Musa yaqub payiza baxiram şeirlər (seçmələr) Bakı “Araz”-2010




Yüklə 2.55 Mb.
səhifə18/18
tarix23.02.2016
ölçüsü2.55 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   18

YALVARIŞ
Kəndiri kəsilmiş, ipi üzülmüş,

Havası boğulmuş, suyu süzülmüş

Qərib bir bəndəyəm yenə gəlmişəm

Təpədən dırnağa yalvarış kimi

Bütün hisslərimi, sevgilərimi

Sənə gətirmişəm, sənə gəlmişəm

Keç qul günahından qaytarma məni,

Qovma, dərgahından qaytarma məni.


Bilmirəm hardasa sındı qanadım,

Sonuncu uçrumda sonuncu addım -

Əks-səda kimi sınıb gəlmişəm,

Şimşəkli bir daşda yanıb gəlmişəm.

Səndən o tərəfə yolum qalmayıb

Gəl məni qaytarma o sıldırıma,

Sıldırım yandıran o ildırıma.
O növ doğranmışam, bu növ çıxmışam

Basılmış basmadan kösöv çıxmışam.

Ömür çürütmüşəm, gün qaraltmışm

Min cürə əzabdan, zülümdən çıxıb

Məhbəsdən sənəcən lağım atmışam.

Daha o məhbəsə qaytarma məni

Yaralı durnayam heyi kəsilmiş

Sonuncu qanaddır, çalıb durmuşam,

Sonuncu nəfəsə qaytarma məni.
Dəryada son çöpdən tutan kimiyəm,

Boşluqlara kəmənd atan kimiyəm.

Yaylaqda havam yox, budaqda yuvam

Dəryada o çöpə qaytarma məni.

Ən gözəl çəməndə ayağım yanıb,

Ən sərin bulaqda dodağım yanıb,

Daha Tövbə! Tövbə! Qaytarma məni.
Lap belə bir iynə ucu da yetər

Gözündə bir çınqı işığımı saç,

Üzündə bir cizgi qayğımı göstər

Bağında oxuyub ötməkdən ötrü.

Demirəm gülümü, yarpağımı ver,

Təzədən göyərib bitməkdən ötrü

Ayağın altında torpağımı ver,-

Dəryada o çöpə, qaytarma məni

Daha Tövbə! Tövbə! Qaytarma məni.

Yanvar 2003

Bakı
DÜNYANIN ÖMRÜ
Nə var sevgidən özgə –

Başqa şeylər hədərdir.

Dünyanın ömrü eşqin

Yaşamağı qədərdir.



Oktyabr 2003

Bakı
OLUB

Gözəl sənətçimiz hörmətli

Laləzar xanım üçün.
Taleyin duyğulu bir sabahında

Mənəmmi yanırdım sevda ahında?

Sevginin ilk görüş bismillahında,

Mənim bir lal olan cavanım olub.


O gəldi sevdamın dar ayağında,

Yıxılıb ölmüşdüm yar ayağında.

Sonra "hə" dediyi söz çırağında

Təzədən dirilən bir canım olub.


Allahım, o nəydi məni söylədən?

Ağlada-ağlada dərdə öyrədən

Olub, zülüm-zülüm, ürək göynədən

Canıma nuş olan hicranım olub.


Daha ala gözlüm heç baxmaz bəri,

Dəryamda yosunlar uddu gövhəri.

Mən də bir qul idim-eşq bəxtəvəri,

Mənim də ilk şahım, soltanım olub.


Ey qızıl payızım, bəs mən nə gördüm?

Ələ yarpağını, üstümü örtüm.

Mən nəyi ötürdüm, nəyi götürdüm?

Elə bil ömrümdə bir anım olub.



9 noyabr, 2003

Bakı
AĞLAYAN ŞEHLİ ƏKİN
Bir qara bulluddan soyuyub gələn,

Bir külək ağzından çovuyub gələn

Çəmənə çırpılan ilkin damcılar

Bir solğun çiçəyi ayıldan kimi

Durna öz gölünə qayıdan kimi

Könlümə qəfildən doldu bu sevda,

Deyəsən sinəmdə közüm alışdı

Bir üzün üstündə üzüm alışdı;

Pərvanə dolandı çırağın üstə;

Bir sarı dimdikli bala bülbülün

Çənəsi söykəndi yarpağı üstə;

Deyəsən təzədən pərvazlanıram…

Meh vurdu ağlatdı şehli əkini…

A köhnə yuvanın təzə sakini,

A qoca bağların barı, bəhrəsi,

Payız yarpağının qızıl çöhrəsi,

Salam, eşqim, salam, muradım, salam.

Təzədən açılan qanadım, salam.

Bu hansı atəşdir yandı canımda -

Barmağım göynədi, ruhum oynadı,

Qələmim titrədi qələmdanımda.

İlk yaz bənövşəli söz yazan kimi,

Maral yoncasından bal sızan kimi,

Qoy durub başlayım sevgi şeirimi…

O qara buluddan odlanıb gələn,

Bir dəniz atına atlanıb gələn,

Salam, eşqim, salam, muradım, salam!

Təzədən açılan qanadım, salam!

Qoy durub başlayım sevgi şeirimi…
NƏ DEYİM, VALLAH…
Bu sual mənimdir çətin, ya asan;

Demirəm nə küsü, nə barış üçün.

Allah eləməsin sən olmayasan

Gətirim birisin dolanış üçün.

Necə dolanaram, evdə, eşikdə,

Bu təzə oyunum, bu təzə mərəm –

Bəlkə tələsərəm, heç tələsmərəm –

İlk dəfə pilləni necə qalxaram

İlk dəfə qapını açaram necə,

İlk dəfə o gözə necə baxaram –

İllah ki ruhun da baxa dalımca

Kimin halı olar mənim halımca?

Hansı hekayəti danışar dilim,

Hansı nəvazişi göstərər əlim?..

Səninlə çəkdiyim hesabdan sonra,

Min-min oxuduğum kitabdan sonra

Könlümdə həyəcan, çeşməyimdə tər

Gözüm əlifbaya necə öyrəşər…

İllah ki, ruhun da mənə göz qoya.

Sən gəlib yadıma düşəndə hərdən.

Doğmalarımızcın qayğılananda

Necə yayınaram o yad nəzərdən

Mən necə taparam öz qılığımı? –

İşarsa gözümdə yaşım bir gilə

Harda gizlədərəm doğmalığımı

İllah ki, ruhun da üzümə baxa,

İllah da ki, mənə yazığın gələ…

Bilmirəm nə vaxtı, necə harada,

(Eh, əşşi, sən allah qoy oturmuşuq)

Bir mehribançılıq olsa arada,

Eşqdən, məhəbbətdən söz düşə qəfil;

Dünyada bircəmsən , – deyim-təkcə sən

– Belə uydurmalar çıxa dilimdən,

– Birdən sözüm çaşa,

– Dilim dolaşa

Hec o hayladığım gəlməsin haya, –

Halım necə olar, əhvalım necə?..

İllah ki, ruhun da mənə göz qoya…

Dərdimin üstünə örtük salanda

Necə görünərəm örtüyüm üstə

O ağır calağı qarda, boranda

Necə saxlayaram kötüyüm üstə

İllah ki, ruhun da gözümə baxa…

Sən etdin ömrünü mənə sadağa,

Özümü, sözümü salıb qabağa

Həmişə dalımca gəlmisən, mənim;

O məndən qabağa düşsə neylərəm –

Yəqin el içində almaz dərsimi,

Mən necə boğaram kişi hirsimi,

Necə yumşaldaram özüm-özümü?..

İllah ki, ruhun da baxa dalımca

İllah da ki, mənə yazığın gələ,

Kimin halı olar mənim halımca?!

Mənim taleyimdə şər qarşısında

Qala bilmərəmmi bu nam-nişanda,

Görəsən mən necə təslim olaram,

Əgər sən olmasan mən kim olaram –

Ömürdü sürürük bu gün… ya sabah…

Gündü yaşayırıq, nə deyim vallah…

Qış-yay, 2009



Bakı-Buynuz
1   ...   10   11   12   13   14   15   16   17   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə