ÖZÜNÜ qoru, xalqim




Yüklə 1.8 Mb.
səhifə11/13
tarix23.02.2016
ölçüsü1.8 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   13

Mən bilirdim qorxuludur böyük eşq…
Çoxdan idi gözləyirdim bu günü,

Mən bilirdim bunu belə olacaq…

Bu sahilsiz məhəbbətin, sevginin,

Bilirdim ki, sonu belə olacaq…


Mən bilirdim qorxuludur böuük eşq,

Bunu sənə dönə-dönə demişdim…

O tərsinə dönə bilər tez, ya gec,

Dönə bilər bəzən kinə demişdim…


Çoxdur onun tərəddüdü, gümanı,

Qısqanclıqdır bərabəri, ekizi…

Bəzən olur qara rəngə boyanır,

Tutulanda qəzəbindən gün özü…


Mən görmüşdüm, mən bilirdim, bilirdim,

Bədbəxt olur insan qəlbə sevəndə…

Sən bu acı həqiqətə gülürdün,

Mənmi düzəm, sənmi düzsən de, indi…


Göstər mənə sevib xoşbəxt olanı,

Sevib bədbəxt olanlarsa nə qədər…

Çox Məcnunlar oldu eşqin qurbanı,

Külə döndü gör nə qədər Leylilər…


Məhəbbətin bir sifəti inamdır,

O birisi həsrət, əzab, dərd, kədər…

Bir gün oldu azıb qaldıq dumanda,

Nagah kəsdi yolumuzu şübhələr…


Olduq dedi-qoduların gülüncü,

Aramıza girdi iblis ayrılıq…

Məhəbbətin kin ovxarlı qılıncı,

Bir də gördük öz qanından sıyrılıb…


Bir də gördük uçurumdur irəli,

Ümid, inam gördük bizdən əl üzüb…

Heç nə görmür məhəbbətin gözləri,

Görünəndə yaman üzü, sərt üzü…


Çoxdan idi gözləyirdim bu günü,

Mən bilirdim bunu belə olacaq…

Bu sahilsiz məhəbbətin, sevginin

Bilirdim ki, sonu belə olacaq…


1994.

Uğur olsun, gülə-gülə…
Ey istəyim, ey ürəyim, məhəbbətim,

Heyf sənə, heyf sənə, heyf sənə…

Təəssüf ki, ayrılıq biz əbədi,

İcazə ver son s.zümü deyim sənə…


Bu son sözüm, son xitabım, son nidamdır,

Ürəyimin axırıncı döyüntüsü…

Bu qarşında etirafdır, ehtiramdır,

Bu sonuncu həsrət, qüssə, umu, küsü…


Təsəllimdir cz-czümü danlamağım,

Bağışla ki, günahım var qabağında…

Bağışla ki, ürəyini anlamadım,

Ömrümün bu vədəsində, bu çağında…


Ən müqəddəs, ən bakirə duyğulardan,

İkimizə yuva qurdun, gözəl qadın.

Mən uçurdum o yuvanı sənə qurban,

O necə də kövrək imiş anlamadım…


Uçurmadım fəqət onu bilə-bilə,

Günah amma məndə oldu, mən kal oldum…

Sənə uöur diləyirəm bundan belə,

Mənə haram, sənə sevgi halal olsun…


Eşqə kömək, eşqə diqqət gərək imiş,

Ona qayğı lazım imiş gecə-gündüz…

O insana hava imiş, çörək imiş,

Laqeyd oldum onun məndən üzü döndü…


Yolunda sədd dura-dura sevdin məni,

Mənsə qorxdum bu sevgidən necə danım…

Lap nikahın ola-ola sevdin məni,

Mən bu eşqin kölgəsində daldalandım…


Baş əyirəm hüzurunda, kişi qadın,

Sən ucasan gözlərimdə allah qədər…

Bu sevgiyə layiq deyil mənim adım,

Etirafım günahımdan daha betər…


Heyf sənə məhəbbətim, heyf sənə,

Uçub getdin əllərimdən görə-görə

İcazə ver bir də, bir də deyim sənə,

Sağlıqla qal, uğur olsun, gülə-gülə.


1993.

Təki səsin gəlsin
Səsin gəlməyəndə qəm dəryasıyam,

İnsan olmağıma şübhə edirəm.

Sən bütün ömrümün təmənnasısan,

Səsinə, özünə qibtə edirəm.


Səsin gəlməyəndə pis günlər gəlir,

Dərd dərdə söykənir, fikir fikirə.

Nisgillər ardınca nisgillər gəlir,

Həsrət göyərdirəm, hicran əkirəm.


Səsin gələn kimi açılır səsim,

Qüssədən qəlbimdə qalmır bir əsər.

Özümdən şübhəylə soruram özüm,

Bu nikbin, bəxtəvər mənəm görəsən?


Səsin gəlməyəndə lal oluram mən,

Sükuta qərq olur, evim, ürəyim…

Qara bulud kimi tutuluram mən,

Dadını itirir suyum, çörəyim.


Səsin gələn kimi vaplığım əsir,

Canıma elə bil təzə can gəlir.

Səsin gəlməyəndə elə bil səsim,

Bir zülmət qaranlıq quyudan gəlir.


Mən nəfəs alıram gül nəfəsinlə,

Sən bunu bilirsən özün, əzizim…

Lap acıla məni şirin səsinlə,

Təkin səsin gəlsin, səsin, əzizim…


1993.

İçində
Bir zamanlar ilk cərgədə gedirdim,

Bütün sevən oğulların içində…

Birdən-birə əzizimi itirdim,

Çaşıb azdım bu yolların içində.


Həsrət verib ürəyimdə səs-səsə,

Buna çətin əsəb dözə, can dözə.

Sirrimi də açmayıram bir kəsə,

Qovruluram ağrıların içində…


Xəyal oldu hara uçdu mələyim,

Qanadlandı, bəlkə quşdu mələyim,

Gecə-gündüz nalə çəkir mələyir,

Xoyratlarım, ağrılarım içimdə…


Fərhad yetsin harayıma bu gündə

Çalsın mənim dağ köksümə külüngü,

Ən dəyərli, ən qiymətli, ən zəngin,

Bir dəfinə bağlı qalıb içimdə…


Nəsib olmur heç bir kimə məhəbbət,

Nə Leyliyə, nəMəcnuna məhəbbət,

Nağıl imiş sən heç demə məhəbbət,

Yaşamışam nağılların içində…


1994.

Həyat, sən nə qəribəsən…
Mus:Oqtay Kazıminindir

Nə yaxın qonşu olduq

Bu dünyada,

Ayrı-ayrı doğulduq

Bu dünyada,

Axır gəlib bir olduq

Bu dünyada,

Eü həyat, sən nə qəribəsən?..


Nəqarət
Sən ay kimi baxdın mənə,

Sən gün kimi baxdın mənə,

Gözlərinin qarasıyla

Güldü ömrün baxdı mənə…


Aylar keçir, illər keçir,

Axın olur,

Yadlar gəlir doğma olur,

Yaxın olur.

Məhəbbətlə ötən ömür

Nağıl olur,

Ey həyat, sən

Nə qəribəsən?..


Bu ilqarı yaşatdıq canımızda,

Gənclik eşqi qaynadı qanımızda.

Qohum oldu atamız,anamız da,

Ey həyat, sən

Nə qəribəsən?..
Nəqarət
Sən ay kimi baxdın mənə,

Sən gün kimi baxdın mənə,

Gözlərinin qarasıyla

Güldü ömrün baxdı mənə…


Aylar keçir, illər keçir,

Axın olur,

Yadlar gəlir doğma olur,

Yaxın olur.

Məhəbbətlə ötən ömür

Nağıl olur,

Ey həyat, sən

Nə qəribəsən?..


1967.

Sevənləri qoru, dünya
Mus: Oqtay Kazıminindir
Məhəbbət dərindən dərində olur,

Dayazda məhəbbət olmur heç zaman.

Hər könlün ən gizli yerində olur,

Axır hər bədənin qan damarında.


Nəqarət
Yaşa məhəbbətlə dolu, a dünya,

Eşqi tükənməzsən, üzü gülərsən.

Əvvəl sevənləri qoru, a dünya,

Sevməyən kəslərlə özün bilərsən.


Məhəbbət ən büllur könüldə açar,

Ləkəli ürəkdə açmaz heç zaman.

Məhəbbət ən isti iqlimdə açar,

Şaxtada, küləkdə açmaz heç zaman.


Nəqarət
Zərifdir, kövrəkdir, verməyin bada,

Saralar tökülər, həşəm kimidir,

Birini sevməyən adam dünyada

Gözümdə hamıya düşmən kimidir.


1987.

Taleyim mənim
Mus:Oqtay Kazıminindir
İl ötdü, ay keçdi,

Qəlbimi açmadım

Heç kimə

Heç kimə mən yar.

Yan bir şimşək kimi

Ömrümdən keçginən,

Keçginən,

Keçginən sən, yar.


Nəqarət:
Fəsillər adlandı,

Könüllər odlandı,

Sevənlər şadlandı,

Bəs mən neynim, neynim gəl,

Taleyim gəl,

Sən


Məni qurtar

Bu hicran əlindən

Dağlara qar düşər

Hələ mən yanaram,

Yanaram,

Yanaram mən yar

Yadıma yar düşər,

Həsrətdən donaram,

Donaram,

Donaram mən yar.


Nəqarət:
1970.

Qəriblik
Mus: Oqtay Kazıminindir
Mən könüllü bu yerlərə yol aldım,

Haray saldı ürəyimdə qəriblik.

Güldürdülər, üzdən azca qımışdım,

Hər arzumda, diləyimdə-qəriblik.


Bir gözəl qız bizə yemək gətirdi,

Xörəyində, çörəyində-qəriblik.

Qoca qadın dedi, oğul darıxma,

Mənə oğul deməyində-qəriblik.


Uşaq gördüm Müşfiqimə oxşadı,

Fəqət, baxıb gülməyində-qəriblik…

Demə adi bir daş belə vətənmiş,

Bu yerin daş-kəsəyində-qəriblik…

Qəribliyin yuxusunda vətən var,

Yoxsa qalan hər şeyində-qəriblik…


1967.

Dünya bir nəğmə idi


Mus: Oqtay Kazıminindir.
Dünya bir nəğmə idi, dünya bir yuxu idi,

Elə bil yer üzündə bir tifildə yox idi.

Elə bil hər tərəfdən süd qoxusu gəlirdi,

Analar şərəfinə mahnılar yüksəlirdi,

Bütün aləm elə bil bu lövhəyə dalırdı,

Bir ana qucağında bir körpə aparırdı.


Küçələrdən keçənlər durub boylanırdılar,

Cavan qızlar sızlayıb, gizlincə yanırdılar,

Göz qoyurdu qarılar, köks ötürüb dərindən,

Seyr edirdi uşaqlar, seyr edirdi gəlinlər,

Bütün aləm elə bil bu lövhəyə dalırdı,

Bir ana qucağında bir körpə aparırdı.


Ona ad gəzirdilər, beşik axtarırdılar,

Başına dönürdülər, qadasın alırdılar,

Nənəsi asta-asta yeriyirdi dalınca,

Uşaq sakit, astaca baş qoymuşdu balınca,

Bütün aləm elə bil bu lövhəyə dalırdı,

Bir ana qucağında bir körpə aparırdı.


1974.

Məhəbbət yaşa baxmır
Mus: Oqtay Kazıminindir
Deyirsən ki, sevirəm,

Durmusan qarşımda sən.

Mən orta yaşındayam,

Sən cavan yaşındasan.


Nəqarət:
Məhəbbət yaşa baxmır

Müdriklər belə deyib.

Ah, bəlkə də belədir,

Bəlkə də belə deyil.


Kövrəlib dayanmışıq,

Bir körpə uşaq kimi,

Sən açan çiçək kimi,

Mən solan yarpaq kimi


Birgə addımlayırıq,

Əzablı yollar ilə.

Mən gedən payız ilə,

Sən gələn bahar ilə.


Nəqarət:
1985.

Məni yad etməz
Mus:Oqtay Kazıminindir
Neçin mənim qara giləm,

Məni yad etməz,yad etməz.

Bəlkə elə bilə-bilə,

Məni yad etməz, yad etməz.


Nəqarət:
İnanmıram ata məni,

Belə ucuz tuta məni,

Niyə salmaz yada məni,

Məni yad etməz, yad etməz.


Gül səsinə öyrənmişəm,

Nəfəsinə öyrənmişəm,

Uşaq kimi kövrəlmişəm,

Məni yad etməz, yad etməz.


Nəqarət:
1987.

Səni gördüm


Mus: Oqtay Kazıminindir
Yel toxundu yarpaqlara,

Nəğmə qondu dodaqlara,

Durub baxdım uzaqlara,

Səni gördüm, ay sevgilim.


Bir mehriban yz görəndə,

Bir cüt ağlar göz görəndə,

Qara gözlü qız görəndə,

Səni gördüm, ay sevgilim.


Tamarzılar görüşəndə,

Murazlılar görüşəndə,

Evimizə gün düşəndə

Səni gördüm, ay sevgilim.


Ya özümdən küsəndə mən,

Ya fikirli gəzəndə mən,

Gözəllərin gözündə mən,

Səni gördüm, ay sevgilim.


1957.

Qürbət bayatıları


Mus: Oqtay Kazıminindir
Qürbətdə ürəklər yarpaq kimidir,

Günəş bir balaca çıraq kimidir,

Dağlardan səbirli analar belə,

Qürbətdə anasız uşaq kimidir.


Nəqarət:
Qürbətdə yuxular köməyə gəlir,

Mahnılar, ağılar köməyə gəlir,

Səsi olanın da, olmayanın da,

Qürbətdə bayatı deməyi gəlir.


Qürbətin bir günü bir il görünür,

Qürbət göylərində nisgil görünür,

Dənizlər gözümgö Xəzərə dönür,

Göllərə baxırsan, Göy-göl görünür.


Nəqarət:
Qürbət hörmətləri sərin olurlar,

Qürbət dəryaları dərin olurlar,

Qürbət acıları, həyacanları,

Vətənə dönəndə şirin olurlar.


1974.
Ayrılıq olmayaydı

Mus: Oqtay Kazıminindir


Yavaş-yavaş gecə keçər,

Heç bilmirəm necə keçər,

Durub səni düşündükcə,

Qoşun çəkər xatirələr…


Nəqarət:
Şirin günlər, şirin aylar,

Bir gün gəlib düşər yada,

Ürək deyər ayrılığın,

Üzü dönsün bu dünyada.


Ay çəkilir yuxu kimi,

Bir ovçunun oxu kimi,

Hamı deyər, hamı gülər,

Mən gülmərəm çoxu kimi.


Nəqarət:
Çöldə tufan haray çəkər,

Salar fəğan, haray çəkər,

Yerdə durub mən susaram,

Göydə bulud alay çəkər…


Nəqarət:
1957.

Məhəbbət
Mus: Oqtay Kazıminindir
O bu boyda bir cahanı yaradıb,

Yeri, göyü, asimanı yaradıb,

İnsan onu, o insanı yaradıb,

Bu dünyanın əlifbası- məhəbbət,

Ən ilk nəğmə, ən ilk yazı-məhəbbət.
Hər ömürdə bir ulduza dönər-o,

Gah şimşək tək birdən çıxıb sönər – o,

Gizli gələr, fəqət aşkar dinər-o,

Canda nəfəs, damarda qan-məhəbbət,

Hər var olan, hər yox olan-məhəbbət.
O dəryadır kükləyəndə, daşanda,

O gövhərdir üzüklərin qaşında,

O sevdadır, hey dolanır başında,

Gah ağıllı, gah divanə-məhəbbət,

Həm həqiqət, həm əfsanə-məhəbbət.
1974.

Cavanlığım
Mus: Oqtay Kazıminindir
Həyatımın tacı idi,

Qara gözlü cavanlığım.

Eşq, məhəbbət acı idi,

Qara gözlü cavanlığım.


Ürək kimi döyünərdi,

Nə bir qəmi, nə bir dərdi,

Çox illərə sinə gərdi,

Durdu, dözdü cavanlığım.


Nəqarət:
Ömrü çiçək qədər oldu,

Sevinc oldu, kədər oldu,

Neyçün gəlib-gedər oldu,

Kimdən küsdü cavanlığım?


Arzulara adlayardıq,

Qönçə kimi çatlayardıq,

Gözəlləri odlayardıq,

Qaynar, isti cavanlığım.


Sevgilərin məbədiydi,

Təbiətin neymətiydi,

Sanardım ki, əbədiydi,

Tükənməzdi cavanlığım.


Nəqarət:
1975.

Poemalar.

İttiham poeması…
Sizdən soruşuram, sizdən,

Dərdi mənə yaxın olan.

Belə ağır günümüzdə,

Bu qədər çal-çağır olar?..

Torpaqlar al-qan içində,

Ekran toy-bayram içində,

Bu həqiqətmi, yuxumu,

Biz yoxuq var olan yerdə.

Oxuyan necə oxuyur,

Yurd tar-mar olan yerdə…

Şuşası əsir olanlar,

Necə sevinir, görəsən?..

Suçlu, müqəssir olanlar

Necə sevinir, görəsən?.

Çadırlar naləli, neyli,

Qaçqınlar fəraq içində,

Bizsə zurna piləyirik,

Hər gün kef-damaq içində…

Donuz çıxıb təpəmizə,

Biz hələ cəng öyrənirik,

Güllə atmaq əvəzinə,

Rəqs etmək öyrənirik…


II
Balaca xalqın nə qədər,

Vəkili, ağası olar?..

Nə qədər maldar, dükandar,

Nə qədər mağaza olar?..

Soyğunçular həddin aşıb,

Hərə bir yana çəkir…

Hamı millətə daraşıb,

Millət də zəbanə çəkir…

Gündə yüz butka qururlar,

Düz şəhərin beşiyində.

Vətəndən sayıq dururlar,

Saqqızların keşiyində…

Gamaat axır bazara,

Alver dönüb köləliyə…

Kimdə vətən qeyrəti var,

Çıxsın gərək irəliyə…

Görək nəyə yarayırlar,

Dükanını qoruyanlar.

Vətən oğul harayında,

Oğul dhllar harayında…

Namus ayağa düşəli,

Satılır hətta pərilər,

Dəbə düşüb fahişəlik,

Gəlmələrdir müştərilər…

Kifirlər gözündə batıb,

Pozulub-mizan tərəzi…

Sürət ilə qalxır,artır

Gözəllərin məzənnəsi.

Bilinməyir halal, haram,

Çoxu bu işə aludə…

Əllərində təzə xına,

Gəlin satqın Xocalıda…

Gör ki, nə gündəyik, Xuda,

Övlad satır bədbəxt ana…

Budur ən böyük faciə,

Görməmişdik beləsini…

Ehtiyac ayırır necə,

Balasından anasını,

Anasından balasını…
III
Satqınlıqdır ən baha mal,

Satqınlar kefdədir indi…

Onlara çox təlabat var,

Onlar bərk dəbdədir indi…

Pulla alınır vəzifə,

Torpaqlpr verilib pulla…

Başçı elədilər bizə

Birovuc dəlini pulla…

Alveçi nəyimə gərək,

Yurdun silaha, əsgərə,

Ehtiyacı olan yerdə…

Heç olarmı qalib gəlmək,

Hamı tacir olan yerdə…

Bu qədər fırıldaq, kələk,

Yad mühacir olan yerdə…

Bu qədər molla, hacı, bəy

Dindar, kafir olan yerdə…
IV
Sərvətimiz ola-ola,

Yoxsulluq çatıb son həddə…

Nə qədər dilənçi olar,

Bu dilənçi məmləkətdə?

Körpələr dilənir, aman,

Gəlinlər dilənir, allah…

Min yol həsəd aparırsan,

Vaxtında ölənə, allah…

Ümidsiz, inamsız, qorxaq

Üzlərə baxmaq olmayır.

Nə evdə sakit yaşamaq,

Nə çölə çıxmaq olmayır…

Gücsüz, nazik, zəif, soyuq,

Əllər irəli uzanır…

Kasıbların imkanı yox,

Varlıların din-imanı…

Nə qədər bəy, ağa, qoçu,

Talayır kəndi, şəhəri…

Böyüklərə hey əl açır,

Vəzifə dilənçiləri…

Toyuqlar dilənir hində,

Qaq-qaq ilə dən istəyir…

Qaçqınlar da gündə-gündə

Əl açıb vətən istəyir…

Görəndə gözüm qaralır,

Bu sayaq dilənçiləri…

Vətəndə vətənsiz qalıb

Yurd-ocaq dilənçiləri…

Ac qonşular əsr-əsr

Boğazımıza dirəniblər.

Zaman-zaman, əsr-əsr

Bizdən torpaq diləniblər.

Görünməyib bu dünyada,

Belə yolçu dilənçilər…

Satqın, vəhşi, haramzadə,

Namərd, qonşu dilənçilər…

İnsanlıqda payları yox,

Bu yırtıcı dəllalların…

Dilənməkdə tayları yox,

Sülənməkdə oxşarları…

Onlar buqələmunlar tək

Min kərə cildin dəyişib…

İşləri düşəndə mələk,

Dişləri qızanda vəhşi…

Onlar bizə bəla gəlib,

Dalayırlar bizi çoxdan…

Yox onların bərabəri,

Xainlikdə, alçaqlıqda…


V
Sizədir xitabım, sözüm,

Bu günə qalardı vətən.

Çox qorxağın, təpərsizin,

Azca arı olsa idi…

Bac alardım gülənlərdən,

İxtiyarım olsa idi?...

Nə var ki, deyib-gülməli,

Ortada ölüm, qan-durur?

Nakam şəhid qəbirləri,

Yadı da yaxır,yandırır…

Şəhidlərin dərdi, ahı,

Dünyanı alıb başına.

Dözmək olmur ya rəbb daha,

Anaların göz yaşına…

Təsəlli tapıram hərdən,

Böyük təsəllidir,bəli…

Nə zamandır cəbhələrdən

Ki tabut, ölü gəlməyir…

Hərçənd ki, çoxdan ölmüşük,

Amma dəfn eləyən yoxdur…

İçimizə gömülmüşük,

Bir fatihə deyən yoxdur…

Gecə-gündüz qanlar axır,

Yaramızdan su yerinə…

Biz düşməni çağırırıq,

Sülh hərbinə, duelinə…

Deyirik ki, quldur, yağı

Bəlkə də yatdı haqq sözə…

Rəhmə gəlib Qarabağı,

Bəlkə qaytardılar bizə?..

Bəlkə nağıl görəcəyik?

Gözümüzü göyə dikib

Birdə baxıb görəcəyik,

Bizim yerlər bizimkidir.

Dəyişibdir qarı düşmən,

Qusur yaladıqlarını…

Geriyə qaytarır düşmən,

Çapıb taladıqlarını…

Güya canavar yağılar,

Mürvətə,insafa gəlib…

İnanmaram bu nağıla

Lap haqdan cavabı gələ…


VI
Düzü düzə qoşmaq olar,

Belə yalan olan yerdə?..

İnsafdan danışmaq olar,

Bu qədər qan olan yerdə?..

Yetər dözdüyümüz, yetər,

Ya ölüb, ya qalmalıyıq…

Farşistlərin mərhəməti,

Bizə daha gərək deyil…

Qarabatı, o cənnəti,

Biz can verib almalıyıq…

Yoxsa bizə yolçu payı,

Məzlum payı gərək deyil…

Atalarım, babalarım,

Torpağı da pay alarlar?

Şəhidlər qınayar bizi,

Dayanarlar üzümüzə…

Bir yandan da özümüzü

Qırdırarıq özümüzə…

Talan salırıq üstəlik,

Hər şey talan olan yerdə?

Başçı olmaq istəyirik,

Başsızlıq baş alan yerdə…


VII
Xəstələr tavansız, tabsız,

Əlillər saysız-hesabsız…

Dərmanlar qan qiymətinə,

İnsansa hər şeydən ucuz,

Arpa-saman qiymətinə…

Ölüb dotulmaq olmayır,

Neçə milyon qiymətinə…

Heç yaxın durmaq olmayır,

Bir adi don qiymətinə.

Uzunqulağın dəyəri,

Çatıb ceyran qiymətinə…

Dolların qalxıb dəyəri,

Keçib Quran qiymətini…

Ciblər bom-boş, ruhlar ölü,

Əsəblər tarım çəkilib,

Hay deyirsən, hay verən yox,

Huy verirsən, huy verən yox,

Heç bir dəstə göy verən yox,

Bir vicdanın qiymətinə…

Şər olub xeyr, xeyr olub şər,

Qoyun, keçi qiymətinə,

Keəi qoyun qiymətinə…

Bir kilo ət verməyirlər,

Nizaminin qiymətinə…

Füzulinin qiymətinə

Can satırlar, baş satıblar,

Yurd-yuva, dağ-daş satıblar,

Mənsəb, rütbə qiymətinə…

Yoxmu xəbəri millətin,

Düşüb kütlə qiymətinə…


VIII

Hardasan qeyrətim, harda?

Bu qaragünlü diyarda,

Arsızlıq ənənə olur…

Mədələr yanır acından,

Bu qədər dərd-qəm içində,

Bu qədər təntənə olar?..

Kül üfürüm gözlərinə,

Tacirimiz, nazirimiz,

Neçə yerdə özlərinə,

Bank, bağ-bahat, ev düzəldir…

Dağılıb cah-cəlalımız,

Amma çox-çox ziyalımız

Özünə yubiley düzəldir,

Abidə, muzey düzəldir.

Eyş-işrət, kef düzəldir…

Bəzisi əlvan geyimdə,

Süzür şanlı yubileyində…

Nə qədər baxar, eşidən,

Yeməklər neçə çeşiddə,

Sağlıqlar neçə mərtəbə,

Nitq eyləyən neçə həpənd,

Yarınmalar, alçalmalar,

Haray, küylə, alçalmalar…

Qarışıb xanımlar, bəylər

Oyun çıxarır təlxəklər…

O qədər böyükdür şadlıq,

Möminlər içirlər hətta…

Qədəhlər musiqi çalır,

Hətta lal dillər açılır,

Ac baxır, canı üzülür,

Ağzının suy u süzülür…

Düşünür, bu nədir, allah,

Bu bizim ölkədir, allah?

Ac-yalavaclar ölkəsi,

Bu qaçaqaçlar ölkəsi…

Alovlar, odlar ölkəsi,

Saysız şəhidlər ölkəsi…

Millət naçar, fağır, yazıq,

Biri varlı, mini kasıb,

Biri razı, yüzü küskün ,

Pisi kefdə,düzü miskin…

Solum evsiz, sağım evsiz,

Milyondan artığım evsiz…

Bəs bu bayram nədir, allah,

Bəlkə yad ölkədir, allah?..

Gəlmələr düşünər baxsa,

Qələbə günüdür yoxsa,

Qarabağ alınıb bəlkə,

Şadlanır qəhrəman ölkə.

Bəlkə xəbərsizdi cahan,

Süqut eləyib Yerevan?..

Yox, yox, belə şənliklərə,

Əsla hüququmuz yoxdur…

Əzməyincə düşmənləri,

Sevinmək duyğumuz yoxdur…

Nə ölməyə, yaşamağa,

Hələ hüququmuz yoxdur…

Hətta papaq daşımağa,

Belə hüququmuz yoxdur…

Çoxu hazırın naziri,

Öz xalqının əzazili,

Rüşvətxoru, müftəxoru,

Qeyrəti boş, cibi dolu…

İqtidarım olsa idi,

İxtiyarım olsa idi,

Neçə-neçə nazirliyi,

Bağlayardım, dondurardım.

İşığını söndürərdim,

Yüzlərlə ölü canları,

Haram yeyib qusanları,

Döyüşlərə göndərərdim.

Saray-saray otaqları,

O daçaları, bağları,

Didərginlərə verərdim…

İxtiyar olsaydı məndə,

Ləğv edərdim bircə gündə

Çox-çox çürük nazirliyi…

Yaradardım bu ölkədə,

Ər, kişilik nazirliyi…


IX
İqtidarım olsa idi,

İxtiyarım olsa idi,

Mən o taya ötürərdim

Bu taydakı ağrıları.

Mən bu taya gətirərdim

O taydakı oğulları.

Deyərdim ki, belə olmaz

Hardasız, qan qardaşlarım?!

Geyərdilər hərbi libas,

Girərdilər savaşlara…

Bu qədər qardaşı olan,

Söylə, meydanda tək qalar?

Qardaş qardaşına görə

Hansı gündə gərək olar?!

Çox qırıb kəsdilər bizi,

Biclər, biəsillər, qardaş,

Təkləyib əzdilər bizi,

Hələ də əzirlər, qardaş!

Babamız Xətai hanı,

Bu tay od, alov içində.

O tayın üzülüb canı,

O tayda girov içində.

O birləşdirdi xalqını,

Ad qoydu adlar içində…

Heyif, tez getdi, xalqını

Yedilər qurdlar içindən.

Axır bizi ayırdılar,

O bölgüdən, aman qardaş.

Hicran ilə doyurdular

Yadlaşdıq, o vaxtdan, qardaş…

Parça-parça oldu ölkə,

Səsimiz Allaha çatdı,

Nə günə qalmışıq gör ki,

Guya gələcəklər yadlar

Uzaq, yaxın ölkələrdən:

Kömək duracaqlar bizə?!

Nə torpaq vermişik əldən,

Geri alacaqlar bizə?!

Yadlar gərəkdir nəyimə,

Sən mənə gərəksən, qardaş?!..

Bəs sən mənim köməyimə,

Haçan gələcəksən, qardaş?!


X
Baltaların sapı bizdən,

Sapların baltası bizdən…

Soruşuram yaxşımızdan,

Soruşuram pisimizdən,

Çox qədim Dərbəndimizdən,

Çox ulu Təbrizimizdən,

Kim ayırdı bizi bizdən?

Həm balta, həm də sap hazır,

O da bizdən, bu da bizdən…

Bizə cəllad nəyə lazım,

Cəlladımız özümüzdən…
XI
Qaçqındır çöl, bayır, küçə,

Qaçqındır şəhərim, kəndim…

Üstəlik iki ildəcə

Qaçdı iki prezidentim.

Qaçqın doğulmuşuq, nədi,

O daim bizə yoldaşdı…

Biri cumdu Kələkiyə,

Biri Moskvaya qaçdı.

Özün hifz et, bizi tanrı,

Başçı qorxaq olan yerdə?!

Xalqın can qoruyanları,

Can qeydinə qalan yerdə?

XII
Saysızdır nanəcib müzür?

Haradan törəyir, onlar?..

İnanmıram, vallah, bizim,

Qandan törəyiblər onlar?..

Bu yad qandır bizə hopub,

Qan mərəzi yaman işdi…

Neçin xainlər, xoflular,

Daim payımıza düşdü?

Bir vətən böyüdüb bizi,

Bu eşq hər eşqdən uludur…

Satqının vətən sevgisi,

Yalançıdır, qorxuludur…

Üzdər sevirlər vətəni,

İçdən yeyirlər vətəni…

Başına oyun açırlar,

Dar günündə qoyub qaçırlar…

Qaçırlar oğrular təki,

Qaçan yad oğludu daha…

Bu qaçqınlıq olmadı ki,

Bu satqınlıq oldu daha…

O, dünən hökmran idi,

Bir sahibi fərman idi,

Deyirdi mənəm ixtiyar,

Mənəm bu millətin şefi…

Əlində idi ordular,

Birdə ki, xalqın taleyi…

Göz görə açıq-açığa,

Satdı Şuşanı, Laçını…

Qanını sordu xalqının,

Yenə də xalqdan dəm vurur…

İçdən çox vurdu xalqını,

İndi yad ölkədən vurur…

O da baş oldu ötəri,

Güya bizi şad elədi…

Soydu, çapdı səni, məni,

Aləmi bərbad elədi…

Dağıtdı doğma vətəni,

Özgəni imdad elədi…

Qaçqı milyon dollar ilə,

Haram-haram pullar ilə.

Özünə evlər tikdirdi,

Özünə yollar çəkdirdi,

Yad yeri abad elədi…
XIII
Boş-boş namus, qeyrət deyən,

Qeyrətsiz qaçqınlarımız…

Milləti qaçqın eyləyən,

Millətsiz qaçqınlarımız…

Əsl övlad dar məqamda,

Durar xalqın qabağında…

Lap öz güllə payını da

Alar xalqın qabağında…

Soyulsa da diri-diri,

Suçu, gunahı çox isə,

Boynuna ölüm kəndirin

Salar xalqın qabağında…

Qəlbində qara yox isə,

Qəlbini ikiyə bölüb,

Yarar xalqın qabağında…

Özünə kişi deyən kəs,

Gedib yalvarmaz, əyilməz,

Özgə xalqın hüzurunda,

Kənar xalqın qabağında…
XIV
Şair, bir az dərin düşün,

Sarsılmasın eşqin, gücün,

Gör ki, kim sərdardı, şair…

Olmasaydı büstbütün,

Ölkə dağılardı şair…

Xalqımız qalmışdı darda,

O gəldi çox bəlalardan.

Bu eli qurtardı şair…

Şair, bu nə qəmli haldır,

Başını yuxarı qaldır.

El bəlaları düşəndə,

Həm nalə çəkəndi şair.

Həm də çətin, ağır gündə,

Bağbantək millət içində.

Ümidlər əkəndi şair…

Sən ümidə sığın ancaq,

Ümiddir var-yoxun ancaq.

Sən bədbin, naçar yaşasan,

Qeyrət, namus ölə bilər…

Mərdliyin nəhəng daşsan,

Bu el, ulus ölə bilər.

Şair bimar olan yerdə…

Əssə də min tufan, külək,

Ümidlərim sönə bilməz…

Lap dünya üstümə gələ,

Millət ölər, sına bilməz.

Basılmaz igidlik, ərlik,

Hamımız var olan yerdə…

Heç vaxt ayağa düşmərik,

Şan-şərəf, ar olan yerdə…

Vahid, bütöv bir xalq kimi,

Yada hasar olan yerdə…

Hamımız var olan yerdə…

Şimal cənub olan yerdə.

Cənub şimal olan yerdə.

Ümidimiz, inamımız,

Güvəncimiz, gümanımız,

Heydər öndər olan yerdə,

Heydər rəhbər olan yerdə!
1990-1995

1   ...   5   6   7   8   9   10   11   12   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə