MÜNDƏRİcat ilk mətbu nəşrlərimiz




Yüklə 273.57 Kb.
səhifə2/4
tarix22.02.2016
ölçüsü273.57 Kb.
1   2   3   4

1875-ci il iyulun 22-də “Əkinçi”qəzetinin birinci nömrəsinin çıxması ilə Azərbaycanda milli dövri mətbuat yaranır. Bu qəzet təsadüfi meydana gəlməmişdi. Zərdabi və onun məsləkdaşları Azərbaycan xalqımın gerilikdən çıxarmaq, cəhalət və mövhumata ağır zərbə vurmaq, yeniliyi təbliğ etmək kimi çətin vəzifəni üzərinə götürmüşdülər. Qəzet hansı məsələləri əhatə edəcəkdir? H. Zərdabi bu suala birinci dövrədə dərc etdiyi məqalədə ətraflı cavab verirdi. Həmin məqalədə deyilirdi ki, qəzetin məramnaməsi belə olacaqdir:

1. Daxiliyyə-buradakı məqalələr qəzetin münşisinin özü tərəfindən yazılacaqdır.

2. Əkin və zirayət xəbərləri - yəni bizim və ya qeyri-vilayətlərdə olan əkinlərdən, onları becərmək vaxtında əsablardan, əkin yerini şum etməkdən, əkin yerini yerinio quvvətli etməkdən ötrü o yerə qeyri şeylər qarışdırmaqdan, xülasə əkindən və əkini biçib, götürüb, qurudub, döyüb saxlamaqdan danışıq olacaqdır. Həmçinin bu ikinci fəsildə maldarlıqdan, mallardan əmələ gələn şetlərdən danışıq olacaqdır, yəni bizim və qeyri-vilayətlərdə nə qismi mallar saxlamaqdan və ya nə tövr saxlamaqdan və onlar əmələ gələn şeyləri nə tövr yaxşıraq əmələ gətirməkdən danışılacaqdır.

3. Elm xəbərləri-yəni elm və imtahan yolu ilə aşkar olan, məsələn, bədəninə və malına nəfi olan xəbərlərdən danışılacaqdır.

4. Tazə xəbərlər-bir neçə qism olacaqdır, əvvələn ticarət xəbəri olacaqdır, yəni bizim vilayətimizdə və ya qeyri-vilayətimizdə bir şey, məsələn, buğda filan şəhərdə, ya filan kənddə nə qiymətə və nə tövr satılmaqdan xəbər verəcəkdir və s. (16).

Bu məlumatdan göründüyü kimi Zərdabi qəzetin 4 əsas şöbəsi olacağını müəyyənləşdirmişdi. Lakin qəzetin 6 nömrəsi çıxdıqdan sonra yəqin oldu ki, qəzetdə məktublar şöbəsi açılmalıdır. Odur ki, “Məktubat” başlığı altında materiallar dərc olunmağa başlandı. Bu beş şöbə qəzetin sonuncu nömrəsinə qədər davam etmişdir.

H. Zərdabi qəzetə ana dilini öyrədən bir məktəb kimi baxırdı, yazırdı ki, Azərbaycan mətbuatı öz milli zəmini üzərində inkşaf etməyə qadirdir, qəzet xalqın həyatında inkişafa doğru təkənverici amil ola bilər. Lakin mətbuata meyl göstərən, onu özünə sənət seçən adamların olmaması Zərdabini tutduğu böyük yolda çətinliklərə salırdı. O, bu barədə yazırdı: “Dünyada hər qəzeti beş və ya on adam inşa edir”onu çap eyləyən, hürüfatını düzən, qələtlərini düzəldən başqa şəxlər olur. Amma bu işlərin hamısını gərək mən özüm görüm. Hətta bizim müsəlman şəhərində bir savadlı olan müsəlman yoxdur ki, qəzetə baxıb onun qələtini düzəltsin və ya hürufatını düzsün”(17).

Azərbaycanda milli dildə qəzet çıxarmaq üçün mətbəələrin olmamasının nəticəsi idi ki, İranda, Türkiyədə çap olunan qəzet və kitablardan istifadə edilir və bunun nəticəsində dilimizdə xarici sözlərin, ifadə tərkiblərin işlədilməsinə şərait yaradılırdı. Bunun əleyhinə çıxan Zərdabi yazırdı: “Onların kitablarını bizim adam üçün oxumaq çətindi. Ona binaən yaxşı olardı ki, bizim millət qeyrəti çəkən qardaşlar bir icma bina edib, çapxana açıb öz dilimizdə çap elətdirib kitabları xalqa müftə, ya bir az qiymətə paylasın. ”

“Əkinçi”qəzeti haqqında maraqlı arxiv sənədləri vardır. Qafqaz Senzura Komitəsi Qafqaz canişinliyi baş idarəsinə yazdığı məktubunda “Əkinçi”qəzetinin nəşri, məqsəd və vəzifəsinə şübhə ilə yanaşır: “. . . Arzu olunur ki elmi məqalələrin məzmunu iqtisadi və əhalinin ən yaxın mülki məişət məsələlərinə aid olsun; bütün müasir həyat quruluşunu müzakirə edən, modda olan siyasi görüşlərlə və rəmzlərlə doldurulmasın”(19).

Həmin sənəddə daha sonra deyilirdi: “Cənab Məlikovun baş məqalə adı altında yalnız yerli ehtiyac və tələblərə həsr olunmuş yazılarında nəyi nəzərdə tutduğunu bilmədiyindən, komitet bütünlükdə proqram haqqında qəti fikr söyləməyə çətinlik çəkir”.

H. Zərdabi səbrlə, təkidlə “Əkinçi”nin nəşrinə icazə almaq üçün mübarizə aparırdı. Nəyahət, 1874-cü il, oktyabrın 5-də Qafqaz canişinliyi baş idarəsi dəftərxanasından Qafqaz Senzura qaydaları gözlənilsin, həm də icazə verilmiş proqramdan heç vaxt kənara çıxılmasın.

Həmin qərar haqqında Bakı qubernatoruna lazımi göstəriş verməklə, əlahəzrətin əmri ilə baş idarə rəisi dəftərxanası Qafqaz Senzura Komitəsinə də lazımi sərəncam verməyi lazım bilir (21).

Gürcüstan Mərkəzi Dövlət Arxivinin sənədləri içərisində “Əkinçi”nin nəşrinə icazə almaq məqsədilə H. Zərdabinin yazdığı 4 may 1873-cü il tarixli ərizəsi vardır. Bu ərazidən və başqa sənədlərdən bir çox faktlar öyrənirik: “Əkinçi”nin proqramı, Həsən bəyə qəzet nəşri üçün qubalı Abdulla Ağa Bakıxanovun(Abbasqulu Ağa Bakıxanovun qardaşıdır) 1000 manat məbləğində pul verməsi və s. (22).

H. Zərdabi ərizəsində yazırdı: “Quba mülkədarı general-mayor Abdulla Ağa Bakıxanov mənə Bakı şəhərində tatar dilində qəzet nəşr etmək məqsədilə mətbəə açmaqdan ötrü 1000 manat pul verir. Bu təsadüfdən istifadə edərək mən aşağıdakı şərtlər əsasında qəzet nəşr etməyi qərara almışam: birinci, qəzetin redaktorluq və naşirlik vəzifəsini öz öhdəmə götürürəm; ikinci, qəzet Bakı şəhərində, Zaqafqaziya ölkəsinin başa düşə biləcəyi tatar dilinin Azərbaycan ləhcəsində nəşr olunacaqdır;üçüncü, ilk vaxtlar qəzet iki həftədə bir dəfə, bir çap vərəqi həcmində buraxılacaqdır;dördüncü, ilk vaxtlar qəzetin abunə qiyməti, göndərmək və çatdırmaqda daxil olmaqla, ildə iki manat olacaqdı;beşinci, qəzetin nəşri kağız üçün xərclər, xidmətçilər və mətbəə binası tutmaq üçün xərclər çıxmaqla, qəzet üçün toplanan pul Bakıda təsis sərf olunacaqdır;altıncı, qəzet “Əkinçi” adlandırılacaq; yeddinci, qəzetin nəşrinə 1873-cü ilin sentyabırında başlayacaqdır. (23).

Abdulla Ağa Bakıxanovun 4 may 1873-cü il tarixli məktublu H. Zərdabinin ərizəsilə birlikdə Gürcüstan Dövlət Tarix Arxivi fondundadır. 24 oktyabır 1873-cü ildə Abdulla Ağa Bakıxanov Qubada ikinci məktubla Həsən bəy Zərdabiyə müraciət edərək “Əkinçi”ni çıxarmaq yolunda heç şeydən, xüsusilə maddi çətinlikdən çəkinməməyi arzulayır və yazır ki, lazım gəlsə, əlavə pul verməyə də hazırdır(24).

Məlumdur ki, hürufat əldə etmək üçün H. Zərdabi 1874-cü ilin iyul-avqust aylarında İstanbulda olmuşdur. O yazır: “dörd ildir ki, qəzeti çap etməyə izn istəmişik və bu zamanda dünyanı gəzib hürufatı tapmışıq”. Bu zəhmətlərə heç bir qəzeti öz nəfindən ötrü çap eləmədən razı olmaz.”(26).

“Əkinçi”də iştirak edən bir çox müəlliflərin açıq və gizli imzası olduğu halda, H. Zərdabi öz məqalələrinə imza qoymamışdır. Tətqiqatçılar “Daxilliyə”də olan məqalələri H. Zərdabiyə aid edərkən onun ilk nömrədə verdiyi belə bir qeydə istinad edirlər: Əvvəlinci fəsil daxilliyə olacaqdır, yəni qəzetin münşisinin özü tərəfindən yazılan şeylər olacaqdır”(28)

“Əkinçi” qəzetinin ilk nömrəsinin sərlövhəsi altında yazılmışdır:”Bu qəzet çap olunur Qafqaz vilayətinin Badkubə şəhərində, hər kəs elamnamələr və məktubat göndərmək xaiş etsə, qəzeti çap etdirənin adına göndərsin. Bu qəzeti almaq xaiş edən kəslər qəzetin yuxarıda zikr olan qiymətini lazımdır qəzeti basdıranın adına göndərsinlər və öz adlarını və sakin olduğu yerlərini yazıb məlum eləsinlər. Bu qəzeti çap eylədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi”.

“Əkinçi”nin nəşrə başlanmasını ürəkdən alqışlayan görkəmli maarifpərvər şair Seyd Əzim Şirvani yazmışdı:

Həzəran şükr kim, bir şəxs-aliqədr hümmətdən,

Qəzet bünyadına Rusiyyədə izn aldı dövlətdən. . . (29)

Qəzetin ətrafında toplaşan müəlliflər - H. Zərdabi, S. Ə. Şirvani, M. F. Axundov, Ə. Gorani, N. Vəzirov və başqaları dövrün qabaqcıl maarifpərvərləri, ziyalıları idilər. Onlar “Əkinçi”nin tərəqqipərvər istiqamətini də müəyyənləşdirirlər.

Cəmiyyətdəki mənfiliklər və geriliklərlə mübarizədə tərəqqipərvər mətbuatın rolu haqqında H. Zərdabi böyük ehtirasla yazırdı: “Qəzet dərviş kimi nağıl deyə bilməz; onun borcudur işlərini yaxşı və yamanlığa ayinə kimi xalqa göstərsin, ta xalq öz nikü-bədənindən xəbərdar olub əlacının dalıncan olsun”(30).

Zərdabi qəzet oxuyanların sayını artırmaq üçün çox vaxt nömrələri pulsuz paylayırdı. Bunu birdə onunla izah etmək lazımdır ki, Zərdabi əsl mənada, vətənpərvər və humanist idi. Hələ qəzet çıxmamışdan əvvəl Zərdabinin M. F. Axundova göndərdiyi məktubda bunu aydın görmək olar. Zərdabi bu məktubda nəyə görə böyük zəhmət bahasına qəzet çıxarmaq üçün səy göstərdiyini belə şəhr edir: “Bəlkə sızı belə bir şey düşündürür ki, nə üçün başda birisi deyil, məhz siz, özü də müftə, bir “quru sağ ol” eşitməyə belə ümidsiz olmadan bu barədə zəhmət çəkəsiniz. Onda mən məcburam deyəm ki, xalqa, sənə doğma olan xalqa məhəbbətdən, avamların maariflənməsindən söhbət gedən yerdə bu sual ortaya gəlməlidir; xalqın, həm də geridə qalmış avam xalqın, sənin və mənim qardaşımın maariflənməsi işinə özünü həsr edən bir adamı belə bir fikir yoldan qoymamalıdır. O, mükafatını öz-özünə, işini görə-görə vicdanı qarşısında duyacaqdır”(31).

Həsən bəy Zərdabinin jurnalistik fəaliyyətini tədqiq edərkən bu sözlərin dərin mənası hər bir məqalədə, hər bir yazıda özünü göstərir. Onun məqaləsinin qüvvətli cəhətlərindən biri də irəli sürülən fikirlərin insanpərvərlik ruhunda, vətənpərlik ruhunda olmasıdır. Hənifə xanımın xatirələrinin bir yerində bu cəhət belə səciyyələndirilir: “Bir dəfə fransız qəzetinin baş muxbiri Bakıya gəlmişdi. O, Rusiyada, xüsüsilə Bakıda qəzet işinin qurulmasını öyrənirdi. O, bütün Rusiyada Azərbaycan dilində çıxan yeganə qəzetlə maraqlanıb, Həsən bəyin yanına gəlmişdi. Qəzetin üç il müddətində ancaq üç yüz abunəçisi olduğunu bilincə müxbir təəccüblə Həsən bəyə baxıb səmimi sürətdə dedi: “Siz qəhrəmansınız, bizim Fransada bu cür yoxsul qəzetlər üçün işləyən adam tapılmaz. Görünür, siz öz xalqınızı çox sevirsiniz”(32).

Beləliklə, Zərdabi oxucuya başa salmaq istəyidi ki, Fransada dövlət quruluşu bizimkindən yaxşıdır. Orada məlisi camaat seçir, dövlət işlərini tək bir adam deyil, məclis idarə edir. Elmin maarifin təbliği Zərdabinin jurnalistikanın ana xəttini təşkil edir. O, cavanlara müraciətlə deyirdi ki, beş gün ömrün ləzzətindən ötrü milləti, qardaşlarınızı atıb onları kor və sərgərdan qoymayın. Elm təhsil edin. Qoyun sizə mollar lənət oxusun, avamlar daşa bassın. Gələcəkdə millətin gözü açılanda sizə rəhmət oxuyacaqlar.

Zərdabinin həm jurnalistik, həm də elmi fəaliyyətində materialist görüşlər özünü əks etdirir. Onun “Torpaq, su və hava”, “Bədəni salama saxlamaq düsturüləməli”əsərlərində, 1905-1906-ci illərdə “Həyat”qəzetində, 1907-ci ildə “Dəbistan”jurnalında çıxan məqalələrində bu görüşləri hiss etmək olur.



1. 5. “ƏKİNÇİ” QƏZETİNİN BAŞLICA MÖVZULARI

H. Zərdabi və eləcədə də “Əkinçi”nin başqa müəllifləri Rusiyada təhsil alırdıqları illərdə “Polyarnaya Zvezda”, “Kolokol”, “Sovremennik” kimi demokratik mətbuat orqanlarının mütərəqqi ideyaları ilə tanış olmuşdular. Odur ki, məqalələrində Azərbaycan xalqının yüksəlişi məsələlərinə tez-tez toxunurdular. Onları feodal quruluşunun məhv olacağına inanırdılar. Əsgər ağa Gorani məqalələrinin birində hətta yazırdı ki, quldarlığı feodalizmi də kapitalizm əvəz edəcəkdir. “Əkinçi” insanların adi hüquqlardan belə məhrum olduğunu açıqcasına deyirdi. 1877-ci ildə çıxan 6-cı nömrədə o yazırdı: “Bizim şəriətimizə görə qulu azad etmək çox böyük savab olduğunu bilə-bilə biz özümüz öz xaişimizlə bir-birimizə qul olmuşuq: rəiyyət padşaha, övrət kişiyə, uşaq ataya, nökər ağaya, şagird ustaya məgər qul deyilmi? Bəli, biz hamımız quluq. Buna səbəb bizim ata-baba adətlərimizdir. Xülasə, Şərqi zəmində azadlıq olmadığına biz Avropa əhlindən geri qalmışıq və nə qədər belə olsa biz tərəqqi etməyəcəyik və edə də bilmərik”.

Qəzet başqa bir məqalədə söz azadlığının olmamasına acıyaraq yazırdı: “Məlumdur ki, heyvan haraya getsə gedər, hər tərəfə istəsə baxar, hər nə istəsə eləyər; haçan keyfi necə istəsə mələyər, amma insan nəinki özü istədiyini edə bilmir, hətta keyfi istədiyi kimi danışa da bilmir”.

“Əkinçi” mühərrirləri bunun səbəbini ata-baba qaydalarının dəyişilməsində, inkişafın zəifliyində görürdülər. Qəzet üstüörtülü şəkildə olsa da, çarizm üsul-idarəsini, onun törətdiyi cinayətləri tənqid edirdi. Qəzetin dərc etdiyi bir neçə xəbərə nəzər salaq: “Peterburqda dekabrın 6-da Kazanski sobor kilsəsində dua oxunan vəqtdə bir neçə tələbə və qeyri dövlətin üstə nalayiq sözlər danışıb. İndi senat onların işinə baxıb, qət edib çoxunu Sibirə göndərib”(50). “Ural kazaklarının yerlərində təzə əsgəri qayda qoyulandan sonra bəzi şəxslər ol əmrə razı olmadığına binaən hökm olunub ki, onları öz külfətləri ilə tutub Türküstana göndərsinlər” (51).

Həmin xəbərlərdən çıxan məntiqi nəticə bu deyilmi ki, çarizm siyasəti insanlar üçün fəlakət və bədbəxtliklər törədir?!

Qəzet cəmiyyətin əzənlərdən və əzilənlərdən ibarət olduğunu açıq etiraf edirdi. Əzənlər sinfinə mənsub olan bəylər, ağalar “Əkinçi”nin əsas tənqid hədəfi idi. Qəzet yazırdı ki, əlbəttə, bəylər “xəlqin xoşbəxtlik fikrini çəkməz. Onun üçün pul gərəkdir ki, keyfi-damağa məşğul ola və millət əvəzinə heyvan gərəkdir ki, ona hakimlik edib, öz bəyliyini zahir edə” (52).

“Əkinçi”nin müəllifləri xalqın zülm altında olmasının əsas səbəblərindən birini elmsizlikdə görürdülər. Onların fikrincə adamların biri digərinə avamlıq üzündən qul olur. Məqalələrin birində deyilir: “Məlumdur ki, bir heyvan bir ahunu şikar edib özü yeyir və əgər bir qeyri heyvan onun əlindən o ahunu almaq istəsə, onunla ölənəcən dava edər, amma insan qan-tər töküb qazandığını avamlığı cəhətdən öz əli ilə özündən güclülərə verib onların dəxi artıq təvanə olmağına bais olur ” (54). Məhz buna görə də qəzet oxucuları elmli olmağa, maarif ardınca getməyə, gözüaçıqlığa səsləyirdi.

H. Zərdabi və digər maarifçilər “Əkinçi” dövründə cəmiyyətin inqilabi yolla dəyişdirilməsi fikrinə gələ bilməmişlər. Əsil azadlıq əldə etmək üçün ictimai quruluşun dəyişilməli olduğunu görməmişlər. Onların bir çoxunun cəmiyyət haqqında fikirləri 1905-ci il inqilabından sonra inkişaf edib kamilləşmişdir.

Qəzet əkinçiliyin inkişafına kömək edən çoxlu material dərc etmişdir. Torpağın elmi qaydada becərilməsini, əkinçilikdə, kollektivçiliyi, heyvanların saxlanmasında, heyvandarlıq məhsullarının hazırlanmasında yeniliyi təbliğ edən materiallar sadə adamlar arasında “Əkinçi”nin nüfuzunu artırırdı.

Qəzetdə aqrotexniki və zootexniki məsləhət xarakteri daşıyan yazılar verilirdi. Torpağın keyfiyyətini, münbitliyini, məhsuldarlığını təyin etmək üsulu xalqa çox sadə bir dil ilə çatdırılırdı . Qəzet buğdanın növlərini, onların əkilib becərilməsi üsullarını izah etmişdir. Taxılçılıq haqda qəzetdə belə maraqlı mülahizələrə rast gəlmək olur:”Onu (yəni taxılı) bir yerdə dalbadal bir neçə il əksək hasil ilbəil az olar. Ona binaən yaxşıdır ki, bir il buğda əkəndən sonra yer bir il dincəlsin və ya buğdadan sonra o yerdə bir neçə il qeyri şey, məsələn qarğıdalı, kartofel, tənbəku, yerkökü və qeyri kökü dərinə gedən şey əkəsən. Xülasə yer dincəlməyə qalanda bir il keçəndə buğda əkmək olar” (55).

“Əkinçi” mühərrirləri xalq yaradıcılığına böyük qiymət verirdilər. H. Zərdabi xalq mahnılarının qarşısında ictimai həyatı əks etdirmək vəzifəsini qoyurdu. O, məqalələrinin birində yazırdı: “Məlumdur ki, hər kəsin mahnıdan xoşu gəlir, səsi olan da, olmayanda könlü istəyən vaxt mahnı oxuyur. Bu səbəbə mahnı çox vacib şeydir, ona binaən onun mənasını yaxşılaşdırmaq səyinə düşmək lazımdır. Hər tayfanın keçmişində olan yaxşı və yaman günlərini şərh edən mahnıları olur; bunlar ağızdan-ağıza düşüb milləti birləşdirməyə bais olur. Amma bizim mahnılara baxan gərək təəccüb eyləsin, xudavənda, onları kim və nə üçün düzəldib! Onların çoxunu ki, avam çağırır, heç mənası yoxdur. Məsələn,

Ağacda oturub sərçə,

Niyə uzunsan ay küçə.

Sən harada qaldın ay beçə,

Ey yar, ey yar, ey qara qız ” (56).

Zərdabi məqalənin sonunda göstərir ki, bizim şairlərimiz bir-birinə həcv etməkdənsə mənalı mahnılar yazsalar, xalqın mənəvi inkişafına kömək edərlər.

Qeyd etmək lazımdır ki, “Əkinçi” redaksiyasına çoxlu hekayələr gəlirdi. Lakin Zərdabi bədii və məzmun cəhətdən zəif olanları buraxmırdı. Beləliklə, qəzet real həyatdan bəhs edən əsərlər uğrunda qızğın mübarizə aparırdı. Qəzet bu cür mübarizəsi ilə realist Azərbaycan ədəbiyyatının və ədəbi tənqidinin inkişafına faydalı təsir göstərmişdi.

“Əkinçi” qısa müddətdə beynəlxalq nüfuz qazanmışdı. “Kafkaz” (1876, N 4) qəzeti xəbər verirdi ki, “Əkinçi” London və Nyu-York kimi şəhərlərdədə tanınmışdır.

Qəzet 1877-ci ildə çıxan 20-ci nömrəsində birinci səhifədə belə bir elan vardır: “Biz xəstə olduğumuza görə bu ilin axırıncı nömrələri öz vaxtında çıxmayacaq və onların haçan çıxması məlum deyil”.

Bu nömrədən sonra qəzetin heç bir nüsxəsi yoxdur. Sonuncu 56-cı nömrəsi ilə də qəzet bağlanmışdır. “Əkinçi”nin 1875-ci ildə 12, 1876-cı ildə 24, 1877-ci ildə 20 nömrəsi çıxmışdır.

Qəzetin bağlanmasına səbəb həqiqətən də Zərdabinin xəstəliyi idimi? Xeyr. Əsil səbəbi Zərdabi sonralar, 1905-ci ildə “Həyat” qəzetində çap etdirdiyi “Rusiyada əvvəlinci türk qəzeti” adlı məqaləsində ətraflı şərh edir. Müəllif məqalədə “Əkinçi”ni nə məqsədlə nəşr etdiyini, qarşıya çıxan çətinlikləri, çar senzurası tərəfindən təqibləri açıb göstərmişdir. Zərdabi həmin məqaləsində qeyd edir ki, camaaatı avamlıqdan, cəhalətdən qurtarmaq üçün çox çalışdım, çağırdım, gəlmədilər, göstərdim, görmədilər, dedim, qanmadılar. Axırda hiss etdim ki, qəzet çıxarmaqdan başqa əlac yoxdur. O, əmin idi ki, doğru söz yerdə qalmaz. Hər il on nəfər adam oxuduğunu qanacaq, beləliklə maarif tərəfdarlarının sayı artacaqdır. O bənd ki, suyun qabağını kəsmişdi, yavaş-yavaş dağılacaq, sonra isə düşmənin düşmənliyi və dostun dostluğu bilinəcəkdir.

Həmin məqalədən aydın olur ki, o vaxt Qafqazda azəbaycanca hürufat olmadığı üçün Zərdabi özü İstambula gedib hürufatı satın alıb gətirmişdi.

Məqalənin mühüm bir hissəsində “Əkinçi”nin çar senzurası tərəfindən təqib olunması təsvir edilir. Elə buradaca o, qəzetin bağlanması səbəblərinin ətraflı şərhini verir. O, yazır ki, bir gün N. Vəzirovun Moskvadan göndərdiyi məktub mətbəədə yığılıb səhifələnmişdi. Senzor qol çəkib qəzetin çap olunmasına icazə də vermişdi. Həmin məktubda dükanların qabağında qəsidə oxuyan və camaatı elmə səsləyən dərviş təsvir olunurdu. Qəzet çap olunub paylanandan sonra qubernatorun hökmünə görə o nömrəni yığdılar və Zərdabini də qubernatorun idarəsinə çağırdılar. Qubernatorun fikrincə Vəzirovun məqaləsində siyasi fikirlər irəli sürülürdü. Bunu bəhanə edib qəzetin bir daha buraxılmasına icazə vermədilər.

“Əkinçi” və onun naşiri H. Zərdabi təqib və təzyiqlərə məruz qalmışdı. Onun hər addımı izlənirdi. Hətta onun evinə də göz qoymuşdular. Nəhayət, 1887-ci ilin sentyabr ayının 29-da “Əkinçi” sonuncu 20-ci nömrəsini buraxdı və hakim qüvvələrin fitnə-fəsadı nəticəsində bağlandı.

“Kaspi” qəzeti “Əkinçi” bağlandıqdan sonra 1881-1895-ci illərdə H. Zərdabinin publisist yazılarını ardıcıl olaraq dərc edir. 1896-cı ildə H. Zərdabi Bakıya qayıtmış və ömrünün sonunadək “Kaspi ” qəzetində əməkdaşlıq etmişdir.

1887-ci ildə “Zərdabdan xəbər” adlı məktubda oxuyuruq ki, Zərdabinin fəaliyyətindən narazı qalanlar yenə də arası kəsilmədən danoslar göndərir və onu təqib edirlər. İş o yerə çatmışdı ki, Bakı qubernatorunun özü H. Zərdabinin kəndlilər arasında apardığı işi yoxlamalı olmuşdu. “Kaspi” H. Zərdabiyə rəğbət hissi ilə xəbər verirdi: “Zərdabda Həsən bəy Məlikov adlı bir şəxs yaşayır. O, universitet qurtarmış, uzun müddət xalq maarifi nazirliyi sistemi üzrə işləmiş və axır vaxtlar nəyə görə isə qulluğunu buraxıb təsərrüfatla məşğul olur. Ziyalı, həssas bir şəxs olan Həsən bəy Məlikov yerli əhalinin qolçomaqlardan ağır iqtisadi asılılığını dərk edərək, hər yerdə və hər cür əlverişli şəraitdə kəndlilərin hüquq və vəzifələrini təkidlə və səbrlə onlara başa salır ki, bu da kənd müftəxorlarının və ümumiyyətlə, bulanıq suda balıq tutmağı sevənlərin hamısının xoşuna gəlmir. Həsən bəydən narazı olan bu adamlar onu Zərdabdan qovmaq üçün dəridən çıxırlar və bunun üçün hər cür alçaq vasitələrdən istifadə etməkdən çəkinmirlər. Bu çirkin vasitələr içərisində ən başlıcası, onların ən çox sevdiyi böhtanlardır, danoslardır ki, bunlar Həsən bəy haqqında, demək olar ki, hər bir poçt ilə Bakıya dolu kimi yağır. ” (58).

Həmin məqalədən məlum olur ki, Bakı qubernatorunun H. Zərdabinin fəaliyyətini yoxlaması qolçomaqları və başqa nadürüst şəxsləri qane etməmişdir. Qubernator Bakıya qayıtdıqdan sonra “həmin gecə qolçomaqlar və başqa müftəxorlar Həsən bəyin Dalanbaba adlı yerdə biçilib pəncəyə vurulmuş, lakin hələ daşınmamış taxıl zəmisinə od vurmuşlar. Xoşbəxtlikdən Həsən bəyə dərin ehtiram bəsləyən qonşu Müskürü və Pərvanlı kəndlərinin əhalisi yanğını söndürmüşlər” (59).

H. Zərdabi dünyagörüşü etibarilə maarifçi-demokrat idi. O, Qərbi Avropa burjua respublikalarında olan şəraitin Azərbaycanda da bərqərar olmasını arzulayırdı: “. . . Nə qədər Avropa əhli bizim təki azadlıqdan bixəbər olub, ol vaxtacan bizdən bədtər avam olub. Amma bu halda azadlıq cəhətdən Avropa əhli çox tərəqqi edib və hər bir işdə bizdən irəli düşüb. ...Xülasə, Məşriq-zəmində azadlıq olmadığına biz Avropa əhlindən geri qalmışıq və nə qədər belə olsa, biz tərəqqi etməyəcəyik və edə bilmərik ” (60).

XX əsrin ilk illərində H. Zərdabi yaşının çox olmasına, səhhətinin pozulmasına baxmayaraq, qızğın publisist fəaliyyətini davam etdirirdi.

1903-1906-cı illər arasında “Kaspi” qəzetinin 486 nömrəsi H. Zərdabinin redaktor imzası ilə çıxmışdır. Həmin illərdə o, “Kaspi” qəzetinin redaktorunu əvəz edirdi.

H. Zərdabi “Kaspi” qəzetindəki fəaliyyətinin məqsədini və qarşıya qoyduğu vəzifələri aydın dərk edərək yazırdı: “10 ilə yaxındır ki, mən kiçik müxbir məktubları vasitəsilə kənd həyatımızın müxtəlif cəhətləri ilə oxucuları tanış edirəm. Tez-tez özümə sual verirəm ki, bu fərəhsiz, pərişan vəziyyərtin əsasını nə təşkil edir və həmişə buna belə bir cavab tapıram: cəhalət, biliksizlik, zülmət. . . ” (61).

H. Zərdabi çarizmin idarə üsulunu ardıcıl surətdə tənqid etmişdir. Məhz bu səbəbdən polis idarəsi 1884-cü ildən 1890-cı ilədək onu beş dəfə məhkəmə məsuliyyətinə cəlb etmişdir. O, polis işçilərini “rüşvətxor, kəndlilərin qanını soran əclaf ” kimi tanıyır və damğalayırdı.

H. Zərdabinin bütün fəaliyyəti və onun çıxardığı “Əkinçi” qəzeti Azərbaycan xalqının ictimai fikir tarixində mühüm hadisədir. Qəzetin nəşri mətbuat, ədəbiyyat və ictimai həyatın bütün sonrakı inkişafına müsbət təsir göstərmişdir.

Qocaman jurnalist 1905-ci il inqilabını alqışlayaraq yazırdı: “. . . Bu axır zamanda biz müsəlmanların qol və qıçlarını bağlayan zəncir paslanıb parça-parça olub töküldü. Bakının küçələrində “Yaşasın hürriyyət ” və qeyrət sədası büləndi-asiman oldu və müsəlmanlar dəstə-dəstə cəm olub, “Ittifaqi-Hümmət” və qeyri cəmiyyətlər bina etdilər və bu dəstələrdə bizim rus-müsəlman uçqullarının (məktəblərinin) müəllimləri başçılardan olub, “yaşasın!” deyənlərdən oldular” (62).

Beləliklə, bir tərəfdən senzura və jandarmın təzyiqi, digər tərəfdən Dağıstanda iğtişaş, rus-türk müharibəsinin başlanması və başqa səbəblər “Əkinçi”nin bağlanması ilə nəticələndi. Çar höküməti qəzeti bağladıqdan sonra hətta Zərdabinin Bakıda yaşamasını belə qorxulu hesab etdi. Bu haqda Zərdabi həmin məqalədə yazır: “Bir gün gimnaziyanın direktoru mənə məlum elədi ki, sərdarın hökmünə görə, gərək mən Yekaterinodar şəhərinin gimnaziyasına müəllim gedəm. Ona görə mən ərizə verib qulluqdan çıxdım. Çünki mən Bakıdan çıxıb xalq işlərindən kənar olmağı özüm üçün ölüm hesab edirdim” (63).

Mütəfəkkir H. Zərdabi Azərbaycan teatrının yaranmasında, ilk xeyriyyə cəmiyyətinin təşkilində, qız məktəbinin açılmasında, ana dilində təhsilin həyata keçirilməsində və başqa sahələrdə misilsiz rol oynamış vətənpərvərdir. O, demokratik xalq ziyalılarının bütöv bir nəslini tərbiyələndirmişdir. Xeyirxah xidmətlərinə görə onu “Zaqafqaziya müsəlmanlarının müəllimi və mənəvi atası” hesab etmişlər və indi də edirlər.




1. 6. “Ziya (“Ziyayi – Qafqaziyyə”) Qəzeti

“Əkinçi” bağlandıqdan sonra bir müddət Zaqafqaziyada Azərbaycan dilində qəzet çıxmamışdır. Düzdür, Bakıdakı real gimnaziyanın müəllimi Mirzə Məhəmmədbəy “Camcahannüma və ayineyi – bədənnüma ” adlı bir qəzet çıxarmaq istəmişdir. Lakin o, öz məqsədinə nail ola bilməmişdir. Qəzetin nəşrinə icazə verməmişlər. Digər tərəfdən, Bakıda rus dilində nəşr edilən qəzetlər də Azərbaycan şöbəsi yaratmaq istəmişlər. Bakıda rus dilində çıxan qəzetlərin Azərbaycan şöbəsi açmaq təşəbbüsləri “Əkinçi” qəzetindən əvvəl də olmuşdur. (Məsələn, “Bakinski listok”). 1886-cı ildə isə “Kaspi”nin redaktoru V. Kuzmin qəzetə əlavə şəkildə “Çıraq” adlı vərəq buraxmağa səy göstərmişdir. Senzura komitəsi buna icazə verməmişdir.

Tiflisdə yaşayan, ruhani idarəsinin üzvü olan Hacı Səid Ünsizadə də qəzet çıxarmaq üçün hökümətə müraciət etmişdir. O, Qafqaz Senzura Komitəsinə yazdığı məktubda deyirdi ki, şərqlilər də qərblilər qədər işığa və həqiqətə can atırlar. Onları bir-birinə düşmən edən cəhalətdir. Ünsizadə çıxarmaq istədiyi qəzetin qarşısına ölkənin daxilində və xaricində baş verən yenilikləri oxuculara çatdırmaqla onların inkişafına kömək etmək məqsədini qoyurdu. Onun səyləri nəhayət 1878-ci ilin axırlarında baş tutdu. Qəzetin 1879-ci il yanvarın 1-dən etibarən nəşrə başlamasına icazə verildi.

1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə