Musa yaqub payiza baxiram şeirlər (seçmələr) Bakı “Araz”-2010




Yüklə 2.55 Mb.
səhifə3/18
tarix23.02.2016
ölçüsü2.55 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   18

DÜNYA
Dünya öz yerində tutubdur qərar,

Dağ da yerindədir, duman da, çən də.

Dünyanın işini qarışdıranlar

Qayıdıb dünyadan gileylənəndə,

Cəllad da özünü haqlı biləndə,

Ağır yaraların ağrısı canda,

Vəfasız, dünyadan vəfa umanda,

Dünyaya adamın yazığı gəlir.

Günahsız yaranmış dərəyə, çaya,

Qayaya adamın yazığı gəlir.


İnsanın ümidi bu torpaq ki, var,-

Dağına, düzünə bizik havadar.

Torpağın üstündə bəd əməllərin

Nə vaxt ki, hörümçək torları artar,

Hiylə oxlarının ağrısı canda,

Durmaq olmayanda pisliyə qarşı,

Yurd-yuvan önündə naçar qalanda,

Sevmək olmayanda bu dağı, daşı,

Nə desən bitirən, nə desən verən

Torpağa adamın yazığı gəlir.


Bu qədər yaxşılıq,

İşıq içində

İxtiyar verdiyin – düzü əyəndə,

Etibar etdiyin – sözü əyəndə,

İtəndə aradan vəfa, etibar,

Güvəndiyin dağa ələnəndə qar,

Ürəkdə od tutub yananda inam,

Bir söz: dönüklərin əməllərinə,

Bəzi atalara baxanda adam,

Alıb gələcəyə aradığımız

Uşağa adamın yazığı gəlir.

Baba misramız müqəddəs oda –

Ocağa adamın yazığı gəlir.
Qayıdıb dünyaya baxırsan bir də,

Yaxşı adamları az olan yerdə

Dünyaya adamın yazığı gəlir,

Günahsız yaranmış dərəyə, düzə,

Qayaya adamın yazığı gəlir.

Yanvar, 1978
BU DÜNYANIN QARA DAŞI GÖYƏRMƏZ
Leyləklərin çöp yuvası boş qalıb,

Bahar gedib, payız gəlib, qış qalıb.

Göy çəməndə ocaq yanıb, daş qalıb,

Bu dünyanın qara daşı göyərməz.


Nə o ocaq közərəsi, sönəsi,

Nə o günlər bir də geri dönəsi…

Qəm eləmə, könlümün bir dənəsi,

Bu dünyanın qara daşı göyərməz.


O gülyanaq bənddir bir xoş baxışa,

Körpə budaq əl açıbdır yağışa.

Min baharın hərarəti yığışa,

Bu dünyanın qara daşı göyərməz.


Ot göyərdib o cığırım, o izim,

Tufanlanıb çalxalanmaz dənizim.

Daha məndən sevgi umma, əzizim,

Bu dünyanın qara daşı göyərməz.


Araz boyu çox mənalar sezmişəm,

Elə bilmə əllərimi üzmüşəm.

Ürəyimə daş bağlayıb dözmüşəm,

Bu dünyanın qara daşı göyərməz.



Oktyabr, 1977
TƏKLƏR
Buludlar toqquşub coşanda hərdən,

Göylərin qılıncı düşəndə işə,

Meşə qırağında tənha bir evdən

Ürəyim nigaran qalır həmişə.


Bir qatar durnaya bəxti yol açar,

Yol gedər göylərin çən-dumanında.

Qatardan ayrılan tək durna uçar,

Fikrim o durnanın qalar yanında.


Meşədə ağaclar qatar-qatardı,

Biri yıxılanda, dikələr biri.

O quru səhrada tək ağac vardı,

Yel vurdu, indi də boş qalıb yeri.


Min adda gül var ki, çəməni bəzər,

Var qaya daşında tənha bir çiçək.

Təkləri ananda ürəyim əsər, –

Sən də, mənim balam, təksən, sən də tək.



İyun, 1977
VƏ BAŞQALARI
Yazda güllər açar, lalə gülqotaz,

Qərənfil, bənövşə və başqaları.

Dünyada dağlar var, Himalay, Qafqaz,

Boylanar günəşə və başqaları.


"… və başqlarında" qaldı dağ, qara,

Neçə çiçək adı, neçə dağ adı.

Dili ki, öyrətdik eyni adlarla,

"Başqaları" əcəb can qurtarandı.


Bir dünyada yaşar, doğmalar, yadlar,

Hərə öz yerini tutaydı barı…

Mənimçin ən əziz, ən doğma adlar

Səninçin nə olar?- … və başqaları.


Necə sadalayıb gətirək yada,

Göylərin ki, min-min səyyarəsi var.

Bu var ki, ən parlaq bir ulduzu da

"… və başqalarında" gizlətmək olar.


Hünərçin doğulan insan ki vardır

Qanında od olsun, canında təpər.

Bəlkə də bir təhər yaşayanlardır

"… və başqalarına" adı düşənlər.


Məni saymazların ağrısı canda,

Saxladım könlümdə giley-güzarı;

Həmişə adıma növbə çatanda

Bir söz eşitmişəm: "… və başqaları".


O adlar layiqdir düşüb dastana,

Ad var ki, üstündə kölgələr qalır.

Tək-tək adlarımız qalsın bir yana

"… və başqalarında" ölkələr qalır.


Birinin ulduzu yanıb parladı,

Birinin ulduzu sozalar, batar.

Ali məclislərdə millət var adı

"… və başqalarında" mürgülər, yatar.


Kiminin ad-sanı okean dibində,

Kiminin şöhrəti ulduza çatar.

Nə bilim adı var əriyən qarın,

Nə bilim bu adla yanar min ocaq.

“…və başqalarında” itən adların

Bilmirəm taleyi necə olacaq.

Yanvar, 1978
YARPAQ OLUB TORPAĞIMA TÖKÜLSƏM

Oğlum Şəhriyar üçün

Böyük fikir qanadıyla

Uçulmaza uçmaq olar,

Xırda xuruş fikirlərlə

Kol-koslara endinsə heç.

Bir dünyəvi məhəbbətlə

Bülbül dili açmaq olar,

Samanlıqda dən üstündə

Cikkildəyib dindinsə heç.


Eh, arxadan gələnlərlə

Tənləşməyə nə var, bala,

Hünərin var yetiş görüm

Birincilər gedən yola.

Bu dünyanın kəhər atı,

Səmənd atı ola-ola,

Hər yerişi yeriş bilib

Kor yabıya mindinsə heç.


Bəxtdə varsız, bağda barsız,

Dağda qarsız qalsan belə,

Heç demə ki, zaman belə,

Dövran belə, insan belə…

Yeri bağlı, göyü bağlı

Kibrit çöpü olsan belə,

Bir kimsənin çırağını

Yandırmamış söndünsə heç.



Yanvar, 1978
QAFQAZ
Bir vergidi, bir sehrdi,

əfsanədi, nağıldı…

Ayağı su, sinəsi od,

cığırdı daş Qafqazın.

Oba-oba mən köksünə,

o köksünə sıxıldı,

Fəda oldum torpağına

o baş-bu baş Qafqazın.


Gərək elə səcdə qılaq

cığırına, izinə.

O ulu taxt zirvə-zirvə

taxtdan salar fələyi.

Qafqaz özü bir allahdır

enib bu yer üzünə,

Biz bəndələr bacarmırıq

hələ onu sevməyi.


Biz bəndələr bacarmırıq

qanad açaq yenidən

Ki, bu Allah bizimkidir,

biz də onun övladı.

Təkdi, birdi, yeganədi,

bir nəfəsdi, bir bədən,

O nəfəsdən alırıq biz

hər arzunu, muradı.


Qafqazın şam-çırağında

pərvanələr çox yanıb,

Dostların da bu torpağa

könul olub töhfəsi.

Maşuqa bax, bir şairə

heykəl olub dayanıb,

Bir Lermantov zirvəsi var,

bir də Maşuq zirvəsi.


Bir Puşkinin "Qafqaz"ı var,

bir də bizim bu Qafqaz,

Gör, dahilər nəğmələdib

hər daşını bu yurdun.

Necə yəni əks-sədam

Beştaudan qayıtmaz?!

Dayan görüm, qarışdırma

yaddaşını bu yurdum.


Dayan görüm, nəfəs alıb

bir də baxım özümə,

Qumbaşının dolayları

yordu məni bir qədər.

Elbrus da günəşlənib

güzgü tutub üzümə,

Kim üşüsə, burda məni

günəşli qar isidər.


O Əlibəy qayasıdır, –

üfüqdə bir gümüş taxt,

Əlibəylə Züleyxanı

könlüm burda anar hey…

O zamandan bu sevginin

üstünə qar tökür vaxt,

Qar altında məhəbbətin

ocaqları yanar hey…


Dayan, qaraçaylı gözəl,

bu sevgidən bir pay al,

Yad deyiləm, bu dağlarda

özgə nədi, yad nədi?!

Gözlərin bir mavi dəniz,

saçın sayrışın xəyal,

Baxışınla ürəyimə

saldığın bu od nədi?..


Min dərənin suyu axıb

bir dərədə qovuşar,

Tarverdiçay axıb, axıb

Kuban çayı sellənər.

Dayan, qaraçaylı gözəl,

bu hicran da sovuşar,

Mənim könlum pərvazlanar,

sənin eşqin güllənər.


Babaların ruhu ölməz,

bu dağlarda heç ölməz,

Yəqin hicran küləkləri

əsib-əsib dəyanıb.

Qafqaz bütöv bir sevgidir,

parçalanmaz, bölünməz,

Dünyanın şah qatarıdır

mənzil kəsib dayanıb.


Burda dirilik suyu var,

tapa bilməz hər yetən,

Biz içmişik o şərbəti

min illəri yormuşuq.

Görürsənmi biz ölmürük,

göyərmişik yenidən,

Ağac-ağac, çiçək-çiçək

burda bitib durmuşuq.


Mən hardayam? - mən burdayam -

Babadağın yanında,

Eyvanıma gəlib çıxır

Qafqazın bir qanadı.

O da uca Şah dağıdır

durub şah meydanında,

Qafqaza nə xoş yaraşır

baba adı, şah adı…


Ulu babam, ulu babam!

Ey mənim şah Qafqazım

Axı daşı çiçək açır,

qocadı,cavandımı?…

Dağkələsi od parçası,

qartalları pərvazım,

Zirvə-zirvə dəvə dağlar

əbədi karvandımı?..


Dayan görüm, pıçıldayıb

nəğmələdi qovaqlar,

Yəqin indi şair Qaysın

şeir deyir hardasa.

Rəsul orda öz dağına

nəğmə desə bir qatar.

Burda bizim Canalıda

sadalanar sadası.


Təkdi, birdi, yeganədi,

bir nəfəsdi, bir bədən,

Eyvanıma gəlib çıxır

dağların bir qanadı…

Meşə Vətən, torpaq Vətən,

qaya Vətən, daş Vətən!

O göyərdib bizim üçün

hər arzunu, muradı.


Gərək elə səcdə qılaq

cığırına, izinə,

Bu ulu taxt zirvə-zirvə

taxtdan salar fələyi.

Qafqaz özü bir allahdır

enib bu yer üzünə,

Biz bəndələr bacarmırıq

hələ onu sevməyi.



Noyabr, 1981
ATAM… ATAM…
Bir payız gününün bathabatıydı,

Atam birdən düşdü yorğan-döşəyə.

Bəlkə də ölümün zarafatıydı,

Gördü ki, fürsətdi saldı gerçəyə.

Yerin qarğışıydı, göyün qarğışı -

Tərs kimi tökürdü payız yağışı.

Tərs kimi kolxozun Ağyal atını

Sədrdən izn alıb gec tapa bildim.

Ağyalın başına salıb çatını

Noxtasız nə qova, nə çapa bildim.

Tərs kimi Ağyalı alıxlamağı

Hələ bacarmırdım, uşaqdım axı…

Mən başqa haydaydım,

At başqa kefdə

Çatdım qonşu kəndə ilkindi çağı.

Feldşer Soltan Əli yox idi evdə.

Tərs kimi baş kənddən gəldi sorağı.

Bu tərslik könlümə elə dəydi ki,

Bütün varlığımı yandırdı bənd-bənd.

Feldşer Soltan Əli neyləyəydi ki,

Onun kinəsinə baxırdı beş kənd.

Tərs kimi gözlədim gəlib çıxmadı,

Ağyala bir çubuq çalıb, gedəydik.

Məni də tərkinə alıb gedəydik.

Dedilər Feldşer də qalıb o tayda,

Tərs kimi Göyçay da coşmuşdu yaman.

Tərs kimi Ağyal da büdrədi çayda,

Daha özgə yerə qalmadı güman.

Axır ki, kor-peşman qayıtdım geri,

Gördüm atamın da dəyişib halı.

Bir kinədən ötrü gəzdik evləri;

Sonra gəlib çıxdı müəllim Alı.

O da dedi görək bu nə azardı;

İbn Sinadan da bilmirdi bir az.

Kənddə ot tanıyan bir qoca vardı.

Tərs kimi ölmüşdü o da keçən yaz.

Durub yalvarırdıq biz də ölümə,

Tərs kimi yol tapıb, iz bilməmişik.

Bir təbib əlində heç nəymiş demə

Atamı sağaltmaq,

biz bilməmişik.

Sən demə, Bakı var, Moskva varmış

Sən demə, dünyada ölü dirildən

Min bir dərd yanında min dava varmış.

Sən demə, şipşirin dillər də varmış,

Sən demə şəfalı əllər də varmış.

Tərs kimi o əllər bizim deyildi

O əllər heç bizə yetən deyildi.

Durub yalvarırdıq biz də ölümə,

Bu zaval dərmansız ötən deyildi.

Tərs kimi yaman gec kəsdi o yağış,

Göyçay da gec yatıb, gec aram oldu.

Feldşer Soltan Əli gəlib çıxmamış

Deyəsən vaxt keçib, gün tamam oldu.

Eh, o da gec gəlib, gec çata bildi,

Kinədən saralmış barmaqlarıyla

Atamın nəbzini gec tuta bildi.

Ümid gecikdisə, əcəl tələsdi,

Tərs kimi o payız yelləri əsdi.

Tərs kimi qəfləti, lap birdən-birə…

Tərs kimi məni də qoymadılar ki,

Atamın üzünə baxım son kərə

Bəxtimiz şaxtaya, ayaza düşdü,

Tərs kimi bu ölüm payıza düşdü,

Tərs kimi qarşıdan qış da gəlirdi.

Tərs kimi atam da üçcə gün qabaq

Ətdiyə vermişdi inəyimizi.

Soruşduq demədi,

bilmədik haçan

Səlim də veriyə qoşmuşdu bizi.

Tərs kimi bu dərdlər böyük dərd idi.

Tərs kimi qanun da bir az sərt idi.

Öldü cavan atam,

Gör nə yaşdaydı –

Hər şeyin günahı o yağışdaydı,

Ya da ki, Ağyalı gec tapmağımda.

Yox, günah Göyçayın daşmağındaydı.

Havanın yas tutub gülməməyində,

Alı müəllimin İbn Sinadan

Bir kəlmə də olsun bilməməyində,

Feldşerin vaxtında gəlməməyində,

Günah o yağışda, yağışdaydı ki…

Öldü cavan atam.

Nə yaşdaydı ki…



Aprel, 1981
BİR QIŞ MƏNZƏRƏSİ
Ormanda bax qırova,

Bəyaz budaqlar yuxuda…

Ağ duman, büllur hava,

Qalaylı dağlar yuxuda.

Qış özü bəndə salıb,

Çayları saxlar yuxuda.


Hər ağac qu quşudur,

Hər budağı gümüş qanad.

Sarmaşıq kəmərdimi,

Üstü dolu gümüş manat.

O büllur qəndilə bax,

Civələnir saat-saat.

Quzeydə mürgü döyür

O çılçıraqlar yuxuda.


Sərsəri yüngül duman,

Əlcim-əlcim, bəyaz-bəyaz.

Bəlkə də duman deyil,

Nəfəs alır şaxta, ayaz.

Bir güney zər şüanı

Aldı qəfil, güldü bir az;

Sanki əmzikdi əmir

Körpə dodaqlar yuxuda.


Təpələr qalay-qalay

İşıldadır başlarını.

Cığırlar ağ yazıdır,

Gəl oxu yaddaşlarını.

Su gəlib damcı döyüb

Aynaladıb daşlarını;

Qışın şəlalə qızları

Zülfü daraqlar yuxuda.



Yanvar-Fevral, 1979
KARVAN, GÖTÜR MƏNİ APAR ÖZÜNLƏ

S. Hacıbəyovun "Karvan"ına
Karvan, götür məni apar özünlə,

Bir sonsuz səhranın aydınlığında,

Gedim bir əbədi, mavi axında…

Ayağım altında xırçıldasın qum,

Zınqırov səsləri yayılsın aram,

Cəhənnəm, qoy dəvə yerişi olsun,

Bilim ki gedirəm, addımlayıram
Karvan, götür məni özünlə apar,

Başqa bir istəyə can atmağım yox.

Bilim tələsdiyim mənzil başı var,

Amma bu mənzilə heç çatmağım yox.


Min yol aram-aram

Qoy düşsün axşam,

Günbatan qarşımda yandırsın ocaq.

Karvan, götür məni özünlə apar,

Ulduzlar altında gecələyəndə,

Bilim ki, yolumu aydınladacaq

Yenə açılacaq sabahlarım var.
Karvan, götür məni apar özünlə,

Aç mənim o dürlü sabahlarımı.

Karvan, götür məni apar özünlə,

Yu bütün, yu bütün günahlarımı.

Məni insan elə bütün məqamda,

Elə bu nəfəsdə, bu xalda qalım.

Elə bu məqamda, bu halda qalım…
Karvan, götür məni apar özünlə,

Bütün ölümlərdən sovuşum gedim.

Hürufilər "nuri - təcəlla"sına,

Mən də bu karvana qovuşum gedim


Bu nə mavi dünya,

nə mavi axın!

Karvan, götür məni apar özünlə,

Bulaq suyu kimi durulum, axım…

Bəlkə də ayağım heç dəyməz yerə,

Bir mələk olaram,

bir ruh olaram,

Uçaram ən təmiz səmalar içrə…


Yeddi rəng yol gedir nəfəs-nəfəsə,

Mən də o rənglərdə rəng olub itim.

Bu yeddi cığıra, bu yeddi səsə

Məni səkkizinci yoldaş bil gedim,

Karvan, götür məni apar özünlə…

Oktyabr, 1978
BU PAYIZ
Otaqda yazmıram bu şerimi mən,

Yapışıb payızın titrək əlindən

Qızıl bədənini sıxıb köksünə,

Lap belə təpədən dırnağa kimi

Payıza bürünüb yazdım şeirimi.
Geydim libasını,

gördüm barını,

Atımı xəzana sürdüm bu payız.

Ömrümün saralmış yarpaqlarını

Gözümlə çox aydın gördüm bu payız.
Gizli gəlişini,

pünhan işini,

Dağda yerişini gördüm payızın.

Özümdə, ocaqda, torpaqda, suda

Çıxış-girişini gördüm payızın.
Ovcuma da baxdım,

bir xəzələ də,

Damarlar, cizgilər nə qədər oxşar.

Bizdən ayrı deyil bircə gilə də,

Ovcumun içində bir payız yaşar.
Pərişan lipanın arxlara dolan

Yarpaqlarında da payız yaşayır.

Sevgi məktubunun saralıb solan

Varaqlarında da payız yaşayır.


Bağlı xəzinədə bəlkə payız var,

Lap var-dövlətdə də ömrü var onun.

Qızıl da payızdır daşlaşıb yaşar,

Çox ömrün sonunda möhrü var onun.


Bu gün əynimdədir o qızıl libas,

Yarpaqlar saçımda yatdı bu payız.

Dünyanın işindən danışdıq bir az,

Payızla söhbətim tutdu bu payız.


Sandım ən duyğulu çağım da budur,

İstədim ən zərif sözə toxunam.

Gördüm ki, payızla söhbətim tutur,

Bildim ki, payıza mən də yaxınam.


Dedim, solan çinar, özünü saxla,

İnsanam, mənim də gözlərim dolar…

Kövrək bir ürəklə,

kövrək budaqla

Bu sərt həqiqətə neyləmək olar?!
Bir kövrək budağa atdım əlimi,

Gördüm nəfəs alır yarpaqlar hələ.

Əvvəl payızlanıb o budaq kimi,

Sonra bu şerimi gətirdim dilə



Noyabr, 1978
GÖR MƏNİ HAYANA GƏTİRDİ BU YOL
Gör məni hayana gətirdi bu yol,

Bir də təzələnib güldü həyatım.

Sağ ol, a dağ çayı, a yaylaq, sağ ol.

Burda bir anımı bir il yaşadım.


Nə qərib alova bürünüb o dik,

Qaymaq çiçəkləri yanır zər kimi.

İlahi, biz necə bəxtəvərmişik!

Bu dağlar, dərələr bizimkidimi?

Bu göy də, bu yer də bizimkidimi?

Yəni biz də varıq,

dünya da varmı?

Bu baxan gözlər də bizimkidimi?

İlahi, biz necə bəxtəvərmişik!
Könül, hər ömürdən sən xəbərdar ol,

O palıd babamdır, bu şiv yaşadım.

Ağacım, yamacım, Göy meşəm, sağ ol,

Burda bir anımı bir il yaşadım.


Bir allah taxtıdır o quzey, güney,

Burda təbiətin işi nə düzdü.

Qəzəb deyilən şey, qəsd deyilən şey

Yoxdu bu dünyada, əfsanə sözdü.


Laləm, yolum üstə bir də çıraq ol,

Bu çıraqlı döşdə qoy şehə batım.

Ümidlə yaşayan bənövşəm, sağ ol,

Bir az ömür sürüb xeyli yaşadım.


Qapqara buluddan ağ yağış yağa,

Görün bu süzgəci, o saf billuru.

Orda bulanıq su hopur torpağa,

Burda üzə çıxıb axır dumduru.


Belə durulduqda duruldu kefim,

Çimdi şəfəqlərdə arzu qanadım.

Sağ ol, a torpağım, a yaşıl evim,

Burda bir anımı bir il yaşadım.


Qara ürəyin də xoş damarını

Burda bir meh ilə ayıltmaq olar.

İnsan alt-üst edər çox qərarını,

Günahlar yolundan qayıtmaq olar.


Sağ ol, təmiz ömür, var ol, təmiz yol, –

Ey mavi zümzümə, ax, daim var ol…

Maral talasında gülən çəmənim,

Yaşa yəhər qayam, - var ol, daş atım.

Sağ ol, ey qismətim, möhlət verənim,

Bir az ömür sürüb xeyli yaşadım…



Aprel, 1980
Tənhalıq

ŞAMAXI YOLUNDAKI TÜRK MƏZARINA
Bir tək məzar gördüm bir tənha yerdə,

Gördüm ki, bu məzar yollara baxır.

Bilmirəm ürəyim darıxdı birdən,

Yoxsa ki, elə bu məzar darıxır?!


Yollara baxmağa gözü yoxdusa,

Görəsən bu məzar yolu neyləyir?

Daha ürəyində sözü yoxdusa,

Üstündə danışan dili neyləyir?


İndi ki nə dinər, nə qulaq asar,

Ürəyim darıxır, yoxsa bu məzar?


Daşı göynəyirsə, niyə göynəyir,

Qışı göynəyirsə, niyə göynəyir?

Görəsən üstünə gəlib-gedəni

Görəsən bu məzar səsi neyləyir?


Göyləri işıqlı,

üstü çiçəksə,

Burda qəriblikdən qaçsa dəyərmi?

Qonşuluq eyləyə bilməyəcəksə,

Yəni qəbristanda yer istəyərmi?..

Burda üstü gülzar, yeri laləzar,

Ürəyim darıxır, yoxsa bu məzar?
Bu sirdən baş aça bilmədim nəsə,

Bəlkə ölməzliyə bir də güvənim?

Məzar da darıxıb qəribsəyibsə

Daha tənhalığa sözüm yox mənim.

Bəs bu tənhalığa kim qəbir qazar…

Ürəyim darıxır, yoxsa bu məzar?..



Mart, 1980
XEYLİ YAŞADACAQ MƏNİ BU ÜMİD
Nə yaxşı bu yerdə çıxdın rastıma,

Elə bil gün doğdu süst həyatıma.

Sözün məlhəm oldu qol-qanadıma,

Xeyli yaşadacaq məni bu ümid.


Fikrimə, duyğuma çökmüşdü duman,

Dumanda sozalan çıraq kimiydim.

Səhra günəşinin altında yanan

Qovrulub sızlayan topaq kimiydim.

Bu yağış hayandan çiləndi gəldi,

Gözümün üstündə şeh gilələndi,

Xeyli yaşadacaq məni bu ümid.
Gördüm ki, sinəmdə döyünür ürək…

Baxışın mənimçin qızıl dan kimi…

Noyabr günəşi xoş təsəllitək

Payız yarpağını ovudan kimi

Xeyli yaşadacaq məni bu ümid.
Əvvəl də var idim, gedib-gəlirdim,

Ömrümdən gün keçib, ay ötüşürdü.

Vardım,

bir quruyan qarağac idim,

Durduğum torpağa kölgəm düşürdü;

Bu bahar hayandan üzümə baxdı.


Kölgəm də dirçəlib göyərdi, qalxdı,

Xeyli yaşadacaq məni bu ümid.

Ey hicran dərdinə tapılan əlac,

Ey bahar töhfəsi,

ümid şöləsi!

Balta yarasını sağaldan ağac,

Ey nakam kötüyün şumal pöhrəsi,

Xeyli yaşadacaq məni bu ümid.



May, 1978
ÜRƏYİM ƏLİMDƏ OLAN VAXTLARI
Nə vaxt ki, bir kədər məni haqlayır,

Dünyanın işinə məəttəl qalıb

Əllərim yanıma düşüb ağlayır,

Ürəyim əlimdə olur o vaxtı.


Bəzi tərs işlərin ağrısı canda,

Bir nadana qarşı, pisliyə qarşı

Əlim damar-damar yumruqlananda,

Ürəyim əlimdə olur o vaxtı.


Ürəyim əlimdə olan vaxtları

Bir də əllərimə baxmağım gəlir.

Darıxqan oluram, kövrək oluram,

Ya bir dost əlini sıxmağım gəlir.


Çiçək oxşayanda, mizrab vuranda,

Uzalı qalanda sevgi dalınca,

Əllərim göynəyib üzə duranda

Ürəyim əlimdə olur o vaxtı.


Ürəyim əlimdə olan vaxtları

Demə ki, bədənim, dilim yaşayıb;

Özüm olmamışam,

tutacaqlarda

Göyərçin bir əlin qonşuluğunda

Çırpına-çırpına əlim yaşayıb.


Elə siz də bunu əfsanə sayn,

Bir nakam deyib ki, basdırın məni,

Amma bir əlimi çöldə saxlayın;

Tək əlim göyərib çatar dadıma…

Ürəyim əlimdə olan vaxtları

Nəsə bu vəsiyyət düşür yadıma.

Darıxqan oluram, kövrək oluram…

Baxıram əlimə-cüt qanadıma…



İyul - sentyabr, 1979
* * *

Təbiət baharın nəğməsində ram,

Bulaqda nanətək titrədi misram.

Min əldə əridi gör neçə mizrab,

Bir telin sirrini bilənə kimi.
Əllərim yetməyən hansı diləkdi,

Bircə təbəssümün mənə köməkdi.

Tələsən bənövşə bilsən nə çəkdi

Yaz onun hayına gələnə kimi.


Yaxşını yamandan seçir bu həyat,

Sən eşqə ümid ol, arzuya qanad.

Yamanlıq eyləyib ceyranı ağlat,

Timsahın yaşını silənə kimi.


Torpaqdan göyərdi eşqi insanın,

Bir gülə əyilsəm yüz yol inanın.

Amma bir bədxahın, bir bədgümanın

Xar oldum üzünə gülənə kimi.


Dostla loğmasını bölüb babalar,

Açıq süfrəmizdi bu ulu diyar.

Gərək qapımızı bağlayaydılar

Süfrəni ikiyə bölənə kimi.


Heç isti görmədim bir yad nəfəsdə,

Ürəyim, kamanı bu eldən istə.

Vətənin bir qarış torpağı üstə

Yaşaya biləydim ölənə kimi.



1977
QALDI
"Üzü bəri baxan, dağlar

Mənim sizdə nəyim qaldı?!"

Zirvələrdə başım üstə

Çaldırlanmış göyüm qaldı.


Qaya tutub binasını,

Şimşək çəkib xınasını.

Atdı başdan cunasını

Əynində daş geyim qaldı.


O sökülməz tağlar qalıb,

Bulaqları çağlar qalıb.

Həmin sellər, çaylar qalıb,

Bəs məndən nə deyim qaldı?


Yoxuşları qalxa-qalxa,

Ancaq yetdim gül yaylağa.

Zirvələrdən qar almağa

Nə gücüm, nə heyim qaldı.


Gözüm qalıb libasında,

O yazın da, bu yazın da.

Qayanın daş kasasında

İçilməmiş meyim qaldı


Qalan günlər, gedən çağlar,

Gözüm gülər, könlüm ağlar

"Üzü bəri baxan, dağlar

Mənim sizdə nəyim qaldı."



Mart, 1978
GÖRDÜM YOL AYRICINDA
Gördüm yol ayrıcında, bu süfahi bir daşdı,

Yəqin yol gedən dəyib daş yoldaşla adaşdı.

Dünyanın bir ucu toy, bir ucu da savaşdı,

İlahi, mən bu daşı götürüm, götürməyim?


Bir dərya sularında yüküm olacaq isə,

Bir səhra küləyində çəkim olacaq isə,

Şeytan üçün tüfəngim, cəngim olacaq isə

İlahi, mən bu daşı götürüm, götürməyim?


Bir əl yetməzliyində bəlkə mənə köməkdi,

Budaqda ruzum olsa bir qarış boy deməkdi.

Yerim cənnət bağısa, daş nəyimə gərəkdi.

İlahi, mən bu daşı götürüm, götürməyim?


Özümlə nə döyüşüm, özümlə nə vuruşum?

Burda köhnə izlərin cığırı ot, yeri şum.

Daha bu yoldan geri dönən yox ki, soruşum,

İlahi, mən bu daşı götürüm, götürməyim?


Saxlamaq da çətindi, aparmaq da azardı,

Tale bu bilməcəni görən necə yozardı?

Bu necə gəl-getdi bəs, eh, bu necə bazardı,

İlahi, mən bu daşı götürüm, götürməyim?


"Ömrümün sarayından gündə bir kərpic düşər".

Min belə kərpic düşə, torpağa nə güc düşər.

Ömrün karxanasında bəlkə bir az gec bişər

İlahi, mən bu daşı götürüm, götürməyim?



Aprel - may, 1980
1   2   3   4   5   6   7   8   9   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə