Musa yaqub payiza baxiram şeirlər (seçmələr) Bakı “Araz”-2010




Yüklə 2.55 Mb.
səhifə4/18
tarix23.02.2016
ölçüsü2.55 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   18

TƏRƏZİ
İndi də yadıma salıram hərdən,

O asma, taxtagöz tərəzimizi.

Bir gözündə alma, bir gözündə dən,

Çəkidən arxayın salardı bizi.


İpi düyün-düyün, taxtası çat-çat,

Amma gəl qızıl çək, səhv eləməzdi.

Ortağı onunla böldü bir elat,

Ev-ev, qonşu-qonşu əllərdə gəzdi.


Eh, o tərəzidə min cürə varla

Göz ki, boşalırdı, göz ki dolurdu;

İrili, xırdalı yumurtalarla

Toyuq günahını çəkmək olurdu.


Çəkdiyinə möhür basılmışdı ki,

Mis kasa, mis nimçə - budur çəkisi.

İplə boğazından asılmışdı ki,

Nə varsa düzünə, haqqına çəksin.


O da ömür idi, qayğısı min-min,

Baxardı zamana, vaxta gözləri.

El kasad olanda tərəzimizin

Üşüyüb ağlardı taxta gözləri.


Yəqin ki, üşüyüb ağlamaz indi,

Ağlayan gözü yox, danışan dili.

O bir xatirəydi, könlümdə dindi,

Bağlandı bazarı, ötdü mənzili.


Bəlkə hər çəkisi bir haqq sözüydü,

Onunla seçərdik yaxşı, pisi də.

Köhnə tərəzimiz elin gözüydü,

İndi şey çəkilməz o tərəzidə.



Fevral, 1980
YAŞIDLARIM… YAŞILLARIM…
Çoxdan bu cığırla qalxmamışdım heç,

Çoxdan Canalıya güzar eyləyib

Yaşıl sərgisində baxmamışdım heç.

Salam, a tək qanad qoca göyrüşüm,

Qoy bu ağaclarla bir-bir görüşüm;

Solanım, qalanım, a yaşıllırım,

Salam, a dostlarım, a yaşıdlarım,

Yaşa dolmusuz ki, əməlli-başlı…


Yaxşıca köhnəmi, təzəmi gördüm,

Mən sizi görəndə özümü gördüm.

Ömrün budaq-budaq nərdivanında

Bir də ayaq-ayaq izimi gördüm.


O döngədə durub ötərdi şən-şən,

Bu vələs quruyub qaxac olub ki,

Odun daşıyanda şələm ilişən

Bu şiv əməllicə ağac olub ki…

Eh, sən də illəri vermisən yelə,

Ay Cökəm, bəzənib-düzənmə belə…

Ömrün hansı çağı qalıb yadında,

Görürəm sinəndə bir ah görünür.

Yarpaq daldasında, qabıq altında,

Ömür qırışların, vallah, görünür.


Sən yarpağa güc ver,

Mən də ki, dilə,

İndi bizi çox şey salar tamaha,

A zalım, bəzənib-düzənmə belə,

Bizə bu hoqqalar yaraşmır daha.

A Palıd,


Sən danış, nə deyir gedib-gələnlər,

Yüz yaşla görüşə bildin, eləmi?!

Axır ki, sənin də ağacdələnlər

Gövdənə girişə bildi, eləmi?!


Nə bilim, deyirik yeri düşəndə,

Guya ki, dərdi-sər qocaldır bizi.

Bəs bu gözəllikdə, bu dağ döşündə

Hardan gəlib tapıb qocalıq sizi.


Ömrümüz enişli-yoxuşlu yolda,

Görürsən yüz ili bir ana gedir.

Oturum qoy bir az bu daş stulda

Bir görüm bu dünya hayana gedir…



1982
SANA GÖR NEÇƏ BƏNDDİ
1

Aprel gəlib,

Bu dağlara bir də düşdü qar,

Payızda da daş qayalar

belə qar idi.

Payız qarı çiçəkləri

vurub qorxudar,

Dağda qarı

Gül-çiçəklər qorxudur indi.

1968
2

Şair –


Dünyadan bir ömür

qoparıb o da,

Gömülür torpağa

günün birində.

Yaratdıqlarında

yaşayırsa da,

Ölür yaranmışam

nəğmələrində.



1970
3

Çiçəyi saralıb,

yarpağı solsa,

Quru torpağından

alaq ətrini.

Qürbətdə vətənçin

yanar kim olsa,

Vətənin vətəndə

bilək qədrini.

1970
4

Deməyin qızıldır,

zərdir xəzəllər,

Günəştək nur verib

saçıla bilməz.

Torpaqtək bir çiçək

bitirə bilər,

Yarpaqtək bir daha

açıla bilməz.

1971
5

Könül duyğum

qanad açıb ilk yaza,

Bu qanadla

çox arzuya çataram.

Niyyətimdə

bir uçarı quşamsa,

Qismətimdə

relsə düşən qataram.

1977
6

Şerin son mənzili

dağlar dalında,

Biri zirvədədir,

biri dərədə.

Qayaya dırmanan

şerin yolunda

Ayaq izi də var,

cırmaq yeri də.

1977
7

Gah açar yolumu

yaşıl bir həvəs,

Gah qızıl balığım

dəryada itər.

Torpağa əkdiyim

sevgim göyərməz,

Daşda özbaşına

həsrətim bitər.

1978
8

Zaman çox yarpağı budaqdan salıb,

Sözdür, xatirədir keçəndən qalıb.

Hər batan günümü üfüqdən alıb

Bir qızıl atlıydı çapdı apardı.

Cavansan, ömrünün yazına uyma,

Şirindir dünyanın nəşəsi, doyma.

Sən elə bir gülü üzməyə qıyma,

Payız vurdu, yıxdı, çapdı apardı.
İSMAYILLI ZƏLZƏLƏSİ
Bəlkə suyu döndü, çarxı ilişdi,

Bu nə zəlzələdi, nə titrəyişdi?!

Bəlkə bir dağ uçur, bir dərə dolur?!

Yerimiz yenidən yerbeyer olur?!


Yerimiz yenidən yerbeyer olur!

Eh, yoxsa bizimlə nə cəngi varmış.

Sən demə, hələ yer tərəzimizin

Ağır yüngülü var, pərsəngi varmış.


Ağır-yüngülünü düzəldir hələ,

Bəlkə qarı artır, yağışı artır.

Milyon-milyon yaşlı cavan dağımız

Qocalır, alnının qırışı artır.

Qırışı yenidən yerbəyer olur,

Dağ-daşı yenidən yerbəyer olur.


Bu göy ağasının, yer ağasının

Ömründən bir yarpaq saralıb düşür.

Tikişi açılır daş yaxasının,

Bəlkə bir düyməsi qırılıb düşür.


Yerimiz yenidən yerbəyer olur,

Düzəliş aparır öz qurğusunda,

Yəqin yorğun düşüb qış yuxusundan.

Qıçını uzatmaq istəyib bir az,

Torpağım, bu boyda zarafat olmaz!
Heç əvvəl bilməzdik harda durmuşuq,

Ömür yuvamızı harda qurmuşuq.

Lap əməlli başlı bizi ayıltdı,

Divarlar titrədi, getdi-qayıtdı.

O uzun dekabr gecələrində

Oyaq gözümüzdə gecə də yatdı.


Baxdıq yolumuza, cığırımıza,

Bir də ayağımız altına baxdıq.

Bir az qorxu-hürkü dadına baxdıq.

Həm də el-obanın, qohum-qonşunun

Doğmasına baxdıq, yadına baxdıq.
Ağrı-acımızı sınadı bir az,

Həyət-bacamızı sınadı bir az.

Baxdı tabımıza, bərkliyimizə,

Yoxladı bir az ev-eşiyimizi,

Yerimiz yerində sınadı bizi.
Neçə mərd igiddə, yer övladında

Gördük mətanəti, gördük qüdrəti.

Həm gördük qorxağı, həm kəmfürsəti,

Həm burdan baş alıb qaçanı gördük.

Həm bura quş olub uçanı gördük.

Yenidən tanıdıq bir-birimizi,

Yerimiz yerində sınadı bizi.
Qeyrət qanımızda qopdu zəlzələ,

İtdi dilimizdə bir qorxu adı.

Biz öz hayımıza çatmamış hələ,

Gördük ki, bir ölkə hayımızdadır.


Yanır pəncərəmiz, gur çırağımız,

Bir də qurub-tikmək yarışı artdı.

Heyif ki, qocaldı cavan dağımız,

Alnında bir ömür qırışı artdı.



Yanvar, 1982
GÖYƏRÇİNLƏ UÇMAQ OLMUR
Zəlzələdən göyərçinlər

İsmyıllını tərk edib getdilər.
Qanadlılar qaçdı getdi,

Göyərçinlər uçdu getdi.

Hardasa

yuva qurub,

yuva hörüb

yaşayırlar…

Göyərçinə-quşa nə var?..
Göyərçinlər uçdu getdi,

Göyərçinlə uçmaq olmur.

Təyyarədən qanadımız olsa belə

Uçmaq olmur.

Vətən adlı, torpaq adlı

Bir sevginin sərhədini

Keçmək olmur, aşmaq olmur.
Lap deyək ki, ev-eşiyi

atıb gedək,

Balamızın

Gül əlləri əlimizdə,

Bir balaca

Yükümüzü tutub gedək;

Ömrümüzü-günümüzü

neyləyək bəs?

El-obaya bağlı qalan

Könlümüzü neyləyək bəs?

Başdan-başa ömür olan

Bu dağları, bulaqları,

Yamacları, ağacları

neyləyək bəs?


Necə uçaq,

Necə qaçaq?

Zəlzələli doğma ocaq,

Dar gündə nə şirin olur!

Xoş günü bir yana qalsın,

Zülümündən qaçmaq olmur.

Ölümü də doğmalaşır,

Ölümündən qaçmaq olmur.

Vətən adlı, torpaq adlı

Bir sevginin sərhədini

Keçmək olmur, aşmaq olmur.

Nə yaxşı ki,

Biz göyərçin deyilmişik.

Nə yaxşı ki, uçmaq olmur,

Nə yaxşı ki, qaçmaq olmur.

Fevral, 1982
SƏHƏR ŞƏFƏQİNƏ DÜŞƏN DURNALAR
Süzüb qanadından dumanı, çəni,

Yarıb qaranlığı, keçib gecəni,

Keçib iki bulud arasındakı

O tənha, qurama göy küçələrdən,

Bir qara buluddan şütüyüb çıxıb

Sıyrılmış qılınc tək parladı birdən

Səhər şəfəqinə düşən durnalar.
Səhər şəfəqinə düşən durnalar

Şəfəqlər içində şəfəqləndilər.

Birdən qanad-qanad çiçəkləndilər;

Birdən də göylərdən endilər qəfil,

Müqəddəsləşdilər, mələkləndilər

Səhər şəfəqinə düşən durnalar.


Göylərin naxışı, göylərin zəri

Deyəsən qalxırdı lap ərşə kimi.

Uçan durnaların girdə gözləri

Yanırdı şəfəqdə bənövşə kimi.

Qamaşır, qırpılır o bənövşələr,

Həmin o qırpımda, həmin o səhər

Göylərin bənövşə yuxularında

O qatar çimirdi, xumarlanırdı.

Yastı dimdikləri bir an içində

Hərdən közərirdi, hərdən yanırdı.


Səhər şəfəqinə düşən durnalar

Uçurdu, uçurdu, yenə uçurdu.

Od kimi alışan, gün kimi yanan

Taya buludları alıb qucurdu.

O uzun yolların əzablarnı

Sonra gilə-gilə əridirdilər.

Yorğun haylarını-haraylarını

Elə bu şəfəqlə kiridirdilər

Səhər şəfəqinə düşən durnalar.
Şəfəqlərə ümid olmasa idi,

Səhərlərə ümid olmasa idi,

Durnalar neylərdi,

Biz neyləyərdik?!


Üfüqü qalayan qızıl dan idi,

Göylər damar-damar qızıldan idi…

O qızıl yollarda gümüş bir xəyal…

Durnalar uçurdu, uçurdu xoşhal,

Uçurdu, uçurdu, yenə uçurdu,

Taya buludları alıb qucurdu

Səhər şəfəqinə düşən durnalar.

Sentyabr, 1982
PAYIZA BAXIRAM
Bu gün duyğum oyaq, düşüncəm oyaq,

Bu gün çox arxayın, çox soyuqqanlı,

Bir az dərdi-sərdən, qayğıdan uzaq

Dayanıb beləcə payıza baxdım.

Baxıram…

Payızın nəyi olacaq?-

Ələnən ələyi,

Solan çiçəyi,

Soyuyan torpağı

Düşən yarpağı.

Ayaqlar altında xəzəl o ki var,

Tapdayır adamlar, keçir adamlar,

Hə, bax, o gedəndi, o da gələndi…

İki cavan baxır biri-birinə

Bir də belə baxa bilməyəcəklər,

Necə ki, mən durub baxıram indi.

Yəqin ki, indiki vaxtın yerinə

Heç vaxt belə baxmaq olmayacaq, yox.

Yəni o su gəlib bu arx dolacaq,

Amma bu su ilə doymayacaq, yox.

Orda bitməyəcək o solan çiçək,

Torpaq o xəzəli ayıltmayacaq.

Düzdür, hələ min-min payız gələcək,

Amma heç bu payız qayıtmayacaq.

Həyat qəribədir, yaman qəribə,

Həm düşməyib, həm də düşüb qəlibə.


Dayanıb baxıram, bu qoca dünya

Doğrudan heç günah dünyası deyil.

Zər-ziba, nə bilim yığıb toplamaq,

Bu dünya heç tamah dünyası deyil.

Bu əsəb, bu qəzəb, bu nifrət, bu kin,

Bu döyüş, bu silah dünyası deyil.

Yamanlıq eləmək dünyası deyil,

Nə bilim, bu mənim, hə, bu da sənin -

Ya qarın, ya yemək dünyası deyil.

Ömrün işi böyük, uca, qəribə,

Həm düşməyib, həm də düşüb qəlibə.

Bu dünya, bu dünya…

Qurtardı sözüm,

Özüm dediyimə mat qaldım özüm.


Budaqlar içindən çıxıb qəfləti,

Yox, çinar yarpağı deyil o düşən;

Məhsəti xanımın tanış surəti

Gördüm ki, payıza baxır pərişan.

Bəlkə də o baxır, mənəm sehrdə;

Onun da payıza baxdığı yerdə,

"Fələyin damından ucaldı bir səs;

Bu dünya bir saman çöpünə dəyməz".



Noyabr, 1983
O MƏN ELƏ ÖZÜMƏM…
Vaxt var ikən yetmədim o murada,

Gül içində çaşıb qaldım çəməndə

Səhv elədim, mən qalmışam piyada,

Öz arzumu mindirmişəm səməndə.


Başım üstə bir tayacıq buluddu,

Ötən durnam daha məni unutdu.

Şeh otları köynəyini qurutdu.

Al günəşin tellərini əməndə.


Çox gəminin küləklənib yelkəni,

Bu dünyanın çox uzundur örkəni.

Hörüyünü qırıb qaçan ürgəni

Bir tük ilə vaxt salacaq kəməndə.


Şah dağının başı salamat deyil,

Piyada dağ nə şah, nə də mat deyil,

Şerimdəki lirik mənlər yad deyil

Bu mən elə mən özüməm o məndə.



İyul, 1983
BİR YAZ GECƏSİNDƏ
Bu gecə göylərdə durna sorağı,

Səma zolaq-zolaq zər içindədir.

Eyvanda bir kisə dibçək torpağı,

Gördüm ki, buğlanır, tər içindədir.


Bildim ki, bu gecə torpaq da yatmaz,

Sığmaz qabığına tumlar bu gecə.

Çaylar da pərvazdır, daşlar da pərvaz,

Bəlkə rişələnir qumlar bu gecə.


Hələ qış yuxusu qalıb yadında,

Yaşıl kipriyini hey qırpar əkin.

Binalar altında, yollar altında

Yatan torpaqlar da diksinər yəqin.


İndi ki, nəfəsi isinib yerin,

İndi ki, gecəni göyərdir bu yaz,

Yəqin ki beynimdə hüceyrələrin

Ölümü dayanıb, ləngiyib bir az.

Çiçəklənmək olar, gül açmaq olar,

Bu yaz gecəsində qocalmaq olmaz.


Qan vurur beyninə, çırpınır tənək,

Yarpız düymələnib yayılır bağa,

O meşə talası döşündə çiçək

Çıxacaq sabahı qarşılamağa.


Min göz var ağacın hər calağında,

Sabah bu gözlər də çiçəklə dolar.

Qoy düşüm, dayanım arx qırağında,

Bu quru eyvanda bitməkmi olar?


Bu yaz gecəsində çöl-bayır oyaq,

Bu gecə baharla könlüm şərikdir.

Bu gecə bir ağac, bir yamac olmaq,

Bu gecə çöl olmaq bəxtəvərlikdir.

Bu gecə göl olmaq bəxtəvərlikdir.

Bu gecə baharla qol-boyun olub

Sabaha yol almaq bəxtəvərlikdir…

Aprel, 1979
1983
1983-cü il 30-31 dekabrda İsmayıllıda

beləcə güclü tufan oldu.
Hardan idi onda bu güc,

Nə qəzəbli qoca imiş

bu səksən üç.

Bir də gördü

Günlərini yel apardı,

Gözləini yumub-açdı,

Bir də gördü dekabrdı,

son günüdü…

Gedəsiydi,

Amma getmək istəmədi

birdən-birə.

Hey özünü

Tufan-tufan, külək-külək

Vurdu göyə, vurdu yerə.


Dağdan, daşdan,

O ağacdan, bu ağacdan

Yapışdı bərk.

Küləyindən əsdi fələk.

Palıdları,

Çinarları yıxdı o güc.

Nə qəzəbli qoca imiş

bu səksən üç.


Ha vurnuxdu, ha çarpışdı,

Torpaqdan da bərk yapışdı;

Əkinlərdə şırım açan

Onun nəhəng caynağıydı.

Ömrümüzün

Yaman güclü yarpağıydı

bu səksən üç.
Belə külək əsməsəydi

Budağından düşməzdi heç.

Ha səyirtdi yel atını,

Ordan çapdı bu tərəfə,

Burdan çapdı o tərəfə.

Bir də gördü yolu yoxdu

Dekabrdan o tərəfə.
Alnı oldu qırış-qırış,

Gördü daha

Tarixlərə gedir adı…

Eh, bu qədər hay-həşirlə

Öz yolunu bircə qarış,

Öz ömrünü bircə saat

Uzatmağı bacarmadı.
Beləcə süst qalıb düşdü,

Qanadını çalıb düşdü.

Qaldı gücsüz, qaldı yetim…

Bu tufanla

Cavanşirin qalasına

Möhür vurmaq istəyirdi -

Yəni mən də gəlib getdim…
Necə olsa üsyankardı,

o da vardı…

Xatırlarıq

O qəzəbli qocamızı,

O son günü, o son gücü…

Ömrümüzdən

Qopub düşmək istəməyən

Qocalıqda ayıq düşən

Min doqquz yüz səksən üçü…

30-31 dekabr, 1983
HAQLIDI… HAQSIZDI…
Bu İraqdı, bu İrandı,

O durandı, bu vurandı,

Bu vurandı, o durandı,

bilmirəm.

Bu İraqdı, bu İrandı,

O haqdı, bu nahaqdı,

bilmirəm.

Haqqında yaranıb İraq,

Haqqına yaşayır İran -

Bir-birini viran qoyanlar

haqsızdı.

Fitva verənlə,

Fitvaya uyanlar

haqsızdı.

Haqlıdı yaşayır

Kəndləri, şəhərləri.

Haqqına uzanır

Neft kəmərləri;

Torpaq gülür çəmən-çəmən,

Tala-tala haqlıdı.

Təptəzə şum yeri,

Kotan, mala haqlıdı.

Tanklar, toplar,

Tüfənglər, güllələr haqsızdı.

Sünbüllü əllər haqlı

Qanlı əllər haqsızdı.

Dayan görüm,

A İran əfsəri,

A İraq əsgəri,

Torpağın nə günahı –

Torpağın əli yaraqsızdı.

Bəsrəyə bir qanlı lələk düşdü

Vidadinin "Durnalar"ından…

O iraqlı bir anadı,

Bir bayatı qanadı

dodaqlarında.

Abadanda divarlar da ağladı

Bir gəlinin yas otağında.

Nə bu torpaqsızdı

Nə o torpaqsızdı.

Min arı bir pətəkdə,

Min-min qarışqa bir yuvada,

İnsan oğlu vurhavurda,

Öldürhaöldürdə, davada.

Şöhtələrəb çayından

su tökün


Söndürün bu qəzəbi, bu qərəzi.

deyir bu davaya görəsən

Sədi Şirazi,

Bir şərq müdriki nə deyir?

Nə deyir haqsız şər,

Nə deyir haqlı xeyir?..



Sentyabr, 1982
BİR İCLASIN TƏƏSSÜRATI
Nahaq sözə quzu kimi dözmüşük,

O danlaqlar, o qınaqlar nə idi?!


Sərçeşməni bulandırıb özləri,

Bizi yeyən yalquzaqlar nə idi?!


Hanı ölçü-biçisi yox bu zalın,

O divansız lap nahaqlar nə idi?!


Söz altında tərləyən daz kəllələr,

Qanı daman o qulaqlar nə idi?!


Eyham üçün bir-birini tapdayan

Stol altda o ayaqlar nə idi?!


Çəpik çalan əllər həvəsdəydisə,

Od gəmirən diş-dodaqlar nə idi?!


Özlərini yatmış kimi göstərən

"Gözübağlı" o oyaqlar nə idi?!


Zalda yazıq "arvadlaşan" kişilər,

Asılqanda o papaqlar nə idi?!


Əli süddə, ağzı bozda qalanlar

O çıxışçı yapalaqlar nə idi?!


Xırda-xuruş tərifçilər bir yana,

Sinisifət şit yaltaqlar nə idi?!


Yarəb, bizi yad nəfəsdən hifz elə,

Vur, vur deyən cır qonaqlar nə idi?!


O rəyasət stolundan qopulub,

Bizə dəyən çarpanaqlar nə idi?!


Bir balaca baş qaldıran başlara,

Qəfil dəyən şapalaqlar nə idi?!



Mart, 1982
BİRDƏN BU İŞLƏRƏ QARIŞAN OLAR
Yenə bu dünyada ölçü-ülgü var,

Qarışqa yükü var, dəvə yükü var.

Özündən ağır yük çəkə bilsə də,

Bir yolu min dəfə gedib-gəlsə də,

Zəhməti çoxsa da,

Dili yoxsa da

Bu yükü qarışqa adına yazma.

Salıb günümüzün hesabatına,

Yazma bu yalanı onun adına.

Kimsə öz içində boğmaz səsini,

Gətirib araya daş-tərəzini

Birdən bu işlərə yarışan olar,

Birdən bir haqq-hesab soruşan olar,

Sonra danışmağa dilimiz olmaz.

Birdən qarışqalar üzə durarlar,

Kəsilər yolumuz, yolumuz olmaz.


Yox, yox, torpağın da adına yazma,

Salıb günümüzün hesabatına

Yazma bu yalanı onun adına.

Torpaq nə qələmdi, nə də yazıdı,

Torpaq bərəkətdi, torpaq ruzudu,

Anadır, kiridir bütün bəşəri.

Anamız adına yazma bu şəri,

Ruhumuz adına yazma bu şəri.


Bir qarış bu qədər sünbül bitirməz,

Elə necə gəldi vədi buraxma.

Vallah, bu yalanı torpaq götürməz,

İnsan dözə bilir, insana baxma.

Bu şəri sünbülün adına yazma,

Bu şəri zəminin adına yazma,

Bunu şöhrət bilib, yüksəliş bilib,

Sonra bu yalanı döşündən asma.


Anbar oğrusunun vardı təhəri,

Onda da nə quru, nə də yaş qalıb,

Torpaq yalançısı çıxandan bəri

Anbarın ehtiyat gözü boş qalıb.

Bu şəri anbarın adına yazma,

Anbar bərəkətdi, yalan götürməz.

Xırmanın adına yazma bu şəri,

Vallah, bu yalanı xırman götürməz.

Birdən bu işlərə qarışan olar,

Birdən bir haqq-hesab soruşan olar,

Sonra danışmağa dilimiz olmaz,

Çaşdırarıq nəvə-nəticəmizi,

Soruşub,

qaldırıb məzarımızdan,

Məhşər ayağına çəkərlər bizi,

Bizə yer verməzlər, yersiz qalarıq,

Məzarsız qalarıq, gorsuz qalarıq.

Didərgin bir məzar salıb yadına,

Yazma bu yalanı torpaq adına.

Fevral, 1982
APREL, SƏNİN NƏŞƏLƏRİN GÖZƏLDİR

Mirvarid Dilbazi
Mən də o nəşənin dalınca düşüb,

Bir qəlbi şüşənin dalınca düşüb,

Bir nazik peşənin dalınca düşüb,

Axtarımşam onu, Mirvarid xanım


Nəşəsi gələndə bahar dəminin,

Ömrü nə imiş ki, hicran qəminin?!

Qoyma, gün altında şeh lizəminin

Yandı lalə donu, Mirvarid xanım.


Quşlar nəşələnib yaz həvəsilə;

Eh, dünya dolsa da gül nəfəsilə,

Düzəlməz baharın min nəşəsilə

Bənövşənin boynu, Mirvarid xanım.


Keçər könlümüzdən yaz məhəbbəti,

Hərənin bir cürə sevinc qisməti,

Bu nəşə gül üstə arı zəhməti,

Kəpənək oyunu, Mirvarid xanım.


Çox illər uzunu – məktəb yaşımdan,

Bu nəşə sevdası getməz başımdan.

Əhli-hal "Göyərməz qara daş"ımdan

Dərər gül payını, Mirvarid xanım.


Mənim könlüm dolu, sən qəlbi kövrək,

Bir də budağımız açarmı çiçək?

Açarmı, üstünə tapıb çiləsək

Dirilik suyunu, Mirvarid xanım.


Təbin gül yarpağı, niyyətin ulu:

Mənə öyrətdiyin gül-çiçək yolu.

Sənin söz çəmənin - sinəsi dolu,

Gülüstandır qoynu, Mirvarid xanım.



1986
BU PAYIZIN DƏRDİ
Bu payızın dərdi götürüb məni,

Çox mətləb üstünə gətirib məni -

Görəsən bir daha açılmacayaq

Gedəri ağaclar sonuncu kərə

Yarpaq tökümünə necə dözəcək?..

Taleyin hökmünə necə dözəcək?..

İlk yarpaq tökümlü o üryan budaq,

Soyusa havalar necə dözəcək?

Bir daha leyləyi qayıtmayacaq

O tənha yuvalar necə dözəcək? -

Bu payızın dərdi götürüb məni.
Vaxt özü fırladır ömür çarxını,

Çətin o həvəsdə bir daha bitim.

Yaman çayır basıb payız arxını,

Bulaq nəğməsi də donacaq, bildim

Xəzan budayacaq, yonacaq, bildim…

Torpaq bu yonqara necə dözəcək?..

Nə zərif bədəni var o ağacın,

İlk qara, son qara necə dözəcək -

Bu payızın dərdi götürüb məni.
Nə qədər hicranlar var bu dünyada,

Payızın ən həzin çağı olanda,

Kimsə bu payızla tənha qalanda

O hicranlı təklər necə dözəcək?

O solan sevgilər, insan ağaclar,

O insan çiçəklər necə dözəcək -

Bu payızın dərdi götürüb məni.
Guya ki, xəzanı almaz eyninə,

Yaman inadkardı o tənha yarpaq -

Qışacan birtəhər necə dözəcək?

Bu payız toyları geciksə yenə

Görən sevgililər necə dözəcək -

Bu payızın dərdi götürüb məni.



1985
BU QAR
Bu qar yaman tutdu soyuq vaxtımı;

Nə tez üst-başımı qara bələdi.

Soyuqluq belədi,

Soyuq belədi…

Bir sevgi istisi könlümə dolmaz,

Elə bil baxışım soyuq bir almaz,

Elə bil nəfəsim,

Həvəsim soyuq,

Elə bil çəmənəm qırovlanmışam,

Bir çx hisslərimi cilovlamışam,

Nə bilim, bəlkə də yorğunam bir az…
Bu qar yaman tutdu soyuq vaxtımı -

Tərtəmiz, gül kimi, güldən də təmiz,

Yağır aram-aram soyuğa həris.

Uzaqda üfüqdə qaşlar ağarır,

Əvvəl soyuq-soyuq daşlar ağarır.

Ağarır sahibsiz bir evin damı,

Qarı göydə udur sobalı damlar.

Buğlanır çinarın çılpaq əndamı,

Mamırlı budağın üstü gümüş qar.

O qızın yanağı dönübdür oda,

Qar od kipriyinə ilişə bilmir.

Hardasa bir kəklik yuvasına da

Hələlik bu soyuq girişə bilmir.

Köhnə bir sobanın yanıq kərpici

Hasarın dibində qaralır hələ.
O qızıl külçəsi olsaydı əgər,

Onu qar tutardı qalmazdı belə.

Qoşa keçənlərin izi buğlanar,

Qarın nə hünəri yağsın o izə.

Bəlkə də dünyada qar adamı var,

Soyuqdular deyə çıxmırlar üzə.


Qar yağır tərtəmiz,

Güldən də təmiz,

Yağır aram-aram soyuğu həris.

Bu torpaq nə zaman günəşdən doyub?..

Köhnə ocaq yeri diksinir qəfil.

Könlümdə bir qərib ümid soyuyub

Qar onun üstünə yağır elə bil.
Bu qar yaman tutdu soyuq vaxtımı…

Yağır aram-aram qar, birəm-birəm,

Bir çox duyğulardan yoxdu gərəyim.

İlk dəfə…

Bilmirəm…

Nəsə bilmirəm,

Bu gün soyuqluqdan qorxdu ürəyim.

1986

1   2   3   4   5   6   7   8   9   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə