Musa yaqub payiza baxiram şeirlər (seçmələr) Bakı “Araz”-2010




Yüklə 2.55 Mb.
səhifə11/18
tarix23.02.2016
ölçüsü2.55 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   18

BUYNUZA QAR YAĞIR

***
Yaman çətin imiş hiylə döyüşü,

Sarayın badalaq oyunu kimi.

Alnım döyənəkdir, rəngim gümüşü

Boyunduruq döyən kəl boynu kimi.

Noyabr 2000

Buynuz - Bakı
NİDA
Nə düşüb qalmışam bu quru yerdə?!

Qeybdən gəldimi bu qəfil nida?

Ürəyim çırpınıb darıxdı birdən

Düşüb daş altına toxum darıxır,

Sanki içimdədir o tum darıxır…

Tökülür budağın boz pulcuqları,

Döyünür ovcumda tumurcuqları,

Könlümdə bir həsrət düyünü sızlar,

Həmin o düyündən açılıb çıxır

Kolda bənövşələr, arxda yarpızlar.


Siz Allah, bir açın o pəncərəni,

Görün nə bitirib bu asfalt səki,

Alıb pəncərədən aparır məni

Bir səhər şehində yuyunan əkin.


Tamam möcüzədir yazın nəfəsi

Quru ağacın da üzü bəridir,

Yazağzı quşların ilkin nəğməsi

Baharın ilk sevgi nəğmələridir.

Həmin o nəğməyə qaçır ürəyim,

Həmin o sevgiyə uçur ürəyim.


Orda tənha bulud bir azad fikir

Ağ örpək altında yaşıl talalar.

Yəqin bir yuvanın quşu gecikir,

Soyuyur havada çil yumurtalar.

Ah, könlüm bir isti yuva istədi,

Nəfəsim bir təmiz hava istədi!

Orda dağ kəlləri qışdan yorulub

Qara quzeylərdə qar-qar içində

Bu yanda aranın kefi durulub

Çətənə çıtlayır qanqal içində –

Çiçəyin çırtladı…

ovcumda titrək

Şaftalı çiçəyi, badam çiçəyi -

Allahım, hayana aparım gedim,

Məndə bu darıxqan, məftun ürəyi?!

16 aprel 2000
NƏYİ BİZİMDİR
Qarabağ bizimdir, – deyib dəf çalan,

Yatan qılıncımı, intiqamımı,

Sən ey nifrətimi arxayın salan,

Axı Qarabağın nəyi bizimdir?..

Bağrımın başında qara dağ yatır,

Sinəmdə çarmıxa çəkilmiş çadır –

Daha Qarabağın nəyi bizimdir?
O boyda ölümü, itimi bizim,

Gəlimi düşmənin, gedimi bizim.

Çadırda doğulan yetimi bizim –

Axı Qarağın nəyi bizimdir?


Doğranıb ağacım, çapılıb qayam,

Daşaltıda deyil, daş altındayam,

İsa bulağı da qara yaşımdır,

Havaya sovrulan haqq savaşımdır,

Mən elə özüm də bir qəbristanam

O qara mərmərlər sinə daşımdır –

Daha Qarabağın nəyi bizimdir?
Yurdun söndürülmüş ocağı bizim,

Qaçqını, köçkünü, qaçağı bizim.

Düşmən acıq verir, acığı bizim

Daha Qarabağın nəyi bizimdir?


Natəvan bağında tut ağacında

Pöhrəsi doğranmış yumruq budağam,

Köküm Topxanada, özüm aranda

Ağacı qurumuş cadar torpağam,

Daha Qarabağın nəyi bizimdir?
Yəqin ki, dörd yanı bağça-bağ imiş,

Tale üzümüzə neçin ağ olub.

Bəlkə Qarabağ da Qaradağ imiş,

Gəlib yana-yana Qarabağ olub –

İndi Qarabağın nəyi bizimdir?
Hanı qeyrətimiz ay Vətən oğlu,

Düşmən hiyləsinə yetdi təzədən.

Sumbatın çiynində Babəkin qolu

Düşmənə muştuluq getdi təzədən

Daha Qarabağın nəyi bizimdir?
Sən ey andı yalan, sən ey dəf çalan,

Alıb qəzəbimi, intiqamımı,

Sən ey qılıncımı arxayın salan,

Daha Qarabağın nəyi bizimdir?



27 may 2000, Buynuz
İKİLİK
Ucundadır dilimin

Həqiqətin böyüyü.

Nə qoydular deyəlim,

Nə kəsdilər dilimi.

Əlibəy Hüseynzadə
Keçiddədir ayağım.

Keçid yolu bir addım.

Nə qoydular keçəlim.

Nə qoydular qayıdım.


Tüstülənər ocağım –

Könlümün dəmxanası.

Nə yağışdan sönəsi,

Nə küləkdən yanası.


Nə durmusan qara daş,

Ayrıcında yolumun?!

Nə yol tutmaq gücüm var,

Nə taqəti qolumun.


Haqqın əli uzalı,

Durum, tutum, tapışım –

Nə çəkdilər üzülüm,

Nə qoydular yapışım.


Ah, bu Vətən torpağı,

Alındı baş qalası –

Nə yolunda şəhidəm,

Nə qəhrəman balası.


Daş altında toxumum,

Yanır çölüm, içərim.

Nə sıxdılar çürüyüm,

Nə qoydular cücərim.


Məlikməmməd nağlıyam,

Bu quyunun dibimi?..

Nə çəkdilər quyudan,

Nə kəsdilər ipimi.



12 sentyabr 2000
HARDASINIZ, NECƏSİNİZ…

Yük əyilməsə, daş qəribliyə düşməz.

El sözündən
Yük yüklədik, tay tayladıq,

Tay tayına tay olmadı

tay əyildi.

Paylaşmada insaf itdi

pay əyildi.

O da vardı, bu da vardı,

Yük çəkməyə güc çatmadı,

Alıb bizi yük apardı.

Yüngül tayı tarazlayıb

Yük üstündə gedən daşlar,

Hara gəldi atılmışlar,

A qardaşlar, a yoldaşlar,

Vətəndaşlar, hardasınız?..

necəsiniz?!


O da getdi, bu da getdi

Əcəl aldı, yer gizlətdi.

Gah Sibirdə, bataqlıqda

Batan daşlar, itən daşlar,

Gah yağmurlu məkanlarda

Mamırlanıb bitən daşlar –

A qardaşlar, vətəndaşlar,

Hardasınız, necəsiniz?..


Yol var isə

İnsan gedib gələsidir –

Keçidlərin

Ağzı yüyən doqqazları

Tək gözlü bir tərəzidir.

Həmin taygöz tərəzidə

Enən daşlar, qalxan daşlar

Şələm ağır, saldım yerə;

Şələmi qaldırın görüm

A qardaşlar, a yoldaşlar,

Vətəndaşlar, hardasınız?..
Yük altında diz əyildi

Əyri baxdı göz əyildi…

Yalan çıxdı söz əyildi…

Hələ paylar yeyilməkdə,

Hələ taylar əyilməkdə.

Çox yükləri tarazlayıb

Pərən-pərən düşən daşlar

Qürbət eldə karxanada

Əhənglənib bişən daşlar –

"Pəncərədən daş gəlir"i

unutmayın.

"Xumar gözdən yaş gəlir"i

unutmayın –

Xumar gözdən axsın yaşlar,

A qardaşlar, a yoldaşlar,

Qürbət eldə necəsiniz?..

Başqa səsdə, başqa sözdə,

Başqa dildə necəsiniz?..

Qərib daşlar…

Qərib daşlar…



Oktyabr 2000
ÖMRÜMÜN DAVAMI
Keçdi qaranlığım büllur şüşədən,

Nə yaxşı, qurtardım bu əndişəndən -

Saqqız ağacından qopub qurtardım,

Şərin çaparından çapıb qurtardım,

Axır ki, özümü tapıb qurtardım.
Burda bənövşənin göz açdığı yer,

Üstündə arının üz açdığı yer,

Çubuq bal saxlayır hörmə pətəkdə,

Kol bala qoruyur yuva bələkdə.

Dünyanın asudə xoş məqamında,

Qartal qayasının daş məqamında,

Həmin o daş altda bulaq məqamı,

Duru hisslərimin oyaq məqamı…


Ulu Babadağda iki göl-çıraq,

O mənim durnamdır göl məqamında.

Bir az gözdən uzaq, bəd gözdən uzaq

Meşə talasının gül məqamında

Dünyanın nə gözəl ovqatı varmış,

Tanrının nə ali sovqatı varmış.


Qızılgül tacında mən yuva quran

Məqamın bir mələk, bir həqq məqamı.

Lap ilkin dan üzü bərq vurub duran

Ağ bulud üstündə şəfəq məqamı.


Könlümü oxşadıb ovdura bilən

Daha burdan uca bir məqam yoxdur.

Məni bu cənnətdən qovdura bilən,

Tamah salacağım bir təam yoxdur.

Nə yaxşı, qurtardım şeytan əlindən,

Qurtardım o iblis vurhavurundan…

Günahkar gorundan, hiylə torundan…

Başıma cin-şeytan yığılmaz daha,

Nə yaxşı qurtardım bu məngənədən…

Yox, mən tərki-dünya deyiləm qəti,

Özümçün yaratdım mən bu cənnəti,

Vurur saçlarımı yel xırda-xırda

Burda yarı ağac, yarı bəndənəm.

Əkinim yolunda torpaq cığırda

Öz arzum dalınca gəlib-gedənəm

Belə ucalıqdır mənim məqamım

Keçir bu məqamdan ömür davamım.

Noyabr 2000,

Buynuz-Bakı
HARA GƏLDİ ÇIXDI…
Dünya ayaq-baş oldu

Baş hara gəldi çıxdı.

Bostanıma daş atdın,

Daş hara gəldi çıxdı.


Keçən ömür rəng idi,

Bir baxımlıq sərgidi

Ay gidi dünya, gidi,

Yaş hara gəldi çıxdı.


Baş açmadım ayımdan,

Gül dərmədim mayımdan,

Pay aldı yaz payımdan

Qış hara gəldi çıxdı.


Dəryam yoxdu, baş vuram,

Səbrim yoxdu, boş duram,

Qoyduğumu tapıram

Huş hara gəldi çıxdı.


Əyri əldə zor qalıb,

Haqq gözdə də tor qalıb,

Kül altında qor alıb,

Buş hara gəldi çıxdı.



Dekabr, 2000

Buynuz.
TƏRK
Biri cığal idi, biri çox fağır,

Kolxoz atlarıydı Ağyalla Kəhər.

Birinin yükləri həmişə ağır,

Birinin belində tək bircə nəfər.

Heç nəyi tərkinə almazdı heç vaxt,

Kimin gücü vardı Kəhəri əysin,

Qoymazdı heybə də tərkinə dəysin,

Qəfil atılsaydı tərkinə biri,

Kəhərin şıllağı göydən gələrdi.

Belində nə vardı vurardı yerə,

Durub yıxılana kənd də gülərdi.
Elə bil bu atın tərki yox idi,

Bu tərkə heç kəsin ərki yox idi.

Ağır yük altında yortması rahat,

Ağyalın belində, amma uzan yat.

Əllər uzanırdı alnına qədər,

Quyruğu üstündən yalına qədər

Minərdi belinə uşaq-muşaq da.

O bunun, bu onun torbası üstə,

Yük qalxıb enərdi ombası üstə.

Kim olsa tərkinə alardı Ağyal,

Kəhər sağrısını oynayıb gedər.

Tövşəyə-tövşəyə qalxıb dikləri,

A yazıq, a fağır, a yükü ağır,

Sən niyə bilmədin o biclikləri?!

Özüm qulaq asım bu at nağlına,

Bilmirəm heç hardan gəldi ağlıma

Eh, bu tərk söhbəti, bu yük söhbəti.

Kiminsə kimlərə bəlkə ərki var.

Mamırlı daşın da yəqin tərki var –

Hər şeydə bir tərk var,

İşə qalanda

Biri kəhər kimi vaxt ötürəndi.

Bir az bazar-güzar ağır olanda,

Məşının damı da tərk götürəndi.


Lap belə qocada, cavanda tərk var –

Tutanda bazarı, gələndə dəmi.

Qəbul otağında divanda tərk var,

Başçı kreslosu tərk götürərmi?...


Ağyaltək kim girər işin bərkinə,

Ya zoru, ya da bir xoşu olmasa.

Qazan nimçəsini alar tərkinə

Amma iki qoçun başı olmasa.


Yüyən tutanların min cürə fəndi,

Örkən çəkər bizi hayana qədər?..

Lap deyək bu millət tərk götürəndi,

Minilsinmi beli sınana qədər?..


Yenə məxluqatda minilən, minən -

Yerişi, gedişi dəyişib bir az;

Dünya o atların belidi eynən,

Həmən o palandır, həmən o yəhər-

Hələ yük altında tövşəyir Ağyal,

Hələ sağrısını oynadır Kəhər…

Kim qulaq asacaq bu at nağlına

Eh, bu tərk söhbəti, bu yük söhbəti,

Bilirəm heç hardan gəldi ağlıma…

Fevral 2002
SAXLAMIŞIQ

(Yuxuda tapdığım şer)
Qaçarı atları biz

Yollara saxlamışıq.

Uçarı durnamızı

Göllərə saxlamışıq.


Adamlar yıxhayıxda,

Sanımız çıxhaçıxda.

Ruhumuz alabaxta,

Çöllərə saxlamışıq.


Könlümün mahnısı döz,

Sussa da gecə-gündüz,

Qəfəsdə bülbülümüz

Güllərə saxlamışıq.


Allahdan paydı gələn,

Bu payı kimdi bölən?!

Bölgünü haqqı bilən,

Əllərə saxlamışıq.


Yapanlar yapdı düşdü,

Zəlilər qopdu düşdü,

Yumağa qanlı teşdi,

Sellərə saxlamışıq.



Mart-aprel 2001,

Bakı
BİZİMKİLƏR… BİZİMKİLƏR…
Birisinə yağlı tikə

Biri baxıb həsrət çəkə –

Bax belədi

Demokratik respublika



V.Mayakoviski
Bu torpağa sahib çıxan

Əmir vardı, qraf vardı;

Heç dilim də gəlmir deyim

Vallah, bir az

Özgələrdə insan vardı.

Yüz içində bir saf vardı.

Bu ortağın sahibindən

Bəlkə bir az utanardı –

On yeyəndə bir verərdi,

Bizlərə də yer verərdi –

Aman Allah!

Özümünkü, özümünkü

Qamarladı, malı, mülkü.

Bizimkilər. Bizimkilər –

Bu taxtı-tac – qamarladı.

Yola xərac – qamarladı,

Neftimə bac – qamarladı.

Yardım, əlac – qamarladı.

Öz elinə

Heç mindən də beş vermədi,

Ölkə bütün qaldı bekar,

Əlimizə iş vermədi.

Dəryaları dolu, hazır,

Yolu hazır, malı hazır,

Nə biçilər, nə tikilər –

El malıdır hazır olan

Bu hazıra nazir olan –

Bizimkilər, bizimkilər.


O özgələr

Ağacımı qorudu ki,

Özünün də barı olsun.

Dəryamızı qorudu ki.

Gələcəyə varı olsun –

Aman Allah.

Bizimkilər, bizimkilər.

Ağacı son yarpağacan,

Meşəni son kölgəyəcən

Süpürdülər, sümürdülər –

Bizimkilər, bizimkilər…
O özgələr

Hərdən-birdən əhd bağladı.

Muzduruna çörək verdi,

Canımızda can saxladı-

Ki, bizdə də taqət yığılıb

Onlar üçün nemət olsun;

Aman Allah, bizimkilər -

Ruzu kəsdi -

Suyu kəsdi, duzu kəsdi…

Biri yeyə, yüzü baxa

Bircə tikə ruzu üçün

Bütün millət əlbəyaxa…

Ölkə bütün rüşvətxana,

Bu xanada vurhavurlar

Aman Allah! Bu məmurlar

Ha tıxırlar, heç doymurlar -

Bizimkilər, bizimkilər…
O özgələr özlərinə

Tikib qurdu, burda qaldı.

Kanal vurdu, burda qaldı.

Aman Allah, bizimkilər -

Nə ölçülər, nə çəkilər -

Əllərində, bellərində.

Dişlərində apardılar;

Özgə-özgə xəzinədə

xəzinədar,

Burda milli talançılar,

Orda qərib kalançılar.

Öz malına gözətçilər,

Özdəriyçin özəlçilər,

Kod altında bu bankirlər -

Aman Allah!

Bizimkilər, bizimkilər…


Şah dövründən, xan dövründən

Küdurəti miras alan,

Millətindən qisas alan,

Əzdiyinə acıq verən,

Gülüşü də qıcıq verən

Taxta-taca hərisçilər

Mirasçılar, qisasçılar,

Varisçilər

Aman Allah!

Bizimkilər, bizimkilər…


Belim sındı kürsü altda,

Kürsülünün gürzü altda

Şeytan altda, gürzə altda

Ümid sındı çiling-çiling

İnam oldu çiling-çiling -

Var ol səni müstəqillik,

Sağ ol səni bizimkilər…

Damarda ağ qanlarımız,

A can yeyən canlarımız,

A doğma insanlarımız -

Milli başım, milli gürzüm,

Milli rejim, milli kürsüm,

Milli zülm, milli dözüm.

var ol səni!


Tayfa qardaş, mafiya qardaş,

Varis qardaş, miras qardaş,

Özüm yandım, öz içimdə

Heç gəlmədi xilas qardaş

Ay "Azadlıq" meydançamız

var ol səni!

Bu meydandan gedib dolan

zindanımız

var ol səni!

Gözdə duman, əldə çəlik,

Çəpik çalın, çəpik, çəpik,

Var ol səni Müstəqillik,

Yaşa səni Bizimkilər!..

İyun-iyul 2001

Buynuz
XARI BÜLBÜL
Qovulmuşum, sınmışım

Öz yurdunda yurd tapıb.

Sığnağa sığınmışım,

Çölümdə, çəmənimdə

Xoş gördük, xarı - bülbül!

Yarı gül, yarı bülbül.


Ay yanğılı can olan,

Nəsibi hicran olan,

Cıdır düzündə qopub

Şuşadanmı gəlmisən?

Belə yorğun qanadla

Bağrı qanmı gəlmisən?!

Bir şair ürəyiylə

Göyüm-göyüm göynəyim

Salam, sarı köynəyim!
Nədən sınırsan belə,

Nə çırpınırsan belə;

Heç dəmir qanadla da

Heç polad inadla da

Zülmin qara əlindən

Şərin hiylə dilindən

Qaçıb qurtarmaq olmur.

Bəs bir kövrək qanadla

Belə çiçək qanadla

Xardan qaçmaq olarmı,

Torlan uçmaq olarmı?..

Bu nə dərdli hekayət,

Bu nə canlı məhəbbət -

Qızıl gülün tikanı

Necə sancılıb qalıb;

Köksünə sancılan xar

Rişələnib sinədə

Gül tək açılıb qalıb.


Xarı özündən gözəl,

Özü xarından gözəl,

Rəqibi rəqibindən

Yarı yarından gözəl.

Cəmi-eşqdə fədakar,

Sən əhdə tərəzisən

Nə qədər bu dünyada

Sinəsi dağlılar var

Sən onların rəmzisən;

Bir oxu xarı bülbül,

Ləçəyində əlimin

Tumarı xarı - bülbül.


Sinədəki xar ilə

Uçmağa boylanmağın,

Hər bahar göy çəməni

Qucmağa boylanmağın…

Ah, bir sarı sim üstə

Nə söylədərsən məni?!

Nə göynədərsən məni -

İçimdəki əzabla,

Bu ədər iztirabla

Təzədən yaşamağa

Nə öyrədərsən məni?!..

Dərdlərim, hicranlarım

Gül qəmim, xarı bülbül.

Həm içimdə göyərən

Çəmənim, xarı bülbül

Ləçəyində əlimin

Tumarı, xarı bülbül!

Nə söylədərsən məni,

Nə göynədərsən məni?!

İyun-iyul 2001

Buynuz
BİR VİDA NƏĞMƏSİ, BİR PAYIZ SƏSİ
Dünən yumurtadan çıxan o quşlar,

İlk dəfə payıza baxan o quşlar

Boş qalıb soyuyan yuvalarına

Payızın mülayim havalarına

Bir vida nəğməsi oxuyurdular.

Budağdan-budağa atlanırdılar.

Atlana-atlana şadlanırdılar.
O quşçuğazların, o pərvazların

Səsləri havada qalxıb enirdi.

Üstündən keçdikcə yel narın-narın,

Yarpızlar diksinib arxda dinirdi.


Vələsin saralmış yarpağı təki

Onlar da ötürdü ahəstə sanki…

Sarıköynəklərin qızıl köynəyi

Cırılıb qalmışdı vələsdə sanki,

Onlar da ötürdü ahəstə sanki.
Hey qanad çırpdıqca o lüməkçələr,

Yerdən çör-çöpü də dikəldirdilər.

Boynu pırpızlaşan xoruz beçələr

Qəsdən özlərini yekəldirdilər;

Biri o tərəfdə xoruzlanırdı,

Biri bu tərəfdə fərələnirdi,

Anaları baxıb fərəhlənirdi…

Bala çaydaçapan lələyi sin-sin

Quyruğu su üstə küləklənirdi.

Təzəcə rəng alan alacəhrənin

Elə bil qanadı çiçəklənirdi.
Dünyanın qışından xəbərsiz olan,

Atılan daşından xəbərsiz olan,

Yırtıcı quşundan xəbərsiz olan

Həmin o pərvazlar, o quşcuğazlar

Boş qalıb soyuyan yuvalarına,

Payızın mülayim havalarına

Bir vida nəğməsi oxuyurdular.

Bir payız nəğməsi oxuyurdular.



Avqust 2001

Buynuz
QALMIŞAM
Birdən tənhalıqda könlüm darıxdı,

İsti bir əl üçün əlim darıxdı,

Kövrək bir söz üçün dilim darıxdı…

Çağırdım ağaclar gəlmədi haya,

Bu daşlar olmadı dərdimə ortaq.

Səsimi özümə qaytaran qaya,

Şəklimi özümə göstərən bulaq…

Bu güllə-çiçəklə yaşadım bəsdi,

Gördüm dar cığırda qurd tələsini,

Odun şələsini daşıdım, bəsdi

Qoy, gedim daşıyım qəm şələsini;

Bir görüm şələlər indi necədi,

Hiylələr, tələlər indi necədi.

Təbiət yanında xatirəm qalıb,

Cəmiyyət içində min cürə dərdim.

Böyrümü böyürtkan kolundan alıb

Əlimi namərdlər əlinə verdim;

Qoy görüm o əllər indi necədi,

Fitnələr, fellər indi necədi?

Görüm qabarları, yanıqlarıyla

Dilim dil tapırmı dilin içində.

Qoy görüm könlümün sınıqlarıyla

Yaşamaq olurmu elin içində.

Baxım o sevginin halı necədi,

Eşq odum qalıbmı elin içində?

Görmüşəm əksi var göyün tağında,

O daş qayaları hördüm deyən yox.

Leylək yuvaları göz qabağında

Qartal yuvasını gördüm deyən yox.

Leyləklər aşkarda öz qeyrətində,

Qartallar əvvəlki sədaqətində…

Könlümü doğmaya verdim, yadamı?

Yaşamaq qeyrəti indi necədi?

Bu aran adamı, bu dağ adamı,

Bəs insan xisləti indi necədi?

Cığır kəsik-kəsik, yol yamaq-yamaq,

Min bölüm izi var bu tam içində.

Meşədə düz ağac çətindi tapmaq

Düz adam qalıbmı adam içində?

Bəs təzə əyrilər indi necədi,

Mələklər, pərilər indi necədi?

O şöhrət bölümü, bu pay bölümü

O getdi, bu getdi, biri qalmadı,

Elə sındırırlar yalqız könlümü,

İnsana inanmaq yeri qalmadı.

Görüm o insanlar indi necədi,

"Adamlar", "anamlar" indi necədi?

Olum da, ölüm də haqqa bəllidir

Növbəyə yazıbdır yaradan bizi.

Əcəl dünyamızın qanlı əlidir.

Növbəsiz aparır sıradan bizi.

Sıralar, aralar indi necədi,

Ağrılar, yaralar indi necədi?

Əcələm göz ilə qaş arasında,

Bu yol ayrıcıdır, tapım, tapışım -

Qalmışam insanla daş arasında,

İnsandan yapışım, daşdan yapışım?..

Qalmışam ağacla, dost arasında,

Budaqdan yapışım, əldən

Yapışım?..



Buynuz-Bakı

Mart 2002
BİZİ YAŞADANLAR
Azadlıq aşiqi o pərvanələr

Namərdə əyilməz o mərdanələr

Onlar bizdən ötrü yananlar olub,

Özü olmayanın ruhu var olub.


O haqq, o ədalət əzabkeşləri…

Bəlkə silinərdik, yox da olardıq

Vətən doğmasaydı o kişiləri

Verib güllələrə sinələrini

Milləti qorumaq olub işləri.
O işıq daşıyan zümrüd qanadlar,

Vətən tarixini yaşadan adlar

Bizi də yaşadan o adlar idi,

Müşfiqlər, Cavidlər, Cavadlar idi…

Nəmli zirzəmilər küncündə yatan,

Amma üzü döməz, atəşi sönməz

Ah, o mərdanələr,

o pərvanələr

Canlarında qeyrət, dözüm olanlar,

Yaşatdı bizi də bizim olanlar.


O üzə durnalar, sifəti yoxlar

O üzü dönüklər bizim deyilmiş

Özgələrə vətən, bədən satanlar,

O boynu büküklər bizim deyilmiş.

Zümrələr, tayfalar, o tərifçilər

O bölük-bölüklər bizim deyilmiş.

Eli məhkum edib özü şah olan,

Təpədən dırnağa sırf günah olan,

O zatı çürüklər bizim deyilmiş -

Lap elə ən uca mərtəbələrdən

O çılçıraqlardan, dəbdəbələrdən

Eldə bircə qətrə işıq qalmadı

Zülmətdən, zillətdən, şərdən savayı

Çevrilib şeytana, cinə getdilər,

Qayıdıb gəldilər, yenə getdilər -

Getdilər çıxdılar cəhənnəmlərə…


Çox şöhrət çinləri düşdü çiyindən,

Tale haqq boğana olanda qənim.

Təcridxanaların nəfəsçiyindən

Nəfəs alanlarmış nəfəs verənim,

işıq verənim.
Gözümüzdə işıq, dilimizdə haqq,

Sözümüzdə bir az cürət qalıbsa.

Özümüzdə bir az qeyrət qalıbsa

Vallah o işıq da onlardan gəlir,

O təmiz ruhlardan qanlardan gəlir,

İndi o soyuqlar alsa üstümü;

Sibirdə Cavidin bir ocağı var

Mən ondan alıram hələ istimi…


Ey haqq tərəzisi, haqqı çək yetər,

Günahlar, savablar bilinsin barı

Fəxri Xiyabanda ruhlar fəxr edər

Bəs yada salan kim məhkum ruhları?

O işıq daşıyan zümrüd qanadlar,

Vətən qeyrətini yaşadan adlar…

Bizi də saxlayan o adlar olub,

Müşfüqlər, Cavidlər, Cavadlar olub.



May 2002

Buynuz - Bakı
AH, ÜRƏYİM!..
Ah, ürəyim, of ürəyim –

Çılğın bir az, yorğun bir az.

Saat kimi qurulmuşdun

Boşalıbdı qurğun bir az.

Azalıbdır vurğun bir az.

Sınıq şüşəm, mic bənövşəm,

Nə durmusan,

Yeri görüm!..


Alnı çapıq, simi qırıq,

Yanıq qardaş, sınıq qardaş,

Dünya görmüş qoca dərviş

Yeri görüm.


Olan-qalan yolun budu,

Yaxşı ürək dərmanıdır

Quş armudu -

Yox ağaca dırmanmağa

Gücün qalmaz

Budağına əlin yatmaz,

Köhnə yolla,

Korinfarla, Atenolla

Yeri görüm!
Keç qurğunun

O üzündən, bu üzündən;

Hələ mərdin körpüləri

Hazır deyil,

Dilini də şirin elə,

Keç bu namərd körpüsündən

Yeri görüm!
Dırnağını baş ağrıdır

Götürmüsən

Çək dağkəli buynuzunu

Əlbəttə ki, çox ağırdır,

Yeri görüm.
Bəli, yoxuş, bu da yoxuş

Çəliyini əlinə qoş

Bəs deyirdin

Eşq əzabı daşıyıram -

İndi nədi?..

A çiyni boş, qucağı boş

Yeri görüm!
Gedən gəlməz, gələn qalmaz

Gedən birdi, gələn birdi…

Qürub yaman naxışlanıb,

Nə bayramdı, nə tədbirdi?

Bulud üstü şirin yataq

Dünya görmüş qoca dərviş

Yeri görüm gedib çataq

Yeri görüm…



May-iyun 2002

Buynuz
1   ...   7   8   9   10   11   12   13   14   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə