eyyub müəllimin dilindən Borçalı el söyləməsi: Deyir, Nadir şah öz əmələsindən bir neçə adamıyla Baydar kəndində bir qarının yolüstü qonağı olur. Qarı süddaş bişirir. Qonaqların pıçıldaşmaqlarından qulağı alır ki, bu, Nadir şahdır. Süddaş ortaya gələndə qonaqlardan başda oturan ağzı pörtləyə-pörtləyə başlayır qaşıqlamağa. Qarı deyir ki, a bala, Nadir şah kimi niyə tələsiyirsiniz? Şah dura bilməyib xəbər alır ki, Nadir tələsiyib neyləyir ki? Qarı cavab qaytarır ki, neyləyəcək, tələsiyib təndirə düşəçək, xanimanı dağılıb gedəcək də. Nadir şah söz tapa bilmir, barmağını dişləyir, sonra Sınıq körpudən keçəndə öz-özünə deyir ki, belə xalqın belə də körpüsü slar).

Nadir şah öləndən sonra özünü Təbriz'də şah bəyan edən III Sam Mirzə ilə Gürcü şahzadəsi Arçil (Abdulla Bəy) arasında Borçalı üstündə incişmə də, bağımsız dövlət qurmaq niyyətli Təbriz bəylərbəyisi Sahibi-İxtiyar ləqəbli Əmiraslan xanın, Adil şah adıyla İran taxtına çıxan Əliqulu xanın Borçalı'ya yürüşləri də bu çağlar oldu. Papuna'nın xatirəsinə görə, o vaxtlar Qazax və Borçalı kətxudalarının uşaqlarını İrakli girov götürdü. Borçalı və Baydar sultanları qalada idilər, onlar da buraxıldılar. Teymuraz şah Azərbaycan məmləkətinə getdi, o, İbrahim şahın qolbəyi idi. İbrahim şah Teymuraz şaha belə buyuruq verdi ki, həm Gürcüstan'a, həm də Qazax–Borçalı'ya xidmət elə. Qazax və Borçalı sultanları öz qoşunlarıyla gələrək, peşkəş gətirdilər. Narınqala'da şadlıq keçirildi. Musa Bəy başda olmaqla Borçalı və Qazax kətxudaları bağışlandılar. Teymuraz gələnəçən Borçalı-Baratlı'ya Abdulla Bəy naiblik etdi.

Borçalı'da narazılıq başladı, Gürcü vəkilini qovdular, bir çox nəsillər Qarabağ'a qaçdılar. Gürcü xronikasından: 1748-də Qazax'dan sərdar Zübeydulla yeddi yüzlük Ləzgi qoşunuyla Şəmşöldə'yə Abdulla Bəy'in üstünə gəldi, oradan Kartli'yə keçdi. Mayda İrakli doqquz minlik qoşunla Şəmşöldə'yə hücuma keçdi, Ləzgiləri yendi, çoxlu qənimət apardı. Sonra yenidən Baratlı'ya qoşun yeritdi, Hüseyn Bəy'i yenib Alget'də çadır qurdu... Abdulla Bəy Loru qalasından topları və cəbbəxanayı Şəmşöldə'yə gətirdi, burada iki böyük bürc tikdirdi. Borçalı sultanı da yüz adam gətirdi. Qazax–Borçalı Abdulla Bəy'in tərəfinə keçdi.

İki il İranda qalandan sonra Teymuraz 1749-cu ilin martında vətənə qayıtdı və özüylə Qazax-Borçalı'nın Kartli-Kaxet şahlığına mənsubluğu haqqında şah fərmanını gətirdi. Gürcüstan Mərkəzi Arxivində (fond 12, iş 156) İbrahim şahın 1749-cu il martın 20-də verdiyi Borçalı və Qazağ'ın Teymuraz'a tabe edilməsi fərmanını tapdıq.

“İrakli Şahın Yaşamı” adlı Gürcü salnaməsindən; Sahibi-İxtiyar nisbəli Urmiyalı Fətəli Xan Əfşar'ın Qızılbaş ləşgəri Gəncə–Qarabağ, Dağıstan xanlıqları və Şəmşəddil, Qazax, Borçalı, Dəmirçihasanlı, Baydar elləri və başqa xırda oymaqların hamısı Tiflis'ə yürüşə keçdilər, İrakli Şəmşöldə qalasına girdi.

Bu çağlarda Qazax–Borçalı ləşgəri nəinki təkçə ata yurdu qoruyur, eləcə də İrəvan xanlığının, Gürcülərin də hoylarına çatırdı. 1750-də Qarabağ xanı Pənah'ın Gəncə'yə hücumu zamanı Borçalı silahlıları Gəncəlilərin köməyinə getdilər, həmən il Gəncə'yə yürüşə keçən Gürcülərə Sınıq körpüdə Borçalı qoşunu da qoşuldu. Fətəli Xan Əfşar qoşununun Əfqan Azad xanın sərkərdəliyilə 1751-də İrəvan xanlığına hücumunu təsvir edən H. Ə. Dəlili bildirmiş ki, Gürcü şahı adından İrəvana göndərilən qoşun əsasən Qazax–Borçalı mahallarından toplanmışdı. Anaxatır'da (Arıxlı-Kolayır) mourav olmuş Papuna Orbeliani'nin xatirələrindən bəlli olur ki, Qazax–Borçalı qoşununa Qaradağ'da düşərgə qurmuş Kazım xan sərkərdəlik edirdi (sözgəlişi: onun və oğullarının hərimi Böyük Muğanlı məzarlığındadır), Borçalı bölüyünün fərmandehi Nağı Bəy idi. Bu vuruşda şücaət göstərmiş Kəlbi Hüseyn oğlu Musa Loru–Borçalı xanı qoyuldu. Borçalı qoşunu gah da Gəncə qoşunuyla birləşirdi, Dmanis'də və Kolayır'da topxana varıydı.

Borçalı xanlığının yanı sıra, Dəmirçihasanlı'da və Baydar'da sultanlıq idi, Dəmirçihasanlı'da İsa Bəy, sonra onun oğlu Əhməd sultan oldular. (Sözgəlişi: Ləcbəddin Xaccaoğlu-Çələbili məzarlığında Əhməd sultanın böyük hərimi, ayrıca, onun qardaşı Sədli Məhəmməd'in oğulları İsa Bəy'in, Süleyman Ağa'nın, Vəli Bəy'in, nəvəsi Vəli Bəy'in qəbirləri durur). Borçalı'dan olaylarla bağlı Bozçalı, Təkə, Kosalar, Qəmərli, Ulaşlı, Qacar, Qarahacılı, Ərəbli ellərindən xeyli adam Osmanlı'ya keçdi, Anadolu güneyində sakinləşdi, Püsyan, Qaraqarlı, Cinli, Dəmirçihasanlı, Qızılhacılı, Səfikürd, Boyəhmədli, Saatlı, Kəngərli, başqa Tərəkəmə tayfalarından bir çoxu Qarabağ'a, Borçalılardan bəlirli qismi İrəvan xanlığına qaçdı.

1752-də Şirvan hakimi Hacı Çələbi Borçalı'ya da öz çaparlarını göndərdi, ismarıcladı: “Gürcü valisinə qulluq etməyin, yoxsa qılıncdan keçirərəm, Müsəlman Gürcüyə boyun əyməz”. Dərhal bütün Qazax–Borçalı elləri Hacı Çələbi'yə birlik işarəti verdilər, qoşun topladılar, Baratlı'yı əzişdirməyə başladılar, Papuna'nın tanıqlığına görə, “Borçalı-Baydarlılar şəhərin qıraqlarınacan ələ keçirdilər, Şəmşöldə'də, Güvəç'də. Birtvis'də binaları uçurub, qalaları yıxdılar, harada mal-qara gördülər, hamısını yağmaladılar, harada taxıl gördülər, biçib daşıdılar, öz güclərilə Çavaxet və Qars tərəflərə də hücuma keçdilər, Dəmirçihasanlı elləri də Hacı Çələbi'yə tərəfkeş çıxdılar, Hacı Çələbi'nin oğlu Ağakişi və Gənçə xanı gəldilər, Baydar'da dayandılar...”. Salnaməçilər (Adıgözəl Bəy, A. Bakıxanlı, Xəzani, Fateh, Baqrat, David, Papuna vb.) xatırlamışlar ki, Hacı Çələbi Baydar torpağında Şəmsəddinli kəndi yaxınındakı Tülkütəpə'də səngər qazdırdı, oğlu Ağakişi Bəy'i (Ağoğlan'ı) Tiflis'dən bəri yaşayan Müsəlmanlara hökmran qoydu. Teymuraz Kabarda, Alan, Çərkəzlərdən muzdla tutduğu qoşunla 1752 avqustun 31-də Ağakişi'yi qovdu. Papuna'nın xatirələrindən aydınlaşır ki, şəhərdə qorunan, Hacı Çələbi'yə qoşulmayan köhnə xan Musaqulu Xan'a Borçalı xanlığı verildi və Ağcaqala da ona bağışlandı, Borçalı xanı Musa, Baydar sultanı və başqaları İrəvan ölkəsinə keçdilər.

1753-cü il yazda Ləzgilər gəldilər, Hunzax hakimi, Avar xanı Nürsəl bəyin Ləzgi qoşunu Marabda'da Gürcülərlə vuruşduqdan sonra iki hissəyə bölünüb Birtvis və Yağılca səmtlərə dağılışdı. Bəndər, Anaxatır yörələrində talançılıq etdi.

1755-dən Ağcaqala tərəflərdə Naxçıvan xanının qoşunu cövlan etdi, altı nəfər sərdarla Qazax'dan keçib gələn Bəhman xan Ağcaqala'da möhkəmləndi. Gürcü şahlarının göndərdikləri Revaz Amilaxvari və Keyxosro Andronikaşvili'ylə danışıqlardan sonra Bəhman xan Teymuraz'ın yanına gedib Borçalı xanlığının ona verilməsilə razılaşdı. İrakli qoşunla Baydara gəlib, Borçalı kətxudalarından ona tabe olmaq istəməyənləri arvad-uşaqla birlikdə girov kimi Tiflis'ə apardı, habelə qoşunla Trialet'dən keçərək, İrəvan xanlığına girsi, Araz qırağında Qarasu deyilən yerdən neçə il öncə buraya qaçmış Borçalı ellərinin hamısını öz yerlərinə qaytardı və vaxtilə İrandan Muğan düzünə gəlmiş 250 Türkman ailəsini Muğanlı, Kəpənəkçi, Qızılhacılı obalarına gətirdi.

1757-də Borçalı–Qazax elləri yenidən üsyana qalxdılar. Üsyançıların çoxu Pəmbəy'ə qaçdı. İrakli Kaxet qoşunuyla gedib qaçanları, habelə beş min qoyun, dörd min inək, yüz at qaytardı.

1761-də Ləzgi silahlıları Borçalı'yı bir də taladılar, ələlxüsus, Ağməmmədli'yi bütün soydular. Quldurların dəf olunmasında Borçalı qoçaqlarını başına yığmış şahzadə Levan fərqləndi. (Sözgəlişi: Molla Vəli Vidadi həmən Levan'ın ölumünə mərsiyə yazmışdır).

1765-də buralarda mouravlıq (murovluq) idarə üsulu tətbiq edildi. Murov camaatdan vergi yığımına göz qoyur, Gürcü şahının yerdə yetkili elçisi olur, xırda divan işlərinə də baxırdı; Qaynaqlara görə, Sarvan'da Solomon Arqutinski-Dolqorukov, Kəpənəkçi'də Revaz Vaxvaxov, Dəmirçihasanlı'da Tamaz Orbeliani, Baydar'da miskərbaşı Osip Bebutov, köhnə Təkəli'də Saima Barataşvili, təzə Təkəli'də Paata Abaşidze, Muğanlı'da Solomon Qabayev, Kolayır, Muğanlı, Qoşaisə, Arıxlı'da Giorgi Sitsişvili, Hasanxocalı'da Osip Qorğanov, Faxralı'da Şioş Arğutaşvili murov idilər.

1773-də Gürcüstan'ın Rusya tabeliyinə qəbul edib, Rusya qoşunu buraya gələndən sonra Borçalılardan bir çoxları qərib yerlərə köçdülər. 1778-də İrakli mülkədar Şioş Soloğaşvili- Arğutaşvili'yə vəkalətnaməylə tapşırdı: “Faxralı eli Gürcüstan'dakı yurdlarından Gəncə'yə gedib, xeyli vaxtdır orada sakin olub. Hər cür yolla çalışın, Gəncə'dən Faxralı elini Gürcüstan torpağına gətirin”.

On beş il öncə Şüləver'də bütün Borçalı'ya qorxulu olan Ləzgi qaçaq, Şamxal'ın yaxın qohumu Murad'ı dar ağacından asdırdığına və vaxtilə Gürcü şahı Müsəlmanlaşmış Rüstəm xanın (Xosro Mirzə'nin) tikdirdiyi məscidi uçurduğuna göre İrakli'dən qisas almaq amacıyla Dağıstan'dan Nürsəl xanın qardaşı, Vidadi'nin “külli ləşgər sərvəri” deyə öydüyü Ümmay xanın 11 minlik qoşunu Əli sultanın sərkərdəliyilə 1785-ci (h. 1199) ildə buralarda göründü. Alazan, Yor çayları tərəflərdə, Qaraçöp elatı yaxınında Gürcü-Rus qoşununu yenən, Sığnağ qalasını zəbt edən Ümmay xanın Tiflis'ə hücuma keçəcəyi güman olunduğu halda, qəfildən o, Qarayazı'ya gəldi, sentyabrın 18-də Kür çayı üstündəki Yeddibölük bölgəsini keçib, Baydar-Borçalı'ya daxil oldu. Papuna'nın salnaməsindən: “El dağdan təzə enmişdi, Ləzgi qoşunu beş qismə bölündü. Bir hissə Ağcaqala'ya getdi. Hunzax hakimi özü Baydar'a gəldi, Baydar qalasına yaxınlaşdı. Baydar sultanının oğulları içəridəydilər. Qaladan tüfəng atəşi başlandı, çoxlu Ləzgi qırıldı, qalayı da möhkəm qorudular. Elə mərdliklə vuruşdular ki, heç yüz, iki yüz adam da belə bacaramazdı. Axşam Hunzax hakimi buradan əlini üzüb Borçalı tərəfə getdi. Ləzgi qoşunu Dəmirçihasanlı obalarını və Dəvəd boyundakı Borçalı kəndlərini, Bolnis tərəfləri taladı”. (Sözgəlişi: Şıxlı Mustafa Ağa Arif öz şeirlərində Baydar-Borçalı bəylərini “Meydan günü bir-birindən yeglər” kimi şöhrətləndirmşdir). Ləzgilər Ağcaqala'yı ala bilməyib Gümüşxana'ya doğru tərpəndilər. Gürcü-Rus əsgərləri öz toplarıyla Alget çayına çatanda Ləzgilər artıq Ləlvər'ə, Axtala'ya, Gümüşxana'ya, Mədən kəndinə yetişdilər, buradakı gümüş, mis yataqlarını talan etdilər, orada işləyən Yunanlardan 640 nəfəri qırıb, qalan 860 nəfər əyal və uşağı əsir götürüb, çoxlu qənimət ələ keçirdilər, sonra Loru ellərini çalıb-çaparaq, Ahısqa'ya gedib çıxdılar. İrakli hər əsir üçün beş tümən və illik min tümən bac verib basqıyı dayandırdı. Gürçu-Rus qoşunu Baydar'da möhkəmləndi. Baydar-Borçalı xanları və kətxudaları Qullar'a yığışıb İrakliyə peşkəşlər göndərdilər. Borçalı Musa xana yenə də hökmranlıq verildi və Ağcaqala'da yerləşdirildi. İrakli Soğanlıq'dan aşağı bütün elləri cərimələdi, Baydar sultanlığını Yadigaroğlu Sadıq Bəy'in böyük oğlu Ağaçan Bəy'ə verdi və yeni sultan öz eliylə Baydar'da sakinləşdi.

Qarabağ hakimi İbrahimxəlil Xan Qazax–Borçalı'yı Gürcüstan şahına güzəştə getməyə razılaşdı, bir şərtlə ki, yerli əhali Qarabağ–Gəncə yörələrinə köçsün. 1787-ci ilin yazında Kartli–Kaxet qoşununun Rusların yardımıyla Gəncə–Qarabağ'a hücumu zamanı vaxtilə Borçalı'dan buraya qaçmış 200 ailənin geri qaytarılmağı tələb olundu. İbrahimxəlil xan Borçalıları vermək istəmirdi. Borçalıların bir qismi qaçıb doğma yurda qayıtdı. (Gürcü xronikasından: 1787 sentyabrın 23-də İrakli şah öz qoşunuyla Qaraçöp'də dayandı. Ümmay xanın hücumu gözlənilirdi). Bu vaxtlar buralarda İrakli'nin müvəkkili general-adyutant Qarsevan Çavçavadze (Aleksandre Çavçavadze'nin atası) idi, Yor-Muğanlı da ona bağışlanmışdı.

1787-də Gəncəli Cavad xanın və Qubalı Fətəli xanın ciddi tələblərindən sonra Şəmşəddil ərazisinin idarə olunması Gəncə xanının ixtiyarına verildi, Qazax və Borçalı Gürcü şahının tabeliyində qaldı. Çavad xan Şüləver'əçən qoşun çəkib geri qayıtdı. İrakli Borçalı'nın bir qismini oğlu Giorgi'yə varidat verdi, özunün at və dəvələrini Borçalı İbrahim sultana həvalə etdi.

Yüzilin sonlarında Borçalı'da vəkil Əmircan oğlu Hacı idi (onun türbəsi Araplı məzarlığındadır, h. 1209 – m. 1794-də vəfat edib). İrakli'nin oğulları Giorgi, David, Aleksandre, Yulon, Giorgi'nin oğlu İohan tez-tez Ağcaqala'da, Şüləver'də, Dəmirçihasanlı'da, Baydar'da, Təkəli'də, Sadaxlı'da, Qullar'da olur, Azərbaycan'dan, İrandan mehmanları burada qəbul edir, günlərinin çoxunu buralardakı dostlarıyla keçirirdilər.

Güney Azərbaycan'ı ələ keçirmiş, Səfəvi dövlətini quran yeddi Türk qəbiləsindən biri Qacarların xanədan sülaləsini qurmuş olan qaniçən axta hökmdar Ağa Məhəmməd Qacar 1795-də Şuşa qalasını mühasirəyə alanda İbrahimxəlil xan vaxtilə Borçalı tərəfdən köçmüş olan, İraklinin geri çağırdığı nəsilləri və qaladan kənardakı Qarabağ cins atları yad əlinə keçməsin deyə onları mehtərlərlə birlikdə Gürcüstan'a köçürdü. Məşhur salnaməçi kapitan Mirzə Adıgözəl Bəy də köçürülənlər arasındaydı. (Hazırda Gürcüstan'ın Kaspi ilçəsində Adıgözəlli obası var). Onun xatırlamalarından aydınlaşır ki, el və camaatla köçüb Gürcüstan'a pənah gətirənlərə İrakli hörmət görsədib, Sarı Kilsə adlı yerləri qışlaq və əkinəcək üçün onlara verdi, sonra onlar Tiflis'in yuxarısındakı Qocor dağında gizləndilər, buradan Ahısqa'ya getdilər, yayda oradan Bolis adlı yerdə məlik Əbu yanında sakin oldular, qarət edilib dağınıq düşən elləri yığılıb bir camaat oldular.

Ağa Məhəmməd Xan İrakliyə xəbərdarlıq göndərdi: Ruslarla ilişkilərinizi büsbütün kəsməlisiniz, hərgah bu göstərişə əməl etməsən, onda çox yaxın bir sürədə Gürcüstan'ın üzərinə yürüş edəçəyəm, Ruslarla bərabər Gürcüləri də qılıncdan keçirəcəyəm, qanınızdan Kür çayı misallı bir qan axıdacağam. İrakli Ağa Məhəmməd Xan'ın önərisini rədd elədi. Payızın əvvəlində Qarabağ'ın Şahnazarlı camaatından gəlib Şüləver'də sığnaq tapmış məlik Məcnun və Xaçınlı məlik Əbu Borçalı'dan, Qocor səmtdən çuğulluqla Tiflis'ə gəldilər, bir gün sonra Ağa Məhəmməd Xan Cavad Xanla bərabər Sınıq körpüyü keçib Yağılca'da dayandı, Görarxı'dan, Gümüşgöl'dən, Soğanlıq bağlarından adlayıb Tiflis'ə doğru hərəkət etdi. İrakli'yə Başıaçıq (İmeret) valisindən, Borçalı–Qazax ellərindən dəstək gəldi. Gürcü şahı ehtiyat üçün xanımı Darya'yı (Darəcan'ı) Kolagir'dən uşaqlarıyla bərabər Təkəli Yadigaroğlulardan Xeyransa xanımın, Nabat xanımın və başqa hünərvər qadınlarımızın gözləmçiliyilə Qaraqalxan yaylağına – Duşet'ə göndərdi. (İlya Xoneli'nin qələmə aldığı bir el söyləməsi: Darya'ya bələdçilik edənlər arasında Yadigaroğlu Allahverdi Bəy'in gənc xanımı da vardı, o, at belində cövlan edirdi. Şah xanımı soruşur ki, ərin haradadır, Nabat xanım, Allahverdi Bəy haradadır? Gözəl xanım cavab verir ki, bizim nəslin kişiləri hamısı İrakli dəstəsindədir).

...Ağa Məhəmməd Xan sentyabrın 9–10-da Qazağ'a, Borçalı'ya daxil oldu, buralarda İslam bayrağı altında özünə tərəfdarlar toplaya bildi, çoxsaylı Qızılbaşlar Borçalı tərəfdən Tiflis'ə doğru yön aldı, Soğanlıq'da çadırlar qurdu, gecəyi orada keçirib, sentyabrın 12-də səhər tezdən şəhərə yürüş etdilər, şah sarayını (indiki Tiflis Nəbatat bağındaydı) atəşə tutdular,

İrakli Hallavar körpüsündən keçib Qaraqalxan dağlarına üz tutdu, Qızılbaş əsgərləri Tiflis'i matəm evinə döndərdilər. İran'dan aralaşıb Ruslara yaxınlaşdıqlarına görə Gürcülərdən Ağa Məhəmməd Xan yeddi gün qisas aldı, şəhəri odlara qaladı. Əldə olan faktlara görə, bu savaşda Gürcülər tərəfdan Borçalı igid suvarları, Gürcüstan'da gizlənmiş Qarabağ'lı mehtərlər də vuruşmuşlar, cəsur sərkərdələr Yadigaroğlu Sadıq Bəy və Borçalı Xudu Bəy şücaət görsətmişlər. Sözgəlişi: Bunu ünlü Gürcü şair Akaki Sereteli də minnətdarlıqla yad etmişdir.

Bu vaxt Tiflis'də aclıq baş verəndə bircə günün içində Qazax–Borçalı'dan 400 araba buğda gəldi.

Qızılbaş ləşgəri çəkilib gedərkən yolüstü Borçalı ellərini, gümüş yataqlarını yağmaladı.

Ağa Məhəmməd Xan Borçalı–Qazağ'ı Mustafa xana bağışladı, sonra onun qardaşı Əliqulu xan İrəvan'a gəldi, Borçalı Musa xanın oğluna Loru'da xan olmağı buyurdu, habelə əmr etdi ki, Pəmbək və Borçalı İrəvan xanının qulluğunda dayansınlar, Qazax və Şəmşəddil isə Gəncə xanına tabe olsunlar. İrakli 8 Yanvar 1796-da Moskva'ya göndərdiyi məktubuyla Pəmbək, Borçalı və Qazax əyalətlərini qaytarmağa yardım istədi.

Haldan düşmüş Borçalı'ya Ləzgilər də beş minlik qoşunla hücum etdilər, onlar Yeddibölük'də. Dəmirçihasanlı'da talanlar törətdilər. Şahzadə Teymuraz'ın yazdığına görə, Borçalı'nın yüzə qədər kişisi toplaşıb Yeddibölük'ü qorudu, Ləzgiləri Kür nəhrindən o yana qovdu.

1798-də İrakli'nin vəfatından sonra böyük oğlu Giorgi (Gürgin) xan şahlığa keçəndə onun ögey qardaşı 32 yaşlı Aleksandre (İsgəndər) Mirzə də hakimiyət həvəsinə duşdü, özünü Borçalı, Qazax mahallarının hakimi bəyan elədi.

Ancaq tezliklə Giorgi Rusların, muzdla tutduğu Ləzgilərin, Kaxet'lilərin yardımıyla Borçalı'yı ələ keçirdi, Mirzə Adıgözəl Bəy'in yazdığı kimi, “Qazax və Borçalı'nın bir para fəsad törədən adamlarını cəzalandırdı”, yerli kətxudaları ona sədaqətli olacaqlarına and içdirdi.

İsgəndər də Borçalı'da məskən salıb özünə tərəfkeşlər yığdı.

Darya xanım da Kolagir qalasına çəkildi, onu Borçalı'nın mərdanə qadınları qoruyurdular. Burada şaha tabe əhaliyi qorumaqdan ötəri özəl qarnizon yerleşirdi. Etnoqraf-tarixçi İ. Şopen bəlirləşdirmişdir ki, Qazax elləri Giorgi'yə sədaqət görsətdiklərinə görə şah onlardan 1451 Qarapapaq ailəsini, o sıradan Çobankərə – 480 ailə, Şeyxlər (Şıxlar) – 34, Dəmirçili – 31, Qafarlı – 98, Qarabağlar – 12, Cəfərli – 16, Gədikli – 24 ailəyi Gürcüstan'a köçürtdü. (Xatırladaq ki, İ. Şopen Qarapapaqları Xəzər qövmü, Qazaxların tirəsi nişan verib).

* *

... Qaynaqlardan yüzil boyu toplam əhalinin, o sıradan bizimkilərin sayı haqqında bilgilər əldə edirik. 1701-də Firəng səyyahı Turnefor bildirmişdi ki, Tiflis'də 20 minə yaxın əhalinin 3 mini Müsəlman idi. 1707–1709 illərinə aid Dəmirçihasanlı, Baydar, Borçalı, Baratlı divanbəyisinin hesabatına görə, 34 kənddə 1964 ailə bizimkiləriydi.



Yüzilin birinci çərəyində VI Vaxtanq'ın (Hüseynqulu Xan'ın) göstərişilə əhali sayımı aparılmışdır. Ançaq bu sayım daha çox Gürcü əhalisinə şamil olmuşdu. Qayqulu'dan tutmuş Baratlı'yacan siyahıyaalma keçirilməsi haqqında şah sərəncamında “Tatarlar və məlik soyurqalları istisna olmaqla” ifadəsi vardı. Pəmbək-Borçalı ayrıca xanlıq olduğundan onun əhalisayımı Gürcü valiliyindən ayrı aparılmışdı. Vaxuşti Baqrationi'nin 1721-də yazıya aldığı siyahıda bizimkilərə aid bilgilər az olsa da, önəmlidir. Vaxuşti'yə görə, Alağac'da 20 oba, Şüləver oymağında Qullar 6 oba, Mollaoba 1, Mirhasan Durqaya 2, Maşaver boyunda Nəsibli 1, Ağbabalı 1, Ksiyə boyunda Nəcbəddin 1, Sultanoba 11, Rüzəd 7, Hallavar 1, Alget boyunda Çələbli 1, Tiflis'əcən Əmirhaclı 1, Saqqaltutan 2, Baqratlı 2, Güvəncür 4, Sarvan 1, Qorqud 1, Vərə boyunda Laçın 1, Dəmirçihasanlı 120, Qarağac-Yor'da 1, Masabrun-Baydar 1 obamız, Qayqul-Lök tərəflərdə 49 obamız olmuşdu. Şahzadə Vaxuşti'nin coğrafi əsərindən başqa bilgilər də ilgi çəkir; o yazmış ki, Bördüzü (Borçalı) çayının quzeyi Borçalı'ya və Arran'a mənsubdur, həmən nəhrin günçıxar qismi Borçalıların, günbatarının bir qismi Hunan'acan Kartli valisinin ixtiyarındadır; Ksiyə ovasında, Şüləversu'yun Ksiyə'yə qarışdığı yörələrdə, Anaxatır'dan aşağı çayın hər iki tərəfində, Alget'in mənsəbindən Yağılca'yacan, Kür nəhri sahillərində Müsəlman elləri yaşayırlar, Dmanis tərəfdə çayların qıraqlarında və dağlarda da kəndlər var; Hallavar'dan aşağı Nəcməddin'ə və Nəzərkənd'əcən sultanlıqdır, Qarayazı ormanlığının aşağıları Dəmirçihasanlı elləridir.

1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə