Musa yaqub payiza baxiram şeirlər (seçmələr) Bakı “Araz”-2010




Yüklə 2.55 Mb.
səhifə2/18
tarix23.02.2016
ölçüsü2.55 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   18

* * *
Ulduztək üstümə

səpələn, ey qar,

Geydirdin əynimə

soyuq bir donu.

Sənin ki bu qədər

təmizliyin var,

Bağışlamaq olar

soyuqluğunu.

Ulduztək üstümə

səpələn, ey qar,

Belə təmizliklə

isinmək olar.



Yanvar, 1971
DÜNYADAN BİR GÖRÜNÜŞ

Mühəndis dostum Səbrağaya
Ayağım altında isindi torpaq,

O buğlanan yamac od-ocağımdır.

Bir qədər qayğıdan, sərtlikdən uzaq,

Sevgiyə, duyğuya yaxın çağımdır.


Damla almaz-almaz

tutub güneyi,

Çiçəklər başını salır aşağı

Mən haradan taparam bu sakitliyi,

Mən haradan taparam bu yaraşığı.
İstəyir dünyadan kamını ala,

Otlar da günəşə edir minnəti.

O meşə içində göyərən tala

Maral ruzusudur,

cüyür qisməti.
Dünya da belədir bax bu çəməntək,

Kefi kimə, işi kimə qalıbdı?

Kəpənəklər üçün oyuncaq çiçək

Arını gör necə işə salıbdı!


O arxda bulanan damarı gör sən,

O, dağ selindədir,

tanıyın onu.

Sular da çaylarda coşur deyəsən

Arxlarda itirir coşqunluğunu.
Yarpaq enib suya,

həzinləşibdir,

Bu baxımlı dünya

həzinləşibdir.

Bir az ot qoxusu

bir az gül iyi…

Biz hardan taparıq bu sakitliyi.
A yolçu, a yolçu, səndən nə əcəb!

Görmədən, duymadan keçdin bu yeri.

Gərək ki, baxaydın, belədi mətləb

Bəlkə heç bu yoldan dönmədin geri.


Məni deyirsənsə gördüm cənnəti,

Ümidsiz deyiləm bir zərrə qədər.

Köçürdüm könlümə mən təbiəti

Getsəm onun əksi gözümdə gedər.


Oxu, quşcuğazım, hələ ki, vaxt var…

Ömrün azlığından etmə gileyi.

Bu da bir təzəlik,

bu da bir bahar,

Biz hardan taparıq bu sakitliyi?!
Mənimlə üz-üzə dağlar dayanır,

Görən o ağaran quzey qarımı?

Burda gün altında bədənim yanır,

Orda qar üşüdür baxışlarımı.


Dağların dalında

bulud bir yığın,

Buludlar qırmızı bayraq yelləyir.

Bəlkə də üfüqlər Baba dağının

Milyard illiyini bayram eyləyir!
Salam, qoca dünya,

Milyardıncı il!

Mənim alqışımı al dönə-dönə.

Yanında ömrümüz bir an da deyil,

Bir anın alqışı yetərmi sənə?!

Ay baxımlı dünya,

sən yaşa yenə!

Aprel, 1971
QORUYAQ GƏLİN
Yaxşı adamları qoruyaq gəlin -

Yaxşılıq kövrəkdir bir duyğu kimi;

Hər cürə tənəyə dözüb dayanmaz,

Yamanlıq mundarca çubuğu kimi

Nə qədər əyəsən yenə də sınmaz.
Yaxşı adamları qoruyaq gəlin;

Pislik harda olsa təpilər gözə,

Üzündə təbəssüm,

dişində zəhər.

Yaxşılıq qapıda dəvət gözləsə,

Pislik yol gözləməz,

bacadan girər.

Yaxşı adamları qoruyaq gəlin;


Pisliyə nə var ki,

o qəzəb, o kin

Bozardıb üzünü

qarda, sazaqda

Çöldə yovşan olub

yaşaya bilər.

Meydanı boş qoyub lap dar ayaqda

Kolda dovşan olub

yaşaya bilər.

Ağac koğuşunda,

daş çatdağında,

Lap Ay səhrasında, lap Ay dağında

Sürünə-sürünə yaşaya bilər.

Bəzən tikan olub

gül ləçəyinə

Bürünə-bürünə yaşaya bilər.


Bədxahlıq nə qədər özünü yorsa,

Yenə də yaxşılıq meydanı gendir.

Bu var ki,

düzlüyün bir yolu varsa,

Əyrilik yolunun haçası mindir.
Yaxşı adamları qoruyaq gəlin;

Pusquda duranlar

yaşar birtəhər,

Fürsət də axtarar olsa can üstə.

Göbələk yıxılmış ağac gözləyər

Ki, bitib dikəlsin yıxılan üstə.


Yaxşı adamları qoruyaq gəlin;

Bədxah niyyətləri,

əyri nəzəri,

düzlük qorxusuyla öldürmək olar.

Dişlərində zəhər gəzdirənləri

Yarpız qoxusuyla öldürmək olar.

Demə ki, çiçəklər

qucaq-qucaqdır,

Qanqallar necə var

yaşayacaqdır,

Yulğunlar necə var

yaşayacaqdır.

Zərif çiçəkləri qoruyaq gəlin.

Təmiz ürəkləri

qoruyaq gəlin.

Sentyabr, 1971
* * *

Ətraf ot toxulu, çiçək qoxulu

Qaranlıq girincdir zülmət əlində.

Bir gözüm yuxusuz, biri yuxulu,

Yuyulur çadırım yağış selində.
Sürünür dərəyə qatı dumanlıq,

Küləklər hay salır:

- Onu çağır hey!..

Çoban yuxusuna bir nigaranlıq,

Bir qız yuxusuna şərbət yağır hey.
Burda məhəbbətdən yanır bir cavan,

O qonşu obada bir can bəslənir.

Bir dəli sevgidən könlüm nigaran,

Yağış döyəcələyir, çadır səslənir.


İslatdı çadırda quru yarpızı,

Başımın üstünü döydü hər gilə.

Deyirəm görəsən kimin qapısı

Hansı bir xəbərlə döyülür belə.

Gəlib könlüm düşüb bir xoş həvəsə,

Mənsə bu çadırda təklikdən bezar.

Bir çadır altında nəfəs nəfəsə,

İndi bir-birinə sığınan da var.



Şeykəm yaylağı, avqust 1970
GƏR AĞACI AY İŞIĞINDA
Yaşıl-yaşıl ağacların

qarışığında,

Üryan durub haçalanan

kölgəyə bənzər,

Bir doğranmış gər ağacı

ay işığında.

Gövdəsi də damar-damar

dönüb sərtliyə,

Budaqları yumruq kimi

sancılıb göyə;

Zərrə-zərrə ümid yanar

yumruqlarında.

Keçən ilki yarasından

oyuqlar qalıb.

Zərrə-zərrə ümid sönər

oyuqlarında.

Kəsik-kəsik pöhrələrdə

muncuqlanır su;

Bir doğranmış gər ağacı

ay işığında

maral buynuzu…
Bir doğranmış gər ağacı…

səma nur çilər…

Yaşıl-yaşıl ağaclarda

xəfifcə bir səs.

Palıd-çinar bircə dəfə

doğransa ölər.

Gərin topal budaqları

ruzudur ölməz.

Yaşıl ipək köynəklilər

ay işığında.

Xumarlanır çox bəxtəvər

ay işığında.

Gərin Sarı köklərisə

yatmaz bu axşam;

≪Ana kökəm, Ana kökəm,

mən yorulmuşam…≫

Bala köklər quzu kimi

əmir torpağı.

Bir doğranmış gər ağacı

ay işığında

qartal caynağı.

Budaqları yüz döngəli

bir ömrün yolu;

Ulduzlara uzanacaq

inadkar qolu,

Bir doğranmış gər ağacı

ay işığında….

Avqust, 1972
KƏNDİM… EVİM…
Hay desəm, qayalar gələr haraya,

Atıb öz çiynindən dumanı, çəni.

Dağlar beşik kimi alıb araya,

Uyudar kəndimi,

Uyudar məni.
Bir parça torpağa verib könül, can,

Yaşar bu dünyada bir ad, bir ünvan.

Armudu bir həyət,

Sadəcə bir ev,

Qaranquş yuvalı,

Dağlar havalı;

Bir də Canalıya baxan o eyvan…
Üstündən sehrli küləklər əsən

Meşələr öyrətdi dilini mənə.

Özümü kimsəsiz sayanda bəzən

Çinarlar uzatdı əlini mənə.


Qapıda,

Eyvanda yeldən qorunub,

Armud ağacının qızıl yarpağı,

Dövlət quşu kimi çiynimə qonub,

Artırar rütbəmi hər payız çağı.
Atamın tez ötdü ömür qatarı,

Bilmirəm o,

kama yetməyib,

yetib.


Özü tez getsə də

mənimçün barı

Adını daşıyan yurd qoyub gedib.
Atam son sözündə

demişdi mənə.

Dünyanı bu yerdən baxanda sevim.

Yer var,


Himalaydan görünməz mənə,

Ən dərin dərədən görünür evim.


Tapdım bir əbədi səcdəgah yeri…

Bir ata ruhu var,

bir ana mehri;

Yaşar bu divarda,

yaşar bu daşda.

Bu oda, ocağa bağlandı könlüm;

Atam-anam üçün ərköyünlüyüm

İndi də oturar yuxarı başda.


Evimdə pöhrəli budaqlar kimi

Hey körpə əlləri göyərir yenə.

Sonra da

bu əllər yarpaqlar kimi,

Bitib astanada əl eylər mənə.
Döşəkcə,

balışı gətir, bala can,

Di sər bu çəmənə,

yorulmuşam, hə…

Bəh, ağrı-acılar çıxdı canımdan.

Dünyanın nəşəsi

bu imiş, demə.
Yastıq ot qoxulu,

Dörd tərəfim gül…

Gül, naşı,

gül mənim kiçikliyimə,

Damlada bir dərya görməyimə gül…
Yollara qovuşan cığır, iz kimi,

Bu yerdə qovuşdu könlümə aləm.

Amma mən

dünyadan xəbərsiz kimi

Dəvə qulağında yatan deyiləm.
Atam son sözündə demişdi mənə,

Dünyanı bu yerdən baxanda sevim.

Yer var

Himalaydan görünməz mənə,



Ən dərin dərədən görünər evim.

Aprel, 1973
TƏZƏ ƏKİN
Mən heç belə

Görməmişdim bu torpağı,

Təkcə ruzi deyil, axı,

təzə əkin;

Bir təmizlik, bir yaraşıq,

Toxumların

İynə uclu gözlərində

yaşıl işıq,

yaşıl ümid,

yaşıl qanad.

Torpağa bağlar belini,

Tutub günəşin telini,

Alıb payızın yelini

Hey boy atır saat-saat

təzə əkin.

Təkcə ruzi deyil, axı…

Bir körpənin gülüşüdü,

Gün altından mavi alov,

Şeh altında gümüşüdü

təzə əkin.

Burda tikan bitməz daha,

Burda bayquş ötməz daha.

Döndü açıq bir süfrəyə

Anbarların qızıl dəni.

Heç düşmən də ayaqlamaz

bu süfrəni,

bu müqəddəs yaşıllığı.

Bəs torpağın insanlara

Bundan böyük səxavəti,

Bundan böyük yaxşılığı

olarmı heç?!

Bu ülfətdən ürəyimə

Xeyirxahlıq dolar mənim,

Bundan belə

Bu torpağa sitayişim

əzəl işim

olar mənim.

Bundan belə

Bir az qanım qaralanda,

Bir az könlüm darılanda,

Bir bədxahın

Qəlbindəki kasadlığa,

Dilindəki acılığa

rast olanda,

Bu müqəddəs yaşıllığa

Bircə dəfə gəlib baxsam

bəsdir mənə;

Torpaqdakı

Belə əliaçıqlığa

Belə böyük yaxşılığa

Gəlib baxsam bəsdir mənə.

1976
ZƏNGİLANDA BİR VADİ VAR
Zəngilanda bir çinarlı vadi var,

Ötən durna səmasından yol eylər.

Bəsit çayı nəğməsini oxuyar,

Qarşı dağlar dumanını bol eylər.


Gör nə güc var torpağında, daşında,

Yüz addımda sıralanıb yüz çinar.

Bardaş qurub bir süfrənin başında

Qoca çinar, oğlan çinar, qız çinar.


Pəhləvanlar sanki verib qol-qola,

Nəhəng əllər, nəhəng qollar birləşib.

Tək çinarlar bir vaxt çıxıblar yola,

Axır gəlib burda yollar birləşib.


Şimşək töküb qəzəbini bu yerə,

Vadi üstə həmin qeylü-qal durub.

Ana torpaq elə bil ki, göylərə

Bükülməyən qollarını qaldırıb.


Düzdür, səma neçə ulduz bürclüdür,

Əbəs imiş göyün yerlə yarışı.

İndi bildim min ulduzdan güclüdür

Torpağın bir gül bitirən qarışı.


Sehr qatıb tişəsinə bir qədər,

Təbiət öz heykəlini yonur hey.

Yarpaq düşür,

gümüşlənir gövdələr,

Bədənnüma güzgü kimi yanır hey.
Ömrün belə zirvəsindən güc alıb,

İllər üstən könlüm aşmaq istəyir.

Adam elə bu vadidə ucalıb,

Ömrü boyu çinarlaşmaq istəyir.



1975

***


Dağ ətəyi, bir də payız havası,

Qızıl rəngdə torpaq yanır, daş yanır.

Qızıl tordur günəşin son şüası,

Qızıl tordan qızıl yarpaq boylanır.


Sarı yarpaq bir bülbüldür alışır,

Qızıl torda nəsə deyir elə bil.

Qayalar da ölməzlikdən danışır,

Bu səsləri eşitmirəm hələlik.


Xəzəl altda gör nə qədər daş qalıb,

Qara daşlar bənzər qızıl saçlara.

Əllərim də budaq kimi boş qalıb,

Əlim yetməz o qızılı saçlara.


Keçən günüm,

Heç demirəm oyan, dur.

Belə səslər daha səni ayıltmaz.

Nə olsun ki, bu yarpaqlar qızıldır,

Bir də dönüb budağına qayıtmaz.
Dayan görüm,

Döndüm sarı bir simə,

Payız yeli, al könlümü çal bir az.

Geniş ikən dünya sığan qəlbimə

Daralanda bir darı da sığışmaz.
İndi mənim könlümdədir dərə, dik;

Qızıl donda qiyamətdir o çinar.

Əfsanəvi yuxudur bu həzinlik,

Alıb məni qanadında uçurar.


Yamaclar da geydi sarı kürkünü,

Dərə doldu qızıl yağış selindən.

Gümüş sular alıb qızıl yükünü

Yaman qaçır bu sükutun əlindən.


Qızıl gənclik nə tez düşdü budaqdan,

Yarpaq olub çeşmələrdə axıram.

İl dalınca heç baxmazdım o zaman,

İndi durub an dalınca baxıram.


BEYTLƏR
Çapdı göyün qır atları, od yandırdı buludları,

Nəmiş düşdü, şehotları sırğalandı qulağından.


Başım üstən keç, ey bulud, ötən durnam, məni unut.

Təkqayada bitən palıd mismarlanıb ayağından.


Dərələrin ağzı körük, dağlar ulu, dağlar böyük,

Şəlalələr hörük-hörük keçir dəmir darağından.


Öz yuvamda pərvaz idim, göylərdən də qalmaz idim,

Bu dağlarla həmraz idim, heyf, uçdum qucağından.


Nə hal varsa təbiətdə, tapdım onu səyahətdə,

Rəhmdiləm məhəbbətdə, keçmişəm haq-nahağından.


Bir gün eldən düşsəm uzaq, fikrim oyaq, bədən torpaq,

Bil, əllərim yarpaq-yarpaq tutub çinar budağından.


Torpaq olub ilkin andım, mən pərvanə - vətən odum,

Ya bir yanıb kül olmadım, ya doymadım çırağından.



1975
* * *

Yanğısı nə olar bir alışqanın?

Böyük ümidlərlə müdrikəm, pirəm.

Ümidsiz olanda bir qarışqanın

Zərrə yükünü də çəkə bilmirəm.
Var güney çiçəyim, quzey qarım da,

Gülümdən üzünə çilənər bahar.

Ümidsiz olanda balalarım da,

Birdən gözlərimdə yazıqlaşırlar.


Ümidsiz olanda

dərəni, yalı

Çən tutur

zirvənin yolu görünmür.

Böyüyür gözümdə lalənin xalı,

Nə qədər baxıram alı görünmür.


Ümidsiz olanda köksümdə bir an

Saxlaya bilmirəm boş ürəyimi, -

Tavanda bir otdan asılı qalan

Sahibsiz qaranquş yuvası kimi.


Durnalar səmaya yazar xəttini,

Torpaqda sürünər ümidsiz qanad.

Mən həyat qədrini, ümid qədrini

Ümidsiz olanda, bilmişəm heyhat!



1975
TƏKQAYADA BİTƏN VƏLƏS
Təkqayada bitən vələs,

Dəmir kökün, polad kökün

Sanki qaya çatdağına

misralanıb;

Köklər sonra dönüb daşa,

Elə bil ki, qaya elə özü bitib

Min tərəfə damarlanıb.

Sağın qaya, solun qaya,

İlişiyə həsrət kökün

Qalıb elə sarp qayanı

Cırmaqlaya - cırmaqlaya.

Görmürsən ki, o yer deyil,

Bircə daşdan

Min caynaqla yapışmısan,

Min qarmaqla, min əl ilə,

Min ayaqla yapışmısan.

Budaqların qırıq-qırıq,

Haçaları yarıq-yarıq;

Gövdən buruq, para-para…

Görmürsən ki, o yer deyil,

Burda daha

Ağac səbri gəlməz kara;

Yarpağını torpaq edib,

Köklərini qarmaq edib

boy atmısan

Təkqayada bitən vələs,

yaşamısan.
Burda bitmək deyil asan…

Düzdü burda,

Səma geniş,

Dağlar geniş,

Ayağının altındadır

Yoxuş, eniş.

Amma burda külək əsmir,

Sığal çəksin hər yarpağa,

Əsir budaq sındırmağa,

Köklərini qoparmağa…

Qayaların ovuc içi,

Sən tufanlı gecələrdə

Qayaların ovcunda dur,

Ordan yapış,

Burdan yapış,

Barmağının ucunda dur.

Belə gündə sən üstəlik

Gövdən üstə budaq yaşat,

Budağında yarpaq yaşat,

Yarpağında nəğmə yaşat,

Sən ey boyu bircə qarış,

Saqqalı min qarış olan,

Torpağı daş ovuntusu,

İçdiyi də yağış olan

Təkqayada bitən vələs,

Həyat şirin, ömür şirin,

Tamaşadır

Bu dünyanın işi qərəz



1973
ATAMIN XATİRƏSİNƏ
"Bu həyətdən itdi kölgən,

qaraltın da…

Başsız qoyub getdin bizi,

Ürəyimiz qaldı bu gün

qar altında.

Çörəyimiz qaldı bu gün

qar altında

O köməkli günlərimiz

dönməz geri,

Sənsiz necə böyüdərəm

körpələri?!
Tək ayaqla

Bu körpüdən necə keçim?

Tək əl ilə

Bu zəmini necə biçim?"

Yuxudaydım,

Diksindirdi bu səs məni,

Yandırdı bu nəfəs məni.

Yuxum qaçdı,

Dərdim aşdı,

Qulaq verdim, anam idi

Dərdi böyük, gözü yaşlı.

Mən eyvana çıxan kimi

Məni görüb susdu anam.

Sübh çağıydı, dan yerinə

Qar yağırdı aram - aram.

Budaqların beli bükük,

Həyətlər ağ varaq idi.

Kənd yatırdı,

təkcə bizim

Eyvanımız oyaq idi.

Qar yağırdı atamın da

məzarına,

birinci qar...

Ya atamın

Buz bağlamış barmaqları,

Ya qar basmış

Çılpaq gilas budaqları

nə fərqi var?!

Dəhlizə qar sovrulduqca,

Ağarırdı daş pilləkən;

Asılqanda

Atamın boş pencəyinə

qar yağırdı.

Samanlığın qapısında

düşüb qalan

Dəryazının əlcəyinə

qar yağırdı.

Orağının dəstəyi də

döndü buza,

Qar yağırdı ruzumuza

Xırman üstə gedib-gələn

Yol da, iz də üşüyürdü.

Ələkdən qar ədəndikcə

Təknəmiz də üşüyürdü.

Qış görmüşdüm,

Hava belə qaralmazdı.

Qar görmüşdüm,

Belə soyuq qar olmazdı.

Xiyabanın, Uzunxiyin

Üstü zərif duman idi…

Bir az ağır zaman idi…

Oyuncağım, uşaqlığım

O gün qaldı qar altında.

İşdən-gücdən qaçaqlığım

O gün qaldı qar altında.

Ondan sonra neçə dəfə

Haçalanıb təzə-təzə

Qar altından

Yaşıl otlar çıxdı üzə.

Amma mənim daha heç vaxt

Oyuncağım göyərmədi,

Mənim uşaq istəklərim

göyərmədi.

Atamın öz əlləriylə

alınacaq

Köynəklərim göyərmədi;

Elə qaldı qar altında…

O günlərim çıxmaz yaddan,

Çıxmaz yaddan o intizar.

İndi də ilk qar gələndə,

Sanıram ki, birinci qar

Atamın buz məzarından

başlar əvvəl,

Sonra keçər o eyvandan,

Anamın o

dumanlanmış baxışından;

O ələkdən ələndikcə

toza dönüb,

Təknəmizdə buza dönüb

yağar,yağar,

Birinci qar, birinci qar…

1974
QARAĞACLAR
Görən nədən bezar düşüb

bu ağaclar?!

Yoxsa elə azar düşüb

Qırılırlar ucdantutma

qarağaclar?

Bəlkə elə

Biz pəhləvan saydığımız

palıd, çinar

Köklərindən suyu alır,

Onlar susuz qalır bəlkə.

Göy çinarlar

Qarağaca qara deyib

Qidasını alır bəlkə.

Bəlkə elə

Nəğmə deyib yarpaqları,

Xoş gəlməyib

Bəzi-bəzi ağaclara.

Cəfa çəkib

Bir doğmalıq həvəsində,

Bəlkə elə

Birləşmək də istəmişlər

Bir qarağac meşəsində.

Ola bilsin

Dünyadakı ağacların

Qarağacdır ən həssası,

Atomlarla bir dünyada

Müşkül olub yaşaması.

Nə vaxtdandır

Budaqları görməyibdir

Nə bir yarpaq, nə bir çiçək;

Çoxdan ölüb

Yarpaq dilli qarağacın,

Nəğməsi də

O zamandan ölüb demək.

Bir qanadlı təsəllidir,

Quşlar hələ qırıq, sınıq

Budağına gəlib-gedir.

Xəbər verin quşlara ki,

Yuvaları köçürsünlər

Yaşıl taclı ağaclarla,

Qarağaclar ölüb gedir.

Əyilməyib son nəfəsdə,

Quruyurlar ayaq üstə

bu ağaclar.

Bəlkə yaxın olsaydılar,

Arxa durub bir-birinə

Qurumazdı

qarağaclar, qarağaclar.



1973
BAĞIŞLA MƏNİ
Duman, salamat qal,

Dağ salamat qal.

Məmməd Araz
Ay ana torpağım,

Yamacım, dağım,

Özün qal salamat, bağışla məni.

Yanında bir zərrə xətrim qalıbsa,

O topa buluddan dalımca su at,

Yola sal bir həzin yağışla məni.

Apara bilmirəm bu dağ-daşımı…

A tənəkli dərə, a Yelligədik.

Şəhərdir,

iş gücdür,

qatar başımı,

Bəlkə də illərlə heç görüşmədik.

Bircə cığırından yüz yol keçdiyim,

Soyuq daşına da isinişdiyim,

Ay otuz beş illik ömür meydanım,

A Canalı dağım,bağışla məni.

Suyundan ovucla içə bilməsəm,

Şaxşaxa bulağım, bağışla məni.

Səhər dumanını başına örtən

Ay Zarat çalası, di salamat qal.

Tərləmiş daşlara dilini sürtən,

Ay maral balası, di salamat qal.

Meydan çinarlarım –

Yaşıl taclarım,

Sizdən ayrılanda gülə bilmədim,

əfv edin məni.

Göyçayım! Bir mənə əl uzat görüm,

Mənim daşan ömrüm,

qaynaşan ömrüm, di salamat qal.

Uğurlu günədir niyyətim, yolum,

Gələrəm, gəlmərəm bağışla məni.

Tutdun ətəyimdən böyürtkan kolum,

Yox, qala bilmərəm, bağışla məni!

1973
* * *

İndi bildim tək qovaqlar nə çəkir,

Yarpaqları danışır öz-özünə.

İndi bildim tək bulaqlar nə çəkir,

Dodaq dəymir, göz dikilmir gözünə.
Bahar gəlib, quzeylərdə hələ qar,

Qara baxdım,baxışlarım soyudu.

Tənha çiçək boz daşa da sığınar,

Küləklər də yorar tənha buludu.


Bircəciyim, tənha qoydun məni sən,

Səndən ayrı əriyərəm, itərəm.

Yoncalıqda yel ağzında titrəyən

Qəribsəmiş tək sünbüldən betərəm.



1975
BEŞ-ALTI GÜNLÜK
Özüm də bilmirəm çatışmır nəyim,

Nədənsə təkliyə qaçır ürəyim

beş-altı günlük

Əvvəlki tövr ilə qaynasın şəhər,

Yenə də öz dəcəl uşaqlarıyla

oynasın şəhər.

Mənimsə könlümdə başqa bir aləm,

Bir özüm olaram, bir də düşüncəm

beş-atlı günlük.
Uzaq düşəcəyəm dərdi-sərimdən,

İncə bir yalanla

çıxıb aradan

Qaçmaq istəyirəm əzizlərimdən

beş-altı günlük.
Biri var

könlümü yaman sındırıb,

Özü yanan deyil

məni yandırıb;

Onu da vecimə almayacağam

beş-altı günlük.


O qədər səbirli olacağam ki,

Soyuq baxışlara,

nadan sözünə

O qədər biganə qalacağam ki,

beş-altı günlük.
Duman olacağam dağlar başında,

Torpaq olacağam yaz yağışında

beş-altı günlük.

Yaşaram


axşamdan gündoğanacan,

Sarala-sarala günəş gözləyən

Bir günəbaxanın arzularında;

Ya da qızılağac büdağı olub

Əcəb çiməcəyəm arx sularında

beş-altı günlük.


Sonra yazacağam duyğularımı,

Ürəyim deyəni yazmasa qələm,

Özüm çevrilərəm, şeirləşərəm

Beş-altı günlük, –

Yəni ipəkləşər,

çiçəkləşərəm,

Qovaq yarpağında küləkləşərəm

beş-altı günlük.



1974
DAĞLAR, MƏNİ QƏBUL EDİN
Ömrüm, günüm, salam, salam!..

Gəlmişəm ki, sizdə qalam.

A xeyirxah, müdrük anam

Dağlar, məni qəbul edin.


Öz-özümə yadlanmayım,

Sizə dönük adlanmayım.

Mənim hörmət, izzət payım

Dağlar, məni qəbul edin.


Dumanında qoy gizlənim,

Küləyində əzizlənim

Yağışında təmizlənim,

Dağlar, məni qəbul edin.


Ey ulduzu, ayı olan,

Günəşə sərpayı olan,

Buluda çarpayı olan

Dağlar, məni qəbul edin.


Göy qüdrətli, yer zəhmətli,

Yağlı, südlü, səxavətli.

El-obalı, köç-külfətli,

Dağlar, məni qəbul edin.


Bu elə sirdaş olmağa

Çiçəyində yaş olmağa,

Qayanda bir daş olmağa

Dağlar, məni qəbul edin.


Bulud karvan, zirvə sarvan,

Suyu dərman, döşü əlvan,

Ömrə sultan, səbri ümman

Dağlar, məni qəbul edin.


Zülmətində çırağınam,

Sükutunda sorağınam.

Bir nəğməli qonağınam,

Dağlar, məni qəbul edin.



1974
"TORPAĞA SİTAYİŞ" SİLSİLƏSİNDƏN

1

Qəbristan gül açıb bu payız çağı,

Çiçək baxışlarla kim baxır mənə?..

Qaralan torpağı, düşən yarpağı

Hələ tər çiçəklər almaz eyninə.
Qəbristan payızda bürünüb yaza,

Yatanların ruhu gül nəfəsidir.

Əgər məzarlar da çiçək açırsa,

Torpaq səbirlilər səbirlisidir,

Torpaq müqəddəslər müqəddəsidir.
Adı qara torpaq, mənası min-min

O, bir rəng üstündə min rəng yetirmiş.

Ömründə bir çiçək bitirməyənin

Məzarı üstündə çiçək bitirmiş.


Xəzəli ağlayar,

Çiçəyi gülər,

Torpağı öpülər, daşı öpülər;

Torpaq tutyalaşar burda ilbəil,

Çaylaqda daşlar var heç belə deyil,

Meşədə xəzəllər heç belə deyil.

Bura həzin dünya, kövrək dünyadır;

Burda fikir dərin,

İnsan rəhimdil

Hər yerdə ürəklər heç belə deyil…

Damarlan sinəmdə,

Ürəyimlə vur.

Sən ey torpaq anam, ey torpaq atam.

Pisin dalınca da deyinmək olmur,

Bu tutya torpaqdan utanır adam…
2

Rəngi bir,

Həmişə qanunu da bir,

Nə ölən, nə də ki, itəndi torpaq.

Bitən – sünbülüylə ruzi verəndir,

Doğma məzarlarla vətəndi torpaq.


Vətəndi yurd yeri, ocaq yeriylə,

Ruzudur şum yeri, otlaq yeriylə,

Düş ruzi dalınca, keç eldən-elə,

Torpaq çox tapılar, vətən tapılmaz.


Bu torpaq hələ çox babalaşacaq,

Min yol doğmalaşıb obalaşacaq.

Ömrümüz ömürə ömür qoşasaq,

Onsuz muradına yetən tapılmaz.


Qərib yaylığında

göz yaşıyla nəm,

Bir ovuc torpaq da vətəndir, nə qəm.

Mən ki bu torpağı belə görürəm,

Daha ondan dönüb gedən tapılmaz.

Dekabr, 1976

1   2   3   4   5   6   7   8   9   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə