Musa yaqub payiza baxiram şeirlər (seçmələr) Bakı “Araz”-2010




Yüklə 2.55 Mb.
səhifə9/18
tarix23.02.2016
ölçüsü2.55 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   18

HEYF, MİLLƏTİM!
Hör qalmaqaldan çəpər

İstiqlaldan çəpər,

Dilində xalqdan çəpər

Quru qeyrətim, heyf,

Heyf, Millətim, heyf.
Qoyun görsə qurd olan

Şahına manqurt olan,

Yurdu yada yurd olan

Papağı yetim, heyf,

Heyf, Millətim, heyf.
Dilində gap hərləyən,

Alt çənəsi tərləyən,

İşdə söz əzbərləyən

Çənə söhbətim, heyf -

Heyf, Millətim, heyf.
Qardaşına boyaq vur,

Keçdi səndən qabaq vur,

De vur, vur, badalaq vur,

Budur fürsətim, heyf,

Heyf, Millətim, heyf.
Gah cəbhə, gah blokla,

Onu tut, bunu tovla.

Öz-özünü buxovla

Gücüm, qüdrətim, heyf,

Heyf, Millətim, heyf.
Məkanı-cənnətməkan,

Öz içi zülmətməkan.

Bir gülündə yüz tikan

Gülüm, sərvətim, heyf,

Heyf, Millətim, heyf.
Əkib-biçən yox ikən,

Zopa vuran çox ikən,

Mindən biri tox ikən

Köçüm, külfətim, heyf

Heyf, Millətim, heyf.
Bu kütlə, o iqtidar, -

Nə aşağı bir qərar,

Nə yuxarı səs çatar

Əlaqə xəttim, heyf,

Fəxr bilib öyündük

Qalmış adətim, heyf,

Heyf, Millətim, heyf.

Noyabr, 1995
* * *

Arxada xəzəllər, danışın,

Ey həşəm güllər, danışın –

Cavab verin siz adama

Payızdan yaza yol varmı?

Mənim yolum yoxdur amma…


Qız bulaq, səndən soruşum,

Tək yarpaq, səndən soruşum.

Qızıl yaşın dama-dama…

Payızdan yaza yol varmı?

Mənim yolum yoxdur amma…
Yorğun düşən bir ah ilə,

Durnam, məni agah elə.

Açılarmı tutqun səma,

Payızdan yaza yol varmı?

Mənim yolum yoxdur amma…
Çör-çöpünü yel qovalar

Yiyəsiz qalmış yuvalar,

Yetdimi quşların kama,

Payızdan yaza yol varmı?

Mənim yolum yoxdur amma…

Sentyabr, 1996
* * *

Ürək telim buz bağladı,

Dondurdu sırsıra məni.

Mən hara, bu yığnaq hara.

Kim gətirdi bura məni.
O zorbala, bu ərköyün,

Üz qırmızı, alın düyün.

Açması yox bu örtüyün

Salacaqlar tora məni.


Bu oyundan xilas dedim,

Bir az susdum, bir az dedim,

Hey "Üç badam, bir qoz" dedim.

Qoşdular bu xora məni.



Fevral, 1996
ÇEÇEN TARİXİ
Görə bilərikmi başımız üstən

Qanlı bayraqlarla keçən tarixi.

Zamanın millətlər çarpışmasında

Qəribə tarixdir çeçen tarixi

Təzə Prometey əfsanəsidir.

Cihaddır, yəni ki, tarana getmək,

Qanla suvardığın torpaqda bitmək.

Ya olmaq, ya da ki, ölmək tarixi,

Bu Şamil tarixi, Babək tarixi.
Nə zər davasıdır, nə mal davası,

Bu millət davası, amal davası.

Bədheybət bir divin çənəsi altda

Çarpışıb didişən qartal davası.


Bu risk döyüşüdür, girov döyüşü,

Azmana atılan tilov döyüşü,

Köpək balığının uduluğunda

Tıxaca çevrilən bir ov döyüşü.


İndi hansı səmtə çəksək də belə,

Hansı siyasətə çəksək də belə

Soyuq qanımızda soyumaz bu qan

Vulkanlar püskürən şəhid qanından…


Qəribə tarixdir, qəribə tarix

Sığmaz saldığımız qəlibə tarix.

Tarix qaydasında çapıq yeridir,

Azman qılıncında sınıq yeridir,

Hökmran üzündə yanıq yeridir.

Ən uzaq, ən uzaq gələcəklərə,

Biz görə öilməyən görəcəklərə

gedib çıxacaq…

dünya tarixinin varaqlarında

həmişə o şəhid qanı axacaq,

ordan boylanacaq, çeçen baxacaq.

Mart-Aprel, 1996
O ÜMİDLƏRƏ Kİ, MƏN İNANIRDIM
O ümüdlərə ki, inamlara ki,

O adamlara ki, mən inanırdım,

Allah, o sevgidə necə yanırdım,

Deyirdim görəsən bu həvəs nədir.

O məhəbbətə ki, mən inanırdım,

Onun da dalınca getmək əbəsdir.

Bəs nəyin dalınca gedim görəsən,

Mən kimin dalınca gedim görəsən.

Bəlkə ağacların dalınca gedim,

Bəs hansı meşədə bitim görəsən?

Mən o dərs aldığım dəftər-kitaba,

O ölçü-biçiyə, o haqq-hesaba.

Yurdun adamına, kənd-kəsəyinə,

Necə inanırdım dost ürəyinə

Döndülər mənimçin yol qoymadılar.

Bir xeyir işimə qol qoymadı çar

Mən kimin dalınca gedim görəsən.

Bəlkə arıların, qarışqaların,-

Mən ki, doğmalarda o üzü gördüm

Bəlkə başqaların yanınca gedim.


Nəfs elə güclüdür qayanı çəkir,

Tamah birnəfəsə dəryanı çəkir.

Bu qədər havanı udmaq olarmı

Udub udqunanlar hava qoymadı,

Nahaq yandıqlarım, inandıqlarım

Arada etibar, vəfa qoymadı.

Bəs kimin dalınca gedim görəsən.

Allah qarşısında düşüncə dayaz,

Heç kəsə tərəzi imanı yoxdu.

Zirvədə olanlar əldən yapışmaz,

Dərədə qalanın amanı yoxdur

Mən kimin dalınca gedim görəsən.


Namərd körpüsündən keçmə deyiblər,

Bu qədər körpünü keçəndən sonra

Mimnnətli şərbəti içəndən sonra

Yolları-izləri əyəndən sonra

Başım daşdan-daşa dəyəndən sonra,

Mən kimin dalınca gedim görəsən.

Daha o ümidi güdə bilmərəm

Nə gedim qırılmış inam dalınca.

Gedim yarpaqların, qızıl arxların,

Gedim taleyimi yazan dalınca.


O ümidlərə ki, inamlara ki,

O adamlara ki, mən inanırdım,

Döndülər mənimçin yol qoymadılar

Bir xeyr işimə qol qoymadılar.

Mən kimin dalınca gedim görəsən.

Mən nəyin dalınca gedim görəsən.



Avqust, 1996
İLAHİ, MƏN HARA GƏLİB ÇIXMIŞAM
Təzə sözün varmı bu günə, dedin-

dedim, var, ancaq

Dünənki fikrimi tərsinə yozsam,

Dünənki şerimi tərsinə yazsam.

Bu günün təptəzə şeri olacaq.

Köhnə yazdığına təzə boyaq vur,

Dünən yıxdığına bu gün dayaq dur.

Yəni ki, çevrilib lap başlayaq dur -

Olsun təzə işin, təzə vərdişin,

Hava balonunda ol bir sərnişin.

Sonra yavaş-yavaş özünü fırlat,

Deyəsən, özümü-özüm yıxmışam

Fırlana-fırlana bu fırlancıqda

İlahi, mən hara gəlib çıxmışam?!


Bəxtiyar deyir ki, dünya fırlanır,

Tək dünya fırlanmır, insan fırlanır

İnsanın içində vicdan fırlanır,

Yəni inam dönür, iman fırlanır.

Lap elə, lap Adəm atadan bəri

Elə fırladırsan yenə fırlanır.

Birdən sifət dönür, çənə fırlanır

Fırlana, fırlana bu fırlancıqda

İlahi, mən hara gəlib çıxmışam?!
İnsanın neçə min üzü olarmış?

Köhnənin nə qədər sözü olarmış?

Pay, rüşvət bir "şapka" qiyafəsində

Yaxşının nə qədər pisi olarmış?

Pambığın nə qədər bezi olarmış?
Sözü döngələdib döngəyə çıxmaq,

Döngədən bir təzə bölgəyə çıxmaq,

Ölkəyə təzə ad verməyə nə var,

Təzə qiyafəyə girməyə nə var.

Bəlkə də köhnəmi özüm yıxmışam,

Fırlana, fırlana bu fırlancaqda

İlahi, mən hara gəlib çıxmışam?!
Mənafə oyunu belə gedirsə,

Nə ölçü qoyasan yaxşıya, pisə.

Azmanın mənafe silləsi üstə

Siyasət fırlanır kəlləsi üstə

Onun mənafeyi ovunu əzmək,

Bunun mənafeyi əzəni kəsmək

Hərə bir mənafe hərisi kimi,

Basıb sahilini çıxır ölçüdən

Xəzər də mənafe dənizi kimi,

Belə mənafelər xeyri öldürüb

Belə mənafelər mehri öldürüb

Belə mənafelər şeri öldürüb.

İlahi, mən hara gəlib çıxmışam?!
Bəlkə üstələdi dünyanı müdam,

Şeytan mənafeyi, cin mənafeyi

İnsan mənafeyi demir bir adam

Güdülür gəlirdə cib mənafeyi.

Burda ölçü-biçi, burda nə ad-san

Ürəkdə mənafe bir hikkə kimi

Nəfsin ayağını açıb buraxsan

Zəmini yeyəcək çəyirtkə kimi

Aman çəyirtkələr yedilər məni.

Tamahı yekələr yedilər məni,

İlahi, mən hara gəlib çıxmışam?!
Tanıya bilmədim öz yaddaşımı

Bu vətən itkisi, el yasıdımı?

Ömür bu zamanın səhrasıdımı?..

Bəlkə də özümü-özüm yıxmışam

Fırlana, fırlana bu fırlancıqda

İlahi, mən hara gəlib çıxmışam?!


Eh, yaylaq diliylə, bulaq diliylə,

Bənövşə diliylə, meşə diliylə,

Çiçəyi qotazlı yamac diliylə,

Daha nə danışım ağac diliylə.

Heç insan dilini başa düşən yox,

Gəlib zərifliklə bir görüşən yox.

Bir könül səsinə qulaq asan yox.

Haqqın yazdığına möhür basan yox.

İlahi, mən hara gəlib çıxmışam?!
Bu müsəlmançılar, bu kafirçilər,

Bu siyasətçilər, mənafeçilər…

Hərə öz mənafe silləsi üstə

Fırladır aləmi kəlləsi üstə.

Sifət fırlananda başım fırlanır.

Torpağım fırlanır, daşım fırlanır -

Deyəsən özümü özüm yıxmışam,

Fırlana, fırlana bu fırlancıqda

İlahi, mən hara gəlib çıxmışam?!

Sentyabr, 1996

BURAX MƏNİ, ÇIXIM GEDİM AZADLIĞA
Həm o gündə, həm bu gündə,

Xəqaninin ayağında

Ey dəyirman daşı kimi

ağır kündə.

Tanış divan, doğma zindan,

Milli kəndir, qızıl zəncir,

Axsitanım, hökmüranım,

Bu qandaldan burax məni,

Çıxım gedim azadlığa.

Gedim çıxım Babadağa,

Gedim quzu otarmağa,

Mən əkinə, mən biçinə,

Çıxım gedim el içinə.
Şerin düşüb dildən-dilə,

Şah Xətai, şair babam,

Sənlə sözüm tutsa belə,

Nə zəhimli qılıncın var.

Bu qılıncdan,

təxtü-tacdan

Bu şöhrətdən,

Belə dini siyasətdən

burax məni,

Çıxım gedim azadlığa.


Sən şah oğlu Şah Abbasım,

Qal ağıllı vəzirinlə,

Neçə-neçə əsirinlə;

Qəfil bir şah qəzəbiylə

qopulacaq

Ağır saray qəzasından,

Birdən-birə fürsət tapan

Vəzir-vəkil qisasından

burax məni,

çıxım gedim azadlığa.


Hə, mən də dərd, ələməm də,

Nəsimiyə şahid olan Hələbəm də

Bir dəlisov şahzadəyəm,

Qəribəm də Kərəməm də;

Mən də Məlikməmmədəm də.

Sən ey xain, sən ey paxıl

qan qardaşım,

Bu quyudan burax məni,

Ey xəbərçi quş cələsi,

elçi daşım,

bu oyundan burax məni,

çıxım gedim azadlığa.


Quş quşlayan, ov ovlayan,

Öz mülkündə hökümlü xan ,

Fətəli xan, İbrahim xan,

Ağası xan,

Çəkişmədən, didişmədən

"Mənəm", "mənəm" mərəzindən,

Bir-birini yox eyləmək

həvəsindən -

Yəni ölüm qərəzindən

burax məni,

Çıxım gedim azadlığa.

Vurub keçdim bu sədləri,

bu hədləri.

Sən də, sən də,

Qubernator həzrətləri,

O yanğının ağrısından,

acısından,

Öz bəyimin qamçısından,

Öz ağama

Sən verdiyin ixtiyardan,

Kəndxudamız

Gəl bu qanmaz Xudayardan

burax məni,

çıxım gedim azadlığa.


Sənindirmi bu göy Xəzər,

Xəzər boyu vətəgələr.

Salam olsun,

Səxalı, möhtərəm Hacı,

Bir balığa

Hacının nə ehtiyacı?

Gəl məni bu tordan burax.

Mən Hadinin

İtkin düşən məzarıyam.

Al cismimi gordan burax,

Gəl bu boyda səxavətdən,

bu minnətdən

burax məni,

Çıxım gedim azadlığa -

Mən Sabirin mirasıyam,

Gedim sabun bişirməyə.


Təpədırnaq əsəb kişi,

Sən də, ay Mirqəzəb kişi,

Ey bolşevik, ey kommunist,

Köhnə kişi, təzə kişi.

Köhnələndin, təzələndin

Oynun olsun, məzə kişi.

O köhnədən, bu məzədən

burax məni,

Köhnə divan, təzə zindan.

Milli kəndir, hiylə zəncir

Doğma qandal,

Sən ey xain qan qardaşım.

Ey xəbərçi quş cələsi

elçi daşım,

burax məni,

Çıxım gedim azadlığa.

Yanvar, 1997
DARIXIR
Tanrım, nə olsun ki, üzü haqqayam,

Kəsilir ağacım, doğranır qayam.

Bütövüm çapılıb iki şaqqayam,

Yarım sızıldayır, yarım darıxır,

Namusum, qeyrətim, arım darıxır.
Dəvə kin saxlayar, bağışlamaz fil.

Tutub məngələlər saxlayar qəfil.

Bu qədər sıxmazlar adamı qəfil!

Sümüyüm göynəyir, qolum darıxır

Halbahal oluram, halım darıxır.
Qanadlarım neçin uçarı olmaz,

Həmişə biri şil, birisi pərvaz.

Mən asfalt altında torpağam bu yaz,

Toxumum darıxır, yuxum darıxır,

Asfaltı deşəcək oxum darıxır.
Bəlkə də kül olub yanar min ocaq.

Bir palıd düyünü kömür olunca;

Rəhm et bu basmada mən qarağaca,

Ocağım közərmir, külüm darıxır,

Ardımca tövşəyən ölüm darıxır.
Bu həşəm baxçada külü sovrulan,

Sacda çətənəyəm - dəni qovrulan.

Daş altında otam - beli qıvrılan,

Yaşılım darıxır, yaşım darıxır,

Qəfəsdə çırpınır - quşum darıxır.
Gərək bu hökümə də boynumu əyəm,

Mənim dar ağacım göyərir bəyəm?!

Çarmıxa çəkilmiş asma körpüyəm

Yüküm əyiləndə belim darıxır,

Asmadan asılmış əlim darıxır.
Keçin o meşədən, dağdan, dərədən,

Mənə ğur təsəlli gətirin hərdən.

Əlim boş, ovumdur keçir bərədən,

Kimsənəm darıxır, kəsim darıxır,

İçimdə bir qərib səsim darıxır.

Aprel, 1997
BİR İLİN BƏNÖVŞƏ ANI
Bir zərif meh idin, qəfləti əsdin,

Mənmi gecikmişəm, sənmi tələsdin -

Görüşə bilmədik bu il, bənövşəm.

Ölüm ayağında bala ananın

Sonuncu sözünə çatmayan kimi,

Quzey dan üzünə çatmayan kimi,

Mən də gəlib sənə çata bilmədim.

Qövsi-qüzey oldun, bir əlçim bulud

Əl atdım uzaqdan tuta bilmədim…
Balaların yoxdu, uçurum baxım,

Dəstələrin yoxdu, qaçırım baxım.

Köhnə xəzəl üstə ləçəyin həşəm,

Görüşə bilmədik bu il, bənövşəm.


Elə bil bir illik təvazöm gedib,

Çəkilib şerimdən bənövşə ətri,

Dilimdən ən zərif xoş sözüm gedib.

Könlümdən bir topa bənövşə düşdü,

Titrədi, üşüdü, göynədi yeri.

Heç zaman ömrümə qayıtmayacaq

Bir daha bu yazın bənövşələri.
Gərək o məclisdə dayanmayaydım…

Biri də yaxamdan yapışdı qəfil,

Gərək o dəhlizdə dayanmayaydım -

O boş söhbətlərə,

bəd qeybətlərə

Gərək ki, gələydim qulaq asmadan;

O yolu azmışın yolundan çıxıb

Sənə üz tutaydım yolu azmadan.

Hələ sonuncu qar əriyir təzə,

Pöhrələr təzəcə tumurcuqlayır,

Çiçəklər təzəcə çıxıblar üzə;

Səninsə xəzəldə ləçəyin həşəm,

Görüşə bilmədik bu il, bənövşəm.
Təkcə od, təkcə su, torpaqla deyil,

Deməli vaxtladır dünyada hər şey.

Zəmidəki lalə, qədəhdəki mey,

Demək vaxtla əsir adicə bir meh.

Deməli vaxtladır ləçəkdəki şeh.

Gərək mən o vaxtı ötürməyəydim,

Bir bənövşə ömrü itirməyəydim.

Vaxta etibarım yoxdu bu yolda,

Oturub qalmışam bu daş stolda,

Bəlkə sən tələsib, mən gecikmişəm,

Görüşə bilmədik bu il, bənövşəm…

Aprel-May, 1997
HARA GEDİR
Bu məngənə kiminkidir

Bu sıxhasıx hara gedir?

Rəyasətlər kürsüsünə

Bu çıxhaçıx hara gedir?

Şah dövründən, xan dövründən,

Bu yıxhayıx hara gedir?

Sahibkarlar yarışında

Bu yığhayığ hara gedir?

Gödənçilər basıb yeyir,

Bu tıxhatıx hara gedir?

Gələn nəsil borc içində

Bir az qalıq hara gedir;

Balinalar dəryasını bölüb durub

Çayda balıq hara gedir?

Yerin üstü hasar-hasar,

Yerin altı buruq-buruq

hara gedir?

Pay içində payı yoxsa

Çoban-çuluq hara gedir?

Aman millət, aman millət,

Tülküsü bic, qurdu qanıq

hara gedir?

Ah, şairlər, vay şairlər,

Dili kəsik, bağrı yanıq

hara gedir?

İyul, 1997
XALQIM
Məhəbbətə yer olanda,

Qüdrətlidir bir olanda

Bu imanlı, dinli xalqım.
Düşüb yadlar hiyləsinə

Yad qardaşlar gülləsinə

Ay sinəsi enli, xalqım.
Toxuduğu bütöv xalça,

Öz içində parça-parça,

Həm şiəli, sünni xalqım.
Xəşil kimi daşar birdən,

Sonra qalxa bilməz yerdən

Tez soyuyur cinli xalqım.
Qurtarmaz öz davasından

"Mənəm", "mənəm" havasından

Böyükləri kinli xalqım.
Sabir demiş az yaşından,

Xərac alar yardaşından

Badalağı milli xalqım.
Öz-özynə badalağı,

Qalxdı düşmən tozanağı

Qaldı gözü küllü xalqım.
İnsanlığın söz qaynağı,

Kövrələndə gül yarpağı

Havada üç telli xalqım.
Qurd olmadı bu qurd olan,

Öz şahına manqurt olan,

Dikəl, əyribelli xalqım.
Ömür tab et, zaman sına…

Nə vaxt düşər məcrasına,

Bu milyonlu, minli xalqım.

İyul, 1997
DƏMİRÇİXANADA MARŞ

Dəmiri özündən,

Kömürü özündən…

El məsəli
Kömür bizdə, dəmir bizdə,

Hökm bizdə, əmr bizdə.

Öz əlimiz, öz başımız

Özümüzük özümüzdə,

Dözüm bizdə, səbir bizdə…

Meşəmizdə palıd nədir,

Kəsin, yığın kömür edin.

Kürəmizdə polad nədir,

Suyun alın dəmir edin,

Əyin, yayın xəmir edin.


Ərintidə əyintilər olmalıdır

olur-olsun.

Sızıltılar,

Dəyintilər olmalıdır,

olur-olsun.

Axmaq qardaş, körüyü bas,

Qorxaq qardaş körüyü bas.

Yaltaq qardaş, körüyü bas.

Kürə alış,

Məngənə sıx, maşa yapış,

Quş yuvadan, ov bərədən,

çıxmalıdır,

Hamı, hamı bu qəlibdən,

Bu kürədən çıxmalıdır.

Əmirçilər nə deyirsə,

Dəmirçilər baxmalıdır.

Aşkarda döy, gizlində göy,

Əyilmirsə gürz ilə döy,

Qılınc döyün, qılınc döyün,

Özümüzü qırmaq üçün,

Hə, çəkic də gərəklidir

Dik başlara vurmaq üçün.

Qazan nədi, kotan nədi,

Oraq nədi, çıraq nədi,

Zəncir, zəncir, zəncir döyün,

Hirsimizi bağlamağa,

Damğa-damğa hazırlayın,

Nişan üçün

Yanımızı dağlamağa.

Seyf-seyf quraşdırın,

Öz ağamız, öz pulunu

Saxlamağa,

Kürə alış,

Məngənə sıx, maşa yapış,

Döy, bir-iki medal da döy…

Hə, bax belə

Öyrəşirsiz gələ-gələ…

Təltifçilər

Dayansınlar

Tərifçilər dayansınlar.

Bu tülküdü, burax getsin,

Bu çaqqaldı burax getsin,

Dovşan getsin, ulaq getsin.

hə, bax belə…

Öyrənirsiniz gələ-gələ.

Tələ döyün, tələ-tələ,

Qurd tələsi, şir tələsi.

Belə-belə vəhşilərin

Qoy qalmasın bir dənəsi.

Deyilməyə söz qalmasın,

Bir nəfərin

Onurğası düz qalmasın.

Əyilməyi bacarsınlar,

Söz yeməyi, duz yeməyi

bacarsınlar.

Ölkədə zor rəvan olsun,

Hökm olsun, divan olsun.

Qıfıl, qıfıl, qıfıl döyün,

Dəmir qapı zindan üçün,

Qənarə də lazım olar,

Millət üçün, insan üçün.

Axmaq qardaş, körüyü bas,

Qorxaq qardaş, körüyü bas,

Yaltaq qardaş, körüyü bas,

Kürə alış,

Məngənə sıx, maşa yapış.

Təltifçilər xoşlasınlar,

Tərtibçilər başlasınlar,

Alqış! Alqış! Alqış! Alqış!

İyun-iyul, 1997


APARIR MƏNİ
Nə bilim əvvəllər belə deyildim;

Uyuşa bilmirəm bu seyrangaha.

Ağaca, yamaca, qayaya, dağa.

Uyuşa bilmirəm daha.

Təbiətin qədri bilinməyəndə,

Könlümdən bu dərdlər silinməyəndə.

Alıb insan dərdi aparır məni,

Şərin yaman dərdi aparır məni;

Havaya çıxıram, yellər aparır,

Torpağa düşürəm, sellər aparır,

Alıb insan dərdi aparır məni.

Allah, ruzi dolu bu zəmiyə bax,

Elə bil qarşımda məbədgah durur.

Uyuşa bilmirəm bu zəmiyə də,

Hər sünbül üstündə bir tamah durur.

Alıb tamah dərdi aparır məni,

İnsanın öz nəfsi üstə vurnuxan

Min bir günah dərdi aparır məni.

Tamahla, ha vuruş, əlləş, aparır,

Elə bil gülənlər güləş aparır,

Alıb insan dərdi aparır məni.,
İsnişə bilmirəm bala, pətəyə,

Daha yoxdu meylim çəmən-çiçəyə.

Durub bal sözümü, çiçək sözümü,

Bənövşə sözümü, kövrək sözümü,

Ürəklər nazilib eşitməyəndə

Alıb nadan dərdi aparır məni.

Qayada qalıram soyuq aparır,

Dəryada qalıram qayıq aparır –

Alıb insan dərdi aparır məni.,

İsnişə bilmirəm qələm-kağıza,

Özüm də bilmirəm könlüm nə yaza,

Daha hansı sözüm yerinə düşər?

Min ildir əlləşir, tər tökür qələm,

Bu qayda, bu qanun, bu söz, bu kəlam -

Elə bil heç nəyi eşitmir bəşər.

Şeirlə deyirsən, şeiri eşitmir,

Mehrlə deyirsən, mehri eşitmir.

Elə bil bir adam xeyri eşitmir

Şairi, aqili almır vecinə –

Qaçıram dünyanın birbaş küncünə,

Qalıram arada lap huş aparır,

Qaçsam xarabada bayquş aparır -

Alıb insan dərdi aparır məni;

Aparır, aparır qayıtmaq olmur.



Sentyabr, 1997
MƏN GƏRƏK
Qalmayıb dünyanın yaxşı, pisiylə,

Gərək o baharla çıxıb gedəydim.

Mən gərək Fərmanla, İsa, İsiylə.

Aydınla, Eldarla çıxıb gedəydim.


Gedəydim çıxaydım başqa dünyaya,

Mən belə üzlərlə üzləşməyəydim.

Sözümü qoşaydım başqa mənaya

Bu sözbazar ilə sözləşməyəydim.


Mərdi qova-qova namərd edirlər,

Namərd qarşısından qovulmamışdan,

Zülümkar sacında qovrulmamışdan

Lap mərdi-mərdanə gedəydim gərək,

Bədənim düşəydi ruhumdan qabaq.

Özgə bir məkanda bitəydim gərək.


Lap ömrün ilkinə enib gedəydim,

Yox, daha Qırata çatmaq olmadı.

Mən gərək Düratı minib gedəydim.

Günaha batmamış əl aparaydım,

Yalana yatmamış dil aparaydım

Zora əyilməmiş bel aparaydım.


Kimdir ölümlərə icazə verən

Gərək o ölümə boyun əyəydim.

Bu boyda torpağı güdaza verən

O satqınlar ilə üzləşməyəydim.


Qalmayıb dünyanın yaxşı, pisiylə.

Gərək o baharla çıxıb gedəydim

Mən gərək Fərmanla, İsa, İsiylə,

Aydınla, Eldarla çıxıb gedəydim.



Noyabr, 1997
HƏLƏ Kİ…
Elə, hələ deyib hələ dözürük,

Hələ ki, hələnin hələsiyəm mən

Nə sərhəd tanımaz aşiq Kərəməm,

Nə də xan oğlunun Lələsiyəm mən.


Nahaqlar önündə neçin kiridim,

Qal bu xəcalətdə, ağzı kilidim.

Guya bu dünyada neyləyə bildim,

Deyim ki, təzədən gələsiyəm mən.


Bekar əl neçin də sözümə baxsın,

Əlimin üzü yox üzümə baxsın.

O hansı ümiddir bizi çağırsın

Durub arxasınca tələsiyəm mən.


Dayan, durum gedim bazarımgilə,

Dünya bolluğuna ərkim bir gilə.

Qalmışam özümə lap gülə-gülə,

Elə gülə-gülə öləsiyəm mən.


Kimlərə borcum var, dolub siyahı,

Vura bilmədiyim hədəf günahı -

Kəsib barmağımı verib silahı.

Bir namərd hakimin köləsiyəm mən.



Noyabr, 1997
GÖYƏRİR
Gəlib bu cığırdan payız keçibdi

Nə əcəb payızın izi göyərir.

Bir çürük almanın toxumu ruhdur,

Bədəni əriyir, özü göyərir.


Bu qızıl atəşdə bədənim yanar

Daha bu payıza çətin dayanar

Bilmirəm, hardasa ruhum oyanar,

Deyərəm könlümün gözü göyərir.


Kovğuş ağacların payız kəpəyi,

Bunun şalı gedib, onun örpəyi.

Bir gül budağında solur ipəyi,

Bir pambıq kolunda bezi göyərir.


Qürub naxışında durnalar yatar,

Durnanın ahılı qatarı dartar.

Mən ölsəm bir ovuc torpağım artar,

Koroğlu öləndə Həzi göyərir.



Noyabr, 1997

* * *
Alqış gedir, yağış gedir,

Min cürə aldanış gedir.

Cıdır düzü - yarış gedir,

Hara gedim mən, Allahım.
Atım taytıya-taytıya,

Yaman qaldım bu meydanda -

Bağrım partlaya-partlaya

Sinəm göynəyə-göynəyə.


Öz daşımla başım əzik,

Öz dişimlə dilim kəsik.

Bu nə mənəm?.. Bu nə bizik?..

Yük altında ölür dəvəm

Dizin qatlaya-qatlaya.

Yaman qaldım bu karvandan

Bağrım çatlaya-çatlaya,

Sinəm göynəyə-göynəyə.


Bir aralıq səngimədi,

Dərdim gəldi, ləngimədi.

Baxım görüm rəngi nədi -

Siz allah, o haqqı çəkib

Atın ortaya-ortaya.
Ürəyimdə bir sözüm var

Yanır partlaya-partlaya.

Qalmışam nifrət dişimi

Elə xartlaya-xartlaya.

Guya mən də yol gedirəm.

Atım taytıya-taytıya

Ölüm məndən qabaqdadır

Çatım taytıya-taytıya.



Mart, 1998
1   ...   5   6   7   8   9   10   11   12   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə