Mehriban Əliyeva Səlahəddin Xəlilov




Yüklə 1.5 Mb.
səhifə5/11
tarix22.02.2016
ölçüsü1.5 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

Şərqdə və Qərbdə ictimai təşkilatlanma
Qərbdə cəmiyyətin təkmil­ləş­məsi şəxsiyyətin təkmilləşmə­sinə gətirir.

Ər-Reyhani

Bəşəriyyət ictimai inkişafın müəyyən mərhələ­lə­rində özünü­dərk səviyyəsinə yüksəlir. Daha sonra özünü dərk etməkdən məm­nun qalmış cəmiyyət müəyyən bir dövr ərzində öz ətaləti ilə ya­şayır. Gə­lə­cək bu günə pərçimlənmiş olur. Daxili potensial top­la­­nır-toplanır, nəhayət, qərarlaşmış normaları aş­maq də­rəcəsinə yük­səlir. İctimai paradiqmanın həlli bir nor­mal cəmiyyətdən yeni nor­mal cəmiyyətə keçid üçün zəmin yaradır. Hər şey elə bil ki, T.Konun kon­sep­siyası əsasında elmin inkişaf modelinə uyğun su­rət­­də həyata keçir. Marksizmin irəli sürdüyü ictimai-iqtisadi for­ma­­siyalar nəzəriyyəsi də, Toynbinin sivi­li­zasiyalar təlimi də cə­miy­yətin diskret inkişafının ayrı-ayrı konkret təzahürlərini ifadə edir.

Hər bir insan həyatının mənası olmalı olduğu kimi, bütöv­lük­də bəşəriyyətin, ictimai inkişafın da məq­sədi, mənası axtarılır. Buna bəzən sosial idealın müəyyənləşməsi, bəzən cəmiyyətin özü­nü­dərki, bə­zən tarixin mənası və məqsədi kimi yanaşılmışdır. Bə­şər tarixinin əsasında dayanan ideya axtarışları XVII-XVIII əsr­lər­də sosial ideal, utopiya formasında, XVIII-XIX əsrlərdə fəlsəfi fi­kir səviyyəsində daha çox (klassik alman fəlsəfəsinin timsalında) özü­nü­dər­kə gətirir.

Kortəbii proseslərlə yanaşı, cəmiyyətin təşkilat­lanmasına xid­mət edən yeni ideyalar da formalaşır. Sonra “ideya kütlələrə yiyə­lə­nir”, sonra inqilablar baş verir. Yeni quruluşlar yaranır, cə­miy­yət­də müəyyən qa­nun­lar, hüquq normaları bərqərar olur. İn­san­la­rın yeni nəsli artıq yeni sosial mühitdə dünyaya gəlir. Tədricən cə­miy­yətlə insan arasında uyğunlaşma yara­nır, hər cür ziddiyyət, fərq aradan qalxır.

Daha yeni ideya axtarışlarına da ehtiyac qalmır. İnsanlar öz mühitindən razı olduğundan əsas məqsəd bu mühitə uyğunlaş­maqdan ibarət olur.

«Mühitə, təbiətə uyğunlaşmaq» prinsipi heç də yeni olmayıb, hələ Heraklit tərəfindən irəli sürül­müş­dür. Lakin Heraklit ictimai mühitdən deyil, təbii mü­hitdən, təbiətdən bəhs edirdi. Bu baxım­dan, Herak­litin mövqeyi daha çox Şərq təfəkkürünə uyğun gəlir. Çün­ki Qərb sivili­zasiyasının əsasında insanın təbiətə uyğunlaşmaq yox, təbiəti özünə uyğunlaşdırmaq əzmi dayanır. Diqqətlə yana­şıl­dıq­da bu əzm tədricən insan­dan cəmiyyətə ötürülür və ictimai iradə kimi təzahür edir.

İctimai inkişafın müxtəlif mərhələlərində gah ye­ni ideya ax­ta­rış­ları gedir (bunlar milli ideya, sosial ideal, ideologiya və s. for­ma­lar­da üzə çıxır), gah da müəyyən bir ideya ictimai müstəvidə ger­çəkləşdikdən sonra onun praktik həyatı başlanır. Yəni, müəy­yən bir tarixi dövr ərzində müəyyən ictimai paradiqma hakim olur və ideya axtarışları da məhdud miqyasda bu pa­ra­diqma çərçi­və­sin­də gedir. Belə cəmiyyəti «nor­mal cəmiyyət» və ya insanlar tərə­fin­dən qəbul edilən, nor­malarına əməl edilən «yaxşı cəmiyyət» adlandır­maq olar.

Bu yaxşı cəmiyyətin pis cəhəti ondan ibarətdir ki, burada in­san­lar yeni cəmiyyət modeli hazırlamır, yeni sosial ideyalar üçün tə­lə­bat yaranmır. İnsanlar cəmiyyəti olduğu kimi qəbul edir və onun içərisində itirlər. Cəmiyyətin şəxsiyyətlər üzərində dominant­lı­ğı yaranır.

Babaların ideya axtarışları öz bəhrəsini artıq verdiyindən, ide­o­logiyalar artıq ictimai reallığa çev­ril­diyindən və hüquq müs­tə­vi­sində təsbit olundu­ğun­dan, nəvələr ancaq bu hüquq nor­ma­larını öy­rənmək və ona əməl etməklə kifayətlənirlər. Bəli, Qərb dün­ya­sın­­da klassik kapitalizm dövründə azadlıq idealları üçün stan­dart qəliblər hazırlanmış və yeni nəsil artıq bu qəliblərdən çıxmışdır.

Qanunların aliliyi, hüquqi dövlət şəraitində, in­sanların hü­quq və azadlıqları təmin olunduğu bir şəraitdə insanın cəmiy­yət­dən narazı qal­ması üçün elə bir əsas yoxdur. Cəmiyyət elə təşki­lat­lan­mışdır ki, burada hər bir insan öz istedadını və qabiliyyətini re­al­­laşdırmaq üçün şans qazanır. Ayrı-ayrı insanların fə­aliyyəti top­lanıb, vahid ictimai tərəqqi prosesini təşkil edir. Kumulyativlik prin­sipi ödənilmiş olur. Kumulyativlik isə Qərb sivilizasiyasının ən böyük üstünlüyüdür.

Beləliklə, müasir Qərb cəmiyyəti sivilizasiyanın tələblərinə uy­ğun­laşmışdır. Əmək bölgü­sü­nün düzgün təşkili, insanların müx­tə­­lif sahələrdə ixtisaslaşması və bu peşəkar fəaliyyətlərin ən opti­mal top­­lanma va­riant­larının tapılması ictimai tərəqqiyə böyük təkan verir.

Qərb dünyası məhz ictimai tərəqqinin hesabına bu dərəcədə in­ki­­şaf edə bilmişdir. Şərq dünyası isə ayrı-ayrı şəxslərin tərəqqisi, in­san­ların mənəvi kamilləşməsi yoluna üstünlük verməklə ictimai tə­rəq­qinin optimal düs­turunu tapa bilməmiş və ya heç tapmaq is­tə­­mə­miş­dir. Kumulyativlik prinsipi ancaq Qərb dünyasına xidmət etmişdir.

Şərq ilə Qərbin müqayisəsi bir çox məqam­la­rına görə incə­sə­nət­­lə elmin müqayisəsinə bənzəyir. Şərq daha çox incəsənətlə, Qərb daha çox elmlə səsləşir.

Kumulyativlik elmi fərqləndirən başlıca xüsu­siy­yət kimi çıxış edir. İncəsənətdə isə əsas şərt fər­di­lik­dir. Sənət əsər­ləri hər biri özü-özlüyündə də­yər­li­dir. Onla­rın top­lanması fərdi keyfiyyətlərin uni­kal­lı­ğı­nı itirə bilər və sənət əsəri öz estetik dəyərindən məh­rum olar.

«Elmin spesifikasından söhbət gedərkən o, bir qayda olaraq, fəl­səfə, din, incəsənət və əxlaqla qarşı­laşdırılır. Bu zaman kumul­ya­tivlik xassəsi elmi bütün bu hadisələrdən fərqləndirən başlıca xü­su­siyyət kimi çıxış edir. Bu gün orta məktəbdə oxuyan şagird fi­zi­ka haqqında İ.Nyutona nisbətən daha çox məlumata ma­likdir. Sı­ra­vi elmi işçi, aspirant A.Eynşteynin nəzə­riy­yəsinə əlavələr edir, onun tətbiq dairəsini daha da genişləndirir. Başqa cür mümkün də deyil; hər hansı elm korifeyi elm binasında yeni bir mərtəbə tikirsə, son­rakı nəsil artıq bu yeni mərtəbədə rahat yerləşərək onun üzərinə yeni kərpiclər qoymaqla məşğul olur.

İncəsənətdə belə deyil. Bu günün hər hansı bəstəkarının L.Bethovendən və ya Y.Hacıbəyovdan daha mükəmməl musiqi bəstələməsi nəinki qanu­nauyğunluq deyil, hətta ağlasığmaz bir haldır. Müasir rəssamlar intibah dövrü rəssamlarından daha yaxşı çəkə bilsə idilər Rafaelin, Vinçinin, Mikelancelonun əsərlərinin qiy­məti gün-gündən daha da artardımı? Hər bir yeni şair nəsli Füzulidən, Puşkindən qabağa getsə və ya, başqa sözlə, onların qalx­dığı mərtəbədə dayanıb üstünə bircə kərpic də əlavə etsə idi, poe­ziya bi­na­sı hara ucalardı? Ümumiyyətlə, vahid poeziya bi­na­sın­dan, vahid musiqi abidəsindən danışmaq müm­kün­dürmü? Xeyr. Sə­nət məmləkətində hər bir şairin, rəs­samın, bəstəkarın ucaltdığı ayrıca məbədlər var ki, on­lar bir-birindən seçilir və heç vaxt bir-birinin üzə­rinə toplanmır. Sənət əsəri hansı isə vahid bir bi­nanın kərpicinə, nəhəng sənət maşının vintinə çevrilsə, öz bütövlüyünü və ahənginin itirər və daha sənət əsəri olmaz».25

Mükəmməl bir sənət əsərinin yaradılması ayrıca bir fərdin axtarışlarının bəhrəsi olur. İki-üç bəstəkar yığışıb bir yeni musiqi əsəri yaratmır. Orijinal rəsm əsərləri bir neçə rəssamın birgə müəl­lif­liyi ilə ortaya çıxmır. Hətta böyük bir binanın, kompleksin inşa­sın­da ancaq bir memarın ideyası rəhbər tutulur. İcraçılar çox ola bilər. Lakin ideya müəllifi təkdir. Ona görə ki, yaradıcılıq prosesi o dərəcədə individualdır ki, sənət­karın, fərdin mənəvi-estetik dünya­sı ilə o dərəcədə sıx surətdə bağlıdır ki, burada iki müəllifin birgə fəaliy­yəti mümkün deyil. Burada toplama cəhdi dəyərin art­ması yox, itməsi ilə nəticələnir.
Biz sənətdə yaradıcılığı ona görə Şərq təfəkkürü ilə müqayisə etdik ki, burada da fərdi-mənəvi dünya ön plana çəkilir. İnsanın dəyəri məhz onun mənəvi ka­milliyində axtarılır. Uyğunluq bir də onunla əlaqə­dardır ki, burada optimal toplama mümkün deyil.

Qərbdə isə insanların müxtəlifliyi onların top­lan­masına mane olmur. Çünki birləşmək, birgə fəaliy­yət, qarşılıqlı əlaqə ic­ti­mai təşkilatlanmanın mühüm şərtlərindəndir. Hərə bir hava çal­sa, ümumi dil tap­maq çətin olar. Müxtəlif alətlərdə, lakin eyni not­lar əsa­sında çalmaq, vahid dirijora tabe olmaq Qərb üs­lu­buna uyğun gəlir. Müxtəlif alətlərin səslərinin bir-birini tamamlaması simfonik ef­fekt yaradır. Eyni alə­tin çoxlu sayda olmasından isə ən yaxşı hal­da sin­xron­luq yarana bilər. Yeni keyfiyyət isə ancaq sim­fo­nikliyin məh­sulu ola bilər. Şərq eyniyyətin, Qərb isə müxtəlifliyin vəhdətinə nail olmağa çalışır. Birinci halda ayrıca bir şəxsin, ikinci halda bü­töv­lükdə cə­miy­yətin iradəsi təzahür edir.

Bəs Qərbdə birləşdirici amilin əsasında nə da­yanır? Estetik şüurdan fərqli olaraq rasional idrak, elmi təfəkkür hamı üçün eyni olan struktura malik olduğundan bu müstəvidə adamlar eyni dildə danı­şırlar. Formal məntiq birləşdirici amilə çevrilir. Riya­ziyyat bu birliyi daha da artırır. Riyaziyyat üçün ba­xılan obyektlərin təbiəti yox, onlar arasındakı nisbət önəmlidir. Qərb cəmiyyətinin bütöv­lü­yü də məhz hər kəsin fərdi məzmununa toxunmadan ictimai mü­na­sibətləri tənzimləməkdən irəli gəlir.

Bütün elmlər ilk növbədə formal məntiqin və ri­yaziyyatın xid­mətlərindən istifadə etdiyi üçün elm müx­təlif alimlərin eyni pro­ses­də iştirakına şərait yaradır. Ona görə də elmi əsərlərin bəzən bir neçə müəllifi olur. Bir əsərdə başqa əsərlərə istinad edil­məsi isə el­mi tədqiqatın zəruri şərtlərindəndir. Nəti­cədə hər bir əsər əvvəl­ki­lə­rin davamı kimi ortaya çıxır. Müəyyən sahədəki bütün elmi əsər­lər isə elə bil vahid bir elmi əsərin hissələrinə çevrilir.

Qərbdə insanların fəaliyyəti də vahid ictimai prinsiplər çərçi­və­sində həyata keçirildi­yin­dən çoxlu sayda adamlar eyni bir ideya­nın reallaşdırılmasına cəlb edilə bilirlər. Ayrı-ayrı insanlar bütöv­lükdə cə­miy­yətin hissələri olurlar. Bu baxımdan, Şərqdə cə­miyyət insanların toplusu, Qərbdə isə insanlar cəmiyyətin hissələridir. His­sə­lərin vahid strukturda birləşməsindən bütöv mükəmməl bir sis­tem yaranır. Nəticədə Qərbdə cəmiyyət toplu yox, sistemdir. Şərq­də isə fərdi dünyalar bir-birinə bənzər olsa belə, hər biri özündə ta­mam­lanan sistem olduğundan, onları üzvi surətdə birləşdirərək va­hid dayanıqlı sistem yaratmaq olduqca çətindir.

Qərbdə ideya binanın ümumi strukturunu əks et­dirir. Adam­lar bu mükəmməl struktu­run yaradıl­masında vasitədir. Lakin şüur­lu vasitələrdir. Şərqdə isə insanlar kərpicdən fərqli olaraq, müs­tə­qil və orijinal struktura malik mükəmməl sənət abidələrini xa­tırlatdığından onlardan nə isə tikmək çox çətindir. Lakin qlo­bal­laş­ma gedir və Şərqdə də Qərbdəkinə bənzər böyük miqyaslı abi­də­lər tikilməlidir. Şərqdə kərpiclər yoxdur. Ya çay daşları və daş-kəsək var, ya sal qayalar və sənət əsərinə çevrilmiş unikal abi­də­lər – fərdi fəaliyyətlər var. Şərqin öz kiçik miqyaslı fərdi abidələ­ri­ni çay daşı kimi istifadə etməyə əli gəlməsə də, qloballaşma dal­ğaları ağına-bozuna baxmır. Güclü sel fərdi özünəməxsusluqları və fərdi istiqamətləri ara­dan götürərək hamını eyni səmtə yönəldir, güclü sa­hə onları böyük təzyiq altında yapışdırır, birləşdirir. Kiçik ira­də­lər böyük güclü bir iradənin təsir dairəsinə düşərək tərkisilah olu­nur, iradəsizləşir, mənsizləşirlər. Onlar kərpic kimi rahatca üst-üs­tə düzülə bilmə­diyindən və ölçüləri də uyarsız olduğundan bir­ləş­di­rici amil, sahə, yapışqan çox güclü olmalıdır.

Bəli, Qərb dünyası müxtəlifliyin vəhdəti kimi mövcuddur. Ora­­da fərdi iradələr məhv edilmədən, fərd­lərin öz təşəbbüsü ilə əla­­qələndirilir, birləşdirilir. Təkcə fərdlərə münasibətdə yox, etnik qrup­­lara, kiçik millətlərə münasibətdə də mədəni-mənəvi müstəvi­də müxtəlifliyin saxlanılması mövqeyindən çıxış edən Qərb dünya­sı sosial-hüquqi müstəvidə eyniyyətin, vəhdətin tərəfdarıdır. Lakin bu­nunla belə, başqa xalq­lara münasibətdə hüquq bərabərliyi təl­qin edən Qərb «kütləvi mədəniyyət» ixrac etməklə yeni müstəqillik əl­də etmiş ölkələrin müstəqil mədəni-mənəvi simasının yaranma­sı­na ma­ne olur. Görünür, belə güman olunur ki, mədəni-mənəvi ira­də qlo­ballaşmaya doğru siyasi-hüquqi identifikasiya işinə mane ola bilər.

Qloballaşma–qərbləşmə şəraitində etnik qrup­lar, kiçik mil­lət­­lər də, bax beləcə, hərəsi bir rən­gə çalan çay daşları kimi qəlibə tö­külərək betonlaşırlar. Fərdilik itir, müxtəliflik itir və dü­nən gö­zəl­lik sayılan özünəməxsusluq bu gün çatışmazlıq kimi ortaya çı­xır. Bir qranit parçası, bir çay daşı kərpic və ya blok-beton kimi düz­­gün həndəsi biçimdə olmadığı üçün də­yərsizləşir, təhqirlərə mə­ruz qalır. Onlar incə və mürəkkəb bir strukturda birləşərək nə isə bö­yük bir şey əmələ gətirə bilmədiyindən, sadəcə böyük bir şe­yin içə­risinə qatılaraq itib-batırlar.

Bəli, hərəsi bir havaya köklənmiş müxtəlif bi­çim­li Şərq adam­­larından vahid layihə əsasında bütöv bir sistem yaratmağın çə­­tinliyi Şərq adamının dəyə­rini aşağı salır. Lakin digər tərəfdən, Qərb adamının vahid bir ideyanın (konstitusiya, hüquq, formal mən­tiq və s.) qəlibindən çıxmış standart kərpic olması Şərqlinin nəzərində bir çatışmazlıqdır.
* * *
Başqa bucaq altında baxdıqda bütün bu müla­hizələrimiz ol­duq­ca paradoksal görünə bi­lər. Belə ki, bu gün fərdlərin hüquq və azad­lıqlarından, müstə­qil­liyindən, fikir plüralizmindən, siyasi plü­ra­lizmdən məhz Qərb dünyasında danışılır. Məhz Qərb dünyası ar­tıq neçə əsrdir ki, ayrıca götürülmüş insanların səadətini və xoş­bəxt həyatını dövlətin və cəmiyyətin əsas vəzifəsi hesab edir və bu isti­qamətdə məqsəd­yönlü fəaliyyət göstərir. Şərq ölkələri isə məhz insan hüquqlarının pozulması, fərdi azadlıqların məhdud­laş­­dırıl­ması, hamının bir adamın (padşa­hın, monar­xın) iradəsindən asılı vəziyyətə salınması faktlarına görə tənqid olunur. Və qlobal­laş­manın əsas pozitiv cəhətlərindən biri də bu ölkələrin sakinlərinə hü­quq və azadlıq gətirmək, onlara azad iqtisadi rəqabətdə öz gücləri­ni yoxlamaq şansı verməkdən ibarətdir.

Doğrudan da, paradoksaldır.

Onda bəs nə üçün şərqli obrazını çay daşları ilə müqayisə edirik?

Bəlkə ənənəviliyin təcəssümü olan Şərq adam­larının obrazını elə standart kərpiclər daha yaxşı ifadə edə bilər? Xeyr. Bütün mə­sələ də burasındadır ki, kərpic obrazı standartlığına görə seçil­mə­mişdir. Onlar müxtəlif ölçülərdə və formalarda ola bilərlər. Əsas əla­mət onun düzgün hən­dəsi formada olması, daha doğrusu, bir-bi­rini tamamlaya bilməsi, üst-üstə yığıla bilməsidir.

Çay daşları isə əksinə, bir-birinə bənzəsə də, eyni ölçüdə ol­sa­lar da məhz sferik səthə görə üst-üstə yığılma üçün əlverişli deyil­dir. Onların hər birinin müstəqil kamillik əzmi (idealı) sferikliyə gəti­rir. Çün­ki kürə hələ Aristotelin qeyd etdiyi kimi, ən mü­kəm­məl formadır. Özündə qapanan, özü bir kamil sistem olan, başqalarını inkar edən asket obrazıdır. Kub, pa­rallelipiped, prizma və s. isə üst-üstə yığılaraq müx­təlif kombinasiyalar yaratmaq üçün daha əl­ve­rişlidir. Buradakı müxtəlif hissələrin hər biri müəyyən bir tamın hissəsi olduğunu dərk edir. Və öz mahiyyətini özündə yox, həmin tamda axtarır. Burada insan özünü cəmiyyətdə tapır.

Şərqdə isə hər bir insan özünü cəmiyyətdən daha çox, özün­də və ailəsində tapır. İnsanlar daha böyük tamın hissəsi olmaq üçün hazır deyillər. Digər insanlarla münasibət şəxsi münasi­bət müs­təvi­sin­də, iki tərəfin əlaqəsi kimi qurulur. İnsanlar bu şəxsi mü­nasi­bət­lə­ri ümummilli, ümumictimai maraqlar kon­teks­tinə sal­mır, dövlət­çilik mövqeyindən çıxış etmir­lər. Belə münasibətlər şə­bə­kəsi hüquq normalarına yox, daha çox dərəcədə əxlaq və ənə­nə­yə söykənir.

Burada hər bir insan özü üçün lokal ictimai mü­hit yaratmalı və öz azadlığını bu mühitdaxili müna­sibətlər çərçivəsində ifadə etməlidir.

Lakin bütün məsələ də elə burasındadır ki, Qərb dünyasında insanlara, fərdlərə hüquq və azadlıq, sər­bəst yaradıcılıq imkanları, azad rəqabət şansı məhz cəmiyyət vasitəsilə, dövlətin, cəmiyyətin əli ilə ve­ri­lir. Azad ola bilmək üçün əvvəlcə azadlığın bir qis­mindən imtina etməli, digər insanlarla kompromisə gəlməli, birgə fəaliyyət düsturunu qəbul etməli, özünü dövlətdən və cəmiyyətdən asılı və­ziy­yətə salmalısan. Əvəzində dövlət və cəmiyyət də sənin qalan azad­­lı­ğını, hüquqla məhdudlaşmayan azadlığını mühafizə edir.

İstənilən cəmiyyətdə, istənilən mühitdə heç kim mütləq azad­lı­ğa malik ola bilməz. Hegelin dediyi ki­mi, azadlıq dərk olunmuş zərurətdir. Əsas məsələ bu zərurətin hüdudlarını optimal şəkildə müəyyən­ləş­dirməkdən ibarətdir. Karl Yaspers yazır ki, libe­ra­lizm, azad­lıq və şəxslərin həyatının rəngarəng­liyi – Qərb ənənəsinin böyük­lüyüdür. (K.Yaspers bu möv­qeyi həm də Maks Veberin möv­qeyi kimi təqdim edir.)26

İctimai normalara, hüquq qaydalarına hamılıqla əməl olun­duq­da hər bir adam öz fəaliy­yə­tinin azadlıq çərçivəsini müəyyən­ləş­dirmək imkanı qazanır. Yəni, qanunla məhdudlaş­dırıl­ma­­yan hər şey azaddır. Şərqdə isə qanuna, hüquqi normalara mülayim mü­nasibət ilk baxışda fər­­di azadlıq dərəcəsinin daha yüksək ol­ması görüntüsünü yaratsa da, əslində, azad fəaliyyət mey­­danı şəxsi münasibətlərin və adət-ənənənin qoyduğu əla­və məhdudiyyətlərlə xeyli sıxış­dı­rı­lır. Başqası üçün qanun işləmədikdə bu sənin də azadlığını məhdud­laş­dır­mış olur. Lap az say­da adamların da azadlıq dərəcəsinin artması və ictimai normadan kənara çıxması, zərurət sfe­rasındakı qeyri-müəyyənlik, əksəriyyətin azadlıq dairə­sini də hədsiz dərəcədə məhdudlaşdırmış olur.

Burada saxlanma qanunu işləmir.

Qərbdə insanların fərdiliyi, azadlığı peşə fəaliy­yətində, yara­dıcı əməkdə, iqtisadiyyatda, elmdə özü­nü göstərirsə, və əksinə, icti­mai həyatda, hüquq müs­təvisində hamı eyni prinsiplərə əməl edir­sə, Şərqdə azadlıq iddiası çox vaxt məhz hüquq normalarına mü­na­sibətdə özünü göstərir.

Qərbdə fərdi azadlıq dövlət və cəmiyyətlə vasi­tə­lənmiş olur. Fərdi iradənin özü ictimai şüura söy­kənir.

Dövlət və cəmiyyətlə vasitələnmiş fərdi azad­lıq­lar.


* * *
Necə ki, XIX əsrdə mexanika elmi öz in­kişafının yüksək sə­viy­yəsinə çatmış və bütün elmləri ehtiva etmək iddiasına düş­müş­dü, eləcə də XX əsrin ikinci yarısında Qərb dünyasında for­ma­laş­mış cə­miyyət modeli özünü ən optimal model saymaqla, özündən ra­zılıq səviyyəsinə gəlib çatmışdır. Ves­ter­nizasiyanı artıq bütün pla­net miqyasında yaymaq cəhd­ləri də bu özündən razılığın ifa­də­sidir.

Qərb idrakın, özünüdərkin elə məqamına çatıb ki, özünü şüurlu surətdə idarə edə bilir. Ona görə də bir böyrəyi çatmırsa və ya xəstədirsə, onu sağlam bədənlərdən transfer edir. Eləcə də sağ­lam ruh çat­mırsa, mənəviyyat böhranı varsa, bu problemi yüksək mənəviyyatlı cəmiyyətlər hesabına həll etmək təşəb­büsü göstərir. Lakin mənəviyyat böyrək deyil ki, onu kəsib götürəsən. Onu kopiyalamaq da mümkündür. Bu mənada Qərb dünyası Şərqdən nə isə götürürsə, buna heç bir etiraz ola bilməz. Lakin öz xəstə mə­nəviyyatını Şərqə transfer edirsə, o, artıq yolverilməz haldır.

Özlərinin yaxşı hesab etdiklərini başqalarına da rəva görmək normal bir haldır. Lakin başqalarına bu­nu güclə qəbul etdirmək cəhdləri insan azadlığı haq­qında idealların beynəlxalq miqyasda artıq öz əks­li­yinə çevrilməsindən xəbər verir.

Bəlkə başqa ölkələr üçün onlara daha çox uy­ğun gələn yeni cəmiyyət modelləri hazırlansa daha yaxşı olar?

Lakin bunun üçün yeni ideyalar lazımdır. Qərb dünyası isə indi ancaq hüquq normaları və hazır stereotiplərlə silahlanmışdır. Böyük fəlsəfələr dövrü arxada qalmışdır.

Fəlsəfəsizləşmiş, ruhsuzlaşmış, ideyasızlaşmış ic­timai fikir yeni cəmiyyətlər üçün səciyyəvi olan ye­ni tendensiyaları, ictimai dramatizmi əks etdirmək iq­ti­darında deyil.

Yeni, böyük ideyalar böyük təxəyyülün məh­sulu olur. Böyük şəxsiyyətlər və böyük fəlsə­fələr döv­rünü arxada qoymuş Qərb daha artıq bu missiyanı ye­rinə yetirmək iqtidarında deyil.

Bu gün bu yük, bu məsuliyyət Şərqin üzərinə düşür.

Lakin Şərq özünü itirmişdir. İncə strukturlu, unikal sənət abidələri böyük miqyaslı dəmir beton konstruksiyaların içərisinə qatılaraq ənənəvi əlaqə­lər­dən məhrum olmuşdur.

Bəli, Şərq özünü itirmişdir. O, özünü tapa bilsə, xilas yolunu da tapacaq.



Sivilizasiya və cəmiyyət

Hər bir millətin inkişaf tarıxındə onun nailiyyətlərinin dünya sivilizasiyasının mühüm tərkib hissəsinə çevrildiyi çiçək­lənmə dövrü olur.

Aida İmanquliyeva
Texnika inkişaf etdikcə və müasir kommunikasiya vasitələri yarandıqca, elə bil ki, dünya kiçilir.

Təkcə bir qəsəbə, bir şəhər daxilində deyil, həm də xalqlar və dövlətlər arasında əlaqələr artır, məsa­fə­lər azalır. Dəvə karvanları komfortabelli reaktiv təy­yarələrlə əvəz olunduqca, insanların müxtəlif səbəb­lərdən yerdə­yişməsi çoxalır. Digər tərəfdən, peyk ötü­rü­cüləri ilə teleyayımların və internetin açdığı böyük im­kanlar məsafə­ləri ümumiyyətlə aradan götürür. Nə­ticədə bəzən uzaq qitə­lərdə yaşa­yan adamlarla əlaqə və ünsiyyət ən yaxın qonşu ilə olduğundan çox olur.

Əlaqələrin artması müxtəlif siyasi rejimlərin, so­sial quruluş for­malarının, həyat tərzlərinin, düşüncə üsullarının, mədəniy­yət­lə­rin, əxlaqların, dini dəyər­lə­rin daha çox qarşılaşmasına və birbaşa təmaslara şərait yaradır. Müxtəlifliklərin əlaqələnməsi bir tə­rəf­dən qarşılıqlı zən­gin­ləşmə üçün şərait yaradırsa, digər tərəfdən, qarşı­durmanın artması yeni ziddiyyət və kon­­flikt mənbələrinin yaran­ması üçün də səbəb olur.

Bir sözlə, əlaqələr artdıqca təkcə hansı isə bir öl­kənin sakini indi özünü bütövlükdə Yer planetinin sakini kimi hiss etmək is­tə­yir. Lakin hansı yolla; başqa xalqların dilini, mədəniyyətini, həyat tərzini mə­­nimsəmək və onlara uyğunlaşmaq, yoxsa öz mə­dəni-mənəvi dəyərlərini bütün dünyaya yay­maqla? “Sivilizasiyaların toq­­quşması” ideyası da, “mədəniy­yətlərin dialoqu” və “mədə­niy­yət­lərin plüralizmi” ide­yası da bu suala cavab axta­rışında ortaya çı­xır. Lakin əvvəlcə dünyada bir-birindən köklü surətdə və ya önəm­­­­li dərəcədə fərqlənən hansı düşüncə üsullarının, həyat tərz­lə­ri­nin, mədəniyyətlərin olması və bunların əsas fərqləndirici xü­su­siy­yətləri öyrə­nilməlidir. Çünki hər bir xalqın, etnosun özünəməx­sus spesifik cəhətləri olsa da, daha böyük miqyasda eyniyyət mə­qamlarının olması bir neçə böyük sivilizasiyalardan və mədə­niy­yətlərdən danışmağa imkan verir.

Belə bölgülərdən biri də xeyli dərəcədə rəmzi səciyyə daşıyan Şərq və Qərb düşüncəsi, Şərq və Qərb sivilizasiyalarıdır. Milli və ya dini bölgülərdən fərqli olaraq, burada cəmiyyətin inkişaf sə­viy­yə­si və tutduğu inkişaf yolu mahiyyət göstəricisi kimi ön plana keçir.

Qərb sivilizasiyasını şərtləndirən, onun Şərqə nisbətən üstün­lü­yünü təmin edən mühüm cəhətlərdən biri fərd–cəmiyyət mü­na­sibətlərinin daha mükəmməl olması, cəmiyyətin daha op­timal təşkilatlanmasıdır. Şərqdə azadlığın hər kəsin öz arzu və istəyinə uyğun surətdə yaşamaq kimi anlamasına rəğmən, Qərbdə hər kəs özünü ilk növbədə cəmiyyətin bir üzvü kimi hiss etməklə, öz azadlığını da qərarlaşmış ictimai müna­sibətlər çərçivəsində tapır. Burada hər hansı bir şəxs mövcud qayda­lar­la razılaşmırsa, öz etirazını onları poz­­maq, «qulaq ardına vur­maq» yolu ilə yox, bütöv­lükdə ictimai münasibətlərin dəyiş­diril­mə­si, onların əsa­sında duran ideyanın yeniləşməsi uğrunda mü­ba­rizə ilə ifadə edir.

Cəmiyyətin necə təşkilatlanması hər bir fərdin həyatına təsir edir. Lakin hər bir fərd ümumictimai miqyasda gedən proseslərin məğzini anlamaq, onlara düşünülmüş şəkildə müdaxilə etmək imkanına malik deyil. Ona görə də ən asan yol bu işi kimlərin isə öhdəsinə buraxaraq, ictimai axına kor-koranə surətdə qoşul­maq­dır. Lakin bu yol insanların azadlıq və xoş­bəxtliyini nə dərəcədə təmin edir?

Hegelə görə azadlıq dərk olunmuş zərurətdir. Baş­qa sözlə, adi insanlar azad olmaq üçün mövcud cəmiyyətin qanunlarını, onların təməlində duran, on­ları zəruri edən prinsipləri mənimsə­mə­lidir. Şəxsi ide­yalar, şəxsi fəaliyyət planları da ictimai zərurətlə uy­ğunlaşdırılmalıdır. Lakin elə şəxslər də olur ki, onlar ictimai zərurətin özünü, onun əsasında duran ideyanı dəyişmək yolunda mübarizə aparırlar. Bütün maddi təzahürlər kimi ictimai gerçəklik, qərarlaşmış ictimai münasibətlər sistemi də hansısa ideyanın təza­hü­rü olduğundan, ictimai həyatın hər hansı bir struktur səviyyə­sin­də­ki islahatlar da ilk öncə ideyalar iyerar­xiyasının adekvat pillə­sində dəyişiklik olmasını tələb edir.

Hər bir şəxs öz fərdi həyatını yaşamaqla yanaşı, cəmiyyətin bir üzvü kimi böyük miqyaslı ictimai proseslərin də iştirakçısı olur. Əlbəttə, bu şans hamıya eyni dərəcədə verilmir. Kim isə ictimai hadisələrdə aparıcı rol oynayaraq bəşər tarixinə daxil olduğu halda minlərlə insan ictimai həyatda subyektdən daha çox bir obyekt olaraq iştirak edir və tarixdə heç bir iz qoymur. Bununla belə, min­lər, milyonlar olmasa, kütlə olmasa, ayrı-ayrı şəxslər nə qədər bö­yük düha sahibi olsalar da, cəmiyyəti inkişaf etdirə bilməzlər. Çünki cəmiyyət əhalinin şəxsiyyətlərlə, kütlənin ideya ilə sintezidir. Kim isə o zaman böyük şəxsiyyətə çev­rilə bilər ki, onun qərarlaşmış ictimai şüurdan kənara çıxan, fərqli ideyası olsun və bu ideya təkcə key­fiyyətcə, sanbalca deyil, həm də məhz kəmiy­yət­cə, miqdarca böyük proseslərin hərəkətverici qüvvəsinə çevrilmək əzmində olsun.

Məhz ideya çoxlu miqdarda, müxtəlif istiqa­mət­li hadisələrin eyni üstün istiqamət boyunca düzən­lən­məsinə, təşkilatlanmasına imkan yaradır. İdeya hadi­sələri canlandırır və yönəldir. Onun öz rolu istiqa­mə­tini özü seçə bilməyən yüklü zərrəciklər üçün sahənin oynadığı rola bənzəyir. Təsadüfi deyildir ki, K.Marks kütlələrin ideyaya yiyələnməsindən yox, ideyanın kütlələrə yiyələnməsindən bəhs edirdi.

Lakin ən gözəl, ən böyük ideya da özlüyündə hələ ictimai tərəqqi üçün kifayət deyildir. Bir növ pə­rakəndə, xaotik material olan kütlənin ideya yönü­mündə düzənlənməsi üçün xüsusi məq­səd­yönlü fəaliy­yət tələb olunur. İdeyanın gerçəkləşməsi, real ictimai müs­təvidə təzahürü üçün görülməli olan işlər mahiyyət etibarı ilə nə ideya yaradıcılığı, nə də maddi bir hadisədir. Bu, əslində ideya­dan gerçəkliyə körpü atılması prosesidir. Bu, ideya ilə siyai ira­də­nin sintezi, cəmiyyətin fərqli ideya əsasında yenidən təşkilat­lan­masıdır.

Cəmiyyəti bir piramidaya bənzətsək onu təşkil edənlərin ək­sə­riyyəti alt müstəvidə yerləşəcəkdir. Yu­xarı qatlardakı adamların sayı getdikcə azalacaqdır. Zirvəyə isə ancaq tək-tək adamlar çıxa bilər. Alt müs­təvilərdə hadisələr, maddi həyat cərəyan edir. İdeya isə yuxarıdan aşağıya gəlir. Piramidanın zirvə nöq­təsini ən yüksək ideya səviyyəsi kimi fərz etsək, bu­rada ideya var, lakin maddi heç nə yoxdur. Hündürlük maksimal olsa da, oturacaq sıfra bərabər olduğundan, həcm də sıfırdır. Aşağıya doğru gəldikcə hündürlük azalır, oturacaq isə genişlənir.

Həyatın dibindən müəyyən ideya səviyyəsinə yalnız ayrı-ayrı şəxslər yüksələ bilir. Bu, insanın baş­qalarından fərqlənməsi, şəxsiy­yə­tin cəmiyyətdən ay­rıl­ması və onun fövqünə qalxması deməkdir. Bura­da hərəkətverici qüvvə intellektual yaradıcılıq və mədə­ni-mənəvi potensialdır. Sıxılmış yayın potensial ener­jisi olduğu kimi mədəni-mənəvi və intellektual poten­sial da belədir. Mövcud ictimai münasibətlərin, real ic­timai inkişaf səviyyəsinin məhdudlaşdırıcı baryeri bu enerjinin aktuallaşmasına imkan vermir; ta o vaxta qədər ki, sıxılmış ideya və iradi potensialın səviyyəsi bu baryeri keçməyə imkan versin.

Cəmiyyətin strukturu o zaman optimal sayılır ki, onu ideya səviyyəsinə görə piramidanın aşağısında yox, yuxarısında duranlar idarə etsin. Yəni, hökumət intellektual elitadan təşkil olunmuş olsun. Bu isə ilk yaxınlaşmada demokratiya prinsipləri ilə uzlaşmır.

Bir tərəfdən, demokratiya, xalqın özünüidarəsi ideyası çox cazibədar görünür. Digər tərəfdən, intel­lektual və mədəni-mənəvi inkişaf səviyyəsinə görə yüksəkdə duranların sayı həmişə az, orta və aşağı səviyyəlilərin sayı çox olur. Ona görə də, demo­kratiya müəy­yən mənada aşağı səviyyəlilərin yük­səkdə du­ranları idarə etməsi kimi də başa düşülə bilər.

Halbuki, daha yaxşı cəmiyyət, yəqin ki, yük­sək­də duranların aşağıda duranları idarə etməsinə əsas­lan­malıdır. Məhz bu cəhətə görə də Platon kimi görkəmli simalar hələ o vaxtlar demokratiyanın əleyhinə olub. Demokratiya əleyhdarlarının möv­qeyi buna əsaslanır ki, idarəetmə sistemində meyar azlıq və ya çoxluq deyil, dünyagörüşü və intellektin sə­viyyəsi, başqa sözlə, şüurun azlığı və ya çoxluğu olmalıdır. Tək adamın (monarxiya) və ya elitar bir qrupun (aristokratiya) hakimiyyəti ideyası belə ya­ranıb. Şərqdə geniş yayılan ədalətli şah ideyası da bu qəbil­dəndir.

Lakin çoxluq ara-sıra öz sözünü həmişə deyib. Aşağılar hərəkətə gəlib. Üsyanlar olub. Çevrilişlər olub. Kütlə gücünü gös­tə­rib. El gücü – sel gücü. Am­ma unudulub ki, sel tənzim olun­ma­dıq­da onun gücü ancaq dağıtmağa yönəlir.

İstiqamətlənməmiş, təşkilatlanmamış ictimai güc də hər cür kobud qüvvə kimi, sel kimi dağıdıcı olur. Sel cəmiyyətin arxitek­to­ni­kasını dağıdıb, neçə-neçə əsrlər ərzində ixtisaslaşmış, struk­tur­laşmış cə­miy­yətin nailiyyətlərini xeyli dərəcədə yuyub aparıb. (Mark­sizmin tənqid etdiyi təbəqələşmə də əslində strukturlaş­ma­nın, deməli, sivilizasiyanın əlamət­lə­rindən biridir). Düzdür, bu so­sial selə, bu ictimai hə­rəkatlara da əslində həmişə azların nüma­yəndəsi başçılıq edib. (Əslində, demokratiya o zaman faydalı ola bilər ki, o, bütövlükdə kütləyə deyil, elitaya tətbiq olunmuş olsun, lakin elita daxilində azlıqda qalan tərəf bəzən bu mənada məqbul olmayan metoda əl atır və öz mövqeyini kütlənin köməyilə həyata keçirməyə çalışır. Elitadaxili mübarizə ideyaların mübarizə­sin­dən daha çox kütləyə təsir etmək və onu yönəltmək uğrunda müba­ri­zəyə çevrilir).

«Şəxsiyyət və kütlə», «Şəxsiyyət və cəmiyyət», «Fərd və top­lum» müna­si­bətlərinə olduqca müxtəlif mövqelərdən yanaşmaq müm­kündür. Problem nəzəri-fəlsəfi müstəviyə keçməzdən əvvəl xalq arasında da ona müəyyən münasibət formalaşmışdır. Kiminsə küt­lədən, camaatdan, xalqdan ayrılmasına, toplumdan ya yu­xa­rı­da, ya da aşağıda dayanmasına, ya müsbət, ya da mənfi isti­qa­mət­də seçilməsinə çox vaxt pis baxıl­mışdır. «Palaza bürün, elnən sü­rün!», «Şəhərə girdin hamı gözü qıpıq, sən də ol gözü qıpıq!» ifa­də­ləri ha­mı­dan biri olmaq, seçilməmək, fərqlənməmək möv­qeyini ifa­də edir. Halbuki, fərq olmadıqda inkişaf da ola bilməz. Kimsə irə­li çıxmalıdır, kimsə sü­rü­nənlərə şahin zirvəsindən baxmalıdır, kim­sə ürəyinin atəşi ilə qaranlıq meşədə azanların yoluna işıq sal­ma­lıdır, - əks təqdirdə cəmiyyətdə inkişaf ola bilməz.

İctimai tərəqqinin hərəkətverici qüvvəsi məhz fərqlənənlərin qalxdığı yüksəkliyin potensial enerjisi ilə ölçülür. Bu fərqdən do­ğan ziddiyyət kütlənin xey­rinə həll olunanda şəxsiyyətlər tərki-dün­ya olur və onları tənhalığın faciəsi gözləyir. Şəxsiyyətin qələbə­si isə cəmiyyətin sosial ideala doğru hərəkətə gətirilə bilməsindən asılıdır.

İnkişafın dialektikası belədir. Eyni səviyyədə olanlar, tama­mi­lə identik olanlar bir-birini inkişaf et­di­rə bilməzlər. İnkişaf fərq­dən yaranır. Əgər yüzlərlə, minlərlə insanın içərisində bircə nəfər də «stan­dart»dan kənara çıxa bilsə, yeni ideya verə bilsə ha­mının bu ideyaya yiyələnməsi, səviyyəcə yüksəlməsi və deməli, ictimai in­ki­şaf səviyyəsinin də yüksəlməsi şansı yaranır. Yəni bütövlükdə ic­ti­mai inkişaf əksə­riy­yətin deyil, tək-tək adamların, liderlərin səviy­yə­si ilə ictimai baryer arasındakı nisbətdən asılı olur. Bü­töv­lükdə cəmiy­yətin səviyyəsinin qalxması üçün onun bü­tün üzvlərinin mü­va­fiq səviyyəyə qalxmasına eh­ti­yac yoxdur. Müəyyən çətin prob­lemi həll etmək üçün bir adamın yüksək səviyyəsi kifayət edə bilər. Çətini yerdə qalanların ona inam bəsləməsidir. Vay o gündən ki, kütlə öz içərisindən çıxmış böyüklərin və kiçiklərin yerini dəyişik salsın və mənfi istiqamətdə seçilənlərin dalınca getsin. (Burada ye­nə də təqsir kütlənin yox, şəxsiyyətin üzərinə düşür).

Beləliklə, cəmiyyəti inkişaf etdirən şəxsiy­yət­lər­dir. Şəxsiyyət­lər yeni ideyalarına görə seçilirlər. İcti­mai inkişaf isə ideyaların kütlələrə yiyələnməsi hesa­bına həyata keçir.

Sivilizasiya əslində ictimai tərəqqi anlayışına adek­vatdır. İcti­mai tərəqqi isə cəmiyyətin təşkilat­lan­ma dərəcəsindən, ideyalarla kütlələr (maddi-ictimai po­tensial) arasında koordinasiyanın effek­tiv­liyin­dən asılıdır.

Cəmiyyəti insanlar toplusundan mütəşəkkil bir sistemə çevi­rən əmək bölgüsüdür. Sivilizasiyanın da əsasında məhz əmək böl­gü­sü dayanır.


* * *
Yaşadığı müddət ərzində insan bütün ideya­la­rının reallaşma­sı­na nail ola bilərmi? Axı, bir ömür üçün nəzərdə tutulmuş qısa müddətli hadisələrlə ya­naşı ömrə sığmayan uzun müddətli hadi­sə­lər də var­dır (hadisənin müddəti dedikdə ideyadan onun tam real­laş­masına qədər tələb olunan zaman nəzərdə tutulur. İnsan ömrü özü də bir hadisədir. Hər bir in­sanın ömrü gen və tale ilə müəy­yən­ləş­dirilmiş ideya­lar kom­plek­sinin reallaşması və tükənməsi pro­se­si­dir). İdeyası, təməli insan üçün kənar olan hadisələrdən fərqli ola­raq insanın öz ideyalarının gerçək­ləşdirilməsi doğma hadisələrdir. Və insan ömrünün hissə­lə­ridir. Bir az na­siranə dillə desək, həyat plan­lardan və on­la­rın real­laşmasından ibarətdir. Bəs yarımçıq qa­lan planların həyata keçirilməsi məsuliyyəti kimin üzərinə düşür? Kiminsə yarımçıq qalmış planlarını övladımı hə­yata keçirməlidir? Yəni ideyanın maddiləşməsi proses­lə­rindəki varislik, əgər bu müm­kündürsə, ge­netik-bioloji varislikləmi əlaqədardır? Yoxsa an­caq ailə-məişət, xüsusi mül­kiyyət sahəsindəmi bu varis­liklər adek­vat olurlar? Bəs elm, sənət sahəsindəki yaradıcı fikirlər, yarımçıq qal­mış ideyalar hansı övlad tərə­fin­dən davam et­di­ril­məlidir? İqti­sa­di quruculuq, dövlət quruculuğu sahələrində geopolitik stra­te­gi­ya­lar, ümum­milli mədəni-mənəvi amallar, ümumbəşəri so­sial ideal­lar kimin tərəfindən davam etdirilməlidir?

Təsadüfi deyil ki, elm adamları da, sənət adam­ları da öz sağ­lı­ğında davam­çılar hazırlamaq, öz mək­təb­lərini yaratmaq haq­qın­da da düşünürlər. Bununla da öz fərdi cismani həyatları başa çatsa da onların ideyaları davamçıların şəxsində yaşayır. Beləliklə, insan ömrünə verdiyimiz tərif mövqeyindən yanaş­dıq­da onla­rın həqiqi ömrü davam etdirilmiş olur. İnsan daha böyük müddətli hadi­sə­lə­rə, proseslərə qatılaraq öz həyatını daha böyük miqyaslı ictimai pro­seslərin tər­kibində yaşada bilər. Əslində insanların əksəriyyəti bu və ya digər ictimai proseslərə daxil olduğundan onların cismani ömrü ilə real həyatı arasında fərq hə­mişə olur. Lakin ölməzlik qa­za­nanlar ideya müəllif­ləridir. Başqasının ideya­sının ictimai rea­li­za­si­yası pro­se­sinə qatılaraq real ictimai həyatın uzadılması bir şey­dir, sənin ideyanın ictimai prosesə çevrilərək ya­şaması başqa şey­dir. Bu artıq sosial-mənəvi sferada ölməzlikdir.


Cəmiyyəti çox vaxt müəyyən zaman kəsiyində, müəyyən dövr­də insanların ittifaqı, sazişi, birgə fəaliy­yəti kimi və ya yenə də müəy­yən zaman kə­siyində insan­lar arasında qərarlaşmış mü­na­si­bət­lər sistemi kimi başa düşürlər. Lakin bizcə bu cür başa düşülən cə­miyyət cansızlaşmış, maddiləşdirilmiş bir prosesdir. Əslində cə­miy­yət onu təşkil edən insanların canından, qanından, beynindən, ürə­yindən, fikrindən, hissiyyatından fərqli olaraq özünün iqtisadi və siyasi həyatı, enerji dövranı, informasiya mübadiləsi sis­te­mi, ideologiyası, fikri, hissiyyatı olan canlı bir orqa­nizm­dir. Daha doğrusu, bütövlük naminə belə olmalı­dır. Cəmiyyətin həyatı da ümu­mi, yekun ideyaların müx­tə­lif istiqamətlərdəki realizasiya pro­ses­­lərinə uyğun olaraq insan ömrünə bənzəyir. Əks təqdirdə biz bü­töv cəmiyyət əvəzinə ayrı-ayrı şəxsi həyatların, vahid istiqa­mət­də yönəldilməyən ayrı-ayrı hadi­sə­lərin (ide­ya-reallıq keçidləri) sa­də­cə toplusu və ya ən yaxşı halda eklektik sistemi ilə rastlaşacayıq.

Bir insanın vahid əqidəsi, həyat məramı olma­dıqda, o çoxlu sayda müx­təlif, bəzən bir-birinə zidd istəklərin reallaşması dalınca qaçdıqda onun şəxsi həyatı da təsadüflərdən asılı vəziyyətə düşür. Cəmiy­yə­tin də vahid konseptual ideyası olmadıqda onu təş­kil edən ayrı-ayrı adamların ideyalar toplusu ancaq bir xaos və qarşıdur­ma­lar yarada bilər.

Sual olunur ki, cəmiyyət daha böyük insanlar top­lusunu əha­tə etdikcə onun inkişaf potensialı artır, yoxsa azalır?

Hər bir adamın müəyyən bilik və bacarıqları vardır. Əgər bun­lar toplana bilsəydi, böyük toplumun imkanları daha böyük olardı. Lakin elə hər şey də bu toplama qaydasının səmərəlili­yin­dən asılıdır. Cəmiy­yətlər bir-birindən təşkilat­lan­ma dərəcəsi ilə və fərdi impulsların toplanma mexanizmi ilə seçilirlər. Məsələ bura­sın­dadır ki, insanların əməli fəaliyyətinin fay­da­lılıq dərəcəsi skal­yar yox, vektorial kəmiyyətdir. Biz bu kəmiyyəti şərti olaraq fərdi fəa­liyyət impulsu adlandıra bilərik. Burada ideyadan başlayaraq bilik və bacarıqlar vasitəsilə son nəticənin əldə olunmasına qə­dərki bütün fəaliyyət prosesi əhatə olunur. Bu ha­disə ona görə vektorial kəmiyyətlə ölçülür ki, müx­təlif fərdlərin fəaliyyətləri heç də bir-birinin davamı kimi, eyni istiqamətdəki proseslər kimi ortaya çıx­mır və onları sadəcə olaraq toplamaq mümkün deyildir. Bu­rada vek­torial kəmiyyətlərin top­lan­ma qaydası tətbiq olunur. Fərdi im­puls­ların yönəlmə bucağından asılı olaraq yekun impuls sıfır da ola bilər. Hər halda vektorial cəm həmişə skalyar cəmdən (mütləq qiy­mət­lərin məcmuyundan) kiçik olur. Yekun göstə­ri­ci­nin sıfır ilə mütləq cəm arasında hansı mövqeyə uyğun gəlməsi məhz cəmiy­­tin təşki­latlanma dərə­cəsindən asılıdır.

Göründüyü kimi, fiziki enerjinin, əməli fəaliy­yətlərin toplan­ma qaydası vektorial cəm prinsipinə uyğundur. Lakin əqli enerji baş­qa prinsiplə toplanır. Məsə­lən, biliklərin toplanması ortaq, tək­rar­lanan his­sənin çıxarılması yolu ilə həyata keçir. Biliyin tək­rar­lan­ması ilə yekun bilik artmır. İkinci fərdi bilik birinci fərdi biliyə nis­bətən məhduddursa və ya bəra­bərdirsə, onun əlavə olunması ye­kun biliyi artırmır.

Əqli qabiliyyətlərin toplanması da başqa prin­siplə həyata ke­çir. Burada çoxluğun bütün hədlərinin cəmi bu çoxluğa daxil olan ən böyük həddin mütləq qiymətinə bərabərdir. Yəni bir qrup ada­mın yekun ağlı bu qrupdakı ən ağıllı adamın səviyyəsi ilə ölçü­lür. Bu halda cəm toplananların içərisində ən böyü­yünün müt­ləq qiy­mə­tinə bərabər olur.


Riyaziyyatda belə bir prinsip var: toplananların yerini dəyiş­dik­də cəm dəyişmir. Lakin real həyatda bu belə deyildir. Top­la­nan­ların yerini ya məkanca, ya za­manca dəyişdikdə nəticə fərqli ola bilər.

Cəmiyyətdə insanların hansı ardıcıllıqla düzlən­məsi sadəcə həndəsi mənada başa düşülmür. Burada ən əsas məsələ hər kəsin öz yerində olmasını təmin etməkdir. Belə ki, cəmiyyətin mükəm­məl bir mexa­nizm kimi işləməsi üçün insanların müxtəlifliyindən istifadə olunmalıdır. Bütün üzvləri eyni olan cəmiyyət inkişaf edə bilməz. Hamının bilik və vərdişləri, baca­rıqları eyni olduqda əmək bölgüsü prinsipi optimal surətdə həyata keçirilə bilməz. Halbuki, inkişaf ancaq müxtəlifliyin vəhdətindən doğa bilər.

Sivilizasiya üçün iki hərəkətverici qüvvə var. Birincisi, hər bir insanın bilik və bacarıqlarının artırıl­masıdır ki, bu da insan imkan­la­rının təbii məhdudluğu üzündən müəyyən bir hüdudu aşa bil­məz. Eyni bi­liklərə malik insanların toplan­masından isə yeni bi­lik­lər hasil ola bilməz. İkinci mənbə müxtəlif isti­qamət­lərdə ixtisas­la­şan insanların məqsədyönlü kombinasi­yasından böyük miqyaslı, güc­lü ictimai mexanizm­lə­rin hazırlamasıdır. Birinci istiqamət fərd­lə­rin inkişa­fına və ka­mil­ləşməsinə, ikinci istiqamət isə cəmiy­yə­tin inkişa­fına və kamil­ləşməsinə yö­nəldilmişdir. Bi­rinci istiqamət Şərq üçün, ikinci istiqamət isə Qərb üçün daha səciyyəvidir.

Lakin indi Qərbdə paradiqmanın dəyişməsi pro­sesi gedir. Meyarlar özgə­ləşir, struktur yerdəyişmələri baş verir. Qərbdə elə bir inkişaf səviyyəsi yetişib ki, cəmiyyətdə, demək olar ki, hamı sa­vad­lı, yüksək təhsilli, siyasətə qoşulmaq iqti­darında olan adam­lar­dır. Burada elita orta təbəqədən az fərqlənir. («Fəhlə aris­tokra­ti­ya­sı» ideyaları və s.) Kütlə anlayışına səviyyəcə uyğun gələn aşağı tə­bəqə (cəmiyyətin tör-töküntüsü) isə əslində azlıqda qalır.

Siyasi elita, hakimiyyətdə, yoxsa müxalifətdə ol­masından asılı ol­mayaraq böyük əksəriyyətlə, xalq küt­ləsi ilə bir növ qaynayıb-qa­rı­şır. (Səviyyəcə sərt keçid yoxdur, xarizma müm­kün deyil.) Əvvəlki modelə görə, piramidanın zirvəsində durmalı olan­lar əksəriyyəti təşkil etdiyindən piramida sanki tərsinə çevrilmiş olur. Azlıqda qalan təbə­qə, sosial tör-tö­küntü, «normalardan» kə­nara çıxanlar diqqət mərkə­zin­də olur və cəmiyyətin onlara xüsusi münasibəti, hətta qayğısı for­ma­laşır. Cəmiyyət özünü unudub (öz problemləri artıq həllini tapıb de­yə), azlıqların (etnik, ya seksual azlıq, narkomanlar, AİDS-ə tutu­lan­lar və s.) dərdini çəkməyə və onlara qayğı göstərməyə, onlar üçün hü­quqi baza yaratmağa başlayır.

Dayanıqlılığın təbii prinsipinə görə, sistem geniş oturacağa söykənir və azlıq həmişə üstə çıxır. Ona görə də, piramida çevril­mək məcburiyyətində qalır. Bu hal müasir Qərb cəmiyyətində mü­şa­hidə olunmaq­dadır. Piramida təbiət qanunlarına uyğun ola­raq çev­rilsə də, cəmiyyətə tətbiq halında bu, əslin­də tərsinə çevrilşdir. (Sağlam şüur baxımından hansı model daha yolveriləndir: cəmiy­yə­tin bütün ağırlığını hiss edən azlıqlar, yoxsa azlıqları başına min­di­rən cə­miyyət?)

Bizcə, Qərbin süqutu ideyasının əsasında həm də bu cür anormal vəziyyəti şərtləndirən sosial ger­çək­lik dayanır.

Çoxluq ənənəvi olaraq azlığı öz başı üzərinə qaldırıb və bu Qərbdə yeni ənənənin təməlini qoyur. Son dövrlərdə Qərbdə formalaşan yeni dəyərlər sis­te­mində insan haqlarını qorumaq adı altında azlıqların haqları ön plana çıxır. Qərb ölkələri üçün bu, bəl­kə də anlaşılandır. Lakin onlar bu yeni paradiqmanın tələb­lə­ri­nə uyğun olaraq bizim ölkədə də məhz həmin az­lıqları axtarıb tap­maq, onların xüsusi statusunu müəy­yənləşdirmək tələbi ilə çıxış edir­lər. Halbuki, bizdə hələ intellektual elitanın özü azlıqdır və cə­miy­yət ona qayğı ilə yanaşmaq üçün xüsusi baza yarat­madığı hal­da, Qərbdəki azlıqların analoqunu axtarıb tapmaq və qayğı ilə əha­tə etmək məcburiyyətində qalır.


1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə