Press-reliZ 15 aprel 2009-cu IL Bakı, Azərbaycan




Yüklə 43.18 Kb.
tarix23.02.2016
ölçüsü43.18 Kb.
R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ

15 aprel 2009-cu il

Bakı, Azərbaycan


  • TURAN” İNFORMASİYA AGENTLİYİ YENİ İNFORMASİYA KONTENTİNİ AÇIB

  • ALI MUSTAFAYEVİN ÖLÜMÜNDƏN 18 İL ÖTDÜ

  • DEMOKRATİYA, BÖHTAN VƏ DÖVLƏT MƏMURLARI

  • İTV-NİN YAYIM ŞURASI MÜƏYYƏNLƏŞDİ

  • ƏLİ HƏSƏNOV GÜNAHKAR OLMADIĞI HALDA 5 AY CƏZA ÇƏKDİYİNİ BİLDİRDİ

  • RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI NAZİRLİYİ: “KANALLARLA BAĞLI HEÇ BİR PROBLEM YOXDUR”

  • GÜNDƏLİK BAKI"-NIN MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

  • İNTİQAM ƏLIYEVİN ƏMLAKINA HƏBS QOYULA BİLƏR

TURAN” İNFORMASİYA AGENTLİYİ YENİ İNFORMASİYA KONTENTİNİ AÇIB


“Turan” İnformasiya Agentliyi yeni www.top7.az informasiya kontentini açıb.

Bu Azərbaycanda günün ən vacib hadisələri barədə məlumat almaq istəyənlər üçün yaradılmış internet nəşridir. Xəbərlər müxtəlif sahələri əhatə edir və hadisələrin vacibliyindən çıxış edilərək formalaşdırılır.

Qeyd edək ki, 1990-cı ildə bir qrup jurnalist tərəfindən yaradılan Turan Azərbaycanda ilk müstəqil informasiya agentliyi, sovet məkanında isə ilklərdən biridir. Agentlik sosium, siyasət, iqtisadiyyat və s. sahələrdə Azərbaycan, ingilis və rus dillərində xəbər və icmallar hazırlayır.

2007-ci ildə agentlik Almaniyanın “Sayt” (ZEIT-Stiftung) və Norveçin Söz Azadlığı fondları (Fritt Ord) tərəfindən Gerd Biserius adına «Şərqi Avropanın azad mətbuatı» mükafatına layiq görülüb.


ALI MUSTAFAYEVİN ÖLÜMÜNDƏN 18 İL ÖTDÜ
Bu gün (15 aprel) Azərbaycan jurnalistlər Birliyinin üzvü, Azərbaycanın əməkdar jurnalisti, şair, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin anım günüdür.

Alı Mustafa oğlu Mustafayev 1952-ci il, aprelin 14-də Qazax rayonunun Qazaxbəyli kəndində fəhlə ailəsində anadan olub. İlk təhsilini doğma kəndində alıb. Ordu sıralarından təxris edildikdən sonra 1971-1981-ci illərdə Bakı Elektrik maşınqayırma zavodunda əmək fəaliyyətində olub.

1981-ci ildə isə zavodun göndərişi ilə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. Təhsilini bitirdikdən sonra təyinatla Azərbaycan Televiziya və Radio Verilişləri şirkətinə göndərilib. Ədəbi–bədii yaradıcılığına da tələbəlik illərindən başlayıb.

A.Mustafayev erməni işğalçılarının Azərbaycana hücumu ərəfəsində qaynar bölgələrdən, rəsmi dövlət görüşlərindən hazırladığı reportajlarla baş verən hadisələri olduğu kimi əks etdirib. 1991-ci il noyabrın 19-da Qarabağın Qarakənd kəndi yaxınlığında vertolyot qəzası nəticəsində həlak olaraq əbədi şəhidlik zirvəsini qazanıb.

Ölümündən sonra Alı Mustafa oğlu Mustafayev prezidentin 6 noyabr 1992-ci il fərmanına əsasən Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

DEMOKRATİYA, BÖHTAN VƏ DÖVLƏT MƏMURLARI

ABŞ Səfirinin Baş Məqaləsi


Müəllif: Ənn E. Dersi, ABŞ-ın Azərbaycandakı səfiri
Keçən həftə Azərbaycanda mətbuat azadlığı ilə bağlı yaxşı xəbərlər oldu. Biz Azadlıq qəzetinin həbsdə olan jurnalisti Mirzə Sakitin azadlığa buraxılması xəbərini xoş qarşıladıq. Həmin gün biz, Asif Mərziliyə böhtana görə iki gün əvvəl təyin edilmiş həbs cəzasının ləğv olunmasına çox sevindik.

Bu müsbət hadisələr bizə hamımızın razılaşa biləcəyimiz bir mühüm konsepsiyanı xatırladır: jurnalistlər öz yazdıqlarına görə həbs edilməməlidir.

Demokratiya o vaxt inkişaf edir ki, cəmiyyətdə fikirlər açıq şəkildə müzakirə edilsin. Demokratik cəmiyyətlər qəzetlərin səhifələrində, radio xəbərlərin tolk-şoularında, internet çat otaqlarında və yaxud ictimai parkların azad söz zonalarında güclü fikir mübadiləsinin aparılması üçün yer tələb edir.

Uzun müddətdir ki, biz mətbuatda söz azadlığı üçün məkanını təmin etmək üçün həm Azərbaycanda, həmçinin də, dünyanın digər yerlərində böhtana görə məsuliyyət üzrə qanunlarda dəyişikliklərin edilməsini müdafiə edirik. Azad mətbuatın kimi nə qədər narahat etməsindən asılı olmayaraq, bu heç vaxt cinayət hesab edilməməlidir. Nə gədər ki, jurnalistlər öz yazdıqlarına görə həbsxanaya atılmaq qorxusu ilə işləyəək, bir o gədər onların azad söz hüququ - əslində isə hər bir vətəndaşın azad söz hüququ məhdud olacaq. Azad fikir mübadiləsinə imkan yaradan söz azadlığı olmadan, azadlıq özü də məhdud olur.

Mən Prezident İlham Əliyevin bu məsələ ilə əlaqədar Əli Həsənov tərəfindən mətbuata verilən şərhləri ilə razıyam. Onun plüralizmə dəstəyi və jurnalislər ilə inciyən tərəflər arasında münaqişələri həll etmək üçün daha yaxşı yolların tapılması ehtiyacı ilə bağlı ifadələri xoş təəssürat bağışladı.

Demokratiyada azadlığın qorunması üzrə onların fövqal rolunu nəzərə alsaq, sözsüz ki, jurnalistlər məsuliyyətli olmalıdır. Vətəndaşların məlumatlı olmaq hüququnu və hökümətin vətəndaşlar qarşısında cavabdehliyinin təmin edilməsi kimi vacib işlərində jurnalistlər etik davranış qaydalarına və peşəkar normalara riayət etməlidir, və onlar digər vətəndaşlar riayət etdiyi bütün qanunlara riayət etməlidir. Lakin, öz yazılarında etik davranış qaydalarını və peşəkar normaları pozan jurnalislər mülki qaydada verilən iddia ilə qarşılaşmalı, və öz həmkarları və ictimaiyyət tərəfindən rədd olunmalıdır – həbs edilməməlidir. Onlar “ictimai fikir məhkəməsi”ndə mühakimə olunmalıdır. Birləşmiş Ştatlarda müşahidələrimiz göstərir ki, ictimaiyyət etibarlı jurnalistika ilə yalançı arasında, dəyərli araşdırma məlumatlarla məkirli, kinli arasında fərqi bilir. Ciddi işlər görən tanınmış jurnalistlər böyük təsirə malikdir və onlar qəhrəmandırlar. Qıcıqlandırıcı və ya məkirli şayələr yayan jurnalistlər isə ictimaiyyət tərəfindən təlxək kimi rədd olunur. Tam reallıqda, biz azad fikirlər bazarını təşviq edirik – və azad bazar öz işini görür. 

Bizim böhtan və azad söz haqqında düşüncələrimizin əsasında bir prinsip dayanır ki, bu da, əksər hallarda dövlət məmurlarını və seçilən nümayəndələri təsvir edən “ictimai xadim” anlayışıdır. Amerikalılar kimi biz hökumətin xalq qarşısında cavabdeh olmasına çox dərndən və səmimən yanaşırıq, və mətbuat – hansını ki biz Dördüncü Hakimiyyət adlandırırıq – hökumətin xalq qarşısında həqiqətən cavab verməsini təmin etməkdə xüsusi rola malikdir.

Biz inanırıq ki, hər hansı şəxs dövlət vəzifəsi iddiasında olanda – o, ilk növbədə ictimai müşahidə səviyyəsi, “adi” vətəndaşlardan gözlənilənlərdən tamamilə fərqli sorğu və tənqidə məruz qalma ilə razılaşır. 45 il əvvəl New York Times Co. v Sullivan haqqında Ali Məhkəmənin qəbul etdi qüvvədə olan qaydaya, böhtan və ya iftiraya görə reportyorlara qarşı məhkəmə iddiası qaldırmaq istəyən dövlət məmurlarının qalib gəlməsi üçün ABŞ məhkəmələri çox yüksək həd müəyyən etmişdir. Onlar yalnız faktların saxta olmasını sübut etməməlidirlər; onlar həmçinin, onu sübut etməlidirlər ki, reportyor həqiqətə bilərəkdən hörmətsizlik edib, yəni məlumatın nəşr olunmasında qəsdən qərəzli mövqe tutub. 

Bunun nəticəsində, Birləşmiş Ştatlarda dövlət məmurlarının mətbuata qarşı böhtan maddəsilə iddia qaldırması hallarına çox nadir rast gəlinir. Və bu cür nadir hallar, demək olar ki, son məqsədə çatmır. 

Ali Məhkəmə hökm vermişdir ki, yaxşı idarəetmə naminə və vətəndaşların dövlət siyasətinin necə formalaşması və icra edilməsi üzrə büdcə vəsaitlərinin necə xərclənməsini bilmək hüququ naminə – jurnalislərə çox azad bir ixtiyar verilməlidir.

Əlbəttə ki, bəzi yerli və milli səviyyəli məmurlar vardır ki, onlar bu standartlarla müdafiə olunmadıqlarını hiss edirlər. Şikayətlənirlər ki, onlar mətbuat tərəfindən ədalətsiz olaraq tənqid olunur, ələ salınır və utanc vəziyyətə gətirilir. Buna baxmayaraq, Amerikalılar "dövlət məmuru standartını" (ictimai xadim) açıq idarəçiliyin əsas elementi kimi görürlər. Mətbuatın geniş və məhsuliyyətli araşdırma aparmaq, tənqid etmək üçün imkanı olmazsa və bəli, hətta belə səhvləri olarsa, idarə edən ilə idarə olunan arasında səlahiyyət balansı pozulmuş olur.

Jurnalistlərə diqqəti dövlət məmurlarına yönəltmək üçün sözügedən müdafiə hüququnun verilməsi bizim, yəni xalqın, hakimiyyəti idarə etmək səlahiyyətlərini həvalə etdiyimiz şəxslərin hesabatlılığını təmin etməkdə Amerikaya yaxşı xidmət edir. Kiçik şəhərlərdən Vaşinqtona kimi jurnalistlər zəif idarəetməni və korrupsiyanı, dövlət vəsaitlərinin düzgün xərclənməməsi hallarını ifşa edib. Və bizim seçdiyimiz nümayəndələr və dövlət xadimləri bəzi hallarda jurnalistlər tərəfindən sorğulanmanı ya xoşa gəlməyən və ya müdaxilə kimi qiymətləndirmələrinə baxmayaraq, mətbuatı dövlət siyasətinin formalaşmasında əsas element kimi görürlər. Mətbuat ilə hökumət arasında təbii bir gərginlik vardır – siz bunu sağlam skeptizm adlandıra bilərsiniz,  lakin bu gərginlik hökümətin şəffaf və cavabdeh olması üçün əsas amildir.

Ən peşəkarcasına idarə olunan Amerika şəhərləri və ştatlarında siz güclü qəzet və televiziya xəbərləri tapa bilərsinizJurnalistikanın ən yaxşı fəaliyyət göstərdiyi yerdə, siz hökumətin fəaliyyəti ilə əlaqəsi olan və ona cəlb olunmuş vətəndaşları aşkar edərsiniz.

Əlbəttə, Azərbaycanda bu məsələlərlə necə məşğul olmaq yolunu ölkənin demokratik inkişafı dövründə Azərbaycanlılar müəyyən edəcəklər. Biz ümid edirik ki, demokratik inkişafa töhfə vermək üçün jurnalistlərin müdafiəsi təmin ediləcək və onlar lazımi məkanla təmin ediləcəklər.        


İTV-NİN YAYIM ŞURASI MÜƏYYƏNLƏŞDİ
Milli Məclis dünən (14 aprel) keçirilmiş iclasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) Yayım Şurasının üzvləri təsdiqlənib. İTV-nin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna(RATİ) verilən xəbərə görə, millət vəkilləri İTV-nin Yayım Şurasına, Sahibkarlar şurasından Namiq Məmmədovun, gənclər təşkilatlarından Fuad Muradovun, Qadın cəmiyyətlərindən isə Zərifə Salahovanın üzvlüklərini təsdiqləyiblər.
ƏLİ HƏSƏNOV GÜNAHKAR OLMADIĞI HALDA 5 AY CƏZA ÇƏKDİYİNİ BİLDİRDİ
“İdeal” qəzetinin baş redaktoru Əli Həsənov, Milli Məclis tərəfindən qəbul olunmuş amnistiya aktına əsasən aprel ayının 10-da azadlığa buraxılıb. Baş redaktor Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşı ilə söhbətində özünü, həbs edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (Təhqir) maddələri ilə təqsirli bilmədiyini deyib. 2008-ci il oktyabr ayının 21-də “İdeal” qəzetinin təsisçisi Nazim Quliyevlə razılıq əsasında qəzetin baş redaktoru vəzifəsinə təyin olunduğunu qeyd edən Ə. Həsənov, hələ bu vəzifədə fəaliyyət göstərməmişdən əvvəlki dövrlərdə N. Quluyevin və onun təsisçisi olduğu qəzetin cəlb olunduğu xüsusi ittiham qaydasında məhkəmə çəkişmələrinə də cəlb edildiyini bildirib. Oktyabr ayının 22-i, 23-ü və 24-ü tarixlərində N. Quliyev məhkəmə işinə cəlb olunduğundan və barəsində axtarış elan edildiyindən cavabdeh qismində, həmçinin qəzetin baş redaktoru olaraq Ə. Həsənov proseslərdə iştirak etməli olub: “Cavabdeh qismində proseslərdə iştirak etdiyimdən, işlədiyim müddətdən əvvəl qəzetin mövqeyini müdafiə etdiyimi düşünən şəxslər, haqqımda xüsusi ittiham qaydasında məhkəməyə şikayət ərizəsi təqdim etdilər. Nəsimi Rayon Məhkəməsində hakim Elmar Kərimovun qərarı ilə 6 ay müddətinə azadlıqdan məhrum edildim. Daha sonra iş adamı Fəxrəddin Qasımovun verdiyi xüsusi ittiham qaydasında iddiaya əsasən 2 ay həbs müddəti əlavə olunaraq 8 ay müddətinə azadlıqdan məhrum olundum”. Ə. Həsənov hesab edir ki, məhkəmə tərəfindən ona qarşı çıxarılmış olan qərar haqsız qərar olub. Oktyabrın 22-dən noyabr ayının 15-ə qədər baş redaktor olduğu dövrdə “İdeal” qəzetində nümunəvi məlumatların dərc olunduğunu bildirən keçmiş baş redaktor, qəzetin əvvəlki mövqeyini jurnalistikanın və publisistikanın normativlərinə uyğun olmadığını da qeyd edib.

CM 147  və 148-ci maddələrinin cinayət məcəlləsindən çıxarılması ilə bağlı edilən təkliflərə münasibət bildirən Ə. Həsənov qeyd edib ki, Azərbaycanda bu maddələrdən sui-istifadə edərək jurnalistlərə qarşı iddialar qaldırılır və onlar həbs edirlər.

Qeyd edək ki, Ə. Həsənov vətəndaş Səbirə Məmmədovanın iddiası əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddəsi ilə təqsirli bilinərək 2008-ci il noyabr ayının 14-də Nəsimi rayon məhkəməsinin qərarı ilə 6 ay, vətəndaş Fəxrəddin Qasımovun iddiası əsasında 2 ay, ümumilikdə 8 ay müddətinə azadlıqdan məhrum edilmişdir.
RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI NAZİRLİYİ: “KANALLARLA BAĞLI HEÇ BİR PROBLEM YOXDUR”
Qazax rayonunun Ermənistanla sərhəd ərazilərində yerləşən kəndlərində yerli telekanalları izləmək mümkün deyil. Yerli əhali yalnız peyk televiziyasından yerli kanalları izləyə bilir və bundan əlavə həmin ərazilərdə bir neçə erməni telekanalları yayımlanır. Bu xəbər “Gündəlik Bakı” qəzetinin bugünkü (15 aprel) sayında verilib. Xəbəri dəqiqləşdirmək üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi ilə əlaqə saxlanılıb. Birliyin texniki direktoru Mikayıl Abbasovun Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bildirdiyinə görə, bu məsələ ilə bağlı heç bir problem yoxdur. O, söyləyib ki, faktiki olaraq Qazax rayonunda “AzTv” və “İTV” normal yayımlanır. O, özəl telekanalların yalnız böyük şəhərlərdə verici yerləşdirdikləri üçün rayonlarda bu kanalları sadəcə peyk yayımı vasitəsi ilə izləmək mümkün olduğunu da bildirib. Erməni kanallarının isə yerli telekanalların tezliklərində yayımlanmadığını, yalnız sərhəd zonalarında başqa tezliklərdə yayımlandığını söylədi. Bunun isə sərhəd zonasında 300 metrə qədər olan ərazilərdə başqa ölkələrin telekanallarının bizim tezliklərə düşməsinin isə normal hal olmasını vurğuladı.

M. Abbasov bildirdi ki, Dövlət Radio Tezliklər İdarəsi Azərbaycanla qonşu olan dövlətlərlə hər ay bir dəfə koordinasiya aparır. Hər hansı anlaşılmazlıq olanda isə dərhal həmin ölkələrlə əlaqə yaradıldığını, Ermənistanla müharibə şəraitində olduğumuz üçün isə əlaqə yaratmağın mümkün olmadığını, yalnız öz ərazimizdən müəyyən tədbirlər görə bildiklərini bildirdi.

GÜNDƏLİK BAKI"-NIN MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI
Bu gün (15 aprel) Yasamal rayon Məhkəməsində hakim Svetlana Əhmədovanın sədrliyi ilə “Hacı Mazan” MMC-nin təsisçisi Ramazan Zeynalovun “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevə qarşı şərəf və ləyaqətin müdafiəsi ilə bağlı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilməli idi. Lakin proses cavabdeh tərəfin vəkili Zaur İbadovun iştirak etmədiyinə görə 17 aprel saat 17:00 tarixinə kimi təxirə salındı.

Xatırladaq ki, iddiaya səbəb "Gündəlik Bakı" qəzetinin 14 yanvar 2009-cu il tarixli sayında dərc olunmuş "Cənubdakı Narkotik Marşurutu" və 22 yanvar 2009-cu il tarixli sayında dərc olunmuş "Cənubdakı Narkotik Marşurutu-2" başlıqlı məqalələr olub. İddiaçı tərəf həmçinin üzr istənilməsini, təkzib verilməsini və mənəvi zərərə görə “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevdən 1000000 (bir milyon) AZN tutularaq şirkətə ödənilməsini istəmişdir.


İNTİQAM ƏLİYEVİN ƏMLAKINA HƏBS QOYULA BİLƏR
Vəkillər Kollegiyasını (VK) məhkəməyə verməsinə, onun rəhbərliyi barəsində tənqidi yazılar dərc etdirdiyinə görə “Hüquq Maarifçiliyi Cəmiyyəti”nin (HMC) təsisçisi, “Hüquq” qəzetinin baş redaktoru İntiqam Əliyevdən 200 min AZN təzminat tələb edən qurumun rəhbərliyi həm də onun əmlakına həbs qoydurmaq niyyətindədir. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “HMC” rəhbəri İ. Əliyevin məlumat verib. O, bildirib ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna 3 iyun 2005-ci ildə lisenziyalı hüquqşünasların ixtisas imtahanı vermədən Kollegiyanın üzvlüyünə qəbulunu nəzərdə tutan dəyişikliklərin edilməsindən sonra özünün bu quruma üzvlüyünün rəsmiləşdirilməsi başlanıb. Lakin VK-nın Rəyasət Heyəti 19 noyabr 2005-ci tarixli iclasında İ. Əliyevə bu haqqı tanımaqdan imtina edib. Hüquqşünas VK-nın bu qərarından 2005-ci ilin dekabrında Nəsimi Rayon Məhkəməsinə şikayət verib. Məhkəmənin 19 dekabr 2005-ci il tarixli qərarı ilə onun bu iddiasına məhkəmədə baxılmalı olmadığı səbəbindən iddianın yolverilməzliyinə görə şikayəti geri qaytarıb. 23 avqust 2008-ci ildə işinə qanunsuz olaraq baxılmaması faktı ilə bağlı İ. Əliyev Məhkəmə Hüquq Şurasına və digər səlahiyyətli qurumlara müraciət edib. Həmin müraciətdən sonra Nəsimi Rayon Məhkəməsində İ. Əliyevin işi üzrə məhkəmə prosesi keçirilib və proses 6 noyabr 2008-ci ilə təyin edilib. Lakin bu dəfə də proses baş tutmayıb. 2007-ci ilin 9 mart tarixində VK İ.Əliyevə qarşı iddia qaldıraraq İ. Əliyevi VK barədə əsassız məlumatlar dərc etdirməkdə ittiham edərək əmlakına və bank hesablarına həbs qoyulmasına dair qərar qəbul olunmasını xahiş edib.

Qeyd edək ki, növbəti məhkəmə plenum iclası 17 aprel saat 15:00-a keçirilib.



*MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)

Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az  skype: irfs.az


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə