Musa yaqubun




Yüklə 1.62 Mb.
səhifə2/13
tarix22.02.2016
ölçüsü1.62 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   13
A.E.), qəribə hallar keçirdim. Və sonra gördüm ki, yenə yazıram. Doğma kəndimizə qayıdıb müəllim işləyəndə də o qələm əlimdəydi…» Artıq kənd ab-havası öz istedadını üzə çıxarmaqda cəsarət göstərmirdisə, misralar yazılırdı. Musa Yaqub mənimlə söhbətində bunu boynuna aldı: «- Zəif idilər, - dedi. – Şeirə oxşamırdılar, onları ikinci dəfə oxumağa həvəsim çatmırdı, cırıb atırdım.1 Və günlərin ovqatında «İki qəlb, iki dünya» poeması yarandı. Yuxarıda xatırlatdığım kimi, poemanı 1959-cu ilin mart ayında «Azərbaycan gəncləri»ndə bir neçə sayında oxudum… Bu fakt çox ibrətlidir o baxımdan – kənddə müəllim işləyən 20 yaşlı Musa Yaqub poeziyaya üz tutmaq cəsarətinə gəlmişdi. Üzbəüz yox hələ, qiyabi, məktub vasitəsilə Musa Yaqub müsahibələrin birində deyir ki, poemanı 1957-ci ildə Yazıçılar İttifaqına Məmməd Rahimin ünvanına göndərdim. Niyə məhz Məmməd Rahimin? 57-ci ildə Məmməd Rahimin əlli yaşı tamam olmuşdu, bu münasibətlə qəzetlər tez-tez ondan yazırdılar, radioda onun səsini eşidirdim. Məqsədim o deyildi ki, Məmməd Rahim bu poemanı hardasa çap etdirsin, istəyirdim biləm ki, bundan sonra şeir yazmağıma dəyər, yoxsa yox». Və bir gün Musa şairdən məktub alır; poemada bəzi qeydlər aparmışdı. M.Rahim səmimiyyətlə göstərirdi ki, poemanı çap etdirmək istəyirdim, onu «Azərbaycan gəncləri» qəzetinə verim, amma tələsmə, göndərirəm ki, bir daha üzərində işləyəsən.

Musa az qala dəli olacaqdı, Məmməd Rahim kimi bir şair yazıb bunu: «Poemanı təzədən, M.Rahimin dediyi qaydada işlədim və yenidən poçtla ona çatdırdım. Bir müddət keçəndən sonra gəldim Bakıya, Məmməd Rahimin yanına. Görüşdük, məni səmimiyyətlə qarşıladı. Dedi ki, poemanı göndərmişəm «Azərbaycan gəncləri» qəzetinə, get redaksiyaya, əlaqə saxla, gör nə vaxt çap edəcəklər. O dediyi kimi redaksiya ilə əlaqə saxladım, get-gəllər başladı…»

Poemanı dəftərdə yazmışdı Musa Yaqub. Lakin mentalitetimizə xas laqeydlik, yeri gələndə məsuliyyətsizlik və haradasa paxıllıq psixologiyası. Poemadan səs-səmir çıxmır. Musa Yaqub qəzetə gəlir, beşinci mərtəbədə, qədim binada (indiki «İçəriəşəhər» metrosu ilə üzbəüz) redaksiyanı tapır, redaktor, mərhum jurnalist İdris Qasımovla, Şamil Fərzəliyevlə (Xurşudla) görüşür, poemasını soraqlayır. Qantellər qədər ağır cavab alır; daha doğrusu, «itmişdir» sözünü deməyə abır-həyaları yol vermirsə: - Dəftəri axtarırıq, yoxa çıxmışdır, – cavabını deyirlər. – Musa Yaqub kor-peşiman kəndə qayıdır, yaddaşının gücü ilə poemanı bərpa edir və yenidən qayıdır «Azərbaycan gəncləri»nə. Bu dəfə İdris Qasımov – gözəl insan gənc müəllifi heç yana buraxmır, bir-iki nəfər məsul adamların fikrini (oxutdurandan sonra) öyrənir. Musa Yaqub sonralar yazacaqdı: «Bu poema mərhum şairimiz Məmməd Rahimin böyük xeyirxahlığı və qayğısı ilə «Azərbaycan gəncləri» qəzetinin dörd nömrəsində dalbadal çap olundu. Sevincim bir yana qalsın, əzabım da o gündən başladı». Bu sonuncu fikir əslində gənc şairin poeziya qarşısında məsuliyyətini ifadə edirdi. Və belə bir suala da cavab tapmalı idi: «Necə yazmalıydım?», «Nədən yazmalıydım?» Şeirlər yaranırdı, redaksiyalara göndərilirdi. O əllinci illərin poeziya aləmində öz kreslolarında yerlərini tutmuş yaşlı, nisbətən təcrübəli şairlər az deyildi, Yazıçılar İttifaqı da mövcuddu, bəs nəydi çatışmayan? Kənd mühitində müəllim işləyən, artıq diqqətəlayiq bir poemanın müəllifinə qayğı göstərmək. Əvəzində onun şeirlərinə standart «zəifdir» cavabını ünvanlayırdılar. Lakin gənc Musa ruhdan düşmür, təbiətin qoynuna sığınır, harayına – səsinə – ovqatına canlı, danışan və daşlaşan təbiətin nemətlərini çağırır: Sonra üzümü təbiətə tutdum. Bir də gördüm ki, təbiət mənimlə danışır:
Bir parça torpağa verib könül, can,

Yaşar bu dünyada bir ad, bir ünvan,

Armudlu bir həyət, sadəcə bir ev,

Qaranquş yuvalı, dağlar maralı

Bir də Canalıya baxan o eyvan…
Üstündən sehirli küləklər əsən,

Meşələr öyrətdi dilini mənə!

Özümü kimsəsiz sayanda bəzən

Çinarlar əlini uzadıb mənə.
Qapıda, eyvanda eldən qorunub,

Armud ağacının qızıl yarpağı.

Dövlət quşu kimi çiynimə qonub,

Artırar rütbəmi hər payız çağı.
Bəli, Musa Yaqub o iki suala cəsarətlə cavab verməyə haqqı çatdı: - Mən şairəm!

Altmışıncı illər heç də «əllinci»dən yaxşılığı ilə fərqlənmirdi. Ədəbi orqanlara, nəşriyyatlara, qəzet və jurnallara ədəbi zövqsüz qısqanc, pedant şairlər, yazıçılar gəlirdilər; özləri istedaddan məhrumdularsa, hey yazır, çap olunurdular. Musa Yaqub nəslindən istedadlıları min bir əzab hesabına çap edirdilər. M.Yaqub, Fikrət Cavadov, Əfrayıl Məhərrəmov, Vaqif Nəsib, İltifat Saleh, Əlisa Nicat (Hüseynov), Əşrəf Şəfiyev və başqaları öz istedadlarının qiymətini gec aldılar. Musa Yaqubun ilk kitabçası 16 şeirdən ibarət 1966-cı ildə işıq üzü gördü. O vaxt «Gənc şairin ilk kitabı» seriyasından biçimsiz formatda çapdan çıxırdı. Lakin poeziya elə bir mübhəm kainatdır, ulduzlara gur işıq da verir, közərən, solğun şölə də. Və çalxalayır-çalxalayır – ən işıqlılar Ayın dövrəsində qalır, parlaqlığını itirmirlər. Çox-çox şairlər poeziyaya gəldi, yalnız istedadlılar, mühitə qarşı iddialılar yaşadılar!

Musa Yaqub gənc ikən bir bəndlik şeir yazmışdı və fikir dərinliyilə poetik deyim bir-birinə qovuşmuşdu. Maraqlıdır, hələ də bu şeir epiqraf olaraq yaşayır:
Bəlkə də borcundan çıxmadım, Vətən,

Ömür bahar deyil, bir də qayıtsın.

Ölsəm də, qoynunda qoy ölüm ki, mən –

Çürüyüm, bir ovuc torpağın artsın!
Musa Yaqubun birinci kitabı – «Yarpaqlar oxuyur»dan sonra «Bu məhəbbət yaşadar məni» - ikincisi nəşr olundu: 1966-1970 – az uğur deyildi, nəzərə alsaq ki, gənc şair İsmayıllının Buynuz kəndində yaşayır, məktəbdarlıq edir – aydınlıq gələr: «gözdən uzaq könüldən iraq»da olur, ədəbi mühit daima Bakıda formalaşmışdır, ədəbi axın da buraya istiqamətlənmişdir. Əsas mərhələ tələbə şairlərin payına düşürdü, beş il oxuyurdular. Məsələ o idi, Musa Yaqub Bakı Dövlət Universitetinin filologiya fakültəsində qiyabi təhsil alırdı. Təbii ki, uzaq kənddən gəlib-getməliydi, öncəsi qapıları döyməliydi. Bu xarakter də onda yox! Lakin bu təmiz, ləkəsiz poetik istedad ki var – onun qarşısını yalnız müvəqqəti almaq mümkündür. Musa Yaqubun «Payız duyğuları» (1963), «Güllə gəzdirən maral» (1963), «Həyat və sükut» (1965), «Cakonda» (1968), «Dağlar çox qəribə olur gecələr» (1969), «Arı pətəyi» (1970), «Şirvan alverçisi və Nəsimi» (1970) kimi oxucuların sevdiyi şeirlər doğuldu. Öz fərdi üslubunu yaradan, ona sahib kəsilən Musa Yaqub etiraf edir ki, mənim hamilərim, ustadlarım olub və mən bu adlar qarşısında baş əyirəm. Şübhəsiz, ustad şairə nə ilham verir, nə əlindən tutur – sadəcə dünya praktikasında qəbul olunmuş yazılmamış qanun mövcuddur – ustad, onun qonşuluğunda dayanan xeyirxahı. Musa Yaqub istedadlı tənqidçi Vaqif Yusiflilə müsahibəsində (II) bu məsələyə şəxsiyyətinə xas səmimiyyətiylə «kəndlə şəhər arasında»kı mühitə qiymət verir və deyir: «…Mən torpaq adamıyam, təbiət adamıyam. Mənim dəyişməyən, həmişə mənimlə bir addımlayan, dünyanın harasında olsam belə məni tərk etməyən duyğu və hiss elə budur – torpağa bağlılıq. Məkan tez-tez dəyişə bilər, amma səni nizamlayan meyar və ölçü birdir…»

Musa Yaqub qərara gəlir (1970-ci illərin əvvəli) ki, Bakıya köçsün. Buynuzdan və İsmayıllıdan ciddi narazılığı yoxuydu, bir azca maarif şöbəsindən vardı. Lakin şəhər mühiti, ədəbi aləmin qasırğaları (20-30-cu illəri xatıralyaq). Ədəbi çəkişmələr və ilaxırlar istedadları daima özünə çəkmişdir. Yaşlı nəsillə ünsiyyətdə bulunmaq zəruri bir ehtiyacdı. Nəhayət, 1974-cü ildə Musa Yaqub qələmini götürüb Bakıya gəlir. Birbaşa İttifaqın sədri, xalq yazıçısı Mirzə İbrahimovla görüşür. Gözləmədiyi halda səmimi qarşılanır, hətta müdrik insan onun yolunu gözlədiyini də gizlətmir. İş yeri hazır olsa da, Bakıda daimi qeydiyyata düşmək lazımdı və məsləhət görülür ki, milis polkovniki, Bakı şəhər Pasport-masa rəisi, şair Azad Talışoğlunun (Quliyevin) qəbuluna düşür və yaxşı qarşılanır. Haşiyə çıxım ki, mərhum Azad müəllim bu sətirlərin müəllifinə də o qayğını əsirgəməmişdir. Allah ona qəni-qəni rəhmət eləsin… Polkovnik gənc Musaya necə də aforizmlə demişdir: «Mən Bakıya xuliqan gətirmirəm ki, şair gətirirəm». «Azərbaycan» jurnalına qədər iki vəzifədə çalışır: Yazıçılar İttifaqının nəşriyyat şöbəsinin müdiri və Ədəbiyyatı Təbliğatı Bürosunun direktoru. M.Yaqub əsaslandığımız müsahibədə deyir ki, böyük ədəbi şəxsiyyətləri: Mehdi Hüseyni, Süleyman Rəhimovu, Əli Vəliyevi, M.Rahimi, Osman Sarıvəllini, Əbülhəsəni, Rəsul Rzanı, İlyas Əfəndiyevi, S.Rüstəmi, M.İbrahimovu müntəzəm görmüşəm, bəzisinin görüşlərində iştirak etmişəm. Hətta Mehdi Hüseyni bir dəfə kabinetindən böyük türk şairi Nazim Hikmətlə çıxanda rastlaşmışam… Sonralar «Nazim həsrəti» şeirini yazdım (1968). Bu nümunəni şair «Bu məhəbbət yaşadır məni» kitabına daxil etmişdir.


Özü Moskvada dincələr, yatar,

Məzarı – intizar, ruhu – intizar.

Bəlkə Anadolu qəbristanında

Hələ də bir qarış torpaq axtarar

Nazim həsrəti.
Xalq yazıçısı, gözəl romanların müəllifi Əli Vəliyevi Musa Yaqub qısa belə xarakterizə edir: «Əli Vəliyev də çox mehriban insan idi, hərdən mən olan otağa gələrdi, dərhal özümü yığışdırardım. Deyərdi ki, ay Musa, şeir oxu, sənin şeirlərin mənə dağ havasını xatırladır. Bakıda o vaxt qumru quşu yox idi. Onlar şəhərimizə yetmişinci illərin ortalarında gəldilər,2 Əli müəllimin həyat yoldaşı Qumru təzəcə vəfat etmişdi. O quşları görəndə mən elə bildim Qumrunun ruhudu gəlib Əli müəllimin balkonunda qərar tutub».

Musa Yaqubun ədəbi taleyində müəyyən prizmalarda görkəmli şairlərin də münasibətləri olmuşdur. O, xalq şairləri Bəxtiyar Vahabzadəni və Nəbi Xəzrini minnətdarlıqla xatırlayır: «Bəxtiyar Vahabzadə ali məktəbdə mənə dərs deyib. «Yarpaqlar oxuyur» ilk şeirlər kitabını birinci ona təqdim etmişəm. Şeirlərimi oxudu və auditoriyada, bütün tələbələrin gözləri qarşısında məni ürəkdən təbrik elədi, dedi ki, sənin öz səsin, öz nəfəsin var. Sən ayrı cür yazırsan… Bizim yaradıcılığımız arasında müəyyən birləşdirici notlar var, çox zaman hər ikimizi düşündürən ağrılardan, dərdlərdən yazmışıq. Bəxtiyar böyük ürək genişliyilə mənim şeirlərim haqqında məqalə yazıb».

Musa Yaqub lirik şairimiz Nəbi Xəzri barədə də səmimidir: «Mən Nəbi Xəzriyə də minnətdaram. Allah onun ruhunu şad eləsin. Buynuz kəndində müəllim işləyəndə mənə Azərbaycan Yazıçılar İttifaqından bir məktub gəldi. Məktubda yazılmışdı ki, gənc şair Musa Yaqubovu gənc yazıçıların Zuqulbada keçirilən yaradıcılıq müşavirəsinə dəvət edirik. İmza: Nəbi Xəzri. Bu məktub və imza məni o qədər sevindirdi ki… Nəbi müəllimin «Kiçik təpə» poeması əllinci illərin sonlarında bizim ən çox oxuduğumuz, heyran qaldığımız əsərlərdən biriydi. Nəbi müəllim Moskvada çıxan ilk kitabımın nəşrinə xeyir-dua verib».

Şair Musa Yaqubun etirafları sadəcə xatırlama deyil, xüsusilə, gənc qələm sahibinə Bakı mühitindən yaşlı nəsildən dəstək gəlməsi, yaradıcılıq stimuludur. Unutmayaq, şairlər dəymə-düşər olurlar, küsəndə barışmaları çətin olur. Musa Yaqub da istisna deyil. Bir həqiqət var ki, əsl istedada dəstək veriləndə Allaha da xoş gəlir: mənim pay göndərdiyim o ilahi poetik qığılcımın işartısını görürlər!.. Bu baxımdan Musa Yaqubun o Buynuz kəndi şairlərimizin, yazıçılarımızın, alimlərimizin görüş yeri rolunu oynamışdır, sanki Yazıçılar İttifaqının filialıdır. Görünür, kiminsə ağılına gəlməyib, Musa yaşayan kəndinə, onun isti ocağına belə bir status verilsin. Vaxtilə böyük Sovet yazıçısı Mixail Şoloxovun yaşadığı Don sahilindəki Veşşenskaya Stanitsasındakı malikanəsində bölgənin büro iclasları keçirilirmiş; əlbəttə, M.Şoloxova (o, raykomun büro üzvü olmuşdur) dərin hörmətin əlamətiymiş…

Musa Yaqub qeyd edir ki, Qabil, Bəxtiyar, Nəbi, Hüseyn qağa və başqaları qonağım olmuşlar dəfələrlə, hərçənd, onlarla dost deyildimsə, yaradıcılıq ünsiyyətimiz vardı, mənim poeziyama rəğbət bəsləyirdilər. Ancaq Qabil istisnadır. Musa Yaqub bir gün şairin gözlənilmədən rayonun palçıqlı vaxtında Buynuza qonaq gəldiyini deyir. – Çox çətinliklə onu gətirirlər evə: - Bir neçə gün Buynuzda, mənim qonağım oldu. Onu dağda gəzdirdim. Elə bilirdim şəhərli olduğuna görə, kənd təbiətini, buraların gözəlliyini duymaz. Amma bir il sonra Qabil İsmayıllı lövhələrini qələmə aldı və «Qoy danışsın təbiət» şeiri çapdan çıxdı. Onda bildim ki, yanlış düşünmüşəm. Qabil təbiəti şairanə fırça ilə rəsm edib ki…
Başımın üstündə çətirli meşə,

Yuyunmuş, daranmış ətirli meşə.

O yazda yaşıldı, payızda əlvan,

Bir ağac kəhrəba, bir ağac mərcan,

Bir yarpaq günəşin şöləsində zər,

Bir yarpaq buludun gözünü silər,

Dinim, ya dinməyim, dinləyim əlbət.

Qoy danışsın təbiət!
Musa Yaqub ədəbi mühitdə görüb-götürürdü, eyni zamanda yaşlı nəslin poeziyasına öz münasibətini bildirirdi. Gənc şairlər tanıyırıq, istedadları da var, amma ki, bir kəlmə, bir məqalə belə xoş söz demir və yazmırlar. Bu hiss məlumdur… M.Yaqub gözəl şairlərimiz, təmiz poeziyaya malik Hüseyn Arifə, Əli Kərimə pərəstiş etdiyini müsahiblərində demişdir: «Məni təbiət şairi adlandırırlar. Ancaq deyərdim ki, əsl təbiət şairi Hüseyn Arif idi. Onun poeziyasında canlandırılan təbiət, kənd həyatı, xalq məişəti o qədər koloritli idi ki…, bunu izah etməyə söz tapa bilmirəm. Azərbaycan dilinin gözəlliklərini, sadəliyini və dərinliyini, elmi hikmətini və fəlsəfəsini duymaq istəyirsənsə, Hüseyn Arif poeziyasına baş vur. Hüseyn Arif təbiətdən cəmiyyətə boylanan şair idi. Onun belə bir şeiri var: «Söyüd payası».
Söyüddən bir paya düzəltdi bağban,

Çəpərin ömrünü uzatmaq üçün.

Bir ucu güc aldı gündən, havadan,

Bir ucu torpağa işlədi hər gün.

Öpdü bahar fəsli su ayağını.

Ətrini səhərin ətrinə qatdı.

Tikanlar didsə də göz yarpağını

Qalxıb hər tərəfə qol-budaq atdı.

Nəhayət, içindən pozdu çəpəri,

Onun qollarını bağlamaq olmaz.

Ağactək böyümək istəyənləri

Payatək çəpərdə saxlamaq olmaz.
Baxın, bu şeirdə xalqdan gələn dərin bir fəlsəfə var…»

Musa Yaqub istedadlı şair Əli Kərim poeziyasına da eyni səmimiyyəti və obyektivliyilə qiymət verir: «Əli Kərim bizim poeziyada ən yenilikçi şairlərdən birincisi idi. Diqqət yetirsək, görərsən ki, zahirən, o da hamı kimi yazırdı, amma necə? Təzə fikirlər, obrazlar qəfil və gözlənilsəz təşbehlər… həm də çoxlarına nəsib olmayan poetik səmimiyyət. Şeiri şeir kimi yazmağın ilk nümunələrini Əli yaratdı… Əli Kərimin heç bir şeirindən yan keçə bilmirsən, hamısı gözəldir. Mən Əli Kərimin ölümündən çox sarsıldım. Bu təsirlə bir şeir yazdım: «Qayıdacaq».


Fikirliydi, lap fikirli,

Son vağzalda düşəcəkdi,

Birdən «Gənclik» vağzalında

düşdü Əli.

Öz səhvinə

Gülümsədi bir balaca.

Yadımdadır təəssüflü

həlim baxış.

Nə bileydim, gəlib onun

son mənzili.

Elə gənclik duracağı olacaqmış.

Bizə vədə verib özü

O, «həmişə səfərdə»dir –

Qayıdacaq»
Musa Yaqub öz mənsub olduğu ədəbi nəslin taleyində rol oynamış Məmməd Araz, Fikrət Qoca haqqında ürək məhəbbətiylə danışmış, bu gün də öz fikrində qalır. M.Arazı sözün rəngini tapan, bu rəngi poeziyasının əlvan naxışlarına, rəsmlərinə çevirən bir şair adlandırır. F.Qocanın özüylə yox, şeirləriylə də dostam. Bu «dostluq» həmişə mənimlə yol gedir, dar ayaqda köməyimə çatır, üzbəsurət bir pisliklə və ya bir namərd adamla qarşılaşanda Fikrətin o məşhur şeiri yadıma düşür:
Biri qaçaq olub,

mərd olub.

biri qoçaq olub

mərd olub.

Biri kasıb olub,

mərd olub.

Bəs namərdlər hardandı,

bax, bu mənə dərd olub».
Əlbəttə, bütün oxucuların zövqünü eyniləşdirmək səhvdir; ədəbi zövqə malik ziyalılarımız istənilən qədərdir. İsmayıllı elatı təbiətə büründüyü üçündür – insanları da pakdır, məkrsizdir, yaxşı deyimdə sadəlövh və səmimidilər. Unutmayaq ki, ilk sovet (Azərbaycan) romanının müəllifi, görkəmli yazıçı Əbülhəsən, onun istedadlı yazıçı oğlu, vaxtında qiyməti verilməyən Çingiz Ələkbərzadə də bu torpağın övladlarıdır. Məsələ ondadır, regiona ağıllı, obyektiv, zövqlü birinci katib (raykom) göndəriləndə savadlı, bilikli, təcrübəli, istedadlı şəxs axtarılıb tapılır və ortaya çıxarılır. Tarix boyu belə olmuşdur. O dövlət başçıları: şahlar, çarlar… hakimlər… qazanır – ətrafına xüsusilə, ağıllı filosofları, sərraf söz adamlarını gətirir, onlara azad yaradıcı mühiti yaradır və məsləhətlərindən utanmırlar. Mən mərhum ictimai xadim, qələm sahibi, təmiz əməlli Qəşəm Aslanovu xatırlayıram (Allah rəhmət eləsin), onun İsmayıllıya birinci katib göndərilməsilə rayonun makromühiti ziyalılaşdı, bacarıqlı, təşkilatçı adamlar irəli çəkildi, vəzifə etibar olundu. O cümlədən, Musa Yaqub. Qəşəm müəllimin rəyilə rayonda çıxan «Zəhmətkeş» qəzetinə redaktor təyin olundu (1978) - raykomun bürosunun qərarı ilə. Çətin və məsuliyyətli vəzifəydi, amma son dərəcə nüfuzlu, sözü kəsərli. 70-80-ci illərdə ümumiyyətlə, mətbuata ciddi yanaşılırdı. Ona görə ki, ümumi milli liderimiz, o zaman Azərbaycan SSR-yə rəhbərlik etmiş (1969-1982) Heydər Əlirza oğlu Əliyev mətbuatın nüfuzunu yüksəklərə qaldırmışdı, hər bir nazir, partiya funksioneri belə, qəzetlə hesablaşırdı. Tənqidi materialın qarşısında susmaq yox idi, cavab verilməliydi. Bu sətirlərin müəllifi 1976-1984-cü illərdə «Azərbaycan müəllimi» qəzetində çalışmış, kəsərliliyin bilavasitə şahidi olmuşdur. Bundan qabaq isə, hələ orta məktəb şagirdi ikən «Sosializm yolu» (Salyan) rayon qəzetində müntəzəm çap olunurdum və ab-havanı xatırlayıram… Musa Yaqub, hər şeydən əvvəl, şairdir, elədə onunki qəzetdə gətirərdimi? Bəzən «hə», bəzən «yox». Lakin o, bu vəzifəyə razılığı imic üçün verməmişdi. Rayonun ziyalılarını bir növ «qoruyurdu». Axı, daima raykomun birinci katiblərinin əksəri özlərini «kiçik padşah» kimi aparırdılar, kəsdikləri baş dığırlanırdı, abırlı-həyalı, düzgün işləyən vəzifədə oturanlar mütilik göstərməliydilər. Əks təqdirdə, büro və digər iclaslarda, yığıncaqlarda açıqca təhqirə məruz qalırdılar; təki plan yerinə yetirilsin. Bu, təəssüf ki, tarixin yaddaşından pozulmamışdır. Tarix də hələlik o dövrün canlı şahidləri olan biz nəsil – şükürlər ki, yaşayırıq… Amma bir cəhət vardı və bunu Qəşəm Aslanov hər vaxt gözləyirdi: «Şairlərə, xüsusilə, Musa Yaquba çox etibar yoxdur, haqsız sözü cavabsız qoymaya bilər». Belə qənaət təbiiydi: Qəşəm Aslanovun daxilində söz beşiyi bəzən yırğalanırdı, yazı adamıydı. Bir dəfə raykomun büro iclasında, həqiqətən, xoşagəlməz söz katibin dilindən çıxır. Mahiyyətinə varanda yerli ziyalıları xüsusilə, təhqir etmək idi və hamı da susur. Axı, cavab qaytarmaq, katibi yerində otuzdurmaq üçün dərin fikir söyləməyə ehtiyac yoxuydu. Lakin bu təşəbbüsdə olmaq istəyənlər dərhal vəzifələrini itirəcəkləri xofunu yaşayırlar. Onda beləydi hökmü zamanın. Musa Yaqub isə susmağı bacarmır və kəskin, amma nəzakətlə katibin cavabını verir. Özünü ani itirən Qəşəm Aslanov səhvini anlayır: - Bu əhvalat bu 19 nəfərin arasından kənara çıxmamalıdır! – deyir. – İşimizi davam etdiririk…

Musa Yaqub deyir ki, bu «tapşırıq» həqiqətən, otaqdan heç yana çıxmadı. Yalnız Qəşəm Aslanovun vəfatından sonra bayırda səsləndi. Səbəbi bir də oydu ki, ziyalılar Qəşəm Aslanovun xətrini istəyirdi, İsmayıllı üçün o, çox işlər görmüşdü…

Musa Yaqub mühitin qismən də olsa elitar təbəqəsində idi və ünsiyyətdə bəzi məsələlərdən xəbərdar olurdu. Rayonda baş verən hüquq-mühafizə orqanlarının «bəd» əməllərindən birbaşa xəbər tuturdu; öncə o, qəzet redaktoru idi, büro üzvü idi. Bunlardan da mənən ucada şairliyi dayanırdı. Prokuror, məhkəmə sədri, katib – bu vəzifəlilər daima kənardan gəlirlər rayona, indi də istisna deyil. Onlar yerli ziyalıları tanımır, əkib-becərən insanlara eynək arxasından baxır, utilitar məqsədlərə üstünlük verirlər. Təsadüfi bir hadisəni dərhal şəxsi intereslərində «qanuniləşdirir», zəng yoxsa, təsir göstərilmirsə… həmin yaxşı adamların taleyi ömürlük sıfra dəyişdirilir. Vura, partbilet təhvil verilə. Sovet vaxtı aforizm vardı: "Sənin kitabın bağlandı». Musa Yaqub onda bir az da gəncdi, ötkəmdi, inadkardı. «Kənd mühitinin zərif, kövrək «hökmlərinin təsirində idi. İri adamların «buynuzlarını» görməmişdi. Kəndin adının Buynuz olmasında mistik rəmzli bir şey vardı ki, xarakterlərdə öz izini buraxmışdı. Mərkəzdə, Mərkəzə gələn yoldaşlarla ünsiyyətdə cəmiyyətin çox məsələləri üzə çıxırdı və «buynuzlaşmaq» lazım gəlirdi. Hətta kimisə «vurmaq» üçün yuxarıdan sifarişlər də alırdı. Daha kəsdirmirdilər ki, bu şəxs şair Musa Yaqubdur, cəmiyyətin «barometri» demirlər şairlərə təsadüfən. Şair Musa Yaqub yaşadığı mühitdə natamamlıq kompleksini canlıca görürdü. Ötəri haşiyə çıxım ki, Musa Yaqubun şəxsiyyətinə və yaradıcılığına bələd olanlar (Azərbaycanın ən seçmə ziyalıları: şairləri, yazıçıları, alimləri tarixən onun qonağı olmuş, halal çörəyini kəsmişlər) bilir ki, insanların işıqlı və qaranlıq simalarını duymaq qabiliyyətlidir. Özünün yüksək davranış mədəniyyəti, bütöv əxlaqı natamamlıq kompleksinə nifrətdə, müxalifətdə bulunmuşdur. M.Yaqub tariximizi də gözəl mənimsəmişdir, başımıza gələn bəlaların obyektiv və subyektiv amillərindən xəbərdardır, yoxsa Musa Yaqub olardımı?

Azərbaycanlılar: türk-azərilər bütün tarix boyu öz kişilik ləyaqətini və torpağını qorumuşdur. Başqa əqidəyə haqqımız çatmır! Amma başıbəlasız ötüşməmişik. Ya bayırdan, ya da qismən içəridən «ilişmişlər». Birincilər daha ciddi fəsadlar törətmişlər: Torpaqlarımızı işğal etmişlər; müstəqilliyimizi əlimizdən almışlar; say-seçmə oğullarımızın axırına çıxmışlar… İkincilər elə içəridən uğurlarımızı sərvət hissinə qurban vermişlər; bacarıqlı, qabiliyyətli adamlara paxıllıqla yanaşmışlar; şəxsi maraqlarını xalqın intereslərindən üstün tutmuşlar; vəzifə üçün ülvi hisslərini ayaqlamışlar… Bütün bunlar bizi kölgə altına sürükləmişdir. Əlbəttə, zaman keçdikcə, xüsusilə içimizin törətdikləri fəsadlar, rəzalətlər bu və ya başqa formada (şəkildə) özünü büruzə vermişdir. Təəssüf ki, bu gün də istisna deyil. Musa Yaqub məhz dəyərli bir şeir yazdı: «Yaxşı adamları qoruyaq gəlin». Şeir zəngin müşahidələrin, çırpıntıların, əzabçəkənlərin əhvalında qələmə alınmışdır:


Yaxşı adamları qoruyaq gəlin –

Yaxşılıq kövrəkdir bir duyğu kimi,

Hər cürə tənəyə dözüb dayanmaz.

Yamanlıq murdarça çubuğu kimi

Nə qədər əysən yenə də sınmaz,

Yaxşı adamları qoruyaq gəlin,

Pislik harda olsa, girəcək gözə.

Üzündə təbəssüm,

dişində zəhər.

Yaxşılıq qapıda dəvət gözləsə,

Pislik yol gözləməz, bacadan girər.

Yaxşı adamları qoruyaq gəlin:



Bədxah niyyətləri, əyri nəzəri

Düzlük qorxusuyla öldürmək olar.

Dişlərində zəhər gəzdirənləri

Yarpız qoxusuyla öldürmək olar.

Demək ki, çiçəklər qucaq-qucaqdır,

Qanqallar necə var yaşayacaqdır.

Yulğunlar necə var yaşayacaqdır.

Zərif çiçəkləri qoruyaq gəlin.

Təmiz ürəkləri qoruyaq gəlin.
Mənim oxucumun hövsələsinə hörmətim var, ritorik, mətləbsiz şeirdən yorulurlar. Lakin bu poetik nümunənin yaşı az qala qırxa çatsın – heyif ki, yaxşı adamları qoruya bilmirik…

Musa Yaqubun Bakı mühiti də qismətinə düşmüş, «Azərbaycan» jurnalında «Poeziya» şöbəsinin müdiri işləmişdir. Görkəmli ədibimiz İsmayıl Şıxlının baş redaktorluğu vaxtı və bu gün də o, etiraf edir ki, mən böyük bir məktəb keçdim. Birincisi, Şıxlı təkrarsız şəxsiyyətdi, böyük hərflə insandı, obyektivdi, sənətə güzəştə o vaxt gedirdi, əsl əsərdir, oxucu üçün dəyərlidir. Biz işçilərə sərbəst seçim imtiyazı vermişdi. Sözü çox kəsərliydi. İkincisi, zəngin və yüksəkdə dayanan yaradıcılığı bizə örnəkdi, mənəvi haqqımız çatmırdı ki, həm zəif yazaq, həm də zəif əsərləri oxuculara sırıyaq…



Musa Yaqub bu görkəmli şəxsiyyətə 1989-cu ildə «Sapı özümüzdən olan baltalar» adlı gözəl bir şeir həsr etdi. İ.Şıxlının artıq aforizmə çevrilən bu kəlamı, şairi silkələmişdi:
Hanı bu meşənin yaşıl qatları,

Dəmir ağacları, şah palıdları…

Sapı özümüzdən olan baltalar

Yaman kəsdi bizi, qopardı bizi.

Alıb özümüzdən apardı bizi.
Gərək öz kökünlə qaynasın qanın,

Gedib özgəsinə tapınmaq olmur.

Sapı özümüzdən olan baltadan

Heç cür qaçmaq olmur, sapınmaq olmur.

Düşmən əskik olmur, qapından, haray!
Sapı özümüzdən olan baltalar,

Tiyəsindən haray, sapından haray.

Haray dərdlərimiz, acılarımız –

Balta sapı olan ağaclarımız.
Musa Yaqub Yazıçılar İttifaqında (redaksiya onun binasında və mərtəbələrinin birində yerləşirdi) çox proseslərlə: insan xarakterləriylə, təzyiqlərlə, diqtələrlə, öyunmələrlə, özünü təbliğlərlə, paxıllıqlarla, laqeydliklərlə üzləşirdi. Maraqlı o idi ki, şəhərin birbaşa psixoloji, sosial və mənəvi üstünlükləriylə yanaşı, aşınmalarla da qarşılaşırdı. Öz şəxsi mənafe uğrunda dəridən-qabıqdan çıxan söz adamlarını da müşahidə edirdi. Ən çox nigarançılığı insan əxlaqındakı naqislikdi, davranışındakı ruhsuz instinktdi. Musa Yaqub şəhər fantomuna yad deyildi və ondan qaçmırdı. O, dilboğazla danışanların, azadlıq «tələb» edənlərin iç üzünü görürdü. Belə adamlar XX əsrin 90-cı illərinə gəlib çıxdılar, özü də danışa-danışa. Bunlar «Eldə ləngiyib dildə quranlar, zəncir döyənlər, yoranlar» idilər, «tufanlı başlar» idilər. Və şair kəskin demişdi bir şeirində (1991):
Bəsdir, o kürsüdən düşün aşağı,

Qurtaraq keçmişi müzakirədən.

Bu umu-küsüdən düşün aşağı.

Düşün o kürsüdən, çıxın bu zaldan,

Qurtaraq ölkəni ağır zavaldan –

Bir görək əkində-biçində nə var,

Bir görək sünbülün içində nə var.

Ocağımız yanır, ocaq dayanmır,

Şoranlıq böyüyür, sucaq dayanmır.

Bir görək çayımız haraya axır,

Bir görək yolumuz hayana baxır…
Bu şeir «Azərbaycan» qəzetinin 19 aprel 1991-ci il sayında verilmişdir: Azərbaycan mürəkkəb siyasi və sosial dövrünü yaşayırdı. Cəmiyyətdə aşınmalar addım-addım yeriyirdi. Musa Yaqub bu mühitin mahiyyətini qavrayırdı, axı, ziyalıdır! Və elə o ildə «Müxalifətəm» şeirini yazdı, səs-küylə qarşılandı.
Cismimi öldürüb ruhum uçursa,

Cismimdəki canla müxalifətəm.

Zaman ömrüm alır, dövran canımı,

Mən də bu dövranla müxalifətəm.

Demə ki, düzəldi, yox, düz əyildi,

Qələm qələmdanla müxalifətəm.

Şah taxtı hələ haqq dərgahı deyil.

Mən bəylə, mən xanla müxalifətəm.

Hökmün hüzurunda işlək bəndəyəm,

Demək, hökmranla müxalifətəm.

Aldanmış Adəmin parasıyam mən,

Həmişə şeytanla müxalifətəm,

Min ildir çağırıram, vicdan ayılmır,



Ayılmaz vicdanla müxalifətəm…
Sosial-ictimai tarazlıq: haqsızlıq, ədalətsizlik və sairə yerini itirəndə cəmiyyətin, konkret dövlətin (respublikanın) mənəviyyat dayaqları itir və bu mühiti ilkin söz sahibləri görürlər. İdarə edən funksionerlərə çatmır ki, bütün müsbət dəyərlər yüksək əxlaq nümayiş etdiriləndə yaranır və inkişaf edir. Belə olanda makromühitdə əxlaqın-davranışın tənzimedici, dərkedici, qiymətləndirici (imperativ), kommunikativ (ünsiyyətcillik), proqnoztik və s. funksiyaları öz yerini alır. Və davranışın əxlaqi tənzimi normal hala düşür. Bu prosesləri şair, şübhəsiz, duyur, lakin birbaşa həmin mühitin içərisində, çevrəsində görünəndə yazdıqlarında bir həyat həqiqətləri: kimsəsizin harayı, bir tikə çörək axtarışı, bir təsadüfi qəbahətin ağır cəzası – bütün bunlar – şairin qəlb meridianından sızıltı ilə keçir və yalnız sarı simə toxunur. Şeirin ən ümdə bir funksiyası da tərbiyələndirməkdir, əgər elitar məmur təbəqəsi oxuyursa… Musa Yaqub hər cür bulaşıqlı qaranlığı seçirdi bu «örtülü» mühitdə. İnsanlar necə saxtalaşırlar, ikiləşirlər. Adamlar necə cılızlaşırlar – alçalırlar – rütbə, vəzifə üçün. Rahat, sərvət toxluğu ilə yaşamaq üçün. Və yazmışdı:
Bu millət, bu vətən çaşqınlığında,

Bu coşan sellərin daşğınlığında,

Aman, bu qeybətlər qırhaqırında,

Bu təzə vəzifə vurhavurunda

Min yerə səsləyib yordular məni.

Çapıb inam-inam qırdılar məni.

Dağı götürdülər hoydu-hoyduya,



Bağı götürdülər hoydu-hoyduya,

Məni də qoşdular dedi-qoduya,

Məni də qoşdular bu qeybətlərə.

Sonu görünməyən boş söhbətlərə.

Heyf… heyf… heyf…

Heyf, o əvvəlki könlümə, heyf!

Orda bəslədiyim gülümə, heyf!
Musa Yaqubun öz şair obrazı. Bu poetik kinayədə, ricətdə – necə adlandıraqsa – fərq yoxdur, mənzərə çılpaqlığı ilə görünür. Belə sosial-siyasi və əxlaqi-mənəvi mühit Musa Yaquba «yar» olammazdı, qeyri-inandırıcı görünərdi. Musa Yaqub yaradıcılığında həyati gerçəkliklə bədii həqiqəti bütöv halda təsvir edir və nəticəni oxucu öhdəsinə buraxırdı. Onu ruhlandıran ictimai gedişlərin haqlı və haqsız tərəflərini görə bilmək, duymağı bacarmaq idi ki, 80-90-cı illərdə belə klassik şeirlərini qələmə aldı; «Şükür Allaha», «Bu günün adamı», «Qayıdaq», «Hələ» və sairləri. Bu poetik ovqatı mühit diqtə etmişdi, fərdiləşdirəndə rastlaşdığı buqələmun - amfibiya-adamlar yaratmışdı. Birinci şeirdə:
O əl zindan idi qoydu çiynimə,

O ki nə mənə dost, nə tanış olub.

Mənim keçən ömrüm heç imiş demə,

Mənim yaşayışım aldanmış olub.

Sən demə, mən sacda qovrulurammış,

Düşüb yelçəkənə sovrulurammış.

Mənim sığındığım qucaq deyilmiş,

Mənim isindiyim ocaq deyilmiş…

Naşı ümidimin qırılmasına,

Şükür o yaxamın cırılmasına.

Şükür o asqıdan qopulmağıma,

Şükür özüm üçün tapılmağıma.

Mən də o vərdişdən çıxacağammış,

şükür Allaha!

Bir durub özümə baxacağammış,

şükür Allaha!

Və sonuncu şeirdə («Hələ»də) şair Musa Yaqub cəsarətlə, Sovet dövlətinin varlığında (1990) demişdi: özümüzküləri bilərəkdən unudub, milli sərvətimizə qənim çıxan özgələri yaşatmışıq. Belələrindən biri də Serebrovskidir! Necə ki, dil sistemimizə uyuşmur, yabançı səslənir; dəxli nədir. Bakıda təhsil ocaqlarının ən mühümləri, iri mədəni, elmi müəssisələrimizin xeylisini, baş küçələrimizdən birini Kirov daşımırdımı? Azərbaycan neftini məhz o Rusiyaya daşıtdırmırdımı? Məgər birdir, ikidir? Şair M.Yaqubda oxuyuruq:


Bir ad yaşadırıq – Serebrovski,

Xəzər buruq-buruq – Serebrovski.

Dənizin gümüşü qanadı hələ

Yuyur, tumarlayır o adı hələ.

Qara neftimizin yerini bilib,



Yəni özlərinin xeyrini bilib;

Yəni yaxşı çəkib, yaxşı aparıb,

Canımızdan canı yaxşı qoparıb,

Yəni qızılımızın üstündə yatıb…

Hacının məzarı Mərdəkanda tək –

Onun məzarından utanır adam.

Üsyankar ruhundan Məmməd Əminin –

Kişi vüqarından utanır adam.

Millət, millət deyən şair Hadinin

Şeir bazarından utanır adam.
Musa Yaqub cəmiyyətin alt qatına vardıqca görmək istəmədiklərini görür, əxlaqi sapmaların boy atdığına tamaşa edir – ürək ağrıdan bu qəbahətlərdə fəzilət axtarır – tapacaqmı görən? Bu sual(lar) şeirlərin predmetinə çevrilirdi. Axı, müstəqil olmuşuq, demokrat olmuşuq, bəs niyə mənfi emosiyalar bu tezliklə baş qaldırdı? Əyri ağacda düz budaq olarmı? Belə badalaqqurmada xalq yada düşərmi? Suallar mənim deyil, şairin «Biz hara gedirik…» (1994) şeirindən saçmış, qəlpələşmişdir:
Kimdir millət bilib xalqı axtaran,

Özündə axtarır xalqı axtaran.

Özündə, özündə, ancaq özündə –

Özününkülərdir yalnız gözündə.

Bəs belə dəstəbaz özümdaş ilə

Hara getmək olar by yoldaş ilə.
Sualsız olsa da, sual da çıxır: Məmləkətdə bir hay qopanda qulaqlar dikəlir və sədaqət andı içənlərin kürkünə birə düşür; bəs nə etməli?
Birinin başından tacı düşəndə,

Vəzirinin yeri acı düşəndə –

Başçılar başını götürüb qaçır.

Biri daş-başını götürüb qaçır,

Biri daş-qaşını götürüb qaçır –

Hara getmək olar bu qaçhaqaçla

Bu qədər zəlillə, bu qədər acla. –
çarə tapıldı. Bu da bir yana. Dillər, yalançılar isə bülbül təki bəhsə-bəhsdədilər, azadlıq mahnıları oxuyurlar, xəyanətə nəğmə qoşurlar və bunlardan daha betəri:
Azaddır, maşallah, millət azaddır,

Xəyanət azaddır, rüşvət azaddır.

Ədalət yolunu kəsmək azaddır,

Başda durub başı əzmək azaddır –

Biz hara gedirik əzik baş ilə,

Necə fəxr eyləsin üzük qaş ilə.
Musa Yaqub müstəqilliyimizin bir dönəmində Birinci çağırış Azərbaycan Milli Məclisinə deputat seçildi: 1995-ci il. «Millət vəkili» də deyilir bu şəxsə. Saatlarla oturmalı, qulaq asmalı, düymələri basmalı, çıxarılacaq və çıxarılan rəsmi sənədləri barmaqla təsdiq etməli və digər «oturaq» işlər. Beş il beləcə ötdü, şair kimi passiv də deyildi. Kəskin bir söz deyirdisə, ekranda bu fikir «kəsilirdi». Musa Yaqub Vaqif Yusiflə «İkinci müsahibə»sində sualı aşağıdakı kimi cavablandırır: «Bir həvəslə, bir böyük istəklə gəlmişdim, amma nə etmək olar ki, bu istəkləri reallaşdırmaq mümkün deyildi. Mən burada seyrçi olub qala bilməzdim, bəzən müəyyən bir məsələnin həllində mübahisəyə girişir və etiraz səsimi də qaldırırdım. Bir dəfə mənə belə bir sual verdilər: «Çox gözəl bilirik ki, rayon havası ilə şəhər havası eyni olmur. Rayonda daha təmiz, saf hava uduruq. Milli Məclisdəki havalar necədir?» Cavab verdim ki, rayon havaları gözəl olur, bir də görürsən, yağış yağır, bahar gəlir, bənövşələr açır. Amma Milli Məclisin havasını təyin etmək çox çətindir. Çətin və ağır havadır, heç düzələsi deyil. - Mən orda gördüm və hiss etdim ki, əgər belə getsə, Azərbaycan «İtmiş, Atlantida» aqibəti yaşayacaq. Bunun da günahkarı indiki rejim olacaq. Bəzi ziyalılarımızın bir yerə vura bilməməsi, rejimə nökərçilikləri bizi bu günə salıb. Müsahibələrimin birində hətta bəzi deputatların adlarını da çəkmişdim ki, belə adamlara yerləri göstərilməlidir. Sabah bir qarışıqlıq düşsə, bunlar hamısı xaricə qaçacaqlar…»

Bir optimallıq o idi, bu zahirən mikromühit Musa Yaqubun şeir yazmağına maneçilik törədə bilmədi, hətta şairi bir silsilə şeirlər yazmağa şərait – psixoloji mühit yaratdı. Şair «dünyanı Milli Məclisin içində yox, dünyanı dünyanın müəyyən hissəciklərini, münaqişələrini görmüşdür. – Amma dünyanın böyüklüyünü qayalarda, dağlarda, çaylarda, yaşadığım yurdlarda görmüşəm, - deyir Musa Yaqub.

Şair Musa Yaqub kontaktda olduğu sosial və mənəvi mühitdə, müasirlərinin davranışlarında, istəklərində, hansı bəşəri, yaxud məişət qayğıları ilə yaşamalarında yaradıcılığını və fəaliyyətini stimullaşdırmışdır. İnsan, xüsusilə, şairlər, söz adamları makromühitdən qidalanır, öz növbəsində qidalandırırlar. Oxunan bir şeirin məna yükü, müəllifin gerçəklikdən doğulan qeyri-harmonik proseslər - uşaqdan tutmuş yaşlı nəsləcən tərbiyəvilik mənbəyidir. Cəmiyyəti bir qrup məmurlar «əldən verirsə», xalqın nəzarətindən çıxarırsa, yuxarıda toxunduğum «natamamlıq kompleksi» fenomenləşir təəssüf ki.

Bizdə, yəni həm davranış, həm də idarəetmə psixologiyamızda bir ciddi boşluq mövcuddur: Xalqa, cəmiyyətə, konstitusiya prinsiplərinə ziyan vuran, xələl gətirən bir qrup məmurların, inhisarçıların, nazirlərin, «vasitəçi»lərin günahı, əməli ortaya çıxarılırsa, müxtəlif şəxslər, mətbu-hüquq-mühafizə orqanları və sair tərəfindən əhəmiyyət verilmir, sanki hər bir səlahiyyət sahibi məmləkətdəki proseslərdən xəbərsizdir, üstəlik nə qəzet oxuyur, nə də televiziyaya baxır. Nəticəsi o olur – dövlətçiliyimizə, idarəçiliyimizə – siyasi və mənəvi, mədəni və maarifçilik imicimizə kölgə salan, dedi-qodu törədən «natamamlıq kompleksi» əkilir, bitir, böyüyür və meyvə-bar gətirir! Bu gün üçün bu proses adi təsir oyadır, sabah isə beynəlxalq müstəviyə çıxar (təəssüf ki, bəzi sferalarda rəsmiləşmişdir). Axı, biz tarixlər uzunu natamamlıq kompleksinin əmələ gəlməsi üçün zəmin yaratmışıq və uduzmuşuq. Hazırda Azərbaycan müstəqillik yolunda inkişaf edir, dövlətçiliyimiz də həmçinin… Amma şəxsi maraqların fantomlaşması, bütövləşməsi, maqnatlaşması və sairlər Konstitusiyanı nüfuzdan salır, Prezident qayğısına və sərəncamlarına həmlələr edir. Bu, qəti olaraq yolverilməzdir!



Mənzərə tutqun görünür və şairə «dil» verir. Musa Yaqub bir həssas insan olaraq da qeyri-ahəngi duyur. «Dəmirçixanada marş», «Bu məddahlar», «Bir iclasın təəssüratı», «Ah, bu dünya», «Ah, insan», «Nəyi bizimdir», «Bir günah sənin, bir günah mənim» və s. poetik nümunələrdə tərəzinin gözünü bilərəkdən əyənlər, dünyanın fəlsəfəsini şəxsi zövqlərində axtaranlar… öz miskin surətlərini görürlər. Ötən əsrin doxsanıncı illərində Musa Yaqub əgər belə demək mümkünsə, kəskin şeirlərini yazdı. Dünyanın, konkret cəmiyyətin tarazlığını pozmaqda davam edənlərə aid silsilə şeirlərinin çapına nail oldu. İçində Təbiəti yaşadan, gözəlliklərdən zövq alıb ilhamlanan şairdə qəzəb hissi oyanırdı. Dünya, ətraf, mühit belədirsə, şair şeir yaza bilərmi? Musa Yaqub «sualı» qoymamışdı: «Bu dövrün adamı şeir yaza bilməz», amma «nida»sız.
Həmişə ölçüdə, ülgüdə olan,

Həmişə növbədə, bölgüdə olan,

Qazancından payı qram olanın.

Həmişə yediyi haram olanın,

Ömürlə əlləşən, sifətdən düşən,

Ən zərif, ən ülvi niyyətdən düşən

Bu dövrün adamı şer yaza bilməz.
Məzarı alışıb obada yanan,

Özü kərpic-kərpic sobada yanan.

Duyğuları hərbə-zorbada yanan

Çölü baltalanmış, içi qazılmış,

İmanı dönülmüş, yolu azılmış

Bu dövrün adamı şer yaza bilməz.
Başının üstündə duran qoçusu –

İblis nökərçisi, şər qulluqçusu.

Sözü bilə-bilə yalana dönən,

Özü bilə-bilə şeytana dönən,

Bu başı qapazlı, bu beli donqar,

Baltada talaşa, rəndədə yonqar.

Gözü çıxarılmış, əli kəsilmiş.

Hissləri dağlanmış, ruhu əzilmiş

Bu dövrün adamı şer yaza bilməz.
Bu qara dəzgahda ipək toxunmaz,

Bu qara güzgüdə ürək oxunmaz.

Havada qartalı, suda balığı,

Ürəkdə duyğusu, hissi boğulmuş,

Bu ölü inamlı, qırıq həvəsli

Bu sınıq ürəkli, yanıq nəfəsli

Bu dövrün adamı şer yaza bilməz.
Bir həqiqətə gəlinir: Şair xalqını, məmləkətini qeyri-xoş günlərdə, məramlarda görəndə; əlli-ayaqlı əlsiz-ayaqsıza çevriləndə, söz urvatdan düşəndə… hansı ovqatla ürəyini boşaldar? Yazırsa, demək Füzuli, Xətai dövrünə ruhən (xəyalən) qayıtmalıdır. Və bir də babaların duyğusunu sinirlərinə gətirməlidir:
Bir-iki şerimiz bu gün var isə,

Bu günün yazanı deyil o kimsə –

Füzuli dövrünün adamıdır o,

Xətai dövrünün adamıdır o.

Bir-iki duyğumuz indi var isə,

Bu günün deyəni deyil o kimsə –

Keçən nəğməmizin uyğusudur o,

Şair babaların duyğusudur o,

Bugünkü qələmlə, bugünkü ellə

Bu günün şairi şer yaza bilməz –

Yazsa, gələcəyin adamıdır o.
Ötən əsrin başlanğıcı və sonları şair M.Yaqubun həm şəxsi intereslərində (sosial-mənəvi), həm də yaradıcı taleyində dərin izlər buraxmışdır. Azadlığı, insan ləyaqətini, bəşəri harmoniyanı özünün devizi sayan şair sakit dayanıb şeirini yazmağı bacarmazdı. Baxmayaraq rayonda idi, amma bir ayağı Bakıda, xalq hərəkatının tanıdığı, yoldaşlıq etdiyi liderlərin yanında. Əslinə baxsan həmin liderlər (indi təqaüd yaşına qədəm basıblar, və istisnalar yox deyil) şəxsi mövqeləri üçün, gələcək karyeraları naminə xalqı öz arxalarınca aparırdılar. Bəli, xarakteri gizlətmək olar, amma dəyişmək qeyri-mümkündür; necə ki, xeylisi, dil-boğaza sığmayanlar, «millət, millət» deyə hayqıranlar bu sosial-mənəvi aşınmanı həzm edir, çeynəmirlər, deputat, yaxud vəzifə üçün büzüşmüşlər. Musa Yaqub hərəkatın fəlsəfəsini yaşadı daxilində, bir qəhqəhə də çəkdi və əqidəsindən dönmədi, oxucuları silkələyən şeirlərini qələmə aldı. O, «Yol» qəzetinə verdiyi müsahibədə (1992, 4) vurğulayır: İndi mətbuatda, televiziyada, radioda ziyalılarımızın, xüsusən də yazıçılarımızın ünvanına tez-tez gileylər eşidirik. Soruşurlar, ziyalılarımız hardadır, niyə yazıçılarımız sözlərini demirlər? Bunun kökünü bilmək lazımdır.

Bizdə xalq hərəkatı inkarla başladı. Bu inkarın siyahısına yazıçıları da saldılar. Sözü götürdülər hoydu-hoyduya. Hamının susduğu vaxtlarda ən cəsarətli sözü yazıçılar deyirdilər, bunun müqabilində çəkdikləri əzabları da açıb ağartmırdılar. Bunu da unutdular. Axı, ziyalılar sözün çəkisindən az-çox xəbərdardılar, hər deyilən sözün arxasınca getmək istəmirlər. Ziyalı o sözün arxasınca gedir ki, o sözə inanır. Bir də sözü deməyin təhəri var axı, hamı sözü necə gəldi deməyi özünə sığışdırmır.

Elə götürək hakimiyyət məsələsinin…İndi hakimiyyətdə böhrandır. Cəbhələrdə, yəni müxalifətdə məqsəd, yol birliyi yoxdur. Xalq inamsızdır. Torpağımızda müharibə gedir. Ordumuz da belə… Bu mürəkkəb şəraitdə prezident seçkisinə gedirik. Əslində indi nə seçki omlalıdır, nə də süni yolla seçilmiş prezident. Bu şəraitdə prezident özü-özünü seçməlidir. Məsələn, Dudayev kimi. O, vuruşdan qayıdıb prezident olmalıdır. İş görə-görə, cəsarət göstərə-göstərə, məsələlər həll edə-edə özünü xalqın başçısı kimi təsdiq etməlidir. Partokratiyanın, müxalifətin, daha nə bilim kimlərin çəkişmələrindən, stol davalarından çıxan prezidenti xalq yenə qəbul etməyəcək.

Biz bu saat qüvvətli bir əldə cəmlənməliyik. Müəyyən demokratik fikirləri də hələlik bir kənara qoymalıyıq. Müharibə gedir. Müharibənin isə öz qanunları var. Bununla hamı hesablaşmalıdır».

Müsahibi (şair Rasət) Musa Yaquba sual edir ki, min illərdir ədəbiyyatın predmeti insan olub və yenə də insan olaraq qalır. Torpaq adamısız, el-oba içindəsiz. Siz bu gün Azərbaycan insanını necə görürsünüz?

Musa Yaqub müdrikliklə çox lakonik cavab verir:

«Adamlar danışıqdan beziblər. Hamı xalqa dərs deyir. Və mən xalqda qəribə bir hal müşahidə edirəm… Adamların yumruğa meyli əməlli-başlı artıb. Bu məni çox narahat edir.

Bir də ki, xalqın qayğıları həddini aşıb. Adamlar düşdükləri maddi ziyandan bir o qədər əziyyət çəkmir, nəinki götürdükləri minnətdən… Bir kilo yağ tapırsan – minnət, bir kilo qənd alırsan – minnət… Bu minnət acıları adamlara divan tutur».

Çox zaman vurğulanır ki, şairlər siyasətdən gen gəzsə, yaxşıdır. Söhbət sırf siyasətçi olmaqdan getmir, amma XXI əsr bəzi şair­ləri siyasətə qoşub «quluna» çevirməyi bacardı. Lakin bu qənaətə bir­mənalı yanaşmaq səhv olardı, şair, ədib, dramaturq öz əsərlərilə hət­ta siyasətçinin görə bilmədiyi prosesləri duyur və proqnozlaşdırır. Sovet ideologiyası bic tərpəndi, xüsusilə, Stalin epoxası birinci növ­bədə şairləri və ədibləri öz yanına çəkdi, hər cürə qayğısını ödə­­di. Şair müşahidəsindən çıxış edir və əkslikləri poeziya dililə təs­­­vir edir. Musa Yaqub dünyagörüşü zəngindir, söhbətlərimdə bu­nu bariz şəkildə görmüşəm. Onun yaradıcılığında siyasi qüvvələr, si­­yasi böhranlar, siyasi fərdlərin maraqları və ilaxır poetik vüsətlə, ori­jinal üslubla əksini tapmışdır və tapır da… Həmin müsahibədə şair səmimi, obyektiv fikrini bildirir, yəqin ki, o dövrdə hər kəs öz pa­yını götürübdür.

«Özü də bu vəziyyəti o adamlar yaradıblar ki, vaxtı ilə onların qarşısına azdan-çoxdan sədd çəkilmişdi. Maşın alanda o «Kubinka» alverçilərinin necə qaçdıqları yadındadırmı? Bax, indi onların əlinə imkan düşüb. Onlar o qaçmaqlarının da intiqamını adamlardan alırlar…

Kəndli də torpaqdan soyuyub, əkib-becərməyə tələsmir. Adamlar qəribə bir intizar içindədir, elə hey nəyi isə gözləyirlər. Bilirsiniz, dövlət kəndlinin belinə nə boyda yük qoyub? Deyək ki, kəndli keçən il taxılı alırdı otuz qəpiyə, əlli qəpiyə… İndi alır üç manata. Amma dövlət məhsulu kəndlidən əvvəlki qiymətə alır. Bu saat qarğıdalı toxumunun qiyməti qırx üç manatdır. Yaxşı, qırx üç manata sən qarğıdalı toxumu al, ək, sonra da ondan qazanc elə görüm necə eləyirsən? Ona görə də kəndli əkmir, becərmir. Əksə də, ziyana düşür. Elə bil xalqın görə biləcəyi iş tilsimə düşüb.

Əkib-becərmək yoxdur, amma kubinka var. Qazanc eləyə bilərsən, kommersiya aça bilərsən, gedib İrandan, Türkiyədən mal gətirə bilərsən, sata bilərsən, satdığın o malların pulunu yığıb evində saxlaya bilərsən… Ara yerdə yenə də ziyana zəhmət çəkənlər düşür.

Hakimiyyət sektoru işləmir». – Sonuncu cümlə Musa Yaqub şəxsiyyətindəki bəzi «gizlin» nüanslarının əyani görümüdür.

Mən arxivimdə saxladığım müsahibəni təsadüfən mövzuya daxil etməmişəm; maraqlı məsələlərə münasibətini göstərən Musa Yaqub müsahibinin sualına son dərəcə önəmli, orta məktəb şagirdlərinə çatdırılmayan bir fikri açıqlamışdır. Bir də oxudum, bundan isti nə demək olardı?

«Çox göynəkli bir məsələyə toxundun. Hamımız bilirik ki, Azərbaycanın Araz dərdi var və demək olar ki, şairlərimizin hamısı bu dərdi yazıb. Bu dərdlə yazılmış şeirləri rus dilinə tərcümə eləyən xalqının iki yerə parçalanmasına öz münasibətini bildirməyib. Ancaq bir yerdə, Konstantin Simonov Səməd Vurğuna yazdığı bir şeirdə bu dərdə ötəri toxunub. Biz rus şairləri ilə dəfələrlə bir süfrə başında oturmuşuq, ən mərhəm dəqiqələrimiz olub, o dəqiqələrdə rus şairləri Koreyanı, Almaniyanı ikiyə parçalanmasından danışıblar, amma Araz məsələsində ağızlarına su alıb susublar.

Bu 20 yanvar qırğınında mən maraqlandım, yəqin bilirəm ki, bu gün Azərbaycanda bircə yazıçı yoxdur ki, onun poçtundan bir rus şairinin başsağlığı olsun. Demək, rus şairlərinin hamısının qəlbində o «Qafqaz altımdadır» misrasının fikri yaşayırmış. Amma biz belə deməzdik. Doğrudan da belə deməzdik. Elə Puşkin də qəsdən elə yazıb. Görünür, bu ona görə belədir ki, biz uzun müddət dövlət şairləri olmuşuq. Biz deyəndə, şəxsən mən nə partiya, nə də dövlətə şeir yazmaq həvəsinə düşməmişəm…»

Mən şair Musa Yaqubun yaşadığı, formalaşdığı mühitdən ötəri nəyisə bacarıb yazıram və təbii ki, siyasətə toxunmamaq mümkünsüzdü; özü də Sovet dönəmində, az-çox irili-xırdalı vəzifələrdə oturanda, rəsmi məmurlarla görüşəndə, söhbət edəndə və sairi nəzərdə tuturam. Etiraf edək ki, Sovet sisteminin içərisində yaşayanlar, az-çox onun mükafatını alanlar istənilən sayda Leninə, Stalinə, Kommunist Partiyasına şeirlər, poemalar həsr etmişlər. Poeziyaya 60-cı illərdə gələnlər də bu «siyasi körpü»dən adladılar, sağlıqlarına qismət olsun «Xalq şairi» fəxri adları, «Əməkdar incəsənət xadimi» rəsmi titulu və ali təqaüdləri. Şübhəsiz, onların sırasında istedadlar var, əlbəttə, şeir qoşanlar da. Amma əsl şairlər də vardı çalışmışlar o «ütü»nün altına düşməsinlər, onlar «xala-xətrin qalmasın»la, bir-iki şeirlə canlarını qurtardılar. Əks halda, belələrinin şeir kitablarını kim nəşr edərdi? Sözümün canı ondadır – Musa Yaqub bəlkə də istisnadır. Onun poetik irsi əlimin altındadır, ilk (Sovet dövrü) kitablarından tutmuş müstəqilliyimizəcən – siyasi adamlara, siyasətə, Leninə, Stalinə, partiyaya bir şeir belə həsr olunmamışdır…

Musa Yaqub «7 gün» qəzetinin əməkdaşı İmran Seyfəddinoğluna verdiyi müsahibədə (23 oktyabr 1993) ondan soruşulur ki, Leninə, partiyaya həsr olunmuş şeiriniz yoxdur? Cavabında deyir ki, mən bunu hünər hesab eləmirəm. Sinəyə döymək lazım deyil ki, partiyadan, Lenindən yazmamışam, sadəcə olaraq, mən bunları bacarmamışam. Məsələ bundadır, siyasi məqamlarda Musa Yaqub vəziyyətdən çıxmağı bacarmışdır: «Azərbaycan» jurnalında işləyən vaxtlarımda oktyabrın növbəti ildönümü keçirilirdi. Natəvan adına klubda şairlər, yazıçılar yığışmışdı. Hərə Leninə, oktyabra aid yazdığı şeirləri oxuyurdu. Mən isə belə şeirim olmadığı üçün dinməz oturmuşdum. Hamı şeirini oxuyub qurtaranda birdən Qabil ayağa qalxdı ki, Musa Yaqub təzə bir şeir yazıb, qoy onu oxusun. Mən təzə yazdığım «Bu dünyanın qara daşı göyərməz» şeirimi oxudum. Bir an zal dondu. Və hamı şeirimi alqışladı. Üzlərdə bir sevinc duydum. Hiss etdim ki, onları həqiqi poeziyaya qaytara bilmişəm. Özləri də hiss etdilər ki, oktyabra həsr olunmuş şeir həqiqi poeziya, həqiqi şeir deyilmiş.

Musa Yaqub kəndə, Buynuza döndü və daha ona qəfil söz verilmədi; istədiyi kimi gəzdi, duydu və yazdı. İsmayıllı torpağı, meşəsi və dağı özünün şair oğlunu sınağa çəkdi: Vəzifə, yazmaq və millət vəkili qismət elədi; hamısında da özünü doğrultdu. Lakin onu isti, məkrsiz, riyasız insanlar, onların sevgisi daha çox özünə çəkirdi və yanılmırdı. Yollar geri qayıdardı; qayıtdı da. Musa Yaqubun arzu-istəyi daxili inamına çevrilirdi və bunları yerinə yetirmək qüdrətini reallaşdırırdı. Çün, o, anadan şair doğulmuşdur, poeziya bu istedadın qarşısında etiraf edirdi. Bu illərdə neçə-neçə şeir, poemalar yazdı, kitabları çıxdı və sonu «Bu dünyanın qara daşı göyərməz» (2007) oldu. Bundan sonra, hansı ki, kitabımın «Ön söz»ünə bənzər qeydlərimə nöqtə qoyanda mən də bir oxucusu kimi, söylədiklərimə şübhə yeri qoymadım. Necə ki, vaxtilə böyük söz ustası K.Paustovski dahi Lermontov barədə demişdi, səmimi nikbinliyilə; mən də həmin fikirləri dəyərli oxucularıma çatdırmağı özümə borc bildim:


  • O, demək olar, bir anın içində elə şeirlər yaza bilər ki, gələcək nəsillər bu şeirləri əsrlər boyu təkrar edərlər.

O öz şüuruna dünyanın bütün duyğu və arzularını yerləşdirə bilər və rast gəldiyi hər adama bunları başa salar; bundan ötrü heç vaxt peşiman da olmaz.

O heç kəsin görə bilmədiyi sehrli şeyləri görüb-eşidə bilər…



1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə