MÜNDƏRİcat ilk mətbu nəşrlərimiz




Yüklə 273.57 Kb.
səhifə3/4
tarix22.02.2016
ölçüsü273.57 Kb.
1   2   3   4

Qəzetin 1-ci nömrəsi 1879-ci il yanvarın 14-də “Ziya” adı ilə çıxmışdır. Qəzet 7 şöbədən ibarət idi. Bu şöbələr aşağıdakılardır:

Dövlət sərəncamları.

Beynəlxalq agentliklərin teleqramları.

Xarici xəbərlər.

Daxili xəbərlər.

Yerli xəbərlər.

Məlumat göstəricisi və elanlar.

Felyetonlar. Ümumiyyətlə rus dilindən tərcüməsi veriləcəkdir.



Qəzet “Ziya” adı ilə 76 nömrə çıxdıqdan sonra “Ziyayi Qafqaziyyə” başlığı ilə nəşrini davam etdirmişdir. “Ziyayi-Qafqaziyyə adı ilə çıxan qəzetin 1-ci nömrəsində bu barədə deyilir: “Litoqrafiyamız üçün təzə gətirdiyimiz həkkək və nəqqaş ustalarımız “Ziya”dan ötrü nəqş və nikar eylədikləri “Ziyayi-Qafqaziyyə” sərlövhəsini rədd eyləməyi rəva görmədiyimizdən, beş aydan bəri qiyami- ətalətlə məsdur qalan “Ziya”qəzetimizi məzkur sərlövhə altında nəşr etməyə meyl olundu. ”

“Ziyayi – Qafqaziyyə” başlığı ilə qəzetin cəmi 107 nömrəsi çıxmışdı.

Qəzet nələrdən yazırdı? İdeyası və məsləki nə idi? Bu suallara cavab verməzdən əvvəl qəzetin redaktoru Hacı Səid Ünsizadənin şəxsiyyəti haqqında bəzi qeydlər edək. Şamaxı hakimi şair Cəfərqulu xanın şeirlərinin birində Hacı Səidin atası Əbdürrəhman Əfəndinin adı çəkilir. Əbdürrəhman Əfəndi “Ünsi” təxəllüsi ilə şeirlər yazarmış. Onun 3 oğlu – Hacı Səid, Cəlal və Kamal ataları vəfat etdikdən sonra Ünsizadə familiyasını götürmüşlər.

1870-ci ildə Hacı Səid Ünsizadə Bakı quberniyası ruhani məclisinə üzv seçilmişdir. 1875-ci ildə o, Şamaxı ruhani idarəsinin sərəncamında olan bir məktəb açmışdır. Burada dini elmlərlə yanaşı, Azərbaycan, rus, ərəb və fars dilləri, habelə hesab fənni keçirilirdi. 1876-1877-ci illərdə bu məktəbdə 100-dən çox şagird təhsil alırdı.

1876-cı ildə Hacı Səid Tiflisə köçmüş və 1884-cü ilin əvvəllərinədək orada ruhani idarəsində işləmişdir. Tiflis mühitində Hacı Səid Əfəndi çoxdan nəzərdə tutduğu qəzet çıxarmaq işinə başlamışdır.

Səid Ünsizadə “Ziya”nın nəşri üçün xüsusi mətbəə yaratmışdı. Bu barədə “Ziyayi-Qafqaziyyə”nin 1881-ci il 2-ci nömrəsində deyilir: “Necə bir lazıməli əhvalatlara nəzərən basmaxana büsatın Tiflisdə açmağa qərar verdik. Və basmaxana əsbabının cümləsini mühəyya eylədik. Və ruzbəruz təkmilinə dəxi səy edəcəyik. Və nobəno baqaidə kitablar dəxi çıxaracayıq. Amma aşkardır ki, bununla iş irəli getməz. Məsəldir ki, bir ev bir eli tikə bilməz, bəlkə bir el bir evi tikə bilər. Bəlkə bu barədə hər bir tərəfdən həmiyyət və iltifat göstərmək lazımdır. Və hər kəs basmaxana və qəzetimizi özünün hesab etməlidir”.

Hacı Səid Əfəndi özü dini dünyagörüşünə malik olduğu üçün öz ətrafına dini görüşlü adamları toplamağa cəhd edir, yeni dünyagörüşlü ziyalılara rəğbət göstərmirdi.

Təsadüfi deyildir ki, Rusiyada təhsil alan, habelə Qafqazda yaşayıb işləyən Azərbaycan ziyalılarının bir çoxu “Ziya” qəzetinin məsləkinin, onun redaktorunun ideyalarını bəyənmirdilər. Məsələn, H. Zərdabi, N. Vəzirov, Ə. Gorani, M. Əlizadə, S. Ə. Şirvani və başqaları Azərbaycan xalqının mədəni yüksəlişində “Ziya”nın əhəmiyyətli rol oynamadığına təəssüflənirdilər. Bu cəhətdən H. Zərdabinin keçmiş tələbəsi, Moskvadakı Petrovsk – Razumovsk Kənd Təsərrüfatı Akademiyasında təhsil alan Əliyevin məqaləsi səciyyəvidir. Məktubunun bir yerində müəllif yazır: “Satqın “Ziya” qəzetinə abunə yazılmısınız, ya yox? Mən altı aylıq nömrələrinə yazılmışam. Başqalarını deyə bilmərəm, mənim üçün “Əkinçi”nin yeri yaman görünür. Qəzet üçün çox gözəl düşünülmüş “orqan” ifadəsi müvəffəqiyyətli tapıntıdır; həqiqətən də öz gələcəyinin məqsədini dərk edən adam üçün qəzet həzm orqanı mənziləsindədir. Həzm orqanı olmadan uzun müddət yaşamaq mümkün olmadığı kimi, “düşüncə ötürücüsü” orqanı olmadan da uzun müddət yaşamaq olmaz! Neçə müddət bundan əvvəl mən Səid əfəndiyə bir-birinin ardınca, biri digərinin davamı olan 2 məqalə göndərmişdim. . . Amma qurqur əfəndi onları dərc etmədi. . . Çox ehtimal ki, əfəndi onları dərc etmək istəmir və ya həmin məqalədə hökumət əleyhinə bir şey görünür, ya da satıldığı adamlar tərəfindən buna təhrik olunur”.

Məktubunun sonunda müəllif lap qeyzlənir: “Satqın əfəndi miskin mənafeyini, mühitində böyüdüyü xalqının mənafeyindən üstün tutur. Yazıq millət, nə qədər ki, belə yaramazlar sənin xadimlərin hesab olunurlar, səadət haqqında iddialara düşmə!” (67) deyir.

Azərbaycan mətbuatı tarixinin ilk tədqiqatçılarından olan Firidunbəy Köçərli 1906-cı ildə yazdığı məqalələrindən birində “Ziya” qəzetinin müəyyən bir istiqamətə malik olmadığını söyləyir, onun ruhani moizələrinə irad tuturdu (68). Qəzetdə mürtəce mahiyyət daşıyan materiallar öz sayına görə mütərəqqi mahiyyət daşıyan məqalələrdən çox idi.

Qəzetin yürütdüyü xalqa zidd, onun inkişafına əngəl olan fikirlər hətta çar Rusiyası dövründə Qafqaz Senzura Komitəsində işləmiş, “hökumət adamları” hesab edilən ziyalıları belə qane etməmişdir. Məsələn, keçmiş senzoralardan birinin qəzet haqqında fikri belədir:

“Nə redaktorun özü (yəni Səid Ünsizadə), nə də onun qardaşı Cəlal Əfəndi dövri mətbuatın rolu və vəzifələri haqqında qəti surətdə heç bir şey başa düşmədən ilk nömrədən başlayaraq səhv istiqamət aldılar. Onların “Ziya” qəzeti ziya verməkdənsə Zaqafqaziya türklərinin (azərbaycanlıların) o zamankı cəmiyyətində hökm sürən zülməti daha da qatılaşdırırdı” (69).

Qəzet, yeni əlifba haqqında M. F. Axundovun fikirlərini tənqid etmişdi. Qəzetin 1883-cü ildə çıxan bir nömrəsində deyilir ki, bizim məqsədimiz bəziləri kimi əlifbamızda dəyişikliklər etmək deyildir. Əksinə, biz həmin adamlara demək istəyirik ki, öz fikirlərindən danışsınlar.

İsmi Sədrəddinbəyov, F. Dərbəndi, Möhsünbəy Qübbən, Qumri Dərbəndi, Müşfiq (Məşədi Məhəmməd Şirvani) və başqaları din və mövhumatı təbliğ edir, islam ideologiyasına haqq qazandırmağa çalışırdılar. Məsələn, İsmi Sədrəddinbəyov yazırdı: “Dünya dediyimizdən məqsəd qəflətdir” (70).

Qəzetdə çar mütləqiyyətinə mədhiyyələr çap olunurdu. III Aleksandrı boş-boşuna tərifləyən şeirlər buraxılırdı. Bunlarla yanaşı, qəzetin müəllifləri sırasında qabaqcıl dünyagörüşlü ziyalılar da var idi. Qəzetdə S. Ə. Şirvani, N. Vəzirov, S. Vəlibəyov, A. Çernyayevski kimi ziyalıların da əsərləri də getmişdir.

S. Ə. Şirvaninin qəzetdə maarifi təbliğ edən şeirləri, həmçinin qəzəl və qəsidələri verilmişdir. S. Ə. Şirvani qəzetin əhəmiyyətinin şeirlərinin birində belə təsvir edir:

Oxuyaq biz qəzetlər əhvalın,

Ta bilək əhli-aləmin halın-

Ki, görək xalq nə kəmaldədir,

Qeyr nə fikir, nə xəyaldədir?

Özgələr eyləyib tərəqqiyi-tam,

Niyə biz qalmışıq bu növ əvam?

Niyə biz bunca bikəmal olduq.

Ayaq altında payimal olduq? (71).

Belə şeirlərlə yanaşı qəzet epiqonçu şeiri də təbliğ edir, nəzirəçiliyə geniş meydan açmağa çalışırdı. Qəzetdə nəzirəçi şairlər təriflənirdi.

“Ziyayi-Qafqaziyyə” qəzeti 1884-cü ilə qədər davam etmişdir. 1883-cü ildə qəzetin nəşri Şamaxıya köçürülmüşdür. Ümumiyyətlə, qəzetin 183 nömrəsi çıxmışdır. Axırıncı 11 nömrə Şamaxıda buraxılmışdır.

1. 7. “KƏŞKÜL” JURNALI VƏ QƏZETİ

“Ziyayi-Qafqaziyyə” qəzeti süquta doğru getdiyi dövrdə Tiflisdə “Kəşkül” adlı jurnal buraxılmağa başlamışdır. Cəlal Ünsizadə müstəqil qəzet çıxarmaq fikrinə 1882-ci ildə düşmüşdü. Həmin il mayın 1-də Qafqaz canişininin baş idarəsinə yazdığı məktuba o, “Kəşkül” adlı jurnal çıxarmaq istədiyini bildirmişdi. Onun xahişi 1883-cü ildə yerinə yetirildi. Həmin ilin yanvar ayında jurnalın birinci nömrəsi çıxdı.

Cəlal Ünsizadə jurnalı çətin şəraitdə buraxırdı. Mətbəə avadanlığı çatışmırdı. İşçi qüvvəsi yox idi. Şagir dəftərindən azca böyük olan iki həftədə bir çıxarılan, cəmi 10-15 səhifədə buraxılan jurnala böyük əmək sərf edilirdi.

Cəlal Ünsizadə təhsil görmüş gəncləri redaksiyaya cəlb etmək üçün lazımi səy göstərirdi. O zaman Tiflisdə işləyən azərbaycanlı müəllimləri tez-tez redaksiyaya dəvət edirdi. 1883-cü ildə Tiflis gimnaziyasının 6-cı sinfində təhsil alan Məmməd Kəngərlini redaksiyada məsul katib vəzifəsinə işə götürmüşdü.

Jurnalın redaksiyası Tiflisdə dar bir küçədə iki yarıqaranlıq otaqda yerləşirdi. Bu otaqların birində, tən ortada iri miz, divarın yanında isə yazı masası qoyulmuşdu. Masanın üzərində redaksiyanın abunə yazdırıb gətirdiyi müxtəlif rus qəzetlərinin dəstələri düzülmüşdü (72).

M. Kəngərlinin vəzifələrindən biri həmin qəzetləri diqqətlə oxumaq, lazımi materialları tərcümə etmək idi. C. Ünsizadə və M. Kəngərli məqalələrin tərtibi və jurnalın nəşri məsələlərinə də bilavasitə özləri nəzarət edirlər.

Kəşkül” 11 nömrə jurnal şəklində çıxdıqdan sonra C. Ünsizadə onu qəzetə çevirdi. Həm jurnalın, həm də qəzetin aşağıdakı şöbələri var idi:

1)Daxili şöbə. 2)Tarixi və siyasi şöbə. 3)Tənqid və mətbuat xülasəsi. 4) Pedaqogika.

5)Həkim məsləhəti. 6)Şeir şöbəsi. 7) Təqvim. 8) Müxtəlif materiallar. 9)Elanlar.

“Ziya” qəzetinə nisbətən “Kəşkül”ün həm mövzu dairəsi geniş, həm də məqalələrin yazılış forması müxtəlif idi. “Kəşkül” həyatın hər sahəsindən məlumat verən zəngin materiallar “çantasına” bənzəyirdi. Qəzetə “Kəşkül” adı verilməsi elə bununla əlaqədar idi.

“Kəşkül”ün müxbir heyəti və müəllifləri özündən əvvəlki qəzetlərə nisbətən geniş idi. Azərbaycan yazıçısı və publisistlərindən H. Zərdabi, S. Ə. Şirvani, F. B. Köçərli, M. Şahtaxtinski, S. M. Qənizadə, M. Sultanov, S. Vəlibəyov, G. Kəngərli, Ə. Qayıbov, R. Axundov qəzetə bədii əsərlər, publisist məqalələr yazdıqları kimi, rus pedaqoqu və publisist A. Çeriyayevski, gürcü şairi İ. Çavçavadze, Ukrayna yazıçısı N. Qulak, erməni yazıçılarından Raffi, A. Şirvanzadə və başqaları da qəzetin işinə cəlb olunmuşdular.

Qəzetdə dil, ədəbiyyat, incəsənət, elm, maarif və s. məsələlərə dair nəzəri və publisist məqalələr, orjinal bədii əsərlər, rus, Avropa və Şərq ədəbiyyatından tərcümələr çap olunurdu.

Kəşkül”, “Əkinçi”, ilə “Ziya” arasında orta bir mövqe tutmuşdu, lakin “Əkinçi”yə daha artıq dərəcədə meyli hiss edilir. Klassiklərin irsini yaymaqda qəzet mütərəqqi iş görmüşdür. Onun səhifələrində A. Bakıxanovun “Təhzibi əxlaq” əsəri, M. F. Axundovun özü tərəfindən yazılmış tərcümeyihalı, S. Ə. Şirvani haqqında məqalə və s. dərc olunmuşdur.

Cəmiyyətin həyatında baş verən dəyişiklikləri qəzet vaxtında əks etdirməyə çalışırdı. Kapitalizmin meydana gəlməsi və onun feodalizm üzərində qələbəsi prosesində milli hərəkat da yaranmağa başlayırdı. Ziyalıların şüurunda “Azərbaycan milləti” məfhumunun oyanması “Kəşkül” dövrünə təsadüf edirdi. Onlar başa düşmüşdülər ki, “din” və “millət” məfhumları ayrı-ayrı şeylərdir. “Kəşkül” qəzeti öz səhifələrində bu məsələləri aydınlaşdırmağa səy göstərmiş və ictimai-siyasi şüurun inkişafına kömək etmişdir.

“Kəşkül” Azərbaycan millətinin inkişafı və başqa millətlərlə dostluq əlaqələrini möhkəmlətməsi haqqında da müsbət səciyyə daşıyan məqalələr verirdi. Bu məqalələrin bir çoxu mövzusu, ideya istiqaməti, dili və üslubu, ehtiraslılığı ilə fərqlənirdi. “Bir şəxs” imzası ilə verilmiş ”Ana dilimiz” məqaləsi belələrindən idi.

Məqalədə göstərilir ki, “öz millətini əbədi saxlamaq istəyənlər öz ana dilini saxlamağa çalışmalıdırlar və o dildə elm fünuni övladi – millətə verməlidirlər”. Müəllif xüsusilə qeyd edirdi ki, ana dilini yaxşı bilməyən, onun ləyaqətini qiymətləndirməyən adam başqa dilləri heç cür qiymətləndirə bilməz. Beləliklə, qəzet başqa dilləri öyrənməyə xüsusi həvəs göstərilməsini təbliğ edirdi. “İnsan öz ana dilindən başqa neçə dil bilmiş olursa o qədər də qədrini artırır: Lal yarımadam olduğu kimi çox-çox dil bilən də çox adam sayılmalıdır”. Qəzet rus dilini öyrənməyi daha artıq şövqlə qeyd edirdi. Həmin müəllifin “Bir suala cavab”, “Bilmək nə böyük bəladır”, “Bəylərimizin gələcək halı” sərlövhəli məqalələrində də maarif, elm, mədəniyyət məsələlərindən danışılır, nadanlıq tənqid olunur, qonşu xalqların inkişafından söz açılır.

Bu məqalələrin N. Nərimanova aidliyi haqqında mətbuatda mülahizə irəli sürülmüşdür. N. Nərimanovun “Kəşkül” ilə əlaqəsinə dair əldə bəzi məlumatlar vardır. Məsələn, qəzet 1890-cı ildə 109-cu nömrəsində Qori seminariyasını bitirib müəllimlik şəhadətnaməsi alan beş nəfər azərbaycanlının, o cümlədən N. Nərimanovun adını çəkib yazmışdı: “Bunlar bu günlər mətbəəmizə dəxi gəlib irəlidə vətən və əbnayi – vətənə xidmətlər edəcəklərini vəd vermişlər”.

Bəzən qəzet tərcümə üçün ictimai məzmunu etibarı ilə o qədər dərin parçalar seçirdi ki, çar senzoru onu buraxmaqdan imtina edirdi. Məsələn, gürcü şairi İ. Çavçavadzenin “Bahar” adlı şeiri tərcümə olunub mətbəədə yığılmışdı. Lakin senzor onun yayılmasına icazə verməmişdi. Şeirdə meşəliklərin yarpaqlamasından, qaranquşların gəlməsindən, çiçəklərin, güllərin açılmasından bəhs edilib axırda deyilirdi:

Bülbülüm, gülüm Vətən!

Sən nə vaxt açılarsan?

Qəzetdə mütərəqqi rus şairlərinin əsərlərinə tez-tez müraciət edilirdi. Gülməmməd bəy Kəngərli Nekrasovun “Nravstvennıy çelovek” (“Xoşəxlaq adam”) əsərindən bir parçanı tərcümə edib qəzetdə “Mərdi müttəqi” adı ilə dərc etdirmişdi.

Meylə nəyi qafiyə etməkdənsə real həyatdan yazmaq lazımdır. G. Kəngərli məktubunun sonunda göstərirdi: “Təcrübə üçün məruf Nekrasov mənzumatından nəzmən tərcümə elədiyim bir fəqərəni bu dəfə irsal edirəm. Qəbul və dərc olunursa, mabədini dəxi göndərəcəyəm”.

“Kəşkül” qəzetində əsərin ardı yoxdur. G. Kəngərlinin tərcüməsinin ardının nə üçün dərc olunmaması haqqında indiyədək bir sıra tədqiqatçılar müxtəlif fikirlər söyləmişlər. Filoloji elmlər namizədi X. Məmmədovun axtarışları bu cəhətdən maraqlıdır. O, göstərir ki, tərcümənin ardının dərc olunmamasına səbəb “Tərcüman” qəzetinin səhifələrində bu məsələ ilə əlaqədar qaldırılmış mübahisədir. “Tərcüman”ın 1885-ci il 15 noyabr tarixli 17-ci nömrəsində Moskva Lazarev Şərq Dilləri İnstitutunun müəllimi Sakovun “Fünun və ədəbiyyat” rubrikası altında verdiyi məktubla başlanan mübahisə sonra İ. Qasprinski tərəfindən davam etdirilmişdir. Sakovu narazı salan cəhət tərcümə üçün Nekrasovdan guya münasib əsər seçilməməsi idi. İ. Qasprinski də bu fikirdə idi. Sonralar G. Kəngərli bu məqalələrə cavab yazmışsa da, “Tərcüman”ın redaktoru onu buraxmamış, tərcüməçinin üzərinə daha şiddətli hücuma keçmişdir.

Şübhəsiz ki, belə bir şəraitdə C. Ünsizadə tərcümənin ardını dərc etməyə girişməzdi. O, tərcümənin davamını versəydi qəzeti “Tərcüman”ın tənqid atəşinə məruz qoyardı. Bu faktlar G. Kəngərlinin tərcüməçilik fəaliyyəti zamanı necə ciddi maniyələrə rast gəldiyini sübut edir.

“Kəşkül” qəzeti Azərbaycan klassiklərinin başqa xalqların dilinə tərcümə edilməsi sahəsində də ilk təşəbbüsçülərdən olmuşdur. Fizulinin “Leyli və Məcnun” əsəri ilə “Kəşkül” səhifələrində tanış olan erməni yazıçısı Raffi onu erməni dilinə tərcümə etməyi qət etmişdi. Həmin poemanı C. Ünsizadə N. Qulak ilə birlikdə ruscaya çevirib jurnalda vermiş, sonra isə “Kəşkül” mətbəəsində ayrıca kitab halında buraxmışdı.

Ukrayna yazıçısı N. Qulakın, məşhur pedaqoq A. Çernyayevskinin, tərəqqipərvər Azərbaycan yazıçısı və publisistləri S. Ə. Şirvani, F. Köçərli, M. Şahtaxtinskinin müsbət təsiri ilə C. Ünsizadə “Kəşkül” mətbəəsində M. J. Lermontovun “Hava gəmisi”, A. Çernyayevski və S. Vəlibəyovun “Vətən dili”, Ə. Goraninin “Qocalıqda yorğalıq” kitabları, “Kəlilə və Dimnə” hekayələri və s. çap etmişdi. Bu kitablarla yanaşı, mətbədə Zaqafqaziya Şeyxulislamı Əbdüssəlam Axundzadənin “Ümtədül əhkam”, “Tarixi müqəddəsi ənbiya” kimi mürtəce dini görüşlər təbliğ edən kitabları da buraxılırdı. Hər halda “Ziya” mətbəəsinə nisbətən “Kəşkül” mətbəəsinin çap etdiyi kitablarda, təqvimlərdə mütərəqqi görüşlər daha çox idi. Bu mətbəə davamı boyunca həmçinin çoxlu müəttib yetişdirmişdi. Azərbaycanda mətbəələrin inkişafı tarixində “Kəşkül” mətbəəsi müəyyən rol oynamışdı.

“Kəşkül” jurnalı və qəzeti 1883-cü ildən nəşrə başlayaraq 1891-ci ilədək davam etmişdir. Bu müddətdə cəmi 123 nömrəsi buraxılmışdır. Göründüyü kimi o heç də müntəzəm çıxmamışdır. “Kəşkül”ün abunəçilərinin azalmasını, qəzetin tənəzzül etməsinin səbəblərindən biri elə bu idi.

1. 8. XIX əsrin II yarısında Azərbaycanda rus dilində çıxan mətbuat orqanları
XIX əsrin 70-80 –ci illərində Azərbaycanda, xüsusilə Bakıda kapitalizm əlaqələrinin inkişafı mətbuata da öz təsirini göstərmişdi. Rusiyanın mədəni mərkəzləri ilə əlaqə yarandığı rus mətbuatı ilə milli mətbuatlar arasında yaxınlaşma daha artıq nəzərə çarpırdı. 1870-ci ildən 1889-cu ilədək Qafqazda 56 mətbuat orqanı fəaliyyət göstərmişdir. Bunun 20-si rus dilində, 15-i gürcü dilində, 15-i erməni dilində, 3-ü Azərbaycan dilində idi. Əgər ayrı-ayrı elmi cəmiyyətlərin, idarə və təşkilatların rəsmi nəşrlərini də nəzərə alsaq, həmin rəqəm 69-a çatar (73). Həmin mətbuat orqanlarının bir çoxunun ömrü lap az olmuşdur. Cəmi 23 mətbuat orqanı 5 ildən yuxarı yaşaya bilmişdir. Bunlardan rus nəşrləri aşağıdakılardır: “Qafqaz”, “Tiflisski vestnik”, “Tiflisskiye obyavleniya”, (“Tiflisski listok”), “Kaspi”, “Yuridiçeskoe obozrenie”, “Bakinskiye izvestiya”, (“Bakinski torqovo-promışlennı listok”) və “Severnı Kavkaz”.

Bakıda rus dilində çıxan qəzetlər ideya-siyasi nöqteyi-nəzərdən Qafqazın digər şəhərlərində çıxan rus qəzetləri ilə bir cərgədə gedirdi. Azərbaycanda çıxan ilk rus qəzeti “Bakinski listok” hesab edilir. Qəzetin redaktoru Bakı real gimnaziyasının müəllimi Xristian Sink idi. Qəzetin ilk nömrəsi 1871-ci ilin martın 19-da çıxmış, iyun ayında bağlanmışdır. 1872-ci ilin yanvarında qəzetin nəşri yenidən bərpa olunmuşdur. Həmin il iyunun 3-dək davam etmişdir (74).

X. Sink qəzetdə Azərbaycan şöbəsi də açmaq istəyirdi. Bu təşəbbüs baş tutmadı. Qəzetin birinci nömrəsində Azərbaycan şöbəsi açılması barədə maraqlı məlumatlar vardır: “Sevinirik ki, bizim tatar dilində (Azərbaycan dilində) – ilk qəzet yaratmaq səylərimiz səmərəsiz qalmadı, bizim elanımız kütlə tərəfindən rəğbətlə qarşılandı: abunəçilərin miqdarı gözlədiyimizdən çox oldu; abunə hətta ucqar tatar kəndlərində yayılmışdır və biz tamamilə ümidvarıq ki, öz fəaliyyətimizi kiçik qardaşımızın rifahına həsr edəcəyik” (75).

“Bakinski listok” qəzetinin 1872-ci il 26 fevral tarixli nömrəsində Həsənbəy Məlikovun “Cəmiyyəti xeyriyyə” təşkilinə başlanması haqqında məqaləsi dərc olunmuşdur. Bu məqalə H. Zərdabinin bizə məlum olan ilk məqaləsi kimi tarixi və elmi əhəmiyyətə malikdir. Məqalədə əsasən xeyriyyə cəmiyyətindən, onun əhəmiyyəti və təşkilat məsələlərindən bəhs edilir, cəmiyyətin əsasnaməsi qısa şərh olunur (76).

Xristian Sinklə H. Zərdabi arasında dostluq əlaqələri var idi. Real gimnaziyada birlikdə işlədikləri vaxt gənclərin mütərəqqi ideyalar ruhunda tərbiyələnməsində onların dostluğu əhəmiyyətli rol oynamışdır. X. Sink azərbaycanlıların maariflənməsinə kömək etməyi də özünün vicdani borcu sayırdı. Bu məqsədlə o, “Bakinski listok” qəzetində Azərbaycan şöbəsi açmaq istəyirdi. Lakin o, bu məqsədə nail ola bilməmişdir.

Xristian Sink sonralar Moskvada yaşadığı illərdə də H. Zərdabi ilə əlaqə saxlayır, onunla məktublaşırdı. 1880-ci ildə H. Zərdabi Bakıdan öz doğma vətəni Zərdaba köçən vaxt Xristian Sink Moskvadan ona yazmışdı: “Siz mənim nəzərimdə həmişə ləyaqətli qəhrəman kimi qalırsınız. Az -çox biz bir iş gördük, hələ ki, silahı yerə qoymamışıq. Burada dayanmalıyıqmı? Mən sizin portretinizi gördüm: saçlarınız ağarmışdır, əhli-əyal sahibisiniz. Mənim də artıq ailəm var. Özümüz haqda fikirləşməyin vaxtıdırmı? Yox, Əzizim Məlikov!” (77).

Xristian Sink adamlara maarif işığı bəxş etmək uğrunda mübarizəni axıradək aparmağı tövsiyə edirdi. Bu barədə ürək sözlərini öz dostu ilə bölüşürdü.

1876-cı ildə Bakıda rus dilində ikinci bir qəzet “Bakinskiye izvestiya” nəşrə başlamışdır. Bu qəzet quberniya idarəsinin rəsmi orqanı idi və general-qubernator D. S. Staroselskinin təşəbbüsü ilə buraxılmışdı. Staroselski 1875-ci ildə “Əkinçi” qəzetinin nəşrinə də kömək etmişdi. Onun “Bakinskiye izvestiya” qəzetini çıxarmaqda məqsədi Bakı quberniyası haqqında oxuculara geniş məlumat vermək idi. O, hələ qəzet çıxmazdan xeyli əvvəl quberniya idarəsinin nəzdində mətbəə açmışdı, çapçılar dəvət etmişdi (78).

1888-ci ildən sonra qəzet “Bakinski torqovo-promışlennı listok” adı ilə çıxmışdır. Müxtəlif vaxtlarda qəzetin redaktorları O. de – Monfor, St. Gülüşəmbərov, V. Kuzmin, V. A. Abramoviç, V. Neruçev və başqaları olmuşdur (79).

1894-cü ilin yanvarından “Bakinskye qubernskiye vedomosti” adlı rəsmi dövlət qəzeti də fəaliyyətə başlamışdır. Qəzet teleqram və elanları olan əlavəsi ilə çıxırdı. Bu teleqram və elanların bir hissəsi Azərbaycan dilində buraxılırdı. Qəzet 1916-cı ilə qədər çıxmışdır (80).

Adları çəkilən bu qəzetlərin hamısında rəsmi xəbərlər, qərarlar, elanlar və teleqramlar geniş yer tuturdu.



1. 9. “KASPİ QƏZETİ”

Bakıda rus dilində çıxan burja qəzetləri içərisində “Kaspi” qəzeti daha uzun ömür sürmüş, müxtəlif dövrlərdə cəmiyyətin həyatını öz baxışları nöqteyi - nəzərdən əks etdirmişdir. Qəzetin 1881-ci ildən 1919-cu ilədək müddətdə 10 min 65 nömrəsi çıxmışdır.

Qəzetin ilk redaktoru Viktor Vasilyeviç Kuzminin mətbuat işləri üzrə baş idarəyə 1880-ci ilin 12 oktyabrında göndərdiyi məktubda “Kaspi”nin proqramı belə təsvir olunur: “1. Yerli həyatdan və ümum dövlət həyatından bəhs edən baş məqalələr. 2. Məlumatlar və eskizlər. 3. Gündəlik hadisələrin xülasəsi. 4. Orijinal və tərcümə olunmuş elmi məqalələr. 5. Rusiyada və xarici ölkələrdə neft işi. Neftə aid yeniliklər. 6. Son poçt. 7. Nəsr əsərləri. 8. Məlumat xarakterli xəbərlər. 9. Elanlar.

Redaksiya bu proqram haqqında ilk məlumatı qəzetin 1881-ci ildə çıxan 1-ci nömrəsində “Oxuculara” sərlövhəli baş məqalədə vermiş və habelə burada məsləkini də şərh etmişdir.

Qəzetin ilk 28 nömrəsi həftədə iki dəfə, sonra bir müddət həftədə 3 dəfə çıxırdı. 1884-cü ilin yanvarından isə gündəlik olmuşdur. 1881-ci ildən 1887-ci ilədək qəzeti V. V. Kuzmin redaktə etmişdir. Əvvəllər qəzet 400-420 nüsxə tirajla çıxırdısa, 1887-ci ildə bu rəqəm 1. 000-ə qalxmışdır. Elə bu ildən etibarən qəzet müntəzəm çıxmağa başlamışdır.

1887-ci ilin yanvarında V. V. Kuzmin xəstələndiyi üçün müvəqqəti redaktorluq ehtiyatda olan podpolkovnik Evlampi İvanoviç Starsevə tapşırılır. O, may ayınadək redaktorluq edir, polis departamenti Starsev haqqında pis xasiyyətnamə verdiyi üçün onun redaktorluğunu təsdiq etmək mümkün olmur. Sonra bir müddət qəzetə yerli gimnaziyanın müəllimi V. P. Liçkus – Xomotov (1887-1888), bir müddət “Qafqaz ”qəzetinin əməkdaşı Pyotr Trofimoviç Qordiyeviski (1888-1889) redaktorluq edir. 1889-cu ildə qəzetin 82-ci nömrəsindən sonra onun redaktoru vəsifəsində Nikolay Aleksandroviç Sokalinskini görürük. Əvvəllər hərbi qulluqda olmuş N. Sokolinski Qafqaza 1878-ci ildə gəlmişdi. 1882-ci ildən jurnalistlik fəaliyyətinə başlamış, Ⅶ “Kavkazskoye obozreniye”, “Novoye obozreniye” və “Kaspi” qəzetlərində işləmişdi. O, “Kaspi” qəzeti səhifələrində “Cümə müsahibələri” başlığı altında felyetonlar yazırdı (81).

N. Sokalinski “Kaspi” qəzetinə 8 il redaktorluq etmişdir (1889-1897). Onun fəaliyyəti dovründə qəzetə müvəqqəti olaraq S. K. Mixaylov (1890), M. A. Şahtaxtinski (1891-iyun-avqust), M. A. Uspenski (1892), K. M. Karyagin (1894-1897, müxtəlif illərdə) redaktorluq etmişlər. 1897-ci ildə qəzetin tirajı 2. 400-ə qalxmışdır.

1897-ci ildə N. Sokolinskinin ölümündən sonra “Kaspi” qəzeti redaksiyasında bəzi dəyişikliklər baş verir. Qəzetin naşirliyini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürür və redaksiyanı Nikolayevski (indiki Kommunist) küçəsindəki binaya köçürür. Redaktorluq vəzifəsi Əlimərdanbəy Topçubaşova tapşırılır. O, qəzeti 24 iyun 1898-ci ildən 1907-ci ilin oktyabrınadək redaktə edib. Ondan sonra qısa bir müddətdə qəzetin redaktorluğunu Əlibəy Hüseynzadə təyin olunub.

1907-ci ilin axırlarından 1919-cu ilədək qəzetin başında A. Veynberq dayanıb. Bu müddətdə qəzet təkcə Qafqazda deyil , Rusiyanın bir sıra şəhərlərində, xarici ölkələrdə də yayılırdı.

“Kaspi” qəzeti Bakı burjuaziyasının təşəbbüsü ilə, onun mənafeyini müdafiə etmək üçün yaradılmışdı. Kapitalistlərin, bütün istismarçı siniflərin nöqteyi-nəzərincə mətbuat ancaq onların hakimiyyətini möhkəmləndirməyə xidmət etməlidir. “Kaspi” də belə bir arzunun nəticəsi olaraq meydana çıxmışdı. Təsadüfi deyil ki, qəzet ilk nömrəsindən başlayaraq, süqutu dövrünədək müxtəlif dövrlərdə burjuaziyanın mənafeyini özünəməxsus formalarda, üslubda müdafiə etmişdir. Nəşrinin birinci ilində qəzet özünə olduqca az tərəfdar tapmışdı. Qəzetin 10 illiyi münasibəti ilə verilən bir məqalədə deyilir: “Kütlə yeni mətbuat orqanını şübhə ilə, bir çoxu isə sərt qarşıladı. Bütün ziyalıların içərisində məqalələrini yeni orqanda çap etdirmək qərarına gələn, özü də çox gizli surətdə, bir-iki nəfər adam güc-bəla ilə tapıldı ” (82).

Nəşrinin ilk on ilində “Kaspi” əyalət qəzeti səviyyəsindən yuxarı qalxmamışdı. Neft sənayesindən, sənayenin digər sahələrindən, Zaqafqaziya dəmir yolundan, ticarətdən, kənd təsərrüfatından, mədəniyyət və məişətdən bəhs edən yazılarda geniş ictimai məsələlər qoyulmurdu. Mövcud qayda-qanunlar tənqid edilmirdi. Məzmunca zəif ədəbi-bədii əsərlər çap olunurdu. Zəhmətkeş xalqın həyati mənafeyi qəzet səhifələrində öz əksini tapmırdı.

Sonrakı onillikdə qəzetin mövzu dairəsinin xeyli genişləndiyinin şahidi oluruq. Qəzet öz ətrafına daimi yazan publisistlər toplayır, həyat hadisələrinə real menasibət bəsləyən bir sıra jurnalistlər qəzet səhifələrinə həqiqətləri çıxarmalı olurdular. “Teleqramlar”, “Xarici xəbərlər”, “Mətbuat xülasəsi” rublikaları altında gedən yazılarda Rusiyanın və xarici ölkələrin həyatından maraqlı əhvalatların verilməsi qəzeti ictimai-siyasi həyatın içərilərinə doğru aparırdı. Bu faktı unutmaq olmaz ki, qəzetin müəlliflərinin əksəriyyəti çarizm siyasətini müdafiə mövqeyindən çıxış edir, yerli kapitalistlərə xoş gələn söz yazır, onların əqidələrinə ictimai don geydirməyə çalışırdılar. Belə mühərrirlərlə yanaşı, qəzetdə H. Zərdabi, N. Nərimanov, S. M. Qənizadə, M. A. Şahtaxtinski və başqaları kimi publisistlər də çıxış edirdilər. Onların qaldırdıqları məsələlər qəzetin ümumi məsləki ilə daban-dabana zidd idi. 1905-ci il inqilabi ərəfəsində və inqilab dövründə bolşevik ideyaları özünə möhkəm yer eləmişdi. Bu ideyalar qabaqcıl ziyalıların qələmindən qəzet səhifələrinə keçirdi.

H. Zərdabi qəzetin nəşrinin ilk ilindən onun fəal əməkdaşı olmuşdur. H. Zərdabinin “Bizim kənd məktəblərimiz”, “Bədii sənaye məktəbxanaları”, “Amerikada əqli inkişafla əl əməyini birləşdirən məktəb sistemi” adlı məqalələrində elmin, təhsilin həyatla əlaqəsi məsələsi irəli sürülürdü.

H. Zərdabinin “Kaspi” də redaktorluğu dövründə jurnalistlər heyəti demokratik görüşlü ziyalılar hesabına zəginləşmişdi. Hüseyn Minasazov, Eynəlibəy Sultanov, Rəhimbəy Məlikov və başqaları qəzetə tez-tez yazırdılar.

M. Şaxtaxtinski də “Kaspi”də ictimai siyasi mözuda publisist yazılarla çıxış etmişdir. Müxtəlif vaxtlarda “Kaspi” qəzetinin səhifələrində Azərbaycan məhşur maarifçi-demokratları M. Mahmudbəyov, F. Köçərli, rus müəlliflərindən N. Kozerenko, E. Bondareko və başqaları iştirak etmişlər. 1902-ci ildə C. Məmmədquluzadə Dəlmə bağları haqqındakı ilk məqaləsini “Kaspi” qəzetinə göndərmişdir (83).

Məşhur müəllim və ictimai xadim M. Sidqi qəzetlə sıx əlaqə saxlayırdı.

Lənkəran ibtidai məktəbinin müəllimi Teymurbəy Bayraməlibəyov şifahi xalq ədəbiyyatını toplayıb qəzetdə dərc etdirirdi. Mahmudbəy Mahmudbəyov xalq dastanlarını təhlil edib rus oxucularına çatdırırdı.

1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə