Musa yaqub payiza baxiram şeirlər (seçmələr) Bakı “Araz”-2010




Yüklə 2.55 Mb.
səhifə1/18
tarix23.02.2016
ölçüsü2.55 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   18
MUSA YAQUB
PAYIZA BAXIRAM
Şeirlər

(seçmələr)

Bakı

Araz”-2010



Naşiri, redaktoru və tərtibçisi:

Əlirza SAYILOV
Musa Yaqub

Payıza baxıram

Bakı, “Araz” nəşriyyatı, 2010

Əziz oxucu, xalq şairi Musa Yaqubun şeirlərindən

ibarət olan bu kitab Sizlərə ərmağan edilir.

2010

050

4998569432

S

c “Araz”, 2010
Ön söz
ÜMMAN SAKİTLİYİ
Böyük şair Musa Yaqubun şeirlər kitabını çapa hazırlayanda

tərəddüd etmədik: baxmayaraq onun "Bu dünyanın qara daşı

göyərməz" adlı iri həcmli kitabı oxuculara çatdırılmışdı. Bəlkə də bu,

nəşrə əngəl törədə bilərdi.

Şeir yazmaq Allah vergisidir. Ona görə də onun ölçü-biçisini,

rəngini, havasını dəqiqləşdirən bir qüvvə - adam hələ ki,

tapılmamışdır. Nəzəriyyəsini açmaq bu deyil əsla. Poeziya

həqiqətən, çox çətin, zülm bir əhvalatdır. Əgər bu Allah

vergisidirsə, onda onun paklığını da Allah verən kimi qoruyub

saxlamağa borclusan. Poeziyanın ilahi qanı süni məqsədlər

yolunda axmamalıdır. Bu olmaz, xəyanətdir əslində… Poeziya

son dərəcə intim hadisədir - insanın özüylə kağız-qələm

arasında çox gizlin, məxfi ünsiyyətindən yaranan bir aləmdir.

Musa Yaqub ürəyi dolanda, əzabları və ülviyyəti içərisinə

çəkəndə şeirə hazır dayanır, əlbəttə, "şeir oyununa". Bu

"oyuna" necə baxacaq, şeir alınacaqmı? Zahirən məşğuliyyət

gözüylə baxmaq da olar, çün, alınmaya bilər. Hətta ən məşhur

şairlər demişlər ki, şeir mənim üçün ciddi məşğuliyyətdir.

Söhbət "ciddi" ədəbiyyatdan gedir. Şeir çox aldadıcıdır, olduqca

cazibədar bir şeydir. O, çox gözəl və zəhərli bir çiçəkdir. O

çiçəyi ovucların arasına alıb qoxulayırsan. Amma unudursan ki,

onun əlinə çıxan zəhəri səni öldürə bilər. Şeir belə bir

möcüzədir.

Qarağacların ömürləri başqa ağaclarda qısqanclıq doğurur,

axı, onlar çox həssasdılar, hətta birləşmək də istəmişlərsə

Qarağac meşəsində, baş tutmamışdır. Səbəbi?



Ola bilsin

Dünyadakı ağacların

Qarağaclar ən həssası,

Atomlarla bir dünyada

Müşkül olub yaşaması, -

buna dözmək olar, bəs "nə vaxtdır budaqları görməyibdir nə

bir yarpaq, nə bir çiçək", "çoxdan olub yarpaq dili ağacların",

deməli, "nəğməsi də o zamandan olub demək". Quşlar isə

vəfalıdır meşədəki ağaclara, onlar qırıq-qırıq budaqlarına gəlib-

gedirlər. Daha baş çəkməsinlər quşlar; gəlib yuvalarını

köçürsünlər…

Musa Yaqubun poeziyasında məzmun yükü fəal

humanizmlə müşayiət olunur, sosial-mənəvi sərvətə çevrilir. Bir

"Ah, insan…" şeirini qələmə alıb. Birbaşa Allaha müraciət yoxsa

da, şairin iltiması humanizm axtarışıdır, bəlkə də insanlığın

riyakarlıqdan xilası yalvarışıdır, qoy oxucu özü düşünsün:



Ürəyin ən uca məqamları var,

Bu qönçə məqamlar, incə məqamlar -

Duyğulu, uyğurlu, bir az qayğılı,

Belə nur məqamda, büllur məqamda

Bu dünya nə gözəl olur Allahım!

Əriyir nifrətim, ölür tamahım,

Gözümdə ən çopur daş da şifahi:

Bir çiçək, bir mələk, göy məqamında

Bu dünya nə gözəl olur, ilahi!

Pafos ziddiyyətlərsiz ötüşmür və zamanın dolaylarını

özündə əks etdirir; lirik, dramatik, tragik, komik və qəhrəmanlıq

tərzində, üslubunda meydana çıxır. Lakin bunları bir ümumi

pafos - romantik pafos birləşdirir. Poeziyada bu keyfiyyət

çatışmırsa, humanizmin, vətənpərvərliyin, əxlaqiliyin mənalılığı

və ifadəlili olmur. Misralar texniki-struktur ölçülərə cavab verir.

Musa Yaqub belə bir poetik meyarı gözləmişdir; çünki onun özü

vətəndaşdır, xəlqi düşüncəlidir, dar məhəlli psixologiyadan

uzaqdır. N.A. Dobrolyubov haqlıdır: "Biz xəlqiliyi məhəlli, təbiət

gözəlliyinin ifadəsi, xalq arasında işlənən sözlərdən istifadə

etmək, adətləri, qaydaları və sairəni düzgün göstərmək kimi

başa düşmürük. Əsil xalq şairi olmaq üçün daha artıq şey tələb

olunur: xalqın ruhunu başa düşmək, onun həyatı ilə yaşamaq,

onun səviyyəsində dayana bilmək, kitab təlimi, silki təsəvvür

qalıqlarını və sairəni kənara atmaq, xalqın sahibi olduğu sadə

hisslə bir şeyi duymağı bacarmaq lazımdır". Musa başdan-ayağa

xalqın istək və arzusunu, düşüncəsini, gələcəyə münasibətini

yaşamaqda olan şairdir.

Musa Yaqubun şeirlərində İnsan faktorunda "əbədi suallar"a

cavablar axtarmaq istəyir; insandakı ən böyük tələbatlar

azadlığın sərbəstliyinə, hüquqi bərabərliyin təminatına, klançılıq

psixologiyasının məhvinə və ilaxıra yönəlmişdir. Etikada deyildiyi

kimi: "Şübhəsiz "əbədi suallar" insanın öz mövcudluğunun

sonunu dərk etməsi ilə stimullaşır. Ehtiyacın və xəstəliyin

yaratdığı bədən əziyyətlərindən tutmuş təmiz vicdanın aldadılmış

etibarın və qarşılıqlı olmayan məhəbbətin əzablarına qədər

"cismani" və "ruhi" iztirablar da çox mürəkkəb suallar üzərində

düşüncələrin belə şəksiz səbəbləridir"… M.Yaqub "Sağlıqlar",

"Yarpaqların payız söhbəti", "Atam, anam", "Gör məni haraya

gətirdi bu yol", "Tənhalıq" və s. şeirlərində əxlaqi tələbatın qeyri-

insani atributu qeyri-aparıcı motivlərdir.

"Sağlıqlar"da adından göründüyü kimi: məclisdə saxta

təriflərin, insan xislətinə tələbatın bir atributu səslənir. Nədənsə

bu, bizim payımıza daha çox düşübdür. İnsan amili böyük

dəyərdir, amma bundan qədərincə istifadə edirikmi? Çox haqlı

olaraq nifrətini gizlətmir və bu "sağlıqları" "sür-sümük" kimi"

sükut quyusuna atır. Bir detal:



Mən də çox dinlədim

belə dostları,

Necə yarandılar, necə itdilər.

Ötən sağlıqlarçın yemək dostları

Mənə başsağlığı verib getdilər.

Musa Yaqub təbiətə hədsiz doğmadır, bu, güman ki,dünyaya

gəldiyi torpağının əsrarəngiz təbiətindən irəli gəlmişdir. Şairin

təbiətini daha da zənginləşdirmişdir. Adi müqayisə aparsaq,

Təbiətin özü məna çalarları daşıyır. İctimai-sosial şüurun bir

forması kimi incəsənət - poeziya da Təbiətin sirlərini duymaqda

yardımçı olur. Əgər şair təbiətinin predmetlərini "öyrənirsə" və

bunu poetik durum səviyyəsinə qaldırırsa… oxucu üçün çətinlik

qalmır.

Musa Yaqub cəmiyyətdə gedən proseslərin qara rəngini



görür, onu da duyur ki, bu rəngi ağ, qırmızı, yaşıl kimi qələmə

verirlər; əyrini düz sayırlar. Şair bunların "müəlliflərini" yaxşı

görür, tanıyır. Oxucu şairin yanan, sevən və ağlayan ürək

çırpıntısını sezir. "Haray" şeirində olduğu kimi:


Qayamdan bir daşım düşdü başıma,

Öz əlim zəhərmi qatdı aşıma -

Bu nə xəyanətdi çıxdı qarşıma?

Xislətim, qeyrətim, millətim haray!

Bu yolda çəkdiyim zillətim haray!

Qoy qolum kəsilsin, əlim görməsin,

Qoy ağzım qurusun, dilim görməsin,

Daha bu günümü elim görməsin,

Yurd-yuvam, ay evim-eşiyim haray!

Haray, laylam haray, beşiyim haray!
Musa Yaqub bir humanist, bilikli şair olaraq həyata, insan

taleyinə bəşərilik nöqtəsindən baxır, öz poetik fikrini,

düşüncələrini çatdırır və tale oyunlarına rəvac verənləri əxlaqa -

fəzilətə çağırır.



Allahverdi Eminov,

professor

Əlirza Sayılov

yazıçı-jurnalist


ÖMRÜN İLK

FƏSİLLƏRİ
* * *

Bəlkə də borcundan çıxmadım, Vətən,

Ömür bahar deyil bir də qayıtsın.

Ölsəm də, qoynunda qoy ölüm ki, mən

Çürüyüm, bir ovuc torpağın artsın!
* * *

Burda hər meşənin min cür ağacı,

Burda hər ağacın yamyaşıl tacı.

Burda hər tac üstə sarmaşıq saçı,

Hər saçın küləkdən darağı vardır.
Burda hər budağın şeyda bülbülü,

Burda hər bülbülün qönçə bir gülü,

Burda hər qönçənin yaşıl bir tülü,

Hər tülün xırdaca saçağı vardır.


Burda hər yamacın çiçəkdir daşı,

Burda çiçəklərin şehdir göz yaşı;

Burda şeh damlası bir üzük qaşı,

Hər qaşın qızılı qurşağı vardır.


Burda sərər düzə lalələr xalı,

Burda hər xalının qara bir xalı…

Hər xalda şirin bir şair xəyalı,

Burda hər xəyalın oylağı vardır.


Burda qayaların daşdır suvağı,

Burda hər daş üstə qartal caynağı,

Caynaqlı hər daşın bir buz bulağı,

Burda hər bulağın qonağı vardır,

Harda bu saydığım gözəllik olsa,

Orda Azərbaycan torpağı vardır.


LALƏ
Utancaq gəlin tək çəkinib əvvəl

Bürünər bir yaşıl duvağa lalə.

Yırtıb örpəyini baş qaldıranda,

Bənzər təbəssümlü dodağa lalə.


Yel əsib duvağı salar üzündən,

Görərsən xal qoyub yanağa lalə.

Yağışlar yuyanda ləçəklərini

Çəkər saçlarını darağa lalə.


Xoşlanar günəşin od nəfəsindən,

Verər sinəsini qabağa lalə.

Qərənfil, bənövşə solub gedəndə,

Bənzəyir bir qərib qonağa lalə.

Arılar yük olub qonar üstünə,

Gah sola əyilər, gah sağa lalə.


GÜLLƏ GƏZDİRƏN MARAL
Bir namərdin gülləsi

Ürəyimdən yan keçib,

Bədənimdə qalıbdır.

Odu məni alıbdır

Güllə zəhərdir, zəhər…

Qoy qanıma işləsin,

Qoy canıma işləsin,

Bir südümə dəyməsin,

Bala böyüdürəm mən.

Həyat eşqi gözümdə,

Qan ləkəsi izimdə.

Düşmənimi bəsləyib

Gəzdirirəm özümdə.

Mənim yüküm daş deyil,

Mənzilinə yetirim

Mənim yüküm duz deyil,

Su dəyəndə itirim.

Bir göz giləsi boyda

Bədəndəki qurğuşun

Dağdan ağır yük imiş.

Yükü güllə olanın

Dərdi nə böyük imiş!

Qoy yansın naşı ovçu

Tüfənginin ağzından

Gülləsini almışam,

Ölməmişəm, qalmışam…


TƏBİƏT YATIR
Çalalar, çuxurlar hamarlanıbdır

Quşlar bir dən üçün qubarlanıbdır

Qanadı altına salıb başını,

Sərçələr ötürür qarlı qışını.

Baxıram bu ağac nararmududur

İndi nararmudu qar armududur.

Bəs bu ağacdələn kimi oyadır,

Təbiət yatır.


Deyəsən bu yellər uzaqdan gəlir,

Bir gözəl dan üzü bulaqdan gəlir,

Köksünə sığmayır ürək sevinci,

Düşür saçlarına qar inci-inci.

Elə bil başına örtüb ağ cuna,

Bir topa qar sıxıb qoyur ovcuna

Sonra da əlində atıb oynadır,

Təbiət yatır.


Böyürtkən kolları sən görən deyil,

Şimal ayısıdır durub elə bil.

Tikanlar yırtanda ağ yorğanını,

Yenidən qar nənə gözləyir onu.

Dovşanlar kol-kosda ötürür qışı,

Dələnin otağı ağac koğuşu

Ayı mağarası yoxsul bir çadır…

Təbiət yatır.


Hələ ağaclara balta çalan var,

Bilir ki, izini gizlədəcək qar.

O, çıxıb evinə arxayın dönər,

Ağacın qar altda yarası göynər.

Bura meşəbəyi nə zaman gələr,

Bir də kötüklərə ilişsə bilər

Namərdlər meşəni hey vurub-çatır…

Təbiət yatır.


Görəsən ürəyim kimi soraqlar…

Əyilib yollara qarlı budaqlar.

Keçir yollarımız bir ağ tuneldən,

Sökülür bu tunel adicə yeldən.

Qardan papaq qoyur papaqlarımız,

Üşüyür maşında ayaqlarımız;

Adamlar mənzilə tələsir, çatır,

Təbiət yatır.


DAĞLARA DƏNİZ GƏLİB
Dağların arasında

Dəniz olub ağ duman.

Dağlara dəniz gəlib

Baxıram heyran-heyran.

Hər səmadan bir taya,

Hər buluddan bir əlçim,

Hər dəryadan bir içim

Yığılıb dəniz olub.

Dağların arasında

Sıxılıb dəniz olub.

Görünür yorğun düşüb,

Dərəyə lövbər salıb,

Bir az yatmaq istəyir.

Göyləri çox gəzibdir,

Qayalı dağ istəyir.

Dağlara dəniz gəlib

Sahili sıldırımlar.

Dincəlir bu dənizdə

Şimşəklər, ildırımlar;

Dağkəlilər yol azıb,

Cüyürlər çaşbaş qalıb.

Qağayının yerini

İndi də qartal alıb…

Səhər şəfəqlərilə

Yanır dənizin üstü.

Dəyir sahil daşına,

Doğranır əlçim-əlçim,

Burulur tüstü-tüstü.

Bəh, dağların gözündə

Bu nə şirin uyğudur,

Bu nə zərif duyğudur,

Bu nə gözəl xəyaldır!

Hələ külək əsməsin, -

Göyün bağrı sökülər;

Dəniz doluxsunmasın,

Suya dönüb tökülər.


PAYIZ DUYĞULARI
Payızın hökmüylə əsdi bir külək,

Bir yaşıl səltənət çovğuna düşdü.

Ağaclar bir yaş da qocaldı demək,

Bir yarpaq nəsli də qırğına düşdü.


Aldı verdiyini geriyə torpaq,

Qazancı nə oldu bağın-bağçanın.

Bir yarpaq boy atdı körpə bir uşaq,

Ömründən bir yarpaq düşdü qocanın.


Palıdlar tab etdi sükuta, yasa,

Gilas yarpaqları qızardı düşdü.

Hansı bəxtəvərin, növcavanınsa

Üzünə bir yarpaq qızartı düşdü.


Çox yarpaq tökümü görüb yerimiz,

Soraq tutmaq olmur cığırdan, izdən.

Torpaq altındakı əzizlərimiz

Yenə də bir yarpaq gen düşdü bizdən.


Bir yarpaq da düşdü Bəzz qalasına,

Divarlar bir yarpaq çökdü aşağı.

İgid Babəklərin, Koroğluların

Bir yarpaq uzaqdan gəldi sorağı.


Yarpaqlar, belədir zamanın hökmü,

Tökülün, əbədi ömrə tamarzı.

Tarixin yüz ilin yarpaq tökümü

Olacaq bir yarpaq yaddaş kağızı.


Payızın ağzından əsdikcə külək,

Bir yaşıl səltənət çovğuna düşdü.

Ağaclar bir yaş da qocaldı demək,

Bir yarpaq nəsli də qırğına düşdü.



Oktyabr, 1968
İSGƏNDƏR QUŞLARI
Al günəş qayaya çilər nur, tökər zər…

Baharda uçarlar bəxtəvər-bəxtəvər,

Bir kimsçə bilməz ki, ömr edir nə qədər,

Qartaldan asılı günləri, yaşları -

İsgəndər quşları.
Qanadlı quşlara dağ hamar, daş hamar…

Nə buğda zəmisi, nə müftə dəni var,

Nə əldən - ayaqdan minnətli dən umar

Ot ilə, qum ilə qarışar başları,

İsgəndər quşları.
Sərçələr ev quşu, bağ quşu olubdur,

Bu quşlar əzəldən dağ quşu olubdur.

Nəğməsi qayaya, dərəyə dolubdur,

Nəğməylə dindirər dağları, daşları

İsgəndər quşları.
Yuvası haradır - bir daşın çalası,

Uçqundan qırılsa bir yuva balası,

Bir onda düşərlər taledən narazı,

Yığışıb, çığrışıb tökər göz yaşları

İsgəndər quşları.
Hər bulaq suyundan içərlər bir gilə,

Hücumla girərlər qayanın bərkinə.

Dağkəli belinə qonarlar ərk ilə,

Yol azan kəkliklər olar tay-tuşları

İsgəndər quşları.
Bu dağlar, bu göylər… yorulmaz bir qanad…

Qayalar, dərələr romantik bir həyat…

Nədənsə fikrimi cəzb edər hər saat,

Uçurar könlümü yuxarı, yuxarı

İsgəndər quşları.

İyun, 1968
ÖMRÜMÜN BİR PARÇASI
Dedim: ov günlərimdən

Nə qalıb yaddaşımda;

Neçə-neçə mənzərə

Gəlib durdu qarşımda.

Bir gecə sakitliyi,

Bir səhər toranlığı,

Bir zirvə aydınlığı,

Bir dərə qaranlığı,

Qismətinə nə qədər

Su düşən, bulaq düşən

Qayaları yalayan

Bir çay qalıb yadımda.

Suyuna qonaq düşən

Bir ay qalıb yadımda.


O yerlərdə gəzməmiş

Yer qoymadım bir qarış.

Mən əlimi çaxmağa

Atmağa vaxt tapmamış,

Tüfəng kimi açılıb

Güllə kimi atılan

Bir dağkəli sürüsü

Qaçan qalıb yadımda.

Bir ovçu peşmanlığı,

Bir ov uğursuzluğu

Yaman qalıb yadımda.
Yolların dolaması,

İsgəndər quşlarının

Qum yeyib dolanması,

Bu havayı yeməklə

Bu quşların qartala

Havayı yem olması,

Daş altında gizlənən -

Qanadlı gözəllərin

Bəxti qalıb yadımda.

Qartalların zirvədən

Taxtı qalıb yadımda.
Sıldırımdan aşağı

Qorxa-qorxa baxmağım,

Bir qaya axarında

Daş seliylə axmağım,

Qarmalayıb bir daşı

Güclə yana çıxmağım

Sonra orda etdiyim

Tövbə qalıb yadımda.


Çiçəklərin, otların

Saralıb quruması…

Tənha bir bənövşənin

Soyuq daşa sığınıb

Ölümdən qorunması,

Ətəyində günlərlə

Ovçuları gözlədən,

Üstünün dumanıyla

Yollarını gizlədən

Qranitdən hörülmüş

Bir dağ qalıb yadımda.

Elə xatirə var ki,

Yatıb, bir də ayılmaz,

Elə xatirə var ki,

Oyaq qalıb yadımda.

1968
DAĞLAR
Aranda bürküdən yorğun bir quşdum,

Fikrin qanadında uçdumhauçdum.

Gəlib bir bulaqlı daşını qucdum,

Oldum torpağının qurbanı, dağlar!


Keçmə bu yerlərin şəlaləsindən,

Qayalar titrəşər qartal səsindən.

Polad əlləriylə göy qübbəsindən

Çəkər ağuşuna dumanı dağlar!


Oynayıb - kükrəyər sel ayağında,

Şimşəklər xal qoyub daş yanağında.

Deyirəm dünyada cavan çağında

Qocaltdın neçə min cavanı, dağlar!


Çəkib qoynunuza gətirin məni,

Alıb ölməzliyə yetirin məni.

Siz Allah, gözətçi götürün məni,

Olum bu güllərin bağbanı, dağlar!


Yüz il suyun olum, ulduzlar payım,

Yüz il qayan olum, torpaq çarpayım.

Yüz il daşın olum, təki yaşayım,

Olum zirvələrin soltanı, dağlar!


Musa, bu yerlərdən uzaq düşmə heç,

Təpə kölgəsində daldalanma, keç.

Arxa da seçəndə dağdan arxa seç,

Ram edər özünə dövranı dağlar!



İyun, 1967
ANA ÖMRÜ
Ana ömrü bir laylanın diliylə

Sənə yanmış, mənə yanmış bir ömür.

Ana ömrü körpəsinin əliylə

Yuxuları oğurlanmış bir ömür.


Ata ömrü davalarda itəndə,

Ana ömrü təklənən bir ömürdür.

İki ömrün cəfasını daşıyıb,

Həsrət ilə yüklənən bir ömürdür.


Ana ömrü balasının gözündən

Baxışıyla sevinc içən bir ömür.

Bəzi nankor övladların üzündən

Son günündə tənha köçən bir ömür.


Bir parçası mətbəxlərə tökülmüş,

Bir parçası bələklərə bükülmüş.

Bir parçası xatirələr dumanı…

Bir parçası ər ömrünün qurbanı.

Bir parçası oğul toylu-busatlı,

Bir parçası nəvə eşqli-qanadlı.

Bir parçası qızlarından nigaran…

Ağuşunda qəzəbləri uyudan,

Dünyamızda hərb odunu soyudan

Ömrümüzə səpələnmiş bir ömür.



Yanvar, 1967
MƏNİM KAİNATIM
Dünyaya gəlmədim hayla-harayla,

Bir sakit guşədə

bir döşdəyəm mən

gündüzlər günəşlə,

gecələr ayla,

Səhərlər quşlarla

görüşdəyəm mən.
Hər yerdə səma var –

günəşli, parlaq,

Hər yerdə torpaq var –

çeşməsi qədim.

Mənsə bu torpaqdan günəşə baxmaq,

Bu yerin suyundan içmək istədim.


Gözüm nə qədər ki, işlər uzağa

O düzlər,

dərələr görüş məskənim.

Budağım havaya,

köküm torpağa

İşləyən qədərdir ülfətim mənim.


Durduğum yerindir aldığım nəfəs,

Mənim ad-sanımı bu torpaq bilər.

Hələ ≪filan ağac≫ deməyib heç kəs,

≪Filan yerdə bitən ağac≫ deyiblər.

Hansı çiçəklər ki,

burda uyuyar,

O çay ki, yanımdan axır sübhədək,

O yer ki, nəğməmi

eşidib duyar -

mənim kainatım bunlardır, demək.


TORPAQ
Torpaq müqəddəsdir,

Torpaq müqəddəs,

Gərək yadımızdan çıxmasın bu dərs

O, ürək kimidir - satıla bilməz,

Vətəndi,

atadı,


anadı torpaq.
Odur ilk mayası yoxun, varın da,

Soyumaz nəfəsi qışın qarında.

Yerdən ulduzlara uçanların da

Ümidi torpaqdır, qanadı torpaq.


Gərək tər tökəsən hər qarışına,

O da ruzusunu tökə başına.

Quru kəsəyinə,

çopur daşına

Tum səpən deyər ki, canadı torpaq.
İndi ki, xamı da,

yorğunu da var,

O da bir canlıdır bizdən haqq umar.

Bitirər sünbülü iki şah damar:

Bir adı zəhmətdir, bir adı torpaq.
AŞIQSAYAĞI
Yarpaq olub torpağına tökülsəm,

Torpaq olub sellərinlə sökülsəm,

Sel-sel olub dəryalara tökülsəm,

Doymaz gözüm, doymaz yenə bu eldən.


Qaya kimi şimşəklərə dözümmü?

Şimşək olsam, az ömürdən bezimmi?...

Ömür keçib,

keçib əysə dizimi

Doymaz gözüm, doymaz yenə bu eldən.
Sahil olub dalğalarla ovulsam,

Dalğa olub küləklərlə qovulsam.

Külək olub səmalara sovrulsam,

Doymaz gözüm, doymaz yenə bu eldən.


Çeşmə kimi damcı-damcı süzülsəm,

Damcılanıb çiçəklərə düzülsəm,

Çiçək olub vaxtlı, vaxtsız üzülsəm,

Doymaz gözüm, doymaz yenə bu eldən.


İNSAN KÖMƏYİNƏ…
İnsan köməyinə ehtiyac duyub,

İşim çətinliyə düşəndə bəzən,

Aldığım,

verdiyim salama uyub

hər dostu sınamaq

istəmirəm mən.


Nə bilmək olur ki,

tanış-bilişdən

Gördüyüm bir quru söz olacaqsa,

Bəzi dostlarımın,

Sabir demişkən,

Astarı çevrilib üz olacaqsa,

Qalmaq istəyirəm öz minnətimdə;

Deyirəm


salamlı dostlarım haqda

Qalım o əvvəlki təsəvvürümdə,

Qalım o əvvəlki sədaqətimdə.
İxtiyar sahibi dostlar görmüşəm,

İstəsə yox edər hər çətinimi.

Amma stolları önündə hər dəm

Bitmək istəmirəm bir ağac kimi.

Bəlkə heç dediyim göyərməyəcək,

Kiminsə cavabı sərt olacaqsa,

Sözüm qalacaqsa

əldə, ayaqda,

Mənimçün bu da bir dərd olacaqsa,

Qoy qalsın bir yana ≪baxım≫, ≪görüm≫ də;

Stollu,

möhürlü dostlarım haqda



Qalım o əvvəlki təsəvvürümdə,

Qalım o əvvəlki sədaqətimdə.


Xoş gün elə özü

arxadır bizə,

Sevinci hər kəslə bölüşmək olar.

Biz həyat yolunda səfərdəyiksə,

Asfalt yolda belə işləmək olar.
Yıxılsam,

deyirəm qoy qalxım özüm,

Yaxşıya da dözüm,

pisə də dözüm.

Dar gündə adama

xoşsa da kömək,

Dostları zəhmətə salmaq nə gərək.

Dost var


görüşməkçün yaranıb əli,

O əldən tutmağı bacarmaz axı,

Onu xəcalətə salmaq nə gərək…

Qalmaq istəyirəm öz minnətimdə,

Bəlkə dözümləri yoxdur sınaqda;

Salamlı,


stollu dostlarım haqda

Qalım o əvvəlki təsəvvürümdə

Qalım o əvvəlki sədaqətimdə.

Dekabr, 1970
* * *

Bu dünyada sevinc də var,

dərd də var,

Hərəsi bir yana çəkər

könlümü.

Yaxşı ki, namərd yanında

mərd də var,

Biri söksə, biri tikər

könlümü.

Yanvar, 1971
NARAHAT DUYĞUDUR
Narahat duyğudur

daşar durmadan,

Döyəclər daşları çayların suyu.

Ürəyim,


çay kimi ya coş hər zaman,

Ya çaylaq daşıtək

buz olub soyu.

Ya gərək atasan sevinci, qəmi,

Səni də piy basa,

sükunət boğa,

Ya gərək söz üstə

kəhrəba kimi

Əriyib-əriyib

çıxasan yoxa.

Yanmırsa,

közün də kömürdür adı,

Nə torpağa şərik,

nə oda şərik.

Şair ürəyi ki, məşəl olmadı,

Nə o tərəflikdir,

nə bu tərəflik.

Yanvar, 1971
TƏKƏRLƏR ÜSTÜNDƏ BİR EV İSTƏRƏM
Paxıl qonşulardan qaçıb uzağa,

Yaxşı adamların qonşuluğunda

məskən salmağa

Təkərlər üstündə bir ev istərəm.

Demirəm mən nəşə,

ya kef istərəm;

Bir az yaylaqların sakitliyində

Bir az şəhərlərin hay-harayında

ömür sürməyə

Təkərlər üstündə bir ev istərəm.


Bəzən pəncərəmdə nərildəsin Kür,

Gah Araz boyunda görüm evimi.

Harda ki, yolçular yorğun düşübdür,

Həmin yollar ilə sürüm evimi.


Evimə qiybətlə gələn bir nəfər,

Geciksin


qatara gecikən kimi.

Elə sürüm gedim

bəd fikirlilər

tapa bilməsinlər ev-eşiyimi.


Xeyirlə açılan bir al səhərin,

Şehli ağuşuna axım evimlə.

Mənim görüşümə tələsənlərin,

Durub pişvazına çıxım evimlə.

Evdən,

ailədən qaçan ər üstə



Töküm öz kinimi, öz acığımı.

Mən çıxım səfərə təkərlər üstə,

Özümlə aparım od-ocağımı.
Evimdən yadigar,

məndən yadigar

Yəqin bir gül rəngli cığır da qalar;

Sevinclə, gülüşlə dolu bir cığır.

Gedib yaxşılığın üstünə çıxan

Bir ev - ailənin yolu - bir cığır.



Aprel, 1970
  1   2   3   4   5   6   7   8   9   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə