Musa yaqub payiza baxiram şeirlər (seçmələr) Bakı “Araz”-2010




Yüklə 2.55 Mb.
səhifə17/18
tarix23.02.2016
ölçüsü2.55 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   18

QORXURAM YAMAN
Sən özün - özünə qapılan zaman,

Fikirli olanda, duyğulananda,

Sevdalı vaxtından qorxuram yaman –

Qorxuram tapışıb mələklər ilə,

Tamam başqa - başqa diləklər ilə,

Gedəsən, gedəsən, qayıtmayasan.

Birdən öz eşqinə əsir olasan,

Pünhan saxladığın o sirr olasan,

Sərhəddən çıxasan, səddən çıxasan,

Dərd kimi görünməz həddən çıxasan,

Qızıl ilan kimi xətdən çıxasan,

Bir dəli sevdanın dalınca düşüb,

Çıxasan, gedəsən, tapılmayasan.
Kimdisə, hardasa səni səsləyən,

O səsi yaxından eşitmək üçün,

Bir başqa yuvanı isitmək üçün,

Durna öz səfinə qoşulan kimi,

Elin şanapipik rəvayətində

Saçı daraqlı qız quş olan kimi

Başqa budaqlara, başqa göllərə

Quş olub uçasan qayıtmayasan,

Başqa sevgilərə çiyindaş olub

Qoşulub qaçasan qayıtmayasan -

Sevdalı günündən, eşqli günündən,

Duyğulu vaxtından qorxuram yaman.


Bilməm göy adamı, yer adamıdı,

Yapışa əlindən o sevda yazan,

Gedəsən, çıxasan, başqa dünyaya,

Gedəsən, gedəsən, qayıtmayasan

bilim bəlkə də, buludlar ilə,

O qürub hörüklü zər atlar ilə,

Birdən atlanasan,

qanadlanasan,

Bütün sərhəd boyu, bütün hədd boyu

Vurub, yıxıb bir yol tapıb gedəsən-

Bütün dünya boyu, məhəbbət boyu,

O üsyan atını çapıb gedəsən -

Gedəsən, gedəsən, qayıtmayasan -

Üsyanlı günündən, dolu günündən,

Sevdalı günündən qorxuram yaman.

İyul, 1995
* * *
Könlünün könlümdən yoxdur xəbəri,

"Məndə bir mən vardır məndən içəri"-

Onun payızından xəbərin olmaz,

Sənin məhəbbətin quşdur köçəri.


Yuva dəyişəndə köçəri quşlar,

Yadıma düşürsən köçəri kimi.

Bir yaylaq yerində qaralıb qalan

Köçəri obanın köç yeri kimi.


İndi o ağacın budağı boşdu,

Sənin məhəbbətin köçəri quşdu -

Öyrəşib həmişə seyri-səfaya,

Dəyişən yuvaya,

isti havaya,

Payızdan, şaxtadan yoxdu xəbəri,

Sənin məhəbbətin quşdu köçəri…
Yəqin duyar məni, bilər sevgimi,

Duyğulu ürəklər, sevdalı başlar.

Yaşar bu dünyada bir qərib kimi,

Ötərgi sevgilər, köçəri quşlar.



Mart, 1993
QIZIL GÜL
Bir rəng ilə gör neçə rəng çəkmisən,

Qara torpaq, əhsən sənin fırçana,

Diriltməyə qızıl toxum əkmisən,

Gül donunda qızıl gəlibdir cana.


Qızıltozu fışqıracaq qanında,

Od ləçəkdə alış görüm ürəyim,

Vallah, belə qızıl qönçə yanında

Qızıl külcə deyil mənim gərəyim.


Ovcumdadır bu çəhrayı alovlar,

Bu olmasa vurar məni qırovlar.

Tər ləçəklər könül alar, ruh ovlar,

Allah, məni bu məqamdan ayırma,

Billur dolu qızıl camdan ayırma.
Xoşdu mənə göy ilimdən, yer ilim,

Öldür məni bu ləçəkdə dirilim,

Qurban olsun bu anıma bir ilim,

Qoy məni də ləçəklənim, allanım,

Gül ömrüylə bu dünyaya aldanım.
Gözəlliyi, zərifliyi qoy görüm,

Bax gözlərim , duy ürəyim, duy görüm.

Qızıl buta, yaşıl donu soy görüm,

Alt köynəyin alov dilli bir ocaq,

Bu alovda gümüş şehin yanacaq.

May, 1994
* * *
O mavi axşamda, mavi salonda,

Sən onda, sən onda

Qırmızı donda –

Qızıl ilahəydi ömrüm yolunda;

Qarşında həyəcan içində qaldım,

Qırmızı işıqdan keçə bilmədim,

Sənin ovsununla keçiddə qaldım.
Yaşıldan keçənlər çıxıb getdilər,

Yaşıl libaslara, yaşıl donlara,

Getdilər çıxdılar yaşıl yollara,

Yaşıl çəmənlərdə kama yetdilər -

Çoxunun sevgisi, eşqi səfərdə.

Mən qaldım, bir ölçü-biçidə qaldım,

Torağay oxudu göy zəmilərdə

Mən elə lalələr içində qaldım -

Qırmızı işıqdan keçə bilmədim.

Qaldım al piyalə sərxoşluğunda,

Başqa badələri içə bilmədim.
Bilmədim bir yaşıl yol gəl-getini,

Dünyadı ömrümdə o qızıl axşam.

Səninçin könlümün foto-lentini

Qırmızı işıqda aşkarlamışam.


Dan kimi ömrümə doğulduğun gün

Mən də üfüqləndim sənin danında,

Qırmızı işıqdan keçə bilmədim

Qaldım keşiyində, qaldım yanında

Yanımdan keçənlər çıxıb getdilər -

Yaşıl ümidlərə, yaşıl günlərə -

Yaşıl sevdalarda kama yetdilər.

Mən elə bu ölçü-biçidə qaldım,

Qırmızı işıqdan keçə bilmədim.

Gör necə səbrli ömür yolçunam

Həmişə sınaqda, keçiddə qaldım -

Sən idin, sən onda, qırmızı donda,

Qızıl ilahəsən ömrüm yolunda,

Qırmızı işıqdan keçə bilmədim.



1995
* * *
Daha külə dönmüş soyuq ocaqdı,

İndi ki, istisi olmayacaqdı,

İndi ki, bəhrəsi olmayacaqdı

Nəyimə gərəkmiş bu sevgi mənim,

Nəyimə gərəkmiş o iztirablar,

O dəli həsrətlər, ağır əzablar,

Nəyimə gərəkmiş o yoxuş, eniş,

Mən neçin bu yolu keçməliyəmmiş?!

Özümü bu yolda yormaqdan ötrü,

İnsanı dişimə vurmaqdan ötrü,

Sınamaqdan ötrü,

Sınaqdan ötrü,

Bəlkə dönüklüyün boz sifətini

Bəlkə bir ümidin üzülməyini

Bəlkə bir inamın yıxılmağını

Görməkdən ötrümü yaşadım belə?..

Öyrənməkdən ötrü, bilməkdən ötrü

Vəfasız yükünü daşıdım belə,

Heyif, bir oyuna ömür sərfimə

Yolun bu başında iztirablarım,

Yolun o başında güldüm səhfimə -

Hə bu da dünyanın sevgi tərəfi,

Faydasız tərəfi, itgi tərəfi,

Yəni ki, aldanmış ömür tərəfi

Rəndəyə gəlməyə, yonqar olmağa,

Taleyin qurumuş ağac tərəfi,

Bəxtin kül tərəfi, kömür tərəfi.

Sınanmaqdan ötrü,

Sınmaqdan ötrü,

Elə öz odumda yanmaqdan ötrü

Nəyimə lazımmış o iztirablar,

O dəli həsrətlər, ağır əzablar!



1995

SƏNİN YANINDA
Sənin əlin su paylayan, mən yaddan çıxan,

Şüşəbənddə dibçək kimi yağışa baxan -

Yanğılanıb öz-özünü yandırıb-yaxan -

Səndən ötrü darıxıram sənin yanında


Nəğməsindən yorğun düşən bir nəfəs kimi,

Gül ağacından asılı bir qəfəs kimi.

Hara baxır səni görür gözüm tərs kimi

Səndən ötrü darıxıram sənin yanında


Sənə baxıb güzgülənir rəqibim hər dəm -

Mənim ürək sızıltımı duymursan bəyəm?

Mən də elə o güzgünün taxta üzüyəm -

Səndən ötrü darıxıram sənin yanında


Bir divarın iki üzü - çöl üzü hasar,

Çöl tərəfdən sarmaşığım çəpərdən baxar.

Aman Allah, uzaq durub, yaxın darıxar -

Səndən ötrü darıxıram sənin yanında


Aramızdan o soyuq çay axana kimi,

Sarmaşığım o çəpərdən baxana kimi.

Saralıram barmağında bir xına kimi -

Səndən ötrü darıxıram sənin yanında.



İyun, 1994
TƏNHADI

Bir mahnılı Könülə
Tənha könlüm, tənhaları sal yada,

Tək qovaqlar çıxıb yola tənhadı.

Eh, o qədər qoşalar var dünyada,

Özü qoşa ola-ola tənhadı.


Qovaq olub başın üstə əsənəm,

Heç demə ki, yoxdu dostum, kimsənəm.

Sən ürəyi nəğmə dolu bir sənəm,

Mən demirəm əhli-hala tənhadı.


Yalqızların mehribanı qoy olsun,

Tək canına yanan canı qoy olsun.

Eh, nə olsun, gülüstanı qoy olsun -

Ev dustağı yanı qala, tənhadı.


Təsəllidən gül açsa da ürəyin,

Hər yetənə necə yata ürəyin.

Cüt qanadla lap uçsa da ürəyin

Rast oluğsa bir naqqala, tənhadı.



Aprel, 1995
* * *
Bu pəncərə sənin eynəyin deyil,

Nimdaş pərdələri köynəyin deyil.

Bəsdi bu çeşməyi gözünə taxdın,

Bəsdi bu ağ donla yollara baxdın.

Əzizim, boylanma bu pəncərədən

Qismət də bir ovdu keçdi bərədən

O vaxt açıq idi qapı, pəncərə,

Uçdu da qismətin dalınca hərə -

Biri taleyinə bağlandı qaldı,

Biri şüşə kimi ölçüyə düşüb,

Pəncərə gözünə mıxlandı qaldı.

Qanad yorğun kimi, könül boş kimi,

O günə qayıtmaq deyilmiş asan.

Pəncərəsi bağlı qaranquş kimi

İndi nə bəklərsən, nə çırpınarsan

İndi ömür yarı, indi gün yarı,

Daha bu qanadlar uçurmaz səni.

Daha açmaq olmaz o qapıları,

Daha keçmək olmaz bu pəncərəni.

O duyğular səni ayıldıb gəlməz,

Bu yoldan o cığır qayıdıb gəlməz.

Çətin ki, torpaqdan çıxa nagahan

Çətin ki, o qismət göylərdən enə.

Mavi bir boşqabda sarışın oğlan

Vallah enməyəcək bu pəncərənə.

De boğ hisslərini, çağrışlarını,

De yığ bu yollardan baxışlarını.

Fikrində dolana-dolana qayıt,

Səninçin həqiqət olana qayıt.

O dediyin günlər qayıtmaz geri.

A dibçək budağım, çəkil içəri.

De yığ pəncərədən qanadlarını

Güldür istədiyin, istəmədiyin

Sənin olanların həyatlarını.

Qovrula-qovrula, lap yana-yana

Güldür istədiyin, istəmədiyin

O əlləri güldür, gözləri güldür

Üzünə üz tutan üzləri güldür.

Xoş bilib gözucu sal nəzərini

Hərdən də qayıdıb bizləri güldür.

A könül dustağım, çəkil içəri,

A dibçək budağım, çəkil içəri,

Gəl daha boylanma bu pəncərədən,

O eşq bir şimşəkdir keçir hərədən,

O vaxt bir ov idi keçdi bərədən…

Fevral, 1994
* * *

Dərdimi, əzabımı

Yanğımı soyutmağa,

Eşqindən incik düşən

Könlümü uyutmağa

Bir məqam istəyirəm;

O sevgi savaşımla

Baş qoyduğum sinəni

Yandırım göz yaşımla

Yağa su damar kimi -

Mənə tərəf baxmayan

Gözlərinin acığına.

Dünyanın ən mehriban,

Ən şirin sözlərini

Tək sənə pıçıldayım,

Bircə dəfə xoş bilib

Səndən eşitmədiyim

Sözlərinin acığına.

Bir quruca budağı

Göyərdən sarmaşıq tək

Sənə sarılım qalım,

Daha mənim olmayan

Dizlərinin acığına.
Səma atəşi kimi,

Qurub günəşi kimi

Saçılıb da saçına,

Dönüb qızıl tacına,

Sıxım bulud telini -

İndi əlim yeiməyən

Tellərinin acığına.

Göyərçin əllərini

Elə sıxım köksümə

Bağrımın alovundan

Gül açsın barmaqlarım,

Əlimə əl verməyən

Əllərinin acığına.

Yol alıb yola çıxım,

Mənə sarı gəlməyən

Yollarının acığına.


Allahdan olmuş kimi,

Bir qırğı caynağından

Qopan qaranquş kimi

Məni pənahgah bilib

Atılsan qoynuma,

Yükün düşə boynuma,

Mən də

Bir yuxu hesabında,



O ara sahibinin

Etdiyi səvabında,

Dünyanın ən bəxtəvər

Məqamında yaşayım,

Həmin o dəqiqənin

Davamında yaşayım -

Yollarında çəkdiyim

Həmin o həsrətlərin,

İntizarın acığına

Sən mənə göstərdiyin

Dönüklüyün əvəzi,

Mən sənə saxladığım

Etibarın acığına…

Yanvar, 1995

HARDA QALIR GÖRƏSƏN
Son mənzilin son payızı, son qatar,

Sim qırıldı mizrab düşdü, susdu tar.

Mən də deyim könlüm niyə sızıldar.

Qərib durnam qanad çalır görəsən?..

Mənim sevgim harda qalır görəsən?..
Ot içində gül yarpağı ağappaq,

Solub gedib al dodağı ağappaq.

Təzə tutub kül ocağı ağappaq

Ocaq sönür, qaş qaralır görəsən?..

Mənim sevgim harda qalır görəsən?..
O yaylağın bulaqları içilməz,

O sevginin körpüləri keçilməz.

Belə gündə vağam zəmi biçilməz,

Nə çoxalır, nə azalır görəsən?..

Mənim sevgim harda qalır görəsən?..
Son gecədə parıltısı qalırmı.

Günbatanda saraltısı qalırmı,

Uzaq yolda qaraltısı qalırmı?

Hərda isə yol daralıb görəsən?..

Mənim sevgim harda qalır görəsən?..
Vallah, daha dağ aşmağı bacarmaz,

Yaraşığa yaraşmağı bacarmaz.

Küsüşməyi, barışmağı bacarmaz.

İndii nəyə mehr salır görəsən,

Mənim sevgim harda qalır görəsən?..
Elə mən də ərimişəm, itmişəm.

Sonra gəlib bu talada bitmişəm.

Ulu tanrım, muradıma yetmişəm,

Nə göyərir, nə saralır görəsən?..

Mənim sevgim harda qalır görəsən?..
Çöp-çöp tutub yan-yörəni hörübsə,

Xəzəl gəlib örtüyünü səribsə,

O soyumuş yuva harda qəribsər

Huşa gedir, fikrə dalır görəsən?..

Mənim sevgim harda qalır görəsən?..
Bəlkə tapıb siz də bir söz deyəsiz,

Ayağına isti corab geyəsiz,

Aman Allah, harda ağlar yiyəsiz!

Sorağımı kimdən alır görəsən,

Mənim sevgim harda qalır görəsən?..

Yanvar, 1998

Buynuz
SƏNƏ VƏ MƏNƏ
Qalmadı bir ümid, bir güman yeri.

Göynədi sinəmin o hicran yeri.

Dünyanın ən qərib, darıxqan yeri,

Sənin olmadığın məkandır mənə.


İtdi o cığırım gəlib-gedimsiz,

Bu dünya keçinməz ölüm-itimsiz.

Allah, bu kainat məhəbbətimsiz

Necə də darısqal cahandır mənə.


Bilmədik qədrini, ötürdük yaşı,

Allah verdiyinə biz olduq naşı.

Mən üsyan etmərəm tanrıma qarşı.

Bu zülüm tanrıdan üsyandır mənə.


Seyrəldi göylərin o durna səfi,

Bulandı əhvalı, pozuldu kefi,

Aldadıb aparan bu dünya evi

Qurubu naxışlı dumandır mənə.


Zamanın fırlanan çarxına baxdım.

Keçəni gətirib yaxına baxdım.

Taledə qismətim, ömürdə vaxtım,

Gərdişi-dövrandan əyandır mənə.


Bu yerin təkidir, o göyün tağı.

Almaz yalvarışı, verməz sorağı.

Gözəgörünməzdə qeybin dodağı

Bir sirr pıçıldayır haçandır mənə.


VİDANAMƏ
Axır ki, sən məni duya bilmədin,

Sözüm halbiləni əhli-hal eylər.


Bir yerdə çox görüb bizi mələklər

İndi görməyəndə nə sual eylər?


Sən tütün acısı, mən bal arısı

Tütün çiçəyini arı bal eylər.


Ən şirin sözümü tək sənə dedim,

Etiraf etməsən dili lal eylər.


Bir zərrə mehr üçün ona möhtaca

Ögeylər bol vaxtı darmacal eylər.


Sən bəlkə ögeylik saldın araya,

Bu halın könlümü halbahal eylər.


Çox vaxt uyub getdin sayrışınlara

Dözdüm ki, namərdlər qalmaqal eylər.


Bir qədirbilməzin qədrini bildim,

İndi alıb məni nimdaş mal eylər.


Bəlkə indi bilib ağla dolmusan

Maşallah, bu səni pürkamal eylər.


Kimi gümüş tacı başda saxlayar,

Harınlar atına onu nal eylər.


Mən bu dostluq üçün keçdim canımdan

Canımı alan bəs, nə xəyal eylər?


Hər iki tərəfə düşən əzabı

Çəkib bir-birinə kim halal eylər?


Mehrimdən heç kəsə ziyan toxunmaz,

Onu ömrü duru, xoşcamal eylər.


Eşqimə sədaqət məni ucaldar

Səni dönüklüyün payımal eylər.


"Oldu, getdi…" deyən biganə üçün

Bu çıxma-toplama bir misal eylər.


Bu eşqə can qoyan bir ay da dözməz

Ayını incəldib bir hilal eylər.


Min vədin içində doğru sözün yox,

Gör fələk adama nə zaval eylər.


Bir ömür hicranın yaxın görüşü

Bəlkə üç saatlıq xoş vüsal eylər.


Əlvida demirəm, sən ol günahkar

Kimsə günahkarla hal-əhval eylər.



Sentyabr, 1996
* * *
Ay ilahi xanım,

Sufahi xanım!

Nə ərkli söz idi onu sən dedin,

Məhəbbət şeirimi sevirsən dedin.

İndi o duyğular sənə gərəkdi -

Sev mənim o sevgi duyğularımı,

Sev mənim könlümün vurğularını.

Bulud dan yerinə boylanan kimi

Yazda ilk bənövşə boylanan kimi

Qəlbinin ən dərin güşələrində

Ən zərif hisslərin qalxsın ayağa.

Könlün oda dönsün, ruhun çırağa.

Bir az da gözəlləş, bir az da açıl,

Sevgi şerimdəki bu yazda açıl,

açıl qanadlan,

Ən ülvi duyğular qoynuna atlan

Bu həzin sevginin önündə əyil,

Sındır qürurunu, hər inadı at,

Güney qarı kimi günəşdə əri -

Sonra dön bir topa qar çiçəyinə

möcüzə yarat…

Şeirimi təzələ, yenidən yaşat.

Titrəsin könlündə könlümün səsi,

Göynətsin sinəni həsrətli bir ah.

Sənin yanağında o dağ laləsi,

Mənim şerimdəki yanğıdı vallah.

Ay iləhi xanım,

Süfahi xanım.

Sevdiyin adama yanaş beləcə,

Görürsən ürəyin titrəyir necə?!

Görürsən əllərin necə isindi

O mənim ovcumdu, sənin əlindi

Şeirim əllərini isidir indi.

Həmin o vicuddur titrəyib əsən,

Şeirimin əlidir saçında gəzən.

İndi mənə baxan mənim gözümdü,

Həmin baxışlardır, həmin həyacan,

Bu mənim sevgidə şirin sözümdü

Sənin ürəyini alır nagahdan.

Bu həmin məqamdır, bu həmin saat,

Pöhrə kötüyünü yaşadan kimi,

Qönçə örtüyünü yaşadan kimi

Şeirimi təzələ, sevgimi yaşat.

Eşqin həsrət-həsrət göynə göyərsin,

Məndə təzələnib köhnə göyərsin.

Paxıllar, kobudlar yaşatmaz bizi.

Ürəyi qurdlular yaşatmaz bizi.

Siz kimi gözəllər yaşadacaqlar

Bizim şeirimizi-ürəyimizi.

Ay ilahi xanım,

Süfahi xanım.

Yoxdur bu dünyada şair ölümü,

Belə duyğularla yaşat şeirimi,

Belə sevgilərlə uzat ömrümü.



Mart, 1997
SEVGİ MƏKTUBU
Vallah, heç bilmirəm istəyim nədir,

Ürəyim tel-teldi, şanə-şanədi.

Özümə verdiyim sərt fərman kimi,

Eşqimə yazdığım son dərman kimi,

Bax elə bu yaşda, bax elə bu gün,

Çılğın hisslərimi toplayıb bütün,

Titrəyə-titrəyə əlimdə qələm

Bir sevgi məktubu yazmaq istərəm.

Kimə? O mələyə - ilk nəvazişə.

O ilkin görüşə, ilkin atəşə.

Bağrımın başını dağ-dağ eyləyən.

Yandırıb könlümü cızdağ eyləyən

O məni döndərib məndən dönənə.

Yəni ona, ona -

adı pünhana

Bir sevgi məktubu yazmaq istərəm…

Keçirim sözümü bağçadan, bağdan.

Bir şehli çəməndən, büllur bulaqdan,

Bir gül ləçəyində allanıb gələn,

Arı pətəyində ballanıb, gələn

Gül sözüm, bal sözüm gəlsin üstümə

Qarışsın ahıma, dönsün tüstümə.

Sinəmdə alışıb yansın körüyüm,

Sözümü alova, közə bürüyüm.

Dilimə alanda dilim alışsın,

Qələmə alanda əlim alışsın.

Təpədən-dırnağa od olub yazım.

Sevgi dodağında dad olub yazım.

Könlümün ən dərin guşələrində

Çapılıb, qopulub, tapılıb gələn

Alıb mələklər də quca sözümü,

Yəni ki, ən ülvi, uca sözümü -

Sehrimi, mehrimi göndərim getsin.

Hardasa o məktub ünvana yetsin,

Sonra…

iş - gücümü buraxıb tamam,



Durub o savabı gözləyim müdam…

Qalım yarpız kimi arx qırağında,

Yatım çəpər kimi bağ qırağında.

Anası heç zaman qayıtmaz ola,

Gözləsin yuvada göyərçin bala -

Həmin bu misalda, həmin bu halda,

Gözləyim cavabı ən dar macalda.

Dünyanın nə dövlət, malına baxım

Durub o məktubun yoluna baxım.

Payızı soyumuş bir pöhrə kimi

Bir görüm könlümə qar necə düşür.

Qovrulum yerimdə səhərə kimi,

Görüm köynəyimə qor necə düşür.

Gah o səs, gah bu səs məni ayılda,

Qalım qapılarda, qalım bayırda,

Yerdə iz axtarım, göydə də quşu.

Gah gedib dindirim tanış-tunuşu,

Bir sözlü yol keçən dönəndə bəri

Heç mənə baxmasın, mən qalım xəcil.

Görüm ki, dərdimdən yoxdu xəbəri,

Bu sevgi heç kəsin vecinə deyil.

Qovrula-qovrula

günüm sovrula.

… Və bir gün qapımı döysün bir nəfər

Çağırsın adımı o üzü gülər.

Durub həyəcanla yüyürüm çatım -

Çatanda görüm ki, səhv düşüb adım.

Tam başqa adamdır, tam başqa xəbər,

Tufan vurub yıxan bir meşə kimi

Boynum yana düşsün, qolum yanıma.

İsitmə, üşütmə düşsün canıma,

Birdən başımda da qopsun fırtına,

Dönüm qar altında payız otuna,

Üz üstə torpağa düşüb qaralım,

Sonra ölə-ölə ölməyib qalım.

Arxım o sel-sudan qazılı qalsın,

Ürəyim bir sapdan asılı qalsın.

Durub bir ümidə bükülüm gedim,

Yerəmi, göyəmi çəkilim gedim.

Bir qürub çağımda itim dünyadan,

O məktub dalınca gedim dünyadan

Bu yalqız dünyadan, yetim dünyadan.



Sentyabr, 1998
MƏNƏ DANIŞMA
Hər ömrün bir tale dərdi var, pəri,

Yəni ki, silinməz, kömək edilməz,

Hər kəsə deyilməz gizli kədəri…

Təkcə sənə məlum, özünə əyan,

Tale qıfılını vurub bu dərdə.

Heç bir mahnıya da dəxli olmayan

Dinər ən yanıqlı zümzümələrdə.

Bilirəm heç nədir bu dərdin adı,

Bəlkə bala quşdur sınıb qanadı

Yetim yuvasına qısılıb durub.

Bəlkə bir kəpənək ümiddir bu dərd

Hörümçək torundan asılıb durub.

Bəlkə bir lalədir bağrı qapqara

Bağrının başında yazılıb durub.


Ayrılıq dərdimi, sevgi dərdimi?

Sinəni oxlamış xəyanətdimi…

Hardasa əzilib sındırılmısan.

Bir təzə əkində çarx yeri kimi

İz salıb içində qalıb o şırım,

Ürək sınıq-sınıq, tel qırım-qırım.


Lap belə ən şirin görüşündə də,

Bu dərd var bəxtəvər gülüşündə də

Bəlkə də atmısan bir səhv addımı,

İndi də yandırıb-yaxar adamı.

Köməyim yoxdursa bir əhli-dərdə

Sən allah, bu dərdi mənə danışma.

Yenə ən yanıqlı zümzümələrdə

Axtar dözümünü, tap təsəllini

Bir ümid dalınca uzat əlini.

Bir qərib durnaya söylə sözünü,

Ona bir göl dilə gedib uyusun.

Bir cadar torpağa çevir üzünü,

Ona yağış dilə, dərdin soyusun.

Hər ömrün bir tale dərdi var, pəri,

Yəni ki, deyilməz gizli kədəri…

Sən allah, bu dərdi mənə danışma.



2 may 2000,

Buynuz
BU YOL BİZİM YOL İDİ
Burda kim kimi haylar,

Diksindi torağaylar

Hürkdü o yan-bu yanlar

Bu yol bizim yol idi.


Gözüm dolub-boşalar

Sevgiylə baş-başalar

Burdan keçən qoşalar,

Bu yol bizim yol idi.


Qıçlarımda tutardı…

Məni atıb-tutardı

Keçib getdim qurtardı -

Bu yol bizim yol idi.


Karvanı aralanmış,

O sovda sıralanmış,

Bostanı uralanmış

Bu yol bizim yol idi.


Sünbül üstə çin gedər,

Ömürdə biçin gedər,

A burdan keçib gedən,

Bu yol bizim yol idi.


O dəyirman, o çinar

Bəlkə bizi bilən var…

"Evləri köndələn yar",

Bu yol bizim yol idi.



15 iyun 2002,

Buynuz
TAPDIM!... TAPDIM!...
Bu bir sevgi yuxusuymuş,

Bir bənövşə qoxusuymuş -

Tapdım!... tapdım!...

Bir meşənin yaxasından

Tardım səni!

Bir çiçəyin qoxusundan

Tapdım, tapdım, tapdım səni!
Mən də gedib itmiş idim,

Bir talada bitmiş idim,

Tapdım!... tapdım!...

Rəqibimdən qaçan vaxtı

Tapdım səni!

Mənə sarı uçan vaxtı

Tapdım səni,

Tapdım, tapdım, tapdım səni!


Allah bu sən olmayasan,

Bəlkə erkən solmayasan -

Tapdım!... tapdım!...

Şəkildə nə süslənmisən,

Tapdım səni!

Surətində gizlənmisən,

Tapdım səni!

Tapdım, tapdım, tapdım səni!


Yollar uzun, otu solğun,

Axtarıram yorğun-yorğun -

Tapdım!... tapdım!...

Hicranımda, əzabımda

Tapdım səni,

Bu xatirə kitabımda

Tapdım səni,

Tapdım, tapdım, tapdım səni!...



Avqust 2001

Buynuz
GEDİM
Allahım, bənd olub çaşıb qalmışam,

Sən göstər səmtimi, səmt ilə gedim.

Bir sevda işığı tutub gözümü,

Kömək ol, fəhm ilə, fənd ilə gedim.

Mən eşqdən savayı bir yol bimirəm,

Məni bir bəndəyə bənd elə, gedim.



24 sentyabr 2002

Buynuz
SƏNƏ SON ŞEİRİM
Bir yay günəşindən yanıb, qovrulub,

Daha o güneyi göyərtmək olmaz.

Əzabdan yorulub, dərddən yorulub,

Məni hər dərd ilə göynətmək olmaz,

Hər sarı sim üstə söylətmək olmaz.

Küsüb, yuvasından uçub bülbülüm,

Onu bu yuvaya öyrətmək olmaz.

Bülbülü qayıtmaz o yuva kimi,

Harda gözlədirsən mənim sevgimi?

Harda saraldırsan güneylərimi,

Arada bir insaf, bir etiraf yox,

Necə eşidirsən gileylərimi?

Sən xəzan etdiyin çəmənim həşəm,

Mən quzey ağacı, ayağı qarda.

Mən yoxam, canımı sənə vermişəm,

Harda saxlayırsan canımı, harda?

Əhəng sobasında küldü daşlarım,

Arada bir insaf, bir mərhəmət yox,

Getdi ayağında yalvarışlarım.

Harda soyudursan əhəng daşımı?

Allahım, mən eşqsiz sınıq bir budaq,

Bəlkə o budağın yanıq cörpüsü…

A mənim sevgimin sınıq körpüsü,

Keçidim hardadır, yolum yardadır,

Təkcə Allahıma qalxır əllərim,

Bəs sənə uzanan qolum hardadır -

Hara döndərmisən cığırlarımı?

Nə yaman göyərtdin əvvəllərimi,

Nə yaman soldurdun axırlarımı?!

Könlümdə bir ümid yaşardı bir vaxt,

Əllərim telini oxşardı bir vaxt-

Qaytardın üstümə intizarımı…

Saçında özgənin əlləri altda

Necə saxlayırsan əl tumarımı?

Hərdənbir alışıb telin yanırmı?

Əlimin içində əlin yanırmı?

Necə saxlayırsan yanğılarımı,

Ağrıdan saralmış sarğılarımı?

Hərdən bir xatirəm yada düşəli,

O gözəgörünməz sınıq şüşəni,

Ancaq öz gözündə, öz gümanında

Necə gizlədirsən məni yanında?

Sən Allah, əlimi tutursanmı heç,

Bir fürsət düşəndə, yalqız olanda?

Mənimlə oturub-durursanmı heç?..

Darıxsan, yanında saxla mehrimi,

Mehrimin yanında bu son şerimi,

Oxu, zümzümə et əlvidam olsun,

Bircə yol oxuyan qu quşu kimi,

Bu, mənim son nəğməm, son nidam olsun!..



Sentyabr 2002

Buynuz
1   ...   10   11   12   13   14   15   16   17   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə