Musa yaqub payiza baxiram şeirlər (seçmələr) Bakı “Araz”-2010




Yüklə 2.55 Mb.
səhifə16/18
tarix23.02.2016
ölçüsü2.55 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   18

ONDA BİLƏCƏKSƏN
İndi nazın böyük, ürəyin aram,

Eh, mən də səninçün belə qalmaram…

Bir də görərsən ki, bir ərk yerin yox,

Qalmısan neçə yad baxışın altda.

Qəfil görəcəksən çətirin də yox,

Əsirsən bir qərib yağışın altda.

Günəşdə üstünə kölgə salan yox,

Tənhasan, amma heç yada salan yox.

Sönüb səndən ötrü o isti ocaq.

Onda bilcəksən mənim sevgimi,

Biləcəksən,

o da çox gec olacaq.


Könlün darıxanda, lap darıxanda,

Kimlərsə hardansa qoşa baxanda,

Bir də görəcəksən

Sən burda təksən,

Yanında boş qalıb bir sirdaş yeri,

Sızlayır könlünün həmin boş yeri.

O sözün, o səsin, o ərkin yoxdur,

Dərdin var, bu dərdə şərikin yoxdur.

Onda birdin-birə gözün dolacaq,

Onda biləcəksən mənim sevgimi,

Biləcəksən,

o da çox gec olacaq.


Məsələn, bir dəfə yeri gələndə,

Bir gizli vaxt tapıb güzgülənəndə

Bir də görəcəksən şümşad əllərin,

Çiyninə tökülmüş dalğın tellərin,

Bir gulər üzün var,

amma bilən yox,

Bu xumar gözlərlə birgə gülən yox.

Yoxdur bu əllərin qədirbiləni,

Yoxdur bu tellərin qədirbiləni,

Çiynin boş, əlin boş, boş qalan qucaq..

Onda biləcəksən mənim sevgimi,

Biləcəksən,

o da çox gec olacaq.
Soraq almayanda eldən, mahaldan,

Yığa bilməyəndə gözünü yoldan,

Könlün bir qanadlı söz istəyəndə,

Ümid qanadıyla uçum deyəndə

Bir də görəcəksən qanadın yoxdur.

Çağrılır, deyilir, adı var,

amma

Dilimdə şipşirin o adın yoxdur,



Bir nağıl, bir sevgi, həyatın yoxdur.

Gün keçib, vaxt ötüb, xatirəm uzaq…

Onda biləcəksən mənim sevgimi,

Biləcəksən,

o da çox gec olacaq.

Sentyabr 1988
* * *
Dedin bu qanadla necə uçarsan,

Özünü ələ al, könlünü uyut.

Deyirsən nifrət et mənə bacarsan,

Nifrət et, bu vaxtsız sevdanı unut.


Sarmaşıqdan çəpər çəkmişəm ki mən

Nə baxım, nə görüm, nə yetim sənə.

Şuluq uşağını tənbeh eyləyən

Ana qəzəbidir nifrətim sənə.


Bulud yağışını əsirgəyəndə,

Torpaq cadarlanıb "yandım" deyəndə,

Baxma o torpağın qarğışlarına;

O yenə üzünü

Bir vüsal günü

Sürtər o buludun yağışlarına.


Mənim də nifrətim, qarğışım belə,

Mənim də qəzəbli baxışım belə.


Bülbül yuvasına toxunsan biri

Daha o budağa dönməz quşcuğaz.

Sızıldar canında bir yuva yeri

Amma yuvasına nifrəti olmaz.

Mənim də küsməyim, dönməyim belə.

Könlüm yana-yana sönməyim belə.


Çəmən ayrısının, çöl ayrısının

Mənim o çəməndən gülümü göndər.

Nifrəti ölümdür bal arısının

Sancdımı, özü də məhv olub gedər.


Buludum, yağışım, yuvam, pətəyim,

Yoxluğumdur sənə nifrət etməyim.



Aprel, 1987
ÖLÜRƏM BİR DƏLİ SEVGİDƏN ÖTRÜ
Uğursuz yolu da uğurlandıran,

Qranit qayanı cığırlandıran,

Atəşində əhəng daşı yandıran

Ölürəm bir dəli sevgidən ötrü.


Elə içildikcə doyulmaz olan,

Baxıldıqca gözdən qoyulmaz olan,

Sehrli sevdadan ayılmaz olan,

Ölürəm bir dəli sevgidən ötrü.


Lap belə sonuncu nəfəsə qədər,

Son günə, son ana, son sözə qədər

Qəlb-qəlbə, əl-ələ, göz-gözə qədər

Ölürəm bir dəli sevgidən ötrü.


Nə sərhəd, nə bir hədd, nə qanun qanan,

Eldə təndir-təndir qucağı yanan

Sinə daşında da ocağı yanan

Ölürəm bir dəli sevgidən ötrü.


Suda da, odda da yaşaya bilən,

Ən çətin əzabı daşıya bilən.

Vüsalda dirilən, hicranda ölən

Ölürəm bir dəli sevgidən ötrü.


Füzuli demişkən, kuyi-yar vətən,

Əkiz budaq kimi qovuşan bədən.

Qırdıqca göyərən, kəsdikcə bitən

Ölürəm bir dəli sevgidən ötrü.



Aprel 1988
MƏN KÖNLÜ GİLEYLİ…
Mən könlü gileyli, sən qəlbi sınıq,

Hərəsi bir cürə yar tərəfindən.

Səhra bağrı yanıq, qütbünkü donuq,

Biri günəş, biri qar tərəfindən.


Ayağım qırovda, başım alovda,

Sevgim at belində, ağlım cilovda.

Kim uduzdu, gör kim uddu bu ovda,

Bərəmiz alındı sar tərəfindən.


Çoxunun çəməndə işi düz oldu,

Quru xəzəlliyə düşən biz olduq.

Bircə addım atdıq, küyü yüz oldu,

Qoy allah saxlasın car tərəfindən.


Sən üzü kölgəli, mən kölgə salan,

Arada mən oldum günahkar qalan.

Kor görən düz oldu, biz görən yalan

Səsimiz yayıldı kar tərəfindən.


Dözümdür, səbirdir ürəyindəki,

Tərəzi görmədi bu daş, bu çəki.

Üstünə qımışıb gülənlər təki

Sənə oxşayaydı ar tərəfindən.


Xatirəli günlər könlüm əlacı,

Bir üzü şirindir, bir üzü acı.

Sənə endirilən tənə qılıncı

Qanadıb qəlbimi hər tərəfindən.


O kimdir ruhuma yaxından yaxın,

Olmazmı cismimə bir yaxın çağın.

Mənim könlüm yansın, sənin çırağın

Etdiyim bu ahu-zar tərəfindən.



Avqust 1988
AYIRMA
Hicranımsan, əzabımsan, ahımsan,

Daha məni bu ahımdan ayırma.

Belə yaşda günah işlər görürəm

Gəl ömrümü günahımdan ayırma.


Gül ovcunda ümid verdi bir sıxım,

Bu sıxımı nə dağıdım, nə yığım?!

Güvəndiyim, boylandığım, baxdığım,

Allah, məni allahımdan ayırma.


Bu sevda bir ümidgah, bir vədəgah,

Saldı məni sevincə gah, dərdə gah.

Bəxt yolumda fərəh yatıb, dərd agah,

Yatanımı agahımdan ayırma.


Ahım Habil kamanında dügahım,

Bu sevdada uyumaqdır günahım.

Ey dərgahım, bircə sənsən pənahım,

Öldür məni, dügahımdan ayırma.


Bu çiçəyi nə qoxlayım, nə üzüm.

Qoy yolunda ömür qoyum, can üzüm.

Açıl görüm dan ulduzum; dan üzüm,

Açıl məni sabahımdan ayırma.



Aprel 1989
BİR ƏSİM NANƏ YARPAĞI
Bu meh hardan əsdi belə,

Elə bildim sənsən gələn.

Yanıb söndü şam sayağı -

Yazıq könlüm,

Nazik könlüm

Bu mehdə sənsiz üşüyən

Bir əsim nanə yarpağı…
Payızlanıb solğun düşən,

Vurğunluqdan yorğun düşən

Mən bu sevda mürgüsündə;

Səsə diksinən ümidim

Bir bulağın güzgüsündə

Bir əsim nanə yarpağı -

Sevincimin göz qırpmağı…
Quru bəxtim gülə bəlkə,

Bir arxa ki, su gəlibdir

Bir də dönüb gələ bəlkə.

Həmin bəlkə sorağında,

Həmin arxın qırağında

Bir əsim nanə yarpağı -

Ürəyimin çırpınmağı.
İşıldaquş kimi soyuq,

Soyuq odlar arasında,

Yaz çəməni kimi qoruq

Təzə otlar arasında

Sənə boylanan ürəyim

Bir əsim nanə yarpağı -

Əsib durar, yanıb durar,

Bir mehə aldanıb durar -

Bir əsim nanə yarpağı…
BİR GÖZƏL KEÇİR
Bu nə möcüzədir küçədən keçir,

Elə bil işıqdır gecədən keçir.

Göydənmi enibdir mələk sayağı,

Yerdənmi çıxıbdır çiçək sayağı.

Onu kim yaradıb,

Harda yaranıb?

Harda sığallanıb, harda daranıb?
Gözəl, bircə dəfə

Bax mən tərəfə…

Bu nə ilahi göz, bu nə baxışdı!

Naxışlar içində bu nə naxışdı!

Toxun çiynin ilə o budaqlara.

Qoy o budaqlar da bəxtəvər olsun.

Lap heyfim gəlsə də gül barmaqlara,

Toxun o divara daşı zər olsun.


Üstündə gör neçə gözün hədəsi,

Götürmə bu boyda günahı, yeri.

Yeri get, allahın xoşbəxt bəndəsi,

Mən kimi bəndənin allahı, yeri.


Ey qəlbi işıqlı, ey ruhu incə,

Bir söz de, ağzından gövhər saçılsın.

Get bir gül bağında açıl gizlicə,

Qızıl güllər sənə baxıb açılsın.

Düşmək istəsəm də mən ayağına,

Məni buraxmazlar o gül bağına.


Get, burda tayın yox,

buludları quc,

Qoşul durnalara o qatarla uç.

Mənim o səmada uçmağım olmaz

Səninlə qol-qanad açmağım olmaz.
Sonalar gölündə sonalar süzər,

Get o sonalara qoşul, əzizim,

Nə qayıq tapılar, nə gəmim üzər,

Yox daha o gölə ərkimiz bizim.


Gözəl, bircə dəfə

bax mən tərəfə!

Demə baxışlarım ötürdü səni,

Gözümün aynası göturdu səni;

Qalacaq aynamda bu göz, bu baxış.

Nə yaxşı, bu təzə gözəlliyə də

Baxmağa gözümün qisməti varmış.

Yanvar 1988
* * *
Gətirdiyin güllər qaldı mənimlə,-

Qaldı otağımda axıra kimi.

Mən də bildiyimi dedim o gülə,

Ləçəklər açılıb çəkdi fikrimi.


Açdı o çiçəklər xumar gözünü,

Mən də o güllərlə mehriban oldum,

Eşitdim sözünü, bildim özünü,

Bir az əməlimdən peşiman oldum.


Elə bil duyurdu hər gəlişimi,

Bu mehri könlümə nəqş etdim tamam.

Mehribanlığımı, nəvazişimi,

Mən də o güllərə bəxş etdim tamam.


Gətirdiyin güllər qaldı mənimlə,

Mənimçin isti əl, şirin söz oldu.

Könlüm darıxanda baxdım o gülə,

O sənin gözünlə mənə göz oldu.


Gəldim… o güllər də solar neyləyək,

Ömür bitən gülmü, yanan ocaqmı?

Deyirəm o qismət - o dəstək çiçək,

Bir də taleyimə qayıdacaqmı?



Şüvəlan, dekabr 1988
BƏNÖVŞƏ ÖMRÜ
Ən isti sözlərim yanır dilimdə,

Bənövşə dərmişəm, solur əlimdə.

Torpaqda bənövşə ömrü nədir ki,

Onu əldə, suda saxlamaq olsun,

Sabahına ümid bağlamaq olsun.

Ay il hövsələlim, ay dağ səbirlim,

Ay yaxın xəyalım, uzaq xəbərlim,

Gəlmirsən, bənövşə solur əlimdə,

Ən isti sözlərim yanır dilimdə.

Bir də dönüb getdim o meşəliyə,

Bir də əl uzatdım bənövşəliyə.

Gördüm bənövşələr burda da solur,

Ürəyim titrəyir, gözlərim dolur…

Axı bənövşənin de nə ömrü var,

Burda zərifliyin gözü yol çəkər.

Başqa çiçək vaxtı gecik, nə olar,

Bəs adam bənövşə vaxtı gecikər?!

Əlimin bənövşə vaxtıdır, tələs,

Könlümün, gözümün, nazik sözümün,

Dilimin bənövşə vaxtıdır, tələs.

Boynu əyri qoyma bu zərif gülü,

Mən də dayanmışam boynu bükülü.

Eh, bənövşə ömrü nədir ki, gülüm!

Gəl çıx, solub gedir bənövşə ömrüm!



İyul, 1988
BAŞQADIR
Sən qaçansan, mən çatanam, əzizim,

Qaçan ayrı, çatmaq dərdi başqadır,

Sən gözlədən, mən gözləyən cəfakeş,

Bu cəfanı udmaq dərdi başqadır.


Gələnini gözləməyə de nə var,

Gedənini gözləməkdir intizar,

Eh, bu yolda can qoymağım bir azar,

"Can" deyib naz satmaq dərdi başqadır.


Mən ki, sahib olmamışam o mülkə,

Gözlərimdən getməz o qəm-bu kölgə.

Ayağına yıxılmağım bir özgə,

Yıxılanı tutmaq dərdi başqadır.


Hara yazım bu günahsız günahı,

Tək özüməm öz-özümün pənahı…

At deyirsən, atmaq olmur, ilahi,

Hicran başqa, atmaq dərdi başqadır.


Fələk özü kəndirindən dərd asan,

Mən yazıram, yoxdu məni bir yazan.

Yüngül görüş verib getmək çox asan,

Qalıb qəmə batmaq dərdi başqadır.


Alış sinə, alış damar, alış qan!

Sən soyuqsan, mənim könlüm alışqan.

"Olar-olar, olmaz-olmaz"- bu başqa

Olmaz olsa ölmək dərdi başqadır.

Bu hicranı, bu əzabı, bu zoru

Çəkmək başqa, bilmək dərdi başqadır.


YOXDUR
Sən varsan mənimçin, bəs mehrin hanı?

Şüşənin günəşdə kölgəsi yoxdur.

Payızda cənuba uçan durnanın

Daha sərhəddi yox, ölkəsi yoxdur.


Deyirsən o fürsət dönə bəlkə də

Ömür dönməyəcək bəlkəsi yoxdur.

Görərik bağ solub biçənək həşəm,

Heç ələ gəlməyə çəngəsi yoxdur.


Hanı o ilxının hayqırtıları

Kəməndə gəlməyən ürgəsi yoxdur.

Neçin də bu dərya boş qaldı belə…

Xəşəmi bir yana, kilkəsi yoxdur.


Yüzlərin içində tənhadı könlüm

Onun səndən başqa bir kəsi yoxdur.

Özgələr doğmalıq atır ortaya

Mənçin səndən özgə özgəsi yoxdur.


Çarəsiz dönərəm, dönük olmaram,

İstəkdə könlümün döngəsi yoxdur.

Bir dərya məhəbbət yolu ürəyim

Axtarsan bir damcı hikkəsi yoxdur.



May, 1990
SAXLAYANIM VAR
Könlümü ilhamda, qəddimi şuxda,

Gözümü işıqda saxlayanım var

Tale nə sir-sifət verib, sağ olsun.

Məni yaraşıqda saxlayanım var.


Ömrümüz həyəcan, təlaş içində,

Könlüm bir şüşədir bu daş içində.

Belə vurhavurda, savaş içində.

Məni barışıqda saxlayanım var.


Dostlar nə o gücdə, nə o dözümdə

Üzlər gördüm əlim qaldı üzümdə.

Adımı özümdə, haqqı sözümdə

Belə qarışıqda saxlayanım var.


Adam var əriyir ağlaya bilmir,

Doğmasına da bel bağlaya bilmir.

Çoxu sarayda can saxlaya bilmir,

Məni alaçıqda saxlayanım var.



İsmayıllı 1990
YOXDUR XƏBƏRİN
Yəqin heç sənin də yoxdu xəbərin,

Bu gün gəlib keçdim həyətinizdən,

Həmin o cığırdan, həimn o izdən…

Allah, necə dönür çarxı məhvərin!

Aman burda səni necə arardım…

Pəncərənə düşən qəfil kölgədə

Ümid axtarırdım, səs axtarırdım.
İndi pəncərəni tanımadım heç,

Biganə ayağım durma gəlib keç,

Min yol baxdığını heçə döndərən

İnsanın gözləri nə dönük olur.

İndi o sözləri pıçıldamıram

İnsanın sözləri nə dönük olur.

Baxır,görməyi yox, alışmağı yox,

Biganə baxışlar nə sönük olur.


Bu əl sənin deyil, o əllər mənim,

Bu tel sənin deyil, o tellər mənim…

Biri-biri üçün yanıb qovrulan,

İndi göynərtisi göyə sovrulan

İnsanın əlləri nə dönük olur.

Nəvazişsiz qalıb yatan, qıvrılan

İnsanın telləri nə dönük olur.
Nə yaxşı o əllər ağlaya bilmir ,

Nə yaxşı o tellər ağlaya bilmir,

Ürəyim od alıb yanırdı burda,

Eh, səni görmədən keçmək nə idi.

Ayağım mıxlanıb qalırdı burda

İndii heç bilmirəm hardan keçirəm,

Elə bir sopsoyuq qardan keçirəm,

Heç burda olmayıb ayaq döyməyim

İnsanın addımı nə dönük olur.

Dünya başdan-başa unutmaq imiş

Dünyanın adamı nə dönük olur!
Nə mən o pilləni qalxıram elə,

Nə sən o eyvandan baxırsan çölə…

Gərək bu dəhlizə bir məhəl qoyam,

O soyuq mərmər də necə var qalıb.

O mənə tay deyil, mən ona tayam,

Onda soyuqluğa etibar qalıb.

Vallah ağac dönməz, daş belə dönməz

İnsanın ülfəti nə dönük olur.

Bir üzü alışqan, bir üzü sönən

Üzün daş sifəti nə dönük olur.


Bir var çiçək kimi solasan, bu heç…

O sola, sən tənha qalasan, bu heç…

Ömür qala-qala, gün qala-qala

Əlvida deyəsən doğma bir yola -

Səmtini unudub hər yönə gedən

İnsanın yolları nə dönük olur.

Bir qucaq sevgini daşlara çalıb

Biganə-biganə yanında bitən

İnsanın qolları nə dönük olur.

Nə yaxşı o yollar danışa bilmir,

Nə yaxşı bu qollar danışa bilmir.

1990
MƏN DƏ ELƏYƏM
Nədir söz üstündə bu giley-güzar.

Sənə boylanmağım – ən şirin sözüm.

Günəşə nə deyir günəbaxanlar:

Bax, mən də eləyəm, ay iki gözüm.


Tutuquşuların sayma işini

Deyilməz sözümün səsini eşit.

Əlində əlimin titrəyişini,

Gözündə gözümün səsini eşit.


Bir xəfif, xeyirxah bahar yelində,

Çiçək açılanda nə deyir? – heç nə.

Şehotu çiməndə səhər şehində,

Bəxtəvər olanda nə deyir? – heç nə.


Bax, mən də eləyəm, ay iki gözüm

Demə ki, xoş sözlə gəl məni dindir.

Mənim çiçək sözüm, şehotu sözüm

Qalıb ürəyimdə, amma sənindir.


Adi söz deyil ki, gətirim dilə,

Hər kəlmə sinəmdən qopulsun gərək.

Dirilik suyudur o sözüm hələ,

Səninçin aranıb tapılsın gərək.


Bağlayıb ömrünü qoşa budağa,

Budaq sevgisinə yarpaq nə deyir…

Od tutub alışqan bir quraqlığa

Yağış çilənəndə torpaq nə deyir.


Bax, mən də eləyəm, ay iki gözüm,

Demə şirin sözlə könlümü dindir.

Mənim yarpaq sözüm, o torpaq sözüm

Qalıb ürəyimdə, amma sənindir.


Sevginin dili lal,

özü min qanad.

Hər sözü, eh, dil də alışar desəm.

Səninlə danışar könlüm hər saat

Nə əcəb sən onu eşitməmisən?!

Bənövşə həsrəti hər şeydən betər,

Lalə öz oduna heç alışıbmı?!

Sözləri dillərə düşüb bu qədər,

Özləri bir kəlmə heç danışıbmı?!
Bax mən də eləyəm, ay iki gözüm,

Demə şirin sözlə gəl məni dindir.

Mənim lalə dağım, bənövşə sözüm

Qalıb ürəyimdə, amma sənindir.


Nədir söz üstündə bu giley-güzar.

Bircə baxışım da sənə köməkdir.

Könlümdə hələ çox söz toxumu var,

Onlar da səninçin göyərəcəkdir.



Mart, 1979
BİR İLAHİ SEVGİ YOLUNDA
Tanrı qismətidir sənə istəyim,

Bu mənim öz arzum, öz xoşum deyil.

Ağlayan buxarın mərmər divarda

Soyuq göz yaşları göz yaşım deyil.


Mənim göz yaşlarım qanımdan gəlir,

Sevgi duyğularım canımdan gəlir.


Könlümü gizlədib örtə bilmirəm,

Vallah, mən bağçada bitə bilmirəm

Bir az ləçəkləri qalın çiçəyəm,

Qayada bir əyni yalın çiçəyəm.

Mənim ləçəklərim tumar görməyib,

Bitdiyi torpağı hamar görməyib,

Bənövşə meylim də sənə sarıdır,

Onu sarmaşıqlar bağlaya bilmir.

Mənim zərifliyim aprel qarıdı

Özünü güneydə saxlaya bilmir -

Damcısı-damcıya bağlanıb gedir,

Bir cüyür izində buğlanıb gedir.


Möcüzə bir alov axıb gözündən

Elə bil bağrımın başında yanar,

Yaşılgöz bir arçan budağıyam mən,

Yaşılım da yanar, yaşım da yanar.

Keçməz iztirabım,

Bilinməz tabım -

Bir naşı ovçudan yaralar alan

Sıldırım qayadan asılıb qalan

Dağkəli əzabı - mənim əzabım -

Mənim əzabımın yükü başqadır,

Hava seyrələndə çəki başqadır.
Qaya dağım-dağım, daş qırış-qırış,

Burda dayanmışam hicran yanındı,

Torpağı ovulmuş, kökü ağarmış

Sel vuran tək ağac güzəranında -

Hava soyumaqda, gün bata-batda

Mən durub yoluna baxıram vallah,

Mən öz istəyimin ayağı altda,

Körpüyəm , keçidəm, cığıram vallah.

Həmin o cığırla, həmin o yolla

Sevgi yoxuşunu çıxıram vallah -

Mənim əzabımın yükü başqadır,

Hava seyrələndə çəki başqadır.



Dekabr, 1992
APAR MƏNİ BU ÜMİDİN DALINCA
O qaranquş yuvası ki, soyuyub,

O göldə ki, qərib durna uyuyub

Könlüm sənin ümidinə çox uyub

Apar məni bu ümidin dalınca.


Mən quzeyin "gün çıx", "gün çıx" naləsi,

Çatmaz mənə günəşin bir haləsi.

Ey güneyin qanad açan laləsi

Apar məni bu ümidin dalınca.


Sənin sevgi cığırların gül açan

Yetişərəm o yollara mən haçan?

Ağacımda sonuncu yarpağacan

Apar məni bu ümidin dalınca.


Kor ocağım yanıb külə dönüncə,

Lap sonuncu işartısı sönüncə,

Sən get mənim taleyimin önüncə

Apar məni bu ümidin dalınca.


Onda cürət, bunda mürvət olmadı,

Sitəm oldu, bu məhəbbət olmadı.

Yanınca ki, getmək qismət olmadı,

Apar məni bu ümidin dalınca.


Sən zirvədə, mən dərənin dibində.

Mən payızda, sən bir bahar təbində.

Bir ağ yelkən küləklənir gəmində,

Apar məni bu ümidin dalınca.



Yanvar, 1987
ETİRAF EYLƏ
Demə çöldə gülüm, dağda qarımsan,

Sevgidə son sözüm, son baharımsan.

Sən mənim bir tale günahkarımsan

Daha nə mərhəmət, nə insaf eylə,

Çinar kölgəsində yasəmən kimi

Əyil günahını etiraf eylə.


Mizan-tərəzidir dünyada sevgi,

Gərək əyilməsin o daş, o çəki.

Yoxdur bu bölgüdə mənim səninki,

Barı bir sözünü burda saf eylə

Atıb o pərsəngi yüngülləş bir az,

Qalxıb günahını etiraf eylə.


Yox, heç bir arıya gərək deyiləm,

Çünki mən şirəli çiçək deyiləm.

Elə də sinsinmiş ürək deyiləm

Ki, onu oynadıb, atıb kef eylə.

Bir dolu zərbindən qırılan gülü

Qaldır, günahını etiraf eylə.


Dəftər tanıyırsan, qələm bilirsən,

Səninçin kim oldum, kiməm bilirsən.

Mən elə bir sarı siməm, bilirsən

Sən onu mismarla çaldın xof eylə

Daha o pərdədə oxumaz o sim

Bilib günahını etiraf eylə.


Sənin sevgi yolun yolun bozudu,

Elə bil ürəyin bulaq buzudu.

Təbəssümün gülə çilənmiş sudu -

Ondan işıq düşməz mənə bir gilə,

Sən ki, şeh deyilsən düş o ləçəkdən

Düşüb günahını etiraf eylə.


Mən qanad verənəm, sən qanad yoran,

Könlümün içində könlümü qıran,

Bir sevda üstündə min oyun quran -

Özünü nə arif, nə sərraf eylə,

Quqqu quşu kimi özgə yuvadan

Çəkil, günahını etiraf eylə.



Noyabr, 1992
BU SEVDA QOVDU MƏNİ
Bu sevda qovdu məni,

Gözümü külə verdi.

Yanğımın yeri qaldı,

Külümü yelə verdi.


Bu sevda qovdu məni,

Qovladı dərgahından.

Əlac yox bü günündən,

Ümid yox sabahından.


Bu sevda qovdu məni,

Qolumdan tutanım yox.

Nə keçib "gəl" deyənim,

Nə mənə çatanım yox.


Bu sevda qovdu məni,

Getməyə yönüm olmaz.

Min yerə üz tutaram,

Bir yeri mənim olmaz.


Bu sevda qovdu məni,

Rəhm edin qovulmuşa.

Ya alıb əlac edin,

Ya tutun basın daşa.



Fevral 1991
* * *

Hansı yerdə, hansı dildən

Harda şirin söz eşitsən,

Bil, o şirin söz mənimdir,

Kim mehriban baxsa sənə

Bil o mehr mənimkidir,

Sənə baxan göz mənidir.

Dekabr, 1986
ƏLİMİN, DİLİMİN DƏRDİ
Bir qəfil şaxtadan gülüm sızıldar,

Bir vaxtsız həsrətdən könlüm sızıldar.

Əlinə yetməyə əlim sızıldar -

Gülümün, könlümün, əlimin dərdi,

Dil ilə deyilməz dilimin dərdi.
Bir ocaq içində, bir köz içində,

Sevgi atəşinin gəl döz içində.

Qaynayıb alışır bir söz içimdə -

Gözümün, dözümün, sözümün dərdi,

Yandırır özümü, özümün dərdi.
Quzeyin günəşə həsrəti kimi,

Səhraya yağışın minnəti kimi.

O biri dünyanın cənnəti kimi,

Həsrətin, minnətin, cənnətin dərdi -

Səndə görmədiyim qismətin dərdi.
Bir səhra yanğıma bir içim sudu,

Bir dərya suyuma bir çınqı oldu.

O məndə var ikən mən oldum yadı,

Odumun, yadımın, adımın dərdi,

Özgəninki olan dadımın dərdi.

Aprel, 1992
KLASSİKLƏRƏ BƏNZƏTMƏ
Qapında əyilib suala döndüm,

Bircə alacağım cavaba görə.

Allahım heç sənə əzab verməsin

Sən mənə verdiyin əzaba görə.


Üzüb hər ümiddən əlimi sənsiz

Dünyanın gedimi gəlimi sənsiz.

Daha istəmirəm könlümü sənsiz

Baxıb biganələr xaraba görə.


Güzarın düşməzmi bir dost bağına,

Sevda çiçəklərim düşüb yanğına.

Yamanca tuş oldum el qınağına

Təsəlli tapdığım şəraba görə.


Elə bil ürəklər daşdı, dəmirdi,

Bir üzü ağ güldü, biri kömürdü

İlahi, bu necə yalqız ömürdü,

Qoymaram bu ömrü hesaba girə.


Öz sevgim yolunda sadiq canam mən,

Heyf oldum, həm yanan, həm yamanam mən.

Bəlkə də birinci müsəlmanam mən

Cəhənnəm çəkirəm səvaba görə-

Allahım heç sənə əzab verməsin

Sən mənə verdiyin əzaba görə.



Fevral 1993
QOCALIĞIM BİR EŞQİMƏ AĞLAYIR
Sarıyım yaramı sarğılar ilə,

Kəsim ağrısını ağılar ilə

Lap elə ən acı yanğılar ilə

Qocalığım bir eşqimə ağlayır.


Köhnə kitabını açıb mızıldar,

Elə bircə qanad uçub sızıldar.

Taqətsiz dizini qucub sızıldar

Qocalığım bir eşqimə ağlayır.


Əlim o ocağa uzalı qaldı,

Qaldı qaynamaqdan qazanı qaldı.

Bu sazın bir yorğun ozanı qaldı,

Qocalığım bir eşqimə ağlayır.


Ağıl deyil öz ağlıyla öyünsün,

Müdrik olub nəsihətlə söyünsün,

Paltar deyil təzələnsin, geyinsin,

Qocalığım bir eşqimə ağlayır.


Oyuncaqçın ağlar uşaq itirən,

Dünən olub - yaxın, uzaq itirən…

Bu oyunda bir oyuncaq itirən

Qocalığım bir eşqimə ağlayır.


Qoca şirin vurub kəsib, basdığı

Pəncəsiydi, indi olub yasdığı.

Boynumdan bir tale yükü asdığım -

Qocalığım bir eşqimə ağlayır.


Bax ordaydı… Bax burdaydı - özümdə,

Qanımdaydı, canımdaydı, gözümdə…

Aman ALLAH, külü qalıb izimdə,

Qocalığım bir eşqimə ağlayır.



İyun, 1991
1   ...   10   11   12   13   14   15   16   17   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə