Musa yaqub payiza baxiram şeirlər (seçmələr) Bakı “Araz”-2010




Yüklə 2.55 Mb.
səhifə5/18
tarix23.02.2016
ölçüsü2.55 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   18

BİR ELLİ DAĞLAR
Qafqaz elimizin uca başıdır,

Dünyanın yonduğu heykəl daşıdır.

Yerin həməsiri, göyün yaşıdı

Yer burda saxlayıb dağ karvanını,

Tapıb öz elini, öz ünvanını.
O da ocağımız - Babadağımız,

Daşına iz salıb əl-ayağımız.

Ayağında Şeykəm - cənnət bağımız;

Səlim Soltanı var, Qurbangahı var,

Elin öz inamı, öz pənahı var.
Şimşəyi çaxandı, suyu axandı,

Havaxan doğrudan havada xandı.

Əsəd qayası da ona baxandı;

Birinin başında bulud tayası,

Birinin döşündə ayın ziyası.
Bir elin obası Ağcabərədə,

Dağkəli oynaqlar Toğludərədə.

Durub Qara dağın ovu bərədə;

Hər qaya bir sürü dağkəli saxlar,

Hər daşı tufanlı bir yeli saxlar.
Qızılqayadandır Hacılar yolu,

Gedənin üfüqə açılır yolu.

Enişi-yoxuşu möcüzə dolu;

Qayalar içində yaşıl talası,

Uyuyur Göy-gölün bir cüt balası.
O da Bazardüzü - zirvəsi meydan,

Hər səhər qarında gümüşlənir dan.

Çiyin-çiyinədir neçə pəhləvan;

Şahdağın qoynunda Sənəm yaylağı,

Nə Sənəm qocalar, nə də Şahdağı.

1986
XƏQANİYƏ OXŞATMA
Bir qaya çatında bitən ağacam,

Bir vələs, bir palıd, bir qarağacam!


O tufan, o payız sonra o dözüm,

Nələr çəkdiyimi bilmişəm özüm.


Torpağım min olub, özüm bir gilə,

Beləcə gəlmişəm dünyamızgilə.


Sonra taleyimlə verib qol-qola,

O daş cığırımla çıxmışam yola.


Elə öyrənib ki, ağzım acıya,

Yoxdur ehtiyacım şirinbacıya.


İndi süfrəmizdə duzdu, çörəkdi,

Qonşuya getməyim nəyə gərəkdi.


Bu da bostanımdır şamama, küdü,

İki sözüm varsa özümünküdü.


Görürəm öz yoxuş, enişlərimi,

Yada bənzətmərəm yerişlərimi.


Çox zülm çəksəm də zorun əlində

Amma zorla şeir yazmamışam mən


İlahi, sən yazmaq xətrinə yazmaq.

Məni gözdən salıb eyləmə yamaq.


Təptəzə fikrimi hər şeydən qabaq,

Köhnə tərəzidə çəkirəm ancaq.


Dövlətim budur ki, öz bulağımdan

İçirəm, qorxum yox qurumağından.


Sözümüz xəlbirdən keçdi bir sayaq,

Zamanın ələyi ələnəndə bax…


Hələ vaxt üz saxlar, gör neylər bizi

Zamanın amansız ölçü-biçisi.



1983
BİR GÜNAH SƏNİN, BİR GÜNAH MƏNİM
Bir gözün mən əydim, bir gözünü sən,

Niyə narazıyıq bu tərəzidən?..

Sən çeşmə qurudan, mən ağac kəsən

Bir günah sənindir, bir günah mənim.


Bu südə su qatıb hərə bir qaşıq,

Arını şəkərə dadandırmışıq.

Bazarın yağı şor, balı qarışıq

O mətah sənindir, bu mətah mənim.


Söz sözə gələndə sən nəfsi qıran,

Mən dünya malına göz yumub duran.

Amma ayrılıqda daşı da yaran,

Bir tamah sənindir, bir tamah mənim.


Görürük bu silah vurmur hədəfə,

Vurmur, ha atırıq mininci dəfə.

Əlimiz dolaşıb düşüb kələfə,

Bu əl gah sənindir, bu əl gah mənim.


Qoyma yalanımız qalxsın ayağa,

Hay deyirik, haya gəlmirik, qağa.

Sözü güləşdirib, əhdi danmağa,

Bir vallah sənindir, bir vallah mənim.


Yamanca ustayıq hər ehtiyatda,

Dostluq şirnisi də dilimiz altda.

Amma yaman günə əlimiz altda

Bir silah sənindir, bir silah mənim.


Ömür təsəllidi, ümid sabahdı,

İndi öz xeyrinə çoxu agahdı.

Hərə dolanışa bir cür nigahdı,

Bir nigah sənindir, bir nigah mənim.


Orda bulanıq su hopur torpağa,

Burda üzə çıxıb dönür bulağa.

Hələ ki, vaxtımız var durulmağa,

Bir sabah sənindir, bir sabah mənim.



1985
KARUSEL
Hayandan əsdi bu soyuq yel,

Belə boz,

belə sərt havada

Fırlanır karusel;

Fırladır məni də boş yerə.

Fırlanır bu nəhəng kirkirə,

Verməyə unu yox,

Çəkməyə dəni yox,

Saxlamaq yönü yox,

Fırlanır…


Qalxmışam, enmişəm,

Bilməyib minmişəm,

Yoruldum,

Qoy düşüm.

Vaxtını kim yazıb gedibdir,

Düyməni kim basıb gedibdir.

Havayı işləyir sayğacı

- Ay adam,

Ay qardaş, ay bacı!

Sən bas o düyməni

Havada fırlanan

Bu köhnə xəlbiri,

Ələnən ələyi dayandır.

Üzümə çırpılan

Bu soyuq küləyi dayandır.

Sağı yox, solu yox,

Çatacaq mənzili,

Keçəcək yolu yox.

Vallah, bu karusel veyildi…

Çənəsi laxladı,

Dişləri yeyildi;

Bu nəhəng kirkirə

Fırlanır boş yerə

Qalxmışam, enmişəm,

Bilməyib minmişəm,

Yoruldum,

Qoy düşüm.

Eh, uşaq deyiləm aldanım

Damarda fırlanır al qanım,

bəsimdir


Ay özü hərlənir başımda,

Fırladır yer məni

bəsimdir!
Budaq yox yapışım

Meydan yox çarpışım,

döyüşüm,

Boğuldum bu azad qəfəsdə…

Ürəyim! Ürəyim, ürəyim!

Qoy bu son nəfəsdə,

qoy düşüm.

Qalxmışam, enmişəm,

Bilməyib minmişəm,

Qoy düşüm, ölməyə

qoy düşüm.

1980
MƏN HEÇ BU DÜNYADAN RAZI QALMARAM
Həyatla otursam min il diz-dizə

Yenə də əcəldən salam almaram.

Olum da, ölüm də haqq işidirsə,

Mən heç bu dünyadan razı qalmaram,


Nədir könlümdəki bu gizli üsyan -

Mən dərə bilmədim o çiçəkləri.

Şüşə ürəkləri sındırmaq asan,

Sındırmaq olmursa daş ürəkləri,

Mən heç bu dünyadan razı qalmaram.
Dərya incisini gizlədir hələ,

Amma çör-çöpünü çıxarır üzə,

Alıb mərdini də, namərdini də

Bir süfrə başında yedizdirirsə

Mən heç bu dünyadan razı qalmaram.
Mehri çox şirindir,

qəzəbi acı.

Necə qalım razı,

Dünyadan razı –

Bu boyda qəlb verib,

bu boyda arzu,

Amma ömür verib bir iynə ucu,

Bir iynə ucuyla neyləmək olar?

Dəryada damcıyla neyləmək olar?
Eh, bir göz dolusu, ürək dolusu

Sevgisindən doymaq olmayacaqsa,

Gedib bir mənzilə yetənə qədər

Yol-izindən doymaq olmayacaqsa

Mən heç bu dünyadan razı qalmaram.
İşığı çatmadı quzey ormana,

Bir ömrün günəşi batana kimi.

Tikdiyi yuvanın istisi cana,

Sevinci ürəyə çatana kimi.

Vədə yetəcəksə, vaxt çatacaqsa

Mən heç bu dünyadan razı qalmaram.


Yolları çox uzun,

Göyləri dərin,

Bir də Vətən verib

sevgisi şirin.

Heç bu şirinlikdən doymaq olmadı.

Bir göz qırpımında keçən günlərin

Xoşca anlarını saymaq olmadı.

Bir göz qırpımında neyləmək olar?

Bir qəlb çırpımında neyləmək olar?
Nədir o boşalan,

nədir o dolan?…

Bizi borclu salıb borcunu almaz,

Elə tələsdirər, xərcini almaz…

Nə biz borc verənik, nə o borc alan,

Könlüm bu dünyadan heç razı qalmaz.



1984
GƏLİB GÖRDÜM Kİ…
Nə elə ağac idi

Meşəyə bəzək olsun.

Nə elə baharlıydı

Pöhrəsi çiçək olsun.

Nə elə budaqlıydı,

Nə də elə gövdəli.

Qırılmışdı bir qolu,

Havadaydı tək əli.

Beli düyünlü, donqar -

Bu, taleyin qarğışı.

Ocaqlara qalanıb

Odlanmışdı koğuşu.

İçi kömür - qapqara,

Balta yaralarıyla

Gövdəsi para-para,

Yaman xoşum gəlirdi

Amma ki, bu ağacdan,

Elə ona baxırdım

Burdan keçdiyim zaman.

Bu qədər yaralarla,

Bu qədər intizarla

Yaşamaq olur demək.

Yarpaq da açmaq olur

Sınıq budaqla tək-tək.

Təpədən dırnağadək

Dözüm idi, tab idi.

Yaşamaq inadına

Başqa cür cavab idi.

Vaxtın hövsələsiydi;

Elə məndən ötrü də

Bir xoş ümid səsiydi.

Gərək heç gəlməyəydim,

Gərək heç bilməyəydim…

Gəlib gördüm ki, qəfil…

Başımda ildırımlar

Çaxıb keçdi elə bil.

Könlümün sınıq yeri,

Eşqimin yanıq yeri

Sızladı aram-aram.

Gördüm ki, yerbəyerdən

Yaman göynədi yaram.

Min heyif bu ağacdan!

Çox heyif bu dözümdən,

Mən də belə qalmaram.



1986
DÜŞÜN O KÜRSÜDƏN
Ey əldə ləngiyib, dildə quranlar,

A zəncir döyənlər, bizi yoranlar,

Yoldaşlar,

Qardaşlar,

Tufanlı başlar!

Bəsdir, o kürsüdən düşün aşağı,

Qurtaraq keçmişi müzakirədən,

Bu umu-küsüdən düşün aşağı.


Düşün o kürsüdən, çıxın bu zaldan,

Qurtaraq ölkəni ağır zavaldan,

Bir görək əkində-biçində nə var,

Bir görək sünbülün içində nə var.


Ocağımız yanır, ocaq dayanmır,

Şoranlıq bürüyür, sucaq dayanmır.

Bir görək çayımız hayana axır,

Bir görək yolumuz hayana baxır.


Qaldırdıq kürsüyə bütün ölkəni,

Nə yaman uzandı bu dil örkəni.

Nə yaman uzandı bu söz örkəni.

Düşün qəzetlərdən, ekrandan düşün,

Düşün bu aşkarlıq xorundan, düşün.

Bu giley-güzardan düşün aşağı,

Əmrdən, qərardan düşün aşağı.
İndi biçin vaxtı, yığım vaxtıdı,

İndi sürü vaxtı, qırxım vaxtıdı;

Bir görək sürümüz harda otlayır,

Bir görək bəndimiz harda partlayır.

Bir görək yolumuz düz çəkilirmi,

Yamaqlı asfalta üz çəkilirmi?


Bir çıxın, bir gəlin, bir gəlin yaxın,

Havaya, dənizə, torpağa baxın.

Min belə danışan kürsü də olsa,

Şikayət, min umu-küsü də olsa,

Min belə zal ola, min də məşvərət,

Bununla bir sünbül bitəsi deyil,

Əlimiz bir dənə yetəsi deyil.
Qaldırdıq kürsüyə bütün ölkəni,

Nə yaman uzandı bu söz örkəni,

Nə yaman uzandı bu dil örkəni.

Düşün bu avazdan düşün aşağı,

Bu çənə-boğazdan düşün aşağı,

İndi elə hamı tamaşaçıdır,

Elə bil işimiz acığa qalıb.

Ekran qarşısında, söz qarşısında,

Bir ölkənin ağzı açıla qalıb.

A məətəl qalanlar, çaşğın qalanlar,

A baş bulayanlar, haray salanlar,

Aşkarlıq xorundan düşün aşağı,

Düşün o kürsüdən, ekrandan düşün

Çıxın tamaşadan, çıxın bu zaldan,

Qurtaraq ölkəni ağır zavaldan,
Bir görək əkində, biçində nə var,

Bir görək sünbülün içində nə var.

Bir görək çayımız hayana axır.

Bir görək yolumuz hayana baxır.



May 1990
ÇƏTİNDİR
Bu qədər dolaşıq yollar içində,

Qədərsiz bu qeyli-qallar içində

Bir yolun yolçusu olmaq çətindir.

Bu qədər mütilər, qullar içində

Bir elin dərdinə qalmaq çətindir.
Bu qədər dolaşıq kələf içində

Bəlkə bir açılan kələfi görmək,

Bu qədər boz üzlü tərəf içində

Haqqın üzündəki tərəfi görmək,

Onun tərəfini tutmaq çətindir.

Bu kələf açılmaz diş-dırnaq ilə -

Cindar düyününü udmaq çətindir.
Hələ çox hədələr, hədlər var ikən,

Düzəngah yolunda sədlər var ikən,

Bu qədər hiylələr, fəndlər var ikən,

"Ha" keçir qabağa "mərdlər" var ikən…

İndi bir məsləkdə, inamda durmaq,

Duyğulu, şeirli məqamda durmaq,

Amansız yanında amanda durmaq,

İmansız yanında imanda durmaq,

Xeyirli gümanda qalmaq çətindir.

Vallah bir yaralı durnadır könlüm,

Bu qatı dumanda qalmaq çətindir.
Günəşim görünməz sabah içində,

Bu qədər rüşvətli tamah içində,

Bu qədər keçilməz günah içində,

Xeyrə yoldaş olub səvabı tutmaq,

Allahın ən yaxın bəndəsi kimi

Üzünə peyğəmbər niqabı tutmaq,

Bircə saatlığa, bircə anlğa

Müqəddəs zirvədə qalmaq çətindir.

Özündə bir özün olmaq çətindir.

Qarmaq yiyəsi də tordadı vallah,

Düşəndə görəcək qarmaq çətindir.
Nə aldıq bu qədər oyunlar üçün,

Oyunlar layladır qoyunlar üçün.

Bu yulğun içində, yovşan içində

Bu qədər diksinən dovşan içində

Dəyanət saxlamaq, qüvvət saxlamaq,

Dişini-dişinə sıxmaq çətindir.

Bu qədər quşqonmaz kol-kos yanında

Nə bilim, bir kövrək çiçək bitirmək,

Gül olub dünyaya baxmaq çətindir.

Qalıb haqq çırağım tufan içində,

Alışım çətindir, sönüm çətindir.

Yönümü tutmuşam el dərgahına,

El özü bilir ki, yönüm çətindir.

* * *

Çay hellənib bənddən çıxıb,

İlan cızdan, xətdən çıxıb

İnsan itaətdən çıxıb

Hərəsi bir yana gedir
Öz içində yanır hərə,

Dağ sökülür, dolur dərə.

Elə aldanıb ki, fərə

Tülküyə dərmana gedir.


Var kef yeri, xərac yeri,

Şum birinin əlac yeri.

Min əkənin qazanc yeri

Yığılıb xırmana gedir.


Kəsilib o gəl-getləri,

Yox vəzifə biletləri.

Yanımda qəssab itləri

Yalmana-yalmana gedir.


Fitnə-fəsad nədir, naşı!

Burax görüm bu savaşı.

Məhəbbətin cavan yaşı

Dövrü-Süleymana gedir.


BİR ANIN NAĞILI
Gecələr bu yerə pərilər gələr,

Yuyar saçlarını bulaq suyunda.

Torpağım, mənə də mərhəmət eylə,

Ölək qucağında, qalaq suyunda

X.Əjdər
Vaxt bir az qabaqda,

Bir az geridə,

Durmuşam elə bir ilahi yerdə;

Doğrudan bu dünya nağıl kimidir.

Sirri qapalıdır, bağlı kimidir.
Mən burda,

orda bir yarpızlı bulaq,

Bir quş xəlvətləyib bulaqdan içdi.

Qəfil nağıl kimi bu vaxt da keçdi.


Bu anın nağılı başqadır tamam,

Daha əlimizə düşməz bu məqam;

Bulağın bir daha o suyu dönməz,

O quşun dimdiyi o suya enməz,

Çeşmə də bu halda heç görməz məni,

Nə mənim, nə quşun, nə o çeşmənin

Saatı qayıtmaz nağıl kimidir.

Sonramız qapalı, bağlı kimidir.

Allahın da işi-gücü qurtarıb,

Gərək bu anımı sala sayğaca…

Bir bax o yarpağı düşən ağaca

O heç vaxt bürünməz belə libasa;

Hər anın bir ömür libası varsa

Hər keçən bir təzə nagıl kimidir,

Bu sirr qapalıdır, bağlı kimidir.

Bu günün sonuna qoyuldu nöqtə,

Sən o buluda bax yanır üfüqdə;

Əgər hünərin var o rəngi saxla,

O rəngdə qaynaşan ahəngi saxla.

Bilirəm, güzəştə gedilməyəcək,

Bu görünüş təkrar edilməyəcək.

Həmin o günəşlə, həmin o bulud

Daha həmin yerdə alışmayacaq.

Daha mənimçin də yanmaz bu ocaq.


Milyon ağaclıdır, milyon budaqlı

Bir anın gərdişi, bir anın nağlı.

Hə mənim də ömrüm nağılda nöqtə,

Bir qəfil rəng olub yandı üfüqdə.

Allahın da işi-gücü qurtarıb

Gərək bu anı da hesaba sala,

Gərək bu nöqtəni kitaba sala.

Doğrudan bu dünya nağıl kimidir,

Sabahı hələlik bağlı kimidir,

Ömrümün yaxası vaxtın əlində,

Vaxtımın xoşluğu baxtın əlində.

Oktyabr 1988
KƏLBƏCƏRLİ ŞAİR DOSTUM

ƏLİ QURBANOVA MƏKTUB
Babadağın salamını yetirim,

Bu salamı alasıdır Dəlidağ

Taxt-tacını xəyalıma gətirim,

Qalaçalar qalasıdır Dəlidağ.


Mən duymadım, mən baxmadım desələr,

İnanmayın bir baxışım bəs elər,

Ürəyimdə qayaları səs elər,

Canımda can qalasıdır, Dəlidağ.


Ayağı od, sinəsi gül, başı qar,

Od bulağı damarını oynadar,

Tale özü qazanını qaynadar,

Min boşalıb-dolasıdır Dəlidağ.


Şair Əli, o ocaqlar sönərmi?

Bu nə sözdü, könlüm sizdən dönərmi?

İnsan olan xırdalığa enərmi?

Bizlərə görk olasıdır, Dəlidağ.


Karvan gələ qapısını bağlamaz,

Hər ötəni yaddaşında saxlamaz.

Taxtdan enib keçidini yoxlamaz,

Şah oğlu, şah balasıdır, Dəlidağ.


Məmiş bildi, arzuladım Bəhməni,

Bir yol görüb kəsmədim xoş kəlməni.

Sücaətdən soruşmadı bəs məni?

Saçımızı yolasıdır Dəlidağ.


Sizdən dedi daşdan xəbər alınca,

O diyarda şer uca, söz uca.

Aranacaq Tərtər gəldi dalımcan,

Yanar qəlbə axar sudur Dəlidağ.



İyun 1984
QIZIL BALIĞIN SON MAHNISI
Su içində yana-yana,

Bu dəryada gəldim cana.

Aman bacı, aman ana,

Burax gedim Kürə məni,

Doğulduğum yerə məni.
Çay yuxarı qoşa-qoşa,

Büllurlaşa-büllurlaşa,

Gödək ömrü vuraq başa,

Biz ölməsək dirilmərik,

Qayıdıb bir də gəlmərik.
Çıxma bərə-bənd qarşıma,

Burax məni öz başıma,

Anam baş qoyan daşıma

Tapşırmağa can gedirəm.

İçimdə mərcan gedirəm.
Qayıdıb ilkimə gedim,

O büllur mülkümə gedim.

Üz tutmuşam kimə gedim?

Verin o çay yatağımı,

Sədəf daşı otağımı.
Anam hanı, bacım hanı?

Sular qırçın-qırçın hanı?

Söyüd, suda saçın hanı?

O saçlarda muncuqlarım -

Muncuqlanan pulcuqlarım?..
Görüm o axar-baxarı,

Üzüm gedim çay yuxarı.

Alın qarşımdan divarı,

Aman bu güc, zor əlindən,

Bənd əlindən, tor əlindən!
Bir nağıl var, yaddan çıxıb

O əvvəlki çaylar axıb.

Bizi də tordan buraxıb

Bir yaxşılıq eləyən yox,

Bizdən dilək diləyən yox.
Bu təzə dəbli dünyanın,

Bu dərin dibli dünyanın,

Qızıl pul cibli dünyanın

Çayı qızıl balıqsızdı,

Adamları qılıqsızdı.
Yaddaş itsə yolum itər,

O çay gümüş qolum, itər.

Sağım itər, solum itər.

Bənd qurtarır, bərə gəlir,

Bu nə sudur Kürə gəlir.
Razı olmaram ölümə,

Dözərəm bu kor zülümə.

Qoy gedim son mənzilimə

Atam yeri, anam yeri,

Ümid yeri, iman yeri.
Yad sularda, yad daşlarda,

Son ölümlə savaşlarda,

Biz gedərik, yaddaşlarda

"Qılıq balıq" nağlı qalar,

Bir ömür də bağlı qalar

Yanvar 1988
DAŞ YANIRMIŞ İÇİNDƏ
Daş altında qalan tumlar yanırmış,

Boz səhrada qara qumlar yanırmış,

Bu ocağı sönmüş bilən yanılmış,

Kül od tutub daş yanırmış içində.


Aman allah, hardan çıxdı bu axın,

Qabağını tutmaq olmaz, buraxın!

Hələ indi od püskürən bu dağın

Milyon illik yaş yanırmış içində.


Sən hər şeyin əsil boyasına bax,

Yumurtanın sarı mayasına bax,

Üstü quru pambıq tayasına bax,

Tüstülənib yaş yanırmış içində.


Ayağında sarmaşıqdan buxovu,

Lalələrin yenə yanır alovu,

Ey qəfəsim, al canımdan bu xofu,

Qəfəsdə də quş yanırmış içində.


Bu gələn sel ya dağıda, ya düzə,

Qalan ömrüm, gəl üzümə gülümsə.

Bu qapazlı baş dikələ bilibsə,

Öz-özünə baş yanırmış içində.


Bu mütillik bəlkə qanda qalmadı,

Dərd ürəkdə, yanğı canda qalmadı,

Axır ki, bu qılınc qında qalmadı,

Qın alışıb, qaş yanırmış içində.


Goru yandı çat-çat oldu çox məzar,

Neçəsinin deyilməmiş sözü var,

Çox demişik qeyrətdən boş adamlar,

Sən demə ki, boş yanırmış içində.


Can boğazda, dil ağızda dözdümü,

Söz deyirəm, bu azadə sözdümü?..

Axan yaşlar yanaqlarda gözdümü,

Gözümüzün yaş yanırmış içində.


Kötüyündən pöhrələndi çox vələs,

Lal danışdı, kar eşitdi əlqərəz,

Mən demişdim bu qara daş göyərməz,

Qar altında qış yanırmış içində,

Kül alışıb, daş yanırmış içində.

Mart 1989
QAYIDAQ…
Qurğumuzun mehr körpüsü yanmış,

Yüz dilli siyasət daha bəsimdir.

Bütün "izim"lərdən əvvəl yaranmış

Mənim inandığım "adəmizm"dir.

Sən mənə nə qarmaq atırsan, bala,

Yaxama ilişən neçə qıra var.

Lap belə gül kimi siyasət ola,

Onda da bir hiylə, bir iftira var.


Azadlıq dediyim haray kimidir,

Hər çay bir yol tapıb dağ arasından,

El-oba ömrü də o çay kimidir,

Onu çıxarmayın öz məcrasından.


A çay bulandıran, a torpaq bölən,

A sərhəd yaradan, nə olub axı?!

A nahaq öldürən, a nahaq ölən,

Nədir tökdüyün qan, nə olub axı?!

Bu nə vurhavurdur, nə ötür-ötür,

Rədd elə gözümdən bu inayəti,

Bir daha üstümdən bu hökmü götür.

Nəyimə gərəkdir,o daş-o çəki.

O torpaq səninki, bu da mənimki.

Ayə, adam oğlu, qoy yaşayaq da…

Bala, siyasətbaz, qoy yaşayaq da…

Yoxsa da öz qəmi olan dünyanı,

Bir toxumu ağac, bir dəni sünbül,

Bir sünbülü zəmi olan dünyanı


Daraldıb,

günümü qaraldan adam.

Bala, adam oğlu, nə istəyirsən?!

Getmə, insanlığa, inama qayıt,

Adəm dediyimiz adama qayıt,

Həvva dediyimiz anama qayıt,

Biz dost əllərini sıxdıq həmişə,

Mən namərd əlinə öyrənməmişəm.

Mən güllə səsinə, bomba felinə

Mən hiylə dilinə öyrənməmişəm.

Gəlin, yola çıxaq, bir gəlin yaxın,

Hələ bizimkidir bu yer, bu hava,

Yol üstə bu ölüm-itimə baxın-

Bu gözəl dünyamız insafa qalsa,

Ürəkdə məhəbbət ayağa qalxsa,

Ürəkdə ülviyyət ayağa qalxsa,

Bəlkə bir bənövşə kövrəkliyilə,

Nə bilim bir çəmən çiçəkliyilə,

Bir gül baxışıyla, yarpaq diliylə,

Mehr olsa, bir məsum uşaq əliylə

Dünyanı idarə eləmək olar.
Duyulsa, bir axşam həzinliyindən

Ürəyə min cürə mərhəmət dolar.

Aman, qıran ölkə, qırdıran ölkə!..

Kim bu həzin yağan ağ qara baxsa,

O hirs, o ədavət soyuya bəlkə…
Siz allah, o taya buluda baxın.

Qayaya göy necə söykənib durub,

Dünya qurğusunu nə gözəl qurub…

Həyat nəyi varsa verib bizlərə,

Qayıdaq o təmiz, kövrək hisslərə,

Qoy bir də boylanım köhnə izimə.

Tanrım qənim olsun bic siyasətə!
Sən allah, qayıdaq o "adəmizmə",

Siz allah qayıdaq ilk məhəbbətə.

Mən namərd əlinə öyrənməmişəm,

Mən hiylə dilinə öyrənməmişəm.



Dekabr, 1989
SAPI ÖZÜMÜZDÜN OLAN BALTALAR

Xalq yazıçımız İ.Şıxlıya
Hanı bu meşənin yaşıl qatları,

Dəmir ağacları, şah palıdları…

Sapı özümüzdən olan baltalar

Yaman kəsdi bizi, oğradı bizi,

Alıb özümüzdən doğradı bizi,
Öz ağrılarımız, acılarımız,

Balta sapı olan ağaclarımız

Bəlkə pasımızdın, paxırımızdan,

Bəlkə nəfsimizdən, paxılımızdan,

Bir ağac yalaqdan,

Bir tərs calaqdan,

Bəlkə içimizə düşən alaqdan

Göyərib, çoxalıb günün birində;

İçib suyumuzun duru yerindən

Yaman sıxdı bizi, qurutdu bizi

Bir-birimizdən soyutdu bizi.
Palıdı, çinarı siftə doğradı,

Bizi kötüyümüz üstə doğradı,

Sapı özümüzdən olan baltalar.
Sapımıza keçən boğazımızdı,

Başımıza dəyən qapazımızdı,

Yolumuzu kəsən doqqazımızdı

Sapı özümüzdən olan baltalar.

Aman, qıçımızı sıxan məngənə!

Aman, döşümüzü döyən xaltalar!

Bu nədir, düşmüşük kimin felinə?!

Bu sapı vermişik namərd əlinə,

Bu sapı vermişik özgə əlinə,

Əlimiz kəsilir öz əlimizlə,

Dilimiz kəsilir öz dilimizlə.

Sapının ucunda qızıl örtüyü

Tiyəsi altında cəllad kötüyü

Kəsdi başımızı, yaşılımızı

Sapı özümüzdən olan baltalar.
Gərək öz kökündə qaynasın qanın,

Gedib özgəsinə tapınmaq olmur.

Sapı özümüzdən olan baltalar

Heç cür qaçmaq olmur, sapınmaq olmur,

Düşmən əskik olmur qapıdan, haray!

Sapı özümüzdən olan baltanın

Tiyəsindən haray, sapından haray!

Haray dərdlərimiz, acılarımız,

Balta sapı olan ağaclarımız!

Oktyabr 1989
AŞKAR BU GÜNÜMDƏN…
Aşkar bu günümdən dünənə baxdım,

Gah özümə baxdım, gah sənə baxdım,

Baxdım o ixtiyar sahiblərinə,

Həmin sahiblərin rahiblərinə,

O itaətlərə, o hökmlərə,

Kiçik "allah"lara, o hakimlərə;

Baxdım,

yaxşı ki, o yıxdı-yıxdıda,

Elə boğhaboğda, gözümçıxdıda.

Görmək vərdişində gözümüz qalıb.

O qədər dolaşıq yollar içində

Nə yaxşı bizə də yol qoyubdular,

Məndə yaşamağa hal qoyubdular;

Vallah qoymazdılar

qoymasaydılar,

Hərdən özlərinə uymasaydılar.

Mən o şəhlarımdan yaman razıyam

O "allah"larımdan yaman razıyam -

Göy bütün, yer bütün, məmləkət bütün,

Uymuşdu iblisə bu millət bütün

Yaxşı ki, mənə bir yuva veriblər,

Havayı almağa hava veriblər.

Vallah verməzdilər,

verməsəydilər.

O günün qırmızı yalanlarına,

İçi boş o hava balonlarına,

O tərifçilərə,

təltifçilərə

Baxdım ki, dilimin tərifi yoxdu.

Üzümün ikinci tərəfi yoxdu.

Dilimdə onlara tərif olmadan,

Üzümdə o biri tərəf olmadan

Yaxşı ki, qalmışam tələf olmadan,

Onun qəzəbindən bunun zorundan,

O hiylə torundan yaman razıyam.

Daha nələrimdən və kimlərimdən,

O hakimlərimdən yaman razıyam.

Fəqət çoxumuzu yıxdı o dərdlər,

Aman o hədələr, aman o hədlər!

"Mənəm-mənəm"lərin, o "mənim"lərin,

Hər cür azadlığa o qənimlərin

Zorundan çıxdımmı mən birdən-birə;

Ən hündür ağacdan dəyəndə yerə

Pencəyim ilişib haça budağa

Sallanıb təzədən qalxdım ayağa…

Alovdan çıxana, oddan çıxana,

Ağac koğuşunda yaddan çıxana

Yamandan qaçana oxşayıram mən.

Ölçü-biçilərin itdiyi yerdə,

Dövrün ilan yolu getdiyi yerdə

İlandan qaçana oxşayıram mən,

Yalandan qaçana oxşayıram mən.

Yaxşı ki o ağac koğuşu varmış,

Mənə göz qoyanın yaxşısı varmış.

O boyda ixtiyar sahibkarları

Yaxşı ki, bizə bir yol qoyubdular

Məndə yaşamağa hal qoyubdular.

Vallah qoymazdılar

qoymasaydılar,

Hərdən özlərinə uymasaydılar.

Mən o şəhlarımdan yaman razıyam

O "allah"larımdan yaman razıyam.



Dekabr 1989
1   2   3   4   5   6   7   8   9   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə