ÖZÜNÜ qoru, xalqim



Yüklə 1.8 Mb.
səhifə12/13
tarix23.02.2016
ölçüsü1.8 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   13

Azərbaycan
Anamızın matəminə buraxmadılar,

Bacımızın toyu oldu- gedə bilmədik.

Yüz yol şəxsi işimizi varaqladılar,

Təqsirimiz, günahımız nədi-bilmədik.


Burda ata gözlərini yumdu əbədi,

Orda oğul gedib görə bilmədi yası…

Oğul nədir, quş bu yana səkə bilmədi,

Ordan bu nə yoldu ki-qaş-göz arası.


Fədailər güllələndi, şəhidlər öldü,

Cənub yandı, şimal yandı-nəşələndilər.

Bir millətin məni öldü, mənliyi öldü,

İki yerə parçalandı-nəşələndilər…


Ruhlar getdi, eşqlər getdi, mənalar getdi,

İllər keçdi ömrümüzə qəm səpə-səpə…

O tərəfdən bölük-bölük sonalar getdi,

Bu tərəfdə göllərimiz tutmadı xəbər…


Yad çəkmələr tapdaladı ana torpağı,

Çəpər-çəpər, ağac-ağac bölüşdürdülər.

O tərəfi bu tərəflə etdilər yağı,

Bu qardaşı o qardaşla vuruşdurdular.


Nə gördülər-ilan kimi çəkdilər dəmə,

Çox yerlərdən qaralayıb sildilər bizi.

Bu qanunlar, qadağalar imiş demə,

Sonra qanlı məftillərə böldülər bizi.


Yüz cür bəzək düzəltdilər zahirdən, üzdən,

İçəridən qarət edib soydular bizi…

Bir də gördük ayrılmışıq öz kökümüzdən,

Bir də gördük itirmişik kimliyimizi…


Bir də gördük, yalan dönüb həqiqət olub,

Bir də gördük, yadlar kimi söhbət edirik…

Bir də gördük, millət ayrı bir millət olub,

Bir də gördük, yavaş-yavaş məhvə gedirik…


Bir də gördük,qızlarımız miskinləşiblər,

Bir də gördük,bizdən deyil gəlinlərimiz…

Bir də gördük, yollarımız özgələşiblər,

Yad ciblərə axıb gedir gəlinlərimiz…
Bir də gördük, öz adını dəyişir çoxu,

Təbliğ edir yad yuxunu, yad ədasını…

Bir də gördük analar yad balalar doğur,

Bir də gördük, oğul danır öz atasını…


Burda çara baş əyirlər, şaha o yanda,

Bəzisi də nə ondandır, nə bundandılar.

Bir də gördük bu sathasat yarışlarında,

Bizimkilər öncüldülər, çempiondular…


Bağlayıblar xalq qəlbinə gedən yolları,

Görə-görə ağ üstündən qara çəkirlər.

Haqq danışan, birlik deyən ər oğulları,

Burda tutub, orda isə dara çəkirlər.


Bir də gördük, adi quru söz olub vətən,

Başımızda təkcə onun sevdası qalıb…

Sarı payız ağacı tək sozalıb vətən,

Budaqları sınıb düşüb, gövdəsi qalıb.


Gördük çoxu öz-özünü düşünür ancaq,

Məslək pula, vəzifəyə qurban verilir.

Bir də gördük xalq olubdu əldə oyuncaq,

Onu tarac edənlərə ənam verilir.


Gecə-gündüz qardaş-bacı haraylı olduq,

Nə ağrılar, nə acılar gördü bu torpaq…

Röyalarda ta o taylı, bu taylı olduq,

Röyalarda gördük daha birdi bu torpaq…


Bu ikili tale ilə barışdıq daha,

Bu millətin hər bir şeyi oldu yarımçıq.

Parçalandı yeri, göyü, adı, allahı,

Dirisi heç, ölüsü də öldü yarımçıq…


Yarı əsdi şimal-cənub küləyimiz də,

Toy elədik, yas saxladıq –yarımçıq oldu…

Düz ikiyə ayırdılar ürəyimizi ,

Bölündükcə, üzüldükcə yarımcan olduq…


Daha olduq yarı mərhum, yarı da azad,

Bir vətəndə iki vətən qürbət olarmı?

Düz deyiblər, dad yarımçıq əlindən, min dad,

Heç yarımçıq millətdən də millət olarmı?


Açıldılar ərzin zülmət yolları belə,

Bəşər oğlu düz allahın evinə uçdu,

Hətta qarı düşmənlər də verdi əl-ələ,

Təkcə bizim taleyimiz düyünə düşdü…


O qitədən bu qitəyə gəlib getdilər,

Bütün uzaq məsafələr yaxınlaşdılar…

Hətta ağlar qaralarla dostluq etdilər,

Çox tayfalar, əsabələr yaxınlaşdılar…


Hətta vəhşi heyvanlar dha insafa gəldi,

İsnişdilər azimanlar, qurdlar, tülkülər.

Hətta təzə dostlar kimi əl-ələ verdi,

Bir-birini qılınclayan ellər, ölkələr…


Cənub çıxdı yerin-göyün cazibəsindən,

Günahımız, qüsurumuz nədi-bilmədik.

Sən buna bax, lap az qala iki əsrdə,

Bir qarışqa gedən yolu gedə bilmədik…


Gedəmmədik qatar oldu, təyyarə oldu,

Beş qarış yol tilsimlərə düşdü elə bil.

Təbriz ərzin ən əlçatmaz şəhəri oldu,

Təbriz ayrı planetə köçdü elə bil…


2
Təbriz nədir, Naxçıvana sərhəd qoydular,

Mərənd nədir, Bilasuvara gedə bilmədik.

Aramıza yüz qadağa, yüz sgd qoydular,

Günahımız, təqsirrimiz nədi-bilmədik…


Xiyabani o tərəfdə silah götürdü,

Onu ölüm yatağında dağ elədilər.

Pişəvari bu tərəfə pənah gətirdi,

Burda onu hiylə ilə yox elədilər.


O tərəfdə Füruddini tutub asdılar,

Bu tərəfdə Biriyanı məhkum etdilər.

Sərhədlərə say-hesabsız qoşun basdılar,

Gündən-günə məftilləri möhkəm etdilər…


Hətta suya, hətta göyə sərhəd çəkdilər,

Ayırdılar dil-ağızsız dərəni, dağı.

Ağacları qopararaq tirlər əkdilər,

Yer altına, yer üstünə atdılar lağım…


Qoymadılar bu tərəfə bir arı qona,

Xətkeş kimi düzəltdilər əyri xətləri.

Adicə bir yarpağın da xışıltısına

Saatlarla durub hürdü sərhəd itləri…


O tərəfdən bir durbinlə bizə baxdılar,

Bu tərəfin durbinləri yüz adda oldu.

O tərəfin çəpərləri köhnə taxtadan,

Bu tərəfin çəpərləri poladdan oldu…


Bir keçilməz sıldırıma, qayaya döndü,

Bu torpağın baş yolları, ulu yolları.

Düz ortadan haçalandı, iki bölündü,

At yolları, qurd yolları, quru yolları.


Siçovullar donub qaldı zülmət dehikdə,

Qartallara göy olmazdı süzə ilahi.

İllər boyu ayıq-sayıq durub keşikdə,

Bizi durub qorudular bizdən, ilahi…


O taydakı qardaşına məktub yazanın,

Kağızına, markasına əmma qoydular.

Bir yol Təbriz radiosuna qulaq asanın

Tamam yeddi arxasına əmma qoydular.


-Sən iclasda pis apardın o günü özünü,

mərənd, Şahbuz sözlərini yrəkdən dedin.

Nəyə isə eyham vurdun Cənub sözüylə,

Həm də qardaş kəlməsini çox bərkdən dedin.


-Olmaya sən itirmisən tamam ağını,

Sən ünsürsən, sən düşmənsən, milli qalıqsan.

Öz dilində özün açdın paxırını,

Bundan belə Sibirliksən, Kalımalıqsan…


Gündə dartıb apardılar sorğu-sualla,

Döyüb- söyüb, əzab verib saldılar əldən

Göndərdilər sürü-sürü soyuq şimala,

Guya xalqı qurtardılar millətçiliklərdən.


Azərbaycan bir açıqca zindana döndü,

Millətçilər kim idi ki, Cavid əfəndi.

Namərdləri sağ qaldılar, mərdləri .ldü,

Müşfiq, Cavad, Abbas Mirzə, Ruhulla Ülvi…


Hətta böyük Nərimana qulp qoydular,

Kim azacıq boy göstərdi, boyu vuruldu.

Bizim vətən sevgimizə qoruq qoydular,

Bizim vətən mərarımız qorxulu oldu…


3.
Qırx altında ümidlərin çırağı yandı,

Xəzəl olmuş bağımızda güllər açdı.

Birləşməyə iynə boyda güman yarandı,

Bir-birinə həsrət qalan qollar açıldı.


Bir balaca gözümüzün yaşını sildik,

Elə sandıq biz istəyən zamana gəldi…

Heç olmasa azda olsa Təbrizi gördük,

Elə bil ki, dinə gəldik, imana gəldik…


Heç olmasa bir azacıqMərəndə baxdıq,

Ərdəbilə ayağımız dəydi balaca…

Savalana zirvələrə girəndə baxdıq,

Dumanına papağımız dəydi balaca…


Bir azacıq ruhumuzda tərpəniş oldu,

Bir az qəflət yuxusundan oyandı xalqım…

Heç olmasa beş günlüyə azad quş oldu,

Odlar görmüş həm o yanlı, bu yanlı xalqım…


Heç olmasa əhval tutub danışa bildik,

Öz doğmaca qardahımla bir lisanda biz.

Heç olmasa gəzə bildik, dolaşa bildik,

Bu dünyanın cənnət bağı Gülüstanda biz…


Bütün aləm xəbərdardı fərağımızdan,

Beş günlüyə bu fəraqın çıxdıq yasından.

Heç olmasa çat-çat olmuş dodağımızla,

Axır gedib ğpə bildik Ərk qalasından.


Xətainin ruhu coşdu, Qurbani güldü,

Dirilər də, ölülər də cana gəldilər.

Heç olmasa axır Culfa Culfanı gördü,

Astaradan Astaraya salam verdilər.


Allahsız da əllərini qaldırdı göyə,

Dedi:-bunu gəl, çox görmə sən bizə, Allah…

Heç olmasa, heç olmasa beşcə günlüyə,

Böyük bülbül cəh-cəh vurdu Təbrizdə, Allah…


Heç olmasa, heç olmasa, ah, heç olmasa…

-Dedilər yox, sizlər hara, birləşmək hara?...

Yenə körpə ümidlərə çəkildi hasar,

Bu sonuncu cəhdimiz də dəydi daşlara…

Yenə girdi ortalığa fəsad, şər, hiylə,

Yenə düşdü aramıza hicran, qəm, küsü,

Stalinin, Mikoyanın fitnəsi ilə

Qovladılar, çıxartdılar o taydan bizi.


Çıxartdılar, qovladılar özgələr təki,

Yuxarıdan hökm gəldi, sən hökmə bir bax…

Bilə-bilə qoymadılar, qoymadılar ki,

Bütbv vahid millət olaq, bir yerdə olaq…


Qorxuludur hər millətin bütövü, tamı,

Millət batır, millət itir parçalananda…

Bilə-bilə qoymadılar, qoyardılarmı

Möhtəşəm bir dövlət olsun Azərbaycanda?


Onda, axı, özgələri cılız görünər,

Niyə, axı, Azərbaycan olsun o boyda?..

Qoca Şərqin qapısında nəhəngə dönə,

Bir ucu Dərbənddə dursun, Bir ucu Xoyda…


Qoymaq olmaz pərvazlansın bir ölkə kimi,

Başqaları unudulsun kölgədə qalsın.

Qoy ikiyə parçalansın əvvəlki kimi,

Hər parçası bir dövlətdə, ölkədə qalsın…


Niyə, niyə Azərbaycan bir olsun, axı,

O birləşsə güclü olar, xətalı olar…

O Qafqazda ələ alar hegemonluğu,

Hətta onun BMT-də adamı olar…


O birləşsə qalxar, axı, dirilər, axı,

Qoy yenə də əvvəlki tək getsin yuxuya…

O birləşsə çoxlarına olar göz dağı,

O birləşsə çoxlarına meydan oxuyar…


Birləşməyə qoymaq olmaz Azərbaycanı,

Nahaq yerə bölməyiblər onu qədimlər.

Şah ilə çar, çar ilə şah o zaman, canım,

Nə ediblər düz ediblər, doğru ediblər…


…Böyük rəhbər əl gəzdirdi bığına bu dəm,

Haramzada cəsusları düşdülər işə…

Cənub- şimalçalxalandı, dəyişdi aləm,

Yenə hicran vüsal ilə gəldi döş-döşə…


Bığlarına əl gəzdirdi «sevimli» rəhbər,

Azərbaycan viran oldu yenə təzədən…

Beriyanın cəsusları yelə döndülər,

Yüyürdülər Moskvadan ta Təbrizəcən…


O yanda şah qırıb tökdü, bu yanda rəhbər,

O yanda göz görə-görə, bu yanda pünhan…

Bəlkə də mən yanılıram, bəlkə də səhvəm,

Mən ki, azca ayırmıram rəhbəri şahdan…


İkisi də cəllad olub, qantökən olub,

Formaları ayrı olub, məzmunu eyni.

Bu dünyada say-hesabsız hökmran olub,

Hamısıda bir-birinin davamı, eyni…


Bir-birinin əllərinə su töküb onlar,

Bir-birinə oxşayıblar əkizlər kimi…

İndi odlu cəhənnəmdə kül olub onlar,

Evlər yıxan, qanlar tökən iblislər kimi…


Bığlarına əl gəzdirdi sevimli rəhbər,

Keçirtdilər hamımızı qıl körpüsündən…

Böyüyə də kiçiyə də əl gəzdirdilər,

Çoxu hətta şübhələndi öz kölgəsindən…


Markaryanla,topuridzelər meydan suladı,

Yenə xalqı xəlbirləyib ələklədilər.

Kimlərə ki, dördgöz azca barmaq buladı,

Birbaş dəniz qırağına sürüklədilər…


Əllərinə imkan keçdi yenə «yanların»,

Yenə onlar «hifz elədi» millətimizi…

Baltanın da sapı bizim, özü onların,

Bax, beləcə ləkələdik millətimizi…


Bax, beləcə özümüzə kəsildik qənim,

Olduq misgin, fağır, yazıq, qorxaq, təpərsiz…

Biz ta kənar düşmənləri neynirik, canım,

Öz «doğmaca» düşmənimiz saysız, qədərsiz…


Bəs eyləyər hələ ayrı millətlərə də,

Biz özümüz həm ov olduq, həm silah olduq.

Özümüz həm qoruq olduq, həm də ki, bərə,

Özümüz həm nişan, həm də nişangah olduq…


Azərbaycan tirac oldu, öldü, dirildi,

Lap az qala öz adı da çıxdı yadından…

Ən mötəbər satqınlara ənam verildi,

Onlar hər gün nitq elədi millət adından…


Yadlar yenə bu ölkəyə durdular yiyə,

Gecə-gündüz malım, mülküm, varım daşındı.

Öz dilində xalq sözünü deyə bilməyən,

Od yağdırdı, at oynatdı xalqın başında…


Bircə kərə bu torpaqda hava udmayan

Kəslər gəlib bu torpağın darğası oldu.

Azərbaycan kəlməsini dili tutmayan

Azərbaycan millətinin ağası oldu.


Gəncə adı dəyişildi, ar oldu bizə,

Nizamilər, məhsətilər qəşş elədilər.

Beyləqanda bircə tikan əkməyən kəsə,

Beyləqanı başdan-başa bəxş elədilər…


Məscidləri dağıtdılar traktor ilə,

Qədim, ulu abidələr viranə oldu.

Stalinin kitabları ta bundan belə

Bizim xalqın dini oldu, quranı oldu.


Dəyişdilər dəfni, yası, adəti, toyu,

Səsim, ynym, hay-harayım qaldı içimdə.

Qədim Novruz bayramımız-familim, soyum,

İllər ilə həbs edildi xalqın içində.


Familimdən diksimdim də hərdən elə bil,

Amma qəlbə qürurlandım Novruz gələndə.

Hamı gizli bayram etdi Novruzu hər il,

Plov asdı, xonça tutdu bu əziz gündə…


Bir yandan da dağıtdılar tariximizi,

Əsər yazıb nəşr etdilər hey qalaq-qalaq.

Neçə-neçə kitablardan sildilər bizi,

Neçə-neçə millətə etdilər yamaq…


Yazdılar ki, kor olmuşuq inqilabacan,

Quru yurdda böyümüşük buraya qədər.

Bundan belə bağımızda çiçəklər açar,

Bundan belə bizimkidir gələcək zəfər…


Bir rəhbərə sağ ol deyək günəş çıxanda,

Gərək ona yaşa deyək səhər gələndə.

Ona, ona minnətdarıq pambıq yığanda,

Ona, ona minnətdarıq güllələnəndə.


O günəşdir, o səhərdir, ulduzdur, aydır,

Odur əsl xilaskarı bu elin, yurdun,

Guya bizim rəhbərimiz o olmasaydı,

Nə Nizami doğulardı, nə Dədə Qorqud.


Nə çayımız su verərdi, nə də arxımız,

Nə ətimiz dad verərdi, nə də yağımız.

Nə önümüz görünərdi, nə də arxamız,

Nə solumuz bilinərdi, nə də sağımız.


Ona dua etməliyik hər saat, hər gün,

Cəh-cəh vuran bülbül üçün, açan gül üçün.

Ona, ona minnətdarıq Koroğlu üçün,

Kəpəz üçün, Göyçay üçün, Maral göl üçün.


Bəli, ona minnətdarıq, biz ona təkcə

Bir gecədə minlər ilə qeybə çıxançün.

Bəli, ona minnətdarıq, biz ona təkcə

Bu «şən», «azad», bu yarımcan Azərbaycançün.


4.
Şəhriyarın yubileyinə buraxmadılar,

Səhənd öldü hüzuruna gedə bilmədik.

Yüz yol şəxsi işimizi varaqladılar,

Günahımız, təqsirimiz nədi,-bilmədik…


Yzeyir bəy gözlərini yumdu əbədi,

Uzaq-uzaq ellər gəlib gördü bu yası.

O tərəfdən bir quş belə səkə bilmədi,

Biz də kimi qanlı tutduq-yazıq Arazı.


Biz də əsl günahları unudub elə,

Durub düşdük gecə-gündüz bir çayın üstə.

Göz yumarıq bu taydakı vətənsizlərə,

Yıxdıq bütün günahları o tayın üstə…


Guya tamam ac-yalavac İrandır ora,

Burdakılar qəndə, bala batıb az qala.

Guya tamam xarabadır, virandır ora,

Burdakılar kommunizmə çatıb az qala…


Çox qalmayıb, lap az qalıb, neçə gyn qalıb,

Üzəcəyik başdan-başa süd gölündə biz.

Yatırdılar tərəf dolu laylalar çalıb,

Şüar ilə yuxuladıq, qalxdıq gündə biz.


Şüar, şüar tin başında, addım başında

Şüar ilə çay içdilər, qazan asdılar.

Meşələrdən, səhralardan, dağlar başından

Xərabələr üzərində şüar asdılar.


Ulu rəhbər şüarın kökü, zəngini,

Ulu rəhbər şerlərdə, tərcümələrdə.

Şüarların ən şənini, ən qəşəngini

Zindanların üzərinə pərçimlədilər.


«ta çatıbdır ömrümüzün ən xoş çağları,

Lap az qalıb, kommunizmin kəndarındayıq»…

Dustaqlarsa şüarlara baxdı, ağladı,

Düşündülər, bəs biz kimin qandalındayıq?..


İnandı da bu hay-küyə hələ çox adam,

Bu boyda da yalan olmaz dedik hər halda.

Ha gözlədik- o böyük gün gəlib çıxmadı,

Gözləməkdən gözümüzün kökü saraldı.


«Lap az qalıb»-görünməyə illərə döndü,

hey uzandı dadsız, acı bağırsaq kimi.

Nə əvvəli, nə də bunun sonu göründü,

Camaatı aldatdılar bir uşaq kimi.


«Lap az qalıb» məsafəsi çox uzaq oldu,

İntizarla üzdük elə öz canımızı…

Üç qoyuna, beş qoyuna töysü qoyuldu,

Yun olmadı-apardılar yorğanımızı.


Ellərin də güzaranı qaldı allaha,

Necə yazım-qaradan da o yana rəng var?

Keçi neçə çəpiş doğub-aldılar saya,

Mülkədara tay tutdular kimdə inək var…


Əkinçini ayırdılar öz torpağından,

Torpaq oğlu torpağından uzağa düşdü.

Ümumi ev, ümumi yol, ümumi dükan,

Qədim Bakı bağları da ümumiləşdi.


-Bağ sahibi, bağını verir, yükünü yüklə,

-Bu bağ sənin bağın deyil, xalqındır daha…

O quyular, üzümlüklər, o əncilliklər,

O cənnətlər viran olub dağıldı daha.


Xalq deyildi bağ sahibi, zəhmətkeş insan?..

Arvadı da, uşağı da özüydü xalqın.

Bax, beləcə həyat çıxdı öz məcrasından,

Bax, beləcə ümidləri üzüldü xalqın.


-At sahibi, ver atını kolxoza hökmən,

Ümumidir geyim-keçim, çörək də, yağ da…

Bax, beləcə talan olduq ümumiliklə,

Qaldıq ətsiz, yağsız, qəndsiz əsrin bu vaxtı…


-Tor sahibi, ta Xəzər də ümumi oldu,

ta balıq da, ta kürə də ümiminindir.

Bəs kiminçün balıqçılar balıq tuturdu, dəryazımız var, balıqları görünmür indi…
Guya hər şey ümuminin əlinə keçdi,

Amma dərdlər, amma qəmlər oldu xüsusi.

Mvd-lə NKVD-lər xüsusiləşdi,

Zülm edənlər, həbs edənlər oldu xüsusi…


Bircə-bircə rəsmiləşdi bütün canilər,

Tuthatutlar, bashabaslar mindi qanuna.

Hər gün artan, balalayan dustaqxanalar

Keçdi mənfur Beriyanın ixtiyarına…


Oldu şəxsi mülkiyyəti, şəxsi dövləti,

Hökmdarlar nə karəydi onun yanında:..

Zindanları Sibirəcən uzandı getdi,

Əlləri də gecə-gündüz insan qanında.


Bütün qayda-qanunlarda oldu boş kağız,

Ölkə tamam, məcrasından uzağa düşdü.

Yazdıq, dünya yaradırıq bəysiz,ağasız,

Həqiqətdə hər kasıba beş ağa düşdü…


Yazdıq, cahan viranədir, tamam viranə,

O gərəkdir qüvvə ala, güc ala bizdən.

Hələ cənub sərhədləri dursun bir yana,

Sərhəd çəkdik dünya ilə öz aramızda…


Ta çoxları qapımızı açammadılar,

Nə kimsəyə əalam verdik, nə salam aldıq.

Bir ölkəni başdan-başa açarladılar,

Baş açarı Stalinin cibində qaldı…


Dedik, gahan daha bizdən başlayır, bizdən

Bircə gilə həyat yoxdur bizdən o yana.

Bahar kimi çiçəklidir xəzəlimiz də,

Hətta günəş çox soyuqdur bizdən o yana.


Bizsiz solub-saralacaq ərzin qalanı,

Nə qış qışdır, nə yay yaydır bizdən o yana…

Bizə qədər nə yaranıb nahaq yaranıb,

Gərək heç nə olmayaydı bizdən o yana…


Gündə-gündə yamanlayıb söydük dünyanı,

Bircə gilə vecinə almadı dünya.

Adətiylə hərlədi öz dəyirmanını,

Öz işindən, öz gücündən qalmadı dünya.


Bizləri də bala-bala vurdu dişinə,

Bizləri də əzdi, sıxdı, silkələdi o.

O-dünyadır, vardı dünya, olacaq yenə,

Öz xalqları, millətləri, ölkələriylə…


O bizə də qəh-qəh çəkdi, bizə də güldü,

Möhkəm-möhkəm ipimizi eşdi bu dünya…

Gözümüzü açıb gördük, bir də nə gördük,

Baxıb gördük ta bizdən də keçdi bu dünya…


5.
Bu yay bizi heç Şuşaya buraxmadılar,

Orda Vaqif poeziya gynləri idi.

Ağdamdaca bizə tanklar yaraqladılar,

Bu nə qədər ağlamalı, gülməli idi.


Silahlanmış hərbiçilər bələdçi oldu,

Təhlükənin, səksəkənin keçdik cənginə.

Burdan Şuşa qalasına qırx ağac yoldu,

Yol kəsmişdi ermənilər-ərəbzəngilər…


Deyin, adam durub kimə şikayət etsin,

Bu boyda da ağır bəla, pis gün olarmı?

Vətəninə əsgər səni müşayət etsin,

Şair üçün bundan böyük niskil olarmı?


Ay əsgərlər, necə edək, siz deyin barı,

Bir tərəfdən torpağına silah daşına.

Bir yandan da çox sevdiyin vətən daşları

Yad əllərdə güllə olub yağsın başına…


Nəsə bizə dəymədilər, qaldıq qazanca,

Rəhm elədi bizə vətən daşları məncə…

Kaş əllərim quruyaydı bunu yazınga,

Kaş gözlərim tutulaydı bunu görüncə…


Hava boyu vertalyotlar gəzirdi tək-tək,

Göy yolları açıq idi Şuşaya yalnız.

Az qalırdı yarıb çıxa sinəmi ürək,

Qayıdırdım o dağlardan ruhsuz, inamsız…


Qayıdırdım dağlar kimi dalğın, mükəddar,

Yol bağlıydı Xankəndinə, Kərgicahana…

Neçə kərə bu torpağı bölüşdürərlər,

Neçə kərə təpik dəyər Azərbaycana…


Bəxtimizi neçə kərə acılayarlar,

Soyumuzu ona-buna edərlər calaq…

Neçə kərə bu milləti parçalayarlar,

Öz doğmaca torpağından edərlər calay…


Bir olsa da əsli, nəsli, rişəsi, kökü,

Həqiqətdən, nəciblikdən mayası ola.

Neçə kərə bir yalını bölərlər iki,

Onun neçə göz dikəni, yiyəsi olar?...


Neçə kərə nemətini yeyib doyarlar,

Daraşarlar onun cənnət guşələrinə?..

Neçə kərə dənizinə qoruq qoyarlar,

Neçə kərə doğrayarlar meşələrini?..


Dönür geri bəd illərin dumanı yoxsa,

Astaraya döndərirlər Şuşanı yoxsa.

Ya Türkmənçay dərdlərini təzələyirlər?

Yoxsa Dağlıq Qarabağı Xoy eləyirlər?


Nə tufanlar gəldi keçdi üzərimizdən,

Aylar, illər ağır-ağır tərpəndi getdi.

Baxa-baxa qopardılar Təbrizi bizdən,

Baxa-baxa bir də gördük Dərbənd də getdi.

Yersiz gəldi, yersiz daha yükünü yüklə,

Başımıza nələr gələr, nələr bilmədik…

Kəmərlini kilər o vaxt böldülər iki,

Gədəbəydən kim pay verdi-xəbər bilmədik…


6.
Dava təzə qurtarmışdı… dərədə, düzdə,

Yerdə-göydə hələ barıt qoxusu vardı.

Hələ xofu getməmişdi ürəyimizdən,

Canımızda hələ onun qorxusu vardı…


Hələ axıb gəlirdilər «qara kağızlar»,

Poçtalyonlar hamısını gətirməmişdi…

Övladları qayıtmayan ana yazıqlar,

Hələ tamam ümidini itirməmişdi.


Əsgərlərin əynindəydi hərbi köynəyi,

Patrondaşda bağlayanlar var idi tək-tək…

Kartoçkayla verirdilər hələ çörəyi,

İndi əti, yağı, qəndi verdikləri tək…


Hələ çox-çox dərindəydi davanın kökü,

Ağrıları dolaşırdı damarda-qanda.

Hələ faşist əsirləri göz yaşı töküb,

Təzə-təzə gedirdilər Azərbaycandan…


Bizimkilər Almaniyadan dönürdü geri,

Yenə doğma yurdlarına tapınırdılar.

Evlərinə çatar-çatmaz o bədbəxtləri,

Heyvan kimi boğazlayıb aparırdılar.


Öz doğmaca torpağında həbs edirdilər,

Yad torpaqdan əsirlikdən qayıdanları.

Guya onlar vətəninə qəsb edibdilər,

Yaşamağa haqqı yoxdur əsla onların.


Milyon-milyon ömür yedi yırtıcı dava,

Gör nə qədər günahsızın qanı töküldü.

Guya düşmən az qırmışdı bizi Xudaya,

Bir yandan da öz əlimiz qırıb tökürdü…


Qanımızla qurtarmışdıq bəşəri dardan,

Amma içimizdə gedirdi dava.

İrəvanda, Zəngəzurda, Zəngibasarda,

Vedimizdə,Göyçəmizdə gedirdi dava…


Yox, bu dava daha pisdi, inanın buna,

Yox, davada düşmən ilə döyüşür insan.

Burda qonşu basıb səni yük qatarına,

Çıxarırdı öz halalca torpağımızdan…


Min hiyləylə tədbir töküb qovlayırdılar,

Guya qərib əzizləri qayıdar geri…

Bölük-bölük, sürü-sürü qovlayırdılar,

Ulu rəhbər guya buna göstəriş verib…


Lap az qala günahkara döndərib bizi,

Alırdılar ixtiyarı öz əllərinə.

Gözəl-gözəl yaylaqlardan endirib bizi,

Tökürdülər odlu Muğan düzənlərinə…


Deyirdilər, başlı başın saxlasın daha,

Bu şoranlıq düzləri hara, o dablar hara?!

Bircə qurtum bulaq suyu ömürdən baha,

Bircə udum dağ havası gəlməz xəyala…


Necə oldu o süzmələr, qaymaqlar yağlar,

Köçkünlərə görün necə od vurdular?

Bircə-bircə ölürdülər yazıq uşaqlar,

Qızdırmaya, yatalağa tutulurdular.


Yaşlılarda qırılırdı dərdsiz, əlacsız,

Bu da bir cür qətl olurdu, edam olurdu.

Orda qədim qəbiristanlar qalırdı başsız,

Burda təzə məzarlıqlar peyda olurdu…


Burda təzə başdaşları doğulurdular,

Qalanırdı, yüklənirdi qəm qəmin üstə.

«İrəvanda xal qalmadı»…oxuyardılar,

Xal nədir ki, Yerəvanda nə qaldı bizdən?..


«İrəvanda xal qalmadı»qədim İrəvan,

Xanlıqlardı bir zamanlar başdan-başa o.

Çoxu bizcə danışardı axıcı, rəvan,

Mehribandı dost, tanışa, yar-yoldaşa o…


Bağçaları xalı kimi toxuyardılar,

Dağa-daşa səs düşərdi təranəmizdən.

«İrəvanda xal qalmadı»oxuyardılar,

İrəvanda xal qalmadı nə qaldı bizdən?..


Gənclərimiz əhdi peyman bağlayardılar,

Baxıb həsəd aparardı pislər, xəbislər…

«İrəvanda xal qalmadı»-çağlayardılar,

İrəvanda xal qalmadı, qəm qaldı bizdən?..


İrəvanda xal qalmadı, əbədi qaldı

Orda ulu əcdadların ruhu, qəbiri…

Orda min-min arzumuzun məbədi qaldı,

Qaldı bizim ömrümüzün izi, ləpiri…


İrəvanda xal qalmadı,əbədi qaldı

Xatirəmiz, niskilimiz, gözümüz orda…

Aramızda başı qarlı dağlar ucaldı,

Bir-birinə yağı oldu dostlar axırda…



Yüklə 1.8 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2020
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin