Musa yaqub payiza baxiram şeirlər (seçmələr) Bakı “Araz”-2010




Yüklə 2.55 Mb.
səhifə14/18
tarix23.02.2016
ölçüsü2.55 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   18

5

Bu dərdlərə dərmanım var,

əlacım yox…

A "Heyratım", düş aşağa,

İçimdən oynatma məni,

Sən Allah, ağlatma məni…

Mən nə deyim bu uşağa?!
* * *

Cavabını sən ver bu gün;

Ay İbrahim müəllim, sən

Dünya görmüş bir müdriksən.

Sən də bu gün

Yavaş-yavaş düş aşağa,

Get atanın məzarını

ziyarət et.

Təsəlli ver, bir söhbət et -

O da baxıb qulaq versin

Saç-saqqallı bir "uşağa"

Həm də bax gör

Qəbirstanda nə var, nə yox,

Son ünvanda nə var, nə yox.

Muğamatlı. "Heyratılı"

Xəzərə bax.

Bu havada

Atanın da ruhu oyaq,

O məzarla danış bir az,

Dövrümüzün işlərinə

qarış bir az…

De ki, hələ bu dünyanın

güllələnmiş

Düşüb haqsız ölənlərin

Bəlkə milyon baş daşı var.

Baş daşında göz yaşı var.

De ki, hələ daha iti

Baltası var, rəndəsi var

bu dünyanın.

Azadlığa qənim çıxan

hakimləri,

Sındırılmış bəndəsi var

bu dünyanın.

Suallar bitməyib hələ,

De ki, biz də bu həyatın

Ağır sual-cavabında

yaşayırıq.

Günahında, əzabında,

Harınların hesablanmış

Hesabında yaşayırıq.

De, ədalət hakiminə

Sifarişlər gedir hələ.

Mənafələr oyununda

Pünhan işlər gedir hələ.

Alnımızın yazısında

Düzəlişlər gedir hələ.

"Davam edir otuz yeddi

Daha möhkəm, daha ciddi".

Taleyin tərs yazısını

Nə pozasan, nə siləsən?

Qəbir dünya, Sibir dünya

səbr dünya

Hardan gəlir, hara gedir –

nə biləsən,

nə biləsən…

Avqust-sentyabr, 2008.

Buynuz.
O SEVGİDƏN HEYF!
Vallah sevgi deyil bu

Bu beynimin huşudu,

Gözlərimdə yuxudu,

Bu İsgəndər quşudu.

Nə yanğılı oxudu

Sığınıb boz daşlara,

Heyf o sevgilərdən

Çevrildi yaddaşlara.


Ürəkdə od püskürən

İndi o vulkan hanı?..

Günəş atəşiylə də

Daha isinmir canı

Baxma gözlərinmdəki

Köhnə, donuq yaşlara,

Heyf o sevgilərdən

Çevrildi yaddaşlara.


Payız yağışlarında

Batan səsdi, yatan sirr.

Beynin qırışlarında

Yanıb sönür arabir,

Mən nə deyim somsoyuq

O işıldaquşlara,

Heyf o sevgilərdən

Çevrildi yaddaşlara.


Bir bax o pəncərədən

Çıx eyvana, düş bəri,

Necə aldadır məni

Yaddaşımın gözləri

Əl uzatdım əl tutum,

Əlim getdi boşlara;

Heyf o sevgilərdən

Çevrildi yaddaşlara.


O boyda eşq sarayı

Necə yanıb töküldü!

O boyda sərv ağacı

Beli necə büküldü.

Durnaya bax, durnaya!

Uçur üzü qışlara,

Heyf o sevgilərdən

Köç etdi yaddaşlara.


Dəryada ən dərində

İtib qalan incidi

Göylərdə lap uzaqda

Soyuq ulduz bürcüdü

Baxma, dalınca baxma

Ömürlərə, yaşlara,

Baxma daha göyərməz

Baxma qara daşlara.

Heyf o sevgilərdən

Çəkildi yaddaşlara!...



Payız, 2008

Bakı
GƏLMİSƏNMİ
İnanmıram,

İnanmıram!

Möcüzəyə necə uyum?..

Bu mənəmmi,

Bu sənsənmi?..

Dağ çayında axıb gedən

Geri dönməz bulaq suyum,

Dönmüsənmi, gəlmisənmi?..

Sən ey sevgi qanununda

Hökmünü də sərt bildiyim,

Ömrüm boyu hicranını

Çəkiləcək dərd bildiyim,

Daşda sınan şəlalə tək

Heç hirsini soyutmayan

Vaxtsız düşən,

Budağına qayıtmayan yarpaq kimi

Bu sevgini

Bitməz bilib,

O budağa əllərimi yetməz bilib

Daha ümid qapısını bağladığım

Ürəyimdə

İllər boyu saxladığım

Məhəbbətim, gəlmisənmi?

Bu mənəmmi, bu sənsənmi?..

Hansı yerdən keçib gəldin,

O yolları göstərin mənə,

Əbədilik yolum olsun.

Hansı ağac

Yollarına kölgə salıb

Göstər mənə,

Budaqları qolum olsun.

Hansı


Çiçək nəfəsindən ətirlənib,

Hansı külək

Yerişinə kömək olub,

Gəlişinə kömək olub,

Bundan sonra söylə mənə…

Bəxt ulduzum saçılacaq,

Bundan sonra

Buz altında

Çiçəklərim açılacaq.

Bundan sonra mənim üçün

"Cakonda"da şəkil deyil,

Gələr dilə.

Köz göyərər, su odlanar,

Daş yumşalıb pambıq olar -

İnanaram bundan belə.

Gözlərinin işığından

Boylanan bir gələcəyim

Mənə baxır…

Ey sərvərim,

Bəxtəvərim!

Dünya sevinc oldu axır.

Gəlmisənmi,

Bu mənəmmi,

Bu sənsənmi?..



1976
BURAXMA MƏNİ
Gözlərin gözümə baxdı yenidən,

Döndərək geriyə vaxtı yenidən;

Özünlə dustaq et,

Bir ev dustağı,

Buraxıb sən məni salma məhbəsə.

Könlümü titrədən vaxt qorxusudu;

Şəlalə nə qədər coşub kükrəsə,

Çaya qarışanda adicə sudu,

Buraxmə məni…
Bu qədər işıqlı gözlərlə bir də

Heç kimə mən baxa bilməyəcəyəm;

Onda gözlərim də adiləşəcək.

Bu qədər mehriban sözlərlə bir də

Bir könülə axa bilməyəcəyəm;

Onda sözlərim də adiləşəcək

Buraxma məni…
Sevdalı ömrümün sarı siminə

Belə incə mizrab dəyməyib heç vaxt.

Bəxtəvərliyimin, xoşbəxtliyimin

Ən uca, Ən ali taxtıdır bu taxt.

Buraxma,

bu taxtdan endirmə məni,

Bu tacı başımdan götürmə hələ.

Ləfzindən yanıram,

söndürmə məni.

Dilinə başqa söz gətirmə hələ.

Qalxa bilmək üçün bu ucalığa,

Yetə bilmək üçün belə saflığa.

Min dağdan, dərədən soraq almışam,

Dilbər guşələri gəzmişəm bütün.

Bəlkə də duyğumu cilalamışam,

Elə bu vaxt üçün, bu məqam üçün;

Heyifdir bu məqam,

Heyifdir bu gün

Buraxma məni…
Eh, yazığım gəldi an kimi ötən

Bircə göz qırpımlı şimşək ömrünə.

Eh, yazığım gəldi payızda bitən

Bir meh sığal görən çiçək ömrünə.

Meh ki, o çiçəyi saxlaya bilmir,

Göy ki, o şimşəyi saxlaya bilmir,

İnsan ki, özünün ağası deyil,

Belə bir istəyi saxlaya bilmir,

Burax, qoy gedim.

Sentyabr, 1977
* * *

Saçını oxşayıb ancaq küləklər,

Odlu bir çağındır,

yanır dodaq, dil.

Saçına ərkim yox bir külək qədər,

Heç bu da bir insaf, bir mürvət deyil.

Gözəllik heç zaman qaçmaz gözümdən,

Dayan, baxım sənə, ay təzə çiçək!

Məhəbbət yaşımı ötürsəm də mən,

Baxmaq istəyirəm tamarzılartək.

Ah, bir qız var idi,

gəlmədi dilə,

Tapmadım könlünə düşən açarı.

Uğursuz bir eşqin

könlümdə hələ

Qalıb ağrıları, sızıltıları.

Belə saymaz baxıb, biganə baxıb,

Məzəmmət odunda yandırma məni.

Mən elə mahnıyam,

qəlbinə axıb,

Həmişə təzə-tər saxlaram səni.

Pöhrələr ərköyün olurlar yaman,

Bir qədər biganə, bir qədər də şux.

Daha demirlər ki, biz də bir zaman

Cavan pöhrə idik,

ağac olmuşuq.

Bir az gözlərimin ovsunu da var,

Qaytar baxışımı,

qoy çıxım gedim.

Təsəlli ilə də dolanmaq olar,

Quru bir təsəlli,

daha nə edim…



Yanvar, 1971
ELƏMƏDİKLƏRİM YANDIRAR MƏNİ
Əvvəl budaq-budaq suda uyuyan,

Sonra çarxı dönüb, arxı quruyan

Bir yağışa həsrət söyüdlər kimi

Eləmədiklərim yandırar məni.

Özümə verdiyim öyüdlər kimi

Eləmədiklərim yandırar məni.


Mən elə bilirdim o bənövşəlik

Mənimçin qalacaq tər həmişəlik.

Özü solub getdi, qıymadım üzəm,

Doyunca baxmadım bənövşə gözə,

Yazı nəmiş, yayı tez xəzəlləşən,

Pətəkdə qaynaşan,

şanla əlləşən

Qışda balsız qalan arılar kimi

Eləmədiklərim yandırar məni.

Özümə vurduğum yaralar kimi

Eləmədiklərim yandırar məni.
Mən elə bilirdim vaxt da duracaq,

Elə o əvvəlki baxt də duracaq.

Gedib səadətlər rastına çıxan

Sevgi sığırıyla keçmək olacaq.

Hər vaxt bu zəmini biçmək olacaq…

Bərədə boş yerə anları sayıb,

Ovunu hürküdən ovçular kimi

Eləmədiklərim yandırar məni.

Yaylaqda çeşməyə məhəl qoymayıb,

Səhrada alışan yolçular kimi

Eləmədiklərim yandırar məni.
Bilmirəm kim idi üzdü barımı,

Uçurtdu əlimdən bir şikarımı,

Sonraya saxladım çox qərarımı,

Eləmədiklərim yandırar məni.


Yox, daha ömrümdə açılmaz o yaz,

Bir qanadım yorğun, birisi pərvaz.

Elədiklərimdən yaxam qurtarmaz,

Eləmədiklərim yandırar məni.

Fevral, 1981
SƏN GƏLMƏDİN, MƏN GÖRMƏDİM…
Göyərçinlər cüt-cüt olub uçsa da,

Göy söyüdlər bir-birini qucsa da,

Gözüm dolub, kipriklərim yaşsa da,

Sən gəlmədin, mən görmədim bu axşam.


Dərə yaşıl arxım idi, nə fayda,

Söyüd salxım-salxım idi, nə fayda;

Ən duyğulu çağım idi, nə fayda,

Sən gəlmədin, mən görmədim bu axşam.


Külək həzin, bulaq büllur, neylərəm,

Suda daşı saymaq olur, neylərəm.

Sözüm qalır, sinəm dolur, neylərəm,

Sən gəlmədin, mən görmədim bu axşam.


Pis gözlərdən yayınmışdım birtəhər,

Fürsət idi, kimsəsizdi həndəvər.

Mən intizar, uçan quşlar bəxtəvər…

Sən gəlmədin, mən görmədim bu axşam.


Ağ cığırlar darıxsa da, baxsa da,

Səni görmək istəklərim çoxsa da,

Güman yerim, əlac yerim yoxsa da,

Sən gəlmədin, mən görmədim bu axşam.


Bir də gördüm qaralanda cığır, iz,

Bir də gördüm, əllərim də gərəksiz.

Gözüm dolub, tellərim də gərəksiz

Bir də gördüm mən özüm də bir daşam;

Sən gəlmədin, mən görmədim bu axşam.

İyun-iyul, 1979

MƏNİM ÜMİD ŞERİM
Sən o biganəni alma eyninə,

Demə ki yox məni bir duyan kəsim.

Mən bir ümid şeiri yazıram sənə,

Bu ümid şeirimi oxu, əzizim.

Gözümdə izi yox kinin, yalanın…

Bircə baxışından nurlanar günüm.

Bəs belə ilahi gözü olanın

Ümidi olmazmı, gözünə dönüm?

Mənimçin ucasan bir zirvə kimi,

Sən kimin yerinə uca bilərsən?

Göyərçin əllərin ümid deyilmi?

Elə bu qanadla uça bilərsən.


Lap deyək tək çiçək yaylaqda qərib,

Yox bir oxşayanı, məhəl qoyanı.

O, elə ümiddir, dünyaya gəlib,

Baharlar ömrüdür, torpaq həyanı,

Bir tər çiçəyisən bizim çəmənin,

Gizlən, bənövşə ol - nəzərdə varsan.

Qapına ümidə gəlirik sənin,

Çən ümid qapını harda ararsan?

Ərit ürəyində, ərit o buzu,

Bənövşəm, yaza bax, başını qaldır.

Göylərin ən uzaq ümid ulduzu

Ovcunun içində yansa - xəyaldır.

Elə boş xəyalları alma eyninə,

Könlündə tel olub titrəsin səsim.

Mən bir ümid şeiri yazıram sənə,

Bu ümid şeirimi oxu, əzizim…



May-sentyağr, 1979
QƏFİL BİR ATƏŞ
Birdən sinəm yandı umu-küsümdən,

Gördüm ki, bu göynək o göynək deyil.

Birdən xəbər tutdum özüm-özümdən,

Bildim ki, bu istək o istək deyil.


Sənsiz şad günümdə gülməz ki oldum,

Ürəyim dolanda, düyünlənəndə

Nə istəydiyimi bilməz ki oldum,

Dərdimi bir kəslə bölməz ki oldum,

Qarşında günahkar bəndələr kimi

Dilim dolaşdımı,əqlim çaşdımı,

Gördüm ki, bu görüş, o görüş deyil,

Yox bu adi vərdiş, adi iş deyil.

Axı məndə idi əvvəl ixtiyar,

Nə gur yandırmısan çıraqlarımı.

İlahi, sən məni özümə qaytar,

Özümnkü elə ayaqlarımı.


Payızda bir alça çiçəkləmişdi,

Bir vaxt yadımdadır gülmüşdüm ona.

O bəladır gəlib başıma indi,

Düşdüm o ağacın bəd qarğışına.

Bahar çəməninə baxma, ürəyim,

Meyvəli budaqla gül açmaq olmaz.

Qızılgül dəminə baxma, ürəyim,

Bir də bülbüllənib dil açmaq olmaz.

Titrəyən əlimi bir də danlayım,

Lal olan dilimi bir də danlayım.

Bir az da qorxmuram el qınağından,

Özüm etdiyimi özüm anlayım.

Sən də get, əzizim, ey ruhu təzə,

Qoy kəsim yolunu bu daşdan selin.

Sənə "get" deməyə dilim gəlirsə,

Bəlkə bu vulkanı səngidə bilim,

Özümü bu yolda ləngidə bilim,

Ləngidə bildimsə,

Düşünmək olar…

Düşünmək olursa,

Döndüm bəlkə də.

Hardan gəlib tapdı məni bu sevinc,

Hardan gəlib tapdı məni bu kədər?
Qoy alovlarımı söndürüm əvvəl,

Amma tüstülənən ocağım qalsın.

Yolsun güllərimi amansız bir əl,

Hələ yaşamağa budağım qalsın.

Çağırım geriyə sərt vüqarımı

Qoy özüm-özümdən qaça bilməyim,

Bir az qayçılayım qanadlarımı,

Daha bu qanadla uça bilməyim

Mən sənə əlvida dedimmi?, Dedim.

Dedimsə min dəfə öldüm, dirildim.

Sən getdin o həzin buludlar kimi,

Mən qaldım yanğılı torpaqlar kimi.

Sən axdın su kimi, bulaqlar kimi,

Mən yandım susamış dodaqlar kimi,

Sən getdin əl edən budaqlar kimi,

Mən qaldım kül olan ocaqlar kimi.

İstədim könlümü bir də ovudum,

Sinəmi dağlaya-dağlaya qaldım.

Gəncliyim gəlmişdi qapıma, qovdum,

Dalınca ağlaya-ağlaya qaldım.



Yanvar - fevral, 1980
AXŞAMA BAX, QARA SAÇLIM
Dərə zülmət, zirvə işıq,

Ormanlarda rəng qarışıq.

Biz hər rəngə qalmamışıq,

Axşama bax, qara saçlım.


Batan günəş baxar aya,

Bulud yanar taya-taya.

Bu göy qurşaqlı dünyaya -

Axşama bax, qara saçlım.


Qaranlıqlar yeriməkdə,

Dağ, dərəni bürüməkdə…

Bir günümüz əriməkdə,

Axşama bax, qara saçlım.


O dağdan səs, ünüm dönməz,

Yaylağından gülüm dönməz.

Günəş dönər, günüm gönməz,

Axşama bax, qara saçlım.


Göydə qanad izi itdi,

Cığırlar zirvədə bitdi.

Gələn gəldi, gedən getdi,

Axşama bax, qara saçlım.


Aşdı dağı yüklü duman,

Əsdi rüzgar, üşüdü can.

Bir az mənə yaxın dayan,

Axşama bax, qara saçlım.



Oktyabr, 1978
* * *
Bir adı gizlinə
Yoxsa gəlib-qayıtdığın

Yolları da unutmusan?..

Gəlməmisən,

Çaylarımı qurutmusan,

Günlərimi, aylarımı

qurutmusan,

ilham pərim.

Neçin mənə

soyuq gəldi sözün bir az,

Gir könlümə, ilham pərim,

Gir könlümə isin bir az.

Necə, əlim soyuqdumu?

Gəlməmisən,

Saralmışam payız kimi.

Bir hicranın arxasınca

daş atmışam,

Yəqin o daş soyudubdur

əllərimi.

Bənd-bərəni bağlamışdım,

Əllərimdə sənin üçün

Tək bir çiçək saxlamışdım;

Yəqin ki, o tənha çiçək

Soyudubdur əllərimi.

Təklik yaman şeydi,

quzum.

Bundan belə nəfəsinlə



Əriyəcək qarım, buzum.

Biganəsən özün bir az,

Gir könlümə, ilham pərim,

Gir könlümə isin bir az.

Öz dünyamda yoxum, varım.

Dodaqların ilk qafiyəm -

Bircə kəlmə söz danışsan,

Dil açacaq misralarım.

Xumar gözün ilk sözümdü,

ilk kəlmədi.

Gur saçların

mənim şer silsiləmdi.

Çiynin üstə tökülübdür

sətir-sətir.

O şerimi götür, gətir.

Şerimi ver, ilham pərim,

şerimi ver.

Mənim könül şahlığımı,

Mənim ilham sehrimi ver.

Həzin sevgi yağışına

Həsrət qalan şehotuyam,

şehimi ver.

Hicranınla hərdən-hərdən

Göynət məni, ilham pərim

Yarımquru bir budağam,

Göyərt məni, ilham pərim;

Yandır ilham çırağımı,

Əllərin gül yarpağıdı,

Ver mənə gül yarpağımı.

Biganəsən özün bir az,

Gir könlümə, ilham pərim,

Gir könlümə isin bir az.

Ən zərif bir duyğu kimi

ruhuma ax.

Qoy təpədən dırnağacan

sehrlənim,

şeirlənim,

ilham pərim.



İyun, 1981
SƏNİN PƏNCƏRƏNDƏ MƏNİM ÜRƏYİM
Elə öz sinəmdə yandı gileyim,

Həmişə belədir mənim taleyim.

Qonum-qonşu ayıq düşəydi gərək,

Evdəkilər ayıq düşəydi gərək,

Mənim taleyimə əsdi bu külək

Sındı çilik-çilik, sındı pəncərən.

O həyəcanda sən,

Bu əzabda mən.

Şüşələr salındı, çəkildi pərdə,

Pəncərənin gözü qaraldı bir az,

Amma o atəşli gözlərlə bir də

Bu təzə gözlərə baxmağım olmaz.


Bir bitməz sevdaya qarışdı başım,

Elə öz sinəmdə yandı gileyim.

Sənin pəncərəndə sındı baxışım,

Sənin pəncərəndə sındı ürəyim.

Nigaran baxışı bir də sal yada,

Güzgü qıtlığında gəlin nənələr

Yorğan arasında, taxça, boğçada

Bir güzgü qırığı saxladığı tək

Sən də o qırığı saxla eləcə.

Saxla bir məhəbbət sınığı kimi,

Saxla bir ürəyin qırığı kimi.
Mən də boylanıram,

Bir boylan yenə,

A mənim təsəllim, bax pəncərənə.

A mənim ümidim, bax pəncərənə!

Həmişə daynıb bax deyirəmmi?

Günəş qütblərə baxdığı kimi,

Bahar bir quzeyə baxdığı kimi,

Yağış bir səhraya baxdığı kimi,

Heç olmasa belə bax pəncərənə,

Elə bir baxışın bəs edər mənə.

Divarda kölgən var,

Ona baş əyim,

O sənin qamətin, sənin boyundur.

Sənin pəncərəndə mənim ürəyim,

Bir azca yaxın dur onu ovundur.

Qərarı da çatar, səbri də çatar,

Sübh ilə oynayıb, gün ilə batar.

Kəsib ümidini büzüşüb yatar

Sənin pəncərəndə mənim ürəyim.

Aldanar öz uşaq təbiətiylə,

Qeybdən var olan tunc sifətiylə.

Gözləyər bir leylək sədaqətiylə

Sənin pəncərəndə mənim ürəyim.

Hələ o qütbdə buz lülə-lülə,

Hələ k, o quzey həsrətdir gülə.

O səhra bəs haçan bürünər tülə

Sənin pəncərəndə mənim ürəyim.

O sevda gülünü qucarmı görən.

Bir yol pərvazlanıb uçarmı görən?

Bu yaz çiçəklənib açarmı görən

Sənin pəncərəndə mənim ürəyim?!

Sentyabr, 1983
NİYƏ GƏLMİSƏN?
Soldurub bağını, töküb barını,

Daha şuxdan salıb yarpaqlarını,

Soldurub o çıraq yanaqlarını

Qış olub, üstümə niyə gəlmisən?


Sən adlı o xanım-xatını mənə,

Vermədin öz şahlıq taxtını mənə.

Qıymadın gül-çiçək vaxtını mənə,

Qış olub üstümə niyə gəlmisən?..


Məni həsrət qoyan ilk bəhərinə

İndi gəlib məni yada salıbmı?!

Gözünün alovu özgələrinə,

Saçının qırovu mənə qalıbmı?

Qış olub üstümə niyə gəlmisən?
Gözəllik - neylədin o bəxşişini,

Gəlmisən, bəs kimə bəxş etdik onu?

Nə bildin taleyin göndərişini

Qaytara bilmirəm, nə bildin bunu?

bildin mən bir az ürəyi kövrək,

Qadın baxşında mütiyəm, lalam.

Nə bildin o həsrət məni əyəcək,

Nə bildin səninçin keçilmiş yolam.

Qış olub üstümə niyə gəlmisən?..
Ağlayan hirsimi soyutmağamı,

İncik ürəyimi uyutmağamı?..

Təkəbbürlü xanım, a nazlı xanım,

Yox, yox, yalvarışı saxla sən allah.

Bu yazıq baxışı saxla sən allah.

Di yaxşı, bu dili, bu fəndi saxla,

Dilinin altında o qəndi saxla.

Gücün var - keçəni qaytar, soraqla,

Qış olub üstümə niyə gəlmisən?..
Nə dedin?.. Ah, bu nə yanıqlı sözdü!

Bir dayan, gözündə bu nə torandı…

Ah, mənim ürəyim nə ikiüzlü,

Vüqarımı necə yerə vurandı! -

Bacara bilmədim, özümlə, heyf!

Qış olub üstümə niyə gəlmisən…



Sentyabr, 1982

* * *
Tərs kimi bir çiçək bitib yanımda,

Onu qoxlamağım, oxşamağım yox.

Qalmışam, hicranla öz gümanımda,

Nəfəs almağım var, yaşamağım yox.


Bir sevgi ocağı yanımda yanar,

İstisi özgənin, tüstüsü mənim.

Ümidə uzanan əllərim donar

Başımdan yox olmaz dumanım, çənim.


Bir sevgi bulağı yanımda çağlar,

Təpər dil-dodağım içə bilmərəm.

Vüsalla aramız br addım olar,

Amma bu addımı keçə bilmərəm.


İndi ki, qismətim olmayacaqdı,

Eh, bu nə gül-çiçək, bu nə ocaqdı?!

Guya göz dağına yaman mətəlik,

Tale sitəm verir bizə üstəlik,

Birinə sevginin alqışı düşüb,

Birinə taleyin qarğışı düşüb.



Noyabr, 1983
BU GÜLÜN…
Elə pardaxlanıb, elə açılıb,

Elə işıqlanıb, elə saçılıb

Bu gülün dünyadan xəbəri yoxdur.

Ya bir sərt baxışdan, bir aldanışdan,

Yalandan, riyadan, xəbəri yoxdur.
Büllur ləçəyindən nur tökülür ki,

Elə fərəhlənir, elə gülür ki,

Bu gülün kədərdən xəbəri yoxdur.

Bir qəfil əmrdən, nakam ömürdən,

Heç gəldi-gedərdən xəbəri yoxdur.
Bahar həvəsindən gəlib heyrətə,

Elə qurşanıb ki, ilk məhəbbətə,

Bu gülün xəzandan xəbəri yoxdur.

Taledə tərsinə qələm tutandan,

Ayrılıq yazandan xəbəri yoxdur.
Hələ yanağında kəpənək zəri,

İnandırmaq olmaz bu bəxtəvəri,

Bu gülün özündən xəbəri yoxdur,

Bəxtin tərs üzündən xəbəri yoxdur

Amma nə yaxşı ki, yoxdur xəbəri.

1986
ÖYRƏTMƏ ÖZÜNƏ, ÖYRƏTMƏ MƏNİ
Taleyin qisməti rast saldı bizi.

Yolumuz hardasa qırılacaqsa,

İtirəcəyiksə bir-birimizi,

Xatirəm yadında qalmayacaqsa.

Bu əllər mənimki olmayacaqsa,

Bu tellər mənimki olmayacaqsa

Sən allah, özünə öyrətmə məni,

Hiran qoxusuyla göynətmə məni.


Əlimi saçına öyrətmə belə,

Gözümü gözünə öyrətmə belə;

Üzümü üzünə öyrətmə belə.
Mən bir az baharlı budaq kimiyəm,

Bir az da sadəlövh uşaq kimiyəm.

Bala anasına qovuşan kimi,

Leylək yuvasına qovuşan kimi,

Arı gül-çiçəyə uyuşan kimi,

Eh, mən də adama tez yovuşanam,

Sevgi atəşində tez alışanam,

Amma ki, sönməyim çox çətin olur –

Sevgidən dönməyim çox çətin olur,

Öyrətmə özünə, öyrətmə məni.


Bəlkə gözləmirdik bu xoş görüşü,

Yaman qəribədir dünyanın işi;

Heç vaxt yollarında dayanmadığın,

Heç həndəvərində dolanmadığın

Gəlib birdən sənə nə şirin olur!
Ömrünün içində ömür doğulur.

Bu şirinim acı olacaq isə,

Bir qismət çiçəyim solacaq isə,

Öyrətmə özünə, öyrətmə məni.


Könlümdə yerin var, qopmaz yerindən,

Bir əkiz ləçəyi, haça budağı

Ayırmaq olmursa biri-birindən,

Məni də ayırmaq çətindir axı.


Öyrətmə özünə, öyrətmə məni;

Yox buna təqatim, yox buna tabım

Əlimi əlindən üzmək əzabım,

Sonra bu əzaba dözmək əzabım…

Yoxsa da, könlümün sınıqları var,

Hicranın köz basmış yanıqları var -

Mənim dərdlərimin ayaqları var -

Harda olsa gəlib tapacaq məni,

Yaxıb yandıracaq bu ocaq məni.

Gəl məni özünə öyrətmə belə,

Əlimi əlinə öyrətmə belə,

Gözümü gözünə öyrətmə belə…



1984
GƏL
Böyük tənəsində qalıb danlanan,

Uşaq ürəyimi ovut bir ara.

Qışda mismarlanıb yapışqanlanan

Pəncərə könlümü gəl aç bahara.


Daş altında bitən otdur elə bil,

Kül altında qalan oddur elə bil…

Çıxar yük altından gül yarpağımı,

Gəl yandır könlümün od-ocağını.


Düyünlü, sərhədli, hörgülü könlüm…

Görüş al, dustağa gəl baş da çək, gəl.

Bir bala qaranquş mürgülü könlüm

Bir qanad kölgədən diksinəcək, gəl.


Düş o ucalıqdan, günəş olub aç,

Quzey ürəyimin qaşqabağını.

Bu ağır yağışa sən eylə əlac,

Saxla bu həsrətin daş-qalağını.


Daha ümid yalan, təsəlli yalan,

Səbri-qərarım da yalandır daha.

Gecə həsrətində bürüşüb qalan

Gülsabah könlümü gəl aç sabaha.



1984
SON GÖRÜŞDƏ
Tanrım, bizi son görüşdə

Tikan sözlə ayırma,

Bəhanəyçün uydurulmuş

Yalan sözlə ayırma;

Bu dünyanın

İlk görüşü hayıfdır.

Bir sevgidən qanad alıb

Uçmuşuqsa bu adla,

Daha bizi gəl ayırma

Sınıq, şəlpə qanadla;

Bu sevginin

Qanadları hayıfdır.


Sən gəl bizi acı dillə,

bumbuz əllə,

Soyuq-soyuq baxışlarla

ayırma;


Alnımızda qırışlarla

ayırma.


Məhəbbətin

şirin sözü hayıfdır.


Ürəyimə

Məlahət tək giribsə,

Taleyimə

Bir qismət tək giribsə,

Daha bizi qəbahətlə

ayırma,


Ağ taleyə çəkiləsi

Qara xətlə ayırma;

Bu sevginin

Xatirəsi hayıfdır.


Guya təzə sevdamızı

Qoyub təzə cığırda,

Gəlib-gəlib bir dalana

Dirənməyək axırda.

Məhəbbətin

Yolu, izi hayıfdır.


Son görüşə o candərdi,

Mən candərdi gəlməyim.

Ayrılığı o bilməsin,

Elə mən də bilməyim.

Buludlardan ayrılacaq

Damcı tək,

Kipriyindən ayrılacaq

Bir yanıqlı yaş kimi,

Yuvasından ayrılacaq

Bir köçəri quş kimi -

Ayırırsan belə ayır,

Söndürürsən,

Belə söndür sevgimi.

1984

1   ...   10   11   12   13   14   15   16   17   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə