Musa yaqub payiza baxiram şeirlər (seçmələr) Bakı “Araz”-2010




Yüklə 2.55 Mb.
səhifə13/18
tarix23.02.2016
ölçüsü2.55 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   18

SON ŞEİRLƏR
YORĞUN DUYĞULAR
Daha nitqim kəsildi,

Daha bağrım partladı.

Bir yaralı aslanın

Dizini şər qatladı.


Bu nə hündür hasardı,

Bu nə soyuq divardı,

Bu nə dərin quyudu,

Qazan fəndgir adamdı.


Vurdum keçə bilmədim

Bu da mənim xatamdı,

Düşmən baxıb qımışdı,

Dostlar baxıb utandı.


Mişarım kəsdi məni,

Kəpəklədi, ələndim.

Rəndəm yaman rəndədi

Axır ki, rəndələndim.

Baltam yaman baltadı

Axır ki, yontalandım.

Ağac - ağac kəsildim,

Meşə-meşə talandım.


Qarət etdi könlümü

Bu canavar sürüsü

Ah, bu talançı zümrə!

Ah, bu yalançı kürsü!


Ətrafım dolu adam,

Yanımda yox bir nəfər.

Mənafe oynunda

İnsanlıqdan yox xəbər.


Nə udum, nə uduzum,

Gəlib gedən qalmadı.

Göydə tale ulduzum,

Yerdə Vətən qalmadı.


Mühacirim, yavaş get,

Mən də gəlib yetişim.

Göz calağı deyiləm

Hər gövdədə bitişim.


Söz adamı Alış yan,

Öz-özünlə barış yan!

Ən böyük dərd budur ki,

Sünbül-sünbül tarladan

Bir dən sənin olmasın.

Adın vətəndaş olsun,

Vətən sənin olmasın.
GÖZLƏ MƏNİ
Bəlkə qalaq, bəlkə gedək…

Amma payız, bir az dayan

Gözlə məni birgə gedək.

Yarpaq-yarpaq ovcumda sol,

Görüm solmaq necə olur.

Bulud-bulud gözümə dol

Baxım görüm dumanlanıb

Gözü dolmaq necə olur.

Yavaş əsdir küləyini,

Çox soyutma bu havanı,

Gəl uçurma,

Tənha qalmış o yuvanı,

Baxım görüm boş yuvada

Yalqız qalmaq necə olur.

Lap yaxında can içində

Dərdi bilmək necə olur.

Bu dərd ilə göynət məni

Son ağrıma öyrət məni

Son günümə, son gecəmə,

Axırıma öyrət məni.

Yoldu bitdi, sudu axdı,

Çayın sonu, yolun sonu

Qürubun son saraltısı…

Bu sonlara baxan vaxtı

Könlüm olur para-para

Lap deyək bir şəhid olan

Tabutunda gül apara,

O gülün də sonu belə

Tabutda al donu belə…

Ot saraldıb, gül solduran

Üzü soyuq bu torpağa,

Üzü üstə düşüb qalan

Son yarpağa öyrət məni.

Baxım görüm torpaq üstə

Huşa getmək necə olur.

Son durnayla qoşa getmək,

Üryan qalmış ağac kimi

Qışa getmək necə olur…

Bəlkə qalaq, bəlkə gedək…

Amma payız, bir az dayan

Gözlə məni birgə gedək.

Noyabr, 2007

Buynuz
ON İL GECİKMİŞ ŞEİR
Milli Məclisin deputatı olmuş, məclisi

yarımçıq, ömrü nakam bitmiş

iqtisadiyyat alimi Sofiq Hüseynovun

əziz xatirəsinə.
Həmişə könlümdə xatirən həzin,

Sən nurlu üzüydün məclisimizin.

Orda başqa idi mənim də dərdim,

Ən şirin salamı səndən alardım

Ən şirin salamı sənə verərdim.
Sənin də tərəfin el tərəfiydi.,

Sözünün düzümü durna səfiydi.

A əxlaq yiyəsi, a haqq yiyəsi,

Çox vaxt o haqqın da çıxmırdı səsi.


Eh, bu qədər dəftər, kitabı bilən,

Min cürə suala cavabı bilən –

Görürdüm, necə də naçar qalırdın,

Mənafe oyunu getdiyi yerdə

Durub öz səbrinə mehr salırdın.
Sərhəddi bilirdin, həddi bilirdin,

Qarşında dayanan səddi bilirdin,

Sən dərs deməliydin, dərs deyirdilər,

Sözünü çevirib tərs deyirdilər.


Öz həyan dilindən bir Daş asırdı,

Birisi küy salıb boş danışanda

Yerində lap səni həya basırdı.
A əxlaq yiyəsi, a haqq yiyəsi,

Canında qaynayan bir səs var idi.

O üsyan səsiydi, o vicdan səsi.

Bu halın dərd olub yığıldı qaldı,

İçində göynədi sıxıldı qaldı.
Bu dərd yıxdı səni, Sofiq müəllim,

Cavan vaxtı səni Sofiq müəllim.

Hələ çox stullar dolub gedəcək,

Gah onun, gah bunun olub gedəcək.

Çəməndə yovşanlar bitdiyi yerdə,

Mənafe yolunu getdiyi yerdə

Yerin boş qalacaq Sofiq müəllim!
Əyilib itdikcə bu haqq-hesablar,

Bazar da məclisdi, məclis də bazar

Yerin boş qalacaq Sofiq müəllim.

Hələ nə qədər ki, qanun qaydalar

İşləmir, bu elə vermir faydalar,

Yerin boş qalacaq Sofiq müəllim.


Haqq söz başımızda donub qalınca,

Sözün haqq tərəfi üzə çıxınca

Yerin boş qalacaq Sofiq müəllim.

Özündən sonra da bizimlə vardın,

Uzaq baxışlarla bizə baxardın,

Ruhun çırpınırdı o intizarda,

O nə ömür idi yarıda bitdi!

Yox, ruhun qalmışdı daşda, divarda

O da ki, bu təzə təmirdə getdi.

Sən kövrək ağacın kövrək budağı

Kövrəyi qorumaq çətindir axı.
Doğrunun dediyi söz tərəfləri,

Qaldıqca dünyanın düz tərəfləri

Sən də qalacaqsan, Sofiq müəllim.

Bütün haqq-ədalət bizim olanda

Bizim olacaqsan, Sofiq müəllim.

Yanvar, 2008-ci il

Bakı
AĞ GÜL, QIRMIZI GÜL, BİR DƏ SARI GƏLİN
Həmişə növcavan, həmişə bahar

Həmişə sevdalı, həmişə xumar.

Ruhumda sığaldır, saçımda tumar

Bülbül mahnıları, gül mahnıları

Bu xalq mahnıları, el mahnıları.
Sevgidə heç zaman qocalmaz olan,

Kəməri qaşında üç almaz olan,

Xınası barmaqda, özü bulaqda,

Məhəbbət bəndləri açılmaz olan

O nazik, o incə bel mahnıları,

Bu xalq mahnıları, el mahnıları.


Yağsın pəncərədən başıma daşlar,

Baxım, xumar gözdən açsın o yaşlar.

O ipək köynəklər, min rəng qumaşlar,

Daşır pəncərədən tül mahnıları

Bu xalq mahnıları, el mahnıları.
Gizlim el içində, Adam içində,

Yarın qadasıdır qadam içində.

Dilim bal içində, badam içində

Sözümün şipşirin dil mahnıları,

Bu xalq mahnıları, el mahnıları.
Bu el qatarıdır ellər aparır,

Bu nar çiçəyidir, "Qara gilə"dir.

Hələ də Saranı sellər aparır,

Çobanın yolları Saragilədir,

Bu coşan, bu daşan sel mahnıları,

Aranlı, yaylaqlı el mahnıları.


Sevgi soraqlığım, eşq gərəkliyim,

Bir də qaçıb durdu daşda kəkliyim.

Bir payız gölündə sona təkliyim.

Havada üç telli-tel mahnıları

Pərişan payızlı el mahnıları.
Bir də tar-kamanı gətir oxusun,

Bülbül gül iyləsin, ətir qoxusun.

"Sona bülbüllər"i Qədir oxusun.

Ucalsın göylərə zil mahnıları.


Mixəyi ləyəndə bitir yenidən,

Bu mixək, bu xına, hil mahnıları,

Bu xalq mahnıları, el mahnıları.

Payız, 2008

Buynuz
MAHNI
Bu sevda, ah bu sevda!

Canımı saldım oda.

Ömrümü etdim fəda

Bağladım sevdalara.


O yolu bağlamadım,

Yasda yas saxlamadım.

Anama ağlamadım,

Ağladım sevdalara.


Bu alqı, ya satqımı?

Mən aldım eşq haqqımı

Alışdım, can yanğımı

Saxladım sevdalara.


Ələndim, ha ələndim.

Dolaşdı bəndə-bəndim.

Duruldum, çeşmələndim

Çağladım sevdalara.


Yaranış həyatımdan,

Əl çəkdim rahatımdan.

Kəsib hər saatımdan

Caladım sevdalara.



Oktyabr 2006

Bakı
TAMAŞA
Baxın mikrafonda o titrəyişə

Məddahlar yenə də düşdülər işə

Yenə bir-birini vururlar dişə;

Yenə ortalığa bütü çəkdilər,

Yenə sözlərinə ütü çəkdilər;
Sözləri yerbəyer etsin çapçılar-

Buraxın qabağa keçsin gapçılar,

Əlləri havada bu "şap-şap"çılar -

Bu adlar, tutullar, bu ali qullar,

Göyçək söz danışan göyçək oğullar…
Gözəl tamaşadı, əcəb sərgidi,

Bu da nökərlərin şaha ərkidi.

Saqqız ağacında şirə bərkidi

Verin yaltaqlara bir də çeynəsin,

Havada, efirdə, yerdə çeynəsin.
Bu çənə söhbəti, boğaz udumu,

Siz arı şanından çıxarın mumu,

Verin dərəmumu, rahat hulqumu

Verin yaltaqlara bir də çeynəsin,

Havada, efirdə, yerdə çeynəsin.
Ağzı şirin olsun elin, obanın.

O aldı, bu verdi, o da götürdü

Yaman bəhsəbəhsdir, ötür-ötürdü.

Yaxşı, bu tar-kaman nədən ötürdü?


Verin zurna verin, balaban verin,

Təzə xoruzlara təzə ban verin,

Verin yaltaqlara mahnı çeynəsin,

Gəlsin rəqqasələr tufan eyləsin.


Dəstənin gəlişi hay-harayladı,

Bu da millət üçün yaxşı layladı.

Yenə qalayçılar qab qalayladı,

Köhnə dəyirmanın təmirçiləri

Elin medal döyən dəmirçiləri

Verin onlara da xəmir çeynəsin,

Qoy çəkic-zindan da dəmir çeynəsin.
Buraxın qabağa keçsin gapçılar

Əlləri havada bu "şap-şap"çılar

Gəlsin rəqqasələr tufan eyləsin,

Verin dərəmumu, rahathulqumu

Verin mahnıçılar mahnı çeynəsin

Ağzı şirin olsun elin, obanın…



Payız, 2008
DAĞINIQ BİR ŞEİR

Bizi erkən tərk etmiş əziz dostum Xalid üçün.
Mənim süfrə daşım, mənim daş masam,

Gəlmişəm bir misra xatirə yazam.

Hədəf seçdiyimiz hədəfimizdən,

Bir görüm nə qalıb qədəhimizdən,

Bir görüm necədir daş meyxanəmiz,

Sağlıq dediyimiz sözdən nə qalıb?

Sən belə qalmısan, bizdən nə qalıb?
Gedən dostlarım var, xoş xatirədir,

Qalan dostlarım var, mənə qalmayıb;

Daha yola gəlib, yoldaşa gəlməz

Süfrə açdığımız bu Daşa gəlməz.

Bu Göyçay çayıdır, o Maydərəsi.

Günüm o günləri çətin görəsi.


Satıldı dərəmiz alqı-satqıda

Getdi oyunlarım, oyuncaqlarım

Alındı mərəmiz alqı-satqıda.

Bu Böyük, hə, o da balaca Söğnaq,

Hanı o məclislər, hanı o yığnaq?..
Eləcə alındı Sığnaqlarımız

Beləcə dağıldı yığnaqlarımız

Torpağım alındı, daşım alındı,

Başımın üstündən başım alındı.

Baxdım, süfrə daşım mamır bağlayıb,

Üstünə göz yaşım damır ağlayır.


Nə tonqal qalanır, nə ocaq yanır,

Bizim xəlbirimiz burda ələnir,

Göydə xəlbirimiz burda fırlanır-

Daha söz deməyə tutarım gedib,

Dostları aparan qatarım gedib,

Bu daşı özümə yoldaş eləyib

Bəlkə elə mən də qurtarım gedim.

Qalsın süfrə daşım mamır bağlasın

Üstünə yağışlar yağsın, ağlasın…

Payız, 2008

Buynuz
TƏNHA BİR GÜN
Görəsən mən niyə tənhayam, təkəm,

Mən gərək yanımda bir ağac əkəm;

Əllərim İsinsin budaqlarıyla,

Silim gözlərimi yarpaqlarıyla.


Bir az da mehriban, bir az da həlim

Hamar gövdəsini oxşasın əlim.

Gaş mən ağac olum, gah da o insan,

Ömür ağacımla qolboyun olsun,

Bu da ömrümüzdə bir oyun olsun.
Yaşayıb keçdiyim, keçib gördüyüm,

Sevda ağacında yuva hördüyüm,

Ömürlər içində ömür sürdüyüm,

O günlər məni tək buraxdı getdi,

Gülüm həşəm oldu, su axdı getdi.
O tək qayalıqda bitən vələsim

Kökü daş içində qırıldı sim-sim.

Qara kovquşunda ocaq qalanan,

Qabığı üstündə zorla dayanan

Qoca palıdı da bir yel apardı.
Hə, mən də var idim, hə o da vardı…

Üstümdən cökənin getdi kölgəsi

Batdı ağacların meşə ölkəsi.

Ən dərin meşənin qucağında sirr,

Ən hündür ağacın budağında sirr,

O gözəgörünməz, yeri bilinməz

Kol-kosa sığınıb, gölə yenilməz

İldırım qanadlı alabaxtalar

İndi yuva yeri harda axtarar?..

İtdi üstümüzdən meşə kölgəsi

Getdi ağacların yaşıl ölkəsi.
Bəlkə onunçün da tənhayam, təkəm

Mən gərək yanımda bir ağac əkəm

Yolların bu dürək ağaclarıyla

Heç cürə ünsiyyət tapa bilmirəm

Ağaclarda yuva, mühütdə hava

İnsanda məhəbbət tapa bilmirəm.


Bircə nəfs toxunan, nəfəs toxunan

Ağaclara gəlməz alabaxtalar

Bəlkə də ruh olub uçdu o quşlar

Gedib ilahidən başqa taxt alar.

Görəsən tək durnam harda uyudu

Kəkliyim yetdimi, qaya daşına?..

Sulanan zəminin artıq suyudu

Buraxdım ömrümü başlı-başına…



Payız 2008

Buynuz
O TAY, BU TAYLAR
Arxın o tayında yarpızlar əsir,

Bu tayda yuyunur qum dənələri.

Qovub bir-birini sular tələsir

Fırlanır ağzında dəyirman pəri.

Fırlanır başıma o tay, bu taylar,

Duz yükü gözümün civə yaşları.

Kəsildi qismətlər, bölündü paylar,

Göyərdə bilmədik qara daşları.

O tayda eşqimin sönən ocağı,

Çox belə ocaqlar kül eyləmişik.

Bu tayda yol gəlir ilkindi çağı,

Biz də yol üstündə qoca dərvişik.

O tayda gündoğan, bu tayda qürub,

Üz-üzə dayanıb ömrün çağları.

O tayda yamyaşıl bağça-bağ durub,

Bu tayda yel vurur köhnə bağları.

Daha o sellərin alındı köpü,

Bü günüm, o haya, haraya çatmaz.

Mən kiməm, bu arxda bir saman çöpü

Dəyirmana çatar, dəryaya çatmaz.



Yay 2008, Buynuz
KÖMÜR ÖMRÜ
Min yerdə kömürəm, min bir yerdə şam,

Hələ köz eşirəm əlimdə maşam,

Hələ yanmamışam, qutarmamışam -

Mən kömür ömrüyəm, mən kömür ömrü.


Qədim obaların yadında qalan,

Doğma ocaqların odunda qalan,

Min illər torpağın altında qalan

Mən kömür ömrüyəm, mən kömür ömrü.


O döyüş, o vuruş yolları altda,

Düşmən atlarının nalları altda

Düşdü pərən-pərən kösövlərimiz,

Doğranıb bölündü bütövlərimiz -

Mən küsöv ömrüyəm -

Yarımçıq ömür!

Mən ağac deyiləm çürüyüm gedim

Mən duz da deyiləm əriyim gedim;

Ağır basmalarda basılıb qalan,

Kösövlər ucundan asılıb qalan,

Torpaq lövhələrdə yazılıb qalan

Mən kömür ömrüyəm, mən kömür ömrü.


Nə qədər daş altda qıvrılıb qalım?

Torpaqda nə qədər qovrulub qalım?..

Hələ yanğılanır istim içimdə,

Hələ mavi-mavi tüstüm içimdə,

Min ildir boğulur hirsim içimdə –

Yarımçıq canam ki, ölə bilmirəm,

Nə vaxt dönəcəyəm külə bilmirəm –

Mən kömür ömrüyəm, mən kömür ömrü.


Ulu babaların ocaq yerində,

Dərədə, təpədə, sucaq yerində

Haranı qazırsan kömürdü çıxır,

Yerdən yanğı-yanğı ömürdü çıxır.

Sahili sel vurur kömür tökülür,

Axardan, baxardan ömür tökülür.

Yurdda təndir-təndir möhür yerim var,

Torpağa vurulmuş bu möhür mənəm.

Nə qədər ocaqlar söndürübdülər,

Sinəmin üstündə daş hörübdülər.

Dəmir bədənlərin kəsik başları,

Tüstülü büstümdü ocaq daşları.

Lalənin xalında izim kömürdü,

Bağrımın başımda közüm kömürdü.

Dilimin ucunda sözüm kömürdü

Mən kömür ömrüyəm, mən kömür ömrü.


Bir torpaq qatında, daş arasında

Əsirəm mən Azıx mağarasında.

Haracan uzanır kösöv qollarım.

Nə vaxt közərəcək köz tonqallarım?!

Hələ damarımda alov qanım var,

Hələ yanğınlarım, üsyanlarım var

Verin atəşimi yanıb qurtarsın

Yarımçıq ömürdən canım qurtarsın –

Mən kömür ömrüyəm,

Mən küsöv ömrü.



Yaz, 2009 Buynuz
ƏRƏFƏ
Hansı astanadır çatıb dayandım

Cənubda üşüdüm, şimalda yandım.

Dəyişib dünyanın isti soyuğu,

Pozulub nizamı, solub qoruğu.


Böyük Kainatın Cənnəti Yerdi

Onu da Tanrımız tək bizə verdi;

Üzünə ağ olduq cənnətimizin

Qopan qasırğalar, tufanlar bizim,

Nəhəng dəryaları vurub daşdıran

Bizik qiyaməti yaxınlaşdıran.


Gəlir qiyamətin əlamətləri

Qaldıq fəlakətlər ərəfəsində

Salmışıq oyuna siyasətləri –

Ölkələr pəs gəlir biri-birinə,

Çoxları canavar qiyafəsində

Ayaqda qandallar, başda torbalar

Yaltağa yalanlar, zorda zorbalar

Göydə raketlərdi, yerdə bombalar.


Bu atəş içində, silah ilində

Bu tamah, bu günah, bu ah içində.

Heç cürə yaşamaq olmur, Allahım

Neçin mənim ömrüm bu vaxta düşdü

Aprel günümüzə qar, şaxta düşdü

Ya yetir dünyanı axır zamana

Ya da at ömrümü bir az o yana.
Sən allah qırılan ağaclara bax,

Qolları asılıb boyunlarından.

Bezdim bu tapanca kinolarından

Yoruldum mənafe oyunlarından.

Daha gəmi olmaz, daha Nuh olmaz,

Cəhənnəm havası qalıb dünyanın.

İndiki, insanda təmiz ruh olmaz,

Hələ ruh davası qalıb dünyanın,

Cin-şeytan davası qalıb dünyanın.
Bu şeytan içində, bu cin içində

Bu qəzəb, bu əsəb, bu kin içində

Heç cürə yaşamaq olmur Allahım!

Ya yetir bizləri axır zamana

Ya da at ömrümü bir az o yana

At məni bir ali-məqam vaxtına,

İnsanın səmimi salam vaxtına,

Biri-brimizə inam vaxtına -

Sən məni ədalət taxtına yetir

İnsanın insanlıq vaxtına yetir.

Həmişə xoş olan halın tövrünə,

Ürəyin ən dərin guşələrində

Bəslənən sevginin məktub dövrünə.
Sən məni məhəbbət mehrinə qaytar

Gözəl meşələri hasarsız görüm,

Namusu, qeyrəti bazarsız görüm

Bir görüm hiyləsiz göz necə olur,

Bir görüm pərdəsiz üz necə olur.

Bir görüm yalansız söz necə olur.

Sən məni ədalət taxtına qaytar

İnsanın insanlıq vaxtına qaytar.



Yaz, 2009 Bakı

* * *


Xeyli əvvəllər Babadağın

Çətin ziyarətgah yolunda

Yoldaş olub yoluna

Bələdçilik etdiyim böyük

Ruhani alim Qazıqumlaqlı

Yəhya Əfəndinin ruhuna ithaf.


* * *

Lap təpədən-dırnağacan nur idi,

Bəlkə elə təcəllayi-Tur idi.

Həqiqətdə Həllaci-Mənsur idi,

Əhli-namaz idi sükut içində

Qar saqqalı çimər bulud içində.


Bir gecəlik Qurbangahda qalanda,

Salavatgah salamını alanda,

Dəli külək bizi atdan salanda

Həzrət Baba çəkib bizi apardı,

İldırımlar yanımızca çapardı.
Sinə gərdi qar, tufana o durdu,

Aman Allah, dərəni yel sovurdu –

Daşqapanı daşdan-daşa qovurdu;

Hər ikimiz bir sal daşa sığındıq,

Arı kimi bir rətəyə yığıldıq.
O dağlarda dərə-bəndim, su bəndim,

Dedim, bu yol çətin yoldu, Əfəndim

– Mən bu yolda Allahıma güvəndim

Deyib, qalxdı zirvələrdən yuxarı,

İşıqlandı dağın axar-baxarı.
Şeytana daş atılanda daş atdı,

Elə atdı şeytanına tuş atdı.

Şər öldürüb, xeyri bir də yaşatdı,

Dilindəydi böyük Allah kəlamı,

Üzündəydi uca zirvə inamı.
Gördüm ona ziyarətgah əyandı;

Çatıb Musa bulağına dayandı.

Nəfəs verdi bulaq nura boyandı;

Qismət idi nur suyundan içildi,

Ağır yolun keçidləri keçildi.
Başımızda o ziyarət havası,

Keçib getdi yoxuşların cəfası.

Aramızda ata-oğul vəfası –

O Allahın günah yuyan bəndəsi,

Gözündə nur, üzündə gül pərdəsi.
Əhd yolunda bir məqam var çox uca.

Bir də düşdüm o məqamın dalınca.

Bu dağlarda ondan soraq alınca.

Durub gəldi, ruhuna da baş əydim,

Əfəndimdir, Əfəndimdir, Əfəndim!

Yay, 10.06.2009

Buynuz
HAL-ƏHVAL
Ağrılı yollarda yıxılan, yıxan,

Əqidə daşlarım, məsləkdaşlarım,

Əhəng sobasından, yonqardan çıxan

Salam ağaclarım, salam daşlarım!

Biz lazım olmadıq bu Vətən üçün,

Salam, a vətənsiz vətəndaşlarım!


Bu qədər üsyanlı dava-dalaşdan,

Şər ilə bu qədər savaşdan sonra,

Bu qədər əzablı yoxuş-enişdən,

Bu qədər məsləhət nəvazişindən,

Bu qədər döyüşdən, görüşdən sonra,

Haqlı sözümüzdən haqqımız belə,

Əxdaqımız belə, xalqımız belə,

Aranlımız belə, dağlımız belə…

Düşdük qurd dövrünə, tülkü dövrünə

O əyri əllərin bölgü gövrünə,

Düşdük quldurların mülkü dövrünə.
Bizimçin İsrafil suru çalındı,

Getdi bölgə-bölgə ölkə alındı.

O dağa, dərəyə, düzə baxmayın,

Dənizə baxmayın, o bizim deyil!

Neftimiz bəh-bəhlə üzə çəkildi,

O üzə baxmayın o bizim deyil.


Özgə dilimizdən yandı ağzımız,

Qaldı əlimizdə pay kağızımız.

Ürək partlamada, səbir daşmada.

Bizim payımız yox o paylaşmada

Boğuldu haqqımız zorun əlində,

Əzəldən hörülmüş torun əlində.


Heyf ömrümüzün sərfinə, heyf,

İncə duyğumuzun məhvinə, heyf.

Şairin, alimin kəşfinə heyf!

Elin dövlətiylə büdcəsi zəngin,

Milyardlı, milyonlu, minli qəhrəman

Vətən oğulları qaçqın, didərgin,

Sən harda qalmısan Milli Qəhraman?
Hərə öz kefində, şər öz işində.

Biz qaldıq bu diyar dirənişində,

Qaldıq qəfəslərdə qırıq dən üçün

Biz lazım olmadıq bu Vətən üçün.

Yoxsa da bu dünya yalan dünyadı,

Quldurlar əlində talan dünyadı.

Yoxsa da bu dünya yaltaq dünyadı

Şər-şeytan işiylə ortaq dünyadı.


Yenə bu millətdir soyulur gedir,

Keflər, kefxanalar, şoular gedir.

Ruhumuz, beynimiz oyulur gedir,

Batırır qulağı əlin alqışı.

Fırlanır yenə o dəyirman daşı.

Hərə öz kefində, şər öz işində

Biz qaldıq bu divar dirənişində.
Doğmaca torpağa sevgi bəsləmək,

Eli bir uğurlu yola səsləmək,

Minnətsiz, bir halal ruzuya çatmaq,

Biri-birimizə həm əl uzatmaq,

Görüşlər, yürüşlər bizimçin yasaq..

Ehtiyac qalmadı sözə, kəlama,

Ehtiyac qalmadı şirin salama

Daha nə söyləyək, daha nə yazaq?..


Haqlı sözümüzdən haqqımız belə,

Əxlaqımız belə, xalqımız belə…

Çörəyi xətrinə, işi xətrinə

Döndü əqidədən dönənlər oldu,

Şam kimi incəlib sönənlər oldu…
Hərə bir tərəfə çəkilib gedən,

Abır-həyasına bükülüb gedən

Əqidədaşlarım - məsləkdaşlarım!

Doğma divarından sökülüb qalan,

Dalda quzeylərdə əkilib qalan

Salam ağaclarım, salam daşlarım!

Salam a vətənsiz vətəndaşlarım,

Biz lazım olmadıq, bu Vətən üçün.


SUAL

Akademik hörmətli

İbrahim Quliyev üçün
1940-cı illər. Bolşevik qəzəbinə düçar olmuş Səid

həkim Sibirdə sürgün həyatı keçirir.

Adəti üzrə bu gün də köhnə radiosunu qurdalayır, lap

uzaq ellərdən muğamat konsertini tutur.

Muğam səsləndikcə Səid həkim kövrəlir, ağlayır.

Yenə oğlu 5 yaşlı balaca İbrahim atasının üstünə atılır:

-Ata! Niyə ağlayırsan? Heç olmasa bu dəfə de, bu

radio nə deyir, niyə ağlayırsan, niyə? Niyə?

Səid həkim, uşağın bu sualından yaman

qorxurdu…
– Belə sual vermə, bala

Cavabım yox bu suala,

İndi başqa məqamdayam;

Bu məqamı nə biləsən,

Hardan gəlir bu səs, səda,

necə deyim,

Sən muğamı nə biləsən.

Zəminxarə haray salır,

Sinəm yanır yerbəyerdən –

Yox, yanında ağlamaram,

Ah çəkərəm, kəpənəyim,

Qanadların yanar birdən.

O gün nədi, bu gün nədi

1

nə biləsən,

Necə deyim sürgün nədi,

nə biləsən,

Sibir dərdi tamam başqa

biçimdədir.

Üsyanlarım, əzablarım içimdədir;

Yox, yanında ağlamaram,

Gözüm nuru, başım tacı,

Bu, göz yaşım deyil axı,

Bu, Sibirin şaxtasıdır

Kipriyimdə buza dönüb

Buz əriyir damcı-damcı.

Bu, göz yaşım deyil, bala,

Gilə-gilə

Köz üstünə düşən yağdı,

Yağ içində su cızdağdı,

Sən cızdağı nə biləsən.

Damğalanan ömrümüzdə

Qara dağı nə biləsən…

Dayan görüm! Gözüm nuru,

Məni görmə, o yana bax –

Gör nələrdən verir soraq,

Bu Humayun!

Sən eşitmə, sən dinləmə,

Belə dərdə çatmaz boyun.

Zülmə düçar olmuşların,

Könlünə dərd dolmuşların,

Sındırılmış insanların -

Yarpaqları solmuşların

Fəryadıdır bu haraylar -

Heç bilmərsən kimi tapar,

kimi haylar…
2

Yox, sənə yox, öz-özümlə

Ürəyimdə danışıram.

Neçin belə olsun axı…

Gül vaxtımız solsun axı?..

Allahımız bizə də xoş

xəbər yazdı,

Alnımıza günəş yazdı,

Xəzər yazdı,

Şirvan yazdı,

Bir ilahi məkan yazdı.

Alnımızın yazısını

Pozanların cəzasını

kim verəcək?!..

Kim gətirdi bu qəzanı

Başımıza?

Qəddarların qəzasını,

Qansızların qisasını

kim verəcək?!..

biz günahsız insanları

çevirdilər güllələnmiş

boz hədəfə;

Axı mən də möhdət alıb

Yaşamağa haqq gəlmişəm

Bu dünyaya bircə dəfə -

De, bəs mənim taleyimi,

Baxtımı kim qaytaracaq?!

"Sibirdə, Maqadandayam…

… Bayır şaxta,

Yorğan-döşək olub taxta,

Vay-vay, mənim acı taleyim"!

Sən bu məhbus mahnısını -

Bu harayı, bu hüzünü

nə biləsən

Sən taleyin

Tərs üzünü, dərd üzünü

nə biləsən.

Mən bir quzey ağacıyam,

Təbiətin sərt üzünü

nə biləsən…


3

Biz də ağaclar kimiyik,

Görürsənmi

Bu qırılmış ormanları…

Axıdırlar, sürüdürlər

Çay yuxarı insanları,

Çay aşağı şalbanları.

Bir-birini

Sıxa-sıxa, yıxa-yıxa

Daşdan-daşa, sudan-suya

Bir-birinin

Qabığını soya-soya

Axıdırlar

Çay aşağı şalbanları,

Çay yuxarı insanları.

Biz də ağaclar kimiyik;

Baltalanan, rəndələnən,

Budaq-budaq sındırılan

Üryan qalmış ağaclarıq…

Vaqonlarda, "barak"larda,

Ayaqlarda,

Zülümlərdə, ölümlərdə,

Sürüdüblər, axıdıblar

Çay yuxarı insanları

Çay aşağı şalbanları.

Yox, sənə yox, danışmıram.

Sən cavanı, sən qocanı

nə biləsən.

Sürgünlərdə çıxan canı

nə biləsən.


4

Gözüm nuru,

Bu dəfə də görmə məni –

Eh, nə deyim bəs sənə mən;

Bir yandan da bu "Heyratı"

boğur məni,

Lap çıxarır hövsələdən -

A "Heyratım", çıxma zilə,

O zirvəyə qalxma belə.

Hara, hara səsləyirsən,

O zirvəyə yolum yoxdu.

Cəsarətim mənim deyil,

Qılınc vuran qolum yoxdu.

O zirvədən düş aşağa,

A "Heyratım", düş aşağa!

Sən Allah, ağlatma məni,

Mən nə deyim bu uşağa?!

Qanımı qaynatma görüm,

Ruhumu oynatma görüm,

Düş aşağa,

A "Heyratım", düş aşağa

Sən Allah, ağlatma məni,

Mən nə deyim bu uşağa?!

Sibir dərdi, sürgün dərdi

Tamam başqa biçimdədir.

Üsyanlarım içimdədir

Cismimlə can arasında

Səsim yoxdu, dilim qalıb

Çəkic-zindan arasında

İxtiyara rəvacım yox,

Həkim Səid, nə yanarsan,

1   ...   10   11   12   13   14   15   16   17   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə