MÜNDƏRİcat xülasə




Yüklə 0.68 Mb.
səhifə1/9
tarix27.02.2016
ölçüsü0.68 Mb.
  1   2   3   4   5   6   7   8   9



Azərbaycanda

siyasi məhbusların

siyahısı


Dekabr-2015

MÜNDƏRİCAT

Xülasə................................................................................................................ 3-4

A. Jurnalistlər və bloggerlər............................................................................4-20
B. Hüquq müdafiəçiləri....................................................................................21-28
C. Gənc fəallar...................................................................................................29-34
D. Müxalif siyasətçilər.......................................................................................35-45
E. İnanclı fəallar................................................................................................46-77


  1. Səid Dadaşbəyli və onunla birgə tutulan şəxslərin işi.......................46-52

  2. Azərbaycan İslam Partiyasının sədri və onunla birlikdə

tutulan şəxslərin işi..............................................................................53-57

  1. 2012-ci ilin mayında tutulan inanclı fəalların işi...............................58-63

  2. 2012-ci ildə Masallı rayonunda tutulan inanclı

fəalların işi............................................................................................63-66

  1. 5 oktyabr 2012-ci il tarixli “Hicaba azadlıq” aksiyasına görə

tutulan şəxslərin işi.............................................................................66-70

  1. İlahiyyatçılar .....................................................................................70-73

  2. Nurçular”...........................................................................................73 -77


F.Ömürlüklər.................................................................................................78-85
G.Digər işlər...................................................................................................86-104


  1. İsmayıllı hadisələri zamanı həbs edilənlər........................................86-87

  2. Keçmiş dövlət məmurları..................................................................88-94

  3. Siyasi girovlar....................................................................................94-104


XÜLASƏ

Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti qurumları daha da dərinləşən siyasi məhbus probleminə diqqəti cəlb etmək üçün bu hesabatla çıxış edirlər. Siyasi motivli həbslərin və azadlıqdan məhrum edilmələrin sayı 26 yanvar 2013-cü il tarixdə Avropa Şurası Parlament Assambleyasında “Azərbaycanda siyasi məhbus məsələsinə baxış” üzrə Qətnamənin qəbul edilməməsindən sonra daha da artmış1 və Azərbaycanın 14 may 2014-cü ildən Avropa Şurası Nazirlər Komitəsinə sədrliyə başlaması da vəziyyəti müsbətə doğru dəyişməmişdir.


Hesabatın 12 avqust 2014-cü il tarixinə qədər siyasi motivli saxta ittihamlarla həbs edilən və azadlıqdan məhrum edilən və göstərilən tarixə qədər azadlığa buraxılmayan siyasi məhbusların işləri əsasında hazırlanıb. Həmin vaxt siyahıda 98 nəfərin adı olub.
2015-cü ilin may ayında isə hesabat yenilənib, azadlığa çıxan siyası məhbusların adı siyahıdan çıxarılıb, hesabat hazırlanıb yayılandan sonra isə həbs edilənlərin (siyasi məhbus sayılanların) adları hesabata daxil edilib. Həmin vaxt siyahıda 80 nəfərin adı olub.
2015-ci ilin dekabr ayında siyahı 3-cü dəfə (sonuncu) yenilənib, yeni həbs edilmiş və siyasi məhbus hesab edilən şəxslərin adları siyahıya əlavə edilib. Sonuncu yeniləməyə görə siyahıda 93 nəfərin adı olub.
Siyasi məhbuslar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 3 oktyabr 2012-ci il tarixli 1900 saylı Qətnaməsində təsbit edilmiş kriteriyalar əsasında müəyyən edilib2.
Hesabat hazırlanarkən siyasi məhbus məsələsi ilə məşğul olan çoxsaylı yerli və beynəlxalq təşkilatlarla məsləhətləşmələr aparılıb, o cümlədən nüfuzlu beynəlxalq insan haqları təşkilatlarının hesabatları, Azərbaycanın üzvü olduğu və qarşısında öhdəlikləri olan təşkilatların, xüsusən də Avropa Şurasının müvafiq sənədləri öyrənilib, mətbuatın monitorinqi aparılıb, məhkəmələrin müşahidəsi həyata keçirilib, məhkəmə hökmləri və digər hüquqi sənədlər təhlil edilib, hesabata daxil edilən siyasi məhbusların vəkilləri və ailə üzvləri, müdafiə komitələri ilə görüşlər təşkil edilib. Hesabat hər bir siyasi məhbus barədə detallı məlumatları, həmçinin hər bir həbsin əsl səbəblərini, bu zaman yol verilmiş qanun pozuntularını, siyasi məhbusların fotoşəkillərini (bəzilərini tapmaq mümkün olmayıb) özündə əks etdirir.

Hesabatda siyasi məhbuslar aşağıdakı kateqoriyalar üzrə bölünmüşdür:


a. Jurnalistlər və bloggerlər;

b. Hüquq müdafiəçiləri;

c. Gənc fəallar;

d. Müxalifət fəalları;

e. İnanclı fəallar;

f. Ömürlüklər;

g. Digər işlər .
Bir neçə kateqoriya da öz növbəsində alt kateqoriyalara bölünmüşdür ki, bunlarla hesabatdan tanış ola bilərsiniz.


Hesabat tanınmış hüquq müdafiəçiləri Leyla Yunus və Rəsul Cəfərovun ekspertlər, hüquqçular, vəkillər, hüquq müdafiəçiləri və ictimai şəxslərin daxil olduğu İşçi Qrupunun iştirakı ilə hazırladığı birgə siyasi məhbuslar siyahısından ibarətdir, eyni zamanda ümumilikdə 28 QHT təmsilçisi, hüquqşünas və vəkilinn vahid mövqeyini əks etdirən sənəddir.


  1. Jurnalistlər və bloggerlər



  1. Əbilov Əbdül Əbdülmanaf oğlu




Saxlanma tarixi: 22 noyabr 2013-cü il

İttiham: CM-nin 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, külli miqdarda törədildikdə) maddəsi

Saxlandığı yer: 13 saylı Cəzaçəkmə Müəssisəsi.

İş üzrə qısa arayış: 31 yaşlı cənab Əbilov həbsindən əvvəl Facebook sosial şəbəkəsində populyar olan və populyarlığı artan “Yaltaqlara Dur Deyək” səhifəsinin, o cümlədən digər sosial şəbəkələrdə müxtəlif tənqidi səhifələrin admini olub. Cənab Əbilov 9 oktyabr 2013-cü il tarixdə keçirilən Prezident seçkilərindən sonra Facebook-da seçki saxtakarlıqları ilə bağlı səhifə də yaradıb və onu həbs edilənə qədər idarə edib, bu səhifədə seçkilərdə saxtakarlıqları göstərən foto və video materiallar, o cümlədən digər sənədlər geniş şəkildə yayılmışdır. Noyabrın 22-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilən sosial şəbəkə fəalı bu idarəyə aparılıb. Onun barəsində 3 aylıq həbs qətimkan tədbiri saxlanmasından bir gün sonra, yəni noyabrın 23-də Nərimanov rayon Məhkəməsi tərəfindən seçilib, o bu qərardan sonra istintaq təcridxanasına göndərilməli olan halda yenidən polis idarəsinə gətirilib və qanunsuz olaraq noyabrın 27-ə kimi burada saxlanılıb. Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədov noyabrın 29-da həbs tədbirinin seçilməsi barədə qərarı qüvvədə saxlayıb.

Cənab Əbilovun evdə olan gödəkçəsinin cibindən narkotik maddə - 4 qram heroinin tapıldığı iddia olunub (bu ittiham son bir neçə il ərzində çoxsaylı fəallara qarşı istifadə edilir) və evdə axtarış aparan polislər evə gəldikdən sonra ilk olaraq cənab Əbilova məxsus noutbuku götürüblər. Bir neçə saat sonra isə Facebook-da cənab Əbilovun admini olduğu “Yaltaqlara Dur Deyək” səhifəsi bağlanıb. Əbilov həbs olunan gün onun evdə olan qaynı Ramil Əhədov da polis idarəsinə aparılıb. İdarədə ondan Facebook-da olub-olmadığını soruşublar, lakin sonradan heç bir izahat almadan sərbəst buraxıblar.

Noyabrın 29-da keçirilən məhkəmə zamanı cənab Əbilov çıxış edərək bildirib ki, ona açıq şəkildə Facebook-dakı yazılarına görə həbs edildiyini deyiblər. O, küçədə qandallanaraq polis tərəfindən evlərində axtarış aparmaq üçün ora gətirildiyini, evdə çox adamın olduğunu görüb narkotik maddəni evə yox, evdə otaqlardan birində asılan gödəkçədən tapıldığını iddia edərək sənədləşdirdiklərini, polis idarəsində psixoloji təzyiqlərə məruz qaldığını, döyüldüyünü və bununla da öz əleyhinə etirafedici ifadələr verməyə məcbur olunduğunu vurğulayıb. Əbilovun yaxınları və vəkili Elçin Sadıqov da işin siyasi olduğunu, cənab Əbilovun heç bir mötəbər sübut olmadan həbs edildiyini bildiriblər.

Cənab Əbilov Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 may 2014-cü il tarixli qərarı ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir.


  1. Əliyev Nicat Nazim oğlu





Saxlanma tarixi: 21 may 2012-ci il

İttiham: CM-nin 167.2.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma), 234.1 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 281.2 (bir qrup şəxs tərəfindən hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.3-cü (mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri

Saxlandığı yer: 2 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: Cənab Əliyev dini yönümlü tənqidi www.azadxeber.az veb-səhifəsinin baş redaktorudur. Cənab Əliyevin həbsindən qabaq bu saytda hökumətin dini sahədə apardığı siyasətini, habelə Avroviziya-2012 mahnı yarışmasına həddən artıq maliyyənin ayrılmasını, o cümlədən Bakıda gey-paradın keçirilmə ehtimalını tənqid edən materiallar çap edilmişdir. Mahnı yarışması ərəfəsində bu materialları, o cümlədən ruhanilər Abgül Süleymanov və Tale Bağırovun çıxışlarını əks etdirən diskləri şəhərin müxtəlif yerlərində yaydıqdan dərhal sonra cənab Əliyev və onunla birlikdə daha bir neçə nəfər şəxs həbs edilib.

Jurnalistə qarşı ilkin olaraq adətən fəallara qarşı “növbətçi” ittiham kimi istifadə edilən narkotik maddə ittihamı irəli sürülmüşdür. Həbsindən yalnız 8 ay sonra, 2013-cü ilin yanvarın 23-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) siyasi məhbuslar üzrə məruzəçi cənab Ştrasserin siyahısının əleyhinə səs verdikdən və nəticədə məruzəçi mandatı dayandırıldıqdan 2 gün sonra, yanvarın 26-da cənab Əliyevə qarşı daha ağır 3 yeni ittiham irəli sürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 dekabr 2013-cü il tarixli qərarı ilə cənab Əliyev 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (prokuror öz çıxışında jurnalistin məhz 10 il azadlıqdan məhrum edilməsini istəmişdi ki, məhkəmə də bu istəyi olduğu kimi təmin etmişdir). Bakı Apellyasiya Məhkəməsi 27 iyun 2014-cü il tarixdə bu hökmü dəyişdirmədən qüvvədə saxlamışdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Nahid Məmmədov ekspert kimi işə cəlb edilib və yayılan disklərdəki çıxışlarda milli ədavəti qızışdıran nüanslar olduğunu müəyyən edib, bununla belə ekspert bu nüansların detallarını məhkəmədə izah edə bilməyib. Belə nüansların olduğu təqdirdə həmin çıxışlar jurnalist tərəfindən deyil, işdə adı keçməyən başqa şəxslər tərəfindən edilib, bununla belə jurnalist bu cür çıxışlar etməkdə təqsirli bilinib. Jurnalistin evindən götürülən və dini ekstremizmi təbliğ edildiyi iddia edilən Ərşad Əzimzadənin “Möcüzəsiz möcüzə” kitabı isə insan orqanizminin ac qalmaqla müalicəsi barədədir, kitab Azərbaycanda çap edilib və rəsmi şəkildə qadağan olunmayıb, bununla belə ekspertiza bu kitabın idxal edildiyini və dini ekstremizmə çağırışları əks edildiyi barədə jurnalistin əleyhinə olan rəy verib. Məhkəmə prosesində ekspertiza rəyi elan edilərkən və ekspert suallara cavab verərkən rəyin sifarişlə hazırlandığı açıq şəkildə müşahidə edilib. Məhkəmə prosesləri zamanı jurnalistin özü, o cümlədən vəkili Yalçın İmanov da cənab Əliyevin həbs edilən zaman polis tərəfindən işgəncəyə məruz qaldığını, ağır xəsarətlər verildiyini bəyan etsələr də, bu iddialar araşdırılmayıb.

Cənab Əliyev ailəlidir, toyundan cəmi 23 gün sonra həbs edilib. Amnesty İnternational təşkilatı jurnalistə qarşı ittihamları şübhəli adlandırıb3.




  1. Həşimli Pərviz Kamran oğlu


Saxlanma tarixi: 17 sentyabr 2013-cü il

İttiham: CM-nin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri

Saxlandığı yer: 13 saylı Cəzaçəkmə Müəssisəsi.

İş üzrə qısa arayış: “Bizim yol” qəzetinin əməkdaşı və www.moderator.az xəbər saytının, o cümlədən hüquq müdafiə təşkilatı olan Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzinin rəhbəri olan cənab Həşimli sentyabrın 17-i axşam saatlarında Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən saxlanılıb, onun evində və əməkdaşı olduğu “Bizim yol” qəzetinin redaksiyasında axtarış aparılıb, jurnalistin redaksiyadakı kompüteri və digər əşyaları müsadirə edilib. MTN jurnalistin evində axtarış zamanı silah-sursatın tapıldığını bildirib. Yayılan rəsmi məlumatda o da bildirilib ki, cənab Həşimli digər təqsirləndirilən şəxs Təvəkkül Qurbanovla birlikdə qabaqcadan əlbir olaraq satış məqsədilə İran vətəndaşlarından külli miqdarda silah və döyüş sursatını qaçaqmalçılıq yolu ilə gömrük nəzarətindən kənar İran ərazisindən Azərbaycana keçirib, qanunsuz olaraq daşıyıb, gəzdirib və saxlayıblar.

Jurnalistin (eyni zamanda hüquq müdafiəçisi) barəsində sentyabrın 18-də Səbail rayon Məhkəməsinin qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib, o, məhkəməyə nümayişkaranə tərzdə - başına torba salınmış vəziyyətdə gətirilib. Bu məhkəmə zamanı cənab Həşimli saxlanılarkən kobud rəftar nəticəsində ayağından zədə aldığını, MTN-də işgəncə veriləcəyi ilə hədələndiyini bildirib. Jurnalistin həbs edildiyi gün onun evində axtarışı MTN-nin çoxsaylı əməkdaşı aparıb, evdə cənab Həşimlinin hamilə həyat yoldaşının və onun 5 yaşlı qızının olmasına baxmayaraq, MTN əməkdaşları silahlı olublar və axtarış zamanı silahları yığışdırmayıblar, axtarış haqqında məhkəmə qərarı olsa da, axtarışa gələnlər qapını döymək əvəzinə ilk öncə pəncərədən içəri keçməyə cəhd göstəriblər. Mənzilin yerləşdiyi həyətdə və mənzilin içində işlək vəziyyətdə təhlükəsizlik kameralarının olduğunu aşkarladıqdan sonra bu kameralar sındırılıb. Axtarış zamanı jurnalistin həyat yoldaşı qonşularının, o cümlədən artıq mənzilin yaxınlığına gələn jurnalistlərin evə dəvət olunmasına çağırışlar etsə də, buna məhəl qoyulmayıb. Axtarış bitdikdən və evin qapıları dərhal açıldıqdan sonra jurnalistin həyat yoldaşı çöldə olan və axtarışın bitməsini gözləyən jurnalistlərə və hüquq müdafiəçilərinə onların evinə silah-sursatın atıldığını bildirib.

Jurnalist onun barəsində seçilmiş həbs qətimkan tədbirinin artırılması və verilən şikayətlər zamanı keçirilən bütün məhkəmə proseslərində MTN-nin İstintaq Təcridxanasında tək kamerada saxlandığını, ona qarşı müxtəlif təzyiqlərin olduğunu, prinsipial mövqeyi olan vəkildən imtina etməsi üçün ərizə yazdırmaq istədiklərini, gecə otaqda işığın söndürülmədiyini bildirmişdir. Bununla belə, Amnesty International təşkilatı tərəfindən vicdan məhbusu kimi tanınan jurnalistin bütün bu şikayətlərinə həm məhkəmə tərəfindən, həm də jurnalistin və onun yaxınlarının müraciət etdiyi rəsmi şəxslər tərəfindən məhəl qoyulmamışdır4.

Cənab Həşimlinin işi Bakı Ağır Cinayətlər Məhkəməsinə 2014-cü ilin fevralında göndərilmişdir və bu işə baxmaq üçün hakim kimi əvvəllər MTN-nin müstəntiqi olmuş Novruz Kərimov təyin edilib.

Cənab Həşimli bu hakimin 15 may 2014-cü il tarixli qərarı ilə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.


  1. İsmayılova Xədicə Rövşən qızı.



Saxlanma tarixi : 05 dekabr 2014 cü il.

İttiham: CM-nin 125-ci (özünüöldürmə həddinə çatdırma), 179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri  maddəsi ilə ittiham irəli sürülüb.

Saxlandığı yer: 4 saylı Cəzaçəkmə Müəssisəsi (qadınlar üçün)

İş üzrə qısa arayış: Xədicə İsmayılova 20 ilə yaxındır ki, jurnalist fəaliyyəti ilə məşğul olub, bir sıra müstəqil Kütləvi İnformasiya Vasitələrində çalışıb. O, Azadlıq Radiosunun Bakı bürosunun rəhbəri, sonra isə büronun ictimai-siyasi verlişinin aparıcısı olub.

Öz yazılarına görə 2001-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin Zərdabi mükafatına layiq görülmüşdür. 24 oktyabr 2012-ci il “Jurnalistikada Qəhrəmanlıq” mükafatına layiq görülüb. 2012-ci ilin fevralında “Gerd Buserius” adına mükafatı alıb.

Xədicə İsmayıl “Exo”, “Caspian Business News”, “Eurasinaet.org”, “Washington Times”, “BBC”, “Deutche Welle”, “Voice of America” (Amerikanın Səsi) kimi kütləvi informasiya vasitələri üçün siyasi və iqtisadi mövzularda yazılar yazıb.
Bundan əlavə o, Azərbaycan prezidenti İlham Əliyevin və ailə üzvlərinin gizli biznesləri haqda, həmçinin digər yüksək çinli məmurların gizli biznesi haqda onlarla araşdırma yazılarının müəllifidir.

X.İsmayılın həbsi Tural Mustafayevin intihara cəhdinin istintaqı ilə əlaqədardır. 1984-cü təvəllüdlü Mustafayev Tural Bulud oğlu “siçan dərmanı” adlanan maddəni içərək özünə qəsd etməyə çalışıb. Tural Mustafayev sonra bir necə dəfə video açılama yayaraq, Xədicə İsmayıla qarşı olan şikayətindən imtina etdiyini və şikayət ərizəsini prokurorluq orqanlarının təzyiqi altında yazdığını bildirib. O, qeyd edib ki, X.İsmayılın əleyhinə ifadə vermək üçün hüquq mühafizə və xüsusi xidmət orqanları ona təzyiqlər ediblər.



Qeyd: X.İsmayılova ilə əlaqədar başqa istintaq və məhkəmə işləri də olub. Belə ki, 2014-cü ilin fevral ayının 17-də Xədicə İsmayılova “Facebook” şəbəkəsində Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olduğu ehtimal edilən material yayıb. Materialda MTN-in müxalifət partiyalarına casus yerləşdirməsindən bəhs olunur. Jurnalist materialı ona hazırda Fransada yaşayan sabiq MTN zabiti Ramin Nağıyevin 2011-ci ildə ötürdüyünü deyir. Sözügedən materialla əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb. İstintaqın gedişi zamanı Xədicə İsmayılovanın ölkədən çıxmasına məhdudiyyət də qoyulmuşdu.

Həbsindən sonra X.İsmayıla qarşı yeni ittihamlar - Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri  maddəsi ilə ittiham irəli sürülüb.


X.İsmayıl, onun vəkilləri ona qarşı irəli sürülən ittihamları rədd edirlər və siyasi xarakterli olduğunu bildirirlər.
1 sentyabr 2015-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə X.İsmayıla hökm oxunub. Məhkəmə Xədicə İsmayıla Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə bəraət verilib.  Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddələri ilə yekun olaraq 3 ay müddətinə rəhbər vəzifə tutmaqdan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb.


  1. Seymur Həzi Məşgül oğlu.



Saxlanma tarixi: 29 avqust 2014 cü il.

İttiham: CM-nin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi.

Saxlandığı yer: 17 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: “Azadlıq” qəzetinin şərhçisi, "Azərbaycan saatı" proqramının aparıcısı, AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzi 2014-cü ilin avqust ayının 29-da saxlanılıb. Ceyranbatan qəsəbəsində Məhərrəm Həsənova adlı şəxs S.Həziyə yaxınlaşaraq sosial şəbəkədə göndərdiyi mesaja cavab verməməsinin səbəbini soruşub və "cavab gözləmədən" S.Həziyə hücum edib.

Bundan bir neçə dəqiqə sonra S.Həzi əraziyə gələn polislər tərəfindən saxlanılıb.

2014-cü ilin avqust ayının 30-da Abşeron rayon Məhkəmənin qərarı ilə S.Həzi barəsində 2 ay həbs-qətimkan tədbiri seçilib.

2015-ci ilin yanvar ayının 29-da Abşeron Rayon Məhkəməsində hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən prosesdə S.Həzi haqqında 5 il azadlıqdan məhrumetmə hökmü çıxarılıb. S.Həzinin əleyhinə ifadə verən Məhərrəm Həsənov isə 6 ay azadlıqdan məhrum edilib.



5 sentyabr 2015-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsi Seymur Həzinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətini təmin etməyib.

Məhkəmə prosesi zamanı vəkilləri və S.Həzi ona qarşı irəli sürülən ittihamı qəbul etməyib, ittihamı siyasi sifarişlı olduğunu bildiriblər.




  1. Quliyev Araz Faiq oğlu





Saxlanma tarixi: 9 sentyabr 2012-ci il

İttiham: CM-nin 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 283.1 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələri

Saxlandığı yer: 14 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: Cənab Quliyev Masallıda yerləşən www.xeber44.com internet qəzetin baş redaktorudur, bu saytda yayılan məqalələr əsasən hakimiyyətin din sahəsində apardığı siyasətin tənqidinə, o cümlədən Masallı rayonunda olan sosial problemlərə həsr edilirdi. Bu saytdakı fəaliyyətinə görə cənab Quliyev həbs edildiyi tarixdən əvvəl də dəfələrlə polis bölməsinə aparılıb, ona fəaliyyətinin dayandırmalı olduğu barədə xəbərdarlıq edilib. Bu cür xəbərdarlıq yerli icra hakimiyyəti tərəfindən də dəfələrlə olunub. Həbsindən 2 gün əvvəl, yəni 2012-ci il sentyabrın 6-da cənab Quliyev və onunla birlikdə olan Masallı sakini cənab Ağalı Rza Qorxmaz oğlu polis və mülki geyimdə olan şəxslər tərəfindən saxlanılaraq döyülüblər və Masallı rayon Polis Şöbəsinə aparılıblar. Onlar rəis müavini Əlifağa Kazımovun göstərişi ilə gecə saat 03.00 radələrində sərbəst buraxılıblar.

Sentyabrın 8-də isə saat 21 radələrində cənab Quliyev digər Masallı sakini Tahirov Ziya İbrahim oğlu ilə birlikdə Masallıda keçirilən folklor festivalı çərçivəsində Nizami parkında təşkil edilmiş diskotekaya etiraz ediblər və tənqidi material hazırlamaq məqsədilə əlavə məlumat almaq üçün təşkilatçıları axtarmağa başlayıblar. Lakin ərazidə olan polislər hər iki şəxsi ərazidən uzaqlaşdırıb. Bundan 2 saat sonra yenə həmin əraziyə qayıdan cənab Quliyev və cənab Tahirov diskotekanın sona çatdığını və park ətrafında yalnız polis maşınının olduğunu görmüşlər. Polis maşını onlara yaxınlaşmış və rəis müavini Əlifağa Kazımov onlarla 30 dəqiqəyə qədər söhbət etdikdən sonra ərazini tərk etmişdir. Bundan dərhal sonra 25-30 nəfərlik mülki geyimli dəstə əraziyə gələrək onları təhqir etməyə və daş atmağa başlamışdır, az sonra hadisə ərazisinə gələn polislər hər iki şəxsi döyərək həbs etmişlər. Jurnalistə qarşı xuliqanlıq və polisə müqavimət maddələri ilə ittiham irəli sürülmüşdür. Jurnalistin həbsindən yalnız 11 gün sonra, yəni sentyabrın 20-də onun evində axtarış aparılmış və evdən cənab Quliyevə məxsus olan qumbaranın tapıldığı iddia edilmişdir. 2012-ci ilin dekabrında cənab Quliyevə qarşı baş redaktoru olduğu internet qəzetdə yayılan məqalələrdə dini düşmənçiliyin salınması, ictimai asayişin pozulması, silah saxlama, dövlət bayrağının təhqir edilməsi kimi maddələrlə ittiham irəli sürülmüşdür. Jurnalist Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2013-cü il qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi 09 yanvar 2014-cü il, Ali Məhkəmə 04 iyul 2014-cü il tarixində hökmü dəyişdirmədən qüvvədə saxlamışdır.



Jurnalistin evində axtarış məhkəmə qərarı olmadan və özünün iştirakı təmin edilmədən aparılıb, axtarış zamanı hal şahidi kimi iştirak etmiş şəxslərin məhkəmədə verdiyi izahatlarla istintaqa verdiyi izahatlar arasında ciddi fərqlər olub, məhkəmə araşdırması zamanı məlum olub ki, hal şahidlərindən biri Şirəliyev Nahid nə oxumağı, nə də yazmağı bacarır (halbuki axtarış haqqında protokola imza atıb və qumbaranın aşkar edildiyini təsdiqləyib), o, işlədiyi fəhlə bazarından həmkarı ilə birgə hal şahidliyi etmək üçün polislər tərəfindən aparıldıqlarını və bunun əvəzində onların hər birinə 20 AZN verildiyini Şirvan Apellyasiya Məhkəməsində bildirib. Zərərçəkmiş kimi tanınan şəxslərin heç biri cənab Quliyevlə istintaq zamanı üzləşdirməyiblər, onların çoxu polis əməkdaşlarıdır və hamısı məhkəmədə eyni ifadəni verməklə kifayətləniblər, buna baxmayaraq, faktiki olaraq jurnalistin polislərə xəsarət yetirdiyini sübut edən heç bir dəlil ortaya çıxmayıb. Cırılaraq təhqir edildiyi iddia olunan dövlət bayrağı da maddi sübut kimi cinayət işinin materiallarında aşkarlanmayıb.



  1. Həsənov Tofiq Xasay oğlu

Saxlanma tarixi: 12 oktyabr 2015-ci il
  1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə