Musa yaqub payiza baxiram şeirlər (seçmələr) Bakı “Araz”-2010




Yüklə 2.55 Mb.
səhifə8/18
tarix23.02.2016
ölçüsü2.55 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   18

Əlimdən düşdü muncuğum,

Dostlarım getdi gəlmədi.
Kölgədə ağlar bir üzüm…

Sapındaydı düzüm-düzüm,

Sapı qırıldı, qırıldı –

Əlimdən düşdü muncuğum,

Dostlarım getdi gəlmədi.
Bu da ömür, gün yoluydu,

Əvvəl ovcum dopdoluydu –

Dönə-dönə, birər-birər

Əlimdən düşdü muncuğum,

Dostlarım getdi gəlmədi.
Düzmədim sapa bilmədim,

İtdi daşlar arasında,

İtdi otlar arasında

Axtardım tapa bilmədim –

Əlimdən düşdü muncuğum,

Dostlarım getdi gəlmədi.
Payız salxımı əriyər,

Sonuncu muncuğa kimi,

Bu nə ömürdü, qardaşım,

Torpaqdan ovcuma kimi -

Atacığım, anacığım,

Əlimdən düşdü muncuğum,

Töküldü, itdi gəlmədi,

Dostlarım getdi gəlmədi.

Sentyabr, 1995
O HANSI MAHNIYDI…
Taleyin açdığı qapılar ilə,

O ki, uğurların girib-çıxırdı,

Arxın durulurdu, suyun axırdı,

Onda ki, o arxdan şəklin baxırdı;

İlk yazda torpağın qımıldananda

Bənövşə diliylə,

Meşə diliylə

O hansı mahnıydı sən oxuyurdun,

ay qoca vələs?!

Nə sözü, nə notu qalıb yadımda

O başqa səs idi, o başqa nəfəs,

O hansı mahnıydı sən oxuyurdun,

y qoca vələs?!

O ki, yarpağına gül ələnirdi,

Üstünə ulduzlar səpələnirdi,

Cavan budağının şip-şumal vaxtı,

Qürubun o qızıl, o xəyal vaxtı,

Bir axşam mehiylə havalananda,

O narın, o həzin yağış diliylə,

Haça budaqların yuvalananda,

O yuva diliylə, o quş diliylə,

O hansı mahnıydı sən oxuyurdun,

ay qoca vələs?!

Hərdən gümüşlənib dumanda-çəndə,

Başının üstündən durna keçəndə,

O ki, oxuyurdun xəzəl səsiylə,

Bir sarı köynəkli gözəl səsiylə,

O hansı mahnıydı, o hansı kədər…

Yanğısı qurumuş budağa qədər, –

O hansı mahnıydı sən oxuyurdun,

ay qoca vələs?!

Gəl indi qurumuş budaqlar ilə,

Canından yonulmuş bu yonqar ilə,

Elə belindəki bu donqar ilə,

Sən Allah, bir ağız - bir yarpaq oxu,

Sən Allah, o səslə bir budaq oxu

Nə bilim bəlkə də yadıma düşər, –

O hansı mahnıydı mahnıma oxşar,

O hansı dərd idi, dərdimə əvəz,

O hansı mahnıydı sən oxuyurdun,

ay qoca vələs?!

1994
PAYIZ DURNAM
Payız durnam uçub getdin,

Bir də dönüb gələrsənmi?

Sən dönəndə mən olmasam,

Ruhum ilə gülərsənmi?


Ey bizlərdən təmiz vücud,

Könlümü ardınca uçurt.

Yerin xəzəl, göyün bulud -

Mənzil-mənzil bölərsənmi?


Ey hər göldən şəkər dadan,

Buluda baş qoyub yatan.

Mən qanadsız piyadadan

Durub dilək dilərsənmi?


Nə bir mənzil vurduq başa,

Nə gün gördük gəlsin xoşa

Heç qoşalar uçmur qoşa,

Tənha uçan tək sənsənmi?


O istəyir dönə məndən,

Gedib ki, gizlənə məndən.

O adı gizlinə məndən.

Bir çınqı söz söylərsənmi?


Azalıb mehri dünyanın

Çəmi yox qeyri dünyanın.

Yolları əyri dünyanın

Keçidlərin bilərsənmi?



Oktyabr, 1994
***

Aman, Allahım, Allahım,

(Qaqavuz folklorundan)
Aman, Allahım, Allahım,

Yaratsana məni bir quş –

Ürəyim uçmaq istəyir;

Göy dolaşıb doğmaların

Ruhunu qucmaq istəyir.
Aman, Allahım, Allahım,

Yaratsana məni bir gül -

Bir bülbülün qabağında

Könlüm nazlanmaq istəyir;

Bir məhəbbət atəşində

Təzədən yanmaq istəyir.


Aman, Allahım, Allahım,

Yaratsana məni bir daş -

Bir qayada çeşmələnib

Könlüm ağlamaq istəyir;

Bir çaylağa qol uzadıb

Ömür bağlamaq istəyir.


Aman, Allahım, Allahım,

Sən məni bir nanə yarat,

Könlüm bir xoş mehə uyub,

Titrəyib əsmək istəyir;

Bəsdir daha səbr etdiyi,

Səbrini kəsmək istəyir.


Aman, Allahım, Allahım,

Bir kəpənək yarat məni -

Çəmən boyu keyfə baxıb

Ruhum sevilmək istəyir;

İzim qaymaq çiçəyində

Zər simə dönmək istəyir.


Aman, Allahım, Allahım,

Sən bir durna yarat məni -

Uçan könlüm yorğun düşüb

Gölünə qonmaq istəyir;

Sevdasına başın qoyub

Bir az ovunmaq istəyir.

Rüsvayi-eşq günahında

Daşqalaq olmaq istəyir.



İyul-avqust, 1993
AMAN, PAYIZ
Aman, payız, o yandan keç,

Mən o məqamda deyiləm,

Təbdə, ilhamda deyiləm,

Bir kəpənək həvəsində

Bu çəmənin yaşılıyla

Məzələnmək istəyirdim.

Bir gecikmiş çiçək ilə

Təzələnmək istəyirdim.

Demə dərdi sərim yoxdu,

Kədər üçün

Ürəyimdə yerim yoxdu.

Bu payızla danışmağa,

Çox düşünüb daşınmağa

İndi məndə yoxdu həvəs.

Aman, payız, o yandan keç

Yarpağınla o yanda sol,

Küləyinlə o yanda əs,

Bu dəfə yox, bu dəfə yox,

Bu dəfə dindirmə məni.

Ürəyimin sınığına,

Dərdinə endirmə məni,

Dərinə endirmə məni.

Könül duyub, göz baxsa da

Eh, beləyik biz yoxsa da -

Qəbristana baxıb keçib

Sonra deyib gülən kimi,

Bir yalqızın göz yaşını

Özgəninki bilən kimi.

Guya dözüm, sınaq kimi

Bir nakamın ölümünə

Bircə an vaysımaq kimi

Biganəcə bir haldayam;

Başım soyuq, könlüm qırov.

Aman payız o yandan keç

Quşlarını o yanda qov,

Yuvaları o yanda sök,

Göz yaşını o yanda tök.

Əlim çinar yarpağıdı,

Əllərim solmaq istəmir.

Bir sərsəri ağ buludam

Gözlərim dolmaq istəmir.

O yana döndər üzünü -

Heyifdi qızıl bədənin,

Qoy qiymətdən düşməyəsən,

Zər əndamdan düşməyəsən.

Bu dünyanı bilib, duyub

Adamı insan eləyən

O məqamdan düşməyəsən.

Bu dəfə yox, bu dəfə yox.

Bu dəfə dindirmə məni.

Ürəyimin sınağına,

Dərdinə endirmə məni.

Aman, payız, o yandan keç,

Yarpağınla o yanda sol,

Küləyinlə o yanda əs,

Qızıl donu o yanda biç,

Yaşıl teli o yanda kəs.

Sentyabr, 1994
BMT
Bu qədər sənədi, imzası olan,

Hökmü, ədaləti, rizası olan,

Bu qədər yığnağı, iclası olan

Cəza verdirənə cəzası olan,

Bu qədər bayraqlı, haqlı BMT

Bircə haqq bayrağı qaldıra bilmir;

Yaraqlı BMT, tanklı BMT

Quzunu qurdundan aldıra bilmir.

Qırmızı yalanlar deyilir aşkar,

Yenə qurd haqlıdır, quzu günahkar.

Mən ki, bu dövranı belə görürəm,

Mən ki, bu divanı belə görürəm,

Dünya gəl-getini belə görürəm,

Mən ki, BMT-ni belə görürəm -

Vallah BMT-lik deyil bu dünya,
Dünya qədər dərdli-sərli BMT,

Dilində çox sözü söz eyləməyən

Gözündə eynəyi tərli BMT

Cavandı, qocadı, gözü tor görür –

Özü söz danışır, işi zor görür –

Vallah BMT-lik deyil bu dünya.


Hələ ki, ədalət güc tərəfdədi,

Siyasət tərəfdə, bic tərəfdədi,

Zorbanın əlində, zorun əlində,

"Bığımın altından “keç” tərəfdədi –

Vallah BMT-lik deyil bu dünya.
Naxələf içində,

Xələf içində,

Çırpınır gör neçə tələb içində,

Şah olan, qul olan tərəf içində,

Barmağı dolaşıb kələf içində -

Ağız birinindir, qulaq birinin,

Əl birininkidir, barmaq birinin,

Göz birininkidir, dil birininki -

Əli düzələndə, beli düzəlmir,

Beli düzələndə, dili düzəlmir -

Bu pəltək BMT, natiq BMT,

Onu saxlayana sadiq BMT…

Vallah BMT-lik deyil bu dünya.
Güya hər çiçəkdən təzə bal yığır,

Atdığı xeyirxah addıma görə.

Hələ xal toplayır, hələ xal yığır,

Bir az humanitar yardıma görə.

Bəs yara vuranı kimdi saxlayan?-

Vuranı buraxıb yara bağlayan

Hələ humanitar,

Hələ sanitar,

Məsləhətxanada həkim BMT,

Özü istəyəndə hakim BMT.

Dünyanın başında güllə oynayır,

Azərbaycan yanır, Gürcüstan yanır,

BMT oturub küllə oynayır.

Bir ovuc erməni qudurğanları

Hiylə qılıncıyla tökür qanları.

Özgə torpağında, özgə evində

Kül oldu Bosniya müsəlmanları.

BMT baxmır;

Didərgin ananı, qocanı görmür,

Qovanı saxlamır, qaçanı görmür.

Biri can qurtarır zorun əlindən

Pişiyi dırmanıb çıxır qülləyə

Azman parlamenti basır gülləyə

BMT baxmır -

Köməyi belədi, kölgəsi belə,

Sərhəddi, bölgəsi, ölkəsi belə…

Eynəyi tərləyib gözü tor görür,

Özü söz danışır, işi zor görür -

Vallah BMT-lik deyil bu dünya.
Amma o göz ilə uzağı gördü,

Bəs necə oldu ki, İraqı gördü.

Guya ki, Küveytin məhvinə görə?-

Bəlkə öz xeyrinə, sərfinə görə?..

Tamahına görə, nəfsinə görə,

Qazancına görə, keyfinə görə -

Səhrada gör necə tufan eylədi,

İraqa yaxşıca divan eylədi

Yaraqlı BMT, tanklı BMT,

Özü istəyəndə haqlı BMT.


Dünya gəl-gedini belə görürəm,

Mən ki, BMT-ni belə görürəm

Qiyamət günündən qorxuram yaman…

Bəs nə vaxt gələcək o haqq, o divan?!

Qorxuram uduzum mən bu nisyədə;

Adəmi aldada bilibsə şeytan,

Girişəcək mizan-tərəziyə də.

İsrafil surunda gələcək cana,

Bəlkə göyərəcək özü-özündən.

Barmaq uzadacaq haqq divanına,

Şəri keçirəcək qıl körpüsündən.

Mən ki bu şeytanı belə görürəm,

Hiyləni, böhtanı belə görürəm,

Mən ki bu dövranı belə görürəm –

Vallah, BMT-lik deyil bu dünya…
BİZ HARA GEDİRİK
Yox, belə ağacda düz budaq olmaz,

Belə bağban olmaz, belə bağ olmaz,

Bu onun əkdiyi ağacı kəsir,

O bunun əkdiyi ağacı kəsir;

Hara getmək olar bu kəshakəslə,

Belə xəyanətlə, belə qərəzlə.


Bu onun qurulan taxtına inkar,

O bunun hakimlik vaxtına inkar -

Hara getmək olar bu inkar ilə,

Bu qədər dəyişkən iqtidar ilə.

Hara getmək olar bu çekçevirlə,

Bu mərə aldıyla, dövlətdevriylə.

Bu ona badalaq, o buna cələ

Qurub bu milləti saldıq əngələ;

Hara getmək olar bu yıxhayıxla,

Ağla öz halına, millətim, ağla!..


Kimdir millət bilib, xalqı axtaran,

Özündə axtarır haqqı axtaran,

Özündə, özündə ancaq özündə –

Özününkülərdir yalnız gözündə,

Bəs belə dəstəbaz özümdaş ilə,

Hara getmək olar bu yoldaş ilə.


Birinin başından tacı düşəndə,

Vəzirinin yeri acı düşəndə

Başçılar başını götürüb qaçır.

Biri daş-başını götürüb qaçır.

Biri daş-başını götürüb qaçır –

Hara getmək olar bu qaçhaqaçla

Bu qədər zəlillə, bu qədər acla.
A ərəb diniylə müsəlman olan;

A rusun əliylə hökmüran olan,

Sözü gah Türküstan, gah İran olan,

Yurdu xəyanətdə a viran olan,

Bu qədər tərəfsiz tərəfdaş ilə,

Gah bu "dost", gah da ki, o "qardaş" ilə,

Hara getmək olar bu çaş-baş ilə…
Özümüz başqa yol, başqa qurumda,

Guya ki, dənizlər salamlar bizi;

Okeanda üzürük, akvariumda

Amma ki, qırırıq bir-birimizi –

Hara getmək olar belə qurumla,

Bu körpə balıqlı akvariumla.


Azaddır, maşallah millət azaddır,

Xəyanət azaddır, rüşvət azaddır,

Ədalət yolunu kəsmək azaddır,

Başda durub başı əzmək azaddır –

Biz hara gedirik belə baş ilə,

Necə fəxr eyləsin üzük qaş ilə.


Günah bağışlayan ürəyimiz yox,

Səvab qazanmağa çörəyimiz yox,

Bu ələ baxanlar torpağa baxmaz,

Bir ölçü-biçimiz, ələyimiz yox.

Bu onun getdiyi yolu bəyənmir,

O bunun getdiyi yolu bəyənmir,

Hara getmək olar bu millət ilə,

Bu ölüm, bu zülüm, bu zillət ilə.

Hara getmək olar dəstə başıyla,

Hara getmək olar bu göz yaşıyla,

Hara getmək olar bu yıxhayıxla -

Qırıl bir tərəfdən, qır bir tərəfdən,

Sonra şəhidinə oturub ağla,

millətim ağla!...



1994
ÖZ GÜNAHIM
Mən bir çayın qırağında qalmışam,

Sel-su qopub müşkül olub keçməyim.

Mən bir dərə çalasında qalmışam,

Dolayında çətindi yol keçməyim.


Mən bir dərə çalasında qalmışam,

Tale verən gücə bənddi çıxmağım.

Bir qayanın qalasında qalmışam,

Bir dəhşətdir uçurumlara baxmağım.


Mən dəryalar dəryasında qalmışam,

Gəldiyim yol daha düşmür yadıma,

İnamsızlıq dünyasında qalmışam,

Bir uzanan əl çatarmı dadıma?..


Tanrım, mənə yol göstərdin keçmədim,

Tanrım, mənə zəmi verdin biçmədim,

Ağıl verdin şər əlindən qaçmadım

Tanrım, mənə qanad verdin uçmadım.


Mən göyləri aldatmışam, göy məni,

Öldür məni, ayılt məni, döy məni,

Mən günahlar girdabında qalmışam,

Cənnət dedin, səbr eləyib durmadım,

Hələ qiyamət gününə çatmamış

Mən cəhənnəm əzabında qalmışam;

Bəlkə də heç yaşamalı deyiləm,

Bir yaxşının hesabında qalmışam.



Sentyabr, 1993
BELƏ GÖRMƏMİŞDİM
Belə görməmişdim mən bu dünyanı,

Yolunda nə mayak, nə çıraq durub.

Belə görməmişdim mən bu dünyanı,

Suda əksi kimi baş-ayaq durub.


Belə görməmişdim dağı, yamacı,

Yolları görünmür dumandı belə.

Belə görməmişdim mən o ağacı,

Tənhadı, yanıqdı, üryandı belə.


Belə görməmişdim o xan çinarı,

Hər yarpaq dalınca ölümə gedir.

Belə görməmişdim mən insanları,

Elə bil işə yox, zülümə gedir.


Belə görməmişdim mən bu bazarı,

Mətahı görünmür insan ahından.

Belə ah içində, alov içində,

Kim xeyir görəcək öz mətahından?!


Belə görməmişdim bu adamları,

Niyə bir-birinə qənimdi belə?

Əkinçim, biçinçim, hanı el varı?

Bu, nə sünbülümdü, dənimdi belə?


Belə görməmişdim anbarımızı,

İçində yel vurub toz oynar-oynar.

Ehtiyac apardı anbarımızı,

Üzdə rəng qalmayıb, boz oynar-oynar.


Belə görməmişdim işlək əlləri,

Düşüb xəzəl kimi soyuyur bekar.

Belə görməmişdim bu gözəlləri,

Əlləri qoynunda uyuyur bekar.


Belə görməmişdim halal, haramı,

Bilirəm kim-kimin qırına düşüb.

Çiçəklər üstündə çibin fırramı,

Arılar hörümçək toruna düşüb.


Belə görməmişdim özümü, bala,

Yazıq pərvanələr tüstümə gəlir.

Azdırıb mən yola saldığım bəla

Təzədən qayıdıb üstümə gəlir.


Belə əyməmişdik yolun düzünü,

Bir təşviş görürəm dostlar üzündə.

Tapmadıq dünyanın avand üzünü,

Dolaşıb qalmışıq astar üzündə.



Oktyabr, 1994
ÖMÜR SEÇKİSİ
Quru sünbülündə dəni mürgülü,

Hələ ki görməyib ölçü, ülgünü.

Yerbəyer olacaq ağır-yüngülü –

Şanadı, ələkdi, xəlbirdi dünya,

Ordan "getbir", burdan "gəlbirdi" dünya.
Şadara çox xırda-xuruşa baxmaz,

Şadaradan çıxan xəlbirdən axmaz.

Xəlbirdən keçəni ələk buraxmaz,

Ağzıbir olanda tədbirdi dünya -

Onda bilərsən ki dilbirdi dünya.
Bu dən seçkisidir, bu tum seçkisi,

Dəyirman seçkisi, bu şum seçkisi.

Yaman ağır keçir toxum seçkisi –

Torpağa da hökm, əmrdi dünya,

Köhnə dəyirmanda təmirdi dünya.
Şanası işləsə kürək əvəzi.

Şadara xəlbirə kömək əvəzi.

Xəlbiri ələsə ələk əvəzi –

Çörəyi qapqara xəmirdi dünya,

Dingdi, dəyirmandı, dəmirdi dünya.
Min-min göz baxmada, min əl yığımda,

Min ildi təmizlik gedir toxumda.

Hələ dəlicəsi, sürməsi tumda –

Çünki alaqla da əlbirdi dünya

Öz say-hesabında bir-birdi dünya.
Xırman çıxarını bir də yelə ver,

Püfəsi sorulsun getsin külə ver.

Bir də daşdan çıxar, bir də ələ ver –

Çörəyinə kimi səbrdi dünya,

Ruzusu yolunda cəbrdi dünya.
Kəndiri keçməsə doğanaq döyür,

Dən xəlbir içində sağanaq döyür,

Şumunda təzədən tum ayaq döyür,

Elə hey fırlanan xəlbirdi dünya,

Köhnə dəyirmanda təmirdi dünya.

Sentyabr, 1995
DAD, EY DÜNYA!

Aktyor dostum Mikayıl Mirzə üçün


Çox ürəklər buza dönmüş,

ocağın da isitmir,

Beş yüz ildir haray salır,

məxluqatın eşitmir -

"Fələklər yandı ahimdən" -

dad çəkəni eşit bir,

Dad, ey dünya, dad, ey dünya,

dad, ey dad!

Sən bu şeytan qurğusunun

kəndirini dart bir az,

Acı bir az, şirin bir az,

doğma bir az, yad bir az…

İçirtdiyin bu acıdan

sən özün də dad bir az -

Dad, ey dünya, dad, ey dünya,

dad, ey dad!


Ömür ani, həyat fani

iç dəryanı - bir udum,

Sən kələfi açılmazdan nə açıb,

nə toxudun?!

Sözün bitdi, son mahnını

"dadey-dadey" oxudun

Dadey dünya, dadey dünya,

dad, ey dad!..



1995
YANĞI

Xalq şairi, müəllimim

Bəxtiyar Vahabzadə üçün
Sənin yanğın bu torpağın yanğısı,

Bu yanğıdan torpaq laləzar olur.

Qızıl-qızıl piyalələr alışır,

Od dənələr birləşəndə nar olur.


Ulu Günəş yanğıların nəhəngi,

Bulud yansa ildırımdır çələngi.

Daş kül olmaz, suda qaynar əhəngi,

Dağ yananda vulkanından car olur.


Sabahların dan yerinə yox əvəz,

Axşamların qürubu da odnəfəs.

El yolunda bu tövr ilə yanan kəs

Yana-yana dönüb Bəxtiyar olur.


Göyərçinin marığında sar durub,

"Hə" ilə "yox" arasında ar durub.

Necə olub saçlarına qar durub -

Od içində, Allah, necə qar olur?!



İsmayıllı - Buynuz - Şəki

16 avqust, 1995

* * *


Dünyanın salamat adamı azdı,

Dünyanın bir babat adamı azdı,

Babatın hələ bir adası da var;

İlan var, ilanın balası da var,

Dünyanın bir özgə bəlası da var.

Çoxunu, azını qazanmaq olur.

Çörəyə, əkinə-biçinə yol var,

İnsandır, bir təhər keçinə, yol var.


Dünyanın qarnıqurd adamlarıyla,

Gözü dar, qəlbi xılt adamlarıyla,

Yaşamaq çətindir, vallah, çətindi.
İllah doğmaların dönüklüyündə,

Harın kiçiklərin böyüklüyündə,

Xəyanət yükündə, minnət yükündə

Yaşamaq çətindir, vallah çətindir.

Sən kömək olmasan, Allah, çətindir.
Yamacı, ağacı, dağdağanıyla,

Durnası, qırğısı, sağsağanıyla,

Havanın, soyuğu, bürküləriylə:

Çölün ilanları, tülküləriylə

Necə var, yenə də dil tapmaq olur,

Enişdə, yoxuşda yol tapmaq olur.

Dünyanın bu ilan adamlarıyla

Bu tülkü, bu alan adamlarıyla

Yaşamaq çətindir, vallah çətindir.
Əl- əldən yapışmır, göz-gözə baxmır

Qırmızı sifətlər üz-üzə baxmır.

Dünyanın bu çaş-baş adamlarıyla,

Qapının keşikçi yekəbaşıyla,

Sarayın qaravaş adamlarıyla,

Yaşamaq çətindir, vallah, çətindir,

Sən kömək olmasan, Allah, çətindir.

Noyabr, 1993
ÖYRƏŞDİ
Bu köç niyə köç eyləməz,

Köç təzə yurda öyrəşdi.

Yurd itirib yurddaşına

Bu qaçqın burda öyrəşdi.

O köçkün orda öyrəşdi.

Üstündə bulud ağladı,

Binələr binə bağladı,

Çatdır-çatdır öyrəşdi.

El elə sığar deyiblər

Ev evə sığmaz,

sığışdı?

Hərə bir az yer elədi,

Köçən də bir az sığışdı.

Köçgün, didərgin quzular

Təzə çəmənə öyrəşdi;

Şuşa düşmənə öyrəşdi.

Düşmən Şuşama öyrəşdi.

Düşmənin dəmir kotanı

Yurdumda şuma öyrəşdi.

Qıfılı sınıq qapılar

Özgə açara öyrəşdi.

Qarabağa gedən qatar

Gəlib Ucara öyrəşdi.

Laçınlı yaylaq adamı

İstilərə isinişdi.

Aman Allah, bu millətin

İşi yaman uzun işdi -

O yananda, bu yanmadı,

Bu yananda,o yanmadı;

Adiləşdi qaçqın adı,

Köçkün adı,

Yardım adı adiləşdi

Uzanan əllər titrədi

Qəpik-quruşa öyrəşdi.

Hərə könlündə dərd ilə

Barışa-barışa öyrəşdi.

Qəzəblər baş qoyub yatdı

Sinə qəzəbə öyrəşdi.

Qulağımız ah-naləyə,

Gözlərimiz göz yaşına,

Beyin əsəbə öyrəşdi.

Qəzəblər, hirslər soyudu,

O çılğın hisslər soyudu -

Şəhidlər ölümə

Analar zülmə öyrəşdi.

Adiləşdi sinə dağı,

Könlümdə üsyan qılıncı,

Əlimdə təslim bayrağı -

Qaldıq öyrəşə-öyrəşə,

Özümüzü gör nə hala

Saldıq öyrəşə-öyrəşə.

Bıçaq sümüyə dirəndi,

Sümük bıçağa öyrəşdi,

Aman Allah, bu millətin

İşi yaman uzun işdi -

Var imiş millət inadı,

Yox imiş tale güzəşti.

Avqust, 1994
MİLLƏT… MİLLƏT…
Heyif qalxan qayamıza,

Biz qayaya oxşamadıq.

Heyf qılınc çayımıza,

Biz o çaya oxşamadıq.

Bu torpaq qılınc bitirib

Bu boş qınlar hardan çıxdı?

Vətən verən, yurd batıran

Bu satqınlar hardan çıxdı?

Başımızla başımızı

Kəsən başlar hardan çıxdı?

Qarındaşlar qardaş olar

Gödəndaşlar hardan çıxdı?

Yad nəfəsdən, yad ilikdən,

Çamırlıqdan, zibillikdən

göyərdimi?…

Palıd bitirən torpağın

Qorxaqları hardan çıxdı?

Çinar bitirən torpağın

Alçaqları hardan çıxdı?

Bu xəcalət əzabında,

Bu xəyanət çirkabında,

Bu təxribat girdabında

Torpaq qorumaq olarmı?

Millət… millət,

Qeyrət qorumaq olarmı?!

Namərd dava-dalaşında,

Bu qənimət savaşında,

Bu rəyasət savaşında

Vətən qorumaq olarmı?!

Buyruq altından çıxanda,

Yumruq altından çıxanda,

Yəni hörükdən çıxanda,

Ölçü- ülgüdən çıxanda

Biz beləmi olmalıyıq?!

Bu günəmi qalmalıyıq?

Bu nə dərddi, anam, atam?

Vətən torpağı önündə

Xəcalətdən ölür adam.

Birdən-birə

Bu dəhşətlər hardan çıxdı?

O, Koroğlu, o, Babəkli

Hekayələr hara getdi,

Namusundan qazanc uman.

Biqeyrətlər hardan çıxdı?!

O namərdlər bizim deyil,

Özgə qandan gələnlərdi-

Kişi ölər bircə dəfə,

Onlar hər gün ölənlərdi,

Aman, Allah, nə ağırdı

Satılmışların satdığı

Torpaq dərdi, vətən dərdi.

Sentyabr, 1993

HARDASIZ, İNSAN

ADAMLAR?
Hardasız, hardasız, insan adamlar?

Ah, bu cin adamlar, şeytan adamlar,

Ah, bu şər adamlar, böhtan adamlar

Bu yalan adamlar, ilan adamlar,

Bu çalan adamlar öldürdü bizi.
Bu qədər işıqlı göllər yanında,

Çiçəklər yanında, güllər yanında,

Baxçalar yanında, bağlar yanında,

Bu qədər ucalan dağlar yanında,

Bu alçaq adamlar, calaq adamlar,

Bu alaq adamlar, yalaq adamlar,

Bu yamaq adamlar öldürür bizi.
O boyda günəşin səxavətində,

Bu boyda dünyanın məhəbbətində,

Ustad kainatın kişiliyində,

Bu boyda göylərin genişliyində,

Darısqal adamlar, - o dar adamlar,

Ürəyi xılt tutan murdar adamlar-

Bu murdar adamlar öldürər bizi.
Cökələr bitibdi qoşa yanında-

Bulaqlar - o billur şüşə yanında,

Bənövşə yanında,

Meşə yanında

Bu paxır adamlar, paxıl adamlar

Bu hikkə adamlar, tikə adamlar,

Bu ləkə adamlar öldürər bizi.
Palıdlar - dediyim vuqar yanında,

Bu qədər ucalan çinar yanında

Bu qanqal adamlar, çaqqal adamlar,

Bu naqqal adamlar öldürər bizi.


İnsanın ən kövrək dəmi yanında,

Ruzimiz kəhraba zəmi yanında,

Dəlicə adamlar, suluf adamlar,

Bu alaq toxumlu, qılaf adamlar,

Bu alaf adamlar, yulaf adamlar,

Naxələf adamlar öldürər bizi.

Hardasız, hardasız, mələk adamlar,

Hardasız, hardasız, çiçək adamlar,

Bu şeytan adamlar, böhtan adamlar,

Bu tikan adamlar öldürdü bizi.



1995
1   ...   4   5   6   7   8   9   10   11   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə