Mündəricat




Yüklə 90.47 Kb.
tarix23.02.2016
ölçüsü90.47 Kb.
Mündəricat
Giriş......................................................................................................4

Əsas hissə.............................................................................................7

Nəticə..................................................................................................19

İstifadə edilmiş ədəbiyyatlar...............................................................22

Giriş
Yazıçı - dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadə 10 fevral 1869-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini əvvəlcə mollaxanada, sonra Naxçıvan şəhər məktəbində almışdır. 7 iyun 1887-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasını (Qori) bitirmiş, bir müddət İrəvan quberniyasının kəndlərində müəllimlik etmişdir(1887-1897).İlk məlum bədii əsəri sayılan “Çay dəstgahı”(1889) alleqorik pyesini, “Danabaş kəndinin əhvalatları” (1894-1936-cı ildə nəşr olunmuşdur) povestini də bu dövrdə yazmışdır. 1896-cı ildə ilk ailə həyatını qurmuşdur. 1897-ci ildə qızı Münəvvər anadan olmuş, həyat yoldaşı Həlimə xanım vəfat etmişdir. 

1895-ci ilin yayında Moskva və Sankt-Peterburqa getmiş, bu şəhərlərin mədəni həyatı ilə tanış olmuşdur. 1904-cü ildən Tiflisdə nəşr edilən “Şərq – Rus” qəzetinin redaksiyasında işləmişdir. Cəlil Məmmədquluzadənin yazıçı və jurnalist kimi püxtələşməsində “Şərqi – Rus” qəzetinin və onun redaktoru M.Şahtaxtlının mühüm rolu olmuşdur. 12 noyabr 1903-cü ildə “Poçt qutusu” əsərini yazmışdır. 1904-cü ildə həmin əsər “Şərqi-Rus” qəzetində çap olunmuşdur. “Kişmiş oyunu”, L.Tolstoydan tərcümə etdiyi “Zəhmət, ölüm və naxoşluq” hekayələri əvvəlcə bu qəzetdə dərc edilmişdir. 

1904-cü ilin noyabrından Cəlil Məmmədquluzadə “Şərqi – Rus" qəzetinin müvəqqəti redaktoru olmuşdur. 1905-ci ilin əvvəllərində “Şərqi – Rus” bağlananda Cəlil Məmmədquluzadə, jurnalist Ömər Faiq Nemanzadə və maarifpərvər tacir M.Bağırzadə ilə birlikdə bu qəzetin mətbəəsini alıb ona
“Qeyrət” adı vermişdir. Həmin ildə Cəlil Məmmədquluzadə Tiflisdə azərbaycanlı uşaqlar üçün məktəb və pansion açmışdır.

7 aprel 1906-cı ildə, Tiflisdə “Molla Nəsrəddin” jurnalının ilk nömrəsi çapdan çıxır. Müəyyən fasilələrlə nəşr olunan jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1920-1921-ci illərdə 8 nömrə ilə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr olunmuşdur. 

“Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla Cəlil Məmmədquluzadə Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoydu. Həmin vaxtdan Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” adı ilə məşhur oldu. Ö.F. Nemanzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi, Ə.Qəmküsar kimi yazıçılar və jurnalın ilk saylarının rəsmlərini çəkmiş rəssam O.Şmerlinq, J.Rotter, Ə.Əzimzadə və b. ilə Cəlil Məmmədquluzadə arasında möhkəm ideya-yaradıcılıq əlaqələri yarandı. Jurnalda təbliğ olunan dərin demokratiya və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırmışdı. Mollanəsrəddinçilər Yaxın və Orta Şərqdə “Molla Nəsrəddin məktəbi” adlı qüdrətli mətbuat məktəbi yaratmışdılar. Jurnalın Rusiya ilə yanaşı, Asiya, Avropa və Amerikanın bir sıra ölkələrində abunəçiləri var idi.Cəlil Məmmədquluzadənin zəngin bədii irsi, onun “Molla Nəsrəddin” jurnalı Yaxın və Orta Şərqdə, xüsusilə İran və Türkiyədə ədəbi-ictimai fikrin, inqilabi-demokratik hərəkatın inkişafına qüvvətli təsir göstərmişdir.

15 iyun 1907-ci ildə Həmidə xanım Əhmədbəy qızı Cavanşirlə ailə həyatı qurmuş və oğlanları Midhət və Ənvər dünyaya gəlmişdir.

Cəlil Məmmədquluzadənin yaradıcılığı sənətkarlıq cəhətdən novator və demokratik mahiyyətindədir. O, publisistikası, nəsr və dram əsərləri ilə Azərbaycan ədəbiyyatını yalnız məzmunca deyil, formaca da zənginləşdirmişdir. Cəlil Məmmədquluzadə, xüsusilə kiçik hekayə janrının misilsiz ustasıdır. Onun ən yaxşı hekayələri çox mühüm sosial mətləbləri son dərəcə yığcam bir şəkildə, məharətlə əks etdirmək baxımından dünya ədəbiyyatının kamil nümunələri ilə bir sırada durur.

Cəlil Məmmədquluzadə “Yeni yol” qəzetinin redaktoru, Umumittifaq Mərkəzi Yeni Əlifba Komitəsinin üzvü, Bakı Azad Tənqid-Təbliğ Teatrının təşkilatçılarından olmuş, “Maarif və mədəniyyət”, “Yeni kənd”, “Şərq qadını” və s. mətbuat orqanlarında fəaliyyət göstərmişdir.



Onun “Poçt qutusu”, “Usta Zeynal”, “İranda hürriyyət”, “Qurbanəli bəy”,“Molla Fəzləli”, “Xanın təsbehi” kimi hekayələri, məşhur “Ölülər” komediyası Azərbaycan realizmi və satirası tarixində şərəfli yer tutur. Yaradıcılığında milli şüur (“Anamın kitabı”, 1919), məktəb tərbiyəsi, ümumiyyətlə xalq maarifi (“Danabaş kəndinin məktəbi”, 1921) problemlərinə geniş yer verilmişdir. “Dəli yığıncağı” (1936-cı ildə nəşr olunmuş, 1977-ci ildə tamaşaya qoyulmuşdur) pyesində feodal-patriarxal münasibətlər, din və fanatizm kəskin tənqid atəşinə tutulmuşdur. Cəlil Məmmədquluzadənin realizmi böyük bədii ümumiləşdirmə və tipikləşdirmə qüvvəsinə malikdir.Cəlil Məmmədquluzadə 4 yanvar 1932-ci ildə Bakı şəhərində vəfat etmişdir. Qəbri “Fəxri Xiyaban”dadır.

Əsas hissə

C.Məmmədquluzadənin ədəbi-ictimai fəaliyyətinin əsas hissəsini publisistikası təşkil edir. Ədibin publisistikası yaradıcılıq növünə geniş və həm də bütün həyatı boyu müraciət etməsi təsadüfi deyildi. Bu hər şeydən əvvəl publisistika yaradıcılıq növünün çevik təbiətilə, onun daha kəskin və daha fəal ifadə vasitələrinə malik olması imkanları ilə bağlı idi. C.Məmmədquluzadə hələ XX əsrin ilk illərində publisistikaya müraciət etmişdi. Onun 1903-1905 illərdə “Kaspi”, “TИФЛИССКИЙ JIИCTOK”, “Bозрождение”, “Kaвказский рабочий листок” və “Şərqi-Rus” kimi qəzetlərdə dövrün müasir siyasi-ictimai hadisələri mövzusunda bir sıra məqalələri çıxır. Əlbəttə, Mirzə Cəlilin publisistikasının ən parlaq dövrü onun 1906-1931 illərdə Tiflis, Təbriz və Bakıda nəşr etdirdiyi satirik “Molla Nəsrəddin” jurnalı ilə bağlıdır. 

Ədibin publisistikasının ideya-estetik özünəməxsusluğunu görmək üçün hər şeydən əvvəl “Molla Nəsrəddin” jurnalının 1906 il 7 aprel tarixli birinci nömrəsinə baxmaq lazımdır. Bu nömrədə Mir Cəllinin ictimai idealları və publisist sənətkarlığının demək olar ki, bütün başlıca xətləri verilmişdir. Bu xətt xalqı feodal həyat tərzindən uzaqlaşdırmaq, onda milli mənlik və milli-azadlıq düşüncəsi yaratmaqda özünü göstərir. Öz ideallarını ifadə etmək üçün Mirzə Cəlil jurnalın səhifələrində xalqın gündəlik həyatında təsadüf edilən yüzlərcə fakt və hadisələrə müraciət edir, bütün bunları ən qısa, ən çevik, sadə danışıq dilinin ən kütləvi üslubunda ifadə edirdi. Mirzə Cəlil publisistikanın demək olar ki, bütün janrlarında əsərlər yazmışdı. Lakin felyeton onun publisistikasının başlıca janrı idi.Eləcə də qısa hekayələr xüsusilə seçilirdi. Bu felyetonlarda və hekayələrdə günün konkret adamları və hadisələri satirik gülüş ilə tənqid və islah edilir. Mirzə Cəllilin tənqid və gülüşü hakim sosial zümrələrdən olan adamlara qarşı daha kəskin idi. Məhz belə sinfi mövqeyin nəticəsindədir ki, onun publisistikasında dövrün ayrı-ayrı adamlarının adi, keçici qüsurları bəzən ifrat dərəcədə tənqid edilirdi. Lakin bütün bu cəhətlərinə baxmayaraq Mirzə Cəlilnin satirik publisistikası özünün böyük ictimai idealları və parlaq ədəbi-bədii formaları ilə dövrün onlarca söz sənətkarını öz təsiri altına alır. Mirzə Cəlilnin publisistikası məktəbinin təsiri altında Bakıda “Bəhlul”, “Zənbur”, “Mirat”, “Arı”, “Tuti”, “Babayi-Əmir”, “Şeypur” və b. satirik publisistik orqanları yaranmışdı. Mirzə Cəlilnin publisistika üslubu Azərbaycan ədəbiyyatının demək olar ki, bütün ədəbi növlərində bir ictimai fəallıq və mübarizlik əhval-ruhiyyəsi yaradırdı. 

Mirzə Cəlilnin 1921 ildə Təbrizdə, əsasən, özü tərəfindən yazılıb, nəşr edilən “Molla Nəsrəddin” jurnalındakı publisistik nümunələrin hər biri bir bomba kimi partlayırdı. Onun bədii yaradıcılığı kimi, publisist irsi də janr və forma cəhətdən orijinal, rəngarəngdir. C.Məmmədquluzadə dühası burada müxtəlif, bir-birindən uğurlu, bir-birindən təsirli və ibrətamiz məzmun çalarları, üslub xüsusiyyətləri almışdır. O, dərin məzmunlu, məzəli, zarafatyana, düşündürücü, qəmli felyetonları, süjetli oçerkləri, kəsərli, işgüzar məktubları, kiçik miniatürləri, sual-cavab şəklində yazıları ilə dövrünün Azərbaycan milli publisistika məktəbinin ən görkəmli siması olmuşdur. O, yeni dövrün Azərbaycan Molla Nəsrəddini idi.

Publisist Məmmədquluzadənin yazılmamış, amma iş zamanı yaranmış mükəmməl proqramı vardı ki, oraya, məsələn, bu cür vəzifələr, mövzular, işlər daxil idi: ədəbiyyat və mətbuat aləmində yazı yazmağın ən birinci qanunu hər bir kəsin asan və tezliklə başa düşə biləcəyi əsərlər yaratmaqdır. Vəzifə: xalqı vətən yolunda əlahiddə səy və qeyrət göstərməyə ruhlandırmaqdır. Vəzifə: müsəlman qardaşın novruzəlilik və usta zeynallığına, yəni gerilik, avamlıq və mövhumatçılığına son qoymaq, onun mənəvi qüvvələrini inkişaf etdirməkdir; Molla Nəsrədddin kimi haqq və həqiqəti dost tutmaq, böyükləri özündən incitməkdən qorxmamaqdır; təkcə köhnəliyi dağıtmaqla yox, eyni zamanda, yeniliyi qurmaqla məşğul olmaq, xalqa nicat yolunu göstərməkdir.

          Ədibin publisist əsərləri “Kaspi”, “Kafkaz”, “Şərqi-rus”, “Həyat”, “İrşad”, “Vozrojdeniye” və s. mətbuat orqanlarında, ən çox isə “Molla Nəsrəddin” jurnalında nəşr olunmuşdur.  Məmmədquluzadə publisistikası həm həyati, həm də elmi-nəzəri bünövrə üzərində yaranıb inkişaf etmişdir. O, XIX əsrin və öz zəmanəsinin məşhur publisist və nəzəriyyəçilərinin mətbuat məsələlərinə dair qiymətli əsərləri ilə tanış idi və yeri düşdükcə onları hörmətlə yad edirdi.

Milli mətbuatda publisistikanın müasir problemlərinin əməli həllinə, xüsusilə “Molla Nəsrəddin”də böyük yer verirdi. Onun “Azərbaycan”, “Millət”, “Mikroblar”, “Mustafa bəy Əlibəyov”, “Füyuzat”, “Necə qan ağlamasın daş bu gün”, “Filosoflar”, “Əhməd bəy Ağayev cənablarına”, “Rəhbər”, “İrşad”, “Tərcümanın fitvası”, “Tarix”, “Haman söz”, “Qəzetlərdən”, “İrani-nov”, “Hacı İbrahimov” və s. məqalələri bu jurnalda nəşr olunmuşdur.

“Azərbaycan” məqaləsi Cəlil Məmmədquluzadənin azərbaycançılıq konsepsiyasının bəyannaməsidir: “Bəzi vaxt otururam və papağımı qarşıma qoyub fikrə gedirəm, ... özümdən soruşuram ki:

Mənim anam kimdir?

Öz-özümə də cavab verirəm ki:

Mənim anam rəhmətlik Zöhrəbanu bacı idi.

Dilim nə dilidir?

Azərbaycan dilidir.

Yəni Vətənim haradır?

Azərbaycan vilayətidir.

Haradır Azərbaycan?

Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən. Qalan hissəsi də Gilandan tutub, Qədim Rusiya hökuməti ilə Osmanlı hökuməti daxilindədir” (12).

        Cəlil Məmmədquluzadə Azərbaycan xalqı üçün vətən, millət və ana dilindən başqa özgə nicat yolu olmadığını var gücü ilə car çəkmişdir. Vətən, millət və dil məsələləri Cəlil Məmmədquluzadə yaradıcılığının əsas sütunlarıdır. Ədib bu fikirdə idi ki: “dünya və aləm dəyişdi, mənalar özgə tədbir əxz elədi. Yəni bizim dilcə söyləsək, o şeylər ki, əsl mənalarını itirmişdi, qayıdıb əslini tapdı, ... hamı buna qadir oldu ki, Vətən, vətən, vətən, dil, dil, dil, millət, millət, millət! Dəxi bu dairədən kənar bəni-noi-bəşər üçün özgə nicat yolu yoxdur” (12).

Bu əsərlərdə irəli sürülən və böyük ustalıqla şərh olunub əsaslandırılan çoxlu problemlərin burada ancaq bir qismini göstərmək mümkündür. Ədibin fikrincə, hər bir qələm sahibinin “öz müqəddəs vəzifəsi var: birinci növbədə, millətin xoşbəxtliyi yolunda xidmət etmək”. Vətənin və xalqın halına qalıb qayğısını çəkmək, oxucuya tərəqqi və demokratiya uğrunda mübarizə ideyaları aşılamaq hər bir vicdanlı qələm sahibinin borcudur. Daxili siyasətində məzlum millətlərin düşməni olan, onların arasına ayrı-seçkilik, ögey-doğmalıq salan imperiya əleyhinə başlanmış mübarizədə qeyrətlə, fədakarlıqla iştirak etmək lazımdır. Hər bir millət öz həyatını özü istədiyi kimi, ədalətli əsaslarla qurmalıdır.

Söz yox ki, buna nail olmaq çox çətin, mürəkkəb məsələ idi və bunu Məmmədquluzadə yaxşı bilirdi. O yazırdı ki, “müsəlman qardaşlar”ın böyük bir hissəsi istiqlaliyyət və konstitusiyaya nail olmağın yollarını bilmədiyindən, hətta dost-düşmənin tanımadığından ən əvvəl onların siyasi görüşlərinin inkişafı barədə fikirləşmək lazımdır. Bizim qulağımızı lap uşaqlıqdan, beşikdə olanda “şeytan”, “xortdan”, “cin”, “qulyabanı” kimi mövhumi sözlərlə doldurublar. Çoxumuzun cəmiyyət qanunları barədə təsəvvürümüz ya yoxdur, ya da tamam zəifdir. Çoxumuz həyatda rastlaşdığımız yaramazlıqları “Allah işi”, ya da “Allahın bizə qəzəbi” kimi başa düşürük ki, bu, başımızın altına yastıq qoyur.

Cəmiyyətin ümumi mənzərəsini, ümumi dərdlərini göstərməklə bərabər, Məmmədquluzadə və qələm dostları konkret müqəssirlər, xatakarlar, qarnıyoğunlar barədə də kəsərli yazılar və karikaturalar çap etdirirdilər.

          Beləliklə, dövrün bu cür acı həqiqətləri Məmmədquluzadənin həm “Molla Nəsrəddin” jurnalında, həm də şəxsi yaradıcılığında “aclıq”, “ölülər”, “matəm”, “faciə” kimi mövzuları dönə-dönə işləməsinə səbəb olur, bu isə onun ancaq ilk  baxışda şən və ürəkaçan görünən gülüşünə çox vaxt bir qüssə, kədər gətirirdi. Satirasının bu cəhətini ədib özü yaxşı izah etmişdir: “Nə bilim, bu nədir – torpaq məsələsi; bu nədir – əmələlər acdırlar, kəndlilər torpaqsızdırlar, kəndlər şkolsuzdurlar; viran olub vətənimiz, elimiz … əzilib əngimiz, sınıb belimiz; bəs biz ağlamayaq, kimlər ağlasın?!” (13).

          Belə bir şəraitdə meydana çıxan “Molla Nəsrəddin”in xidməti o oldu ki, ilk nömrəsindən ana dilinin heç bir güzəştə getməyən, ardıcıl bayraqdarı oldu. Məmmədquluzadə jurnalın oxucularının çoxunun savadsız, avam olduğunu nəzərə alıb sadə, aydın dildə yazmağın vacibliyini möhkəm dərk etmişdi. Sonralar o öz xatiratında yazırdı ki, məqsədimiz dərdi-dilimizi hal-hazırda camaat başa düşən dildə ona yetirmək idi. Jurnalın dil siyasəti onun qonşu və qardaş Şərq xalqları, habelə Rusiya müsəlmanları arasında yayılmasına da imkan yaratdı.

          C.Məmmədquluzadə həm mənşəyi, həm həyatı, həm bədii yaradıcılığı, həm də publisistikasının əsas problemləri ilə daim Arazın o tayında yaşayan cənublu qardaş və bacıları ilə bağlı olmuşdur. Onun üçün bu bir neçə cəhətdən əhəmiyyətli idi.

İrana həsr etdiyi bədii və publisist əsərlərdə, cənub mövzulu əsərlərdə- hekayələrdə ədib bir tərəfdən qan qardaşlarına ağıllı məsləhətlər verir, o biri tərəfdən məharətlə Rusiya müsəlmanlarının “öz” dərd və ehtiyaclarına işarələr edirdi. “Təbrizdə dul övrətlərin, yetim və fəqirlərin” acından “torpaq yeməsi”, “Tehranda hüriyyət mücahidlərinin qanlarının küçələrdə su yerinə axması” münasibətilə o, “İranlılara”, “İran fəhlələrinin pulu hara gedir?”, “Məhəmmədəli şah və bütpərəstlər” kimi kəskin ruhlu felyeton və məqalələr yazmışdır. Bu əsərlərdən üçüncüsündəki “Heyf olsun sənə, ey mənim gözəl vətənim!” sözləri isə böyük yazıçının vətən məhəbbəti ilə birlikdə vətən dərdi də çəkdiyini göstərir.

Cəlil Məmmədquluzadənin redaktorluğu ilə “Molla Nəsrəddin” jurnalının Təbrizdə nəşr olunan sayları Cənubi Azərbaycanda həm milli azadlıq düşüncəsinin dərinləşməsinə, həm də realist-satirik ədəbiyyatın imkanlarının genişlənməsinə güclü təkan vermişdir.Mirzə Cəlilin 1905-ci ildən sonrakı yaradıcılığında , o cümlədən hekayələrində mühüm yer tutan mövzulardan biri İran və Cənubi Azərbaycan mövzusu olmuşdur.Bu məsələ vaxtilə Azərbaycanın qabaqcıl ictimai fikrinin nümayəndələrini- A.bakıxanovu, M.F.Axundovu, H.Zərdabini, N.Nərimanovu və başqalarını ciddi şəkildə məşğul etmişdir.Xüsusilə M.F.Axundovun məşhur “Kəmalüddövlə məktubları”nda İran həyatına, zülm və istibdadın tənqidinə geniş yer verilmişdir. Öz böyük sələflərinin mütərəqqi ən-ənələrini davam və inkişaf etdirən C.Məmmədquluzadə 1905-ci il inqilabının təsiri altında İranda demokratik hərəkatın genişləndiyi bir vaxt həmin məsələni daha konkret şəkildə qoymuşdur.Onun bu mövzuda yazdığı əsərlərindən “İranda hürriyyət”, “Molla Fəzləli”, “Konsulun arvadı”, “Xanın təsbehi” və başqalarını qeyd etmək olar.

Onun bu tipli əsərləri Azərbaycanın o tayında da fanatizm və cəhalət uğrunda mübarizəyə hərəkət verirdi.Cənublu həmvətənlərinin düçar olduğu, eləcə də Cənubi Azərbaycan cəmiyyətində hökm sürən ifrat dini fanatizmi, qatı cəhaləti, mövhumatı, nadanlığı, geriliyi və s. bu kimi keyfiyyətləri tənqid etmək və cəmiyyəti islah etmək kimi vətəndaşlıq borcu dövrünün qabaqcıl bir şəxsiyyəti olan Cəlili öldürücü, ifşaedici satiraya əsaslanan hekayələr yazmağa sövq edirdi.

Müəllifin Cənub mövzulu hekayələri içərisində “İranda hürriyyət” xüsusi ilə seçilir.1905-ci ilin axırlarında İranda və Cənubi Azərbaycanda inqilabi hərəkat başlandı.Xalq kütlələri yeni həyat uğrunda, məşrutə uğrunda mübarizəyə qalxdı. Uzun müddət gərgin mübarizədən sonra şah hökuməti genişlənməkdə olan inqilabın qarşısını almaq məqsədi ilə kiçik güzəştlərə getməyə məcbur oldu. Bu zaman dövrün bütün ictimai xadim və mütəfəkkirlərindən biri kimi C.Məmmədquluzadə öz fəaliyyətini məhz belə bir istiqamətdə yönləndirdi.O, şah hökumətinin verdiyi hürriyyətin mahiyyətini ifşa edir, xalq kütlələrini ardıcıl olmağa, kiçik və aldadıcı güzəştlərlə aldanmamağa, əsaslı demokratik islahat keçirilməsi uğrunda fəal və inadlı mübarizəyə çağırırdı.Bu cəhətdən “İranda hürriyyət” hekayəsi Mirzə Cəlilin cənub mövzulu hekayələri içərisində son dərəcə əhəmiyyətli və xarakterik bir əsərdir.

İranda hürriyyət” hekayəsi 1906- cı ilin dekabrında Tiflisdə, “Qeyrət” mətbəəsində eyniadlı kitabda dərc edilmişdir.Əsərin qəhrəmanı İrandan Qafqaza çörək qazanmaq üçün gələn məzlum fəhlə Kərbəlayi Məmmədəlidir. Vətənində arvad-uşağı qalsa da, o, burada yenidən evlənir. Hekayədə eybəcər siğə adəti -arvadı ola-ola yenidən evlənmə hadisəsi ifşa edilsə də, müəllifin əsas məqsədi Azərbaycanda və İranda xalqın öz azadlığına biganəliyini diqqət mərkəzinə çəkməkdir. Dünya xalqlarının azadlıq və demokratiya uğrunda mübarizəyə qalxdıği bir vaxtda Şərqdə hürriyyət yalnız pay, əşya kimi dərk edilirsə, bu, faciələrin nə qədər dərin olduğunu göstərir. Kərbəlayi Məmmədəli məhz bu təfəkkürlə İranda hürriyyət paylandığını eşidən kimi anasına məktub yazdırır ki, onun hürriyyət payını özünə, Qafqaza göndərsinlər. Hekayə müəlfifin öldürücü, lakin sakit, gizli gülüşünün böyüklüyünü, ciddiliyini və kəsərini əks etdirir. Qəhrəmanın faciəsi hekayədə bir neçə paralel xətt üzrə göstərilir: Məktub yazdırmaq səhnəsi, siğə, evlənmək ənənələri və nəhayət, ən normal insan hüquqlarının dərk edilməməsi və s. Kiçik bir hekayədə Cəlil Məmmədquluzadə XX əsrin başlanğıc illərində vilayətin şuluq vaxtında Azərbaycanın hər iki tayında hürriyyət düşüncəsinin əks-sədasını bütün təbiiliyi ilə canlandırmışdır: “Axı kim eşidibdi ki, o taydan bura hürriyyət gəlsin. O taydan bu üzə həna gələr, səbzə, badam içi gələr, tütün, çay, tiryək... belə zadlar gələr. Yoxsa vallah, mən ömrümdə bir dəfə də eşitməmişəm ki, hürriyyət gələ. Heç bu tərəflərdə hürriyyət alış-verişi eliyəni də mən eşitməmişəm”(13).

Cəlbedici hadisələrin fonunda ədib artıq “hürriyyət alış-verişi” etməyin zamanının gəlib çatdığından söz açmışdır. Yazıçının gəldiyi qənaət bundan ibarət idi ki, hər kəs “hürriyyət payını öz vətənində almalıdır”. Yəni azadlıq ixrac yolu ilə qonşu ölkələrdən hazır gələ bilməz. Bu hekayə ədibin “Poçt qutusu”, “Kişmiş oyunu”, “Qurbanəli bəy” adlı məşhur əsərləri ilə birgə dünya ədəbiyyatında hekayə janrının ən dəyərli və klassik nümunələrindən sayılmalıdır.



Ümumiyyətlə əsərə sənətkarlıq baxımımdan yanaşıldıqda, məntiqi süjet, bitkin kompozisiya, bədi estetik quruluş son dərəcə ustalıqla işlənmişdir.Ədib ekspozisiyadan əvvəl məkan təsviri ilə bahəm, bəzən insan təsvirlərini də ön plana çəkir. “İranda hürriyyət” əsəri də bu qəbildəndir. “İranda hürriyyət” istər yüksək ideyası, istərsə də bədii sənətkarlıq cəhətdən ədibin ən bitkin novellalarından biridir. Klassik novellaları səciyyələndirən bir sıra xüsusiyyətlər “İranda hürriyyət”də qabarıq şəkildə nəzərə çarpır. C.Məmmədquluzadə hekayələri üçün səciyyəvi olan forma sadəliyi, məzmun dərinliyi və fikri kəskinlik özünü burada da qabarıq şəkildə göstərmişdir. Mövzusu siyasi məqsəd üçün seçilən və ailə-məişət məsələləri ilə paralel inkişaf etdirilən bu əsər süjet xəttinin inkişaf xüsusiyyətləri ilə də öz orijinallığı ilə seçilir. Maraqlı süjet xəttinə malik olan bu əsər ekspozisiyadan əvvəl bitkin bir təsvirlə başlayaraq ədibin məntiqli təfəkkürünün nəticəsi kimi yüksələn və enən xətlə inkişaf edir. Cəlil Məmmədquluzadə əsas əhvalatın təsvirinə keçməzdən əvvəl hekayəyə mükəmməl bir başlanğıc vermişdir. Burada irəli sürülən və əsas əhvalatla bilavasitə bağlı olan fikirlər, bütün əsər boyu inkişaf edir, dərinləşir. Bu hissə sadə və yığcam ifadələrlə yaradılmış, ədibin sənətkarlıq məharətini göstərən kamil bədii lövhədir. Cəmi iki səhifədən ibarət olan bu girişdə müəllif Qafqaz şəhərlərinin küçələrində əyləşib savadsız müsəlmanlara məktub yazan mirzələrdən bəhs edir. Məşədi Molla Həsənin keçdiyi həyat yolu, vəziyyəti, düşüncə və hərəkəti elə təbii cizgilərlə, elə böyük istedadla verilmişdir ki, onun canlı surəti oxucunun yadından heç vaxt çıxmır. Məşədi Molla Həsən savadsız İran əhlidir. O, öz mənafeyi üçün hər cür yarımçıq peşələrə əl atır. İlkin fəaliyyətə yeddi-səkkiz müsəlman uşağını yığıb müdərrislik edən “yarımçıq alim” bu peşədə uğur qazana bilməyib, köhnə cildli “Gülüstan”, “Camei-Abbas”, “Quran” və s. kimi kitablar satmağa başlayır. Bir ildə yeddi-səkkiz cilddən artıq kitab sata bilməyəcəyini görən Məşədi Molla Həsən bu peşədən də əl çəkib güzəranını kağız yazmaqla davam etdirir.Ədib Məşədi Molla Həsənin təsvirini dəqiq verməklə əsərdəki hadisələrin inkişafına, obrazların səciyyəsinə, mahiyyətinə, məzmununa yönəldir. O, bədii mətləbin izahında zahiri görünüş əlamətlərindən köməkçi bir vasitə kimi istifadə etmədən əsas sözünü obyektin bilavasitə peşəsində, şəxsiyyətində, fəaliyyətində söyləməyə çalışır. “Miladi tarixinin min doqquz yüz altıncı ilində sentyabr ayının 13-də Məşədi Molla Həsən iki nəfər adama kağız yazıb: birini İranın Ərəblər kəndinin sakini Kərbəlayı Məmmədəliyə, o birini təbrizli Usta Cəfərə.–Ax, başı bəlalı kağızlar! Kaş sizi yazanın barmaqları quruya idi və sizi yazıb xalqı bu qədər bəlalara salmaya idi” (8.69).

Bu hissə əhvalatın başlanğıcı, əsərin ekspozisiyasıdır. Əsas əhvalat da elə buradan başlayır, gərginliklə inkişaf edir və gözlənilməz sonluqla tamamlanır. “Qərəz, keçək mətləb üstə” – ifadəsi ilə ədib əsərin zavyazka mərhələsinə keçid alır. Dəqiq məqamında işlənmiş lakonik ifadə əsərə obrazlılıq gətirərək, sənətkar üslubundakı özünəməxsusluğu daha qabarıq nəzərə çarpdırır.Əsərin zavyazka mərhələsini Kərbəlayı Məmmədəlinin həyat fəaliyyəti, məişəti, ailə həyatı, şüuru və avamlığı təşkil edir. O, ətrafında cərəyan edən hadisələrin əhəmiyyətini başa düşmür, padşaha dua edir, onun İrana “hürriyyət” verməsinə inanır. Hətta bu, “hürriyyət”dən özünə pay umur. Yoxsul həyat sürən bu zavallı insan, vəziyyətinin yaxşılaşacağını güman edir, padşahın verdiyi “hürriyyət”dən özü üçün bir səadət, nicat gözləyir. Təəssüf ki, Kərbəlayı Məmmədəlinin sevinci o qədər də uzun sürmür. Konsulun dediyinə görə həmşərilərə “hürriyyət”i ancaq İranda, öz vətənlərində paylayacaqmışlar. Buna görə də Kərbəlayı Məmmədəli anasına məktub yazdırıb öz payını istəyir.Eyni vəziyyət öz ailəsinə çörək qazanmaq məqsədi ilə qürbətə düşən təbrizli Usta Cəfərdə də eynidir. Fərq yalnız Usta Cəfərin öz məktubunda təzə bir arvad almağını xəbər verib xərcinin çoxluğundan, ölkədəki bahalıqdan şikayətidirsə, Kərbəlayı Məmmədəlinin isə qürbətdə yeni siğəsindən söhbət açmaq qorxusu və yalnız vətəndə paylanan hürriyyətdən öz payını anasından istəməsidir. Kərbəlayı Məmmədəli və Usta Cəfərin öz ailələrinə Məşədi Molla Həsənə məktub yazdırması, bu məktubların paketə səhv qoyulması əsərin kulminasiya, zirvə nöqtəsi, Pərinisənin yuxusu əsərin zavyazkası, Kərbə-layı Məmmədəlinin əvvəlki arvadı Tükəzbanın qardaşı ilə gəlib onu evdən qovması və dava-mərəkəsi əsərin finalını təşkil edir. “Pərinisə genə diqqət ilə həyətə girənlərə baxıb, durdu ayağa. Kərbəlayı Məmmədəli də bir qədər diqqət eləyib, birdən vay – deyib qaçdı evin bucağına və istədi gizlənsin. Pərinisə hövlnak qaçdı ərinin yanına və bilmədi nə eləsin. Kərbəlayı Məmmədəli qaçdı akoşkaya tərəf və istədi akoşkanı sındırıb özünü salsın eşiyə. Sonra genə həyətə baxıb qayıtdı qapıya tərəf və göz-gözə verib özünü saldı həyətə və başladı qaçmağa. Ulağ üstə gələn arvad hər əlinə bir daş alıb başladı Kərbəlayı Məmmədəlini qovlaya-qovlaya söyməyə:–Köpək oğlu, arvad almağın bəs deyil, hələ götürüb mənə kağız yazıb acıq da verirsən?!...Kərbəlayi Məmmədəlini qovlayan arvad onun

Ərəblərdəki arvadı idi, həmin kişi də arvadın qardaşı idi” (8.70).

Finaldan sonra ədib yenə də özünəməxsus deyim tərzi ilə yeni bir sonluğa keçid alır: “Daha bilmirəm mərəkənin axırı hara çatdı”.

Ədibin hekayələrində tənqidə məruz qalan əsas hədəflərdən biri də din və şəriətin uydurduğu siğə məsələsidir.Bu da təsadüfi deyil. Ona görə ki, feodal- patriarxal münasibətlərinin uydurduğu siğə fırıldaqları, kəbin və talaq oyunu qadınları çıxılmaz vəziyyətə salırdı.Bunu C.Məmmədquluzadə digər hekayələrində olduğu kimi “Molla Fəzləli” hekayəsində də göstərmişdir.

“Molla Fəzləli” hekayəsində ədib həm ruhanilərin çirkin hərəkətlərini təsvir edərək oxucunun gözü qarşısında onların əsil simasını canlandırır, həm də qadın səadətini alt-üst edən köhnə əxlaq normalarının, siğə məsələsinin iyrənc mahiyyətini açıb göstərir.Hekayədə molla fəzləlinin macərası nağıl edilir.Molla Fəzləli iran əhlidir.O, avam xalqı aldatmaq, məhərrəmlikdə mərsiyə oxuyub pul qazanmaq üçün Araz çayını keçib Azərbaycana gələn tüfüyli ruhanilərdən biridir. Qürbətdə tək yaşamaq istəməyən Molla Fəzləli burada özünə Xeyransa adlı bir arvad siğə edir.Molla Fəzləli öz təbiəti etibarilə tüfeylidir, əxlaqca pozğun bir ruhanidir. O, qaranlıq feodal dünyasında məqsədinə çatmaq, avam xalqı aldatmaq, qadın namusunu ləkələmək üçün din və şəriətin nə qədər əlverişli bir vasitə olduğunu gözəl başa düşür. Odur ki, Molla Fəzləli özünü dindar, “Allahın mömin bir bəndəsi” kimi qələmə verir, bütün işlərini din və şəriət pərdəsi altında aparır. O, öz namussuz və əxlaqsız hərəkətindən nəinki utanmır, hətta sabab iş gördüyünü zənn edir.Müvəqqəti zövq üçün hər kənddə bir arvad alan, az sonra onu küçəyə atan Molla Fəzləli “bir həftədən sonra Xeyransanın təlağını verib” İrana gedir.

Cəlil Məmmədquluzadənin diqqəti cəlb edən digər cənub mövzulu əsəri “Xanın təsbehi” əsəridir.Özünün bilavasitə şahidi olduğu hadisələri qələmə alan sənətkar İrana getdiyi zaman “Xanın təsbehi” adlı hekayəsini qələmə almışdır. Tam mənasilə dərəbəylik üsulunun hökm sürdüyü, məzlum insanların təhqir

olunduğunu, kəndlərin qarət edildiyini görən sənətkar əsərdə Nəzərəli xan İkramüddövlə zülmkarlığını təsvir və təhkiyə obyektinə çevirmişdir. Nəzərəli xan “Qaradağ vilayətinin ən insaniyyətli və ən tərbiyəli xanlarından” hesab olunsa da, əslində xalqın qanını soran bir zəli, insanları böyük müsibətlərə salan bir cəlladdır. Əsər “Xanın təsbehi” adlanır. İslam dinində “zikr” aynası olan bu əşya Nəzərəli xanın təsdiq və zülm açarıdır. Nəzərəli xan cahil, mənəviyyatsız bir nadandır. Ədib hekayədə oxucunu belə bir mənzərə ilə qarşılaşdırır: Kəndlər xarabazara çevrilmiş, əhali dilənçi vəziyyətindədir. Xan və fərraşlarının insanların başına gətirdiyi saysız-hesabsız zülm və işgəncələr xanın adı ilə bağlıdır. Nəzərəli xan kəndlini asıb-kəsə də, öldürə də bilərdi. “Qabaqca fərraş gəlib rəiyyətdən bir şey istərdi, əgər rəiyyət verdi verib, əgər vermədi fərraş biriki şallaq çəkib qayıdardı xanın üstünə və ikinci dəfə xanın təsbehini gətirərdi. Bu dəfə əgər o hökmə əməl olundu olunub, olunmadı dəxi fərraş ixtiyar sahibidir; yəni o qədər ixtiyar sahibidir ki, əgər xəncərini çıxardıb yox deyənin boynunu vursa, dəxi bilmirəm nə olar və yəqin də heç bir şey olmaz” (8.100).

Ədib kinayəsində çox orijinal və maraqlı bir priyom işlətmişdir. Burada yalnız bir nəfərdən və əşyasından söhbət açılaraq müsəlman aləminin ən dəhşətli və gülünc eybəcərlikləri zorakılıq və zülm rəmzi kimi təsbehlə ifadə edilərək ifşa və ittihamı tamamlayır. Nəzərəli xanın tutduğu işlər haqqında fərraş Əli Cəfərin – “Bu haman təsbehdir ki, iki il bundan qabaq xanın fərmayişinə ağ olan dəyirmançı Mehdini, bax, haman qayadan dərəyə elə tulladı ki, uşaqları heç ölüsünü də tapmadılar. Bu haman təsbehdir ki, xanın qəzəbi tutanda Orucəlinin evini yandırdı, uşaqlarını çölə dağıtdı” (8.101).

Verilən parçada Nəzərəli xanın insanlara azğın, təhqiramiz münasibəti, soyğunçu, rəzil təbiəti fərraş Əli Cəfərin dili ilə etiraf edilir, zülm və zorakılığın simvolu kimi təsbeh nifrət və qəzəbi daha konkret ifadə edir. Xan və fərraşlara sonsuz ixtiyar verən mühit, cəmiyyət əsərin əsas tənqid hədəfidir. Nəzərəli xan, təsbeh və onların törətdiyi rəzilliklər ardıcıllıqla oxucuya çatdırılır.

“Konsulun arvadı” hekayəsində təsvir olunan İran konsulu Xəllaqul-Məmalik Nəzərəli xana və onun vəzirinə nisbətən daha “irəli” gedir.O, bir arvad ilə kifayətlənmir, hər küçədə birini saxlayır.Arvadının vəfatı münasibətilə başsağlığı verməyə gələn müəllimlərə konsul belə cavab verir: “Ay cəhənnəmə vəfat edib, gora vəfat edib! Rəhmətliyin uşaqları (bizə işarə edir), əvvəl lazım gəlir müxbir olmaq ki, aya, o ölən övrət mənim nəyimdi; rəhmətliyin uşaqları, bəlkə bu yekəlikdə vilayətdə mənim hər küçədə bir siğə-mutəm olacaq (burada konsul içəri otağa tərəf baxdı), lazım dəgil məgər yəqin etmək ki, aya, bu vəfat edən kimdi və mənim nəyimdi?” (3.82)

Konsulun bu sözləri onun bütün çirkin mənəviyyatını xarakterizə edir.
Nəticə

XIX əsrin sonu XX əsrin əvvəlləri Azərbaycanın bədii-estetik və ictimai fikirində milli oyanış, özünüdərk, istiqlal düşüncələrinin cücərməsi proseslərinin renesans dövrü hesab olunur. Mirzə Cəlilin həmin dövrdə ədəbi-ictimai mühitə gəlişi ilə bu proses daha da sürətlənmiş və milli ideya getdikcə kütləviləşərək minlərlə insanın fikir dünyasına hakim kəsilmişdir. 

Söz və sənət tarixində o şəxslər korifeylik zirvəsinə ucala bilir ki, onlar xalqın, millətin və cəmiyyətin sivil inkişafına, mənsub olduğunu dövlətin beynəlxalq arenada sayılıb-seçilməsinə öz fəaliyyətləri ilə istiqamət verib bu prosesdə fəal iştirak edirlər. Azərbaycan ədəbiyyatına istiqlal düşüncəsi gətirən Mirzə Cəlil ilk gündən istər Arazın otayında, istərsə də bu tayında ədəbi-estetik mühitdə azərbaycançılıq ideologiyasının banisi kimi çıxış edərək Vətənin, dilin, millətin, dünya tərəqqisinə qoşulub, sayılıb-seçilməsi ideyasını yaradıcılığının əsas devizi kimi qəbul etdi. Əlinə qələm aldığı gündən ömrünün sonunadək milli istiqlal uğrunda mübarizəni məslək kimi, ideya mübarizəsi kimi qəbul edən Mirzə Cəlil özünün dahi təfəkküründən süzülən nurun ziyasında müstəqil Azərbaycanın varlığının uzaqdan da olsa aydınca görürdü. XX əsrin əvvəllərində həm daxili, həmdə Rusiya və Qafqaz hökumət dairələrinin təqiblərindən bir an belə yaxa qurtara bilməyən böyük ictimai xadim və söz ustadı nə ədəbiyyatda, nə də ki, ictimai fəaliyyətində Azərbaycan xalqının milli oyanışı, tərəqqisi və dirçəlişi, həmçinin müstəqilliyi uğrunda mübarizəni nəinki dayandırmamış, hətta öz düşüncələrinin toplusundan yaranmış bir hərakatın öndəri kimi ətrafında dövrünün təhsili, açıq fikirli şəxslərini belə birləşdirə bilmişdi.Dövrünün ədəbi-bədii, ictimai fəaliyyət meydanında yüksək enerji və milli təəssübkeşlik fəaliyyəti göstərən Mirzə Cəlil məhz bu illərdə zəmanəsinin inkişaf proseslərinin ehtiyacından doğan “Molla Nəsrəddin” jurnalını yaratdı.Xüsusilə bu satirik jurnalın Təbrizdə çıxan sayları Cənubi Azərbaycanda çox saylı xalq kütlələrinin tənqidi yolla maariflənməsində də müstəsna əhəmiyyət kəsb etdi. Azərbaycan ədəbiyyatında millət dilin cəfakeşliyinə, Vətən sevgisinə bu gün belə alternativi olmayan bu jurnal böyük ideya məktəbi kimi əsrin əvvəllərində Azərbaycanın vətəndaş ziyalılarını, mütərəqi kimi fikirli söz və ideya məsləkdaşlarını öz ətrafında birləşdirirdi.

XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatına yeni nəsr üslubu, yeni dil (hamının başa düşəcəyi sadə bir dil) gətirən, ictimai-siyasi, ədəbi-mədəni intibaha öz gəlişi ilə ikiqat intibahlıq ruhu bəxş edən “Molla Nəsrəddin” həm də azadlıq, demokratiya, tərəqqi uğrunda mübarizənin zirvə tribunasına çevrildi.

Mirzə Cəlilin “İranda hürriyyət”, “Molla Fəzləli”, “Konsulun arvadı”, “Xanın təsbehi” hekayələrində qadın əsarətinə qarşı mübarizə mövzusu aydın hiss olunur.Ədib bir çox hekayəsində bu mövzunu bir xətt halında verməsinə baxmayara, əsərin ruhundan və məzmunundan aydın görünür ki, bu müəllif üçün heç də ötəri bir məsələ deyil, onun irəli sürdüyü və həllinə çalışdığı ideyalarla bağlıdır.Həmin əsərlərdə təsvir olunan həyat hadisələrindən mənaca ən acınacaqlısı, heç şübhəsiz qadınların alınıb satılmasını göstərən səhnələrdir. Belə ki, ədibin təsvir etdiyi cəmiyyətdə qadın ilə əşya arasında sanki fərq qoyulmur. “Adi ev əşyası” hesab olunan qadını Kərbəlayı Məhəmmədəli ayı bir manata icarəyə götürür (“İranda hürriyyət”), Molla Fəzləli bir dəst paltar və on altı manat pula alır (“Molla Fəzləli”), Nəzərəli xan bir əmrlə vəzirin ixtiyarına verir (“Xanın təsbehi”), İran konsulu isə müvəqqəti istifadə üçün hər küçədə birini saxlayır (“Konsulun arvadı”) və s.

“Xanın təsbehi” və “Konsulun arvadı” hekayələrində qadına olan xüsusi mülkiyyətçilik əlaqəsinin başqa bir cəhəti, qadın alverinin başqa bir forması öz əksini tapmışdır.Hər iki hekayənin mövzusu İran despotlarının həyatından götürülmüşdür.Qadın hüquqsuzluğu İranda, istər keçmişdə, istərsə də indi daha ağır bir vəziyyətdədir.Burada qadın öz ailəsindən, yaxın qohum-əqrəbasından başqa hakimə və ruhanilərə də tabedir.Ümumiyyətlə “Xanın təsbehi” və “Konsulun arvadı” hekayələrində C.Məmmədquluzadə qadın hissləri üzərindəki despotizmi bütün ictimai quruluşda hökm sürən despotizmlə əlaqədar şəkildə təsvir etmişdir.

C.Məmmədquluzadə müxtəsər təhlili verilən bu hekayələrdə ruhani cildinə girmiş fırıldaqçıları ifşa etməklə birlikdə, eyni zamanda qadınları iyrənc və əxlaqsız bir yola sürükləyən siğə fırıldaqlarının, kəbin və talaq oyunlarının da iç üzünü açır.O göstərir ki, islam aləmində siğə kimi qanunlar da rəsmiyyətə salınmış əxlaqsızlıqdan başqa bir şey deyil.Bu qanunlar isə xüsusi mülkiyyətin hökm sürməsi ilə əlaqədardır.



Beləliklə, Cəlil Məmmədquluzadənin hekayələrində qadın əsarətinə qarşı mübarizə mövzusu mühüm yer tutur.Böyük ədib “Molla Nəsrəddin” jurnalı səhifələrində olduğu kimi, hekayələrində də həmişə qadınların ağır, kölə vəziyyətinə qarşı çıxmış, onların nicatı və azadlığı uğrunda ciddi mübarizə aparmışdır.Həm də Mirzə Cəlil qadınların faciəli həyatını, alınıb-satılmasını mövcud siyasi, iqtisadi quruluşla əlaqədə təsvir etmiş, onların azadlığını köhnə ictimai quruluşa, dini mövhumat və cəhalətə qarşı aparılan mübarizə ilə bağlamışdır.

ƏDƏBİYYAT


  1. Azərbaycan mətbuatı tarixi. Bakı, Təhsil, 2006

  2. Molla Nəsrəddin jurnalının nəşri tarixindən. Bakı, Çaşıoğlu, 2009

  3. Məmmədov Məmməd. Cəlil Məmmədquluzadənin bədii nəsri. Bakı, AzSSR EA, 1963

  4. Zeynalov N. N. Azərbaycan mətbuatı tarixi. Bakı, Maarif , 1973

  5. Əliyev A. Mirzə Cəlil və Azərbaycan mətbuatı. Bakı, Elm, 2005

  6. Tahirli Abid. Azərbaycan mühacirət mətbuatı. Bakı, QAPP-poliqraf ,2002

  7. Hüseynov F. Molla Nəsrəddin və Mollanəsrəddinçilər. Bakı, Yazıçı, 1986

  8. Vahabova Səadət. Cəlil Məmmədquluzadə nəsrinin poetikası. Bakı, İnformasiya Texnalogiyaları, 2013

  9. Qasımzadə F. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı, Elm, 1974

  10. Zərdabi H. Rusiyada əvvəlinci türk qəzetəsi, Bakı, Həyat, 1905

  11. Ağayev İ. Tarixi yaddaşımızın böyük yadigarı. Bakı, Elm, 2006

  12. Həbibbəyli İsa. Cəlil Məmmədquluzadə – milli istiqlal ədəbiyyatının sərkərdəsi . Bakı, Xalq , 2010

  13. Ağayev İslam. Cəlil Məmmədquluzadə və XXəsrin əvvəlləri Azərbaycan ədəbi-ictimai fikri. Bakı, Ədəbiyyat, 2009





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə