Mərhəmətli və Rəhmli Allahın adı ilə! Rəyçi: «Kövsər Bank» asc-nin




Yüklə 1.43 Mb.
səhifə2/22
tarix23.02.2016
ölçüsü1.43 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   22

Əmri pozma. Allahın əmri bütün məxluqatın əmrindən üstündür və ona qarşı gəlmək böyük günahlardandır.

  • Müsəlmanlar arasında parçalanma. Faiz müsəlmanların birliyini pozur, parçalanmanı gücləndirir, qardaşlıq və ehtiyac duyğusunu aparır.

  • Faiz yoxsullardan zənginlərə transfer əməliyyatıdır. Lakin İslam dini bunun əksini əmr etmişdir. Nəticədə isə cəmiyyətdə təbəqələşmə prosesi güclənir.

  • Tənbəllik və ətaləti artırır. Borcu faizə verənlər borc hesabına gəlir (faiz) əldə edir və bu insanlar arasında stimullaşdırmanı azaldır.

  • Digər səbəblər. Faiz insanlar arasında ehtiyac duyğusu hissini aparır və düşmənçiliyi artırır.

  • Bilmədiyimiz səbəblər. Bunları yalnız böyük hikmət sahibi olan Uca Allah bilir.



    3. Faizin iqtisadi mahiyyəti
    Faiz borcdan əldə edilən gəlirdir. Buna ödənc faizi və ya kredit faizi deyilir. Hələ lap qədim zamandan Yunan filosoflarından Sokratın tələbəsi olan Eflaton faizi əxlaqa zidd bir münasibət bilərək həmişə pisləmişdir. Eflatuna görə ideal bir cəmiyyət üçün yoxsulluq və hədsiz varlanma yol verilməzdir. Puldan əmtəə kimi istifadə edib sərvət yaratmağı Aristotel qəribə səslənsə də belə pulu “yumurta verməyən toyuğa” bənzədib. Orta əsrlərdə Qərbi Avropanın ictimai fikrində kononist iqtisadi nəzəriyyələri mühüm yer tutmuşdu. İqtisad elminin tarxinin şərhini verən bəzi iqtisadçılar iqtisad elminin ilkin tarixini kononistlərdən başlamağı məqsədə uyğun hesab edirdilər və bunun sonrakı klassik nəzəriyyəyə təsir etdiyini qeyd edirdilər. İqtisadi məsələləri çox vaxt Aristotelin mövqeyindən şərh edən kononistlərin ilkin banisi Avqustin Blajenin (353-430), sonrakı inkişaf mərhələsinin ən nüfuzlu siması Foma Akvinski (1225-1274) olmuşdur. Kononistlər ticarət mənfəətinin və faizin mənimsənilməsinə “ədalətli qiymətə” görə mübadilənin pozulması kimi baxmışdır. Ona görə də onlar mənfəət əldə etmək məqsədi ilə olan iri ticarətin və faizin qadağan olunması fikrində olmuşlar. F.Akvinski faizi “faydasız metalın törəməsi” kimi izah etmişdir. Kononistlər borc pula verilən faizin bütün növlərini “sələmçilik” kimi şərh etmişdilər. F.Akvinski qeyd edir ki, pul pul törədə bilməz, onun qazanc əldə etmək üçün istifadə edilə bilməz. Neoklassik elmi cərəyanın banilərindən hesab olunan Alfred Marşal kimi iqtisadçılar yığımla faiz həddinin bir-birinə bağlı olduğu fikrindədirlər. Yığım həcmini təyin edən ən önəmli amil faizin həddidir. Faiz həddi artdıqca yığımın mailliyi artacaq, faiz həddi düşdükcə yığımın mailliyi azalacaq. Bu cərəyanın nümayəndələrinə görə yığım həcmində meydana gələn hər artmada sənayenin, ticarətin və biznes həyatının inkişafına zəmin yaradan investisiyaların artması deməkdir. Neoklassiklərin bu təhlili sonralar görkəmli kapitalist iqtisadçısı J.M.Keynes tərəfindən çürüdülür. Keynes yığım miqdarının artmasında faiz həddinin yararlı olması düşüncəsinə ciddi bir təlaş göstərdi. O, investisiya həcminin yığım həcminə bağlı olduğunu irəli sürdü. Keynesin bildirdiyinə görə yüksək faiz sahibkarlar tərəfindən qoyulan investisiya həcmini azaldacaqdır. Nəticə olaraq bir ticarətdə, sənayedə, təsərrüfat sahələrində mənfi yöndə təsir buraxacaq ki, bu da öz növbəsində hər sahədə yekun gəlirlərin azalmasına səbəb olacaq. Adambaşına düşən gəlirin azalması yığım həcmini mexaniki azaldacaqdır. Məhz buna görə də Keynes 3%-li faiz həddini normal saymışdır. Keynes özünün “Pul, faiz və məşğulluğun ümumi nəzəriyyəsi” kitabında İslam bank sistemini qəbul etdiyini və insanların təşəbbüs yolu ilə pul qazanmlarına baş vurmasını bildirir. Poul Samuelsonun araşdırmasına görə inkişaf etmiş ölkələrdə statistik araşdırmalarda faizlə yığım arasında böyük bir əlaqə olmadığı bildirilməkdədir. Sosializm sistemində isə faizi əməyin sərmayə sahibi tərəfindən istismar edilməsinə səbəb olan sümürücü bir alət olaraq qiymətləndirirlər. Faiz adlı gəlirin heç bir xidmət qarşılığı olmadığını və faizin heç cürə bəyənilməməsi iddiasını irəli sürən sosializm əslində faiz, qiymət, pul və ticarət mexanizmlərini mərkəzləşdirilmiş qaydada həyata keçiriridi. Qərb dünyasında ilk dəfə faizi yasaqlayıcı hökmlər 1545-ci ildə İngiltərədə VII Henri tərəfindən, 1789-cu ildə Turqonun səyi nəticəsində Fransada çıxarılan qanunla qaldırılmışdır. Mənfəət o halda mənimsənilə bilər ki, onu əldə olunmasında mübadilə və istehsal prosesi getmişdir. Faizsiz sistemin uğurlu olmayacağını irəli sürənlər qanunlarla faizli sistemin qorunmasını istəməkdədirlər. Faizsiz sistemi istəyənlər isə heç bir xüsusi himayəyə güvənmədən sistemlərini faizli sistemə qalib gətirmək imkanındadırlar. Gələcəkdə belə bir sistemin yaranması ona olan tələbi zəruriliyindən doğacaq. Çünki faizsiz sistem bəşəriyyəti inflyasiyadan dolayısı ilə sosial və iqtisadi “xəstəlik”lərdən qurtara biləcək bir sistemdir. Günümüzdəki iqtisadi və sosial tarazlıqların pozulması məhz faizli sistemdən qaynaqlanmaqdadır. Borca ehtiyac olduqda əlbəttə faizsiz kreditə ehtiyac olacaq. Belə olduqda könüllü borc verənlər dövlətin üzərinə düşən vəzifəni tam həll edə bilməzlər. O halda borc vermənin çox hissəsi dövlətin üzərinə düşəcək. Faizsiz iqtisadiyyatı təsəvvür edə bilməyənlər bilmirlər ki, faizi yasaq edən İslam ona ehtiyac duyulmayacaq əsaslar üzərinə ədalətli və düzgün bir sistem qurmağı bizə bildirir. Faiz iqtisadi sistem daxilində cəmiyyətin bütün təbəqələrinə mənfi təsir göstərən cəhətlərə malikdir. Çünki faiz kapital sahiblərinin investisiya qoyuluşuna əngəl törədərək tam gücü ilə istismarına mane olur. Bu da nəticədə işsizliyin artmasına, istehsal xərclərinin çoxalmasına, dolayı yolla süni qiymət artımına səbəb olmaqla yanaşı həm də gəlir bölgüsündə böyü haqsəzlıqların ortaya çıxmasına zəmin yaradır. Həmçinin kapital sahilərini daha da gücləndirərək onların hər cəhətdən cəmiyyət içərisində öz hegemonluqlarının artmasını asanlaşdırır. Bunu nəticəsində haqsız rəqabət meylləri güclənir, təmərküzləşmə prosesi güclənir, sosial təbəqələşmə güclənir, əsas insani dəyərlərinin tamamilə maddi mənfəətlə əvəz olunduğunu, mənəvi və əxlaqi dəyərləin tərk edildiyi bir mühüt meydana çıxı. Faiz meydana çıxdığı ilk gündən etibarən daim güclünün və kapital sahibinin xeyrinə işləyən, zəif və möhtac insanların vəziyyətini daha da pisləşdirən bir funksiyaya malik olmuşdur. Məsələn, quldalıq quruluşunun inkişaf edib yayılmasının ən başlıca səbəblərindən biri qədim Yunanıstan və Romada borcunu ödəyə bilməyən insanların borc sahibinin quluna çevrilməsidir. Kredit münasibətləri bilavasitə pul vəsaitləri sahibi ilə borc alan arasında yaranan iqtisadi münasibətlərin təzahürüdür. Faiz iqtisadi risk təhlükəsini artırır. Kreditin başqa prinsipinə görə kreditləşmə prosesi müştərilərin “krediti qaytarma qabiliyyətinə” görə həyata keçirilir. Bu da öz növbəsində iqtisadiyyatın hər tərəfli inkişafına mane olur. Faizli sistem gəlirlərin bütün insanlara tarazlı şəkildə bölgüsünə əngəl olur. Sələmin iqtisadi mahiyyətini konkret olaraq iki istehsalçının və ticarətçinin timsalında göstərmək olar. Əgər iki ayaqqabı istehsal edəndən biri kredit vasitəsi kimi 500 vahid pul məbləğini illik 7 faizlə, digəri isə 500 vahid pulu istifadə etmək prinsipi ilə götürsə, yəni kreditorun mənfəətdə iştirakını nəzərdə tutursa, onda birinci istehsalçı istehsal xərcləri üzərinə 7 faiz gəlməli və ayaqqabını 10-14-16 və artıq faizə satmalıdır. Belə şəraitdə ayaqqabıya olan tələbat ona çəkilən istehsal olunan ayaqqabılar tam reallaşmayacaq. Digər tərəfdən, ayaqqabı üçün zəruri olan xammal və materiallara olan tələbat artmayacaq. İqtisadi aktivlik zəifləyəcək. Maliyyə tsikli ilə tsikl arasındakı kənarlaşma sürətlənəcək. Lakin ikinci istehsalçı mənfəətdə iştirak prinsipi ilə kredit götürərsə, onda o, istehsal etdiyi ayaqqabını istehsal xərclərinə yaxın bir qiymətə sata bilər. Yəni tələb dairəsi nə qədər məhdudlaşsa da, ayaqqabı istehsalçısı 0,01 prinsipi ilə öz məhsulunu reallaşdıra biləcək. Belə şəraitdə o, həm götürmüş krediti ödəyə biləcək, həm də müəyyən məbləğ mənfəət əldə edə biləcək. Faiz istehsal xərcləri inflyasiyasının yüksək qiymət səviyyəsini zəruriləşdirərək, tələb sferasını məhdudlaşdıracaq. Lakin kreditorun mənfəətdə iştirakı isə istehsal xərclərininaşağı salınmasına müvafiq olaraq qiymət səviyyəsinin enməsinə, tələb sferasının genişlənməsinə və iqtisadi aktivliyin yüksəlməsinə səbəb olur. Ticarətçilərin əgər biri 100 vahid pulu illik 7 faiz, digəri mənfəətdə içtirak prinsipi ilə 100 vahid pulu illik kreditə götürərsə, onda ikinci ticarətçi məhsulunu aşağı qiymətə reallaşdıra biləcək. Məsələn, birinci ticarətçi 107 qiyməti ilə mənfəət əldə edə bilmir. Çünki o, ən azı məhsulunu 108 qiyməti ilə satmalıdır. Lakin ikinci ticarətçi məhsulunu 106 qiyməti ilə, hətta 101 qiyməti ilə də sata bilər. Belə şəraitdə qazanc əldə etmək imkanı da olur. Lakin birinci ticarətçi var-yoxdan ya qismən, ya da tam çıxmaq təhlükəsində olur. Mənfəətdə iştirak prinsipi, ticarətçinin qazanc əldə etmək imkanını, faiz isə onun iqtisadi təhlükəsini artırır. Göstərmək lazımdır ki, ticarətin və istehsalın genişlənməsi İslamda bəyənilən mühüm istiqamət olmaqla yanaşı, eyni zamanda əldə olunan pul kütləsinin yığılıb saxlanılması pislənilən cəhət kimi nəzərdə tutulmuşdur. Ona görə də İslam ölkələrində ticarətin genişlənməsi, onun pul rerursları ilə qovuşmasını təkidlə qarşıya qoyulmuşdur. Ticarətin və pul resurslarının birləşməsi, şəriətə əsasən hər iki tərəfin qarşılıqlı razılaşması əsasında “pulun və əməyin” qovuşması baş verə bilər. Burada mübadilə prosesində iştirak edənin ixtisası, səriştəsi, işgüzarlığı əsas götürülərək, pula olan ehtiyacı müəyyən edilir. Pul sahibi işgüzar şəxslə razılaşaraq birlikdə fəaliyyət göstərir. Əldə olunan mənfəətin səviyyəsi, əvvəlcədən müəyyənləşmə prinsipi əsas götürülmür. Aparılan ticarət fəaliyyətindən, mübadilə prosesindən asılı olaraq mənfəətin səviyyəsi müəyyən edilir. Ondan sonra isə qarşılıqlı razılaşma əsasən mənfəətin bölgüsü baş verir. Mənfəət nə qədər çox olarsa bu hər bir iştirakçı üçün xeyirlidir. Bu isə əlavə stimul (həvəs) yaradır. Belə şəraitdə ticarətlə bağlı bütün məsrəflər nəzərə alınaraq, mənfəətin ümumi məbləğindən çıxılır. Hər şəraitdə iqtisadi aktivlik amili kimi çıxış edən kredit münasibətləri İslamda xüsusi yer tutur. Bununla əlaqədar olaraq Qurani-Kərimdə deyilir. .....(Ya Muhəmməd) qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri bir əzabla müjdələ (9/34). Bu o deməkdir ki, qızıl, gümüş, eləcə də valyuta və kağız pulların dəfinə kimi saxlanılması günah olmaqla yanaşı, eyni zamanda onun sahibi bir sıra vacib görünən fəaliyyətini məhdudlaşdırmalı olacaqdır(Ən doğrusunu Uca Allah bilir). Birincisi, o mübadilə prosesindən pul resurslarını çıxartmaqla yanaşı, məcmu tələbi məhdudlaşdıracaq. İkincisi, məcmu təklifin artımı prosesinin qarşısını alacaqdır. Üçüncüsü, pulun xərclənməsi əlavə gəliri əldə etmək mümkünlüyü olduğu halda və ondan müəyyən qədər ehtiyacı olanların mənafeyinə uyğun istifadə edilə biləcəyi halda, ondan heç nə əldə olunmur. Dördüncüsü, pul sahibi həmin vəsaitin mal ibadətinin, xüsusən zəkat, xüms verilməsinə cəlb etmir. Beləliklə fərdi fəaliyyətlə bağlı yığım prosesi ictimai rifahı nəinki yaxşılaşdırır, əksinə onu tədricən məhdudlaşdırır. İqtisadi fəaliyyətə cəlb olunmayan pul resurslarının məbləği artdıqca cəmiyyətdə yoxsullaşma prosesi dərinləşir və xroniki hal alır. Ümumiyyətlə faizin zərələrindən danışarkən qeyd etmək lazımdır ki, onun vurduğu zərərlər hansı yolla olursa olsun öz təsirini göstərəcəkdir. Birincisi, istər sənayedə, istər ticarətdə və ya iqtisaiyyatın başqa sahələrində çalışanlar şübhəsiz verilən kreditlərə baş vururlar. Bununla əlaqəli borcalanlar istehsal etdikləri və ya satdıqları malların üzərinə verdikləri faizi də gəlirlər. Nəticə olaraq bütün pulun faizə borc verənin cibinə getməsi üçün malların və ya xidmətlərin qiymətini qaldırır. Həmin faizin yükü dolayı yolla istehlakçının, bütövlükdə xalqın üzərinə düşür. İkincisi, bildiyimiz kimi dövlət özünün bir çox funksiyalarını həyata keçirməkdən və ya iqtisadi sahələri inkişaf etdirməkdən ötrü xarici və daxili borclanmaya girir. Dövlət bu borclanmaları ödəyə bilmək üçün ilk növbədə vergiləri artırır. Nəticə olaraq yenə faizin gətirəcəyi yükü əhali ödəməli olur. Sələmin və ya faizin iqtisadi cəhətdən ziyanı aşağıdakılardan ibarətdir.

      • O tələb dairəsini məhdudlaşdırır,

      • Təklifin stimullaşdırılması meylinin qarşısını alır,

      • Bütövlükdə məcmu tələblə məcmu təklifin nisbətini nəinki tamamilə pozur, həm də onların kəmiyyət miqyasını məhdudlaşdırır,

      • İstehsal xərclərini aşağı salma meylini aradan qaldırır,

      • Qiymətlərin yüksək səviyyədə qalmasını əsaslandırır,

      • Əhalinin məşğulluq dairəsini azaldır,

      • İnflyasiya prosesini əbədiləşdirir,

      • Qıtlıq yaratmaqda xroniki böhranı və iqtisadi tənəzzülü əsaslandırır,

      • Adamlarda süstlüyü, ətaləti və mənəvi düşkünlüyü formalaşdırır.

      • İnhisarlaşma prosesini sürətləndirir

      • Əhalinin təbəqələşmə prosesini artırır

      • Ədalətli bölgü və yenidən bölgü prosesinə mane olur

      • Rəqabət prosesini zəiflədir

      • İqtisadiyyatın birtərəfli inkişafını sürətləndirir.

    Ümumiyyətlə faizin əmələ gəlməsi pul olan pulu mənfəət gətirən pula çevrilməsi imkanlarının məhdudluğu ilə əlaqədardır. Faizin hələ bizim saya bilmədiyimiz nə qədər zərərləri vardır.

    4. Sələm (qeyri-rəsmi) krediti

    Hələ qədim zamanlardan sələmlə borc pul vermək geniş yayılmış bir metod olmuşdur ki, bu günlərdə də bu metod ən çox müraciət edilən bir maliyyə mənbəyi kimi öz simasını saxlaya bilmişdir. Bu sələm kreditidir. Bu kredit formasının əsas özəllikləri aşağıdakılardan ibarətdir:



    • Qeyri-rəsmi kredit formasıdır

    • Fiziki şəxslər tərəfindən verilir

    • Faiz dərəcəsi həddindən artıq yüksəkdir (ayda 10-15 % və daha artıq)

    • Əksər hallarda girov tələb olunmadan, qarşılıqlı tanışlıq və inam əsasında verilir

    • Heç bir təyinatı yoxdur (istənilən istiqamət üçün- bizneslǝ mǝşğul olmaq, toy etmək, maşın almaq və hətta digər tərəfə borcu qaytarmaq üçün də verilə bilər)

    • Müddəti üçün ümumi qəbul olunmuş müddəalar mövcud deyil - qarşılıqlı razılaşma yolu ilə müəyyənləşdirilir

    • Administrativ proseduralara malik deyildir (heç bir sənəd, biznes plan və s. tələb olunmur)

    Sələmin cəmiyyətdə yaratdığı fəsadlara nəzər salaq:

      1. pulu borca götürən insan narahatlıq, təşviş içində olur, daim bu pulu qaytarmaq barəsində düşünür.

      2. Bəzən borcun çoxluğu insanı o qədər sıxır ki, o daha böyük günah işlədir. Məsələn, sələm intihar hallarına səbəb olur.

      3. Faizə pul verən insan borc verdiyi insanla olan münasibətlərini pozmağa məcbur olur.

    Bu kredit növü nadir halarda biznes və sahibkarlığın inkişafı məqsədilə istifadə olunur. Əsasən fors-major hallarda- yəni hər hansı bədbəxt hadisə baş verdiyi, başqa kredit mənbələri əlçatmaz olduğu, çox qısa müddət ərzində pul tələb olunduğu halda müraciət olunan borc növü sayılır. Əfsuslar olsun ki, indi də öz biznesini qurmaq istəyən bəzi insanlar çarəsizlikdən sələmə müraciət edirlər.



    Fəsil 2
    Faizsiz İslam Bankçılığı anlayışı, onun mahiyyəti və

    təşkili əsasları
    1. Faizsiz İslam Bankları (FİB) haqqında nəzəri düşüncələrin təhlili

    Biz bu mövzuda yalnız XX əsrdə faizsiz bankçılıq haqqında təşəkkül tapan ilk nəzəri düşüncələri nəzərdən keçirəcəyik. Ümumiyyətlə orta əsrlərdən başlayaraq müasir dövrə qədər müsəlman ölkələrində demək olar ki, pul-kredit münasibətləri şəriətin hökmünə əsasən uzun müddət dəyişilməz qalmışdır. Lakin dünya kapitalist iqtisadiyyatının meydana gəlməsi, sivil bazar sisteminin formalaşması, beynəlxalq bazarın təşəkkülü İslam pul-kredit sisteminin hərəkətə gəlməsinə səbəb oldu. Yəni müsəlman Şərqində neft-dollar mənbələrinin artması pul-kredit münasibətlərinin dinamik xarakter daşımasına təsir göstərdi. Eyni zamanda bir sıra müsəlman ölkələrində, xüsusən Misirdə, Pakistanda, Türkiyədə kapitalist iqtisadiyyatına olan meylin güclənməsi borc kapitalına olan ehtiyacın artmasına gətirib çıxartdı. Lakin faizin haram olmasına görə qadağaların hökm sürməsi istər-istəməz ona yeni yanaşma yollarının axtarılmasına səbəb oldu. Nəticədə bir qisim müsəlman ilahiyyatçı alimləri faizin haram olmasına yeni baxışla yanaşmağa cəhd göstərməklə, onu modernləşdirmək istəyirdilər. Misir müftisi Məhəmməd Əbdo ilk dəfə olaraq pulun banklarda yığılması və ondan mənfəət kimi pay alması haqqında fətva vermişdir. Lakin bu fikir müsəlman ölkələrində birmənalı qəbul edilmədi. Digərləri isə şəriətin müəyyən etdiyi qadağalar əsasında bank sisteminin yaradılmasına cəhd göstərirdilər. İkinci istiqamət artıq öz bəhrəsini İslam İnkişaf Bankı (İİB) timsalında verdi. Faizsiz bankçılıq anlayışı ilk dəfə ortaya atılanda mütəxəssislər və iş adamları buna “utopya” kimi baxırdılar. Bu haqqda fikirlər ilk dəfə 1942-ci ildə meydana çıxmışdır. XX əsrdə İslam ölklərində sənayeləşmənin sürətlənməsi və 70-ci illərdə neftin qiymətində kəskin artım faizsiz bank modelinin yaradılmasını zəruri edirdi. 1940-cı illərdə Malaziyada və 1950-ci ildə Pakistanda faizsiz bank qurmaq niyyəti uğursuzluqla nəticələndi. Müasir faizsiz bankçılıq haqqında fikirlər Pakistanda daha çox mühüm yer tutur. Pakistanlı alimi Məhəmməd Üzeir 1955-ci ildə faizsiz müasir bankçılıq mövzusunda xüsusi olaraq ilk nəzəri araşdırmanı ortaya qoyan iqtisadçıdır. Bu araşdırmadan sonra ərəb dünyasının İslam və İqtisadiyyat sahələrində məşhur alimlərdən olan və 1959-cu ildə Misirin kənd təsərrüfatı ilə bağlı olan bölgələrində faizsiz banklar təsisi fikrini praktiki olaraq ilk dəfə ortaya atan Dr. Əhməd Məhəmməd ən-Nəccardır. Nəzəri çalışmalarından sonra praktiki fəaliyyətə keçən prof. Əhməd Nəccarın, 1963-66 ci illərdə Misirin bir bölgəsində sınadığı faizsiz bank modeli ilk alternativ sınaq oldu. 1960-cı illərin əvvəlində Məlik Əbdüləziz Universitetində konfrans keçirildi. Bu konfransda bu mövzular müzakirə olundu.



    1. İnkişafda olan ölkələrin iqtisadi və ictimai problemləri

    2. İslam dünyasındakı yerimiz və vəziyyətimiz

    3. Bu dünya insanına aid mədəniyyət sintezi

    4. Misirdə tətbiq edilən şəkildə faizsiz banklar

    5. Bu modelin texniki, iqtisadi və ictimai istiqamətlərdən dəyərləndirilməsi

    Müasir bankçılığın faiz əsası yerinə mənfəət şərikiliyi əsasına uyğun olaraq yenidən İslam prinsiplərinə görə qurulmasının vacibliyi haqqında ilk fikirləri Qureyşinin “Faiz nəzəriyyəsi və İslam” əsərində, Naim Siddiqinin “İslama görə bankçılıq” əsərində və Mahmud Əhmədin “İslam İqtisadı: müqayisəli bir tədqiq” əsərlərində rast gəlinir. 1950-ci ildə Əbul-Ala əl-Mövdudinin “Faiz” adlı əsərində bu barədə geniş məlumat verilmişdir. Bundan başqa 50-ci illərdə Dr.Məhəmməd Üzeyir “Faizsiz bankçılığa dair izah” əsəriylə, Əhməd İrşad isə “Faizsiz bankçılıq” əsəriylə bu haqqda məlumat vermişlər.

    60-cı illərin sonlarında Abdullah əl-Arabinin “Müasir bankçılıq əməliyyatları və İslamın bu mövzudakı fikirləri” əsərində, Məhəmmdə Necatullah Siddiqinin “Faizsiz bankçılıq” əsərində, Əhməd ən_naccarın “İslam ölkələrinin iqtisadi və sosial inkişaf strategiyası olaraq banklar” adlı əsərlərində faizsiz bankçılıq haqqında daha geniş məlumat verilmişdir.

    1970-ci ildə İsa Abduh “Faizsiz banklar” adlı əsərini yazmış və M.A.Mannan “İslam iqtisadiyyatı: nəzəriyyə və praktika” adlı əsərində faizsiz bankçılığa ayrı bir fəsil ayırmışdır. Daha sonra 70-ci illərin əvvəllərində Qərib əl-Camal “İslam və pozitiv hüquqda banklar və bankçılıq əməliyyatları” adlı əsərini, Mustafa Abdullah əl-Həmşəri “Bankçılıq əməliyyatları və İslam” adlı əsərini və Sami Hamud “Tatvir əl-Amal əl-Masrifiyyeh bima Yettefiqu vəş-Şeriatil-İslamiyyə” adlı əsərini yazmışdır.

    Bütün nəzəriyyələri iki yerə ayıra bilərik.



    I qrup alimlər faizsiz bankların fəaliyyətini daha çox mudaraba, yəni, mənfəət-zərər şərikliliyi əsasına görə fəaliyyətlərini təsvir ediblər. Yəni, daha çox ticarət əsasına görə götürüblər.

    II qrupa isə yalnız Əhməd ən-Naccar aiddir. Nəccarın faizsiz bank modeli ticarət sahəsində deyil, inkişafa, rifaha əsaslanır. Yəni faizsiz banklar ölkə iqtisadiyytaında durğunluğu aradan qaldırmağı və iqtisadiyyatı canlandırmalıdır. Nəccarın faizsiz bank modelində xalqdan toplanan zəkatları toplayan və bunu ehtiyacı olan təbəqəyə yönəldən “Sosial xidmət fondu” da vardır.

    2. İslam Maliyyə Sistemi (İMS)
    Banklar maliyyə sisteminin əsas atributudur. Ona görə də faizsiz bankların fəaliyyətinə keçməmişdən əvvəl islam maliyyə sisteminin izahını verməliyik. Maliyyə anlayışı qədim latın sözü olan “financia” sözündən götürülmüşdür. Ümumiyyətlə maliyyə dedikdə pul fondlarının yaradılması və istifadəsi ilə əlaqədar olan pul-bölgü münasibətlərinin məcmusu nəzərdə tutulur. Yaranma tarixi e.ə 2123-2081 illəri əhatə edən Babil hökmdarı Hammurapinin dövlətindən qaynaqlanan faizsiz maliyyə sistemi uzun təkamül ylu keçməsinə baxmayaraq tam sistem kimi müasir vəziyyəti 20-ci əsrdə İslam ölkələrində formalaşmağa başlamışdır. Sənayenin inkişafı, 70-ci illərdən dünya bazarlarında neft qiymətlərinin yüksəlməsi nəticəsində Ərəb körfəzi ölkələrinin varlanmasına şərait yaratdı. Toplanan külli miqdarda maliyyə vəsaitləri ərəb ölkələrində islam maliyyə sisteminin sürətlə inkişafına əlverişli şərait yaratdı. İslam maliyyə sisteminn strukturu aşağıdakı kimidir.

    1. İslam (Faizsiz) Bankları (İB) – depozit qəbul edən və yığılan vəsaitləri investisya şəklində yatırmaqla gəlir əldə edən maliyyə institutlarıdır.

    2. İslam maliyyə institutları (bank olmayan) – Bu qrupa lizinq və faktorinq şirkətləri, maliyyə şirkətləri, yaşayış-tikinti kooperativləri, mikromaliyyə institutları, xüsusi investisya və vençur fondları, həmçinin dini mərasimləri icra edən və ya xeyriyyə ilə məşğul olan fondlar aid edilir. Lakin bəzən İslam Bankları bəzi ədəbiyyatlarda maliyyə instutları kimi verilir. Kitab da onlar ümumi halda institutlar kimi təqdim ediləcək.

    3. İslam sığorta şirkətləri - “Təkafül” adlan və özündə bütün sığorta şirkətlərini birləşdirən həlqədir.

    4. İslam kapital bazarı – bura broker kontorları və investisya bankları aid edilir.

    5. İslam maliyyə infrastrukturu özündə aşağıdakı həlqələri birləşdirir:

    - Ödəniş sistemi;

    - İnternet biznes, skrininq, krilinq və digər ticari sistemlər;

    - İqtisdi təhlükəsizliyi və likvidliyin təmin edən təşkilat;

    - Tənzimləyici orqanlar;

    - Maliyyə hesabatlığını standartlarını üzərində nəzarəti həyata keçirən orqanlar;

    - Reytinq agentlikləri;

    - Statistik informasiyaları təqdim edən təşkilatlar;

    - Tədris müəssisələri;

    - Elmi-tədqiqat instirutları.

    İslam Maliyyə Sistemi modeli iqtisadi vahidlər arasında risklərin minimuma endirilməsinə əsaslanır ki, bu da qarşı tərəfin müflis olmasının və kapiatlın bir mərkəzdə təmərküzləşməsinin qarşısını alır. İslam maliyyə sistemi şəriət qaydaları əsasında fəaliyyət göstərməlidir. Bu sahədə şəriətin icazə verdiyi müqavilələr uqud adlanır.

    Klassik fiqh mətnlərində bu müqavilələrə dair ən xırda (aydın) təfərrüatları tapmaq olar. Ümumiyyətlə, müqavilələri əsas xüsusiyyətləri nəzərə alınaraq kiçik qruplara ayırırlar. Mübadiləyə əsaslanan müqavilələr: Bura murabaha, istisna və s. daxildir. Bu müqavilələr nəticəsində bir tərəfin digər tərəfə borcu yaranır və beləliklə bu müqavilələrin əsasını borc əsaslı maliyyələşdirmə məhsul və qiymətli kağızları təşkil edir.



    Şəriklilik müqavilələri. Bu müqavilələrdən ən geniş istifadə olunanları mudaraba və müşərəkədir ki, bunların əsasını investisiya əsaslı maliyyələşdirmə müqavilələri və qiymətli kağızları təşkil edir. Bunlar həmçinin qənaətli bölmədən səfərbər olunmuş vəsaitləri işlətmək etmək üçün istifadə olunan bəzi depozit məhsullarını da özünə daxil edirlər.

    İslam maliyyə sisteminin fəaliyyəti aşağıdakı əsas prinsiplər üzərində qurulur.



    Faiz dərəcələrinin qadağan edilməsi. İslam maliyyə sistemində “Riba” (izafi) adlanan, borcvermə və ya ticarət razılaşması zamanı istənilən əsası olmayan kapital artımı qadağan edilmişdir. Yəni ki, islam aləmində verilən borcun məbləğinə və qaytarılma müddətinə görə öncədən təyin edilmiş (razılaşdırılmış) və investisyanın qazandığı uğurdan asılı olmayaraq borcludan alınan faiz – “riba” adlanır və şəriət qanunları ilə qadağan edilir. İslamın sosial ədalət prinsiplərinə əsasən sərbəst maliyyə vəsaitinə malik olan fərd gəlir əldə etmək istəyirsə, bu sərbəst vəsaiti sahibkara etibar etməklə onunla həm qazanca həm də itkiyə şərik olmalıdır.

    Risklərin bölüşdürülməsi. Faiz gəlirinin qadağan edilməsi pul təklif edənlərin bazarda sələmçi (kreditor) kimi yox, sərmayəçi (investor) kimi çıxış etməsini məcbur edir. Bu səbəbdən pul vəsaitlərinə sahib olan də istənilən investor gələcək dövrdə ümumi gəlirdə paya sahib olmaq üçün biznes risklərini də borcalanla bölüşdürməli olur.

    Pula potensial kapital yanaşması. Pul o zaman əlavə real dəyər yaradır ki, o kapital formasında hər hansı bir sahəyə investisya edilir. Pul məhz kapital formasında yatırılan zaman maddi dəyərə malik olur, ondan kənarda isə o sadəcə olaraq ticarət, mübadilə və s. kimi iqtisadi münasibətlərin formalaşmasında vasitə rolunu oyayır. Şəriət qaydalarına əsasən məhz o sərvətlərə dəstək verilir ki, onun yaranma mənbəyində kapital sahiblərinin zəhməti və ya risk məsuliyyəti dayanır. Pul real kapitala çevrildiyi zaman yeni dəyər yarada, gəlir gətirə bilər.

    Spekulyativ davranışların qadağan olunması. İslam maliyə sitemində pulun “yastıq” altında yığılması bəyənilmədiyi halda, digər tərəfdən isə böyük qeyri-müəyyənliyə malik fəaliyyət növləri ilə məşğul olmaq qadağan edilmişdir. İslam maliyyə sistemində deviatiartiv alətlər adlanan törəmə maliyyə alətlərinin tətbiqinə demək olar ki, bütünlükdə yol verilmir. Bu səbəbdən də ənənəvi bank sistemində törəmə maliyyə alətlərinin sürətlə böyüyən izafi payı maliyyə bazarlarının risk yükünü də sabun köpüyü kimi yüksəltməyə başladığı məqamda islam bankları sərmayə bazarında boşluqdan faydalanmağa başlamışdırlar.

    Razılaşmalara sadiq qalma. İslamda tərəflər arasında razılaşmadan doğan öhdəliklərin icrasına tam şəkildə əməl edilməsini ən vacib şərtlərdən biri kimi tələb və təbliğ edilir. Bu tələb asimmetrik informasiya və mənəvi amillərlə əlaqədar risklərin endirilməsinə dəstək məqsədi daşıyır. Bundan başqa islamda müqavilələrdə tərəflərin daha çox məlumatlılığı ilə əldə edilən üstünlüyü tənbeh edir.

    Sektor nöqteyi-nəzərindən məhdudlaşdırma. Şəriət qanunlarına görə bəzi sahələrin maliyyələşdiriməsi qadağan edilmişdir. Bura, tütün, spirtli içkilər, narkotik vasitələr, silah və s. kimi məhsulların istehsalı və ticarəti, pornoqrafik və ictimai əxlaqa mənfi təsir göstərən məhsuların yayılması və həmçinin azart oyunların təşkili kimi sahələr aid edilir.

    İslam maliyyə sisteminin özəlliklərinin bir qismini aşağıdakı kimi ümumiləşdirə bilərik.



    • Faizin və faiz əməliyyatlarının olmaması

    • Banklar pulları yaratmır və dağıtmır

    • Spekulyasiya əməliyyatları qadağandır

    • Mənfəət real nəticədən asılıdır və qiymət təhrif olunması yoxdur

    • Dayanıqlı və stabil iqtisadi artımın olması

  • 1   2   3   4   5   6   7   8   9   ...   22


    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
    rəhbərliyinə müraciət

        Ana səhifə