Mehriban Əliyeva Səlahəddin Xəlilov




Yüklə 1.5 Mb.
səhifə7/11
tarix22.02.2016
ölçüsü1.5 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

Sivilizasiya və iqtisadi qloballaşma

Sənayenin sürətlə inkişafı yeni nəqliyyat və rabitə vasitələ­ri­nin kəşfi, dünya iqtisadi bazarının formalaşması, kütləvi miqra­si­ya­lar, beynəlxalq əlaqə­lərin və mübadilənin intensivləşməsi ölkə­lə­rin və mil­lətlərin bir-birlərindən təcrid olunmuş şəkildə möv­cud­lu­ğuna son qoydu. Dünya təsərrüfat əlaqələri çox sürətlə artır, bey­nəl­xalq münasibətləri tənzimləyən dünya sistemləri yaradılır, qar­şılıqlı mədəni təsirlər artır, böyük məsafələr asanlıqla qət edilir, zamanın gedişi sürətlənir, dünya bütöv, vahid bir tam halını alma­ğa başlayır.

Qloballaşmanın təsiri özünü bütün sahələrdə – ticarət, id­man, siyasət, dəb, ətraf mühit, musiqi, hü­quq və mədəni eyniy­yət­də büruzə verir. Sanki dün­yanın bütün regionlarının taleyi qar­şı­lıq­lı asılılıq və iqtisadi, siyasi, mədəni əlaqələrin mövcud sərhədlər üzə­rindən qarşılıqlı nüfuzu sayəsində əvvəllər ol­du­ğundan qat-qat daha çox dərəcədə bir-biri ilə bağlıdır.

Qloballaşma müasir dünyanın ən aktual məsə­lə­lə­rindən biri­nə çevrilmişdir. Bu baxımdan da onun hərtərəfli tədqiqatı çox bö­yük önəm daşıyır. Qlo­bal­laşma haqqında bir sıra məqalələrin, ki­tab­ların, mo­noqrafiyaların yazılmasına baxma­yaraq, bu feno­me­nin dəqiq anlamı hələ də dumanlı və qeyri-müəy­yən qalmaqda­dır. Bu öz əksini aşağıda sada­lanan bir sıra sualların cavablan­dırıl­masında olan çətinlikdə tapır:

Qloballaşmanın inkişafı tarixin hansı mərhələ­sindən başla­mış­dır? Qloballaşma nə deməkdir? Qlo­ballaşma müasir Qərbin gü­cü ilə sinonimdirmi? Yox­sa o, bir sıra digər regionlar və sivilizasi­ya­lardan qay­naqlanır? Qloballaşma milli-dövlətlərin möv­cud­lu­ğu­na təhlükə törədən, qarşısı alınmaz bir prosesdirmi? Dövlət qlo­bal­laşmadan kənarda qala bilərmi? Bu müm­kün olduğu təqdirdə dövlət hansı çətinliklərlə üzləşə bilər və o, bu çətinliklərin öhdə­sin­dən gələ bi­lərmi? Əgər qloballaşmadan kənarda qalmaq müm­kün deyilsə, və yaxud təcridçiliyin ziyanları xey­rin­dən daha çoxdursa dövlət qloballaşmanın mənfi tə­sir­lə­rini necə minimuma endirib, bu prosesdən mak­si­mum fayda götürə bilər? Qlobal mədəniyyət ya­ra­nır­mı? Qloballaşma prosesinə qoşulmaqla yanaşı dövlət ne­cə öz mil­li mədəni-mənəvi dəyərlərini sax­laya bi­lər? Qloballaşma yox­sulluğun və bəra­bər­sizliyin ara­dan qaldırılması­namı yönəl­mişdir? Yox­sa qlo­bal­laş­ma varlı və kasıb ölkələr arasında uçuru­mu dərin­ləş­dirir? Qloballaşmanın hüdudları varmı?

Qloballaşmaya münasibət heç də birmənalı deyildir. Bəziləri qloballaşmanı mənfi bir proses kimi, Qərbin iqtisadi və mədəni ma­raqlarının qalan bütün dünya üzərində dominantlığı kimi qiy­mət­ləndirirlər. Bu dominantlıq varlı və kasıb ölkələr, regionlar ara­sın­da bərabərsizliyin davam etdirilməsi anlamına gə­lir. Burada problem yalnız kəskin bərabərsizliyin da­vam etməsi deyil, həm də dünyanın ''Koka-Ko­lo­ni­zasiyası''dır. Belə ki, Üçüncü Dünyanın əha­lisi qlobal iqtisadiyyata standartlaşmış məhsulların passiv is­teh­lakçıları kimi qoşulurlar. Başqa sözlə iqtisadi qlo­ballaşma mə­dəni imperializmin əsaslarına söy­kənir.

Bəziləri isə qloballaşmanı müsbət bir proses kimi qiymətlən­di­rirlər. Onların bir çoxu qlobal­laş­ma­nı özü ilə bütün dünya əha­li­si­nə beynəlxalq əmək böl­gü­sünün və bazar iqtisadiyyatının bəh­rə­lə­rindən ya­rar­lanmaq imkanı gətirən kapitalizmin dünyanın hər bir küncünə və köşəsinə nüfuz etməsi kimi qiymətlən­dirirlər. H.Holm və G.Sorensenə görə qloballaşma sər­hədlər üzərindən iq­tisadi, siyasi, sosial və mədəni əlaqələrin intensivləşməsidir29.

İmmanuel Vollersteynə görə isə qloballaşma qlo­­bal əmək bölgüsü ilə bir-birinə bağlanmış kapi­ta­list dünya iqtisadiyyatının qələbəsidir. Bu kapitalist dün­ya sistemi kapital toplamaq mənti­qin­dən irəli gə­lir.

Qloballaşma kapitalist istehsal üsulunun bütün dünyanı öz sistemi çərçivəsində düzənləmə prosesi kimi də qiymətləndirilir. Kapitalist istehsalının əsas məq­sədi kapital toplamaqdır. Lakin, müəyyən olun­muş sərhədlər daxilində daimi mənfəəti təmin etmək qeyri-mümkündür. Buna görə də kapitalist münasibət­lərinin işti­rak­çı­ları fəaliyyətlərinin ərazi sferasını ge­nişləndirərək yeni qazanc mənbələri axtarmaq məcbu­riy­yətindədirlər. Məqsədi bütün dünya­nı ''kapitalizm bayrağı'' altında birləşdirmək olan bu proses qlo­ballaşma adını almışdır.

M.Albrou qloballaşmanı dünya xalqlarının va­hid dünya cə­miy­yətində birləşdirən bütün proseslər, bə­şəriyyətin ilk dəfə kol­lek­tiv aktor olacağı bir cə­miyyət kimi xarakterizə edir30. Qlobalizm o dəyər­lər­lə təyin olunur ki, onlar real dünyanı – 5 milyardlıq əha­­lini əndişə obyekti kimi, bütün yaşayanları dünya və­tən­daşları, istehlakçılar və istehsalçılar kimi nəzər­də tutsun. Bir tək maraqla – qlobal problemlərin kol­lek­­tiv həll edilməsi marağı ilə. Robertson isə qlo­bal­laş­­ma­nı həm dünyanın sıxılması həm də dünyanın vahid tam şəklində dərkinin güclənməsi ilə əlaqə­lən­dirir. ''Məsafənin ti­ra­ni­yasına'' teleqraf, telefon, radio və televiziya ilə başlayan, kom­püter, peyk ötü­rü­cüləri, faks və İnternetlə davam edən kom­mu­ni­kasiya inqi­labı nəticəsində son qoyulur. Hava nəq­liyyatı ilə bir­likdə bunlar dünyanın sıxılmasına səbəb olub. Belə ki, infor­ma­siya bir anda ötürülə bilər və insanlar dün­ya­nın bir ucundan digər ucu­na 24 saatdan çox ol­ma­yan bir müddətdə çata bilərlər. Bu effekt coğrafiyaçı De­­vid Harvey tərəfindən ''zaman və məkan sıxlığı'' ad­landırılmışdır.

R.Robertsonun yanaşmasına qarşılıqlı asılı va­hid dünyanın yaranmasında çox böyük rolu olan iq­tisadi institutlar və kom­munikasiya texnologiyaları da aiddir. Bu yanaşma bəşəriyyətin kollektiv aktor ol­ması və ümumi problemlərə kollektiv həll yolları ax­tar­ması ilə məhdudlaşmır. Robertson da Olbrou kimi diqqəti siyasi və mədəni ideyalara (insan hüquqları, qlo­bal ətraf mühit üçün mə­suliyyət, kosmopolitalizm) yönəltməyə çalışır. Qlobal­laşma yal­nız siyasi iqtisa­diyyatın və ya beynəlxalq münasibətlərin sub­yek­tini təşkil edən böyük transmilli strukturları deyil, həm də bizim dünyadakı fəaliyyətimizi, qavrayışı­mızı, təcrü­bə­mizi əhatə edir. Ro­bertson qloballaşmanın millət da­xilində baş verən kiçik miq­yas­lı hadisələrdən fərqli və onlara antoqonist böyük miqyaslı, dünya mərkəzli bir proses olduğunu qəbul etmir. Onun fikrincə ''qlo­bal'' və ''lokal'' bir-biri ilə konfliktdə deyillər. Onlar bir-birilə­rini itələ­yəcək nöqtəyə qədər qarşılıqlı təsir göstərirlər.

Bu arqument ''qlokalizasiya'' və ya ''lokal qlo­ballaşma'' anla­yış­larını meydana çıxarır. Bu anlayışlar ilk olaraq 80-ci illərdə yapon biz­nes dairələrində qlobal şirkətlərin istehsalçıların fərqli tələblə­rini qar­şılamaq üçün xüsusi yerli şəraitlərə uyğun məhsul­la­rın hazır­lan­ma­sı prosesini ifadə edirdi. Robertson da­ha irəliyə ge­dərək qloka­li­za­siyanı və ya qloballa lo­kalın qar­şı­lıqlı nüfuzunu qlobal cəmiyyətin təyinedici bir cə­həti kimi səciyyələndirmişdir.

R.Robertsonun fikrincə, qloballaşma və qlobal ''sahə'' ara­sın­da fərq qoyulmalıdır. Qlobal sahə müx­təlif növ qarşılıqlı təsir­lə­rin və dəyişikliklərin baş ver­diyi yeganə sosial dünyadır. Qlobal­laşma isə vahid qlo­­bal sahənin yaranmasını şərtləndirən amildir, lakin o, qlobal sahənin yeganə komponenti deyildir. Digər kom­po­nentlərə isə millətlər, başqa cəmiyyətlər, həm­çinin fərdlər daxildir.

R.Robertsona görə, qloballaşma yalnız struk­tur­lar, institut­lar və şəbəkələrlə bağlı deyil, həmçinin bi­zim sosial həyat və ora­dakı yerimiz haqqında düşüncə tərzlərimizlə bağlıdır. O, qeyd edir ki, dünyanın vahid cəmiyyət olması haqqında ideya ta əvvəllərə ge­dib çı­xır. Bu, məsələn, Allahın Yerdəki Krallığı kimi dü­şün­cə­lərdə əks olunmuşdur.31

Təbii ki, yaxın zamanlarda baş verən inkişaf pro­sesləri qloballaşma hadisəsinin intensivləşməsində çox önəmli rol oynayır. Lakin Robertsonun ''mini-qlo­balizasiyalar'' adlandırdığı qlobaliza­si­ya­ya aparan də­yi­şiklik prosesləri çox-çox öncələr baş vermişdir. Regionlararası ticarət, təbii sərvətlərin regionlararası daşınmaları­na gətirib çıxaran imperiya işğalları, tex­nologiya və mədəniyyət, köləliklə və ya yeni tor­paq axtarışı ilə əlaqədar əhalinin hərəkəti bir sıra minil­liklər ərzində dünya tarixinin uzunmüddətli xü­susiy­yət­ləri olmuşdur. Bu inkişaf prosesləri yalnız Qərblə bağlı deyildi. Bunlar həm Çini, həm İslam dün­yasını, həm Aralıq dənizi ətra­fın­dakı klassik sivi­lizasiyaları, həm də erkən müasir Avropanı əhatə edirdi.

A.Giddens bugünkü dünyanın dinamizmini da­ha çox müa­sir­liklə bağlayır. O, qloballaşmanın mo­der­nizasiya nəticəsində müm­kün olduğunu hesab edir32. Modernizasiyanın 4 aspekti çox əhə­miy­yət­li­dir: kapitalizm, industrializm, milli-dövlətlərin nə­za­rət im­kanları və milli hərbi qüvvə. Bu tendensiyalar Qərbin yaxın ta­rixi ilə əlaqələndirilir və beləliklə qlo­balizasiya Qərb fenomeni kimi təqdim olunur. Gid­densə görə qlobalizasiyaya yalnız gələcəkdə qey­ri-qərb mexanizmlə­rindən əhəmiyyətli idxalat olacaq.33

Bu yanaşma doğru olaraq qloballaşma prose­sində Qərbin aparıcı rolunu vurğulayır. Kapitalizm bey­nəlxalq əmək bölgüsünü, kapital və məhsul ba­zarını yaratdı. Sənayeləşmə isə XIX-XX əsr­lərdə bu meyl­ləri möhkəmləndirmək üçün texnoloji və təş­ki­la­ti ba­zis formalaşdırdı. Güclü sənaye əsası olmadan mü­asir rabitə vasi­tələri, xüsusilə peyk ötürücü sis­tem­ləri və kompüter texnologi­ya­ları ağla belə gələ bil­məz­di.

Güclü milli-dövlətlərin yaranması zamanla on­lar arasında münasibətləri, münaqişələri tənzimləmək üçün transmilli siyasi təşkilatların inkişafına təkan verdi. Nəhayət, qlobal mə­sə­lə­lər­də Qərbin hərbi gü­cü­nün çox böyük əhəmiyyəti var. Bu XVI əsrdən baş­layaraq Yeni Dün­ya­nın kəşfində və daha sonra Cə­nubi və Şərqi Asiyada kolonizasiya proseslərində əks olu­nub.

Maykl Mannın fikrincə isə, hərbi güc yalnız iqtisadi və siyasi maraqların həyata keçirilməsi vasi­təsi deyil, gücün müstəqil bir qoludur və Qərbi Av­ro­panın dünya miqyaslı ekspansiyasında uğur­larının sə­bəbi tarixi üstünlüklərdən daha çox, texnoloji üstün­lü­yü sayəsində formalaşan hərbi gücü idi.

Müasir dünyanın formalaşmasında əsas dönəm kimi hər han­sı bir konkret zamanın müəyyən olun­ması və bunun yalnız Qərblə əlaqələndirilməsi bir sıra səbəblərə görə qüsurludur. Birincisi, bu halda Qərbin hegemonluq dövründən öncəki qlobal inkişaf pro­ses­ləri diqqətdən kənarda qalır. İkincisi isə, unutmaq ol­maz ki, bu inkişaf proseslərinin bir çoxu qeyri-qərb mənşəlidir. Hodqsonun dediyi kimi, Qərbi Avropa XII-XIII əsrlərə qədər Mərkəzi Sivi­lizasiyanın peri­fe­riyasında qalmışdır.


* * *
İqtisadi qloballaşmanın əsasını təbii resurslar və bazarlar üzərində nəzarət uğrunda kəskin rəqabət, mü­barizə təşkil edir. Onun əsas aktorları transmilli şir­kətlərdir. Bu şirkətlər XX əsrin əvvəllərindən, bö­yük sənaye kampaniyalarının iqtisadi və maliyyə ma­raq­­larının milli sərhədləri aşmağa başladığı dövrdən for­­malaş­mağa başlamışdır. XX əsrin ikinci yarısından regional transmilli şirkətlərin qlobal şirkətlərə çevril­mə­­si prosesi başlandı. Buna xeyli dərəcədə planetin müxtəlif hissələrini vahid informasiya və iqtisadi mə­kanda birləşdirən elektron rabitə vasitələri sahə­sin­dəki inqilab təkan verdi.

İqtisadi qloballaşmanın intensivləşməsi bir sıra məsələləri or­ta­ya çıxarır. Bunların ən əsaslarından bi­ri demokratik yolla seçil­miş hökumətlərin yurisdik­si­­ya­­sından kənarda, iqtisadi gücün bəzi azsaylı əllərdə top­­lanması təhlükəsidir. Bu da istər-istəməz belə bir sual doğurur ki, belə intensivləşmiş qloballaşma pro­sesi şəraitində milli dövlətlərin uzun müddətli möv­cudluğu mümkündürmü?

İqtisadi qloballaşma mərkəzləri çox böyük miq­yasda fəaliy­yət göstərir. Öz iqtisadi gücünə görə bir sıra transmilli şirkətlər ayrı-ayrı dövlətlərlə rəqabət apar­­maq imkanına malikdirlər. Kapi­tal investisiyası və yeni texnologiyalar üzərində nəzarət imkanları onlara hətta çox güclü dövlətlər üzərində xüsusi təsir vasitələri verir.

Transmilli şirkətlərin xaricdən əldə etdikləri gə­li­rin təqribən yarısı onların yerləşdiyi ölkəyə gəti­rilir. Bu şirkətlərin çoxunun məhz ABŞ ərazi­sin­də cəm­lən­mə­si müasir dünyada ABŞ-ın mütləq ticarət üstün­lü­yü­nün əsas səbəblərindən biridir.

Bir tərəfdən dövlət (ABŞ – S.X.) transmilli mo­nopoliyaları milli maraqlarını öz ərazisindən kənarda effektiv həyata keçirmək vasitəsi kimi istifadə edir. Di­gər tərəfdən, bu məqsədlərin özləri monopoliya­la­rın güclü təsiri nəticəsində dövlətlər tərəfindən hasil edilir. Onlar ilk növbədə monopoliyaların maraqlarını ifadə edir­lər. ABŞ-a rəqabət qabiliyyətliliyini artır­mağa yönəlmiş korpora­si­ya­ların maraqları ilə eynilə həmin rəqabət qabiliyyət­liyi­nin möh­kəm­ləndiril­mə­sin­də maraqlı olan cəmiyyətin məqsədlə­ri­nin üst-üs­tə düşməsinə nail olmaq müvəffəq oldu. İkinci dünya müha­ri­bə­sin­dən sonra ABŞ-ın tarixi uğurunun ən əsas faktor­la­rından biri on­dan ibarətdir ki, Amerika dövləti və cəmiyyəti milli mo­no­po­li­ya­ların və cəmiyyətin maraqları arasındakı ziddiyyəti aradan qal­dı­ra bildi. Onlar buna öz monopoliya­larının ekspansi­ya­sını öl­kə­nin daxilinə yox, xaricinə yönəltməklə, onları millət­üstü struk­tur­la­ra və beləliklə də milli rəqabət­qabi­liy­yətliliyinin uzun­müd­dətli tə­mi­natı və möhkəmlən­diril­məsi vasitəsinə çevirməklə nail oldular34.

İstehsalın qloballaşması kampaniyalara öz fəaliy­yətlərini ye­ni, əsasən Üçüncü Dünyanın inkişaf et­məkdə olan ölkələrinə kö­çür­məyə imkan yaradan texnologiyanın inkişafı sayəsində müyəssər olmuşdur. Daşınma dövründə istehsaldakı itkilərə baxmaya­raq, işçi qüvvəsinin ucuzluğu bu itkiləri gərəyindən də çox kom­pen­sasiya etdi.

Robert Holtona görə, beynəlxalq iqtisadiyyat ilə transmilli iqtisadiyyat anlayışları arasında fərq qo­yul­malıdır. Beynəlxalq iqtisadiyyat müəyyən millətlərə aid institutlar və iqtisadi aktorlar tərəfindən həyata keçirilən milli iqtisadiyyatlar arasında baş verən mü­badilədir. Sadə dillə desək, bir ölkədə istehsal olunan məhsul­la­rın, xidmətlərin və xammalın başqa bir öl­kədə satılmasıdır. Milli iqtisa­diyyatlar arasında dünya ti­carətinin ekspansiyası bu prosesin əsas göstəri­ci­sidir. Bu növ iqtisadi qloballaşma heç də yeni deyil.

Transmilli iqtisadiyyat isə beynəlxalq ticarəti də özündə birləş­dirməklə yanaşı, əlavə xüsusiyyətlərə ma­­likdir. Bunlara trans­milli proseslərin və insti­tut­ların inkişafı aiddir. İnformasiya tex­no­logiyası sayə­sində mümkün olan bugünkü dünya maliyyə baza­rının inteqrasiyası presendenti olmayan miqyasda sazişlərin siyasi sərhədlər üzərindən həyata ke­çiril­mə­si­ni bir anda mümkün edir35.

Yeni transmilli iqtisadiyyat çərçivəsində ayrı-ayrı millətlər yalnız ticarətdən yox, həm də kənar ka­pi­tal axınından çox asılı olurlar. Bunlar iq­ti­sadi in­ki­şa­fa, yeni texnologiya əldə etməyə və işsizliyi mi­ni­muma endirməyə nail olmaq üçün vacib hesab olunur.

1950-ci ildən bəri beynəlxalq ticarət əhəmiy­yətli dərəcədə artıb. Lakin multimilli kampaniyaların istehsalının həcmi dünya ticarətinin həcmini üstə­ləyir36.

Birbaşa xarici investisiyaların çox hissəsi və mil­­lətlər arasında texnologiya transferinin əhəmiy­yət­li bir hissəsi multimilli müəssisələr tərəfindən həyata ke­çirilir.

Siyasi sərhədlər üzərindən fəaliyyət göstərən ticarət təşkilat­la­rı uzun tarixi yol keçmişlər. Multimil­li müəssisələrin yaranması əsasən 1870-1900-cü illər ara­sında olub. Bu dövrdə müəssi­sə­lə­rin xarici fili­al­la­rı yaranmağa başlayıb.

Bir çox müasir multimilli müəssisələr, məsələn, Ford, İBM, General Motors öz multimilli fəaliy­yət­lə­ri­nə 1900-1930-cu illərdə başlayıblar. Multimilli müəssisələrin sayı əsasən 1950-ci ildən sonra çox sürətlə artmağa başladı. Multimilli müəssisələrin fəaliy­yə­ti xammal və emalla məhdudlaşmır, sürətlə inkişaf edən xidmət sek­torunu da əhatə edir. Bunlara banklar, sığorta kampaniyaları, mü­ha­sibat, reklam və məsləhət sahələri, hotel sənayesi daxildir. “Biz­nesin qloballaşması” əsərində Danninq multimilli müəssisə­lə­rin fəa­liy­yətinin 4 əsas səbəbini müəyyən edir: ba­zar axtarışı, resurs ax­tarışı, səmərəlilik axtarışı və stra­­teji əmlak axtarışı. Multimilli müəssisələrin fəa­liy­yətinin texnoloji dəyişikliyə nisbəti çox mü­hüm məsələlərdən biridir. Bir tərəfdən telekommunikasiya və in­for­ma­siya texnologiyasındakı dəyişikliklər mul­ti­milli müəs­sisələrin fəaliyyət xərclərini azaldır, digər tə­rəfdən dünya miqyaslı əsas korporasiyaların ara­sın­dakı qlobal rəqabət bazarında rəqa­bətqabi­liyətli iştirakçı kimi qala bilmək uğrunda mübarizəni intensivləşdirir.

Standartlaşdırma qlobal marketinqin əsas ele­menti olaraq qalır. Bununla yanaşı, multimilli müəs­si­sələr artıq anlamağa başlayıblar ki, istehlakçılar stan­dart deyillər və zövqlər və tələblər müxtəlif mil­lət­lər­də, mədəniyyətlərdə və regionlarda fərqlənir. Bunu an­lamaq adətən istehlakçıların marketinq kam­pa­niyalarına və standartlaş­dırılmış məhsullara mü­qa­viməti nəticəsində mümkün olur. Qlobal istehsalçılar zövq və davranışları manipul­ya­siya olu­na biləcək stan­dartlaşdırılmış qlobal istehlakçılar yarat­mağa mü­vəf­fəq olmayıblar. İstehlakçıların zövqlərinin müx­tə­lif­liyi və mə­də­ni mü­qa­vimət lokalizasiya və regiona­lizasiyanın mühüm elementlərinə gətirib çıxarmışdır.

Beləliklə, istehsalçılar və istehlakçıların güc­lə­ri­nin asim­met­rik olmasına baxmayaraq, standart­laş­dı­rılmış marketinq strate­gi­yaları heç də həmişə işləmir.

Holtonun fikrincə, multimilli müəssisələrin fəaliy­yəti nəticə­sin­də inkişaf edən iqtisadi qlobal­laş­ma nə məhvedici bir qüvvədir, nə də ki, o, dünyanın Mak­donaldlaşdırılmasından xəbər verir. Mul­ti­milli mü­əssisələrin gücünü nə şişirtmək, nə də ki, qiymət­lən­dirməmək düzgün olmazdı. Qlobal iqtisadiyyatda onların mərkəzi rolu danılmazdır. Onun fikrincə, belə müəssisələrə yalnız sərvət toplayan bir qüvvə kimi baxmaq düzgün deyil. Çünki bu, multimilli müəssisə­lərin təd­qiqat və inkişaf da daxil olmaqla bir sıra fəaliy­yət­lərdə ro­lu­nu danmaq anlamına gəlib çıxardı. Belə­lik­lə, multimilli müəssi­sə­lər iqtisadi güc olmaqla bəra­bər, həm də çox mühüm siyasi və mə­dəni qüvvə­dir­lər37.

Qlobalizm siyasətini bütövlükdə və ya ayrı-ayrı müəyyən hissələrini qəbul etmək, yaxud da əksinə, bütövlükdə onu rədd etmək üçün yalnız tədqiqat­çı­la­rın ifadə etdikləri doktrinaları deyil, həmçinin qlo­balizmin ideologiyasının və siyasətinin formalaş­ma­­sın­da bilavasitə iştirak edənlərin fikirlərini bilmək lazımdır. Bu cür xadimlərdən biri də Corc Sorosdur. Onun qlobal iqtisadiyyatın üs­tün­lükləri və mənfilik­lə­ri barədə bəzi fikirləri ilə tanış olmaq ma­raq­lı olardı: ''Biz artıq qlobal iqtisadiyyat sistemində yaşayırıq. La­kin burada bu termin altında nəyi nəzərdə tutdu­ğu­muzu dəqiq müəy­yən etməliyik. Qlobal iqtisadiyyat yalnız məhsul və xidmətlə­rin deyil, həmçinin daha va­cib ideyaların və kapitalın sərbəst hə­rəkəti ilə xa­rakterizə olunur. Mahiyyətcə qlobal iqtisadiyyatı qlo­bal kapitalist sistemi kimi nəzərdən keçirmək la­zım­dır''38.

Milli dövlətlərin özlərinin ərazisinə, varına, gü­cünə və s. görə fərqləndirdikləri halda, iqtisadi qlo­bal­laş­manın hər yerə bərabər yayılan bir proses kimi qiy­mətləndirilməsi düzgün deyil. Buna görə də qlo­bal­laşma haqqında sanki, o, hər bir milli-dövlətə və iq­tisadiyyatın bütün sektorlarına eyni təsirə malik bir proses kimi danışmaq olmaz.


Sosial ədalət prizmasından yanaşdıqda əsas prob­lem kimi Şimal və Cənub yarımkürələri arasında artan bərabərsizlik götürü­lür. Bu, 1980-ci ildə Bey­nəlxalq İnkişaf Məsələləri üzrə Müstəqil Komissiya tərəfindən hazırlanmış Brandt Hesabatı, Şimal-Cənub: Yaşama Proqramının dərcindən sonra daha da ciddi xarakter aldı. Burada ''Şimal'' ABŞ, Avropa, Yaponiya və ekvatordan cənubda yerləşən Avstraliya və Yeni Zellandiya daxil olmaqla inkişaf etmiş dünyanı sim­volizə edir. ''Cənub'' isə Çin də daxil olmaqla yoxsul­luq, aclıq və zəif inkişafı simvolizə edir.

Şimalın payına dünya əhalisinin dörddə biri, Cənubun payı­na isə əhalinin dörddə üçü düşdüyü hal­da gəlirlərin beşdə dördü şimalın, yalnız beşdə biri Cənubun payına düşür39.

Samuel Hantinqtonun fikrincə isə, dünya, onu iqtisadi plan­da Şimal və Cənuba, mədəni planda isə Şərq və Qərbə ayıra bilmək üçün çox mürəkkəbdir40.

Qlobal borcluluq, zəif inkişaf və iqtisadi bərabər­sizliyin art­ması problemləri Bretton-Vuds sisteminin qarşısında duran çox çətin vəzifələrdir.

İnkişafı Planlama Komitəsi qeyd edir ki, yar­dım­ların çoxu inkişaf məqsədlərinə xidmət etmir, donor ölkənin ixracını təşviq etmək məqsədləri üçün istifadə olunur.41

Xalqın milli bütövlüyü mədəni bütövlüklə bağlı məsələləri ortaya çıxarır. Bunlara yalnız millətin da­xili mədəni tərkibi yox, həmçinin mədəni cəhətdən fərqli işçi qüvvəsinin miqrasiyası, musiqi və kino kimi mədəniyyət sənayelərinin qloballaşması və insan hüquqları, vətəndaşlıq və s. sahələrdə transmilli tən­zim­ləmə qurumlarının mədəni təsiri kimi qlobal meyl­lər təsir edir.

Konnorun fikrincə, dövlətlərin yalnız çox az bir hissəsi (məs: İslandiya, Yaponiya, Norveç) milli-döv­lət kimi təsvir edilə bilmək üçün kifayət qədər ho­mogendir.

Lakin Konnonun mövqeyindən fərqli olaraq , biz milli dövlət ifadəsini müasir dövrün demək olar ki, bütün suveren dövlətlərinə şamil edirik.

Suveren milli dövlət çox cavandır. O, öz gücü­nün və imkan­la­rının çoxunu XVIII-XIX əsrlərdə for­ma­laşdırmış və möhkəm­lən­dirmişdir. Roland Ro­ber­t­son XX əsrə, sülaləvi imperiyaların məhv olması və müstəmləkəçiliyə qarşı uğurlu üsyanlar nəticəsində milli-dövlətçiliyin siyasi forma kimi universali­za­siyası əsri kimi baxır. Vətəndaş hüquqlarının inkişafı, rabitə və kütləvi təhsil kimi sahələrdə sənaye cə­miyyəti üçün iqtisadi və sosial infrastruktur­la­rın tə­min edilməsi ilə XIX-XX əsrlərdə dövlətin rolu artdı. Man­nın fikrinə görə, müasir dövlət vahid institut çər­çi­vəsində bir sıra müx­təlif funksiyaları birləşdirir və bu institut tükənişinin və qoca­lı­ğının son nəfəsində deyil, əksinə, o, hələ də yetişməkdədir. Döv­lətin müx­təlif funksiyalarını əhəmiyyətli dərəcədə artıb-azal­­masına baxmayaraq, institut özü sağlam forma­dadır.

Lakin buna baxmayaraq, milli-dövlət hüquqi funk­siyalar və ya iqtisadi siyasət üzərində inhisara malik deyil. AB iqtisadi siyasət quruculuğundan daha irəli gedib. Bu bir şəxsi həyat məsələlərinin tənzim­lən­məsi məsələsini nəzərdə tuturuq və insan hüquqlarında bu məsələlər də öz əksini tapıb.


Millətlər və nasionalizm qlobal düzənin kom­po­nentləri ol­maq­­la yanaşı, müəyyən mənada qlobal­laş­ma­ya müqavimət forma­larıdır.

Bir çoxlarının fikrincə, millətlər tarixin lap qə­dim dövrlərin­dən əmələ gəlmişlər. Bəzilərinə görə isə, nasionalizm milli dövlət­lə­rin meydana gəlməsi, səna­yeləşmə və müasir kapitalizmin inkişafı kimi pro­ses­lərlə bağlı olan yeni bir fenomendir. Onların fikrincə, keçmişlə inkarolunmaz bağlılığına baxmaya­raq, na­sionalizm ziya­lı­lar tərəfindən inkişaf etdirilən və si­yasi elitalar və xüsusi maraq qrupları tərəfindən idarə olunan icad olunmuş bir ənənədir.

Antoni Smitə görə nasionalizm sosial qrupların böyük təhlü­kə­lərlə (Məs: müharibə təhlükəsi və ya sosial və mənəvi böhranlar) üzləşdikləri yerlərdə mey­dana gəlir42.

Bir sıra amerikalı şərhçilərin fikrinə görə, etnik mənsubiyyətə malikliyin həm maddi, həm də sim­vo­lik üstünlükləri var. Etniklik ikili xarakterə ma­likdir. O, həm qrupun üzvləri üçün iden­tifikasiya mən­bəyi kimi, həm də qrupu təmsil etmək üçün digərləri tərəfindən istifadə olunan səciyyələndirici kimi faktor kimi funk­siya daşıyır.


Qlobal problemləri yalnız dövlətlərin birgə səy­ləri nəticəsində həll etmək mümkündür. Bunun üçün əməkdaşlığın yüksək səviy­yədə olması tələb olunur və buna da beynəlxalq hüquqa əsaslanan təhlü­kə­siz, demokratik dünya düzəni şəraitində nail olmaq müm­kün­dür. Qloballaşma ilk növbədə bu cür dünya dü­zəninin yaradıl­ması vəzifəsini önə çəkir43.

Təhlükəsizlikdən tutmuş əhalinin rifahına qədər bütün milli maraqlar açılan imkanlardan istifadə etmək bacarığından asılıdır. Hərçənd ki, bu imkanlar əhalinin müxtəlif təbəqələrində olduğu kimi, dövlət­lərdə də eyni deyil. Onlar əsasən sənaye cəhətdən in­ki­şaf etmiş ölkələrdə, böyük kapitalda çoxdur. İnkişaf etməkdə olan ölkələrdə, xırda sahibkarlarda isə məh­dud­dur. Nəticədə qlo­bal­laşmanın bəhrələrindən geniş istifadə edənlər və məhdud isti­fadə imkanları olanlar arasında ziddiyyət yaranır.

Nəzərə almaq lazımdır ki, iqtisadiyyat və ma­liyyə sahəsində qloballaşma öz-özlüyündə siyasi sa­hədə ciddi nəticələrə gətirib çı­xa­ra bilər. Qlobal­laş­ma­nın dövlətə təsirini və gələcəyini müəy­yən­ləş­dir­mək üçün onun dövlətlərin demokratik inkişafına tə­si­rini müəyyən etmək lazımdır.

Liberal demokratiya çox əhəmiyyətlidir, lakin o, həqiqi de­mok­ratiyaya aparan yolun sadəcə bir mər­hələsidir. Liberal demokratiya və kapitalizm cəmiy­yə­tinin əsas ziddiyyətlərindən biri de­mokratiya və kapi­tal arasında olan ziddiyyətdir. Liberal de­mok­ra­tiyanın çatışmazlıqları qloballaşma şəraitində daha aydın gö­rü­nür.

Bu gün demokratiya ölkənin əmin-amanlığı üçün zəruri şərt­dir. O, sosial və iqtisadi inkişaf üçün optimal şərait yaradır. De­mok­ratiya cəmiyyətin və döv­lətin birliyinə və təhlükəsizliyinə təh­lükə törədən cəmiyyətə xas siyasi, sosial, iqtisadi, etnik xarak­terli konfliktləri həll etmək üçün yeganə uzunmüddətli vasitədir. Bir sıra optimistlər hesab edirlər ki, hər bir ölkə demokratiya siste­mini qəbul edərsə, beynəlxalq problemlər həll olunacaq. Eyni zamanda belə bir fikir də yayılmışdır ki, demokratiya dövlətlərarasında yox, yalnız dövlət daxilində mövcuddur.

Burada italiyalı alim D.Arçibucinin fikrini qeyd etmək yerinə düşərdi:

“Qərbin demokratik dövlətləri bütün dünyada de­mokrati­yanın görünən və gursəsli tərəfdarlarıdır. Ey­ni zamanda vaxtaşırı beynəlxalq hüquqa zidd fəaliyyətlər göstərirlər. Bir sıra hallarda onlar üçüncü dünyada qanuni hakimiyyətləri devirib, onları mari­onet rejimlərlə əvəz ediblər… ABŞ və İsrail kimi daxilən tamamilə demokratik dövlətlər daha az de­mokratik olan Vyetnam, Qre­na­da, Panama, Suriya və Livan kimi dövlətlərə hücum etmişlər’’44.

Hər halda demokratiyanın sülhsevər münasi­bət­lərin faktoru olduğunu inkar etmək olmaz. Bizim döv­rümüzdə demokratik dəyərlərin qloballaşması baş verir.

Dövlətin öz hakimiyyətini həyata keçirmək im­kanına təhlükə elə demokratiyaya da təhlükədir. La­kin transmilli şirkətlərin ha­ki­miy­yətinin tərəfdarları id­dia edirlər ki, demokratiya dövlətsiz də mümkün­dür.

Qloballaşma dövlətin informasiya axını üzə­rin­dəki nəzarəti­ni zəiflədib və hakimiyyət formalarının də­yişməsinə gətirib çıxarıb45.

Hətta öz ərazisində dövlət ictimai asayişi qoru­maq üçün qa­nuni məcbur­etmə həyata keçirməsi yol verilən yeganə subyekt deyildir. İnsan hüquqlarının nizama salınması, ekoloji siyasət, maliyyə reqlamen­tasiyası getdikcə onun əlindən çıxır. Burada mə­sələ dövlətin zəifləməsində deyil, onun qlobal proseslərlə qar­şılaşarkən yeni şəraitdə fəaliyyətə hazır olmaması ilə əlaqədardır.

Beynəlxalq hüququn və ya Avropa Birliyi re­gional hüqu­qu­nun milli dövlətləri nəyəsə məcbur et­mək imkanlarında çox böyük limitlər var. Transmilli hüquqi qurumların onlara tabe olmayan milli dövlət­ləri məh­kəmə prosesinin nəticələrinə qoşulmağa və ya onları qəbul etməyə məcbur etmək imkanları yoxdur. Məsələn, Beynəlxalq Millətlər Təşkilatının üzvləri Beynəlxalq Ədalət Məh­kə­məsinin Statutları­nın avto­matik iştirakçıları olurlar, lakin məh­kəmənin yuris­diksiyasını qəbul etmək məcburiyyətində deyil­lər46.

Avropanın transmilli hüquq sistemləri yaratmaq cəhdləri daha effektiv olmuşdur. İnsan hüquqları sa­hə­sində bu cür cəhdlərdən biri 1950-ci ildə rati­fi­ka­siya olunmuş və 1953-cü ildə qüvvəyə minmiş İnsan Hüququ və Əsas Azadlıqlarının Müdafiəsi üzrə Av­ropa Konvensiyasıdır.

Birləşmiş Millətlər Təşkilatında mərkəzləşmiş bir çox trans­milli siyasi institutlardan fərqli olaraq, AB-nin müəyyən sahələrdə, məsələn, ticarət sahəsin­də hüquq sistemi yaratmağa haqqı var.

Avropa Ədalət Məhkəməsi üzv dövlətin vətən­daşına qarşı hərəkətlərinin hüquqiliyi ilə bağlı şika­yətlərə baxır. Bu məsələlərdə üzv dövlətlər məhkə­mə­nin qərarlarını yerinə yetirməlidirlər.

D.Heldin fikrincə, BM sisteminin inkişafı Vestfal sazişinin məntiq və strukturunu kökündən də­yişmədi47.

Keohanın fikrincə, XX əsri dövlətlərarası söv­dələşmələr və çoxtərəfli əmək­daşlıq səciyyələndirir. Bu, eyni zamanda həm qlobal tənzimləyici təşkilat­la­rın artmasını, həm də dövlətlərin çox israrla və əmin­liklə öz maraqlarını həyata keçirmək cəhdlərini əks etdirir. Bu kontekstdə suverenlik ərazi barye­rin­dən daha çox, mürəkkəb transmilli şəbəkələrlə xarak­terizə olunan siyasət üçün sövdələşmə mənbəyidir.

Suverenliklərini qorumaq üçün dövlətlər bir sıra qrupların maraqlarını təmin etmək imkanlarına malik olmalıdırlar. Bu qrup­lara əmək təşkilatları, istehlak­çılar, millətin mədəni bütövlüyündə maraqlı olanlar və s. aid ola bilər. Bu qruplar tək başına və ya itti­faqlarda dövlətə daha azad və daha təhlükəsiz ticarəti təmin et­məsi, beynəlxalq müqavilə və konvensiyaları ratifikasiya və ya rədd etməsi, immiqrant axınını ge­nişləndirməsi və ya məhdudlaş­dır­ması üçün təzyiq edə bilərlər. Eyni zamanda Multimilli müəs­sisələr ki­mi xarici maraqlar, Beynəlxalq Valyuta Fondu və GATT kimi beynəlxalq tənzimləmə qurumları, Bey­nəlxalq Amnistiya və Beynəlxalq Qrinpis kimi qeyri- hökumət təşkilatları dövlətlərə milli siyasət qurucu­lu­ğunda insan hüquqları, fiskal siyasət, xarici inves­tisiya üzərində nəzarət sahəsində müxtəlif dəyişiklik­lər etməsi üçün təzyiq göstərə bilərlər48.

Milli və transmilli maraqlar arasında əlaqələrə danışıqlar və ümumi maraq­lar axtarışı daxildir. Lakin maraqlar fərqli olarsa onlar arasında konflikt də ola bilər. Burada əsas faktor qarşılıqlı asılılıqdır. Belə­liklə, bir sıra xarici maraqlar dövlət dəstəyindən asılı­dır, həmçinin dövlət institutları da müxtəlif kənar vasitələrdən asılıdırlar.

Ətraf mühitlə bağlı razılaşmaların sıx və hər­tə­rəfli hüquqi və institusional strukturu özlüyündə su­verenlik üçün təhlükə törədir. Beynəlxalq institutlar və rejimlər milli hökumətlərin hakimiyyətini təhlükə altında qoyan yeni hakimiyyət mərkəzləri formalaş­dı­rırlar. Dövlətin hakimiyyəti çox sıx beynəlxalq prin­siplər, qaydalar, normalar və institutlar tərəfindən məh­dudlaşdırılır49.

Qloballaşma müasir dünyada baş verən dəyişik­liklərin əsas mənbə­yi­dir və onun bir çox aspektləri qlobal siyasi sistem çər­çi­və­sində milli-dövlətlərin ro­lu və bir-birləri ilə, həmçinin digər təş­ki­latlanmış ma­raqlarla münasibətlərini dəyişir. Bu cür dəyişikliklərə müəyyən sərhədlər çərçivəsində dövlətin mütləq su­verenliyi ilə bağ­lı ənənəvi idealların “eroziyası” aid edilə bilər.

Bir sıra nəzəriyyəçilər qlobalizmi dövlətlərarası sistem kimi yox, multiak­torlu sistem kimi görürlər. Bəs əsas aktorlar kimlər­dir? Onlar bir-birləri ilə necə münasibətdədirlər və qlobal siyasi qarşılıqlı asılılığın hansı yeni növləri yaranmaqdadır?

Qlobalizasiyaya çox zaman ilk növbədə iqti­sa­diyyatla əlaqəli bir qüvvə kimi baxılır. Kapital, əmək, texnologiya və informasiya­nın mobil qüvvələri siyasi və mədəni sərhədlər üzərindən dayan­ma­dan hərəkət edirlər və milli mədəniyyətlərin və milli-dövlətlərin bütövlüyünü təhlükə altında qoyurlar.

R.Holtonun fikrincə, sərhədlər hələ də qalmaq­dadır və bu müt­ləq suverenlik ideallarının qlobali­zasiyaya alternativ olduğu üçün deyil. Bu ona görədir ki, bir çox qlobal iqtisadi aktorlar müəy­yən sabitləş­di­rici qanunlar toplusuna və ictimai dəstək struk­tur­larına ehtiyac duyurlar. Hətta derequlyasiya dövründə də bir sı­ra aktorlar dövlətlərdən bu cür dəstəyi təmin etmələrini gözləyirlər50.

Digər iki növ aktor da hesaba alınmalıdır. Daha çox gözə çarpanı beynəlxalq miqyasda Birləşmiş Millətlər Təşkilatı və onu əhatə edən transmilli siyasi və hüquqi institutlar, regional miqyasda isə Avropa Birliyidir.

Kommuniksiya və informasiya texnologiyasın­dakı dəyişik­lik­­lərin siyasi hadisələrə çox böyük təsiri var. Henri Kissincerin dediyi kimi, heç bir iqtisadi sistem siyasi əsassız möhkəm ola bilməz51.

Peyk yayım texnologiyasının inkişafı dünyanın bir nöqtəsin­də baş verən hadisələrin televiziya vasitəsi ilə bütün yerlərdə izlən­mə­sinə şərait yaratdı. Bu da Amerikanın CNN kanalı ilə simvolizə olu­nan qlobal xəbərlərin meydana çıxmasında əks olunur.

Bəzi media tənqidçilərinin fikrincə dünya xə­bərlərinin televi­zi­ya yayımı ideoloji manipulyasiya halına gəlib çatır.

Qloballaşma prosesinin təsiri yalnız böyük mə­safələr və sərhədlər üzərindən kommu­ni­kasiya ötür­mə­­lərindən qaynaqlan­mır. O, həmçinin beynəl­xalq miq­­­rasiya proseslərindən qaynaqla­nır. Beynəlxalq miq­­rasiya proseslərinin vasitəsi ilə informasiya şə­bəkələri və transmilli bağlantılar diaspora əhalisini dünyada baş verən hadisələrdən xəbərdar edir.

Müasir texnikanın neqativ planda açdığı geniş im­kanlar beynəlxalq miqyasda terrorizmin yeni for­ma­­la­rının üzə çıxmasına da səbəb olur və dünya icti­maiy­yəti qarşısında bu istiqamətdə səyləri bir­ləş­dirmək vəzifəsi qoyur.



1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə