Musa yaqub payiza baxiram şeirlər (seçmələr) Bakı “Araz”-2010




Yüklə 2.55 Mb.
səhifə12/18
tarix23.02.2016
ölçüsü2.55 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   ...   18

NECƏ BİLDİN
Tanıdınmı, qaranquşum,

tanıdınmı? -

O ölçüdü, o çəkidi,

Atan tikib, anan qurub,

Hə, bu yuva səninkidi.
Yollar uzun

Dolay-dolay, buruq-buruq,

Necə gəlib çıxdın bura

Qayçıquyruq?

Qayçıladın yollarını,

Tamam yerdən göyə kimi.

Yer üzündə, göy üzündə

Görünməz bir zərrə kimi

Bu yuvanı, bu eyvanı,

Bu ünvanı,

Necə gəlib tapa bildin?

Bizi doğma oba bildin.

Bir dəryada damcısını

Tapa bilmək cəhdi kimi,

Doğmasına qanad açan

Vəfalılar əhdi kimi

Necə duydun, necə bildin,

Necə gəldin?


İnsan olan

Ay unudur, il unudur,

Torpaq satır, el unudur,

Doğmasından dönüb gedir,

Doğmasına dönmür daha,

Özgələşir ömür daha…

Sən dünyanın o başında,

Doğmalığa gələn yollar

Necə qalıb yaddaşında?

Əhsən olsun quş fəhminə,

Quş cəhdinə, quş əhdinə.

Raketlərdən

Qanadımız olsa belə

Biz hələ bu məhəbbətə

Çatmamışıq,

Leyləklərin saxladığı,

Sədaqətə çatmamışıq.

Qayçıquyruq elə bil ki,

Həmin vaxtdır, həmin zaman,

Elə həmin telə qonub

Oxuyardı, atan, anan

Bax beləcə sizin kimi.

Tapdıqları yemləri də,

Bir-birinə ötürərdi.

Xəlvətləyib həmin arxdan,

Bir dimdik su götürərdi.

Alıb sizə yetirərdi,

Bax beləcə sizin kimi.


Göydə qanad izi qalmaz,

Bu izləri nə bilmisiz?

Min eyvanı qoyub gəlib,

Bəs bizləri nə bilmisiz?..

Balaların üz-üzədir,

Yuvaları bel-belədi.

"Gələn qonaq, qonan qaçar"

Ah, bu dünya

Nə qəribə silsiləsidir!

Bir tərəfdə

Topxanalı qala dünya,

Bir tərəfdə

Yuva dünya, ana dünya,

Bala dünya…

Eh, mən də ki, bir az kövrək,

Bir az incik, bir az təkdim;

Mən də dönüb gedəcəkdim,

Bu dəfə də.


Saxladı bu yuva məni.

Quş fəhmində dərsi aldım,

Bağlanıb bu əhdə qaldım;

Təzələndi qan yaddaşım -

Var ol səni,

Qayçıquyruq qaranquşum,

Yaşa səni

Mənim leylək vətəndaşım!..



Avqust 2002

Buynuz
PAYIZ İŞIĞI

(Qızım Yaqut üçün)
Yanımda bir uca pipağacım var,

Hər payız başında qızıl tacım var,

O qızıl tac üstə payız işığı,

Bir-bir yarpaqlarla düşər aşağı,

Tökülür ağacın ayaqlarına,

Qığılcım yayılır qıraqlarına,

Çevrilir torpağın çıraqlarına.
Tam başqa duyğudur, tamam başqa hiss,

Çılpaq bir daş üstə qızıllanan mis,

Mamırlı daşlarda istisi qalmaz,

Düşüb arx suyuna üşüyüb bir az –

Uzanır arx boyu qızıl qurşağı,

O payız işığı, payız işığı…


Tamam başqa hissdir, tam başqa duyğu,

Bir yamac belində şirin bir uyğu,

Qarışıb xəzana ölə də bilir,

Adam şair olar, ya haqq aşığı,

Düşsə bağçasına payız işığı.

Bir solğun gül üstə zər saçaqlanır,

Bir yaşıl yarpaqda tül yaraşığı,

O payız işığı, payız işığı.


Tamam başqa cürdür, tamam başqa cür,

Payızdır günəşin saçı tökülür –

Çəltik sünbülüdür başı aşağı,

Yellənir zəmidə payız işığı.

Yellənə-yellənə sellənib gedir,

Hər sünbül üstündə tellənib gedir.

Ay allah, işıq da qərib olarmış,

Gəlib gözlərinə bulud dolarmış.

Duman toranlığı, çən qarışığı,

Qərib bir dumanın qanadlarında,

Uçub, uçub gedir payız işığı.
Cavanlıq odunda saraltı kimi,

Qalıb şehotundan parıltı kimi,

Bəlkə də sevginin son dadı kimi,

Payız işığıdı mənim də üzüm,

Titrəyir şehotu, şeylənir gözüm.

Bu payız işığı göynətdi məni,

Öz sarı simində söylətdi məni.

26-27 sentyabr 2002

Buynuz
SƏHRA YANĞISI
Ömrüm səhra yanğısı,

Yox əkində, biçində.

Qum yandırıb Məcnunu,

Qalıb külün içində.


Öz eşqimi aradım,

Nə tapdım, nə yarıdım,

Gül üstündə qanadım,

Bir kəpənək gücündə.


Ah, bu dövran, bu dövran -

Keçmək olmur yanından,

Girib dəyirmanından,

Çıxdım başqa biçimdə.


Gecə uzun, gün yasaq,

Hava duman, yol uzaq.

Mən bir asi yalquzaq.

Qurd ulayır içimdə.



Dekabr 2002.

Bakı-Buynuz.
BUYNUZA QAR YAĞIR
Nəhəng ağ xəyaldır Babadağ baxır,

Buynuza qar yağır

Kef içindəyəm.

Bağlı cığırlarda izim darıxır,

Məxfi sənəd kimi seyf içindəyəm.
Ayazı, şaxtası heç sona yetmir,

Buynuza qar yağır,

Könlümə həm də –

Soyuq tənhalıqla heç yola getmir,

Gizli bir gizilti gəzir sinəmdə.
Buynuza qar yağır uyutsun məni,

Yəni dost unudan bivəfalardan

Yağır ki, biryolluq soyutsun məni…
Bu qar Məclis günü yağdı deyəsən,

Buynuza qar yağır gümüşü dən-dən;

Hanı Rüstəmxanlı keçsin körpüdən

Mən burda uyduğum uyğuya uysun,

Gəlib şərik çıxsın ağrı-acıma.

Orda üzlər görmüş üzləri qoysun

Baxsın dağdağana – qar ağacıma…
Buynuza qar yağır,

bir qar dumanı…

Ay Abbas, bu arxda çimməyin hanı?..

Qar basıb, buz tutub arxımı daha.

O sular qaynadı, daşdı da getdi,

Arx suyu fırlatmır çarxımı daha.

Daha Çanalıda kirşəm sürüşməz.

Göyrüş budağıyla əlim görüşməz.


Bu gün Qabilin də səhv düşsün yeri,

Buynuza qar yağır,

qoy dönsün bəri -

Böyürtkən kolları o görən deyil,

Şimal ayısıdır durub elə bil,

Çalalar, çuxurlar hamarlanıbdır,

Quşlar bir dən üçün qubarlanıbdır

Dimdiyi açılmır dinə sərçələr.

Təpilir eyvana, hinə sərçələr.

Quşlar sarayını qar tutub bütün,

Hər ağac dibində eşənək üçün

Tamam əldən gedir qaratoyuqlar.


Buynuza qar yağır

tər birəm-birəm,

Mən əzab soyudub, dərd əridirəm.

Bu da başqa cürə yazıdı bəlkə;

Bir oğul dağı var elə göydə də

Mehriban Vəzirin yasıdı bəlkə.

Vaqif Bayatılı, göylər aşiqi,

Göylərdən sirr dolu bir aləm yağır,

Bu yağan ruhdumu, yoxsa qəm yağır?..

Varmı göylərdə də ölən, doğulan,

Eh, dünya sirrini harda saxlamır?..

Ramiz,


göy üzünə daş atan oğlan,

Göy üzü daş nədi, qar da saxlamır.


Ürəyim nigaran, ruhumda təlaş,

Buynza qar yağır,

Mətləb Misirin

Çadır komasına yağmayaydı kaş…

Qoy hələ danışsın mahir tribun,

Daş yağır başına kasıb-kusubun…

Mənim də qar basmış kötüyüm hazır,

Üstündə tərtəmiz örtüyüm hazır -

Uzansın süfrəmə dostların əli;

Ortada şah kimi araq şüşəsi -

Düzün dövrəsinə "Yeddi Gözəli"-

İstədim badəylə könlümü açım,

Sahib Təbrizidən aldım sorağı -

Düyün islananda açılmır axı…


Açılmaz düyünüm bir kələfdəyəm,

Buynuza qar yağır,

yaman kefdəyəm -

Barmek tələsməsin,

var, işığım var,

Hələ işlətməyə qar işığım var.

Buynuza qar yağır,

hey aram-aram -

Mən varam… varam… varam…

10 dekabr 2002

Buynuz
SALAM, DAĞDAĞANIM
A qada qaytaran, a göz qaytaran,

Bəd nəzər öldürüb, hikkə yatıran

Salam, dağdağanım,

sən nə haldasan?

Yəqin həmişəlik bir zavaldasan -

Bəd nəzər altında qalanım, salam,

Hər gözdən bir zədə alanım, salam!

Lap daha əriyib qurtarmısan ki…

Yanında bər-bəzək, bağça, bağın yox.

O qədər əyri göz qaytarmısan ki,

Üstündə bir dənə düz budağın yox.

İnsan özü qaçır öz nəzərindən,

Bir əldə təsbehsən, bir əldə çəlik

Qəbələ RLS-nin boz zəhərindən

Bütün yarpaqların xal dəlik-dəlik.

Gövdən çapıq-çapıq, qabığın çat-çat,

Aman bu insanlar,

Aman bu həyat!..

Göydən sənə baxır yad planetli,

Yerdə bıçaq gözlü, doğma sifətli

Bu qədər şüalar toru içində

Dağdağan neyləsin, ağac neyləsin?..

Böyüyür dünyanın kini, qisası,

Siyasət hiyləsi böyüdü bir də

Avtomat mişarı, işlək baltası,

Polad rəndəsində zor olan yerdə

Dağdağan neyləsin, ağac neyləsin?..

Necə etsin dərdə əlac, neyləsin?..

Qaytar qadasını qədirbilməzin,

Dur zərbi önündə bicin, nakəsin,

Hə, ona yaxşılıq, buna yaxşılıq,

Vay bu xeyirxahlıq, belə xoşqılıq

Gör səni nə günə salıb ağacım!

Vallah, daş olsaydın muma dönərdin,

Qranit olsaydın quma dönərdin

Yenə ağacsan ki, dözüb durmusan…

Özün bilə-bilə qəddini əydin

Qada qaytarmağı,

Kin yatırmağı,

Bu boyda əzabı, bu boyda zoru

Gərək heç boynuna götürməyəydin.

Ağrıdır ağacım,

Vallah ağrıdır -

Bu qədər tamahlar, günahlar ilə,

Bu qədər şər, şeytan, ilanlar ilə

Bu qədər yamanlar, yalanlar ilə

Bacarmaq çətindir, vallah, çətindir.

Özünü bu qədər yandırma, yaxma.

Elə alışarsan qalmaz əlacın!

Sən suya, torpağa, havaya baxma

İnsan başqa şeydi, qədir ağacım.

Özün bilə-bilə qəddini əydin,

Bu boyda əzabı, bu boyda zoru

Gərək heç boynuna götürməyəydin.



Aprel 2003

Buynuz-Bakı
KÖHNƏ BAĞLAR
Budaqların çılpaq ömrü

Ağac ömrü, torpaq ömrü,

Bir elatın ortaq ömrü –

El yaddaşı köhnə bağlar.


Ölənlərə rəhmət dedi,

Kimlər əkdi, kimlər yedi.

Kötük-kötük sızlar indi

Addımbaşı köhnə bağlar.


Yarpaqları duyğu-duyğu,

Yuxuda o şirin uyğu.

Qaqqıldamaz bağ toyuğu,

Soltanquşu köhnə bağlar.


O ucalar, o bütövlər,

Növü itmiş nöbənövlər,

Ocağımda son kösövlər,

Ocaq daşı köhnə bağlar.


Gülüstanı soldu neynək?..

Öldür məni yaşıl köynək,

Bağrım başı göynək-göynək,

Gözüm yaşı köhnə bağlar.



İyun-iyul 2003

Buynuz
YANDIRIR MƏNİ
Qara kölgəsidir bütün bəşərin,

Adı üstündədir fitnə-fəsadın,

Adı üstündədir şeytanın, şərin –

Şeytan barmağında fırlanğıc olan

Fırfıra adamlar, qıra adamlar.

Bu calaq adamlar yandırır məni.

Bu alaq adamlar, yalaq adamlar

Bu salaq adamlar yandırır məni.


Sən Allah, ona bax. Baş əyə-əyə,

Ölür baş sarayda tülkülənməyə;

Ölür satılmaqdan, satmaqdan ötrü,

Lap dovşan, lap tülkü libasında da

Ölür bir mənsəbə çatmaqdan ötrü,

Bu dovşan adamlar, yovşan adamlar,

Bu beli büküklər, üzü dönüklər,

Bu ağzı köpüklər yandırır məni.

Cəhənnəm əhliyçin ocaq püfləyən

Bu qarnı körüklər yandırır məni.


Kimdi o sızlayan, kimdir o ölən,

Evdə urvalığı, xərcliyi yoxdur.

Nağılda şahı da aldada bilən

Millətdə bir keçəl bicliyi yoxdur.

Ona bax, gör necə cumur hay-küyə –

Süfrə artığına, tör-töküntüyə,

Yox, belə ruzudan kişi göyərməz

Bu yetim ruzular yandırır məni.

Əldəki bir çəngə otun dalınca

Yüyrüşən quzular yandırır məni.

Bəs elin qartalı hayanda qalıb,

Bu qarğa-quzğunlar yandırır məni.


Elin balasıdır əslinə baxsan,

Gedib insan olur azad buraxsan.

Şərin buyruğunda quyruğu dönən

Zorbala qoçular yandırır məni.

Gedib Məkkə görüb, Mədinə görüb

Gəlib müşrüklərə qulluqçu duran

Şeytantük hacılar yandırır məni.
İftira nə qədər, yalan nə qədər -

Yalana gedənlər bundan da betər.

Bəlkə ağıl yatır, düşüncə yatır,

Ağ yalan deyənlər, ağ kəfən satır,

Millər boynundakı kəfəni görmür -

Bu karlar, bu korlar yandırır məni.

Qırmızı yalandan söz əzbərləyən

Bu robot motorlar yandırır məni.


Nə varsa aşındı, nə varsa getdi.

Sürünüb, bürünüb palaza getdi,

İnsanlıq dediyin, vicdan dediyin

Rüşvətin əlində güdaza getdi;

Bu kimlər, o kimlər yandırır məni,

İqtidar torunda ağlayan, gülən,

Ədalətdən başqa hər şeyi bilən

Bu işbaz hakimlər yandırır məni.


Gör zülüm nə gündə, əzab nə gündə? –

Üstəlik bu zülmə təriflər deyən

Qələm nə gündədir, kitab nə gündə?..

Özüyçün ad alıb, şan qazanmağa,

Nə yaman öyrəşdi əl uzanmağa –

Mirzə Cəlilçilər,

Vay Sabirçilər!

Bir kürsü önündə necə kiçilər?!

Haray ay adamlar, haray kişilər,

Loxmalar, boğmalar yandırır məni.

Elin dar günündə qeyrət umduğum.

Adları doğmalar yandırır məni.

Ancaq öz dərdinə dərman eyləyən

Bu özəl loğmalar yandırır məni.



İyul 2003

Buynuz
DAĞDAĞAN DAŞ İÇİNDƏ
Çöldə o tək qarağac

Bir sümük, bir dəridi.

Yolum hiylə quyusu

Namərd körpüləridi,

Gəndəlaş boy göstərir.

Bənövşələr büzüşüb

Alaş-ulaş içində.

Göz qaytaran ağacım

Dağdağan daş içində.
Heç qurtara bilmədik

Şeytanın qırasından.

İlan kimi sopsoyuq

Görünməz bir iz keçir

Adamlar arasından.

Mənki belə deyildim.

Dostlar üçün mehr idim,

Dodaqlarda şeir idim

Bəs mən niyə qəribəm

Bu dost, yoldaş içində?

Bəd gözlərə nişangah

Dağdağan daş içində.


Aldadılmış millətim

Hələ zülmə dözümdə,

Səbirdə təriflənir.

Ən qədirli dirimiz

Qəbirdə təriflənir.

İnsanlıq mehr istəyir,

Əyri tərəzimizdə

Bazar al-ver istəyir.

Mənafe oynunda

Ömür savaş içində

Mismarlanıb qayaya

Dağdağan daş içində.


A yaşıl budaqlarım,

Söykənməyin gücümə.

Bir kovğüş ağac kimi

Od vurulub içimə.

Qapqara bir bacadan

Tüstüm dirənib göyə,

Hirsim dirənib göyə,

Hirsim soyusun deyə.

Gözlərim haqq yolunda

Könlüm təlaş içində.

Göydən ildırım yağır

Dağdağan daş içində.


Yandı, yandı Qarabağ,

Sinəm oldu qara dağ.

O tayda hayımız yox,

Bu tayda hayımız yox.

Min şadlıq sarayımız

Bir sevinc payımız yox.

Toyda çəpik çalıram

Gözlərim yaş içində;

Damar-damar qıvrılır,

Dağdağan daş içində.



Oktyabr-noyabr 2003

Buynuz-Bakı
AYRILIQLAR MONOLOQU
- Kağızın, qələmin necədi, şair? –

Palıd ağacından məktub almışam,

Çinar ağacından məktub almışam;

Suallar içində çaşıb qalmışam;-

- Meşələrdə budaq budağa çatmır,

Bəs sizdə qoşalar, təklər necədi?

Bizdə kök qalmayıb, budaq qalmayıb,

Bəs sizdə budaqlar, köklər necədi?

Qapıdan qapıya ərklər necədi?

Nə qalıb qırğından, hədədən özgə,

Mişardan, baltadan, rəndədən özgə,

Yolunuz?..

- Qalmayıb ayrı yolumuz,

Çiçəkdən-çiçəyə arı yolumuz,

Ağacdan-ağaca quş yolumuz yox.

Gədikdən-gədiyə maral yolumuz,

Qayadan-qayaya daş yolumuz yox;

Bütün cığırları kəsib tökmüşük,

Bir yana çıxmağa baş yolumuz yox.

Ölkədən-ölkəyə pul yolumuz var,

Yoxdu şeir yolu, mehr yolumuz.

Əvvəl durna səfi duyğu yoludu,

İndi ov yolumuz, xeyir yolumuz.
* * *
Biz əvvəl həsrəti necə bilmişik –

Kimi səsləyirsən gəlmir haraya.

Araz həsrətini keçə bilmişik,

İndi başqa Araz düşüb araya –

Axır küçə-küçə kənd arasından,

YAP-laşan, çəpləşən fərd arasından…


Axır evarası, süfrəarası

Axır kefarası, məclisarası,

Uçub Xudafərin, qalıb yarısı –

Başqa ayrılıqlar düşüb araya,

Nə o tay, nə bu tay gəlir haraya.
Haça paralanıb, əkiz ayrılıb,

Əl-əldən üzülüb, təmiz ayrılıb.

Keçib doğanaqdan kəndir yonulub.

Bəlkə görüşməkdən əllər yorulub,

Bir xoş söz deməyə dillər yorulub…
* * *
Sən ey Zaman ana,

Hökmran ata,

Sənlə üz-üzüyəm, üz mənim deyil,

Əlimdən alınan çəpik vurğusu,

Dilimdən aldığın söz mənim deyil.

Mən başqa adamam, mən başqa adam,

Bir torpaq altında boğulan qəzəb,

Bir bulud içində alışqan adam,

Məni sürükləmə şərin dalınca,

Başını itirmiş, a başqan adam.

Sən başqa adamsan, mən başqa adam.

* * *
Olsa cəmiyyətdə özgə ehtişam,

O lap Firona da olacaq qənim.

Mən zülmün kötəyi çoxdan olmuşam,

Mən arı pətəyi ola bilmədim.

Mənəmmi zülmlə barışqan adam?..

Mən başqa adamam, mən başqa adam.
Bir də xəzan olub, arxa dolaydım,

Torpağım, sən gərək mənim olaydın -

Mən də arı adam, qarışqa adam…

Başqa ayrılıqlar düşdü araya,

Sən özgə durumda, mən başqa adam.
Bəlkə qeyrət yatıb, bəlkə ar yatıb,

Kim gəlir, kim gedir, kimin rolunda?

Kişilər papaqsız Həcc yolundadır,

Qadınlar ləçəksiz Dubay yolunda…


* * *
İtirdim torpağı, daşın yerini…

Hələ indi bildim türk şairini –

"Mən qürbətdə deyiləm

Qürbət benim içimdə", –

Başqa ayrılıqlar düşdü araya,

Öz doğma kəndimdə qürbətdəyəm mən.

Sifət göstərən yox, ayna bulaq yox,

Baxıb görüm hansı sifətdəyəm mən…

Sınıb dəyirmanım, qırılıb pərim,

Rəndədən çıxmışam yoxdu xəbərim,

Çırpılıb çiçəyə tökülüb zərim…

Kimdir öyrəncəkli alışqan adam?..

Mən başqa adamam, mən başqa adam.
* * *
Xəbər alım, ya da xəbər aldırım,

Dayan, qələmimi yerdən qaldırım,

Görüm o ağaclar bizimkidirmi?

O qızılı taclar bizimkidimi..


Deyir evləri var xana-xanadır,

Görüm yan-yanalar bizimkidimi,

Yox görükxanalar mənimki deyil,

Dəmirçixanalar, gömrükxanalar?

Yurdda boş xanalar bizimkidimi…
Bir tağ ətəyində məktub almışam,

Bir görüm çiçəklər nə yazır mənə.

Arı pətəyindən məktub almışam

Görüm o pətəklər nə yazır mənə.

Görüm Daş diliylə, torpaq diliylə

Duyğumu ayılda biləcəyəmmi?

Özümə qayıda biləcəyəmmi?
ÇÖRƏK PULU
Məmləkətə neylədisə

Məmurlara

Müftə gələn qul eylədi,

Dolanışın üzü döndü,

Bu milləti qul eylədi

çörək pulu.


Eldən gələn, çöldən gələn

Bəla olsa dözmək olar;

Var-dövləti qamarlanmış

Bir millətin

Dərd yoludur çörək pulu.

Həyatın çox sərt yoludur,

Arvad-uşaq qabağında

Ataların xəcil yolu,

Pərt yoludur çörək pulu.
İnsanlığı üzdən salıb

Şeir nədir, sənət nədir,

Məsləki də, qeyrəti də

Gözdən salıb çörək pulu.


Çinar boylu cavana bax –

Bel əyilib, dil əyilib

Dərdi-səri çörək pulu.

İçimizdən yedi bizi

Diri-diri çörək pulu.
Harın məmur, qarın məmur!

Hünərin var

Bekar əlin ver işini!..

Məmləkətdə

Namərd edib çox kişini

çörək pulu.


Biz Xəzərdən nə almışıq? -

Dərya dolu su yiyəsi

Atan yansın!

Bu dəryadan millətinə

Vermərsənmi bircə qaşıq

çörək pulu?..

Minnət qoyub muzduruna

Kəfən verən ağ yiyəsi,

Mülk yiyəsi, bağ yiyəsi,

Atan yansın!

Uralanmış bağ, bostanın

Yaddan çıxan son giləsi çörək pulu…

Bu torpağın bizə qalan

Qəpik-quruş kirayəsi

çörək pulu.
Neyləsin ki, yetim-yesir,

Bu cəlladlar ruzi kəsir,

Çörəyindən çörək kəsir,

Bu nakəslər, başkəsənlər

arasında

Çörək pulu qazan görüm!

Tərki- Vətən olub da gəz,

Bez canından usan görüm.


İlan dişi arasından,

Namərdlərin qırasından,

Tərdən çıxır, dən-dən çıxır

Gözdən axan yaşdan çıxır

çörək pulu.

Damar-damar qol gücünə

Daşdan çıxır çörək pulu.
İşıldaquş kimi soyuq,

Soyuq ümid, soyuq oddur,-

Daş altından çıxan otdur, -

Arğın-yorğun çörək pulu,

Boz səhrada yel ağzına

Düşən yulğun çörək pulu.


Kim qurdu

bu çörək pulu tələsini? -

Əllər pərsəng işi gördü,

Pərsəng əydi tərəzini,

Gəldi haram çörək pulu.

Yonur çəki daşını da

Qram-qram çörək pulu.
Yaşamaq yox, sürünməkdi,

Hərdən durub

Ayaq üstə görünməkdi

çörək pulu.

Dözümlü el,

Döz bu dərdin əzabına

dolan görüm.

Qaxınca bax,

Qazanca bax -

Borcdan çıxan

Çörək pulu hesabına

Dolan görüm!..



Avqust 2004, Bakı
UZUN GECƏLƏR GƏLİR
Uzun gecələr gəlir

Tənhalar üçün ağır.

Yaxınlar necə uzaq,

Doğmalar necə fağır.


Uzun gecələr gəlir

Gözdən yuxu qaçıb dostlar kimi

Dindirməyə bir könül,

Taylar içrə tayın yox.

Bütün oyunlar bitib,

Baş qatmağa oyun yox.

Dünyanın zəhri varsa,

İçmişik qurtarmışıq.

Bütün aldanışları

Keçmişik, qurtarmışıq.


Uzun gecələr gəlir –

Atlas olsun, ya ipək,

Daş kimi yorğan-döşək

Söykən daş balışlara…

Yazığım gəldi birdən

Qazıq oyma daşlara…

Fikirlər oyur könlümü

oyum-oyum

Daha bənövşəm yox

Dərib sinəmə qoyum.


Uzun gecələr gəlir…

Yuxudur çəkilir ərşi-əlayə,

Bu nə mahnıdı belə

Yayılıb səmayə?

- qaytar məni, qaytar məni!

Mən pəriyəm; mən mələyəm,

Göylər üzü dartar məni!

dartar məni!

Qaytar məni, qaytar məni -

Gördüyüm qırmızı yuxudu bəlkə,

Fələyin fırlanan çarxıdı bəlkə…
Uzun gecələr gəlir,

Ağacların əli çılpaq,

Tutmağa həvəsim yox.

Ovcumu isitməyə

Əvvəlki nəfəsim yox.
Uzun gecələr gəlir,

Xatirələr işarır orda, burda -

İşıldaquş kimi

Somsoyuq bir şey

Yarı həsrət, yarı giley.

Xoş bir xatirə tutmaq -

Qaranlıqda qara pişik

Tutmaq qədər çətin…

Hardasa işıq düşür

Süzülür bu qara sətin;

Kiminsə yanır çırağı,

Uzaq işığın istisi yox,

Yaxın qaranlığın dayağı…
Uzun gecələr gəlir,

Ölməmişik nə əcəb?!

Zəmanəylə sözüm çəp,

Dövrana qarşı asi.

Bezdim bu asilikdən

Gözümün yaşı asi,

Gündüz qısa, səbirsiz

Ömrümün yaşı Asi,

Bezdim bu asilikdən -

Ölçüsü, biçisi yox,

Nə çıxar bu namərd

dövranə qazilikdən?!


Uzun gecələr gəlir,

Ümidimi uçururam sabaha

alatoran havada.

Ümidin də həvəsi yox uçmağa

Bir yarasa qanadında

qayıdıb


Mürgüləyir yuvada.

Suyu çəkilmiş ağaclar beləcə

mürgüləyir.

Daha keçə bilmədiyim cığırı

Hörümçək hörgüləyir.
Uzun gecələr gəlir,

Odu ha göründü, göründü!

Necə xoşdu, Allahım,

Ağ buludlar kimi

Uzun gecələrdən süzülüb

Dan yerini ağartdı ahım!

Tutdu əlimdən, sabahım,

Qalxım bu üzün gecələrdən?!



Oktyabr 2005

Buynuz
ZƏRİFLİYİN YERİŞİ
Bir dərənin boğazıyla,

Bir yamacın yaxasıyla,

Bir cığırın qırağıyla

Öz bənövşə ayağıyla

Çıxıb bənövşələr gəlir.

Köhnə xəzəldən sürüşüb

Kol dibinə düşüb gəlir

Aman Allah yerişə bax,

Ləçəyində gülüşə bax!

Bir körpənin

Barmağının ucu boyda

Yarpağının qırağında

Cilvələnən gülüşə bax!

Bu günəşin

Bənövşəyi şüasıdır

Bu torpağın

Boynubükük həyasıdır

Bəlkə də bu yerin göyə

Pıçıltılı duasıdır

çıxıb gəlir

Xumar-xumar baxıb gəlir,

Çıxın-çıxın pişvazına

Təmizləyin əlinizi

Şirinlədin dilinizi

Gözünüzdən qəzəb silin.

Beyninizdən əsəb silin

Sözünüzü şeir eləyin

Gözəlliyə, zərifliyə

Könlümüzdə yer eləyin

Çıxın-çıxın pişvazına

Çıxıb bənövşələr gəlir

Baharımız sinəsinə

Taxıb bənövşələr gəlir

Buynuz-Bakı

13 mart, 2006
* * *
Dünyanın zəmisi heç imiş demə,

Dəryanın gəmisi köç imiş demə,

Heçimi, köçümü indi bilmişəm,

İndi bilməyim də gec imiş demə.



1994
1   ...   8   9   10   11   12   13   14   15   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə