Musa yaqub payiza baxiram şeirlər (seçmələr) Bakı “Araz”-2010




Yüklə 2.55 Mb.
səhifə7/18
tarix23.02.2016
ölçüsü2.55 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   18

Bizi toyda oynadardı o zülüm.

Keçirdiyi qıl körpüsü altında

Qır qazanı qaynadardı o zülüm.
Vallah o bir cindar idi, cin idi,

Onunla biz hardan desə keçərdik.

Biçin vaxtı dəryaz idi, çin idi,

Hərdən bizə ayran verər, içərdik.
O deyirdi göz vermişəm, qurtardı,

Hara desəm siz də ora baxarsız.

Divara da dirəyəndə tutardı,

Çəkərdi ki, cırmaq-cırmaq çıxarsız.
Həmin zülüm yolumuzda sərbəsər,

Daldan bizə bir şapalaq çalardı.

İynə ilə gor qazdırıb haqq verər,

O haqdan da vergisini alardı.
Dəyirman da mürgülərdi bizimlə,

Ağnağaza ondan növbə alardıq.

Aman allah, bircə kasa un ilə,

O zülümdən necə razı qalardıq.
Şirin arpa yarmasından aşımız,

Qarğıdalı cadı nəydi - o zərdi.

Dəlicədən gic gedəndə başımız,

Zülüm baxıb, lap uğunub gedərdi.
Anam yoxdu o dərdimi bilməyə,

Bəlkə elə azadlıq var ölümdə.

Zülüm ona izin verdi ölməyə.

Anam getdi, məni qoydu zülümdə.
Mən kötüyəm, mən tapdağam, mən yolam,

Mən olmuşam bu döngədə yatası.

Mən zülüməm, həm quldaram, həm qulam,

Azadlığa öyrəşirəm qadası.
Həmin çinəm, həmin çəkiç, həmn zor,

Günüm yoxdur başqa günə çatası

Həmin balıq, həmin iynə, həmin gor,

Azadlığa öyrəşirəm qadası.
Ağnağazam - həmin şindən, həmin daş,

Həmin mənəm dəyirmanda yatası.

Həmin çaqçaq, həmin ağrı, həmin baş,

Azadlığa öyrəşirəm qadası.
Təzə vergi, təzə şahid - bir oyun,

Oğurluğum dəyirmançı xatası -

Həmin donluq, həmin unluq, həmin un

Azadlığa öyrəşirəm qadası.
Məhmizləmə, başqa yeriş bilmirəm,

Zülüm təzə, mənzil uzaq, at asi.

Yedəkdəyəm, mən özgə iş bilmirəm,

Azadlığa öyrəşirəm qadası -

Həmin mənəm, həmin mənəm, həmin mən,

Həmin mənəm - öz-özümə qənim mən…

19 may, 1991
QALIB
Bədəndə bir güllə qəlpəsi kimi

Könlümdə bir kədər qırılıb qalıb.

Bir şəhid ananın körpəsi kimi

Bir ürək simimə saralıb qalıb;

Könlümdə bir kədər qırılıb qalıb.
Ömrümdə uğursuz saat kimidir,

Yadigar güzgüdə bir çat kimidir.

O da bir yaralı qanad kimidir;

Çırpınıb, çırpınıb yorulub qalıb;

Könlümdə bir kədər qırılıb qalıb.
Səsimdə o boyda bir qırıq yaşar,

Dilimin ucunda bir yanıq yaşar.

Dəli şuxluğumda bir sınıq yaşar,

Könlümdə bir kədər qırılıb qalıb,

Açarı tərsinə burulub qalıb.
Lap elə işıqlı təbəssümümdə,

O boyda bir kölgə qalar üzümdə.

O həzin yanğı var ən şad sözümdə

Könlümdə bir kədər qırılıb qalıb,

Qovrulub, qaralıb, qıvrılıb qalıb.

Yanvar, 1993
BİR QIRIQ SİM
Bir əlin zorunda burulan siməm,

Dartınıb, dartınıb qırılan siməm.

Bir tar canağında qıvrılan siməm,

Calama, calama, calama məni.
Kösövəm, yarı köz, yarı oduncaq,

Biri uduzacaq, biri udacaq.

Daha o pərdədə yanmaz o ocaq,

Qalama, qalama, qalama məni.
Dəryazda bir çiçək qırığıyam mən,

Qovrulan qarağac qabığıyam mən.

Yaralı bir ağac çapığıyam mən,

Yamama, yamama, yamama məni.
Mən dözüm deyiləm, tab deyiləm ki,

Hər cürə ölçüyə bab deyiləm ki,

Mən cəhrə iyinə sap deyiləm ki,

Dolama, dolama, dolama məni.
Bir qırıq ürəyin şüşəsiyəm, ah,

Ağlar o aynada bir teli siyah.

Mən şaxda ayağı kəsik gülsabah,

Sulama, sulama, sulama məni.

Noyabr, 1992
HARA GEDİR BU KARVANIM?
Yuxularda karvan sürüb gedirəm,

Hara gedir bu karvanım, nə deyim?

Hə dururam, nə mənzilə yetirəm,

Buradımı, son məkanım, nə deyim?
Bu ovsarı, kim bağlayıb dilimə,

Bu əsanı kimlər verib əlimə?

Dəvə yükü yüklənibdir belimə,

Mən sarbanam, bəxt sarbanım, nə deyim?
İnsan dərdi, insan dərdi deyiblər,

Dağ bu dərdlə yeriyərdi deyiblər.

"Daş olsaydım əriyərdim"deyiblər,

Torpaq olub mən dayanım? - nə deyim?
Qoca dünya bu ünvanı, bu adı,

Alıb gedər karxanası kahadı.

Karvanından karvansara bahadı,

Deyən varmı ol mehmanım, nə deyim?
Üfüq mənəm, dəniz mənəm, kürrə mən,

Dünya keçdim bu karvana görə mən.

Gəlib sıxdım yenə həmin yerə mən,

O bu yanım, bu o yanım, nə deyim?!

Dekabr, 1992
YASNAMƏ
Kənddə 1992-ci il 21 may gecəsində

Toyuqlarımızın qırğını münasibətilə

Tülkü, belin sınsın, ağzın qurusun,

Bizim toyuqları aparan yerdə -

Dartıb boğazını, kəsib başını.

Gəmirib döşünü qoparan yerdə

Gedib fərələrim, çil-çilim, bozum,

Bir toyuğum vardı - qanadı quzum.

A mənim yarımcan qalan xoruzum!

Sən də qan içində çapalan yerdə.

Aman, bu yerlərin tülküsü yava,

O gecə dumanlı, yağışlı hava.

Çöldə dağılırmış on isti yuva -

Biz evdə yuxudan kam alan yerdə.

O gecə işıqlı bir gün olaydı,

Yuxudan ayılmaq mümkün olaydı.

Altında yorğanım, kürküm olaydı -

Toyuğum daşlara çırpılan yerdə.

Tük örtüb, nə çəmən, nə meşə qalıb,

Yazıq fərəhlərim leş-leşə qalıb.

Arvad-uşağa da nə peşə qalıb?

Yaman bekar qaldıq bu tala yerdə.

O başı kəkilli - döşü zər gedib,

Cücələr kürt ilə bərabər gedib.

İndi tülkülərlə xoş xəbər gedib -

Gəlsinlər, nə qalıb hin olan yerdə?

Aranın istisi, bürküsü çoxdur,

Meşənin qorxusu, hürküsü, çoxdur.

Nə bilək, bu yerin tülküsü çoxdur,

Gün yoxmuş nə yaylaq, nə aran yerdə.

Gecə bağlayanda, bəndi, bərəsi,

Bunun xoruzu var, onun fərəsi.

İki yüz əlliylə gedir hərəsi

Dil dedim toyuğum qırılan yerdə.

İndi soraq çatar uzaq, yaxına,

Bütün kənd gələcək başsağlığına.

Nə kəsək, nə verək kənd qonağına

Dükan-bazar yanıb qaralan yerdə.

May, 1992
YURDUN SƏHRA MAHNISI
Gərdişdir aldadan bizi,

İtirmişik izimizi.

Yıxanda bir-birimizi

Yadlar vudu belimizdən.
Əlacımız eldə ikən,

Bülbülümüz güldə ikən,

Tale quşu əldə ikən

Uçurmuşuq əlimizdən.
Milləti yuxu apardı,

Bəndimizi su apardı

O qoxladı, bu apardı,

Yarımadıq gülümüzdən.
Dirimizdi, ölümüzdü,

Göz yaşımız gölümüzdü,

Torpaq bizim külümüzdü,

Ot bitərmi külümüzdən?..

Mart, 1991
ŞÜKÜR ALLAHA
O əl zindan idi, qoydu çiynimə,

O ki, mənə nə dost, nə tanış olub.

Mənim keçən ömrüm heç imiş demə,

Mənim yaşayışım aldanış olub.

Sən demə, mən sacda qovrulurammış,

Düşüb yelçəkənə sovrulurammış.

Mənim sığındığım qucaq deyilmiş,

Mənim isindiyim ocaq deyilmiş,

Mənim güvəndiyim o dağ deyilmiş.

Sən demə getmişəm, amma yedəkdə -

O naşı ümidim qırılmalıymış.

Yaxam əldə olub, əlim ətəkdə,

Dartınanda yaxam cırılmalıymış,

Yıxılıb özümü tapacağammış,

şükür Allaha!

Durub üst-başımı çırpacağammış,

şükür Allaha!
Divar saatının kəfkiri kimi

Sən demə beləcə gedib gəlmişəm.

Durublar, vurublar, qurub gediblər,

Nə saat bilmişəm, nə vaxt bilmişim.
Sən demə o zəncir çəkiləcəkmiş,

Sən demə o divar söküləcəkmiş.

Mən də o asqıdan qopacağammış,

şükür Allaha!

Dikəlib özümü tapacağammış,

şükür Allaha!
Mən o vurhavurda, ötür-ötürdə,

Dağlmış civəydim kələ-kötürdə -

Hərə bir çuxurda çöküb-qalırdıq,

Ağır dərdimizi çəkib qalırdıq.

Həmin o torpağın qaynadığı vaxt,

Çala çuxurların oynadığı vaxt,

Sən demə zərrələr yığılacaqmış,

şükür Allaha!
Naşı ümidimin qırılmasına,

Şükür o yaxamın cırılmasına,

Şükür o asqıdan qopulmağıma,

Şükür özüm üçün tapılmağıma.

Mən də o vərdişdən çıxacağammış,

şükür Allaha!

Dekabr, 1990
HƏLƏ…
Bir ad yaşadırdıq - Serebrovski,

Xəzər buruq-buruq - Serebrovski.

Dənizin gümüşü qanadı hələ

Yuyur, tumarlayır o adı hələ.

Yəni ki, doğmadır bu ad sahibi,

Yəni bu torpağın sirrini bilib.

Qara neftimizin yerini bilib,

Yəni özlərinin xeyrini bilib;

Yəni yaxşı çəkib, yaxşı aparıb.

Canımızdan canı yaxşı qoparıb.

Yəni qızılımız üstündə yatıb,

Yaxşı dil çıxarıb, yaxşı aldadıb.

Yəni üz göstərib, xoş qılıq verib.

Yəni ki, bizi öz bostanımızda

Nökər işlətməyə razılıq verib.

Yəni ki, heç qane olmayıb aza.

Yəni nazir olub hazırımıza

Yəni kəsə bilib damarımızı

Onu kəmər-kəmər calaya bilib:

Özləriyçin ocaq qalaya bilib.

Yaxşıyıq, özgəyə, vallah yaxşıyıq…

Biz də insanlığın başqa naxşıyıq -

Qoy yad da, doğma da tanısın bizi -

Deyir xəcalətli düşmənin olsun,

Xəcalət qoymarıq düşmənimizi -

Yaxşıyıq özgəyə, vallah yaxşıyıq…

Biz də insanlığın başqa naxşıyıq.

Bir ad yaşadırıq - Serebrovski,

Xəzər buruq-buruq - Serebrovski…

Heç bilmirəm bu yol hara gedəcək…

Hacının məzarı Mərdəanda tək -

Onun məzarından utanır adam.

Üsyankar ruhundan Məmməd Əminin -

Kişi vüqarından utanır adam.

Millət, millət deyən şair Hadinin

Şeir bazarından utanır adam,

İtmiş məzarından utanır adam.

Bilmirm kimdisə boğdu hirsini…

Hələ Serebrovski qəsəbəsində

Bir uşaq öyrənir tarix dərsini -

O tərifli adı öyrənir hələ.

Bir neft hasilatı öyrənir hələ,

Bizə "mükafatla", tərifli adla

O "şanlı" həyatı öyrənir hələ…

Hələ başımızı döyən yumruğu,

Hələ qolumuzu sındıran zoru,

Hələ düşdüyümüz dolaşıq toru,

Hələ beynimizi deşən gülləni,

Hələ üzümüzə gülən hiyləni

Hələ yaşadırıq özümüz hələ,

Bəlkə ayılmayıb gözümüz hələ…

Bəlkə Məmməd Əmin, bəlkə də Hacı -

Onların məzarı, onların ruhu

Bəlkə olmasaydı dözmək olardı,

Şahidsiz yalanlar düzmək olardı,

İndi heç bilmirəm həmin uşaqdan

Alıb o kitabı harda gizlədək,

Bu dərdi, əzabı harda gizlədək.

Həmin o tarixi yazan alimin

Qara qələmini harda gizlədək?

Xəzərdə bu boyda estakadanı,

O dolu gəmini harda gizlədək?..

Taleyin ələyi ələnir hələ,

Biri təknədədir, biri ələkdə…

Zığ-Hövsan yolunda dəmir dirəkdə,

Bu hamar lövhədə-Serebrovski.

Uzanır Xəzərə polad cığırlar -

Birinci növbədə - Serebrovski…

Yəni ki, yəni ki, yəni ki,

Heç nə…
Mən sənə baxıram,

Sən də ki, mənə…

Noyabr, 1990
HARAY
Qayamdan öz daşım düşdü başıma,

Öz əlim zəhərmi qatdı aşıma –

Bu nə xəyanətdir çıxdı qarşıma?

Xislətim, qeyrətim, millətim haray!

Bu yolda çəkdiyim zillətim haray!
Qoy qolum kəsilsin, əlim görməsin,

Qoy ağzım qurusun, dilim görməsin,

Daha bu günümü elim görməsin,

Yurd-yuvam, ay evim-eşiyim haray!

Haray, laylam haray, beşiyim haray!
Öz sinəm tuş oldu öz qılıncıma,

Öz əlim ox atdı vurdu qıçıma!

Haray qardaşıma, haray bacıma!

Yarımçıq vuruşum, savaşım haray!

Haray cəbhədaşım, yoldaşım haray!
Lüğətdən o ali sözümü çıxart,

Qoy düşmən görməsin, gözümü çıxart!

Vur məni, özümdən özümü çıxart –

Haray, canım haray, əzabım haray,

Qələmim, məktəbim, kitabım haray!
Yenə bölüklənib qoşunum gedir,

Mən hansı dəstəyə qoşulum gedim?!

Satıldı dağ getdi, aşırım gedir –

Əsgərim, ləşkərim, səngərim haray!

Toğrulum, Məmmədim, Sərkərim, haray!
Stolum, stulum, taxt-tacım belə,

Döyüşdə bu gücüm, o qoçum belə…

Axır ki, qoruğum, qoruqçum belə –

Haray bağım haray, bağbanım haray!

Karvanı nizamsız sərbanım haray!
Torpağım! Bu ölüm ikili yasdır,

Qoy düşmən görməsin üstümü basdır.

Qanımla alnıma bir tale yazdır –

Təzədən püskürüm məzarım, haray!

Haray, etibarım, vüqarım haray!

May, 1992
AH, BU DÜNYA…
Təpədən dırnağa heyrət yaranmış,

Tanrıdan bizimçin qismət yaranmış;

Heyf bu dağlara, bu bulaqlara,

Heyf bu çaylara, bu torpaqlara,

Havayı ruzumuz o balıqlara;

Bu barlı-bəhərli meşəyə baxın.

Bu boyda naz-nemət, qismət içində

Düçar olduğumuz ağır günlərə,

Vərdiş etdiyimiz peşəyə baxın.
Alış-verişində manatsız qalan,

Min illər dərs alıb, savadsız qalan

Aman bu səbatsız, savadsız dünya! -

Elə aldanıb ki, elə çaşıb ki,

Elə bil uşaqdır, yaşı çatışmır.

Qiyməti o qədər ucuzlaşıb ki,

Çəkiyə qoymağa daşı çatışmır.
Həmin o pislikdir qarşna gələn,

Hər cürə ölçüyə, arşına gələn.

Aman bu ölçüsüz, ülgüsüz dünya,

Nifrəti, hiyləsi, hirsi böyüyən,

Hörməti kiçilən sevgisiz dünya!
Bu gürzə dünyanın, bu gürz dünyanın

Ağusu, Zərbəsi, hərbəsi altda

Dolandırmaq olmur, dolanmaq olmur;

Qoysalar yaxşıca dolanmaq olar,

Doğma ocağıyla qalanmaq olar,

Barlı ağacıyla sulanmaq olar.

Hələ söz çeynəyir, hələ söz yeyir

Bu siyasi dünya,

Bu asi dünya,

Tanınan oğrusu, doğrusu yoxdu,

Min ildir qurulur, qurğusu yoxdu;
Durub dünənini salmır yadına,

Qoruqçusuna bax, qoruğuna bax

Taxtı başa qoyub, tacı altına

Təzədən bəy olan yoluğuna bax.
Bu inkar dünyası,

Bekar dünyası

Hələ söz çeynəyir, hələ söz yeyir;

Bu boğaz dünyası, çənə dünyası,

Bu danqaz dünyası, tənə dünyası…

Üstünə min rəngli siyasət yapan,

Hoqqabazlığından cinayət yapan,

Ah, bu qanlı dünya,

Üsyanlı dünya!
Bəlkə buludu da qəhərdən dolub,

Gülürəm mühitin arsızlığına.

Deyirəm ürəyim bir çiçək olub

Gedib də bir tənha daşa sığına.
Aman qeybətlərdə qaraldı günüm,

Bir dayan, yolumu təzədən dönüm,

Dönüb başqa yola çıxım təzədən;

Arı pətəyinə, quş yuvasına.

Qarışqa komuna baxım təzədən.
Baxım leyləklərin sədaqətinə.

Dönüm qartalların cəsarətinə,

Su dəyirmanına çevrilsin yönüm.

Sevgiyə qayıdım, şeirə qayıdım.

O itirdiyimiz mehrə qayıdım.
Bir görüm başıma sonra nə gəlir,

Görüm təmizlənə biləcəyəmmi?

O hissdən, o hirsdən, o hisdən çıxıb,

Paxırı göyərmiş o misdən çıxıb,

Görüm qalaylana biləcəyəmmi,

Özümü vurduğum yaralarımı

Bir görüm sağalda biləcəyəmmi?
Ah, bu qanlı dünya,

Üsyanlı dünya

Görüm yol verirmi əmrdən çıxım,

Bu çaşqın, bu naşı ömürdən çıxım.

Çıxıb bir ağıllı ömrə qayıdım,

Allahın verdiyi əmrə qayıdım.
Ah, bu asi dünya,

Siyasi dünya! –

Qoysalar yaxşıca dolanmaq olar,

Doğma ocağıyla qalanmaq olar,

Barlı ağacıyla sulanmaq olar!

Avqust, 1992
BU QƏDƏR YOL…
Pətəkdə arının kefinə baxın,

Havada durnanın səfinə baxın;

Yolda bir-biriylə yola getməyən

Eldə el gücünün sərfinə baxın.
O sağa gedəndə solu bəyənmir,

Bu onun getdiyi yolu bəyənmir,

O bunun getdiyi yolu bəyənmir.
Bəlkə il bəlası, vaxt bəlasıdır,

Bu xalq bir-birinin dalınca getmir,

El dəmir barmaqlı şum malasıdır,

Barmaq bir-birinin dalınca getmir.

Bu nə bölhaböldür, nə ayrı-ayrı

Özüyçün hərə bir yol cırmaqlayır.
Hə, ora mənimdir, bura mənimdi –

Min hoqqa çıxarır hərə: mənimdir.

Torpaq bölüm-bölüm kibrit qutusu –

Elə bil bu dünya "mərə mənim"dir.

Bu qədər "mən" olar, "hərə" olarmı?

Bu qədər mərz olar, mərə olarmı?
Hərənin əlində öz tərəzisi,

Bir kilo dəni var, yüz tərəzisi.

Götürüb öz çəki daşını ayrı,

Hərənin ölçüsü, arşını ayrı.

Hərə arşınıyla mal ölçə-ölçə,

Qalıblar bu yolda yol ölçə-ölçə.

Təpədən dırnağa yoldu bu ölkə,

Bostan ayaq altda, tağ ayaq altda,

Əkin ayaq altda, bağ ayaq altda.
Zamanın bu tale yükümü ağır,

Aqillər yolunu azıb dayanıb.

Adamlar elə bil fil ayağıdır,

Yumurta kürrəni basıb dayanıb.

Təngiyir torpağın, yerin nəfəsi,

Çatlayır qlafı, çıxmır ləpəsi.

Toxucu kətanın üstündən keçir,

Əkinçi kotanın üstündən keçir,

Vallah bu yerişi qarınca getmir,

Bu el bir-birinin dalınca getmir –

Könlümdə bir bitməz söz tutub gedir?

Hərə bir tərəfə üz tutub gedir.

Dünyanın bu qədər üzü olarmı?

Nahaqqın bu qədər üzü olarmı?

İlahi, qolumdan tut məni apar,

İtməyim bu qeyli-qalın içində.

Adam yol axtarar, adam yol tapar,

Mən çaşıb qalmışam yolun içində.
Oxları əyilmiş o qoşa çarxın

Ləngəri yol əyir, iz yenə gedir.

Guya nizam sevən ləşgərə baxın,

Yan-yana düzülüb eninə gedir –

Özləri də bilmir nə var qabaqda,

O bunu, bu onu qabaqlamaqda,

Vallah bu yerişi qarınca getmir,

Bu el bir-birinin dalınca getmir.
Pətəkdə arının kefinə heyif,

Havada durnanın səfinə heyif,

Yolda bir-biri ilə yola getməyən,

Eldə el gücünün sərfinə heyif!

Yanvar, 1993
MÜXALİFƏTƏM
Gül olub ya gərək solub tökülüm,

Varamsa tikanla müxalifətəm.
Cismimi öldürüb ruhum uçursa,

Cismimdəki canla müxalifətəm.
Zaman ömrüm alır, dövran canımı,

Mən də bu dövranla müxalifətəm.
Demə ki, düzəldi, yox düz əyildi,

Qələm, qələmdanla müxalifətəm.
Haqqın yolu birsə, qanun mindirsə,

Qanunla, fərmanla müxalifətəm.
Şah taxtı hələ haqq dərgahı deyil,

Mən bəylə, mən xanla müxalifətəm.
Hökmün hüzurunda işlək bəndəyəm,

Demək hökmranla müxalifətəm.
Aldanmış Adəmin parasıyam mən,

Həmişə şeytanla müxalifətəm.
O şeytan çox qəlbə girə bilirsə,

İnsanam, insanla müxalifətəm.
Ələm, tərəziyəm, çəki daşıyam,

Mizansız mizanla müxalifətəm.
Min ildir çağırram vicdan ayılmır,

Ayılmaz vicdanla müxalifətəm.
Şimşək köynəyimi cırıb tökmüşəm,

Çünki asimanla müxalifətəm.
Od canımdan çıxır, tüstü başımdan,

Dağdakı dumanla müxalifətəm.
Qulamsa üsyanım qaynar içimdə,

Şahamsa üsyanla müxalifətəm.

Sentyabr, 1992
KÖLGƏDƏ AĞLAR BİR ÜZÜM
Əlimdən düşdü muncuğum,

Dostlarım getdi gəlmədi –
Gündüzümdə, gecəmdəydi,

Lap gözümün qabağında

Lap ovcumun içindəydi –
1   2   3   4   5   6   7   8   9   10   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə