Musa yaqub payiza baxiram şeirlər (seçmələr) Bakı “Araz”-2010




Yüklə 2.55 Mb.
səhifə6/18
tarix23.02.2016
ölçüsü2.55 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   18

NƏ DEYİM
Tamahkarlar, nəfskarlar, zəlilər

Təmizlikdən danışanda, nə deyim?

Dərs deyəndə bizə nəfsə zəlilər

Yaxşı pisə qarışanda, nə deyim?


Kimdir üzvü bu aşkarlıq xorunun,

Sərhəddi yox bulanlıqla durunun.

Yaş yananda alovunda qurunun

Gül ləçəyi alışanda, nə deyim?


Gah deyirəm, qoy olsun, nə gərəyim,

Namərd sözdən sızıldadı kürəyim.

Ah, ürəyim, mənim şair ürəyim,

Şər axınla barışanda nə deyim?


Mən nə deyim belə yıxdı-yıxdıya,

Salıb məni təzə gözümçıxdıya,

Üzü gülər, bir ürəyi saxtaya-

Arı qanda, milçək şanda nə deyim?



1988
* * *
Qəlb isinməz işartından,

Göz eyləmə qaş altından,

Əlin çıxıb daş altından

Al o daşı vur başıma.


İndi yar-yoldaşı qına,

El bişirən aşı qına,

Kişmiş çıxır qaşığına,

Sən dur zəhər qat aşıma.


Qaldın qovrula-qovrula,

Külü sovrula-sovrula,

Mənim yaxşım çıxır yola,

Sənin yamanın qarşıma.


Bədxahları xar görmüşəm,

Ocağı kül, otu həşəm.

Mən çoxdandır gül əkmişəm

Sən tikan əkdiyin şuma.



Yanvar 1988
* * *
Baxçaya qoymusan dəmir qəfəsi

Baxsam öldürərlər, baxmasam ölləm.

Qaracaoğlan
Birinin bar verir guya söyüdü,

Buluddan tayası, yağışdan südü,

Di gəl bu ordenli, şöhrətli "bütü",

Yıxsam öldürərlər, yıxmasam ölləm.


Qulaqlar uyuyur bir xoş yalanda,

Vəd verən də bilir, vədi alan da.

Bu söz oyununda naçar qalanda,

Dinsəm öldürərlər,dinməsəm ölləm.


Ağıl kəsə-kəsə, göz görə-görə,

Ha bu dəyirmanı fırlat boş yerə.

Bu "ötür-ötürə", "qaytar-gətirə"

Gülsəm öldürərlər, gülməsəm ölləm.


Dünən haram alıb əlimdən özü,

Bu gün bayraq edir halalı, düzü,

Dilimin ucunda köz olan sözü

Desəm öldürərlər,deməsəm ölləm.


Qəribə cələdir sənin bu cələn

Həm dən səpən düşür, həm dənə gələn.

Kim qədirbilməzdir, kim qədirbilən? -

Bilsəm öldürərlər, bilməsəm ölləm.


Bir sirr əsiriyəm, bu söz dustağı,

Ağ salıb gözümə yalanın ağı.

Açımmı sandığı, töküm pambığı? -

Açsam öldürərlər, açmasam ölləm.



Sentyabr 1983
AXIR Kİ…
Axır ki dağlar oynadı,

Axır ki daşdı, qaynadı,

Bu vulkan püskürdü axır,

Öz işini gördü axır,

Qalmışdım illər uzunu

Naçar gözləyə-gözləyə,

Lap başıma od ələyə…

Eh, nə qədər qalmaq olar

Bu qorxuda, səksəkədə,

Bu qara ahın altında.

Eh, nə qədər dözmək olar

Bu gün-sabahın altında

Ölmü də bircə anlıq,

Ya o yanlıq, ya bu yanlıq…

Yaxşıdı, vallah, yaxşıdı,

Ya bu tale qarğışıdı,

Ya da həyat çağrışıdı.
Aha, şimşəklər də çaxır -

Aha, buludlar da axır,

Ya bu oddan kül olaram

Ya yağışda təmizlənib


Açılaram, gül olaram.

vaxtacan dözmək olar

Bu boz yerin, bu boz göyün

Bu boz dumanın altında?..

Eh, nə qədər qalmaq olar

Aman-amanın altında,

Bir boş gümanın altında.

Yaxşıdı, vallah, yaxşıdı

Bu da həyat yağışıdı.

Aha, daşan sel də gəlir

Ya aparar, ya gətirər,

Ya basdırar, ya bitirər.

Ölümü də bircə anlıq,

Ya o yanlıq, ya bu yanlıq

Yaxşıdı, vallah, yaxşıdı

Bu təzəlik axışıdı

Coş vulkanım, çax şimşəyim,

Kükrə görüm, daşan selim,

Qalmayım bu intizarda

Ölməkdimi, qalmaqdımı,

Yaşamaqdı - mən də bilim.

Mart 1988
SƏBİR KASASI
Səbr kasasıdır o dolan bulud,

İldırım ildırım daşır fəzası.

Səbr kasasıdır mənim ürəyim,

səbr kasası.


Mənim səbr kasam boşalar, dolar,

Mən özüm bilirəm daşsa nə olar.

Daşanda içmişəm min dəfə azı -

Səbr kasasıdır mənim ürəyim,

səbr kasası.
Səbr kasasıdır o vulkanlı dağ,

Daşanda titrədir yer-göyü zağ-zağ.

Ulu bir tarixi qızartdı getdi,

Səbr kasasıdır Babək, Spartak.


Mənsə öz içimdə çəkib cəzamı,

İçib dolaşıram səbr kasamı.

Vurub qəzəbimi, boğub hirsimi

İldırımlar keçir hər bir əzamdan,

Hər dəfə içəndə səbr kasamdan.
Əyir vücudumu üsyan hücumu,

Yumruq barmaqlarım deşir ovcumu.

Mən zülüm içirəm səbr kasamdan,

Mən zəhər içirəm səbr kasamdan,

Mən ölüm içirəm səbr kasamdan.
Zamanın yenə də dolandı çarxı,

Namərd körpüsündən keçildi getdi.

Səbr kasasıdır Bakı torpağı,

O da buruq-buruq içildi getdi.

Mən də öz içimdə çəkib cəzamı

Beləcə içirəm səbr kasamı.

O keçir bu yolu

Mən də keçirəm,

Ağsaqqalım içir, mən də içirəm.

Ömür yoldaşımın, balalarımın

Xətrinə içirəm səbr kasamdan

İldırımlar keçər hər bir əzamdan.

Əvvəl zorla içdim həmin zəhərdən,

İndi özbaşına içirəm hərdən.


Daşsa Araz kimi, coşsa nər kimi,

Sərhəd var,

yolunu saxlar qəzamın.

Əllərim tikanlı məftillər kimi,

Qapanar ağzına səbr kasamın.
Mən belə boğaram səbrimi belə

Mən belə qazıram qəbrimi belə.


Bu şeri yazanda qaynadı odum,

Öz səbr kasamdan içdim bir udum.

Gördüm ki, heç nədən yoxdu gərəyim

Taleyin demə bir cəzası qalıb…

Səbr kasasıdır mənim ürəyim,

Səbri ölüb,

quru kasası qalıb.

Oktyabr 1986
MƏN Kİ DAHA GÜNƏŞ OLA BİLMƏDİM
Mən ki daha günəş ola bilmədim,

Mən ki daha ulduz ola bilmədim,

Hamının baxdığı, görə bildiyi

Göylərin tağında qala bilmədim.


Burda qalacağam,

mən elə burda,

Burda ocaq olub alışacağam,

Burda taleyimlə barışacağam,

Od-alov ömrünə qarışacağam.
Heç demirəm məni görələr haçan,

Bir isti yuvalı torpağı qucan

Dünyanın doğmalıq qolları varsa,

Doğma ocaqlara, yurdlara qarşı

İnsanın gedilən yolları varsa,

Mütləq o yol gəlib bura çıxacaq;

qədər canda od, gözdə mehr var

Mütləq o gözlər də mənə baxacaq.


Torpaqda havayı daş qalan deyil,

Yaxşı tanıyıram mən bu dünyanı

Onun bir cığırı boş qalan deyil.
Aranı, yaylağı varsa bu elin,

İnsanın dağlarla söhbəti varsa,

Yol azan ümidin, üşüyən əlin

Yol tapıb isinmək niyyəti varsa,

O mütləq bu yerə gəlib çıxacaq;

Bilirəm havayı yanmır bu ocaq

Mütləq bu ocağa gəlməlidirlər.

Məndən də bir əhval bilməlidirlər.

Olsun üfüq boyu yatağı, yeri -

Mən daha nəhəng çay ola bilmədim

Burda qalacağam,

mən elə burda -

Burda bulaq olub qaynayacağam

Hərdən sırğa-sırğa damcılarımla

Burda çiçəklərlə oynayacağam.
Axtaran insanın hər addımbaşı

Böyüyən, kiçilən yolları varsa,

Duruluğa qarşı, saflığa qarşı

Dünyanın keçilən yolları varsa,

Mütləq o yol gəlib bura çıxacaq.
Yaxşı tanıyıram qaynar gözləri,

Qaynayan gözümə o göz baxacaq .

Mütləq sevgi yolu keçilməlidir,

İnsanın bir həsrət yanğısı varsa,

Mütləq bu sudan da içilməlidir.
Payızın ən kövrək çağına qarşı,

Meşəsinə qarşı, dağına qarşı,

Bənövşə boyuna, gül nəfəsinə,

Baharın yarpızlı arxına qarşı

Yol gələn olsa,

Nə bilim, bir çəmən yaşıllıq üçün,

Ya da ki, minnətsiz yaxşıllıq üçün

darıxan olsa,

O mütləq bu yerə gəlib çıxacaq;

Bilirəm havayı axmır bu bulaq.

Mütləq bu çeşməni görməlidirlər,

Bu ocağa salam verməlidirlər.



1987
AYRILIQ
Olanım ötdü getdi,

Qalan günüm, sən yaşa.

Bu dünya ayrılıqdır,

Ayrılıq başdan-başa.

Ayrılıqdır bu payız,

Geri dönməz o bahar.

Yarpaq-yarpaq könlümü

Göynədir ayrılıqlar.

Bir durna qanadında,

Bir gülün həyatında,

Ömrün hər saatında

Min cürə ayrılıq var.

Ya bir doğma, ya bir dost,

Ya bir yar ayrılığı…

Ya da varlıq, araya

Düşüb qar ayrılığı.

Aman, bu ayrılıqlar…

Olanlarım ayrılıq

Olacağam intizar.

O əl çıxdı əlimdən,

Gərək könlüm ayıla

Hara gedim bu yolu

Mən ayrıla-ayrıla?

Qoy dərim o çiçəyi,

Qoy söykənim bu daşa.

Bu dünya ayrılıqdır,

Ayrılıq başdan-başa.

Bütün ayrlıqların

Baş açdım qılığından.

Heç ayrıla bilmədim



Araz ayrılığından.

Dekabr, 1988
DÜNYA DAHA BİZİM ÜÇÜN NEYLƏSİN
Biz dünyadan, dünya bizdən gileyli,

Məcnun küsüb, vəfasızdır ki Leyli.

Aləm bizim bütün qüzey-güneyli,

Dünya daha bizim üçün neyləsin.
Dəryasına balıq verib, qırmışıq,

Çöllərinə turac verib, vurmuşuq.

Qalanların cələsini qurmuşuq,

Dünya daha bizim üçün neyləsin.
Bulağının, yarpağının dili bir,

Meşəsinin budaq-budaq qolu bir,

Biz əyməsək, haqqa gedən yolu bir-

Dünya daha bizim üçün neyləsin.
Bir naxırı buraxmışıq tayaya,

Suya zəhər, dinamiti qayaya,

Şaqqa ətdir, keçirmişik payaya

Dünya daha bizim üçün neyləsin.
Özümüzçün yaratmışıq bu dərdi,

Sərhədləri yolumuzda sipərdi,

Bölən olsa havasını bölərdi

Dünya daha bizim üçün neyləsin.
Nə Günəşin, nə Yerindir bu illət

Qalx Göydən bax, toz qoparır bu millət;

Nə vurhavur, nə qiyamət, nə zillət! -

Dünya daha bizim üçün neyləsin.
Ovsarını verdik namərd əlinə,

Çoxu saldı bizi ölüm selinə.

Məzar-məzar yüklənmişik belinə,

Dünya daha bizim üçün neyləsin.
Xəmirimiz, qatığımız-duzumuz,

Maya tutdu, tutmadı çox sözümüz.

Özümüzə eləmişik özümüz

Dünya daha bizim üçün neyləsin.

Noyabr, 1989
BU KƏND –

QƏBRİSTANI ÖZÜNDƏN BÖYÜK
Qalıb tayalıqda pas atmış yaba,

Bostanı dağılmış, bağı xaraba.

Ah, zəhərli külək, maqnitli hava,

Vallah, öldürəcək bizi bu körük;

Bu kənd –

qəbristanı özündən böyük.
Hanı bu cığırın cığırdaşları?..

Üstünü gəndalaş, gicitkan basan

Uçulmuş evlərin topa daşları

Sanki bir məzardır torpağa bir yük,

Bu kənd-

qəbristanı özündən böyük.
Üz tutub tanrıya tüstüsüz baca,

O evin həyəti deyingən qarı,

Bu evin kətili mürgülü qoca,

Zamanı qarışıq, adamı dönük.

Bu kənd -

qəbristanı özündən böyük.
Şirin adətimiz, peşəmiz qalıb…

Məzar meşəbəyi ruhuna rəhmət,

Bir qəbristan boyu meşəmiz qalıb -

Qalanı tüstüdür, olanı kötük,

Bu kənd -

qəbristanı özündən böyük.

Dekabr 1989
İLAHİ, BU KÖRPƏ NECƏ BÖYÜYÜB
Demirəm mehriban qucaq görməyib,

Demirəm qayğılı isti bir nəfəs,

Demirəm ev bilib, ocaq görməyib -

Bu körpə anasız necə böyüyüb?
Doğmalıq deyilən ilahi bir əl

Onun üz-gözünü oxşamayıbsa,

Görəsən bu körpə necə qımışıb?

Hansı donda görüb ilk doğmalığı,

Sevinci sevincə necə qarışıb?
Bilibmi həsrətdir ali nemətə -

Ana döşündəki südə, bilibmi?

Bir yemək yeyəndə, əmzik tutanda

Görəsən şıltaqlıq edə bilibmi?

İlahi, bu uşaq necə böyüyüb?
Bir xoş yuxu vaxtı, bir gecə yarı

Bu körpə ayılıb necə ağlayıb?

Alıb bir yuxunun şirin çağını

O kimə ərk edib gecə ağlayıb?

O vaxt ağlı kəsib söz anlasaydı

Necə saxlayaydı ağlamağını?
Ana baxışından şəfəq almadan

Necə işıqlanıb üzü görəsən?

Doğmaca laylasız necə uyuyub,

Necə çiçəklənib sözü görəsən?

O necə oynadıb əl-ayağını,

Bəs kimin üzünə qımışıb hərdən?

Hansı rəngdə sevib oyuncağını?

Ana fərəhindən güc alıb təzə

Bir daşqın sevincə bürünməyibsə,

İlk dəfə o necə qalxıb ayağa,

Görən necə atıb ilkin addımı?

Lap heyrət götürür vallah adamı…

İlahi, bu uşaq necə yeriyib,

Kefi pozulanda necə kiriyib?
Dayan, bu sualdan alışdı bağrım,

Durub yan otaqdan anamı çağrım.

Qoy ondan soruşum bir də özümü,

Anlayım fikrimi, bilim sözümü.

Bir görüm bu uşaq necə böyüyüb,

Söykənib o hansı gücə, böyüyüb…

Dekabr 1987
MƏNİ APARMA
Bu gün qalacağam özüm olmağa,

Torpağın çiçəkli üzü olmağa.

Qalıram bir çeşmə gözü olmağa,

Sən allah, bu dəfə, məni aparma.
Həm varam, həm yoxam, belə gəlmərəm,

Qayıdıb özümə hələ gəlmərəm.

Bu gün kəpənəyəm, ələ gəlmərəm,

Sən allah, bu dəfə, məni aparma.
Açılmaz düyünüm, deyilməz sirrim,

Bir sevgi yerim var, bir yanğı yerim,

Qoy ona bu gün də bir salam verim,

Sən allah, bu dəfə, məni aparma.
Bir kətil üstündə donub da qalmış,

Dünyanın fikrini çəkmək olarmış.

Mən göylər yorğunu yaralı bir quş,

Sən allah, bu dəfə, məni aparma.
Mən getsəm siz mənə nə göstərərsiz,

O dağdan mərdanə, bu çaydan təmiz.

Dünyamız qarışıq, adamlar qəliz,

Sən allah, bu dəfə, məni aparma.
Arxda qızılağaca budaq olmağa,

Qalım su ömrünə ortaq olmağa…

Sonra axıb gedən yarpaq olmağa…

Sən allah, bu dəfə, məni aparma.
Bir göy ağlaşının donuq yaşıyam,

O gündən şimşəkli çaylaq daşıyam,

Torpaq cadarıyam, yer qırışıyam,

Sən allah, bu dəfə, məni aparma.
Orda özümə yer taparam sən get,

Ağıram, zindanam, qopmaram, sən get,

Kök atmış qayadır, bir param, sən get,

Sən allah, bu dəfə, məni aparma.
Bir də taleyimlə barışıb qalım

Lalələr içində alışıb, qalım.

Gül olub zəmiyə qarışıb qalım

Sən allah, bu dəfə, məni aparma.
Bizim əlimizdə qurama dünya

İçində öz qurdu barama dünya.

Salıb ipək tora aparma, dünya,

Sən allah, bu dəfə, məni aparma.

Dekabr, 1990
* * *

Ürəyimsiz kəlmə yazan deyiləm.

Nə qədər ki, öz əlimdi yazanım.

Məmməd Araz
Bir eşqimə hicran möhrü basılmış,

Heç bilmirəm necə yazmış yazanım.

Səhvim var ki, bəxtimə də yazılmış,

Daha onu poza bilməz pozanım.
Mən yuxumda Araz olub axırdım;

O sahildən Şəhriyarı çağırdım.

O gələrmi, boz yollarla baxırdım…

Bu yuxumu yozsun yuxuyozanım.
O kimdir ki, o ağlasa gülərəm,

Hiyləsini gözlərindən bilərəm.

Düşmən olsa öhdəsindən gələrəm,

Dost olmasa mənə quyu qazanım.
Bitməz sözü eşqi, dili əyrinin,

Kəsilər bu gəlhagəli əyrinin.

Yüz yaşayan ayı, ili əyrinin

Yüz ilindən yaxşıdır bir düz anım.
Min əyilib əyri ada çatınca,

Halalıma haram tikə qatınca,

Nasaz olub pərqularda yatınca

Sağlam olub daş üstündə uzanım.
Bəzən zaman mərd işini nəhs elər,

Palıd yenə tufanlarla bəhs elər.

Əl uzadıb tərəzimi əysələr,

Ürəyimdə heç pozulmaz mizanım.
Dostlar gəlib mənə sevinc gətirmiş,

Təbiət də ruzusunu yetirmiş.

Süfrəmi də torpaq özü bitirmiş,

Bulaqlar da mənim qaynar qazanım.
Mənim könlüm yad səslərə satılmaz,

Şöhrət üçün hər məclisə atılmaz.

İlhamıma yad nəfəsi qatılmaz,

Təbiətdir ilk ustadım, ozanım.

"Ürəyimsiz kəlmə yazan deyiləm,

Nə qədər ki, öz əlimdir yazanım."
BU BAHARLA
Gölüm, gələn durnalara əl eylə,

Torpaq, göyərt bu çəməni gül eylə.

Bahar, məni bir əmici tel eylə,

Bir qönçədə bir ləçəyi saxlayım.
Qoy əkinim toxum-toxum ayılsın,

Günə baxıb yaşıl gözüm qıyılsın,

Lalə-lalə xonçalarım qoyulsun,

Tel-tel olub sünbülümü bağlayım.
Keçdi daha Araz ilim, Kür ilim,

Keçən günə dəyməz indi bir ilim.

Kötüyümü göyərt bir də dirilim,

Bu baharla payızımı haqlayım.
Min il əvvəl kim olmuşam, indi kim?

Sabah görən nə olacaq indikim?..

Bu baharla ya əkilim, ya əkim,

Bir tum olub son gücümü yoxlayım.
Mənim dərdim eşidilməz zümzümə,

Nə etdimsə, etdim özüm-özümə.

Bu laləni elə sıxım köksümə,

Qarasıyla qoy bağrımı dağlayım.
Eylə məni süddüyandan süd içən,

Məni bulud, məni duman, məni çən.

Quzeydə yaz gəlib çatsın mənəcən

Kipriyimdə qar ərisin ağlayım.

Mart-aprel, 1992
ALNIMDA ÖMRÜN YAZISI
Alnımda ömrün yazısı,

Yazanı varsa, mən kiməm?

Taleyimin qışı, yazı,

Xəzanı varsa, mən kiməm?
Ulu göylər həmin-həmin,

Bürc altında mən bir zəmin.

Tərəzidən tərəzimin

Asanı varsa, mən kiməm?
Bir ağ dəvənin belində,

Bir dəli səhra yelində,

Bəxtimin tanrı əlində,

Ovsarı varsa, mən kiməm?
Nə biləndər, nə halıyam,

Olum, ölüm sualıyam.

Açılmış ulduz falıyam

Yozanı varsa, mən kiməm?

Aprel, 1992
BU AXŞAMIN…
Bu axşamın son mahnısı oxundu,

Toranlığa quş qanadı toxundu.

Allah, mənə qaranlıq nə yaxındı,

Bu axşamı özüm üçün yaratdım.
Dar macalda nə tapılsın, nə itsin,

Könlüm gedib boş yuvanı isitsin,

Ağlamasın, bir tənhanı kiritsin,

Bu axşamı özüm üçün yaratdım.
Gümanım yox qayıtmağa, gəlməyə,

Üfüqdəki o naxışa, ilməyə.

Qürubuna başım qoyub ölməyə;

Bu axşamı özüm üçün yaratdım.
Ürəyimin küncündə bir hüzn var,

Lap kəpənək gücündə bir hüzn var,

Bu axşamın içində bir hüzn var,

Bu axşamı özüm üçün yaratdım.

İyun, 1991
ANAMIN MƏZARINDA LAYLA
Qürub yanır üfüq boyu,

Civələnir arxın suyu.

Uyu, anam, şirin uyu,

Layla deyim məzarına,

Bu qəbristan güzarına.
Qəbristanın ən cavanı,

İsitmisənmi yuvanı?!

Burdan seyr et xiyabanı,

Uyu ömrümün əzəli,

Üstündə payız xəzəli.
Bu yanacan o yanacan,

Çevril sağdan sol yanacan -

Böyrün ağrıyır, anacan!

Darsıqaldır evin, laylay,

De, necədir kefin, laylay.
Soyuq düşür, əynin yalın,

Bizdə qalıb isti şalın,

Gətirim çiyninə salım,

Elə uzan rahat olsun,

Gəlinlərin muğyat olsun.
Çiynində doğmanın, yadın

Quş kimi uçdu tabutun.

Mələklərə dedin "tutun" -

Ürəyin gəlmirmiş demə,

Ağırlıq düşsün çiynimə.
Xeyrə alqış, şərə qarğış,

Bir yuvadı tək qaranquş.

Burda çarpış, orda çarpış -

Dincəl əzabkeşim, laylay,

A qeyrətli kişi, laylay.
Ay ev tikən tək güc ilə,

Ay zəmisi tək biçilən,

Körpüsü tənha keçilən

Durnası yoldaşsız anam!

Ay ömrü sirdaşsız anam!
Gətirmək, yıxmaq vaxtıdı,

İndi bostan, bağ vaxtıdı.

Heç bekar durmaq vaxtıdı -

Qalx yenə də danla bizi,

Biz də bilək işimizi.
Ruhun məni xəbər alsın,

Gir yuxuma şirin olsun.

İsinməyə yerin olsun,

Anacığım, anacığım!

Baş daşındır qalacığım!
Sən əvvəldə, mən axırda…

Görürsənmi məni burda?

Dil deyirəm xırda-xırda

Nə yumşaqdır daşın, ana!

Üstündədir başım, ana!
Canalıya çökdü duman,

Gəlməyinə yoxdu güman.

Biz gələrik sənə həyan…

Ölüm laylay, dirim laylay,

Yanındakı yerim, laylay!

Senyabr, 1991
ZÜLÜMÜN NAĞILI
Anam idi, zülüm idi, mən idim,

Dünyamızda necə gəldi yaşardıq.

Anam tənha, zülüm güclü, mən yetim,

Özümüzü hər cür işə qoşardıq.
Zülüm ağır, zindan idi, daş idi,

Yüngülünü anam mənə verərdi.

Biçin vaxtı köynəyimiz yaş idi,

Zülüm orda özün günə verərdi.
Biz kalxozun anbarına keşikçi,

O da bizlə qaravulda durardı.

Biz kotançı, biz naxırçı, biz işçi,

Zülüm gözlər bizi, yolda durardı.
Harda olsaq o, bizimlə tuş idi.

Hərdən rəhmi vardı bizi yoranda.

Hə, o çobanalladan bir quş idi,

Qorxuzardı bizi alatoranda.
Ah, bu zülmün ümidi də bir xəta,

Mələk olub üzümüzə gülərdi.

Oxşayırdı saçımızı yuxuda

Qaranlıqda yaşımızı silərdi.
Nə olsun ki, qılınc idi, sərt idi,

Atsa bizi lap dəyirman çarxına.

Dar ayaqda zülüm yenə mərd idi

Tək ölümü buraxmazdı yaxına.
Əcəl gəlib öz həddini aşanda,

Dadımıza o çatardı yenidən,

Balıq kimi ağzımızı açanda

Suya salıb yaşadardı yenidən.
O deyirdi aclıq olsun - kef olsun,
1   2   3   4   5   6   7   8   9   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə