Musa yaqub payiza baxiram şeirlər (seçmələr) Bakı “Araz”-2010




Yüklə 2.55 Mb.
səhifə15/18
tarix23.02.2016
ölçüsü2.55 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   18

OLMUR
Azadlığın ən uca,

Ən kamil pilləsində,

Dodaqlarım qoy olsun

Lap dirilik suyunun

Dolu piyaləsində,

Ömrümün ən bəxtəvər,

Ən xoşbəxt çağında da,

Uydurulmuş cənnətin

Gülüstan bağında da

Sənsiz yaşamaq olmur.


İşıqları saçılan,

Çiçəkləri açılan

Baharın çəmən-çəmən

Gül nəfəsində belə,

Ən yaxşı adamların

Təsəllisində belə

Sənsiz yaşamaq olmur.
Sənsiz yaşamaq olmur…

Bu dünya dolu insan…

Elə bil ki, gözümü,

Dilimi bağlamısan

Sənsiz yaşamaq olmur.
Nə gecəm bir gecədi,

Nə sabahım sabahdı.

Yoluma duman çöküb,

O da çəkdiyim ahdı.

Darısqaldı bu dünya

Bir qarışdı bu göy, yer

Bu dünya işığından

Mənə də bir işıq ver,

Gəl mənə bir ümid ver

Sənsiz yaşamaq olmur,

Vallah yaşamaq olmur,

Billah yaşamaq olmur.



1984
O GÜNÜMÜZ ÜÇÜN
Biz orda yox idik,

Yoxsa var idik?..

Bəlkə bir ruh idik, bəlkə xoş xəyal…

Həmin o dağ gölü -

O Vaşaq gölü

O büllur səhərin ağuşunda lal.

Təbiət toxunub min cür naxışdan,

Göy bulud-buluddu, üfüq ocaqdı.

Bir azdan xəbərsiz yağan yağışdan

Sənin çiyinlərin islanacaqdı.

Ah, o narın yağış,

o xırda yağış

Necə çilənirdi çiçəyə, gülə,

Necə səpilirdi o mavi gölə,

Bizim üstümüzə, dərəyə, dağa…

Nə əcəb heç bunu hiss eləmirdik?

Qoşa ağac idik budaq-budağa,

Bəlkə də çətirsiz qoşa çiçəkdik -

Həmin həzinlikdə, o mavilikdə

Biz də gilə-gilə əriyəcəkdik.

Əriyib-əriyib sonra yox olub

Bir də o sahildə göyərəcəkdik.

O uzaq şəlalə işıqlı güman,

Biz də qarışmışdıq həmin axına.

Gəlib sığınmışdı bir əlçim duman

Cökə budağının yumşaqlığına.

Sığınmaq yaxşıdı,

Bir yaxın dayan!

Bu nə xoş duyğudu, nə xoş səfərdi!

Sevginin əlləri necə mehriban,

İstəyin gözləri nə bəxtəvərdi.

O göl xumar idi,

Biz xumar idik?

Biz orda yox idik,

Yoxsa var idik?..

Görüb təbiətin etibarını,

Burda hər istəyə çatmaq olurdu.

Dünyanın ən ağır qayğılarını

Unutmaq olurdu, atmaq olurdu.

Elə o göl kimi atlas yamaca

Baş qoyub şirincə yatmaq olurdu.

Heyf, bu məqamın ömrü çox qısa,

Biz hardan başladıq, biz hara çatdıq?

Cığırlar uzağı dolanırdısa,

Biz o cığırlarla qayıdacaqdıq.

Gölün aynasında qaya heykəli,

Sular o kölgəni yorur deyəsən.

Qayada zamanın səbirli əli

Min ildi bir naxış vurur deyəsən.

Bizim naxışımız gətirdi bu gün,

Bu qismət ən incə naxışlarını

Vurdu ömrümüzə - bu günümüzə.

Göldəki qızılağac budağı kimi

Tale uzatmışdı əlini bizə.

O göl xumar idi,

Biz xumar idik?

Biz orda var idik? -

Var idik, yox idik hələ bilmirik.

Bəlkə də qalmışıq həmin naxışda,

Həmin mavilikdə, həmin yağışda

Qayıda bilmirik, gələ bilmirik.

1984
* * *
Dodaqları çatlamış

O gülün yanğısına

O iki damcı yağış

Yağmasaydı yaxşıydı.

Gül də yağış dalınca,

Baxmasaydı yaxşıydı.


Yeriyirdi birtəhər,

Qaranlıqda yol gedən,

Qəfil bir ildırımdan

Gözü qamaşdı birdən.

O yolçunun gözünə

Belə nur şəlaləsi

Dolmasaydı yaxşıydı.

Bir addımlıq işığı

Olmasaydı yaxşıydı.
Qarı təzə ərimiş

O mürgülü çəmənə

Ani fevral günəşi

Saçmasaydı yaxşıydı.

Körpə otlar gözünü

Açmasaydı yaxşıydı.

O günkü görüşümüz…

Eh, o ani görüşdə

Əlimiz bir-birinə

Toxunmasaydı yaxşı,

Gözümüz bir-birinə

Baxmasaydı yaxşıydı.

O şimşək çaxmasaydı,

Mənim həsrət yanğıma

O iki damcı yağış

Yağmasaydı yaxşıydı.



1984
SAXLA HƏSRƏTİMİ
Bir qəfil görüşə - sevincə kimi,

Saxla ürəyində boğ həsrətimi;

Gəlin anaların mücrüsündəki

Ən gizli, müqəddəs düyünçə kimi

Saxla bu həsrəti könlündə saxla.

İslanmış düyün tək açılmaz olan

Unut bu nisgili boğ ürəyində.
Təkcə səninkidir, təkcə səninki,

Əbədi sirr kimi saxla sinəndə;

Lap belə ən yaxın həmdərdinə də

Deyiləsi deyil deyə biləsən.

Bir az açılasan, bir az güləsən.
Hə, sonra iş-güclə qarışar başın,

Bu yaxın rəfiqən, o iş yoldaşın –

Xırda bir məclisdə keçən saatla

Ya bir söz-söhbətlə, bir zarafatla

Ərit həsrətimi, ərit bir qədər,

Ağlar ürəyini kirit bir qədər.


Sonra da evə gəl,

Yır-yığış elə,

Durub dönə-dönə

Şüşələri sil,

Amma pəncərədən boylanma çölə.

Baş qatıb mətbəxə gediş-gəlişlə,

Nə bilim bu işlə, ya da o işlə

Bacarsan bir anlıq çıxar yadından

Ərit həsrətimi, ərit bir qədər,

Ağlar ürəyini kirit bir qədər.

Soyut bu nisgili qar kimi ərit,

Köz kimi, kül kimi, qor kimi ərit,

Bəs sonra, bəs sonra…

Tək qalanda, tək,

Bilirəm üstünə dağlar gələcək.

Bu həsrət gözünün yaşına dönüb,

Sinəndə dəyirman daşına dönüb

Alacaq əlindən hər dözümünü.


İllah ki, vaxt səni get-gələ sala

İllah ki, özgə bir dərdin də ola,

Bax, onda ürəyin tamam dolacaq.

Bu həsrət çox ağır həsrət olacaq.


İllah ki, hava da tutulsun bir az,

Həsrətdə görəsən günahı tamam.

Guya ki, mən olsam hava tutulmaz,

Hər işin düz olar guya mən olsam.


Qəfil bir görüşə - sevincə kimi,

Dediyim müqəddəs düyünçə kimi

Saxla həsrətimi könlündə saxla;

Gözünə baxmağım olacaq yenə.

Gəlib gözlərində, baxışlarında

Donan həsrətimi görməsəm, heç nə!



1984
SƏNİN GÜNAHINDIR…
Mənim ürəyimdə qərib, çox qərib

Bir sevgi nağlımın telləri ağlar.

Axır ki, üzümü səndən döndərib

Etdiyin günahlar yolumu bağlar.

Mənimçün ağırdır,

Ağrıdan ağır,

Durub dözüm dərsi keçirəm hələ

Taleyin qisməti gözümə baxır,

Mən ondan utanıb durmuşam belə.

Sənin günahındır,

Sənin günahın.
Bir vaxt o mehr ilə xoşbəxt yaşayan

Aldanmış könlümü qınamıram heç.

Səni əzizləyən, səni oxşayan

Əlimi danlayıb qınamıram heç.

Özümü, sözümü,

daim axtaran

İntizar gözümü qınamıram heç.
Bizim aramızda vəfa, etibar…

Gözüm nə biləydi gözündə nə var,

Əlim nə biləydi əlində nə var,

Könlüm nə biləydi könlündə nə var.


Gözümün önündə gül-çiçək açan,

Zərif xəyal kim üstümə qaçan.

O mələk sifəti gördüyüm anlar,

Aşkar həqiqəti gördüyüm anlar

Ürəyin ən qatı qaranlığında

Gizli xəyanəti necə görəydim?

Özgə məhəbbəti necə görəydim.

Doğrunun yanında əldə-ayaqda,

Sürünən yalanı necə görəydim?

Daş altda qalanı necə görəydim?

Səndən hayıf almaq istəmirəm yox,

İndi öz-özünü yandırsa ahın

Sənin günahındır, sənin günahın.

Yenə birdən-birə könlüm darıxdı,

Sinəmdə köz üstə külüm darıxdı…

İtirdim yolunu bir qibləgahın,

Sənin günahındır, sənin günahın.
Qəfil yoxluğuna necə inanım?

O incə, o kövrək dəqiqələrin

Yalan olduğuna necə inanım?

Üşütdü könlümü andın, vallahın,

Sənin günahındır, sənin günahın.
Sevgiyə uzanan qolumu qırdın

Sənə qarşı gedən yolumu qırdın,

Sənin günahındır, sənin günahın.

Daha o şərbəti içməyəcəyəm,

Sənin günahındır

Batdın günaha!


Daha o cığırla keçməyəcəym,

Sənin günahındır,

batdın günaha!

Daha o cığırla keçməyəcəyəm,

Sənin məhəllənə baxmaram daha,

Yoluna, izinə çıxmaram daha.


Yəqin ki, dözərəm,

dözdüm bəlkə də…

Küsgün anlarımdan küsdüm bəlkə də.

O xoş xatirələr göyə sovrular,

Sənin günahındır, sənin günahın.

Mənim həsrət boyu könlüm qovrular,

Sənin kor dumana düşər sabahın

Sənin günahındır, sənin günahın.



1984
MƏN SƏNİN KÖNLÜNDƏ
Yaman gündə sənin,

xoş gündə sənin.

Həyat ağacıyam könlündə sənin;

Onu atmaq olmaz, qurutmaq olmaz,

Daha bacarmarsan özünü yorma.

Bir bahar ömrünü unutmaq olmaz,

Sevdiyin ağaca baltanı vurma.

Nahaqdan könlünü ağrıtma belə.

Köhnə xatirəni ağlatma belə.

Ömür ehtiyacı, gün ehtiyacı,

Mən sənin könlündə həyat ağacı –

Özün də bilmədən ürək qanınla,

Bütün vücudunla, bütün canınla

Onu ömrün boyu yaşadacaqsan,

Unutmaqmı asan, atmaqımı asan?..
Bilirəm özünə tutur qəzəbin,

Eh, unutmaq olsa nə var ki, haqdı.

Bütün hicranların nədir səbəbi,

Elə unutmağı bacarmamaqdı.

O ağacı kəssən bir də bitəcək,

Sonra ən göynəkli yerdə bitəcək.

Ümidli günündə yarpaqlayacaq,

Təzə pöhrəsində gül qucaq-qucaq -

Sən də baharlanıb yazlanacaqsan,

Ümid ağuşunda nazlanacaqsan.

Bu sənə qanaddır qırma özünü,

Unutmaq üstündə yorma özünü.


Mən sənin könlündə həyat ağacı,

Xatirəsi şirin, indisi acı -

Hicranlı günlərdə əzabındı o,

Sapsarı yarpaqlı kitabındı o.

Hərdən bu ağaca payız dolacaq,

Şirin xatirələr xəzəl olacaq.

Səni ağladacaq payızlarıyla,

Səni üşüdəcək sal buzlarıyla.

Bir də sızım-sızım göynəyəcəksən,

Sonra bu qışa da öyrənəcəksən…

Daha bu ağacın nəyini bölüm,

O sənin könlündə budaq-budaqdı.

Eh, unutmaq olsa nə var ki, gülüm,

Dərd də unutmağı bacarmamaqdı.

Bacarmayacaqsan yorma özünü,

Bu ağac özünsən qırma özünü.


BU SEVGİ YENİDƏN AYILTDI MƏNİ
O hansı bulaqdır gözündən içdim,

İçibən bir sevda yoluna keçdim.

Guya ki, dünyanı tərk eləmişdim,

Bu sevgi yenidən ayıltdı məni.


Bir yaz çəməninin küləyi oldum,

Bir açar qönçənin gərəyi oldum.

O şehli bədənin köynəyi oldum,

Bu sevgi yenidən ayıltdı məni.


Nə qədər oxusan kitabı bitməz,

Sınağı, gunahı, savabı bitməz.

Nəşəsi qutarmaz, əzabı bitməz,

Bu sevgi yenidən ayıltdı məni.


Hardan uçub gəldi payız durnası

Mürgülü bir gölün sındı aynası,

Torpağım oynasın, daşım oynasın

Bu sevgi yenidən ayıltdı məni.


Dünyadır o ala gözün mənası,

Çatmaz o mənaya sözün mənası.

Yaşa, şirin ömrün şirin dünyası

Bu sevgi yenidən ayıltdı məni.


Bahara uzanmış ağac qoluyam,

Alça budağı tək çiçək doluyam,

Təpədən dırnağa sevda yoluyam,

Bu sevgi yenidən ayıltdı məni.



1985
HƏSRƏT ADASI
Mən səni pərişan qoyub gəlmişəm

Payız günəşinin şüası kimi.

Yəqin çatmaz sənə yalvarışlarım

Bəndənin tanrıya duası kimi.


Mən səni pərişan qoyub gəlmişəm

Sahibsiz bir kəklik yuvası kimi.

Ruhumda bir qərib nida sızıldar

O ana kəkliyin nəvası kimi.


Mən səni pərişan qoyub gəlmişəm

Buludlu göylərin havası kimi.

Mənim sinəm dolub, gözlərim dolub

Daşacaq səbrimin kasası kimi.


Mən səni pərişan qoyub gəlmişəm

Yaylağın boş qalan obası kimi.

Tərki-dünyalıqda könlüm daralıb

O şair Lələnin koması kimi.


Mən səni pərişan qoyub gəlmişəm

Bir gölün sonuncu sonası kimi.

Könlümün köz düşən xalı saralmış

Daşda ildırımın xınası kimi.


Mən səni pərişan qoyub gəlmişəm

Sən orda bir həsrət adası kimi.

Mən burda könlümü söküb-tökmüşəm

Baharda bir daşqın xatası kimi.



1985
O VAXT
İkimiz olanda,

Ancaq ikimiz,

Yəqin bu dünyadan ayrılırıq biz.

Qızılgül taxtıdır o xoşbəxt vədə,

Gecənin ən qatı zülmətində də

Bizimçün tapılan işıqdır o vaxt,

Kövrəkdir, məsumdur; uşaqdır o vaxt.
Bərəsi alınmış,

otu çalınmış

Açıq biçənəkdə, yerdə tağ altda

Sağ qalmış torağay yuvası kimi,

İki çiyələyin bir yarpaq altda

Hələ gözdən qaçıb qalması kimi

Təzədən verilmiş vaxt qismətidir

o xoş çağımız,

Bir qanad altında sığnacağımız.
Gərək xoş sözümü bu yerdə yazım,

Tale, tacımı ver o taxta görə.

Eh, mənim bu dünya nəyimə lazım,

Dünyanı sevmişəm o vaxta görə.


Ömrün o anları başqadır tamam,

Bəlkə də ölçüsüz-biçimsiz məqam…

Bəlkə də o məqam vaxtın itdiyi,

Zamanın yuxuya, huşa getdiyi,

Bütün duyğuların dil açdığı vaxt,

Bizim əlimizin gül açdığı vaxt,

Bir də gözümüzün günəşləndiyi,

Bir də könlümüzün atəşləndiyi,

Sözümüzün şirin-şəkər vaxtıdır,

Onda həsrətin də bekar vaxtıdır.

O vaxt cüt durnanın gölə endiyi,

Pöhrəsiz ağacın pöhrələndiyi,

Yorğun bir buludun yağışlandığı,

İlk yaz çiçəyinin açıldığı vaxt,

Səhranın bir yağış baxtıdı bəlkə;

Göyün qövsi-qüzey vaxtıdı bəlkə -

Bizim o çağımız, şirin çağımız,

Göyqürşağı altda sığnacağımız.


Ömrün əvvəlidir,

baharın ilki,

O vaxta tanrı da qarışa bilməz.

O vaxt sizinkidir,

O vaxt mənimki…
Ömrün heç bir anı o vaxta çatmaz,

Min şah taxtı ola - o taxta çatmaz;

Bizimçin o şimşək ömrüdür - qısa,

O vaxtın vaxtını tale uzatmaz.



1985

QƏRİBƏ QİSMƏTLƏR
Qəribə qismətlər var bu dünyada –

Yorğun durnaların bir gecə yarı

Qəfil gölə enib-qalxması kimi,

Bir az işıldadıb qarşı dağları

Uzaq şimşəklərin çaxması kimi

Çox qəfil qismətlər var bu dünyada.

Sevgi yaddaşını varaqlayasan

Şirincə-şirincə o düşər yada.


Ya bir keçən qatar,

Ya ötən gəmi –

Ordan eşitdiyin bir mahnı kimi

Bir daha səninçin oxunmasa da

Bütün vücudundan keçər o səda;

Meh kimi saçını oxşayıb keçər,

Tale cığırını izləmədiyin,

Bəlkə də heç zaman gözləmədiyin

Çox qəfil görüşlər var bu dünyada.
Nə sevgi deyirəm,

Nə pis deyirəm,

Nə də ki, ötəri bir hiss deyirəm.

Qısılıb ürəyin küncündə qalan,

Çox uzaq bir ulduz bürcündə qalan

Qəribə qismətlər var bu dünyada.


Belə şirinliyi salanda yada

Bütün sevgilərin, məhəbbətlərin

Bir də görürsən ki, dili də birdi,

Vətəni də birdi, eli də birdi.


Dərya şəhərlərin, uzaq kəndlərin

Nə bilim, naməlum ünvanlarında,

Həyatın gedəri bir qatarında

Hardasa bir qismət ərkimiz yaşar,

Bir xoş ümidimiz, "bəlkəmiz" yaşar.
Gözlərin gözlərdən mehr içdiyi,

Əllərin əllərə isinişdiyi--,

İllərin yarada bilməyəcəyi

Lap elə ən şrin, ən doğma anlar

Bir xoş günümüzə qısılıb gedər.

Qəfil boy göstərən bənövşə canlar,

Birdən bəxtimizə yazılıb gedər.
Yollar rast gətirməz, cığır qovuşmaz,

Gözlər o gözlərə bir də yovuşmaz.

O qatar, o gəmi qayıtmaz geri,

Daha o durnalar o gölü görməz.

Qalar könlümüzdə bir görüş yeri,

Daha əllərimiz o əli görməz.


Ürəyin gizli bir küncündə qalan

Çox uzaq bir ulduz bürcündə qalan

Qəribə qismətlər var bu dünyada

Çox qəfil görüşlər var bu dünyada.



1985
BAHARIN YARPAQ TÖKÜMÜ
Yaman ağır keçir vədə saatı,

Dayanım bilmirəm, gedim bilmirəm.

Sınır ümidimin kövrək qanadı

Bu günə nə əlac edim bilmirəm.


Yazın bu ilahi, bu xoş çağında,

Ümid cığırında, sevda bağında

Çiçəklər açılır, mən açılmıram;

Nə gözüm yığılır, nə könlüm aram

Təkcə bu gün deyil səbrimi kəsən,

Yolumuz qırılar bu gün gəlməsən.


Ah, dünən necə də bəxtəvər idim…

Qalxmışdı ayağa sevgi ümidim,

Hələ yavaş-yavaş ayaq açırdı.

Bax, o zər qanadlı kəpənək kimi

Çiçəkdən-çiçəyə belə qaçırdı.

Hələ təzə-təzə çiçəklənirdik,

Hələ təzə-təzə ləçəklənirdik.

Gözüm görə-görə bax nələr olur,

Çiçəklər açılır.

Qönçəmiz solur.

Yarpaq əsimindən bahar yelindən,

Gəlib ürəyimə bir payız dolur.

Bu dəfə verdiyin son hökmü gördüm,

Baharda də yarpaq tökümü gördüm.

Yaşıl ağacların dövrəsində tək,

Çılpaq bir ağacam, quru bir tənək.

Çılpaq ağac olmaq baharda ağır,

Yəqin "yazıq" deyib hər keçən baxır.

Dayanım bilmirəm, gedim bilmirəm,

Bu günə nə əlac edim, bilmirəm.

Hə, bir az tərəddüd,

yüngül bir əzab…

Sonra demisən ki, yox, bəsdir daha.

Onda qazandığın, etdiyin səvab,

Yanımda gör necə dönüb günaha.

Bəlkə də nahaqsan, bəlkə də haqlı

Yəqin bu sevdaya güc gəlib ağlın.

Bu gün… Yaman ağır keçir bu günüm!

Sən dönə bilirsən, mən necə dönüm?!

Gəlmədin… Gözləmək ümidim əbəs,

Kimə saxlayıram əllərimi bəs?

Kimə saxlayıram gözlərimi bəs?

Kimə saxlayıram ürəyimi bəs?

1986
ÜRƏYİMİN DƏRİN BİR GUŞƏSİNDƏ
Ürəyimin dərin bir guşəsində

Gizlənib qalanda bu dərdli sevgim,

Onda aça bilməz könlümü heç kim;

Sənin həsrətini çəkməkdən ötrü

Bilmirəm özümü harda gizlədim.

Qalmaq istəyirəm öz xiffətimlə,

Elə öz-özümlə, öz söhbətimlə,

Mənə nə səs çatır, nə soraq çatır,

Tənha bir dərədə tək bulaq kimi.

Ovçunun ovlaqda bir ocaq çatıb

Sonra yana-yana qoyub getdiyi

o ocaq kimi

İstəyirəm yanıb kül olum özüm.

Onda səni görmək istəmirəm, yox,

Nə bir sözüm olur, nə yolda gözüm;

Ürəyim göynəyə-göynəyə qalır,

Mən ki, bu hicranı belə çəkirəm

Mənimçin yer niyə, göy niyə qalır?..


Gözümə, dilimə keçəndə qəfil,

Bu sevgim özgə cür olur elə bil;

Dünyada tək səni axtarır gözüm.

Beçə balı kimi şandan süzülüb,

Sinədən qopulub, candan süzülüb

Gedir tərifinə ən şirin sözüm.

Dilimin ucunda ən xoş kəlməni

Tələsirəm sənə yetirmək üçün.

Düşür ayağına yalvarışlarım,

Səni bir insafa gətirmək üçün,

Gizlədə bilmirəm sevgi duyğümü,

Ürəyim, baxışım, əlim danışır,

Səni tapmayanda dağlanır dilim,

Ağzımda od tutub sözüm alışır.

Bu sevgi əlimə keçəndə qəfil,

Əllərim quş olub uçur elə bil,

Çırpınır, döyünür bir ürək kimi.

Çiçəyə tələsən kəpənək kimi,

Tək səni axtarır, istəyir ancaq.

Əlinə, üzünə-sənə toxunmaq…

Tələsir saçında tumar olmağa,

Çiynində dincəlib xumar olmağa,

Sənə gül dərməyə tələsir əlim.

Əlinə qul əlim, bu əsir əlim.

İnadım daş qaya inadı kimi

Əllərim güvənir xoş gümanıma.

Bir xəcil duranın qanadı kimi

Səni tapmayanda düşür yanıma

Çırpına-çırpına qalır əllərim.
Bu sevgi ruhuma keçəndə qəfil,

Bu dünya dəyişib dönür elə bil;

Nə boyda ümidim olur, ilahi!

Uçuruq dünyanın xoş xəyalında,

Buludlar üstündə, dağlar dalında.

Yolumuz qovuşur biri-birinə.

Deyəsən gözlərin baxır gözümə,

Deyəsən nəfəsin dəyir üzümə.

Hardasa itirik mələklər kimi,

Hardasa bitirik çiçəklər kimi.

Hardasa bəxtəvər oluruq yaman.

O ilahi görüş, o cənnətməkan…

Sonra birdən-birə dönür o aləm,

O qərib ovlaqda sönür o ocaq.

Mən ki, bu sevgini belə görürəm

Vüsalı ruhuma qismət olacaq.

Göynəyə-göynəyə könlüm qalacaq,

Alışa-alışa qalacaq dilim,

Qovrula-qovrula qalacaq əlim.

Bu tale mənimdir,

Bu qismət mənim…

1986
SƏNİN DƏFTƏRÇƏN ÜÇÜN
1

Könlüm yenə oda düşüb,

Xoş sözlərim yada düşüb.

Düyün var avanda düşüb

Avand tərsinə bağlıdır
Həsrətim var il içində,

Sözüm qalıb dil içində.

Əllərim yüz əl içində

Cana bir sinə bağlıdır.


Sənə dərdimi göz deyib,

Baxışım sənə "döz"deyib;

Dilim çoxuna söz deyib

Könlüm birsinə bağlıdır.


Yaşa qara saçlım, yaşa ,

Əllərim dil verir daşa.

İstək baxmır ilə, yaşa,

Nə ömrə, sinə bağlıdır.


Az eylə bu şirin nazı,

A könlümün təzə yazı!

Yazda daşın gül açması

Sevgi sirrinə bağlıdır.


Çox yollara yolum gedib,

Səbr kasam dolub gedib.

Olanlarım olub gedib

Ümid tək sənə bağlıdır.


2

İstər sevgili ol, istər bacı ol,

Duyan ürəklərin ehtiyacı ol.

Br cənnət bağında sərv ağacı ol,

Bürünsün həmişə yaşıla ömrün.
O mehr çırağı könlündə yansın,

Onun keşiyində könlüm dayansın.

Baharlı günlərin elə uzansın,

Gedib çatmayasan qışına ömrün.


Çağlar bulağını qurutmayasan,

Yanar ocağını soyutmayasan.

Səni unutmazı unutmayasan,

Qoy dönsün məhəbbət yaşına ömrün.


Eh, yaşın nədir ki, şirin bir xəyal,

Hə, bir az sevgidir, bir az da kamal.

Həmişə gördüyüm təravətdə qall,

Dəyməsin heç namərd daşına ömrün.


3

Əlçatmaz bilmişəm səni həmişə,

Sənin gül zirvənə əlim çatarmı?

İsti baxışına, şirin ləhcənə

Şeirim yetişərmi, dilim çatarmı?
Bu kövrək sevdaya uyası olsam,

Səni könlüm dolu duyası olsam,

Yolunda bir ömür qoyası olsam,

Buna ömrüm yetər, ilim çatarmı?


Sənin tək bir ümid çırağım olsa.

Gül bədən, bir qönçə dodağım olsa,

Dünya başdan-başa gül bağım olsa,

Sənə veriləsi gülüm çatarmı?


Ömrümün payızı bəndi bağlayan,

Mən br quru çayam daşı ağlayan.

Sən bahar dəyrası coşub-çağlayan,

Sənin dənizinə selim çatarmı?


Torpağı, ağacı sinəsi dağ-dağ,

Min illər uzunu yanan bir ocaq.

Bir də alovunda birlikdə yansaq,

Tabım bu yanğıya, bilim, çatarmı?


Kimdi bu yazını tərsinə yazan?!

O hansı sevgidir yolları asan?

Mən yansam, sən buna məhəl qoymasan

Görən harayıma ölüm çatarmı?


4

Gör kimi bilmişəm özümə yaxın,

Eh, mənim bu sevgim nə bitməz oldu.

Ümid üfüq kimi gözümə yaxın –

Nə qədər yol getdim, əlyetməz oldu.
Yox, daha könlümü açıb sabaha,

Dan üzü bu yolu tutmağım olmaz.

Nə ümid sabahım açılır daha,

Nə də o üfüqə çatmağım olmaz.


ÜRƏYİMDƏ
İlk baharı aparılmış

Dartım-dartım

Budağından qoparılmış

Bir pöhrənin

Sızıltılı yeri kimi

Yerin qalıb ürəyimdə.

O pöhrənin ilk şövqündən

Mehrin qalıb ürəyimdə.


Yanıb-yanıb cızdağ olan,

Qarası ağappaq olan,

Əhəng daşı özəyində,

Alovlara tab eyləmiş,

Fındıq boyda bir xal kimi,

Yerin qalıb ürəyimdə.

O cəhənnəm əzabından,

Sehrin qalıb ürəiymdə.


Öz içində dərd itirən,

Qabıq-qabıq üz gətirən,

Bir çinarın gövdəsində,

Dərin çapıq yeri kimi,

Yerin qalıb ürəyimdə.

Ağrıların, əzabların,

Qəhrin qalıb ürəyimdə.
Daha heç vaxt uçmayacaq,

Bir də qanad açmayacaq,

O durnadan, o qatardan,

O göylərin səfasından,

O günlərin vəfasından

Bircə naxış, bircə lələk

Yerin qalıb ürəyimdə.

Açılmaz bir düyün kimi,

Sirrin qalıb ürəyimdə.

May 1986
ARXAYIN OLSAM
Bu şeytan fikirlər çıxar başımdan

Könlüm bu əzabı çəksin nə qədər.

Özüm qurtararam öz savaşımdan

Vallah daş üstündə çiçəyim bitər

Könlüm sən tərəfdən arxayın olsa.
Görüm öz rəngində otu, yarpağı,

Mənə öz donunda görünsün həyat

Beləcə başımı salıb aşağı

İşimi, gücümü görərəm rahat

Könlüm sən tərəfdən arxayın olsa.
Qəlbimdən keçəni ürəyin duya,

Baxışla gözümə söykənə gözün.

Heç qulaq asmaram dedi-qoduya

Getmərəm dalınca hər xırda sözün

Könlüm sən tərəfdən arxayın olsa.
Artar sabahların təmizliyi də,

Oyaq gözlərimdə darılmaz gecə.

Basaram bağrıma sənsizliyi də

Ən uzun həsrəti almaram vecə

Könlüm sən tərəfdən arxayın olsa.
Diksinib də hər cür səsə çıxmaram,

Lap min aravuran, min xain olsa

Birinin üzünə dönüb baxmaram

Könlüm sən tərəfdən arxayın olsa.

Mənim sözüm olar sənin qərarın,

Yaddan söz ummaram, özgədən kərəm.

Daş salıb başına bu intizarın

Mən də bu dünyada bir gün görərəm

Könlüm sən tərəfdən arxayın olsa.

Sentyabr 1987

1   ...   10   11   12   13   14   15   16   17   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə