MÜNDƏRİcat ilk mətbu nəşrlərimiz




Yüklə 273.57 Kb.
səhifə4/4
tarix22.02.2016
ölçüsü273.57 Kb.
1   2   3   4

2. 1. “ŞƏRQİ – RUS” QƏZETİ
“Kəşkül” qəzeti bağlandıqdan sonra Tiflisdə Azərbaycan dilində mətbuat orqanı yaratmaq üçün bir neçə dəfə təşəbbus olmuşdur. Məsələn, Məmmədağa Şaxtaxtinski 1896-ci ildə Azərbaycan dilində “Tiflis”adlı, Kamal Ünsizadə isə 1900-cu ildə “Danış” adlı qəzet çıxarmaq istəmişlər. Lakin onların təşəbbüsü fayda verməmişdir.

1902-ci ildə M. Şahtaxtinski Rusiyaya qayıtdıqdan sonra qəzet çıxarmaq eşqi onda daha da güclənir. O, öz doğma Şaxtaxtı kəndindəki ata mülkünü sataraq Tiflisə köçüb mətbəə təşkil edir. Yeni qəzet çıxarmaq haqqında hökumətə ərizə verir. Eyni zamanda əməkdaşlar barəsində fikirləşir. 1903-cü ilin əvvəllərində M. Şahtaxtinskinin təşəbbüsü müsbət nəticələnir.



M. Şahtaxtinskinin “Şərqi – rus” adlandırdığı qəzetin birinci nömrəsi 1903-cü il martın 30-da çıxmışdır. Əvvəllər o, həftədə üç dəfə buraxılırdı. 1904-cü il iyunun 8-dən etibarən gündəlik qəzetə çevrilmişdir.

“Şərqi - rus” qəzeti Azərbaycanda ictimai fikrin inkişafı tarixində mühüm yerlərdən birini tutur. O, XX əsrin ilk Azərbaycan qəzetidir, həm də ilk gündəlik Azərbaycan qəzetidir. Bu qəzetin səhifələrində müxtəlif xalqların nümayəndələri iştirak etmişlər. Onu “Əqsayi şərqdən Çin hüdudlarınadək yayılan, din ayrı, dil ayrı ziyalıların qabaqcıl fikirlərinin “vıstavkası” (84) adlandırırdılar.

Görkəmli şərqşünas Lüsyen Büva Parisdə çıxan “Jurnal Aziyatik” məcmuəsində dərc etdirdiyi “Azərbaycan türklərində bir siyasi-ictimai qəzet” sərlövhəli məqaləsində “Şərqi – rus” yüksək qiymətləndirilmişdir: “Qafqazın türk müsəlmanlarını maarifləndirmək və savadlandırmaq məqsədi ilə “Şərqi - rus” qəzeti bütün əməkdaçları istək, arzu və fikirlərini açıq söyləməyə, onları müdafiə etməyə çağırır”.

“Şərqi-rus” qəzetində redaktorluğu dövrü M. Şahtaxtinskinin həyatının və yaradıcılığının çox mühüm və maraqlı çağlarıdır. O, qəzetdə “Qəzetnəvis” imzası ilə öz dövrünün ən aktual məsələlərindən bəhs edən məqalələr yazmış, böyük ideallar uğrunda çarpışmışdır.

“Şərqi–rus” nömrələrinin birində öz məsləkini belə bəyan etmişdi: “. . . bizim borcumuz həqayiqnəvislikdir: yaxşılığı dediyimiz kimi yamanlığı da gizlətməyəcəyik. Biz meydana onun üçün çıxdıq ki, xalqa doğru söz deyək və nəinki ona-buna vicdanfüruşanə mədhiyyələr oxuyaq. Biz İbn-Xəldunuq, Qaani deyilik”.

Həqiqətən də qəzetin mühərrirləri ictimai-siyasi, iqtisadi və mədəni həyatın mühüm cəhətlərini işıqlandırır, yoxsul kütlənin mənafeyini müdafiə edirdilər. Qəzet xalqın ağır vəziyətini görərək yazırdı: “Tüstü və baş pulu deyilən xərcdən azad olmağın əvəzində rəiyyətlərin boynuna mülkədarlarla bərabər padşahlıq torpaq vergisi təhmili gəlmişdir. . . Bu növ xərclər rəiyyətlərin çoxuna ifrat artıq düşübdür və onlara nəhayətdə ağır yük olubdur”.

Qəzetdə əlifbanın yeniləşdirilməsi, hicab məsələsi, maarifin yayılması, məktəblərdə tədrisin yaxşılaşdırılması və. s məsələlər qaldırılmış və həmin məsələlər barəsində çoxlu yazı dərc olunmuşdur. “Şərqi – rus”un səhifələrində mədəniyyət, ədəbiyyat, dil məsələlərinə xüsusi yer verilirdi. L. Tolstoydan Azərbaycan dilinə ilk tərcümələr bu qəzetin səhifələrində çıxmışdı.

Lakin qəzet getdikcə müəyyən məsələləri dolaşıq, dumanlı şəkildə oxucuya çatdırmaq yoluna qədəm qoydu. Məsələn, milli bərabərlik və azadlıq, dil birliyi, söz və fikir azadlığı kimi məsələlər barəsində mücərrəd yazılar verdi. “Tərcüman” qəzetinin redaktoru İ. Qasprinskinin əlifba məsələsi üstündə M. Şahtaxtinskinin kəskin tənqid etməsi də “Şərqi - rus”u xeyli nüfuzdan saldı. Bəzi hallarda qəzet liberal mövqe tuturdu. Bunu hər şeydən əvvəl dövrlə əlaqələndirmək lazımdır. “Şərqi – rus” həm inqilabi mübarizənin qızışdığı, həm də mürtəce hakim təbəqələrin təzyiqinin artdığı bir zamanda buraxılırdı. O dövrdə hər bir ictimai cərəyan mətbuat orqanını öz tərəfinə çəkməyə çalışırdı. “Şərqi - rus” da gah mütərəqqi – demokratik, gah mürtəce istiqamətə yuvarlanırdı.

Aydındır ki, belə bir şəraitdə qəzet ardıcıl demokratiq mövqe tuta bilməzdi. Tənqiddə liberallıq “Şərqi - rus”a bəzən çox baha başa gəlirdi. Məsələn, qəzetin birinci nömrəsində qəzetin əməkdaşları böyük cəsarətlə millət atası hesab olunan Hacı Zeynalabdin Tağıyevin Tiflisdə müsəlman məktəbini hamiliyə götürüb lakin heç bir kömək göstərməməsi tənqid etmişdilər. Bunun üstündə Bakıdakı jurnalistlər, o cümlədən Əhmət bəy Ağayev, Əli bəy Hüseynzadə, Əlimərdanbəy Topçubaşov qəzetin üzərinə hücumlar edirdilər.İlk vaxtlarda qəzet onlara qarşı kəskin, prinsipial cavablar verir, onları “Hacı Zeynalabdinin qələm qocuları” adlandırırdı. Məqalələrin birində qəzet yazırdı: “Mərdan bəy və Əhməd bəy kimilərdə prinsip, məslək nə gəzir? Bunlar ac qurdlardır ki, neft sayəsində dövlətlənən Bakıya yığılıb, Əlinin börkünü Vəlinin başına qoyub, ciblərini doldururlar. Məzəsi budur ki, boylə çapovulçuların hələ iddiası odur ki, mən bunları pişvayı – islam tanıyıb, bunların rəzalətini millət nəzərində fəzilət göstərəm” (89).

Sonralar nədənsə qəzetin redaktoru həmin jurnalistlərlə hətta ittifaq bağlamalı oldu. Bu ittifaq isə qəzeti məhvə doğru aparırdı. Sonralar Hacı Zeynalabdin Tağıyev Bakıda Azərbaycan dilində “Həyat” adlı qəzetin nəşrinə icazə aldı, Əhməd bəy Ağayevlə Əlibəy Hüseynzadə redaktor vəzifəsinə sahib oldular. M. Şahtaxtinski isə çıxılmaz vəziyyətdə qaldı. Qəzetin axırıncı nömrəsi 1905-ci il yanvarın 15-də buraxılmışdır.

“Şərqi - rus” qəzetinin Azərbaycan mətbuatı tarixində ən böyük xidmətlərindən biri odur ki, Cəlil Məmmədquluzadə kimi görkəmli bir jurnalisti üzə çıxarmış, özündən sonrakı mətbuatda demokratik cəbhəni ardıcıl olaraq möhkəmləndirə bilən mahir bir redaktor yetirmişdi.

Cəlil Məmmədquluzadənin “Şərqi - rus”da əməkdaşlığının maraqlı tarixçəsi vardır. 1903-cü ildə xəstə arvadını Tiflisə aparan Cəlil Məmmədquluzadə təsadüfən Şahtaxtinski ilə görüşmüş və onu “Poçt qutusu” hekayəsi ilə tanış etmişdir. Şahtaxtinski həmin hekayəni qəzetdə çap etməklə C. Məmmədquluzadəyə də Tiflisdə qalıb “Şərqi - rus” qəzetində iştirakını təklif etmişdir. O vaxtdan etibarən Mirzə Cəlil Tiflisdə yaşamış və jurnalistlik fəaliyyətini “Şərqi - rus”da davam etdirmişdir. O, qəzetdə “Poçt qutusu”ndan başqa “Kişmiş oyunu” adlı hekayə, L. N. Tolstoydan etdiyi “Zəhmət, ölüm və naxoşluq” adlı tərcümə əsəri, “Arvad” adlı ruscadan tərcümə hekayəsini dərc etdirmiş, Naxçıvan müəllimlərindən Sidqinin vəfatına aid nekroloq yazmış, habelə çoxlu tərcümələr etmişdir. Mirzə Cəlilin rus və başqa xalqların ədəbiyyatı ilə əlaqəsi məhz “Şərqi - rus” qəzetində möhkəmlənmişdir. Qəzetin işində C. Məmmədquluzadədən başqa Ömər Faiq Nemanzadə və Səməd ağa Qaibov da yaxından iştirak edirdilər. Burada M. Ə. Sabirin, A. Səhhətin, M. S. Ordubadinin əsərləri çap olunmuşdur.

“Şərqi - rus” qəzeti bağlandıqdan sonra C. Məmmədquluzadə özü müstəqil qəzet çıxarmaq fikrinə düşür. Bunun üçün çox əlləşir. “Şərqi - rus” qəzeti mətbəəsinin işsiz qaldığını görüb ondan istifadə etmək istəyir. Lakin mətbəəni almaq üçün külli miqdarda pul lazım idi. 1905-ci ilin ortalarında Mirzə Cəlil Ömər Faiq ilə birləşib o zaman Tiflisdə yaşayan naxçıvanlı Məşədi Ələsgər Bağırovun madii köməyi ilə mətbəəni satın alır. Onlar mətbəəyə “Qeyrət” adı verirlər. “Qeyrət” mətbəəsinin işə düşməsi ilə C. Məmmədquluzadənin yaradıcılığının ikinci dövrü başlayır. Hələ “Molla Nəsrəddin”in nəşrinə qədər C. Məmmədquluzadə mətbəədə onlarca kitab, intibahnamə və vərəqə buraxmışdır.

C. Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalının nəşrinə qədər Tiflisdə çıxan qəzetlərdə iştirak etmişdir. 1905-ci ilin dekabrında Tiflisdə “Kavkazski raboçi listok” adlı bir qəzet buraxılırdı. Bu qəzetin 17 nömrəsi çıxmışdır. Cəmi 23 gün davam etmişdir. Qəzetin birinci nömrəsində Marks və Engelsin şəkli verilmişdir. İkinci nömrədə rəsmi olaraq bildirilir ki, qəzet RSDFP Qafqaz ittifaqının orqanıdır.

Qəzetin üçüncü nömrəsində C. Məmmədquluzadənin “Binəsiblər” adlı məqaləsi çıxmışdır. Məqalə bir qarın çörək üçün yurdundan-yuvasından didərgin olub Rusiya torpaqlarına gəlmiş İran fəhlələrinə həsr olunmuşdur.

C. Məmmədquluzadə “Kavkazski raboçi listok” qəzetindən başqa “Tiflisski listok” adlı liberal rus qəzetində, “Vozrojdeniye” adlı demokratik ruhlu qəzetdə də iştirak etmişdir. “Tiflisski listok” qəzetində onun “Yeni ibtidai məktəblərdə tatar dili”, “Xeyirxah təşəbbüs” adlı məqalələri çıxmışdır. Birinci məqalədə Azərbaycan dilinin tədrisinə olan laqeyd münasibət, ikinci məqalədə isə o zamankı məhkəmə işləri tənqid olunur.

“Vozrojdeniye” qəzetində (1905-ci il) C. Məmmədquluzadənin iki məqaləsi çıxmışdır. “Aspisova xanım, bəs müsəlman qızları üçün məktəb hanı?” və “Həblülmətin” qəzeti Haqqa konfransının yekunları haqqında”.

C.Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalının nəşrinə qədər təkcə mətbuat orqanlarında çıxış etməklə kifayətlənmirdi. O, bədii əsərlər də yazır, cəmiyyəti-xeyriyyələrdə iştirak edir, xalqın azadlığı və müstəqiliyyi uğrunda qızğın mübarizə aparırdı.

2. 2. 1905-ci il İNQİLABI DÖVRÜNDƏ VƏ SONRA AZƏRBAYCAN MƏTBUATININ İNKİŞAFI

XIX əsrin axırı və XX əsrin əvvəllərində Bakı Rusiyanın iri sənaye və inqilabi hərəkat mərkəzlərindən birinə çevrilirdi. 1903-cü il iyul nümayişi, 1904-cü il dekabr tətili bütün Rusiyaya səs salmışdı. Rusiyanın başqa ucqarlarına nisbətən Azərbaycanda, xüsusilə Bakıda inqilabi şüur daha erkən oyanmışdır. Buna səbəb Bakı neft sənayesinin Rusiya kapitalizmi sayəsində sürətlə böyüməsi olmuşdur. Azərbaycanda fəhlə hərəkatının ilk addımları XIX əsrin 70-80-ci illərinə təsadüf edir.

1990-cü ilin yanvarında Lado Ketsxovelinin Bakıya gəlməsi və siyasi təşviqat fəaliyyəti yeni mərhələyə qədəm qoydu. “Lado neft şəhərində inqilabi işi canlandırdı, dərnəklərə həyat verdi. Bakıda təbliğat və təşviqat xarakterli gizli sosial-demokrat ədəbiyyatı görünməyə başladı. Çox tez-tez vərəqə və intibahnamələr yayılırdı” (92). Gizli ədəbiyyatın içərisində “İskra” qəzeti mühüm yer tuturdu. İlk nömrəsindən başlayaraq bu qəzet neft şəhəri fəhlələrinin dərin rəğbətini qazanmışdı. 1901-ci ilin baharında Bakıda RSDFP-nin leninçi-iskraçı məsləkli Bakı Komitəsi təşkil olundu. Bu komitə marksist ədəbiyyatını geniş yaymaq üçün ən qorxulu tədbirləri belə həyata keçirməkdən çəkinmirdi. V. İ. Leninin, “İskra” redaksiyasının, RSDFP Tiflis Komitəsinin yaxından köməyi ilə, 1901-ci ilin yayında Bakıda “Nina” adı ilə məşhur olan gizli mətbəə yaradıldı.

1901-ci ilin sentyabrından “Nina” mətbəəsində Leninçi “İskra” ideyalarını həyata keçirən “Brdzola” (“Mübarizə”) qəzeti nəşr edilməyə başlanmışdır. Bu qəzet sosial-demokrat qəzeti idi. “İskra” “Brdzola”nın ilk nömrəsini hərarətlə təbrik etmiş, onu ən böyük və mühüm hadisə kimi qiymətləndirmişdi (93).

Bakı bolşevik təşkilatı milliyətcə əksəriyyəti azərbaycanlılardan ibarət olan ixtisassız proletarlar içərisində siyasi-tərbiyə işi aparırdı. Bakı Komitəsinin üzvləri, xüsusilə inqilabi işin spesifik şəraitini gözəl bilən A. Çaparidze azərbaycanlılar arasında ən fəal fəhlələri partiya işinə cəlb edirdilər. 1904-cü ilin axırlarında S. M. Əfəndiyevin, A. Çaparidzenin, Q. V. Fonşteynin fəal iştirakı ilə Bakıda sosial-demokrat “Hümmət” qrupu yaradıldı. “Hümmət” Bakı partiya təşkilatının ayrılmaz tərkib hissəsi idi və Bakı Komitəsinin azərbaycanlı proletarlar arasında işləyən şöbəsi hüququ ilə fəaliyyət göstərirdi.

Hümmətçilər çox az bir vaxtda mətbuat vasitəsi ilə iş aparmaq vəzifəsini də yerinə yetirməyə başladılar, gizli mətbəə düzəltdilər, vərəqələr çap etdilər. 1904-cü ilin oktyabrında S. M. Əfəndiyevin və M. Mirqasımovun rəhbərliyi ilə “Hümmət” qəzeti nəşrə başladı. Qəzetin səhifələrində mütləqiyyətə qarşı mübarizəyə həsr olunmuş materiallar verilir, zəhmətkeş qadınları kapitalın əsarətindən azad etmək zərurəti haqqında fikir yürüdülür, xalqdan uzaq düşmüş və “qara camaatın” məişətini və dilini bilməyən ziyalılar töhmətləndirilir, ruhanilər ifşa edilirdi (95). Qəzetin cəmi 6 nömrəsi çıxmışdır. 1905-ci ilin fevralında “Hümmət” qəzetinin mətbəəsi polis tərəfindən dağıdılmış və qəzetin nəşri dayandırılmışdır.

Birinci rus inqilabının ilk çağlarında Bakı bolşeviklərinin rəsmi mətbuat orqanları yox idi. “Hümmət” qəzeti bağlandıqdan sonra onlar yeni bir orqan yaratmağa cəhd göstərsələrdə heç bir səmərə hasil etməmişdilər. Lakin Bakı bolşevikləri mərkəzi orqanlarda iştirak edir, habelə yerli burjuaziyanın “Baku”, “Həyat” kimi orqanlarının səhifələrində öz sözlərini inqilabçı kütləyə çatdıra bilirdilər.

Həmin ay bolşeviklər iki yerdə: Balaxanıda və Şəhər rayonunda yeni gizli mətbəə təşkil etdilər. Şəhər rayonunda bolşevik Məmmədbağır Axundovun evində yaradılan mətbəədə 1906-cı ilin aprelində “Bakinski raboçi” qəzeti nəşrə başladı. Mayın 26-da “Dəvət-Qoç” qəzetinin birinci nömrəsi buraxıldı. Dekabr ayında isə bolşevik “Təkamül” qəzeti çıxdı.



1907-ci ildə Bakıda Azərbaycan dilində “Yoldaş” rus dilində “Bakinski proletari”, “Qudok” və digər mətbuat orqanları fəaliyyət göstərmişdir. İstər birinci rus inqilabı dövründə, istərsə də inqilabdan sonra Bakıda çıxan bolşevik qəzet və jurnalları kütlələri beynəlmiləlçilik ruhunda tərbiyə edir, çarizmə qarşı zəhmətkeşlərin mübarizəsinə doğru yol göstərirdilər.

XX əsrin əvvəllərində Azərbaycan jurnalistləri demokratik mətbuatın gözəl ənənələrini böyük müvəffəqiyyətlə inkişaf etdirirdilər. C. Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Seyid Hüseyn, Əli Nəzmi, Əliqulu Qəmküsar, Ü. Hacıbəyov, M. Şahtaxtinski, M. S. Ordubadi və başqaları inqilabi ideyaların, qabaqcıl Azərbaycan və Rus ictimai fikrinin təsiri altında yeni bir məktəb yaratdılar. “Molla Nəsrəddin” jurnalı onların qələmi ilə qüdrətli bir orqana çevrildi. Bu jurnal Azərbaycanda inqilabi-demokratik mətbuatın bayraqdarı idi.

“Molla Nəsrəddin”in təsiri ilə çıxan “Bəhlul”, “Azərbaycan”, “Zənbur”, “Məşəl” jurnalları ictimai-mədəni inkişafa kömək edirdilər.

XX əsrin əvvəllərində Azərbaycanda uşaqlar, valideyinlər və müəllimlər üçün buraxılan “Dəbistan”, “Rəhbər” və “Məktəb” jurnallarında da inqilabi – demokratiq ideyalara rast gəlmək olur. Azərbaycan xalqının görkəmli oğulları Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Y. V. Çəmənzəminli, R. Əfəndiyev, F. Köçərli, S. M. Qənizadə və başqaları inqilabi –demokratiq orqanlarda iştirak etmişlər.

XX əsrin əvvəllərində Azərbaycan ziyalıları fəallaşmışdılar. Onlar əsasən “Həyat”, “Füyüzat”, “Təzə həyat”, “Şəlalə”, “Açıq söz”, “Dirilik” kimi mətbuat orqanlarında millətçiliyi təbliğ edən yazılara geniş yer verirdilər.

2. 3. SATİRİK “MOLLA NƏSRƏDDİN” JURNALI

Gənc jurnalist C. Məmmədquluzadə 1906-cı il fevralın 21-də Tiflis qubernatoruna ərizə ilə müraciət edərək “Molla Nəsrəddin” adlı satirik-yumoristik jurnal çıxarmasına icazə istəmişdi. Bu təşəbbüsü o zaman Qafqazda Rusiyanın digər yerlərində çıxan Azərbaycan, rus və tatar qəzetləri bəyənmiş, bu barədə xəbərlər yaymışdılar. “İrşad”, “Həyat”, “Tərcüman”, “Vozrojdeniye”, “Kaspi”, “Baku”, “Novoye obozreniye”, “Kavkazskoye utro”, “Na povorote” qəzetləri “Molla Nəsrəddin”i çıxarmaq təşəbbüsü barədə oxuculara xəbər vermişdilər.

Jurnalın nəşrinə icazə verilməsi haqqında xəbəri ilk dəfə 1906-cı il fevralın 24-də “Novoye obozreniye” qəzeti, fevralın 26-da “Kavkazskoye utro” qəzeti, martın 1-də isə “Kaspi” qəzeti dərc etmişdi. Martın 4-də jurnalı çıxarmaq üçün Mirzə Cəlilə Tiflis qubernatoru dəftərxanası tərəfindən şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə, habelə Qafqaz Senzurası Komitəsinə göndərilən təliqədə jurnalın proqramı aşağıdakı kimi müəyyənləşdirilmişdi: 1. Məqalələr. 2. Kəskin tənqidlər. 3. Felyetonlar. 4. Məzhəki şeirlər. 5. Məzəli teleqramlar. 6. Satirik hekayələr. 7. Lətifələr. 8. Poçt qutusu. 9. Məzhəki elanlar. 10. Xüsusi elanlar. 11. Karikaturalar və illüstrasiyalar.

Həmin proqramla C. Məmmədquluzadə və Ömər Faiq jurnalın birinci nömrəsini hazırlamağa başlamışlar. Jurnalın ilk nömrəsi 1906-cı il aprelin 7-də çıxdı. C. Məmmədquluzadənin öz dili ilə desək “Molla Nəsrəddin”i təbiət özü yaratdı, zəmanə özü yaratdı”.

C. Məmmədquluzadə jurnalın ilk nömrəsinin çıxması münasibəti ilə Rusiyanın bir çox yerlərində təbrik məktubları almışdı. Redaktor bu təbriklərə aprelin 12-də “Na povorote” qəzeti, aprelin 14-də isə “Kaspi” qəzeti vasitəsi ilə öz səmimi təşəkkürlərini bildirmişdi.

Jurnalın birinci nömrəsi 1. 000 nüsxə tirajla çap olunub yayılandan sonra az müddətdə “Molla Nəsrəddin”in adı dillərdə gəzməyə başladı. “İrşad” qəzeti yazmışdı: “Baxın Molla Nəsrəddinə”. Bu cəridə nə gözəl cəridədir. Nə qədər ağıl, zəka, məharət və zövq göstərir. Nəinki biz müsəlmanlar, bəlkə ən mədəni, ən mütərəqqi tayfalar belə cəridələri ilə fəxr edərlər” (96).

Oxucular jurnalı rəğbətlə qarşıladılar. Bəs çar hakim dairələri? “Molla Nəsrəddin”in 2-ci nömrəsi 2000 nüsxə tirajla çıxıb tez bir zamanda yayıldı. Bu nömrə polis idarələrini bərk təşvişə saldı. “İrşad” və “Baku” qəzetlərinin yazdığına görə jurnalın şəkilləri qırmızı rəngdə olduğu üçün Bakı polis idarəsi dərhal həmin nömrələri müsadirə etmişdi (97). Hacıbəyov “İrşad” qəzetində “Ordan-burdan” başlığı altında bu müsadirənin yığcam şərhini vermiş, axırda yazmışdı: “İndi zavallı “Molla Nəsrəddin” dustaqdır. Həbsxanada oturub, öz-özünə fikir edir: əcəba, ərbabi-hökümət bu qırmızı şeylərdən nə üçün belə ürkür? ” (98)

Nəriman Nərimanov isə “Molla Nəsrəddin”in müsadirəsinə öz münasibətini bildirib fikirini belə yekunlaşdırırdı: “Afərin belə diqqətcillərə, afərin belə qanun sahiblərinə!” (99).

Din xadimləri, ruhanilər də jurnalı böyük qəzəb hissi ilə qarşıladılar. Ə.Haqverdiyev bu barədə öz xatirələrində yazır: “Mollalar jurnalı yazanları və oxuyanları təkfir edib deyirdilər: bu jurnal gərək bir müsəlmanın evinə girməsin, onu nəinki oxumaq, ələ belə almaq haramdır. Onu maşa ilə götürüb ayaqyoluna atmalıdır” (100).

Jurnalın nömrələri bir-birinin ardınca çıxıb yayıldıqca redaksiyaya təbrik, təşəkkür məktubları ilə yanaşı söyüşlər, təhdidlər, həcvlərdə gəlirdi. “Molla Nəsrəddin” qəzetlərin əsas mövzularından birinə çevrilmişdi. Qəzetlər arasında da onun tərəfdarları və əlehdarları əmələ gəlmişdi. Bolşevik mətbuatı “Molla Nəsrəddin”in cəsarətli və ağıllı fikirlərinə tərəfdar çıxır, onun düşmənlərinə qarşı barışmaz mövqedə dururdu. Batum polis idarəsi tərəfindən “Molla Nəsrəddin” jurnalının təqib olunmasına, onu oxuyanların “bədəfkarlar” siyahısına yazılmasına “Dəvət-Qoç” qəzetinin etirazını bildirmişdi (101).

1906-cı il mayın axırlarında Tiflis jandarm idarəsinin soldatları Ömər Faiq Nemanzadənin evini mühasirəyə almış, orada axtarış aparmışdılar. “Dəvət-Qoç” qəzeti dərc etdiyi bir xəbərdə bu hadisəyə mənfi münasibətini bildirmişdi.

Təhdidlərə, hədələrə, senzor təqiblərinə mərdliklə sinə gərərək mollanəsrəddinçilər jurnalın nəşrini davam etdirirdilər.

C. Məmmədquluzadə senzor tərəfindən jurnalda nəşr olunmasına icazə verilməyən şəkillərin və ya materialların yerini ağ saxlayır və yaxud “Bizdən asılı olmayan səbəblərə görə bu yer ağ qaldı” deyə yazırdı.

“Molla Nəsrəddin”in cəsarətli çıxışları onunla nəticələndi ki, 1907-ci il iyunun 8-də Tiflis general-qubernatoru jurnalın bağlanması haqqında əmr verdi. Bu hadisə xalqın böyük narazılığına səbəb oldu. Bakıdan, Şəkidən, Zaqafqaziyanın bir sıra başqa yerlərindən Tiflisə jurnalın nəşrinin bərpasını tələb edən məktublar gəlirdi. Qəzetlər etiraz bildirən məktublar çap edirdilər. “İrşad” qəzeti “belə düz məsləkli qəzetin meydandan çıxarılmasına” təəssüfləndiyini bildirmişdi. Qəzetdə Ömər Faiq Nemanzadənin “Molla Nəsrəddin” sərlövhəli məqaləsi çap olunmuşdu. Müəllif jurnalın bağlanmasına səbəbkar olan mühafizəkar və cəhalətpərəst rühaniləri kəskin tənqid edirdi (102). Hökumət xalqın tələbləri qarşısında jurnalın bərpasına icazə verdi. Qısa fasilədən sonra jurnalın 23-cü nömrəsi iyulun 25-də çıxdı.

1908-1909-cu illərdə bir neçə dəfə “Molla Nəsrəddin” jurnalını bağlamağa təşəbbüslər edilmişdir. Jurnalın redaktoru və əməkdaşları haqqında irticaçı qüvvələr danoslar yazır, burjua mətbuatında məqalələrlə çıxış edirdilər. Ömər Faiq Nemanzadəni 9 gün həbsdə saxlamışdılar. 1908-ci ilin fevralında Mirzə Cəlilin öldürülməsi haqqında şayiələr yaymışdılar. Belə şayiələr yayanlara “İrşad” qəzeti çox tutarlı cavab vermişdi. “Bir-iki nəfər Məmmədquluzadələrin, Nemanzadələrin ölümü ilə elə bilirsiniz ki, “Molla Nəsrəddin”i öldürəcəksiniz?” Bunu biliniz ki, “Molla Nəsrəddin”i öldürmək mümkün olsa da, mollanəsrəddinçiliyi öldürmək olmaz” (103).

“Molla Nəsrəddin”i bağlatdırmağa səy göstərən mürtəce qüvvələrə qarşı “Baku” qəzetində dərc olunmuş 12 nəfərin kollektiv məktubu maraqlıdır. Məktubu imzalayanların arasında Qəzənfər Musabəyovun, Mirhəsən Vəzirovun və başqalarının imzası vardır. Məktubun bir yerində deyilir: “Mollanın işığını söndürmək istəyən düşmənlərə qarşı öz nifrətimizi bildirməklə, “Molla” ilə həmrəy olduğumuzu deyir, müsəlman demokratiyasına vicdanla xidmət edən “Molla Nəsrəddin” jurnalına uzun ömür arzulayırıq” (104).

1911-1912-ci illərdə jurnal üzərinə senzor hücumları yenidən qüvvətlənir. Tez-tez redaktorların dilindən iltizamlar alınırdı. Bunlar jurnalın müntəzəm nəşrinə mənfi təsir edirdi. Hətta 1912-ci ilin martında C. Məmmədquluzadə jurnalın nəşrini uzun bir müddətə dayandırmağa məcbur olmuşdu. Fasilədən sonra jurnalın ilk nömrəsi 1913-cü il yanvarın 13-dək çıxmamışdır. Əliqulu Qəmküsar redaktor köməkçisi təsdiq olunmuşdur.

Fasilədən sonra jurnal 1917-ci il fevralın 9-dan çıxmağa başlamışdır. Jurnal keçmişdə olduğu kimi yenə də öz nüfuzunu və məzəsini saxlayırdı. Lakin jurnalın nəşri çox da uzun davam etmədi. 1918-ci ilin yanvarında ictimai-siyasi vəziyyətlə əlaqədar olaraq jurnal yenidən nəşrini dayandırdı. Həmin ilin sentyabr ayında Tiflisdə Ə. Qarayevin redaktorluğu altında çıxan “Tartan-partan” jurnalı “Molla Nəsrəddin”in yoxluğuna işarə ilə deyirdi: “Molla Nəsrəddin” gedəndən bəri heç üzümüz gülmür” (107).

1920-ci ildə C. Məmmədquluzadə öz ailəsi ilə köçüb Cənubi Azərbaycana getmişdir. 1921-ci ilin fevralında o, jurnalın nəşrini Təbrizdə yenidən bərpa etmişdir. Təbrizdə “Molla Nəsrəddin” jurnalının 8 nömrəsi çıxmışdır.

Sovet hökümətinin təşəbbüsü ilə “Molla Nəsrəddin”in nəşri 1922-ci ilin noyabrında Bakı şəhərinə köçürülmüş və jurnal 1931-ci ilə qədər burada çıxmışdır. Jurnalın sonuncu nömrəsi 1931-ci il yanvarın 7-də buraxılmışdır.

Ümumiyyətlə, “Molla Nəsrəddin”in Tiflisdə 370 nömrəsi, Təbrizdə 8 nömrəsi və Sovet hakimiyyəti qurulduqdan sonra Bakıda 398 nömrəsi çıxmışdır.

2.4. JURNALIN YARADICI HEYƏTİ VƏ MÜƏLLİFLƏRİ

Molla Nəsrəddinsatirik yazıçıların, gülüş ustalarının mötəbər bir mərkəzinə çevrilmişdi. Şübhəsiz ki, C. Məmmədquluzadə onların içərisində əsas sima, məsləhətçi və böyük yoldaş idi. Ədib özü bu barəd yazır: “Molla Nəsrəddin” tək bir nəfər müəllifin əsəri deyil. “Molla Nəsrəddin” bir neçə mənim əziz yoldaşlarımın qələmlərinin əsərinin məcmuəsidir ki, mən də onların ancaq ağsaqqal yoldaşıyam. (108). Birinci nömrəsini əsasən Ömər Faiqin və rəssam Şmerlinqin qüvvəsi ilə çıxaran C. Məmmədquluzadə, sonralar jurnalın ətrafına ən müqtədir, ən istedadlı yazıçıları toplamışdır. Satirik şeir cəbhəsinin bayraqdarı Mirzə Ələkbər Sabir Tahirzadə idi. 1906-1911-ci illərdə onun “Molla Nəsrəddin” jurnalında dərc etdirdiyi satirik şeirləri yeni bir ədəbi məktəbin başlanğıcını qoymuşdu. Onu bütün Qafqazda, bütün Şərqdə tanıtdıran “Molla Nəsrəddin” olmuşdur. Bu jurnalda Sabir 40-dan çox gizli imza ilə şeir dərc etdirmişdir.Ən çox işlətdiyi imzalar bunlar idi:“ Hop-hop”, “Əbunəsr Şeybani”, “Güləyən”,“Cingöz bəy” və s.

Sabir hansı mətbuat orqanında iştirak edirsə-etsin, yenə də “Molla Nəsrəddin” şairi idi. O, “Molla Nəsrəddin”in qiymətli tapıntısı idi. C. Məmmədquluzadə yazırdı: “Biz Sabiri və Məşədi Sijimqulunu axtarırdıq” (110) Sabir də, Məşədi Sijimqulu imzası ilə yazan Əli Nəzmi də özlərini mərd-mərdanə “Molla Nəsrəddin” meydanına tullamışdılar. C. Məmmədquluzadə “Məşədi Sijimqulu Kefsiz” sərlövhəli məqaləsində Sabirin və Ə. Nəzminin əsil qiymətini vermişdir: “Molla Nəsrəddin” dünyasında, “Molla Nəsrəddin”ə yaraşan şivənin məzəliliyi və duzluluğunda, məharət və lətafətdə Sabirə yavuq gələn və ona əvəz olan-birinci Məşədi Sijimqulu Kefsiz olubdur”.

Əli Nəzmi “Molla Nəsrəddin”dən əvvəl “Şərqi-rus” qəzetində iştirak etmiş, “Molla Nəsrəddin”ə nəzm və nəsrlə satirik əsərlər göndərmiş, bir müddət jurnalın redaktoru olmuş, Sovet hakimiyyəti illərində də fəal mollanəsrəddinçi kimi şöhrət qazanmışdır.

1907-ci ildən başlayaraq “Molla Nəsrəddin”də digər görkəmli ədib-Əliqulu Qəmküsar mənzum və mənsur əsərləri ilə çıxış etmişdir. Onun əvvəllər “Xadimi millət”, “O taylı”, sonralar isə “Cüvəllağı”, “Cüvəllağı bəy”, “Sarsaqqulu bəy” təxəllüsü ilə çıxan şeirləri oxucular arasında böyük şöhrət qazanmışdı.

“Molla Nəsrəddin” görkəmli yazıçı və dramaturq Ə. Haqverdiyevin də nəzərini cəlb etmişdi. 1907-ci ildə o, “Xortdan” imzası ilə “Cəhənnəm məktubları” başlığı altında məşhur məqalələrini yazmışdır. Sovet hakimiyyəti illərində Ə. Haqverdiyev bu məqalələri bir süjet ətrafında birləşdirmiş “Odabaşının hekayəsi”ni də əlavə edərək ayrıca kitabça halında buraxdırmışdır. Ə. Haqverdiyevin “Molla Nəsrəddin”də seriya ilə buraxılan ikinci əsəri “Mozalan bəyin səyahətnaməsi”dir. Həmin sərlövhə altında Haqverdiyevin yazıları 1908-ci ildə, “Marallarım” seriyasından hekayələri isə 1910-1913-cü illərdə dərc olunmuşdur.

“Molla Nəsrəddin”in mövhumat, cəhalət, avamlıq əleyhinə, molla və seyidlər, hər cür dini təəssübkeşlər haqqında yazan müəlliflərdən biri M. S. Ordubadi idi. O, ən çox “Hərdəmxəyal” təxəllüsü ilə yazırdı. 1905-ci il inqilabının təsiri ilə Şərqdə başlanan azadlıq hərəkatına M. S. Ordubadi, C. Məmmədquluzadə, Sabir və digər görkəmli sənətkarlarla birlikdə jurnala inqilabi ideyalar gətirmişdi.

Bunlardan əlavə, jurnalın mühərrirləri sırasında Mirzə Əli Möcüz Şəbüstəri, Əli Razi Şəmsizadə, C. Cabbarlı, Əli Məhzum İrəvani, Bayraməli Hammal, Müceyri, Süleyman Məlikov və başqaları da var idi. “Molla Nəsrəddin” bu cür qələm dostlarının yaxından köməyi ilə Şmerlinq, Rotter, Ə. Əzimzadə, X. Musayev, Əli Behzad kimi rəssamların sənətkarlıq qüdrəti sayəsində mövzularını daim genişləndirir, həyatın bütün sahələrinə əl ata bilirdi.

Azərbaycan jurnalistikasının sonrakı inkişaf mərhələsini təşkil edən “Molla Nəsrəddin” jurnalı öz səhifələrində dövrü üçün aktual olan məsələlərlə yanaşı ana dili məsələsinə də geniş yer vermiş və formalaşmaqda olan jurnasiltikada jurnalistlərin öz ana dilində xalqla ünsiyyətini xüsusi vurğulamışdır. Bütün bunlar da Azərbaycan jurnalistikasının sonrakı inkişafına güclü təkan vermişdir. Məhz elə bunun nəticəsidir ki, Azərbaycan jurnalistikası bu gün “Əkinçi” qəzeti və “Molla Nəsrəddin” jurnalının cızdıqları yolla irəliləyir.



N Ə T İ C Ə
Diplom işində mövzunun aktuallığı işıqlandırılmış, tədqiqatın məqsədi, predmeti və obyekti, işdəki elmi yenilik haqqında məlumat verilmişdir.İlk mətbu nəşrlərimiz bölməsində Azərbaycanda ilk mətbu orqanlarının yaranması, inkişafı və təşəkkül mərhələləri işıqlandırılmış, qaranlıq qalan məsələlər aydınlıq gətirilmişdir. “Tiflis əxbarı”, Zakavkazski vestnik” və “Qafqazın bu tərəfinin xəbəri” qəzetlərinin yaranma tarixi araşdırılaraq, bu qəzetlərin jurnalistikamızın inkişafındakı yeri məsələlərinı aydınlıq gətirilmişdir. “Əkinçi” qəzetinin nəşri və fəaliyyəti araşdırılmış, eləcə də “Əkinçi” qəzetinin başlıca mövzuları barədə ətraflı və müfəssəl şəkildə məlumat verilmişdir. “Ziya (“Ziyayi – Qafqaziyyə”) qəzeti , “Kəşkül” jurnalı və qəzetinin nəşri tarixi müəyyənləşdirlmiş və fəaliyyətində hansı mövzuları işıqlandırdığı aydınlaşdırmışdır.

XIX əsrin ikinci yarısında Azərbaycanda rus dilində çıxan mətbuat orqanları. Azərbaycan jurnalistlərinin bu mətbuat orqanlarında iştirakı məsələləri araşdırılmışdır.



1905-ci il inqilabı dövründə və sonra Azərbaycan mətbuatının inkişafı tarixi və bu inkişaf tarixində satirik “Molla Nəsrəddin” jurnalının rolu məsələsi aydınlaşdırılmışdır.

Ə D Ə B İ Y Y A T S İ Y A H I S I

  1. N. N. Zeynalov. Azərbaycan mətbuatı tarixi. Bakı, 1973

  2. F. Qasımzadə. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. 1974, Səh. 114

  3. H. Zərdabi. Rusiyada əvvəlinci türk qəzetəsi. “Həyat” qəzeti, 1905, N – 129

  4. “Əkinçi” qəzeti, 21 avqust 1875 – ci il.

  5. “Əkinçi”, 1875 N – 3

  6. “Əkinçi”, N – 1

  7. “Əkinçi”, N – 2

  8. “Əkinçi” N – 6

  9. “Əkinçi” N – 7

  10. “Səda” qəzeti 1910, N – 57

  11. Kaspi qəzeti 1887, N – 125

  12. “Ziyayi – Qafqaziyyə” qəzeti 1880, N – 1

  13. “İrşad” qəzeti, 16 aprel 1906

  14. N. Axundov. Sənədlərin dili ilə Bakı, 1980

  15. Hənifə xanım Məlikova “Həsən bəy Məlikov Zərdabinin tərcümeyi halı”, 1939, N-6

  16. “Azərbaycan mətbuatı tarixi”, “Təhsil”, 2006

  17. Abid Tahirli. “Azərbaycan mühacirət mətbuatı”, Bakı, 2002

  18. A. Əliyev “Mirzə Cəlil və Azərbaycan mətbuatı”, Bakı, Elm. 2005

  19. “Molla Nəsrəddin jurnalının nəşri tarixindən”, Bakı, Çaşıoğlu. 2009

  20. İ. Ağayev “Tarixi yaddaşımızın böyük yadigarı”, Bakı, Elm, 2006

  21. F. Hüseynov “Molla Nəsrəddin və Mollanəsrəddinçilər”, Bakı, Yazıçı, 1986
1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə