Nur təFSİRİ beşİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: H. Arzu




Yüklə 3.08 Mb.
səhifə35/81
tarix23.02.2016
ölçüsü3.08 Mb.
1   ...   31   32   33   34   35   36   37   38   ...   81

Nöqtələr


◘Allah-təala İslam Peyğəmbərindən (s) savay heç bir peyğəmbərə öz adlarından ikisini aid etməmişdir.

◘Səmavi rəhbərlərin ayədə bəyan olunan sifətlərinə diqqət, bu sifətlərin dünyəvi rəhbərlərin sifətləri ilə müqayisəsi Allahın bəşəriyyətə lütfünü, səmavi rəhbərlərə mütləq itaətin zəruriliyini təsdiqləyir.



Bildirişlər


1. Allahın rəsulu xalq arasından çıxmışdır.

2. Peyğəmbər ümmətin dərdini çəkir.

3. İslam rəhbərləri çətinliklər zamanı xalqla həmdərd və yoldaş olmalıdırlar.

4. Allahın rəsulu xalqın hidayət və tərbiyəsinə çox hərisdir.

5. Xeyirxahlıq, canıyananlıq, mehribanlıq, təmənnasızlıq və təvazö kəlamın təsir amillərindəndir.

6. İslam rəhbəri yalnız möminlərə qarşı rəfətli (şəfqətli) və rəhimdir. O, düşmənlərlə sərt və tünddür.


Ayə 129:

﴿فَإِن تَوَلَّوْاْ فَقُلْ حَسْبِيَ اللّهُ لا إِلَـهَ إِلاَّ هُوَ عَلَيْهِ تَوَكَّلْتُ وَهُوَ رَبُّ الْعَرْشِ الْعَظِيمِ﴾

Əgər (Allahın buyruqlarından) üz çevirsələr, de ki, Allah mənə yetər. Ondan savay heç bir məbud yoxdur, yalnız Ona təvəkkül etmişəm və O, böyük ərşin Rəbbidir.”


Nöqtələr


◘Ötən ayədə Peyğəmbərin (s) canıyananlığından danışıldı. Bu ayədə isə buyurulur ki, Peyğəmbərin (s) səyləri xalqa möhtaclıq kimi başa düşülməməlidir. Bütün xalq ondan üz çevirsə də Allah onunladır. Necə ki, bəşəriyyətin günəşə üz və ya arxa çevirməsinin günəş üçün heç bir fərqi yoxdur.

◘İmam Sadiq (ə) buyurmuşdur: “Ərşil-əzim” dedikdə böyük mülk nəzərdə tutulmuşdur.”1

◘Əzəmətli varlıq nizamını qoruyan və idarə edən Allah kiçik insanı da öz lütfü kölgəsində qoruya bilər.

◘İmam Hüseyn (ə) Ərəfə duasında Allah-təalaya xitabən ərz edir: “Sənin kimi bir Rəbbi olmayanın kimi var?! Sənin kimi bir Rəbbi olanın nəyi yoxdur?!”



Bildirişlər


1. Xalqın dindən üz döndərməsi bizim iman və ruhiyyəmizə təsir göstərməməlidir.

2. Allahı olanın nəyi əskikdir?!

3. Allaha təvəkkül müşküllərin həlli rəmzidir.

“YUNUS” SURƏSİ

(10-cu surə, 109 ayə)

“Yunus” surəsinin siması


Qurani-kərimin Məkkədə besətin əvvəllərində nazil olmuş 10-cu surəsi “Yunus” adlandırılmışdır. Surə 109 ayədən ibarətdir, onun əsas mövzuları tövhid, Quranın haqq olması, vəhyi inkar edənlərə cavab, müşrikləri qorxutma, yaranış və yaradanın əzəməti, dünyanın müvəqqətiliyi və axirətə diqqət mövzularıdır.

Əvvəlki, “Tövbə” surəsi münafiqlər və onların cəzası haqqında danışırdı. Bu surədə isə müşriklərin rəftarı bəyan olunur.


بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيم



Ayə 1:

﴿الر تِلْكَ آيَاتُ الْكِتَابِ الْحَكِيمِ﴾

Əlif, Lam, Ra. Budur möhkəm və hikmətli kitabın ayələri.”


Nöqtələr


◘Quranın altı surəsi ardıcıl şəkildə “Əlif, Lam, Ra” müqəttəə hərfləri ilə başlayır: “Yunus”, “Hud”, “Yusuf”, “Rəd”, “İbrahim”, “Hicr”, “Rəd” surəsi “Əlif, Lam, Mim, Ra” müqəttəə hərfləri ilə başlamışdır.

◘İmam Sadiq (ə) “Əlif, Lam, Ra” müqəttəə hərfləri haqqında buyurmuşdur: “Əlif” “Ənə”, “Lam” “Əllah”, “Ra”, “Rəuf” rəmzidir.”1 Digər rəvayətlərdə bildirilir ki, bu hərflər Quranın mütəşabeh nöqtələrindəndir.2


Bildirişlər


1. Quranın uca məqamı var. “Tilkə” uzağı bildirən işarə əvəzliyidir.

2. Quran “həkim” kitabdır. O həm “həkəm”–hakimdir, həm hikmətli mətləblərə malikdir, həm də sabit məzmunludur. (Tarix, zaman və düşmən Qurana zərbə vura bilmir.)


Ayə 2:

﴿أَكَانَ لِلنَّاسِ عَجَبًا أَنْ أَوْحَيْنَا إِلَى رَجُلٍ مِّنْهُمْ أَنْ أَنذِرِ النَّاسَ وَبَشِّرِ الَّذِينَ آمَنُواْ أَنَّ لَهُمْ قَدَمَ صِدْقٍ عِندَ رَبِّهِمْ قَالَ الْكَافِرُونَ إِنَّ هَـذَا لَسَاحِرٌ مُّبِينٌ﴾

Xalqı qorxut, möminlərə müjdə ver. “Rəblərinin yanında onlar üçün yaxşı yer var” deyə onların özündən olan bir kişiyə vəhy etməyimiz xalqa təəccüblümü gəlir? Kafirlər dedilər: Həqiqətən, bu kişi aşkar cadugərdir.”


Nöqtələr


◘“Qədəmə sidqin” təbirinin bir neçə mənası var:

1. Müsbət keçmiş; məsələn, mübarizədə və İslamda müsbət keçmişə malik olmaq;

2. Doğru və yaxşı məqam;

3. Həqiqi rəhbər və öncül; şiə və sünni rəvayətlərində bu təbirin Peyğəmbər (s) və Əliyə (ə) aid olduğu bildirilir.1

4. Şəfaət; bəzi rəvayətlərdə bu təbir şəfaət məqamı kimi təqdim olunur.2

◘Peyğəmbəri (s) rədd etmək üçün kafirlərin heç bir dəlili və məntiqi yoxdur. Onlar, sadəcə, bu işi mümkünsüz sayaraq itaətdən boyun qaçırırdılar. Onlar tövhid, nübuvvət, məad, imamət, kimi etiqadi əsasları da bu sayaq inkar edirdilər.3


Bildirişlər


1. Adətən, küfrün kökü vəhydən kənarlaşma və ona təəccüb edilməsi olur.

2. Peyğəmbərlərin dəvətinin qaynağı ilahi vəhydir.

3. Fərdlərin mənəvi ləyaqəti zahirdə görünmür. Bir şəxsə Allahın xüsusi lütfü yetişdikdə onu qəbul edək.

4. Peyğəmbərlər nümunə olduqlarından xalqla və onların dərdləri ilə tanış olmalıdırlar.

5. Peyğəmbərlərin vəzifəsi müjdə vermək və qorxutmaqdır.

6. Anlamadığımız şeyi inkar etməyək. Çünki bu üsul kafirlərə məxsusdur.

7. İman gerçək addım və Allah yanında xüsusi məqam üçün zəmindir.

Ayə 3:

﴿إِنَّ رَبَّكُمُ اللّهُ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالأَرْضَ فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَى عَلَى الْعَرْشِ يُدَبِّرُ الأَمْرَ مَا مِن شَفِيعٍ إِلاَّ مِن بَعْدِ إِذْنِهِ ذَلِكُمُ اللّهُ رَبُّكُمْ فَاعْبُدُوهُ أَفَلاَ تَذَكَّرُونَ﴾

Həqiqətən, Rəbbiniz o Allahdır ki, göyləri və yeri altı gündə, dövrdə yaratdı, sonra ərşi hökmü altına aldı. Aləmin işini idarə edir və sahmana salır. Ondan izinsiz heç bir şəfaətçi yoxdur. O, sizin Rəbbiniz olan Allahdır. Ona pərəstiş edin. Öyüd götürmürsünüzmü?”


Nöqtələr


◘“Altı gün” dedikdə yaranışdakı altı dövr, mərhələ nəzərdə tutulur. Bu təbir altı günə bərabər müddətə də işarə oluna bilər.

◘“Ərş” tədbir mərkəzi, qüdrətə işarədir. Bir kəs “taxta çıxdı və ya taxdan düşdü” deyərkən həmin şəxsin qüdrətə çatması və ya kənarlaşdırılması nəzərdə tutulur. Allahın hakimiyyəti həm göylərin və yerin yaranışından əvvələ, həm də yaranışdan sonraya aiddir. Dünyadan sonra qiyamətdə də bütün varlıq Allahın hökmü altındadır.1

◘İmam Sadiq (ə) buyurmuşdur: “Ərş dördbucaqlıdır. Çünki İslamın əsasını təşkil edən kəlmələr də dörddür: “Sübhanallah”, Əlhəmdulillah”, “La ilahə illəllah”, “Əllahu əkbər.”2

1   ...   31   32   33   34   35   36   37   38   ...   81


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə