Press-reliZ 11 iyun 2009-cu IL Bakı, Azərbaycan



Yüklə 43.18 Kb.
tarix20.04.2016
ölçüsü43.18 Kb.
R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
11 iyun 2009-cu il

Bakı, Azərbaycan


  • REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

  • VƏTƏNDAŞ CƏMİYYƏTİNİN MÜDAFİƏ KOMİTƏSİ TƏSİS OLUNDU

  • ABŞ DÖVLƏT DEPARTAMENTİ AZADLIQ VƏ DEMOKRATİYA SAHƏSİNDƏKİ VƏZİYYƏT BARƏDƏ HESABATINI  AÇIQLADI

  • ƏLİ HƏSƏNOV HƏBSDƏ OLAN JURNALİSTLƏRİN İSLAH OLUNDUĞUNU DEYİB

  • SƏRDAR ƏLİBƏYLİNİN TƏHSİL NAZİRLİYİNƏ QARŞI QALDIRDIĞI İDDİA ÜZRƏ MƏHKƏMƏ PROSESİ BAŞ TUTMADI

  • MAHAL İSMAYILOĞLUNUN MƏHKƏMƏ PROSESİ KEÇİRİLDİ


REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu iyunun 19-da parlamentin növbədənkənar iclasında müzakirəyə çıxarılacaq "Qeyri-Hökumət təşkiltları (Fondları) haqqında" Qanuna dəyişikliklər və əlavələrlə bağlı çox ciddi narahatlığını bildirir.



RATİ hesab edir ki, sözügedən əlavə və dəyişikliklərin qəbul edilməsindən sonra "Qeyri-Hökumət təşkiltları (Fondları) haqqında" Qanun QHT sektorunun demokratik fəaliyyət əhatəsinin daralmasına və məhdudlaşmasına gətirib çıxaracaq. QHT-lər haqqında qanuna təklif olunan dəyişikliklərə görə, QHT-lərin qeydiyyat məsələsinin sərtləşdirilməsi, xarici QHT-lərin Azərbaycandakı nümayəndəliklərinin fəaliyyətinin isə faktiki qadağan olunması yer alıb.

Belə ki, "Qeyri-Hökumət təşkiltları (Fondları) haqqında" Qanunun 4-cü maddəsində (QHT-lərin qanunvericilikdə nəzərdə tutulmuş istənilən təşkilati-hüququ formalarda təsis oluna bilər), 6.2-ci maddəsində (QHT-nin ümumazərbaycan hesab edilməsi üçün respublikanın 1/3, regional təşkilatlar üçün isə üç və ya daha artıq inzibati ərazi vahidlərini əhatə etməlidir) 7.7-ci maddəsində ((xarici dövlətlərin QHT-lərinin və onların filial və nümayəndəliklərinin dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında həyata keçirilir) 9.3-cü maddəsində maddəsində (Qanun pozuntularına yol verdiyinə görə müəyyn olunmuş qaydada ləğv edilən QHT təsisçisinə məhkəmənin qərarı ilə beş ilədək müddətə digər QHT təsis edilməsi qadağan edilə bilər), 9.4-cü maddəsində (Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər QHT təsisçisi ola bilməzlər), 9.5-ci maddəsində (Milli, irqi və ya dini düşmənçiliyin salınmasına görə məhkum cəlb edilmiş şəxslər QHT təsisçisi ola bilməzlər), 10.4–cü maddəsində (İctimai birlik dövlət qeydiyyatına alındıqdan sonra 30 gün müddətində üzvlərinin reysterinin aparılmasını təmin etməli və həmin reysterin məlumatlarını 15 gün ərzində müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Üzvlərinin reysterində olan dəyişikliklər barədə 15 gün ərzində müvafiq icra hakimiyyəti orqanına məlumatlarını verməlidir), 12.1.1-ci maddəsində (Fond yaradılarkən onun nizamnamə kapitalı 50 min manatdan az olmamalıdır), 12.3-cü maddəsində (Dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi, ictimai təhlükəsizlik və ya ictimai qayda üçün təhlükə törədən, irqi, milli, və ya dini ayrıseçkiliyi təşviq edən, habelə mənəviyyatı təhqir edən QHT-lərin yaradılmasına yol verilmir), 12.4-cü maddəsində (Adı əhalinin yanılda bilən, habelə dövlət qeydiyyatına alınmış digər QHT ilə eyni ada malik olan QHT-lərin yaradılmasına yol verilmir), 12.5-ci maddəsində (Azərbaycan Respublikasında xarici dövlətlər, habelə xarici hüquqi və fiziki şəxslər tərəfindən mütəmadi olaraq maliyyələşdirilən xarici ölkələrin QHT-lərin filial və nümayəndəliklərinin açılmasına yalnız həmin dövlətlərlə müvafiq dövlətlərarası müqavilə mövcud olduqda yol verilir) 16.2-ci maddəsində (xarici dövlətlər, habelə xarici hüquqi və fiziki şəxslər tərəfindən mütəmadi olaraq maliyyələşdirilən QHT-lərin Azərbaycan Respublikasında dövlət qeydiyyatı həmin dövlətlə Azərbaycan arasında bağlanmış beynəlxalq müqavilələr əsasında həyata keçirilir) 16.3-cü maddəsində (Dövlət qeydiyyatına alınmaq üçün müraciət etmiş QHT-nin Qanunun 12.3-ci maddəsinə uyğunluğu, habelə onların cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, terrorçuluq və ya terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqəsinin yoxlanılması üçün  dövlət qeydiyyatı orqanı müvafiq  icra hakimiyyəti orqanlarına sorğu göndərir. Müvafiq icra hakimiyyəti orqanları 30 gün müddətində məsələyə dair rəyini dövlət qeydiyyatı orqanına təqdim edir.Rəydə qeyri-hökumət təşkilatının  dövlətin konstitutusiya quruluşunun əsasları və təhlükəsizliyi, ictimai təhlükəsizlik və ya ictimai qayda üçün təhlükə törətdiyi, habelə irqi, milli və ya dini ayrıseçkiliyi təşviq etdiyi və ya cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, terrorçuluq və (vəya) terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqəsi olması barədə kifayət qədər əsasların olduğu göstərilərsə, həmin təşkilatın dövlət qeydiyyatından imtina edilir) 16.4-cü maddəsində (Qeyri-hökumət  təşkilatı yalnız hüquqi şəxs kimi dövlət qeydiyyatından keçdikdən sonra fəaliyyətə başlaya bilər), 16.5-cü maddəsində (Qeyri-hökumət təşkilatının hüquqi şəxs kimi dövlət qeydiyyatından keçmədən fəaliyyət göstərməsi onu adından çıxış edən və ya fəaliyyət göstərən şəxs (şəxslər) üçün inzibati məsuliyyətə səbəb olur.Qeyri-hökumət təşkilatının hüquqi şəxs kimi dövlət qeydiyyatından keçmədən fəaliyyət göstərməsinə görə onun adından çıxış edən və ya fəaliyyət göstərən şəxs (şəxslər) inzibati məsuliyyətə cəlb edildikdən sonra həmin təşkilat fəaliyyətini davam etdirdikdə müvafiq icra hakimiyyəti orqanının müraciətinə əsasən bu qeyri-hökumət təşkilatının fəaliyyəti məhkəmə tərəfindən qadağan edilə bilər), 17.1-ci maddəsində (QHT-lərin dövlət qeydiyyatına alınmasından yalnız bu Qanun və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” AR Qanunu ilə nəzərdə tutulmuş hallarda imtina edilə bilər) 20-ci maddəsində (QHT bu Qanunda və hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında AR qanunvericiliyində nəzərdə tutulmuş qaydada ləğv edilə bilər), 24.2-ci maddəsində (QHT-lərin əmlakının 50%-dən artıq hissəsi xarici mənbələr hesabına formalaşdırıla bilməz), 29.4-cü maddəsində (QHT təşkilatı auditor rəyi ilə birlikdə illik maliyyə hesabatını hər il aprel ayının 1-dən gec olmayaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Bu hesabatların forması, məzmunu və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir), 29.5-ci maddəsində (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı QHT-lərin fəaliyyətində qanunvericiliyə əməl olunmasına nəzarət həyata keçirir) və 31.6-cı maddəsində (QHT auditor rəyi ilə birlikdə illik maliyyə hesabatını müəyyən olunmuş müddətdə təqdim etmədikdə, müvafiq icra hakimiyyəti orqanı həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın və auditor rəyinin 30 gün müddətində təqdim edilməsinə dair göstəriş verir. Bu müddətdə hesabat və auditor rəyi təqdim olunmadıqda müvafiq icra hakimiyyəti orqanı QHT-nin ləğv edilməsi üçün məhkəməyə müraciət edir) nəzərdə tutulmuş əlavə və dəyişikliklərin hamısı QHT-lərin fəaliyyətinin məhdudlaşmasına, dövlət qurumlarından asılılığını təmin etməyə və təşkilatların bağlanmasına yönəlmişdir.

Bu maddələr Azərbaycan Respublikasının Konstitusiyasının 58-ci maddəsi (Birləşmək hüququ), İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 11-ci maddəsi (Yığıncaqlar və birləşmək azadlığı) və Azərbaycanın da qəbul etdiyi digər beynəlxalq qanunlarla ziddiyyət təşkil edir.

RATİ vətəndaş cəmiyyətinin iştirakı olmadan təklif edilən müddəaların vətəndaş cəmiyyəti üzvlərinə qarşı yönəlmiş növbəti avtoritar addım hesab edir və bəyan edir ki, demokratik prinsiplərə tamamilə zidd olan bu layihənin qəbul olunması Azərbaycanın demokratik baxımdan beynəlxalq arenada heç də yaxşı olmayan imicinə daha da mənfi təsir göstərəcək.

RATİ beynəlxalq ictimaiyyəti bu antidemokratik qanun dəyişikliyinə göz yummamağa, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı istiqamətində fəaliyyət göstərən QHT-lərə dəstək olmağa və Qanuna sözügedən dəyişikliklər qəbul edilərsə, demokratiyanın inkişafı ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə Azərbaycan hökumətinə qarşı sərt sanksiyalar tətbiq etməyə çağırır.

RATİ Azərbaycan hakimiyyətini sözügedən Qanuna dəyişiklik və əlavələr edilməsi layihəsini qəbul etməməyə və “Qeyri-Hökumət təşkiltları (Fondları) haqqında" mövcud Qanunu daha da liberallaşdırmağa və QHT-lərin qeydiyyatınının sadələşdirilərək “bir pəncərə” sistemi ilə aparılmasına çağırır.
VƏTƏNDAŞ CƏMİYYƏTİNİN MÜDAFİƏ KOMİTƏSİ TƏSİS OLUNDU
Bu gün 50-yə qədər Qeyri-hökumət təşkilatının (QHT) rəhbəri iyunun 19-da parlamentin növbədənkənar iclasında müzakirəyə çıxarılacaq "Qeyri-Hökumət təşkiltları (Fondları) haqqında" Qanuna dəyişikliklər və əlavələrlə bağlı fövqəladə toplantı keçirib. Tədbirdə iştirak edən QHT rəhbərləri Vətəndaş Cəmiyyətinin Müdafiə Komitəsi təsis ediblər. Qanuna nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı etiraz aksiyaları keçirməyi planlayan müdafiə komitəsinin üzvləri 10 nəfərdən ibarət işçi qrupu yaradıblar. Qanuna dəyişikliklə bağlı etiraz bəyanatı hazırlayacaq işçi qrupu bunun üçün imzatoplama kampaniyasına da start vercəklər. Məsələ ilə bağlı ölkə Prezidentinə, Milli Məclisə və Avropa Şurasına etiraz müraciəti hazırlayan işçi qrupu iyun ayının 18-də dəyirmi masa keçirməyi də qərara alıb.

Tədbir iştirakçıları ictimaiyyətə daha geniş məlumat vermək məqsədilə sabah saat 13:00-da Azərbaycan Media mərkəzində mətbuat konfransı keçirəcəklər.


Foto:http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,263/lang,az/
ABŞ DÖVLƏT DEPARTAMENTİ AZADLIQ VƏ DEMOKRATİYA SAHƏSİNDƏKİ VƏZİYYƏT BARƏDƏ HESABATINI  AÇIQLADI

 

Amerika Dövlət Departamentinin Hüquqlar və İşçi qüvvəsi  üzrə Bürosu Qabaqcıl Azadlıq və Demokratiya haqqında Hesabatını açıqlamışdır. Azərbaycanla  bağlı bölmədə müvafiq olaraq bildirilir ki, Azərbaycan prezident formalı hökumət ilə idarəolunan  respublikadır və prezident icraedici, qanunverici və məhkəmə hakimiyyətlərindən üstündür.



“Hökumətin insan hüquqları üzrə hesabatı 2008-ci ildə bəzi sahələr üzrə pisdir və hələ də düzəlməmiş qalır. Seçkilərin  keçirilməsində  texniki aspektdən bəzi təkmilləşdirmələr olmasına baxmayaraq, hökumət prezident seçkisində kütlənin sülhlə hakimiyyət dəyişikliyini məhdudlaşdırdı. Polisdə və hərbi nəzarət altında olan cəzaçəkmə müəssisələrində həbsdə şəxslərin işgəncəyə məruz qalması və döyülməsi halları davam edir. Bu kimi hallar 2008-ci ildə üç ölüm hadisəsi ilə nəticələndiyi halda, təhlükəsizlik qüvvələrinin cəzasızlığı davam edir. İnfrastrukturda təkmilləşdirmələrə baxmayaraq, həbsxanalarda şərait sərt olaraq qalır. Əsassız həbs - xüsusilə siyasi baxışlarına görə hökumət tərəfindən təqib edilməsi və məhkəməyə qədərki  uzunmüddətli həbs halları davam edir. Hökumət hələ də siyasi səbəblərə görə şəxsləri həbs edir. Məhkəmə hakimiyyətində yayılan korrupsiya və hüquq-icra fəaliyyətində qanun pozuntuları hələ də qalmaqdadır. Toplaşmaq  azadlığına məhdudiyyətlər davam edir. 2008-ci ildə media azadlığına və siyasi iştiraka məhdudiyyətlər xüsusən "Amerikanın səsi", “Azadlıq”  və BBC radiolarının FM tezliklərindəki yayımlarına qadağa qoyulmasından sonra daha da  pisləşdi. Hökumət bəzi  Xristian və İslam dini qruplarının fəaliyyətlərinə də məhdudiyyətlər qoyur. Qadınlara qarşı zorakılıq hallarına da rast gəlinməkdədir. Hökumətin problemlə əlaqədar tədbir görməyinə baxmayaraq, insan alveri halları davam edir ".

 

Azərbaycana aid  ətraflı məlumata burada baxıla bilər: http://www.state.gov/g/drl/rls/afdr/2009/eur/122893.htm


Bütün ölkələr üzrə hesabatlara burada baxıla bilər:

 

http://www.state.gov/g/drl/rls/afdr/2009/index.htm



ƏLİ HƏSƏNOV HƏBSDƏ OLAN JURNALİSTLƏRİN İSLAH OLUNDUĞUNU DEYİB
Dünən (10 iyun) Prezident Administrasiyası ictimai–siyasi şöbəsinin müdiri Əli Həsənov 22 İyul Milli Mətbuat Günündə həbsdə olan jurnalistlərin əfvi məsələsinə münasibət bildirib. “Trend” informasiya agentliyinə müsahibəsində Azərbaycanda peşə fəaliyyətinə görə həbs olunmuş jurnalistlərin əksəriyyətinin prezident tərəfindən əfv olunduğunu deyən Ə.Həsənov bildirib ki, jurnalistlərin əfv məsələsi Əfv Komissiyasının sədri olan prezident İlham Əliyevdən asılıdır. O, hazırda həbsdə olan jurnalistlərin qeyri-jurnalist fəaliyyətinə görə həbsə alındıqlarını bildirərək, jurnalistlərin peşə fəaliyyətinə görə həbsə alınmasının tərəfdarı olmadığını ifadə edib:

“İstərdim ki, həbsdə olan jurnalistlər tezliklə azadlığa buraxılsınlar. Düşünürəm ki, onlar artıq islah olunublar və müəyyən məsələlərdə səhvlərini başa düşüblər” -deyə, Əli Həsənov vurğulayıb.


SƏRDAR ƏLİBƏYLİNİN TƏHSİL NAZİRLİYİNƏ QARŞI QALDIRDIĞI İDDİA ÜZRƏ MƏHKƏMƏ PROSESİ BAŞ TUTMADI
Bu gün (11 iyun) Nərimanov rayon Məhkəməsində hakim Ramil Kazımovun sədrliyi ilə “Nota” qəzetinin baş redaktor əvəzi Sərdar Əlibəylinin Azərbaycan Respublikasının Təhsil Naziri (TN) Misir Mərdanova qarşı qaldırdığı informasiya sorğusunun cavablandırılmaması iddiası əsasında məhkəmə prosesi baş tutmayıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Sərdar Əlibəylinin özü məlumat verib. Onun sözlərinə görə, qarşı tərəf prosesdə iştirak edə bilməyəcəyi barədə əvvəlcədən məhkəməyə müraciət etdiyindən, proses 16 iyun saat 17:00-a təyin olunub.

Xatırladaq ki, “Nota” qəzetinin Təhsil Nazirliyi (TN) haqqında dərc etdiyi yazı ilə bağlı nazirliyə informasiya sorğusu göndərilmiş, lakin sorğu TN tərəfindən cavablandırılmamışdır. Mətbuat Şurasına (MŞ) həmin yazı ilə bağlı edilmiş müraciətə əsasən isə “Nota” qəzeti “reket” qəzetlər siyahısına daxil edilmişdir.


MAHAL İSMAYILOĞLUNUN MƏHKƏMƏ PROSESİ KEÇİRİLDİ
Bu gün (11 iyun) Abşeron rayon Məhkəıməsində hakim Şəmsəddin Abbasovun sədrliyi ilə “Yeni Musavat” qəzetinin köşə yazarı, “Xalq” qəzetinin keçmiş baş redaktoru Mahal İsmayıloğluna qarşı Cinayət Məcəlləsinin (CM) 127 (qəsdən sağlamlığa az zərər vurma), 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və 221.3-cü maddələri (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilən xuliqanlıq) ilə açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə təqsirləndirilən şəxs M.İsmayıloğlu, onun hüquqlarını müdafiə edən “Media Hüquqları” İnstitutunun vəkili Elçin Sadıqov, zərərçəkmiş şəxs qismində Nəcibə Səfərova, onun vəkili Novruz Əliyev və dövlət ittihamçısı Tofiq Süleymanoğlu iştirak ediblər.

Təqsirləndirilən tərəfin şahidləri 3 iyun 2008-ci epizodu üzrə ifadə verərək, M.İsmayıloğlunun hadisə baş verən vaxt qohumunun yas mərasimində olduğunu deyiblər. 21 iyun epizodu üzrə isə M.İsmayıloğlunun məhkəməyə şahid qismində təqdim etdiyi sürücüsünün dindirilməsinə isə hakim tərəfindən icazə verilmədi. Hakim Ş.Abbasov növbəti prosesi 19 iyun, saat 16:00-a təyin etdi.

Xatırladaq ki, M.İsmayıloğlu bağ qonşusu olan Daxili İşlər Nazirliyinin əməkdaşı Vahid İmanovun qulluqçusunun şikayəti əsasında iyunun 27-də polisə çağırılmışdı. Şikayətə səbəb guya jurnalistin qonşusunun qulluqçusunu 3 və 21 iyun 2008-ci il tarixlərində döyməsi olub. Bu səbəbdən M.İsmayıloğluna qarşı Cinayət Məcəlləsinin  221.3-cü maddəsi (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilən xuliqanlıq) ilə cinayət işi açılıb. M.İsmayıloğlu isə ona şər atıldığını və jurnalist fəaliyyətinə görə böhtana məruz qaldığını iddia edir.


MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)

Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

24 saat ərzində aktiv olan qaynar xətt: (+ 994 055) 816 40 04

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az  skype: irfs.az

Yüklə 43.18 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2020
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin