MÜNDƏRİcat xülasə




Yüklə 0.68 Mb.
səhifə3/9
tarix27.02.2016
ölçüsü0.68 Mb.
1   2   3   4   5   6   7   8   9

Saxlandığı yer: 13 saylı Cəzaçəkmə Müəssisəsi.

İş üzrə qısa arayış: “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi” İctimai Birliyinin (SMDT) sədri olan Anar Məmmədli yerli və beynəlxalq ictimaiyyət arasında tanınan hüquq müdafiəçisi, seçkilər və siyasi azadlıqlar üzrə ekspertdir. SMDT işi üzrə açılmış cinayət işinin nəticəsində cənab Məmmədli bir sıra beynəlxalq tədbirlərə, xüsusən 2013-cü ilin noyabrında Vilnüsda keçirilmiş Avropa Birliyi Şərq Tərəfdaşlığı Sammitinə qatıla bilməyib.

Cənab Məmmədli oktyabrın sonlarından (cinayət işinin açıldığı vaxtdan) mütəmadi olaraq istintaqa çağırılıb və ifadə vermək üçün hər dəfə istintaqa gedib, bununla belə dekabrın 16-da növbəti dindirilmədən sonra cənab Məmmədli İstintaq İdarəsi tərəfindən saxlanılıb və elə həmin gün Nəsimi rayon Məhkəməsi cənab Məmmədli barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. 2014-cü il martın 6-da Nəsimi rayon Məhkəməsi istintaq orqanının vəsatətini təmin edərək cənab Məmmədli barəsində seçilmiş həbs qətimkan tədbirinin vaxtını 2014-cü il iyunun 16-dək artırıb. Martın 19-da isə cənab Məmmədliyə qarşı iki yeni ittiham – mənimsəmə və ya israf etmə və vəzifə saxtakarlığı irəli sürülüb.

Cənab Məmmədlinin həbsindən dərhal sonra Amnesty İnternational təşkilatı onu vicdan məhbusu kimi tanıyıb13, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri cənab Məmmədlinin həbsi ilə bağlı narahatçılıqlarını ifadə ediblər və onun azad edilməsinin zəruriliyini vurğulayıblar14.

Cənab Məmmədli Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2014-cü il tarixli hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir.

Cənab Məmmədli və onun vəkilləri ona qarşı irəli sürülən ittihamları rədd edərək bunun siyasi xarakterli olduğunu bildiriblər.





  1. Rüstəmov Əliabbas Fəxrəddin oğlu


Saxlanma tarixi: 28 iyun 2014-cü il

İttiham: CM-nin 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi

Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)

İş üzrə qısa arayış: Əliabbas Rüstəmov “Yasavul” hüquq şirkətinin rəhbəri və tanınmış vəkildir. Həbsindən əvvəl cənab Rüstəmov hakimiyyətin açıq tənqidçilərindən biri kimi çıxış edib. Facebook profilində ardıcıl olaraq ölkədəki problemlərlə bağlı sərt tənqidlər söyləyib və tənqidi yazıları paylaşıb. Əliabbas Rüstəmov Azərbaycanda 2013-cü ildə keçirilən prezident seçkilərində müxalif blok olan Milli Şuranın namizədi Cəmil Həsənlini dəstəkləyib və onun mitinqlərində iştirak edib. Seçkidən sonra da Milli Şuranın keçirdiyi tədbirlərə, ictimai dinləmə və marafonlara qatılıb.
Əliabbas Rüstəmov həbsindən öncə vicdan məhbusu Anar Məmmədlinin (SMDT rəhbəri) vergi ittihamı ilə bağlı məhkəmə prosesində onun nümayəndəsi olmaq üçün müraciət edib. Xatırladaq ki, o, bu sahə üzrə çox məşhur vəkil sayılır, lakin inzibati yollarla onun Anar Məmmədlinin müdafiəsində iştirak etməsinə əngəl yaradılıb. Həbsxanada olan Anar Məmmədli Əliabbas Rüstəmovun nümayəndə olmasına razılıq imzasını notariusun iştirakı ilə təsdiq etməli idi, lakin saxlanıldığı təcridxananın rəhbərliyi ona bu şəraiti yaratmayıb.
17 mart 2014-cü ildə isə Əliabbasov Rüstəmov prezident İlham Əliyevə ölkə ictimaiyyətinin diqqətini özünə çəkən çox sərt məzmunlu müraciət ünvanlayıb. Müraciət ilk öncə açıq məktub kimi “Azadlıq” qəzetində dərc edilib, sonradan digər KİV-lərdə və sosial mediada yayılaraq böyük rezonans yaradıb 15
Dövlət başçısına “ətrafınızda olan yüksək rütbəli şəxslərin faktiki olaraq quldurluq fəaliyyəti barədə dolğun məlumat” sözləri ilə başlayan həmin müraciətdə 100 milyonlarla məbləğdə büdcə vəsaitinin oğurlanması barədə faktlar sadalanır. Bu məktubdan sonra Əliabbas Rüstəmovun həbs ediləcəyi deyilirdi və 28 iyun 2014-cü ildə, bu, doğrudan da baş verdi. Əliabbas Rüstəmov həbs olunan gün yalnız “Azadlıq” qəzetinin müxbiri ilə danışmağa macal tapıb. “Saxlanılan gün Əliabbas Rüstəmov mənə zəng elədi və rüşvət almaqda ittiham olunduğunu dedi. O özünün saxlanılmasını sifarişli və prezidentə müraciətlə bağlı olduğunu düşünür” - Azadlıq qəzetinin müxbiri Vidadi Məmmədov həmin gün BBC Azərbaycancaya vəkilin sözlərini çatdırıb.16

“Vəkilin öz müştərisindən necə rüşvət ala bilər və bunu necə iddia etmək olar?!” deyə yerli mətbuat Əliabbas Rüstəmova qarşı irəli sürülən rəsmi ittihamı “absurd” adlandırıb. Əliabbas Rüstəmovun həbsi tənqidi mövqeyi, müxalif mövqeli insanları müdafiə etməsi və dövlət başçısına sərt açıq məktub yazması ilə bağlıdır.
6 noyabr 2015-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsində Əliabbas Rüstəmovun cinayət işi üzrə məhkəmə başa çatıb. Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Əliabbas Rüstəmov 7 il müddətinə azadlıqdan məhrum edilib.


  1. Cəfərov Rəsul Ağahüseyn oğlu


Saxlanma tarixi: 2 avqust 2014-cü il 




İttiham: Cinayət Məcəlləsinin 192.2.2-ci(qanunsuz sahibkarlıq külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.1-ci Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə ağır  nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə)

Saxlandığı yer: 10 saylı Cəzaçəkmə Müəssisəsi 

İş üzrə qısa arayış:  17 avqust 1984-cü ildə Bakı șəhərində anadan olub. Hüquqşünas ixtisası üzrə bakalavr və magistr təhsili alıb. 2007-ci ildən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda (RATİ) hüquqșünas kimi fəaliyyətə bașlayıb. 2009-cu ilin avqustundan Televiziya və Alternativ Media İnkișaf Mərkəzi İctimai Birliyinin sədri olub. REAL birliyinin İdarə heyətinin üzvüdür.
 2010-cu ildə İnsan Haqları Klubunun təsisçilərindən olub və hüquq müdafiəsi ilə məşğul olan bu ictimai təşkilata rəhbərlik edib. Həbs olunarkən Rəsul Cəfərov Hüquqi Müdafiə və Maarifləndirmə Cəmiyyətinə rəhbərlik edirdi.  Gənc fəalların və siyasi məhbusların hüquqlarının ardıcıl müdafiəsi ilə məşğul olan  Rəsul Cəfərov bir çox kampaniyaların koordinatorlarından olub.  2012-ci ildə Bakıda keçirilən «Eurovision» mahnı yarışması ərəfəsində keçirilən «Sing for Democracy» kampaniyası (bu kampaniya beynəlxalq mükafata da layiq görülüb) da ölkədə insan haqlarının durumunun yaxşılaşdırmağa yönəlmişdi və beynəlxalq miqyasda maraq yaradan bu kampaniya hakimiyyət tərəfindən qəzəblə qarşılanmışdı. Rəsul Cəfərov həmin kampaniyanın təşkilatçılarından biri idi və sonradan onu “Art for Democracy” adı ilə davam etdirirdi. Onun “Art for Democracy” çərçivəsində təşkil etdiyi tədbirlərə qadağa qoyulmuşdu. Bakıdakı xarici mehmanxanalar da hakimiyyətin təzyiqi ilə bu tədbirlərə verdiyi yerdən sonradan imtina etmişdilər.  Rəsul Cəfərov eyni zamanda 2012-ci ildə Azərbaycanda keçirilən BMT-nin İnternet İdarəçiliyi Forumu ərəfəsində Azərbaycanda internet azadlığının real durumunu beynəlxalq diqqətə çatdırmaq üçün başladılan “Onlayn İfadə Təşəbbüsü” kampaniyasının koordinatoru olub və hazırlanmış geniş hesabatın müəlliflərindən biridir.
Rəsul Cəfərov son illərdə Azərbaycanda insan haqlarının ağır durumu ilə bağlı beynəlxalq miqyasda ən fəal iş aparan hüquq müdafiəçilərindən biri idi. Sərt tənqidləri və hesabatları ilə beynəlxalq təşkilatların tribunalarından çıxış edirdi. Azərbaycanda siyasi məhbus problemi ilə çox ciddi şəkildə məşğul olmağa başlayan Cəfərov siyasi məhbusların dolğun və əsaslı siyahısını tərtib etməyə başlamışdı.   24 iyun 2014-cü ildə Rəsul Cəfərov siyasi məhbus siyahısını AŞ PA-nın sessiyasında təqdim etdi. Bundan sonra isə Cəfərov ondan bir neçə gün öncə həbs həbs edilən tanınmış hüquq müdafiəçisi Leyla Yunusla birlikdə siyasi məhbusların vahid siyahını tərtib etməyə başlamışdılar. Bu işdə prinsipal mövqedə duran hüquq müdafiəçiləri və təşkilatlar da iştirak edirdi. Bu sahədə vahid siyahının və mövqeyin olması ona görə lazım idi ki, hakimiyyət beynəlxalq ictimaiyyəti çaşdıra bilməsin və özünə yaxın hüquq müdafiəçiləri vasitəsi ilə siyasi məhbus problemini arxa plana keçirə bilməsin. Bu siyahı AŞ PA-nın yeni təyin etdiyi "Azərbaycanda insan haqları" üzrə məruzəçi Pedro Agramunta təqdim ediləcəkdi. Vahid siyahı üzrə razılıq əldə olunduğundan bir neçə gün sonra Leyla Yunus, ardınca isə Rəsul Cəfərov həbs edildi. Həbsindən öncə ona qarşı hər hansı ittiham irəli sürülmədiyi halda qanunsuz olaraq ona ölkədən çıxmaq qadağan edilmişdi, bank hesablarına həbs qoyulmuşdu.

Rəsul Cəfərov ona qarşı sürülən ittihamları qəbul etmir və hüquq müdafiə fəaliyyətinə görə həbs edildiyini bildirir.

Cəfərovun həbsi əsassız və onun barəsində həbs qətimkan tədbir seçilməsi isə xüsusi qərəzlidir. Onun həbsi hakimiyyətə yönələn tənqidləri ilə, insan haqlarının ağır durumu ilə bağlı çıxışları ilə, xüsusən də siyasi məhbus problemini qaldırması və bu sahədə prinsipal mövqe sərgiləməsi ilə bağlıdır.
Beynəlxalq və yerli hüquq müdafiə təşkilatları Rəsul Cəfərovun həbsini siyasi sifarişli adlandırıblar. Beynəlxalq Amnesty İnternational təşkilatı onu vicdan məhbusu elan edib.

2015-ci ilin aprel ayının 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəsul Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
31 iyul 2015-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun sədrliyi ilə keçirilin prosesdə Rəsul Cəfərovla bağlı hökm qismən dəyişib, onun cəzası 3 ay azaldıb.


  1. Əliyev İntiqam Kamil oğlu

Saxlanma tarixi: 8 avqust 2014-cü il 

İttiham: Cinayət Məcəlləsinin 192.2.2-ci(qanunsuz sahibkarlıq külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.1-ci Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma), 308.2-ci 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə ağır  nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə)

Saxlandığı yer: 6 saylı Cəzaçəkmə Müəssisəsi 

İş üzrə qısa arayış: 

"Hüquq Maarifçiliyi Cəmiyyəti" ictimai birliyinin rəhbəri, tanınan hüquq müdafiəçisi İntiqam Kamil oğlu Əliyev 20 ilə yaxındır ki, vəkillik fəaliyyəti  və hüquq müdafiəçiliyi ilə məşğul olur. O,  hüquqşünas kimi Avropa İnsan Hüquqları Məhkəməsinə 300-dən çox şikayət ünvanlayıb. 23 işi uğurla başa vurub.  Yerli universitetlərdə mülki, mülki-prosessual, qeyri-kommersiya hüququ, insan hüquqlarının müdafiəsinin beynəlxalq mexanizmləri fənlərindən dərs deyib. Bir sıra beynəlxalq qurumların (ATƏT, Avropa Şurası, GTZ və s.) qanunvericilik və insan hüquqları məsələləri üzrə ekspertidir. 20-dən çox kitabın müəllifidir. 2013-cü  il  martın 4-də o, «People in Need» insan haqları təşkilatının mükafatına layiq görülüb. 

Əliyev özü, vəkilləri və hüquq müdafiəçiləri ona qarşı irəli sürülmüş ittihamları qəbul etmirlər, siyasi motivi sayırlar və hesab edirlər ki, onun həbsi hüquq müdafiəçiliyi fəaliyyəti ilə bağlıdır. Əliyev 2010-cu il Parlament seçkiləri ilə bağlı Avropa Məhkəməsinə 40-dan çox şikayət göndərmiş, hazırda həmin şikayətlər üzrə hökumətlə kommunikasiya gedir. Əliyevin həbsi həmin seçki işləri üzrə Azərbaycana qarşı Avropa Məhkəməsi tərəfindən qərar çıxarılmasının qarşısını almağa xidmət edir.  Onun rəhbəri olduğu "Hüquq Maarifçiliyi Cəmiyyəti"nin ofisində axtarış aparılarkən həmi seçkin işlərinə dair bütün sənədlər (vəkil dosyesi) istintaq orqanı tərəfindən qanunsuz olaraq və ittihama heç bir əlaqəsi olmadığı halda götürülmüşdür. Bu isə, o deməkdir ki, Əliyevi fiziki olaraq cəmiyyətdən təcrid etməklə, onun Avropa Məhkəməsi qarşısında seçki işlərinin kommunikasiyasını davam etdirməsinə maneçilik törədilməsi ilə kifayətlənməyib, seçki işlərinin dosyeləri götürülməklə həmin işlərin kommunikasiyasının "Hüquq Maarifçiliyi Cəmiyyəti"nin başqa əməkdaşları və ya şikayətçilərin özləri tərəfinən davam etdirilməsinin qarşısı alınıbdır. Avropa Məhkəməsinin prosedur qaydaları baxımından bu halda seçki işlərini şikayətçinin işin nəticəsinə marağının itməsinə görə siyahıdan çıxarılması mümkündür. Əliyev tərəfindən Avropa Məhkəməsinə təkcə seçki işləri göndərilməyi, eyni zamanda mülkiyyət hüququnun pozuntusuna, ifadə azadlığı və sərbəst toplaşmaq hüququnun pozuntusu və digər strateji əhəmiyyətli işlərlə bağlı da çoxsaylı şikayətlər göndərilib. Həmin şkayətlərlə bağlı dosyelər də istintaq orqanı tərəfndən qanunsuz olaraq götürülüb. Bundan əlavə, nəzərə almaq lazımdır ki, indiyədək Avropa Məhkəməsi tərəfindən Azərbaycana qarşı çıxarılan qərarların əksəriyyəti Əliyevin vəkillik etdiyi işlər üzrə, yəni onun tərəfindən göndərilmiş şikayətlər əsasında çıxarılmışdır. Bütün bunlar onu deməyə əsas verir ki, Əliyevin həbsinin başlıca səbəbi onun tərəfindən Avropa Məhkəməsinə göndərilmiş şikayətlər üzrə, xüsusən də 2010-cu il Parlament seçkilərinin nəticələrinə dair göndərilmiş şikayətlər üzrə Azərbaycana qarşı qərarlar çıxmasının qarşısını almaq, başqa sözlə, hüquq müdafiəçisi Əliyevin Avropa Məhkəməsində işlərin aparılmasına yönəlik vəkillik fəaliyyətidir.



 

Əliyev Avropa Şurası Parlament Assambleyasının 2014-cü ilin yay sessiyasında keçirilən iclasda çıxış edərək Azərbaycan hakimiyyətinin insan haqları ilə bağlı siyasətini sərt tənqid etmiş, ölkədə siyasi məhbuslar problemindən, müstəqil qeyri-hökumət təşkilatlarına basqılardan, hakimiyyətin tənqidçilərinin saxta ittihamlarla şərlənib tutulmasından, ölkədə insan haqlarının acınacaqlı durumundan, vətəndaşların mülkiyyət hüquqlarının kütləvi pozuntusundan və s. söhbət açmışdir. Bu mənada onun həbsi həm də ifadə azadlığını pozuntusudur.

 

Həm "Hüquq Maarifçiliyi Cəmiyyəti" dövlət qeydiyyatına alınıbdır, həm də İntiqam Əliyev özü fiziki şəxs kimi vergi orqanında qeydiyyata alınıbdır. Onun fəaliyyəti qanunsuz sahibkarlıq sayıla bilməz. Həbsindən bir ay öncə onun ofisində vergi yoxlaması aparılmış və yoxlama nəticəsində hər hansı bir qanun pozuntusu aşkar edilməmişdir. Deməli vergidən yayınmayıb. Yaxud İntiqam müəllimin hansı vəzifə səlahiyyətini aşması aydın deyil və bütün bu ittihamlar əsassızdır.


8 avqust 2014-cü il tarixdə Əliyevin barəsində Nəsimi rayon Məhkəməsininn qərarı ilə üç aylıq həbs-qətimkan tədbiri seçilib.  Onun səhhətində ciddi problemlər də var.
2015-ci ilin aprel ayının 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun çıxardığı hökmlə İntiqam Əliyev 7 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
İntiqam Əliyevin məhkəmə prosesində məhkəmə onun və vəkillərinin vəsatətlərinin çoxunu təmin etməyib, ədalətli məhkəmə çəkişmə prinsipinə şərait yaradılmayıb.
İ.Əliyev və vəkilləri ittihamları rədd edirlər, ittihamın və hökmün siyasi sifariş olduğunu bildirirlər.


  1. Xasməmmədov Taleh Vidadi oğlu. 




Saxlanma tarixi: 24 fevral 2015-ci il

İttiham: CM-in 221.2-ci maddəsi ilə (xuliqanlıq, təkrarən törədildikdə)

Saxlandığı yer: 17 saylı Cəza Çəkmə Müəssisəsi

İş üzrə qısa arayış: Həbs olunana kimi T.Xasməmmədov Göyçay şəhərində yaşayır, bölgədə hüquq müdafiəçisi kimi fəaliyyət göstərib. Yerli icra strukturlarının korrupsiya və digər qanunsuzluq əməllərini tənqid edib və bu haqda materialları mediaya ötürüb.

Həbs olunan gün o, Göyçay bazarının yaxınlığında , səhər saatlarında mebel salonuna daxil olarkən bir nəfər onlara yaxınlaşıb və Talehin üzünə tüpürüb, sonra yerə yıxılaraq qışqırmağa başlayıb və özünü huşsuzluğa vurub. Bu zaman yaxındakı polislər Talehi həbs ediblər. Göyçay rayon Məhkəməsində T. Xasməmmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Yerli fəallar T. Xasməmmədova qarşı təxribat törətmiş şəxsin kimliyini müəyyən etməyə müvəffəq olublar. Bu, polislə sıx əməkdaşlıq edən Zahir Əzizovdur. İndiyədək o, 10 işdə şahid olub.

T.Xasməmmədov 2011-ci ilin noyabrında da xuliqanlıq və polisə müqavimət maddələri ilə həbs edilmişdi. Göyçay rayon Məhkəməsi onun haqqında 4 il azadlıqdan məhrumetmə cəzası çıxarmışdı. Təxminən bir il sonra prezidentin əfv sərəncamına düşərək azad olunmuşdu. O vaxt Amnesty International T.Xasməmmədovu «vicdan məhbusu» elan edib.

22 iyul 2015-ci ildə Göyçay Rayon Məhkəməsnin hökmü ilə hüquq müdafiəçisinə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 3 il azadlıqdan məhrum etmə cəzası verilib.  

C) Gənc fəallar


  1. NİDA” Vətəndaş Hərəkatının İdarə Heyəti üzvləri və fəallarının işi

NİDA” Vətəndaş Hərəkatı haqqında qısa məlumat:

NİDA” Vətəndaş Hərəkatı 2011-ci ildə bir qrup gənc tərəfindən azadlıq, ədalət və həqiqət istəyi ilə yaradılıb. “NİDA” ölkədə dəyişikliklər edilməli olduğunu, hakimiyyətin xalqın iradəsi ilə qurulmalı olduğunu bəyan edib. NİDA Hərəkatının əsas tələbləri: azad və inkişaf etmiş ölkədə yaşamaq; ordunun yüksək döyüş qabiliyyəti olan şəxslərdən ibarət olması; hakimiyyətin azad və ədalətli səsvermə yolu ilə demokratik şəkildə dəyişməsi; qanunların ədalətli və hamı üçün eyni olması; azad və müstəqil media və s. NİDA heç bir siyasi partiyadan asılı olmayan hərəkatdır və əsas istəkləri dinc demokratik yolla dəyişikliyə nail olmaqdır17. Hərəkat yarandığı gündən indiyə qədər demokratik dəyişikliklər üçün fəaliyyət göstərib, müxtəlif aksiyalar, fləşmoblar təşkil edib, Hərəkatın İdarə Heyətinin üzvləri 2013-cü ilin oktyabrında keçirilən prezident seçkiləri dövründə bir sıra müxalifət partiyalarını və vətəndaş cəmiyyəti təşkilatlarını birləşdirən Milli Şurada təmsil olunublar, Hərəkatın fəalları seçkilərdə müxalifətin vahid namizədi kimi çıxış edən Cəmil Həsənliyə seçki kampaniyası dövründə dəstək veriblər.

İctimai fəallıqlarına və tənqidi mövqelərinə görə “NİDA” Vətəndaş Hərəkatının üzvləri müxtəlif yollarla təqib olunublar. Hərəkatın əvvəlki İdarə Heyətinin üzvü Zaur Qurbanlı 2012-ci il sentyabrında təşkilatın 2013-cü il seçkiləri üçün hazırladığı materiallara görə polis tərəfindən saxlanılıb, onun barəsində 2 gün ərzində heç bir məlumat verilməyib, yalnız oktyabrın 1-də polis məlumat yayıb ki, Qurbanlı narkotik maddə əməliyyatı üzrə saxlanılıb və polisə müqavimət göstərdiyi üçün 15 sutka inzibati həbs cəzası alıb, bu müddət bitdikdən sonra Qurbanlı sərbəst buraxılıb. Hərəkatın hazırda İdarə Heyətinin üzvü və sədri olan Aygün Pəncəliyeva hakimiyyətin təzyiqləri nəticəsində 2013-cü ilin iyununda Bakıda fransız dili müəlliməsi kimi çalışdığı məktəbdən ayrılmalı olub. Hərəkatın fəalı Ömər Məmmədov (hazırda bloggerlik fəaliyyətinə görə həbsdədir) özünə və ailəsinə edilmiş təzyiqlər nəticəsində Hərəkatdan çıxmaq məcburiyyətində qalıb.
NİDA” Vətəndaş Hərəkatı fəallarının və üzvlərinin həbsi
Milli Orduda çoxsaylı gənc əsgərlərin qeyri-döyüş şəraitində müəmmalı ölüm hallarına etiraz olaraq, 2013-cü ilin 12 və 26 yanvar tarixlərində Bakı şəhərinin mərkəzində gənclərin aksiyası keçirilmişdir. Bu aksiyalarda gənclərlə yanaşı əsgər valideynləri də iştirak etmişlər. Aksiyalar polisin qeyri-adekvat zor tətbiq etməsi ilə dağıdılmış, yüzlərlə iştirakçı həbs olunmuşdur. Onlardan bir qismi inzibati həbslə və ya böyük məbləğdə cərimə ilə cəzalandırılmışlar. Bu etiraz aksiyaları və onların iştirakçılarına qarşı repressiyalar  ölkə və beynəlxalq ictimaiyyətdə geniş rezonans yaratmışdır. Lakin bu aksiyalardan qısa müddətdən sonra da orduda qeyri-döyüş şəraitində əsgər ölümləri davam etmişdir.

Buna etiraz edən bir qrup gənclər təşkilatlarının nümayəndələri, o cümlədən NİDA Vətəndaş Hərəkatı 1 mart 2013-cü il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək 10 mart tarixdə mitinq keçirmək niyyətində olduqlarını bildirdi. Əvvəlki aksiyaların kütləviliyinin qarşısını almaq üçün hakimiyyət qabaqlayıcı tədbir kimi aksiyalarda daha  aktiv olan NİDA üzvlərinin həbsinə başladı.

2013-cü il martın 7-də qeyri-döyüş şəraitində əsgərlərin müəmmalı şəkildə ölməsinə etiraz olaraq Bakının mərkəzində martın 10-u üçün planlaşdırılan aksiya ərəfəsində “NİDA” Vətəndaş Hərəkatının 3 gənc fəalı – Əzizov Məmməd, Quliyev Bəxtiyar və Novruzlu Şahin axşam saatlarında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunublar və bu barədə həbs edilənlərin valideynlərinə və qohumlarına, yaxud da dostlarına məlumat verilməyib, onlar vəkillə təmin edilməyiblər. Həbsdən bir neçə saat sonra tək yaşayan Əzizovun və ailələri ilə birgə yaşayan Quliyev və Novruzovun evində axtarış aparılıb, gənclərin evindən narkotik maddə və “Molotov” kokteyllərnin tapıldığı iddia edilib. Onların ilkin dindirmələri və barələrində həbs qətimkan tədbirinin seçilməsi öz vəkillərinin iştirakı olmadan aparılmışdır. Şahin Novruzlu həbs edilərkən azyaşlı olduğu üçün qanunun tələbinə görə onun dindirilməsində mütləq qanuni nümayəndəsi iştirak etməli olduğu halda, istintaq bu tələbə əməl etməmişdir. Hər 3 gənc ilk izahatlarında heç bir qanunsuz əmələ yol vermədiklərini bildirmişlər. Lakin bir gün sonra işgəncə və psixoloji təzyiq altında, öz vəkilləri olmayan şəraitdə özlərinə və digərlərinə qarşı ifadələr verməyə məcbur ediliblər.

9 mart 2013-cü il tarixində Azərbaycanda yayımlanan bütün ümumrespublika telekanalları gənclərin martın 10-da keçiriləcək aksiya zamanı “Molotov” kokteyllərindən istifadə etməklə iğtişaş salınması kimi “cinayət törətmək istəklərinin olduğunu etiraf etmələrini” nümayiş etdirən videomateriallar yayımlayıb. Həmin videomateriallar istintaq tərəfindən hazırlanıb və bu süjetlərdə həbs edilən gənclərin “NİDA” Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvlərinin əleyhinə ifadələri, onların da “cinayət” törədilməsində iştirakı barədə “etiraflar” yer almışdır. Bu videolardan da açıq şəkildə görünür ki, gənclər qorxu içindədirlər və onlara qarşı fiziki zor işlədilib. Gənclərin Sovet hakimiyyəti dövründə olduğu tərzdə “etirafedici” videolarının yayılması bu həbsin siyasi sifariş olduğunu sübut edən amillərdən biridir. Qısa müddətdən sonra hər 3 gənc artıq öz vəkillərinin iştirakı ilə verdikləri ifadələrdə ilk ifadələrini işgəncə altında verdiklərini bəyan etmişlər və işgəncə faktlarının araşdırılması ilə bağlı prokurorluq orqanlarına şikayət ünvanlamışlar. Lakin bu şikayətlər üzrə araşdırma formal aparıldı, çünki işgəncəni törədən və onu araşdıran orqan eyni idi. Bu həbslərə və yayımlanan videolara baxmayaraq martın 10-da yüzlərlə insan, o cümlədən “NİDA” Vətəndaş Hərəkatının digər fəalları polislərin kobudluğu və güc tətbiqi ilə dağıdılan tamamilə dinc aksiyada iştirak etdilər.

Aksiyadan sonrakı günlərdə “NİDA” Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvlərinin həbsinə başlanıldı. İdarə Heyətinin üzvləri Rəşad Həsənov, Rəşadət Axundov, Üzeyir Məmmədli və Hərəkatın fəalı Zaur Qurbanlı həbs edildilər.

Gənclərə ilkin olaraq qanunsuz olaraq partlayıcı maddə və narkotik maddə saxlamaq ittihamları irəli sürülmüş, həbslərindən 6 ay sonra, yəni 2013-cü il sentyabrında onlara yeni daha ağır - kütləvi iğtişaşlar törətmə və ya belə iğtişaşlarda iştirak etmə ittihamı da verilmişdir. Məhz bu yeni ittihamın irəli sürülməsinə görə Hərəkatın İdarə Heyətinin üzvü Rəşadət Axundovun 74 yaşlı babası Əyanət Axundov damarlarını kəsərək özünə qəsd etmiş, bunun nəticəsində bir neçə gün sonra xəstəxanada vəfat etmişdir18.

Gənclərin işi üzrə məhkəmə prosesi başlayana qədər onlar barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməyib. 2013-cü il noyabrın 6-dan məhkəmə prosesi başladı və ilk olaraq martın 7-də həbs edilmiş 3 gənc məhkəmədə ifadə verərək, istintaqda işgəncələrə məruz qaldıqlarını və məhz buna görə etirafedici ifadələr verdiklərini bildirdilər və ilkin ifadələrindən imtina etdilər. Prosesdə ifadə verən şahidlər də gənclərin əleyhinə qiymətləndirilə bilən istintaqa verdikləri ifadələrdən imtina ediblər. Bundan əlavə şahid kimi dindirilmiş MTN əməkdaşları gənclərin və onların vəkillərinin suallarına qatışıq və dəqiq olmayan cavablar veriblər.

Telekanallarda “etirafedici” çıxışları yayımlanan və faktiki cinayətkar adlandırılan “NİDA” üzvləri təqsirsizlik prezumpsiyasını pozduqları üçün Milli Təhlükəsizlik Nazirliyini, Baş Prokurorluğu və bəzi telekanalları məhkəməyə veriblər.

Həbs edilmiş bütün “NİDA”-çılar Amnesty İnternational təşkilatı tərəfindən vicdan məhbusu elan ediliblər19.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun 6 may 2014-cü il tarixli qərarı ilə Axundov Rəşadət, Qurbanlı Zaur və Rüstəmzadə İlkin 8 il, Əzizov Məmməd və Həsənov Rəşad 7 il 6 ay, Quliyev Bəxtiyar və Məmmədli Üzeyir 7 il, Novruzlu Şahin 6 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum ediliblər.


Qurbanlı Zaur, Quliyev Bəxtiyar, Məmmədli Üzeyir və Novruzlu Şahin sonradan əfv sərəncamı ilə azadlığa çıxıblar.



  1. Axundov Rəşadət Fikrət oğlu

Saxlanma tarixi: 30 mart 2013-cü il

İttiham: CM-nin 28 (cinayətə hazırlıq), 220.1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri

Saxlandığı yer: 10 saylı Cəzaçəkmə Müəssisəsi.

Şəxs barəsində qısa arayış: Cənab Axundov Şirvan rayonunda Özəl Türk Liseyində orta təhsilini tamamladıqdan sonra Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil alıb. Daha sonra Mərkəzi Avropa Universitetində (Macarıstan) təhsilini davam etdirib. Həbs edilənə qədər BP-Azərbaycan şirkətinin aparıcı maliyyə mütəxəssislərindən biri olub.


  1. Əzizov Məmməd Rasim oğlu

Saxlanma tarixi: 7 mart 2013-cü il

İttiham: CM-nin 28 (cinayətə hazırlıq), 220.1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri

Saxlandığı yer: 2 saylı Cəzaçəkmə Müəssisəsi.

Şəxs barəsində qısa arayış: Cənab Əzizov orta təhsilini Şəki şəhərində alıb. 2010-cu ildən həbs edilənədək Bakı Dövlət Universitetinin Sosiologiya və Psixologiya fakültəsində sosiologiya ixtisası üzrə təhsil alırdı. 2012-ci ilin yayında "Nİda" Vətəndaş Hərəkatına qoşulub. Sosial şəbəkələrdə aktiv olmuş və Azərbaycanda Facebook məkanında məşhur olan satirik "Heydər Əliyev adına Səhifə"nin həmtəsisçisi və adminlərindən olmuşdur. 2013-cü il yanvarın 11-də bir gün sonra keçiriləcək "Əsgər ölümlərinə son" mitinqinə hazırlıq işləri görərkən polis tərəfindən saxlanılmış, 9-cu polis bölməsində qeyri-insani davranışa və pis rəftara məruz qalmışdır.


  1. Həsənov Rəşad Zeynalabdin oğlu

Saxlanma tarixi: 14 mart 2013-cü il

İttiham: CM-nin 28 (cinayətə hazırlıq), 220.1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri

Saxlandığı yer: 6 saylı Cəzaçəkmə Müəssisəsi.

Şəxs barəsində qısa arayış: Cənab Həsənov orta təhsilini Lənkəran Özəl Türk Liseyində, ali təhsilini isə Türkiyənin Orta Doğu Texnik Universitetində alıb. 2010-cu il parlament seçkilərində gənc namizədlərdən Bəxtiyar Hacıyevin seçki kampaniyasında aktiv iştirak etmişdir. Gənc fəal 2010-cu ildə Müsbət Dəyişiklik Gənclər Hərəkatının təsisçilərindən biri olmuş, 2011-ci ilin mart ayından 2012-ci ilin mayına qədər 9 təşkilatın təmsil olunduğu “Gənclərin Hüquqlarını Müdafiə Komitəsi”nin (GHMK) idarə heyətində təmsil olmuş, 5 ay ərzində GHMK-nın mülkiyyət hüquqları ilə bağlı “Maddə 13 - mülkiyyət” alt komitəsinin rəhbəri olmuşdur. 2011-ci ildə Azad İqtisadiyyata Yardım İctimai Birliyinin rəhbəri Zöhrab İsmayılla birgə Böyük Britaniyanın Bakıdakı səfirliyinin dəstəyi ilə “Bakıda mülkiyyət haqları pozuntularının xəritə və statistikası” adlı hesabat hazırlamışlar. 2012-ci il martın 17-də GHMK-nın uzun illərdən sonra keçirdiyi ilk razılaşdırılmış mitinqin təşkilatçılarından və aktiv iştirakçılarından olmuşdur. Rəşad 2012-ci ilin mayında Müsbət Dəyişiklik Gənclər Hərəkatını tərk edərək, “NİDA” Vətəndaş Hərəkatına qoşulmuşdur. 2012-ci ilin sentyabrında “NİDA” Vətəndaş Hərəkatının idarə heyətinə üzv seçilmişdir. Rəşad Həsənov 2012-ci il noyabrın 4-də yaradılan və 50-yə yaxın fəal gəncin təmsil olunduğu Gənclər Məclisinin həmtəsisçisidir.


  1. Rüstəmzadə İlkin Bakir oğlu

Saxlanma tarixi: 17 may 2013-cü il

İttiham: CM-nin 28 (cinayətə hazırlıq), 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə), 221.2.1 (bir qrup şəxs tərəfindən və ya təkrar törədilən xuliqanlıq) və 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədilən xuliqanlıq) maddələri

Saxlandığı yer: 13 saylı Cəzaçəkmə Müəssisəsi.

İş üzrə qısa arayış: Cənab Rüstəmzadə ictimai-siyasi proseslərdə fəal olan “Azad Gənclik” təşkilatının, həmçinin bir sıra müxalifət partiyalarının və vətəndaş cəmiyyəti təşkilatlarının birləşdiyi Milli Şuranın üzvüdür. “Nida” Vətəndaş Hərəkatının üzvləri ilə birgə ittiham edildiyinə görə elə həbsxanada bu hərəkata qoşulmuşdur. Həbsinə qədər Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alırdı.

12 yanvar və 10 mart 2013-cü il tarixlərində Azərbaycan Ordusunda baş almış özbaşınalıq və qanunsuzluqlara, habelə dinc şəraitdə əsgərlərin ölümlərinə etiraz olaraq Facebook vasitəsilə Bakı şəhərinin mərkəzində “Əsgər ölümlərinə son” aksiyasını təşkil etmiş, nəticədə bu aksiyalara çoxsaylı etirazçı qatılmışdır. Məhz bu aksiyalar təşkil etdiyi üçün ona qarşı təzyiqlər başlamış, o polisə çağırılmış, bir neçə dəfə barəsində inzibati həbs seçilmişdir. İlkin Rüstəmzadə Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş terror nəticəsində həlak olmuş şəxslərin anım günü - 2013-cü il 30 aprel tarixində gənclər tərəfindən təşkil edilən “Terrora yox” aksiyasında saxlanılaraq 15 sutka inzibati həbs cəzası almışdı. Bu həbs müddəti bitdikdən bir neçə gün sonra isə Rüstəmzadə Bakıda Dənizkənarı Parkda “Harlem Shake” musiqisi altında rəqsin videoçəkilişlərini apararaq və Youtube-da yerləşdirərək xuliqanlıq törətməkdə ittiham edilmiş və həbs edilmişdir. Sentyabrın 12-də həbsdə olan “Nida” Vətəndaş Hərəkatının üzvləri ilə bərabər ona qarşı da iğtişaşları təşkil etmə və ya iştirak etmə maddəsi ilə yeni ittiham irəli sürülmüş və onun işi “NİDA” Hərəkatının fəallarının cinayət işinə birləşdirilmişdir.

Cənab Rüstəmzadə Amnesty İnternational təşkilatı tərəfindən vicdan məhbusu kimi tanınıb20.

D. Müxalif siyasətçilər



  1. Məmmədov İlqar Eldar oğlu


Saxlanma tarixi: 4 fevral 2013-cü il

İttiham: CM-nin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri

Saxlandığı yer: 2 saylı Cəzaçəkmə Müəssisəsi.

İş üzrə qısa arayış: Cənab Məmmədov Azərbaycan müstəqillik əldə etdikdən sonra fəal şəkildə siyasətlə məşğul olan şəxslərdən biridir, artıq 10 ildən çox müddətdə mövcud olan və Azərbaycanda ilk sayılan siyasi bloqun müəllifidir. O, Avropa Şurasının Bakı Siyasi Biliklər Məktəbinin direktoru, iki nüfuzlu beynəlxalq təşkilatın – German Marşal Fondunun və Revenue Watch təşkilatının Məsləhət Şurasının üzvüdür21.

Cənab Məmmədov 2009-cu ildə yaranan və son illər ərzində yeni nəsil siyasi müxalif qüvvə kimi populyarlaşan Respublikaçı Alternativ Hərəkatının (REAL) sədridir. Hərəkatın əsas məqsədi Azərbaycanda cümhuriyyətçilik ənənələrini bərpa etmək, parlamentli respublikaya keçid, effektiv hökumət qurmaq, hüquq və azadlıqların birmənalı təminat etmək və s. amallardır. Yarandığı vaxtdan indiyə kimi REAL mövcud hakimiyyətin apardığı siyasəti və bu siyasətə məsul olan şəxsləri, o cümlədən prezident İlham Əliyevi tənqid etməklə yanaşı, həm də alternativ proqramlar təklif edib.

Cənab Məmmədov 2009-cu ilin martında bir nəfərin 2 dəfədən artıq prezident seçilməsi qadağasının götürülməsi ilə nəticələnən referendumdan sonra ANS telekanalının canlı yayımında bu qadağanın aradan qaldırmaqla prezident Əliyevi ölkəni uçuruma sürükləməkdə, İranda Şah Rza Pəhləvinin yolu ilə getdiyində ittiham etmişdi. 2010-cu ilin Parlament seçkilərində namizəd olmuş cənab Məmmədov seçki platformasında, xüsusən efir vaxtı zamanı hakimiyyəti yaramaz siyasət aparmaqda ittiham etmişdi. Cənab Məmmədov 2012-ci il martın 1-də Quba şəhərində yerli icra başçısının əleyhinə keçirilmiş etiraz aksiyası zamanı vəziyyətin yerində öyrənilməsi üçün Qubaya getmiş və hadisələrin baş verməsinə görə hakimiyyəti tənqid etmişdir. 2012-ci ilin noyabrında cənab Məmmədov parlamentin qeyri-effektiv fəaliyyət göstərdiyini və saxta seçkilər nəticəsində seçilən adamlardan ibarət olduğunu bildirərək parlamenti zooparka bənzətmişdi. Bundan sonra parlamentin üzvü və hakimiyyəti yaxınlığı ilə seçilən Adil Əliyev cənab Məmmədov barəsində verdiyi müsahibədə “bu cür danışanların başının kəsilib atılması” ifadəsini işlədərək, faktiki olaraq ona qarşı ölüm təhdidi səsləndirmişdir. Hakim partiyadan olan deputat, sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Məmmədovun həbs edilməsi üçün məhkəməyə göndəriləcək iddia ərizəsinin artıq hazır olduğunu və ərizənin deputatlar tərəfindən imzalanma prosesinin davam etdiyini bildirmişdi (amma son olaraq məhkəməyə müraciət edilmədi). 2013-cü il yanvarın 19-da Bakıda yerləşən Binə Ticarət Mərkəzində çalışan şəxslər sosial tələblərlə etiraz aksiyası keçirmişlər, nəticədə polislə qarşıdurma yaranmışdır. Cənab Məmmədov etiraz aksiyasının keçirildiyi yerə gedib, etirazçılarla görüşüb və onların tələblərini öyrənib. O, həm öz bloqunda, həm də mətbuata verdiyi müsahibələrdə aksiya iştirakçılarına dəstək ifadə etmiş, tələblərin tamamilə doğru olduğunu bildirmiş, hakimiyyəti korrupsiyanın qarşısının alınmasında maraqlı olmamaqda günahlandırmışdı.

2013-cü il yanvarın 23-də İsmayılı rayonunda yerli icra hakimiyyəti başçısının istefası tələbi ilə etirazlar keçirilmiş, etirazlar qarşıdurmalara gətirib çıxarmışdır. Cənab Məmmədov hadisədən bir gün sonra yanvarın 24-də İsmayıllı rayonuna səfərə gəlmiş, rayon mərkəzində jurnalistlər və bəzi sakinlərlə söhbət etdikdən sonra Bakıya qayıtmışdır. Bakıya qayıdarkən cənab Məmmədov Azadlıq Radiosuna müsahibə vermiş və etirazların haqlı olduğunu bildirmişdir, eyni zamanda öz bloqunda insanların səbrinin tükəndirilməsinə görə yerli icra qurumlarını tənqid etmişdir. Bundan əlavə, cənab Məmmədov hadisələrin baş verməsinə səbəb olmuş şəxslərin kimliyini dəqiqləşdirərək onların Əmək və Əhalinin Sosial Müdafiə naziri Füzuli Ələkbərovun (hazırda vəzifədən uzaqlaşdırılıb) qohumları və yaxınları olduğunu müəyyən etmiş, hadisənin baş verməsinə səbəb olan şəxslərin işlədiyi otelin nazirin oğluna məxsus olduğunu göstərən rəsmi sənədləri taparaq yaymışdır (həmin vaxt otelin heç bir vəzifəli şəxsə və ya onun qohumlarına məxsus olmaması ilə bağlı yerli icra başçısı və digər rəsmilər açıqlamalar vermişdilər).

Cənab Məmmədov REAL Hərəkatının 2013-cü il prezident seçkilərinə namizəd idi və bu barədə onun həbsindən qabaq təşkilat daxilində razılıq əldə edilmişdi. Həbsdə olmasına baxmayaraq, cənab Məmmədov seçkilərdə namizədliyini vermiş, yaradılan ciddi maneələrə rəğmən namizədliyi ilkin olaraq qeydə alınmış, xeyrinə 40000-dən çox imza toplanaraq təqdim edilmişdir. Lakin Mərkəzi Seçki Komissiyası əsassız şəkildə imzaların saxta olduğunu iddia edərək, onun namizədliyini qeydə almamışdır.

Cənab Məmmədov məhz İsmayıllı hadisələri ilə bağlı bu rayona səfər etdikdən sonra həbs edildi. Yanvarın 26-dan etibarən ölkədə yayımlanan telekanalların əksəriyyəti Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı məlumata istinad edərək İsmayıllı hadisələrinə REAL Hərəkatının sədri İlqar Məmmədov və jurnalist, Müsavat Partiyasının Başqan müavini Tofiq Yaqublunun səbəb olduğunu bildirərək təqsirsizlik prezumpsiyasını pozmuş və cənab Məmmədovu cinayətkar adlandırmışlar.

Yanvarın 29-da cənab Məmmədov Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağırılıb, İsmayıllı səfəri ilə bağlı izahatı alındıqdan sonra, o, sərbəst buraxılıb. Fevralın 4-də yenidən istintaqa çağırılan cənab Məmmədov barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 2 aylıq həbs qət-imkan tədbiri seçilib, bu həbs indiyə qədər davam edir.

Cənab Məmmədov İsmayıllı rayonuna hadisələrin başladığı gün deyil, yalnız bir gün sonra gedib və İsmayıllıda şəhərin mərkəzi hissəsində cəmi 45-50 dəqiqə çoxsaylı jurnalistlərin və İsmayıllıya birlikdə getdiyi REAL Hərəkatının icra katibi Natiq Cəfərlinin yanında olub. Məhkəmədə ifadə vermiş Natiq Cəfərli və jurnalistlər bunu bir daha təsdiq etmişlər, o cümlədən cənab Məmmədovun şəhər mərkəzində olmasını və heç bir iğtişaşa çağırmadığını, sadəcə jurnalistlərlə söhbət etdiyini və bu vaxt ümumiyyətlə heç bir aksiyanın, yaxud zorakılığın olmadığını göstərən videomaterial da nümayiş etdirilmişdir.

Mobil telefon danışıqları üzrə əldə edilən çıxarışlardan görünür ki, istintaqın cənab Məmmədovun qanunsuz hərəkətlər etdiyi iddia edilən saatlarda o artıq İsmayıllı rayonu ərazisində olmamışdır.

Hadisələrə görə təqsirləndirilən İsmayıllı sakinləri cənab Məmmədovu tanımadıqlarını məhkəməyə bildiriblər. Prosesə şahid kimi cəlb edilmiş 2 İsmayıllı sakini - İsrafil Verdiyev və Rövşən Novruzov cənab Məmmədovu gördüklərini və onun gəncləri polisə müqavimət göstərməyə çağırdığını bildiriblər, lakin bu şahidlər vəkillərin suallarını cavablandırarkən çoxsaylı ziddiyyətlər ortaya çıxmış, şahidlər cənab Məmmədovun istintaqın iddia etdiyi yerdə deyil, başqa yerdə olduğunu bildirmişlər. Mehdiyev soyadlı şahid həmin ərazidə təsadüfən olduğunu və İsmayıllı hadisələri zamanı başqa heç bir hadisənin şahidi olmadığını bildirmişdir, lakin cinayət işinin materiallarından məlum olmuşdur ki, Mehdiyev artıq yanvarın 23-dən həbs edilən şəxslərə qarşı ifadələr vermişdir.

Cinayət işində zərərçəkmiş kimi tanınan bütün şəxslər təqsirləndirilənlərə qarşı heç bir maddi və mənəvi tələblərinin olmadığını öz ifadələrində vurğulayıblar.

Cənab Məmmədov Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2014-cü il qərarı ilə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.

Cənab Məmmədovun həbsi Amnesty İnternational təşkilatı tərəfindən siyasi motivli təqib adlandırılıb22 və o vicdan məhbusu kimi tanınıb23. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçiləri cənab Məmmədovun həbsi barədə narahatlıqlarını ifadə ediblər, Bakıya səfərləri zamanı onunla görüşüblər. Avropa Şurası İnsan Haqları Komissarı Azərbaycana səfəri ilə bağlı hesabatında cənab Məmmədovun azad edilməsinin vacibliyini vurğulayıb24. Avropa Parlamenti onun dərhal və qeyd-şərtsiz azad edilməsi üçün 2 qətnamə qəbul edib. Avropa İnsan Haqları Məhkəməsi 22 may 2014-cü il tarixində cənab Məmmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı göndərilmiş şikayət üzrə öz qərarını açıqlayaraq, Avropa İnsan Haqları Konvensiyasının 5.1 və 5.4 (azadlıq hüququ), 6.2 (təqsirsizlik prezumpsiyası) və 5-ci maddə ilə əlaqədar 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozulmasını, nəticə etibarilə cənab Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin seçilməsini və bu tədbirin müddətinin artırılmasını əsassız hesab edib. Məhkəmə qərarın 143-cü bəndində qeyd edir ki, cənab Məmmədov tənqidi siyasi mövqeyinə görə cəzalandırmaq məqsədilə həbsə atılıb.


  1. Sadıqov Yadigar Sadıq oğlu


Saxlanma tarixi: 27 iyun 2013-cü il
İttiham: CM-nin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi
Saxlandığı yer: 14 saylı Cəzaçəkmə Müəssisəsi.
İş üzrə qısa arayış: Müxalifətdə olan Müsavat Partiyasının Başqanının müşaviri olan cənab Sadıqov həm partiya fəaliyyəti, həm də sosial şəbəkələrdə aktivliyi, konkret olaraq hakimiyyətə qarşı sərt tənqidi fikirləri ilə fərqlənib. Cənab Sadıqov cənub bölgəsində yerləşən Lənkəranda yaşadığı üçün partiyanı bu bölgədə təmsil edib. Cənab Sadıqov 2013-cü ilin yanvar ayında Müsavat Partiyasının Başqanını Lənkərana dəvət etmiş və bu səfərin təşkilatçılığında fəal rol oynamış (təşkil edilmiş təxribatlar və maneələr nəticəsində İsa Qəmbər Lənkərana buraxılmamışdır), ümumiyyətlə, həm cənub bölgəsində, həm də digər regionlarda insan haqlarının pozulması faktlarının yayılmasında və hüquqların müdafiə edilməsində fəal iştirak etmişdir.

Cənab Sadıqov Lənkəranda çayxanada mobil telefonla həmin rayonun sakini Rəşid Kərimovu vuraraq xuliqanlıq törətməkdə ittiham edilib, onun şikayəti əsasında saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Cənab Sadıqov 13 yanvar 2014-cü il tarixdə Lənkəran rayon Məhkəməsinin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi 22 iyul 2014-cü il tarixdə bu müddəti azaldaraq cəza müddətini 4 ilə endirib.

Sadıqovun döydüyü iddia edilən şəxsin şikayət ərizəsi polis tərəfindən verilən açıqlamadan da əvvəl dövlət informasiya agentliyi olan AzərTac-da yayımlanıb. Həmin müraciətdə deyilir ki, müharibə əlili çayxananın qarşısından keçərkən cənab Sadıqov və daha iki nəfər məsləkdaşı onu küçə söyüşləri ilə təhqir edib və sonradan hər kəsin gözü qarşısında təpikləyiblər. Bununla belə şikayətçi istintaqa fərqli ifadə verərək onu ancaq cənab Sadıqovun döydüyünü bildirib, məhkəmə istintaqı zamanı isə vəkillərin suallarına əsasən “xatırlamıram” cavabını verib. Bundan əlavə, hadisənin şahidləri kimi təqdim edilmiş şəxslər hadisə yeri kimi istintaqın qeyd etdiyi çayxananı deyil, yaxınlıqda olan digər çayxananı qeyd ediblər ki, bu da həmin şahidlərin səhv təlimatlandırıldığını göstərir. Hadisənin baş verdiyi iddia edilən çayxananın sahibi məhkəmədə ifadəsi zamanı hadisəni tam görmədiyini bildirib, şikayətçini sonradan artıq polislərlə çayxanaya gələndə gördüyünü, amma onun üzündə heç bir xəsarət görmədiyini söyləyib.



Müdafiə tərəfinin xəsarətin yetirildiyi barədə rəy vermiş ekspertin məhkəməyə gətirilərək dindirilməsi, yeni ekspertizanın təyin edilməsi, ittiham tərəfinin şahidlərinin hadisə yerində olub-olmadığını dəqiqləşdirmək üçün məlumatlarının əldə edilməsi və cənab Sadıqovun təqsirsizliyini sübut edə biləcək bu kimi digər vəsatətləri hakim tərəfindən təmin edilməyib. Dövlət ittihamçısı isə məhkəmədən bu maddə ilə nəzərdə tutulan ən maksimum cəzanı – 7 il azadlıqdan məhrum etmə cəzasını istəyib (minimum cəza 3 ildir).

  1. Qəhrəmanlı Fuad



Saxlanma tarixi8 dekabr 2015-ci il

 

İttiham: Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) 

 

Saxlanıldığı yer: 1 saylı Bakı (Kürdaxanı) İstintaq Təcridxanası.

 

İş üzrə arayış: Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı 8 dekabr 2015-ci ildə Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə çağırılıb, rəsmi dəvət tələb etdikdə zorla evindən idarəyə aparılıb. Evində axtarış aparılıb və ona məxsus kompüter götürülüb. Həmin gün Qəhrəmanlı  Nəsimi rayon məhkəməsinə aparılıb və barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. İttihama görə, onun Facebook səhifəsindəki qeydləri Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələrinin təsiri altına düşür. Həmin qeydlər onun həbsindən təxminən 10 gün əvvəl yazılıb, sosial şəbəkələrdə və cəmiyyətdə heç bir nəzərə çarpan reaksiya doğurmayıb.

 

Fuad Qəhrəmanlıya Cinayət Məcəlləsinin 281.1 maddəsi ilə ittiham irəli sürülsə də, məhkəmə həbs qətimkan tədbiri seçərkən görünməmiş qanunsuzluğa yol verərək, ittihama daha ağır olan 281.2 maddəsini də əlavə edib.

Vəkili Fəxrəddin Mehdiyev bəyan edib ki, Qəhrəmanlının Facebook səhifəsindəki qeydləri politoloji ümumiləşdirmələr və özünün siyasi fikirləridir, həmin fikirlər qanuna və demokratiyaya hörmət ifadə edir və bu qeydlərə görə onu ittiham etmək əsassız və qərəzlidir.

Hüquqşünas Xalid  Bağırov hadisədən dərhal sonra qeyd edib ki, Qəhrəmanlı siyasi məhbus sayılmalıdır.

Fuad Qəhrəmanlıdan daha öncə AXCP-nin daha 9 üzvü siyasi motivlə həbs edilib. Fuad Qəhrəmanlı özü isə həbsindən öncə hədələndiyini mətbuata bildirmişdi. 


  1. Məmməd İbrahim Əziz oğlu





Saxlanma tarixi: 30 sentyabr 2015-ci il.

İttiham: Öncə CM-nin 221.1-ci maddəsi (xuliqanlıq) daha sonra CM-nin 221.2.2-ci maddəsi (Xuliqanlıq ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə)

Saxlandığı yer: Şüvəlan İstintaq Təcridxanası.

İş üzrə qısa arayış: Məmməd İbrahim müxalifət partiyası Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədirinin müşaviridir. Eyni zamanda o facebook sosial şəbəkəsində aktiv olub, hakimiyyəti tənqid edib. M.İbrahim sentyabrın 30-da Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin (CM) 221.1-ci maddəsi (xuliqanlıq) üzrə şübhəli şəxs kimi saxlanılıb. Oktyabrın 1-də bu maddə üzrə ona ittiham irəli sürülüb. Oktyabrın 3-də Nərimanov Rayon Məhkəməsi onu barəsində 2 ay həbs qətimakan tədbiri seçib.

M.İbrahimin cinayət məsuliyyətinə cəlb olunmasına AXCP sədrinin keçmiş müavini Razi Nurullayevlə birlikdə partiyanı tərk etmiş Mikayıl Kamil oğlu Quliyevin şikayəti səbəb olub. Belə ki, sentyabrın 29-da M.İbrahim və M.Quliyev arasında münaqişə olduğu və sonuncunun köynəyinin cırıldığı iddia olunur.

AXCP hesab edir ki, partiyanın gözdən salınması və zəiflədilməsi məqsədilə M.İbrahimə qarşı təxribat törədilib.

10 noyabr 2015-ci il tarixdə Şüvəlandakı 3 saylı istintaq təcridxanasında M.İbrahimə qarşı yeni ittiham elan olunub. Belə ki, ona qarşı CM-nnin 221.2.2-ci (vəzifəsini yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi, yaxud digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) maddəsilə yeni ittiham irəli sürülüb. Buna qədər M.İbrahim Razi Nurullayevin dəstəsindəki Mikayıl Quliyevi döyməkdə ittiham olunurdusa, sonra daha iki nəfər ortaya çıxıb. Oruc Vəliyev və Məhəmməd Qurbanov adlı bu adamlar iddia edirlər ki, guya, M.İbrahimlə M.Quliyev arasında insident zamanı onları ayırmağa çalışıblar. Amma M.İbrahim onlara qarşı da fiziki zorakılıq edib, ictimai qaydanı pozub. Adları çəkilən şəxslər M.İbrahimlə üzləşdirilərkən AXCP sədrinin müşaviri onları ümumiyyətlə tanımadığını, ilk dəfədir gördüyünü bildirib. M. İbrahimin vəkili Yalçın İmanovun sözlərinə görə, yeni ittiham elan olunarkən M.İbrahim onun saxta olduğunu bildirib və bu barədə qeydlərini protokolda da yazıb. Vəkil özü də hesab edir ki, yeni ittiham M.İbrahimin həbsdə saxlanılmasına qanuni don geyindirmək və ona veriləcək cəzanın müddətini artırmaq məqsədi daşıyır.

Qeyd edək ki, əvvəl M.İbrahim CM-nin yalnız 221.1-ci (xuliqanlıq) maddəsilə təqsirləndirilirdi. Bu maddədə üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. CM-nin 221.2.2-ci maddəsində isə iki ilədək islah işləri və ya beş ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

“Cinayət Məcəlləsinin 221.1-ci maddəsindəki əməl böyük ictimai təhlükə törətməyən cinayət sayılır və maksimum bir ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Başa düşürlər ki, Məmməd İbrahimi bu maddə ilə həbsdə saxlaya bilməzlər. Ona görə də bu yeni ittihamı irəli sürdülər. Amma açıq-aşkar görünür ki, bu ittiham saxtadır”, – deyə Yalçın İmanov bildirib.



  1. Yusifov Asif Qəmbər oğlu



Saxlanma tarixi: 25.12.2014-cü il.

İttiham : CM-nin 178. (Dələduzluq), 320.1 (rəsmi sənədləri saxtalaşdırma) maddələri.

Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)

İş üzrə qısa arayış: Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri, partiyanın Rəyasət Heyətinin üzvü, Qarabağ əlilidir.

Həbs olunan gün A.Yusifov AXCP-nin Nərimanov şöbəsinin sədri Hacı Abbaslının avtomobili ilə birlikdə ofisə gedib, qayıdarkən sürücü yolda siqaret almaq üçün mağazaya gedib və ordan qayıdanda görüb ki, A. Yusifov avtomobildə yoxdur.

Sonradan məlum olub ki, A.Yusifov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və Nərimanov rayon Məhkəməsinin qərarı ilə Asif Yusifli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

DİN yaydığı məlumatda bildirir ki, Asif Yusifov vətəndaş Fəridə Zülfüqarovanın 7 min 700 manatını dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.

A.Yusifov müharibə əlil olmasına və avtomobil qəzasında ağır xəsarətlər almasına baxmayaraq kütləvi aksiyalarda fəal iştirak edib. A.Yusifov, onun vəkili və AXCP onun həbsini siyasi motivli sayır.

İşçi Qrupu apardığı araşdırmalara görə, A.Yusivofun həbsinin əsl səbəbi DİN-in yaydığı məlumatda göstərilən məsələ ilə bağlı deyil, siyasi fəaliyyət ilə bağlıdır.

31 iyul 2015-ci il tarixdə AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ qazisi, vəkil Asif Yusiflinin məhkəməsi başa çatıb. Məhkəmə onun barəsində 7 il 6 ay həbs qərarı çıxarıb.


  1. Xudabaxşıyev Qadir Nadir oğlu.



Saxlanma tarixi: 11 fevral 2015-ci ildə

İttiham: 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi.

Saxlandığı yer: Salyan rayonundakı (Xələc) 5 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: 28 yanvar 1972-ci ildə Ağdam şəhərində anadan olub, Ağdamın işğalından sonra qaçqın kimi Mingəçevirdə məskunlaşıb. II qrup Qarabağ müharibəsi əlilidir. Həbs olunana kimi yaşadığı ünvan: Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsi, ev, B103. 11 fevral 2015-ci ildə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının birgə əməliyyatı nəticəsində Mingəçevirdə Vaqif küçəsindəki 17 saylı ünvanda yerləşən kafedə həbs olunub, guya üzərinə baxış keçirilərkən ondan “TT” markalı tapança və güllə sandıqçası tapılıb. Amma İşçi Qrup apardığı araşdırmaya uyğun olaraq hesab edir ki, Q. Xudabaxışova qarşı irəli sürülən ittiham əsassızdır və siyasi sifarışlıdır.

O, həbsindən öncə dəfələrlə siyasi fəaliyyətinə görə, Mingəçevir Polis İdarəsinə çağırılıb, xəbərdarlıq olunub. Qadir Xudabaxşıyevdə heç bir tapança və güllə olmayıb.

1991-ci ildən AXCP üzvüdür. İşsizdir. Ailəlidir, 3 məktəb yaşlı - 10, 13 və 15 yaşlı qızı var, həyat yoldaşı Gülxanım Həsənova II qrup əlildir.

14 oktyabr 2015-ci il tarixdə Mingəçevir şəhər Məhkəməsində hakim Hüseyn Mirzəyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində prokuror ona 3 il istəyib, hakim 1,5 il azadlıqdan məhrum etmək haqda hökm çıxardıb.


  1. Abdullayev Elvin Rəşadət oğlu.

Saxlanma tarixi : 08 yanvar 2015-ci il.

İttiham: Cinayət Məcəlləsinin 234.3 və 234.4 (narkotik maddələrin qanunsuz dövriyyəsi) maddəsi

Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)

İş üzrə qısa arayış: Bakı Dövlət Universitetinin tələbəsidir (2-ci ali təhsilidir), yanvarın 8-də universitetdə imtahan verib. O, evə telefon edərək imtahan suallarına yaxşı cavab verdyini bildirib və bir qədər sonra özünün Facebook profilində həbs olunduğunu yazıb. Lakin gəncin doğmalarına onun saxlandığı yer barədə 2 gün rəsmi məlumat verilməyib.
Elvin Abdullayev 2 gün ərzində Nərimanov rayon polis təcridxanasında saxlanılıb.

Gənc fəalın anası Zülfiyyə xanım da oğlunun AXCP üzvü olduğuna, sosial şəbəkələrdəki aktivliyinə görə şərlənərək həbs olunduğuna şübhə etmir: "Oğlum cəbhəçidir, "facebook" fəalıdır. Elvin şərlənib və onun həbsi sifarişlidir, əvvəlcədən hazırlanıb. "

Yanvarın 10-da Elvin Abdullayev barəsində Xətai rayon Məhkəməsi 4 aylıq həbs qətimkan tədbiri seçib.
1 iyun 2015-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə Elvin Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib.


  1. Bağırzadə Zeynalabdin Bağır oğlu



Saxlanma tarixi:  17 noyabr 2015-ci.

1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə