Mehriban Əliyeva Səlahəddin Xəlilov




Yüklə 1.5 Mb.
səhifə8/11
tarix22.02.2016
ölçüsü1.5 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

Sivilizasiya və mənəviyyat
Milli dəyərlərə önəm vermək, gənc nəsli milli dəyərlər əsasında tərbiyə etmək bu gün qloballaşan dünyada xüsusi əhəmiyyət daşıyır.

İlham Əliyev
İnsan-təbiət münasibətində insan həmişə onu təbiətdən fərqləndirən və təbiətə qarşı dayanmağa im­kan verən yeganə amilə - öz mənəvi qüdrətinə isti­nad etmiş, yalnız mənəviyyatı sayəsində təbiətə nəzərən nisbi müstəqillik əldə etmişdir. Ayrıca bir fərd tə­biə­tin müqabilində çox gücsüz olardı və İnsan-Təbiət müna­si­bə­ti­nin tarazlığını və ahəngdarlığını təmin et­mək üçün insanlar öz ara­la­rında ittifaqa girməli idilər. Be­­lə­liklə, İnsan-Təbiət münasi­bə­tinin mümkün ol­ma­sı üçün İnsan-İnsan münasibəti zəruri şərt idi. Bu mü­na­­sibətlərdən birincisi ilk praktik bi­liklərin, ikin­cisi isə əx­la­qın formalaşmasına gə­tirmişdir. De­mə­li, insa­nın əmə­lə gəlməsi üçün zəruri olan, insan mənəvi dün­ya­sının kənar qütblərini təşkil edən iki əsas tərəf elm və əxlaq yox, bilik və əxlaq olmuşdur. Elm isə yenə də İnsan-Təbiət münasibəti sayəsində, lakin çox-çox son­ra­lar, biliklərin inkişa­fında yeni keyfiyyətli bir mərhə­lə kimi ortaya çıx­mışdır. Ümumiyyətlə, istər İnsan-Təbiət münasi­bət­ləri, istərsə də İnsan-İnsan mü­nasi­bətləri çox mürək­kəb, ziddiyyətli inki­şaf yo­lu keç­miş­dir. Bu iki münasibət forması arasındakı qar­şılıqlı əlaqə də get­dikcə möhkəmlənmiş, daha mü­rək­kəb və zən­gin bir prosesə çevrilmişdir. Bilik-Əxlaq zid­diy­yə­ti­nin yeni for­maları: Elm-Əxlaq, Elmi-tex­niki tərəqqi-Əxlaq mü­na­sibətləri əmə­lə gəlmişdir. Bu mü­nasibət­lərdə ikinci tərəf həmişə eyni sözlə ifa­də olunsa da, əxlaq özü də müəyyən keyfiyyət dəyiş­ik­lik­ləri keçi­rmişdir.

Zaman keçdikcə həm İnsan-Təbiət, həm də İn­san-İnsan münasi­bətləri vasitələnmiş, buraya bir sıra ara­lıq mərhələlər əlavə olunmuşdur. İnsanın təbiəti də­­yişdirməsi və dəyişdirilmiş təbiətin, bir tərəfdən, ye­ni təbiət kimi (ikinci təbiət), digər tərəfdən də, in­sa­nın təbiəti dəyişdirməsi üçün bir vasitə kimi (texnika) çıxış etməsi İnsan-İnsan münasibətində də öz əksini tapmışdır. İnsanın texnikaya, istehsal va­sitələrinə nə də­rə­cə malik olması onun İnsan-Təbiət və İnsan-İn­san münasibətində tut­du­ğu mövqeyi müəy­yən edən baş­lıca amilə çevrilmişdir. İstehsal mü­na­sibətləri in­sa­nın daxil olduğu bütün münasibətlərin əsasını təşkil et­­miş­dir. Sinifli cəmiyyətin yaranması ilə İnsan-İnsan mü­nasibəti İnsan-Cəmiyyət-İnsan mü­nasibətinə keç­miş­dir və cəmiyyətin struktu­ru, is­tehsal üsulu, siyasi və hüquqi üstqurum ilkin İnsan-İnsan müna­si­bətinin bü­tün formaları üçün həlledici rol oynamağa baş­lamış, o cümlədən, əxlaqa da ciddi təsir göstərmişdir. Cəmiyyət İnsan-İnsan mü­nasibətini va­si­tə­ləndir­di­yin­dən onun keçirdiyi keyfiyyət dəyiş­mə­lə­ri (ictimai-iqtisadi formasiyaların əvəzlənməsi, so­sial inqi­lablar) öz əksini əxlaqda da tapmışdır.

Rasionallaşma, sənayeləşmə təkcə insan mənə­viyyatına deyil, həm də təbiətə və təbiətin bir hissəsi kimi insana təsir edir. Bu za­man qarşıya çıxan problem insan ilə təbiət arasındakı müvazinətin, harmoniyanın pozulması təhlükəsi ilə bağlıdır. Bu təhlükəni aradan qaldırmaq üçün üç yol vardır:

Birincisi, necə deyərlər, Russo proyekti olub, müasir dövr­də bir sıra Qərb ideoloqlarının da iddia etdiyi kimi, elmi-texniki tərəqqinin qarşısını almaqdır ki, bu da ən azı iki səbəbdən qeyri-mümkündür:

1) Təbiəti dərk etmək və dəyişdirmək İnsan-Təbiət müna­si­bə­tinin ayrılmaz tərkib hissəsidir və habelə insanın öz daxili im­kan­larının, yaradıcılıq po­ten­sialını realizə etməsinin ən mühüm aspekt­lə­rindən biridir (siyasət və incəsənətlə yanaşı). İnsan səa­də­ti­nin məhz daxili imkanların reallaşdırılması ilə bağlı olduğu­nu nəzərə alsaq, məlum olar ki, guya insan səadəti naminə irəli sürülən "Russo proyekti" əslində onun əleyhinədir.

2) Elmi-texniki tərəqqi bəşəriyyət qarşısında du­ran bir sı­ra ictimai problemlərin həllində əsas istinad sahəsidir və ondan üz döndərmək, getdikcə artmaqda olan əhali kütləsinin nəinki tək­cə mənəvi, həm də çox­cəhətli maddi tələbatının ödənilməsini qeyri-mümkün edərdi.

Deməli, bu "yol" heç cür özünü doğrulda bil­məz.



İkincisi, insanların bioloji adaptasiyasıdır, yəni onların tədricən elmi-texniki tərəqqinin təsirilə yara­dılmış ikinci təbiətə uyğunlaşması prosesidir ki, bu da elm və texnikanın müasir in­kişaf tempi şə­raitində qeyri-mümkündür. Yəni, insan orqanizmi elə mütə­hərrik deyil ki, onun milyon illər ərzində formalaşmış tə­bii ehtiyacları və onların ödənilməsi üsulları qısa bir müddət ərzində öz xarakterini dəyişə bilsin.

Və nəhayət, üçuncüsü, elmi-texniki tərəqqinin tə­biətə təsi­ri­ni elə istiqamətləndirmək ki, bu zaman, bir tərəfdən, İnsan-Tə­biət qarşılıqlı münasibətinin har­mo­niyası pozulmasın (və ya po­zul­ma imkan da­xilində minimuma çatdırılsın), digər tərəfdən də, bir təsir baş­qa bir təsiri kompensasiya etsin və ya məhz mənfi təsirlərin kompensasiyasına xidmət edən xüsusi proq­ramlar işlə­nib hazır­lan­sın. Başqa sözlə, elmi-texniki tərəqqinin doğurduğu mən­fi nəticələr onun öz im­kanları hesabına neytrallaşdırılmış olsun.

İnsan təbiətin bir hissəsi kimi, bioloji varlıq kimi deyil, təbiət­lə əkslik təşkil edən nisbi müstəqil tərəf kimi - mənəvi varlıq kimi götürüldükdə də tex­no­gen amillərin ona təsiri analoji yolla təhlil edilə bilər. Belə ki, industriallaşmanın insan mənəviy­ya­tına, əxlaqa mənfi təsir imkanlarını aradan qaldırmaq üçün də onun qarşı­sını almaq deyil, elə istiqa­mət­ləndirmək, elə tətbiq etmək lazımdır ki, belə mənfi təsirlər minimuma endirilsin və ya hər halda zəruri olan mənfi nəticələr elmi-texniki inqilabın özünün açdığı digər imkanlar sayəsində kompensasiya edil­sin.

Lakin belə analogiya hər üç yolu əhatə etmir. İkinci yol – bio­loji adaptasiya mümkün olmadığı hal­da, mənəvi adaptasiya ta­ma­milə mümkündür. Bu­nun üçün insan mənəviyyatına intensiv təsir üsul­larından, xüsusi oriyentasiyalı tərbiyə vasitə­lərindən istifadə edil­məli, ayrı-ayrı konkret situasiyaların spesi­fi­­ka­sını nəzərə alan təbliğat metodları hazırlanmalıdır.

Mənəvi adaptasiya – insan mənəviyyatının yeni şəraitə, elmi-tex­niki inkişafın qarşıya qoyduğu tələb­lərə uyğun olaraq də­yi­şil­məsi, yenidən formalaşma­sı­dır. Bəs bu yeni tələblər nədən iba­rətdir?

Əgər əvvəllər istensal prosesində texniki tərbi­yə, müəyyən əmək vərdişlərinə mükəmməl şəkildə yi­yə­­lənmək əsas rol oynayır­dı­sa, indi - elmi-texniki in­qi­­lab şəraitində - işçinin mənəvi keyfiy­yəti: məsu­liy­yət hissi, diqqət, intizam və s. ön plana keçir. Hər bir iş­çi əvvəl yalnız bir dəzgaha nəzarət edirdisə, indi bü­töv av­tomat sistemin işi, bir yox, minlərlə qiymətli məh­­sulun taleyi bir adamın fəaliyyətindən asılı olur. İn­­sana nə qədər böyük sərvət etibar olunursa, onun işə vicdanlı münasibəti, mənəvi key­fiyyətləri də is­teh­sa­lın səmərəliliyində bir o qədər çox əks olunur. Av­to­matın işi dəqiq vaxt bölgüsünə əsaslandığından onu idarə edən insandan da böyük dəqiqlik, daimi diqqət tələb olunur.

Mənəvi tərbiyə işi müasir tələblər səviyyəsində qurularsa, texnoloji yeniliklər və onlara uyğunlaşmaq tələbi ağır bir yük kimi fəhlənin çiynindən asılmaz, əksinə, daxili mənəvi tələbat kimi mənimsənilər. Bu zaman texniki tərəqqiyə olan ehtiyacla fəhlələrin fərdi mənəvi ehtiyacı arasındakı ziddiyyət də müvəf­fəqiyyətlə aradan qaldırılmış olar.

Texniki tərəqqi sayəsində istehsalatda insanların yaradıcı­lıq potensialının reallaşdırılması üçün geniş imkanlar açılır. Məhz texniki amillər gənclərdə is­teh­salata, yaradıcı əməyə həvəs yaradır və bununla ya­naşı, onlarda məsuliyyət hissini artırır, əməyə vicdanlı və intizamlı münasibət formalaşdırır. Texniki maraq, sosial maraq və fərdi mənəvi marağın üst-üstə düş­məsi, bir-birini tamamlaması müasir mərhələdə ən ciddi vəzifələrdən biri kimi ortaya çıxır.

Bu məsələlərin həllinin prinsipcə mümkün ol­ması heç də o demək deyil ki, onlar öz-özünə də həll oluna bilər. Əgər xüsusi tədbirlər görülməzsə, istə­nilən şəraitdə texnogen amillər əxlaqa, mənəvi tər­biyəyə müsbət təsir göstərdiyi dərəcədə də, mənfi təsir göstərmək imkanına malikdir. Keçid dövrdə bu imkan özünü çox aydın büruzə verir. Texniki tərəqqi ilə gələn ziddiyyəti K.Marks çox gözəl şərh edir: "Bizim vaxtımızda hər şey elə bil ki, öz əksliyi ilə əvəzlənir. Texnikanın qələbələri elə bil ki, əxlaqi deqradasiya bahasına başa gəlir".52

Yeni dövrdə mənəviyyatla bağlı problemlərin ortaya çıx­ma­sı səbəbləri kapitalizm cəmiyyətininmi, yoxsa bütövlükdə Qərb dünyasınınmı xarakteri ilə bağ­lıdır? Bu suala müxtəlif dövr­lərdə müxtəlif cür ca­vablar verilmişdir. XIX-XX əsrdə, in­dustrial cəmiyyət dövründə yaşamış Alfred Veber yazır: “Qərb cəmiy­yətinə baxdıqda hiss olunur ki, burada surroqatlarla dol­du­rulmuş böyük boşluq vardır… Qərbin bütün dün­yaya ötürdüyü texnikalaşmış və xalis empirik yönümlü mənəviyyat təbəqəsi əslində Qərbin özü üçün də təhlükəlidir. Bu gün Qərb dün­yasında ruhi-mənəvi dərin­lik­dən məhrum olan intellektuallıq hakim kəsilmişdir”.53

Müasir dövrdə texnika ilə əxlaq arasındakı zid­diy­yət, doğ­ru­dan da çox kəskindir. Lakin məsələyə daha ümumi şəkildə yanaş­dıq­da dərhal belə bir təbii sual ortaya çıxır. Texnika ilə əxlaq arasındakı əkslik bu iki tərəfin öz mahiyyətlərindən irəli gəlir, yoxsa bu tərəflər arasındakı əlaqəni təmin edən ictimai mü­hitdən asılıdır?

Bu suala "hə" və "yox" - deyə qəti cavab ver­mək çətindir. Bir şey qəti məlumdur ki, baxılan zid­diy­yət texnikanın təbiə­tindən irəli gəlməyib, onun han­sı icti­mai mühitdə və necə tətbiq olunması ilə bağ­lı­dır. Cəmiyyət inkişaf etdikcə elmi-texniki inqi­labın mə­­nəviy­yata mənfi təsir imkanlarının gerçəkliyə çev­ril­­məsi daha çox məhdudlaşdırılır və əksinə, müsbət tə­sir imkanlarının reallaşması üçün geniş şərait yara­dılır.

Texnogen amillər konkret sosial şəraitdən asılı olaraq mə­nə­viy­yata həm mənfi, həm də müsbət təsir göstərmək imkan­larına malikdir. Deməli, elmi-texniki inqilabın insana təsirini idarə etmək üçün istensal üsulunun dəyişilməsi özlüyündə hələ kifayət deyil. Konkret sosial şəraitin dəyişdirilməsi lazımdır; həm də məhz elmi-texniki inqilabın qoyduğu tələblər baxı­mından və hər bir mikromühitin spesifikasını, sə­ciy­yəsini nəzərə almaqla.

Mütərəqqi cəmiyyətin üstünlüyü bunda deyil ki, bütün ziddiyyətləri, o cümlədən, texnika-əxlaq zid­diy­­­yətini öz-özünə aradan qaldırır. Bu, mümkün de­yil. Mütərəqqi cəmiyyətin, qa­baq­cıl ictimai sistemin üs­tün­lüyü kompleks proqramlar tərtib olu­narkən, mə­sələn, elmi-texniki tətbiqlərin iqtisadi səmərəsi ilə bir­likdə, həm də sosial nəticələrini, o cümlədən, insan mə­­nə­­viyyatına, əxlaqa təsirini də nəzərə almaq im­kanındadır. Məhz bu cür sosial-iqtisadi-mənəvi kom­pleks proqramların hazırlanıb həyata keçirilməsi cəmiyyətin təkmilləşdirilməsi üçün mühüm şərtdir.

A.Toffler özünün məşhur “Üçüncü dalğa” kita­bında ictimai inki­şaf­­da kefiyyətcə fərqli üç əsas mər­hələ qeyd edir: “Bu günədək insanlıq da­ha iki böyük dəyişiklik dalğası keçirdi. Bunlardan hər biri əvvəlki mə­də­niyyətləri yox edib, yerlərinə öncəkilərin ağıl­larına belə gətirmə­yəcək­lə­ri yeni həyat tərzləri qoydu. Birinci dəyişiklik dalğası ancaq min ildə or­taya çıxa bildi. İkinci dalğa – sənaye devrimi – sadəcə üç əsr­də… Bu gün tarix daha böyük sürətlə keçir. Üçüncü dəyişikliklər dalğası, yəqin ki, yüz ildən çox sür­məyəcəkdir”.54 Bu mərhələ müxtəlif müəlliflər tərə­fin­dən müx­təlif cür adlandırılır. Z.Bcezinski bunu “texnetron dövr”, Da­niel Bell “postindustrial cə­miy­yət”55, Manuel Kastels “informasiya epo­xa­sı”56, A.Tof­fler isə “superindustrial cəmiyyət” adlandırır. Tof­flerə gö­rə, “üçüncü dalğa ailələrimizi parçala­ya­raq, iqtisadiyyatı sarsı­daraq, si­ya­si sistemlərimizi lax­la­daraq, dəyərlərimizi dağıdaraq hər birimizə təsir edir. A.Toffler belə hesab edir ki, bu mərhələ daha çox texnoloji səciyyə da­şısa da, industrial cəmiy­yət­dən köklü surətdə fərqlənir. Fərqlər içə­ri­sin­də isə ən çox yeni yaşayış tərzinə keçid zərurətini vurğu­layır.57

F.Fukuyama da əxlaqi-mənəvi problematikaya müraciət edir: “Müa­sir kapitalizm cəmiyyətinin əxlaq qarşısında qoyduğu problem iq­ti­sadi mübadilənin tə­biətindən irəli gəlmir. Səbəbkar ilk növbədə yeni tex­nologiyalara keçiddir… O, eyni dərəcədə həm iq­ti­sadi mübadiləyə, həm də mənəvi mübadiələyə təsir edir ki, bu da Böyük Ayrılmanın mənbəyidir”.58

Beləliklə, industrializasiyanın əxlaqa mənfi təsir imkanlarını ara­dan qaldırmağın ən düzgün üsulu on­ları ört-basdır etmək yox, üzə çı­xar­maq, dərk et­məkdir.

İlk növbədə rasionallaşmaya, yeni elmi-texniki nailiyyətlərin, nou-hau­­ların tətbiqinə əsaslanan Qərb sivilizasiyasının mənfi təsir im­kan­la­rı­na, məsələn, aşa­ğıdakıları nümunə göstərmək olar:

1. Elm və texnikanın bütün əmək sahələrinə və məişətə nüfuz et­mə­si nəticəsində insan mənəviy­ya­tın­da rasional və intellektual meylin üs­tünlük təşkil et­məsi və mənəviyyatın ümumi ahənginin pozulması təh­­lü­kəsi. Lakin rasional düşüncə tərzinin hakim kə­silməsi, böyük arzu və ideal­ların, ali duyğuların, saf emo­siyaların, məhəbbət hissinin quru mən­ti­qi ana­lizlə, "sağlam düşüncə" ilə əvəz olunması - əxlaqi tənəzzül, mənə­vi deqradasiya təhlükəsi.

2. Əmək bölgüsünün sürətlənməsi, dar ixtisas­laş­ma, əməyin dife­ren­­siasiyası nəticəsində fərdin bü­tövlüyünün aradan qalxması təhlükəsi. K.Marks elm­dən və müasir texnikadan çox-çox uzaq olan ibtidai icma cəmiyyəti dövründəki adamın yüksək elmi-texniki inkişaf səviyyəsinə ma­lik kapitalizm döv­ründəki (hətta, ümumiyyətlə, müasir dövrdəki) ada­ma nisbətən daha bütöv, tam bir fərd olduğunu söyləyirdi. Bunun sə­bə­bini isə, hər şeydən əvvəl, əmək bölgü­sündə görürdü. Belə ki, ar­tıq hər bir şəxs öz fəaliy­yətini bu fəaliyyətin məqsədi ilə əlaqələndirə bil­mir, əməyinin məhsulunu tam şəkildə təsəvvür edə bilmir, ideyadan onun texniki realizasiyasına qədər bütün mərhələləri keçmir. Onun fəa­liy­yəti hansı isə tamın bir hissəsi olduğu kimi, o özü də hansı isə tamın his­səsinə çevrilir. Əmək bölgüsü ilə, texnikanın tətbiqi ilə bağlı olan bu proses müstəqil milli dövlət quru­culuğu dövründə öz-özünə aradan qalxmır. Cə­miy­yətin təkmilləşdirilməsi və müstəqil dövlət qu­ruculuğu prosesində qarşıda duran vəzifələrdən biri də, məhz nə vaxtsa itirilmiş olan bütövlüyünü insana qaytarmaqdır. Təbii ki, bunun üçün əmək böl­gü­sün­dən, iri maşınlı sənayedən imtina etmək yox, elmi-texniki inqilabın açdığı asudə vaxt imkanından sə­mərəli və məqsədyönlü surətdə istifadə etmək nəzərdə tutulur.

3. Müasir texnikaya əsaslanan istehsalatda, bir tərəfdən, fəaliy­yə­tin monotonluğunun, iş prosesindəki yekrəngliyin, digər tərəfdən də, zeh­ni əməyin və mə­suliyyət hissinin artması ilə psixoloji gərginlik şə­ra­iti­nin yaranması. Bu meyli aradan qaldır­maq və ya heç olmazsa, zəif­lət­mək üçün, əvvəla, əməyin inteqra­si­ya­sına, eyni işçinin bir neçə yaxın ix­ti­sasa yiyələnməsi və vaxtaşırı ola­raq işini dəyişməsinə, işə yaradıcı mü­na­sibətin inkişaf etdiril­mə­si­nə, ikincisi, əməyə və onun nəticəsinə şüurlu mü­nasibət aşı­lan­masına nail olmaq lazımdır. Burada insanların mənəvi bü­tövlüyü onun fiziki və psixoloji gərginliyi ilə əlaqədar olan çətinlikləri kompensasiya etməli olur.

4. Urbanizasiya, iri şəhər və sənaye mərkəz­lə­rinin yaranması, kənd adamının şəhərə gəlişi, təbii ün­siyyətin süni ünsiyyət vasitələri ilə əvəz olunması, İnsan-Təbiət münasibətinin İnsan-İkinci təbiət, İnsan-İn­­san münasibətinin İnsan-Texnika-İnsan mü­na­si­bəti tərəfin­dən sıxışdı­rıl­ma­sı və s. bu kimi dəyi­şikliklər nəticəsində əxlaq normaları və "fərdi mə­nə­vi keyfiyyətlərin keçirdiyi təbəd­dü­lat. Ənənəvi əxlaq təsəvvürləri ilə ye­ni normalar arasında zid­diy­yətin ya­ran­ması. Bu məsələdə ümumi çıxış yo­lu, vahid resept söyləmək çox çətindir və konkret sosioloji tədqi­qat­la­ra böyük ehtiyac vardır.

5. Bu gün Qərbdə yüksək texnoloji inkişaf sayəsində hər şeyin adi­ləş­məsi, dərk olunan və əl­ça­tan olması, insanı heyrətləndirə bi­lə­cək ha­di­sə­lərin azal­­ması, insanın təbiətə məftunluğunun təbiət üzə­rin­də ha­ki­miy­yət hissi ilə əvəz olunması, maddi vasi­tə­lə­rin gü­cünə inamın artması, on­la­rın hər şeyə qadir ol­ma­sı fikrinin mənəvi idealları sıxışdırması təh­lü­kə­si ya­ran­­mışdır. Bu təhlükənin qarşısını al­maq maddi şəraitin dəyiş­di­ril­mə­sindən daha çox, tərbiyə va­si­tə­lə­rinin yeni tələblərə uyğun şəkildə qu­rul­masından, ideya-mənəvi tər­biyə işinin təkmilləşdirilməsindən, incəsə­nətin bə­dii təsir gücünün artırılmasından və s. asılıdır.

Müəyyən ümumiləşdirmə aparsaq, elmi-texniki tərəqqinin əxlaqa, mənəviyyata mənfi təsir imkan­la­rının aradan qaldırılması yollarını üç əsas istiqamətdə qruplaşdırmaq olar:

1. Elmin və yeni texnologiyaların istehsalata, məişətə tətbi­qi­nin la­yihələşdirilməsi zamanı mümkün mənfi nəticələri qa­baq­ca­dan nəzərə almaq.

2. İnformatizasiya və texnizasiyanın zəruri mən­fi təsirlərini başqa vasitələrlə (din, əxlaq, incəsənət və s.) kompensasiya etmək.

3. Mənəvi tərbiyənin elmi-texniki tərəqqinin tə­ləblərinə mü­va­fiq olan yeni, intensiv metod və for­ma­larını hazırlamaq və onun kütlə­vi­­li­yini artırmaq məq­sədi ilə elmi-texniki tərəqqinin açdığı imkan­lar­dan istifadə etmək.

Eyni bir texniki yeniliyin müxtəlif nəticələr do­ğu­ra bildiyini dana konkret şəkildə göstərmək üçün, mə­sələn, internetin və televiziyanın əx­la­qa və ümu­miy­yətlə, insan mənəviyyatına təsir imkanlarını nə­zərdən keçirək.

Əvvəllər insan əxlaqı yalnız onun yaşadığı konkret ictimai mü­hi­tin (həm makro, həm də mikromühitin) təsiri ilə, həmin mü­hit­də ha­kim olan əxlaq normaları ilə müəyyən olunurdu. Hər bir fərdin irsi key­fiy­yətləri ilə şərtlənən potensial əxlaqi meyl real ic­ti­mai mühitin tə­si­ri ilə bu və ya digər üstün istiqamət əldə edirdi. Lakin televiziyanın tə­siri ilə insanın yaşadığı konkret ictimai mühit sanki ge­niş­lənir və in­sanın əxlaqi keyfiyyətləri təkcə öz mikro­mü­hi­ti­nin təsirindən yox, həm də televiziya proq­ram­larının məzmu­nun­dan asılı olur. Burada biz bir daha müasir texnikanın insana müx­təlif təsir imkanlarının şa­hidi oluruq. Lakin bu təsirin xarakteri texnikanın öz tə­biə­tin­dən, tutaq ki, televizorun quru­luş və keyfiy­yə­tindən asılı deyil. Bu tə­si­rin istiqaməti həmin texniki vasitənin han­sı məqsəd üçün istifadə olunmasından asılıdır. İstənilən cəmiy­yət­də televi­zi­yanın əxlaqa tə­si­rindən başqa, mənfi təsir im­kanlarından da da­nış­maq mümkün­dür. Bu isə, gö­rünür, ilk növ­bədə məi­şət şəraitinin və müasir texni­kanın hər halda məh­dud­luğu ilə bağlıdır. Belə ki, adamların yaş dövr­­lərini və inkişaf səviy­yələrini nəzərə alan müx­təlif televiziya proqram­la­rının ha­zırlanması və onların eyni vaxtda paralel şəkildə trans­lyasiya olun­­ması və ailənin müxtəlif üzvlərinin istədikləri proq­rama baxmaq üçün müxtəlif televi­zorlardan istifadə etməsi mümkün olmadıqda is­tər-istəməz hamı eyni bir proqrama tamaşa edir. Bu zaman isə ey­­ni bir ve­ri­liş müxtəlif yaş qruplarına mən­sub olan və müx­təlif sə­­viyyələrə malik adamlara tamamilə müxtəlif isti­qamətdə təsir edə bilər.

Digər tərəfdən də, televiziya proqramlarının tutulmasında bu­raxılan kiçik bir qüsur və ya sub­yektiv amil mənəvi tərbiyə işinə ol­duqa ciddi ziyan verə bilər. Məsələn, "ağladan yanında otur, gül­dü­rən ya­nında yox" hikməti unudulduqda, məzhəkələrə, ucuz gülüş va­si­tələrinə, şit yumora həddindən artıq yer verildikdə te­le­viziya gənc­lər­də həyata ciddi münasi­bətin, fəal həyat mövqeyinin, mübariz keyfiy­yət­lərin formalaşmasına pis təsir göstərmiş olur. Ya­xud gəncləri "dün­ya mədəniyyəti" ilə tanış etmək kimi çox xeyirxah niyyət, əgər bu, xüsusi profilaktik tədbirlərlə müşayiət olunmazsa, ideologiya süzgə­cindən keçiril­məzsə, bayağı mə­də­niy­yə­tin və əxlaqın təbliği kimi səslənə bilər və ümumi inkişaf səviy­yəsi aşağı olan, hələ əqidə yet­kinliyi əldə etməmiş gənclərin əxlaqa deqrada­siyasına gətirib çıxara bilər.

Televiziya və kinonun bədii ədəbiyyat və teatr­la, fotoqra­fi­ya­nın təsviri sənətlə rəqabəti və birinci­lərin texniki cəhətdən mün­tə­zəm olaraq təkmil­ləşməsi sayəsində getdikcə daha böyük audito­riya qa­zanması, ikincilərin olduqca mühüm və bö­yük mənəvi tərbiyə gü­cü­nün kölgədə qalmasına səbəb olur. Mükəmməl texnika vasitəsilə ki­çik vaxtda böyük işlər görmək imkanı vaxta münasibəti dəyişir və elmi-texniki inqilab şəraitində yaranmış psixoloji atmosfer adamları daha çox dərəcədə yığcam infor­masiya dalınca qaçmağa sövq edir, necə deyərlər, roman oxumağa vaxt qalmır.

Texnogen cəmiyyətdə onsuz da gərilmiş əsəblər "başqala­rı­nın" fa­ciəsinə şərik olmağa "dözmür", adam­lar istər həyatda, istər­sə də sə­nət­də dərin fəlsəfi-psixoloji vəziyyətlərdən, gərgin dramatik səhnə­lər­dən qaçır, düşünmək və həyəcanlanmaq tələb etməyən yüngül səhnə­lə­rə meyl edir. Nəticədə, insan faciə və dramın böyük mənəvi tərbiyə gü­­cündən məhrum olur, komikliklə, eybəcərliklə müntəzəm kontakt onu mə­nən kasıblaşdırır, təsadüfi kənar təsir­lərə qarşı daxili müqa­vi­mət qabiliyyəti azalır. İztirablarsız, mənəvi təbəddülatlarsız əxlaq nor­ma­ları insan mənəviyyatının dərin qat­larına nüfuz edə bilmir, qəlbin hök­münə çevrilmir. Habelə, elmi-texniki inqilabın bir tərəfdən, incə­sə­nə­tin özünə, digər tərəfdən də, adamların incəsənətə münasibətinə tə­si­ri mənəvi tərbiyədə də öz əksini tapmış olur.

1. Ümumi elmi-mədəni səviyyənin yüksəlməsi, elmi dünyagö­rü­şü­nün və nəticə etibarilə ali məqsəd, əqidə və s. əxlaqi key­fiy­yət­lə­rin for­malaşması. Ümu­mi bilik səviyyəsi, elmi düşüncə tərzi əx­la­qı bi­la­va­si­tə də­yişdirməsə də, fərdi əxlaqla ictimai əxlaq ara­sın­dakı, habelə fəa­liy­yətin motivi ilə nəticəsi ara­sındakı ziddiyyətin aradan qaldırılması üçün mühüm şərtdir.

İctimai həyat mürəkkəbləşdikcə, əmək və onun sosial-iqtisadi nə­ticələri arasındakı vasitəlilik artdıqca insanın öz əməli fəaliyyə­tinin nə­ticələrini dərk etməsi çətinləşir və daha fərdi əxlaq insan fəaliyyətini bir­qiymətli şərtləndirə bilmir. İnsanın istəyi, niyyəti ilə əməlləri, əməl­lə­rin real nəticələri arasındakı körpü - sağlam şüur, empirik bilik, fərdi həyat təcrübəsi daha özünü tam doğrultmur, yəni daha etibarlı rabi­tə­yə entiyac duyulur. Yeni dövrdə yüksək əxlaqi keyfiy­yətlərin, nəcib hiss və duyğuların həyata elmi mü­na­si­bətlə, elmi-nəzəri biliklərlə vəh­də­ti tələb olunur. İc­timai elmlər in­sanın əxlaqa keyfiyyətləri ilə icti­mai-iqtisadi fəaliyyətini düzgün əlaqələndirməyin əsas şərtinə çevrilir. Beləliklə, yaşadığımız cəmiy­yəti və lokal ictimai həyat hadisələrini dərk etmək yalnız alimlər qar­şısında duran problem olmayıb, həm də hər bir şəxsin mənəvi ehtiyacıdır.

Bir tərəfdən, elm və texnikanın yüksək inkişaf tempi ilə əx­laqa tənəzzül arasında, digər tərəfdən də, mənəvi aləmdə in­tel­lektual sə­viy­yə ilə əxlaqi səviyyə arasında kəskin ziddiyyət yaranır. Gör­kəm­li fizik, atom silahını yaradanlardan biri P.Oppenheymer ya­zır: "...Avtomatlaşdırmada, hesablama texnika­sında və kos­mo­sun tədqiqində böyük tərəqqiyə nail olsaq da, əxlaqi-mənəvi tə­rəqqiyə nail ola bilməmişik".59 Bu gün elm və əxlaqın inkişaf tempi ara­­sın­da optimal nisbət yaradılması bir problem kimi qalmaq­dadır.

Elm və texnika həmişə insanın qarşısına onun yeni imkan­la­rı­na uyğun yeni vəzifələr qoya bilirmi? Elmin inkişaf tempi insa­nın mənəvi imkanlarının artması tempi ilə ayaqlaşa bilirmi?

Bu sual, göründüyü kimi, elmi tərəqqi ilə mə­nəvi tərəq­qinin in­tensivlikləri arasındakı münasi­bətə dair yuxarıda qoymuş ol­du­ğu­muz sualın tam əksidir. Cəmiyyətin inkişafının müəyyən mər­hə­lə­sində mənə­vi tərəqqinin elmi tərəqqini qabaqlaması və onun da­ha yüksək sürətlə inkişafı üçün obyektiv şərait yaratması imkanı or­ta­ya çıxır. Burada fəlsəfi fikrin üzərinə yeni bir yük düşür və na­tu­ralist düşüncə paradiqmasının humanist düşüncə paradiqması ilə əvəzlənməsi zərurətə çevrilir.

3. Yeni texniki nailiyyətlərin mənəvi tərbiyə işinin təşkilinə tət­biq edilməsi, mənəvi tərbiyə vasitə­lərinin kütləvilik dərəcəsinin art­ması, etik biliklərin daha böyük miqyasda yayılması və s. də el­mi-texniki tərəqqi sayəsində mümkün olur və onun müsbət təsir imkanlarına aiddir.

İnsanın mənəvi kamilliyi onun əməli fəaliyyəti ilə bilavasitə bağlıdır. Daha doğrusu, mənəvi key­fiy­yətlər məhz əməli fəaliy­yət­də təzahür edir ki, onun da ən mühüm tərkib hissələrindən biri pe­şə fəaliy­yəti, ixtisas sahəsindəki işdir. Əxlaq yalnız insanlararası mü­na­sibətlə məhdudlaşmır, buraya İnsan-Cəmiyyət-İnsan münasi­bət­ləri də daxil olur. İnsan-Cəmiyyət mü­na­sibətləri isə hər bir şəx­sin cəmiyyətdə, ictimai həyatda tutduğu mövqe ilə, o cümlədən, onun ictimai-faydalı əməyi ilə şərtlənir. Ona görə də, elmi-texniki tə­rəqqinin əxlaqa, insanın mənəvi simasına təsirindən danışarkən in­sanın əməli fəaliyyətini, onun bu sahə­dəki mənəvi xüsüsiyyət­lə­rini və burada baş verən dəyişiklikləri, meylləri də nəzərə almaq la­zımdır.

Müasir dövrdə əxlaqın konkret formalarından biri İnsan-Tex­nika-İnsan münasibətlərində təzahür edir. Başqa sözlə, insan­lar­arası münasibət texnika ilə vasitələnir və bu zaman müasir tex­ni­kaya necə, hansı səviyyədə yiyələnmək və ondan hansı məqsədlə is­ti­fadə etmək insanın mənəvi keyfiyyətlərindən də asılı olur. Bu­ra­da mənəvi idealla, insanın arzu və istəkləri ilə texnikanın hansı məq­səd üçün istifadə olunması arasında əlaqə yaranır.

Rasionalizm müasir dövrdə insanlara, onların taleyinə, həyat möv­qeyinə və nəticə etibarilə həm də əxlaqına, mənəvi keyfiy­yət­lə­ri­nə qlobal problemlər vasitəsilə də təsir göstərir. Miqyasca bütün planeti əhatə edən, bütövlükdə bəşəriyyətin taleyi ilə bağlı olan, hər bir ölkəni, hər bir xalqı, hər bir insanı dü­şündürməli olan prob­lemlər nəzərdə tutulur. Bun­lara ilk növbədə Yer üzərində sül­hün təmin edil­məsi - müharibə və sülh problemi, cəmiyyətin təbiə­tə də­yiş­dirici təsirinin məqsədəuyğun surətdə idarə olun­ması - eko­loji problem, planetimizdə əhali­nin artması, ailə-məişət münasi­bət­lə­rində baş verən geniş miqyaslı dəyişikliklər - demoqrafik prob­lem, tükənməkdə olan enerji mənbələrinin yenilərilə əvəz edil­mə­si­nə ehti­yac - energetik problem və s. aiddir. Bu prob­lemlər istər bi­la­vasitə, istərsə də bilvasitə elmi-texniki tərəqqi ilə, onun neçə tən­zim olunması və hansı səmtə yönəl­dil­məsi ilə bağlıdır.

Bu gün bütün dünyanın tərəqqipərvər adamları böyük insan adı­nın layiq olduğu mövqeyi müdafiə et­məli, yalnız yaşadıqları ölkə­nin, mənsub olduqları xal­qın mənafeyini deyil, həm də bü­töv­lük­də cə­miyyətin, bəşəriyyətin taleyini düşünməli, öz böyük mənə­vi borclarını, insanlıq borclarını yerinə yetir­mə­lidirlər. Məhz bu cə­hət, hadisələrin qlobal miqyas alması ilə əlaqədar olaraq düşün­cə tərzinin, mənəvi məsuliyyətin də qlobal miqyas alması müasir döv­rün başlıça səciyyələrindən biridir. Əgər bir tərəfdən elmi-tex­ni­ki tərəqqi bəşəriyyət qarşısında qlobal problemlər qoyursa, o biri tə­rəfdən, elmin inkişafı, elmi dünyagörüşünün formalaşması, əsr­lə­rin miras qoyduğu zəngin elmi-mədəni sərvətlərə yiyələnmiş olan in­sanın yüksək mənəvi kamillik səviyyəsi bu problemləri məhz in­san mənafeyi baxımından, huma­nist mövqedən həll etməyə imkan verir.

Qloballaşma şəraitində İnsan-Təbiət qarşılıqlı tə­sirində də elə zid­diy­yətlər ortaya çıxır ki, onların həlli ümumbəşəri mənəvi mə­su­liy­yətlə cilovlanan ciddi münasibət tələb edir. Əxlaq bir daha İn­san-İnsan münasibətlərinin çərçivəsindən kənara çıxır və İnsan-Tə­bi­ət münasibətləri qlobal ekoloji problemləri vasi­təsilə insanın, bə­şə­riyyətin taleyinə təsir göstərməklə İnsan-Təbiət-İnsan münasi­bət­­lərinə çev­rilir. İnsan ilə təbiət arasındakı münasibətin qlobal miq­yas alması qarşıya yeni əxlaqi problemlər qoyur, insan fəaliy­yə­tini məhdudlaşdıran mənəvi qadağaların sayı artır.

İnsan amilinin rolunun artması, onun təkcə öz konkret fəa­liy­yət sahəsində deyil, beynəlxalq aləmdə baş verən hadisələr miq­ya­sında fəallıq göstərməsi, dün­yəvi problemləri dərk edərək onlara şü­urlu mü­nasibət bəsləməsi, təkcə öz mənsub olduğu xalqın deyil, həm də bütövlükdə bəşəriyyətin mənafeyini nəzərə alması insanın mənəvi tərəqqisi prosesində yeni keyfiyyətli pillədir. Elmi-texniki inkişaf, siviliza­siya insanın təbiətlə qarşılıqlı münasibətdə maddi fəa­liyyət imkanlarını, "fiziki" gücünü artırdığı kimi, düzgün kurs gö­türdükdə, humanist əhvali-ruhiyyə ilə tərbiyə olunduqda in­sa­nın mənəvi gücünü də artırır və ümumi ahəng, harmoniya yenə də təmin edilmiş olur.


1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə